
HƏR ÖMÜR BİR NƏĞMƏDİR
Ürək sındırmayıb hələ dünyada,
İnanın yol verir ona dünya da.
Bacı tək yanaşır yaxına, yada
Müəllim tək hər yana nur ələyir, nur.
…İctimai həyatın aparıcı qüvvəsi insandır. O insan ki, bir- birindən müəyyən mənada tale müxtəlifliyi ilə fərqlənir. Dəyərli insan, mehriban və qayğıkeş bir ana olan Kəmalə Qasımova da zəkasını zamana uyğun əks etdirməyə müvəffəq olub. Və əlbəttə ki, onun ömür, həyat yolu, seçdiyi müəllim peşəsi indiki gənclərimiz üçün bir örnəkdir.
Kəmalə xanım sağlam düşüncə və pak əməllə Azərbaycanın milli dövlətçilik işinə və quruculuğa ləyaqətlə xidmət edir, çalışdığı illərdə və bu gün də cəmiyyətin inkişaf üçün bacarığını əsirgəmir.
O, əməksevərdir, ona göstərilmiş etimadı əminliklə doğruldur, üzərinə düşən işin məsuliyyətini dərindən dərk edir.
Ömür yarpaqlarından: Kəmalə Qasımova 1962- ci ildə Ağdam rayonunun Pirzadadlı kəndində anadan olub. Orta təhsilini doğulub boya-başa çatdığı Pirzadadlı kənd orta məktəbində alandan sonra 1983- cü ildə sənədlərini V.İ.Lenin adına APİ – nin filologiya fakültəsinin qiyabi şöbəsinə vermiş və tələbə adına layiq görülmüşdür.
O,1985- ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. 1988- ci ildə APİ-ni bitirdikdən sonra ailə həyatı qurub. Ailə həyatı qurandan sonar? ailə vəziyyətilə əlaqədar Beyləqan rayonuna köçmüş və pedaqoji fəaliyyəti orada davam etdirmişdir.,
Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərən, Kəmalə xanım bacarıqlı, çalışqan ictimaiyyətçi kimi Beyləqan rayon Təhsil şöbəsinə metodist vəzifəsinə irəli çəkilmişdir.
Kəmalə müəllimənin ömür gündəliyindən də bəllidir ki, o, gənc yaşlarından təmənnasız insan olub, qayğıkeşliyi ilə diqqət çəkib. Bacarıqlı ictimaiyyətçidir, etdiyi yaxşılıqlar bu gün də onun vətəndaş sevgisi ilə xarakterizə edilir. Alicənab, təvazökar, sədaqətli və etibarlı insandır. Çox xoş haldır ki, onun ictimaiyyət və dövlət quruculuğu işindəki əməksevərliyinin aydın və dəqiq sərhədləri var. Ən əsası, o, ünvanına daha neçə-neçə layiq söz deyə biləcəyimiz bir vətəndaş, gördüyü işlərdən zövq alan misilsiz bir insandır.
Əlbəttə, uzun illər bir sahədə əsl fədakarlıq göstərən insanlar o sahənin mütəxəssisinə çevrilirlər. Bu mənada, peşə sahibinin ömrü işıq saçır, əməli işi bəhrə verir.
Kəmalə müəllimə xatirələrlə dolu bir ömürə bənzəyən tələbəlik illərinin açısı da, ağrısı da, xoş günləri də heç zaman unudulmur.
Bir neçə il əvvəl tələbə yoldaşımız Hüseyn müəllim bizi bir yerə topladı. O gənc müəllimlərin hər biri artıq baba, nənə idilər. Daha doğrusu, müdrikləşmiş, ahıllaşmış baba, nənələr… Bir az sevinc, bir az təəssüf hissi ilə baxışlarımız qarşılaşdı. Amma əvvəlki səmimiyyət, əvvəlki mehribançılıq nəyinki azalmamışdı, əksinə daha da çoxalmışdı.. Şirin, kövrək xatirələr dilə gəldi. Sevincdən doğan göz yaşlarını saxlamaq mümkün deyildi. Bu gün məni ən çox kövrəldən Yeganə Mirzəyevanın təsirli çıxışı oldu. Sanki o, sonuncu görüşü olacağını bilirmiş kimi yanıqlı – yanıqlı danışdı.
O, bu təsirli çıxışından çıxışından iki il sonra haqq dünyasına qovuşdu.
İradə xanımın qarşıma çıxan müəllim haqqında yazdığı şerindən bir parçanı oxucularla bölüşmək istəyirəm:.
Müəllim ömürdür şam kimi yanan,
Gecələr yuxusuz, həm oyaq qalan.
Şagirdin uğurunu özünkü sanan,
Dahilərin müəllimidir müəllim.
Addımı harda var, mən baş qoyaram,
Ağarmış saçların güllə boyaram.
Dünyaya car çəkib elə yayaram,
Dahilərin müəllimidir müəllim.
Şəninə deyilən ən gözəl sözlər,
Sevincin, parlasın onurlu gözəl.
Adları dillərdə, qəlblərdə gəzən,
Dahilərin müəllimidir müəllim.

Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB – nin və AJB – nin üzvü.
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında