
QAYITDI TEYMUR
1992-ci il may ayının 8-də Şuşanın işğal
olunduğu gün Şuşada itkin düşən leytenant
Allahverdiyev Teymur Qüdrət oğlunun
nəşi tapılaraq doğulduğu Neftçala rayonunun
Qaçaqkənd kəndində dəfn olundu. Allah rəhmət eləsin, ruhu şad olsun. Bütün doğmalarına səbrlər diləyirəm.
****
Şuşadan müjdə var dogma Qaçaqkənd,
Hünərlə qayıtdı döyüşdən Teymur!
Dadıb qələbənin şirin dadını,
Nəmərlə qayıtdı döyüşdən Teymur!
Yolları bəzənib məhəbbət ilə,
Doğma yurd ətirli təravət ilə,
Vüqarla, qürurla, şərafət ilə,
Zəfərlə qayıtdı döyüşdən Teymur!
Dözüb otuz üç il ayrılıqlara,
Didərgin ruhu da çəkilib dara,
Qoyub ünvanını itkin məzara,
Qəhərlə qayıtdı döyüşdən Teymur!
Dayandı üz-üzə zamanla, vaxtla,
Ucaldı məqama müqəddəs taxtla,
Bu cavan ömrünə yazılan baxtla,
Qədərlə qayıtdı döyüşdən Teymur.
Ana gözlərinə yığışan yollar,
Bir igid ömrünə sığışan yollar,
Əbədi aləmə qovuşan yollar,-
Təpərlə qayıtdı döyüşdən Teymur!
Şəhidlik taleyi, məqamı ulu,
Vətənun boynuna dolanıb qolu,
Bu aydın, bu azad, ümidlə dolu,
Səhərlə qayıtdı döyüşdən Teymur!
Hörmətlə: Müzəffər MƏZAHİM