www.bitik.az tərəfindən yazılmış bütün yazılar

TANRI ÖMRÜNƏ BƏRƏKƏT VERSİN, İBRAHİM İLYASLI!

TANRI ÖMRÜNƏ BƏRƏKƏT VERSİN, İBRAHİM İLYASLI!

Tanrı dünyanı var edir, şairlərsə sözdən söz yoğurur. Demək ikisi də yaradıcıdı. İkisi də ali mərtəbədədi. Hər əlinə qələm alan da şair olmur ha. Tanrının diktəsilə yazanlardı əsl şairlər. Tanrı nəfəsi toxunmayan sözdən söz olmaz. Hər yetən qapını da çalmaz söz. Şairlər söz-söz yaxınlaşır dünyaya, ovudur, sığal çəkir, məlhəm olur, sarıyır. Söz açan qapını dünyanın ən böyük fatehləri açıb girə bilməz. Sözdəki qüdrəti görürsüzmü?
Bu gün də sözdən söz yoğuran, sözüylə sığal çəkən, ovudan , sarıyan şairlərdən biri- şair İbrahim İlyaslının günüdü. Sülh şairi, barış şairi, gözəllik, sevgi aşiqi, Vətən , bütöv Azərbaycan sevdalısı İbrahim İlyaslının dünyaya göz açdığı gündü. Yaşının hansı çağıdır, deyə bilmərəm. Ruhununsa bahar çağıdı .Bax bunu əminliklə deyirəm. Şeirləri elçiyə dönən, ocaq-ocaq gəzən, ev -ev, könül -könül dolaşan şairin yaşının üstünə bir yaş da gəlir bu gün . Sözününsə bir az da müdrikləşən, bir az da cilalanan çağıdı. Tanıyanlar bilir ki,mübaliğəni, yalançı tərifi, boğazdan yuxarı danışmağı sevmirəm. Sevdiklərimi məqsədsiz və təmənnasız sevirəm. Elə sevgilərin ən alisi də bu deyilmi? İbrahim İlyaslının imzasını çoxdan tanısam da özüylə dostluğumun yaşı elə də çox deyil. Amma mənə elə gəlir ki , onu min ildi tanıyıram. Min il yol getmişəm sanki şairlə. Sözünə, ərliyinə, dostluğuna güvənib deyirəm bunu. Bir -birimizlə söz ərkimiz , könül dostluğumuz var. Adamı incitməz. Sözünün havası uzaqdan vurar adamı. Könlündən keçəni şeirlə deyər. Qırmadan, üsulluca . Yorulduğunu hiss etdirməz. Heç küskünlüyünü də. Anlayan anlayar ancaq. Anlayançun ürəyinin qapıları taybatay açıqdı. Tərifi sevməz. Bir məsum , körpə utancaqlığı var. Sözünü urvatdan salmaz. Hansı sözü harda danışmaq lazım olduğunu gözəl bilir. Öz çəkisindədi, söz çəkisindədi həmişə. Könlüncə olmayan heç nəyi alqışlamaz. Sözü kimi dostluğu da möhkəmdi. Boynuna düşən hər işi layiqincə yerinı yetirər. Yorulsa da, usansa da edər. Sözünün yükünü hər yetən çəkməz həm də. Səbri özündən böyükdü. Elə sevgisu də. İşıqlıdı yazdıqları. Odu uzaqdan vurar adamı. Qaranlığı sevməz İbrahim İlyaslı. Sözlə dolaşar, sözlə gəzər. Şeir yazanda xoşbəxt olar bircə. Yükü azalar sanki. Mən belə tanıyıram onu

Mən sevə bilirəm ancaq,
Sevilmək? – o mənlik deyil

-deyən şairin sevənləri o bildiyindən də çoxdu. Sevilən şair olmağın özü böyük xoşbəxtlikdi. Bir də şairin məniylə istedadı üst-üstə düşəndə bir özgə aləm olur. Bu baxımdan İbrahim İlyaslı xoşbəxt yazardı. Özünə və sözünə hörmət edəndi .Heç kimdən heç nə ummaz, bircə sözündən savayı. Cild-cild əsərlərin arxasında gizlətməz adamlığını. Bircə misrasından tanıyarsan onu. Həm də çox həssasdı.Səsindən tutar nə demək istədiyini. Kədərini, dərdini( Tanrı dərd verməsin) , ağrısını da sevdirər. Dərdi sevə-sevə çəkən şairdi axı. Oxucunu ram edən qələmi var. Bir də bilirəm ki, onunçun özəl günündə sözdən gözəl təbrik ola bilməz. O söz də ki, dost payı ola, içdən gələ. O sözə ki, ürək qoyasan, onu kim sevməz? Bilirəm ki, bu yazını da oxuyub kövrələcək. Söz-söz, sətir -sətir, misra-misra kövrələcək. Bəlkə təzə şeir də doğulacaq bu yazının eşqinə. Gecənin qaranlığına işıq tutan söz həm də. Özü də şairin ürəyi boyda. Bilirəm. Amma kövrəldiyini heç kim bilməyəcək. Bircə ərk yeri, görk yeri Tanrısından savayı.
Yaşının üstə yaş gəlsə də, həsrətin bir buğda boy atsa da yenə də yaşamağa dəyər , şair. Bir daha günün mübarək . Allah ömrünə bərəkət versin. Özünün və sözünün varlığına şükür, İbrahim İlyaslı.

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

İBRAHİM İLYASLININ YAZILARI

QULU AĞSƏSİN YAZILARI

MƏMMƏD MƏRZİLİNİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şuşadakı quruculuq işləri böyük Qələbənin təntənəsidir

Şuşadakı quruculuq işləri böyük Qələbənin təntənəsidir

Bildiyimiz kimi, Azərbaycan dövləti bütün mərhələlərdə öz inkişaf istiqamətlərini dövlətçilik işinin prioriteti hesab edib. Bu müstəqil dövlət taleyüklü məsələlərin həllində həmişə vacib addımlar atıb.
Özünün milli kökləri ilə qədim ənənəyə malik olduğunu dəfələrlə sübut etmiş Azərbaycan keçid dövrünün çətinliklərinə, ağır proseslərinə də məharətlə sinə gərməyi bacardı. XX yüzilin sonunda öz tarixi torpaqlarının bir hissəsini itirmiş Azərbaycan dövləti çox sevindirici haldır ki, XXI əsrin birinci rübündə ölkə başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi altında ordu quruculuğuna, iqtisadi inkişafa böyük önəm verdi, 27 sentyabr 2020-ci ildə işğal altındakı torpaqlarını düşməndən geri almaq məqsədilə əks-hücum əməliyyatına başladı və nəhayət, 8 noyabrda fatehlər sultanı Şuşanın azad edilməsilə müharibə sona çatdı.
Bu gün hər kəsə bəllidir ki, siyasi qloballaşmada milli özünüdərkə, adət-ənənə prinsiplərinə, ləyaqət, qürur hisslərinə daha ətraflı və əhatəli yanaşan Azərbaycan hətta digər ölkələrin belə dəyər sistemlərinin güclənməsi üçün əməli addımlar atır. Biz bunu Şuşada aparılan quruculuq işləri ilə də isbat edə bilərik. Misal üçün deyə bilərik ki, bu gün də sülh bir ideya olaraq Azərbaycanın hüquqi müstəvisində geniş təqdir olunan məsələ kimi diqqət çəkir.
Bəlli olduğu kimi, ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü ildə Şuşa şəhəri “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildi və bu istiqamətdə proritet addımlar atıldı. Beləliklə, Şuşada misli görünməmiş quruculuq-abadlıq işlərinə start verildi. Əlbəttə, həm işğal dövründə, həm də Vətən müharibəsi zamanı Şuşa da ermənilər tərəfindən böyük dağıntı və tələfata uğramışdı. Fatehlər şəhəri kimi mənalanan Şuşada quruculuq işləri aparmaq bu baxımdan həm böyük maliyyə, həm də güclü iqtisadi potensial tələb edir. Nə xoş ki, Azərbaycan dövləti bu prosesləri sürətlə həyata keçirir. Artıq Şuşada demək olar ki, misli görünməmiş işlər görülüb və görülməkdə davam edir. Bugünkü Şuşa o qədər gözəlləşib, simasını elə dəyişib ki, heç şuşalıların özləri belə öz doğma yurdlarını ilk baxışdan tanıya bilmirlər. Bu da əlbəttə, möhtərəm İlham Əliyevin dövlətsevərlik missiyasının bariz ifadəsidir.
Şuşada tez-tez açılışları olan işlər orada quruculuğun, abadlıq işlərinin böyük vüsət aldığına işarədir. Məsələn, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 21-də Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksinin tikinti meydanında bərpa-quruculuq işlərinin gedişi ilə tanış olması, eləcə də Şuşa şəhərinin Qarabağ küçəsində aparılan tikinti işləri ilə yaxından maraqlanması, həmçinin layihə çərçivəsində Sadıqcanın evinin bərpa işlərinə də başlanılması, Heydər Əliyev Fondu tərəfindən geniş bərpa işləri aparılan Aşağı Gövhər ağa məscidindəki müasir görkəm, “Qarabağ” hotelinin, xüsusi nümayəndəliyin binasının da yeni görkəmi, yaxud, Şuşadakı küçələrin yenidən qurulması, həmin an Şuşanın tarixi-milli memarlıq üslubunun qorunması və s. oradakı quruculuq işlərinin dinamikliyinə dəlalət edir.
Bu gün Heydər Əliyev Fondu da Şuşada bir sıra tarixi mədəniyyət abidələrinin bərpa və tikinti işlərini həyata keçirir. Bərpası başa çatmış Yuxarı Gövhər ağa, Saatlı məscidləri keçən ilin may ayında istifadəyə verilib.
Hazırda Heydər Əliyev Fondu tərəfindən Şuşada Mamayı və Çöl Qala məscidlərində bərpa işləri, o cümlədən yeni Şuşa məscidinin tikintisi davam edir.
Prezident İlham Əliyevin dekabrın 21-də Şuşa rayonunun Daşaltı kənd məscidində tikinti işlərinin gedişi ilə tanış olması da quruculuq işlərinin əhəmiyyətli tezliyindən xəbər verir. Bu tikinti işlərinin 2024-cü ilin ikinci rübündə başa çatdırılması planlaşdırılır.
Fakt olsun deyə qeyd edək ki, Azərbaycan hələ ümummilli lider Heydər Əliyevin siyasi uğurları sayəsində müstəqil olduqdan sonra mühüm addımlarından biri kimi islahat proqramlarına ciddi nəzər yetirmişdi. Azərbaycan dövlətinin müstəqillik illərində belə bir inkişafa nail olması həm güclü liderinin olması, həm də çətinliklərə mərd-mərdanə sinə gərməsi ilə şərtlənir. Məhz bu gün də güclü liderinin olması sayəsində Azərbaycan həm itirdiyi torpaqları tam şəkildə geri aldı, həm də ermənilərin dağıdıb-viran qoyduğu bölgələrdə sürətli quruculuq və abadlıq işlərinə start verib. Bəlli ki, yaxın gələcəkdə həm Şuşa, həm də digər rayonlar müasir görkəm alacaq, əvvəlki halından da yaxşı təsirə malik olacaq. İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi islahatlar Azərbaycan iqtisadiyyatının yeni dövrünün inkişafına təməl yaradır.
Azərbaycan dövləti 28 il işğal altında qalmış, Qarabağın tacı olan Şuşanın əvvəlki gözəlliyini və möhtəşəmliyini özünə cəmi 9 ayda qaytara bildi və nə xoş ki, orada belə sürətli quruculuq işləri indi də uğurla davam etdirilir.
Bəllidir ki, Şuşanın dirçəliş dövrü Ali Baş Komandan İlham Əliyevin 2021-ci il yanvarın 14-də Şuşaya ilk səfəri ilə reallaşıb.
Bu gün Şuşada Qala divarı, Gəncə qapısı, Topxana, Cıdır düzü, Turşsu, İsa bulağının, həmçinin, Pənahəli xanın, Vaqifin, Natəvanın, Üzeyir bəyin, Xan əminin ruhu hopmuş 17 məhəllənın və s. quruculuq işlərinə cəlb olunması Azərbaycan dövlətinin iqtisadi qüdrətindən, misilsiz siyasi uğurundan xəbər verir.
İllərdir didərgin həyatı yaşayan Natəvanın, Üzeyir bəyin, Bülbülün güllələnmiş büstlərinin də öz doğma yerlərinə qovuşması həm ruhlarının şad olması, həm də ölkə başçısının həqiqi Sərkərdə olması faktı ilə nisbət tapır.
Tam əminik ki, Azərbaycan bütün dövrlərdə özünün həm iqtisadi, həm də siyasi qüdrəti ilə öndə olacaq.

Müəllif: Nehir AKPOLAT

NEHİR AKPOLATIN YAZILARI

MƏMMƏD MƏRZİLİNİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Məmməd Mərzili – Pul

Pul
Şərəfsiz birinə arxa olursan,
Zalımın cibinə gedib dolursan.
“Mənəm” deyənləri ələ alırsan,
Dünyanın gözüsən, özünsən, ey pul!

Kasıbdan uzağa qaçırsan elə,
Xəsisin cibində döndün xəzələ.
Baxmadın çirkinə, nə də gözələ,
Əldən-ələ düşüb gəzirsən, ey pul!

Sənsiz xoş keçərmi günü bazarın,
Dünyada hər yerə, düşüb güzarın.
Olmusan yoxsulun dərdi, azarı,
Mərdi məngənədə əzirsən, ey pul!

Bağlı qapıları çox tez açırsan,
Paslı qıfıllara yağlı (düşən) açarsan.
Sırtıq sifətlərə işıq saçırsan,
Kimə də verilən nəzirsən, ey pul!

Bir parça kağızsan, həm də dəmirsən,
Yaramaz birinə qızıl kəmərsən.
Bombasan, mərmisən… böyük hünərsən,
Hamını sıraya düzürsən, ey pul!

Yaşamaq eşqiylə pul qazanmağa,
Düşürük dərəyə, çıxırıq dağa.
Qula da, şaha da ağasan, ağa,
Nəfsinə qul başı üzürsən, ey pul!

Böyük də, kiçik də möhtacdı sənə,
Layiqsən qədrini daim bilənə.
Demişəm həmişə, deyirəm yenə,
İnsanın taqəti, dizisən, ey pul,
Evinin çörəyi, közüsən, ey pul!


Şərəfsiz birinə arxa olursan,
Zalımın cibinə gedib dolursan.
“Mənəm” deyənləri ələ alırsan,
Dünyanın gözüsən, özünsən, ey pul!

Kasıbdan uzağa qaçırsan elə,
Xəsisin cibində döndün xəzələ.
Baxmadın çirkinə, nə də gözələ,
Əldən-ələ düşüb gəzirsən, ey pul!

Sənsiz xoş keçərmi günü bazarın,
Dünyada hər yerə, düşüb güzarın.
Olmusan yoxsulun dərdi, azarı,
Mərdi məngənədə əzirsən, ey pul!

Bağlı qapıları çox tez açırsan,
Paslı qıfıllara yağlı (düşən) açarsan.
Sırtıq sifətlərə işıq saçırsan,
Kimə də verilən nəzirsən, ey pul!

Bir parça kağızsan, həm də dəmirsən,
Yaramaz birinə qızıl kəmərsən.
Bombasan, mərmisən… böyük hünərsən,
Hamını sıraya düzürsən, ey pul!

Yaşamaq eşqiylə pul qazanmağa,
Düşürük dərəyə, çıxırıq dağa.
Qula da, şaha da ağasan, ağa,
Nəfsinə qul başı üzürsən, ey pul!

Böyük də, kiçik də möhtacdı sənə,
Layiqsən qədrini daim bilənə.
Demişəm həmişə, deyirəm yenə,
İnsanın taqəti, dizisən, ey pul,
Evinin çörəyi, közüsən, ey pul!

Müəllif: Məmməd MƏRZİLİ

MƏMMƏD MƏRZİLİNİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zahid SARITORPAQ: Qürbətdə buzumu əritmiş ad.

Qürbətdə buzumu əritmiş ad

Çağdaş ədəbiyyatımızın xəritəsinə nəzər salan hər kəs orada onlarca ünlü imzayla yanaşı Qəşəm Nəcəfzadə imzasına da rast gələ bilər. Bu, həmən o imzalardandı ki, heç bir mübaliğəsiz, ədəbiyyat salnaməmizi öz çalarları, öz çeşidli ştrixləriylə bəzəyir. Bu gün Azərbaycan şeirini bir qocaman ağaca bənzətsək, onun ən yaşıl, ən sağlam budaqlarından biri Qəşəm Nəcəfzadəyə məxsusdur, desəm, yəqin mənimlə razılaşanların sayı kifayət qədər olar.

Yaxın çevrəm, dostlarım bilir ki, mən hər şeiri “həzm” edə bilmirəm, içimlə, ruhumla uzlaşmayan hər hansı yazı haqqında fikir söyləməkdən qaçıram. Amma Qəşəm Nəcəfzadənin şeirləri haqda, hansı səviyyədə olursa olsun, mübahisə etməyə hazıram. O ki qaldı onun özünə, şəxsi münasibətimdən gəldiyim qənaətə görə, Qəşəmin insani keyfiyyətləri çoxlarına örnək olmağa layiqdir. Onun diqqətcilliyi və qayğıkeşliyi həmişə duyulur. Bu, yaradıcı insanda ən önəmli keyfiyyətdir.

… Yazıçılar Birliyinin foyesində rastlaşdıq. “Bu yaxınlarda əlliilliyimdir” – dedi. Təbrik elədim. Yadıma, səhv etmirəmsə, doxsanıncı illərin sonunda, şaxtanın ülgüc kimi kəsdiyi bir gündə, Rusiyanın Moskva şəhərində, barmaqlarım soyuqdan tökülə-tökülə, ürəyimdə dünyanı, özümü, gərdişi söyə-söyə, tünlük küçələrdən birinin ortasında xarab olub qalmış avtomobilimi təmir etməklə məşğul olduğum bir məqam düşdü. Çiynimə bir əl toxundu. Başımı qaldırdım. Bu şəhərə mənim kimi çörək dalıyca gəlmiş tanışlarımdan birini gördüm. Acıqlı olduğumu görüb əvvəlcə duruxdu. “Heyif, maşından başım çıxmır, yoxsa sənə kömək eləyərdim” – deyərək uzaqlaşdı. Dinmədim. Aralanmağıyla geri dönməyi bir oldu. “Bəri bax, dedi, qoy könlünü açım, sənə səninlə bağlı bir xəbər verim”. “O nə xəbərdi elə?” – deyə etinasızlıqla soruşdum. Elə bir durumdaydım ki, məni heç bir xəbər-filan ilgiləndirmirdi. “Vətənə getmişdim. Televiziya ilə iki nəfər şair çıxış edirdi. Səni bir xeyli təriflədilər. Harda itib-batdığından nigarandılar”. “Kim idi axı onlar?” “Səhv etmirəmsə, birinin adı Qəşəm idi, hə, Nəcəfzadə Qəşəm, o birini xatırlamıram, amma çox odduydular…” Bilmirəm əllərimin donu açılmışdı, yoxsa ürəyimin buzu sınmışdı, ilıq bir istilik keçdi canımdan o an. Düzü, kövrəldim də. Kim idi məni itirib-axtaran axı? Mən ki onu tanımırdım… Kim idi bu Qəşəm Nəcəfzadə?

Mənim bu imzayla ilk tanışlığımın tarixçəsi, bax, beləydi.

Şəxsi tanışlığımız isə üstündən çox sonralar, Vətənə dönməyimdən sonra baş tutdu. Buna qədər isə artıq mən onun şeirlərini dövri mətbuatda oxumuşdum, yaradıcılığına bir xeyli bələd idim. Onun şeirləri arxasında bitkin və özünütəsdiq mərhələsini artıq keçmiş olan bir şair durduğu şübhəsizdi.

Ədəbiyyatımızı son zamanlar dünya çapında layiqincə təmsil edənlər arasında onun müstəsna yeri var. Bu, qürur gətirir. Qəşəm çağdaş şeirimizlə dünya turnesinə çıxmış layiqli səyahətçidir – tufanlar qorxutmaz onu, çünki onun yazdıqlarının stixiyası daha güclüdür. Ən gözəl şeirlərini isə inanıram ki, 50-sindən sonra – kamillik dövründə yaradacaq. Buna onun odu və nəfəsi çatar. Bu mənim içimdən gələn bir inamdır.

“525-ci qəzet” 25 yanvar 2010

Müəllif: Zahid SARITORPAQ

ZAHİD SARITORPAĞIN YAZILARI

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səlim Babullaoğlu: Qəşəm Nəcəfzadənin portreti üçün abzaslar…


Qəşəm Nəcəfzadənin portreti üçün abzaslar…

15-16 il bundan əvvəl idi, qarışıq vaxtlardı. “Zaman” qəzeti Bakı bürosunun əməkdaşı kimi İmişliyə ezam olunmuşdum, qaçqın şəhərciyindən reportaj hazırlamalı, Çardaqlıdan Türkiyədəki fotosərgi üçün fotolar çəkməliydim. Mənə, adını təəssüf ki, unutduğum bir cavan adamı təhkim etdilər, yaddaşım məni aldatmırsa o vaxtkı komsomol sistemində çalışmışdı, rayonu yaxşı tanıyır, hadisələrin xronologiyasını yaxşı bilirdi. İcra hakmiyyətinin qonaq evindəki bir axşamüstü baş tutan söhbəti xatırlayıram. Dedi ki, sizi (yəni, məni) iki yerə aparmaq istəyirəm. Seyid Nəsihət Ağa ocağına və şair Qəşəm Nəcəfzadə ilə görüşə. Əlavə elədi ki, Qəşəm Nəcəfzadə onun müəllimi olub. Sonra da bir az Ağa ocağının və onun övladlarının kəramətindən, bir də Qəşəm Nəcəfzadənin sevdiyi şeirlərindən danışdı. Mən onun təklifini qəbul eləyə bilmədim, o gün gecə geri qayıtmalıydım…

Üstündən illər keçəndən sonra mən bu hadisəni niyə xatırladım? Yəqin ona görə ki, bu şair həmkarımız Qəşəmə olan hörmətin nişanəsi kimi görünür mənə. Yəqin ona görə ki, xalqımız (bu sözün bütün plakat tərəfini kənara atın, lütfən) bütün dövrlərdə dinini və ədəbiyyatını ən qiymətli hesab edib, onlara bağlılığını və hörmətini məhz bu cürə sadə şəkildə büruzə verib. Və bir də yəqin ona görə ki, böyüklərin dediyi kimi, həqiqi ədəbiyyat dini tərkibli olmalıdır, danışdığım hadisədə buna balaca bir eyham vardı.

Qəşəm Nəcəfzadə maraqlı şairdi. Lirik-sentimental ovqatlı şeirlərində (“Sənin dərsin”) o tamam başqa bir poetika sərgiləyir, estetik gözdən məhrum olsa da onun bu şeirləri bəzən ziyadə uşaq sadəlövhlüyünün, təxəyyül və təmizliyinin əksi kimi görünür adama. Amma publisistik və ictimai motivli, içrikli şeirlərində(“Xocalı mövsümü fevral”, “ 8 a” sinif jurnalının arxasında yazı”, “Amerika”, “Aritmiya”) onun poetikası, dili çox soyuq təsir bağışlasa da, hədəfi çox aydın, problemə yanaşması çox dəqiq baş verir. Adi bir məqam: təsəvvür edin, Azərbaycanın yaxın tarixi, mənzərəsi, insanlarının ruhi vəziyyəti və ovqatı haqqında yalnız poeziya vasitəsilə məlumat almaq istəyən olsaydı, Qəşəmin adlarını ikinci çəkdiyim şeirləri məlumat verə bilərdimi? Fikirləşirəm ki, hə, özü də dolğun məlumat verərdi. Görünür məhz bu keyfiyyətləri,belə şeirləri onun yazdıqlarını bəzən böyük poeziya ilə qohum edir. Rotterdam poeziya festivalına onun gedişi, əlbəttə ki, çoxlarının hesab etdiyi kimi təsadüf, yaxud da ki, yalnız uğurlu tərcümə ola bilməzdi…

Qəşəm həm də olduqca maraqlı hekayələrin müəllifidi. Məsələn, bizim polyak antologiyası üçün çevirtdirdiyimiz hekayələrin arasında redaktor, tərcüməçi və oxuculardan müsbət rəy alan, diqqət çəkən əsərlərdən biri də məhz onun “Bənövşə” hekayəsi idi, halbuki onlar indiyə qədər milli ədəbi tənqidimizin diqqətindən, təəssüf ki, yayınıb…

Qəşəm aktiv kreativ potensiala malik, olduqca çalışqan adamdı, bu onun portretini tamamlayır, o gah “Pərvanə”nin təşkilatçısıdı, gah auditoriyalara çağdaş ədəbiyyatımızı və həmkarlarını təqdim edən pedaqoqdu, gah sayt yaradır, gah da hər gün onlarla əcnəbi həmkarı ilə yazışır…

Mən Qəşəmin öz kəndləri ilə bağlı şeirlərini – təpələr (Aranda dağ olmur), çəmənlər, otlar, itlər, çəpərlərin aydın, gözəl təsvir olunduğu şeirlərini sevirəm. Onların təsvirində Qəşəm poetik imkanlarının ən yuxarı plankasına qalxır. Düşünürəm ki, vaxt gələcək, bizim bir-birimiz haqqında “ya zəlzələdən, ya vəlvələdən” söz demək istəmədiyimiz dövr ötüb keçəcək, bax, onda bütün digər dəyərli həmkarlarının yazdıqları ilə yanaşı Qəşəmin şeirləri öz həqiqi, ehtirassız yerini tutacaq…

“525-ci qəzet” 25 yanvar 2010.

Səlim Babullaoğlu,
şair, Azərbaycan Yazıçılar Birliyinin katibi.

Dumas, Natavan, le poignard, l’arkhalig et le jeu…

Düma, Natəvan, xəncər, arxalıq və oyun…

Дюма, Натаван, кинжал, архалук и игра…

“YAZARLAR” – SİFARİŞ ET

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR USTACIN YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

شهرام خوش رو

آیریلیق نغمه سی

چالیسان آیریلیقین نغمه سینی، چالماگینان
او گئجن گونلری بیرده، یادیما سالماگینان
چوخ آرامیزدا سوز اولدو ولی من دوزدوم اونا
سنده بیر مرحمت ایله اوره گه آلماگینان
دییسن من گئدیرم دوز دییم آمما سوزومی
گر خطا ایله دیم اوندا منیله قالماگینان
سوزلریم قالدی سینمده گوز یاشیم آخدی بیرآن
دفتر عشقی ورق له ولی دای دولماگینان
مونیسی تکجه قویوب غملره تاپشیردین اونی
اینصاف ایله منه حققیم ده جفا قیلماگینان

İbrahim Rüstəmli – GÜLLƏLƏNMİŞ TƏBRİKİM

GÜLLƏLƏNMİŞ TƏBRİKİM

Bu yazı cəbhədə gördüyüm və 8 Mart bayramını ölümündən sonra təbrik etdiyim qadın haqqındadır…

1993-cü il idi. Mart ayı elə ilk günündən sərt üzünü göstərməyə başlamışdı. Cəbhəyə ezam olunmuşdum. Ağır döyüşlər gedirdi.

Tabor komandiri qazmada, odun sobasının kənarında oturmuşdu. Ocağın şölələri sir-sifətini yaladıqca, yol çəkən gözləri də alışıb yanırdı. Üzündə qos-qoca bir kədər vardı. Amma özü cavan idi. Nazik-uzun barmaqlarına baxanda kökdən düşmüş köhnə pianinomuzu xatırladım. Barmaqlarının arasında sıxdığı siqareti sonadək tüstülənmişdi, külü kötüyündən sallanırdı…

Üzünü zorla mənə tərəf çevirəndə gəlişimdən xəbərdar olduğunu anladım. Buz kimi soyuq, qılınc kimi iti baxışlarını özümdən rahatlıqla adlatdım. Belə yerlərdə jurnalistlərin “arzuolunmaz qonaq” kimi qarşılanması adi haldı. “Necəsən”, “nə var, nə yox” kimi yersiz suallar da səngərlərdə adama adətən anadan ölü doğulmuş uşağı xatırladır…

Qaşlarını çatıb başını yana əydi, sobanın böyründəki taxta mərmi qutusunu göstərdi. Qutunun üstünə quzu dərisi sərilmişdi. Sonra baxışlarını çirkdən rəngi bilinməyən fincanlara zilləyib köməkçisinə çay gətirməyi “tapşırdı”. Əsl cəbhə komandirləri dildən ləng olur. Amma bu dəfə daş qayaya rast gəlmişdi. Bir az da keçsəydi, lal olduğunu düşünəcəkdim. Dodaqlarının arasından tənbəl-tənbəl süzülən, özü kimi yorğun-arğın sözləri sükutu zorla dilimlədi:

– Səhərədək yaralı daşıyıb yazıq. İndilərdə gələr…

Adətən belə məqamlarda sükutla qaynayıb-qarışmağa, səssizliyin nəbzini tutmağa çalışardım. Sakitcə irəli keçib təklif olunan yerdə əyləşdim. Qoca da mənimlə idi. Fotoqraf Əli Qafarovu deyirəm. Rəhmətlik yaman yorulmuşdu. Hələ bura gələndə meşədə qarşımıza sısqa bir arx çıxdı. Arxı addayanda ayağı sürüşdü. Üzüqoylu yerə yıxıldı. Özümü görməzliyə vurdum. Qoca qürurlu adam idi. Amma oturan kimi başını çiynimə qoyub mürgüləməyə başladı. Üç gün idi səngərdən səngərə addaya-addaya cəbhə xəttini ayağımızın altına almışdıq.

Qocanın yuxusu sükutun ömrünü bir az da uzatdı…

Orta yaşlı bir qadın idi. Qırxı, bəlkə də, haqlamazdı. Amma baxışlarında, danışığında, hərəkətlərində yaşına uyuşmayan qeyri-adi nəsə vardı. Bir anlıq mənə elə gəldi ki, müsahibim qırx illik ömrünün hələ heç yarısını yaşamayıb. Hardasa iyirmi il bundan qabaq dünyaya gəlib ya da. Ya da çox erkən qocalıb. Özündən iki dəfə böyük görünürdü…

Düz qarşımda oturdu. Tabor komandirinin yerində. Amma iyirmi yaşlı gənc xanım kimi…

Əllərini dizlərinin üstünə qoymuşdu. Bəstəboy idi. Gözləri dənizi xatırladırdı. Cod saçlarında təptəzə daraq izləri vardı. Rahat otursun deyə cütlədiyi ayaqlarını yana əymişdi. Baxışlarında, hərəkətlərində qəribə bir ürkəklik duyulurdu. Deyəsən, içindən boylanan o gənc qızı nə susdura, nə də özündə gizlədə bilirdi. Qırx yaşında iyirmi yaşlı bir xanım kimi göründüyünə görə sıxılırdı, utanırdı o qadın, bəlkə də…

Əllərinin üstü, sir-sifəti cızıq-cızıq idi. Elə bil pişik cırmaqlamışdı. Gözlərimi qanı laxtalanmış yaralarına zilləmişdim. Yaraları, yaralarında boy-boya verən qan laxtaları onun haqqında o qədər obrazlı, o qədər mükəmməl danışırdı ki, özünü dindirməyə heç ehtiyac duymurdum.

Ancaq qadın fürsəti fövtə vermədi. Diqqətimi özündən yayındırmaq üçün qəfildən tabor komandirinə tərəf çevrildi və içdən gələn uca səslə:

– Gombuldan nə xəbər var? – dedi.

Tabor komandirinin tükü də dəbərmədi. Az qala ikiqat bükülüb qazmanın ensiz, alçaq qapısından yanpörtü bayıra çıxdı. Bu vaxt səngərdən Qocanın səsini eşitdim. Həmişəki kimi əsgərlərlə deyib-gülür, zarafatlaşırdı.

Dar qazmada üz-üzə oturmuşduq. Daha qaçmağa yerimiz, gizlətməyə sirrimiz qalmamışdı. İndi o özünü hər şeydən çox döyüşən əsgər kimi göstərməyə çalışırdı. İstəyirdi ki, onun qadın olduğunu biryolluq unudum, yaddan çıxarım. Tez-tez gözlərini qıyıb açıq qapıdan bayıra boylanmağı, yaxınlıqda partlayan mərmilərin gurultusuna qulaq kəsliməyi də bundan ötrü idi. Arada nəsə tapmış kimi sevinə-sevinə çiyni sallanan əsgər gödəkçəsinin yaxasını sığallayır, uzunboğaz çəkməsinin bağını açıb yenidən düyünləyirdi. Ancaq bacarmırdı. İçindəki iyirmi yaşlı gəncə gücü çatmırdı qadının. O çox yorğun idi. Söz dalınca yüyürməyə nə taqəti vardı, nə də həvəsi. Yəqin elə buna görə hər sualımı yenidən təkrarlayırdı. Elə bil ona verdiyim sualı o da bir başqa adama verirdi – içindəki gənc xanıma…

Hər dəfə nəsə soruşanda mən döyüşçü qadından çox, o gənc xanımın səsini eşidirdim. O səs indidən düz iyirmi il geridə qalmışdı. O səsin iyirmi yaşı vardı. Və iyirmi yaşlı səs ətrafdakı mərmi gurultusunu, ardı-arası kəsilməyən güllə səslərini sanki eşitmirdi, arzularla dolu firavan həyatının pəncərəsi önündə dayanıb gülə-gülə mənə öz həqiqətlərindən danışırdı (iyirmi beşinci kadr kimi):

“Qarşındakı bu zavallı qadın əslində məni – gənc bir qızı qorumaq üçün gəlib cəbhəyə. Yarımçıq sevgi nəğməsini notlara köçürməkdən ötrü.

Burada günlərin rəsmi güllələrlə, mərmilərlə cızılır…

Başını yuxarı qaldır. Göy üzünə diqqətlə bax. Görəcəksən ki, burada Günəş də, Ay da yaralıdı. Burada hər səhərin sinəsində güllə yeri, hər axşamın yaxasında qan ləkəsi var.

Mənə diqqətlə qulaq as! Qarşındakı qadına istədiyin gözlə baxa bilərsən, dostum, amma onu heç vaxt olduğu kimi görə bilməzsən! Çünki yalnız körpələr anadan ölü doğulmurlar! Ölü doğulan günlər də var!..

Sən indi inamla şübhənin, mərhəmətlə nifrətin, sədaqətlə xəyanətin qova-qova yorub əldən saldığı köməksiz bir qadınla üz-üzə oturmusan! O öz taleyinin əsgəridir! Bu əsgəri soyuq səngərlərə çəkib gətirən yollarda yalnız bir cüt ayaq izi var! Bugünündə də, sabahında da dünənini yaşayanların ayaq izləri tənha olur…

Səngər həm də olumla ölümün əl-ələ verib cızdığı cığırdı, qol-qola girib gəzdiyi məkandı. Burada hamı sağ qaldığına görə sevinmir! Burada hamı öldüyünə görə kədərlənmir!

Dünən axşam Gombulun son sözlərini də son nəfəsilə birgə ciyərlərinə çəkən qadına dəli kimi baxma! Kol-kosdan yapışa-yapışa döyüş meydanından çıxardığı, sürüyə-sürüyə zorla səngərə saldığı gənc bir zabitin ölümünə o həqiqətən inanmır. Çünki xəyalları ilə gerçəyini, cəsarətilə sevgisini qoruyur!..

Həm də müharibə sözlərin mənasını dəyişir! Həm də səngər torpağının öz dili var. Elə səngərdəkilərin də! Burda güllə-güllə, mərmi-mərmi daşınan hökmlər həmişə ölümə aparmır! Bəzən ölümdən qaytarır…

Sən indi barıt qoxusu verən suallarınla müharibə həqiqətlərini kimə xatırlatmaq istəyirsən! O həqiqətlərin iyirmi illik yol yoldaşınamı!?

Burda hər əsgərin öz nağılı, hər döyüşçünün öz əfsanəsi var. Sən ona mənim gözümlə bax! Orada müdafiəsiz bir qadının müdafiəsinə qalxdığı adamları görəcəksən həm də. O adamların özlərindən sonra soyuq səngərlərdə qoyub getdiyi bir həqiqət var ancaq: Qadınlar sevildikləri günədək yaşayarlar. Qadınlar atıldıqları yaşda qalarlar. Və bir də heç vaxt qocalmazlar. Və bir də heç vaxt ölməzlər…”

Onunla söhbətim çox çəkmədi. Ancaq yazım dərc olunduğu günədək uzandı. Martın yeddisi idi. Bayram təbrikim ürəyimcə alınmışdı. Uşaq kimi sevinirdim. Dərhal səhra telefonunun dəstəyini götürüb tabor komandirinə zəng vurdum. Vergülü, nöqtəsi bilinməyən ərköyün cümlələrim dəstəyin o biri tərəfindən gələn qara xəbərə çırpıldı:

– Snayperlə vurdular onu… Yaralı əsgəri döyüş meydanından çıxaranda… Elə sən gedən gün…

Mənim Qəhrəmanımın ikinci dəfə şəhid olduğu gün idi. Birinci dəfəsindən xəbər tutmamışdım. Aradan keçən üç gün ərzində biz Onunla xeyli dərdləşmişdik. Aradan keçən üç gün ərzində O mənim üçün hələ ölməmişdi, hələ sağ idi…

Ancaq illər sonra haqqında bəhs edən məqaləmi itirdiyimi biləndə Onun üçüncü dəfə Şəhid olduğunu anladım. Bu dəfə qatil özüm idim..

O vaxtdan sinəmi ağacdələn kimi bir səs döyəcləyir. O səsi dərhal tanımışdım. Unudulmuş qəhrəmanımın ötən illər ərzində bəlkə yüz dəfə, bəlkə min dəfə… Şəhid olduğunu da o səs pıçıldamışdı qulaqlarıma!

Bu o idi! Onun səsi idi! Öz səsi! Müdafiəsiz bir xanımın müdafiəsinə qalxdığı insanlara səngərlərdə miras qoyub getdiyi sonuncu həqiqətini xatırladırdı:

– Adam hasarın o tayında görünsün deyə, hasarın bu tayında namusunun üstünə çıxmaz!..

08.03.2020.

Müəllif: İbrahim RÜSTƏMLİ – Əməkdar jurnalist

İBRAHİM RÜSTƏMLİNİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bayramınız mübarək olsun!

Mehriban insan, qayğıkeş və Vətənpərvər xanım , şair, yazıçı-publisist Təranə Məmmədə ithaf edirəm.

Təbim gəlib şeir qoşum,
Əli qızıl , könlü toxdan.
Ruhu sağlam ,gözəl insan ,
Ad-sanı var onun çoxdan !

Nə gözəl naxış toxuyur,
Əlvan – əlvan əsərləri.
Yazdığın ellər oxuyur,
Xatırlayır əsrləri.

Ürəklərə yol açıbdır,
Yazdığı hər hekayəsi.
Şeirləri nur saçıbdır,
Hər kəlmədə söz qayəsi!

Əynindəki mundirindən,
Qarabağın ətri gəlir.
Misrasından,cümləsindən,
Vətən adlı sətri gəlir !

Gül çöhrəli,nur üzlüdür,
Mələksima bir sonadır.
Azəridir dürr sözlüdür,
Xanım-xatın bir anadır.

Nə yaxşı ki hələ qalıb,
Sözə hörmət edən kəslər!
Haqq yolunu Tanrı salıb,
Ana deyib, Vətən səslər!

Müəllif: Mübariz SÜLEYMANLI

MÜBARİZ SÜLEYMANLINLN YAZILARI

TƏRANƏ MƏMMƏDİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR USTACIN YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Məmməd – Qadınlar

Qadınlar, qadınlar..

Hər qadının öz fərdi dünyası var. Hər qadın bir aləm, bir xəzinədir. Maraqlı, sirlərlə dolu qadın dünyasına səyahət edib onu dərk etmək istəyənlərin sayı çox, həmin dünyanı sonadək dərk edənlərin sayı azdır. Qadın dünyası son səhifəsinə qədər oxunmayan bir kitab kimidir. Hər qadının öz həyat hekayəsi, öz həyat dastanı var.
Qadının xöşbəxtliyi də, bədbəxtliyi də çox vaxt əks cinsin ona münasibətindən asılı olur desəm yəqin ki, yanılmaram. Dünyaya sevib-sevilmək üçün gələn qadının sevgisi də bəzən özü kimi layiqincə dəyərləndirilmir.
25 yaşım təzə tamam olmuşdu. Ailəli idim, bir oğlum da var idi. Deyilənə görə xarici görünüşüm pis deyildi. Etiraf edim ki, buna o qədər də əhəmiyyət vermirdim, çünki içimdə həmişə özümə inam və arxayınçılıq hissi var idi.
Təzə qəbul olunduğum iş yeri ilə tanışlığım yaxşı yadımdadır.
İş otağıma daxil olub iki qadınla tanış oldum. Onlar məni qarşılayıb bir yerdə,y əni bir otaqda işləyəcəyimizi xəbər verdilər. Qadınlardan biri nisbətən yaşlı, digəri elə mənimlə yaşıd olardı. Düzünü deyim ki, onların baxışlarında və davranışlarında o qədər də səmimiyyət hiss etmədim. Lakin o gün buna o qədər də əhəmmiyyət vermədim. Mənə ayrılan yerə yaxınlaşıb təzəcə çantamı oturacağın üstünə qoymuşdum ki, otağın qapısı açıldı və içəri təxminən 40- 45 yaşlı hündür boylu, ilk baxışdan çox cazibədar bir qadın daxil oldu. Qadının iri qara gözləri, qara uzun saçları və ağappaq dərisi ona xüsusi gözəllik verirdi. Otaqdakı qadınlar ayağa qalxmaq istədikdə, içəri girən qadın əliylə işarə edib:

  • Əyləşin, işinizdə olun,- dedi və mənə tərəf addımladı.
  • Hə… Təzə işçi sənsən?
  • Bəli,- dedim.
    Qadın iri sürməli gözləriylə məni başdan ayağa süzdükdən sonra bayaqdan mənə çox gözəl görünən gözlərini elə qıydı ki, sanki üzünə kimsə turşu çilədi.
  • Tanışam tərcümeyi-halınla. Mən sənin,- qadın otağa göz gəzdirib- sizin bölmənin rəisiyəm. Adım Süsəndir, – dedi.
    O, bu sözləri elə dedi ki, sanki Nefertiti Misir taxtının kraliçası olduğunu xalqa bəyan edirdi.
  • Çox yaxşı,- dedim.
    Bu mənim Süsən xanımla ilk görüşüm idi.
    Cəsarətlə deyə bilərəm ki, işimdə çox məsuliyyətliyəm. Mənə verilən bütün tapşırıqları həmişə vaxtından əvvəl icra edib təhvil verirdim. Lakin Süsən xanım nə işimi, nə də məni bəyənmirdi ki, bəyənmirdi.
    İş o yerə çatırdı ki, hərdən əsəblərimi cilovlaya bilməyib ağlayırdım, lakin başıma gələnləri heç kimlə bölüşmürdüm. Hətta evdə yoldaşıma da heç nə demirdim. Sadəcə baş verənlərin səbəbini anlamağa çalışırdım. Mənimlə bir otaqda oturan qadınlar da sanki Süsən xanımın mənə münasibətindən xüsusi həzz alırdılar. Rəisimin mənə ara-sıra dediyi atmacaların mənasını dərhal anlamır, saatlarla nə demək istədiyini düşünməli olurdum. Tədricən başqa həmkarlarımla da tanış oldum. Çox savadlı və maraqlı insanlarla çalışdığımı hiss etdikcə işimi daha çox sevirdim. Hərdən mənə elə gəlirdi ki, kişi həmkarlarımın mənə münasibəti daha səmimidir. Sonralar bunun həqiqətən də belə olduğunu dəqiq bildim. Mən də onlara dərin hörmətlə yanaşır, bilmədiklərimi onlardan öyrənməyə çalışırdım.
    Günlərin birində Süsən xanım məni otağına çağırıb əvvəl işimi yoxlayıb adəti üzrə tənqid etdi sonra:
  • Ərin qısqancdı? – deyə qəribə sual verdi.
  • Məncə o qədər yox, – deyə mən sualın məqsədini anlamadan cavab verdim.
  • Deməli, sevmir səni, – deyə, Süsən gülümsədi.
    Mən cavab verməməyi üstün tutub susdum.
  • Kişilər laqeyd oldusa, demək ya başqa yerdə adamı var, ya da…
  • Ya da? – deyə mən dözməyib soruşdum.
  • Ya da sən qadın kimi onu daha maraqlandırmırsan.
    Süsənin bu anlaşılmaz və heç mənə və ailəmə dəxli olmayan söhbəti məni o qədər əsəbiləşdirdi ki, mən bu dəfə ağlamaq əvəzinə güldüm və:
  • Sizi nə maraqlandırır, Süsən xanım? – deyə qadının gözləmədiyi sualı verdim.
    O, bir qədər özünü itirsə də, adəti üzrə gözlərini qıyıb mənə baxdı və:
  • Rəis səndən soruşsa ki, ərin qısqancdır, deyərsən ki, qısqancdır, – dedi.
    Şəxsi həyatımın rəisə nə dəxli olduğunu soruşmaq istəyirdim ki, xanım əlindəki qələmi masaya vura-vura:
  • Sənin üçün deyirəm. Rəisimiz bir az… necə deyim, qadınlarla çox maraqlanır. Ona görə bilsə ki, ərin qısqancdır səninlə işi olmaz, – dedi.
    Rəisimiz yaşlı adam idi. İşlədiyim müddətdə onun qadınlara qarşı qeyri-adi münasibətini hiss etməmişdim. Hər halda, Süsən xanımın dedikləri məni bir qədər düşündürdü.
    Otağıma qayıdanda qadınlar halımın dəyişdiyini hiss edib güldülər və onlardan biri:
  • Nə olub? Baş rəisin otağından çıxmısan? – deyə soruşdu və onlar yenə güldülər.
    Bundan sonra rəisin həqiqətən qadın düşgünü olduğuna şübhəm qalmadı. “Yoxsa niyə belə desinlər ki?” – deyə düşündüm.
    Çalışdığım sahə çox maraqlı olsa da Süsən xanımın münasibəti məni çox narahat edirdi və mən başqa bir yerə keçmək üçün fürsət axtarırdım.

İşə yoldaşımla gedib gəlirdim. O, maşınla məni hər səhər gətirir, axşam da evə aparırdı.
Səhər tezdən həmişəki kimi maşınımız idarənin qarşısında dayandı. Mən maşından düşüb qapını bağlamaq istəyirdim ki, Süsən xanım əliylə qapını tutub üzümə gülümsəyərək salamlaşdı və:

  • Bizi tanış etmək istəmirsən? – deyə başını maşının içinə soxdu.
  • Bəli, buyurun, tanış olun. Yoldaşımdır,- dedim.
    Qadın gözlərini qıyıb mənə sonra yoldaşıma baxdı və:
  • Mən sizin yerinizə olsaydım belə gözəl qadını işə buraxmazdım. İndi iş yerlərində nələr baş verdiyini özünüz də bilirsiiniz yəqin, – deyə qadının zarafat etdiyini güman etdim.
    Yoldaşım sadəcə gülümsəyib:
  • Arxayın olmasam, buraxmaram. Kişilərdən çox qadınlardan qorunmaq lazımdır indi, – dedi.
    Yoldaşımın bu cavabı çox ürəyimdən oldu, çünki indi məhz bu cavabı almalıydı Süsən xanım.
    Rəisimin gülər üzü dərhal dəyişdi. O, üzündə süni təbəssüm yaratsa da, gözlərindəki nifrət hissini gizlədə bilmədi.
    Yoldaşım sağollaşıb getdi.
    Mən rəisimlə bir qədər məsafəni bir yerdə addımlamalı oldum.
  • Yaraşıqlı ərin var, – deyə Süsən üzünü mənə çevirdi.
  • Çox sağ olun.
  • Səni sevir deyəsən
  • Nə bilim. Yəqin ki.
  • Amma sən heç arxayın olma. Kişilər burda birini sevir, işdə digərini. Sən hələ cavansan bunları bilməzsən. Amma ərin yaşda səndən böyükdür. O bilər.
  • Məncə…
  • Məncəsi, səncəsi yoxdur. Kişilər hamısı eynidir, – deyib qadın qəfildən qəh-qəhə çəkib gülməyə başladı. Elə gülməyə başladığı kimi də qəfil gülüşünü dayandırıb ciddi şəkildə:
  • Yaşın dəxli yoxdur. Bəzən cavan qadınları qoyub yaşlı qadınların yanına da gedə bilirlər kişilər. Hə, elə də olur, – deyib gülümsədi və mənim düz gözlərmin içinə baxıb susdu.
    Biz pilləkənləri qalxıb otaqlarımıza ayrıldıq. Çantamı asılqandan asıb oturdum və:
    “Bu qadın xəstədir. Nə istəyir bu məndən? İndi də bu mənasız söhbət. Kimə lazımdır kimin əri necədir axı?” – deyə düşündüm.
    Gün ərzində bir neçə dəfə Süsən xanım məni yanına çağırıb gördüyüm işdən narazı olduğunu bildirdi. Bu gün o mənə tamam başqa baxışlarla baxır və hər dəfə mən otaqdan çıxanda gözlərini qıyıb gülümsəyirdi. Onun bu hərəkətini heç cür izah edə bilmirdim.
    O gün işdən evə qayıdanda söhbəti maşında yoldaşım başladı:
  • O sənin rəisin idi?
  • Hə. Bəyəndin?
  • Yox. Heç bəyənmədim
  • Niyə?
  • Çünki paxıldır.
  • Sən nə danışırsan? O rəis işləyir.
  • Nə dəxli var ki? O nə söz idi danışırdı? O sənə paxıllıq edir. Anlamırsan bunu sən?
  • O mənə dedi ki, rəisimiz qadın düşğünüdür.
  • Özüdür onun düşgün. Gözlərindən görünür. Ovçudür.
  • Nədir?
  • Sən bilməzsən.
  • Sən bil ki, sən ondan ağıllı, ondan gözəlsən. Özünü aciz göstərmə. Sənın ondan heç bir asılılığın yoxdur. O, sadəcə sənin rəisindir. Şəxsi işlərinə isə qarışmağa ixtiyarı yoxdur, – deyə əlavə etdi.
    Yoldaşımın sözləri məni sanki yuxudan oyatdı. Süsən xanımın mənə qeyri-adi münasibətinin məhz paxıllıq olduğunu anladım. Ertəsi gün işə tamamilə başqa əhval-ruhiyyədə getdim.
    Səhər tezdən oyanıb saçlarımı başqa tərzdə daradım. Təzə don geyindim. Kosmetikadan həmişəkindən bir qədər çox istifadə etdim. Bir sözlə, tam fərqli bir görkəmdə getdim işə. Maşında yoldaşım mənə baxıb :
  • Mən də qadın olsaydım sənə paxıllıq edərdim. Gözəlsən axı. Çox gözəlsən! – dedi.
    Onun sözləri məni daha da ruhlandırdı.
    Yolda belə qərara gəldim ki, bu gün özüm Süsən xanımın otağına gedib ona salam verəcəm. “Qoy görsün ki, bu gün mən tam başqayam!” – deyə fikirləşirdim.
    İşə həmişəkindən tez gəlmişdim. Otağıma keçib güzgüyə baxdım, saçlarımı düzəltdim. Mən otaqdan cıxıb rəisimə salam verməyə gedirdim ki, onun otağından gələn qeyri-adi səsləri eşidib ayaq saxladım.
    İlk saniyələrdə heç nə anlamasam da, bir qədər sonra Süsən xanımın gənc işçimiz Orxanla çox intim söhbət etdiyini tam yəqin etdim. Mən bir addım da irəliləyib onları açıq qapıdan aydın gördüm. Gördüyüm səhnə düşündüklərimi tam təsdiq etdi. ”Bu ki, onun oğlu yerindədir!” – deyə heyrətə gəldim və qeyri-ixtiyari iki addım da atdım. Ayaq səslərini eşidən Süsən, Orxanı itələyib saçlarını və açıq yaxasını bağladı, lakin gec idi. Onlar ikisi də bildilər ki, mən onları bir yerdə gördüm.
    Mən ilk dəfə istəmədiyim bir hərəkət etdim. Ancaq əminəm ki, bunu etməsəydim Süsəndən canımı qurtara bilməyəcəydim.
    İcəri girib salam verdim və Süsənin düz gözlərinə baxaraq:
  • Düz deyirsiniz, Süsən xanım, bəzən cavan oğlanlar yaşlı qadınlarla eşq macərası yaşaya bilirlər, – deyib, otaqdan çıxdım.
    Otağıma qayıdıb yerimdə otursam da, işləyə bilmirdim. Bilirdim ki, bu gün gördüklərimin əvəzində Süsən xanımdan nəsə bir zərbə almalıyam. Cəzamın nə və necə olduğunu heç ağlıma gətirə bilmirdim, çünki o qadının nələrə qadir olduğnu təsəvvür etmək çətin idi. Yeganə onu bilirdim ki, indi daha diqqətli, daha mübariz olmalıyam.
    Bir neçə gün Süsən xanım mənimlə heç bir əlaqə yaratmır, işimlə də maraqlanmırdı. Aydın məsələ idi ki, indi burda ikimizdən birimiz qalmalıydıq, çünki bizim bir yerdə işləməyimiz artıq mümkün deyildi.
    3-4 gündən sonra Süsən xanımın ərizə yazıb işdən getmək arzusunu hamı təəccüblə qarşıladı. İşçilər bu məsələnin səbəbini aydınlaşdırmaq üçün min bir fikir irəli sürürdülər. Heç kimin ağlına gələ bilməzdi ki, Süsən xanımın işdən aralanma səbəbini yeganə bilən adam məhz mən idim. Təbii ki, mən bildiklərimi heç kimə danışmır və heç vaxt da danışmaq fikrində deyildim.
    Süsən məni otağına çağıranda anladım ki, bu gün aramızda olan söhbət artıq həmişəki kimi rəisimin üstünlüyü ilə keçməyəcək. Güzgüyə baxıb özüm-özümə göz vurdum və ” İrəli!” deyib otaqdan çıxdım.
    Süsənin qapısını döyüb içəri girdim. Bir neçə gün görmədiyim qadın xeyli dəyişmişdi. Üzündə kosmetikası, gözlərində sürməsi yox idi. Saçlarını arxada yığıb bağlamışdı. Düzü, mənə nədənsə bu görkəmdə qadın daha xoş gəldi. O, sanki daxilən də dəyişmişdi.
  • Salam, Süsən xanım, – dedim
  • Salam, gəl, otur. Necəsən? – deyə, rəisim cavab verdi.
  • Yaxşıyam sağ olun. Siz necəsiniz? – deyə cürət edib soruşdum.
    Qadın ayağa durub qapını açarla bağladı. Sonra mənimlə üzbəüz oturub bir an gözlərimin içinə baxdı. Onun iri cazibəli gözləri dolmuşdu. Mən nə edəcəyimi bilməsəm də söhbətimizin çətin olacağını artıq hiss edirdim.
  • Mən tərbiyəsiz biri deyiləm. İstəyirəm bunu biləsən. Ərə gedənə qədər heç kimlə görüşməmişdim. O, mənim ilk məhəbbətim idi. Ərimi çox sevirdim. Onunla olanda özümü dünyanın ən xoşbəxt qadını hiss edirdim. Hətta onun övlad istəmədiyini qəbul edib onunla on il yaşadım. Amma biləndə ki, mənim ən yaxın rəfiqəmlə sevişir, ağlım başımdam çıxdı. Bir gün rəfiqəm mənə zəng edib xaricə həmişəlik yaşamağa getdiyini bildirdi. Çox təsirləndim. Axı, o, mənə bacı kimi idi. O, mənə “Məni bağışla, Süsən. Mən xaricə sənin ərinlə gedirəm. Biz bir-birimizi sevirik” – dedi. Bax belə, dünyalar qədər sevdiyim insan mənə böyük bir mənəvi zərbə vurdu. Özümə qəsd etmək istədiyim zaman xəstəxanada həkimlər məni zorla həyata qaytardılar. Sonra yavaş-yavaş özümə gəldim və söz verdim ki, ərimdən qisas alacam. Gəldim bura. Rəisimiz onun yaxın dostudur. Ərimə acıq vermək üçün onun dostuyla yaxın əlaqə yaratmaq istədim. Bunu niyə etdiyimi bilmirdim, istəyirdim ki, o, da belə bir xəyanətin nə olduğunu hiss etsin. Amma rəisimiz çox alicənab insan olaraq hər şeyi anladı və məni sakitləşdirib başıma ağıl qoydu. “İşinə davam et!” -dedi. Mən onun yerinə olsaydınım qovardım belə qadını işdən. Amma o, mənim başıma gələnləri anladı və məni işdə saxladı,çünki o vaxt işləməsəydim dəli olardım.
    Orxana gəlincə, o da mənim kimi yaralıdır. Burda bir qızı sevirdi. Ona ürəyini vermişdi, amma qız onun yaxın dostunu seçdi. Orxanla sən güman etdiyin dərin əlaqəm yoxdur. Biz sadəcə dərdimizi bölüşürük. Amma sən gördüyün səhnə var idi. Özümdən qat-qat cavan biri məni sevdiyini dedikdə sanki ərimdən qisas alıram. Ona acıq olsun deyə edirəm bunu. Anlayırsan? Yox. Anlamırsan, çünki bunu anlamaq çətindir. Bəlkə mən də anlamazdım.
    İlk gündən sənə paxıllıq etdim. Sənin gözəlliyindən qorxdum. Qorxdum ki.. Heç bilmirəm niyə belə qorxdum. Axı, indi mənim əlimdən alınacaq heç kimim yoxdur – dedi, Süsən xanım.
    Mən sakitcə oturub qadını dinləyirdim. Bütün bunları adi bir hekayə kimi qəbul edərdim, əgər Süsən ağlamasaydı. O, elə içdən ağladı ki, mən də özümü saxlaya bilmədim. Yerimdən durub Süsənə yaxınlaşdım. Onun boynunu qucaqlayıb üzünə dağılmış saçlarını düzəltdim, sonra onu bağrıma basıb:
  • Sakit olun, Süsən xanım. Lütfən sakit olun! – dedim. Sonra masanın üstündəki su qabından ona su verdim O, suyu içib çantasınsdan bir dərman çıxarıb ağzına qoydu.
  • Kaş ki, mən yaşayanları sən yaşamayasan, – dedi.
    Bir qədər sakitləşdikdən sonra otağın açarını mənə uzadıb:
  • Get otağına, – dedi.
    Mən otağıma qayıdıb xeyli düşündüm. Başımda hər şey qarma-qarışıq idi. Yeganə onu bilirdim ki, bu gün Süsən xanım özü idi. Onda heç bir saxta, süni hərəkət yox idi. Demək ki, dedikləri həqiqət, yaşadıqları anlaşılandır.

İşin bitməsinə yarım saat qalırdı. Mən çantamı yığışdırıb evə getməyə hazırlaşırdım. Birdən qapı açıldı və katibə:

  • Sizi rəis çağırır, – dedi
    Rəisin otağında cəmi bir dəfə işə qəbul olanda olmuşdum. Bu gün ikinci dəfə otağa daxil olanda yenə də ilk dəfə olduğu kimi həyacanlı idim.
  • Buyurun, əyləşin, – deyə rəis mənə oturmağı təklif etdi.
    Bir qədər ümumi söhbət etdikdən sonra:
  • Deməli belə. Sizi bura çağırmağımın səbəbi var. Bildiyiniz kimi, Süsən xanım öz ərizəsiylə idarəmizi tərk edir. Əlbəttə mən istəməzdim getsin, çünki işi yaxşı bilir, təçrübəsi böyükdür, ancaq o, heç niyə belə qərara gəldiyinin səbəbini də izah etmədən ərizə yazıb. Mən hələ ərizəyə qol çəkməmişəm, amma qərar Süsən xanımındır. Biz onu məcbur edə bilmərik.
    Mən susur və rəisi dinləyirdim. Bir dəqiqə pauzadan sonra o,
  • Mən belə qərara gəlmişəm ki, Süsən xanımın yerinə sizi təyin edim. Bu həm sizə, həm də bizə xeyirli olar. Siz bölmə rəisi vəzifəsini alırsınız, biz isə yeni, cavan, savadlı bir kadr əldə edirik. Nə deyirsiniz? – deyə rəis sual verdi.
  • Gözlənilməz təklif oldu. Etimadınıza görə təşəkkür edirəm, ancaq mən bilən Süsən xanım fikrini dəyişib. O, qalıb işləyəcək. Məncə kadr yerdəyişməsinə ehtiyac olmayacaq.
  • Mən belə deməzdim. Süsən bu gün çox pis dəydi gözümə. Hətta icazə alıb evə getdi.
  • Bəli. Çox ehtimal ki, yorğundur bir az. Mən sizə əminliklə deyirəm ki, sabah hər şey öz yerini alacaq.
  • Bu əminlik hardandır?
  • Qadın intuisiyasıdır.
  • Yaxşı, əgər intuisiyanız sizi aldatsa, Süsən xanımın yerini sizdən soruşmadan sizə verəcəyəm, – deyib, güldü rəis.

İşdən həmişəkindən bir qədər gec çıxdım.Yoldaşım məni artıq maşında gözləyirdi. Mən gülə-gülə maşına oturdum. Yoldaşım mənim əhvalımın dəyişik olduğunu hiss edib:

  • Bu gün başqasan, əzizim. Nə olub? – dedi
  • Bu gün Süsən xanımla söhbətimiz olub, – deyə cavab verdim.
    Yoldaşım əsəbiləşib Süsənin ünvanına nəsə demək istədi. Ancaq mən onu qabaqlayıb bu gün olanları yodaşıma danışdım. O da bir qədər düşünüb:
  • Yazığım gəldi ona. Əclaf kişi gör qadını nə günə qoyub. Bəlkə zəng edəsən çıxardaq onu şəhərə? – deyə yoldaşım təklif etdi.
    Mən telefonumu açıb Süsənin nömrəsini yığdım.
  • Süsən xanım, hazırlaşın sizi şam yeməyinə dəvət edirəm, – dedim. Bir saatdan sonra biz sahildə restoranların birində şam yeməyi yeyirdik. Süsən xanım bu axşam o qədər gözəl idi ki, ətrafda hər kəs ona diqqət yetirdi. Biz xeyli oturduq. Yoldaşım da mən də əlimizdən gələni etdik ki, Süsən xanımın keyfi açılsın. O, gülüb danışdıqca daha da gözəl görünürdü. Mən ürəyimdə “Bu gözəl qadının bəxti niyə belə olsun axı?” – deyə öz-özümə sual verirdim. Və düşünürdüm ki, bir zaman oxuduğum “Qadında hər şey var bircə xoşbəxtlikdən başqa” cümləsi məhz Süsən xanıma aiddir.
    Süsən xanımı evə aparanda yolda ondan bir xahiş etdim və o mənə söz verdi ki, sözümü yerə salmayacaq.
    Ertəsi gün Süsən xanım işə yeni imicdə gəlib birinci rəisin otağına girdi və:
  • Ver bura ərizəmi, fikrimi dəyişdim, – dedi
    Rəis eynəyini çıxarıb Süsənə baxdı.
  • Bu nə gözəllikdir? Nə baş verir?
  • Həyat davam edir, əzizim! – deyib öz otağına getdi.
    O gündən idarəmizdə çox şey dəyişdi. Süsən xanım cavan qadınlara paxıllıq etmir, onlara əlindən gələn köməyi edirdi.

Bir neçə aydan sonra Süsən xanım hamımızı restorana dəvət etdi. Yığıncağın səbəbini mən və yoldaşımdam başqa heç kim bilmirdi. Süsən xanım bu axşam çox gözəl görünürdü. Sadə ağ kostyum ona çox yaraşır, hündür dabanlı ayaqqabı onun onsuz da hündür qamətini daha da gözəl göstərirdi. Saç düzümü üzünün cizgilərini daha aydın biruzə verirdi. Bu gün Süsən xanıma heç kim onun yaşını vermirdi. Qadın sanki 10 il cavanlaşmışdı. O, özünə çox yaraşan ağ saç, ağ saqqallı, eynəkli bir adamın mehribancasına qoluna girib məçlisi özü açaraq,

  • Bu gün bura yeni bir həyata başlamaq qərarıyla gəldim, – dedi. Sonra qoluna girdiyi kişiyə üzünü tutaraq:
  • Bu insan məni yenidən həyata qaytardı. O, sübut etdi ki, qadın sevgiyə layiqdir və əgər onu sevib anlayan olarsa, qadın sevdiyinə canını da verər. Biz ailə olmaq istədik və bu gün aramızda rəsmi nigah bağladıq. Sizi buraya sevincimi bölmək üçün dəvət etdim. Gəldiyiniz üçün çox sağ olun.
    Hamı əl çalıb onlara xoşbəxtlik arzulayır, şərəflərinə badələr qaldırırdı. Rəisimiz Süsəni bu qədər dəyişdirə bilən səbəbkarı tanımırdı. Onlar bu gün burda tanış olmuşdular.
    Tək mən və yoldaşım bilirdik ki, Süsən xanıma evlilik təklif edib ondan müsbət cavab alan, onunla rəsmi nigaha qol çəkən adam iri bir şirkətin rəhbəri, gözəl insan və eyni zamanda mənim yoldaşımın rəisi idi. Bütün bunlar aramızda olan başqa söhbətlər kimi Süsən xanımla mənim sirrimiz olaraq qaldı…
    “Ehh, qadınlar, qadınlar… Bir gün bir kişi qadını bədbəxt edib həyatını çəhənnəmə çevirə biləcək qədər incidə bilər. Bir gün də başqa birisi onu xoşbəxt edə bilər! Bir şey dəqiqdir ki, heç vaxt heç bir qadın, hətta dünyanın ən gözəl, ən ağıllı qadını olsa belə, bir gün xəyanətlə qarşılaşmayacağına zəmanət verə bilməz…” Bütün bunları maşında evə qayıdarkən sükan arxasında oturan həyat yoldaşıma baxa-baxa düşünürdüm…

Müəllif: Təranə MƏMMƏD

yazıçı, şair, tərcüməçi. AYB üzvü.

TƏRANƏ MƏMMƏDİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR USTACIN YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru