Laçın Mədəniyyət Paytaxtıdır, bəs mədəniyyət müəssisələri haradadır?

Laçın Mədəniyyət Paytaxtıdır, bəs mədəniyyət müəssisələri haradadır?

Laçın şəhəri 2025-ci ildə MDB-nin Mədəniyyət Paytaxtı elan edilmişdi. Lakin üstündən heç bir il keçməmiş şəhərdə fəaliyyət göstərən “Simurq” kitabxanası “Bakı Abadlıq” MMC-nin biznes maraqlarına qurban edilir.

Əvvəlcə kitabxananın fəaliyyəti dayandırıldı, əməkdaşları işdən çıxarıldı. İndi isə kitabxana tamamən ləğv edilir, kitabxananın yerləşdiyi otaq isə satış mərkəzinə çevrilir.

Laçın kinoteatrı işğaldan əvvəl Mədəniyyət Nazirliyinin balansında olub. Hazırda isə dövlət əmlakı olan bu binaya tikinti şirkəti “Bakı Abadlıq” MMC sahiblənib.

Bəs Sumqayıt şəhərində yerləşən Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi hara baxır?

Şərqi Zəngəzur işğaldan azad edilib. Laçın, Kəlbəcər, Zəngilan, Cəbrayıl və Qubadlının bir neçə kəndi bərpa olunur, insanlar öz doğma yurd-yuvalarına qayıdırlar. Dövlət qurumları mərhələli şəkildə bu ərazilərə köçürülür.

Amma Şərqi Zəngəzurun Regional Mədəniyyət İdarəsi hələ də Sumqayıtda yerləşir.

Sumqayıt Şərqi Zəngəzur deyil. Bəs Regional Mədəniyyət İdarəsi niyə hələ də Sumqayıtda fəaliyyət göstərməlidir?!

Mədəniyyət Nazirliyinin balansında olması lazım gələn dövlət əmlakına hansı əsasla tikinti şirkəti sahiblənməlidir?!

Artıq üç ildir ki, Laçın şəhərinə həyat qayıdıb. Bir çox dövlət qurumları fəaliyyətə başlayıb, insanlar öz doğma şəhərlərinə və kəndlərinə köçürlər. Lakin Laçında Mədəniyyət Nazirliyinin tabeliyində olan heç bir müəssisə fəaliyyət göstərmir.

Haradadır Laçının muzeyi? Musiqi məktəbləri? Kitabxanaları? Klubları?

Laçın Rayon Mədəniyyət İdarəsinin respublikanın müxtəlif bölgələrində yüzlərlə müəssisəsi — muzeyləri, rəsm qalereyaları, musiqi məktəbləri, kitabxanaları və klubları olduğu halda, nə üçün Laçının özündə mədəniyyət müəssisələrinin fəaliyyəti yoxdur?!

Zabux, Sus, Bəylik və Qarıkaha kəndlərinə qayıdış təmin olunub, insanlar öz doğma yurdlarına köçüblər.

Bəs bu kəndlərin klubları və kitabxanaları nə üçün hələ də Bakıda, hansısa yataqxanaların küncündə fəaliyyət göstərməlidir?!

İşğaldan azad edilmiş ərazilərə həyat qayıdırsa, bu həyatın ayrılmaz hissəsi olan mədəniyyət də öz doğma yurduna qayıtmalıdır.

Laçın MDB-nin Mədəniyyət Paytaxtı elan olunmuşdusa, bu status ilk növbədə şəhərdə real mədəni həyatın yaradılması ilə öz təsdiqini tapmalıdır.

Laçın yalnız binaları ilə deyil, kitabxanaları, muzeyləri, musiqi məktəbləri, klubları və mədəniyyət ocaqları ilə də dirçəlməlidir.

“Yazarlar” olaraq, biz də bu çağırışa qoşuluruq: – Laçındakı ziya ocağını sönməyə qoymayın (söndürməyin), “Simurq” kitabxanasının qapıları bağlanmasın!!!

Hörmət və ehtiramla: Zaur USTAC

Hörmət və ehtiramla: Natəvan Uğurlu

Mənbə: Laçın Simurq Kitabxanası

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

Natəvan Uğurlunun yazıları

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir