
Ən yaxın tariximiz – unutma!
Azərbaycan dövlətinin ərazi bütövlüyünə qarşı mənfur düşmənlərimiz havadarlarının dəstəyi ilə ərazi iddiasını uzun illər davam etdirdilər, torpaqlarımızın 20 % hissəsi ermənilər tərəfindən işğala məruz qaldı, insanlarımız doğma yurdlarından məcburi köçkünlərə çevrildilər, silahlı basqılara, hətta soyqırıma məruz qaldılar. Beynəlxalq qurumlar, dünya birliyi, hüquqi müstəvidə üzərlərinə öhdəliklər alanlar münaqişənin nizamlanması istiqamətində mümkün tədbirlər görmədilər, işğalçıları ikili standartlar əsasında hətta müdafiə etdilər. BMT-nin qəbul etdiyi 4 çəkindiririci qətnamələr də yerinə yetirilmədi.
1988 -ci ildən başlayaraq 2020 -ci il 44 günlük müharibə dövrünə qədər minlərlə azərbaycanlının həyatına qəsd edildi, tarixi-mədəni abidələrimiz vandalizmə məruz qaldı, yurd yerlərimizdə barbarlıq törədildi, maddi vəsaitlər talandı. Qəhrəman vətən övladlarımız torpaqlarımızın azadlığı uğrunda istər birinci Qarabağ müharibəsi, istərsə də 44 günlük müharibə dövründə canlarını düşmən qarşı sipər edərək mübarizə yolunda şəhidlik zirvəsinə ucaldılar, qazi oldular. 2020 -ci il 27 sentyabrında Dövlət-Xalq-Ordu birliyi düşmənə qarşı haqlı mübarizəmizi uğurla həyata keçirərək 8 noyabr tarixli şanlı Zəfərin qazanılmasına nail oldu. Minlərlə şəhidlik zirvəsinə ucalmış mərd övladlarınız Azərbaycan tarixinin ən şanlı səhifəsinə çevrildilər, qanları ilə torpaqlarımızın işğaldan azad olunmasına imza etdilər, vətən – uğrunda ölən varsa vətəndir çağırışı əməldə sübuta yetirildi, xalqın şərəf və ləyaqəti bərpa edildi.
Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq hərbi komissarlığa müraciət edərək torpaqlarımızın azad edilməsində canından keçməyi bacaran, şəhidlik zirvəsinə ucalan mərd oğullarımızdan biri də Hüseyn Muxtar oğlu Məmmədovdur.
Qarabağımızın dilbər güşəsi olan Ağdam rayonunun Novruzlu kəndindən olan Muxtar Sərxan oğlu Məmmədov bəy nəslindən olduğu üçün ötən əsrin əvvəllərindən etibarən təqiblərə məruz qalmış, bir müddət sonra isə Mingəçevir şəhərinin quruculuğunda iştirak edərək sıravi işçidən istehsalat birliyinin rəisi vəzifəsinə ucalmışdır. Həyatını Mingəçevirin quruculuğa töhfələr verən, bu şəhərin yaradılmasında əməyi olan Novruzlu kənd sakinləri Muxtar Məmmədov və Şahvələd Quliyev bütün dövrlərdə Ağdam adına həmişə hörmət gətirmişdilər. Xatırlatmaq istəyirəm ki, əvvələr və indiki dövrdə də elm, mədəniyyət və dövlət quruculuğuna çox böyük töhfələr vermiş Novruzlu kəndinin sakinləri olmuş və var. Kənd sakinlərindən Qarabağ münaqişəsi zamanı onlarla Şəhid, qazi olmuşlar .Zəngin milli-mənəvi dəyərlərə söykənən Muxtar Məmmədovun ailəsində 4 oğlan, 3 qız övladı dünyaya göz açdı ,orta və Ali təhsil alaraq vətəninə xidmət etdilər. Orta təhsilini Mingəçevir şəhərində, Ali təhsilini isə Özbəkistanın Daşkənd şəhərində Xalq Təsərrüfatı institunun iqtisadiyyat fakültəsini müvəffəqiyyətlə başa vuran Hüseyn Myxtar oğu vətənimiz üçün ən çətin dövrdə -1993 -cü ildə hərbi komissarlığa müraciət edərək Milli ordunun 701-ci batalyonunun tərkibində Kəlbəcər, Tərtər və Ağdam istiqamətlərində düşmənə qarşı kəskin döyüşlərdə iştirak etdi, 1995 -ci ilin noyabr ayında isə Şəhidlik zirvəsinə ucaldı.
Vətəninə, doğma el-obaslna bağlı olan Hüseynin orduya yollanan zaman iki azyaşlı övladları olsa da, vətəninin azadlığını hər şeydən uca tutdu .Hər adama nəsib olmayan Şəhidlik zirvəsinə öz adını yazmağı bacaran Hüseyn üçün 1962 – 1995 iılər ömür payının təqvim tarixi olsa da, əbədilik qazandığı amalı ilə Azərbaycan xalqının şanlı səhifəsinə çevrildi ! Birinci Qarabağ müharibəsi zamanı Hüseyn Məmmədov, onun döyüş yoldaşları vətən üçün canından keçməyin, igidlik məktəbinin təməlini qoyanlardan oldular. Hüseyn orduya arzusu əsasında yollanan zaman vətənə sədaqətlə xidmət etməkdən şərəf duyduğunu əməli ilə sübut etdi, vətənin dar günündə Vətən bizimdir – deyərək qürur mənbəyimizə çevrilməyi bacardı.
Birinci Qarabağ müharibəsinin ilk dövrlərində vahid komanda birliyinin olmaması, təchizat baxımından zəiflik, hakimiyyət böhranı da cəbhədə uğur qazanmağınız üçün şərait yaratmırdı. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev fenomen şəxsiyyət, dövlət qurucusu olaraq dövlət və ordu quruculuğu istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirdi, onun varisi-siyasi yolunu uğurla davam etdirən Prezident – Ali Baş Komandan İlham Əliyevin başlığı altında Müzəffər Ordumuzun qazandığı rəşadətli qələbə xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Yaşadığımız ömür payında və gələcəkdə də şəhidlərimizə hər zaman borclu olduğumuz birmənalıdır, onları dərin ehtiramla yad edirik. Qazanılmış şanlı Zəfərimizin təntənəsi birinci Qarabağ müharibəsi zamanı vətəninə sədaqətlə xidmət edən Hüseyn kimi qəhrəman vətən övladlarının keçdiyi dönməz, əzmkar döyüş, qəhrəmanlıq yolunun davamı və təsdiqi oldu. İndi Hüseyn ,onunla birgə yenilməz döyüş yolu keşmiş şəhidlərimizin ruhu şaddır ki, uğrunda canlarından keçdikləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuşdur. Keşmiş məcburi köçkünlər Dövlət proqramına uyğun olaraq doğma ocaqlarına dönürlər, Qarabağımız və Şərqi Zəngəzurda bərpa quruculuq işləri sürətlə davam etdirilir.
Şəhid Hüseyn Myxtar oğlu Məmmədovun xatirəsinə həsr olunmuş.
Mirvari Dilbazi poeziya Məclisi İB – nin təşkilatçılığı və təşəbbüsü ilə keçirilən tədbirdə Şəhid bacısı Aybəniz xanım Camalova (Məmmədova) tərəfindən tarixi faktlara söykənən “Adını tarixə yazan Şəhid qardaşım” kitabının təqdimatında iştirak edərkən bir daha əmin oldum ki, gənc nəslin tərbiyəsində mühüm rolu olan, tariximizi, yurd yerlərimizi özündə əks etdirən Şəhidlərimizin qəhrəmanlıq yolunu təbliğ etmək, tanıtdırmaq, tariximizi yaşatmaq olduqca vacibdir. Təbii ki, bu məsul, şərəfli vəzifənin öhdəsindən kitabın müəllifi olaraq respublikamızın tanınmış pedaqoqu, Şəhid bacısı Aybəniz xanım çox layiqincə gəlmişdir. Redaktor olaraq Vaqif Osmanlının rolu da danılmazdır. Kitabda ərazi bütövlüyünün qorunmasında şəhidlik zirvəsinə ucalmış bir çox qəhrəman vətən övladları, Qarabağımız tarixi, Hüseynin ata-baba yurdu – Ağdam rayonunun Novruzlu kəndi haqqında da geniş məlumat verilib, folklorumuza və digər ədəbi yanrlarımıza da Aybəniz xanımın şəxsi töhfəsi kitabda əks olunmuşdur. Bacı-qardaşlar, sinif yoldaşları, yaxınları, QHT-i təmsilçilərinin Hüseynin uşaqlıq illərindən tutmuş yaşadığı sonrakı dövrdə qədər fəaliyyəti, vətənə, qohumlara bağlılığı haqqında geniş fikirlər öz əksini tapmışdır, tədbir zamanı müzakirə -çıxışlarda da həm nisgilli, kövrək, həm də qürurlu fikirlər səsləndirildi. Respublikanın bir çox yerlərindən tədbirdə iştirak edənlərin Şəhid Hüseyn haqqında söylədikləri əhatəli, yüksək fikirləri xatirələrimizi daha da zənginləşdirdi .





Qəhrəman Vətən övladlarını yad etmək, xatirələrini əziz tutmaq hər birimizin ən müqəddəs borcudur. Vətənin, xalqın yolunda canını fəda edənlər hər zaman hörmətə -ehtirama layiqdirlər. Dövlətimizin Şəhid ailələrinə qarş qayğı, dəstəyi də olduqca müsbətdir. Nə qədər zaman ötsə də, nəsillər bir-birini əvəz etsə də, Şəhiglərimiz heç vaxt unudulmayacaqdır!
Hüseyn – onunla birlikdə Qarabağımızın azadlığı uğrunda canlarından keşmiş Şəhidlərimizi dərin ehtiramla yad edir, ruhlarına dualar edir, qazilərimizə sağlamlıq arzulayıram.
Ali Baş Komandan İlham Əliyev, onun Müzəffər Ordusu var olsun!
Qarabağ Azərbaycandır!
Şəhidlər ölməz, Vətən bölünməz!
Müəllif: Sabit Əzimov