Zaur Ustac – Min şükür Allaha

MİN ŞÜKÜR
(Dildən dilə süzdürənə min şükür)
Bir yaqut gizlidi sədəf dalında,
Misli yox ölçülə sərraf dalında,
Min kəlmə şəlləyib əlif dalında,
Dildən dilə gəzdirənə min şükür…
* * *
Dədəm, babam nəğmə deyib, söz qoşub,
Kəsə gedib, doğru deyib, düz qoşub,
Məclis qurub, min oxuyb, yüz qoşub,
Teldən telə gəzdirənə min şükür…
* * *
Ustac deyər, hardan gələr bilinməz,
Ha deyilə, yeri dolar bilinməz,
Gülər gözdən qəm süzülər bilinməz,
Eldən elə gəzdirənə min şükür…
20.10.2016.  Bakı.


Müəllif: Zaur USTAC

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<l

Ərəstun Xəlilov — Unudulmayan səs

Ərəstun Xəlilov — Unudulmayan səs
Bir səsin taleyi, bir insanın həyatı, bir dövrün yaddaşı
Musiqi tarixi çox zaman yalnız böyük adların yaddaşında yaşayır: nəhəng səslər, böyük səhnələr, geniş kütlənin hafizəsinə hopmuş sənətkarlar… Lakin bu tarixin kölgələrində, işıqdan bir qədər uzaq duran, bir anlıq parlayan və sonra zamanın axarında itib görünməyən istedadlar da olur. Onlar haqqında ya az yazılır, ya da yazılanlar günlük xəbərlərin sükutuna qarışıb itir. Ancaq həmin istedadların hər biri — bir dövrün, bir mühitin, bir cəmiyyətin unudulmuş hekayəsi deməkdir.
Bu hekayələrdən biri də Ərəstun Xəlilovun hekayəsidir.
1950–60-cı illərin Azərbaycanı — mədəniyyətin yüksəlişi, yeni səslərin ortaya çıxdığı, filarmoniyanın, musiqi məktəblərinin gənc istedadlarla dolduğu bir dövr idi. Məhz belə bir zamanda Gəncədən gələn yeniyetmə bir səs respublika musiqi mühitini heyrətə saldı.
Onda cəmi on üç–on dörd yaşı vardı. “Balaca Ərəstun” deyirdilər ona — həm uşaq olduğuna görə, həm də uşaq yaşında o səviyyədə oxumaq çox nadir olduğuna görə. Səsi büllur kimi təmiz, nəfəsi geniş, muğamı isə sanki illərin ustalığı ilə mənimsənmişdi. Onun ifasında səslənən “Kor ərəbin mahnısı” uzun müddət həm Gəncədə, həm Bakıda, həm də mətbuat səhifələrində müzakirə olunurdu.
Ərəstun hələ uşaq idi, amma səsi uşaq deyildi. Sanki zaman onun səsində daha tez yetişmişdi.
Gənc istedadların bir çoxu diqqətdən kənarda qalır, amma Ərəstunun səsi o qədər orijinal idi ki, öz dövrünün ən böyük sənətkarlarından biri — Rəşid Behbudov belə ona biganə qala bilmədi.
Behbudov onun ifasını eşidəndə heyrətini gizlətmədi. Mətbuatda dərc olunan məqaləsində Ərəstunu “gələcəyin istedadlı xanəndəsi” adlandırdı. Bu, sadəcə tərif deyildi — Behbudovun sənət dünyasında belə açıqlamalar çox nadir hallarda olurdu. Onun belə bir fikri bir uşağın qarşısında böyük bir qapı açmağa bərabər idi.
Və bu qapı açılı.
SSRİ miqyasında keçirilən mədəniyyət ongünlükləri respublikalar üçün ən uca səhnələrdən biri idi. Azərbaycan nümayəndə heyəti Moskvaya gedərkən böyüklər arasında bir yeniyetmə də var idi — Ərəstun Xəlilov.
Böyük Teatrın nəhəng səhnəsində, yüzlərlə tamaşaçının qarşısında o, xalq çalğı alətləri orkestrinin müşayiəti ilə çıxış etdi. Uşaq olmasına baxmayaraq, səhnə davranışı, ifa tərzi və musiqini duymaq bacarığı tamaşaçıları heyrətləndirdi.
Bu, təkcə bir yeniyetmənin uğuru deyildi.
Bu, Azərbaycanın bir gənc səsi ilə dünyaya boylanması idi.
Hamı düşünürdü ki, bu səs böyük səhnələrin gələcək sahibinə çevriləcək. Lakin həyat həmişə düşündüyümüz kimi davam etmir. Ərəstun Xəlilovun taleyində sənət karyerası uzun sürmədi.
O, musiqi yolunu tərk edib tamamilə başqa bir istiqamət seçdi: elm və pedaqogika.
Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda müəllimlik etməyə başladı, tələbələr yetişdirdi, elmi fəaliyyətlə məşğul oldu, professor adına qədər yüksəldi.
Bəzən istedad insanın yalnız bir sahəsinə deyil, bütöv şəxsiyyətinə şamil olunur. Ərəstun musiqidə özünü tapdığı kimi, elmdə də tapmışdı.
Lakin bu dönüş, təbii ki, onun səsinin yaddaşlarda solmasına səbəb oldu.
Əslində heç bir böyük səs unudulmur. Unudulursa — onu saxlayacaq mühit olmadığına görə unudulur.
Ərəstunun unudulması da səbəbsiz deyildi:
-O, uzun illər sənət aləmində olmadı. Kütlənin yaddaşı isə davamlılıq tələb edir.
-Səs yazıları, video görüntülər, mətbuat arxivləri — çox az qorunub.
-Musiqidən uzaqlaşması onun sənət irsinin dərinləşməsinə mane oldu.
Yeni səslər, yeni obrazlar, yeni mədəniyyət axını — keçmişin kiçik ulduzlarını kölgədə qoydu.
Amma bütün bunlara baxmayaraq — o səs mövcud idi, və bu gün həmin səsi xatırlamaq, həmin taleyi yenidən gündəmə gətirmək musiqi tariximizə bir ehtiramdır.
Ərəstun Xəlilov sadəcə bir uşağın parlaq səsi deyildi. O, həm də bir dövrün enerjisini, bir şəhərin nəfəsini, xalq musiqisinin ruhunu daşıyan bir istedad idi. Onun taleyində musiqi də vardı, elm də, həyatın qəribə dönüşləri də.
İstedad yalnız səhnədə yaşamaq üçün yaranmır. Bəzən onun missiyası insanların yaddaşında bir qığılcım kimi qalmaqdır.
Ərəstun Xəlilov nə bir məşhur xanəndə oldu, nə də böyük səs ustadı, amma o, bir dövrün musiqi hadisəsi idi. Bir dəqiqəlik görünən, amma Azərbaycan musiqi tarixinin təmənnasız, lakin dəyərli bir parçası olan hadisə.
Bu gün onun haqqında yazmaq — unudulanları yada salmaq, dəyəri dəyərlə anmaq və gələcək nəsillərə deməkdir ki:
Bəzən bir səs tarix olmur, amma tarixdə bir səs kimi qalır (video):

Ərəstun Xəlilov haqqında

Müəllif: Günnur Ağayeva

ədəbiyyatşünas, tənqidçi

GÜNNUR AĞAYEVANIN YAZILARI

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<l

Məmməd Araz Poeziya irsinin istedadlı davamçısı – Bəhruz Niftəliyev

Məmməd Araz Poeziya irsinin istedadlı davamçısı – Bəhruz Niftəliyev
​Sosial şəbəkələrdə Bəhruz Niftəliyevin illərlə izlədiyim şeirlərindəki yüksək şeiriyyət, səmimiyyət, könül çırpıntısı, ifadə mükəmməlliyi məni öz təsir selinə salırdı. Bu çiçək ətirli şeirlərin dəstələnib gül buketinə çevriləcəyini, toplu halda kitabdan oxuyacağım günü o qədər arzulayırdım ki… Nəhayət… Redaktoru olaraq oxuduqca sehrinə düşdüyüm, qəlbinin ziyası, iç dünyasının poetik ətri olan ilk şeirlər kitabı “Tanrıya məkublar”ın təqdimat günü (28 noyabr 2025)- gözlədiyim gün gəlib çatdı. Bu möhtəşəm gün münasibətlə gənc şairimizi təbrik edirəm.
​Anası Söz sənətkarı Flora Xəlilzadə ilə universitetin jurnalistika fakültəsinə qəbul olunub bir qrupda oxuduğumuz gündən yaranan dostluğumuz zamanla sıx ailə dostluğuna çevrildiyindən Bəhruzun hələ kiçik yaşlarından bədahətən şeir söyləmək bacarığı, bu bağlılığın getdikcə artması zamanla diqqətimizi cəlb edirdi. Şairlik istedadı Bəhruza mənsub olduğu ailədən anası Əməkdar jurnalist, yazıçı, şairə Flora Xəlilzadə və onun “səcərəmin şah sütunu, xan çinarı” adlandırdığı bibisi oğlu böyük Məmməd Araz nəslinin qan yaddaşıyla gəlir. Söz Günəşinin nurundan irsən Bəhruza da pay çatıb… Şairlik Allahın seçdiklərinə bəxş etdiyi vergidir.
​Bəhruz şeirlərini qarşıya məqsəd qoyaraq yazmır. Misralar günlərlə fikrini zəbt edən müşahidələrdən sonra yaradıcı təxəyyülündən damla-damla süzülür. Dolmuş qəlbindən dodaqlarına məcrasından qəfil qaynayan çeşmətək bədahətən sellənib gəlir. Bədii təfəkkürünün məhsulu olan bu inciləri sapa düzmək – misraları yazmaq olub onun işi. Bəzən yazmağa şərait olmayanda telefonun diktafonuna pıçıldayıb ürəyinin səsini. Özü yazdığı kimi: “Diktafonu işə saldım və misralar qopdu dilimdən, səsim qələmim olmuşdu klaviaturanın yerinə.” İmkansızlıqdan itirdiyi inciləri də az olmayıb…
​Bəhruzun şeirləri qanadlandığı qəlbin hisslərinin, saf mənəvi dünyasının, aydın amalının parlaq ifadəsidir. İnsanın həyatındakı müxtəlif məqamlar elə hərtərəfli, içdən qələmə alınıb ki, oxuduqca şeirlərin yaratdığı təsir selinə düşürsən. Müəllifin eşidilən ürək çırpınıları sənin duyğunda, düşüncəndə əks-səda verir; qəmiylə qəmlənir, sevinciylə sevinirsən. Misraların pıçıltılı bulaq axarında məna, məzmun gözəlliyi ilə mükəmməl deyim tərzinin vəhdəti oxucunun qəlbinə nüfuz edir. Fikrini incə təhlillərlə səmimi poetik dillə çatdırır.
​Şeirləri mövzuca aktual olmaqla əhatə dairəsi də genişdir. Bəşəri ideyalar, vətənpərvərlik, insanpərvərlik, torpaq bütövlüyü şeirlərinin əsas qayəsini təşkil edir. Məna dolğunluğu, dərin təfəkkür, həyata bağlılıq poeziyasının səciyyəvi xüsusiyyətidir. Şeirlərinə yurd məhəbbəti, milli qürur hissi, güclü zəfər ruhu hakimdir. Bəhruz özü də yaxın və uzaq keçmişdə Qərbi Azərbaycandan dəfələrlə deportasiya edilmiş, çox sayda şəhid vermiş Vətəndə Vətənsiz yaşayan böyük bir nəslin nümayəndəsidir. “Mən dünyaya gözlərimi qoynunda açmasam da özümü həmişə sənə aid hiss etmişəm” deyən Bəhruzun yurd həsrətli bayatıları ürək sızladır:
​Söz tutan dilim vardı,
Saz tutan əlim vardı.
Dərdə düşməzdən qabaq
​Bir ordu elim vardı!
​Hanı o çağlar, hanı?
Yanan ocaqlar hanı?
Yaxın çoxdan yad olub,
Hanı uzaqlar, hanı?
Düşmən təxribatı nəticəsində bir gecədə həlak olmuş igidlərə həsr etdiyi “Əlli şəhid bayatı”da və şəhidlik zirvəsinin fatehlərinə yazdığı şeirdə şairin kədərində milli qürur, fəxarət duyulur… “Bu yas deyil, mənim üçün bayramdır” iftixar hissiylə “Mübarək şəhidim” “dil açır”:
​Nə oğullar, nər oğullar getdi bax,
Vətən, qanım torpağına yetdi bax,
Anam, bacım bir ürəkdən dedi bax:
Şəhid adın mübarəkdir, mübarək!..
​Azadlıqdı torpağımın gərəyi,
Sipər etdim köksümdəki ürəyi,
Türkün axı yerə gəlməz kürəyi,
Şəhid adım mübarəkdir, mübarək!
Bir çox bayatılarında Bütöv Vətən sevdalı Zəfər arzuları gül açır:
​Zəfərin zəngi vura,
Ürəyim sipər dura.
​Vaxt gəlsin, vədə gəlsin,
​Qovuşaq Zəngəzura.
Komandanım “vur” dedi,
“Sinən qalxan, dur” dedi.
Araz üstə bir körpü,
​”Qardaşınla qur” dedi.
Bəhruzun şeirlərində insanın mənəvi dünyasının, qüdrətinin, işıqlı ideallarının dolğun təcəssümünü görürük. Onun lirik qəhrəmanı təmiz əqidəli, humanist, etibarlı, şəxsiyyətdir. O bəzən köhnə mövzulara yeni tərzdə yanaşmaqla şeirə yeni məna çaları, yeni nəfəs gətirir. “Anam Flora Xəlilzadəyə” şeirində tərənnüm etdiyi “ürəyi Vətən, əli Tanrı şəfalı” ANAya övlad məhəbbətinin böyüklüyünü bundan da möhtəşəm ifadə etmək olarmı:
​Elə bil uzanan Tanrı əlisən,
​Şəfasan, şəfqətsən, duamsan mənim.
Bütün möcüzələr sənlə başlayır,
Heyrətsən, həyatsan, dühamsan mənim.
Saçının ağını, ürək ağrını gizlədən anam,
​Dərdimi duyansan, dünyamsan mənim!
​Qocalmaq coxunun qismətinə pay,
Ucalmaqsa sənin adına təndir.
Ana, ürəyin də mənə yurd yeri,
Ana, ürəyin də mənə Vətəndir!
​Şair Vətən və Ananı ən əziz simvoltək qoşalaşdırır. Bu ölçüyəgəlməz dəyərli məfhumları ayırmadan Tanrı sevgisi səviyyəsinə ucaldaraq oxucusuna o müqəddəslikdə təqdim edir. “Tənhalıq görülməmək deyil, / Anlaşılmamaqdır, / Hər gün bir az uçulmaq, / Hər gün aşınmaqdır” – deməklə tənhalığın görülməyən tərəflərini görür və bəyan edir. Bəhruzun poeziyasında həyatı dərindən duymağa, qədrini bilməyə səsləyən nikbin baxış güclüdür. “Əgər sevmək bir bu qədər günahdırsa, / Bu qəlbdəki bu təb niyə, söylə görüm?!” – deyərək qəlbinin qəbul etmədikləri ilə barışmır. “Tanrı, yazdığın yaz qismət olmadı, / Yeni fəsilləri yazacam özüm”, “Ömürdü pərən-pərən, Gözlərimdə közərən, / Yaşamağı gözləyən / Qəmə doğru gəlirəm” misralarıyla qətiyyətiylə qəmə səslənir, kədəri həyatından qovur:
​Çıx get həyatımdan, kədər,
​Daha yerini, yerişini istəmirəm.
Məni yaxan, məni yıxan gülüşünü istəmirəm,
​Çıx get!
​İstəyirəm azam xoşbəxtlikdə
​Heç tapılmayam!
​O qədər bəxtəvər olam ki, simam dəyişsin.
Heç tanınmayam,
​Çıx get!..
​Bəhruz son ana qədər özünü itirməyib ruh yüksəkliyi ilə ölümün üzərinə gedən şəhid stüardessamız Hökumə xanımın dillərə dastan qəhrəmanlığını da təsirli dillə qələmə alıb:
​Gülləri sənə sərdim,
Ürəyim sərasərdi,
​Son cümlən bir əsərdi,
“Hər şey yaxşı olacaq!”
Bu dünyanın dizinə
Əyrisi nə, düzü nə
Düz ölümün gözünə…
“Hər şey yaxşı olacaq!”
​Bəhruz şeirlərini optimist ruhda yazsa da bəzən misralarında qəmli notlar səslənir. “Ruhum acdı, öz içimdən qəm yeyir”, “Ruhun gəmisi bədənim, / Üzürəm dünya qəmində”, “İnsan qəlbi qəm körpüsü, keçildinmi heç!”, “Doğmalar dağ oldu, ağ oldu, neynim, / Bir ovuc təskinlik, a yadlar mənə” kimi həyatdan şikayət motivli misralar oxucunu düşündürür. Müəllif kədərin yaratdığı duyğuları dəyərləndirib ona yeni ad verir:
​Naxələf xəyanətə, bir nadana tuş gələn
Vaxtından tez böyüyən, ölən duyğular vardır.
​Şəhid duyğular vardır! Şəhid duyğular vardır!..
​Bizə adi gələn “ağrı” məfhumuna görün necə fərqli fəlsəfi baxışla yanaşıb ustalıqla təhlil edir:
​Ağrı nədir bilirsən?
​zərbənin açdığı yara yox,
​o yaranın sancdığı an da deyil,
​Vuran doğma yağıdır,
​Bax, bu əsl ağrıdır
​Əzizinin əzməsi…
​və soyuq rüzgarların əsməsi!..
​Ən təsirlisi, kədərlisi “ağrı haqqında müəllifin gəldiyi son qənaətdir:
​…Bilirsən ağrı nədir?
​”Ağrı nədir” bilməməkdir.
​Hiss etməməkdir özünü,
Öyrəşməkdir, öyrəşmək!..
​Şeirdə sadə suallara verilən sadə cavabların canlandırdığı mürəkkəb mənzərə oxucunu dərin düşüncələrin məna axarına salaraq məntiqi nəticə çıxarmağa sövq edir. Bəhruzun lirik qəhrəmanı nə qədər azad düşüncəli, müasir olsa da, o qədər də “Tanrısı vicdan olan”, ulu yaradana inanan imanı kamil şəxsdir. O, həyatı gözəl, insanı xoşbəxt görmək istəyir. Dünyadakı ədalətsizliklərdən, qanlı müharibələrdən, dağıntılardan sarsıldıqca, həyatın çətin sınaqlarına düşdükcə Tanrıya etiraz səsini yüksəldir:
​Susmağım asan gəlməsin sənə
Ümidim üzüləndə
​Üzü sənə gələndə,
​Susuram!
Dava etməkdən,
​Dua etməkdən
​Yorulanda susuram.
​Əda deyil,
​Adi deyil,
​Nidadır susmağım.
​Ən çox danışmağa ehtiyac olanda
​…necə də acıdı susmağım!
​Bəhruz Yaradanla yaradılan arasındakı məsafəni götürüb onları dost qədər yaxınlaşdırır. Lirik qəhrəman Tanrı ilə ərkyanə söhbət etmək istəyir:
​Həsrət nədi, həsəd nə?
​Yolum üçün kəsə nə?
​Daşmı yığdın kisəmə?
​Tanrı, daşıyanmıram!
Dəyib dəyişənmirəm,
​Qəmi bölüşənmirəm.
​Təslim oluram, Tanrı…
​Sənlə döyüşənmirəm!
​”Yaratmısan, yaşat” prinsipi ilə Tanrıya gah ritorik suallar ünvanlayır, gah da “Yaradan deyiləm ki, / Sənə qarışanmıram” deməklə mənəvi rahatlıq tapır. Bu məzmunlu şeirlər dənizi xatırladır; gah tufanda şahanə dalğalarla coşub-daşan, gah da günəşli havada sakitcə ləpələnən dənizi…
​El arasındakı inama və dini inanca görə Allah xeyir vermək istədiyi bəndəsini əvvəl çətinliklərlə üzləşdirib imtahan edir. Dözərək ədalətlə, səbrlə mübarizə aparanlar mükafatlandırılır. Beləliklə, insanda Allahı və özünü dərketmə başlayır. Sonda sanki yenidən doğulan insan dəyişib yeni cəsarətlə həyata bağlanır. Lirik qəhrəman insanın həyatda ağır kədər, müsibətli hadisələrlə qarşılaşmasını istəmir. “Ey sevgili Tanrı, bəndən səndən də təkdir həyat adlı əsarətdə” – ümid dolu müraciətilə Tanrıdan yaratdığına qayğı, xoş həyat diləyir:
​Mən yarı adam, sən yaradan…
Köçüb gedəcəm yarımadan.
Məni yormadan, yorulmadan
​Bir az sevsən, nə olar?
​Bir az sezsən, nə olar?
“Son nəfəsdə Allah dedim, dayandım” kimi misralar onun etirazlarının kökündə Yaradana olan sonsuz sevginin, sarsılmaz imanın, inamın etirafıdır. Allaha üz tutur, şükranlıq hissiylə ona sığınır:
​Məni unutma, Tanrı,
​Günahlarımı,
​Ahlarımı,
​Sabahlarımı unut
​Amma sənə inamımı, əsla!
​Məni unutma, Tanrı,
​Özümü səmtsiz
​və sənsiz hiss etmək istəmirəm.
​Məhəbbət poeziyasında həyatın bütün gözəlliklərinə vurğun olub ona dəyər verməyi bacaran yüksək zövqlü şairin qəlb döyüntüləri duyulur. “Eşq duyğudur, / Ən böyük doğrudur, / Eşq onun, / Eşq sonun olmaqdır”, “Getsən, bölük-bölük olaram, / Hisslərimdə olduğu kimi, / Hissələrimdə tapılarsan” – deyən şairin şeirlərində eşqin gücü, ucalığı, ülviliyi, nələrə qadir olması bütün incəlikləri ilə canlandırılır. Şeirlərin canına hopmuş həsrət, qəm notları misralardan boylanır. “Yaram qanar, söz ötər, / Ruhum sənlə közərər” “Bir döyüntü qədər qəlbindəyəmsə, / Dolan gözlərinin yaşı olaram”, “Səsimə hay verib sevgimə bələn”, “Günəş kimi doğulmusan qəlbimdə”, “Bacarırsan at məni, özün ağlından çıxar”, “Sənə təşnə bir ruhum, / Qəlbim var, istəmirsən?” kimi eşq etirafları qəlb yanğılarının incə hisslərlə, dərin duyğularla ifadəsidir. Bütün şeirlərində olduğu kimi məhəbbət şeirlərində də dili aydın, təbii, səlisdir. Bədii təsvir vasitələrindən ustalıqla istifadə etməsi, fikrinin obrazlı dillə təsviri misraların emosionallığını daha da artırır. Təsvir etdiyi gözəli bəndin hər misrasında sadə, həyati təşbehlərlə canlandırır:
​Gəzərəm, sezərəm gözəl çölləri,
Bağlama “gülüşü gözəl çöhrən i.
Dodağın müşkmüdür, bədənin ənbər?
Ətrimi hopubdu Azan güllərin?
​Saf eşqin tərənnümü əsasən lirik şeirlərində olmaqla, sərbəst vəznli şeirlərində də eyni təsirli, incə poetik dillə qələmə alınıb:
​Yar dedim, yor dedim, öldür demədim,
Yaşamaq gözəldir, nəfəsim sənsən.
Sus dedim, su dedim, söndür demədim,
Ən təmiz, ən ülvi həvəsim sənsən.
​Mən getsəm nə olar, xəbərin varmı?
Qar altda qaralmış ota dönərsən.
Gəl yanaq, yanmağa təhərin varmı?
Toxunsam telinə, oda dönərsən!..
​Mən sənsiz mənasız roman kimiyəm,
Simləri qırılmış kaman kimiyəm.
Qarışar notlarım nəğmələrimdə,
Bülbülün ahına səs demərəm mən.
​Şair “Biz olmayanda” sərbəst vəznli şeirində eşqin mahiyyətinə varmağa çalışır. Fəlsəfi yanaşma, mükəmməl izah şeirdə poetik məharətlə qələmə alınıb:
​Sevmək odu hiss etməkdir ruhunda,
​Adı dilində pıçıltıya dönər,
​Sevmək Onu hiss etməkdir duyğunda…
​”Biz” olmayanda… ya “Sən” olur, ya “mən” olur –
​Parçalanırıq…
​”Biz” olmayanda zaman udur,
​Haçalanırıq
​”Biz” olmayanda azca qalırıq,
​Toza bənzər
​Ruhum sənsiz buza bənzər… buza bənzər,
​Ruhum sənsiz buza bənzər… buza bənzər,
Tut əlimdən, əlimdən tut,
​”Biz” olmayanda bilirsən ki, parçalanırıq!
Bəhruz əksər şeirlərini heca və sərbəst vəzndə yazsa da sərbəst şeirlərində hecalı, heca vəznli şeirlərində isə sərbəst misralar, bəndlər işlədərək yeni poetik nümunələr yaradır. Bəhruz sözü və bir hərf fərqi ilə oxşar sözləri çoxmənalı şəkildə misralarda elə ideal ustalıqla yerli-yerində işlədir ki, tələffüzdəki səs və söz səsləşməsinin ritmik ahəngi şeirin oxunuşunda həm bir axıcılıq, təravət yaradır, həm də oxucu bu “söz oyunu’nda müəllifin çatdırmaq istədiyi örtülü məqamları dərk edə bilir:
​Gözlərimdə elə keçmisən,
İşıqlar da yalan olub…
​Yanımdasan, yadımdasan
​Uzaqlar da yalan olub
​Yadım da SƏN!
​Bilməsən də
​Qalxan olub, qalan olub bu ürəyim.
​Yarıda sən
​yaram da sən!
​İndən belə yarıdasan
​Faydası yox!
​Yoruldusa ruhum dinməz
​Cənnətimi yaradasan.
​Faydası yox!
​Bəhruz müasir poeziyamızın, xalq və klassik şeirimizin demək olar ki bütün janrlarında, növlərində, formalarında şeirlər yazıb. Qəzəl janrına da müraciət edib və müvəffəq olub:
​Sis var yollarımda israr edirəm gəl!
​Yar, sənə möhtacam izhar* edirəm, gəl!
​Həyadır gözlərin, ədadır baxışın,
Bu canı, cəlalı nizhar* edirəm gəl!
Huşuma gəlməyən xoşuma gəlmisən,
Hər gecə ruhuma simsar* edirəm gəl!
Mən sənin rəsmini vəsf, ruhunu məst,
Şanına şəst sərşar* edirəm gəl!
Ovlaram, oğurlaram bir gecədə,
Bəhruzu yolunda əfşar* edərəm gəl!
(İzhar-bəyan, nizhar-qurban etmək, bağışlamaq, simsar-yaxın, daha yaxın sərşar-dopdolu, (ürəkdən), əfşar-çevik, ovçuluğu sevən)
​Bəhruzun poetik nəfəsinin ətri esselərində də hiss olunur. Anasına, övladlarına ünvanladığı esselər həm fədakar anaya qədirbilən oğul məhəbbətinin, həm də həssas, kövrək ata sevgisinin duyğusal təcəssümüdür. Anasına ad günü təbriki bu müraciətlə başlayır: “Həyatımın ən mübarək möcüzəsi… Yanında olanda belə darıxdığım… Ətrinə sığınıb saflaşdığım… Əzizim, əvəzsizim, qəlbi dolu dostum, ilk və ən böyük sevgim… Nəfəsin nələrə qadirdir bir bilsən… Bir baxışın bəs edir, bir “can” sözün kəsir bütün ağrılarımı… Məndən bezməyənim, məndən yorulmayanım, sadəcə təmənnasız sevənim…”
​Qızlarını “Tanrıdan aldığım ən gözəl cavab, / Ən sirli, sehirli sualı sənsən” – deyə əzizləyən “ana ürəkli ata”nın övlad məhəbbəti həm həyatını, həm də yazdıqlarını nurlandırır: “Hər gün ruhumda, ürəyimdə böyüyən Floram, əziz qızım… Səndən başqasına hazır deyildim sanki… Amma elə bir DUYĞU gəldi ki həyatıma, sən qədər oldu, ətrin kimi xoş, təbəssümün qədər gözəl, sevgin qədər təmənnasız… İndi ikinizi də bir-birinizdən çox istəyirəm. Nəfəsimsiz, gücümsüz, səbrimsiz… Yaşamağa səbəbimsiz!..”
​Yaradıcı şəxsiyyət tək yetişməsində, iş fəaliyyətindəki bütün uğurlarında fitri istedadı ilə yanaşı, həm də amal, məqsəd yolunda mübarizliyi, “yorulmaqdan yorulmadım” prinsipi ilə yaşamasının rolu olub. Qələminin gücü, yaradıcılıq enerjisi həm qəlbinin nuru poeziyaya, həm də öz təbiri ilə desək “işi, gücü, sevgisi” tək bağlı olduğu televiziyada işlərinin öhdəsindən uğurla gəlməsinə çatır. Mədəniyyət telekanalında direktor müavini vəzifəsini məsuliyyətlə aparan Bəhruz televiziyanı tək peşəsi deyil, həm də həyat tərzi sayır. O, çoxşaxəli yaradıcılıq fəaliyyəti ilə mətbuatımıza bu gün hava, su qədər vacib bir məram yolunda irəliləyir; tamaşaçılara, oxuculara öz sözləriylə desək “İncəsənətimizi, mədəniyyətimizi, tariximizi, ulu keçmişimizi, müasir dünyamızı, elmimizi, dinimizi, dilimizi təqdim edir.” Bu İşıqlı insan milli-mənəvi dəyərlərimizin gənc nəslə öyrədilməsi, onların maariflənməsi, mənəvi tərbiyəsinin formalaşması kimi yüksək qayə ilə yaşayır və zəhmətsevərliyi ilə bu missiyanın öhdəsindən layiqincə gəlir.
​İntellektual səviyyəli, dərin məzmunlu maraqlı verilişlər hazırlaması və yüksək sənətkarlıqla aparmasıyla getdikcə daha geniş tamaşaçı auditoriyasının rəğbətini qazanır. Bunda bədii yaradıcılığında olduğu kimi publisistikasında da poetik ruhun yüksək, dilinin canlı, səmimi, təsirli olmasının rolu böyükdür. Müəllifi olduğu verilişlər, sənədli filmlər, apardığı söhbətlər buna bariz nümunədir. Bəhruz Əməkdar jurnalist Flora Xəlilzadənin on ildən artıq müddətdə ekranları bəzəyən həftəlik “Yadigarlar” verilişini aparan zamandan dərin məzmunlu şirin, rəvan söhbətləriylə yaddaşlara həkk olunub. İşlərini bacarıqla davam etdirərək layihə rəhbəri olduğu həftəlik “O Bəhruz Niftəliyevin təqdimatında” verilişində həyat yolu nümunə olan ziyalılarla söhbət aparıb onların dəyərli iş və iç dünyasını tamaşaçılara təqdim edir. Dəfələrlə sürgünlərə və deportasiyalara məruz qalsa da Vətənə geri dönmək əzmini itirməyən Qərbi azərbaycanlıların acı xatirələri və arxiv materialları əsasında müəllifi olaraq hazırladığı “Ailəm iki od arasında” və “Mənim ailəm” sənədli-bədii filmlər silsiləsinin hər növbəti sayında yeni bir səcərənin yaşamış olduğu müsibətləri canlandırır. Bəhruz davamlı olaraq AZTV, İTV və başqa telekanallarda ictimai həyatımızın müxtəlif sahələrini əhatə edən əhəmiyyətli mövzularda təşkil olunmuş söhbətlərdə, görüşlərdə iştirak edir və önə çıxan, düzəldilməsi vacib olan qüsurları özünəməxsus məharətlə tənqid atəşinə tutur. Mövzular rəngarəng olsa da, müzakirələrdə məqsəd eynidir: – Nöqsanların həllini “Sabaha saxlamayaq!”
​Gənc qələm sahibi Bəhruz Niftəliyev, böyük bir xalq kütləsinin, əsasən də onun qaymaqları olan “meyarına və əyarına görə çox fərqli, tələbkar, savadlı tamaşaçıların, oxucuların” – zər qədri bilən zərgərlərin SEVGİSİNİ qazanan şair! Bu sevgi ən ali mükafatındır! Yaratdığın Söz dünyasının özünəməxsusluğu, bənzərsizliyi poetik məharətinin ideal təcəssümüdür. Poeziya aləminə “göz açan” ilk şeirlər kitabın “Tanrıya məktublar”ınla sən Məmməd Araz Poeziya irsinin istedadlı davamçısı, nəslinin poetik ruhunu yaşadan layiqli xələf olmağının möhürünü vurdun! Flora Xəlilzadə kimi söz sərrafının – ANAnın çətin və şərəfli yolunu davam etdirən sənət varisi, etimadını doğruldan qürurverici övlad kimi yetişdin. Parlaq ideallarınla xalqının istedadlı şairi, alimi, sevimli telejurnalisti kimi tanındın. Müasir mətbuatımızın inkişafındakı xidmətlərin Prezident mükafatçısı yüksək adı ilə dəyərləndirildi. Gözəl şeir təravətini hər zaman saxlayır, misralar çiçək ətriylə könüllərə daim təsir edir. Ürək yanğısıyla yazılanlar ürəklərə yol tapır. Söz bulağının gözü və uğur yolların daima açıq olsun!
Müəllif: Sədaqət (Paşayeva) Şahbazova

Bəhruz Niftəliyevin yazıları

Bəhruz Niftəliyev haqqında

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<l

Murad Köhnəqala – Yaponların ən məşhur yazıçısı: Akutaqava

Yaponların ən məşhur yazıçısı: Akutaqava

Yığcam, miniatür əsərləri ilə dünya ədəbiyyatında unudulmaz iz buraxan yapon yazıçısı Akutaqava Rünoskenin 30 yaşında yazdığı “Sıx meşədə” adlı hekayəsi onun yaradıcılığının ikinci dönüş nöqtəsi hesab edilir. Zamanında tənqidçilər bu hekayəni mistikanın ən yüksək zirvəsinə qaldırılmış bədii əsər adlandırmışlar.

Hekayə dərin meşəlikdə meyiti tapılmış bir samurayın qətlindən bəhs eləyir. Əsərdə qurulan məhkəmə zamanı samurayın ölümündə şübhəli bilinən quldur, samurayın arvadı və samurayın ruhu danışır…

Məşhur yapon yazıçısı Akutaqava Rünoske 1892-ci ildə Tokioda, süd alveri ilə dolanan Tosidzo Niihara adlı kasıb bir kişinin ailəsində dünyaya göz açır. Yapon təqviminə görə əjdaha ilində, əjdaha günündə və əjdaha saatında doğulduğuna görə körpəni (“rü”- əjdaha mənasını verən birinci ieroqlifin adı ilə) Rünoske adlandırırlar. Doğularkən atasının 42, anasının isə 33 yaşda olması körpə üçün yaxşı əlamət sayılmır. Çünki, yapon inancına görə valideyinlərinin yaşı otuzu keçdikdən sonra doğulan uşağın taleyi heç də ürəkaçan olmur. Buna görə uşağı ailədən kənarlaşdıraraq övladı olmayan dayısının himayəsinə verirlər. Qədim yapon mədəniyyətinə yaxşı bələd olan dayısı Mitiaki Akutaqava uşağı öz evində böyüdür və soyadını ona verir.
“Anamı heç vaxt xatırlaya bilmirəm, çünki o, dünyadan gedərkən mən on aylıq körpə olmuşam. Hərdən anamı görmək istəyəndə dayıma tamaşa edir, xəyalımda onun qadın formasını canlandırıram”.

Doğuşdan sonra güclü əsəb xəstəliyi keçirdiyinə görə, körpə Rünoskenin anasını müalicə üçün ruhi xəstəxanaya qoyurlar. Dözülməz ruhi əzablara tab gətirə bilməyən ana palatada tək qalarkən intihar edir.

Anasının faciəli həyat hekayəti və valideynlərindən keçən irsi əsəb xəstəliyi sonralar yazıçı Akutaqava Rünoskenin yaradıcılığını sona qədər təqib edir.
Rünoske 1910-cu ildə Tokiyo orta məktəbini bitirdikdən sonra ingilisdilli ədəbiyyatı yaxşı öyrənmək üçün Birinci kollecə qəbul olur. O, 1913-cü ildə kolleci bitirir və Tokiyo İmperator universitetinin ingilis dili fakültəsinə daxil olur. İlk vaxtlar dərslərdə həvəslə iştirak edən gənc yazar sonralar oradakı mühazirələrin cansıxıcı olmasından bezərək universitetə davamiyyəti dayandırır. Beləliklə, Rünoske sərbəst mütaliəyə başlamağı qərara alır. Gənc yazar Avropa yazıçıları, şairləri və filosoflarının yaradıcılığı ilə yaxından tanış olur. Öz yazıçı dostlarına Bodleri, Strindberqi, Berqsonu oxumağı tövsiyə edir.

Akudaqava həmin illərdə ədəbi estetika baxımından ona yaxın olan yazar dostları ilə “Sinsitö” (“Yeni axın”) adlı jurnal nəşr edir. Jurnal əsasən naturalizm ədəbi məktəbinin nümayəndələrini tənqid üzərində qurulur. “Sinsitö”çilər özlərini antinaturalislər kimi qələmə verir, neorealizmi təbliğ edirlər. Onların fikrincə yazar təkcə öz çağının hadisələrində ilişib qalmamalı, tarixin müxtəlif qatlarına baş vurmalı, əsərlərində qədim yapon mifik düşüncəsindən də yararlanmalıdı. Elə bu ideyalarına görə də Akutaqava öz yaradıcılığında tarixi hadisələrdən, yapon pritçalarından, müxtəlif inanc və mifoloji mətnlərdən daim ustalıqla istifadə etmişdi.

O vaxtlar Yaponiya özünü gənc burjua ölkəsi saydığından bütün sahələrdə Qərbə meyillilik hiss olunurdu. Lakin ədəbi mühit feodal düşüncəli yazarların inhisarında çabalayırdı. Yaşlı yazarlar ədəbiyyatda yeniliyi yaxın buraxmaq istəmir, qədim yapon ənənələrindən kənara çıxmağı fəlakət sanırdılar. Bütün çap vasitələri müxtəlif gerizəkalı adamların əlində cəmlənmişdi. Yaşlı nəslin nümayəndələri olan yazarlar gəncləri öz ətrafına toplayaraq yeni ədəbiyyata savaş açmışdı. Akutaqava həmin ədəbi proseslərin qaynadığı dövürdə nisbətən yenilik tərəfdarı sayılan, 20-ci əsr ingilis ədəbiyyatına yaxşı bələd olan, ustad yazıçı Nasume Sosekinin (1867-1916) öz evində düzənlədiyi ədəbi məclislərə gedir.

“Rasömon darvazası” və “Burun” hekayələrinə görə 1915-ci il Akutaqava yaradıcılığının əsas başlanğıcı hesab olunur. Bu əsərlər Yapon ədəbiyyatına tamam yeni, novator bir müəllifin gəlməsindən xəbər verir.

Akutaqava nəsrinə Meydzi epoxasının yazarları Nasume Soseki, Mori Oqayla yanaşı, Mopassan, Frans, Strindberq, Dostoyevski, Tolstoy, Çexov kimi Avropa və rus yazıçıları da təsirsiz ötməmişdi. Onun “Batat sıyığı”, “Burun” hekayləri Qoqolun məşhur “Şnel” və “Burun” povestlərinin təsiri ilə yaranıb. “Bağ” hekayəsində isə Çexovun “Albalı bağı” adlı pyesindən ilhamlandığı məlumdu.

Yazıçının 1918-ci ildə “Osaka mayniti” qəzetində çap elədiyi “Cəhənnəm əzabları” adlı dəhşət saçan novellası onu yenidən ədəbiyyatın gündəminə gətirir. Demək olar ki, bu əsərlə o, özünün gələcək taleyini yazır.

Akutaqava qələminin qüdrəti Avropa və rus ədəbi formalarının yapon ənənələri ilə universal sintezində idi. Tədqiqatçılar onun qələmə aldığı mövzuların tarixiliyini üç əsas dövrə bölürlər. Birinci dövr: 10-12-ci əsrlər, Yaponiyanın paytaxtı Kiotonun çiçəklənməsi; ikinci dövr: 16-cı əsrin sonları, Yaponiyada xristianlığın yayılması və təsiri; üçüncü dövr isə: 19-cu əsrin ikinci yarısında imperator Meydzinin hakimiyyəti zamanı Yaponiyanın inkişafı hesab olunur.

Akutaqava qədim ənənələrdən gen-bol istifadə etməsini belə əsaslandırırdı: “Keçmiş insanla müasir insanın ruh durumunda çoxlu eyniliklər var. Əsas məsələ də elə budu!”

Yazıçı 1916-cı ildə Mexaniki Dəniz məktəbində ingilis dili müəllimi kimi fəaliyyətə başlayır. Lakin o, bu işindən heç də xoşlanmır. Gələcək həyat yoldaşına ünvanladığı məktubda belə yazır: “Müəllimlik məni əsəbləşdirir. Mən yalnız qarşımda ağ vərəq, qələm və tütün görəndə sakitləşə bilirəm”.
Tezliklə müəllimliyi tərk edən Akutaqava 1919-cu ildən Tokioya köçərək “Osaka mayniti simbun” qəzeti ilə əməkdaşlıq etməyə başlayır. Lakin müalicəsi tapılmayan irsi əsəb ona dözülməz əzab verir. O, 1921-ci ildə bir müddət sakitləşmək üçün Çinə səfər edir. Dörd aydan sonra geri qayıdan yazıçı əvvəlkindən daha üzgün görünür. Depressiya və yuxusuzluq sağlamlığını dayanmadan gəmirdikcə Rünoske manyak kimi yazmağına davam edir. O, sakitləşdirici dərmanlarla özünü yuxuya versə də mütəmadi olaraq, röyalarında ölmüş doğmalarını, intihar etmiş anasını görür, qarabasmalardan boğulur. Dostlarına müxtəlif yerlərdə öz oxşarını gördüyünü, anası kimi ağlını itirməkdən qorxduğunu söyləyir.

Yazıçının 1920-ci illərdən başlayaraq ölümünə qədər yazdıqlarının əksəriyyətini avtobioqrafik adlandırmaq olar. Çünki, həmin dönəmdə qələmə aldığı əsərlərin əksəriyyəti dəliliyin, şəxsi iztirabların və hallisünasiyaların məhsuludu. Ömrünün sonlarına yaxın yazdığı “İlğım”, “Dişli çarxlar”, “Köhnə dosta məktub” hekayələrində, “İdiotun həyatı” povestində yazıçının psixi sarsıntılarının doğurduğu intihar meyilləri açıqca duyulur.

Onun realist, mifik, romantik, fantastik janrlarda qələmə aldığı çoxlu sayda şeir, esse, novella, hekayə, pyes və povestlər Yapon ədəbiyyatının, eləcə də dünya ədəbiyyatının incilərindən sayılır.

Rünoske Akutaqava 24 iyul, 1927-ci ildə iztirablarla dolu həyatına son qoyur. Ölmək üçün yüksək dozada vernol həbləri qəbul edən yazıçı bir daha yuxudan ayılmır.

Ölümündən sonra dünyanın bir çox dillərinə tərcümə olunmuş əsərləri ardıcıl çap olunaraq yüksək tirajla satılır.

Yazıçının dostu Kikuti Kan 1935-ci ildə Akutaqava adına ədəbi mükafat təsis edir. Mükafat hər il Yaponiyanın ən istedadlı gənc yazarlarından birinə verilir.

1950-ci ildə məşhur kinorejissor Akira Kurosava onun “Sıx meşədə” hekayəsinin motivləri üzərində “Rasömon” adlı bədii film çəkmişdi. Film dünya xalqlarının on ən yaxşı filmi siyahısına salınıb.

Müəllif: Murad KÖHNƏQALA

MURAD KÖHNƏQALANIN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<

Ramiz İsmayıl – “Xarı bülbül” jurnalına

“Xarı bülbül” jurnalına

“Xarı bülbül” adlı dərginin nəşrə başlamasını sosial şəbəkələrdən və şair Ziyadxan Budaqa yaxın olan şair və yazıçı dostlarımızdan öyrəndim. Jurnalın nəşri barədə qələm əhli öz ürək söslərini yazdı, jurnala uğurlu ədəbi yol arzuladı. Xoş söz yazanlar arasında “Xəzan” jurnalının baş redaktoru yazıçı Əli bəy Azərinin münasibəti diqqətimi cəlb etdi.
Ədəbi mühitdə qərəzçilikdən, paxıllıqdan uzaq olmaq ləyaqət və cəsarət hissidir. “Xəzan” jurnalının yaradıcı heyəti yarandığı gündən bu missiyanı şərəflə, ləyaqətlə daşıyır. “Xarı bülbül” ədəbi dərgisinin də belə bir yol tutacağına ümid edirəm.
“Xarı bülbül” jurnalına, xüsusən də şair Ziyadxan Budaq və jurnalın təsisçisi Cəmafər xanım Əliyevaya uğurlar və istedadlı, ləyaqətli müəlliflərlə əməkdaşlıq arzulayıram.
Ramiz İsmayıl
şair

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<

Əsl tərcümə fikrin tərcüməsidir

Tərcümə etüdləri

Rus tərcümə məktəbinin tanınmış nümayəndəsi, bir neçə dildən – fransız, ingilis, alman, italyan, gürcü və sair dillərdən onlarla məşhur əsər tərcümə etmiş (sonralar bu əsərlərin bəzisi rus dilindən Azərbaycan dilinə də çevrilib) şair Nikolay Zabolotskinin tərcümə ilə bağlı belə bir fikri var: “Əsl tərcümə fikrin tərcüməsidir. Əgər cümlə “bitmiş bir fikir ifadə edir”sə, mətni tərcümə edərkən həmin fikri tərcümə etmək lazımdır, ayrı-ayrı sözləri yox”.
Mən tərcümə zamanı həmişə bu fikrə üstünlük vermişəm və fikrimcə, ən yaxşı tərcümələr də bu zaman yaranır.

Mənbə və müəllif: Firidun Ağazadə

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<

Dekabrın 2-də YUĞ Dövlət Teatrında “Mən-Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşasının premyerası keçirilib

Dekabrın 2-də YUĞ Dövlət Teatrında “Mən-Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşasının premyerası keçirilib
Tamaşa “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında səhnələşdirilib.
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar teatrında nümayiş olunan tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rəssamı Mustafa Mustafayev, xoreoqrafı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Anar Mikayılov, rejissor assistenti Günel Səfərovadır. Səhnə əsərinin musiqi tərtibatı İffət Əskərova məxsusdur.
Tamaşada rolları Yuğ Teatrının aktyorları Əməkdar artist Qasım Nağı (Dədə Qorqud) və aktyorlar Mətanət Abbaslı (Ozan Ana), Vüqar Hacıyev (Ozan Ata) və Amid Qasımov (Ozan Oğul) ifa edirlər.
“Mən-Dədə Qorqud” layihəsi YUĞ Teatrının yaradıcısı Vaqif İbrahimoğlunun 75 illiyinə həsr edilir. Bu layihədə “Kitabi-Dədə Qorqud” dastanının 12 boyu əsasında tamaşalar hazırlanacaq. Tamaşalara Vaqif İbrahimoğlunun teatr məktəbini keçmiş rejissor tələbələri quruluş verəcək.

Qeyd edək ki, “Mən-Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşası ilk dəfə oktyabrın 16-da Meksikanın Metepek şəhərində təşkil edilən Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında nümayiş edilib.

Məlumatı hazırladı: Aysu TÜRKEL

AYSU TÜRKELİN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<

Murad Köhnəqala yazır

İkibaşlı qartal hardan gəlir?

“Siz dediniz ki, bizim ikibaşlı qartal iki tərəfə, Şərqə və Qərbə baxır. Amma hələ Cənub da var”.

Bu fikri Rusiya Prezidenti Vladimir Putin təxminən, bir ay öncə Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda deyib.

Bəs ikibaşlı qartal Rusiyaya necə “uçub” gəlib? Məsələ ondadır ki, əsrlərdir Rusiya dövlətinin milli atributuna çevrilmiş ikibaşlı qartal simvolunun slavyan mədəniyyəti, mifologiyası ilə heç bir əlaqəsi yoxdur. Bu rəmzi Rusiyaya türklər daşıyıb.

Tarix təkcə döyüşlərdən və sülh müqavilələrindən ibarət deyil. O, həm də rəmzlərin, nişanların, gizli mənaların tarixidir. Bəzən bir bayraq, bir tamğa, yaxud elə söz açdığımız ikibaşlı qartal simvolu minlərlə sözün mənasını bir baxışda izah edir.

İkibaşlı qartal rəmzini bu gün bir neçə dövlətin gerbində görmək mümkündür: Rusiya, Serbiya, Avstriya, Albaniya…

Amma çox adam bilmir ki, bu qədim mifoloji simvol bir vaxtlar iki imperiyanın — Bizans və Səlcuq Türklərinin güc nişanı olmuşdu.

Qartalın qədim izi

Tarixən, ikibaşlı qartal nişanı tam olaraq, nə Bizansa, nə də Avropaya aiddir. Onun izlərinə eramızdan minillər öncə Şumer və Het mənbələrində rast gəlinir. Qartal simvolu Səma və güc tanrısının təzahürü idi. O, həm ilahi qoruyucu, həm də hökmranlığın simvolu kimi təsvir olunurdu.
Bizans imperatorları ikibaşlı qartal rəmzini XI əsrdə öz gerblərinə həkk etdilər. Qartalın iki başı onların həm Şərqə, həm də Qərbə hökmranlıq iddiasını ifadə edirdi. Lakin o zaman heç kimin ağlına gəlməzdi ki, bu simvol nə vaxtsa türk hökmdarlarının rəmzinə çevriləcək.

Türk tamğasından imperiya rəmzinə

Oğuz tayfaları, o cümlədən Qınıq boyu, yəni gələcək Səlcuqlar öz nişanlarını “tamğa” adlandırırdılar. Hər türk tayfasının öz tamğası vardı. Bu, həm nəsil tanıma vasitəsi, həm də mülkiyyət nişanı sayılırdı. Tamğa bir növ möhür demək idi.

Türk tayfaları güclənib daha çox ərazilər fəth edir, dövlətin sərhədlərini genişləndirirdilər. Bir tamğalar çoxluğu artıq bir imperiyanı təmsil edə bilməzdi. Odur ki, Rum torpaqlarına, yəni Anadolunun mərkəzinə qədər gələn Səlcuqlar yeni simvol axtarmalı oldular. Bu yeni simvol isə güc və hökmranlıq ifadə edən bir rəmz olmalı idi. Nəhayət, Bizansı fəth edən Səlcuqlar onların bayrağında əks olunan ikibaşlı qartal simgəsini öz bayraqlarına daşıdılar. Beləliklə, bizanslılar da səlcuq imperiyasının təəbəliyini daha rahat qəbul etdilər.

Qartalın dirçəlişi

Beləcə, XIII əsrin əvvəllərində, I Əlaəddin Keyqubadın dövründə ikibaşlı qartal Səlcuq memarlığında da görünməyə başladı. Konya qalasının daş bəzəklərində, Diyarbəkir qalasının divarlarında indiyə qədər ikibaşlı qartal təsvirləri qalmaqdadır. Artuqoğulları dövründə ikibaşlı qartal təsviri sikkələrin üzərinə də vurulurdu.

Qartal təkcə bir quş simvolu deyildi. O, Bizans-Səlcuq dövlətinin sanki ümumi varislik manifestinə çevrilmişdi. Səlcuqlar yerli xalqların tarixinə, mədəniyyətinə, dini inanclarına toxunmadıqları üçün bəzi Qərb mənbələrində Səlcuq dövlətini Bizansın (Şərqi Roma) varisi də adlandırırlar. Səlcuqlar Anadoluda Roma-türk mədəniyyətinin sintezini yaratdılar. Hətta səlcuqların idarəetmə sistemi o dərəcədə alicənab idi ki, ayrı-ayrı bölgələrdə romalı məmurlar və keşişlər də rəhbərlik edirdilər. Bu səbəbdən romalılar türklərə qaynayıb qarışmağa başladılar.

Roma mədəniyyətini qoruyan türklər

Beləcə, ikibaşlı qartal həm yeni türk hakimiyyətinin rəmzi, həm də xalqlar arasında siyasi körpüyə çevrildi. Qartalın iki başı həm də Şərqlə Qərbin arasında, islam və xristian sivilizasiyasını özündə birləşdirən bir imperiyanın nişanı kimi yüksəlirdi.

Vaxt gələcək bu iki qütbdə ədaləti bərqərar etmək üçün türklər öz ikibaşlı qartalına yenidən sahib çıxacaqlar.

Müəllif: Murad KÖHNƏQALA

MURAD KÖHNƏQALANIN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<

RUHUN ŞAD OLSUN QARDAŞ!

Bu foto çox kövrək bir yaddaşdır gəncliyin, ümidin, təmiz baxışların donub qaldığı bir an… Qardaş itkisi insanın içində heç zaman tam sağalmayan bir boşluq qoyur. Yazdığım bu bayatılar da həmin boşluğun ahı, sevginin izidir.
Bu şəkil illərin arxasından baxan bir nurdu…
Bu baxışlarda gəncliyin təravəti, qəlbin təmizliyi, həyat arzuları var. Amma üç il əvvəl qardaşımın ürəyi dayandı… bizim ürəyimizdə isə o, hələ də yaşayır.
Ölümün əlindən almaq olmur, amma qardaş xatirəsi ölmür.
Hər şəkil bir nəfəs, hər bayatı bir ahdır. Mən də bu acını sözə çevirdim…
Qardaşım…
Sənin gedişin həyatımızda dərin iz qoydu. Amma xatirən, gülüşün, sənin adamlığın, mərdliyın hamısı bizimlədir.
Məkanın nur,
Ruhun şad olsun…
Adın isə heç vaxt unudulmasın Ziyad!


Bayatılar
Dərd əlindən yol gedək,
Bu yerlərdən piyada,
Rəhmətləri daşıyaq,
Qardaşımız Ziyada.

Piyada gedəcəyik,
Heç bilirsənmi hara?
Dərd, qəm-qüssə belədir,
Qəlbimiz olub yara.

Qardaşımızın ruhu,
Göyçəmizi dolanır,
Vətən həsrətli ruhu,
Atəşlərə qalanır.

Biz də yanaq onunla,
Ələnsin göydən külüm,
Sonaya səbr versin,
Allah solmasın Gülüm…

İçimin dağı qardaş.
Yel vurdu bağı, qardaş.
Ölüm mələyi gəlib,
Gəl olma yağı, qardaş.

Nə pis zamandı, Allah?
Ahdı, amandı, Allah.
Biz qardaş itirmişik,
Canımız yandı, Allah.

Qovdu bizi qüzeylər,
Bu ağrı-acı neylər.
Bacısız qardaş olmaz,
Qardaşsız bacı neylər?

Əl açmışıq vərdişə,
Necə düşüb mərd işə?
Köz etdin məni, qardaş,
Od düşsün bu gərdişə.

Ürək, day çağlamırsan,
Hissimi bağlamırsan.
Burda bir igid ölüb,
Sən niyə ağlamırsan?

Ey fələk, daşın hanı?
Dostun-sirdaşın hanı?
Niyə gözlərin gülmür,
Sona, qardaşın hanı?

RUHUN ŞAD OLSUN QARDAŞ!

Müəllif: SONA ABBASƏLİQIZI

SONA ABBASƏLİQIZININ YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<

Nəvai Metinin “Gülən adamlar” tablosu

Deyirəm, bəzən bir ulusun yaddaşını dəftər-kitabla deyil, tək bir təbəssümlə də oxumaq olur.

Ünlü rəssam, dostumuz-qardaşımız Nəvai Metinin “Gülən adamlar” tablosu elə bu həqiqətin rənglərlə yazılmış şəkli deyilmi?

Gülüşü tutulanların hər biri – öz dönəminin bilgisini-tapmacasını, kədərini-sevincini, qayğısını-qayğısızlığını… daşıyan adamlardır; gülüşləri də özünəxasdır:

dərdin içindən boylanan işıq, yığvalın ağır yüklərini yumorla yüngülləşdirən hal və ən əsası – insan qalmaq ləyaqətinin çiçəklənməsi kimi… Sənətkarlığı fırça ilə açılan Nəvai Metinin sənətkarlığı qələmlə üzə çıxan eloğlusu – Məmməd İlqar həncəri derdi? – “Dərdin-qəmin içində də haylı-haraylı kişilər”… – Gəlin o, mükəmməl poetik lövhəni bura tam köçürəlim:

“Sovqatımı qəbul edin,

Sovqatlı-paylı kişilər,

Adınıza layiq ola

Kaş bu gəraylı, kişilər.

Aran-yaylaq köçündə də,

Əkində də, biçində də,

Dərdin-qəmin içində də

Haylı-haraylı kişilər.

Hər nisgili bölərsiniz,

Hər müşgülü bilərsiniz,

Siz ayrı kişilərsiniz –

Var olun, ayrı kişilər!

Bar-bərəkət aylarında,

“İp atdırmaz” öylərində…

Oğul-uşaq toylarında

Kepqası əyri kişilər”..!

Sözüm ona, Nəvai Metin gülüşü sadəcə mimika kimi çəkmir, məncə. Məncə, onun tablolarında təbəssüm – xarakterdir, əxlaqdır, mədəniyyət kodudur. Sənətkarın bu minvalla yaratdığı silsilə sanki bir ulusun genetik yaddaşına hopmuş nikbinliyin, mərdliyin, yumorun və digər kateqorilər üzrə hərəkətlərin, halların… rənglərlə danışan ensiklopediyasıdır…

Onun sənət sevdası ötəri deyil, təkcə bu tabloda bitmir. Bydur, bir yanında qardaş Pakistanın yaradıcı dostları – Asiyanın gülən gözləri, o biri yanında dosdoğma Qazax mahalının işıqlı üzləri – bozqır küləyi kimi saf və… sərt çöhrələr…

Beləcə, Nəvai Metin fırçasıyla gülümsəyən coğrafiya yaradır:

Anadoludan başlayıb Qafqaza, Orta Asiyaya və ordan da o yana uzanan bir ruh xəritəsi…

Bir ulusun ən böyük sərvəti onun qızılı deyil, nefti deyil – üzündə itməyən gülüşüdür. – “Gülən adamlar”, elə o biri adam kimi adamlar da bunu bizə bir daha xatırladır.

O gülüşü çəkə bilən rəssam isə, artıq ulusun könül salnaməçisi kimi çıxışa iddialı və bu iddiada haqlı görünür.

Nəvai Metin fırçasında işıq var, xatirə var, bir də – daim gülümsəyən insanlıq… “NƏ GÖZƏL YARAŞIR İNSANA GÜLMƏK”… – Gözəlmi? – Gözəl!

Sənətkarın əlinə, ürəyinə və ruhi gücünə alqış!

P.S. 

Yanlış oxşatmıramsa, rəssam “Gülən adamlar”da özünü iki dəfə çəkib. Əgər belədirsə, bu nə üçündür? – Deyim: Bu tablo, belə demək olarsa, yenilənməyə açıqdır və sabah-birusigün yeni bir gülən adam əlavə olunanda rəssam heç kəsin könlünə dəyməyəcək, özünün gülüşlərindən birini başqa könül dostunun gülüşü ilə dəyişəcək… 

UĞURLAR!

Əkbər QOŞALI,

QOŞALININ DİGƏR YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<