Həqiqət ŞAMİLLİ – Sənə səndən danışım…


CƏNNƏTDƏN GƏLƏN QONAQ

Övlad evdə səadətdir,
O mükafat,o qismətdir,
Ailədə məhəbbətdir,
Dəyərini bilən olsa.

Övlad Tanrı yazısıdır,
Üç qız Cənnət qapısıdır,
Qız ananın arzusudur,
Dəyərini bilən olsa.

Sevin oğlu,sevin qızı,
Tanrı verib olun razı.
O yazmasa bəxtə yazı,
Dualar da köməksizdi.

Tanrı özü şəfa versin,
Mələklər xəbər gətirsin.
Cənnətdən gələn payınız,
Könlünüzü sevindirsin.

Ana olsun hər bir gəlin,
Cənnətdəki payı gəlsin.
Qucağına körpə alsın.
Sevinərək şükrə dursun.

Övladına qurban kəssin,
Yeddi qapıya göndərsin.
Ata ətdən dadmasa da,
Yeddi evi sevindirsin.

Körpə ayağı sayalı,
Gəlişində xeyir olsun.
Atasının qazancına,
Mulyon bərəkət yazılsın.

Bəxti taleyi düşərli,
Özü sağlam doğulsun.
Ömrü uzun,fərəhli,
Əzizlənən övlad olsun.

QISQANCLIQ XƏSTƏLİYİ

Sənə səndən danışım,
Özündən deyim sənə.
Yenə sənsiz qalmışam,
Acı çəkirəm yenə.

Gözlərimə baxmadan,
Etinasız gedirsən.
Bax,elə o gedişlə,
Mənə zülm edirsən.

Sənə səndən danışım,
O qəmzəndən danışım.
Gileylənim mən yenə,
İşinlərinə qarışım.

Deyirsən çox qısqancam,
Mənimlə danışmırsan.
Başqasıyla danışıb,
Mənə odlar qoyursan.

Mənə heç nə söyləmə,
Qoy bircə mən danışım.
Səhvlərini göstərim,
Nə etməyini deyim.

Kimlə gəldi danışma,
Mənə də göz süzdürmə,
Gəl bir azca səssiz ol,
Kimsəyə göz yetirmə.

Hərdən qaralır dünyam,
Xəbərin olmur sənin.
Sən üzünə gülürsən,
Hər üzünə gülənin.

Bil ki, qısqanıram mən,
Sən beləcə güləndə.
Ürəyim qopub düşür.
Biri yanına gələndə.

Gözünü süzdürəndə,
Yer ayağımdan qaçır.
Sən danışıb güləndə,
Dağlar üstümə aşır.

Lap havasız qalıram,
Səsini eşidəndə.
Özgələrlə danışıb,
Özgələrlə güləndə.

Hər kəsə qısqanıram,
“Sus”-deyirəm,sən Allah.
Az qala boğulacam,
Nəfəsim çatmır vallah.

Nə olar, sən səssiz ol,
Təkcə mənlə danış,gül.
Kumsəyə diqqət etmə,
Qısqanclıq məni üzür.

ANANI UNUTMAYIN

Analar bir mələkdir,
Qoruyar övladını.
Ana adına çatsın,
Görüm hər bir qadını.

Doqquz ayın duyğusu,
Sevinclə çatsın başa.
Ana istər övladı,
Hər çətinliyi aşa.

Hər övlad dil açanda,
İlk dəfə ana desin.
Kaş ki, bütün övladlar,
Valideynlərlə böyüsün.

Analar övladları,
Qanad altında saxlar.
Heç zaman qırılmasın,
Övladla olan bağlar.

Ana ilə isinər,
Şaxtada soyuq evlər.
Yayın qızmarında da,
Ana ilə sərinlər.

Övladını özündən,
Yüksəkdə görmək istər.
Gözündən yaş axarsa,
Önündə ölmək istər.

Yeməyin yaxşısını,
O, balasına saxlar.
Ayağına daş dəysə,
Baxıb ürəkdən ağlar.

Ana etibarını ,
Əvəz edən görməzlər.
Ana olmayanlar da,
Ana qədri bilməzlər.

Övladı nigaransa,
Ana onu hiss edər.
Balasının dalınca,
Ölümə qədər gedər.

Övladı böyükdürsə,
Yenə nazını çəkər.
Ana onu gözündə,
Həmişə körpə görər.

Analar övladının ,
Gülüşünü çox istər.
Övladı ağlar görsə,
Ana qəlbi sökülər.

Uzaq ,ya yaxın olsun,
Ürək övladla vurar.
Dünya alt-üst olsa da,
İlk yerdə bala durar.

Mələkdir hər bir ana
Qoruyar övladını.
Övladı xöşbəxtdirsə,
Sanki alar dünyanı.

Analar həsr eləyər,
Bizə hər dəqiqəni.
Övladına bağışlar,
Ömrünü, əməyini.

Vaxt yetişəndə sona,
Dünyadan köçər ana.
İldə bircə dəfə də,
Getmirik məzarına.

Vaxtımız yoxdur deyib,
Özümüzü danarıq.
Neynək belə alınır,
Çox vaxt haqlı sanarıq.

Məzarına bir gülü,
Qoymur onun övladı.
Ana isə bəxş edir,
Ona bütün həyatı.

Məzarının üstünə,
Bəlkə bir gül əkərsiz.
Unutmayın ki, bir gün,
Siz də bura köçərsiz.

Sizin də övladınız,
Arada gəlib,getsin.
Dua söyləyib sizə,
Ruhunuzu şad etsin.

Ruhlar bunu hiss edir,
Rahat olar qəlbiniz.
Mələyə dönüb ana,
Yuxuda görərsiniz.

Anaları atmayın,
Söz-söhbətə satmayın.
Məzarına baş çəkin ,
Onları unutmayın.

KÖLƏN OLARAM

Qəlbimə bir ad yazdım,
O da sənin adındı.
İndi məndən uzaqdı,
O,mənə yad qadındı.

Əvvəl hər çırpıntıda,
Qəlbdə döyünərdi.
Boğazıma tıxanmış,
Yanan od içindəydi.

Susqunluğum ucundan,
İtirdim mələyimi.
Geri qaytarmaq olmur,
Kül etdim hər şeyimi.

Eşqiylə alovlandım,
Onunla odda yandım.
Necə oldu bilmirəm,
An içində qocaldım.

Xatirəsi qəlbimdə,
Xəyalı önümdədi.
Gözlərini sevmişdim,
Ö gözlər mənimlədi.

Yaddaşımı itirsəm,
Bəlkə rahat yataram.
Yuxularımda görsəm,
Səadətə çataram.

Yollarını gözlərəm,
Xəyalda əzizlərəm.
Yenə dünyaya gəlsəm,
Kölən olmaq istərəm.

Yolum düşsə dünyaya,
Mən izləyib taparam.
Ünvanını soraram,
Qapılarda yataram.

Hər küçədə,döngədə,
Həvəslə arayaram.
Ancaq onu düşünüb,
Görüşü arzularam.

Nəhayət ki,rastlaşıb,
Rahat nəfəs alaram.
Təəccüblə gülümsər,
Şükürlərə dolaram.

Milyon ilin tanışıtək,
Çaşqınca mənə baxar.
Həsrətləri bitiririb,
O sinəmə sığınar.

Hər nazını çəkərək,
Bir daha ayrılmaram.
Məni məftun edər o,
Ona kölə olaram.

Müəllif: Həqiqət ŞAMİLLİ

HƏQİQƏT ŞAMİLLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir