ƏZƏMƏT GÖSTƏRİR ALƏMƏ LAÇIN (sonet) Göyə qucaq açıb yalçın qayalar, Əzəmət göstərir aləmə Laçın. Hansı yaraşıqdan, de, söhbət açım, Burda gözəlliyin min bir izi var.
Şəfəq Nasirin yaradıcılığı milli yaddaşın işığında
Azərbaycan jurnalistikasında özünəməxsus dəst-xətti ilə seçilən yazıçı-publisist Şəfəq Nasir uzun illərdir ki, oxucuların rəğbətini qazanan qələm adamlarından biridir. Onun publisistikası, araşdırmaları və bədii düşüncəsi hər zaman diqqət çəkib. Şəfəq xanımın yaradıcılığını yaxından izləyənlər yaxşı bilirlər ki, o, yalnız jurnalist kimi deyil, həm də milli yaddaşımıza xidmət edən ciddi tədqiqatçı kimi fəaliyyət göstərir. Son illərdə işıq üzü görən “İdrakın işığında”, “Lək-lək”, “Bürhani-həqiqət” kitabları müəllifin zəngin yaradıcılıq axtarışlarının nəticəsidir. Bu əsərlərdə təkcə ədəbi düşüncə deyil, həm də milli kimliyimizə bağlılıq, tariximizə və mənəvi köklərimizə ehtiram açıq şəkildə hiss olunur. İrəvan ədəbi mühitini, Qərbi Azərbaycanın zəngin mədəni irsini özündə əks etdirən bu kitablar oxucular tərəfindən böyük maraqla qarşılanıb. Bu günlərdə həmin kitabların təqdimat mərasimi Qərbi Azərbaycan İcmasında keçirildi. Tədbirdə elm və ədəbiyyat adamları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak etdilər. Təqdimat zamanı geniş müzakirələr aparıldı, müəllifin yaradıcılığı yüksək qiymətləndirildi. Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov çıxış edərək Şəfəq Nasirin Azərbaycan ədəbiyyatına və publisistikasına verdiyi töhfələri xüsusi vurğuladı. O bildirdi ki, müəllifin əsərləri milli yaddaşın qorunmasına, Qərbi Azərbaycanın ədəbi və mənəvi irsinin gələcək nəsillərə çatdırılmasına mühüm xidmət göstərir. Çıxış edən alimlər və tədqiqatçılar Şəfəq Nasirin mənsub olduğu ziyalı nəslindən də bəhs etdilər. Xüsusilə onun babası, “Molla Nəsrəddin” ədəbi məktəbinin davamçılarından olan Məmmədəli Nasirin yaradıcılığı yada salındı. Bildirildi ki, Şəfəq xanımın bu gün milli düşüncəyə, maarifçiliyə və həqiqətə xidmət edən bir yol seçməsi təsadüfi deyil. O, babasından gələn ziyalılıq ənənəsini uğurla davam etdirir. Şəfəq Nasirin yaradıcılığı bir daha göstərir ki, ədəbiyyat yalnız söz sənəti deyil, həm də milli yaddaşın qorunması, həqiqətin yaşadılması missiyasıdır. Onun zəhmət və məsuliyyətlə ərsəyə gətirdiyi əsərlər milli-mənəvi dəyərlərimizin təbliğinə xidmət edir. İnanırıq ki, yazıçı-publisist Şəfəq Nasir bundan sonra da yeni əsərləri ilə oxucularını sevindirəcək, Azərbaycan ədəbiyyatında və publisistikasında qazandığı uğurlarını davam etdirəcəkdir. Şəmsiyyə Kərimova, 29.05.2026 Bakı Əməkdar jurnalist
Sevginin poetik təcəssümü və nəzirə ənənəsinin müasir təzahürü (Zaur Ustacın – “Desən” şeiri haqqında publisistik düşüncələr) Azərbaycan poeziyasında sevgi mövzusu hər zaman öz aktuallığını qoruyub saxlamış, müxtəlif dövrlərdə müxtəlif poetik biçimlərdə ifadə olunmuşdur. Klassik irsimizdən başlayaraq müasir dövrümüzə qədər sevgi şeirləri insan ruhunun ən incə duyğularını, mənəvi dünyasının ən həssas qatlarını əks etdirən ədəbi nümunələr kimi dəyərləndirilmişdir. Bu zəngin ənənənin davamı kimi tanınmış şair və ədəbiyyatşünas alim Qəndabın “Gəl qoynuma Sevgilim” şeiri və həmin əsərə nəzirə olaraq qələmə alınmış Zaur Ustacın “Desən” şeiri xüsusi maraq doğurur. Nəzirə yazmaq Şərq və Azərbaycan ədəbiyyatında qədim və zəngin ənənəyə malikdir. Bu ənənə sadəcə bir şeirə cavab vermək deyil, həm də müəllifin öz poetik dünyasını, bədii düşüncə tərzini və yaradıcılıq imkanlarını ortaya qoyması deməkdir. Uğurlu nəzirə həm orijinal əsərin ruhunu qoruyur, həm də ona yeni məna qatları əlavə edir. Zaur Ustacın “Desən” şeiri də məhz bu baxımdan diqqəti cəlb edir. Şeir ilk misralardan etibarən sevginin sədaqət və təslimiyyət fəlsəfəsini ön plana çıxarır: “Harda olsan gələrəm, Bircə dəfə gəl desən.” Bu iki misrada aşiq obrazının mənəvi bütövlüyü, sevgiyə sonsuz bağlılığı və sevdiyi insanın bir sözünə belə hazır olması ifadə edilir. Burada sevgi yalnız hiss deyil, həm də könüllü fədakarlıq kimi təqdim olunur. Şair sevgini insanın mənəvi seçimlərinin zirvəsi kimi dəyərləndirir. Növbəti misralarda bu bağlılıq daha da dərinləşir: “Gül qoynunda ölərəm, Bircə dəfə öl desən.” Bu ifadələr Azərbaycan məhəbbət lirikasında tez-tez rast gəlinən aşiqanə mübaliğənin müasir və səmimi nümunəsi kimi çıxış edir. Burada ölüm anlayışı faciə kimi deyil, sevginin müqəddəsliyi qarşısında könüllü fədakarlığın rəmzi kimi təqdim olunur. Şairin poetik düşüncəsində sevgi insanın varlığını aşan mənəvi dəyərə çevrilir. Şeirin ikinci bəndində müəllif sevgilinin sözünü müqəddəs məna daşıyan ifadə səviyyəsinə yüksəldir: “Ehtiyac yox öyəsi; Kəlmən Quran ayəsi…” Bu misralarda klassik poeziyanın təsirini hiss etmək mümkündür. Sevgilinin sözü ilahi hikmətə bənzədilir, onun danışığı mənəvi işıq mənbəyi kimi təqdim olunur. Burada müəllif dini-mənəvi simvollardan istifadə etməklə sevgiyə ucalıq qazandırır. Bununla yanaşı, “Çox sözüm var deyəsi, / Bülbül ollam, ol desən” misralarında sevginin ilhamverici gücü vurğulanır. Sevgili aşiq üçün təkcə məhəbbət obyekti deyil, həm də yaradıcılıq qaynağıdır. Şeirin son bəndi isə əsərin ideya yükünü tamamlayır: “Ruhum ruhunla qoşa, Sən de, verək baş-başa…” Bu misralarda artıq fiziki yaxınlıqdan deyil, ruhların vəhdətindən danışılır. Şair sevgini iki qəlbin, iki taleyin, iki mənəvi aləmin birləşməsi kimi təqdim edir. Buradakı səmimiyyət və sadəlik oxucunun diqqətini xüsusi şəkildə cəlb edir. “Qalan ömrü xoş yaşa, / Ustac qalar, qal desən.” Son misra isə şeirin ən təsirli poetik məqamlarından biridir. Müəllif öz təxəllüsünü bədii mətnə ustalıqla daxil edərək həm klassik ənənəyə sadiqliyini göstərir, həm də sevgidə qalmağın, sədaqətdə sabit olmağın mənəvi dəyərini vurğulayır. Burada “qalmaq” sözü sadəcə fiziki mövcudluq deyil, həm də sevginin, vəfanın və mənəvi bağlılığın davamlılığı mənasında işlədilir. Zaur Ustac müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yaradıcılıq xətti ilə seçilən şairlərdəndir. Onun poeziyasında vətənpərvərlik, mənəvi dəyərlər, sevgi, insanlıq və həyat fəlsəfəsi əsas mövzulardan biri kimi çıxış edir. Şairin yaradıcılığı həm oxucu auditoriyası, həm də tədqiqatçılar tərəfindən maraqla qarşılanır. Zaur Ustac Azərbaycan ədəbiyyatında müasir nəzirə ənənəsini yaşadan müəlliflərdən biri kimi “Desən” şeirində həm klassik poetik düşüncəyə bağlılığını, həm də fərdi yaradıcılıq üslubunu nümayiş etdirir. Onun sevgi lirikasında emosional səmimiyyət, xalq şeirinin ahəngi və klassik poeziyanın estetik çalarları üzvi şəkildə birləşir. Nəticə etibarilə, “Desən” şeiri təkcə bir nəzirə nümunəsi deyil, həm də sevginin mənəvi böyüklüyünü, sədaqətin gücünü və insan ruhunun ülvi duyğularını əks etdirən poetik əsərdir. Qəndabın “Gəl qoynuma Sevgilim” şeirindən doğan bu bədii dialoq Azərbaycan ədəbiyyatında nəzirə ənənəsinin bu gün də yaşadığını və yeni poetik çalarlarla zənginləşdiyini göstərir. Şeirin əsas uğuru ondadır ki, müəllif sevgi hissini pafossuz, səmimi və oxucunun qəlbinə yaxın bir dillə ifadə etməyi bacarmışdır. Məhz buna görə də “Desən” sevgi lirikasının müasir nümunələri arasında özünəməxsus yer tutan poetik əsər kimi dəyərləndirilə bilər. 30.05.2026. Bakı.
Xasanova Aziza Kumushbek kızı, 1 Ekim 2004 tarihinde Taşkent Bölgesi’nin Çirçik şehrinde doğmuştur. Şu anda Taşkent Ekonomi ve Pedagoji Üniversitesi öğrencisidir. 1 Mart 2025 tarihinde üniversite tarafından düzenlenen bir yarışmada “Fakülte Zülfiye” unvanına layık görülmüştür.
Birçok bilimsel makalenin yazarıdır. Şiirleri ve hikâyeleri dünyanın çeşitli gazete, dergi ve internet sitelerinde yayımlanmıştır. Edebi eserleri Arnavutluk, Pakistan, İtalya, Amerika, Birleşik Krallık, Almanya, Hindistan, Arjantin, Türkiye, Arabistan, Özbekistan, Kenya, Afrika, Kore ve Bangladeş gibi ülkelerde düzenli olarak yayımlanmaktadır.
Acının Dili Derler ya bir atasözünde: “Köpek havlar, kervan yürür.” Aslında suç köpekte değil, Kervanın geçtiği yoldadır. Doğru olmak zordur — herkes ezer seni, Talihin açılırsa bağrını çizer kimi. Bir başarı kazansan yüzleri düşer hemen, Hasedin zehrinde dolaşırlar sessizce. Kimi zaman “kötü” derler, kimi zaman “alçak”, Dilleri uzun olur, dedikodu hep ancak. Havlayıp yorulurlar, sonra usanıp birden, Yine sarılmak için gelirler ardından. Bir zamanlar söylemişti Abdulla Aripov: Dertler içinde yanmasın hiç canın. “Ama insanın içini acıtır ömür boyu, Köpekler arasından geçerse kervanın.”
Müsəlman aləmi hər il “Qurban bayramı” adı ilə tanınan müqəddəs bir ayini qeyd edir. El arasında buna bəzən “İsmayıl qurbanı” da deyilir. Hicri təqviminin ritmi ilə hər il on gün əvvələ çəkilən bu bayram, adətən iki gün davam edir və min illərin yaddaşını bu günə daşıyır. Elə buna görə də həmin günlərdə dünyaya gələn oğlan uşaqlarına çox vaxt Qurban və ya İsmayıl adı verilir — sanki qədim bir hekayətin izi yeni doğulan körpələrin taleyinə hopur. Bu bayramın kökündə insanlığın ən qədim və ən təsirli hekayətlərindən biri dayanır — İbrahimlə İsmayılın hekayəti. Rəvayətə görə, İbrahim peyğəmbər Tanrıya sədaqətinin sınağı olaraq ən əziz varlığı — oğlunu qurban verməyə hazırlaşarkən, ilahi mərhəmət yerə enir və insanın yerinə bir qoç göndərilir. Deməli, həmin günə qədər Tanrı yolunda insanlardan qurban kəsirmişlər. O gündən bəri isə dəvə, qoyun, keçi və inək qurbanlıq simvoluna çevrilir; qurban ayini isə əsrlərin içindən keçərək bu günə gəlib çatır. Lakin zaman dəyişir, insan düşüncəsi də onunla birlikdə dəyişir. Əsrlər öncə müqəddəs sayılan bir ayin, XXI əsrin vicdanında yeni suallar doğurur. Adi günlərdə ərzaq ehtiyacı üçün müəyyən sayda heyvan kəsildiyi halda, bayram günlərində bu mənzərə dəfələrlə böyüyür. Küçələri bürüyən qan qoxusu, həyətlərdən yüksələn mələşmə səsləri bəzilərinə ibadətin nişanəsi kimi görünür, digərlərinə isə mərhəmətin susduğu bir səhnəni xatırladır. Qurban bayramı İslam dünyasında paylaşmağın, ehtiyacı olanın əlindən tutmağın, fədakarlıq və mənəvi yaxınlığın rəmzi hesab olunur. Bayramın mahiyyəti təkcə qurban kəsməkdə deyil; insanın nəfsindən keçməsində, əlindəkini bölüşməsində və başqasının dərdini öz qəlbində hiss etməsindədir. Bunu hamı, xüsusən də varlılar edə bilirmi? Bununla bərabər başqa bir baxış da mövcuddur. Müasir dünyanın bir çox insanı heyvan hüquqları və etik düşüncələr baxımından bu ənənəyə etiraz edir. Onlara görə, yardımlaşmanın və mərhəmətin yolu artıq yalnız qan üzərindən keçməməlidir. İnsanlıq inkişaf etdikcə, xeyirxahlığın da yeni formaları yaranmalıdır. Məncə, heyvanlara qarşı soyqırımın dayandırılması vaxtı gəlib çatmışdır. Bundan o tərəfi yoxdur. 27-28 may 2026, Xırdalan şəhəri
“Əsl vaxtıdır” – könüllərin görüş nöqtəsi (Zaur Ustac – Əsl vaxtıdır) Azərbaycan poeziyasında nəzirə ənənəsi əsrlər boyu söz sənətinin ən canlı və ən dəyərli istiqamətlərindən biri olmuşdur. Klassik irsimizdən süzülüb gələn bu ənənə təkcə poetik cavab deyil, həm də fikir, duyğu və mənəviyyat dialoqudur. Müasir Azərbaycan ədəbi mühitində də bu ənənəni yaşadan sənətkarlar sırasında şair-publisist Zaur Ustacın xüsusi yeri vardır. Onun tanınmış ədəbiyyatşünas alim və şair Qəndabın “Sən gecikmə” şeirinə yazdığı “Əsl vaxtıdır” nəzirəsi məhz bu mənəvi-estetik bağlılığın parlaq nümunələrindən biridir. Qəndabın “Sən gecikmə” şeiri duyğuların sükut dili ilə danışdığı, baxışların sözləri əvəz etdiyi bir poetik ovqat yaradırdı. Şeirin əsas xəttində zaman, həsrət, gözlənti və könül yaxınlığı dayanırdı. Şair insanın daxili aləmini sakit, lakin təsirli poetik boyalarla təqdim etmişdi. Zaur Ustac isə “Əsl vaxtıdır” nəzirəsində həmin ruhu davam etdirərək mövzunu başqa bir mənəvi mərhələyə daşıyır. “Əsl vaxtıdır” şeirində ilk diqqət çəkən məqam poetik işığın və mənəvi yüksəlişin obrazlaşdırılmasıdır: “Gözündən könlümə süzülən işıq, Meraca uzanan cığır olubdu…” Bu misralarda sevgi artıq adi hiss olmaqdan çıxır, mənəvi kamilliyə aparan yol təsiri bağışlayır. “Merac” anlayışının işlədilməsi şeirin fəlsəfi qatını gücləndirir. Burada könül işığı ilahi yüksəlişin simvoluna çevrilir. Şair baxışları sadəcə gözlərin ifadəsi kimi deyil, ruhlar arasında gizli körpü kimi təqdim edir. Şeirin ikinci bəndində tale və insan iradəsi mövzusu diqqət mərkəzinə çəkilir: “Faili-muxtarıq, qədər bir naxış, Min istək yaradır adi bir baxış…” Burada müəllif insanın seçim haqqı ilə taleyin hökmü arasında incə poetik harmoniya yaradır. “Qədər bir naxış” ifadəsi taleyi əvvəlcədən çəkilmiş bir ornament kimi təqdim etsə də, “faili-muxtarıq” anlayışı insanın öz iradəsini və mənəvi seçim gücünü ön plana çıxarır. Bu isə şeirə sadəcə romantik deyil, həm də düşüncə-estetik dəyər qazandırır. Zaur Ustacın poetik üslubunda diqqət çəkən əsas xüsusiyyətlərdən biri də daxili ahəng və mənəvi istilikdir. Şair süni pafosdan uzaq duraraq hissləri səmimi şəkildə təqdim edir. Xüsusilə bu misralar poetik duyumun gücünü nümayiş etdirir: “İsti nəfəsinlə ali bir alqış, Ruhumu çuğlayıb, qəlbə dolubdu.” Burada nəfəs sadəcə fiziki yaxınlıq deyil, mənəvi dirilik, ruhun oyanışı kimi mənalandırılır. Şair hissləri zahiri emosiyadan çıxararaq ruhani səviyyəyə yüksəldir. Şeirin son bəndi isə nəzirənin ən təsirli poetik yekunu hesab oluna bilər: “Ustacam, dərsimi aldım dərindən, Nə sən gecikmisən, nə tez gəldim mən, Sevdanın odunu aldım əlindən, Sonda iki səyyah yolun bulubdu.” Bu misralarda müəllif həm ehtiramını, həm də poetik bağlılığını böyük ustalıqla ifadə edir. Buradakı “ustacam” müraciəti yalnız bir şəxsə deyil, həm də sənətə, sözə və mənəvi məktəbə ünvanlanan ehtiram təsiri bağışlayır. “İki səyyah” obrazı isə həyat və sevgi yolunda bir-birini anlayan ruhların simvoludur. “Əsl vaxtıdır” nəzirəsi göstərir ki, Zaur Ustac üçün poeziya yalnız bədii ifadə vasitəsi deyil, həm də mənəvi ünsiyyət formasıdır. O, Qəndabın poetik ovqatını qoruyaraq ona yeni düşüncə çalarları əlavə etmiş, nəticədə müasir nəzirə ənənəsinin uğurlu nümunələrindən birini yaratmışdır. Bu əsər həm də çağdaş Azərbaycan poeziyasında sözün mənəvi gücünü nümayiş etdirir. Şeir oxucuya tələsik hisslərin deyil, yetişmiş duyğuların, zamanında yetişən sevgilərin daha qiymətli olduğunu xatırladır. “Əsl vaxtıdır” adı da təsadüfi seçilməyib. Şair demək istəyir ki, insanın qəlbi doğru ünvanını tapanda artıq nə gec var, nə də tez – məhz əsl vaxtıdır. Zaur Ustacın bu nəzirəsi müasir ədəbi mühitdə klassik ənənəyə yaradıcı münasibətin uğurlu örnəyi kimi qiymətləndirilə bilər. Şeir həm poetik dilin axıcılığı, həm fəlsəfi yükü, həm də mənəvi-estetik dəyəri ilə oxucunun yaddaşında iz buraxır. Ən əsası isə bu əsər sübut edir ki, həqiqi poeziya zamanın fövqündə dayanır və könüldən gələn söz gec-tez öz yolunu tapır.
ƏSL VAXTIDIR (Qəndab – Sən gecikmə) Gözündən könlümə süzülən işıq, Meraca uzanan cığır olubdu, Məchul baxışların dərinliyində, Neçə min açmamış arzu solubdu…
Faili-muxtarıq, qədər bir naxış, Min istək yaradır adi bir baxış, İsti nəfəsinlə ali bir alqış, Ruhumu çuğlayıb, qəlbə dolubdu.
Ustacam, dərsimi aldım dərindən, Nə sən gecikmisən, nə tez gəldim mən, Sevdanın odunu aldım əlindən, Sonda iki səyyah yolun bulubdu. 29.05.2026. Bakı. Müəllif: Zaur USTAC
AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru,şair-publisist, tərcüməçi-nasir, naşir