Təranə Dəmir – Yarpaqlar

***

Yarpaqlar yenə də yol alıb gedir,
Ağaclar payıza dönür deyəsən.
Gah günəş boylanır, gah yağış yağır,
Payız öz atına minir deyəsən.

Günlər saat -saat azalır yenə,
Sıxsan canı çıxar burnunu yayın.
Xəzəllər payızla görüşə çıxıb,
Çiçəklər kolunda vaxtını sayır.

Əl ayaq yığışır bağdan, bostandan,
Quşlar vidalaşır çöp yuvasıyla.
Şəhərdən gələnlər geri dönürlər
Qutu evlərinə kənd havasıyla.

Bahardan payıza düşən ağaclar
Küləkdən gizlədir sonuncu barın.
Həsrətə bürünür dağlar, yamaclar ,
Bəxtəvər başına darıxanların.

***

Bu da sevgi olmadı,
Bu da dərdi-sər oldu.
Əvvəli bir cümləydi,
Sonrası? -Əsər oldu,
Buna da şükür dedim.

Bircə göz qırpımıydı,
Bir udumluq nəfəsdi.
Biz günəş gözləyirdik,
Qəfildən külək əsdi,
Buna da şükür dedim.

Sözlər havada qaldı,
Heç yerinə düşmədi.
Mənim sevgimin rəngi
Gözlərinə düşmədi,
Buna da şükür dedim.

Bir qərib təbəssümdə,
Bir ayrı notda bitdi.
Bir küçənin tinində,
Bir yağış altda bitdi,
Buna da şükür dedim.

Dəniz başına çəkdi,
Dalğalar uddu bizi.
Göz açıb yumanacan
Sahil unutdu bizi,
Buna da şükür dedim.

Bu da sevgi olmadı,
Bu da dərdi-sər oldu.
Əvvəli bir cümləydi,
Sonrası? -Əsər oldu,
Buna da şükür dedim.

Müəllif: Təranə DƏMİR

AYB – nin və AJB -nin üzvü.

TƏRANƏ DƏMİRİN YAZILARI

PƏRVİN ƏLİYEVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir