ZƏHRA SƏFƏRALIQIZI – KÜSƏYƏN NƏNƏM

KÜSƏYƏN NƏNƏM
(hekayə)
Ürüş nənəmə ithaf edirəm

Böyük qardaşım əsgərliyə gedən günü qoyunumuzun yaraşıqlı erkək bir quzusu oldu. — Balama qurban deyirəm bu quzunu – nənəm həm sevinclə , həm həsrətlə kövrələ – kövrələ söylədi . — Balam hıı eliyib gəlincə quzu da yeməli bir erkəyə dönəcək- səsi titrəyə – titrəyə dedi və gözlərinin nəmini gizlətmək üçün tövləyə tərəf yön aldı. Yeni doğan qoyunun altına xeyli saman səpdi, yerə yatanda isti olsun, üşüməsin deyə. Sonra vedrədə ilıq su gətirib qabağına qoydu. May ayı olmasına baxmayaraq havalar yağışlı və sərin keçirdi. Elə buna görə yeni doğan qoyunun qayğısına xüsusi qalırdı. Bəlkə də hamıdan çox sevdiyi nəvəsinə qurbanlıq quzu vermişdi deyə daha işini diqqətli görürdu.
Nənəm hamımızı çox istəyirdi. Amma böyük qardaşıma qarşı istəyi bir ayrı cür idi. Bəlkə də oğlu olmadığına mehrin qardaşıma salmışdı. Onu həm oğul, həm də nəvə gözündə görürdü.
Anam işləyirdi. Səhər gedib , axşam gəlirdi.Ona görə yeməyimizi əksər hallarda nənəm bişirərdi. Biz dörd bacı – qardaş stola oturanda o, yeməyin şiftəsini böyük qardaşıma çəkərdi, sonra bizə.
Qardaşım evimizə yaxın olan səkkizillik məktəbdə oxuyurdu. Biz uç bacı – qardaş rayonun mərkəzindəki gözəl, ikimərtəbəli ,geniş otaqları, laboratoriyası, bütün idman ləvazimatlarla təchiz olunmuş zalı olan orta məktəbdə oxuyurdıq. Təkcə qardaşım bu məktəbdə oxuyurdu.
— Uşağı uzağa salma, elə bu məktəbdə oxusun. Nə fərqi var, məktəb məktəbdir də – deyib anamı təkidlə razı salmışdı. Ozü isə qardaşıma goz- qulaq olsun deyə.
Məktəb bir mərtəbəli, dörd- beş otaqdan ibarət idi. Çox hörmətli, dəyərli müəllimlər işləyirdi bu məktəbdə.” Bədən tərbiyəsi “dərsini də həyətdə idman müəlliminin öz əli ilə səliqəyə salıb , düzəltdiyi futbol, valibol meydançasında keçirdilər.
Məktəb yolun qırağında olduğundan gəlib – gedənləri, keçən maşınları da görmək olurdu. Hər gün böyük tənəffüsə beş dəqiqə qalmış nənəm məktəbin yanındakı daşın üstündə oturub zəngin çalınmasını gözləyirdi.
Onun nə saatdan başı çıxırdı, nə də bir hərf, rəqəm tanıyırdı. Amma vaxdı o qədər dəqiq bilirdi ki. Bilmirəm göy üzünə baxıb günun durmasından müəyyənləşdirirdi, yoxsa hissiyyatı ilə. Tam zəngin çalınmasına beş dəqiqə qalmış həmişəki yerində olardı.
— Uşaq şəhər – şəhər əməlli- başlı bir şey yeməyib, yəqin acdı – deyər , lavaş çorəyinin arasına qaynatdığı yumurtanı əzib qoyar, ya da nehrə yağı ilə şor sürtüb , şüsə butulkaya şirin çay toküb soyumaması üçün yay – qış belinə bağladığı şalının sinə tərəfdən arasına qoyub qardaşımı həmişəki yerində gözləyərdi.
Qardaşım nənəmin bu hərəkətində utanardı. Çünki pəncərədən görən kimi hansı müəllim olurdusa üzunü ona tutub – dur get, nənən yeməyini gətirib – deyərdi. Bütun sinif uşaqları da gülüşərdilər. Qardaşım uşaqların gülməsindən utansa da gedib yeməyini yeyib gələrdi. Axı, ac olurdu. Doğrudan da səhər yemək yeməyə iştahı olmadığından çorək yeməzdi. ( Böyüyəndə , lap indi də özləri baba – nənə olandan sonra da həmin sinfin uşaqları bir yerə yığışanda bu hadisəni xoş bir xatirə kimi xatirlayır, gülür və nənəmə rəhmət oxuyurlar.)
Nənəm quzunu göz – bəbəyi kimi qoruyurdu. Onu xüsusi bəsləyirdi. Bostanımızda tərəvəz ləklərinin , lobya, pamidor civələrinin arasındakı tər otları belinə bağladığı önlüyunün ətəyinə yığar , aparıb quzunu yedizdirərdi. Bağımızda agacların dibinə tökülən , çox vaxt da budaqlarından dərdiyi meyvələri bir qaba doğrayıb əlində quzuya yedizdirərdi. Quzu demək olar ki, anasından çox nənəmə mehrini salmışdı.
Günlər keçdikcə quzu əməlli – başlı bir qoç olurdu. İri , burma buynuzları ona xüsusi yaraşiq verirdi.
İki ilin bitməsinə bir – iki ay qalırdı. O zamanlar, sovetlər dönəmində əsgərlik iki il olurdu. Üc il olan əsgəri xidmət də var idi. Bu illərdə valideynlər, doğmalar övladlarını həsrətlə, intizarla gözləyirdilər.Üzlərini bu illərdə görmədikləri balaları necə dəyişıb, o qərib , yad ellərdə arıqlayıbmı, babatlaşıb, boy atıblarmı – düşünürdülər, həsrətlə və intizarla yollarını gözləyirdilər.
Nənəm hər gün qurbanlıq qoçu əlləri ilə bəsləyir, gecə – gündüz sakitcə, dilinin altında qardaşımın sag- salamat gəlməsi üçün dua edirdi…
Sərt keçən qış getmiş, yerinə nəfəsi ilıq yaz gəlmişdi. Qarlar ərimiş, yalların döşlərini yamyaşıl otlar, balaca – balaca rəngbərəng çiçəklər bürümüşdü. Kolların dibində bənövşələr qonçələmis, çoxları da açmış bihuşedici ətrini ətrafa yayırdı. Bunlara baxmayaraq uzaqdan uca dağların zirvəsində ağappaq qar var idi və bu da göz oxsayırdı…
Yaz səhərlərindən biri idi. Biz yeni yuxudan oyanmış , dərsə getmək üçün hazırlaşırdıq. Birdən nənəmin çığırtı səsini eşitdik. Hamımız səs gələn tərəfə qaçdıq. Nənəmin sağ biləyi qoçu yemləyən zaman necə olmuşdusa yarasıqlı buynuzlarının arasına taxılmış, ağrıdan çığıran nənəmin səsinə quzu ürkmuş , qaçanda biləyini sındırmışdı.Nənəm biləyini tutub sızıldayirdı. Atam tələsik paltarını geyinib maşınını isə saldı. Anam qonşuların köməyi ilə ağrıdan qıvrılan nənəmi bir təhər maşına oturdub xəstəxanaya apardılar. Biz uşaqlar nənəmizin bu halına ağlayırdıq. Qurbanlıq qoç isə həyətin bir kuncünə qısılıb , devikmış halda bizə baxır və hərdən də ğovsəyirdi.Yəqin nənəmin əlində verdiyi meyvələri yeyirdi…
Nənəmin qolunu həkim gibsə qoydu.
Ağrıkəsici iynələrlə bir təhər sakitləşdı.
Günlər keçdi. Anamla atam nənəmin qolunun gibsinin açılması üçün xəstəxanaya getdilər.Qayıdanda hamısının üzü asıq idi.Dilxor və qəmli görünürdülər. Həkimin günahı ucubatından nənəmin qolu şikəst qalmışdı. Əlini, biləyini tərpədə bilmirdi, ağac kimi qurumuşdu. O, bu halı ilə heç cürə barışa bilmirdi.Elə buna görə nənəm əmməli – başlı qoçdan küsmüşdu. Qoç hər dəfə nənəmə yaxınlasanda o, üzünü yana çevirir:

  • Mən sənə nə pislik etmişdim ki, məni şikəst elədin? İndi mən evi nə təhər çəkib – çevirəcəm? Heç mən balamın məclisində də bir iş yiyəsi ola bilməyəcəm – incik- incik qoça baxır, gileylənirdi. Qoç da ona baxıb sakit- sakit mələyir, sanki üzr istəyirdi…
    Nənəm qoçu heç cürə bağışlamırdı. Qoçaq, yaşına baxmayaraq cavan gəlin kimi zirək, yoruldum – deməyən nənəm əlinin şikəst qalmasına dözə bilmirdi. Hirsini də qoçdan çıxarırdı. Onun üzünə baxmırdı, başına sığal çəkmirdi, tək əllə olsa da onu yedirtmirdi.Qoç onu görən kimi yaxınlaşır, özünü nənəmin ayaqlarına sürtür, sakitcə mələyirdi. Sanki, bağışla- deyirdi…
    Nəhayət qardaşım sağ- salamat hərbi xidmətini Rusiyanın uzaq, soyuq bir şəhərində başa vurub rayonumuza qayıtdı. Hamımız sevinirdik. Nənəm isə sevindiyindən yerə- göyə sığmırdı.
    Atam qoçu qardaşımın başına dolandırıb , duasını oxuyandan sonra kəsdi. Hamımız atamın başına yığışmışdıq. O, qoyunun qanından bizim alnımza, iki qaşımızın arasına sürtdu. Anam yeddi evin ət payını böləndən sonra kabab bişirmək üçün ocaq qaladı. Nənəm isə həyətimizdəki tut ağacının altındakı stolda oturub başını aşagı salmışdı. Qoçun kəsilən tərəfə baxmırdı. Hərdən basına örtdüyü gullü şalın ucu ilə gözlərini silirdi. Nənəmə baxıb mən də kövrəlirdim.Amma bilə bilmirdim nənəm əhd etdiyi qurbanının qəbul olmasına, qardaşımın sag- salamat gəlməsinə, həsrətin bitməsinə görə sevindiyindən ağlayırdı, yoxsa əlində bəsləyib böyütdüyü, sonra da “küsülü” olduğu qoçun kəsildiyi üçün ağlayırdı…

MÜƏLLİF: ZƏHRA SƏFƏRALIQIZI

“Yurd” jurnalının redaktoru

ZƏHRA SƏFƏRALIQIZININ YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir