Zeynəb Cəmaləddinin şeirləri

AĞILLI GÖZƏL

(rəvayət)
Anamın uca xatirəsinə ithaf edirəm

Bağçalar arası cığır boyunca,
Bir gözəl gedirdi, boyu sərv, uca.

Çatılmış qaşları qoşa qanaddı,
Upuzun kipriyi gözə inaddı.

Düzülüb çəpərtək ala göz üstə,
Gözləri görəni edərdi xəstə.

Yanağı qar üstə qızılgül alı,
Mərcan dodaqları sanki dağ balı.

Sərvə bənzəyirdi incə qaməti,
Tanrı xoş çağında verib neməti.

Çiyninə sürüşən bəyaz örpəyi,
Ovuca yerləşən Basqal ipəyi.

Hər iki tərəfi yolun bağ-bağat,
Yaşıllıq qəlbinə verir xoş ovqat.

Həyatın səsiydi quşların səsi,
Üzünü oxşayır bahar nəfəsi.

Gözəl qız gedirdi qəlbi fərəhli,
Görənsə sanardı deyil Yer əhli.

Cığıra qaraltı uzandı birdən,
Yol üstə bir insan çıxdı qəfildən.

Gözləri qamaşan cavan bir kişi,
Ürək ovlamaqdı onun vərdişi.

Bir yeni macara dadı alınca,
Düşdü o bu gözəl qızın dalınca.

Sevgidən danışdı, qəzəl söylədi,
“Heç aşıq olmadım əzəl” söylədi.

Qız susub gedirdi, cavab vermədən,
Qırsaqqız adamsa dinir durmadan.

Gözəli təriflə ram etmək çətin,
Soruşdu: “Bu işdə nədir məqsədin?”

Gənc kişi söylədi:”aşiqəm sənə,
Görəntək vuruldum gözəl çöhrənə”.

Qız dedi: “Gəl məni dinlə sən bir az,
Mənim bacım kimi gözəl tapılmaz.

İşi yox inadla, ya qeylü-qalla,
Bir qədər arxada gəlir bu yolla”.

Kişi çox sevincək geriyə qaçdı,
Güldü qız: “yalan da yaxşı əlacdı.

Başından etməyə nəfsi acları,
Üzündə olmayan ar-utancları”.

Gənc adam gördü ki, yolda kimsə yox,
Özündən çıxaraq qəzəbləndi çox.

Qaçaraq yetişdi o, gözəl qıza,
Gözləri bənzəyən bir cüt ulduza:

“De, hansı cürətlə söylədin yalan,
Qəlbimi ovlayıb əlimdən alan?”

Gözəl qız sözünü dedi gülərək,
Söylədi, ey insan, gəl məndən əl çək.

Yolundan etmədim nahaq kimsəni,
Ey qafil, yoxlamaq istədim səni.

Sən məni sevsəydin ürəkdən, əgər
Eşqini şübhəyə edərdin sipər.

Görməzdi başqa bir sərvinaz gözün,
Qəlbimlə oynamaq istədin özün.

Eşqin, sədaqətin adı çox uca,
İndisə boş yerə gəlmə dalımca.

Kişinin qızardı gözünün ağı,
Dinmədən başını saldı aşağı.

Utandı, peşiman öz əməlindən,
“Bağışla” sözləri çıxdı dilindən.

Səhvini anlamaq, o da bir işdi,
Gözəldən ayrılıb yolun dəyişdi
04.05.2026

XƏYALLAR

Yenə ayaqlarım götürdü məni,
Üstü bənövşəli köhnə dəftərə.
Özümü aldadıb guya örtmüşəm
Keçmişə qapını mən nahaq yerə.

Bir duman içində açılır qapı,
Vərəqlər astaca xışıldadıqca.
Qapının dalından baxır qıyqacı,
Xəyallar çağırır məni açıqca.

Bu gizli aləmi ziyarət edib,
Bəlkə də unutmaq istəmirəm mən?
Çəhrayı buludlar – çəhrayı yelkən,
Çəhrayı yağışda islanan mənəm…

Dəftər arasında saralmış vərəq,
Qat kəsib dəftərin orta yerində.
Bir həzin sədaya dönür kəlmələr,
Bir ağrı sızlayır incə, dərində.

“Mən səni görəntək inandım, gülüm,
Ömrümə yazıldın, ömrüm, inan ki”
Quruyub bozarmış bir zərif çiçək,
Sözlərin altında möhürdü sanki.

Zaman bulaq təki arınıb axır,
Sovrulur, verdiyin bir də alırmış.
Ürəkdə qoyulmuş məsafələrdə
Ayrılıq keçilməz çəpər olurmuş.

… Qopub xəyalların cazibəsindən
Örtürəm dəftəri əllərimdə nəm.
Titrəyib astaca görünməz olur,
Bənövşə qoxulu, nağıllı aləm.
19.03.2026

OLURMUŞ

Quşun dimdiyində yem olacaq dən,
Torpağa düşəndə taxıl olurmuş.
Xislətə nə etsin qüsursuz bədən,
Yalançı adamlar paxıl olurmuş.

Məchulu açmağa açardır heyrət,
Zirvəyə ucaldar ağıllı cürət.
Təsəlli edəndə fərsizi qeybət,
Sözləri ballanıb noğul olurmuş.

Ələnər ömürdən vaxt narın-narın,
Ürəkdir xəznəsi misilsiz varın.
Əgər mərd adamsa həmdəmin, yarın,
Sınaqlar, savaşlar nağıl olurmuş.
28.04.2026

SONET

(təkqafiyəli)

Vurar can evindən xəyanət, yalan,
İnsanın ruhunu eyləyər talan.
Xain öz içində gizləyər ilan,
Görərsən, fəsadmış üzü dost olan.

Maneə sayılmaz yolda hər dalan,
Daşda da gül açar, əzmlər, inan.
İnsanı yanıldar bəlkə zər-palan,
Ağılla ucalan olmaz alçalan.

Nə yersiz lovğalan, nə də xırdalan,
Su tökmə, – kor quyu deyildir dolan.
Zamanı əridib olma sarsılan.

Bilinməz realdır, ya nağıl-filan,
Ömürlər əmanət, gözəllik solan,
Fəqət iz saxlayıb əməldir qalan.
21.04.2026

ADAMLAR

Biri beşə qatlayır,
Fitnə-fücur adamlar.
Həyatına adlayır,
Elə bu cür adamlar.

Yüz hiyləylə, kələklə,
Əsdirdiyi küləklə,
Oğurlanan lələklə,
Göylə uçur, adamlar.

Düzlük şərt deyil, demək,
Bəzən boş gedir əmək.
Ucuz olub nan-nəmək,
Yeyib-ıçır adamlar.

Geydiyi köynək sıxır,
Gah asiman, gah çuxur.
Ucalmağa vurnuxur,
Yerə köçür adamlar.
09.05.2026

YAZARAQ DANIŞIRAM

Yalançı ümidlərin taxtını devirmişəm,
Səssizliyin mənə xas aləminə girmişəm,
Qırıldıqca üzümü özümə çevirmişəm,
Susaraq danışıram.

Xəzrilərə çevrilib daha bahar nəsimi,
Hər üzünü görmüşəm mənə “əziz” kəsimin.
Qayalara toxunub duyulmayan səsimi,
Qısaraq danışıram.

Eh… Məni sevməyənlər, yığışın bir araya,
Kam almaqdı qəsdiniz, di düzülün sıraya,
Əlimi qəlbimdəki o görünməz yaraya
Basaraq danışıram.

İstəmirəm bıçaqtək iti kəsən söz dəyə,
Bağlamışam qəlbimi, görünməsin özgəyə.
Sükutu gözlərimdən pərdəlik olsun deyə
Asaraq danışıram.

Dəyişilir tərkibim¹, qəm çoxalır gilimdə,
Əriyirəm, bişirəm hələ yanan külümdə.
Ürəkdə çağlayan söz düyün düşür dilimdə,
Yazaraq danışıram.
24.04.2026

¹ İnsan torpaqdan, gildən yaranıb. Orqanizmdə (tərkibdə) maddə və mineralların balansının dəyişməsindən əhval dəyişir.

GÖZ İLƏ QAŞ ARASINDA

Yaşayır, çalışır vuruşur insan,
Çırpınır yaz ilə qış arasında.
Arzuya yetişmək deyildir asan,
Ələnir ürəklə baş arasında.

Yolları yoxuşdu, daşlı-kəsəkli,
Gedirsən, gözündə bir zirvə şəkli.
Gah toran görünür, gah da bəzəkli,
Qalmısan kəsəklə daş arasında.

Yolunda nə ləldi, parlayır yaman,
Almasan peşiman, alsan peşiman.
Getməyə ürəyin verməsə aman,
Dönərsən heyiflə kaş arasında.

Zeynəba, sanırsan, dağlar aşırsan.
Ay canım, özünlə bil yarışırsan.
Əcəldən qaçaraq yaxınlaşırsan,
Əcəl də göz ilə qaş arasında.
11.02.2026

BAŞ ADIM

Bu həyatın dərslərinin xeyri yox,
Çünki ürək sındırmağa naşıdım¹
Məni saran sevgilərin çatı çox,
Mənmi görən yara açıb qaşıdım?

Gah kəpənək qanadıyam, gah kənək²,
Arzularım yağış döyən biçənək.
Ümidlərim budaqlanan bir tənək,
İkisinin arasında yaşadım.

