
Şahmar Əkbərzadənin xatirəsinə
Hərdən bir şeirindən yola çıxıram,
Görürəm, hər misran sərrast ovçudur.
Sözünün damarın tutub sıxıram,
Sənin hər şerində yol da yolçudur.
Bir şerin hisslərin ülvi həddidir.
Bir şeirin zamanın əlif qəddidir,
Sənin niyyətinin sərhəddi uzun –
Bəşəri.. – dünyanın son sərhəddidir.
Nə idi o böyük üsyanın səsi…
Hər bənddə gözümü ağlamaq tutub.. –
Şuşanın Topxana meşəsindəki
Armud ağacına yazdığın məktub…
Məktub deyirəm ey, kim yaza bilib,
Kim daşıya bilib o ağırlığı?
Qanlı yuxuları kim yoza bilib,
Kim danışa bilib, o aydınlığı?..
..Razı ol, vətənin oğul-qızından..
Ruhun rahat olsun, yat, anma daha.
Aldıq torpaqları it ağızından,
Misri qılıncından utanma daha…
Dünyada azadlıq, sevgi qalandır,
Həyat xalısında bu ilmələr var.
Özün deyirdin ki, ölüm yalandır,
“Dünyada müqəddəs çevrilmələr var.”
Bilmirəm, bəlkə də indi bir ağac,
Ya göyqurşağıtək doğursan haqdan.
Tapırsan həsrətin dərdinə əlac,
Yolunu salırsan can Qarabağdan.
İsa bulağının göz yaşlarını,
Öpürsən köz tutmuş dodaqlarınla.
Yəqin Qızqalanın sərt daşlarını
Əridə bilibsən qəlb dağlarınla.
…Bilirəm, sən də o döyüşdə vardın,
Gəlirdin ruh kimi, hər gecəyarı.
Yaralı əsgəri alıb apardın,
Çiynində Murovdan Ağdama sarı.
Axı sən deyirdin, eşq də köç edir,
O biri dünyada dağ, qaya yarır.
Oğullar bu eşqin izilə gedir,
Mərdləri ölümsüz o yol aparır…
Sən də ölümsüzsən! Vətənə dair
Yazdığın nə varsa hədəfləndirir.
Vətənin adını, namını, şair,
Şərəfli oğullar şərəfləndirir.
22.11.2021.
Müəllif: Adilə NƏZƏR
Filologiya üzrə fəlsəfə doktoru
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru