
Qarbasan
Hekayə
Atamın çoban yoldaşı Mürsəl dayı bizdən üç günlüyə atımızın hörüyünü istədi. Atam da verdi. Hörük otuz metr olardı. Ucunda da yerə sancmaq üçün tovlamıx.
Bu uzun kəndirlə atı başından bağlayırlar ki, uzağa getməsin, yəni otuz metrlik radiusda otlasın.
Üç gündən sonra Mürsəl dayı atamı səslədi. Atam evdə mütəkkəyə dirsəklənib mürgüləyirdi. Çölə çıxdım. Mürsəl dayı guya itlərin qorxusundan yaxına gələ bilmir, eləcə hörüyü tovlamıx bağlanan hissəsindən beş-altı metr əlində dəst¬ələyib bizim evə tərəf, çəmənliyə tulladı. Dedi bala, gəl hörüyü apar. Gedib gördüm ki, Mürsəl dayının tulladığı yerdə hörük yoxdu. Qayıdıb məsələni atama dedim. Atam heç halını pozmadan mürgi vura-vura dedi:
– Yəqin hörüyün o biri ucunu öz ayağına bağlayıbmış. Qayı¬danda otların arası ilə sürüyə-sürüyə aparıb.
Sonra Mürsəl dayı deyəcəkdi ki, oğlun görə-görə hörüyü atdım siz tərəfə.
Çox heyrətləndim. Həm də ona görə ki, atam bunu necə bil¬di?
Oğurluq məsələlərinə görə tərəkəmələr çoxlu it saxlayırlar və həm də bu itləri çox istəyirlər. Ferma uşaqları balalayan qancığın altından həmişə küçük tuturlar. Mən də özümə bir küçük götürdüm. Ağzının böyrü qara idi. Belə itlər tutağan olur.
Tutağan olmaq üçün amma səbəb təkcə bu, deyilmiş. Atam küçüyün hər iki qulağından tutub bir dəfə havada fırladı. Küçük yerə düşdü, qulaqları qırılıb atamın əlində qaldı. Atam dedi ki, qulaqlar iti yaxşı eşitməyə qoymur, həm də boğuşanda rəqibin dişinə keçir. Sonra küçüyün quyruğunu kəsdi, səbəbini soruşanda dedi ki, it başını quyruğunun üstə qoyub şirin – şirin yatır, oğru da öz işini rahat görür. Həm də itlər boğuşanda quyruq itlərin ağzına keçən ən asan yerdi. Ona görə çoban iti quyruqsuz və qulaqsız olsa, daha yaxşıdır.
Atam mənə tapşırdı ki, küçük yatanda onu təpiklə və ya ağacla tez-tez vurum. Dedim, niyə, yazıqdı axı? Dedi, onda it əsəbi böyüyür və daha sərt olur.
Küçük qar yağanda doğulmuşdu deyə adını Qarbasan qoydum. Qarbasan böyüdü, oldu itlərimizin ağası. Çox qəribəydi, atam gecələr itlərin nəyə hürdüyünü bilirdi. Baş¬qa bir itimiz hürəndə atam deyirdi: Aya hürür. Başqa birisi hürəndə deyirdi, buruğa hürür – fermamızın yanında neft buruğu vardı. Nə bilim, biri kətyan koluna hürür. Kət¬yan kolu gecə vaxtı kənardan adama oxşayır, quru¬yanda yastılayıb quzuların altına sərirlər ki, nəmişliyi götürsün, aralarından hava yaxşı keçir.
Qarbasan hürəndə atam deyirdi, o, indi tanış adama hü¬rür. Bərkdən hürüb göyərəndə, atam deyirdi ki, artıq bu də¬fə oğruya hürür. Tez ayağa qalxıb itləri qıylayırdı. Bu qıy çox qəribə səsdi. Elə bil itlər üçün “həyəcan siqnalı”dır.
Elə ki Qarbasan əvvəl bərk hürüb, sonra zingildədisə, demək yüz faiz canavar görüb. Canavar ona təpinir. Qarbasan hələm-hələm canavardan qorxan deyildi. O biri itlər canavar görəndə az qala alaçığa girib içəridən çölə hürürdülər. Amma Qarbasan bu qeyrətsizliyi qəbul eləməzdi. Atam deyirdi ki, Qarbasanda canavar qatı var. Onun anasının anası Böyükağanın (atamın çoban dostu) itinin balasıdır. Böyükağa deyirdi ki, onun da itinin anasının anası uzun müddət canavarla dostluq eləyib, kürsəyə gəlib. Qarbasanın nəsli çox böyük yerlərə gedib çıxırdı.
Qarbasana əsasən küt atırdıq. Küt bizdə arpa unundan hazırlanmış xəmirə deyirlər.
Bir dəfə dağa köç edəndə obamız Qubadlı ərazisində Ağcabədi rayonunun Avşar fermaları ilə qonşu düşdü. Onların itləri bizim itlərlə boğuşdu. Sonra bir-birini iylədilər. Burda Qarbasanın gözü Avşar itlərindən olan bir qancığa düşdü.
Qarbasan ölmüş də yaraşıqlı… Qancıq ona laqeyd qalmadı. Qarbasan hər gün gedir Avşar fermalarına, bizim fermanın itləri qalır başsız… Axırda atam Qarbasanın burnunun düz üstünə yağlı bir ağac vurdu, Qarbasan yenə ağzının-burnunun qanını yalaya-yalaya Avşar fermalarına baxırdı. Hər gün döyülürdü, yenə gözü o tərəfdə idi. Axırda boynuna zəncir keçirdik. Yenə o tərəfə baxıb uladı. Bir gün tezdən baxıb gördük ki, Qarbasan zənciri başından çıxarıb qaçıb. Axtarmadığımız yer qalmadı. Ağlayıb özümü öldürürdüm. Bütün çobanlar hərəsi mənə bir küçük verdi, xeyri yox idi. Hara gedirdik, Qarbasanı axtarırdıq. Hətta kənddə bizə gülürdülər ki, adam bu qədər it axtarar? Ağsaqqallar atama deyirdi ki, oğlun uşaqdı, bəs sənə nə olub, sən də uşaqsan?
Bundan sonra Qarbasanı utana-utana axtardıq, Aranda, dağda, Ağcabədi, Cəbrayıl, Laçın, Kəlbəcər fermalarında axtardıq, tanıyan, görən, bilən, eşidən olmadı ki, olmadı. Üç yay yaylaqda, üç payız payızlıqda, üç qış qışlaqda, üç yaz yazlıqda olduq, yəni üç il keçdi Qarbasanın itməyindən…
Sonra Haramı düzündə atımızı itirdik. Qulan idi atımız. İndi də başladıq at axtarmağa. O dərə mənim, bu təpə sənin… Eşidən, bilən, görən, tanıyan olmadı! Altı ay da Qulanın itməyindən keçdi.
Murad təpəsində idik. Yaylaqda. Cermuxun (şəhər ) ba¬şı¬nın üstündə. Günorta vaxtı idi. Qoyun sağılırdı. Bir də gör¬dük itlərin hamısı ayağa qalxdı. Uzaqdan Qulan kişnəyə-kişnəyə gəlirdi, yanında da Qarbasan! Bu mənzərəni hər dəfə xatırlayanda tüklərim biz-biz olur. Bütün ferma töküldü, qonşu fermaların da adamları gəldi. Arvadlar ağlayırdılar…
Sən demə, atımız itəndə Qarbasan olan yerə gedib çıxıbmış. Qarbasanı Ağcabədi fermalarının adamları tutub¬larmış. Zəncirdə saxlayırlarmış. At gedib ora çıxan kimi Qarbasan onu, o da Qarbasanı tanıyıb. Atı da tutublar. Sonra Qulanla Qarbasan fürsət tapan kimi qaçıblar düz bizim ferma olan yerə – Sarıyer yaylağına… Qarbasanla Qulan bizim yurd yerlərimizi qarış-qarış tanıyırdılar.
Qarbasan gəlib çənəsini ayaqqabılarımın üstünə söykədi, hamının ayaqlarına yıxıldı, sanki hamıdan etdiyi günah üçün üzr istəyirdi. Gözünün biri kor olmuşdu. Onun kor gözünün üstündən öpdüm. Öz sevgisi yolunda Qarbasan gözünün birini qurban vermişdi…
Müəllif: Qəşəm Nəcəfzadə,
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru