Bakıda “Turan Balabilgə Akademiyası” təsis olunub

Bakıda “Turan Balabilgə Akademiyası” təsis olunub

Dekabrın 5-də Bakıda “Turan Balabilgə Akademiyası”nın təsis iclası keçirilib. Birinci Türkoloji qurultayın 100 illiyi ərəfəsində keçirilən tədbirdə Türk dövlətlərindən görkəmli ziyalılar, elm və ictimaiyyət nümayəndələri, deputatlar və digər fəxri qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları şagirdlərin hazırladığı bədii proqramla qarşılandıqdan sonra Hədəf Liseyində “Turan çadırı”nın açılışını ediblər.

Ölkəmizlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Cumhuriyyəti, Makedoniya, Moldovadan olan nümayəndələrin də qatıldığı təsis yığıncağının iştirakçılarını səmimi salamlayan Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq bildirib ki, mühüm tarixi missiyanı yerinə yetirən Türk Dövlətləri Təşkilatı ortaq tarixi və etnik kökləri, müştərək milli-mənəvi dəyərləri birləşdirir və yaşadır. Prezident İlham Əliyevin liderliyində Azərbaycan təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artmasında mühüm rol oynayır, Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji, nəqliyyat, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın dərinləşməsinə öz dəyərli töhfələrini verir. İctimai təşkilatlar, elm-təhsil, mədəniyyət ocaqları da ortaq tarixi və etnik köklərə söykənən qardaşlıq əlaqələrinin möhkəmlənməsində yaxından iştirak edirlər.

Natiq vurğulayıb ki, 2025-ci il oktyabrın 8-də Qazaxıstanın Almatı şəhərində yerləşən Turan Universitetində təsis edilən “Turan Akademiyası” da bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin davamıdır. Akademiyanın ilk toplantısında Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” tezisi əsas götürülərək təşəbbüsümüzlə Bakı Hədəf Liseyində “Turan Balabilgə Akademiyası”nın yaradılması qərara alınıb. Qısa zaman ərzində təşkilati işlər başa çatdırılaraq təsis yığıncağına ciddi hazırlıq görülüb.

Yığıncaqda “Turan Balabilgə Akademiyası”nın fəxri və qurucu üzvlərindən Qazaxıstanın Turan Universitetinin rektoru Rahman Alışanov, türkoloq alim Firudin Cəlilov çıxış edərək “Turan Balabilgə Akademiyasının” fəaliyyətinə uğurlar arzulayıb, türk tarixi və mədəniyyəti ilə bağlı müəllifi olduqları kitabları Hədəf liseyinə hədiyyə ediblər.

Milli Məclisin deputatı Cavanşir Feyziyev, şair Rüstəm Behrudi, Türk Xalqları Toplantısının rəhbəri, Turan Akademiyası rektorunun köməkçisi Mahmud Oral, Turan Universiteti rektorunun köməkçisi Gülzhanat Tayauva, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitunun direktoru Hikmət Quliyev, Azərbaycan Mədəniyyət Nazirliyinin əməkdaşı Fariz Yunisli və digərləri çıxış edərək bildiriblər ki, Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar davamlı xarakter daşıyır. “Turan Balabilgə Akademiyası”nın yaradılması da ortaq Türk mədəniyyəti, tarixi, dil və elmi ənənələrinin araşdırılması və təbliği, Türkdilli ölkələrdə və icmalarda elm, təhsil və innovasiyaların inkişafına yönəlmiş tədbirlərin keçirilməsi, Türk xalqları məktəbliləri arasında əməkdaşlıq və akademik-mədəni əlaqələrə töhfə vermək baxımından əhəmiyyətlidir. Akademiyada ideyası milli kimliyə və müdrikliyə əsaslanan, həm texnoloji, həm də mənəvi dəyərlərlə zəngin, gələcəyə fikirlə yön verən türk gənci modeli yaradılmalıdır. Bu gənclər həm tarixini bilən, həm gələcəyi quran, həm də bəşəri elmə inteqrasiya olunmağı bacaran nəsil olmalıdır.

İclasda Şəmil Sadiq “Turan Balabilgə Akademiyasının prezidenti, Mirkan Aydın vitse-prezidenti, Elvin Əliyev isə katibi seçiliblər.

Çıxışlardan sonra “Turan Balabilgə Akademiyası”nın nizamnaməsi və loqotipi təsdiq edilib. Bildirilib ki, akademiya fəaliyyətini könüllülük, bərabərlik, özünüidarəetmə, akademik azadlıq, mədəni ənənələrə hörmət və Azərbaycan respublikası qanunvericiliyinə riayət prinsipləri əsasında, “Turan Balabilgə Akademiyası”nın nizamnaməsinə uyğun şəkildə həyata keçirir. Hüquqi şəxs statusuna malik olmayan akademiyanın fəaliyyətinə dair təşkilati və metodiki dəstəyi Bakı Hədəf Liseyi təmin edir.

Sonra fəxri və qurucu üzvlərə diplom və plaketlər, “Turan Balabilgə Akademiyası”nın ilk üzvləri və bölmə rəhbərləri seçilən balabilgələrə isə sertifikat və nişanlar təqdim olunub.

TÜRKSOY-un baş katibi Sultan Raev, Turan Universitetinin rektoru və Turan akademiyasının prezidenti Rahman Alşanov və tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Cəlilov Naxçıvanın təbii daş duzundan hazırlanmış, üzərində Orxon-Yenisey əlifbası həkk edilmiş Turan Balabilgə Akademiyasının ilk mükafatına – “Turan bilgəsi” nominasiyasına layiq görülüblər. Digər qonaqlara da xatirə hədiyyələri, Türk tarixi və Türk birliyindən bəhs edən kitablar verilib, xatirə fotosu çəkdirilib, Sumqayıt kitab sərgisi ilə tanışlıq olub.

Təsis yığıncağının iştirakçıları səfər proqramı çərçivəsində Bakı şəhərinin tarixi məkanlarında olub, Şəhidlər xiyabanını və Zəfər muzeyini ziyarət ediblər.

Turan Balabilgə Akademiyasının fəxri üzvləri

  1. Rahman Alşanov – Turan Universitetinin rektoru, Turan Akademiyasının rektoru (Qazaxıstan)
  2. Mahmut Oral – Türk Xalqları Toplantısının rəhbəri, Turan Akademiyası rektorunun köməkçisi (Türkiyə)
  3. Gülcanat Tayauova – Turan Universiteti rektorunun köməkçisi (Qazaxıstan)
  4. Sultan Raev – TÜRKSOY-un Baş katibi
  5. Mahirə Hüseynova – ADPU prorektoru (Azərbaycan)
  6. Nizami Cəfərov – Atatürk Mərkəzinin direktoru (Azərbaycan)
  7. Cavanşir Feyziyev – Millət vəkili (Azərbaycan)
  8. Fazil Mustafa – Millət vəkili (Azərbaycan)
  9. Rasul Ahmetov – Qazaxıstan Xalqları Assambleyası direktorunun köməkçisi (Qazaxıstan)
  10. Almaz Toktomamatov – Cümhuriyyət Pedoqoji Kadrların İnkişafı İnstitutunun baş direktoru (Qırğızıstan)
  11. Tufan Gündüz – Qazi Universiteti (Türkiyə)
  12. İlbər Ortaylı – Tarixçi, professor, Türk Tarix Qurumunun fəxri üzvü (Türkiyə)
  13. Nazim Muradov – Lefke Avropa Universiteti (ŞKTC)
  14. Aktokı Raimkulova – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti (Qazaxıstan)
  15. İlham Əliyev – Akdeniz Universiteti (Türkiyə)
  16. Rüstəm Behrudi – Şair (Azərbaycan)
  17. Yunus Oğuz – “Olaylar” İnformasiya Agentliyinin baş direktoru, yazar (Azərbaycan)

Turan Balabilgə Akademiyasının qurucu üzvləri

  1. Şəmil Sadiq – Hədəf Şirkətlər Qrupunun qurucu direktoru (Azərbaycan)
  2. Mirkan Aydın – Nesibe Aydın Okulları direktoru (Türkiyə)
  3. Elvin Əliyev – Hədəf Şirkətlər Qrupunun qurucu direktorunun müavini (Azərbaycan)
  4. Gökhan Yazgan – Atatürk Liseyi, Turan Yazgan Vəqfi (Türkiyə)
  5. Juliboy Eltazarov – Orta Asiya Dilləri və Mədəniyyətləri İnstitutunun rektoru (Özbəkistan)
  6. Elçin İbrahimov – Qarabağ Universiteti Elmi Bölmə rəhbəri (Azərbaycan)
  7. Əkbər Qoşalı (Yolçuyev) – DGTYB başqanı (Azərbaycan
  8. Akınbek Ergeşov – Cümhuriyyət Pedoqoji Kadrların İnkişafı İnstitutu Beynəlxalq Əlaqələr Şöbəsi (Qırğızıstan)
  9. Kadir Özer – “Educo” Şirkətlər Qrupunun qurucu direktoru (Türkiyə)
  10. Orhan Hasanoğlu – Azərbaycan–Kipr Dostluq Dərnəyi başqanı (ŞKTC)
  11. Bora Karasu – İzbilim Kolleci qurucusu (Türkiyə)
  12. Alla Büyük – Gənc Qaqauz Yazarlar Birliyinin başqanı (Qaqauziya)
  13. Murat Toylu – TRT Türkmən şöbəsinin rəhbəri (Türkmənistan)
  14. Bekjon Adizov Qoçiyeviç – Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti nəzdində Akademik Liseyin müdiri (Özbəkistan)
  15. Obidjon Şofiyev Baxtiyoroviç – Termiz Dövlət Universiteti rektorunun köməkçisi (Özbəkistan)
  16. Fahri Karaman – Beynəlxalq Balkan Universiteti (Türkiyə)
  17. Esra Aslan – İş xanımı, məktəb qurucusu (Türkiyə)
  18. Məhman Həsənli – AMEA Nizami adına Ədəbiyyat İnstitutunun icraçı direktoru (Azərbaycan)

Müəllif və mənbə: Şəmil Sadiq

Şəmil Sadiqin yazıları

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Hüseyn İsaoğlu – Dur, dərsə get

Dur, dərsə get

(hekayə)

Ata hiss edirdi ki, oğlu dərslərindən yayınır. Bu hiss onu yanıltmırdı. Sadəcə, həqiqəti bilmək üçün bir qədər səbr edirdi. Düşünürdü ki, oğluna deməmiş məktəbə getsə, yaxşı alınmaz. Onda müəllimlər də, şagirdlər də ona birtəhər baxar, ailəsi barədə pis fikrə gələr və oğlunu ələ salarlar. Özünü ələ aldı, baxışlarını sahmana salıb oğlunun yatdığı otağa daxil oldu. Qapını bərkdən örtdü ki, oğlu səsdən gözlərini açsın. Bir az da bərkdən öskürdü. Uşaq gözlərini açan kimi dedi:

  • A bala, yatıb qalmısan, sən məktəbə getməli idin axı. Camaatın balası indi bəlkə də dərs danışır. Sən hələ yataqdasan. Dur, yuyun, bir tikə çörək ye, əyin-başını geyin, məktəbə get. Neçə gündür fikir verirəm, məktəbə çox gec gedirsən. Vallah, müəllim qayıb yazacaq.
    Uşaq əvvəlcə yerinin içində ilan kimi bir-iki dəfə qıvrıldı, sonra da gözlərini ovuşdura-ovuşdura dedi:
  • Eh, ay ata, imkan ver doyunca yatım da. Mən bu gün məktəbə gec gedəcəm, müəllimimizin işi var, bu gün olmayacaq. Özü deyib ki, üçüncü dərsə gələrsiniz.
    Ata təəccüblə soruşdu:
  • A bala, müəllimin dərsdən başqa nə işi ola bilər?
  • Ay ata, biz haradan bilək onun nə işi var?! Dedi ki, gec gələrsiniz, işim var.
  • Bəs məktəbin direktoru, dərs hissə müdiri, onlar siniflərlə maraqlanmırlar? Bilmirlər ki, müəllim sinfə girir, ya yox?
    Uşaq yerində növbəti dəfə qurdalandı:
  • Ata, direktor özü də elə bizim kimi edir də, guya onu dərs, ya məktəb maraqlandırır? Dünən dedi ki, gəlib səs-küy salırsınız, üçüncü dərsə gələrsiniz.
    Ata əməlli-başlı əsəbləşdi. Bir anlıq düşündü: Zamanmı dəyişib, insanlarmı korlanıb? Bizim dövrümüzdə belə şey olardı? Düşdüyü xəyaldan ayılıb dedi:
  • Eh, ay oğul, sovet dövründə müəllimin nə ixtiyarı var idi ki, beş dəqiqə dərsə gecikəydi. Həmin gün o müəllimi işdən azad edərdilər. Mən orta məktəbdə oxuduğum vaxtlar evə gedəndə valideynlərim kitab-dəftərimi yoxlayır, aldığım qiymətlərlə maraqlanırdılar. Hansı fəndən pis qiymət alırdımsa, sorğu-sual edir, bunun səbəbini soruşurdular. Atam dərhal dərs cədvəlimə baxıb həmin müəllimin növbəti dərsinin vaxtını öyrənirdi. Mənə heç nə demirdi, anlayırdım ki, sabah mütləq məktəbə gələcək. Ürəyimi yeyib qurtarırdım.
    Uşaq yorğanın altında qımışıb soruşdu:
  • Bəs sonra nə olurdu, ata?
  • Nə olacaq, dərs başlayandan beş dəqiqə sonra sinifin qapısı döyülürdü. Müəllim – Buyurun, gəlin, deyirdi, atam da – İcazə verirsinizmi oğlumun dərsində oturum?, – deyirdi. Müəllim də gülümsər halda üzümə baxıb sanki nəsə demək istəyirdi, sonra da üzünü atama tutub: – Bəli, əlbəttə olar! – əlini arxa səmtə tuşıayıb – keçin arxa partada əyləşin, – deyirdi.
    Uşaq nəsə dedmək istədi, ata dedi:
  • Eh, ay oğul, siz belə gözəl şəraitdə oxumaq istəmirsiniz. Mənim ata-anam tez-tez dərsimdə oturardı. Müəllim də məni lövhəyə çağırıb dərsi soruşardı, sonra uşaqlara müraciət edərdi ki, şagird yoldaşınıza sual verin. Sinifdə hamı əlini qaldırıb deyirdi: – Müəllim, icazə verin, mən sual verim. Bəlkə də bunu acığa edirdilər ki, mən valideynlərimin yanında pərt olum. Ancaq müəllim bilirdi ki, kim necə sual verə bilər. Ona görə bir neçə nəfərə imkan yaradırdı ki, sual versinlər. Mənim cavabımı dinləyəndən sonra haqqımda olan təəssüratlarını valideynlərimlə bölüşürdü. Onlar da müəllimdən tələb edirdilər ki, uşağımız nə vaxt dərsinə hazırlıqsız gəlsə, cəzalandırın. Valideynlərimin müəllimə verdikləri bu haqq əslində, mənim məsuliyyət yüküm idi. Ona görə dərslərimi həmişə yaxşı oxuyurdum ki, müəllimlərdən cəza almayım.
    Uşaq yatağında yanpörtü uzanıb dedi:
  • Ay ata, belə hallar sizin zamanınızda idi. İndi müəllim uşaqdan nə dərs soruşur, nə də ki, valideynlər bununla maraqlanırlar.
  • Bu, necə olur, ay oğul? Mən, məktəb açılandan neçə dəfə dərsində oturmuşam. Həmişə də müəlliminə demişəm, dərslərini oxumasa, yaxud artıq-əskik hərəkət etsə, mənə xəbər versin.
  • Ata, o müəllim dərs keçir ki, sənə də xəbər versin?
  • Necə? – Ata sifətinə ciddi görkəm qondurdu: – Sabah gələrəm məktəbə.
    Uşaq indicə özünü yığışdırdı, qalxıb yerinin içində oturdu, acizanə şəkildə dedi:
  • Ata, xahiş edirəm, gəlmə.
  • Niyə, ay oğul?
  • Sonra uşaqlar, müəllimlər mənə pis baxacaq, deyəcəklər ki, sən satqınsan.
  • Ay bala, sən düz demirsən axı! Bir özün fikirləş, dərslərini oxumasan, savada-biliyə sahib olmasan sənin gələcəyin nə olacaq? İndi oxumasan, sabah çox gec olacaq. – Qabarlı əlləri ilə saçlarını qarışdırdı: – Belə çıxır ki, o müəllim həm sizi aldadır, həm də biz valideynləri? Mən bu gün sənin o müəllimini tənbeh edərəm, görüm nə üçün dərs keçmir…
    Uşaq çətin vəziyyətə düşdüyünü görüb fikrinə düzəliş etdi:
  • Müəllim dərs keçir.
  • Dərs keçirsə, nə üçün belə kütsən?
    Uşaq başını aşağı salıb öz-özünə mızıldandı.
    Ata dedi:
  • Bir az ucadan danış, görüm nə deyirsən?
    Uşaq dillənmədi.
    Ata əsəbi halda soruşdu:
  • De, görüm bu gün hansı dərslərin var?
    Uşaq yerindən durub çantasını açdı, gündəliyini götürüb vərəqlədi, mızıldana-mızıldana dedi:
  • Ədəbiyyat, ingilis dili, tarix, cəbr və idman dərslərim var.
  • De görüm, bu dərslərdən hansına hazırsan?
    O, yenə dodaqaltı mızıldandı. Ata əsəbi halda dedi:
  • Bir az ucadan danış.
    Uşaq heç bir dərsə hazır olmadığı üçün susdu. Ata bu dəfə bir az da əsəbi halda dedi:
  • İndi ki, dərs oxumursan, o zaman məktəbə nə üçün gedirsən?! – Gözlərini sağa-sola hərəkət etdirdi, başını bulaya-bulaya əlavə etdi: – Eh, mən də deyirəm oğlum oxuyub atasının-anasının başını uca edəcək. Sən demə, o, qoşulub avara uşaqlara, məktəbə də elə-belə, candərdi gedir. Uşaq nəsə demək istədi, deyə bilmədi, sadəcə, ayaq üstə qırışdı. Ata məyus halda dilləndi:
    • Axı məktəb açılanda sən söz verdin ki, dərslərimi yaxşı oxuyub, qiymətlərimi düzəldəcəm. Bəs nə oldu? Atana belə vəd verirsən? – Az qaldı dodaqlarını gəmirsin: – Atasını aldadan oğuldan Vətən hansı sevgini görə bilər? Heç utanmırsan?
      Uşaq pərişan halda başını aşağı dikdi, sonra sanki qeyrətə gəldi, atasına bir daha söz verdi ki, bu gündən dərslərimi yaxşı oxuyub, qiymətlərimi düzəldəcəm.
      Ata da oğlunun dediklərini cib dəftərçəsinə qeyd edib dedi:
  • Bax, bura qeyd edirəm, – qeyd dəftərçəsinə işarə etdi, – bu gündən sonra dərslərindən yaxşı qiymətlər alıb bizi sevindirməlisən. Yoxsa sənə olan inamım, etibarım yox olacaq.
    Uşaq gündəliyini çantasına qoydu, başı aşağı halda dedi:
  • Söz verirəm, ata. Dərslərimi yaxşı oxuyacam. Qoy Vətən mənə etibar etsin.
  • Onda get dərslərini hazırla.
    Uşaq otaqların birinə çəkilib dərslərinə hazırlaşmağa başladı. Bir neçə saatdan sonra atasına yaxınlaşıb dedi:
  • Olar, dərslərimi sənin üçün danışım?
    Ata heyrət etdi:
  • Nə üçün olmur, ay oğul. Buyur, danış, mən sənə qulaq asıram.
    Uşaq dərslərini danışdı, atasının məmnun çöhrəsini görüb çantasını götürdü, məktəbə getmək istəyəndə ata dedi:
  • İndən belə məktəbə getməyin nə adı var, ay oğul? Direktor görsə, səni danlayacaq. Sonra da qəbahət mənim başımda çatlayacaq.
    Uşaq dedi:
  • Narahat olma, ata, dərsə gecikdiyim üçüm mən əvvəlcə gedib direktordan, sonra da müəllimdən üzr istəyəcəyəm. Dərslərimə hazır olduğumu deyəcəyəm.
    Ata kövrəldi. Gözlərinin uclarına dolan yaşları oğlu görməsin deyə üzünü yana çevirdi.
    Uşaq yayından çıxan ox sürətilə məktəbə getdi. Ata da səbrsizliklə oğlunun dərsdən gəlməsini gözlədi. Məqsədi o idi ki, görsün oğlu dərsi necə danışıb, müəllimin suallarına necə cavab verib. Ümumiyyətlə, verdiyi vədə əməl edib, ya yox.
    Xeyli vaxtdan sonra oğlu dərsdən qayıtdı. Ata onun üzündəki təbəssümdən hiss etdi ki, dərslərindən yaxşı qiymətlər alıb. Fərəh hissi ilə demək istədi ki, oğul, gündəliyini gətir baxım, görüm neçə almısan? Uşaq da sanki atasının nə deyəcəyini hiss edibmiş kimi, çantasını açıb gündəliyini çıxartdı, atasına uzadıb dedi:
  • Ata, bu dəfə dərslərimin hamısına yaxşı hazırlaşmışdım. Ədəbiyyat müəllimim bildirdi ki, dərsə çox yaxşı hazırlaşmısan, səndə irəliləyiş var.
    Ata gözlərinə təbəssüm qondurdu:
  • Bax, bu başqa məsələ. Dərslərə yaxşı hazırlaşanda valideyn də, müəllim də sevinir. Oxumaq lazımdır, oğul. Səvami kitabımız “Quran”da da yazılıb: “Öyrənmək, öyrənmək, qəbr evinə qədər öyrənmək!”. Uşaq dedi:
    • Ata, mən bu gündən sonra dərslərimi yaxşı oxuyacağam ki, Vətən mənə etibar etsin…
      Hüseyn İsaoğlu, yazıçı – publisist,
      AYB- min və AJB min üzvü

Rəfiqə Qasımqızı – Ruhum …

Ruhum buludlarda suya çəkilir

İçimdə mən adlı ağlayan “uşaq”,
barış, bu dünyanın bəxtəvəriyəm.
Ruhum buludlarda “suya” çəkilir,
bütün olayların bixəbəriyəm.

Bəlkə bu dünyaya “dağ”doğulmuşam,
deyəsən, damağı çağ doğulmuşam,
cismi, qəlbi, ruhu sağ doğulmuşam,
bir incik taleyin mənzərəsiyəm.

Qığılcımdan dönüb alov olaram,
çiçəklər üstündə qırov olaram,
düşünmə, sözümlə girov olaram,
cavabın süzülən alın təriyəm.

Qumlu səhralarda tikan bitirdim,
günün gündüz vaxtı səmti itirdim,
haqqa, ədalətə iman gətirdim,
doğru sözün canı, xoş xəbəriyəm.

03.12.2025

Müəllif: Rəfiqə Qasımqızı

AYB -nin üzvü, həkim-şair

RƏFİQƏ QASIMQIZININ YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<l

“YAZARLAR” JURNALININ DEKABR – 2025 № 12 (60)-CI SAYI İŞIQ ÜZÜ GÖRÜB

“YAZARLAR” JURNALININ DEKABR – 2025 № 12 (60)-CI SAYI BURADA – PDF: Yazarlar-60

YAZARLAR – 60Download


SƏDULLA ŞİRİNOVUN KİTABLARI
:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf

Məlumatı hazırladı: Günnur Ağayeva


I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Dəmir yazr

Zamanında insanlar elə düşüncədəydi ki, elm, texnika inkişaf etdikcə bütün suallara cavab tapılacaq, ağır xəstəlikləri sağaltmaq mümkün olacaq, hətta ölümsüzlüyə belə yol açılacaq. Yavaş-yavaş gəlib çatdıq həmin vaxta. Bəs suallarımıza cavab tapa bildikmi? Qovuşa bildikmi arzularımıza? Bir vaxt can atdığımız əbədi xoşbəxtlik budurmu?
Düzdü, internet əsridi, hər şey əlimizin altındadı. Bircə anın içində dünyada gedən proseslərdən xəbər tuturuq. Nəticədəsə elektron jurnalistika yazı və oxu mədəniyyətimizi əlimizdən alıb. İnformasiya bolluğunda fikrimizi düzgün istiqamətləndirə də bilmirik. Yeni ixtiralar, yeni kəşflər edilir. Hamısı bəşəriyyətin və insanlığın əleyhinə. Süni intellekt gündəmi zəbt edib. Bu boyda inkişafın və tərəqqinin içində bəs niyə təlaş içindədi müasir insan? Xəstəliklərə dərman tapılırmı və problemlər həll olunurmu? Virtual aləm yaxın təması və doğmalığı əvəz edirmi? Hər şeyin asan əldə edildiyi vaxtda müasir insan xoşbəxtdirmi? Zənnimcə inkişafın və tərəqqinin gündəlik həyatımızda törətdiyi fəsadların görünən və görünməyən cəhətlərindən danışsaq daha məqsədəuyğun olar. Bir vaxt bizi düşündürən, bəlkə xəyalımızdan belə keçməyən hər şey real həllini tapdı və bu proses hələ də davam edir. Geniş və işıqlı evlər, komfortlu maşınlar,geniş ekranlı televizorlar, gündən-günə rəngini və funksiyasını dəyişən smart telefonlar, dəbdəbəli həyat tərzi və sairə və ilaxır bizi xoşbəxt edirmi? Bir belə bolluğun içində ruhumuz rahat deyil, mənən niyə acıq? Niyə başımızın üstünü xərçəng xofu, ölüm qorxusu alıb. Əsəblərimiz gərgindi, gözümüz nə isə axtarır həmişə. Niyə fikrimiz keçmişdə qalıb? Lampa işığında, ocaq başında, doqqaz ağzında, şirəli evlərdə ilişib qalmışıq. Elm inkişaf etdikcə xəstəliklər durmadan artır, ölüm adiləşib və cavanlaşıb. Hamı telefondan və komputerdən asılı haldadı. Fikrimiz keçmişdə qalsa da bu mədəni ölümün caynağından da qurtara bilmirik. Yeni smart nəsl yetişir. Soyuq, dilsiz-ağızsız, sevgisiz, laqeyd. Dəbdəbəli evlərdən qonaq səsi gəlmir, heç kimin heç kimdən xəbəri yoxdu. Hamı yazır, hamı cavab gözləyir. Emosiyaları smayliklər, duyğuları durğu işarələri əvəz edir. Hiss-həyəcan harda qalıb bəs? Dostluq, yoldaşlıq, məhəbbət klaviatura arxasındadı. Hamı məşğuldu, hamı gərgindi, hamı təlaş içindədi. Zamansa su kimi axıb gedir. Heç nəyə yetmirik, heç nəyə çatmırıq. Bu darmacallıqda heç yaşamağımızdan da xəbərimiz yoxdu. Kitablar satılmır, qəzet və jurnalların tirajı kəskin azalıb. Bütün mətbu orqanları, elə yazarlar da oxucu qıtlığı yaşayır. Budurmu tərəqqi və inkişaf? Axı nə əldə etdik? İtirdik əslində. Ruhumuzu, eşqimizi, rahatlığımızı, səmimiyyətimizi, insanlığımızı. Robotlaşdıq.
Bu tərəqqi yeni-yeni savaşlara da yol açdı, təzə-təzə silahlar ixtira olundu, ölüm, qan-qada həyatımızın bir hissəsinə çevrildi. Bir sözlə çıxmazın içindəyik və bizi bu hala salanların şəxsi maraqlarının qurbanına çevrilmişik. Belə nəticəyə gəlirik ki, biz özümüzü idarə edə bilmirik,idarə olunuruq. Qazanan idarə edənlər, ,itirənsə bizik. Zamansa ən qatı düşməndi. Hər an əleyhimizə işləyir. Budurmu bir vaxt xəyalını qurduğumuz xoşbəxtlik anlayışı? Arzularımız düşmənəmi çevrildi və ya bizi xəyallarımızdanmı vurdular? Niyə azad ola bilmirik mənasız vərdişlərimizdən və eyni zamanda bizi uçuruma aparan hisslərimizdən? Ruhumuz əsirdi. Qeyri-ixtiyari axının dalınca düşüb məchulluğa doğru gedirik. O məchulluqda bizi heç də gözəl şeylər gözləmir. Oyuncağa çevrilmişik ixtiraçıların, onların yaratdıqlarının əlində. Duyğularımız arxa plana keçib, emosiyalarımız kortəbiidi. Düşdüyümüz bu vəziyyətdən bizi nə xilas edə bilər? Oyuncaq olmaqdan çıxma zamanı deyilmi? Yoxsa susqunluğumuz daha böyük fəsadlara qapı açacaq. Süni zəkaya söykənib hara qədər davam etmək olar? Çünki sonunda o da bizim düşündüklərimizi kopyalayıb bizə ötürür. Bəlkə bir müddət uzaqlaşaq bu sünilikdən. Bütün ruhumuz tam ələ keçirilməmiş bəlkə çıxaq bu qaranlıqdan. Özümüzlə baş-başa qalaq bəlkə.

Müəllif: Təranə DƏMİR,

AYB -nin və AJB-nin üzvü, şair -publisist

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<l

“Yadın yadı” – yaddaşın işığı

YETMİS ALTINCI YAZI
“Yadın yadı” – yaddaşın işığı
(Bəhruz Niftəliyev sözünün işığında)
Gərçi məndən surətin qaibdir, ey huricamal,
Sanma kim, gözdən camalın nəqşi pünhan oldu, gəl!

İmadəddin Nəsimi

Salam olsun, çox dəyərli oxucum! “Xoş gəlmisən…” Gəl, lap yaxın gəl ki, bir-birimizi yaxşı eşidək. İlk işarə, ilk söz “Tanrı” olduğu kimi, şübhəsiz ki, ən gözəl mükalimə də məhz Tanrı ilə olan söhbətdir. Ən doğru mütalib isə bütün sualların cavabınıdan agah olan intəhasız elm,  güc və qüdrət sahibi uca Tanrıdır. Bu dəfəki söhbətimiz tanınmış alim, şair Bəhruz Niftəliyevin “Tanrıya məktublar” kitabında yer alan Tanrı ilə söhbətlərindən seçdiyim fraqmentlər üzərindən olacaq. Bu söhbətimiz üçün yuxarıda adı çəkilən kitabdan  “Yadın yadı”  şeirini seçmişəm. Mətləbə keçməzdən əvvəl müəllif haqqında qısa arayış təqdim edirəm:
QISA ARAYIŞ
Bəhruz Niftəliyev 8 may 1987 – ci ildə – təbiətin ən gözəl çağında, şairlər ilində – Bakı şəhərində anadan olub. Ali təhsillidir. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Mütalibi Tanrı olan şairdir. Onun özünü özüm, sözünü sözüm kimi tanıyıram. Ümumiyyətlə 1987 (…., 1951, 1963,1975, 1987, 1999, …) -ci ildə anadan olan insanlar bir başqadır –seçilmişlər – Tanrının sevimliləridir. Məhz bu baxımdan Tanrını özünə həmsöhbət seçməkdə qeyri-adi (təsadüf) heç bir şey görmürəm. Şair sadəcə Tanrının cagrışına cavab verib.
Bəhruz Niftəliyevin “Yadın yadı” şeiri insan ruhunun dərin qatlarına toxunan əsərlərdən biridir. Bu şeir təkcə unudulmuş bir xatirənin poetik hekayəsi deyil, həm də yaddaşın insan həyatında oynadığı möhtəşəm rolu göstərən mənəvi bir güzgüdür. Əslində, şairin bu əsəri keçmişlə bu gün, sevgi ilə nisgil, ağrı ilə iradə arasında körpü yaradır. Bu körpüdən keçdikcə oxucu həm öz daxili dünyasına boylanır, həm də insan taleyinin ümumbəşəri həqiqətlərini duyur.
Şeir elə ilk misradan oxucunu dərin bir paradoksal, sirli-sehirli aləmə çəkir:
“Bir yadın yadıyla dərdləşə adam…”
Bu misra unudulmuş bir insanın, bəlkə də çoxdan uzaqlara getmiş bir simanın hələ də kiminsə içində yaşamaqda olduğunu göstərir. “Yad” sözü həm uzaqlığı, həm qəribliyi, həm də keçmişi bildirir. Lakin “yadın yadı” ifadəsi daha dərin məna daşıyır ― yad olanın belə yaddaşdan silinə bilməyən izidir. Deməli, şair üçün yaddaş təkcə xatırlamaq deyil, həm də yaşamaq, nəfəs almaq, bəzən də dərdləşməkdir.
Bu fikrin davamında şair insanın daxili gücünü vurğulayır (yaddaşın dərin qatlarına enir):
“Nur ola, çevrilə günəşə adam…”
Yadın itkisi, iztirabı olsa da, insanın içində bir işıqlanma var. Bu o deməkdir ki, acı keçmiş belə adamın ruhunu oyadan, işıqlandıran bir hikmətə çevrilə bilər. Bu misralar həyat fəlsəfəsi daşıyır. İnsan yalnız əzablardan keçməklə paklana, nurlana, ziyadar ola bilər. Kainatın əfəndisi, yaradılmışların əşrəfi olduğunu bu yolla isbatlamaq mümkündür. Nəsimi hikmətindən qidalanan irfan şairi Bəhruz Niftəliyev hər bir düşüncə adamını  insanın (Tanrı-bəndə çuğlaşmasının) qatmanlı iç dünyasına səyahətə dəvət edir.
Şeirin ikinci bəndində şair emosional yükü daha da artırır:
“Yıxıldım ruhuma dəydi izlərin,
Puç oldu, heç oldu nəydi hisslərin?”

Burada xatirənin adamı necə sarsıtdığı poetik şəkildə göstərilir. Keçmiş hisslər nə qədər böyük olursa-olsun, zaman qarşısında puç ola bilir. Xatirənin izləri isə bəzən həmin hisslərin özündən ağır olur. Şairin ruhuna dəymiş “izlər” təkcə emosional yara deyil, həm də insanın həyat yolunu dəyişən bir hadisə kimi görünür. Düşüncənin alt qatlarına endikcə hisslərin ruha tərcüman olduğunu görürük:
“Vaxt gəldi qüruru əydi dizlərin”
Bu misra insanın ən sərt tərəfi olan qürurun belə sevgi qarşısında diz çökə bildiyini poetik dillə təsvir edir. Münasibət bitər, insan ayrılar, amma qürur zədəsi uzun müddət öz sözünü deyər. Bu yara hey su verər. Heç sağalmaz.
Üçüncü bənd şeirin fəlsəfi yükünü daha da genişləndirir (dərinliyi artır):
“Çəkilər ləpələr qayıtmaq üçün,
Qaydar şübhələr ayıltmaq üçün…”

Ləpələrin çəkilib yenidən sahilə qayıtması kimi, insanın yaddaşında da hadisələr, duyğular, suallar daim geri dönür. Bu geri dönüş bəzən sakitləşdirir, bəzən yandırır, bəzən də insanı ayıldır. Şair burada dərin psixoloji həqiqəti ifadə edir. Mərkəzdən qaçma effektlərinin izlərini görürük. İnsan təbiətin bir parçası olduğu üçün daim Ayın və Günəşin cəzbindədir. Qabarmalar və çəkilmələr labüd və təbiidir. Keçmişdən xilas olmaq mümkün deyil, çünki o daima insanın arxasınca gəlir. Çünki bütün həyatımız (insan ömrü) dairəvi hərəkətlər məcmusudur (Bəhmənyar). Keçdiyimiz yolları təkrar-təkrar mütləq keçirik. İzimiz izimizi çəkir.
Ən maraqlı məqamlardan biri isə “Mən qalxan, mən qaya, sən döşə adam” misrasıdır. Bu, sevgidəki rolların təsviri kimi görünür. Əslində ülvi məhəbbətin hər iki tərəfin qarşılıqlı hisslərinin, duyğularının, fəaliyyətlərinin çuğlaşmış məcmusundan ibarət olmalı olduğu halda, şair özünü fədakarlıq göstərən tərəf kimi təqdim edir, qarşı tərəfi isə duyğularını, hisslərini döşəyə (diktə edə) biləcəyi bir insan kimi göstərir (nə desən, nə etsən qəbulumdur – döşə, gəlsin): Ruhum təbəliyi özü üstənib, qəlbimdə qurduğun taxtın mübarək!* Ümumi məzmundakı paradoksallıq öz pik həddinə, kuliminasiya nöqtəsinə çatır. Şair birinci, birbaşa mənasında sərtlik, dirəniş, müqavimət, müdafiədə olmaq anlamına gələn ifadələr işlətməklə, əslində yumşaqlığın, kövrəkliyin, ürəyi yuxalığın, özünü qurban etməyin ən uğurlu, optimal sayıla biləcək mənzərəsini yaradır. Bu misra ən ülvi hissləri tərənnüm etməklə bərabər, eyni zamanda çox incə ironiya ilə də yüklənmişdir. Burada həm məhəbbətin, həm güvənin, həm də ümidsizliyin paralelliyi var. Bu bir misra fikrin (ifadənin, ifadə tərzinin) sahibini yəni, məlum şeirin müəllifi Bəhruz Niftəliyevi də bir insan, şəxsiyyət olaraq tam xarakterizə edir (tipik …, 1987, … özünü ifadə tərzi, təbii xarekter göstəricisidir). Yəni, heç bir nə 1986, nə də 1988-ci il doğumlu şəxs bu misranı yazmağı, onun ifadə etdiyi özünü fəda etmə, qurban vermə anlamına gələn məqamı ozünə rəva bilməz. Yuxarıda qısa arayış bölümündə qeyd etdiyim kimi hər şeyin ən mükəmməlini etməyə çalışırmaq (bu fədakarlığın ən son mərtəbəsinə də aiddir), ən ali məqsədlərə xidmət, uca könüllülük yalnız Tanrı tərəfindən seçilmişlərə məxsusdur.
Son bənddə şair daha hikmətli, daha irfanlı bir düşüncə ortaya qoyur:
“Eybi yox odun da istisi olar,
Yanarsa, mütləq bir tüstüsü olar…”

Bu misralarda insan həyatının qanunu (tərifi) verilir. Hər sevginin yanğısı, hər yanğının tüstüsü var. Heç bir duyğu tam ağrısız, tam saf olmur.  Həyatın hər istiqamətində bir acı, bir tüstü öz yerini tutur. Bu, həm barışmaq, həm də təslim olmamaq fəlsəfəsidir.
Şair burada insanın qəmli alın yazısının əslində qismətin bir parçası olduğunu deyir. Kim kədərlərdən uzaq düşürsə, deməli, həyatın böyük dərslərindən də uzaqdır. Qəm burada yük yox, təcrübədir, çətinlik yox, yüksəlişdir.
“Yadın yadı” şeiri insana bir həqiqəti xatırladır. Yaddaş zamanla silinmir, əksinə, dərinləşir. İnsan yad olandan belə dərd alır, nur alır, yol alır. Şair bu şeirdə keçmişin ağrısını yumşaq, fəlsəfi dillə təsvir edir. Poetik axıcılıq, misraların bədii ritmi, duyğunun səmimiyyəti şeiri həm oxunaqlı, həm də yaddaqalan edir.
Bəhruz Niftəliyev bu əsərlə göstərir ki, insanın ən böyük dərmanı yenə öz qəlbinin içindədir ― həm yadların izi, həm də özünün nurudur. Bu şeir həm unudulanlara salam, həm xatırlayanlara dərs, həm də ruha verilən bir məktub kimidir.
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm, əziz və çox dəyərli oxucum! Bu mövzuda birinci söhbətimizin sonuna gəldik. Hələlik.

04-05.12.2025. Bakı .

*– bu iki misra “Ülyahəzrət” şeirimdəndir.

Müəllif:  Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

ZAUR USTACIN YAZILARI

Bəhruz Niftəliyevin yazıları

Bəhruz Niftəliyev haqqında

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<l

Hüseyn İsaoğlu – Gəlin

GƏLİN
(hekayə)

Günay əvvəlcə hər iki ayağını növbə ilə yerə vurdu və sonra elə bağırdı ki, Güllü arvadın qulaqları cingildədi. Bir andaca ona elə gəldi ki, başının tən ortasında ildırım çaxdı və bu ildırımın səsindən dizləri bükülən kimi oldu. Yıxılmamaq üçün birtəhər divara söykənib güclə eşidiləcək bir tərzdə dilləndi:

  • Niyə qışqırırsan?
  • Əcəb eləyirəm, hələ bir o yana da keçərəm. Sən kimsən ki, mənim şəxsi işimə qarışırsan? Ərim bilər, özüm bilərəm.
    Günay bu dəfə ildırım kimi çaxmasa da, şimşək kimi guruldayıb Güllü arvadın beyninin qatığını dağıtmasa da «Sən kimsən ki?» – sualı onu ildırım vurmasından da pis hala saldı. Onun bu sualı yazıq arvaddın dünyasını alt-üst elədi. Ona elə gəldi ki, ürəyi yerindən qopub mədəsinə düşdü. İçi bulandı. Öyüdü. Və bu sual onu dəli olmaq həddinə gətirib çıxartdı.
  • Necə yəni mən kiməm? – Gözləri yaşardı.
  • Hər kimsən, özün bilərsən! – Günay yenidən od püskürdü və onun püskürdüyü od bir andaca alovlanıb Güllü arvadı yandırmağa başladı.
  • Sən bu evə gəlin gəlmisən! Mən də sənin qayınananam. – Səsi güclə çıxdı. Söykəndiyi mətbəxin divarından birtəhər aralanıb stula çökdü. Bir andaca mətbəx qaranlığa qərq oldu. Və bu qaranlıqda üzünü Günaya sarı çevirdi. Onun gözləri qaranlıqda işıq düşmüş canavar gözləri kimi parıldayırdı. Qorxdu. Bir andaca ona elə gəldi ki, mətbəxdə deyil, hər yanı qar bürümüş düzənlikdədi və bu düzənlikdə dişi bir canavarla üz-üzə gəlib. Canavar mırıldayaraq onun üstünə atılmaq istəyir. Qeyri-ixtiyari stuldan durub bir addım geri çəkildi. Sonra da başını iki əlinin arasına alıb qorxunc bir səslə dilləndi:
  • Mənə yaxın gəlmə!
  • Sənə Əzrayıl yaxın gəlsin! – Günay sevinc qarışıq bir səslə bildirdi.
    Güllü arvad gözlərini bərk-bərk yumub yenidən açdı. Onun gözlərini açması ilə mətbəxi bürümüş qaranlıq da öz-özünə çəkilib getdi və o, hələ də döyüşə hazır vəziyyətdə dayanmış Günayı görüb səsinə bir mülayimlik qatdı:
  • Axı mən sənə nə dedim ki?
  • Sən mənə nə deyə bilərsən ki? – Suala sualla cavab verdi.
  • İnnən sonra nə deyə bilərəm, a bala? – Səsi tirədi. Uşaq kimi hönkürüb ağlamaqdan özünü güclə saxladı. Özünü birtəhər ələ alıb öz otağına keçir. Gəlib pəncərənin önündə dayandı. Axşamdan yağan qar təzəcə kəsmişdi. Havada şaxta vardı. Pəncərə buz bağlamışdı. Havanın şaxtalı olmasına və şəhərə güclü qar yağmasına baxmayaraq yollar təmizlənmişdi. Yollar qardan təmizləndiyinə görə də sərnişin avtobusları adəti üzrə ara vermədən işləyirdi.
    Güllü arvad öz-özünə belə bir sualla müraciət etdi: Axı sən ona nə dedin ki, o da quyruğu üstünə qalxıb səni didib-parçalamaqdan özünü güclə saxladı. Özünə verdiyi suala özü də cavab verdi: – Sən ona dedin ki, səhərin gözü açılmamış nə bəzənirsən? Toya gedirsən? Axı toy səhər o başdan olmur, axşam olur! – O isə cavab vermək əvəzinə dəliyə döndü. Sonra da qaz peçinin üstündəki tavaya sarı cumdu və həmin anda nə fikirləşdisə də tavanı götürmədi, səsi otağı başına götürdü. Dəli kimi elə bağırdı ki, çox güman ki, üst mərtəbədə yaşayan Solmaz həkim qorxusundan dik atılıb və zəlzələ olduğunu düşünüb qapıya sarı qaçmaq istəyib. Bayaqdan bəri səs-küydən bığlarını gəmirən Vasif öz-özlüyündə bunu təxmin eləyib sağ əlini yumruqlayıb divara çırpdı. Sonra da fikirdən xəstə düşən arvadı Güllünün oğluna dediyi sözləri xatırladı: «Ay oğul, özünə tay olan birisini tap. Məgər eşitməmisən ki, taylı tayını tapmasa pis keçər axır günü?» – Oğlu da anasına baxıb belə demişdi. Demişdi ki, heç nə olmaz. Günay yaxşı qızdı, tayı-bərabəri yoxdu. – O vaxtdan dörd il ötüb-keçmişdi. Dörd ildən sonra heç nə olmazdan, çox şeylər olmağa başladı. Günay birinci uşağı dünyaya gətirdiyi gün təpəsinin ortasında bir buynuz, ikinci uşağı dünyaya gətirəndən sonra isə ikinci buynuz çıxardıb qaşınmağa başladı. Onun buynuzları qaşınmağa başlayanda Güllü arvad yazıq bir görkəm alıb demişdi ki, keçinin buynuzu qaşınanda özünü çobanın çomağına sürtər. Onun bu sözlərini eşidəndə oğlu anasına baxıb bir az hirsli tərzdə: – Ay ana, heç nə olmaz. Birtəhər dözün. Axı o, uşaqlarımın anasıdı». – Güllü arvada sanki od vurdular:- Uşaqlarının anasıdı, gəlsin, minsin boynumuza. Səni çoxdan minib, at kimi səyirdir. Bircə o qalıb ki, yeməyimizə zəhər qatıb bizi cəhənnəmə vasil eləsin» – Ağlamsındı. Vasif isə dözməyib hirslə belə demişdi: – Cəhənnəmə vasil eləməsə də bizə cəhənnəmi yaşadır. Elə bilir ki, qorxuruq. Abrımıza qısılıb susuruq. Nə istəyir, onu da eləyir. Hara istəyir ora da gedir». – Neyləyir? – Toğrul az qaldı ki, atasının üstünə cumub dəli inək balasını çığnayan kimi onu çığnasın. Amma Güllü buna yol vermədi. Oğlunun sinəsindən geri itələyib alçaq səslə dedi: – Həddini bil! – Mən həddimi bilirəm. – O, bu dəfə anasının üstünə bağırdı. O, elə bağırdı ki, alt mərtəbədə yaşayan Telli arvad qorxusundan sarısını udmuşdu. Sabahısı günü o, həyətdə Güllü arvadla söhbətləşəndə bunu özü etiraf eləmişdi və sonra demişdi ki, incimə qonşu, sənin o gəlinindən gözüm su içmir. Özünü bəy qızı kimi aparır. Elə bil ki, dünyanı o yaradıb».- Güllü arvad nə deyəcəyini bilməmişdi. Bircə onu demişdi ki, Günayı heç qəbir də düzəldə bilməz. Onu bizə ürcah eləyinin Allah bəlasını versin.
    Güllü arvad bütün günahı özündə görürdü. Tahirin qapısına getdiyi günə lənət yağdırırdı. Dəfələrlə oğluna demişdi ki, ay oğul, yad qızından yad iyi gələr. Və bir də gör kimin qızına aşiq olmusan? Bütün el-oba onu yaxşı tanıyır. Onunla bizimki tutmaz. Onunla ayrı-ayrı adamlarıq. Tahirin qızını ocağımızın başına gətirsən, başımıza oyun açacaq. O qızın deyib-gülməyinə baxma. Onun içində şeytan gizlənib. Həmin o şeytan fürsət gözləyir ki, dünyamızı başımıza dar eləsin.
    Toğrul da anasının bu sözlərindən hirslənib yenə də onun üstünə bağırmışdı: – Mən onu sevirəm. Əgər elçi getməsəniz, özümü öldürəcəyəm. – Və sonra da anasını qəzəblə süzüb demişdi: «Qara keşiş». – Bu söz od olub Güllünün ürəyinə düşdü və onun cızdağını çıxartdı. Dili söz tutmadı. Göz yaşları yanağı aşağı süzüldü. Az sonra soruşdu: «Qara keşiş kimdi? – Əslinin atası. Qızını Kərəmə vermədi. Kərəm də yanıb külə döndü.- Güllünü gülmək tutdu. Məgər Günay erməni qızıdı? – Sonra da öz sualına özü cavab verdi: – Sevdiyin o qızın atası ermənidən də betərdi.
    …İllər keçdi. İllər keçdikcə Güllünün ürəyinə düşən od onu daha çox yandırmağa başladı. Güllünün odsuz-alovsuz yandığını hamı yaxşı görürdü. Görürdü ki, od olmayan yerdən tüstü çıxaran Günay, onun evinə köçdüyü gündən iblisə yaşıl işıq yandırmağa başlayıb və bu yaşıl işıq yanmağa başlayan gündən qalmaqallı, anormal bir ailənin təməli qoyulmaqdadır.
    Toğrul anasının, eləcə də atasının nələr çəkdiyini, hansı dərd yükünü daşıdıqlarını görsə də görməməzliyə vururdu. Amma bilmirdi ki, dünyada o qədər Günaylar var ki, heç biri anasının kəsilən dırnağına dəyməz. Ana anadır və heç vaxt atadan, anadan yar şirin ola bilməz. Ata-ana təkdir. İstəsən səndən ötrü canını əsirgəməz, ürəyini belə təmənnasız çıxarıb verər. Günayın hiyləsi, öz hərəkətlərilə şeytanı belə mat qoyması, ərini əlinə alıb tennis şarı kimi oynatması…Toğrulu yatdığı yuxudan hələ də oyandıra bilmirdi, əksinə, getdikcə daha şirin yuxuya qərq eləyirdi. El arasında «hegemon» kimi ad çıxaran Günay axır ki, istəyinə nail ola bildi. Toğrulla atasının arasına elə bir qalmaqal saldı ki, Güllü infarki keçirdi. Anasının infarkt keçirməsi Toğrulun vecinə də olmadı, əksinə, düşündü ki, ölsə, Günayın canı qurtarar və ona gözünün üstündə qaşın var, deyən tapılmaz. Qalır bircə Vasif, onu da evdən çıxarıb «qocalar evi»nə yerləşdirərik.
    Günay ağzına yüyən keçirib at kimi mindiyi əri indi də atası ilə üz-göz olmuşdu. Onu yaralı şir kimi hər an didib-parçalamaq istəyirdi. İstəyirdi ki, bütün ömrünü ev-eşik qurmağa sərf edən atasını öz doğma ocağından didərgin salsın. Əvvəlcə onu «Qocalar evi»nə qoymaq istəyirdi, amma nədənsə çəkindi. Qayınatası bunu israrla təkid etsə də Toğrul ilk dəfə olaraq «ata» dediyi Tahirin sözünü eşitmədi. Tahirin sözünü eşitmədiyinə görə də Günay növbəti dəfə cin atına mindi və cin atını elə səyirtdi ki, Toğrul tozanaq içində qalsa da, bu tozanaqdan heç çıxmağa da cəhd eləmədi. İstəsə də bunu bacarmazdı, çünki o, ləyaqətini, kişiliyini, susmuş vicdanını arvadının ayağının altına atıb atasına, anasına, bacısına arxa çevirmişdi. Onlara sarı arxasını çevirməsəydi, Günay elə bir qiyamət qoparardı ki, səsi bu boyda şəhərdə əks-səda verib bir kilometr radiusda yaşayan adamların qulaqlarında «Qrad» qurğuları kimi gurultu qoparardı.
    Günay sanki pislik etmək üçün xüsusi təlimat keçmişdi. Qəlbi nifrətlə alışıb-yanan bu cür neqativ enerjili adam ailədə təhlükə mənbəyinə çevrilmişdi. Ərindən və uşaqlarından savayı heç kimi saymırdı. Ərinin qohumlarının ayağını evdən kəsmişdi. Qayınatası ilə danışmırdı. Güllü arvada qulluqçu gözü gözü ilə baxırdı. Onu bir gün vaxtında yemək bişirmədiyinə görə saçlarını yolub üzünə tüpürmüşdü. Güllü arvad oğluna şikayətlənəndə o, belə demişdi: – Günay haqlıdır. Gərək onu hirsləndirməyəsən. – Bununla da söhbətə yekun vuruldu və Güllü arvad bir daha oğluna şikayət etmədi. Günayın dağları kölgədə qoyan nöqsanları olsa da əri onu əzizləyir, anasının yanında «Günayım» deyə onu qucaqlayırdı. Güllü arvad isə ürəyində deyirdi ki, təki balam xoşbəxt olsun, mehriban yaşasılar.
    O, necə istəyir, eləcə də hərəkət edirdi. O, elə bil ki, Güllü arvadın xoş ovqatına, əhval-ruhiyyəsinə zəhər qatmaq üçün yaradılmışdı. O isə onun hər bir hərəkətinə dözür, səsini çıxarmır, «qonşulardan ayıbdır» – deyərək həmişə özünü şən göstərməyə çalışır, amma özünü nə qədər şən göstərsə də gözlərinin içindən boylanan qəm-kədər onu ələ verirdi.
    Günayın gündə neçə yol qayınatasının yanında öz atasını «Qurban olum atama» – deyə onu elə əzizləyirdi ki, elə bil bütün gününü çayxanada keçirən Tahir bu dünyanın hökmdarı idi. Tahirin vaxtilə sovxozda naxırçı işləyən atasına görə el arasında ona «Naxırçı oğlu» deyirdilər. Bu naxırçı oğlu Tahir sanki Allahın bacısı oğlu idi və ona görə də «Allahın bacısı oğluna» günlərin birində Güllü arvadın ağzında özü də bilmədən belə bir söz çıxmışdı. «Ay bala, nə atam-atam deyirsən? Sovxozun iki danasını oğurladığına görə babanı türməyə soxmadılarmı? – Güllü arvadın ağzından bu səs çıxar-çıxmaz Günay onun başının üstünü ley kimi kəsdirib qəzəblə elə bağırmışdı ki, Güllü arvad qorxusundan özündən getmişdi.
    …Güllü arvad gözlərini bir nöqtəyə dikib nə barədəsə düşünürdü. Üz-gözündən kədər yağırdı. Düz üç ay idi ki, qırx il bir yastığa baş qoyduğu ərini torpağa tapşırmışdı. Onsuz darıxırdı. Hərdən də öz-özünə deyirdi ki, yazıq kişi gəlinin əlindən canını qurtarıb haqq dünyasına qovuşdu.
    Vasif canını tapşırmazdan yarımsaat əvvəl onun əlindən tutub demişdi: «Özünü üzmə. Mən yaşamağa gedirəm. Orada yolunu gözləyəcəyəm.». – İndi o, mənim yolumu gözləyir. Gözləyir ki, nə vaxt gələcəyəm. – Elə bu zaman Günayın qəzəbli səsi eşidildi: – Ay arvad, nə mürgü vurursan? Günortaya az qalıb. Niyə yemək bişirmirsən? Bir azdan atam bizə gələcək.
    Güllü oturduğu yerdən ayağa durmaq istədi, amma bacarmadı, gözlərinə qaranlıq çökdü və arxasıüstə yerə yıxıldı. Bir neçə saniyə xırıldayıb hərəkətsiz qaldı.
    Pəncərənin önündə göyə ucalan şam ağacına beş-altı sərçə qonmuşdu. Sərçələr gah atılıb-düşür, gah da kədərli bir səslə cəh-cəh vururdular. Həmin o boz sərçələr sanki oxumurdular, Güllü arvada ağı deyirdilər.
    Hüseyn İsaoğlu,
    yazıçı – publisist, AYB – nin və AJB – nin üzvü.

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<l

Məmmədəli Əliqulu oğlu Əliyev (ədəbi təxəllüsü Sail) 

Məmmədəli Əliqulu “Kor ərəbin mahnısı”-nı oxuyarkən

Məmmədəli Əliqulu oğlu Əliyev (ədəbi təxəllüsü Sail) 8 mart 1936-cı ildə  Bakı şəhərində anadan olub.
Erkən yaşlarında atasını itirir, anası Xədicə xanım hər gün 7 uşağı evdə tək qoyub işləmək məcburiyyətində qalır. Məmmədəli kiçik yazşlarından oxumağı sevərdi, bu səs ona səsiylə ün qazanmış toy xanəndəsi atası Dərviş Əliqulu kişidən keçmişdi.
Bir gün oxumağından məktəbdə də xəbər tutdular. Bir tədbir olan kimi gəlirdilər anasının üstünə ki, qoy, Məmmədəli oxusun. Müəllimləri anasına tapşırırdı ki, nəbadə oğlunu başqa sənətin dalınca düşməyə qoyasan. Ondan yaxşı xanəndə çıxar. Bu sözü qonşuları Əhməd Bakıxanov da deyirdi.
Gözəl səsindən əlavə, Məmmədəlinin şeir, qəzəl yazmağı da vardı. Şeirlərini “Sail” (dərdli avara) təxəllüsü ilə yazardı. Bu imzayla 300-ə yaxın şeir, qəzəl, müxəmməs, təmsil, qoşmalar yazmışdı.
1940–1941-ci illərdə Əhməd Bakıxanov Məmmədəlini və bacısı Töhfəni öz ansamblına gətirdi.
1942-ci ildə Məmmədəlini cəbhəyə göndərdilər. 1945-də yaralanıb qayıtdı. Sonra Milli Dram Teatrına işləməyə getdi.
Həmin illərdə Məmmədəlinin ürəyinə bir sevda da hakim kəsilmişdi. Xalası qızı Böyükxanıma vurulmuşdu, amma sözləri bir-birinə xoş gəlmədiyindən bir yerdə yaşaya bilməyəcəklərini başa düşüb sevgililər ayrılırlar.
Məmmədəli Əliyev teatrda işləyərkən ikinci dəfə ailə qurur. Teatrda görüb sevdiyi Zəhraxanım da aktrisa idi. Bu evlilikdən 5 uşaqları olur.
Məmmədəli Əliyev 22 il teatrda çalışır. Əksər tamaşalarda oxuyur. “Xosrov və Şirin”də Ozanı, “Qatır Məmməd”də Aşığı, “Vaqif”də Xanəndəni, “Hind gözəli”ndə Arabaçını, “Şeyx Sənan”da Kor Ərəbi oynayır. Kor Ərəbin mahnısı bir səs-küy qoparır ki, gəl görəsən… Deyirdi, mən o mahnını oxuyub qurtaran kimi Bülbül səhnəyə çıxdı, əllərimi sıxıb dedi ki, sağ ol Məmmədəli, nə gözəl oxudun!
Bu rol üzərində M. Əliyev çox ciddi çalışmışdı. Tamaşanın müvəffəqiyyətlə hazırlanmasında görkəmli reyissor Adil İsgəndərovun ciddi əməyi vardı. Tamaşanın musiqisini bəstəkar Fikrət Əmirov yazmışdı. Bu mahnı hələ əsərin məşqləri zamanı tamaşanın müvəffəqiyyətli olacağından xəbər verirdi. Doğrudan da “Şeyx Sənan” nəinki Bakıda, eləcə də Tbilisi və Yerevan qastrollarında böyük uğurlar qazanır.
Bir dəfə bu rolu oynarkən Məmmədəlinin əlindəki ağac əlindən düşüb yox olur. Kor rolu oynadığı üçün aktyor gözünü açıb heç yeri axtara bilmir. Gözlərini bir nöqtəyə zilləyərək, əlini yerə sürtə-sürtə ətrafı nə qədər axtarırsa, ağacı tapa bilmir. Pərdə bağlanandan sonra da ağacı nə qədər axtarırsa, tapa bilmir. Nəhayət, ağacı səhnənin altında olan zirzəmidən tapıb gətirirlər. Demə, ağac səhnədəki bayraq sancmaq üçün nəzərdə tutulmuş kiçik dairəvi deşikdən aşağı düşübmüş.
Sonralar Rauf Kazımovski Kor Ərəbin mahnısını ayrıca kino lentinə çəkir, televiziya vasitəsilə göstərirlər. Fikrət Əmirov də bu lenti özü ilə Amerika səfərinə aparır.
Məmmədəli Əliyev deyirdi:
Yaradıcılığımın iki parçası mənim həm təsəlli yerimdi, həm də ağrımdı. Biri “Hind gözəli”ndəki Arabaçının mahnısıdır. Hərçənd oxuduqlarımdan ən babatından söz düşəndə mən də, qeyriləri də Kor Ərəbin mahnısını xatırlayır, amma nəsə hiss eləyirəm ki, ürəyimdə o Arabaçının mahnısını daha artıq sevirəm. Çünki o mahnıda yanğı, kövrəklik, hiss daha güclüdür. Elə bil öz ömrümdür.
Məmmədəli Əliyev səhnədə can verməyi arzulasa da, kamına çatmır, ömrünün sonlarına yaxın teatrdan uzaqlaşır. O, səhnədən qocalıb getmir, yaş artandan, səsdən qalandan sonra musiqidən əl çəkmir. Hələ səhnəyə çox çıxa bilərdi. Özü gedəndən bir az sonra lent yazıları gözdən, qulaqdan uzaq düşür, amma hər halda könüllərdən iraq düşməyir.
Məmmədəli Əliyev səhnədən uzaqlaşandan sonra yenidən hərbi işə qayıdır. 1968-ci ildə Elmlər Akademiyasına işə düzəlir. Hərbi kafedranın müdiri olur. Müharibədə olduğu üçün hərbi işdən başı çıxırdı.
Məmmədəli Əliyev 1983-cü ildə vəfat edib.

Məlumatı hazıladı: Günnur Ağayeva

ədəbiyyatşünas, tənqidçi

GÜNNUR AĞAYEVANIN YAZILARI

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<l

ƏRƏSTUN XƏLİLOVUN SƏSİNDƏ “KOR ƏRƏBİN MAHNISI” — UNUDULMAZ MELODİYANIN TARİXİ, RUHU VƏ MƏNƏVİ YÜKÜ

ƏRƏSTUN XƏLİLOVUN SƏSİNDƏ “KOR ƏRƏBİN MAHNISI” — UNUDULMAZ MELODİYANIN TARİXİ, RUHU VƏ MƏNƏVİ YÜKÜ
Musiqi insan həyatının görünməz müşahidəçisidir — hər dövrün, hər nəslin içindən səssizcə keçib gedən bir yaddaşdır. Bəzən illər ötür, adlar dəyişir, zaman dəyişir, amma bəzi səslər, bəzi melodiyalar elə bil sükutun içində özünə əbədi yer tapır. “Kor ərəbin mahnısı” da belə əsərlərdən biridir. Bu mahnı təkcə bir musiqi nümunəsi deyil, həm də Azərbaycan musiqi irsinin mənəvi sütunlarından biridir. Onu müxtəlif sənətkarlar ifa edib, lakin Ərəstun Xəlilovun səsi bu melodiyanı başqa bir ruhla, başqa bir duyğuyla dinləyicinin yaddaşına həkk edib.
“Kor ərəbin mahnısı” ötən əsrin ortalarında səhnə üçün yazılmış dramatik əsərin tərkib hissəsi kimi meydana gəlib. Bəstəkar Fikrət Əmirovun melodiyası, şair Hüseyn Cavidin poetik fikirləri ilə qovuşaraq musiqi tariximizin unikal nümunəsinə çevrilib. Əvvəlcə teatr səhnəsində səslənən bu əsər, sonradan sərbəst musiqi həyatına qovuşaraq klassikaya çevrildi.
Bu mahnı sevginin, həsrətin, qəmin, inamın, ədalət axtarışının musiqiyə çevrilmiş obrazıdır. Buradakı “kor ərəb” zahiri bir simvol deyil — ruhun içindəki zülmətin, bəşəri məhəbbətin, eşqə və işığa aparan yolun poetik rəmzidir.
Sözlərin fəlsəfəsi — insanın gizli təbəqələrinə toxunan poetika
“Eşq ülfəti, nazlı afət,
Ömrü viran edər hər saat…”
Bu misralar yalnız bir sevgi dastanının deyil — bütün insanlığın ən dərin hisslərinin təsviridir. Qarşımızda həm aşiq, həm məhkum, həm də ümidli bir qəhrəman dayanır. O, kor olduğu üçün yox, dünya zülmətlə dolu olduğu üçün “kor”dur. Ona görə də mahnı həm bir sevginin ağrısı, həm də insanın öz daxilində işıq axtarışıdır.
Bu məzmunu daşıyan melodiyanın ifası isə artıq təkcə oxumaq deyil — hiss etmək, yaşamaq, danışmaq qədər çətindir. Və məhz burada Ərəstun Xəlilovun adı önə çıxır.
Ərəstun Xəlilovun səsi Azərbaycan musiqi tarixində özünəməxsus möhür qoymuş səslərdəndir. Onun timbrində həm uşaq səmimiyyəti, həm də sənət böyüklüyü var. Hər nəğmə onun səsində sanki bir qədər daha saf, daha kövrək, daha həssas eşidilir.
Ərəstun Xəlilovun “Kor ərəbin mahnısı” ifası digərlərindən fərqli olaraq bir xüsusiyyətə malikdir:
O, mahnını oxumur — dərd çəkir, danışır, sual verir, ah çəkir və sonunda dinləyicini də həmin ruh halına salır.
Onun səsindəki büllur kimi təmiz vibrasiya, hər frazanın içindəki nəfəs, dramatik pauzaların ustalıqla seçilməsi mahnını sadəcə ifa yox, kiçik bir səhnəcik — musiqili bir monoloqa çevirir. Sanki gözləri görməyən ərəb danışır, amma ürəyi hər şeyi görür. Ərəstun Xəlilovun səsi də bu ürəyin dili olur.
Musiqi tarixində bəzi əsərlər var ki, onların ömrü, sanki zaman başlanandan yazılıb. “Kor ərəbin mahnısı” da belə melodiyalardandır. Onu əbədi edən bir neçə səbəb var:

-Melodiyanın dramatik qamması
Fikrət Əmirovun bəstəsi həm Şərq ladlarının, həm də simfonik düşüncənin sintezidir. Melodiyanın hər dönüşü insanın daxili aləminə toxunur.

-Sözlərin poetik dərinliyi
Hüseyn Cavidin poetik aləmi — həsrət, eşq, qaranlıq və işığın əbədi qarşıdurması burada bir-birinə qovuşur.

-İfaçının seçdiyi ton — emosiyanın hədəfi
Ərəstun Xəlilov mahnını oxuyanda sanki hər kəlmə ilə dinləyiciyə müraciət edir, bir sual verir:
“Insan olmaq nədir? Aşiq olmaq nədir? Zülmət nədir? Işıq haradadır?”

-Nəsillərin yaddaşında yaşayan bir musiqi
Bu mahnı artıq təkcə teatrın, radionun deyil — bütün bir xalqın şifahi yaddaşının parçasıdır. Hər kəs onu bir dəfə dinləyib, amma təsiri ömür boyu davam edir.
Zaman dəyişir, gənclər başqa ritmlərə qulaq asır, amma “Kor ərəbin mahnısı” hələ də sanki dünən bəstələnmiş kimi aktuallığını qoruyur. Çünki o, insanı öz özünə qaytarır. Ruhun sakitliyinə, sükutun arxasındakı səsə, insan olmağın incəliyinə.
Mahnı həm folklorun, həm klassikanın, həm şəhər mədəniyyətinin, həm də teatr ruhunun nadir bir birləşməsidir. Və bu birləşməni dinləyiciyə çatdıran ifaçılar — Rəşid Behbudov kimi sənət nəhəngləri, eləcə də Ərəstun Xəlilov kimi səsi ilə könüllər fəth edən sənətkarlar — bu əsərə əbədi ömür bəxş ediblər.
Ərəstun Xəlilovun ifasında “Kor ərəbin mahnısı” təkcə bir vokal əsəri deyil — bir insanın içindəki ağrının, həsrətin, ümidsiz ümidin, eşqin və işığa həsrətin musiqili hekayəsidir. Bu səs, bu melodiya, bu ifa Azərbaycan mədəniyyətinin yaddaşında bir işıq kimi yanır və yanmağa davam edəcək:

Bu mahnını dinləyəndə bir daha anlayırıq:
musiqi keçmişin səsi deyil — əbədiyyətin özüdür.

Ərəstun Xəlilov haqqında

Müəllif: Günnur Ağayeva

ədəbiyyatşünas, tənqidçi

GÜNNUR AĞAYEVANIN YAZILARI

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<l