Poeziya sözü Yunan dilindəki “POİEO” sözündən yaranıb. Həmin söz Azərbaycan dilinə yaratmaq, inşa etmək, müşahidə etmək kimi tərcümə edilir. Ən qədim poeziya nümunələri olan şeirlər-himnlər eramızdan əvvəl 23-cü əsrə aid edilir. Həmin şeirlərin müəllifi qadın şair En-hedu-ana olub. Şair haqda yeganə məlum olan odur ki, o, Urunu (İran ərazisini) fəth etmiş Akkad şahı Sarqonun qızı olub. 1999-cu ildən etibarən ЮНЕСКО nun qərarı ilə hər il 21 martda Beynəlxalq poeziya günü qeyd edilir. Poeziya sevənləri və sözdən, kəlmədən məharətlə istifadə edib gözəl poeziya nümünələri yaradan şairlərimizi bu gün münasibəti ilə ən xoş arzularla təbrik edirəm!
NOVRUZ BAYRAMINIZ VƏ POEZİYA GÜNÜNÜZ MÜBARƏK OLSUN!
Bu dünyada hər şeyin dəyəri var və eyni zamanda heç nəyin dəyəri yoxdur… Bildiyimiz kimi hər şeyin artığı zərər gətirir. Elm – məntiq də insanlığa xidmət etməyəndə dünyanın, həyatın dəyərini gözümüzdən salır əslində. Son dövrlərdə baş verən hadisələr deyir ki, elmin bir adı məntiq olduğu kimi, o biri adı da siyasətdir, insana dünyanı özünə tabe etdirməyin qaranlıq və təhlükəli yollarını göstərir, insanı hesablı yaşamağa öyrədir. Hesablı yaşam isə insanlığın süqutudur. Son illər hamı məntiqi ilə yaşamağa başlayıb. Hamı hər sahədə ilinin, gününün, hətta saatının hesabını aparır (maddi, mənəvi)… Mənim fikrimcə xoşbəxt o insandır ki, sabahı fikirləşmir, bugününü yaşayır. Hər dəqiqənin bir hökmü var, 1 dəqiqə sonra nə olacağını kim bilir?… Biz türklər istiqanlı və duyğulu millətik, amma heyiflər olsun ki, dünyada hamı belə deyil. Arzu ediləm ki, elə bir dövr gəlsin ki, məntiqlə duyğu arasında tarazlıq olsun. Bax, məhz o zaman İNSANLIĞIN ən böyük uğuru olacaq… Yaşasın, ağılı, məntiqi qədər də duyğuları ilə yaşayan və yaradıcılığı, sənəti duyan, sevən insanlar! Dünyanı səmimiyyətilə, məhəbbətilə xilas edənlər də məhz onlar olacaqlar. Belə insanların hamısı ŞAİRdir – heykəltəraş daş üzərində, bəstəkar səsdə, rəssam rəngdə, onları diyanlar isə həyata, sənətə, insana və insanlığa baxışları ilə “şeir yazır.” Poeziya həyatın döyünən ürəyidir. Poeziya duyğudur, hissdir, ruhdur. Poeziya sübut edir ki, dünyada hər şeyin birmənalı şəkildə dəyəri var. Ruhsuz bədənlər isə “ölü”dür. Təbiətin rəngini çəkmək asandır şair üçün, bu siyasətin itmiş rənginə bənzəmir… Əziz və hörmətli feysbuk dostlarım! Ömür kitabınızın ən gözəl yerindən – Novruzun ilk günündə SAĞLAM RUH, SAĞLAM BƏDƏN və MÜBARƏK GÜNLƏR sizin olsun! Novruz Bayramınız və Poeziya Gününüz mübarək olsun!
Baharla birgə qədəm qoydu Azərbaycan torpağına, baharı gətirdi Azərbaycana… Səməd kimi doğuldu, Vurğun kimi böyüdü, Vəkillik etdi Azərbaycana… Yeni gündə gəldi dünyaya, yenilik gətirdi Azərbaycana, Azərbaycan ədəbiyyatına… Bu gün dahi söz adamının, böyük el sənətkarı Azərbaycan durduqca yaşayacaq, hər Azərbaycan kəlməsi deyiləndə, eşidiləndə, yazılanda yenidən doğulacaq, Azərbaycanın özü kimi qədim, dağları qədər vüqarlı, həmişəcavan, həmişəyaşar Səməd Vurğunnun anadan olduğu gündür. Doğum günündə böyük ustadı rəhmətlə anırıq. Ruhu şad olsun. Amin.
bəlkə də sovetlətin yeganə qələm adamı olan dühası idi ki, 1937-ci ilin ağrısını ölənədək yaşadı.
Yoxsa 50 yaşında az qala 80 yaşlı qocaya oxşamazdı ki…
Və Müşfiq şerimizin cavanlıq, Füzuli qocalıq rəmzi hesab olunubdusa, Səməd Vurğun ümumiyyətlə şairliyin, insanlığın, həm də xeyirxahlığın və istedadın göstəricisi olub Azərbaycan insanının düşüncəsində və ruhunda.
İndi ona çaqqal kimi hürənlər də çoxdu, adını aşağılamaq istəyənlər də…
Amma O, sovet epoxası adlanan onilliklərin ən halal, ən vicdanlı, ən milli, ən talantlı və heç şübhəsiz ən nüfuzlu şəxsiyyətlərindən biri idi. Ömrü boyu yaxşılıqlara könül açdı və kimsəsiz istedadlara həyan oldu, onlara həyatı tanıtdı, yollarında şam kimi əridi.
Hər halıyla Azərbaycanda şəxsiyyət faktorunun önündə gəlib də, ən uca ədəbi zirvələri fəth etdi.
Ölümündən 70 ilə yaxın vaxt keçsə də, böyük ilham və tükənməz eşq ilə qələmə aldıqlarının əhəmiyyətli bir hissəsi siyasi konyukturalar ucbatından ədəbi xronikaya çevrilsə də, Səməd Vurğun ümumtürk ədəbi dilinin ən uca zirvələrinin başında qalmaqda davam etməkdədir.
Bu gün bizim dilimiz bu qədər dupduru, bir belə tərtəmiz, bu boyda halaldırsa, ən əvvəl həm də Səməd Vurğuna minnətdar olmalıyıq.
Şah Xətai, Abbas Tufarqanll, Vaqif, Aşıq Ələsgər kimi…
O həmişə yaşayacaq! Nə qədər ki, dilimiz var! Nə qədər ki, millətimiz var olacaq!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Bir ellim məndən bənövşə istədi. Qarabağın bənövşəsini…
Utancaq, hamıya görünmək istəməyən, kolun dibində gizlənən, istədiyi adam gələndə boylanıb, “burdayam” – deyən, həssas, kövrək bənövşəni. Baharı daha gözəl olan o yerlərdə – bənövşənin bağın harasında, hansı kolun dibində bitdiyini bilirdik. Bənövşə özü də əldə, evdə daha gözəl göründüyünü bildiyindən xoşu gəldiyi adamı görəndə, “məni dər” – deyə çağırırdı. Onun qarşısında əyiləndə özünü bənövşəni verəcəyin adamın qarşısındakı kimi hiss edirsən. İncidəcəyindən ehtiyatlanıb bir az ustufca, səliqə ilə üzürsən. Bənövşə onun hər adama verilmədiyinin fərqində olduğundan naz edib yırğalanardı. Onun görünüşü, baxışı başqa çiçəklərdən fərqlənir. Seçilir. Bu çiçəkdə xüsusi bir lütfkarlıq, özünəməxsus incə bir əda var. Üzülənə kimi nazlı, üzüləndən sonra tam sənin olur. Sinənə sığınan kimi sığınır əllərinə. Bənövşələr…
İndi o yerlərdə yenə bənövşə bitirmi? İnanmıram. Bənövşə sevgi çiçəyidi. Sevgini daha çox duyur.
Qana susayana bənövşə baş qaldırmaz. Görsənməz. Ağacı, kolu həsrətdən quruyan yerdə bənövşə bitməz.
Bənövşə əvvəlki əllərin mehriban uzantısını, sevgi dolu baxışlarını gözləyir.
Həssas, duyğulu, utancaq, xəfif baxışlı, gözəl, zövqlü yaz çiçəyindən ötrü əllərim, baxışlarım darıxır. Sevgiyə darıxan kimi.
İçinə qısılan o bənövşəni, baxışlarımla dirçəldib sənə gətirəcəyəm. Gözün sevinsin.
Görməyənlər də görsün Qarabağ bənövşələrinin baxışlarını…
Xalqımızın milli-mənəvi irsini özündə təcəssüm etdirən Novruz bəşər tarixinə məlum olan ən qədim bayramlardan biri, bəlkə də birincisidir. Dunya insanları, hansı dinin daşıyıcısı olmasına baxmayaraq, Novruzun elementlərindən geniş istifadə olunur. Məsələn, xristianlıqda xaç-su məsələsi, (su yeni həyat elementi kimi) Yəhudi dilindən tərcümədə “Yeni il” adlanan “Roş-ha Şana” bayramında günboyu salamlaşma və almanı balla yemək ənənəsi (şirniyyat elementi), bütün müsəlmanların qeyd etdiyi Novruz Bayramı biz türklərə görə təbiətlə bağlı su, od, torpaq, yel ilə bağlı dörd əsas ünsürlə yanaşı, cəmiyyətdə humanist insani münasibətlər, paylaşmaq, birlik, bərabərlik kimi bəşəri dəyərləri də qoruyur.
Baharın gəlişini bağladığımız bu dörd çərşənbənin hər birinin ayrı-ayrı anlamlar daşıdığı məlumdur. İnanclarımıza görə bu anlamların xususi yeri var. Yel çərşənbəsi qışın qalıqlarını sovurub aparır, yeni – ilıq hava gətirir. Su çərşənbəsi təbiətə can verir, torpağı oyadır. Su çərçənbəsində suyun üzərindən atlanma mərasimləri keçirilir. Bütün ağırlıqları suyun yuyub aparacağına inanılır.
Novruzu zərdüştlüklə bağlayan tədqiqatçılar daha çox bunu bayramdan öncə keçirilən axır çərşənbə gecəsi icra edilən atəşfəşanlıqla əlaqələndirirlər. Eyni zamanda burada şamanizmin izləri də özünü mühafizə etməkdədir. Sovet dönəmində bu bayramın qadağan edilməsinə baxmayaraq, ölkəmizdə Novruz həmişə xüsusi coşqu ilə qeyd edilmişdir. Bugün də axır çərşənbədə dağ başlarında, uca yerlərdə, kirəmitsiz damlarda, küçələrdə, həyətlərdə tonqallar qalanır, tonqalların ətrafında dövrə vurub
yallı gedirlər. Mərasimdə “Atıl-batıl çərşənbə, baxtım açıl, çərşənbə”, ağırlığım-uğurluğum bu odda yansın” – deyib tonqalın üstündən atılır, atəşfəşanlıq edir, lopalar yandırır, bununla da insanlar şər qüvvələri qorxudub qaçırda bildiklərinə inanırlar.
Novruz yeni günün, yeni ilin, yeni arzuların, milli ruh və duyğuların bayramıdır. Novruz fəlsəfəsi cəmiyyətdaxili münasibətləri tənzimləyən, insanlar arasında səmimiyyəti, dialoqu önə çəkən yüksək dəyərləri ehtiva edir.
Hər il insanların həvəslə qarşıladığı və yola saldığı Novruz Bayramı xalqın tarixi kökünü, adət-ənənələrini özündə yaşadır. Bu gün ilaxır çərşənbə dediyimiz Torpaq Çərşənbəsini qeyd edirik. Bu günə həm də Niyyət, Dilək Çərşənbəsi deyilir. İnancımıza görə, bu gün ürəkdə tutulan xoş diləklər hasilə yetir.
Sizlərin hər birinizin xoş arzularınız həyata keçsin, əziz dostlar.! Torpaq Çərşənbəniz və qarşıdakı Novruz Bayramınız mübarək olsun!
BAYRAM ALQIŞI
Mən alqış deyirəm, gəlin qol qoyaq, Vəsfi Vətən olsun sözlərimizin. Tanrı müjdələsin, xoş xəbər duyaq, Qüvvəsi qayıtsın dizlərimizin.
Xasiyyət Rüstəmova 1971-ci il mart ayının 19-da Özbəkistanın Namanqan şəhərində anadan olmuşdur. Ali təhsilini Özbəkistan Milli Universietinin jurnalistika fakültəsində , daha sonra isə 2001-2004-cü illərdə Ali Ədəbiyyat Universitetində almışdır. Xasiyyət Rüstəmova 1993-1997-ci illərdə “Dan ulduzu” qəzetində çalışmışdır. 2015-ci ildən “Kitab dünyası” qəzetinin baş redaktoru vəzifəsini icra etməkdədir.
“Yazarlar” doğum günü münasibətilə tanınmış şair XASİYYƏT RÜSTƏMİ təbrik edir, sağlıqlı ömür və bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayır! Uğurlarınız bol olsun, XASİYYƏT xanım!