
XATIRLA MƏNİ
Xatirələr belə qolay itməməli, ömrüm-günüm…
Hər tərəf yaşıllaşanda,
çöl-çəmənlər allaşanda,
ən azı qan qaynayanda,
ya da soyuq havalarda birdən alışıb yananda
xatırla,
xatırla məni…
Dağların ardında gizlənən günəş
payızın sarısın oğurlayanda,
həyat yalanları doğrulayanda…
sirlər sirdən çıxıb aşkar olanda
xatırla,
xatırla məni…
Yanına başqası gələndə ağlına mən gəlim..
Lap elə başına yağan qar kimi
əriyim hopum sənə…
And olsun sən gedəndən
Xəzərin üstünə gələn çənə..
mən səni heç unutmadım…
Xatirələr belə qolay itməməli, ömrüm-günüm…
Mənim doğulduğum o dağ kəndində
yasəmənlər hər yaz eyni ləçəkləyir,
ərik ağacları eyni çiçəkləyir…
Tanrı qapısına düşən axşam yarpaqları san məni –
hər səhər evindən çıxanda ayağın altındakı xışıltını duy…
Xatırla,
xatırla məni…
Müəllif: ADİLƏ NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru