
ƏMANƏT
Küçəyə çıxan kimi Borya əllərini bir-birinə sürtüb soruşdu:
— Təəccüblənmədinmi?
— Ya odur… ya da əkizidir, — dedi Gena qardan təmizlənmiş cığırlardan yeriyə-yeriyə.
— Mən inanmıram. Biz onu döydükdən, maşın vurandan sonra da sağ qalması mümkün deyildi. Üstəlik, dərinliyi 50–60 metr olan uçuruma atmışdıq.
— O deyil, o ölüb…
— Kaş elə olaydı.
— Əlbəttə, o deyil.
— Sabahı gedib basdırmadıq axı!
— Bunun üçün meşəni dolanıb, uçuruma getməli olardıq.
— Görəsən, bizi tanıyıbmı?
— O olsaydı, bizi mütləq tanıyardı, demədimmi!
— Gena, ehtiyatlı olmalıyıq. Alekseyin kim olduğunu araşdırıb bilməliyik.
— Düz deyirsən.
Bir həftə sonra maşını barədə xəbər almaq üçün gələn Gena, çöldə gecə boyu yağan qarın basdığı cığırləri təmizləyən ustanı görüb kürəyi onun əlindən aldı:
— Necəsiniz? Gəlin, mən edim. Şagirdiniz sizdən cavan… Qoy o işləsin.
— Cavanlığı cavanlıqdır. Amma iki ayağı ağacdan yıxılıb sınmışdı. Soyuqda ağrıyır. Ona görə yazığım gəlir. Əvəzində əli qızıldır. İşə gələndən bəri özümə də bir az gəlmişəm. Nəfəs dərməyə macal tapmırdım.
— Yaxşı, siz içəri keçin, mən qurtarım.
Gena cığırləri qardan təmizlədikcə beynində müxtəlif fikirlər dolaşırdı. “Ayağı sınıb”, deyir… Bu, düşündüklərimə uyğun gəlir. İndi əsas məsələ haralı olduğunu bilməkdir. Axı özbək oğlana Aleksey adı qoymazlar…
Gena içəri girib əllərini isindirmək üçün odun yığılmış sobanın yanına keçdi. Usta əzilmiş “Moskvich”in yanında idi.
— Pis halda düşüb maşın, — dedi.
— Hə. Gecə olub. Qarşıdan gələn maşının işığı gözünü alıb. Kənara çəkilim deyərkən böyük yük maşınına çırpılıb.
— Çox pis. İnşallah, ölən olmayıb?
— Harada… Maşının sahibi sükanla sıxılıb qalıb, elə yerindəcə keçinib. Arxadakı sərnişin ağırdır. Yanında oğlu da var imiş, o da indi reanimasiyadadır.
Maşını mərhumun qardaşı gətirib. Düzəldib satacağam, ailəsinə pul lazımdır, deyir.
Gena susdu. Belə anlarda hər söz artıq olur. Bir az sonra:
— Deyəsən, bizim maşının işi də bitib, — dedi.
— Dünən qurtarmışdı. Bu gün bir də gözdən keçirir.
— Şagirdinizə afərin. Yaxşı oğlandır.
— Heç soruşmayın. Qızıl oğlandır. Səsi-səmiri yoxdur. İçki içmir, siqaret çəkmir, yalnız işlə məşğuldur.
— Heç kimsəsi yoxdur? — deyə Gena ehtiyatla soruşdu.
— Bilmirəm. Yaxın tanışım Sergey var. Onu da elə o gətirib. Anası ilə yaşayırmış.
— Haralı olduğunu bilmədiniz?
— Nə fərqi var? O da bir insandır. Əsas odur ki, yaxşı adamdır. Bütün məsələ budur.
— Əlbəttə.
Gena artıq başqa sualın yersiz olduğunu anlayıb Ülmascanın yanına keçdi.
— Zəng etmədiniz. Bu nəqliyyat sizi yormadı ki?
— Buyurun. Zəng etmədim. Maşının ehtiyat hissələri daha beş-altı il rahat xidmət edər. Hər şeyə baxıb, yağlayıb yerinə qoydum. Sadəcə bir-iki hissəni bizdə olanlarla dəyişdim. Aparmaq olar.
— Sağ olun.
Bundan sonra Gena ilə Borya Ülماسcanı izləməyə başladılar. Bir neçə dəfə onun arxasınca bağ evlərinə də keçdilər. Qış olduğu üçün burada yaşayanlar köçmüşdülər, Ülmascan barədə soruşmaq mümkün olmadı.
Amma Borya işdə olduğu gün on yaşlarında bir uşağı qucağına alan bir kişi gəlib şəhər kənarındakı bağ evinə, bir təbibin yanına aparmağı xahiş etdi. Oğlu balkondan yıxılmışdı.
— Xəstəxanaya aparmırsınız? Hər halda həkim-həkimdir, etibarlıdır, — dedi Borya.
— Həkimlər oğluma iki dəfə əməliyyat etdilər. Amma hələ yeriyə bilmir, — dedi ata. — Orada bir koreyalı qoca var imiş. Əsasən sümük sınığı, çıxığı ilə məşğul olan təbibdir, deyirlər. İş yerimdə bir nəfər məsləhət gördü.
— Buyurun, əyləşin onda…
Şəhər kənarındakı bağ evi Boryaya artıq tanış idi, çətinlik çəkmədi. Təbibin evinə isə böyük yoldan bir az içəri girmək lazım gəlirdi.
— Baba, belə soyuqda meşədə yaşamaq çətin deyilmi? — dedi Borya qocanın xırda cüssəsinə baxaraq.
Lobar Rustəmova
Özbəkistan Yazıçılar Birliyinin üzvü.
Tərcümə: Cahangir Mirzə