
VƏTƏN SEVGİSİ ƏSAS MEYARDIR
Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində yazıçı publisist Ruhiyyə Abbaszadənin 50 illik yubileyi onun “Yazmaq üçün susuram” və “Vətənə yazılmış ömür” kitablarının ictimaiyyətə təqdimatı ilə baş tutub.
Bu tədbir yubilyar xanımın həm 50 illik ömür yolunun, həm də 30 illik yaradıcılığının hesabatı idi. Rayon ictimaiyyətinin fəal nümayəndələri ilə yanaşı, respublikamızın müxtəlif bölgələrindən dəvət olunmuş tanınmış simaların da tədbirdə iştirakı R.Abbaszadənin poeziya və nəsr əsərlərinə maraqdan soraq verirdi.
AYBirliyi Lənkəran bölməsinin sədri yazıçı dramaturq Qafar Cəfərli, AYB üzvləri paytaxtda yaşayan qubalı yazar şəhid bacısı Təranə Musayeva, zəngilanlı şairlər Natiq Xosrov və Mahir Cavadlı, istedadlı qələm sahibləri Günay Ümid, Gülər Mübariz çıxışları ilə sözün gücünə dəyər qatdılar. Çıxışlarda Ruhiyyə xanımın qələmindən süzülən misralar səsləndirildi, hekayələrindən sitatlar gətirildi. Vətənpərvər xanımın yurd, torpaq sevdalı misraları qiraətçilərin ifasında tədbiri daha da rövnəqləndirdi.
El adamı, rayon ziyalısı kimi Ruhiyyə xanımın yaradıcılığı gənc nəslin tərbiyəsində əhəmiyyətli amil kimi dəyərləndirildi. Şəhid ailələri üzvlərinin minnətdarlıq dolu ürək sözləri, qələm dostlarının yaradıcılığına işıq tutan dolğun ifadələri, arzu və təklifləri ədəbiyyat məclisində qızğın və maraqlı söhbətlərə yol açdı. Vurğulandı ki, R.Abbaszadənin bu illər ərzində yazdığı hər şeir və hekayə bir ömrün izini daşıyır.


Tədbir yaddaşlarda ədəbiyyatın, vətən sevgisinin, insanlıq borcunun tərənnümü kimi yadda qaldı. Ruhiyyə Abbaszadənin ömrü və yaradıcılığı bir daha sübut etdi ki, sözün gücü zamanın sınağından keçərək insanın qəlbinə yol tapır.
AYB və AJB üzvü şair – publisist
Cəlilabad şəhəri
Oxuyun >> Gözündə tük var