
Anton Çexovun “Altı Nömrəli Palata” hekayəsi: Ədalətsizliyin divarları arasında
Anton Çexovun “Altı nömrəli palata” əsəri, dərin fəlsəfi və psixoloji məzmunu ilə cəmiyyətin ədalətsizliklərinə güzgü tutur. Burada təkcə bir xəstəxana divarları arasında ilişib qalan insanlar yox, bütöv bir cəmiyyətin, sistemin acı həqiqəti var. Oxuduqca özümüzü suallar içində tapırıq: Biz kimik? Azadıqmı? Düşüncələrimiz bizi xilas edir, yoxsa məhv edir?
Əsərdəki hadisələr zahirən sadə görünür: psixiatrik xəstəxana, orada məhbus kimi saxlanılan “dəli”lər və sistemə tamamilə boyun əyən həkim Andrey Yefimiç. Amma əslində, bu palata, bizə bütöv bir cəmiyyətin metaforasını göstərir. Buradakı insanlar, ətrafımızdakı insanlardır. Buradakı divarlar, bizi sərhədləyən sistemin görünməz divarlarıdır.Andrey Yefimiç və pasiyent İvan Dmitriçin söhbətləri vasitəsilə cəmiyyətin düşüncə azadlığına, fərqli baxışlara və insan haqlarına qarşı necə qəddar olduğunu görürük. Hüquqi dövlət anlayışı və hüququn manipulyasiyası əsərdə xəstəxananın idarə olunma tərzi, hüquqi dövlət prinsiplərinin pozulmasına nümunədir. Andrey Yefimiç baş həkim olduğu halda, heç bir dəyişiklik edə bilmir və sistemin qurbanına çevrilir. Hüquq harada bitir, zülm harada başlayır? Əsər insanı hüquqi aspektdən də düşündürür. İvan Dmitriç – o, doğrudan da “dəli”dir? Yoxsa sadəcə cəmiyyətin qəbul etmədiyi biri olduğu üçün qapatılıb? Bu sual həmişə aktualdır. Tarix boyu fərqli düşünənlər, sistemlə razılaşmayanlar dəli elan edilib, sürgünə göndərilib, hətta öldürülüblər. Hüquq və ədalət nə qədər üst-üstə düşür?
Qanun insanı qorumaq üçün olmalıdır, amma bəzən onun əksinə işləyir. İvan Dmitriç məhkəməsiz, günahsız, heç bir hüquqi əsas olmadan azadlığını itirir. Bu, bizə günümüzdə də rast gəlinən hüquq pozuntularını xatırladır. İnsan hüquqları – hər zaman müdafiə olunan bir şey deyil, bəzən kağız üzərində qalır. Andrey Yefimiç – sistemin içində olduğu halda, onu dəyişdirmək üçün heç nə etməyən bir obrazdır. O, əvvəlcə bu palatanın nə qədər dəhşətli bir yer olduğunu anlayır, amma sonda özü də ora düşür. Bu, elə bil bir ədalət simvoludur: sistemi dəyişməyə çalışmayanlar, sonda onun qurbanı olurlar. Hüquqi sistem də belədir – əgər ona nəzarət olunmazsa, bir gün hamını məhv edəcək. Bəs Kim doğrudan da dəlidir?

Əsərdə əsas fəlsəfi suallardan biri budur: “Həqiqətən kim dəlidir? Cəmiyyətmi, yoxsa sistemə tabe olmayan insan?” Çexov göstərir ki, bəzən ağıllı insanlar cəmiyyət tərəfindən “dəli” elan olunur, çünki onların baxışları sistemin qəbul etdiyi normalara uyğun gəlmir.
Filosof Mişel Fuko da “Dəlilik tarixi” adlı əsərində bu problemi araşdırıb. O, dəliliyin sosial konstruksiya olduğunu və tarixi dövrlərdə dəyişdiyini vurğulayır. Hüquqi aspektdən baxsaq, bir insanın psixi sağlamlığı haqqında qərarın sırf dövlət qurumları və hakimiyyət sahibləri tərəfindən verilməsi, azadlıq hüququnun pozulmasıdır. Əsər təkcə hüquq məsələləri ilə bitmir, həm də bizə fəlsəfi suallar verir. Kim daha ağıllıdır: həyatdan bezib hər şeyə göz yumanlar, yoxsa haqsızlığa qarşı üsyan edənlər? Çexovun bizə göstərmək istədiyi odur ki, cəmiyyətin qəbul etdiyi normalar bəzən o qədər mənasızdır ki, ona uyğun gəlməyən insanlar əslində daha ağıllı olurlar. İvan Dmitriç oxumuş, bilikli bir insandır, amma yenə də burada “dəli” kimi damğalanıb. Andrey Yefimiç intellektual, düşüncəli bir həkimdir, amma sistemə tabe olduğu üçün sonda özü də qurban olur. Bəlkə də, əsərdə verilən ən dərin mesaj budur: insan yalnız düşüncədə azaddır. Amma bu azadlıq onun sonunu da gətirə bilər. Bu hekayə bizə bir şeyi göstərir: cəmiyyətdə ədalətsizlik həmişə olub və olacaq, amma əgər heç kim ona qarşı çıxmazsa, bu sistem daha da güclənəcək. Bəzən azadlıq insanın beynindədir, amma əgər cəmiyyət buna icazə vermirsə, o azadlıq heç bir işə yaramır.
Sonda isə sual açıq qalır: Biz bu palatanın içindəyik, yoxsa çöldə? Əgər çöldəyiksə, niyə bu qədər divar var?
Müəllif: Zəhra HƏŞİMOVA
“ARİSTOTEL POETİKASI” RUBRİKASI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru