ANAMA DEYƏRSƏN Kİ…

ANAMA DEYƏRSƏN Kİ…
(hekayə)
Sənan nə qədər götür-qoy elədisə də bir çıxış yolu tapa bilmədi. Bir çıxış yolu tapa bilmədiyinə görə də sağ əlinin barmaqlarını yumruqlayıb divara çırpdı. Sonra da hirsindən dəli kimi bağırdı və onun bu bağırtısından anası oturduğu yerdən dik atıldı və qorxa-qorxa soruşdu: – Qadan alım, ay oğul, deysən, yenə cin atına minmisən?. – Sənan ayaq üstə yarpaq kimi titrəyən anasına baxıb hirsini boğmağa çalışdı və səsinə bir mülayimlik qatıb dilləndi:

  • Tankdan düşüb cin atına minmişəm, ana! – Zorla gülümsədi. Aybəniz başını bulayıb yenidən oturduğu yerə çökdü və üzünü yana çevirib göz yaşlarını oğlundan gizlətməyə çalışdı.
    Sənan yenidən var-gəl etməyə başladı. O, həyətdə var-gəl edə-edə yenə də bir çıxış yolu axtarmaq istəyirdi ki, anasının titrək əllərilə tumarlaya-tumarlaya köhnə şkafın üst siyirməsinə qoyduğu orden və medalları xatırladı. Sevincindən atılıb-düşmək istədi, amma onun sevinc duyğularından əsər-əlamət qalmamışdı. Müharibədən sağ-salamat qayıdanda da üz-gözündə bir kədər buludu hərlənirdi. O, həm də lal-dinməz olmuşdu, bəzən gözlərini bir nöqtəyə dikib fikrə gedirdi. Onun nə fikirləşdiyini özündən başqa heç kim bilmirdi. O, hər dəfə dərin fikrə gedəndə cəbhədə şəhid olmuş Qabil gəlib onun gözləri önündə canlanırdı. Və hər dəfə də onun dediyi sözlər qulaqlarında cingildəyirdi: – Anama deyərsən ki… – Qabil sözünü axıra kimi deyə bilməmişdi. O, Sənanın qolları üstündə canını tapşırmışdı. Qabil canını tapşıranda Sənan dəli kimi elə bağırmışdı ki, səsi Xudafərin körpüsünü keçib o tayda qoyun otaran Əhməd kişinin qulaqlarında əks-səda vermişdi və Əhməd kişi bir anlığa əlindəki çomağı yerə tullayıb Araz çayına atılaraq səs gələn tərəfə qaçmaqdan özünü güclə saxlamışdı.
    Sənan dəli kimi bağırandan sonra yaralı şir kimi nərildəyərək irəli cumub qaçmaqda olan erməni köpəyini avtomatınınq qundağı ilə yerə sərib cəhənnəmlik eləmişdi. Sonra o, tüstülənməkdə olan tankına sarı baxıb yenidən irəli cummuşdu.
  • Ay oğul, qadan alım, ürəyimi üzmə, de görüm, nə fikirləşirsən? – Aybəniz oturduğu yerdən ayağa qalxdı- Dərdin-bəlan mənə gəlin, ay bala!
    Sənan xəyaldan ayrılıb anasına yaxınlaşdı, onun boynunu qucaqlayıb dedi:
  • Heç nə fikirləşmirəm, ana! Bu yerlərdən çıxıb getmək istəyirəm.
  • Hara?
  • Heç özüm də bilmirəm. Ancaq onu bilirəm ki, daha belə yaşamaq istəmirəm.axı mən də insanam. Nə vaxta kimi qoltuqlarda sürünəcəyəm?
  • Qoltuqlarda niyə sürünürsən, oğul? – cavab gözləmədən soruşdu: «Ocaq»da işləyə bilərsən?
  • Nə işdi o? Qab yumalıyam, yoxsa müştərilərə yemək daşımalıyam? – Acıqlanan kimi oldu.
  • Ay oğul, mən neçə illərdir ki, «Ocaq»da qabları yuyuram. Muncuğum düşməyib ki? Atan da orada işləyirdi. Yazığı tok vurub öldürdü. Görünür, qismətimiz belədir.
  • Mənə belə qismət lazım deyil! – Sənan hirsindən göm-göy göyərdi. Deyəsən, yenə də cirni tuturdu. Anası da bunu hiss elədi və o dəqiqə də valı çevirib gülümsədi:
  • Nə deyirəm, ay oğul! Özün bilən məsləhətdi.
  • Ana, bir söz desəm acığın tutmaz ki?
  • Niyə tutur, ay oğul!
    Sənan əlilə boynunun ardını qaşıyıb dedi:
  • Rusetə getmək istəyirəm.
  • Hara?
  • Rusetə.
  • Ay oğul, sənin rusetdə nə işin var?
  • Ana, Rusiyanın hansı şəhərinə getsən orada ruslardan çox azərbaycanlı var.
    Aybəniz dərindən ah çəkib yenə də aşağı çömbəlib əvvəlki yerində oturdu və başını iki əlinin arasına alıb qəflətən hönkürdü.
    Sənanın anasına yazığı gəldi. Qəhər onu boğdu. Nəsə demək istədi, amma səsi içindən çıxmadı. Anası qocalmışdı. Elə bil ki, səksən-doxsan yaşlarında qoca qarıydı. Halbuki onun vur-tut 44 yaşı vardı. Sənan müharibəyə gedəndə onun boynunu qucaqlayıb demişdi: – Düşmən qabağından qaçma, oğul! Yoxsa südümü sənə halal eləmərəm.
    Sənan dava paltarını əynindən çıxarana kimi anasının bu sözlərini qulaqlarında sırğa eləmişdi. O, düşmən qabağından qaçan oğullardan deyildi, ksinə, «dəmir atını» hamıdan qabaqda «çapır», erməniləri göz açmağa imkan vermirdi. O, həm də şəhid olmaq istəyirdi. İstəyirdi ki, işləməkdən beli bükülmüş, əlləri qırış-qırış olmuş anası onun ölümündən sonra gedib «Ocaq» restoranında qab-qacaq yumasın, kipriylə od götürə-götürə böyütdüyü oğlunun «çörəyini» yesin. Amma Sənanın arzusu ürəyində qaldı, şəhid olmadı, yüzlərlə əsgərin ölümünə şahid oldu. Bu, ona əzab verirdi. Döyüşçü yoldaşlarının ölümü onun ürəyini yandırırdı, qəlbini dağlayırdı. Qolları üstündə can verdiyi Qabilin ölümü isə dünyanı onun başına dar eləmişdi. Qabilin sözlərini hər dəfə yadına salanda dəli kimi bağırmaq istəyirdi: «Anama deyərsən ki…» – Qabil sözünü tamamlaya bilməsə də Sənan onun nə demək istədiyini yaxşı bilirdi, çünki sonuncu döyüşdən bir gün əvvəl Qabil əllərini göyə qaldırıb demişdi: «Allahım, mənə şəhidlik şərbəti içirt. Anam yataq xəstəsidir. Atam dərman pulunu çatdıra bilmir. Qapılarda fəhləlik etməklə boğazını güclə saxlayır» . -Sənan ona baxıb qəhərlənmişdi. Sonra isə demişdi: « Qoy Allah, mənə də şəhidlik qismət eləsin!» – Amma Sənan şəhid olmadı. Qabil Sənanın qolları üstündə canını tapşırandan düz altı ay sonra anası onun «məvacibini» alanda gözlərinin yaşını sel kimi axıdaraq düşündü: – Görəsən, yazıq Aybəniz neyləyir? Toydan-toya gündə on beş manat almaqla necə dolanır. Hər gün evində qazan asa bilirmi? – Ancaq Qabilin anası bilmirdi ki, Aybəniz daha «Ocaq»da işləmir. Sol gözü ağlamaqdan tutulub və o, əməliyyat olunmalıdı. Əməliyyat olunmaq üçün də bir ətək pul lazım idi. Və ona görə də Sənan çıxıb Rusiyaya getmək istəyirdi. Onun özü demişkən orada yaxşı dolanışıq vardı; iş d əki, nə qədər istəsən… O, anasının gözünü əməliyyat elətdirmək üçün gedib Rusiyada işləmək istəyirdi.
    Sənan düz altı ay iş axtarmışdı, düz üç dəfə İcra başçımsının qəbulunda olmuşdu. Hər dəfə də icra başçısı onun yaxasına düzdüyü orden və medallara gözucu baxaraq demişdi: «Süpürgəçi işləyə bilərsənmi?». – Onun bu təklifindən sonra Sənanın əl-ayağı yerdən-göydən üzüldüyünə görə Rusiyaya getməyə qəti qərar vermişdi, amma yol pulu tapa bilmirdi. Bu gün isə köhnə kamodun siyirməsində saxlanan orden və medalları gözlərinin qabağına gətirib uşaq kimi sevinmişdi. Təkcə «Şuşanın azad edilməsinə görə» medalını satsaydı, təyyarəyə bilet alıb özünü Surqut şəhərinə çatdıra bilərdi.
    …Sənan anasına baxıb nəsə demək istədi. Amma heç nə demədi. İti addımlarla palçıqşdan tikilmiş otağa keçib köhnə kamoda yaxınlaşdı, siyirməni çəkib yan-yana düzülmüş orden və medallara baxdı. Sonra da Maqadan Rasimin oğlu Niyazın sözlərini xatırladı: «Sənə yaxşı pul verərəm. Yaxana düzdüyün o medallardan birini mənə satginan» – Sənan key-key onun üzünə baxıb: – Bu, sənin nəyinə lazımdır? Sən ki, müharibədə olmamısan. Heç Şuşa şəhərinin harada olduğunu da bilmirsən. – A kişi, sənə nə var? Satırsan, ya yox? – Satmıram. – Sənan onun üzünə bozarmışdı. – Özün bilərsən! – Maqadan Rvasimin oğlu onu başdan-ayağa süzüb əlavə eləmişdi: – Cinindən cin hürkür. Acından öləndə dəmir-dümürləri yeyəcəksən? – Sonra o, əlini yelləyib qara rəngli «Ronce Rover»ə yaxınlaşmışdı.
    Maqadan Rasimin oğlu onunla bir sinifdə oxumuşdu. Müharibə başlayan günü o, yağlı əppək olub göyə çıxmışdı. Yağlı əppək olub göyə çıxmışdı deyəndə müharibənin üçünqcü günü Maqadan Rasimin oğlu təyyarəyə bilet alıb özünü atasına çatdırmışdı. Bunu Sənan bilmirdi. Sənan həm də bilmirdi ki, dostu Qabilin tabutu anasının üstünə gələn günü Maqadan Rasimin oğlu on altı yaşlı Olyanı çılpaq soyundurub onun lüt bədəninibeş minlik rus pulları ilə örtürdü. Sənan onu da bilmirdi ki, Maqadan Rasimin oğlu on beş yaşlı Olyanın lüt bədənini pulla örtəndə Qabilin anası oğlunun tabutunu xonça ilə qarşılayıb qabağında oynayırdı.
    Sənan çox şeyi bilmirdi. Amma onu yaxşı bilirdi ki, çıxıb Surquta getməlidi. Getməsə ürəyi partlayar. O isə hələ yaşamaq istəyirdi. Yaşamaq istəyirdi ki, pul qazanıb anasının tutulmuş gözünü əməliyyat elətdirsin.
    …Medalların ikisini cibinə qoyub yenidən həyətə düşdü. Anası hələ də kötüyün üstündə oturub sağ gözünü bir nöqtəyə dikmişdi. O, nə fikirləşirdi? Bunu Sənan özlüyündə yəqin etmək istədi. Yəqin etdi də…
    Üç gündən sonra Sənanı kənddə görən olmadı. O, Maqadan Rasimin oğluyla görüşəndən sonra özünü Surqut şəhərinə çatdırmışdı.
  • 10 noyabr, 2025

Müəllif: Hüseyn İsaoğlu (Məmmədov)

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir