
ƏSRİN İLK ŞEİRİNİ
MƏN KİMƏ YAZIM!?
(Anamın əziz xatirəsinə)
Sevirəm, keçsə də ömür yarıdan
Qorxuram bu sevda yolunda azım.
Qəlbimə təpər ver, Ulu Yaradan,
Əsrin ilk şeirini mən kimə yazım?!
Ucadır insanın eşqi, əməli,
Bütün zamanların odur bəzəyi.
Eşq ilə qoyulsun əsrin təməli,
Ayları, illəri sevda bəzəyir.
Hərəmiz bir eşqin şirin barıyıq,
İllər üstümüzə çökür toz kimi.
Məhəbbət daşıyan eşq qatarıyıq,
Zaman çəkir bizi parovoz kimi.
Saçımda bərq vurur illərin qarı,
Sükut qəbristanda xəyala dalıb.
Sərnişini düşən eşq vaqonları
Zaman qatarından açılıb qalıb.
Qəlbini atdılar oda anamın
Arzuları düşdü hey pərən-pərən.
Qəbri ayrı düşən ata-anamın
Ruhları qovuşa bilibmi görən?!
İllərlə biz həsrət odunda bişdik,
Düşdü tariximə bir qara kölgə.
O əsrin başında didərgin düşdük,
Bu əsrin önündə sevindik bəlkə?!
Qəlbimə təpər ver, Ulu Yaradan!
Əsrin ilk şeirini mən kimə yazım?
Sevirəm, keçsə də ömür yarıdan,
Qorxuram bu sevda yolunda azım.
Həsrət bərq vurursa gözüm yaşında,
İnləməyə dəyməz “vətənim!” – deyə.
Olsam da dünyanın hansı başında,
Qəlbimdə eşq varsa, vətənimdəyəm…
02.01.2001
Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru