
TISBAĞA VƏ SAAT
(təmsil)
Çiçəkli bir yamacda,
Yeri qazıb Tısbağa,
Düzəltdiyi yuvada
Özünü sandı ağa.
Tez də gedib evinə
Təzə bir saat aldı.
Dedi: Tənbəl vaxtlarım
Artıq geridə qaldı.
Bundan belə diqqətlə
Böləcəyəm vaxtımı.
Gərək özüm oyadam
Çox talehsiz bəxtimi.
Ancaq Saat gördü ki,
Bu Tısbağa baş qatır,
Gecə qalsın bir yana,
Gündüzləri də yatır.
Dedi: Dinlə, ey dostum,
Bu nə halətdir belə?
Elə günlər olur ki,
Yemək vurmursan dilə.
Sənə işləmək gərək,
Sərt qış gəlir qarşıdan.
Ötüb keçən hər anın
Qədrini bil, fürsət san.
Ancaq yenə Tısbağa
Öz bildiyini etdi.
“İşlər sonraya qalsın”,
Deyib, yuxuya getdi.
Sonra birdən ayıldı,
Hər tərəfi qar alıb.
Haldan düşüb acından,
Rəngi tamam saralıb.
Səslənsə də ətrafa,
Hay verəni olmadı.
Çox səhvlər etdiyini
Dara düşüb anladı.
Dedi: Kim ki, işlərim
Qalsın sonraya deyər,
Heç özü də bilmədən
Ömrün-günün zay edər.
Müəllif: VALEH HEYDƏR
Oxuyun >> Gözündə tük var