
Günay Əliyeva (Əliyeva Günay Asif qızı) 1985-ci ildə Yevlax şəhərində anadan olmuşdur. İbtidai təhsilini Bakı şəhəri, Nərimanov rayonu, Novruzov qardaşları adına 36 nömrəli orta məktəbdə almışdır. Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində başa vurmuşdur.
Ədəbiyyata marağı məktəb illərindən formalaşmışdır. Həmin dövrdə qələmə aldığı “Məktəb illəri” şeiri “Savalan” qəzetində dərc olunmuşdur. Sonralar “Paritet” qəzetində jurnalist kimi fəaliyyət göstərmiş, burada müəllifi olduğu hekayələr mütəmadi olaraq nəşr edilmişdir.
2011-ci ildən Norveç Krallığının paytaxtı Oslo şəhərində yaşayır. Oslo Universitetində Mədəniyyət və Əlaqələr ixtisası üzrə bakalavr, Media və Əlaqələr ixtisası üzrə magistr təhsili almışdır.
Hazırda Osloda fəaliyyət göstərən Akademika Kitab Evində çalışır. Eyni zamanda, 2020-ci ildən etibarən Oslo şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına Həftəsonu Azərbaycan Dili Məktəbinin koordinatoru kimi fəaliyyət göstərərək Azərbaycan dilinin, mədəniyyətinin və milli-mənəvi dəyərlərinin xaricdə yaşayan soydaşlar arasında təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində çalışır.
Günay Əliyeva “Nərgiz” kitabının müəllifidir.
Günay Əliyeva 2020-ci ildən “Yazarlar” jurnalı ilə sıx əməkdaşlıq edir və müntəzəm olaraq həm “Yazarlar” jurnalında, həm də müvafiq olaraq “Yazarlar.Az” saytında dərc olunur. Günay Əliyeva ədəbiyyatımızın təbliği və dilimizin qorunması yönündə göstərdiyi xidmətlərə görə “Yazarlar” jurnalı tərəfindən “Çingiz Abdullayev” diplomu (2024), “Ziyadar” mükafatı (2026), “Ədəbiyyat səfiri” diplomu və mükafatı (2026) ilə təltif olunub. Günay Əliyeva “Yazarlar” jurnalının redaksiya heyətinin üzvü, “Norveç” üzrə təmsilçisidir.
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında