
Sənsizlik şəhəri
Demişdim ki, inadına əsir düşmə,
Sabahıma min ümid ol, min arzu ol.
Ömür adlı bu qatarda təkəm indi,
Sənsizliyin şəhərinə gedir bu yol.
Bu şəhərin küçələri sıxır məni,
Yad havası ciyərimə oxtək batır.
Nəfəsini özgə cana yem eləmə,
Buralarda milyon illik bir ac yatır.
Buralarda sənə gələn yollar itib,
Əllərini körpü etsən, yol düzələr.
Bircə dəfə ürəyimə dönüb baxsan,
Məndən çıxıb sənə tərəf özü gələr.
Ayrılıqlar odun aldı gözlərimin,
Göz yaşlarım cığır saldı yanağımdan.
Nə gülüşlər saxlamışdım sənin üçün…
Hicran gəlib oğurladı dodağımdan.
Sən Allah, bu tərsliyini torpağa göm,
Heç olmasa, bir dəfə dön dediyindən.
Mən yazıq da qovuşmağa yol gəzirəm,
Yapışmışam ulduzların ətəyindən.
Niyyətimi ovuc-ovuc səpdim göyə,
Gerçəkləşər bəlkə bir yay səhərində.
Eşq ətirli ümidlərə sığınmışam,
Görüşərik bir gün sevgi şəhərində…
-
- 2026
Müəllif: SEVİL GÜL NUR
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında