
HAYKULAR
(5+7+5)
İşıqdı Günəş
Göz görüb hiss edəsi
Sonsuzluq qədər.
Əl çatan deyil,
Arzuların zirvəsi-
Bəlkə səs yetə.
Sağlam olmağın
Dəxli yoxdur sağlığa,
Qədəh dostları.
Su kimi şeir,
Axır qəlbimə, axır
Səs şırıltısı.
Ay doğdu, yolcu –
Ağ yolların adamı.
Süd yolu dümağ…
Nə sükutdu bu,
Hava ağır, yol yorucu.
Sıx, qara duman…
Bu dağın adı?-
Adı olmur hər fəthin.
Vətən sağ olsun!
Ağ yola düşüb,
Getmək və qayıtmamaq!
Haraya, niyə?
Bozarıb hava,
Şimal küləyi soyuq
Üşüyür şəhər.
Üşüyür günəş,
Qürub sarısı üfüq…
Yarpaq yağışı.
Ömür dediyin
Salamdan sağolacan.
Elə sevgi də…
Getdin, yaxşı yol,
Deyəsim var, xoş gəldin.
Gözüm yollarda…
Çox darıxıram,
Ömrüm dolu sənsizlik…
Çəkilir içim…
Həsrət dediyin
Yol ayrıcından başlar.
Aman, ayrılıq…
Müəllif: SÜLEYMAN ABDULLA