Rafiq Yusifoğlu: – BİR YAZ AXŞAMINDA.

BİR YAZ AXŞAMINDA

Yudu yaz yağışı qol-qanadımı,
Qızıl şimşək olub çaxdın o axşam.
Duya bilim deyə eşqin dadını
«Dəridən, qabıqdan çıxdın» o axşam…

Gözünə baxanda içim göynədi,
Sevda çəmənimdə çələng toxudun.
«Mən sənə sevməyi necə öyrədim?» –
Deyərək sən mənə meydan oxudun!

Sevgiyə bələndi nurlu səhərim,
Ilk qaranquş kimi gəldin yazıma.
Illərcə olmayıb mənim xəbərim,
Adın yazılıbmış alın yazıma…

Mizraba tuş gəldi qəlbimin simi,
Perikmiş nəğməni saza səslədin.
Qırmızı qurşaqlı səməni kimi
Divanə şairi yaza səslədin…

Döndü bəxtəvərə sevdalı könlüm,
Dolandın başıma pərvanə kimi.
Titrək əllərinə dəyəndə əlim,
Ürəyim titrədi bir nanə kimi.

Ürək olduğunu dərk etdi ürək,
Yol çəkən gözlərim baxdı uzağa.
Alışıb yanırdın novruz şamı tək,
Meydan oxuyurdun qara, sazağa…

Məst oldum məhəbbət yağışlarından,
Ixtiyar çağımda uşağa döndüm.
Qığılcım sıçradı baxışlarından,
Alışıb bir qaynar ocağa döndüm…

Bu qəfil sevincə mən necə dözüm? –
Qəlbimə sehrli bir işıq düşüb.
Indi nə gecəm var, nə də gündüzüm,
Axşamım, səhərim qarışıq düşüb.

İçimdə soluxan zərif gülləri
Bircə baxışınla cücərtdin, gülüm.
Gözümdən çağlayır həsrət selləri,
Sən məni sevməyə öyrətdin, gülm!

Duyuq düşən kimi coşub, çağlayıb,
Qazıb atacaqlar kökümüzü də.
Dəli bir şairə könül bağlayıb,
Sən işə salmısan ikimizi də…

08.03.2015.

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

İSMAYIL MƏRCANLI İMANZADƏ

CAROLİNE LAURENT TURUNC

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR USTACIN YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir