www.bitik.az tərəfindən yazılmış bütün yazılar

Babəklər yurdunun hürr övladıyam!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Türkan Hüseynlinin “Yazın gəlişi” əsəri haqqında

Türkan Hüseynlinin “Yazın gəlişi” əsəri haqqında
(ikinci yazı)
Təsviri sənət insanın daxili aləminin ən saf və birbaşa ifadə vasitələrindən biridir. Xüsusilə uşaq və yeniyetmə rəssamların əsərlərində bu saflıq daha aydın hiss olunur. Gənc rəssam Türkan Hüseynlinin “Yazın gəlişi” adlı əsəri də məhz belə səmimi, təbii və duyğularla zəngin yaradıcılıq nümunəsidir. Bu tablo yalnız bir təbiət təsviri deyil, həm də ümidin, yenilənmənin və saf duyğuların bədii ifadəsidir.
Əsərə ilk baxışda diqqəti cəlb edən əsas məqam onun rəng palitrasıdır. Rəssam yaz fəslinin xarakterik çalarlarını – yaşılın müxtəlif tonlarını, göyün sakit mavilərini və çiçəklərin parlaq rənglərini ustalıqla bir araya gətirmişdir. Yaz fəsli təbiətin oyanışı, həyatın yenidən başlanğıcı kimi qəbul olunur və bu xüsusiyyətlər əsərdə açıq şəkildə hiss olunur. Təbiətdə baş verən bu dəyişikliklər insan psixologiyasına da müsbət təsir göstərir, ona enerji və ruh yüksəkliyi bəxş edir . Türkanın əsəri də məhz bu müsbət enerjini tamaşaçıya ötürməyi bacarır.
Kompozisiyanın mərkəzində geniş çəmənlik təsviri yer alır. Bu çəmənlikdə müxtəlif rəngli güllər – qırmızı, mavi, sarı tonlarda təsvir olunmuş çiçəklər həyatın rəngarəngliyini simvolizə edir. Güllərin müxtəlif ölçülərdə verilməsi isə perspektiv hissini gücləndirir və əsərə dinamika qatır. Bu çiçəklər yalnız təbiətin elementi deyil, həm də sevincin, ümidin və gələcəyə inamın rəmzidir.
Əsərin sol hissəsində yerləşən ağac və onun altında təsvir olunmuş kiçik fiqur xüsusi diqqət çəkir. Bu fiqur sanki təbiətlə dialoq halındadır – ya dua edir, ya da sadəcə yazın gəlişini hiss edərək ona heyran qalır. Bu detal əsərə fəlsəfi məna qatır: insan və təbiət vəhdəti, insanın təbiət qarşısında kiçik, lakin duyğusal varlıq olması ideyası ön plana çıxır.
Rəsmin aşağı hissəsində verilmiş kiçik su hövzəsi isə həyatın davamlılığını, təbiətin dövranını simvolizə edir. Suyun içindəki detallar – balıqları xatırladan formalar, su bitkiləri – kompozisiyanı zənginləşdirir və onu daha canlı edir. Bu elementlər uşağa xas müşahidə qabiliyyətinin və təxəyyülün gücünü göstərir.
Göy üzündə çəkilmiş ay fiquru isə əsərə xüsusi poetik çalar verir. Adətən yaz mövzulu rəsmlərdə günəş dominant olur, lakin burada ayın seçilməsi rəssamın fərqli baxışını nümayiş etdirir. Bu, həm də gecə ilə gündüzün, sakitliklə oyanışın vəhdətini ifadə edə bilər.
Türkan Hüseynlinin bu əsərində diqqət çəkən ən mühüm cəhətlərdən biri onun səmimiyyətidir. Burada akademik qaydalardan daha çox duyğu, təmiz baxış və uşağa xas fantaziya ön plandadır. Bu isə əsəri daha təsirli və yadda qalan edir. Belə işlər göstərir ki, gənc rəssamın yaradıcılıq potensialı kifayət qədər yüksəkdir və düzgün istiqamətləndirildikdə gələcəkdə daha yetkin və dərin əsərlər ortaya qoya bilər.
Publisistik baxımdan yanaşdıqda, “Yazın gəlişi” əsəri təkcə bir rəsm deyil, həm də bir mesajdır. Bu mesaj insanları təbiətə daha həssas yanaşmağa, onun gözəlliklərini görməyə və qiymətləndirməyə çağırır. Eyni zamanda, bu əsər uşaqların yaradıcılıq imkanlarının dəstəklənməsinin nə qədər vacib olduğunu bir daha göstərir.
Nəticə etibarilə, Türkan Hüseynlinin “Yazın gəlişi” əsəri həm estetik, həm də mənəvi baxımdan dəyərli bir yaradıcılıq nümunəsidir. Bu tablo baharın təravətini, uşaqlıq saflığını və insanın təbiətlə harmoniyasını özündə birləşdirərək tamaşaçıya sadə, lakin dərin bir duyğu yaşadır.

RƏNGLƏRİN DİLƏ GƏLDİYİ UŞAQLIQ DÜNYASI

Rəsm əsərlərinin analizi üzrə baş məsləhətçi:

Psixoloq Lalə Əhmədova

Zaur Ustac və Türkan Hüseynli

Müəllif: Zaur USTAC

Türkan Hüseynli haqqında

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Türkan Alpturan (Hüseynli) (2018)

Türkan Alpturan (Hüseynli)

Türkan Alpturan (Hüseynli) 13 aprel 2018-ci ildə Bakı şəhərində anadan olub. Kiçik yaşlarından rəsmə böyük maraq göstərir. Hal-hazırda rəsm təhsilini davam etdirən Türkan bu sahədə ilk təhsilini 2024-cü ildə Türkiyə Cumhuriyətinin Eskişehir şəhərində ESAZDER-in (Eskişehir Azərbaycanlılar Dərnəyi) nəzdində olan uşaq dərnəyində almışdır.
İngilis dili təmayüllü liseyin rus dili bölməsində ikinci sinif şagirdi olan Türkan öz ana dili – Azərbaycan dilini gözəl bilir, bu dildə kiçik hekayələr yazır. Eyni zamanda yapon dilini də öyrənir.
Boş vaxtlarında gimnastika ilə məşğul olur. Musiqiyə böyük marağı olan Türkan pianoda ifa etməyi də öyrənir.
Balaca rəssamın ad gününü təbrik edir, uğurlar diləyir, həyatının rəssam palitrasındakı rənglər kimi rəngarəng olmasını arzulayırıq.

Daha çox məlumat: >>> Xüsusi buraxılış 61

Türkan Alpturan (Hüseynli)nin fotoları

Türkan Alpturan (Hüseynli)nin rəsmləri

Zaur UstacTürkan Alpturan (Hüseynli)

Təqdim etdi: Zaur USTAC

Türkan Alpturan (Hüseynli)nin hekayələri

Türkan Alpturan (Hüseynli) haqqında

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Əli bəy AZƏRİ yazır

VƏTƏNLƏŞƏN OĞULLARIN POEMASI

Asya Əhmədovanın “Sən Vətənsən” poemasında real həyatla mifoloji tale yazısı sintezi

Dədələr “İgid ölər, adı qalar” deyiblər. Nədənsə Qarabağ üzərində Ermənistan-Azərbaycan savaşı başlanandan sonra elin dilində igidi şəhid əvəzlədi. Millət döyüşlərdə şücaət göstərib-göstərmədiyinə fərq qoymadan müharibədə həlak olmuş bütün oğullarına eyni qaydada yas saxladı. Bəlkə, bu da bir hikmətdəndir. Ruhaniyyətdə heç nə hikmətsiz deyildir. Onsuz da insan dərrakəsi şəhidlərini mərtəbəsinə görə uğurlamaqda tam ədalət sahibi deyildir.

Yaradan öz hümmətinə doğru yol göstərmək üçün zaman-zaman peyğəmbərlər göndərib. Peyğəmbərlər də özlərindən sonra savaba alqış şairləri göstərib. “Yaradan onlara da yaratmaq istedadı bəxş edib”, deyib. Əlbəttə, o şairləri ki, vətəndən, millətdən salnamə yazsın. O şairləri ki, torpaq uğrunda, din uğrunda, dil uğrunda canından keçmiş igidlərin adını əbədiləşdirsin. İgidin adı bədii əsərlərdə (dastanlarda, romanlarda, poemalarda) əbədiləşməzsə, sonrakı nəsillər onları necə tanıyar?

Ən azı buna görə şair Asya Əhmədovanı alqışlamaq, onun “Sən Vətənsən” poemasını təqdirəlayiq hesab etmək olar. Poema Vətən Müharibəsi Qəhrəmanı şəhid kapitan Noçuyev Surxay Əbdül oğlunun əziz xatirəsinə həsr olunub. Düzdür, Qəhrəman Surxay Noçuyev haqqında onlarla məqalə, oçerk, xatirə yazısı yazılıb. Yazıçı Azad Qaradərəli “Noçuyev taktikası” adlı hekayə yazıb. Yazıçı Ayaz İmranoğlu “Komutan” romanında Surxayın əbədi və ədəbi obrazını yaradıb. Lakin bunlarla yanaşı poemanın da xüsusi yeri, xüsusi çəkisi var. Romandan, hekayədən hər hansı bir bölməni nəql etmək olar. Poemadan isə hansısa parçanı əzbərdən söyləməklə həm qəhrəmanı yad etmiş olursan, həm də onu yad edənlərin ovqatını kökləyə bilərsən.   

Asya Əhmədovanın “Sən Vətənsən” poeması cəmiyyət tərəfindən rəğbətlə qarşılandı. Hətta söz-qələm adamları yazılı mediada öz münasibətlərini də bildirdilər. Düzdür, şair poemanı dərhal çapa göndərməyib. Əhatəsində olan elm, ədəbiyyat mənsublarına oxudub, çap üçün yetərli olub-olmadığını öyrənmək üçün onların münasibətini soruşub. Həmin adamlardan bəziləri poema haqqında öz fikirlərini resenziya-rəy formasında yazaraq bildiriblər. Onlardan tarix elmləri doktoru Eynulla Mədətlinin, şair Ramiz Qusarçaylının, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun, filologiya elmləri doktoru Mərziyyə Nəcəfovanın qələm məhsullarını Asya Əhmədova poemanı kitab şəklində çap etdirəndə kitaba daxil edib. 

Surxay Noçuyev əslən Zəngilan rayonunun Məmmədbəyli kəndindəndir. Rayonu uşaq yaşlarında erməni işğalı nəticəsində tərk edib. Asya Əhmədova da o kənddə doğulub boya-başa çatıb. Əlbəttə, Surxayın həyatını, döyüş yolunu, göstərdiyi şücaət və igidliklərini ilk olaraq onu tanıyanlar, yaxud, daha çox məlumat toplamaq imkanı olanlar qələmə alsalar, daha mükəmməl obraz yaranar, daha dolğun bir əsər üzə çıxar. Peyğəmbərin Yaradan tərəfdən ondan sonra şairlərə xüsusi lütf verildiyinin də hikməti, zənnimcə, elə bundadır.

Adətən, əsərlərdə proloq verilir, bu hissə, sanki məbədin giriş qapısıdır. Asya Əhmədova “Azərbaycan” deyə sözünə başlayır. Məhz, belə də olmalıdı. Qəhrəmanlıq salnaməsi elə-belə də başlamalıdı. Bu adın müqəddəsliyini damarlarımızda hiss etməsək, əzəmətini duymasaq, nə onun uğrunda canımızdan keçə, nə də mükəmməl əsərlər yarada bilərik.

“Hər daşında bir igidin tarixçəsi, Bayrağında şəhidlərin vüqarı var”, “Oğulların səngərlərdə qurd ürəkli, Qartal kimi dayandılar dağ başında” kimi beytlərlə Asya Əhmədova Vətənin əzəmətini vurğulayır, hər zaman igidlərin səngərdə müdafiədə durduqlarını qeyd edir, eyni zamanda dağ başında qartal kimi qorxmazcasına dayandıqlarını diqqətə çatdırır. Surxay da bu igidlərdən biridir. “Körpə idi, uşaq idi Surxayın da, Ürəyinə Vətən dərdi saplananda” deyə qəhrəman bu Vətəni uşaqlıqdan ürəyinə saplanan dərd olaraq gəzdirib, şəhadətə yüksələnə qədər yaşadıb və özü də bu boyda dərdlə bərabər Vətənləşib. Vətənləşmək isə yalnız əməllə sübut olunur. Dünyada ən müqəddəs hesab etdiyin şirin canı Vətən yolunda əsirgəmirsənsə, deməli, vətənləşirsən. 

Bu məqamın poemada necə əks olunduğunu filologiya elmləri doktoru Mərziyyə Nəcəfova da “Vətənpərvərliyin poetik dərki” yazısında qeyd edib. “Asya Əhmədova Surxayın simasında Azərbaycanın bütövlüyü uğrunda canından keçib, Vətən olan oğulların şücaətini bütün tamlığı ilə ifadə edə, o oğulların döyüş boyu qəhrəmanlıqlarını misralara gətirə bilib. “Vətənçün canından, qanından keçib, Olur Vətən boyda Vətən oğullar!”” 

Asya Əhmədova bu, ilk irihəcmli poetik əsəri ilə Surxay Noçuyevin timsalında, sanki, min illər boyu başına müsibətlər gətirilmiş böyük bir millətin növbəti qərinəsinə nəzər salmışdır, bir salnamə yaratmışdır. Bu salnamədə bölmə-bölmə sinədağlayandan qələbə qüruru yaşadanadək bütün hadisələr öz axarı ilə nəzmə çəkilmişdir. Qarabağ üzərində qurulmuş savaş böyüyür. Qonşu rayonlar bir-birinin ardıca erməni qoşunları tərəfindən işğal olunur. Yurd-yuvasından didərgin salınmış millət vətən boyu pərən-pərən düşür. Doğma eli tərk etmək istəməyən bir el – Zəngilan mahalı öz igidləri sayəsində dirəniş göstərir, vuruşur və üçtərəfli mühasirəyə düşür, mərkəzlə bütün əlaqələr kəsilir. “Bir el addımlayır Araza sarı” bölməsində Asya Əhmədova qeyd edir:

Gələrmi hardansa kömək bir daha?

Salamat çıxarmı güman sabaha?

Ümidin bağlayıb göydə Allaha,

Bir el addımlayır Araza sarı.

Bilmirəm, müəllif o dövrü yaşayıbmı? Hər halda yaşamasaydı, bu cür təsirli təsvir edə bilməzdi. Üstündən bu qədər müddət keçsə belə zəngilanlılar o dövrü xatırlayanda üzüntüsüz, göz yaşı axıtmadan ötüşə bilmirlər. Bu, faktdır. Hərbçilər döyüşə-döyüşə geri çəkilirdilər. Meğri, Qafan, işğal olunmuş qonşu Qubadlı və Cəbrayıl rayonları tərəfdən ən azı 4-5 dəfə üstünlüyə malik erməni ordusu Zəngilan alayını Araz çayına – İranla sərhəddə tərəf sıxışdırıb geri çəkilməyə məcbur edirdi. Əhaliyə doğma yurd yerlərini tərk edib Araza üz tutmaqdan başqa çıxış yolu qalmamışdı.

Əlbəttə, müharibə əsəri tamam başqadır. Asya Əhmədovanın “Sən Vətənsən” poemasına da bütövlükdə müharibə əsəri kimi baxmaq düzgün deyil. Yuxarıda qeyd olunduğu kimi bu poema bir dövrün, bir qərinənin salnaməsidir. Müharibənin vurduğu yaralar isə poemada çox təsirli şəkildə ifadə olunub.

Köçkün həyatı, çadırların çətin şəraiti, mərhələlərlə yataqxanalara köçürülmə və bu çadır-yataqxanalarda Vətən adlı böyük bir dərdlə böyüyən, torpaqları erməni işğalından azad etmək fikrini bir an belə ağlından çıxartmayan uşaqların, yeniyetmələrin, oğulların ən qüvvətlisi Surxayın simasında cəmləşib. Ancaq arada “Atəşkəs” var, ölkə bu rejimdə yaşamağa, işğala hələ ki, dözməyə məcburdur.

Qəlbində nisgil yaşada-yaşada Surxay böyüyür. Dərsə gedir, yeni tanış olduğu, dostlaşdığı həmyaşıdları ilə müxtəlif oyunlar oynaya-oynaya püxtələşir. Heç vaxt yaddaşından çıxartmadığı, istəsə belə çıxarda bilmədiyi yol ilə – Vətəninin azad etmək üçün əməyini, canını belə əsirgəməyəcəyi yol ilə irəliləyir. Bu yol onu əbədiyyata aparır.

Müəllif Surxayı birdən-birə qəhrəman kimi təqdim etmir, ancaq misra-misra buna zəmin yaradır. Surxayın doğulub boya-başa çatdığı yurd yerlərini, təkcə barı, bəhəri, bərəkəti ilə seçilməyən, həm də bu yerin qidası ilə böyüyüb qüvvətli ərən olanlardan söz açır. Zəngilanı son damla qanınadək qoruyan bəzi igidlərdən, onların döyüş yolundan bəhs edir. Artıq dastana çevrilmiş yeddi polisi, son anadək səngərdən çıxmayan, çox qüvvətli düşmənə müqavimət göstərən yeddi polis döyüşçüsünü xatırladır. Surxay bunları məktəbdə müəllimlərdən, evdə doğmalarından eşidə-eşidə irəliləyir, lakin hələlik bir iş görə bilmir. Çünki “Atəşkəs” rejimidir, bir iş görmək üçün isə şərait yetişməlidir. 

Bu ərəfədə Tovuz hadisələri baş verir. Asya Əhmədova bu hadisəni nəzərdən qaçırmır. 44 günlük Vətən Müharibəsinin, bəlkə də, başlama səbəbini elə bu hadisədə axtarır. Sözsüz ki, “Atəşkəs”ə məhəl qoymayan ermənilər tez-tez təxribat törədirdilər. Generalla bərabər on dörd rütbəli hərbçinin ölümü ilə nəticələnən Tovuz hadisələri bu təxribatların ən böyüyü idi. Asya xanım yazır:

General ölmüşdü, şəhid ruhuydu,

Ayağa qaldırıb xalqı, milləti.

Sıyrılıb yayından çıxan oxuydu,

Kimsə görməmişdi belə qeyrəti.

Bəli, o gün millət birləşmişdi, bütövləşmişdi, hamı küçələrə çıxmışdı, qisas tələb edirdi. Amma ölkə qanunlarla idarə olunur. Ali Baş Komandan səbrlə, təmkinlə gözləyirdi. O, bilirdi ki, ermənilər dinc durmayacaq, yenə təxribatlar törədəcək və torpaqlarımızı azad etmək üçün zəmin yaradacaq. Lakin son dəfə Beynəlxalq Təşkilatların bu təxribata da necə reaksiya verəcəyini gözləyirdi. Eyni zamanda son hazırlıq işləri görülürdü. Səfərbərlik və Hərbi Xidmətə Çağırış bölmələri tərəfindən könüllü şəkildə torpaqlarımızın erməni işğalından azad olunmasına qoşulanların siyahıyaalınması keçirilirdi. Əlbəttə, bir neçə gün ərzində bu siyahı on min nəfərin üzərindən o tərəfə keçmişdi. Ordu və digər qoşun növlərində döyüş təlimləri keçirilirdi.

Nəhayət, Beynəlxalq Təşkilatların susqunluğu və ermənilərin növbəti təxribatı Ali Baş Komandanı iradə nümayiş etdirməyə səslədi.

Sonda bir məsələni qeyd etməmək mümkünsüzdür. Poemada insan obrazları ilə yanaşı bir fəsil obrazı da var. Bu fəsil Payızdır. “Epiloq”da Asya Əhmədova yazır:

Bu dünyaya göz açsam da səndə, payız,

Dəyərini bilməmişəm,

Gələn yazı gözləmişəm,

Mən səni heç sevməmişəm.

Torpaqların son işğalı payızda oldu. İşğal tarixli fəsli necə sevmək olar? Amma güc, enerji təkcə sevgidən yaranmır, həm də qəm-kədərdən, nifrətdən yaranır. Azərbaycan bu işğalla barışmadı, yaşadı, böyüdü, kədərindən enerji aldı, güc aldı.

Asya Əhmədova qəhrəmanının həyatında Payızın xüsusi yer tutduğunu vurğulayır. Payızda dünyaya gəlir, Payızda ailə qurur, xoşbəxliyinə qovuşur, Payızda uzun müddət qəlbində bəslədiyi torpaqların azad olunması uğrunda savaşa atılır, Payızda ikinci övladının dünyaya gəlməsi xəbərini alıb sevinir, Payızda vuruşa-vuruşa Qarabağın tacı Şuşa şəhərinin azad olunmasında iştirak edir və… şəhadətə qovuşur. Bəlkə də bu, bir mistikadır, mifoloji tale yazısıdır.

“Mən səni sevdim, Payız,

Mən səni sevdim, Payız!” 

Bütün bunlar poemada təfsilatı ilə təsvir olunub. Məncə, çox təsirli də təsvir olunub. Təhlil olunası çox mətləblər var. Lakin bir yazıda bunların hamısına münasibət bildirmək mümkünsüzdür və bu, sırf mütəxəssislərin öhdəsindədir.

Bütün bunlara rəğmən poema mükəmməl bir əsər kimi Azərbaycan ədəbiyyatına öz töhfəsini vermiş olur. Sözsüz ki, ədəbiyyatşünaslar tərəfindən dəyərləndirməlidir.

29.01.2026, Xırdalan şəhəri

Asya Əhmədovanın yazıları

Əli bəy Azəri

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru

Əli bəy Azərinin yazıları


ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Müqəddəs Zəfər: 2 -ci hekayə

Əvvəli burada: Müqəddəs Zəfər: 1-ci hekayə

FOTO

Kaftar yuvaları

                                               (“Müqəddəs zəfər”:  2-ci hekayə)

            …Tabor komandiri mayor Sabir Ələkbərov şəxsi heyətə müraciət edərək sözə başladı:

-Qardaşlar! Artıq Vətən Müharibəsinin başladığını bilirsiniz. Bu gün səhər işğalçı Ermənistanın hərbi birləşmələri yeni torpaqlar zəbt etmək iştahası ilə bütün təmas xətti boyunca hücuma keçmişdir. Əllərində olan bütün növ silahlardan istifadə edirlər. Cənab Ali Baş Komandan bu işğala son qoymaq üçün “Əks hücum” planı üzrə azğın düşmən qüvvələrini geri oturtmaq, onları müqəddəs torpaqlarımızdan qovub çıxarmaq barədə əmr vermişdir. Bəli, səbirsizliklə gözlədiyimiz an gəlib çatdı. Mən qısa, lakin aydın danışmağa çalışacağam.

Sonra divardan asılmış xəritəyə yaxınlaşdı.

-Gördüyünüz kimi, xəritədə şimaldan cənuba təmas xətti boyunca və üzü qərbə doğru daha dərinliklərdə düşmənin müşahidə məntəqələrinin, dayaq postalrının, hərbi hissələrin, silah-sursat anbarlarının, digər istehkam və qurğularının yerləri əks olunmuşdur,- əlindəki karandaşla haşiyəyə alınmış və nömrələnmiş yerləri göstərərək davam etdi,- Bunlar həmin məntəqələr və postlardır. Şimaldan cənuba doğru ardıcıl olaraq nömrələniblər. Şərti olaraq bu məntəqlər “kaftar yuvaları” adlandırılıb. Qısa olsun deyə “KY1”, “KY2”, “KY3” və sairə kimi işarələnib. Yəni, “kafat yuvası 1, 2, 3 və sairə”. Bilirsinizmi niyə? Çünki, bu vəhşi yaramazlar müqəddəs torpaqlarımızı goreşən kimi dəlik-deşib edərək özlərinə yuvalar qurublar. İnşallah, bu yuvalar onların axırıncı gördükləri olar. Yeri gəlmişkən, onların keçilməz hesab etdikləri dırnaqarası “Ohanyan səddi” artıq ordumuza lazım olan yerlərdən yarılmışdır. Moto-atıcı qüvvələrimiz sürətlə irliləməkdədir. Qardaşlarım, ötən illər ərzində biz sizinlə dəfələrlə minalanmış ərazilərdən keçərək kəşfiyyat tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənə zaman-zaman layiqli dərs vermişik. Bu dəfə isə, onları son nəfərinə qədər torpaqlarımızdan qovub çıxaracağıq. Əlbəttə, sağ qalanlarını. Beləliklə, düz yarım saatdan sonra hərəkətə keçirik. Gecə ikən minalanmış sahələrdən keçib, bizə tapşırılmış məntəqələri dığalardan azad edərək Milli Ordunun əsgərlərinə təhvil verəcək, tapşırıq üzrə, düşmənin dayaq məntəqələrini məhv etməkdə davam edəcəyik… Görürəm ki, sıralarımızda yeni döyüşçülər var. XTQ ailəsinə xoş gəlmisiniz,-üzünü gənc döyüşçülərə tutub davam etdi,- Yəqin ki, komandirləriniz ailəmiz barədə sizə kifayət qədər məlumat veriblər. Biz bir-birimizə qardaşdan da yaxınıq, bunu heç vaxt unutmayın.

Sonra tağım komandirlərini yanına çağırdı: “Gəlin xəritələrinizi götürün”.

            Gecə yarıdan keçmişdi. Minalanmış ərazilər artıq arxada qalmışdı. Münasib bir yerdə dayandılar. Komandir zabutləri yanına çağırdı.

-Qardaşlarım, bu andan etibarən dəstələrə bölünüb öhtəmizə düşən kaftar yuvallarını dağıtmaq üçün hərəkətə keçəcəyik. “KY14”-ə mən gedirəm, “KY13”-ə baş leytnant Əmrah Cəfəov və “KY15”-ə baş letnant Dəyanət Aslanlı. Leytnant Ağamalıyev, sənin tağımın mənim sərəncamıma keçir, bu o deməkdir ki, sən də mənimlə gedirsən. Əvvəllər olduğu kimi, sakitcə, düşməni ürkütmədən onları əhatəyə alıb mövqelənəcəyik. Hər tərəfdən snayperlər bizi mühafizə edəcək və qaçmağa cəhd edən dığaları sərrast atəşlərlə məhv edəcəklər. Səhər saat dörd tamamda, eyni vaxtda həmlə edəcəyik. Postlar arasındakı məsafələr uzaq və relyef mürəkkəb olduğu üçün, bir-birimizi görməyəcəyik.  Odur ki, saatlarımızı yoxlamalıyıq… Bizim üç saata yaxın vaxtımız var. Bu müddət ərzində düşmənin qeyd olunan məntəqələrinə çatıb mövqelənəcəyik. Dediyim kimi, saat dörd tamamda həmlə edib, bacardıqca tez və səs-küy yaratmadan kaftar yuvalarını dağıdacağıq. Unutmayın, bir dığa belə gözdən yayınıb qaçmamalıdır. Bu əməliyyat onların digər postları üçün ən yaxşı “sürprizimiz” olmalıdır. Azad etdiyimiz postların mühafizəsini təşkil edib, Milli Ordunun döyüşçüləri gələnə qədər gözləyəcəyik. Postları onlara təhvil verdikdən sonra dərhal, “KY14”-də toplanacağıq. Yenə də gecə saatlarında Hadrut istiqamətinə gedən yolu mühafizə edən “KY16” və Cəbrayıl istiqamətinə gedən yolu mühafizə edən “KY17” postlarını ələ keçirmək üçün iki dəstəyə bölünüb hərəkətə keçəcəyik. Hər şey aydındırmı?

-Aydındır komandir,- deyə hər üçü cavab verdi.

-Di onda haydı, Allah amanında! Özünüzü və şəxsi heyəti qoruyun, qardaşlar!

Qucaqlaşıb ayrıldılar.

            Mayor Ələkbərov sürünərək müşahidə postunun 5-6 metrliyinə çatdı. Əli ilə digərlərinə də yaxınlaşmaq barədə göstəriş verdi. Döyüşçülər təlimdə olduğu kimi bir-birlərindən müəyyən məsafədə səngər boyu mövqe tutdular. Keşikdə dayanmalı olan erməni əsgəri avtomatı qucağına alıb müşahidə məntəqəsinin divarına söykənib mürgüləyirdi. O biriləri isə iki-iki, üç-üç səngərdə, torpağın üstündə yan-yana yatmışdılar. Adamın onlara yazığı gəlirdi. Lakin… Komandir saatına baxdı, bir neçə dəqiqə də gözlədi. Sol əlini qaldırıb snayperçiyə keşikçini vurmaq barədə işarə etdi. İki ədəd əl qumbarasını səngərə, düşmən əsgərlərinin sıx yerinə tulladı. Həmin an da snayper gülləsi keşikçini yerə sərdi. Bu “hücum” əmri idi. Səngər boyu qumbaralar partlamağa başladı. Dığalar yuxudan tamam-kamal ayılmağa belə imkan tapmadılar. İgidlərimiz artıq səngərdə onları məhv edirdilər. Qaçmaq istəyənlər isə snayper gülləsinə tuş gəlirdilər.

            Əməliyyat qısa müddətə və uğurla başa çatdı. İtkimiz yox idi, yalnız Leytnant Ağamalıyevin dizi daşa dəydiyi üçün yüngülcə zədələnmişdi. Düşmənin isə əlli nəfərədək canlı qüvvəsi məhv edilmişdi. Komandir onların leşlərini səngərdə səliqə ilə yan-yana düzmək göstərişini verdi. Sonra onların silah-sursatlarını götürüb postdan 30-35 metr kənarda təpənin arxasında mövqeləndilər. Bir qədər sonra baş leytnant Cəfərovdan məlumat gəldi: ”“KY13” kaftarlardan təmizləndi. İki nəfər yaralımız var. Onlara ilk tibbi  yardım göstərmişik”. Təxminən iyirmi dəqiqədən sonra baş leytnant Aslanlı da raport verdi: “Tapşırıq yerinə yetirildi. Düşmənin sayı biz gözlədiyimizdən xeyli çox, səksən nəfərə yaxın idi. Onların çoxu ön cəbhədən qaçanlar idi. Bunu həmlədən qabaq müşahidə edərkən aydınlaşdırmışdıq. Çünki, aralarında çoxlu yaralı var idi… Təəsüf ki, itkisiz ötüşmək mümkün olmadı, gizir Əhmədov və əsgər Mehdizadə şəhid oldular. Üç nəfər yaralımız var, birinin vəziyyəti ağırdır”. Mayor Ələkbərov hər ikisinə mühafizəni təşkil edib gözləmək tapşırığı verdi. Özü isə qərargahla əlaqə saxlayıb vəziyyət barədə məlumat verdi. Yaralı və şəhidlərin təxliyyəsinin təşkil olunmasını xahiş etdi.

            Artıq hava işıqlanmışdı. Gecəki sakitlikdən əsər-əlamət qalmamışdı, hər iki tərəfdən atılan mərmilər, raketlər vıyıltı ilə o tərəf- bu tərəfə uçurdu. Mayor düşmən tərəfdən atılan raketlərin uçuş trayektoriyasına diqqət yetirirdi. “İt uşağı, yaşayış məntəqələrimizi hədəfləyiblər,”- dedi. Çox əsəbi idi. Elə bu an baş leytnant Cəfərovdan məlumat gəldi: “Komandir, düşmən böyük qüvvə ilə üstümüzə gəlir”. Mayor binoklu götürüb təpənin üstünə qalxdı, kolluqların arasında yerə uzanıb müşahidə etməyə başladı. Uzaqdan gələn texnikaların əvvəlcə tozu, sonra isə özləri göründü. Onları saymağa başladı:

-Bir, iki, üç… üç ədəd tank, beş ədəd PDM, altı yük maşını… təbii ki, əsgərlə dolu… Lənətə gələsiniz!- sonra leytnantı səslədi,- Kənan, uşaqları qaldır, hərəkətə keçirik. Qərargaha da vəziyyət barədə xəbər ver. Artilleriya hazır olsun, verəcəyim koordinatları vurmaq lazım olacaq.

Nəzərdə tutduğu təpəyə çatmaq üçün dərə ilə azı üç yüz metr məsafəni qət etməli idilər. Üstəlik ağır zirehlərlə, çantalarla, silah-sursatla. Bu onları açıq nişangah edəcəkdi. Ancaq başqa heç nə ağlına gəlmirdi, köməyə tələsmək lazım idi. “KY17”-yə də məhz həmin təpəni aşaraq getməli idilər. Hadisələri bir qədər qabaqlamalı oldular.

-Qardaşlarım, igidlərim, ardımca!

            Təpəyə maneəsiz çata bildilər. Həm “KY13”ə, həm də “KY14”ə gedən yol məhz bu təpənin cənub tərəfində haçalanırdı. Düşmən texnikaları “KY13”ə doğru istiqamət götürən kimi tanklardan atəş açmağa başladılar. Mərmilər “KY13”ün üzərinə yağırdı. Müşahidə məntəqəsinin qalıqları ətrafa səpələnirdi. Qulaqbatırıcı partlayış səsləri, yanğın, tüstü, toz… post cəhənnəmə dönmüşdü, göz-gözü görmürdü. Həmin yolun axırında, Cəfərovun dəstəsinin ələ keçirdiyi postun təxminən əlli metrliyində düşmənin bir PDM-i tüstülənirdi. Məsələ aydın idi, baş leytnant düşmənin çox güman ki, təminat gətirən texnikasını zərərsizləşdirdiyi üçün düşmən duyuq düşmüşdü. Yəqin vurulan PDM -dən qərargahlarına məlumat ötürə bilmişdilər.

            Mayor dərhal düşmənin hərəkət etdiyi koordinatları qərargaha ötürdü və leytnantı yanına çağırdı:

-Kənan, biz düşmənin məkrli planını pozmalıyıq. Onlar üçün ikinci cəbhə açmalıyıq. Qoy mühasirəyə düşdüklərini düşünsünlər…- ani olaraq fikirləşib düzəliş etdi,- yox anlasınlar. Tez qumbaraatanın birini mənə ver, birini də sən götür. Arxadakı yük maşınını sən vur, lap öndə gedəni də mən. Uşaqlara da de hazır olsunlar, ilk növbədə pulemyot və snayperçilər. Əsl qisas məqamıdır, cəhənnəmə göndərəcəyik bu dığaları. Ancaq Cəfərov inciyəcək bizdən, onun ovuna şərik olduq.

-Komandir, ona da pay çatacaq, görün nə qədərdir bu şərəfsizlər,- leytnant da zarafatla cavab verdi.

-Haydı, başlayırıq. Atəş!

Ardıcıl olaraq şəxsi heyətlə dolu iki yük maşını partladıldı. Daha sonra PDM-in ən qabaqda gedəni. Elə həmin an birinci tank da alovlanmağa başladı. Bu isə baş leytnantın düşməndə yaranmış çaşqınlıqdan məharətlə istifadə etməsinin nəticəsi idi. Lakin hələ ki, düşmənin hücumu davam edirdi. İndi ermənilər mayorun dəstəsinin mövqeləndiyi təpəni də vururdular. Yaralananlar da var idi…

 Bir neçə dəqiqədən sonra topçularımız düşmən texnikalarını mərmi yağışına qonaq etməyə başladılar. “Bayrakdar TB2” də səmada, onların başı üzərində əzəmətli “Qorxulu yuxu” bəstəsinin növbəti notlarını yazırdı… Yol boyu ətrafa səpələnən erməni leşlərin sayı anba-an artırdı. Sağ qalanlar meyitləri və yaralıları atıb qaçmağa can atırdılar. Lakin bu mümkünsüz idi…

-Məni baş leytnant Cəfərovla calaşdır, – mayor rabitəçiyə göstəriş verdi. Rabitəçi “baş üstə”-deyib dəstəyi ona tərəf uzatdı.

-Buyurun komandir, Cəfərov xətdədir.

-Cəfərov, vəziyyət necədir?- deyə mayor soruşdu.

-İtkilərimiz var, cənab mayor. Üç şəhid, dörd yaralı. Birinin vəziyyəti ağırdır.

-Lənət olsun! Lənət olsun!..

-Komandir, sizdə vəziyyət necədir?

-Çavuş Muradovu, əsgər Talıblını itirdik. Altı nəfər yaralımız var. Lənət olsun!..

            Şəhid və yaralıları götürüb mövqelərinə qayıtdılar. Bir azdan təminat və təxliyyə qrupları da gəldi. Su, təzə göyərti, meyvə, hətta isti yemək də gətirmişdilər. Onlarla gənc bir həkim də gəlmişdi. Komandirə yaxınlaşıb hərbi qaydada salam verdi:

-Salam, cənab mayor. Mən, hərbi həkim leytnant Elnur Misirxanlı sizin sərəncamınıza göndərilmişəm. İcazə verin şəhid və yaralıların təxliyyəsini təşkil edim.

-Salam qardaş, salam. Əlbəttə, buyur, nə lazımdırsa elə. Uşaqlar sənə kömək edərlər. Çalışın tez çıxın burdan, bizi hər an bobarduman edə bilərlər.

-Cənab mayor, mən sizinlə qalacağam.

-Bu çox təhlükəlidir, həkim,- komandir etiraz etdi.

-Komandanlıqdan rəsmi icazə almışam, cənab mayor. Mən Almaniyadan bunun üçün gəlmişəm,-deyə həkim cavab verdi.

-Almaniyadan? Orada təhsil alırdın?

-Xeyr, işləyirdim. Məndən başqa da çoxlu sayda qardaş-bacılarımız, o cümlədən tibb işçiləri xarici ölkələrdən könüllü olaraq Vətənə xidmət etməyə gəliblər. Komandir, bütün xalqımız ayaq üstədir. Baxın, bu ərzaqları bizə yol boyu veriblər. Kim necə bacarır, elə də döyüşür. Bu “Vətən Müharibəsidir!”- deyirlər… Yəni… mən qalıram.

-Yaxşı, olsun. Sən məni qürurlandırdın, həkim. Allah köməyin olsun, işini gör.

                                                “KY17”- ölmək olmaz.

Birinci gecəni nisbətən rahat hərəkət edə bildilər. Ayın üzünü buludlar örtmüşdü, ulduzlar da sanki qeybə çəkilmişdi, qatı qaranlıq hökm sürürdü. Gecəgörmə cihazlarının köməyi işə yaramasa da düzənlik ərazini sürünərək keçə bilmişdilər. Minalanmış sahə də onlar üçün keçilməz olmadı. Hava işıqlanmağa başlayanda kolluq sahəyə çatmış, kəşfiyyatçı dronların nəzərini cəlb etməmək üçün kolluqların arasında gizlənmişdilər. Axşama qədər dincəlmək imkanı əldə etmişdilər. Hərçənd ki, döyüşlərin belə qızğın vaxtında sakitcə dayanıb gözləmək onların xarakterinə yad idi, lakin, bu onların döyüş üslubu idi- həm də müdrik… İkinci gecə yolları ayrılmışdi. Birinci dəstəsyə baş leytnant Dəyanət Aslanlı, ikinci dəstəyə isə mayor özü rəhbərlik edirdi. Təxminən bir saat sürünərək getməli olmuşdular. Nəhayət, təpəliklərin daha çox  və daha hündür olduğu yerə çatmışdilar. Bu yerlərdən üzü qərbə dağ silsiləsinin başladığını da güman etmək olardı. Düzünə, yol ilə getsəydilər iki saata düşmən postuna çata bilərdilər. Bu isə çox təhlükəli idi. Həm də onlar postun arxasına keçməli idilər. Yolları daha bir kilometr, bəlkə də daha çox uzanmışdı. Səhər açılmamış pusqu qurub hücum etməli idilər.

Güman etmək olardı ki, üzü qərbə, cəbhənin dərinliklərinə getdikcə müşahidə postları bir-birilərindən daha aralı məsafədə yerləşir. Lakin, belə deyildi- xəritədə “KY17” ilə “KY18” arasındakı məsafə daha yaxın görünürdü. Yəni, erməni hərbi birləşmələri relyefə uyğun, həm də strateji məqsədlə mövqelənmişdilər.

Sonuncu yoxuşu qalxarkən həkim leytnant Ağamalıyevin axsadığını müşahidə etmiş və komandirə məlumat vermişdi. Sən demə daş parçası leytnantın sağ dizini ciddi zədələyibmiş. Həkim dərhal ona tibbi yardım göstərmiş, yalnız bundan sonra yollarına davam etmişdilər. Həm də, bunu gizlətdiyi üçün leytnant komandirdən tənbeh almışdı. Əslində heç belə fikri olmamışdı, sadəcə, ağrıların ötəri olduğunu düşünmüşdü…

-Allahü Əkbər! Ardımca igidlərim!  Ana Vətən naminə! Hücuma keçirik!- komandir göstəriş verdi.

İlk olaraq komandir özü qumbaraatanla düşmənin müşahidə məntəqəsini vurdu. Məntəqə təpənin ən hündür yerində idi. Metal dirək üstündə quraşdırılmış pulemyot və ona bərkidilmiş projektor eyni anda oxu ətafında fırlana və aşağı-yuxarı hərəkət  edə bilirdi. Hədəfi çox aydın görmək olurdu. Ona görə də özü ilk hədəf oldu. Pulemyotun arxasındakı əsgər də pulemyotla birlikdə parça-parça olub dərəyə doğru səpələndi. Döyüşçülərimiz əllərindəki qumbaraları səngərə tulladılar. Səngər boyu eyni anda baş verən  partlayışlar düşməni çaş-baş saldı. İgidlərimiz dərhal səngərə atıldılar. Əlbəyaxa döyüş başladı. Sağ qalanları bıçaqla, ya da qol gücünə məhv edirdilər. Dığalar itki verə-verə geriyə çəkilməyə başladılar. Komandir öndə gedirdi. Səngərin sonuna otuz-otyz beş metr qalmış dəmir qapı göründü. Komandirin qarşısında qumbara partlamağı ilə dəmir qapının danqıltı ilə örtülməsi eyni anda baş verdi. Leytnant həmin istiqamətə bir qumbara atdı, qumbara qapıya dəyib partladı və əks-səda verdi, ancaq qapı açılmadı. Komandir arxası üstə yerə, daha doğrusu leytnantın üstünə yıxıldı. Leytnant gücünü toparlayıb oturdu və komandirin başını dizləri üstünə qoydu. Onun sifəti qan içində idi, çətinliklə nəfəs alırdı. Qəlpələr onun boğazını deşmiş, ayaqlarını parçalamıdı.

-Həkim, tez bura gəlin,- deyə leytnant var gücü ilə cığırdı. Lakin… Komandir son gücünü toplayıb xırıltlı səslə: “İşimizi başa çatdır, komandir Kənan…”- deyə bildi.

Sanki Kənanın beyni tormozlanmışdı- heç nə eşitmir, heç nə görmürdü. Komandirin başını qucağına alıb hönkürürdü. Həkimin yalvarışları da onu sakitləşdirə bilmirdi…

-Leytnant Ağamalıyev, hücumu davam etdirin! Komandiri qoyun yerə, mən onu müayinə etməliyəm,- deyə bu dəfə həkim daha qətiyyətlə təkid etdi.

-Gecdir qardaş, komandir şəhid oldu.

İki nəfər döyüşçü də onlara yaxınlaşdı. Köməkləşib komandiri yerə uzatdılar. Döyüş isə davam edirdi. Yalnız indi fikirlərini toparlaya bilən leytnant qalxııb qəmir qapıya yaxınlaşdı, bağlı idi. Sonra geriyə dönüb qumbaraatanı istədi, qapını nişan aldı. Toz-torpaq, daş qırıqları ətrafa səpələndi… qapı açılmadı.

Müşahidə məntəqəsinin qalıqları alovlanıb yanırdı. Lakin onun arxa tərəfindən səngər minamyot atəşinə tutulurdu. Mərmilərin biri səngərin lap yaxınlığına düşdü. Partlayış dalğası səngərin kənarındakı torpağı onların üstünə tökdü. Daha bir mərmi isə səngərə, dəmir qapının iki addımlığına düşdü. Qapı deformasiyaya uğrasa da, yenə də açılmadı. Laikn, qaş və beton qırıqları onun qabağına tökülüb açılmaq ehtimalını daha da qəlizləşdirdi. Sanki döyüşün gedişatından ürəklənən düşmən əsgərləri gizləndikləri yerdən çıxıb hücuma keçdilər. Qabaqda gələnin əlində pulemyot, o birilərinin əlində avtomat, qumbara, qumbaraatan… Güllələri hara gəldi səpirdilər. Kənan snayperçilərə: “Bu kaftarları susdurun!”- deyə əmr etdi. Özü isə səngərdən çölə atılaraq iri bir sal daşın arxasına keçdi. Aralarındakı məsafə anba-an azalırdı. İlk olaraq sərrast atəşlə pulemyotçunun peysərini dağıtdı. Snayperçilər də digərlərini cəhənnəmə vasil edirdilər. Gözləmədikləri müqavimətə rast gələn düşmən əsgərləri yenidən yoxa çıxdılar.

Kənan: “Ardımca qardaşlar! Allahü Əkbər!”- deyə irəli şığıdı. Həkim də əlində avtomat onların cərgəsində idi. Düşmənin “yoxa çıxdığı” yerə çatdılar. Hər ehtimala qarşı atəşa ara vermirdilər. Orada da səngər və dəmir qapı var idi. Məsələ aydın idi. Erməni əsgərləri hər iki tərəfə çıxışı olan bunkerdə gizlənmişdilər. Arxa qapıdan üzü qərbə doğru uzanan səngər əlli-altımış metrdən sonra qurtarırdı, oradan isə enişə doğru pilləkənlərlə hərəkət etmək nəzərdə tutulmuşdu.

            Arxa qapının yaxınlığında dayandılar. Kənan qapıya tərəf ardıcıl iki qumbara tulladı. Yenə eyni mənzərə ilə qarşılaşdılar. “Lənətə gələsiniz, it uşağı!”- bu dəfə snayperçi gizir Nuriyev dilləndi.

-Eybi yox, inşallah onların axırına çıxarıq,- deyə Kənan cavab verdi. – Snayperçilər, əlli metr sağda və əlli metr solda mövqelənib gözləyin,- sözünə davam etdi,- Qardaşlar, siz bu dığaların leşlərini səngərə topalayın, əlimizə-ayağımıza dolaşmasınlar. Həm də ki, biz axı sivil ordunun əsgərləriyik, meyitlərdən qisas almırıq. Bu qapının cəftəsinə qumbara bağlayın, çıxmağa cəhd etsələr, xəbərimiz olsun. Qənimət silahları toplayın, gərəyimiz olacaq. Bu iş burada bitmədi, onlar hökmən hansı deşikdənsə çıxacaqlar. Gözümüz dörd olmalıdır. Rabitəçi hardadır? Dərhal qərargaha məlumat verməliyik. Həkim, qadan alım, yaralılarla məşğul ol. İtkilərimiz barədə məlumat ver ki, mən də qərargaha raport verim. Uşaqlar, buradan bacardıqca tez uzaqlaşıb münasib bir yer seçib gözləməliyik. Hər cürə həmləyə hazır olmalıyıq.

            Artıq hava işıqlanmışdı. Yaralı və şəhid silahdaşlarını təxminən yetmiş metr kənardakı təpənin arxasına daşımışdılar. Təəssüf ki, komandirdən savayı daha dörd nəfər igidimiz də şəhid olmuşdu. Yaralılar yeddi nəfər idi, əksəriyyəti qəlpə yarası almışdı. Məhv edilmiş dığaların sayı isə otuz səkkiz idi.

Seçdikləri mövqe təhlükəsiz idi, həm də düşmən tərəfdən edilə biləcək həmlənin qarşısını almaq üçün əlverişli idi. Artıq təxliyyə dəstəsi göndərilmişdi. Kənan “KY16”-nın da dığalardan tam təmizləndiyi barədə məlumat almışdı. İndi bir qədər dincəlmək olardı. Sol cinahda mövqelənmiş snayperçidən məlumat gəldi: “Pilləkənlərin qurtardığı yerdə daha bir qapı aşkar edildi. Ermənilər bir-bir çıxıb, gizlənə-gizlənə üzü dərəyə doğru gedirlər”.

-Nəzarətdə saxlayın, hələ atəş açmayın. Gözləyək, hamısı çıxsın. Getdik kaftar ovyna, qardaşlar!- leytnant əmr verdi. Ehtiyatla hərəkətə keçdilər. Həkim arxadan Kənana çatıb qolundan tutdu: “Qardaş, sən axsayırsan, ayağın qan içindədir,- dedi,- Gözlə, ayağına baxım”.

-İndi bunun vaxtı deyil. Gedək, işimizi sona çatdıraq,- Kənan etiraz etdi.

Gizli bunkerdən çıxan düşmən əskərlərinin sayı təxminən on beş nəfər olardı. Əyilə-əyilə dərəyə tərəf qaçırdılar.

-İndi onları öz minamyotları ilə məhv edəcəyik. Haydı qardaşlar, başlayırıq,-Kənan ilk atəşi özü açdı. Bu dəfə düşmən müqavimət göstərməyə imkan tapmadı. Hamısı məhv edildi. Sonra onların izi ilə düşüb kontrol yoxlama əməliyyatı apardılar. Üçüncü qapı açıq idi, içəridə tam sakitlik idi. Kənan hər ehtimala qarşı qumbaraatanla içəriyə bir mərmi atdı. Tunelin divarı dağılıb giriş-çıxışı bağladı.

            Həkim Kənanın ayağını yoxlayanda dəhşətə gəldi. Mayor Ələkbərovun şəhid olmasına səbəb olan qumbaranın qəlpələri Kənanın da ayağını dizə qədər bir neçə yerdən yaralamışdı. Vaxtında tibbi yardımın edilməməsi onun çoxlu qan itirməsinə səbəb olmuşdu.

            Axşama yaxın təxliyyə və təminat qrupları gəldilər. Düşmənlərin diqqətini cəlb etməmək üçün avtomobilləri beş-altı yüz metrlikdə saxlamışdılar. Yaralı və şəhidləri çiyinlərində aparmalı oldular. Yarası daha yüngül olanlardan iki nəfəri saxlamaq məcburiyyətində idilər, təcili yardım maşınında yer məhdud idi. Kənan qərar verməli idi. O, özünün və əsgər Tuncay Balaqardaşovun qalacağını elan etdi. Həkimin etirazları fayda vermədi.

            Səhərə yaxın “KY16” -nın fatehləri də gəldilər. Onların da sıralarında azalma var idi. İki şəhid və altı yaralı. Onları Milli Ordunun döyüşçüləri əvəz etmişdi. Axşama qədər dincəlib gecə yenə növbəti “ova” çıxacaqdılar.

            Kənan indi özünü daha gümrah hiss edirdi. O da yoldaşları ilə növbəti tapşırığın icrasına getmək istəyirdi. Lakin baş leytnant Aslanlı buna qəti etiraz etdi. Milli Ordunun döyüşçüləri gəlib postu təhvil götürənə qədər “KY17”-nin mühafizəsi leytnant Kənana tapşırıldı. Yaralı əsgər Tuncay da onunla qalacaqdı.

            Payız günəşinin şüaları əvvəlcə Tuncayın üzünə sığal verirdisə də, indi daha çox gözlərinə qıcıq verməkdə maraqlı idi. Üzünü əks tərəfə çevirib bir qədər də yatmaq istədi. Ancaq harada olduğunu dərk edən kimi qalxıb oturdu. Həm də çiynində bərk ağrı hiss edirdi. Görünür sağ çiyni üstə çevrildiyi üçün yarasına xətər yetirmişdi. Ətrafa boylananda Kənanı ayaq üstə var-gəl edən gördü.

-Sabahınız xeyir, komandir,- deyə onu salamladı.

-Salam əsgər. Aqibətin xeyir olsun, necəsən?

-Siz yaxşı olun, komandir. Şükür Allaha, yaxşıyam.

-Yaxşı ol, yaxşı ol. Bu çox vacibdir. Çiynin əziyyət vermir?

-Boş şeydir, komandir. İndi yaxşıyam.

– Elə isə, qalx, yuyun. Bir az toqqamızın altını bərkidək, işimiz çox olacaq. Gərək əvvəlcə buranın müdafiəsini təşkil edək. Bu goreşənlərə bel bağlamaq olmaz. Qəflətən hardansa pırtlayıb çıxa bilərlər.

Tuncay əl-üzünü yuyub Kənanın yanına gəldi. Kənan təxminən beş-alltı kilometrlikdə görünən o qədər də hündür olmayan dağı göstərib soruşdu:

-O dağı görürsən? Yaxşı-yaxşı bax. Dığaların bayrağıı da görünür.

-Bəli komandir, görürəm. Amma… hə, gördüm. Bayrağa oxşayır.

-Qardaşlarımız indi oraya gedirlər. İnşallah, sabah, ya biri gün o zirvədə bizim bayrağımız dalğalanar!

-İnşallah!

– Çox çətin döyüş olacaq. Yəqin ki, buradakı vəziyyətdən artıq məlumatlıdırlar. Müdafiəni gücləndirib daha ayıq-sayıq olmağa çalışacaqlar.

-Kaş ki, biz də onlarla gedərdik, komandir.

-Hə, elədir. Əslində mən Laçına, Şuşaya qədər, zəfər çalacağımız günə qədər qardaşlarımla bir yerdə döyüşəcəyimə ümid edirdim. Ancaq, nə etmək olar, taledir… Hələlik bizə bu postu qorumaq tapşırığı verilib. Bu tapşırığı yerinə yetirək, sonrası… Allah Kərimdir, baxarıq görək nə olacaq. Gedək, səhər yeməyimizi yeyək. Yağımız, pendirimiz, soyutma yumurtamız, termos çayımız, tərəvəzimiz, toyuq ətinin qızartması… maşallah, hər şeyimiz var. Hələ konservləri demirəm.

-Elədir, komandir. Ancaq, ocaq üstə qaynadılmış bulaq suyunun çayı nə ləzzət verərdi…

-Həəəə… maşallah, iştahan yaxşıdır. Onun da vaxtı gələr inşallah. İndi ocaq qalamaq olmaz. Qətiyyən olmaz. Heç kibrit də yandırmaq olmaz, nişangaha çevrilərik. Müharibənin öz qanunları var…

            Səhər yeməyindən sonra bir-birlərinə kömək edib yaralarının sarğısını dəyişdilər. Yenə sakitlik pozulmuşdu. Yenə top mərmiləri, raketlər o tərəf-bu tərəfə uçurdu. Ermənilər tərəfdən atılan raketlər daha uzağa istiqamətlənmişdi. Yenə yaşayış məntəqələrimizi hədəf götürmüşdülər.

-Görürsən, şərəfsizlər yenə dinc əhaliyə hücum edirlər. Ora bax, orada ki, bizim döyüşçülər yoxdur. Görürsən, buradan bizim mövqelər necə aydın görünür? Bəs bunlar hara tuşlayıblar o raketləri? Alçaqlar! Qaniçənlər!..- Kənan çox əsəbiləşmişdi. Belə məqamda Tuncay nə edəcəyinə, komandiri necə ovudacağına qərar verə bilmirdi. Əslində özü də gərginlik içində idi. Qeyri-adi bir gücə malik olmaq, bir anın içində Ermənistan Ordusuna məxsus bütün hərbçiləri, onların silah-sursatlarını, anbarlarını, hərbi texnikalarını məhv etmək istəyirdi.

-Yaxşı… gedək işimizlə məşğul olaq,- nəhayət ki, Kənan qərar verdi,-  Düşünmürəm ki, bu postu geri almaq indi onların yadına düşsün. Qorxularından giriblər dəlmə-deşiklərə. Əsl məqamdır.

Kənan ərazini bir daha nəzərdən keçirib əlindəki çubuqla torpağın üstündə cizgi çəkdi.

-Bura ermənilərin gələcəyi yol, bura müşahidə məntəqəsi, bax bu onlanın qazdığı səngər, bura isə bizim dayandığımız yerdir,- sonra yenidən yola tərəf boylandı, cizgiyə əlavələr edə-edə izahata davam etdi,- biz yolun yoxuş hissəsinin başlanğıcında, bax bu sərt döngədə tələ quracağıq. Əlimizdə olan məsafədən idarə olunan yeganə partlayıcı qurğunu bu döngədə gizlədəcəyik. Üzü yoxuşa, yəni posta doğru daha bir necə yerdə partlayıcılar quraşdıracağıq. Bizdə çoxlu sayda mərmi və qumbaralar var. Bir-birlərinə bağlamaqla partalyışın dağıdıcılıq qabiliyyətini artıracağıq. Bunun üçün bizə uzun məftil, naqil, yaxud da ki, kəndir lazım olacaq.

-Komandir, məftili hardan tapacağıq?- Tuncay tərəddüdlə soruşdu.

-Həəə, bax elə bundan da başlayacağıq. Ərazidə axtarmaq lazım gələcək. Əgər məftil, ya da naqil tapa bilməsək, özümüz kəndir düzəltməli olacağıq. Görürsən ərazidə nə qədər cır-cındır var? Dığaların paltarlarının ətrafa səpələnmiş cırıqları. Hələ leşlərinin üstündə nə qədər var…

-Komandir, o leşlərə yaxın getmək mümkün deyil, hamısı şişib, üfunət qoxuyur…

-Yox əşşi, sözgəlişşi dedim. Ona ehtiyac qalmayacaq. Biz meyitləri soyundurmuruq, təhqir etmirik. Biz şərəfli Azərbaycan Ordusunun əsgərləriyik… Bax belə, qardaşım. Nə deyirsən, başlayaq?

-Siz əmr edin, komandir! Mən dərhal axtarışa başlayıram. Ancaq ki, komandir, sizə çox hərəkət eləmək olmaz. Ayağınızın yarası qanayar, ağırlaşma baş verər,- deyə Tuncay fikrini bildirdi.

-Sənin də çiynin yaralıdır da, onda neyləyək, müdafiəmizi təşkil etməyək? O taxta parçasını mənə ver, özümə əl ağacı düzəldəcəm. Sən başla. Ehtiyatlı ol, ən vacibi budur.

-Baş üstə, komandir.

            Işləri üç saata yaxın davam elədi. Hər qumbaraya iki minamyot mərmisi bərkitmişdilər. Sonra bir-birindən on-on iki metr məsafədə yolun kənarında elə yerləşdirmişdilər ki, partlayış zamanı qəlpələr mümkün qədər uzaq məsafəyə yayılsın, həm də yaxınlıqdakı texnikaya ciddi zərər yetirə bilsin. Onları elə əlaqələndirdilər ki, kəndirin sonundan dartan kimi qumbaralar partlayacaq, mərmiləri da partladacaqdı. Bunu isə pusquda dayanacaq Tuncay etəmli idi. İşarəni Kənan verəcəkdi, qumbaraatanla öndəki texnikanı vurmaqla. Sonra məsafədən idarə olunan partlayıcı partladılacaq və düşmənlər pulemyot atəşinə tutulacaqdı. Bunu da Kənan edəcəkdi. Tuncay isə müxtəlif məsafələrdə topalayıb saxladıqları qumbaraları bir-bir düşmən tərəfə atacaqdı. Ancaq bu işi sol əli ilə etməli idi, sağ çiyni işləmirdi. Çox sevdiyi snayper tüfəngini neçə dəfə çiyninə sıxıb atəş açmağı məşq etmişdisə də, alınmamışdı. Barmaqlarını hərəkət etdirə bilirdi, hətta, yüngül yük də götürə bilirdi. Lakin, hər dəfə qolunu hərəkət etdirəndə çiynində kəskin ağrı hiss edirdi. Buna baxmayaraq təpənin üstündəki yulğun ağacına bərkitdikləri avtomat silahın tətiyinə bağladıqları kəndiri dartmaqla atəşi təmin edəcəkdi. Bununla da düşməni çaşdırmağa, saylarının çox olduğuna inandırmağa və onlarda vahimə yaratmağa çalışacaqdılar. Əgər düşmən yalnız bir texnika ilə gələrdisə, yalnız bir partlayışla kifayətlənəcəkdilər. Kənan əvvəlcə qumbaraatandan, sonra pulemyotdan istifadə edəcək, Tuncay isə bir neçə qumbara tullamaqla kifayətlənəcəkdi. Komandirə bu qərarı barədə heç nə deməsə də, Tuncay, lazım gələrsə, qənimət götürdükləri avtomatı sinəsinə sıxıb düşmən üzərinə şığıyacaqdı. Lap çiynindən qan axa-axa da olsa bunu edəcəkdi. Avtomatı sol çiynunə sıxası olsa da… Bilirdi ki, komandir buna icazə verməyəcək, ona görə də bu qərarı sirr olaraq saxlayırdı. Özünü elə göstərirdi ki, guya sadəcə məşq edir, avtomatı sol çiyninə basıb nə gəldi nişan alırdı.

-Milli Ordunun döyüşçüləri axşam qaranlıq düşəndə gələrlər yəqin ki. İndi gəlmək çox təhlükəlidir. Ermənilər hara gəldi raket atırlar. Həm də hələ ki, yollara nəzarət edə bilirlər. Yaxşı ki, Hava Hücumundan Müdafiə qurğularımızın köməyi ilə o raketlər havada ikən partladılır. Hələ ora bax, buradan da görünür. Görürsən, bir-birinin ardınca necə partlayırlar?- Kənan nəzərlərini səmadan çəkmədən sual verdi. Tuncay da həmin istiqamətə baxdı və “görürəm” deməklə olayları təsdiqlədi.

            Günorta naharından sonra özləri üçün kölgənəcək düzəltmək qərarına gəldilər. Düşmən sığınanacağının ətrafa səpələnən qalıqlarını topalayıb dünəndən mövqeləndikləri yerə gətirdilər.

Alaçığabənzər bir çardaq düzəltdilər. Torpağı hamarlayıb dığaların nimdaşlarını yerə döşədilər. Üstündən isə öz çadırlarını sərib uzandılar.  Bir qədər darıxdırıcı sükutdan sonra Tuncay yerində qurdalanmağa başladı.

-Nə olub əsgər, çiynin ağrayır?- deyə Kənan soruşdu.

-O öz yerində ey, komandir, artıq alışmışam. Ancaq, məni rahat buraxmayan o qədər suallar var ki, çiynimin ağrısı onların yanında heç nədir…

-Döşə gəlsin, imkanım çatan qədər cavab verməyə çalışaram.

-Fikirləşirəm ki, görəsən bu ermənilər niyə bu qədər nankordurlar? Niyə öz həyatlarını da, bizim həyatımızı da bu qədər rahatsız edirlər?..

-Ağzında “nankor” deyirsən. Elə ona görə də,- Kənan bir qədər fikirləşib davam etdi,- Elə bilirsən bunlar özbaşınadırlar? Ya öz güclərinə güvənib hərəkət edirlər? Əsla yox. Bunların boğazına yal atıb bizim üstümüzə hürdürən daha qorxulu qüvvələr var.

-Onu bilirəm ey, bəs bunların düşüncəsi yoxdur, Allahdan qorxmurlar?

-Olsaydı, belə etməzdilər. Qəlblərində Tanrı xofu olsaydı, belə etməzdilər. Bunlar şeytandırlar, iblisdirlər, goreşən kaftardırlar. Ətrafa nəzər sal, gör bir dənə də olsa salamat tikili qalıb? Qəbirləri belə eşib-dağıdıblar… Dünya yarandığı gündən od içində yanır. Zamanın gedişatını öz xeyirlərinə dəyişmək istəyən zalım qüvvələr həmişə belə başıboş ünsürlərdən istifadə edirlər. Onlar üçün xüsusi idealogiyalar hazırlayır, xalqları bir-birlərinə qırdırırlar… Başqa sualın var?

-Komandir, siz evlisiz?- Tuncay verdiyi sualdan sanki utanırmış kimi mövzunu dəyişməyə  çalışdı.

-Evliyəm, beş yaşında oğlum da var.

-Bəs sən necə, evlisənmi?

-Mən hələ yox. Amma…

-Amma gözaltın var, hə?

-Nişanlanmışam. Gələn ay toyum olacaqdı…

-“Olacaqdı” nədir? Olacaq, inşallah! Kənd toyu olacaq, ya şəhər? Yəni ki, həyətdə, ya şadlıq sarayında?

-Həyətdə, dədə-baba qaydası ilə.

-Nə gözəl! Məni də özünə sağdış götürərsən?

-Əlbəttə komandir, bu mənim üçün böyük şərəf olar.

-Nə şərəfbazlıqdır qardaş, səndən artıq oğlanın sağdışı olacam? Deməli danışdıq, sağdışın mənəm.

-Söz!

-O zaman, mənim də səndən bir xahışim olacaq.

-Buyurun, komandir.

-Bax, bu pulu görürsən? Həmişə köynəyimin döş cibində gəzdirirəm. Mənim bir dostum var, tar müəllimidir, oğlum Hüseynin kirvəsidir. Söz verib ki, oğluma tar çalmağı öyrədəcək. Özünün də həvəsi var ey… Nə isə, işdir də, mənə nəsə olsa, bu pulu götürüb gedib o müəllimi taparsan. Adı Ayazdır- Ayaz İmranoğlu. Çox gözəl sənətçidir, gözəl müəllim, gözəl də insandır. Milli Musiqi Akademiyasında dərs deyir. Bu pulu verərsən ona, Hüseynə tar alar. O bilir kimdən almaq lazımdır. Danışdıq?

-Danışdıq ey, komandir. Axı…

-Bilirəm, bu məqamda, burada ölmək olmaz. Bu postu qorumalıyıq, bu strateji əhəmiyyət kəsb edir… Hər ehtimala qarşı dedim.

            Atrıq günəş bugünlük işini tamamlayıb dağların arxasına keçməyə başlamışdı, şəfəqləri közərib sönmək üzrə idi. Atışma səsləri də üzü qərbə doğru, sanki, günəşin izi ilə yerdəyişmə edirdi. Elə həmin səmtdən gələn başqa, qarışıq səslər bu ahəngi pozdu. Düşmən texnikaları dağların arasından çıxıb onlara tərəf irəliləyirdi. İrəlidə bir tank, ardınca üç PDM və bir yük maşını…

-Qalx qardaşım, gedək öz mövqelərimizə. Mənim işarəmi gözlə, tələsmə,- Kənan Tuncayı qucaqlayıb kürəyinə yüngülcə bir şillə vurdu,-özünü qoru.

-Komandir, Allah amanında!

            Tanklar uzaqdan atəş açmağa başlamışdılar. PDM-lərdən də pulemyotların atəşi ara vermirdi. Ətraf od tutub yanırdı, güllələr viyilti ilə başlarının üstündən keçir, ya da torpağa sancılırdı. Bayaqdan iki-üç metrliyində dayanıb gözlərini Kənana zilləyən ilan da yoxa çıxmışdı. Kənan ona nə qədər “Ay ilan, ay Allahın heyvanı, yazıqsan, çıx get. Bir azdan burada həyat cəhənnəmə dönəcək”- desə də ilan yerindən tərpənməmişdi. İlan getmişdimi, gülləyə tuş gəlmişdimi, məlum deyildi… Artıq gözləmək olmazdı. Kənan tətiyi çəkdi. Partlayışın zərbəsindən tankın qülləsi dərəyə yumbalandı. Sonra məsafədən idarə olunan partlayıcı ilə bir PDM-i məhv etdi. Bu dəfə pulemyot işə düşdü. Kənan yük maşınının kabinasındakıları güllələyib mühərrikxananı, sonra kuzovu atəşə tutdu. Çadır dəlmə-deşik olduqca, çığırtı səsləri də artırdı, maşın alışıb-yanırdı. Kənanın yerini müəyyənləşdirmişdilər, indi güllələr ünvanlı hədəfə atılırdı. Tuncay nədənsə gecikirdi. İndi an məsələsi ən vacib amil idi. Və… nəhayət ardıcıl baş verən partlayışlar düşməni tamamilə sarsıtdı. PDM-lərdən biri dərəyə yuvarlandı. Düşmən əsgərləri silahlarını atıb qaçmağa başladılar… Daha heç kimi görə bilmirdi. Ölmüşdülərmi, gizlənmişdilərmi?- bilmirdi. İndi Tuncayın yanına tələsmək lazım idi. Əl ağacını götürüb axsaya-axsaya səngərin cənub tərəfinə- Tuncayın yanına tələsdi. Avtomat eləcə də qalmışdı. Əslində Tuncay indi onun arxasındakı xəndəkdə olmalı idi. Əvvəlki yerində, harada ki, partlayış yaratmaq üçün kəndiri dartmalı idi, orada da yox idi. Ətrafa göz gəzdirdi. Tuncay yuxarıda, düşmən tankının lap yaxınlığında hərəkətsiz vəziyyətdə üzü üstə uzanmışdı. Cəld onun yanına qalxdı. Ətrafına səpələnmiş müxtəlif ölçülü isti metal parçaları  görünürdü ki, partladılmış tanka məxsus idi. Onlardan biri Tuncayın kürəyinə sancılmışdı, hələ də çox isti idi. Gödəkçəsinin kürək hissəsini , hətta Tuncayın da kürəyini yandlrmışdı. Kənan ehmalca metal parçasını dartıb çıxardı, yaraya əsgi parçası basıb elə həmin kəndirlə bağladı, onu arxası üstə çevirdi. Tuncayda həyat əlamətləri hiss olunmurdu. Ancaq, kəndirin ucu ovcunda idi. Diqqətlə baxanda məlum oldu ki, kəndir bu yerdən qırılıbmış- kəndirin ucu hələ də tüstülənirdı. Deməli bu səbəbdən Tuncay yuxarıya, təhlükəli yerə qalxmışdı… Kənan ehmalca toz-torpağı onun sifətindən sildi. Çiyni qan içində idi. Başındakı dəbilqə də bir neçə yerdən çatlamışdı, qulaqlarında qan var idi. Nəbzi vurmurdu. Kənan onun çiynindən tutub çətinliklə aşağıya- səngərə sürüdü. Sonra ona süni nəfəs vermək üçün yaxasını açıb təlimat üzrə- əllərini qoşalayıb  sinəsini basmağa başladı. Bir, iki, üç…

-Aç gözlərini qardaş! Xahiş edirəm, yalvarıram, aç gözlərini! Axı səni nişanlın, valideynlərin gözləyir… aç gözlərini…

            …iyirmi beş, iyirmi altı…

-Aç gözlərini əsgər! Ölmək olmaz! Eşidirsən? Biz hələ xidməti borcumuzu sona çatdırmamışıq. Aç gözlərini, qalx ayağa, xidmətini davam etdir!..

Dağların arxasında, bayaq günəşin gizləndiyi yerdə qəribə bir atəşfəşanlıq yarandı. Səma al-əlvan rəngə boyandı. Mərmilər havada o tərəf-bu tərəfə uçur, partlayaraq vahiməli səslər yaradırdı…

-Aç gözlərini, ora bax! Sən də mən görənləri görməlisən, mənim kimi qürurlanmalısan, sənin buna haqqın var! Bax, Ermənistan Ordusunun növbəti silah-sursat anbarı da partladıldı. Deməli qardaşlarımız artıq oradadırlar. Aç gözlərini qardaş! Sabah tezdən orada dığaların yox, bizim ay-ulduzlu, üçrəngli bayrağımızın dalğalandığını görəcəyik…

-İnşallah komandir, inşallah!

Ardı burada: Müqəddəs Zəfər: 3 -cü hekayə

Müəllif: Xəlil Mirzə,

Şair-publisist, AYB-nin üzvü

Xəlil Mirzənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Mən səni tanımıram, varsansa, Firuzəyə bir övlad ver!

Mən səni tanımıram, varsansa, Firuzəyə bir övlad ver!

Aprelin biri Azərbaycan ədəbiyyatının özünəməxsusuluğu ilə seçilən sənətkarı, magik realizm məktəbinin yaradıcısı İsa Muğannanın dünyasını dəyişməsinin bir ili tamam olur. Ən böyük, ən yaşlı, ən müdrik, ən sehirli, ən səmimi dostumdan ayrılmaq mənə çətin olmuşdu həmin gün. Əruz elmini mənə öyrədən ustadım Zülfəli Zülfəliyev rəhmətə gedəndən sonra İsa Muğanna ilə tanışlıq həyatımın ədəbiyyatına, fəlsəfəsinə, gündəminə sehirli bir rəng qatmışdı. Bu elə bir sehirli rəng idi ki, dünyanı o rənglə boyasa idilər, gözlərimiz yalnız Ağ görərdi. Həm də Saf Ağ işığı. Elə İsa Muğannanı da mənə bir yazıçı kimi Zülfəli müəllim tanış etmiş, “İdeal” əsərini oxumamışdan öncə o danışmışdı isa Muğannanın sehirli gerçəkliyindən. Sanki onunla bir gün tanış olacağımı da bilirdi. İsa Muğannasız keçirdiyimiz bir il ərzində müxtəlif səviyyələrdə yazıçı haqqında yazılar yazıldı, müzakirələr edildi. Muğannadan danışanlar ya onu anlamayıb, sadəcə böyüklüyünü etiraf edə bildilər, anlayanlar da bu böyüklüyü ifadə edəcək söz və cümlələr tapmaqda çətinlik çəkdilər. Zənn edirəm ki, Muğanna yaradıcılığı üçün ən böyük hadisə “Türfə” romanının çapı idi ki, ona da nail ola bildik. Onunla tanış olduğum bir neçə il müddətində ən az ayda bir dəfə görüşər, dərdləşər, kefin soruşar, yanında olmağa çalışardım. Bütün bu məqamlarda isə İsa-Firuzə bötüvlüyü ilə bir yerdə olurduq. Lakin İsa Muğannanın gedişindən sonra o evə getmək mənim üçün çox çətin oldu. Düzdür, Firuzə xanım, da sanki İsa müəllimin missiaysını üzərinə götürmüşdü, o da mənimlə maraqlanırdı. Bu da o müqəddəs ocağa gedib-gəlməyimi asanlaşdırırdı. Amma hər dəfə Firuzə xanımı görməyə gedəndə sözlərin xitdəyimdə asılıb qaldığını, tıxandığını hiss edirdim. Bu müdrik Azərbaycan qadınının böyüklüyünü gördüyüm halda, onun İsa Muğanna üçün necə darıxdığının şahidi olub ona necə təsəlli edici nəsə deyərdim?! 60 ildən çox ömrü bir başa vuran bütövun yarısına necə dəstək ola bilərdim. Tək gücüm dimməz, söyləməz, hər dəfə də gözlərinin içinə baxıb yeni çap etdiyimiz kitabı verib, tez də sağollaşıb getmək olurdu vəzifəm. Əvvəlki vaxtlardakı kimi daha yeni nəşrlərə həvəslə baxmadığını, sadəcə “sağ ol, bala” deyib kitabı kənara qoymasını, sonra da əlini çənəsinə qoyub gözünün görə bilmədiyi, beyninin isə çox uzaqlara qədər baxdığı ənginliklərə zilləndiyini hiss edirdim.
İSA MUĞANNA 3
Firuzə xanım Əhməd Cavadın Şükriyyəsi, Hüseyn Cavidin Müşkünazı kimi İsa Muğannanın Muğanna olmasında sevgi ilə fədakarlıq göstərmişdir. İsa Muğannanın bəşəri mübarizəsində yanında olan bu böyük insanın Muğannaya olan sevgisini bircə kəlmə “İsa” sözünü eşidənlər daha yaxşı anlayar, məncə. 60 ildən çox bir zamanda bir evi, bir açarı, bir işığı, bir havanı, bir təbəssümü, bir kədəri bölüşən bu ailə insanlıq tarixi üçün bir örnəkdir. Çünki İsa Muğannanın Muğanna olmasında Firuzə xanımın rolu, əməyi, səyi, səbri danılmazdır. Əslində, bu saydıqlarım birtərəfli olmayıb. Firuzə xanımın son illərin ən böyük arzusu İsa Muğannadan sonra vəfat etməsi idi. Belə də oldu. Deyirdi, ay Allah, sən məni İsadan sonra apar, barı ona sona qədər də olsa, özüm qulluq edim. Bu sözləri deyəndə, bəlkə, Firuzə xanım fərqində deyildi ki, onsuz yastığa baş qoymaq, divanda tək-tənha oturub ağı qaradan çətinliklə seçən gözlərini gah bir nöqtəyə zilləmək, gah da xatirələr yağmurunda islanan gözlərini silmək dünyanın ən çətin zindanı olacaqdı ona. Firuzə xanım böyük məhəbbətini ifadə edirdi o cümlə. Atası, əri, qardaşı, oğlu kimi sevib əzizlədiyi İsaya kiminsə qulluq etməsinə razı ola bilmirdi. Amma onsuz yaşamağın bu qədər çətin olduğunu bilsəydi, bəlkə də, o, həyata keçmiş duasını geri çağırardı. Elə Muğannasını da. “Şəmil…. İsa üçün darıxıram” deyib qəhərlənmələrini görərək deyə biləyəcəyin bir tikə sözün belə tapılmaması nə qədər soyuq və qan donduran imiş, ay Allah! Muğannası haqqında xatirlərinin səs yazısını yazmağı təklif etdim, razılaşsaq da, bacarmadı. Ürək getdi, gəldi dəfələrlə. Bir gün zəng edib dedi ki, “Şəmil, bacarmayacağam”. Bu yaxınlarda arxivimə göz gəzdirəndə Firuzə xanımın “Türfə” romanının çap olunması üçün AMEA-nın Müxbir üzvü Nizami Cəfərova yazdığı bir məktubu gördüm. Oxudum və heyrətə gəldim. Çünki Firuzə xanım həyat yoldaşına nə qədər rəğbətlə və heyranlıqla inanırdı. Məhz bu olmalı idi Muğannanı böyük amillərdən biri də. Ustadın ilində təəssüflər olsun ki, Bakıda deyiləm. Amma bu məktubu oxuculara təqdim etməyin böyük faydası olacağına inanıram.

İSA MUĞANNAYA AİD QEYDLƏR

İsa nə qədər böyük yazıçıdırsa, bir o qədər də böyük insandır. Altmış illik birgə həyatımızda ondan bir kəlmə də acı söz eşitməmişəm. Atalarımız dünyalarını çox erkən dəyişdilər. Altı uşaq İsanın anası Xədicənin, altı uşaq da mənim anam İnşanın yanında qaldı. Böyük məhrumiyyətlər, dəhşətli kasıblıq içində on iki uşaq böyütdük. Təhsil verdik, evli-eşikli elədik. Uşaqlar haqqında danışmağımın səbəbi var. 1968-ci ildə alihəzrət Dəmirəlin zamanının başlandığında, Azərbaycan yazıçıları nümayəndəliyinin tərkibində Türkiyəyə getdik. İstanbulu, İzmiri, Ankaranı, Bursanı və sair yerləri gəzdik, Bolu bəyin kəndini, Koroğlunun Çənlibelini gördük. İstanbula qayıdanda məscidləri gəzdik. Ayasofiya məscidində İsa üzünü göyə tutub dedi: “Biz çoxlu uşaq saxlamışıq, özümüzə övlad istəməmişik. Mən səni tanımıram. Əgər varsansa, Firuzəyə bir övlad ver. Oğlan da istəmirəm. Bircə qız. Bircə qız!” (Ş.S. Tanrı ailəyə yeganə övladı Sevinc Muğannanı 19 ildən sonra bəxş etmişdir) Otelə qayıtdıq. Yorulmuşdum, divanda uzanıb yatdım. İsa kresloda oturdu. Bir azdan məni oyadıb dedi: “İndicə, ayıq-sayıq vaxtımda bir altı-yeddi aylıq, gözəl, gombul qız uşağı gördüm. İməkləyib gəlib dizlərimdən yapışdı, qucağıma mindi, burnunu boğazıma söykəyib mışıl-mışıl nəfəs aldı. Səni oyatmaq istədim, uşaq yox oldu. Nəfəsini indi də boğazımda hiss edirəm. Qızımız olacaq”. Mən inana bilmədim. Bakıya qayıtdıq. Bir ildən sonra İsanın o gördüyü qız – Sevincimiz doğuldu. Bundan sonra mənim həyatıma fərəh gəldi. İsanın da işləri yaxşılaşdı. Dalbadal əsərləri çap olundu. İsa məni Rusiyanın şəhərlərində kurort zonalarında gəzdirdi. Bolqariyada, Qara dəniz sahillərində, Pribaltika ölkələrində, bir neçə Avropa ölkəsində gəzdirdi. Yetmişinci illərdə çox qəribə hadisə baş verdi: İsa birdən-birə kainatla bağlandı, özünün dediyi kimi, EySarla danışmağa başladı. EySar, İsUsun, İsa peyğəmbərin həqiqi adı – odu – rütbəsidir. “Ey” Uca deməkdir. “Sar” – hökmdar deməkdir. EySar – uca hökmdar deməkdir. Bu Od – Həqiqət qədim türk dilində – OdƏr dilindədir. EySar İsaya OdƏr dili öyrətməyə başladı. OdƏr dilində indiyə qədər heç yerdə, heç kəsə məlum olmayan məlumatlar verməyə və tamam yeni ruhda əsərlər yazmağa kömək etdi. “İdeal” romanı, “Peyğəmbərin möhürü”, “Məhşər” və bir sıra başqa əsərlər belə yarandı. İndi oxuculara təqdim olunan. “Türfə” əsəri də bu qəbildəndir. Bu əsərdə “axırıncı peyğəmbər”, “Muhamməd – Məhəmməd”, İslam peyğəmbəri adlandırılan, OdƏrcə rütbəsi BağHəmOd (Vahid həqiqət bağı) olan nadir insan haqqında həqiqət verilib. İsa şahiddir ki, EySar İşıq gəmisində Yer planetinin üzərində gəzib müşahidələr aparır. Tezliklə vaxt yetişəcək, EySar, BağHəmOdla və rütbəli OdƏrlərlə birlikdə Yerə enəcək. Mən o günün gələcəyinə inanıram və həyat yoldaşım İsa Muğannanın yazdığı əsərləri təqdir edirəm.

Firuzə Muğanna

03.VII.2009.

P.S. Bu məktubu yayımlamaqda çox tərəddüd keçirdim. Firuzə xanımın Nizami müəllimə şəxsi məktubu idi. Bəlkə də, Firuzə xanımdan icazə istəsə idim, “yox” deyərdi. Lakin İsa Muğannanın bəşəriyyət üçün maraqlı bir insan olduğunu bildiyim üçün böyüklərimin qarşısında bu ərki edirəm. İsa Muğanna haqqında həqiqətləri lap incəliyinə qədər bütün oxucuları bilməli, bu bütöv şəxiyyətlə dərindən tanış olmalıdırlar.
Şəmil Sadiq
2015.04.01

MƏKTUB, MƏKTUBLAR

Müəllif və mənbə: Şəmil Sadiq

filologiya üzrə fəlsəfə doktoru, dosent

Şəmil Sadiqin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Yazıçı, publisist, əməkdar jurnalist Hikmət Xudiyev (Cəmilzadə) yeni nəşr olunmuş “Xankəndi” adlı kitabını Milli Kitabxananın fonduna hədiyyə edib

Yazıçı, publisist, əməkdar jurnalist Hikmət Xudiyev (Cəmilzadə) yeni nəşr olunmuş “Xankəndi” adlı kitabını Milli Kitabxananın fonduna hədiyyə edib

Vətənpərvərlik mövzusunda kitabların yazarı olan müəllifin yeni kitabı Xankəndi şəhərinin formalaşması və Qarabağ problemi fonunda şəhərin tarixini əhatə edir. Kitabda XVIII əsrdən başlayaraq ermənilərin Qarabağa yerləşdirilməsi siyasəti ilə əlaqədar Azərbaycan xalqının milli maraqlarına zidd hadisələr haqqında ətraflı bəhs edilib. Həmçinin Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması və bundan sonra onilliklər boyu Xankəndinin “erməniləşdirilməsi” istiqamətində həyata keçirilən şovinist siyasət haqqında geniş məlumat verilir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə Xankəndidə erməni millətçilərinin separatçı fəaliyyətinin qarşısının qətiyyətlə alınması, şəhərin sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işlər də əsərin əsas mövzularındandır.

Kitabda Xankəndi, həmçinin qədim türk yurdu Kərkicahanın I və II Qarabağ müharibəsı zamanı ermənilərin törətdiyi cinayətlər nəticəsində həlak olmuş sakinləri haqqında bioqrafik məlumatlar təqdim edilib. 44 günlük müharibə və antiterror əməliyyatı, işğaldan azad edilmiş Xankəndidə aparılan bərpa-quruculuq işləri də kitabda geniş işıqlandırılır.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Türkan Hüseynlinin “Gün batımı” əsəri haqqında

Türkan Hüseynlinin ümidlə boyanan üfüqləri
(“Gün batımı” rəsmi haqqında – birinci yazı)
     Uşaqlıq – saf duyğuların, təmiz baxışların və sərhədsiz xəyal gücünün dövrüdür. Məhz bu dövrdə yaranan yaradıcılıq nümunələri bəzən ən peşəkar əsərlərdən belə daha təsirli, daha səmimi olur. Gənc rəssam Türkan Hüseynlinin təqdim etdiyi “Gün batımı” adlı bu rəsm əsəri də məhz belə bir səmimiyyətin, daxili dünyasının rənglərlə ifadəsinin bariz nümunəsidir.
     Türkan Hüseynli 13 aprel 2018-ci ildə Bakı şəhərində anadan olub. Kiçik yaşlarından rəsmə böyük maraq göstərən Türkan artıq erkən yaşlarında dünyanı özünəməxsus şəkildə görməyi və onu kağız üzərinə köçürməyi bacarıb. Hal-hazırda rəsm təhsilini davam etdirən bu balaca istedad sahibi ilk sistemli təhsilini 2024-cü ildə Türkiyə Cumhuriyyətinin Eskişehir şəhərində ESAZDER-in nəzdində fəaliyyət göstərən uşaq dərnəyində alıb. Bu, onun yaradıcılıq yolunda ilk ciddi addımlarından biri kimi xüsusi əhəmiyyət daşıyır.
    Gənc rəssam Türkan Hüseynlinin “Gün batımı” rəsm əsərinə nəzər saldıqda ilk baxışdan diqqəti cəlb edən əsas məqam rənglərin harmoniyası və kompozisiyanın sadəliyi ilə yanaşı dərin məna yükü daşımasıdır. Əsərdə gün batımı təsvir olunub. Üfüq xəttində qızılı və narıncı çalarların hakim olduğu günəş, sanki bir günün sonunu deyil, yeni bir başlanğıcın xəbərçisini simvolizə edir. Bu, uşağın dünyagörüşündə zamanın yalnız bir axın deyil, həm də davamlı ümid mənbəyi kimi qəbul olunduğunu göstərir.
    Göy üzündə çəkilmiş göy qurşağı isə əsərin ən təsirli elementlərindən biridir. Rənglərin ardıcıl və ahəngdar düzülüşü həyatın rəngarəngliyini, müxtəlif duyğuların bir arada mövcudluğunu ifadə edir. Göy qurşağı həm də ümidin, arzuların və gələcəyə inamın simvoludur. Türkanın bu elementi əsərinə daxil etməsi onun daxili dünyasında pozitiv enerjinin və nikbin baxışın üstünlük təşkil etdiyini göstərir.
     Rəsmdə yer alan qara siluet şəklində çəkilmiş palmalar və quşlar isə kompozisiyaya dinamika və həyat qatır. Palmalar ekzotik bir mühit təsəvvürü yaradır, eyni zamanda azadlıq və sakitlik hissini oyadır. Uçan quşlar isə sərbəstliyi, azad ruhu və sonsuz üfüqlərə doğru hərəkəti simvolizə edir. Bu detallar uşağın xəyal gücünün sərhədsizliyindən xəbər verir.
     Dənizin mavi çalarlarla təsviri isə sakitlik, dərinlik və düşüncə dünyasının rəmzidir. Dalğaların sadə, lakin ifadəli çəkilişi göstərir ki, müəllif təbiətin ritmini hiss edir və onu öz baxış bucağı ilə təqdim etməyi bacarır. Su səthində əks olunan işıq və rəng keçidləri isə əsərə əlavə estetik dəyər qatır.
     Bu rəsm əsəri texniki baxımdan sadə görünsə də, məzmun etibarilə olduqca zəngindir. Burada uşağın dünyanı necə gördüyü, nələri hiss etdiyi və hansı duyğularla yaşadığı açıq şəkildə əks olunur. Ən önəmlisi isə odur ki, Türkan Hüseynli artıq bu yaşında rənglər vasitəsilə öz fikrini ifadə etməyi bacarır ki, bu da gələcəkdə onun daha böyük uğurlara imza atacağından xəbər verir.
      Gənc rəssamın yaradıcılığı bir daha sübut edir ki, incəsənət yaş tanımır. Əsas olan duymaq, görmək və bunu ifadə edə bilməkdir. Türkan Hüseynlinin bu əsəri isə həm onun istedadının ilkin parıltısı, həm də gələcək yaradıcılıq yolunun ümidverici başlanğıcı kimi dəyərləndirilə bilər.
      Şübhəsiz ki, belə istedadlı uşaqların vaxtında aşkar olunması, dəstəklənməsi və inkişaf etdirilməsi cəmiyyətin mədəni gələcəyi üçün böyük əhəmiyyət daşıyır. Türkan Hüseynli kimi gənc fidanların yetişməsi isə sabahın güclü sənətkarlarının formalaşmasının təməlini qoyur.

RƏNGLƏRİN DİLƏ GƏLDİYİ UŞAQLIQ DÜNYASI

Rəsm əsərlərinin analizi üzrə baş məsləhətçi:

Psixoloq Lalə Əhmədova

Zaur Ustac və Türkan Hüseynli

Müəllif: Zaur USTAC

Türkan Hüseynli haqqında

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Artilleriya generalı – Hacırəhim Məmmədov (1948)

Zəngilandan Qazaxadək döyüş yolu keçmiş artilleriya generalı – Hacırəhim Məmmədov

Vətənimiz uğrunda çalışmış Ali zabitlərimizi tanıyaq!!! – Sovet Ordusu sıralarında bu səviyyədə olan azərbaycanlıları barmaqla saymaq olardı.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının sabiq ilk rəisi Hacırəhim Səməd oğlu Məmmədov 1948-ci il yanvarın 1-də Gürcüstan SSR-in Tetritskaro (Ağbulaq) rayonunun Şıxlı kəndində anadan olmuşdur.

1967-ci ildə Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olmuşdu.

1970-ci ildə Tbilisi Ali Hərbi Artilleriya Məktəbini bitirdikdən sonra, xidmətini davam etdirmək üçün sabiq Almaniya Demokratik Respublikasında yerləşən SSRİ hərbi hissələrinin birinə xidmətə göndərilmişdi.

Hacırəhim Məmmədov 1970-1973-cü illərdə SSRİ qoşunlarının Almaniyadakı qrupunda taqım komandiri, 1973-1978-ci illərdə Prikarpat Hərbi Dairəsində batareya komandiri, 1975-1978-ci illərdə Prikarpat Hərbi Dairəsində böyük qüvvəli divizion qərargah rəisi olmuş, 1978-1981-ci illərdə Leninqrad Hərbi Artilleriya Akademiyasında təhsil almış, 1981-1982-ci illərdə Uzaq Şərq Hərbi Dairəsi.

Xabarovsk vilayətində Artilleriya divizionu komandiri, 1982-1985-ci illərdə Uzaq Şərq Hərbi Dairəsi, Xabarovsk vilayətində Artilleriya alayının qərargah rəisi, 1986-1990-cı illərdə Uzaq Şərq Hərbi Dairəsi, Primorsk vilayətində Diviziyada artilleriya alayının komandiri, baş zabitlərin şərəf məhkəməsinin sədri, 1990-1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsi, Xabarovsk vilayəti Uzaq Şərq Dairəsinin Tank əleyhinə artilleriya alayının komandiri vəzifələrini icra etmişdir. 1980-ci ildə mayor, 1984-cü ildə polkovnik-leytenant, 1989-cu ildə polkovnik rütbələrini almışdır.

1992-ci ildən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Artilleriya İdarəsinin Döyüş hazırlığı şöbəsinin rəisi, Silahlı Qüvəllərin Artilleriya Komandanı vəzifəsində işləmiş və artilleriya hərbi hissələrinin yaradılmasında müstəsna xidmətləri olmuşdur.

1993-cü ildə Müdafiə Nazirliyinin hərbi kollegiyasının üzvü, Müdafiə Nazirliyinin baş zabitlərinin şərəf məhkəməsinin üzvü və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təltiflər üzrə komissiyasının sədri olmuşdur.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə daxil olduğu ilk gündən etibarən (16 iyun 1992-ci il) Zəngilandan Qazaxadək, cəbhə boyu bütün döyüşlərdə iştirak etmiş, 21 mart 1994-cü ildə general-mayor rütbəsi verilmişdir.

Hacırəhim Məmmədov hərbi əməliyyatların gedişində olduqca böyük işlər görmüşdü, bütün qaynar bölgələrdə olaraq şəxsən erməni hərbi birləşmələrinə qarşı artilleriya zərbələrinə nəzarət etmişdi, yüksək nizam intizamı ilə fərqlənən artilleriya hissələrinə rəhbərlik edirdi.

Hacırəhimi bütün tabeliyində olanlar əla tanıyır və onu sevirdilər. Eyni zamanda, o, zabit şərəfini uca tutaraq heç bir qruplaşmaya, klana qoşulmayan ordu komandanlarından biri idi. Çoxları onun göstəricilərinə həsəd aparırdı, ona oxşamaq istəyənlər kifayət qədər çox idi. O, Azərbaycanı güclü, qüdrətli dövlət kimi görmək istəyir və bundan ötrü əlindən gələn hər şeyi edirdi…

1994-cü ilin oktyabr hadisələrində iştirakda ittiham edilərək 20 oktyabr 1994-cü ildən 30 dekabr 1997-ci ilədək həbsdə olmuş, lakin uzun yoxlamalardan sonra günahsız olunduğu bilinərək, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1997-ci il Fərmanı əsasında həbsdən azad olunmuşdur.

24 mart 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti ilə görüşdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirinin əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisi vəzifəsinə təyin olunmuşdur.

1999-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədini delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının” və “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının” üzvü tə’yin edilmişdir.

1999-cu ildən Müdafiə Nazirinin əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyasının ilk rəisi vəzifəsinə təyin olunmuşdur.

11 dekabr 2003-cü ildə Bakıda xidmət vaxtı iş kabinetində ürək tutmasından vəfat etmiş və bir gün sonra II Fəxri Xiyabanda dəfn edilmişdir.

Mənbə: Milli Kimlik

ARAZ ŞƏHRİLİNİN YAZILARI

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

TAPDIQ ƏLİBƏYLİNİN ÖZÜ VƏ SÖZÜ

Tapdıq Əlibəyli – 65
TAPDIQ ƏLİBƏYLİNİN ÖZÜ VƏ SÖZÜ
Yaradıcılığına və şəxsiyyətinə ehtiram bəslədiyim şair-publisist və ictimai xadim Tapdıq Əlibəylini uzun illərdir tanıyıram. Onunla, Binəqədi Rayon İcra Hakimiyyətində işlədiyim vaxtlarda, tədbirlərin birində tanış olmuşduq. Həmin tədbirdə yenicə çapdan çıxmış “Poetik buta” kitabını da mənə hədiyyə etmişdi. Elə həmin gündən də Tapdıq bəylə mehriban ünsiyyətimiz yarandı.Tez-tez görüşməsək də, fəal istifadəçisi olduğum “fasebook” sosial şəbəkəsində müntəzəm olaraq onun yaradıcılığını və ictimai fəaliyyətini yaxından izləyirəm. Bu günlərdə öyrəndim ki, bu ilin iyulundaTapdıq bəyin 65 yaşı tamam olacaq. 65 yaş insan həyatında əlamətdar bir tarix olduğu üçün istədim ki, mən də bir yazı-pozu adamı kimi həmkarım Tapdıq Əlibəylinin yaradıcılığına səyahət edim. Bu yazı da həmin səyahətin nəticəsi olaraq meydana gəldi və düşnürəm ki, səmimiyyətdən yaranmış bu yazı Tapdıq bəyin yubileyinə mənim kiçik bir hədiyyəm olar.
Tapdıq Əlibəyli qədim türk yurdu, əsrarəngiz təbiəti olan Yardımlı rayonunun Bürzünbül kəndində dünyaya göz açıb. Düşünürəm, Bürzünbülü oxucularına şair aşağıdakı misralarla təqdim edərək, onun haqqında dolğun təsəvvür yarada və sevdirə bilib:

Tanrı yazan bir əzəli ünvanım:
Dağ havası, yurd sədası – Bürzünbül
Göz açdığım, söz açdığım – rəvanım,
Dağ havasi, yurd sevdası – Bürzünbül.

Sadəliyi səmimiyyət batmanı,
Kədəri də, sevinci də bölüşər.
Halallıqdan yoğrulubdu imanı,
Bir-birinin köməyinə yetişər.

Təbii ki, Bürzünbül Tapdıq Əlibəylinin dünyaya göz açdığı kənddir, balaca Vətənidir onun. Lakin Tapdıq Əlibəylinin Vətən anlayışında bir adda əbədi məskən salıb -Yardımlı rayonu. O rayon ki, öz ziyalı, vətənpərvər, mərd, mübariz oğulları ilə Azərbaycanımıza kifayət qədər görkəmli şəxsiyyətlər, o cümlədən Sabir Rüstəmxanlı kimi görkəmli ictimai-siyasi və dövlət xadimi, Xalq şairi bəxş etmişdir. Təbii ki, Sabir Rüstəmxanlı kimi görkəmli bir ədəbiyyat adamını yetirən bir bölgədə, ondan sonra ələ qələm almaq hər kəsdən bir cəsarət və hünər tələb edir. O da qeyd edilməlidir ki, Sabir Rüstəmxanlı öz yaradıcılığı və fəaliyyəti ilə bu bölgədə ədəbiyyatın və poeziyanın inkişafına güclü təkan vermışdir. Heç şübhəsiz ki, ondan sonra ədəbiyyata gələn insanların yaradıcılığına onun təsiri olmamış deyil. Bununla belə Yardımlının təbiəti, suyu, havası, onun folkloru və ədəbi mühitinin özü bir poeziyadır və Sabir bəyin də elə bu mühitdən pərvazlanması qanunauyğunluqdur.
Yardımlı ədəbi mühitinin ədəbiyyatımıza verdiyi söz adamlarından biri də Tapdıq Əlibəylidir. O, Yardımlıya olan sevgisini aşağıda nümunə gətirdiyim misralarla ifadə edir:

Vətən – bir ağacsa, budaq Yardımlı,
Boy verir rişəsi minilliklərə.
Zirvəsi qartallı bu dağ Yardımlı
Bağlayıb yurddaşı minilliklərə.

Ər kişilər yurdu – mənaca adı,
Bürünüb övladı bu həqiqətə.
Bu dağlar qoynuna Yaradan yardı,
Bələnib Yardımlı saf təbiətə.

Ölkəmizin ictimai həyatında fəall iştirak edən, ədəbi cameədə həm publisist, həm də şair kimi yaxşı tanınan Tapdıq Əlibəylinin “Qəlbdən qələmə” şeirlər kitabı qarşımdadır və onun poeziya dünyasına səyahətdəyəm…
Bu bir danılmaz həqiqətdir ki, Tanrının yaratdığı canlılar arasında İNSAN ən mükəmməl varlıq və ən böyük möcüzəsidir. Tanrı bitkilərdən və heyvanat aləmindən fərqli olaraq insanlara danışmağı, dili verib. Əgər Tanrının yaratdığı ən böyük möcüzə insandırsa, insanın yaratdığı ən böyük möcüzə sözdür. Yəni insan da sözdən SÖZü yaratdı. Bu da bir həqiqətdir ki, Tanrının verdiyi qabiliyyətlə insanın yaratdığı, ifadə etdiy sözdən güclü heç nə ola bilməz. Söz fövqəl gücə malikdir. Söz sözlə yanaşı işlədiləndə fikir, məna ifadə edir:

Könül verdim saza-sözə,
Günəş doğdu sanki üzə.
Söz sovqatı göndər bizə…
Şeir – sözün ən göyçəyi.

Yaranmyır şeir əbəs,
Gül qoxuyan o bir nəfəs,
Göy üzündən gələn bir səs…
Şeir – sözün ən göyçəyi.

Mənim qənaətimcə, şeir gözəgörünməz fövqəl bir varlıq tərəfindən, elə o varlığın vergi, istedad bəxş etdiyi insanlara-şairlərə diqtə olunan bir möcüzə, şairlik isə bu diqtə əsasında insanın ən ülvi hisslərini, duyğularını ifadə və təqdimetmə qabiliyyətidir.
Tanrı sözün qüdrətini öz ali məqamına çatdırmaq üçün, öz bəndələrinin içərisindən bir qisminə qeyri-adi istedad verərək sözləri nəzmlə, ritmlə, ahənglə, qafiyə formasında işlətmək qabiliyyəti vermişdir ki, belə insanlara da söz adamı, şair, şeir yazan demişlər.

Şairlər bir ömür eşq sərxoşları,
İlham pərisinin hüsnündən xumar.
Könlü misra-misra söz naxışları,
Başına hər vədə çəkiıməz tumar.

Şairlər əzəldən söz pərvanəsi,
Atəşə tutulub, oda yaxılıb.
Sözü açıbsa da zindan-qəfəsi,
Şair ürəyinə güllə çaxılıb…

Fikrimcə, Tanrı insana danışmaq qabiliyyətiu verdiyi andan, insanın insanla ünsiyyəti yarandığı məqamdan şeirin tarixi başlayır. Çünki başqa canlılardan fərqli olaraq Tanrı insanlara digər duyğu üzvləri ilə yanaşı həm də duymaq, düşünmək, hiss və həyəcanlarını, sevinc və kədərini ifadə etmək qabiliyyəti vermişdir. Şairlər üçün söz hər şeydir. Həyatın mənasıdır. Yaşamaq fəlsəfəsidir. Sevincdir, nəşədir, qəmdir, kədərdir.

Göydən enən mələkdir,
Simurqdan tel, lələkdir,
Ruhumuza gərəkdir
Misralanan ulu söz.

Tumurcuqdur, çiçəkdir,
Pöhrələnən özəkdir,
Bahar kimi bəzəkdir
Misralanan ulu söz.

Şeirlərini oxuduqca, publisistikası ilə tanış olduqca, gözlərimin qarşısında müəllifin Tanrının verdiyi istedadı, haqqa tapınan, sözə yüksək dəyər verən, onun məsuliyyətini dərk edən, zəhmətdən yoğrulmuş bir söz adamının obrazı, işıqlı siması canlanır. Tapdıq Əlibəylinin özü də, sözü də işıqdır, ziya saçır. Yaradıcılığı ilə tanış olduqca onun poeziyasının mövzuca zəngin və rəngarəng olduğunun şahidi olursan. Bir kiçik yazıda onun həm mövzu, həm məna, həm də forma etibarı ilə zəngin yaradıcılığı barədə bütöv fikir yürütmək imkanı məhdududur. Bununla bərabər hesab edirəm ki, Tapdıq Əlibəyliyə bir şair kimi dəyər vermək üçün onun sözə, sözün hikmətinə, dəyərinə həsr etdiyi şeirlərini oxumaq kifayət edər. Diqqət yetirək:

Cahana sığmayan Tanrı bəndəsi
İlahi şövq ilə Sözə sığındı.
Söz mülkünün əngin bəndi-bərəsi
Bir ovuc ürəyə necə yığıldı?…

Təbi-təbiəti sözlə dəyişən
Ümid işığında pərvanə olar.
Bəxtinə qismətdən şairlik düşən
Bircə söz üstündə “divanə” olar.

Doğurdan da onun şeirlərini oxuduqca aydın olur ki, “bircə söz üstündə” divanə” olanlardan biri də Tapdıq Əlibəylidir. Belə olmasaydı aşağıdakı misraları yaranmazdı:

Şairlər dünyanın söz divanəsi,
“Divan”ı üstündə qurulub divan…
Dərisi soyulub, ancaq haqq səsi
Susmayıb, ucalıb, susmaz heç zaman!..

Hörmətli Tapdıq Əlibəylini!

Arzu edirəm ki, divanınınız həmişə “Divani” üstə qurulsun, söz həmişə qəlbinizin hakimi, dilinizin bəzəyi olsun, həmişə haqq sözə tapınasınız.
SÖZə olan eşqiniz heç zaman tükənməsin. 65 illik yubileyiniz mübarək olsun!
Ramiz GÖYÜŞ,    
yazıçı-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin üzvü

Tapdıq Əlibəylinin yazıları

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I