“Sənsizlik” – Sevgisi bitməyən, qovuşa bilməyən iki taleyin hekayəsi
Bəzən sevgi qovuşmaqla yox, qovuşa bilməməkdən doğur. “Sənsizlik” kitabı da məhz bu yanğının, bu susqunluğun içindən yaranıb. Uşaqlıqdan bir-birini sevən iki qəlbin hekayəsi… lakin toxunmadan,danışmadan, eyni şəhərdə yaşayıb, fərqli talelərdə itən iki insanın dramı.Onların arasına həyat yox, məsafə yox inamsızlıq, qısqanclıq və qürur girdi. Elə üç duyğu ki, iki ürəyi bir-birindən ayırmaq üçün bəzən bütün dünyanın gücü yetməz, amma qürur yetər…Eyni şəhərdə yaşadılar, eyni küçələrdən keçdilər, eyni dənizin qoxusunu içlərinə çəkdilər. Amma bir evdən o biri evə gedən yol, qəribəsi budur ki, dünyanın ən uzun məsafəsinə çevrildi. Onlar yaxın idilər, amma yaxınlaşa bilmədilər; sevdilər, amma etiraf etmədilər; gözlədilər, amma addım atmadılar. “Sənsizlik” təkcə ayrılığın deyil, söylənməmiş sözlərin ağırlığının kitabıdır. Bu əsərdə oxucu sevginin necə yarandığını deyil, necə susdurulduğunu görür. Bəzən sevgi bitmir,sadəcə danışa bilmir. Bəzən iki insan sevir, amma iki qürur icazə vermir.Və bütün bunlara baxmayaraq… onların bir-birinə sevgisi tükənmədi.Nə illər, nə yollar, nə ayrılıqlar onu öldürə bilmədi. Çünki bəzi sevgilər müqavimət göstərmir sadəcə yaşayır.Bu kitab oxucunu bir cümlənin içində dayandırır: “Bəzən ayrılıq iki ürəyin yox, iki qürurun yazdığı hekayədir.” “Sənsizlik” sevməyin əzabını, ayrılığın sükutunu,qovuşmamağın ağrısını yaşadan bir əsərdir. Oxuyanı düşündürən, düşündürdükcə yandıran… Bu kitabda sevgi məğlub olmur. Sadəcə səssiz qalır.
Zaur Ustacın “Beyin Qurdu”: – Cəmiyyətin gizli parazitləri üzərinə satirik bir baxış Zaur Ustacın hekayələri arasında “Beyin qurdu” xüsusi yeri olan, həm bədii, həm də satirik dəyəri ilə seçilən nümunələrdən biridir. Əsərdə müəllif gündəlik həyatımızda adiləşmiş, lakin mahiyyətcə dərin sosial problemlərin alt qatını yumor, satira və hiperbolik obrazlar vasitəsilə açır. Burada təkcə bir ailənin səhər yeməyində baş verən hadisələr deyil, bütöv bir təfəkkürün, düşüncə tərzinin, sosial münasibətlərin iç üzünü görürük. Fərd mənsub olduğu ailəni təmsil etdiyi kimi, ailələr də daxil olduğu cəmiyyətin güzgüsüdür. Hekayədə Tutaqalxanovlar ailəsi əslində cəmiyyətin müxtəlif təbəqələrini simvolizə edir: -Ata Tutaqalxanov – imkanlı, hakimiyyətə yaxın, sərt görünən, amma əslində isə çaşqın və məntiqsiz qərarların içində itib-batan tipik məmur obrazı. -Xanım Tutaqalxanova – zahiri mədəniyyət, daxilən isə körpə kaprizlərinin əsiri olan ana arxetipi. -Gənc xanım – ərköyün, kaprizli, sosial sərhədlərdən xəbərsiz yeni zəngin nəsli. -Oğul Tutaqalxanov – böyümüş, amma hələ də uşaqlıq xüsusiyyətlərindən xilas ola bilməmiş simvolik bir obraz. -Nənə – keçmişin səsi, köhnə mif və inamların daşıyıcısı. -Fətulla (Fətiş) – bu ailənin həm quludur, həm də əslində ən “sağlam” olanıdır, ancaq onlar tərəfindən ən çox məsxərəyə qoyulanıdır. Bu ailə təkcə bir ailə deyil – varlı-karlı təbəqənin özlərinin süni şəkildə yaradaraq indi də içində boğulduqları çirkabın, düşüncə pozuntularının karikaturasına çevrilmiş kiçik bir cəmiyyət modelidir. Hekayənin əsas süjet xəttini “beyində qurd” metaforası təşkil edir. Zaur Ustac burada həqiqi parazitdən deyil, məcazi parazitin – tənbəllik, irrasional düşüncə, kapriz, boş həyat tərzinin insan beyninə necə yerləşdiyini göstərir. Oğul Tutaqalxanovun Fətullaya baxıb: – “Mən o qurddan istəyirəm. Mən də kişi kimi olmaq istəyirəm.” – deməsi sadəcə məzəli deyil – faciəvi dərəcədə düşündürücüdür. Çünki bir ailədə, bir cəmiyyətdə dəyər ölçüləri bu qədər alt-üst olanda: -iradə yox olur, -düşüncə tənbəlləşir, -məsuliyyət hissi ölür, -insan özünü başqasının “qurdu” vasitəsilə inkişaf etdirməyə çalışır. Bu mənada “qurd” – yalnız parazit deyil, zatən düşünməyi bacarmayan insanların beyninə yerləşmiş təzadlı düşüncə formasıdır. Satiranın gücü və müəllifin ironiyası ilk nidadan son zərb-məsələ qədər bütün hekayə boyu səngimir. Zaur Ustac əsasən dialoq üzərində qurulmuş bu kiçik həcmli mətndə bir ailənin üzvləri olsalar da bir-birindən kəskin şəkildə fərqlənən müxtəlif xarakterli insan obrazları yaratmağa müvəffəq olmuşdur. Hekayədə dialoqlar sürətli, yumorlu, teatrvari qurulub. Ustac satiranın dilini ustalıqla işlədərək: -absurdu adi hal kimi göstərir, -dramatik olanı komik, komik olanı dramatik edə bilir, -cəmiyyətin eybəcərliklərini oxucunun gözünə dik tutur. Eyni zamanda hekayə boyunca “qurd” ifadəsi müxtəlif məna çalarları qazanır: bioloji, məcazi, sosial, psixoloji. Bu da əsərin çoxqatlılığını təmin edir. Əsərdə həkim obrazı sanki məntiqin son qalası – xaricdən gəlmiş bir “realist” kimi təqdim olunur. O, vəziyyətin absurdluğunu başa düşsə də, ailənin təfəkkür sistemi onun məntiqi izahlarını belə əritməyə qadirdir. Sonda həkim də ironiya ilə danışmağa başlayır – çünki bu mühitdə məntiqin səsi eşidilmir. Bu obraz vasitəsilə müəllif: -elmi düşüncənin, -məntiqin, -sağlam təfəkkürün cəmiyyətlərdə necə boğulduğunu göstərir. Əsərin sosial mesajı da zamanla səsləşir. “Beyin Qurdu”nun mesajı sadədir, amma çoxqatlıdır: -Zehnində qurd olanlar, əslində düşünə bilməyən insanlardır. -Əsl qurd insanın öz daxilindədir – tənbəllik, məsuliyyətsizlik, kobudluq, laqeydlik. -Cəmiyyətin bəlası savadsızlıq deyil, düşüncənin deformasiyasıdır. -Xəstəliyin özü yox, xəstəliyə inanma tərzi daha təhlükəlidir. Zaur Ustac bu hekayəsi ilə göstərir ki, insanın ağlına yerləşən qurdlar ən qorxulularıdır; çünki onları nə mikroskop göstərir, nə dərman sağaldır. Onlardan xilas olmağın yeganə yolu – düşünmək, ayılmaq, dəyər ölçülərini yenidən qurmaqdır. “Beyin Qurdu” həm güldürür, həm düşündürür, həm də sarsıdır. Müəllif satiranı güclü silah kimi işlədərək cəmiyyətin eybəcərliklərini ustalıqla ifşa edir. Bu hekayə göstərir ki, problem qurdun özündə deyil – insan beynində özünə yer tapmasına şərait yaradan təfəkkürdədir. Zaur Ustac bu əsərilə bir daha sübut edir ki, satira təkcə gülüş deyil, həm də düşüncə mədəniyyətini olduğu kimi əks etdirən güzgüdür.
“Tariximizin İşığında – Qərbi Azərbaycanın izi ilə” adlı kitab işıq üzü görüb
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin qeyri-hökumət təşkilatları üçün elan etdiyi “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalibi olan “Dədə Ələsgər Ocağı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Tariximizin İşığında – Qərbi Azərbaycanın izi ilə” layihəsi çərçivəsində keçirilmiş esse müsabiqəsinin qalib yazılarından ibarət kitab nəşr olunub. Layihə çərçivəsində kitabın təqdimat mərasimi də təşkil edilib. Təqdimatda tanınmış ziyalılar, elm adamları, saz və söz ustadları, mədəniyyət nümayəndələri iştirak edərək müsabiqənin əhəmiyyətindən və gənclərin Qərbi Azərbaycan mövzusuna göstərdiyi diqqətdən bəhs ediblər. Tədbirdə kitabın mövzusu, esselərin ideya istiqamətləri və gənclərin milli-mədəni yaddaşın qorunmasına verdiyi töhfələr xüsusi vurğulanıb. Müsabiqə Azərbaycan Respublikasının tam orta məktəblərinin 10–11-ci sinif şagirdləri, həmçinin peşə və kollec tələbələrinin Qərbi Azərbaycan mövzusunda biliklərini, analitik düşüncəsini və yaradıcılıq bacarıqlarını qiymətləndirmək məqsədilə təşkil edilmişdir. Müsabiqəyə ölkənin müxtəlif bölgələrindən yüzlərlə esse təqdim olunmuş və münsiflər heyəti tərəfindən müəyyən olunmuş meyarlara əsasən qiymətləndirilmişdir. Nəticələrə əsasən, ölkə üzrə 14 Regional Təhsil İdarəsi üzrə I, II və III yerlərin qalibləri müəyyən edilmişdir. Müsabiqə şərtlərinə görə hər regional üzrə I yer üzrə 1 esse, II yer üzrə 2 esse, III yer üzrə 3 esse qalib elan edilmişdir. Beləliklə, ümumilikdə 84 esse seçilərək kitabda toplanmışdır. Nəşrdə gənclərin Qərbi Azərbaycan tarixinə, mədəni irsinə, deportasiya yaddaşına və milli kimlik mövzularına dair yaradıcı baxışları və analitik yanaşmaları öz əksini tapır. Qaliblərə layihə çərçivəsində diplom, fəxri fərman və təşəkkürnamələr təqdim olunacaqdır. “Dədə Ələsgər Ocağı” İctimai Birliyi müsabiqədə iştirak edən bütün şagird və tələbələrə təşəkkür edir və onların Qərbi Azərbaycan mövzusuna göstərdiyi marağı yüksək qiymətləndirir.
ƏLİ RZA XLƏFLİNİN 65 YAŞI və yeni Kitablarının təqdimatı qeyd ounacaq
Eheyy, doquzuncu əsr, sənə salam var, İndiki zamanın, əsrin adından. Ruhumda, canımda Babək qalam var, Yəqin ki, çıxmayıb hələ yadından.
…Səni çağırıram doqquzuncu əsr, Səsimi eşitdin, niyə dinmədin?! Təbriz can üstədir, Qarabağ əsir, Bəs hanı cihadı, niyə susur din?! (Ə.R.Xələfli)
Sayğılı dostlar! Drili Qurbani Məclisinin üzləri və qurbanisevərlər! Saza-sözə könül bağlayan istəkli qələmdaşlar! Bildiririk ki, görkəmli nasir, şair və publisist, AYB və AJB-nin üzvü, bir sıra nüfuzlu ədəbi ödüllərin mükafatçısı, Prezident təqaüdçüsü, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələflinin anadan olmasının 65 illiyi və son dövr nəşr ounmuş kitablarının təqdimat mərasimi 5 dekabr 2018-ci il tarixdə, saat 14-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” Klubunda keçiriləcəkdir. Geniş tərkibdə oxucu kütləsini, o cümlədən tanınmış ədəbi simaları, elm adamlarını, mədəniyyət və incəsənət xadimlərini, bədii söz ustalarını, digər ədəbiyyatsevərləri əhatə edəcək bu tədbir gerçəkdən bir ədəbiyyat-mədəniyyət şöləni kimi yaddaşlara yazılacaq. Qeyd etmək yerinə düşər ki, sayın Əlirza müəllim məclisimizin təsis yığıncağında (2004) bizimlə bir arada olmuş, qurulmaq istəyində bulunan sazlı-sözlü məclisimizə xeyir-duasını əsirgəməmidir. İlk illərdə, DQM-nin fəaliyyəti onun rəhbərlik etdiyi qəzetdə (“Kredo”) işıqlandırılmış, məclis üzvlərinin yaradıcılıq nümunələrinə yer verilmiş, Ə.R.Xələflinin dəvəti ilə məclisimizin 2-ci toplantısı bu qəzetin redaksiyasında keirilmişdir. Təsadüfi deyildir ki, məclisimiz də Ə.R.Xələflinın bu təmənnasız ədəbi xidməti qarşılığında onun həyat və yaradıcılığı ötən məclislərimizin birində yüksək səviyyədə qeyd olunmuşdur. Beş il öncə Ə.R.Xələflinin 60 illik Yubileyi ilə əlaqəli keçirilən toplantılarda da məclis üzvlərindən bir neçəsi bu tədbirə qatılmışdılar. Şübhə etmirik ki, bu dəfə də belə olacadır. Əli Rza Xələflinin sənət dünyasına bir başqa ovqatda baş vurmaq, sehirli qələm məhsulları ilə bağrıbadaş olmaq istəyirsinizsə, yuxarıda diqqətinizə yetirdiyimiz tarixi, zamanı və məkanları UNUTMAYIN! Gəlin ha, GÖZLƏYİRİK! İstəkli Söz adamları, şeirin-sözün keşiyində duranlar, gəlin ki, ƏLİ RZA XƏLƏFLİNİN 65 YAŞInı birlikdə yaşayaq! Birlikdə yaşayaq ona görə ki, bu ömür qeyri-adi olmasa da belə, onu çağımızacan sürmüş Əli Rza Xələfli Ruhu Vətən ağrısı üstə daha çox köklənib deyə, Yurd istəkli-Yurd həsrətli hər kəsə bu ömür yaşantısından bir pay düşür. Necə ki, yazır:
Həsrətimdən küləklər bir pay qurda aparsın, Dağılmasa buludlar üzü nurda aparsın. Üstümdən əsən yellər yön tutsun Qarabağa, Nəfəsimdən bir ah da bizim yurda aparsın.
Özünü azərbaycanlı hesab edən, “Əli və Nino”, “Şərqdə neft və qan” əsərlərinin müəllifi, həyatı faciəli şəkildə bitən dünyaşöhrətli yazıçı Məhəmməd Əsəd bəy. O, ədəbiyyat dünyasında Qurban Səid kimi tanınmışdı.
Lev Abramoviç Nussimbaum 1905-ci ildə yahudi ailəsində anadan olub və Azərbaycanın Bakı şəhərində böyüyüb.
Onun atası Bakıda neft mədənlərinin sahibi idi.
1920-ci ildə Azərbaycanın Sovet Rusiyası tərəfindən işğal olunmasından sonra Avropaya mühacirət edib.
1922-ci ildə Berlində türk konsulluğunda islam dinini qəbul edərək rəsmi olaraq Məhəmməd Əsəd bəy adını götürdü.
1922–1932-ci illərdə Berlində yaşamış və burada beynəlxalq ədəbi şöhrət qazanmışdır. Məhəmməd Əsəd bəyin yazdığı “Əli və Nino”, “Şərqdə neft və qan”, “Nikolay II: Qanlı Çar”, “Stalin: Təcavüzkarın bioqrafiyası” və “Məhəmməd: Bir bioqrafiya” kimi əsərlər ona beynəlxalq şöhrət gətirmişdi.
Məhəmməd Əsəd bəy mühacirətdə yazdığı məqalələrində öz vətəni olan Azərbaycanın Sovet Rusiyası tərəfindən məhv və talan edildiyini dəfələrlə qeyd edirdi.
Azərbaycan Cümhuriyyətinin xaricə oxumağa göndərdiyi tələbələrdən biri olan, “Qurtuluş” jurnalının baş redaktoru, mühacir Hilal Münşi Məhəmməd Əsəd bəyə qarşı kampaniya başlatdı və Gestapoya, Almaniyanın xarici işlər Nazirliyinə onun əleyhinə dəfələrlə donos yazdı. O, Almaniyada yaşayan azərbaycanlıları da buna səfərbər etdi. Deyilənə görə, bu kampaniya paxıllıq zəminində idi.
Nəticədə, Məhəmməd Əsəd bəyin kitabları qadağan edildi və o, Almaniyanı tərk etməyə məcbur oldu.
Hilal Münşi, Məhəmməd Əsəd bəyə qarşı çıxışlarında, onun “Şərqdə neft və qan” əsərində Azərbaycan tarixini təhrif etdiyini iddia edirdi.
1938-ci ildə Benito Mussolinin dəvəti ilə Məhəmməd Əsəd bəy İtaliyaya getdi. O, burada Benito Mussolinin bioqrafiyasını yazmalı idi. Bunun üçün yetərincə material topladı, araşdırma apardı. Lakin bundan xəbər tutan Hilal Münşi yenidən xüsusi xidmət orqanlarına donoslar yazdı və Mussoliniyə həsr olunmuş bu kitab baş tutmadı.
O, 36 yaşında İtaliyanın Pozitano şəhərində yoxsulluq və tənhalıq içində vəfat etdi.
Təəssüf ki, Azərbaycanın və Bakının vurğunu olan Məhəmməd Əsəd bəyin xatirəsi ölkəmizdə layiqincə əbədiləşdirilməyib.
olaylar.az xəbər verir ki, tanınmış yazıçı Yunus Oğuzun yeni elmi-publisistik əsəri – “Türk” etnonimi və törələri” kitabı artıq çapdan çıxıb. Əsər “Yazarlar” nəşriyyatı tərəfindən oxuculara təqdim olunub.
Yeni nəşrdə müəllif “türk” adının mənşəyini, tarixi inkişaf yolunu, qədim türk toplumlarının mənəvi-mədəni dəyərlərini və “törə” sistemini geniş araşdırır. Kitab həm akademik yanaşma, həm də oxunaqlı dil üslubu ilə seçilir.
Yunus Oğuz bu əsərində qədim mənbələr, etnoqrafik materiallar və müasir araşdırmalar əsasında türk kimliyinin formalaşmasını fərqli bir aspektdən təqdim edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Muhamməd Rahal 1992-ci il 18 martda doğulmuşdur. Beynəlxalq Media Səfiri Dünya Poeziya Federasiyası – Cesarte təşkilatının Beynəlxalq Koordinatoru Tərcüməçi Ərəb və beynəlxalq jurnalların baş redaktoru
Bu sayımızda oxucularımızı Əlcəzairin uzaq şərqinə — Tébessa vilayətinə bağlı Bir əl-Atər şəhərinə aparırıq. Burada yaşayan və yaradıcılığı ilə geniş tanınan şair Məhəmməd Rahal haqqında söz açırıq. O, akademik elmi fəaliyyətlə bərabər, rəssamlıq, irs araşdırmaları və nəğmə yaradıcılığını birləşdirən çoxşaxəli sənət adamıdır. Onun poetik nümunələri 33 dünya dilinə tərcümə edilmiş və beynəlxalq səviyyədə maraqla qarşılanmışdır.
Ənənəvi Əlcəzair Geyimi: Nəsilləri Birləşdirən Mədəni İrs
Cənubi Əlcəzairin geniş səhralarında, qızılı qumlar üzərində əsrlərin ruhunu daşıyan bir geyim yaşayır — melhafa. Bu qadın libası yalnız gündəlik ehtiyac məhsulu deyil, həm də kimlik və yaddaşın parlaq ifadəsidir. Melhafa rəngləri, toxunuşu və incə işləmələri ilə Səhra qadınının səbri, zərifliyi və həyat tərzi haqqında susaraq danışan bir irs nümunəsidir.
Sahra Geyimlərinin Əsas Növləri
Melhafa — qadın geyimi
Melhafa iri ölçülü, yüngül parçadan hazırlanmış, bədən ətrafına xüsusi üsulla dolanan ənənəvi qadın libasıdır. Parçasının keyfiyyəti, rəng seçimi və bəzəyi onu müxtəlif Səhra bölgələrində fərqli edən əsas xüsusiyyətlərdəndir. Həm gündəlik, həm də mərasimlər üçün özünəməxsus növləri mövcuddur.
Bazin — kişilər üçün
Tuarəq tayfalarının kimlik və mərdlik rəmzi sayılan ənənəvi kişilər geyimidir. Qaşabiyya — kişilər üçün qış libası Yun və tük qarışığından hazırlanır, sərt Səhra qışında kişiləri soyuqdan qoruyan əsas geyim hesab olunur. Bu geyimlərin hamısı bölgənin tarixini, estetik ənənələrini və mədəni yaddaşını özündə yaşadır. Qandura, melhafa və kaftan kimi bəzi libaslar UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına da daxil edilmişdir.
Melhafa: İffət, Estetika və Yaşayan Simvol
Əlcəzairin cənub vilayətlərində — Tamanrasset, Adrar, Tinduf, İllizi və Beşar bölgələrində — melhafa qadın zərifliyinin ən mühüm göstəricisi hesab olunur. Yüngül, nəfəsalan parçalardan hazırlanan bu geyim Səhra qadınlarının çətin iqlim şəraitində belə rənglərə və həyata bağlılığını əks etdirir. Çəhrayı, indiqo, narıncı və qırmızı kimi canlı rənglər ən çox seçilən nümunələrdəndir. Melhafa bədəni tam örtür, lakin onun örtülmə tərzi, gümüş “xələl”lər və ənənəvi boyunbağılarla tamamlanan dəst qadının zövqünü və zərifliyini ön plana çıxarır.
Tarixdən Gələn Dərinlik
Melhafanın yaranması barədə müxtəlif rəvayətlər mövcuddur. Onun əsrlər əvvəl Səhra tayfalarının gündəlik məişətindən qaynaqlandığı, zamanla isə İslam və ərəb ənənələrinin təsiri ilə formalaşdığı bildirilir. Nəsillər boyu analardan qızlara ötürülmüş, toy və bayram mərasimlərinin ayrılmaz hissəsinə çevrilmişdir.
Qeyri-Maddi İrs Statusu və Müasir Yenilənmə
Son dövrlərdə keçirilən mədəni tədbirlər və gənclərin təşəbbüsləri sayəsində melhafa yenidən diqqət mərkəzinə qayıdıb. Qırmızı Vaha bölgəsindən Naciya Bən Musa bu barədə belə deyir:
“Melhafa təkcə geyim deyil, sosial həyatın dərin simvolikasını daşıyan tam bir mədəniyyət mənzərəsidir. Toylarda, ənənəvi rəqslərdə sədaqət və mənsubiyyət rəmzi kimi istifadə olunur.”
Melhafa keçmişdə donub qalmamışdır — gənc dizaynerlər onu müasir modaya uyğun şəkildə yenidən işləyir. Tamanrassetli dizayner Xədicə Almaoui bildirir:
“Biz melhafanı sadəcə folklor kimi təqdim etmirik. Onu moda podiumlarına çıxarır, rəsmi tədbirlər və iş mühiti üçün də uyğun modellər yaradırıq. Bu, keçmişlə bu günü birləşdirən bir körpüdür.”
Turizm və Mədəniyyət Məkanlarında Melhafa
Xarici nümayəndə heyətlərinin bölgəyə səfərləri zamanı ən çox diqqət çəkən mədəni rəmzlərdən biri məhz melhafadır. Xüsusilə Cənət şəhərində keçirilən və UNESCO tərəfindən qeydə alınan “Eyd Sbbiba” festivalında melhafa özünün mədəni dəyərini daha aydın göstərir.
Tərcümə və təqdimat: Cahangir NAMAZOV, Azərbaycan Jurnalistlər Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.
ANAMA DEYƏRSƏN Kİ… (hekayə) Sənan nə qədər götür-qoy elədisə də bir çıxış yolu tapa bilmədi. Bir çıxış yolu tapa bilmədiyinə görə də sağ əlinin barmaqlarını yumruqlayıb divara çırpdı. Sonra da hirsindən dəli kimi bağırdı və onun bu bağırtısından anası oturduğu yerdən dik atıldı və qorxa-qorxa soruşdu: – Qadan alım, ay oğul, deysən, yenə cin atına minmisən?. – Sənan ayaq üstə yarpaq kimi titrəyən anasına baxıb hirsini boğmağa çalışdı və səsinə bir mülayimlik qatıb dilləndi:
Tankdan düşüb cin atına minmişəm, ana! – Zorla gülümsədi. Aybəniz başını bulayıb yenidən oturduğu yerə çökdü və üzünü yana çevirib göz yaşlarını oğlundan gizlətməyə çalışdı. Sənan yenidən var-gəl etməyə başladı. O, həyətdə var-gəl edə-edə yenə də bir çıxış yolu axtarmaq istəyirdi ki, anasının titrək əllərilə tumarlaya-tumarlaya köhnə şkafın üst siyirməsinə qoyduğu orden və medalları xatırladı. Sevincindən atılıb-düşmək istədi, amma onun sevinc duyğularından əsər-əlamət qalmamışdı. Müharibədən sağ-salamat qayıdanda da üz-gözündə bir kədər buludu hərlənirdi. O, həm də lal-dinməz olmuşdu, bəzən gözlərini bir nöqtəyə dikib fikrə gedirdi. Onun nə fikirləşdiyini özündən başqa heç kim bilmirdi. O, hər dəfə dərin fikrə gedəndə cəbhədə şəhid olmuş Qabil gəlib onun gözləri önündə canlanırdı. Və hər dəfə də onun dediyi sözlər qulaqlarında cingildəyirdi: – Anama deyərsən ki… – Qabil sözünü axıra kimi deyə bilməmişdi. O, Sənanın qolları üstündə canını tapşırmışdı. Qabil canını tapşıranda Sənan dəli kimi elə bağırmışdı ki, səsi Xudafərin körpüsünü keçib o tayda qoyun otaran Əhməd kişinin qulaqlarında əks-səda vermişdi və Əhməd kişi bir anlığa əlindəki çomağı yerə tullayıb Araz çayına atılaraq səs gələn tərəfə qaçmaqdan özünü güclə saxlamışdı. Sənan dəli kimi bağırandan sonra yaralı şir kimi nərildəyərək irəli cumub qaçmaqda olan erməni köpəyini avtomatınınq qundağı ilə yerə sərib cəhənnəmlik eləmişdi. Sonra o, tüstülənməkdə olan tankına sarı baxıb yenidən irəli cummuşdu.
Ay oğul, qadan alım, ürəyimi üzmə, de görüm, nə fikirləşirsən? – Aybəniz oturduğu yerdən ayağa qalxdı- Dərdin-bəlan mənə gəlin, ay bala! Sənan xəyaldan ayrılıb anasına yaxınlaşdı, onun boynunu qucaqlayıb dedi:
Heç nə fikirləşmirəm, ana! Bu yerlərdən çıxıb getmək istəyirəm.
Hara?
Heç özüm də bilmirəm. Ancaq onu bilirəm ki, daha belə yaşamaq istəmirəm.axı mən də insanam. Nə vaxta kimi qoltuqlarda sürünəcəyəm?
Nə işdi o? Qab yumalıyam, yoxsa müştərilərə yemək daşımalıyam? – Acıqlanan kimi oldu.
Ay oğul, mən neçə illərdir ki, «Ocaq»da qabları yuyuram. Muncuğum düşməyib ki? Atan da orada işləyirdi. Yazığı tok vurub öldürdü. Görünür, qismətimiz belədir.
Mənə belə qismət lazım deyil! – Sənan hirsindən göm-göy göyərdi. Deyəsən, yenə də cirni tuturdu. Anası da bunu hiss elədi və o dəqiqə də valı çevirib gülümsədi:
Nə deyirəm, ay oğul! Özün bilən məsləhətdi.
Ana, bir söz desəm acığın tutmaz ki?
Niyə tutur, ay oğul! Sənan əlilə boynunun ardını qaşıyıb dedi:
Rusetə getmək istəyirəm.
Hara?
Rusetə.
Ay oğul, sənin rusetdə nə işin var?
Ana, Rusiyanın hansı şəhərinə getsən orada ruslardan çox azərbaycanlı var. Aybəniz dərindən ah çəkib yenə də aşağı çömbəlib əvvəlki yerində oturdu və başını iki əlinin arasına alıb qəflətən hönkürdü. Sənanın anasına yazığı gəldi. Qəhər onu boğdu. Nəsə demək istədi, amma səsi içindən çıxmadı. Anası qocalmışdı. Elə bil ki, səksən-doxsan yaşlarında qoca qarıydı. Halbuki onun vur-tut 44 yaşı vardı. Sənan müharibəyə gedəndə onun boynunu qucaqlayıb demişdi: – Düşmən qabağından qaçma, oğul! Yoxsa südümü sənə halal eləmərəm. Sənan dava paltarını əynindən çıxarana kimi anasının bu sözlərini qulaqlarında sırğa eləmişdi. O, düşmən qabağından qaçan oğullardan deyildi, ksinə, «dəmir atını» hamıdan qabaqda «çapır», erməniləri göz açmağa imkan vermirdi. O, həm də şəhid olmaq istəyirdi. İstəyirdi ki, işləməkdən beli bükülmüş, əlləri qırış-qırış olmuş anası onun ölümündən sonra gedib «Ocaq» restoranında qab-qacaq yumasın, kipriylə od götürə-götürə böyütdüyü oğlunun «çörəyini» yesin. Amma Sənanın arzusu ürəyində qaldı, şəhid olmadı, yüzlərlə əsgərin ölümünə şahid oldu. Bu, ona əzab verirdi. Döyüşçü yoldaşlarının ölümü onun ürəyini yandırırdı, qəlbini dağlayırdı. Qolları üstündə can verdiyi Qabilin ölümü isə dünyanı onun başına dar eləmişdi. Qabilin sözlərini hər dəfə yadına salanda dəli kimi bağırmaq istəyirdi: «Anama deyərsən ki…» – Qabil sözünü tamamlaya bilməsə də Sənan onun nə demək istədiyini yaxşı bilirdi, çünki sonuncu döyüşdən bir gün əvvəl Qabil əllərini göyə qaldırıb demişdi: «Allahım, mənə şəhidlik şərbəti içirt. Anam yataq xəstəsidir. Atam dərman pulunu çatdıra bilmir. Qapılarda fəhləlik etməklə boğazını güclə saxlayır» . -Sənan ona baxıb qəhərlənmişdi. Sonra isə demişdi: « Qoy Allah, mənə də şəhidlik qismət eləsin!» – Amma Sənan şəhid olmadı. Qabil Sənanın qolları üstündə canını tapşırandan düz altı ay sonra anası onun «məvacibini» alanda gözlərinin yaşını sel kimi axıdaraq düşündü: – Görəsən, yazıq Aybəniz neyləyir? Toydan-toya gündə on beş manat almaqla necə dolanır. Hər gün evində qazan asa bilirmi? – Ancaq Qabilin anası bilmirdi ki, Aybəniz daha «Ocaq»da işləmir. Sol gözü ağlamaqdan tutulub və o, əməliyyat olunmalıdı. Əməliyyat olunmaq üçün də bir ətək pul lazım idi. Və ona görə də Sənan çıxıb Rusiyaya getmək istəyirdi. Onun özü demişkən orada yaxşı dolanışıq vardı; iş d əki, nə qədər istəsən… O, anasının gözünü əməliyyat elətdirmək üçün gedib Rusiyada işləmək istəyirdi. Sənan düz altı ay iş axtarmışdı, düz üç dəfə İcra başçımsının qəbulunda olmuşdu. Hər dəfə də icra başçısı onun yaxasına düzdüyü orden və medallara gözucu baxaraq demişdi: «Süpürgəçi işləyə bilərsənmi?». – Onun bu təklifindən sonra Sənanın əl-ayağı yerdən-göydən üzüldüyünə görə Rusiyaya getməyə qəti qərar vermişdi, amma yol pulu tapa bilmirdi. Bu gün isə köhnə kamodun siyirməsində saxlanan orden və medalları gözlərinin qabağına gətirib uşaq kimi sevinmişdi. Təkcə «Şuşanın azad edilməsinə görə» medalını satsaydı, təyyarəyə bilet alıb özünü Surqut şəhərinə çatdıra bilərdi. …Sənan anasına baxıb nəsə demək istədi. Amma heç nə demədi. İti addımlarla palçıqşdan tikilmiş otağa keçib köhnə kamoda yaxınlaşdı, siyirməni çəkib yan-yana düzülmüş orden və medallara baxdı. Sonra da Maqadan Rasimin oğlu Niyazın sözlərini xatırladı: «Sənə yaxşı pul verərəm. Yaxana düzdüyün o medallardan birini mənə satginan» – Sənan key-key onun üzünə baxıb: – Bu, sənin nəyinə lazımdır? Sən ki, müharibədə olmamısan. Heç Şuşa şəhərinin harada olduğunu da bilmirsən. – A kişi, sənə nə var? Satırsan, ya yox? – Satmıram. – Sənan onun üzünə bozarmışdı. – Özün bilərsən! – Maqadan Rvasimin oğlu onu başdan-ayağa süzüb əlavə eləmişdi: – Cinindən cin hürkür. Acından öləndə dəmir-dümürləri yeyəcəksən? – Sonra o, əlini yelləyib qara rəngli «Ronce Rover»ə yaxınlaşmışdı. Maqadan Rasimin oğlu onunla bir sinifdə oxumuşdu. Müharibə başlayan günü o, yağlı əppək olub göyə çıxmışdı. Yağlı əppək olub göyə çıxmışdı deyəndə müharibənin üçünqcü günü Maqadan Rasimin oğlu təyyarəyə bilet alıb özünü atasına çatdırmışdı. Bunu Sənan bilmirdi. Sənan həm də bilmirdi ki, dostu Qabilin tabutu anasının üstünə gələn günü Maqadan Rasimin oğlu on altı yaşlı Olyanı çılpaq soyundurub onun lüt bədəninibeş minlik rus pulları ilə örtürdü. Sənan onu da bilmirdi ki, Maqadan Rasimin oğlu on beş yaşlı Olyanın lüt bədənini pulla örtəndə Qabilin anası oğlunun tabutunu xonça ilə qarşılayıb qabağında oynayırdı. Sənan çox şeyi bilmirdi. Amma onu yaxşı bilirdi ki, çıxıb Surquta getməlidi. Getməsə ürəyi partlayar. O isə hələ yaşamaq istəyirdi. Yaşamaq istəyirdi ki, pul qazanıb anasının tutulmuş gözünü əməliyyat elətdirsin. …Medalların ikisini cibinə qoyub yenidən həyətə düşdü. Anası hələ də kötüyün üstündə oturub sağ gözünü bir nöqtəyə dikmişdi. O, nə fikirləşirdi? Bunu Sənan özlüyündə yəqin etmək istədi. Yəqin etdi də… Üç gündən sonra Sənanı kənddə görən olmadı. O, Maqadan Rasimin oğluyla görüşəndən sonra özünü Surqut şəhərinə çatdırmışdı.