Görmədilər aydan arı qəsdimi,
Günü-gündən qopuz ürək susdumu?
Dodaqları hilal olan dostumun
Gözlərində ikilikdən üşüdüm.

Öz dilimi yaraladı sözüm də,
Yolum yoxuş, gücə düşdü dizim də.
Dumanları zirvə kimi gözümdə,
Buludumu ürəyimdə daşıdım.

Güvənimdən düşdüyüm yer qəm dərə,
Parçalandı ürək bəlkə min yerə.
“Zeynəb” yazıb qol da çəkdim dəftərə –
“Küllərindən doğulan”dı baş adım.
02.04.2026

¹ naşı idim (şivə)
² kənək – bərk qabıqlı qoz
³ hilal – təzə çıxan ay, oraq formasında

           DƏRYADAN DAMLALAR
       (Xəyalımla deyişmə - divani)

-Haqq-salamı unutmayıb, salam desəm, yeridir,
Konül mülküm cəng yeridir, sınaq-savaş yeridir.
Mərifətdən kəm olana qoşulmağın xeyri yox,
Kor buraxmaz tutduğunu, öz sözünü yeridir.

-İncə məqam, nazık mətləb çatdıran sim sarıdır,
Həsrət qəlbə vursa yara, yar yarına sarıdır1.
Qərinələr gəlib keçır, bu dərdin çarəsi yox,
Vətənindən ayrı düşən göz – Vətənə sarıdır.

-Dörd tərəfdə möcüzələr, görən görür, dan görüm,
Dünya fanı, amma şırın, gəl ona aldan görüm.
Bir qaşıq min dərdə dəva, danış o baldan görüm,
O kimdir ki, Əl-Əlimdır, Əl-Həyydir, Əl Zaridir2?

-Şübhəsizdir, xırda dənin vardır böyük hikməti,
Min-min arı bir sistemdə çəkir türlü zəhməti.
Yerə bu ecaz varlıqda endiribdi rəhməti,
O Allahdır, oyanıqdır, olümsüzdür, diridir.

-O kimdi ki, yarananda Rəbbi idi həmdəmı?
Kim onu haqdan azdırdı, çoxaldı dərdi-qəmi?
Bilməz gedir doğru yola, yoxsa yanlış səmtəmi?
Amma yenə səcdə edən, tövbə edən biridir.

-Məqamını uca etdi yaradanda Adəmi,
Həvva üçün buğda dərib, dərk etdi kədər-qəmi.
Bir əli xeyrul-əməldə, biri körüklər dəmi,
Günahını utanmadan cin-şeytana sırıdır3.

-Habillə Qabildən qalıb çəkişmələr, qovğalar,
Ortalığa hər fəsadı həsəd, tamah qor salar.
Əsədullahul-Qalibin4 adı düşmən qarsalar,
Sevən ürəklərdə yaşar yüz illərdən bəridir.

-Cəng meydanın çulğalayan coşqun bir dağ seliydi,
Kafirin başı üstündə əsən səmum yeliydi.
Əbu Talıbdir atası, özü Həzrət Əliydi,
Atı Düldül, Zülfüqarlı, o, Allahın şırıdir.

-Bu dəyərlərlə gəlmışik, adlayıb, yüz illəri,
Dünya durmadan dolanır, dəyişdirir hədləri,
Uzanmışdı torpagıma, kəsdik namərd əlləri,
İlham ilə yumruq olan ərlərin hünəridir.

-Sual versən, dövrümüzdə ərlər, ərənlər hanı,
Nə sanırsan, bu zamanda yoxmu igidlik kanı.
Qanla suvardı torpağı, rədd elədi düşmanı
Həm şəhiddir, həm qazidir, həm Koroğlu nəridir.

-O kimdi ki, Tanrısına sanki, düşübdür ası
O kimdi ki, gələcəyə böyükdür iddiası,
Ver cavabı, sualımın hələ vardır dahası,
Dünənki ağ qu quşunun bu gün rəngi qaradır.

-Uçan, qaçan hər nə varsa, dəyişdirir baxtını,
Bioloji mühəndislık boş keçirtmir vaxtını.
Gündən günə bu aləmdə ucaldaraq taxtını,
Gizli-aşkar yeni növlər, yeni fərdlər yaradır.

-O kimdi ki, vaqif olub, yey tanır səndən səni,
Gizli deyil istəklərin, anlayır gendən səni.
Gah həkimdi, gah müəllim, alır əlindən səni,
Gah mürəbbi, gah lələdi, hər nə cindi, pəridi.

-O izləyir hər varlığı, hər gülü, hər yarpağı,
Həm gecəni, həm gündüzü, həm səhər, axşam çağı.
Ürəyində gizlədiyin oxunmayan varağı,
“Big Data”dır, hər tərəfdə gözləri var, “iri”dir.

-Mən Zeynəbəm, qanadlanan ruhuma pərvaz gəlir,
Hər sözü qoydum mizana, çəkmişəm, taraz gəlir,
Dəryadakı bu damlalar indi mənə az gəlir,
Kəlmə olub, şəkillənən gözlərimin fəridir.

-Bəzən həzin bir nəğməyəm, bəzən dilsiz bir daşam,
Dönəcəyəm bu torpağa, torpaqdan yoğrulmuşam.
Ömrün xəzan fəslindəyəm, gah payızam, gah qışam,
Zeynəb, çoxdan enişdəsən, demə ömür yarıdır.

16.08.2023

1 – yarasını yarına sarıdır. (sarıtdırır)
2 – Əl-Əlim – hər şeyi bilən, çox elmli , Əl-Həyy – diri, Əz-Zari – yaradan (yaxud bəndələrinin aqibətini müəyyən edən)
3 – Günahını şeytana sırıyır, şeytanı günahlanırır
4 – Əsədullahul-Qalib – Həzrəti Əlinin ləqəbi

AŞIQƏ MƏLHƏMİ CAN

Aşiqə məlhəmi-can, şəhdi-şəkər, can yaxışın,
Qiyməti təxti- Süleymana dəyən yan baxışın.

Bənzəri var biləsən, atəşə göz qarəsinin,
Atəşin yaxmağıdır hər belə kiprik çaxışın.

Sən xuda, baxma yada, şaxta-boran, qar gətirir,
Qəlbimin pəncərəsində çəkilir buz naxışın.

Qarə, zil gözlərinin asimanında gecədir,
Gül ki sən, hər gülüşün çeşmimə ulduz taxışın.

Eyy üzündə açılan gül, saçılan ləli-yəmən,
Şəfqətindən yayılır hər tərəfə zər yağışın.

Ta ki möhnət yükünü çəkməyimin məzuru yox,
Qəlbimi yarə edir, sadəcə minnət qaxışın.

Anlamaq olmadı ki, sirrini, ey surəti nur,
Zeynəbi çoxmu çəkər cazibənə sirr axışın…

GƏLSİN

Möhlət daralır, mənzilə yollar kəsə gəlsin,
Allah da bilir, canda nələr var, nəsə gəlsin.

Bir çoxları atsın zəri, zər şeş qoşa versin,
Şükr eyləyərik biz, bizə bir pəncu-sə gəlsin.

Udsun səhərin rayihəsin bülbülü şeyda,
Bülbül səsinə aşiqi-canlar səsə gəlsin.

Aşiqsə əgər, qarğaşaya əhli-cəhalət,
Qarğa bazarından yığılıb səs-səsə gəlsin.

Cidanı alar, gizləyər iblistəkin insan,
Gizlətmək üçün ta ələ cüt-cüt kisə gəlsin.

Hər qum dənəsin dürrəyə döndərmir İlahi,
İlbizləri yar ki, içi dürr, ölməsə gəlsin.

Daş-daş hörərək gər gen edərsən qələgahın¹,
Mümkün ki, şəyatin babadan vəsvəsə gəlsin.

Göydən ki, səda gəldi, a Zeynəb, səni səslər,
Keçmişsə məhək yoxlamasın, dürrəsə, gəlsin.

1 gələgah – burada: həbsxana mənasında

QIZILGÜL

Çəkdi tikanın tellərinə şanə, qızılgül,
Öpdü sis onu, – jaləsi nişanə, qızılgül.

Açdı gözünü məsti-xumar, dan sökülüncə,
Güldü günəşə gözləri məstanə, qızılgül.

Cəh-cəh vuraraq, bir sarı bülbül şad-məsud,
Çıxdı o bağı, bağçanı seyranə, qızılgül.

Gəldi qoxusu gül ləçəyin badi-səbayla,
Eylədi fəqiri dəli-divanə, qızılgül.

Telləri yaşıl, qönçələri qəlbə müqabil,
Çəhrayı dodaq, busəsi əfsanə, qızılgül.

Yaxdı o kiçık can evini atəşi eşqin,
Qopdu sinədən nəğməsi rəvanə, qızılgül.

Ötdü neçə pərdeyi-ələmdə elə zar ki,
Ah, bu necə nəğmə, necə təranə, qızılgül.

Səba ilə sevdiciyi sarmaş-dolaş olmuş,
Aşıqı-dili eylədi viranə, qızılgül.

Zeynəb, bilirəm dərdi nədir bülbüli-zarın,
Düşdü o da çün mən kimi hicranə, qızılgül.

12.03.2024.

Müəllif: Zeynəb Cəmaləddin

ZEYNƏB CƏMALƏDDİNİN YAZILARI

Mustafa Müseyiboğlunun irsi

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir