Zəngilan elindən qəlbi vətən eşqi ilə döyünən, ürəyində uzun müddətdir doğma yurdun, o yurdda uyuyan əcdadların nisgilini yaşadan Rahilə xanım Xudaquliyeva ömrünün altmış səkkizinci yaşında haqq dünyasına qovuşdu. Yaşadığı müddətdə sinəsində topladığı bütün acı və şirin xatirələrini də özü ilə apardı.
Yaxşı yadımdadır, 2022-ci ilin 16 iyulu idi. Zəngilan işğaldan azad olunsa da oraya gediş-gəliş portal vasitəsilə həyata keçirilirdi. Bir qrup qohum doğma yurdun ziyarətinə yollanmışdıq. Qrupda Rahilə xanımın ömür-gün yoldaşı İsmayıl kişi də vardı. Onun təklifi ilə Genlik kəndinə döndük. Uzun müddət ermənilərin işğalında dağıdılıb viran günə qoyulmuş evlərə baxış keçirəndən sonra kəndin qəbiristanlığına yollandıq. İsmayıl kişi qabağa düşüb doğmalarının qəbirlərini tapır, hər birinin ruhuna ayrı-ayrılıqda fatihə oxuyur, əlində telefon tutmuş nəvəsi Rüfətə dönə-dönə xatırladırdı: “Bax, yaxşı-yaxşı çək, yoxsa Rahilə nənən rahatlıq tapa bilməz!” Səhhətindəki problemlərlə bağlı doğma yurdun ziyarətinə gələ bilməyən Rahilə xanımı hamıdan yaxşı tanıyan İsmayıl kişi onun el-obaya necə bağlı olduğunu, qohumcanlılığını, dostyanımlı olmasını daha dəqiq bilir, bunu hərəkəti ilə nəvəsinə də ötürürdü. Bəli, Rahilə xanım belə alicənab bir insan idi.
Xudaquliyeva Rahilə Süleyman qızı 10 avqust 1958-ci ildə Zəngilan rayonunun Genlik kəndində anadan olmuşdur. Rayonun Genlik və Malatkeşin kəndləri bir-birinə çox yaxın yerləşdiyindən bu iki kənddə bir məktəb fəaliyyət göstərib. Rahilə Süleyman qızı da bu məktəbdə – Malatkeşin kənd səkkizillik məktəbində təhsil alıb. O dövrə görə səkkizillik məktəblərin nəzdində 11 illik gecə məktəbləri vardı. Əksər şagirdlər kimi o da kənddə fəaliyyət göstərən gecə məktəbində təhsilini davam etdirərək kamal attestatına yiyələnib.
Atası Süleyman kişi kənddə məşhur Xudaquliyevlər nəslinin tanınmışlarından, hörmət sahiblərindən biri olub. Müxtəlif vəzifələrdə işləyib, imkanı çatdıqca kəndlilərinin köməyində durub. Daha çox milis sistemində sahə inspektoru işlədiyi vaxt ədalətli davranışı ilə seçilib.
Anası Əsgərova Səkinə Əsgər qızı uzun müddət Genlik-Malatkeşin kəndləri üzrə poçt məntəqəsinin müdiri işləyib.
Ailədə dörd bacı, bir qardaş olublar. Kənd həyatının qaydalarına uyğun mehribançılıqla yaşayıb, təsərrüfatları ilə məşğul olublar.
Rahilə Xudaquliyeva Yüngül Sənaye Texnikumunu bitirib rayona qayıdan kimi onu gənc kadr olaraq Zəngilan rayon Partiya Komitəsi Aparatında kargüzar vəzifəsinə işə qəbul ediblər. O, bu vəzifədə 1976-cı ildən 1982-ci ilə kimi işləmişdir. Sonra iş yerini dəyişmiş, rayon İstehlak Cəmiyyətində arxiv-makina işi üzrə kadrlar şöbəsində işini davam etdirmişdir.
Atası Süleyman kişi tez dünyasını dəyişdiyindən qızının toyunu görməyib. Rahilə xanım əmilərinin xeyir-duası ilə 1977-ci ildə öz həmkəndlisi İsmayılla ailə həyatı qurub.
Ağayev İsmayıl Novruz oğlu Genlik kəndində doğulub, boya-başa çatıb. Deyilənə görə, əsilləri Cənubi Azərbaycanın Təbriz şəhərindəndir. İsmayılın babası İsmayıl XX əsrin əvvəllərində başqa bir qardaşı ilə Qafan şəhərində mis mədənlərində işləmək üçün gəlib. Ailədə səkkiz qardaş imişlər. Sovet hökuməti qurulandan, Araz çayı boyunca tikanlı məftillər çəkiləndən sonra o tayla əlaqə kəsilib. İsmayıl kişi əvvəlcə Qafanın Şəhərçik qəsəbəsində yaşayıb, Hacıxanımla ailə qurub. Sonra ailəsi ilə birlikdə Zəngilanın Genlik kəndinə köçüb. Novruz Genlik kəndində böyüyüb, boya-başa çatıb. Orta təhsilini başa vurduqdan sonra Bakıda birillik sürücülük məktəbini oxuyub. Rayona qayıtdıqdan sonra öz ixtisası üzrə işləyib.
Birgə nigahdan 26 sentyabr 1978-ci ildə Naibə adlı bir qız övladları dünyaya gəlib. Naibə xanım böyüyür, ali təhsil alır. Hazırda Gəncə şəhərində 26 saylı məktəb-lisey kompleksində öz ixtisası üzrə müəllim işləyir. Əslən Zəngilanın Vejnəli kəndindən olan, məcburi köçkün olaraq Gəncə şəhərində məskunlaşan Mehdiyev Şahin Şirin oğlu ilə ailə qurur. Bu nigahdan iki uşaqları dünyaya gəlir. Oğlu Rüfət Gəncə Dövlət Universitetinin tarix-coğrafiya ixtisası üzrə fakültəsini bitirir. Hazırda dövlət qulluğundadır. Qızı Fatimə isə hazırda Bakı Dövlət Universitetinin sosial iş fakültəsində təhsil alır.
1993-cü ilin oktyabrın sonunda Zəngilan rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra Rahilə xanım da digər həmyerliləri kimi doğma yurdu tərk etmək məcburiyyətində qaldı. Onda hər kəs ümidi olan məkana üz tuturdu. Rahilə xanım da qardaş və bacısının əvvəlcədən köçüb yaşadıqları Gəncə şəhərinə gəlib burda məskunlaşdı.
Zəngilan sonuncu işğal olunmuş rayondur. Dağlıq Qarabağ və ətraf rayonlar daha əvvəldən işğal olunduğundan, həm də Ermənistandan (Qərbi Azərbaycandan) azərbaycan əhalisi deportasiya olunduğundan ölkədə Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Komitə yaradılmışdı. Komitənin yerlərdə də nümayəndəlikləri, şöbələri fəaliyyət göstərirdi.
Bir gün Rahilə xanım qeydiyyata düşmək, işlərin nə yerdə olduğu ilə maraqlanmaq məqsədilə Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən Komitənin yerli şöbəsinə gəlir. Növbədə çox adamın dayandığını görür, lakin işin getmədiyinin şahidi olur. Yaxınlaşıb maraqlanır. Şöbənin ilk sədri Qurban müəllim bildirir ki, işi aparan – adamları qeydiyyata alan, makinada yazmağı bacaran, arayışları hazırlayan işçisi olmadığından özü bu işlərin öhdəsindən gələ bilmir. “Nə olar, icazə versəydiniz, mən kömək edərdim”, deyə hər zamankı kimi Rahilə xanım öz köməyini təklif edir. Qurban müəllim əvvəlcə tərəddüd edir, inanmaq istəmir. Rahilə xanım makinanın arxasına keçərək işə başlayır. Qısa müddətdə arayışları yazıb hazırlayır, kitabda qeydlərini aparır. Tez bir zamanda dəhlizin boşaldığını, adamların məmnunluqla oranı tərk etdiklərini görən Qurban müəllim Rahilə xanıma qalıb orda işləməyi təklif edir. Elə o gündən Rahilə xanım çiynini bu müqəddəs işin öhdəsinə söykəyir. Həmin dövrdə və sonrakı illərdə öz yurdlarından pərən-pərən düşmüş məcburi köçkünlərə xidmət göstərməkdən müqəddəs başqa hansı iş ola bilərdi?
Rahilə xanım təkcə ofisdə oturub qeydiyyatla məşğul olmur. O, Gəncə şəhərində məskunlaşan məcburi köçkünləri axtarır, onların şəraiti ilə tanış olur, qeydiyyata alır, gələn yardımların ədalətli şəkildə bölünməsində canı-dildən fəallıq göstərir. Baxmayaraq ki, bir müddət sonra Komitənin yerlərdə şöbələri genişlənir, hər rayon üzrə nümayəndə təyin olunur, amma Rahilə xanım heç vaxt ayrı seçkilik qoymur. Demir ki, bu zəngilanlıdır, bununla maraqlanım, o birilər mənlik deyil. İstər şuşalı, laçınlı, kəlbəcərli, ağdərəli, xocalılı, ağdamlı olsun, istər zəngilanlı, Rahilə xanım hamısının problemi ilə maraqlanır, onların həllinə çalışır. İllər ərzində Komitədə keçirilən yekun iclaslarında Rahilə xanımın adı həmişə çəkilir, işi təqdirəlayiq hesab olunur. El arasında da hamı onu tanıyır, doğma münasibətindən, göstərdiyi qayğıdan ağızdolusu danışırlar.
Təəssüf ki, həyat əbədi deyil; bu dünyaya bir gün gəliş olduğu kimi bir gün də gediş var. Amansız əcəl heç kimə möhlət vermir. Rahilə xanım da 2026-cı ilin soyuq bir fevral günündə dünyasını dəyişdi. Onu Gəncə şəhərində məşhur İmamzadə qəbiristanlığında torpağa tapşırdılar.
Bacısı Nəsibə xanım deyir ki, bacım Rahilə el üçün yaşadı, təkcə Zəngilandan deyil, Gəncədə məskunlaşan Dağlıq Qarabağ ətrafı bütün rayonlardan olan məcburi köçkünlərə qayğı göstərdi, çətin məqamlarda yanlarında oldu. Bu, bizim üçüb böyük təsəllidir.
Bəli, Rahilə xanımın əziz xatirəsi uzun müddət əziz tutulacaq. Özü də təkcə onu tanıyan zəngilanlıların qəlbində yox… həm də Gəncədə məcburi köçkünlük yaşayanların yaddaşında…
-Ata, ata… qalx ata, işin yarımçıq qalıb… İşini qurtaranda mənə yağlı boya, bir də fırça alarsan. Yaxşı ata? Özü də heç kimlə göndərmə, özün gətir. Yaxşı?
-Yaxşı mənim mələk balam, özüm gətirəcəm.
-Söz verirsən? Bax, anam da yanımdadır, o da eşidir.
-Hə, Turan, mən də şahidəm. Mələk qızımızın sözünü yerə salma, yoxsa…
-Yoxsa nə? İnciyərsən? Yox gözəlim, mən buna imkan vermərəm… nə də dözə bilmərəm…
-Mənim mərd balam! Qalx, get vədinə əməl elə!
-Ana, sənsən? Nə qəribə geyimdəsən? Saçların rəngində…
-Burda hamı belə geyinir, mənim balam. Qalx igidim, işini sona çatdır!
-Qalxa bilmirəm ana…
-Ata… qalx da… fırça, boya yadından çıxmasın haa…
-Neynirsən onları qızım?
-Şuşa Qalasının şəklini çəkəcəm.
-Şuşa Qalasının? Sən Şuşanı görmüsən ki, mələk qızım?
-Həə, görürəm, indi görürəm. Qan içindədir… karandaşla cizgilərini də çəkmişəm… sən də ordasan…
-Göstər görüm! Bəs o səmadakılar nədir? Heç quşa oxşamırlar…
-Quş deyillər, ata. Onların ürəyi dəmirdəndir, qanadlarında ölüm daşıyırlar… Sən öz işini sona çatdır ki, onlar da yenidən quşa çevrilsinlər… qalx ata!
-Qalx Turan! Qalx, mənim həyatım!
-Qalx oğlum! Qalx igidim! Yoldaşlarını darda qoyma… sən onların son ümidisən…
-Hara gedirsiniz? Ana! Məni də gözlə!
-Yox! Sənin üçün bura gəlmək hələ tezdir. İşini başa çatdır…
-Ana… Aysel… Mələk…
… Əlli cürə səsin qarışığından beyni az qalırdı ki, parça-parça olsun. Özündən ixtiyarsız olaraq əlləri ilə başını var gücü ilə sıxırdı… Sıxdı, sıxdı və birdən bərkdən, lap bərkdən bağıraraq gözlərini açdı. Səsi qayalara çırpılıb qulaqlarına dolanda ayıldı. Başının üstündən Şuşa Qalasına tərəf uçan raketlər sanki mərmilərlə bəhsə girmişdilər… Onu ayılmağa sövq edən hansı qüvvə idi? Doğmalarının çağırışı, başı üzərindən sürətlə uçan mərmilərin, ya qulaqlarının uğultusu, yoxsa?… yoxsa öz bağırtısı, qəlbinin hayqırtısı?…
Nə olmuşdu, necə olmuşdu, indi o hardadır, niyə belə taqətsiz şəkildə uzanıb, onu saxlayan nədir, niyə qolları havadadır?… Əlləri salamat idi, ilk olaraq bunu dəqiqləşdirə bildi- əllərini yuxarıya qaldırıb öz gözləri ilə gördü. Bədəni, ayaqları daş kimi idi, keyimişdi. Təkcə sağ dabanında küt ağrını hiss edirdi. Yadına düşdü: onu güclü partlayışın dalğası geriyə tullayanda sağ dabanı nəyəsə ilişmişdi… bir də ki, havada uçduğu yadına düşdü… arxası üstə uçurdu… sonra… şaqqıltı səsi… onu kimsə qucağına alıb yuxarıya tulladı, yenidən qucağına aldı. Bu qucaq anasının qucağına həm bənzəyirdi, həm də yox- həm yumşaq idi, həm də yox… sonrası yadında deyildi… Sağ ayağı sallaq vəziyyətdə idi, sol ayağı nəyəsə ilişmişdi, başının üzərində nə isə yellənirdi. Bu ağac budağı deyildimi?! Budağı yana itələyib başına qaldırmağa cəhd elədi, başı çox ağır idi, 27 il çiyinləri üzərində şəstlə gəzdirdiyi başından çox-çox ağır idi. Lap zindan da olsa qaldırmalı idi, qaldıracaqdı, nəyin bahasına olursa olsun qaldırmalı idi ki, ətrafı müşahidə edə bilsin. Əllərini qabağa uzadıb başqa bir budaq tapdı, ondan bərk-bərk tutub özünə tərəf dartdı. İlk gözünə görünən qayalıq oldu- o, qayalıqdan asılı vəziyyətdə qalmışdı… Çətinliklə də olsa, oturaq vəziyyəti ala bildi. Ətrafa boylandı, ehtimalı tam təsdiqini tapdı- qayalıqdan sallanan bu ağac onu parça- parça olmaqdan xilas etmişdi. Bir neçə saat ərzində cəhənnəmə göndərdikləri onlarla ermənilərin leşlərindən fərqli olaraq onun cəsədinin qalıqları qurda-quşa qismət olmamışdı- Yaradana çox şükür! Bəs bu nə ağacı idi, belə şəraitsiz yerdə, qayaların şahlıq elədiyi bir məkanda necə bitib böyüyə bilmişdi? Gövdəsi Turanın biləyi qalınlığında olan bu ağac onun ağırlığına necə tab gətirmişdi?… Yulğun ağacının möhkəm və elastik olduğunu bilirdi. Rəhmətlik anasının yun çubuğu yulğun ağacının nazik budağından hazırlanmışdı. Bəs bu ağac?… özü də iynəyarpaqlı. Əgər meşə ağacı idisə, tikanları olmalı idi. Elə tikanlar ki, Turanın zirehli jiletinin metal lövhələri arasından da olsa özünə yol açıb onun bədənini deşməyə qadir tikanlar… Müvazinətini düzəldib qayalara tərəf irəlilədi. Daşlardan tuta-tuta yuxarıya qalxdı. Yolun kənarında dabanını zədələmiş daşı tanıya bildi. Çəkməsinin daban hissəsində daşın izi, daşın baş hissəsində isə çəkmənin izi qalmışdı. Snayper tüfəngi də daşa söykənib sahibini gözləyirdi. Sanki Turan özü söykəmişdi. Bilirdi ki, tüfəngdə güllə yoxdur. Elə bu səbəbdən də yola çıxmışdı- erməni leşlərinin ətrafında sahibsiz qalan silahlardan ən azı birini götürmək üçün. Lakin yaxınlıqda partlayan mərmi buna imkan verməmişdi… Yadına düşdü ki, mərmi Qismətin mövqeləndiyi yerin lap yaxınlığında partlayıb. Dərhal yolu keçib Qisməti axtarmaq istədi. Lakin Xankəndi istiqamətindən gələn tankın üstündən başına yağdırılan pulemyot güllələri buna imkan vermədi. Cəld bayaq ona badalaq atmış həmin daşın arxasına uzandı, daş indi onun xilaskarına çevrildi. Əlini kitelinin ürəyinin üstündəki cibinə saldı. Hər ehtimala qarşı saxladığı sonuncu güllə yerində idi. Döyüş yoldaşları hamısı belə edirdi, hələ üstünə ad və soyadlarının baş hərflərini də həkk edirdilər- hər ehtimala qarşı… Düşmən onu görmüşdümü, aydınlaşdırmaq mümkün deyildi, çünki, o, güllələri yol boyu sağa-sola səpələyirdi. Turanın isə yalnız bir dəfə atəş açmaq şansı vardı, yalnız bir dəfə… Güllə dığanın alnının ortasından dəydi, pulemyot dərhal susdu. Tank irəliləməkdə davam edirdi. Turan fürsətdən istifadə edib badi yoldaşının mövqeləndiyi yerə tələsdi. Lakin, gördüyü mənzərədən çox sarsıldı- Qismət şəhid olmuşdu, onun qumbaraatanı da bu səbəbdən susurdu…
-Qardaş! Niyə belə etdin, qardaş? Axı biz söz vermişdik- Cıdır düzündə, İsa bulağının qarşısında, Gövhər Ağa məscidində namaz qılıb önündə… şəkil çəkdirəcəydik… döyüşçü yoldaşlarımızla sənin toyuna gələcydik. Qardaş! Niyə əhdinə vəfasız çıxdın?…
…Tank yaxınlaşmaqda davam edirdi. Qismətin cəsədini arxası üstə yerə uzatdı, öz jiletini çıxarıb onun üstünə sərdi, bir ucu ilə üzünü örtdü. Qumbaraatanı götürüb yola çıxdı.
-Gəlin alçaqlar, görün qardaşlarımın qisasını sizdən necə alıram.
Bir qədər əvvəl Qismətin vurduğu, hələ də tüstülənən tank yolu bağlamışdı. Barıt iyi, yanmış cəsdlərin iyi bir-birinə qarışmışdı. Xankəndidən üzü yoxuşa, Şuşa istiqamətində qalxan asfalt yol belə cəsədlərin və alovlanan hərbi texnikaların aqibətinə şahidlik edirdi… Bu, yəqin ki, ermənilərin son həmləsi idi.
Turan bayaq arxasında uzandığı daşın yanında dayanmışdı, qumbaraatanı tanka tərəf tuşlayıb onun məhz tüstülənən tanka yanaşmasını gözləyirdi. Tank da elə həmin yerdə, Turanın istədiyi yerdə dayanıb lüləsini onun istiqamətinə yönəltmişdi. Mərmilər hər iki lülədən eyni anda çıxdı. İki mərmi qarşı-qarşıya uçurdu. Yolda bir-birlərinə tuş gələcək, ya yandan ötüb məqsədlərinə doğru irəliləyəcəkdilər? Hansı daha sürətli idi, ünvana daha tez çatacaqdı?…
Turan qumbaratanı qayalıqdan aşağı tullayıb özü də ardınca atılmışdı. Bu dəfə könüllü olaraq qayqlıqdan sallanan bayaqkı xilaskarına pənah aparırdı. İldırım sürətilə üstünə uçan mərmi buna imkan verəcəkdimi? Yol kənarındakı kollardan, üzü aşağı qaya daşlarından, uçurumun sonundakı ağacların budaqlarından sallanan, hələ qanları axan cəsədlərə, ya da ki, cəsəd qalıqlarına bənzər bir hala düşəcəkdimi? Əgər bütün bunlar heç biri baş verməsydi, bayaqkı ağac, həmin ağac, qayalıqda bitmiş o tənha ağac yenə də onun xilaskarına çevriləcəkdimi?!..
Turan son dəfə üzünü çevirib qala divarlarına tərəf boylana bildi. Bu o qədər ani bir zaman kəsiyində baş verdi ki, heç ən müasir elktron cihazlar belə həmin anın yaratdığı aydınlığı yaddaşında əks etdirməyə macal tapmazdı. Qala divarlarının başı üzərində səma tər-təmiz idi, daha o istiqamətdə dəmir ölüm quşları görünmürdü. Əks tərəfdə bir tank qülləsi alov donuna bürünüb uçuruma doğru yuvarlanırdı. Turan isə, hansı səbəbdənsə, qayalığı özünə yurd eləmiş o tənha ağaca pənah aparırdı…
Müseyib İbrahim oğlu İlyasov 1951-ci il fevralın 11-də Oğuldərə kəndində müəllim ailəsində anadan olub. Əslən Azərbaycanımızın dilbər guşəsi Laçın rayonundandır. Oğuldərə kənd məktəbində orta təhsil, Gəncə Dövlət Pedaqoji İnstitutunda – ali təhsil, Azərbaycan Dövlət Pedaqoji Universitetində doktorantura təhsili almışdır. Laçın rayonunun Oğuldərə kənd məktəbində müəllim, direktor müavini, Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim, kafedra müdiri işləmişdir. Pedaqogika elmləri doktoru, professor, əməkdar müəllimdir. Anadan olmasının 75 illiyi tamam olur.
Ötən əsrin yetmişinci illərində Bakının hündür məkanlarının birində, hazırda Şəhidlər xiyabanın qonşuluğunda, Dağüstü parka yaxın bir Çəmbərəkənd deyilən coğrafi ərazi, keçmiş yaşayış sahəsi, məhəllə vardı.
Köhnə Bakının yadigarı idi Çəmbərəkənd. İndi ondan əsər-əlamət qalmayıb. Yerində əvvəlcə “Moskva” mehmanxanası, sonradan elə həmin yerdə daha gözəl və möhtəşəm hotel kompleksi inşa edildi. Təbii ki, Çəmbərəkəndin bir hissəsində.
Çəmbərəkənddə evlər bir-birinin yanında və bir-birinin ayaq tərəfində (yuxarıdan aşağıya) sıralanırdı. Mən M.F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda (hazırda ADU) II kursda, ingilis-Azərbaycan dilləri müəllimi ixtisası üzrə təhsil alırdım. Çəmbərəkənddə Mirzə kişinin kiçicik evlərinin birində (ev demək mümkündürsə, əslində daxmasında) qalırdım. Qonşuluqda başqa institutda oxuyan tələbələr kirayənişin idilər.
Tələbəlik illəri idi. İndiki tələbəlik illərindən çox fərqli. Ali təhsili başa vuranda bilirdin ki, doğma rayonuna, yaxud hansısa başqa rayona təyinat alacaq, işə başlayacaqsan. İşlə təminat çox da problem yaratmırdı.
Qonşuluqdakı tələbələrlə rastlaşanda hal-əhval tutur, bu zaman təbii ki, bir-birimizə sual verirdik. Mən soruşanda “Necəsən?” Novruzdan cavab alırdım: “Sağ ol, zərər yoxdur”.
Əvvəllər təəccüb edərdim. Elə bilirdim elə deməklə zarafata salır. Sonra alışdım. Sən demə, bizim “Sağ ol, yaxşıyam” cavabımıza alternativ onların, yerlərinin cavabı imiş. Amma gözəl sözdür – “zərər yoxdur”. Yəni hər şey qaydasındadır.
Bu əhvalatı niyə nümunə gətirdim?
İndi insanlar sanki 30-50 il bundan əvvəlki insanlar deyil. Həmişə olduğu kimi, aramızda yaxşıları da var, yaxşı olmayanları da. Xeyirxahları da var, bədxahları da. Bu, təbiidir. Olmalıdır. Fəqət sayı artıb yaramazların. Yalaqların, yaltaqların, tor quranların, paxılların, mərdimazarların. Belərindən zərər görürsən.
Təbii ki, deyilənlər hər şəxsə aid deyil. Həyatda, ətrafımızda həm də elə şəxslər vardır ki, onlar ömründə kiminsə xətrinə dəyməyiblər, xeyirxahlığı, yaxşılığı özlərinə bayraq ediblər. Zərər vurmaq nədir, zərəri, ziyan vurmağı özlərinə yaxın buraxmayıblar.
Belə zərərsiz insanlardan biri də Müseyib müəllimdir. Pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim Müseyib İbrahim oğlu İlyasov. Dostumuz.
Bu xeyirxah dostumuzun bu il fevral ayının 11-də anadan olmasının 75 illiyi tamam olur.
Müseyib İbrahim oğlu İlyasov 1951-ci il fevralın 11-də Oğuldərə kəndində müəllim ailəsində anadan olub. Əslən Azərbaycanımızın dilbər guşəsi Laçın rayonundandır. Burada orta məktəbi bitirib, Gəncə Dövlət Pedaqoji İnstitutunda (hazırda GDU) ali təhsil aldıqdan sonra doğulub boya-başa çatdığı Oğuldərə kənd 8 illik məktəbində müəllim, daha sonra direktor müavini vəzifəsində çalışıb. Az müddətdə Laçında nümunəvi müəllim və bacarıqlı təhsil təşkilatçısı kimi tanınmış, iş təcrübəsi rayonda yayılmışdır.
M.İ. İlyasov kənd məktəbində vur-tut 6 il (1971-1977) işlədi. Pedaqoji elmlərə dərin marağı, dissertasiya müdafiə edərək elmi dərəcə almaq arzusu onu Bakıya gətirdi.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsil alan Müseyib müəllim “Kənd məktəblərarası tədris istehsalat kombinatlarında şagirdlərin peşəyönümünün pedaqoji əsasları” mövzusunda namizədlik dissertasiyası müdafiə etdi (1987, elmi rəhbəri professor Hüseyn Əhmədov).
O, hələ 1980-ci ildə, aspirantura təhsilini başa vuranda pedaqoji universitetdə Pedaqogika kafedrasının müəllimi təyin olunmuşdu. Sonralar kafedranın baş müəllim (1989) olmuş, dosent vəzifələrinə seçilmişdir (1991).
Respublika televiziyasında ayda bir dəfə efirə çıxan ”İstehsalatın əsasları. Peşə seçmə” adlı televiziya tədris proqramının aparıcısı olmuş (1984–1995-ci illər), peşəseçmənin əsasları ilə əlaqədar maraqlı, diqqətəlayiq və məzmunlu verilişlər aparmışdır.
Müseyib İlyasov 2011-ci ildə pedaqogika elmləri doktoru elmi dərəcəsi almaq üçün “Şagirdlərin peşə seçməyə hazırlanmasının pedaqoji əsasları” mövzusunda dissertasiya müdafiə etmişdir. Elmlər doktorudur. 2017-ci ildə professor elmi adını almışdır.
Pedaqogika elmləri doktoru, professor Müseyib İlyasov pedaqogika elmi sahəsi üzrə elmi kadrların yetişməsində yaxından iştirak edir. Onun elmi rəhbərliyi ilə bir çox doktorant və dissertant dissertasiya müdafiə etmişdir. M.İ. İlyasov eyni zamanda dissertasiya müdafiələri zamanı dəfələrlə rəsmi opponentlik etmişdir. ADPU-da fəaliyyət göstərən pedaqoji elmlər üzrə Dissertasiya Şurasının üzvü olmuş, bir müddət şuranın nəzdindəki elmi seminarın sədri vəzifəsini yerinə yetirmişdir.
Hazırda Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Filologiya və pedaqogika” ixtisasları üzrə Ekspert Şurasının üzvüdür.
Pedaqoji kadrların hazırlanmasında da fəallıq göstərir. Tələbələrə mühazirə oxuyur. Bir müddət ADPU-nun Məktəbəqədər təhsilin pedaqogikasının müdiri vəzifəsində çalışmışdır (2013-2025-ci illər). Hazırda universitetin Təhsil menecmenti kafedrasının professorudur.
Müseyib müəllimin tədqiqatları pedaqogika elminin bir sıra sahələrini özündə birləşdirir. Lakin daha çox təhsilalanların peşə seçməyə hazırlanması; müəllimlik peşəsi və müəllim hazırlığı problemləri üzrə tədqiqat aparırır.
Professor xeyli diqqətəlayiq əsərlərin müəllifidir. Onların bəzilərini diqqət mərkəzinə gətirək: “Şagirdlərin peşə seçməyə hazırlanmasının pedaqoji əsasları”, “Müəllim peşəkarlığı və pedaqoji səriştəliliyin müasir problemləri”, “Müasir təhsil: ənənədən innovasiyaya”, “Məktəbdə peşəyönümü işinin sistemi”, “Yuxarı sinif şagirdlərinin vətəndaşlıq tərbiyəsi”, “Peşəyönümün əsasları”, “Müəllimin pedaqoji ustalığı” “Peşə, sənət və ixtisas seçimi haqqında söhbətlər”, “Pedaqoji tədqiqatların metodları və metodologiyası”.
Müseyib müəllim qışın oğlan çağında dünyaya göz açıb. Xalq təqviminə görə, kiçik çillə hər il 31 yanvar – 1 fevral gecəsindən etibarən 20 fevraladək (20 gün) davam edir. Böyük çillədən (21 dekabr – 30 yanvar) sonra qədəmini qoyan bu dövr nisbətən kəskin soyuq və küləklərlə, sərt şaxtalarla, qarın ətrafı ağ örpəyə bürüməsi ilə səciyyələnir. Bahar fəslinə təbiətin yolu qışdan keçir. Müseyib müəllim 75 qışı, 75 baharı yola salıb. Arzumuz budur ki, daha 25 qışı və 25 baharı da arxada qoysun. Xoş əməllər, xeyirxahlıq, yaxşılıq carçısı ola-ola!
Pedaqogika elmləri doktoru, professor, əməkdar müəllim Müseyib İbrahim oğlu İlyasovu 75 illik yubileyi münasibətilə təbrik edirik!!!
Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev, 23 fevral 2026-cı il tarixində, Azərbaycan pedaqoji antologiya salnaməsində yeni, parlaq bir mərhələnin başlanğıcını qoyan Səməd Vurğunun 120 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışdır.
Azərbaycanın pedaqoji fikir səmasında Nizami Gəncəvi necə bir günəşdirsə, Səməd Vurğun da həmin səmanı işıqlandıran parlaq ulduzlardan biri kimi öz sözünü demişdir. Və yaxud, Azərbaycan xalqının düşüncə tarixində Nizami Gəncəvi necə əbədi bir söz abidəsidirsə, Səməd Vurğun da həmin abidənin davam edən nəfəsi, yaşayan ruhudur.
Dünya məndən soruşdu ki,
De, məsləkin, yolun nədir?
Dedim: Vətən torpağına
Könlüm quşu pərvanədir.
Səməd Vurğunun bu suala verdiyi cavab vətənə olan sevgiyə və onun müqəddəsliyinə işarə edir. Şairin bir məsləyi, bir amalı var. O da vətənə xidmət, həm də layiqincə xidmətdir. Vurğun vətənini sevmək və ona xidmət etmək məqsədini yaradıcılığının ilk illərindən ən yüksək hədəf olaraq seçmişdir. Vətən torpağı, şairin təfəkküründə vətənə olan xidmət və çağırışın məkanıdır.
Azərbaycan məktəb və pedaqoji fikir tarixinin üfüqlərini genişləndirən Səməd Vurğun vətəninə olan möhkəm sevgi və heyranlıqla şeirini ərsəyə gətirən bir vətən şairidir. Poeziyada vətəndaşlıq keyfiyyətlərini ən yüksək sənətkar məziyyəti hesab edərək, o, sənətini millətin gələcəyinə xidmət etmə vasitəsi olaraq görmüşdür. S.Vurğun yazırdı ki, “Vətən eşqindən ilham alan bir şair ömrü boyu bəxtiyardır… hər hansı bir qələm sahibi, kim üçün yazıram? – deyə özünə sual verdiyi zaman, qarşısındakı kamala yetmiş, öz tarixinin, öz varlığının qədrini bilən bir xalq gördükdə qartal qanadları ilə uçar, onun vətəndaşlıq vüqarı şeir və sənət ilhamına yelkən qaxar, içindən əbədi olaraq “Yarat!”, “Yarat”! – deyə bir səs gələr”.
Şairin “Xanlar”, “Komsomol poeması”, “Fanar”, “26-lar”, “Bəsti”, “Aygün” və digər əsərləri sovet ideologiyasının siyasi və sosial quruluşlarını əks etdirir. Lakin bu gün artıq həmin ideologiyalar və qurumlar – sosializm, Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı, kolxoz, sovxoz, kommunizm – tarixə qovuşmuşdur. Ancaq demək olmaz ki, şairin əsərlərindəki adət-ənənələr, mövsümi mərasimlər, kənd-şəhər həyatının xüsusiyyətləri və poetik tərbiyəvi fikirlər də öz əhəmiyyətini itirib tarixə qarışmışdır. Xeyir, bu sözlər hələ də şairin surətləri vasitəsilə bizimlə danışır və oxucunun ruhuna toxunur. Zaman keçsə də, bu fikir və təsvirlər öz aktuallığını qoruyur və bu gün də hər bir oxucuda dərin izlər buraxır.
“Komsomol poeması”nda oxucuların əzbərdən bildiyi və hər kəsin ruhuna öz izini qoyan “Dünya” adlı şeir, fikrimizin əyani sübutudur.
Ulduzlar havanın bağrını dəlir,
Qayalı dağlardan duman yüksəlir,
Xəyalım gecəni salama gəlir,
Çapdırır atını birbaşa dünya.
Yerlərə baxıram – bağçalı, bağlı,
Göylərə baxıram – qapısı bağlı,
Kainat ixtiyar, sirli, soraqlı,
Əzəldən yaranıb tamaşa dünya.
Bir də görürsən ki, açılan solur,
Düşünən bir beyin bir torpaq olur;
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya.
Əzəldən belədir çünki kainat,
Cahan daimidir, ömur amanat.
Əldən-ələ keçir vəfasız həyat,
Biz gəldi-gedərik, sən yaşa, dünya!
İşıqlandırdığımız bu dörd bənd sovet dövrünün ideologiyasını və xüsusilə də gənclərin həyat, ölüm və dünya haqqındakı baxışlarını poetik şəkildə əks etdirir. Sözlərin ahəngdar və təkrarlanan ritmi ilə oxucuda dərin düşüncələr yaradır, eyni zamanda həyatın keçici olduğunu və dünya ilə əlaqənin sirrini vurğulayır.
“Komsomol poeması” əsərində Səməd Vurğunun dünyaya milliliyimizi daşıyan və Novruz bayramını şairanə şəkildə təsvir etdiyi “Novruz bayramında” adlı bölümü tarixə gömmək mümkünmü? Xeyir, mümkün deyil! Hətta mümkün olsa da, bu, çox böyük itki olardı. Poemada axır çərşənbədə ilin tamam olması, “ilin at üstündə təhvil olması”, hər bir qapıda tonqal yandırılması, uşaqların tonqal üzərindən “hoppanması”, bacadan salınan torbaların, Kosanın şəbeh çıxarması, balacaların təzə paltar geyinməsi, gəlinlərin və qızların bəzənib-düzənməsi, əllərinə xına yaxması və qonşu qapıların pusulması kimi gözəl və canlı məqamlar şairin şirin, axıcı dili ilə elə ustalıqla təsvir edilib ki, onları izah etməyə bizim qələmimizin gücü çatmaz. Novruz bayramının o gözəl anlarını ancaq həmin poemadan oxuyub ruhumuzu oxşaya, feyziyab edə bilərik. Qeyd etdiyimiz kimi, “Komsomol poeması”ndakı “Novruz bayramında” bölümü, bizim milliliyimizi dünyaya çatdıran və tarixə qovuşması mümkün olmayan bir şedevrdir.
Novruz bayramının gözəlliklərini daha dərindən işıqlandırmaq üçün bir neçə məqamı nümunə olaraq təqdim edək ki, Səməd Vurğunun əzəmətli təsvirlərinin nə qədər dərinə getdiyini anlamaq mümkün olsun.
Axır çərşənbədir… İl tamam olur…
Bu il, – kənd içində danışır hamı, –
At üstə gəlmişdir Novruz bayramı –
Qulunluq at üstə…
Bu bir muraddır.
Baxın, hər qapıda bir tonqal yanır,
Uşaqlar hoppanır od-alov üstdən;
Göyə şölə düşür, yer işıqlanır,
Od da yandırmayır heç kəsi qəsdən.
Kosanın başında bir keçə papaq,
Zınqırov da asıb lap kəlləsindən.
Onun çıxardığı oyunlara bax,
Nə üzdən tanınır, nə də səsindən.
Gah olur mələyir qoyun sayağı,
Gah da bir at olub kişnəyir kosa.
Yüz qapıya dəyir onun ayağı,
Yüz evdən pay alır o heç olmasa.
Bəzənib-düzənib gəlinlər, qızlar
Xına da qoyurlar öz əllərinə.
Gecələr göz qırpır göydə ulduzlar
Bizim kənd yerinin gözəllərinə.
Təzə paltar geyən körpələr şaddır,
Baxıb ləzzət alır ata-analar.
De, bu gün hamımı qəmdən azaddır?
Yox, bu əziz gündə dərdlilər də var.
Xəyalat başını bir an tərk edir,
Xeyirxah bir xəbər eşitmək üçün
Qonşu qapısını pusmağa gedir…
De, qız nə eşitsə yaxşıdır birdən?
Kimsə öz oğluna: “Toyunu görək!”
Humay bir quş kimi durdu yerindən:
Sıçrayıb göylərə qanad gərərək.
Bütün bunlar bizə onu deməyə əsas verir ki, şair, öz əziz xalqının adət-ənənələrini, sosial və mədəni məişətini, psixoloji xüsusiyyətlərini, dilinin zənginliklərini, estetik koloritini həm maddi və həm də mənəvi aləmini yüksək səviyyədə mənimsəmişdir. Bu yanaşmalar, onun etnoqrafik müşahidələrini sənətkarlıqla birləşdirərək əsərlərində təsvir etdiyi xalq həyatının təbii və təkmil bir şəkildə əks olunmasına imkan vermişdir.
Şairin hər bir şeiri, baharın təravəti kimi təravətli və canlıdır. O, təbiəti poetik dildə o qədər incə və zərif şəkildə bəzəyir ki, oxucunun gözlərində təbiətə qarşı yeni və füsunkar bir baxış yaradır. Hər bir kəlməsində təbiətin təbii gözəlliklərini, rənglərini və hərəkətlərini canlı bir şəkildə canlandıraraq oxucunun ruhunu o aləmə aparır. Şairin dilində təbiət, təkcə mövcud olmayan bir mənzərə deyil, həm də insana ilham verən, gözəlliyi və harmoniya ilə dolu bir dünyadır.
Səməd Vurğun “Təbiət ilhama çağırır məni” adlı şeiri ilə təbiətə, həyatın məna dərinliklərinə və ilhamın mənbələrinə dair düşüncələrini əks etdirən bir poetik səhnə yaratmışdır. Şeirdə təbiət və insan münasibətinin, xüsusən də ruh və bədii yaradıcılıqla əlaqəli hisslərin üzərində dayanan bir düşüncə axını var. Şeirdəki hər bir misra bir duyğu, bir mövzuya yönəlmişdir və şair bu mövzuları təbiət, ilham, məhəbbət və yaradıcılıq müstəvisində birləşdirir. Şeirin hər on iki bəndində təbiət, insan və şairin daxili aləmi arasındakı əlaqə dərindən təsvir edilir. Bu misralarda təbiətin dəyişən fəsilləri, xüsusi olaraq yazın təravəti və təbiətin oyanışı (qarın əriməsi, dağların yaşıllaşması) şairin ruhunu işıqlandırır. Bu, poetik simvolizm vasitəsilə təbiətin insana verdiyi ilhamı göstərir. Dağların “yamyaşıl geyinməsi”, bulaqların “göz kimi duruluğu”, qarın əriməsi və yağışın çəməni islatması – hər bir obraz, şairin yaratdığı əsərin ilham alacağı təbiətin ahəngini və gözəlliyini ifadə edir. Təbiət bir mühitdən daha çox, ilham verən bir mənbəyə çevrilir. Zəmilərin və tarlaların “üzü gülməsi” və sünbülün dəni, təbiətin insan ruhunu nurlandıran gücünü simvollaşdırır. Göylərdən gələn ilham və ya göy üzü ilə əlaqə, şairin mənəvi kök saldığı torpağın mövqeyini əvəzləyir. Torpaq həm maddi, həm də mənəvi mənada şairin varlıq səbəbidir. Şairin torpağa bağlılığı, onun əsərlərinin kökünü təşkil edən mədəni və mənəvi zənginliyi, ilham aldığı mühiti ifadə edir.
Yenə də yamyaşıl geyinir dağlar,
Göz kimi durulur qaynar bulaqlar.
Əriyir güneylər döşündəki qar,
Yağış da isladır o göy çəməni
Təbiət ilhama çağırır məni!
Görürəm, dan yeri yenə sökülür,
Göydən yer üzünə nurlar tökülür.
Zəmilər, tarlalar üzümə gülür,
Saralır gözümdə sünbülün dəni,
Bu nemət ilhama çağırır məni!
Mən yaranmamışam göylər övladı,
Əzəl şöhrətimdir torpağın adı.
Bu eşqim çoxuna qismət olmadı…
Şairim! Aç, payla söz xəzinəni
Şeiriyyət ilhama çağırır məni!
Ürək dil açır ki, – sönməmiş odum,
Hücuma başlayır mənim söz ordum.
Könüllər mülkündə min yuva qurdum;
Unutmaz aləmdə sevən sevəni,
Məhəbbət ilhama çağırır məni!
Göründüyü kimi, şair şeiri ilə təbiət, torpaq, eşq və yaradıcılıq arasındakı əlaqəni poetik şəkildə araşdırır. Təbiətin müxtəlif dövrləri, şairin ruhunu oyandıran, ilham verən bir vasitə kimi təqdim olunur. Onun ilhamını alaraq yaratdığı sənət əsəri, həm də insanın öz daxili aləmi ilə əlaqəsini və ruhunun hərəkətə gəlməsini təmsil edir. Şairin sözləri, təbiətin və insanın ruhunun birləşdiyi, yaradıcı bir aləmi işıqlandırır. Şeirin məzmunu sonda bizə deyir ki, bu aləmdə hər bir kəlmə bir həyat, hər bir misra bir düşüncə, hər bir şeir bir nəfəs alır.
Səməd Vurğunun 1928-ci ildə qələmə aldığı “Andım” şeirində yazır ki:
Mən and içmişəm ki, bir də qələmim
Gözəllərdən ilham almayacaqdır.
Peymanını pozan xəyal həmdəmim
Dərgahıma sayə salmayacaqdır.
Şairin gözəllikdən ilham almayacağına dair içdiyi “and”, onun öz bədii aləmi ilə əlaqəli daxili bir öhdəlik kimi çıxış edir. Bu qərar, şairin müstəqilliyini qorumağa çalışarkən yaradıcı prosesinə bir növ məhdudiyyət gətirir. Lakin bu “and”ın pozulması, şairin öz içindəki mənəvi və psixoloji mübarizəni göstərir. Təbiətə, insana və xüsusilə gözəlliyə qarşı dərin bir ehtiras və vurğunluq hissi keçirən Səməd Vurğun, ilham mənbəyi olaraq gözəllikdən uzaqlaşarsa, yaradıcılığının və poetik təxəyyülünün canlılığını və gücünü itirməzmi? Əlbətdə ki itirər. Çünki gözəllik, şair üçün sadəcə bir estetik və bədii mühit deyil, həm də onun daxili aləminin təzahürü, həyatın mənəvi və fiziki gözəlliklərini özündə əks etdirən vacib bir qaynaqdır. Buna görə də, gözəllikdən ilham almaq, Vurğunun poetik inkişafı və yazdığı əsərlərin keyfiyyəti üçün mühüm bir amildir. Şairin ilham mənbələrindən biri olan gözəllikdən məhrum olması, onun yaradıcılığının əsas sütunlarından birinin zəifləməsi anlamına gətirər görüşündəyik.
Deməli, şairin sonrakı illərdə vədinə sadiq qalmaması, həm də onun yazıçı-şair-dramaturq kimi daxili ehtiyacını, yaradıcı təxəyyülünün sərhədsizliyini işıqlandırır. Şairin “xəyal həmdəmim” olaraq səciyyələndirdiyi hər bir ilham mənbəyi, onun poetik axtarışının ayrılmaz tərkib hissəsidir. Şairin “peymanını pozan xəyal həmdəmim” deməsi, bir tərəfdən onun öz qəlbinin zəifliyini, digər tərəfdən isə bədii təxəyyülünün nə qədər güclü olduğunu göstərir. Şair öz “andını” pozur, çünki ilhamın qarşısında məğlub olur – ilham bir növ şairin sadiq dostu olur və ona qarşı müqavimət göstərmək, bu bədii inkişafın önündə bir əngəl kimi durur.
Səməd Vurğunun sonrakı illərdə qələmə aldığı “Anam gəlini”, “Təbriz gözəlinə”, “Səlyan gözəli”, “Ruhumda ruhunun parçası vardır”, “Şairin sevgilisinə”, “Ala gözlər”, “Oxu, gözəl” və digər şeirləri, şairin əvvəlki vədlərinə və “andına” xilaf çıxmasından açıq şəkildə xəbər verir. Bu şeirlər, onun gözəlliyə və sevgiyə olan vurğunluğunun və təbiətin cazibəsinə qarşı içindəki müqavimətini pozduğunun, bir növ bədii təxəyyülünə məğlub olmasının simvoludur. Hər bir misrada, o, gözəlliyin, sevgilərin və ilhamın qarşısında yenə də zəif qalır, özünü bu ilham mənbələrindən qurtarmağa çalışsa da, sonda onlara yönəlir və qələmindən yeni bir sevda, yeni bir gözəllik əsəri doğur.
Səməd Vurğun, yuxarıda qeyd etdiyimiz kimi, zamanın fövqünə yüksələrək sənəti ilə əbədiyyət qazanmış sənətkarlardandır. Onun qələmindən süzülən hər bir fikir bu gün də ruha toxunur, düşündürür, yaşadır və yenidən yaradır.
Əziz oxucum! Vurğun öldü deməyək, bir əbədi sənəti var!
01 aprel 1981-ci il — Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, tərcüməçi və ictimai xadim Rəsul Rzanın vəfat etdiyi gündür.. Rəsul Rza (tam adı: Rəsul İbrahim oğlu Rzayev) 6 (19) may 1910-cu ildə Göyçay şəhərində anadan olmuş, 1 aprel 1981-ci ildə Bakı şəhərində vəfat etmişdir. O, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynamışdır. Rəsul Rza XX əsr Azərbaycan poeziyasında bədii düşüncənin yenilənməsinə güclü təsir göstərmiş sənətkarlardandır. Onun yaradıcılığı fəlsəfi dərinliyi, azad poetik təfəkkürü və insanın daxili dünyasına yönəlmiş bədii axtarışları ilə seçilir. Şairin əsərlərində zaman, vicdan, məsuliyyət, mənəvi bütövlük və həqiqət kimi mövzular aparıcı yer tutur. Bu xüsusiyyətlər onun poeziyasını bu gün də aktual və düşündürücü edir. Rəsul Rza yalnız şair kimi deyil, həm də dramaturq, tərcüməçi və ictimai xadim kimi milli mədəniyyətin inkişafına mühüm töhfələr vermişdir. Onun fəaliyyəti Azərbaycan ədəbi mühitində yeni poetik istiqamətlərin formalaşmasına təsir göstərmişdir. Görkəmli şair yüksək dövlət mükafatlarına layiq görülmüşdür. Bu gün böyük sənətkarın xatirəsini ehtiramla yad edirik. Ruhu şad olsun.
Şəhərdən erkən çıxmışdılar. Üç saatdan artıq yol gəlmişdilər. Obyektə çatan kimi işə başlamışdılar. Texnikalrın servisini yerinə yetirmiş, nızərdə tutulan təmir işlərini yekunlaşdırmışdılar. Alətlərini yığışdırıb Bakıya qayıtmağa hazırlaşırdılar. Tırtıllı buldozerin operatoru Rauf onlara yaxınlaşdı.
-Kərim kişi, mənim traktorum sındı,- mexankə müraciət etdi.
-Necə yəni sındı? Ay oğul, traktor sınmayır, xarab olur. De görüm nə baş verib.
-Nə bilim ey, qara tüstü verirdi, söndü. Işə düşmür.
-Ola bilsin yanacağı qurtarıb,- deyə mexanik köməkçisi Toğrul söhbətə qarışdı.
Kərim kişi sual dolu gözlərini Raufa zillədi. Rauf çıyınlərini çəkib: “Yanacaq var”- deyə cavab verdi.
-Oğlum, Toğrul, otur maşına, gedək yoxlayaq. Rauf, sən də otur maşına.
Onlar “pikap” tipli xidməti avtomobilə əyləşib narahat torpaq yolla təxminən 500-600 metr kənarda dayanmış buldozerin yanına gəldilər və dərhal işə başladılar. Buldozerin mühərriki bütünlüklə mazuta bulaşmışdı. Texnika özü də çirkab içində idi. Kərim kişi Raufu yanına çağırıb danladı:
-Belə texnika saxlayarlar, ay oğul? Bu sənin çörək ağacındır axı.
-Cəhənnəm olsun, zəhləm gedir bundan. Elskovator istəyirəm, vermirsiz. Bu traktor məni bezdirib, – deyə Rauf mızıldandı.
Kərim kişi səsini bir qədər də ucaltdı:
-Ay oğul, sənə təkərli ekskovator verdik, işlədə bilmədin. Dedin, ləngər vurur, qaza bimirəm. Tırtıllı ekskovator verdik, işlədə bilmədin. Mini verdik, onu da işlədə bilmədin. Buldozeri də bərbad hala salmısan. İndi neyləyək? Bura uşaq bağçası deyil axı…
-Ay kişi, nə düşmüsən ey mənim üstümə? Gəlmisiz, ustasız, düzəldin də,- Rauf kobudcasına Kərim kişinuin sözünü yarımçıq kəsdi,- mənim iş vaxtım bitib, gedirəm evə.
O, yaxınlıqda saxladığı, gəlin kimi bəzədilmiş qonur rəngli VAZ-2107 markalı avtəmobilə əyləşib torpaq yolda toz qopara-qopara sürüb getdi.
Kərim kişi təəccüblə onun arxasınca baxdı: “Dayısının ərköyün balasıdır”- deyə sağ əlini havada yellədi. Sonra üznü Toğrula tərəf çevirdi.
-Oğlum, görürsən kimlərin əlində qalıb yaxamız?
Toğrul artıq yanacaq süzgəcini sökməklə məşğul idi. Başını qaldırıb: “Ona fikir vermə əmi,-dedi, –Mən süzgəci söküb təmizləyəcəm. Yəqin ki, yanacaq çirkli olduğu üçün süzgəc tutulub”.
-Hə oğlum, düzgün qərardır. Mən də baxım görüm yanacaq çəni nə vəziyyətdədir.
Toğrul süzgəci təmizləyib yerinə bağladı. Yanacaq borularını da hava ilə təmizlədilər. Kərim kişi traktorun çənindən nümunə üçün bir litr yanacaq çəkdi. Yabacağın üzərində su damlaları aydınca görünürdü.
-Yəqin ki, yanacaq nasosunu sökməli olacağıq,- deyə Kərim kişi dilləndi. -Qalx kabinəyə mühərriki işə sal. Mən işarə edəndə qazı artırarsan.
Toğrul “baş üstə” deyib kabinəyə qalxdı. Bir neçə cəhddən sonra mühərrik işə düşdü. Kərim kişinin işarəsi ilə bir neçə dəfə yanacağı artıran pedalı basıb buraxdı. Kərim kişidən “söndür” işarəsi gəldi. Məsələ aydın idi, yanacaq nasosu sökülüb təmirə göndərilməli idi. Köməkləşib nasosu sökdülər və avtomobilin yük yerinə qoydular. Yenidən obyektin “ofisi” hesab olunan yerə qayıtdılar. Burada cəmisi iki otaqdan ibarət olan bir dəmir vaqon var idi. Kiçik otaq gözətçi və fəhlələr üçün, böyük otaq isə sahə rəisi üçün ayrılmışdı. Otaqlarda səliqəsizlik hökm sürürdü. Birinci otaqda iki ədəd ikimərtəbəki dəmir çarpayı, İki ədəd köhnə stul, bir ədəd kiçik masa və divara bərkidilmiş dolabdan savayı heç nə yox idi. Sahə rəisinin otağında da mebellər köhnə idi. Yazı masası, altı ədəd stul, sənədlər üçün dolab, soyuducu, hətta televizor da olan otağın pəncərəsi, qapısı, döşəməsi toz içində idi.
Sahədə onlardan savayı heç kim yox idi. Ətrafı gəzib-dolaşdılar. Yanacaq saxlanılan üç tonluq çənin qapağı belə yox idi. İçməli su iki tonluq plastik materialdan olan çəndə saxlanılırdı. İki yüz litrlık dəmir yağ çəlləkləri, iyirmi litrlik plastik yanacaq qabları ətrafa səpələnmişdi. Tikinti materiallarını saxlamaq üçün işlənmiş dikt və köhnə taxta parçalarından tikilmiş anbarın qapısını yanmış qara məftillə bağlamışdılar. Dəhşətli mənzərə idi…
Axtarıb yanacaq çəninin qapağını tapdılar. Toz-torpağını təmizləyib yerinə quraşdırdılar. Sahə rəisi Salman da nəhayət ki, gəldi. Kərim kişiyə yaxınlaşıb görüşdü, hal-əhval tutduqdan sonra Toğrula işarə edərək “Təzə köməkçin budur?” deyə soruşdu.
-Hə, budur. Adı Toğruldur. Bacarıqlı oğlandır, cəmisi altı aydır ki işləyir, ancaq bir çox iləri sərbəst yerinə yetirir.
Sahə rəisinin otağına keçdilər. Kərim kişi sahədəki acınacaqlı mənzərədən narazılıq etdi. Xüsusilə də yanacağın saxlanmasına məsuliyyətsiz münasibətin nəticəsi olaraq buldozerin sabah, ola bilsin ki, bir neçə gün işləməyəcəyini bildirdi. Bu məlumat Salmanın heç xoşuna gəlmədi. Nəhahət ki, vəziyyəti dərk etdikdən sonra Kərim kişiyə dil tökərək təmiri işini mümkün qədər tez yekunlaşdırmağı xahiş etdi. Kərim kişi elə indi yanacaq nasosunu Bakıya aparmağa qərar verdi.
-Oğlum, mən elə indi Bakıya gedirəm. Sabah tezdən nasosu təmirə verəcəm. Ümid edirəm ki, günortaya qədər təmir edib məni yola salarlar. Sən də bu müddət ərzində buldozerin yanacaq çənində olan çirkli yanacağı ərazidə gördüyümüz yağ çəlləklərinin birinə boşalt, çəni yu. Ərazidəki yanacaq çənini də eləcə çəlləklərə boşalt və içərisini təmiz-təmiz yu. Mən gələndə təzə yanacaq süzgəcləri də gətirəcəm, üçünü də dəyişərik,- deyə Toğrula tapşırıq verdi. Toğrul bircə kəlmə “baş üstə, əmi”- dedi.
Salman yenə narazılıq etdi:
-Siz nə edirsiniz, Kərim kişi? Sabah texnikaları hansı yanacaqla işlədəcəyik?
-Məndən soruşursan? Hanı qarajdan göndərdiyimiz on tonluq təzə yanacaq çəni? Qapağı da üstündə idi, süzgəci də, sayğacı da. Hanı?- Kərim kişi əsəbi halda soruşdu.
-Sədrin məlumatı var, o çəni baş nəzarətçinin sərəncamına vermişik. Tikintinin öz qanunları var. İstədi, verdik. Başqa cürə mümkün deyildi.
-Mümkün idi Salman, mümkün idi. Başqa çən göndərmək olardı. Nə isə… Toğrul sabah tezdən bu işlə məşğul olacaq. Operatorları verərsən kömək edərlər. Yanacağın üstünü süzüb götürərlər. Yalnız sabah. Zəhmət çək, təmiz yanacaq gətizdir, yoxsa, qısa müddət ərzində o biri texnikalar da dayanacaq. De görüm Toğrul bu gecə harda qalacaq?
-Odur ha, gözətçinin otağı boşdur. Bu axşam hamı toyda olacaq. İnanmıram ki, gözətçi toydan sonra buraya gəlib çıxa bılə,- deyə Salman qımışaraq cavab verdi.
-Yaxşı, daha gecdir, mən getməliyəm. Oğlum, Toğrul, get maşından ərzaq olan zənbili götür. Nərgiz xalanın (arvadını nəzərdə tuturdu) bizim üçün qoyduğu xörəyin yarısı qalıb, qızdırıb yeyərsən.
-Əşşi, ölməmişik ki. Soyuducuda ərzaq olmalıdır. Sabah da nə lazımdır özüm alıb gətirəcəm,- deyə Salman qürrələndi.
Toğrul hər ehtimala qarşı zənbili götürdü. Yuyunub paltarlarını dəyişdilər. Kərim kişi, ardınca da Salman, hərə öz avtomobilində, torpaq yolda toz qopara-qopara getdilər. Ətrafa çökən lal sükut ardınca gecə qaranlığını daşıyırdı sahəyə, Günəş uzaqdan görünən dağların arxasında gizlənməyə can atırdı, rəngi təndir kimi qızarmışdı. Toğrulun telefonu Kərim kişinin avtomobilində qalmışdı, indi yadına düşdü. Qabaq oturacaqların arasında quraşdırılmış qoltuqaltının cibinə qoymuşdu. “Gecə vaxtı kimə zəng edəcəyəm ki?”- düşündü.
Gecə düşündüyündən də çox uzandı. Yaxşı ki, gözətçinin əl fanarı işlək vaziyyətdə idi. Səhər açılana qədər dəfələrlə ərazini gəzib dolaşdı, yuxunu qovmaq üçün tez-tez üzünə su vurdu, idman elədi… axır ki, gecə yuxusuna qalib gəlməyi bacardı.
Hava tam işıqlanmağa macal tapmamış Toğrul ocaq qalayıb hisli çaydanı qaynatdı, stəkanda çay dəmlədi, zənbildə saxladığı pendir və çörək parçası ilə səhər yeməyini “yola verdi”. İş paltarını geyinib buldozerin yanacaq çənini yumağa tələsdi.
Bir qədər sonra sahənin fəhlələri də, operatorlar da gəldilər. Təkcə Rauf yox idi. Təxminən bir saat ərzində köməkləşib Kərim kişinin tapşırdığı bütün işləri yerinə yetirdilər. Yanacağın nisbətən təmiz hissəsini texnikalara payladıqdan sonra çirklənmiş çöküntü hissəsini də boş çəlləklərə tökdülər.
Artıq çənlər çirkdən təmizlənmişdi, texnikalar işləyirdi. İndi dincəlmək olardı. Toğrul gözətçi otağına gəldi. Əllərinin mazutunu yuyub, üst-başını təmizlədikdən sonra çarpayıya uzandı.
…Kimsə onu silkələyir,bərkdən qöşqırırdı. Gözlərini açdı. Sahə rəisi onun yaxasından tutmuşdu.
-Qalx ayağa, yetimçə! Cəld ol! Bura sənin üçün yetimxana deyil gündüz günorta vaxtı tirlənib yatasan. Dur cəhənnəm ol burdan!
Toğrul bir anlığa özünü itirdi, nə baş verdyibi anlamağa çalışdı. Salman onu sürüyüb çarpayıdan yerə atdı:- “Eşitmirsən, dedim ki, çıx çəhənnəm ol burdan!”- deyə yenə qışqırdı. Toğrul ayağa qalxıb bir söz demədən otaqdan çıxdı. Üst-başını qadaya salıb Salmanın sakitləşməsini gözlədi. Salman isə sakitləşmək bilmirdi, elə hey qışqırır, təhqiramiz sözlər işlətməkdən çəkinmirdi:
-Axmaq yetimçə! Yanacağı yerə boşaltmağın bəs deyil, hələ tirlənib yatırsan da? Heç olmasa gedib fəhlələrə kömək edəydin, bir işin qulpundan yapışaydın.
Toğrul yalnız indi nə baş verdiyini anlamağa başladı.
-Rəis, mən bütün gecəni yatmamışam. Səhər erkən işə başlamışam ki, texnikalara tez və təmiz yanacaq verim, boş dayanmasınlar, -Toğrul ona vəziyyəti anlatmağa çalışdı. Salman daha da coşdu:
-Söz güləşdirmə, küçük.
-Həddinizi bilin!- bu dəfə Toğrul da sərt cavab verdi.
Salman sanki yuxudan ayıldı, səsinin tonunu dəyişdi. Sakitcə “yaxşı” deyib otağına keçdi. Mobil telefonla kimə isə zəng edib, bəlkə də Toğrul eşitsin deyə, uca səslə danışmağa başladı:
-Salam müəllim. Necəsiniz, bacım necədir? Salamatçılıqdır? Şükür Allaha, bizdə də salamatçılıqdır. Bəli, işləyirik. Səhər açılandan qaş qaralana kimi dayanmadan işləyirik. Bəs necə? Mən imkan verərəmmi kürəkənimin işləri axsasın? Arxayın ol, tam səmimi deyirəm. Bacımın verdiyi tapşırığı da yerinə yetirdim. Bəli, bəli… on ədəd kənd toyuğu, on kilo xalıs kərə yağı, kənd yumurtası, camış qatığı… bir sözlə siyahı üzrə hamısını öz şoferimlə göndərdim getdi. İndilərdə çatar, səhər tezdən çıxıb. Arxayın ol, hamısını özüm yoxlamışam. Ay müəllim, bir söz soruşmaq istəyirəm ey. Bu uşaq barədə… bu yetimçəni deyirəm də, Kərim kişinin şagirdini. Bu yonulmamış uşağı hardan tapmısınız axı? Kərim kişi ağsaqqal adamdı, xətrinə dəymək istəmədim. Bu uşağı saxladı burda, buldozerin nasosunu söküb apardı şəhərə ki, stendə qoyduracaq. Bu uşağı saxladı burda. Necə? Yox, burda stend nə gəzir? O, bahalı aqreqatdır. Ancaq Bakıda var, elə deyirlər. Gəncədə? Onu yalan deyərəm, bilmirəm. Mənim sahəm deyil axı, mexaniklər bilirlər. Nə isə, bu uşaq burda aləmi qatıb bir-birinə. Götürüb bir ton yanacağı boşaldıb yerə ki, çirklidir. Nə bililm, bəlkə də gecə ikən satıb. Bir az da boşaldıb yerı ki, guya çəni yuyub. Mənim bundan heç gözüm su içmir. Kim tərifləyir, Kərim? Əşşi, heç Kərim də əvvəlki Kərim deyil. Qocalıb, həəə, qocalıb… Təklifim nədir? Qovaq çıxsın getsin. Elə indi deyim getsin? Yaxşı, baş üstə. Oldu müəllim, baş üstə. Sağ ol, Allah amanında! Bacıma salam de. Nə lazımdır, baş üstə, tapıb göndərəm.
Salman şəstlə telefonu stolun üstünə tullayıb açıq pəncərəyə yaxınlaşdı. Üzünü Toğrula tərəf çevirdi:
-Eşitdin? Daha sən bu şirkətdə işləmirsən, xoş gəldin.
Toğrulu hirs boğurdu, qəhərlənmişdi. Çətinliklə özünü ələ alıb:
-Siz necə adamsınız, nə bir ton itki, nə oğurluq? Niyə məni şərləyirsiniz, Allahdan qorxmursunuz? Çənlərin yuyulmasına cəmisi iki-üç verdə yanacaq işlətmişik. Qalanı da çəlləklərdədir. Çöküntü verəndən sonra, yəni sabah üst hissəsini işlədə bilərsiniz. Əslində o yanacağı ümumiyyətlə işlətmək olmaz.
-Mənə ağıl öyrədirsən? Hava qaralmamış çıx get. Asfalta çıxmaq üçün o görünən kənddən də on, on iki kilometr piyada yol getməlisən.
Toğrul nə edəcəyini bilmirdi. Bu sahəyə gəlişi birinci dəfə idi, heç yolu da düz əməlli tanımırdı. Salman bu dəfə bayaqdan dayanıb bu olaylara diqqət kəsilmiş fəhlələrə səsləndi:
-Siz nə dayanıb gözlərinizi bizə zilləmisiz, işinizi görün. Ayın axırında gəlib qabağımda diz çökəcəksiniz, “maaşımızı kəsmə” deyəcəksiniz. Haydı, hərə öz işi ilə məşğul olsun. –Sonra yenidən Toğrula tərəf döndü, -Kərim kişi bu gün gəlməyəcək. Ona arxayın olub vaxt itirmə.
Toğrul ucaboylu, sağlam cüssəli bir gənc idi. Tayk van do və boks üzrə idman dərəcələri var idi. Belə məqamda Salmanı yaxşıca əzişdirə bilərdi. Ancaq tərbiyəsi buna imkan vermirdi. O, gözətçi otağına girib paltarını dəyişdi. Yır-yığış edib çölə çıxdı. Ətrafa göz gəzdirdi, buldozerdən savayı bütün texnikalar işləyirdi. Fəhlələr də öz işləri ilə məşğul idilər. Salman “Toyota” markalı bahalı avtomobilinə əyləşib toz qopara-qopara sahədən uzaqlaşdı. Toğrul çantasını çiyninə aşırıb fəhlələrə yaxınlaşdı. Onlarla sağollaşmaq, həm də Gəncə-Bakı yoluna necə getmək barədə məsləhət almaq istəyirdi. Fəhlələrdən biri onun qolundan tutdu:
-Dayan qardaş, gün batır, bu boyda yolu pay-piyada hara gedirsən? İşi yekunlaşdırırıq. Gedək mənimlə, bu gecə bizdə qal. Tezdən səni yola salaram. Ən yaxşısı rayon mərkəzindən avtobusla getməkdir. Bizim kənd rayon mərkəzinə yaxındır,- deyə əks tərəfi göstərdi.
-Təklifə görə çox sağ ol, ancaq, getsəm yaxşıdır.
-Tərslik eləmə. O görünən kənddən baş yola qədər on iki kilometrdən artıq məsafə var. Fermaların yanından keçməlisən. Çoban itləri canavar kimi olur, uzaqdan bir canlı gördülər ha, dərhal hücum çəkirlər.
-Yox qardaş, qala bilmərəm.
-Onda istəyirsən, bu gecə də burada qal. Bizim Kərim əmiyə çox hörmətimiz var, ağsaqqal adamdır. Səni tək buraxsaq, o kişiyə necə izah edəcəyik bunu? Lap elə Kərim əmi olmasa belə, səni tək buraxmalıyıq bəyəm? Onsuz da gözətçi gəlməyəcək. Mən əvəz edəcəm, qal mənimlə.- bu dəfə o biri fəhlə söhbətə qarışdı.
-Bu axşam da toya gedəcək?- Toğrul zarafat edirmiş kimi üzündə təbəssüm yaratmağa çalışdı.
-Yox əşşi, nə toya getmək? Salmanın qohumudur. Çox vaxt onu biz əvəz edirik, növbə ilə. Salman da ki… içəndə üzünü görmə…
-Belə de. Yəqin Salman buna görə əlavə əmək haqqı yazır sizə.
-Heç bir qəpik də yazmır. Salmanın qohumları işə gəldilər-gəlmədilər bizdən çox maaş alırlar. Sədrin qaynıdır də, bıçağının dalı da kəsir, qabağı da.
Ətrafa sükut çöksü. Toğrul bu təkliflərdən məmnun olsa da, kiməsə yük olmaq istəmirdi. Həm də, öz daxili aləmi ilə təkbə-tək qalmaq istəyirdi. İçində üzücü bir sıxıntı var idi. Bunu kimsənin duymasını istəmirdi.
…Fəhlələrlə sağollaşıb uzaqdan görünən kənd istiqamətində yola düşdü. Bir qədər də qalsaydı, onların təklifi ilə razılaşacaqdı, daxilində artıq tərəddüd yaranmağa başlamışdı. Qürurumu yol vermədi buna, yoxsa bu növbəti səhvi oldu? Yol boyu bu gün baş verənləri saf-çürük edir, hansı səhvə yol verdiyini anlamağa çalışırdı. Bəs sonra nə olacaqdı, sabah nə baş verəcəkdi, indi hara gedir? Cibində puiu yox, yaxınlıqda tanıdığı bir ünvan yox… o qədər çaşqın və üzgün idi ki, fəhlələrdən telefon alıb Kərim əmiyə zəng etməyi də unutmuşdu. Ya da unutmamışdı, Kərim əmi də onlar deyəni deyəcəkdi. Hələ bir az da dərinə gedəcəkdi, “Mən bu işi belə qoymaram, sədrlə özüm danışaram, qal orda məni gözlə”- deyəcəkdi. Ya da deməyəcəkdi… Yox, Kərim əmi bu ədalətsizliyə susan adamlardan deyil. Yaşlı adamdır, onu niyə bu problemə cəlb etsin ki? Yox… madam ki, sədr məsələni araşdırmadan onun işdən azad olunmasına göstəriş verdi, elə adamın rəhbərliyi altında işləməyə dəyməz.
Kəndə çatanda artıq qaranlıq düşmüşdü. Sanki, ulduzlar da öz parlaqlıqlarını nümayiş etdirməyə tələsmirdilər. Ay da dumanla yaşmaqlanmışdı. Onlardamı üzülürdülər bugünkü olmuşlardan, ya utanırdılar? Eh, kimdən utanacaqlar, dünyaya göz açdığı gündən doğmasızlıq əzabı ilə qovrulan bu “yetimçədənmi”?.. Yaxınlıqda it hürdü, Kainatın sükutu pozuldu. Ətrafa göz gəzdirdi, köhnədən çəkilmiş asfalt yolla gedirdi. Düz gedirdi, fəhlələr belə nişan vermişdilər, bu yol onu Bakıya gedən baş yola qovuşduracaqdı. Ancaq necə, nə vədə, gedib çata biləcəkdimi?.. Bu dəfə də keçi mələdi. Mələdi, yoxsa məkkildədi? Əşşi, nə fərqi var, onu ki xəyaldan ayırdı…
-Ay keçi, nə axtarırsan, kimi axtarırsan, niyə sahibinin qapısında deyilsən? Səni qurd-quş yeyər axı.
Boynunda beş-altı metr uzunluğunda kəndir vardı, çəmənlik tapıb otlayırdı, hərdən də başını qaldırıb məkkildəyirdi. Yəqin sahibinə xəbər göndərirdi ki, burdayam, çəmənlik tapmışam… Sakitcə yaxınlaşıb kəndirin ucundan yapışdı, iki dövrə də qoluna dolayıb çömbəlib oturdu. Belə rahat deyildi, ayaqlarını uzadıb çəmənlikdə əyləşdi. Söykənməyə, yəni üstündə oturmağa ağacdan, daşdan-filandan olsaydı, daha rahat olardı. “Qoy doyunca otlasın, bir azdan axtarıb sahibini taparam. Onsuz da tələsən yerim yoxdur”. Yenidən xəyala daldı, Nərgiz müəllimənin sevgi dolu baxışları ilə rastlaşdı. Körpəliyindən ona “Noğul balam” deyirdi. Bəzən lap qafiyə də qoşurdu: “Noğul balam, nağıl balam…”. Nərgiz müəllimə ona, müvəqqəti də olsa, anasızlığını unutdura bilən yeganə insan idi. Toğrulu öz balası kimi sevən, hər zaman onun qayğısına qalan gözəl ana… Telefonu özündə olsaydı indi ona zəng edərdi. Nərgiz müəllimə hökmən ona ağıllı məsləhət verədi, bəlkə də özü çıxış yolu axtarardı, tapardı da. Hökmən tapardı. Amma yox, narahat olardı… özü də çox, hədsiz dərəcədə çox…
-Ay bala, sən mənum keçimi otarırsan, ya oğurlayırsan?
Çönüb baxdı. Yaşlı bir qadın idi, əlindəki fonarı Toğrula tərəf tuşlayıb dayanmışdı. Bir az çox yaşlı- nənlər yaşında idi. Ancaq, nağıllardakı əyilmiş belinə çalın-çarpaz kopan şal bağlayan nənələrdən deyildi- şux qamətli, nurlu nənə idi.
-Oğurlamaq istəyirdim ey, ay nənə. Ancaq, arıqdı ey,- zarafat sayıb zarafatla cavab verdi Toğrul.
-Nəyi arıqdı, görmürsən qarnı nə boydadı? Bu gün-sabah doğacaq, balaca balaları, bol südü olacaq. Onda balalarından birini verərəm, apararsan. İndi qalx ayağa, keçini gətir dalımca.
-Nənə, qoy bir az da otlasın, evini göstər, gətirərəm.
-Gecdir, bala. Alaçıqda ot qoymuşdum ona, yəqin, darıxıb çıxıb. Keçidir də… Keçilər dinc dayana bilmirlər. Di qalx gedək.
Toğrul itaətkarcasına ayağa qalxıb nənənin ardınca addımladı. Nənənun sorğu-sualları başladı:
-De görüm kimlərdənsən ay bala, səni tanıya bilmədim.
-Buralardan deyilən, ay nənə.
-Bə nəçisən, buralarda nə gəzirsən?
-Heç nəçi. Avara, işsiz, yetim…
-Buuuyyy! Bu nə deməkdi?
-Bu gün məni işdən qovdular. Özüm də yetiməm, uşaq evində böyümüşəm.
-Uşaq evində böyüyənlərin hamısı yetim olmur ki. Dədəli-analı olanları çoxdur.
-Hə, elədir. Ancaq, mən onlardan deyiləm.
Qadın ayaq saxlayıb arxaya döndü. Toğrulu başdan-ayağa yaxşıca nəzərdən keçirdi.
-Mən Gülsüm nənəyəm. Sənin adın nədir?
-Toğrul.
-Maşallah! Pəhləvan kimi oğlansan. Adına yaraşırsan. Bizim dövlətdə yetim yoxdur, bala. Dövlət sənin anandır da, atandır da. Gedək keçini salaq alaçığa, qalxaq evə. Nənən sənə çay dəmləsin, kasıbın olanından yeyək, oturub ətraflı söhbət edərik. Axşam-axşam kövrəltdin nənəni.
-Nənə, sən Allah bağışla məni. Keçını salaq yerinə, mən gedim. Yolum uzaqdır Vallah, Bakıya gedirəm.
Gülsüm nənənin evi lap yaxında imiş. Adi kənd evlərindən heç nə ilə seçilmirdi. Geniş həyəti, meyvə bağı, bağcası, həyətdə tövləsi… hər şey öz yerində. Alaçıq tövləyə bitişik idi. Arxa divarını isə taxta çəpərin bir hissəsi əvəz edirdi. Darvazanın rəngi solmuş, çəpərin uçulmuş hissələri səliqəsiz təmir olinmuşdu. Ev kürsülü, aynəbəndli idi. Hətta, mətbəx və sanitar qovşaq da aynabəndə bitişik, müasir avadanlıqlarla təchiş olunmuş vəziyyətdə idi. Qapıları aynabəndə açılılrdı. Sonradan tikildiyi hiss olunsa da, evin ümumi konstruksiyasına xələl gətirmirdi.
Gülsüm nənənin bişirdiyi südlü sıyıq Toğrula çox ləzzət verdi. Çay süfrəsinə qədər Gülsüm nənə ondan heç nə soruşmadı. Yalnız indi, hər ikisinə çay süzüb yerini rahatlayandan sonra Toğrula “Hə bala, indi danış görüm bu nə məsələdi. Harda işləyirdin, niyə səni işdən qovdular… hamısını danış. İstəyirsənsə, lap əvvəldən özün haqqında ətraflı məlumat ver. Gülsüm nənə sənə diqqətlə qulaq asacaq. Əgər yorğunsansa, ya da danışmaq istəmirsənsə, məcbur edə bilmərəm”- deyə müraciət etdi. Sonra yenə əlavə etdi: “Sənin yerin o başdakı otaqdadır. İstəyirsən, get yat, sabah danışarıq”. Əslində Toğrulun bioqrafiyası heç səhifənin yarısı qədər də olmazdı: “Mən Turanlı Toğrul … oğlu 1998-ci il noyabr ayının 8-də anadan olmuşam. Valideynlərimin kimliyi, doğulduğum ünvan bəlli deyil. Doğum günüm dəqiq olmaya bilər. Uşaq Evində, ya da ki, “Yetimlər Evində” böyüyüb, orada tam orta təhsil almışam. Bu illər ərzində Nərgiz müəllimənin himayəsində olmuşam. O, mənim həyatımda ilk, yeganə və müqəddəs mayakım olub. Gördüklərim- Uşaq Evi, mənim kimi atılmış, ya da təhvil verilmiş yetimlər, müəllimlər, digər işçilər və sairə… Hə, birdə ki, Nərgiz müəllimənin hərdən-bir təşkil edə bildiyi gəzintilər… Dostlarım: yetimlər (adlarını sadalamağa ehtiyac duymuram- tanıdıqlarımın hamısı), bir də Nərgiz müəllimənin həyat yildaşı Kərim əmi. Texnikaya olan sevgim onun sayəsində, uşaq yaşlarımdan başlayıb. Təhsilmi yaxşı və əla qiymətlərlə başa vurmuşam, idmançıyam. Ən ümdə arzum tankçı olmaq, Vətənin keşiyində dayanmaq, torpaqlarımızın yadelli işğalçılardan təmizlənməsində iştirak etmək. Qismət olsa şəhid olmaq, ya da sağ qalıb ata olaramsa, son nəfəsimə qədər övladlarımın qayğısına qalmaq, Vətənə xidməti davam etdirmək. Vəssalam. İmza: Yetim Toğrul.”
Söhbətləri uzun çəkdi, gecə yarısına kimi. Gülsüm nənənin də ağrılı taleyi varmış… Mirəhmədlə el adəti ilə ailə həyatı qurublar. Əvvəcə Sənəm adında qızları, iki il sonra Ağasəf adında oğulları olub. Bu evi mərhum həyat yoldaşı Mirəhməd özü tikib. Hevan-qaraları, əkin sahələri olub. Dolanışıqlarına “şükür” deyib, Uca Yaradana dua edirlərmiş. Sənəm on üç yaşında qəflətən xəstələnib, dünyasını dəyişib. Bir il sonra Mirəhməd də xəstələnib, o da Allahın rəhmətinə gedib. Gülsüm nənə oğlunu tək böyüdüb, evləndirib. Lakin Ağasəf kənddə qalmaq istəməyib, hamilə yoldaşını da götürüb gedib Bakıya. Sonra da kimlərləsə guya “çörək dalınca” Urusyətə gedib. Gah Novosibirskdən sorağı gəlib, gah Sverdlovskdan… Bir-iki aydan sonra əlaqələri tam kəsilib. Nə oğlundan bir xəbər öyrənə bilib, nə də hamilə gəlnindən. Təkcə bir dəfə bir həmkəndisi gəlib ki, ay Gülsüm xala, muştuluğumu ver, gəlnini Sabunçu bazarında gördüm. Ancaq, yaxınlaşib söhbət edə bilməyib, gəlin onu görcək üzünü çevirb gedib. Nə qədər çağırsa da dayanmayıb. Qohumlar, dost-tanışlar işə qarışıblar, axtarışlar fayda verməyib…
Günəşin şüaları pərdənin kənarından yol tapıb Toğrulun yatağına qədər süzülüb gözlərini qamaşdırırdı. Əvvəlcə bunu əyləncə kimi qəbul etmək istəsə də, tezliklə bu fikrindən daşınmalı oldu- qalxmaq zamanı idi. Yorğunluğu çıxmıçdı, quş kimi yüngül idi. Beyni tər-təmiz idi, dünənki ovqata qayıtmaq ağlının ucundan belə keçmirdi. Sanki həyatının yeni, həm də çox maraqlı səhifəsi açılmışdı. Dünən açılan səhərlə bugünkü arasında yerlə-göy qədər fərq var idi. Dünən duymadığı təmiz hava bu gün məmnuniyyətlə ciyərlərinə işləyirdi. Dünən eşitmədiyi quşların nəğməsi bu gün onu nağıllar aləminə qovuşdurmuşdu… Çantasından diş fırçasını, diş pastasını götürüb hamama girdi. Qurşağa qədər soyunub soyuq suyla əməlli-başlı yuyundu, dişlərini fırçalayıb geyindi və həyətə düşdü. Gülsüm nənə qonur inəyin südünü sağıb darvazadan çölə çıxarmış, buzovu da həyətə buraxmşıdı. Buzov keçi ilə gizlənpaç oynamaq istəyir, keçi isə könülsüz dayanıb baxırdı. Görünür o da azad olmaq xəyalına düşmüşdü.
-Sabahın xeyir, Gülsüm nənə. Necəsən?
-Xeyirli günlərə çixasan bala. Hər dəfə özünə əziyyət verib adımı təkrarlamağa lüzum görmürəm, elə “nənə” desən mənə daha xoş olar,- deyə Gülsüm nənə cavab verdi.
-Başım üstə, gözüm üstə, ay nənə.
-Başın çiçəklər üstə. Di gedək inəyi naxıra ötürüb gələk.
Heyvanlar yaxınlıqdakı su arxının ətrafında otlayırdılar. Yaşı altımış ətrafında olan bir kişi çomağına söykənib məchul bir nöqtəyə baxırdı. O, kəndin çobanı Murad kişi idi. Gülsüm nənəni görcək hərəkətə gəldi.
-Sabahın xeyir, ay Murad kişi.
-Əcəb aqibətin xeyir. Bu igid kimdir yanında?- Murad kişi soruşdu.
-Nəvəmdir, şəhərdən gəlib.
-Bıyy, ay arvad, sənin nəvən də var? Olmaya rəhmətlikdən xəlvət iş gömüsən, xəbərimiz də yox?!
-Ətimi tökmə sən Allah. De görüm Kazım hardadır, mənim otumu nuyə gətirib çıxarmır? Bir həftədir ki, gündə “sabah gətirəcəm” deyir.
-Qardaşoğlu maşını düzəldə bilməyib hələ. Rayondan usta gəlməlidi, gəlib çıxmır.
Bu dəfə Toğrul söhbətə qarışdı:
-Maşının markası nədir, əmi?
-QAZEL, urus maşınıdır. Necə bəyəm, başın çıxır?- Murad kişi soruşdu.
-Hə, baxmaq olar.
-Nə yaxşı. Qoy zəng edim, Kazıma deyim.
Murad kişi telefonla danışdıqdan sonra “bir azdan özü gələcək” deyib, heyvanları qabağına qatıb apardı. Gülsüm nənə ilə Toğrul evə qayıtdılar. Səhər yeməyini yeyib həyətə düşdülər. Kazım da gəldi. Nənə onları tanış etdi. Getmək ərəfəsində Toğrul zəng etmək istədiyini bildirdi. Nənə “saqqalın ağarsın, telefon lazım idi niyə demirdin?”- deyə soruşdu. “İndi məqamıdır”- deyə Toğrul cavab verdi. Nənənin telefonu köhnə “Nokia” modeli olsa da, yaxşı vəziyyətdə idi. O, telefonu alıb bir qədər kənara çəkildi, Kərim kişiyə zəng etdi. Kərim kişi artıq əhvalatdan xəbərdar idi. Çox narahat idi. Təbii ki, məlumatı Salmana sərf edən məzmunda vermişdilər. Söhbətləri iki dəqiqədən artıq çəkdi. Toğrul ondan öz şəxsi əşyalarını gətirməyi xahiş edirdi. Kərim kişi isə təkidlə onu öz işinə bərpa etdirəcəyinə inandırmağa çalışırdı. Əslində Toğrulun əşyaları elə də çox deyildi. İki-üç dəst pal-paltar, kitablar, sənədlər, maaş kartı, telefon və s. Hamısı Nərgiz müəllimənin bağışladığı balaca çemodana yerləşirdi… Nənə mübahisənin mövzusunu duyduğu üçün Toğruia yaxınlaşib telefonu ondan aldı. Həmsöhbəti ilə salamlaşıb hal-əhval tutduqdan sonra dedi:
-Kərim qardaş, Toğrul nəvəm mənə hər şeyi ətraflı izah edib. Mən nəvəmi heç yerə buraxan deyiləm. Sən onun xahişini yerinə yetir, inşallah gələrsən, bir stəkan çayımızı içərsən, oturub bir qərara gələrik.
Nəhayət, qarşılıqlı razılıq əldə olundu. Kazım sanki yuxuda idi, mat-məəttəl qalmışdı. Nənənin qəzəbinə tuş gəlməmək üçün susurdu. Onsuz da yolda “nəvədən” istədiyi məlumatı alacaqdı, buna əmin idi…
-Maşını işə sal görüm, səsinə qulaq asmaq istəyirəm,- Toğrul Kazıma göstəriş verdi.
-İşə düşsəydi nə dərdim olardı. “Xoda getmir”.
Toğrul paltarını dəyişib motorxanaya göz gəzdirdi. Yanacaq nasosundan çıxan borunun bir ucunu sistemdən ayırdı və “açarı aç, nasosu fırlat” komandasını verdi. Nasos işləyirdi, yanacaq gəlirdi. Sistemə hava düşmüşdü, yanacağın keyfiyyətini də yoxlamaq lazım idi. Bir litrlik şüşə qaba bir qədər yanacq töküb kənara qoydu. Sonra forsunkaları bir-bir açıb sistemdən havanı çıxardılar. Süzgəci dəyişib yenisini bağladılar. Mühərrik işə düşdü. Toğrul şüşə qabdakı çöküntüyə işarə edib soruşdu:
-Yanacağı əldən alırsan?
-Hə, yaxınlıqdakı tikinti sahəsindən gətirirlər. Yanacaq doldurma məntəqəsi uzaqdadır. Həm də ki, bu daha sərfəlidir.
– Aydındır, Salmanın obyektindən… On qəpik ucuz alırsan, eləmi?
-On beş.
-Hətta on beş? Bəs yanacaq nasosu neçəyədir, bilirsən?
-Bilirəm qardaş, bahadır.
-Bax, məsələ də bundadır. Bu yanacağı işlətmək olmaz, çirklidir. Bir azdan nasos, forsunka axtaracaqsan. Motoru çökdürsən, asatrı üzündən baha başa gələcək. Mən o yanacağın hansı şəraitdə saxlandığını öz gözlərimlə görmüşəm.
Kazım məəttəl qalmıdı. “Bu oğlan məndən azı on yaş kiçik olar, bu qədər məlumatlıdır”… Yol boyu da ondan düz-əməlli məlumat ala bilməmişi, “nənə ilə uzaq qohumuq” cavabını almıdı.
İşlərini qurtarıb eyvaba qalxdılar. Kazımın həyat yoldaşı kəkotuiu çay, böyütrgən mürəbbəsi gətirdi. Kazım Toğrula dil töküb deyirdi ki, gəl birlikdə işləyək. “KAMAZ” markalı yük maşını da var. Bir az ora-burasına əl gəzdirmək lazımdır. Kənddə bu maşınlara ehtiyac çoxdur. Qazancıarının qırx faizini Toğrula verməyə razıdır. Toğrul iyirmi gündən sonra H.Əliyev adına Ali Hərbi məktəbə qəbul imtahanı vercəyini, tankçı olmaq istədiyini, bu səbəbdən də daimi işləyə bilməyəcəyini bildirdi. Həm də ki, istənilən nəqliyyat vasitəsini idarə edə bilsə də, sürücülük vəsiqəsi yox idi. Kazım bunun problem yaratmayacağını söylədi. “Sən kəndi yola verərsən, şosseyə çıxmazsan.”- deyə onu yola gətirməyə çalışdı. Toğrul imkanı çatan qədər ona kömək edəcəyinə söz verdi.
Bir azdan Kazımın xahşi ilə həmkəndlisi Təvəkgül öz VAZ-2107 markalı avtomobinin baqajında yancaqdoldurma mantəqəsindən aldığı altmış litr yanacağı gətirib çatdırdı. İlk birgə işləri Gülsüm nənənin əkin sahəsindən biçilmiş otu daşımaq oldu.
…Bu gecə ilan vuran yatsa da, Gülsüm nənə yata bilmədi. Çox narahat idi, fikirləri qarışmışdı. Əslində bu gün onun üçün daha maraqlı, yaddaqalan olmuşdu. Toğrulla tanışlığı onu çox sevindirirdi. Sanki doğma nəvəsini tapmışdı. Özünü bu xülyaya inandırmağa çalışırdı. Toğrulun ağıllı, tərbiyəli, bacarıqlı bir gənc olması nənəni daha da qürurlandırırdı. Əsl nəvəsinin də məhz belə olmasını o qədər arzulamışdı ki… bəlkə doğrudan da ağbirçək yaşında Tanrı onun dualarını eşitmişi?! Kərim kişinin gətirdiyi çemodan nənəni tamam-kamal çaşdırmışı. Toğrul çemodanı götürüb onun üçün ayrılmış otağa keçmiş, bir qədər sonra Gülsüm nənə də arxasınca gedib “Ay bala, çirkli paltarlarını ayır ver mənə, atım maşına yuyum,”- deyəndə Toğrulun güllü-güllü bağlamanı sinəsinə sıxıb kövrəldiyini görmüşdü. “Nənən sənin qadalarını alsın bala, nə oldu sənə birdən-birə?- soruşmuşdu. Toğrul da cavabında “Nənə, məni Uşaq Evinin darvazasının qabağında bu yorğançaya bükülmüş vəzuyyətdə tapıblar. Başımda da bu papaq varmış,”- deyə cavab vermişdi. Əşyalar nənəyə o qədər doğma, o qədər şirin gəlmişdi ki, alıb qoxumuş, öpüb ağlamışdı… “Allah sənə lənət eləsin kor şeytan,-nənə dodağının altında mızıldandı.- Mən yuxumu görürəm, yoxsa dəlimi oluram? Əşya əşyaya bənzəyər də, nə qədər istəsən bunlardan dükan-bazarlarda var. Hardan ağlıma gəldi bu fikir ki, bunlar hamilə vaxtı dünyaya gələcək nəvəm üçün gəlinimə verdyim əşyalardı? Lənət sənə, kor şeytan!.. Allah, qurban olum sənə, yalandırsa da, gerçək olsun!..”. Gecədən xeyli keçməsinə baxmayaraq, Toğrulun da gözünə yuxu getmirdi. Çünki, Kərim kişi yenə də təkidlə onu işinə bərpa etdirəcəyini, Salmana isə layiq olduğu cəzanı verdirəcəyini söyləyir, Toğrulu özü ilə Bakıya aparmaq istəyirdi. Toğrul o şirkətə bir daha qayıtmayacağına qətiyyətlə qərar vermişdi, Salmana da baş qoşmaq istəmirdi. İndiki məqamda belə xırda çəkişmələr ona əsl arzusuna çatmağına mane ola bilərdi- o, qəbul imtahanlarına hazırlaşırdı. “Salmana kim olduğumu əməlimlə sübut etməliyəm”- deyə düşünürdü.
* * *
İllər sürətlə bir-birini əvəz edirdi. Gərgin keçən təhsil, fiziki hazırliq, bacarıq və mətanət tələb edən təlimlər artıq geridə qalmışdı. Toğril Ali Hərbi Məktəbinin məzunu olaraq leytnant rütbəsi almış, Əlahiddə Tank Taborunda tağım komandiri vəzifəsinə təyin olunmuşdu. Bu müddət ərzində Nərgiz müəllimə, Kərim əmi və digət dost-tanışları ilə mütəmadə əlaqədə olmuş, imkan tapdıqda onlarla görüşmüşdü. Tətil günlərini isə bir qayda olaraq Gülsüm nənə ilə keçirmiş, təsərrüfat işlərində ona kömək etmişdi. Hələ məqam tapıb kənddə Gülsüm nənəgilin qonşuluğunda yaşayan Lalə adlı bir qızı da gözaltı eləmişdi. Lalə Azərbaycan Dillər Universitetinin şərqşünaslıq fakultəsində təhsil alırdı. Toğrul müxtəlif bəhanələrlə bir neçə dəfə Lalənin təsil aldığı universitetin qarşısında onu qarşılamış, yataqxanaya qədər ötürmüşdü. Münasibətləri tanışlıq səviyyəsindən uzağa getməsə də, Lalənin artıq məsələdən hali olduğuna ümid edirdi. Daha bir xəbər isə Toğrulun anası barədə idi. Nərgiz müəllimə təxminən qırx beş yaşında bir qadının bir neçə dəfə onlara müraciət edərək oğlunu axtardığını söyləmişdi. Qadın həyatının çox acınacaqlı keçdiyini, oğlu körpə ikən ərinin onları atıb Rusiyaya getdiyini, depressiyaya düşərək bir gün səhərə yaxın körpəsini Uşaq Evinin qarşısında qoyub getdiyini söyləyirmiş. Lakin bir neçə saat sonra geryə qayıtmış, körpəsini tapa bilməyibmiş. O vaxtdan qadın dəfələrlə Uşaq Evinin qarşısına gəlsə də, rəhbərliyə müraciət etməyə cürət etməyirmiş. Kənardan uşaqlara baxıb, ağlayıb-ağlayıb gedirmiş. Onu bu ağlasığmaz hərəkəti etməyə qaldığı məznilin kirayə pulunu verə bilməməsi səbəb olubmuş. Soyuq qış gecəsində körpəsini Uşaq Evinin qarşısına qoyub intihar etmək istəyirmiş. Dəmir yolunda relsin üstünə uzanıb qatar gözlədiyi zaman nəzarətçi onu görüb və intihar fikrindən daşındırıb. Bir neçə gün öz evində saxladıqdan sonra onu Novxanıdakı bağ evlərinin birinə xadimə işinə düzəldib. Bağ sahibi ona təcavüz etmək fikrinə düşüb və aralarında mübahisə yaranıb. Özünü müdafiə etmək məqsədi ilə mətbəx bıçağı ilə kişiyə ağır xəsarət yetirib. Məhkəmə hökmü ilə ona altı il iş kəsilsə də, dörd il məhbusluq həyatı yaşayıb. Nümunəvi davranışını nəzərə alaraq onu iki il tez azad ediblər. Dəmir yolu nəzarətçisi xeyirxah adam imiş, həbsdə olduğu müddətdə ona tez-tez baş çəkirmiş. Həbsdən sonra ona öz evində bir otaq verib və çörək sexinə işə düzəldib. Elə indiyə qədər də çörək bişirməklə məşğuldur… Bu məlumat Toğrulu çox sarsıtmışdı, imkan tapıb o qadınla görüşmək istəyirdi. Lakin, əgər o, anası olsaydı nə edəcəkdi, onu bağışlaya biləcikdimi? Bu barədə hələ ki, qərarsız idi…
…Bir azdan korpus komandirinin və nazirlikdən gəlmiş yüksək rütbəli zabitlərin nəzarəti altında iri miqyaslı təlim başlayacaqdı. Toğrul komandiri olduğu T-72 markalı tanka söykənib xəyala dalmışdı. Tabor komandiri mayor Mehdi Əsədbəyli onu belə vəziyyətdə görəndə təəccübünü gizlədə bilmədi, yaxınlaşıb soruşdu:
-Sənə nə olub, leytnant?
-Hər şey qaydasındadır, cənab mayor,- deyə cavab verdi və “farağat” vəziyyətini aldı.
-Yox qardaş, sənin bu vəziyyətin qətiyyən xoşuma gəlmir. De görüm nə olub, xəstələnməmisən ki?
-Bağışlayın, bir az fikirli idim, bir daha təkrar olunmaz.
-Əlbəttə təkrar olunmamalıdır, leytnant. Tağım komandirinin belə məqamda kədərli görkəmi tabeçiliyəndə olan heyətə necə təsir edər? Sənin bioqrafiyanla tanışam və səni anlayıram. Nə üçün bikef olduğunu da təxmin edirəm. Ancaq, istəyirəm ki biləsən, sən yetim deyilsən. Sənin anan, mənim anam, hamımızın anası bu Vətəndir! Ətrafına nəzər sal, gör nə qədər igid qardaşların var. Dığalar çox azğınlaşıblar, əldə olunan məlumatlara görə, bu yaxınlarda təmas xəttinin bütün istiqamətlərində hücuma keçmək barədə irimiqyaslı plan hazırlayıblar. Görünür ilanın başını əzməyin vaxtı artıq yetişub. Haydı, toparlan və heyətə əmr ver, hamı maşınlara. Biz bugünkü sınaqda da nümunəvi olmalıyıq. İnşallah, təlimdən sonra ətraflı söhbət edərik.
…27 sentyabr 2020-ci il, səhər saat altı tamamda Ermənistanın hərbi birləşmələri ağır artilleriya qurğularının dəstəyi ilə mövqelərimizi bir neçə istiqamətdən yarıb keçməyə cəhd göstərdi. Ali Baş Komandan əks hücuma keçmək barədə Ordumuza əmr verdi. Torpaqlarımızın işğaldan azad olunması uğrunda Müqəddəs Savaş başladı. Onun adı Vətən Müharibəsi idi.
Uşaqdan-ahıla kimi hər kəs Orduya bacardığı yardımı etməyə can atırdı. Hərbi Komissarlıqların qarşısı hər gün izdihamla dolu olurdu- müharibəyə getmək istəyənlərin sayı-hesabı yox idi. Xalqımız işğalçı qüşmənlə döyüşürdü. Xalqımız Ordu olmuşdu, yumruq olmuşdu. Əks-hücum planı çox peşəkarlıqla hazırlanmışdı. Təminat yüksək səviyyədə təşkil olunmuşdu. Ordumuz sürətlə irəliləyirdi. Guya keçilməz sayılan “Ohanyan səddi” darma-dağın edilmiş, yaşayış məntəqələri bir-birinin ardınca azad edilirdi. Relyef baxımından düşmən qoşunlarının mövqeyi daha əlverişli idi. Onlar dərin səngərlər, gizli tunellər qazmış, dəmir-beton maneələr quraşdırmış, yüksəkliklərdə müşahidə məntəqələri yaratmışdılar. Hərəkətin mümkün olduğu hər yer minalanmıdı. Belə güman etmək olardı ki, atəşkəs dövrü ərzində Ermənistan dövlətinin bütün gəlirləri, onlara verilən yardımlar, ianələr minalara çevrilib müqəddəs torpaqlarımıza basdırılmışdı. Bədbəxt millət… Ordumuz isə inamla irəliləməkdə davam edirdi. Əlbəttə, itkisiz də ötüşmək mümkün deyildi. Bu günlər ərzində Toğrulun neçə silahdaşı qəhrəmancasına şəhid olmuş, neçəsi yaralanmıdı…
Artıq Qubadlı şəhərinin azadlığı uğrunda qızğın döyüşlər gedirdi. Qarşıdakı yüksəklikdə mövqeləmiş düşmən postununu ələ keçirməyə çalışan XTQ döyüşçülərinə dəstək vermək, döyüşçülərimizi aramsız atəş altında saxlayan minamyotçuları vurmaq üçün koordinatlar göndərilmişdi. Bu işi yerinə yetirmək Toğrulun tağımına tapşırılmışdı. Ardıcıl və dəqiq top atəşləri ilə minamyotçular susdurulsa da düşmən tərəfdən atılan mərmilər, raketlər hərəkət etməyə imkan vermirdi. Əlverişli mövqe seçmək lazım idi. Bunun üçün təxminən iki yüz metr məsafəni qət etmək lazım idi. Bu isə açıq nişangahda olmaq demək idi. Toğrul istiqamət dəyişib sağ tərəfə, dərəyə enmək əmru verdi. Artıq mərmilərin tuta bilməyəcəyi sahəyə çatmaq üzrə olanda arxada gələn üçüncü tankdan məlumat gəldi: “Məni vurdular”. Dərhal arxaya döndülər, maşınları saxlayıb yanğınsöndürən balonları götürüb köməyə tələsdilər. Döyüşçü yoldaşlarını alovun ağzından alıb ilk tibbi yardın göstərdilər. Lakin burada ləngimək olmazdı, tankda qalan atılmamış mərmilər partlaya bilərdi. Həm də o biri tankları da vura bilərdilər. Yaralıları götürüb yenidən yollarına davam etdilər. Dərəyə enib mərmi yağışı səngiyənə qədər gözlədilər. Yaralılar barədə qərargaha məlumat verdilər.
Tuşlayıcı opertor Şamil Həsrətov partlayış anında pulemyotun arxasında olduğu üçün başından qəlpə yarası almışdı, vəziyyəti ağır idi. Hər üç heyət üzvündə yanıq yaraları var idi. Yaralılara yenidən yardım etdilər. Ancaq Şamili həyatda saxlamaq mümkün olmadı, o, Toğrulun qolları arasında şəhadətə qovuşdu. İntiqam hissi onlara hakim kəsilmişdi. Elə bu dəqiqə tanklara əyləşib düşmənin üstünə getmək, şəhidlərin qisasını almaq istəyirdilər. Ancaq…olmazdı.
Bir azdan sanitar maşını gəldi. Özləri ilə su, ərzaq və sursat da gətirmişdilər. Onların gətirdiyi aypara şəkilli təzə təndir çörəyinin ətri adamı bihuş edirdi, çox ləzzətli idi. Dedilər ki, Bakıdan bir ana gəlib Bərdədə sex açıb cəbhə üçün çörək bişirir…
Sanitarlar vaxt itirmədən şəhidi və yaralıları götürüb getdilər.
Komandanlıqdan “gözləyin” əmri gəlmişdi. Qaranlıq düşmüşdü, tam sakitlik idi. İndi mühərriki işə salmaq yenidən nişangah olmaq demək idi. Düşmən dərhal istiqaməti müəyyənləşdirib mərmi yağışı yağdıra bilərdi. Onların harada olduğu məlum deyildi. Toğrul gizir Əhmədovla vurulmuş tankı yoxlamağa getdi. Xoşbəxtlikdən tankdakı mərmilər partlamamışdı, tankı zədələyən mərmi böyük dağıdıcı qüvvəyə malik deyilmiş. Tankın üstünə quraşdırılmış iri çaplı pulemyot yararsız hala düşsə də, kiçik çaplı pulemyot salamat idi. Gecə ikən mərmiləri daşıdılar, pulemyotu söküb götürdülər. Tankın mühərrik hissəsi zədələnmişdi, ancaq təmir etmək mümkün idi. İndi buna imkan yox idi.
Səhər yenə atəş səsləri ilə açıldı. Ancaq, düşmən tərəfi əhəmiyyətli dərəcədə itki verərək geri çəkildiyi üçün dünəbki qədər aqressiv deyildi. Gecə ikən xüsusi təyinatlılarımız düşmənin strateji əhəmiyyət kəsb edən əsas mövqelərini darma-dağın etmişdilər. Raketlər daha uzaqdan, yüksəkliklərin arxasından atılırdı. Ordumuz PUA-ların və xüsusi avadanlıqların köməyi ilə həmin atəş nöqtələrini dərhal susdururdu. Ancaq, hiyləgər düşmənin əks-hucuma keçəcəyi də istisna deyildi. İraq, Suriya, Livan, Yəmən, qonşu ölkələrdən, hətta bəzi Avropa ölkələrindən gətirilmiş muzdlulardan ibarət yeni qüvələrin Ermənistan Ordusunun tərkibində artıq ərazimizə soxulduğu barədə dəqiq kəşfiyyat məlumatları əldə olunmuşdu.
Raketlər Toğrulgilin başı üzərindən uçub keçir, onları tutmurdu. Zədəli tankı görünməz yerə sürüyüb təmir etməyin əsl vaxtı idi. Bu çox riskli idi, ancaq tankı orada saxlamaq onun, yenidən vurulmayacağına zəmanət vermirdi. Toğrul özü sükan arxasına keçib zədəli tanka yaxınlaşdı. Onu yedəyə qoşub dartamağa cəhd etdi. Sağ tərəfdə tırtılın biri zədədən əyilib hərəkəti ötürən çarxa illişmişdi. Onu bu vəziyyətdə sürümək transmissiyaya ciddi ziyan verə bilərdi. Tırtılın əyilmiş hissəsini trosla bəndləyib diğər tankın yedək yerinə qoşaraq dartdılar. Bir neçə cəhddən aonra həmin hissə qoparaq yerə düşdü və hərəkət bərpa olundu. Onu yediyə qoşaraq təhlükəsiz yerə gətirdilər. Toğrul tabor komandirinə vəziyyət barədə məlumat verdi. Komandir yenə də gözləmək barədə əmr verdi və qərargahla danışıb tankın bərpası üçün ehtiyat hissələri və yeni heyət göndəriləcəyinə söz verdi.
Gözləmə müddəti beş saata yaxın uzandı. Nəhayət, “pikap” tipli avtomobilin onlara yaxınlaşdığını gördülər. İlk olaraq gizir avtomobildən düşüb Toğrula yaxınlaşdı. Hərbi qaydada salam verdi:
-Cənab leytnant, gizir Ənvər Nurəddinli…- sözü yarımçıq qaldı.
-Yetim, bu sənsən? Xoş gəlmisən qardaş,-deyə Toğrul irəli atıldı, qollarını açıb giziri bağrına basdı,- Mənim yetim qardaşım…
Bir neçə dəqiqə bu vəziyyətdə qaldılar. Heyət üzvləri təəccüblə onlara baxır, nə baş verdyni anlamağa çalışırdılar. Toğrul bu dəfə üzünü döyüşçü yoldaşlarına tutdu:
-Qardalarım, Ənvər mənim uşaqlıq dostumdur. Bir yerdə böyümüşük. Taleyin işinə bax, gör neçə ildən sonra bizi harda görüşdürdü…
-Beş ildən sonra,- Ənvər davamını gətirdi, -mən səndən düz iki ay səkkiz gün böyük olduğum üçün mən “Yetim-1” idim, sən “Yetim-2”. İndi vəziyyət dəyişdi, sən “1” oldun.
-Elə şey yoxdur, sən yenə də birincisən,- deyə Toğrul etiraz etdi.
-Qardaş, mən intizamlı əsgərəm, “Nizamnamə”ni poza bilmərəm.
-Gəlin sizi termos çayına qonaq edim,- deyə “pikapın” sürücüsü söhbətə qarışdı,- görüşünüzü isti çayla qeyd edək.
Hamı gülüşdü. Çay içə-içə ətraflı hal-əhval tutdular. Çavuş “pikapı” sürüb getdi. Toğrul axırıncı tankı Ənvərə göstərib dedi:
-Bu sənun tankındır, təhvil al. Düzdür, tırtılının birini sındırmalı olduq. Ancaq, əmi demişkən, “qəti qorxusu yoxdur”, İrəvana qədər gedə bilər. İndi kömək elə mühərik hissəsindəki nasazlığı da aradan qaldıraq.
Mühərriki təmir etmək çox vaxt aparmadı. Yanacağı nasosdan mühərrikə ötürən zədələnmiş metal boruları Ənvərin gətirdiyi ehtiyat borularla əvəz etdilər. Elektrik naqillərinin zədələnmiş hissələrini də yenilədilər. Mühərriki işə salıb tankı sınaqdan keçirdilər, hər şey qaydasında idi.
Təxminən bir saat sonra “irəli” komandası gəldi. Düşmənin əks-hücuma keçəcəyi istiqamət bəlli idi. Əks-hücumun qarşısını almaq onların taboruna tapşırılmışdı.
Təxminən otuz beş kilometr yol qət etdilər. Havadan onları aviasiya və PUA lar mühafizə edirdi. Tapşırılan yerə çatıb mövqeləndilər. Hər bir tankın qarşı hissəsinə xüsusi olaraq quraşdırılmış bıçaqdan istifadə edərək texnikalar üçün səngərlər qazdılar. Əzəmətli Laçın dağları elə də uzaqda deyildi.
Artıq hava işıqlanırdı. Uzaqdan gələn texnikaların səsi eşidilirdi, bir azdan onların torpaq yolda qaldırdığı toz da görünən oldu. Yol da çox aydın görünürdü. Düşmən qüvvələri onları gözləyən “syürprizdən” xəbərsiz idi.
-Uşaqlar, dığalar “ət maşınına” yaxınlaşırlar, hazır olun. “Yetim-1”, özünü necə hiss edirsən?- Toğrul rabitə cihazı ilə soruşdu.
-“Yetim-2”, belə daha doğrudur. Dedim axı, “1” sənsən. Hər şey yaxşıdır, komandir,- Ənvər cavab verdi.
-Bu nə zarafatdır? Leytnant, hərəni öz kod adı ilə cağırın. Bizə düşmən də qulaq asa bilər. Aydındır?- Bu dəfə tabor komandirinin səsi eşidildi.
-Aydındır, cənab komandir,- deyə Toğrul cavab verdi.
“Atəş” komandasını tabor komandiri verdi. Düşmən tankları, PDM lər, əsgərləri daşıyan hərbi yük maşınları bir-birinin ardınca dəqiq atəşlə vurulurdu. Tankçılar sanki kim daha çox düşmən texnikasını məhv edəcək deyə yarışa girmişdilər. Dığaların leşləri ətrafa səpələnirdi. Bəziləri elə tankların içərisində yanıb kül olurdular. Cərgənin axırında gələn texnikaları atıb qaçanlar da, öndə vurilmuş texnikalardan sağ qalanlar da, çığıra-çığıra qaçmağa cəhd edənlər də, pulemyot güllələrindən gizlənə bilmirdilər.
İndi Toğrulgilin taboru hücuma keçmişdi. Arxadan dığalara köməyə gələn yeni qüvvələrlə ölüm-dirim savaşı gedirdi. Düşmən qüvvələri döyüşçülərimizin cəsarəti qarşısında tab gətirməyərək yenə dabanlarına tüpürüb qaçmağa üstünlük verdilər. Birdən yaxınlıqdakı təpənin üstündə minamyot və qumbaraatanlarla silahlanmış dəstə peyda oldu. Mərmi yağışı başladı. İndi Toğrulun tankları açıq hədəfə çevrilmişdi. Yolun sağ tərəfində çoxdan qazılmış enli və dərin bir xəndək var idi. Görürünür nə vaxtsa suvarma kanalı kimi istifadə olunurmuş. Vaxt itirmədən tankları xəndəyə saldılar. Bu təhlükənin əhəmiyyətli dərəcədə azalması demək idi. İri çaplı pulemyotlardan təpədəki döğalara aramsız atəş açmağa başladılar. Bu həm də taborun digər tanklarının təhlükəsiz hərəkətini asanlaşdırırdı. Bir azdan o dığaların da həmləsi dəf olundu. Yenidən yola çıxıb hərəkətə başladılar. Tabordan xeyli geri qalsalar da, əsas tapşırığı yerinə yetirmışdilər. Təyin olunmuş yerə çatmağa cəmi yüz əlli–iki yüz metr qalırdı. Bu dəfə artıq yaxınlıqda olan yüksəkliklərin arasında gizlədilmiş iri çaplı toplardan atəşə tutuldular. Ardıcıl olaraq iki mərmi Toğrulun tankına dəydi.
…Gözlərini açanda özünü Ənvərin qolları arasında gördü. O, Toğrulun başını qucaqlayaraq hönkür-hönkür ağlayırdı.
-Qardaş, ölmə! Qurban olum, ölmə! Az qalıb, lap az qalıb, artıq Laçına yaxınlaşırıq. Müharibə tezliklə bizim qələbəmizlə bitəcək. Nə olar, ölmə! Yaşa ki, qələbəmizə birlikdə sevinək. Ölmə, yalvarıram!…
Toğrul yenidən huşunu itirdi…
* * *
-Allahım, sənə qurban olum, igidimiz gözlərini açdı!
Ağ xalatlı cavan bir qız idi.
-Bu dünyaya təkrarən xoş gəldin, qardaş!
-Mən har…da…yam?- Toğrul sual dolu gözlərini qıza zillədi.
-Bura Hərbi Hospitaldır, qardaş. Sən bir neçə ağır əməlyyat keçirmisən. Şükürlər olsun ki, ümidlərimiz doğruldu. Allah, sənə çox şükür!
Daha üç gün keçdi. Toğrulu artıq palataya köçürmüşdülər. Artıq əl və ayaq barmaqlarını tərpədə bilirdi. Hələ də başında və bədəninin müxtəlif yerlərində kəskin ağrılar olduğu üçün gün ərzində ona bir neçə dəfə ağrıkəsici uynə vuruilur, müalicəsi davam etdirilirdi… Axşama yaxın Gülsüm nənə qabaqda, ardınca Kərim kişi, Nərgiz müəllimə, başı və sağ qolu sarğıda olan Ənvər və bir də Lalə palataya daxil oldular. Gülsüm nənənin əlində ağ süfrə, üzərində səliqə ilə bükülmüş Azərbaycanın üçrəngli bayrağı, Kərim kişinin əlində bərli-bəzəkli tort, Nərgiz müəllimənin əlində A4 ölçülü kağız qovluq var idi. Qovluğun içində sənədlər olduğunu güman etmək olardı.
Bir-bir gəlib Toğrulun üzündən, alnından öpdülər, yüngülcə əlini sıxdılar. Tibb bacısı da palataya daxil oldu, yaxınlaşıb çarpayının baş hissəsini bir qədər yuxarıya qaldırdı. Bu dəfə Lalə yaxınlaşdı, əlindəki gül dəstəsini çarpayının yanındakı dolabın üstünə qoydu:
-Ad günün mübarəkdir!- dedi. Yanaqları qıp-qırmızı olmuşdu. Heç kim hiss etməsin deyə başını aşağı əyib yana çəkildi.
Toğrulun da yanaqları qızardı, çöhrəsinə təbəssüm qondu: “Təşəkkür edirəm, zəhmət çəkmisən,”- dedi. Sonra gözləri ilə Ənvəri axtardı, ehtiyatla başını azacıq sağ tərəfə çevirməli oldu: “Qardaş, sən nə vaxt yaralanmısan?- deyə soruşdu.
-Boş şeydir, məndə yüngül yaralardır,- deyə Ənvər cavab verdi.
-Səni yanğının əlindən alanda bir az xəsarət alıb,- Nərgiz müəllimə söhbətə qarışdı,- həm də ki, elə o vaxt yaxınlıqda mərmi partlayışı baş verib.
Nərgiz müəllimə əlindəki qovluğu açıb içindəki sənədləri Toğrula göstərib dedi:
-Bilirsən bu nədir, noğul balam? Gülsüm nənənin “Vəsiyyətnaməsi”. Bütün əmlakını sənə vəsiyyət edib. Bu isə hərbi şəhərcikdə sənə verilmiş yeni mənzilin sənədidir, daha doğrusu surəti. Sənədin əsli və açarlar, həm də təltif olunduğun dövlət mükafatları, inşallah, sağalandan sonra sənə rəsmi təqdim olunacaq.
-Ən əsasını de, ay Nərgiz müəllimə,-bu dəfə Gülsüm nənə söhbətə qarışdı.
-Bu gün Şuşa şəhəri işğaldan azad olundu!
-Nə gözəl xəbərlər gətirmisiniz! Nə gözəl xəbərlər!..- Toğrulu sevinc göz yaşları boğdu.
Gülsüm nənə əyilib yenidən Toğrulun üzündən öpdü, sonra arxaya çevrilib Laləni səslədi:
-Ay bala, bu bayrağı götür pəncərədən as. Ənvər, oğlum, kömək elə balama.
Sonra süfrənin qatlarını açdı, təzə təndir çörəyinin bihuşedici ətri otağa yayıldı. Toğrul məst olmaq həddində idi. Bu ətir ona çox tanış idi, hər dəfə təminat gələdə ilk olaraq bu çörəyi görürdülər. Toğrul qeyri-ixtiyari olaraq “Samirə xalanın “aypara çörəyi”nin iyi gəldi”- deyə pıçıldadı.
-Hə nənə qurban, Samirənin bişirdiyi çörəkdir. Müharibə başlayan günü gedib Bərdəyə, illər ərzində oğlunun xeyir işi üçün yığdığı pula balaca bir çörök sexi alıb, başlayıb bu çörəkdən bişirib döyüşçülərimizə göndərməyə. Onun bu xeyirxah niyyətindən məmnun olan sex sahibi həmin pullara un, diğər məmulatlar və yeni avadanlıqlar alıb, sexin istehsal gücünü artırıb. Samirəyə könüllülük əsasında əlavə işçilər tapıb, əl-ələ verib gecə-gündüz Ordumuz üçün çörək bişiriblər. Təbii ki, dövlətimiz bu təşəbbüsü hörmətlə qarşılayıb, sexin sonrakı bütün xərclərini öz üzərinə götürüb… Samirə bu çörəyi sənə göndərib.
-Nənə, ay nənə… Taborumuzun bütün döyüşçüləri Samirə xalanı qiyabi olaraq tanıyır, hamımız onu doğma ana kimi sevirik. Ancaq… o, məni haradan tanıyır ki?- Toğrul təəccüb və tərəddüd içində idi.
-O, sənin doğma anandır, nənə qurban. Dost-doğmaca anan…
Palataya sükut çökdü- zalım bir sükut, amansız bir sükut… Heç kim ilk olaraq bu sükuta “yox ol” deməyə cəsarət eləmirdi…
-Lalə balam, gözəl balam, əziz gəlinim, yaxınlaş bizə,- Gülsüm nənə qətiyyətli səsi ilə sükutun bağrını çatlatdı. Cibindən balaca bir qutu çıxardı, qapağını açıb,- Toğrulum, igid balam, şəkər balam, bu üzüyü gəlnimin barmağına taxmaq lazımdır. Elçiliyə gedib, “hərisini” almışıq. Ölçüsü-filanı hamısı qaydasındadır, bir yerdə bəyənib seçmişik,- dedi,- Özün taxa bilərsən, yoxsa?…
-Nənə… bu qədər infomasiya… bilmirəm axı… Necə olmalıdır?
-Necə? Bizim vaxtımızda bəyin valideynləri, ən yaxınları taxardılar. İndi zamanə dəyişib…
-Nə bilim, ay nənə. Necə məsləhət görürsən, elə də olsun.
-Nənə, mən heç sənin sözündən çıxaram? Gözləyək, müharibə qurtarar, mən də sağalaram… Hə, Lalə, sən nə deyirsən?- Toğrul sanki “Lalə, kömək elə vəziyyətdən çıxım”- deyə ümidlə gözlərini qıza zillədi. Lalə çiyinlərini çəkib, məsuliyyəti bölüşmək istəmirmiş kimi bir görüntü aldı.
-Gözləmək niyə? Anan burdadır bala, gəlib bayırda gözlətir. Qızım, başına dönüm, çıx mənim gəlnimi çağır gəlsin,- Gülsüm nənə tibb bacısına müraciət elədi…
On dörd aydı ki, Rafael həbsxananın dar bir küncündə cəza çəkirdi. Dünyası dörd divar arasında keçirdiyi yeknəsəq həyatla məhdudlaşırdı. Kameranın hər yerini, divardakı bütün çatları, qabarmış kraska naxışlarını əzbərdən bilirdi. Onun günəşi yalnız göy üzünün kiçik bir hissəsini ona pay verən, dəmir barmaqlıqlarla hörülmüş nəfəslik idi. Sümüyünə işləyən topuğundakı zəncir və qandallarla hərəkət etdiyi səkkiz addımlıq kamera Rafaelin dünyasının sərhədlərini təyin edirdi.
Ömürlük cəzasını çəkdiyi vaxtda sonuncu dəfə Madriddə onun ətürpərdici işinə baxılırdı. O, aylarla həbsxanada çəkdiyi cəza ilə sanki ömrünü məzara gömürdü. Dörd tərəfdən əhatə olunmuş daş divar arasında çürüyən canlı cəsədə bənzəyirdi.
Onun heç xoşlamadığı şey təmizlik idi. Hər gün süpürülən, dümdüz yerdə altına saldığı qalın adyal nəmişliyi özünə çəkərək sümüklərinə işləyirdi. Kameranın divarlarında, ortalıqda gözə bircə qırıq da toz dəymirdi. Elə bil təmizlik kampaniyası da qəsdinə durmuş, onu rahat cəza çəkməkdən məhrum edirdi. Tam tənhalıq… Əgər, ora hardansa bir siçan girsəydi o, sevincək öz yeməyini onunla bölərdi və hətta bu gəmiriciylə söhbət də edərdi. Əgər, küncdə bir hörümçək görsəydi, vaxt itirmədən onu əhlilləşdirməyə başlayardı.
Bu məzarda ayrı bir həyat yaşamaq istəmirdi. Bir gün bir sərçə nəfəsliyə qonub içəri boylanaraq cik-cirik elədi. Elə bu məqamda işığın və məkanın uyarsızlığı rəngi saralmış, zəifləmiş, yayın cırhacırında üşüdən Rafaeli bayıra çəkdi. Başına bağladığı yaylıq, böyrəyini sarıdığı adyal bədənini heç qızdırmırdı. Yəqin dustağın saralmış sümüklü sifəti və qəribə geyimi quşu ürkütdü. Bir tərəfdən də içəridən gələn iydən uzaq olmaq üçün quş dərhal qanadlarını çırparaq uçub getdi…
Qibtə etdiyi yeganə şey həbsxana yoldaşlarının gəzinti zamanı etdikləri söhbətlər idi. Onlar heç olmasa mavi səmanı seyr edə bilirdilər, onun kimi havanı pəncərədən udmurdular. Ayaqları qandallı deyildi və gəzərək istədikləri dustaqlarla söhbət edə bilirdilər.
Əbədi dustaqlıq, bunu Rafael kəşf etmişdi. Belə bir cəzaya məhkum olunduğundan, bayırda gəzənlərə nifrət edirdi. Vəziyyətinin yüngül olmasını istəyirdi. Ciddi rejimdə olan dustaqlar bayırdakılara, azadlıqdan zövq alanlara nifrət edirlər: Ax, onların hamısı məhkum olunmalıdır!
Bədbəxtliyin sonuncu mərtəbəsində idi. Bir dəfə qaçmağa cəhd göstərmişdi. Ümidsizlik içində yeri qazıb çıxmaq istəyəndə nəzarətçilər ona mane oldular. Mahnı oxuyanda icazə vermirdilər. Anasının ona öyrətdiyi və az-maz yadında qalan sözləri monoton tərzdə astadan oxumaq istəyəndə səsini kəsirdilər. Özünü dəliliyə vurmuşdu nədi? Sakit! Onlar Rafaeli olduğu kimi görmək istəyirdi, sağlam və əqli yerində! Başı pozuq adamı həbsxanada saxlamaq olmaz.
Dəli?! Yox, o, elə olmaq istəmirdi, ancaq qandallı ayaqlarıyla bir yerdə hərəkətsiz qalmaq ömrünü kəsirdi onun. Gecələr gözlərini yumanda hərdən qarabasmalar görürdü. İşığı tez-tez yandırıb söndürmək ona pis təsir edirdi və on dörd ayda bu vəziyyətə heç uyğunlaşa bilməmişdi. Yuxularında onu öldürmək istəyən düşmənləri Rafaelin həyatını kəlləmayallaq etmişdi. Buna görə də əziyyət çəkirdi.
Gündüzlər keçmişini düşünürdü. Onun huşsuz yaddaşı həyatının səhifələrini bir də vərəqləmək istəyirdi.
Bir neçə xəstəliyinə görə, birinci həbsindən sonra doğma kəndinə qayıtmasını xatırlayırdı. Camaatın meydandakı tabernanın ətrafına yığışması, özünün bütün rayonda qazandığı nüfuzu, adı yadına düşdü. Hamı ona heyrətlə baxırdı: “Rafael necə də möhkəm adamdı!” Kəndin ən gözəl qızları onun qadını olmağa hazır idi. Bu, onun heç də nəvazişli münasibətinə görə deyildi, məhz hiss etdirdiyi qorxunun qazandırdığı hörmətə bağlıydı. Bələdiyyə işçiləri onun əlinə silah verib kəndin gözətçisi təyin etmişdilər. Kobudluğundan istifadə edib seçkilər zamanı səs toplayırdılar. O, sözün əsl mənasında hökmranlıq edirdi. Başqa bir quldur dəstəsini yumruğun altında saxlayırdı. Onlar da yorulmuşdular, artıq müdafiə oluna bilmirdilər. Çünki bunun sonu həbsxana ilə qurtarırdı. Axırda onları Rafaelin qabağına gətirdilər.
Aman Allah! Qüruru təhlükə altında idi: “Gərək bunun qulağının dibini qızışdıram. O mənim çörəyimi əlimdən alır”. Təsadüfən gözlənilən an gəlib çatdı. Ona tüfəngin qundağıyla elə goydu ki, bir də səsi çıxmasın.
Eh, bu da axırı… Kişilərin başına gələn şeylərdi! Sonu da həbsxana həyatı. Orada keçmiş yoldaşlarını tanıdı. Hökm çıxarılandan sonra əvvəl incitdiyi dustaqlar bütün vasitələrlə ondan qisas alırdılar. Həmən dəhşətli hökm və lənətə gəlmiş o gözətçilər… On dörd aydı ki, bütün bunlara dözürdü. Kaş Madriddən ölüm hökmü gələydi. Bəlkə də artıq yoldadır.
İndi Rafaelin heç bir dəyəri yox idi. Xuan Portela, göyçək Fransisko Esteban və etdiyi bütün qəhrəmanlıqlar haqqında düşünürdü. O qəhrəmanlıqlar ki xalq mahnıları kimi dildən-dilə düşürdü. Onları eşidəndə fərəhlənirdi. İndi bunlar düşdüyü vəziyyətə heç cürə kömək etmirdi.
Bəzən gecələr yerə sərdiyi adyaldan dik atılırdı, elə bil kimsə gizlindən ona atəş açırdı. Və bu zaman qandalları kədərli səslər çıxarırdı. Uşaq kimi qışqırırdı və həmin andaca qışqırmağına sanki peşman olur, səsini içində boğurdu. Onun daxilində bağıran başqa bir Rafael idi. İndiyə qədər tanımadığı Rafael. O Rafael qorxur, kövrəlir, ağlamsınırdı. Keçibuynuzu bitkisi və əncirdən hazırlanmış içkini içməsə sakitləşmirdi. Həmin içkiyə orda kofe deyirdilər.
Özünə ölüm arzulayan əvvəlki Rafaeldən yalnız bir dəri və bir sümük qalmışdı. Yeni Rafael isə artıq qəbiristanlığın içində gəzən birisi idi. Düşünəndə ki on dörd ay keçib və hər şeyin sonu çatıb, dəhşətə gəlirdi.
Qorxağın biri olmuşdu. Hiss edirdi ki, bədbəxtlik ona lap yaxınlaşıb. O, bədbəxtliyi hər yerdə, qapının pəncərəsindən maraqla boylananların üzündə, indi hər axşam ona baş çəkən həbsxananın rahibində də görürdü. Elə bil həbsxana kamerası ancaq söhbət eləmək və siqaret çəkmək üçündür. Pis, çox pis!
Ona verilən suallar narahatçılıqdan başqa bir şey deyildi. Yaxşı xristiandırmı? Əlbəttə, padre. Rahiblərə hörmət edirdi. Heç zaman onlar haqda pis fikirdə olmamışdı. Bütün qəlbi ilə kralı müdafiə etmək üçün dağlara çəkilmişdi. Bir də ki, onu kəndin rahibi göndərmişdi.
Sonra rahib ona İsadan danışdı. Allahın oğlu olaraq o da Rafael kimi çətin vəziyyətə düşmüşdü. Və belə müqayisə yazıq şeytanı daha da coşdururdu. Necə də qürurludur! Baxmayaraq ki, bu qədər oxşar əlamətlər göstərirdi, ancaq hökmün mümkün qədər gec yerinə yetirilməsini arzulayırdı.
Dəhşətli xəbər başının üstündə şimşək təki çaxdı. Madriddə hökm artıq oxunmuşdu. Ölüm hökmü sürətlə, teleqrafla gəlirdi. Rahibə deyəndə ki məhkum olduğu müddətdə əli uşaqlı bir qadın onu görmək üçün həbsxananı dörd dolanır, çox tərəddüd etmədi. O qadın kənddən çıxanda məsələ artıq bitmişdi…
Onun əfv oluna biləcəyini deyəndə, bütün bədbəxtlər kimi o, dəlicəsinə son ümidindən yapışdı. Məgər o, əfv oluna bilməzdimi? Niyə də ki olmasın? Bir də ki, istəsə bu sənədi Madriddə oturan o xanım imzalaya bilərdi.
Vəkillər, keşişlər, müxbirlər, hamısı ona baş çəkirdi. Bu ziyarətlər ya hansısa maraqdan irəli gəlirdi, ya da öz vəzifələrini icra edirdilər. Onlar yalvarıcı tərzdə suallar verirdi, guya ki, qəbir qazanlar dustaqları xilas etmək iqtidarında idilər:
– Necə bilirsiz? Sizcə imzalayacaq o sərəncamı?
Növbəti gün əli-ayağı bağlı halda inəyi kəsimxanaya aparan kimi, onu da öldürmək üçün öz kəndinə aparacaqdılar. Məhkum olunmuş və heç kimə lazım olmayan Rafael orda idi, öz kamerasında. Onun azadlığa çıxmasını gözləyən, cavan, uzun ətəkli, şişman dodaqlı, çatmaqaş bir qadın vaxtını bütün günü həbsxana qapısının ağzında keçirirdi.
Qadın orda olmağıyla hamını təəccübləndirmişdi. Onun çaşqın baxışlarından kədərdən çox kütlük yağırdı. Kobud bədəni və iri döşləri olan qız arabir gözünün yaşını tökürdü. Rafaelin sonunun belə olacağını bilirdi. Kaş ərindən uşağı olmayaydı!
Həbsxananın keşişi qadını sakitləşdirməyə çalışırdı. Özünə başqa bir kişi tapar, o zaman bəlkə xoşbəxt olarsan, deyirdi. Qadını ruhlandırmağa çalışırdılar. Hətta söhbət elə alındı ki, onun birinci sevgilisindən də danışdılar. Qızın dediyinə görə oğlan yaxşı adam idi. Rafaeldən qorxduğu üçün qıza yaxın durmurdu. Amma indi yavaş-yavaş kənddə qıza yaxınlaşırdı. Elə bil ona nəsə demək istəyirdi…
– Yox. Kişini hər zaman tapmaq olar. – Özünə toxtaqlıq verirmiş kimi təbəssümlə, sakit bir tərzdə dedi. – Ancaq mən əsl xristianam. Əgər başqa kişi tapsam istiyərəm ki, bu Allahın izniylə olsun.
Keşişin və yan-yörəsində olan işçilərin üzündəki ifadəni görəndə, reallığa qayıdıb yenidən göz yaşları tökməyə başladı.
Axşam düşəndə xəbər gəlib çatdı! Bəli, Rafaelin əfv olunması ilə bağlı sərəncam imzalamışdılar. Rafaelin təsəvvürünə gətirdiyi Madriddəki həmən o nəcib qadının qəlbində uzun-uzadı teleqram və xahişlərdən sonra mərhəmət hissi oyanmış, dustağın ömrünü uzatmaq qərarına gəlmişdi. Bu xəbər həbsxanada böyük səs-küyə səbəb oldu, elə bil orada yatanların hamısına azadlıq verilmişdi.
– Arvad, sevin, – keşiş dustağın qadınına dedi. – İndi sənin ərini öldürməyəcəklər, dul qalmayacaqsan.
– Çıxmaq?! Dəli olmusan? Heç vaxt! Ərinin həyatını xilas etdiyin üçün rahat ola bilərsən. İndi onu Afrikaya göndərirlər. Cavan və güclü olduğu üçün hələ iyirmi il də yaşayacaq.
Qadın hönkür-hönkür ağlamağa başladı. Ancaq onun göz yaşlarının səbəbi kədər deyil, ümidsizlik idi.
– Arvad, gedək. – Keşiş qıcıqlı halda dedi. – Bu, artıq Allaha inamsızlıq göstərməkdir. Onun həyatını xilas etdilər, başa düşürsən? Artıq ölüm hökmü üstündən götürülüb… Amma sən yenə də şikayətlənirsən.
Qadın göz yaşlarını sildi. Onun gözləri nifrət dolusu baxışlarla parladı.
– Yaxşı, öldürməyin onu… indi rahatam. O xilas olundu, bəs mən?
Uzun sürən sakitlikdən sonra qan dammış buğdayı yanaqlarını yenidən əsdirərək əlavə etdi:
Novruz bayramı Azərbaycan xalqının ən qədim və zəngin mədəni irs nümunələrindən biridir. Təbiətin oyanışını, baharın gəlişini və yeni ilin başlanğıcını simvolizə edən bu bayram minilliklər boyu xalqın həyatında mühüm yer tutmuşdur. Novruz yalnız mövsümi bir bayram deyil, həm də yenilənmə, həyatın davamlılığı, ümid və birlik ideyalarını özündə birləşdirən mənəvi dəyərdir. Azərbaycan xalqının məişətində, adət-ənənələrində və dünyagörüşündə mühüm yer tutan Novruz bayramı ədəbiyyatda da geniş şəkildə əks olunmuşdur. Klassik poeziyadan müasir nəsrə qədər bir çox Azərbaycan şair və yazıçıları Novruzun yaratdığı bahar ovqatını, təbiətin dirçəlişini və insanların sevinc hisslərini öz əsərlərində bədii şəkildə təsvir etmişlər.
Novruz bayramı və Azərbaycan folkloru
Novruz bayramı Azərbaycan folklorunun ayrılmaz hissəsidir. Bu bayramla bağlı formalaşmış adət-ənənələr, mərasimlər və inanclar xalqın zəngin mədəni yaddaşını əks etdirir. Novruz ərəfəsində qeyd olunan çərşənbələr, tonqal qalamaq, səməni yetişdirmək, papaq atmaq və digər mərasimlər xalqın qədim inanclarını və həyat fəlsəfəsini özündə ehtiva edir. Folklor nümunələrində Novruz bayramının əsas simvollarından biri səmənidir. Səməni həyatın və bolluğun rəmzi hesab olunur. Tonqal isə təmizlənmə və yenilənmə ideyasını ifadə edir. Novruz mərasimlərində iştirak edən Kosa və Keçəl obrazları isə xalq teatrının və folklor ənənələrinin bir hissəsi kimi çıxış edir. Bu folklor motivləri Azərbaycan ədəbiyyatında da geniş şəkildə istifadə olunmuş və bədii əsərlərdə müxtəlif formalarda əks etdirilmişdir.
Klassik Azərbaycan ədəbiyyatında Novruz motivləri
Azərbaycan klassik poeziyasında bahar motivləri xüsusi yer tutur. Bu motivlər əsasən təbiətin dirçəlişi və həyatın yenilənməsi ilə bağlıdır. Böyük Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığında bahar təsvirləri mühüm yer tutur. Onun məşhur əsərlərindən biri olan Yeddi gözəl poemasında baharın gəlişi poetik təsvirlərlə təqdim edilir. Nizami baharı insan həyatında yenilənmə və mənəvi dirçəliş rəmzi kimi təqdim edir. XII əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Xəqani Şirvani də bahar və təbiət motivlərini qəsidə və qəzəllərində geniş istifadə etmişdir. Onun əsərlərində çiçəklənən bağlar, açan güllər və təbiətin canlanması kimi təsvirlər baharın poetik obrazını yaradır. Klassik Azərbaycan poeziyasının digər böyük nümayəndəsi Molla Pənah Vaqif yaradıcılığında da bahar motivləri geniş yer tutur. Onun şeirlərində təbiətin gözəlliyi, açan güllər və yaşıl çəmənlər canlı və realist şəkildə təsvir edilir.
XIX əsr Azərbaycan ədəbiyyatında Novruz mövzusu
XIX əsrdə Azərbaycan ədəbiyyatında xalqın milli-mədəni dəyərlərinə və ənənələrinə maraq daha da artmışdır. Bu dövrdə yazıçılar və alimlər xalqın qədim mədəniyyətini və folklorunu araşdırmışlar. Maarifçi alim və yazıçı Abbasqulu ağa Bakıxanov özünün məşhur əsəri olan Gülüstani-İrəm kitabında Azərbaycan xalqının tarixi və mədəniyyəti haqqında geniş məlumat vermişdir. Bu əsərdə xalqın qədim adət-ənənələri ilə yanaşı Novruz bayramına dair məlumatlar da yer alır.
XX əsr Azərbaycan ədəbiyyatında Novruz motivləri
XX əsr Azərbaycan ədəbiyyatında Novruz və bahar mövzusu daha geniş şəkildə işlənmişdir. Bu dövrdə yazıçılar Novruzu milli kimliyin və mənəvi dəyərlərin simvolu kimi təqdim etmişlər. Görkəmli şair Səməd Vurğun yaradıcılığında bahar və təbiət motivləri mühüm yer tutur. Onun şeirlərində baharın gəlişi, təbiətin oyanışı və insanların sevinc hissi poetik şəkildə təsvir olunur. XX əsr Azərbaycan poeziyasının digər görkəmli nümayəndəsi Mikayıl Müşfiq də bahar mövzusuna xüsusi diqqət yetirmişdir. Onun məşhur şeirlərindən biri olan Yenə o bağ olaydı əsərində baharın yaratdığı gözəllik və sevinc hissi poetik dillə təqdim olunur. Azərbaycan nəsrində də Novruz və xalq həyatının təsviri müəyyən əsərlərdə öz əksini tapmışdır. Bu baxımdan görkəmli yazıçı İsmayıl Şıxlının məşhur romanı Dəli Kür xüsusi diqqətə layiqdir. Əsərdə Azərbaycan kənd həyatının geniş panoraması təqdim olunur və xalqın məişəti, adət-ənənələri bədii şəkildə təsvir edilir. Baharın gəlişi və insanların sevinc ovqatı Novruz bayramının yaratdığı ümumi atmosferi xatırladır. Bu dövrdə həmçinin görkəmli dramaturq Cəfər Cabbarlı və şair Rəsul Rza kimi ədiblərin yaradıcılığında da milli-mədəni dəyərlərin təsviri mühüm yer tutur.
Müasir Azərbaycan ədəbiyyatında Novruz motivləri
Müasir Azərbaycan ədəbiyyatında Novruz mövzusu milli kimlik və mədəni yaddaş kontekstində təqdim olunur. Müasir yazıçılar bu bayramı xalqın birlik və həmrəylik rəmzi kimi təsvir edirlər. Bu baxımdan müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri olan Anar və Elçin əsərlərində xalqın milli ənənələri və mədəni dəyərləri mühüm yer tutur. Novruz bayramı Azərbaycan ədəbiyyatında yalnız baharın gəlişini ifadə edən mövzu deyil, həm də yenilənmə, ümid və həyatın davamlılığı ideyalarını əks etdirən mühüm bədii motivdir. Klassik poeziyadan müasir ədəbiyyata qədər bir çox əsərlərdə Novruz və bahar motivləri müxtəlif formalarda təqdim edilmişdir. Azərbaycan ədibləri bu motivlər vasitəsilə xalqın qədim ənənələrini və mədəni dəyərlərini ədəbiyyat vasitəsilə yaşatmış və gələcək nəsillərə çatdırmışlar.
“OKSİGENSİZ HƏYAT OLA BİLMƏZDİ, BUNA GÖRƏ DƏ AXIRINCI KÜLƏK ÇƏRŞƏNBƏSİDİR” –
“KREDO” QƏZETİNİN BAŞ REDAKTORU Əli Rza Xələfli ÇƏRŞƏNBƏLƏRİN DÜZÜLÜŞÜ İLƏ BAĞLI FİKİRLƏRİ ŞƏRH EDƏRKƏN ONUN ELMİ VƏ MƏNTİQİ ƏSASLARI BARƏDƏ DANIŞIB
Novruz bayramı və ilin axır çərşənbələri ilə bağlı yalnız elmi tədqiqatla məşğul olan folklorşünaslar və etnoqraflar deyil, elmi təfəkkürlü ziyalılar da inandırıcı, qiymətli fikirlər söyləmişlər. Bu baxımdan ədəbiyyatşünas, şair-publisist Əli Rza Xələflinin düşüncələri maraqlıdır və qoyulmuş problemin həlli baxımından əhəmiyyət kəsb edir. O, haqlı olaraq qeyd edir ki, Novruz bayramı məsələsi tarixən Şərq xalqlarının, xüsusilə Azərbaycan xalqının, Qafqaz Albaniyasının ərazisi ilə sıx bağlıdır. Atropatena və Qafqaz Albaniyası ərazisində Novruz bayramının tarixi qaynaqlarda necə keçirilməsi ilə bağlı fikirlər bu gün də öyrənilməkdədir. Novruzun, xalqın ulu keçmişindən üzü bəri onun yaddaşında yaşayıb günümüzə qədər gəlib çıxması ortada olan gerçək faktdır. Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı” roma-nında, Zərdüştlə bağlı materiallarda, bir çox mənbələrdə, Novruz adət-ənənələrində bu və ya digər şəkildə öz təsirini qoruyub saxlayır. Bəzi tədqiqatçıllar Novruzu daha çox atəşpərəstlərlə bağlayıb türk ruhundan kənarlaşdırmaq istəyirlər. Mənə elə gəlir ki, bu düzgün deyil. Çünki tarixən bu yerlə, bu yurdla bağlı olan Novruzun elə bu xalqın ulu keçmişində yeri olduğunu heç kim dana bilməz. Novruzla bağlı düşüncə materialları onun tarixinin çox qədim olduğunu göstərir. Çox təəssüf ki, İslam dini gələndən sonra Novruzu qadağan edə bilməsə də, ona dini mahiyyət verməyə, dini don geydirməyə çalışır. Bax, bu əslində xalqı yaddaşsızlaşdırma təşəbbüsüdür. Novruza nə qədər dini don geydirsələr də, o milli ruhunu qoruyub saxladı. Çünki İslamdan xeyli əvvəlki dövrlərə, ta-rixlərə bağlıdır. Mən indiyədək Novruzla əlaqədar müxtəlif yazılar yazmışam. “Novruzda 7 tonqal qalanır” adlı yazı ilə bağlı professor Azad Nəbiyev mənə zəng edib soruşmuşdu ki, niyə 7 tonqal? Dedim birinci tonqala Yalançı Çərşənbə deyirlər. 2-ci tonqal sadalanan 4 çərşənbədir (Su, Od, Torpaq, Yel). Digəri yeni il, yəni “Yaz günü” axşamı qalanan tonqaldır. Bir tonqal isə səhər tezdən qalanır. Həmin yazıda çərşənbələrin adları ilə bağlı fikirlərimi, mülahizələrimi də bölüşmüşdüm. 4 çərşənbə həyatın 4 elementi, 4 ünsürü ilə əlaqəlidir. Yəni, Su, Od, Torpaq və Hava (Yel). Burda xüsusi ardıcıllıq var. Novruz ümumiyyətlə, yaradılış bayramı olduğuna görə, türk xalqlarında bir Yaradılış mifi də var. Yaradılış bayramı olduğuna görə burda həyatın əmələ gəlmə prosesi məntiqi ardıcıllıqla özünü göstərir. Suyun, həyatın əmələ gəlmə prosesində ilkin olduğu anlamına baxaq. Bir çox planetləri şərh edəndə onların buz təbəqəsindən ibarət olduğunu qeyd edirlər. Həmin buz təbəqəsi eyni zamanda Yer planetinə də aid edilir. Bu, həya-tın ilkin əsasının sudan ibarət olamsı anlamına gəlir. Sonra Yerin maqması, Yerin dərinliklərində gedən odlu proseslər – qızma prosesi üzə çıxır və bu müxtəlif vulkanlarla müşayiət olunur, buzlar çatlamağa, əriməyə başlayır. Sonra buxarlanmalar, daha sonra torpağın üzə çıxması prosesi gedir. Nəha-yət, həyatın əmələ gəlmə prosesində oksigenin rolu ortaya çıxır. Deməli, axırıncı ünsür əslində küləkdir, yeldir, yəni havadır. Osigensiz həyat ola bilməzdi axı. Buna görə də axırıncı Külək Çərşənbəsi – Yel Çərşənbəsidir. Ab, Atəş, Xak, Bad. Bu ardıcıllıq, bu sıralanma Azərbaycan şifahi xalq ədəbiyyatında nağıllarda və miflərdə də qorunub saxlanılıb. O cümlədən Dirili Qurbanidə. Qurbanini bəzən aşıq kimi xarakterizə edirlər, ancaq Dirili Qurbani xalq mütəfəkkiridi, el şairidi, ozandı, qopuzla saz arasındakı mərhələdə – saza keçiddə Qurbaninin əvəzsiz xidmətləri vardır. Yəni, sazı da kifayət qədər mənimsəmiş mütəfəkkir sənətkardır. O deyir: Ay ağalar, dərdim yaman artıbdı, Çərxi-fələk eldən daşım atıbdı, Səkkiz şeydi, bu dünyanı tutubdu, Abu, atəş, xakü, baddı, dördü nə? Bir şerində də “dünyanın məhəbbəti dörd kitabdadır”- deyən şair yenə həmin fikrə qayıdır, yəni dünyanın dörd ünsürdən (su, istilik, torpaq, hava) təşəkkül tapması fikrini irəli sürüb.
AZƏRBAYCAN ƏDƏBİYYATŞÜNASLIĞINDA BİRİNCİ TÜRKOLOJİ QURULTAYIN ROLU
XX əsrin əvvəlləri türk xalqlarının elmi və mədəni həyatında mühüm dəyişikliklər dövrü kimi xarakterizə olunur. Bu dövrdə türk xalqlarının dili, ədəbiyyatı, tarixi və mədəni irsinin sistemli şəkildə öyrənilməsi istiqamətində geniş elmi fəaliyyətlər başlanmışdır. Bu prosesin ən mühüm hadisələrindən biri 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay olmuşdur. Qurultay türk dünyasının müxtəlif ölkələrindən olan alimləri bir araya gətirərək türk dillərinin, ədəbiyyatının və mədəniyyətinin elmi əsaslarla tədqiqinə yeni istiqamətlər vermişdir. Bu mühüm elmi toplantı Azərbaycan elminin, xüsusilə də ədəbiyyatşünaslığın inkişafında mühüm rol oynamışdır. Birinci Türkoloji Qurultay 1926-cı ilin fevral–mart aylarında Bakı şəhərində keçirilmişdir. Qurultayda Sovet İttifaqının müxtəlif bölgələrindən, eləcə də Türkiyə və Avropadan gəlmiş alimlər iştirak etmişdir. Qurultayın əsas məqsədi türk dillərinin inkişaf perspektivlərini müəyyənləşdirmək, türk xalqlarının ortaq elmi problemlərini müzakirə etmək, elmi terminologiyanı sistemləşdirmək və zəngin türk ədəbi irsini araşdırmaq idi. Qurultayda dilçilik məsələləri ilə yanaşı, türk xalqlarının ədəbiyyatı, folkloru və mədəni əlaqələri də geniş müzakirə olunmuşdur. Bu baxımdan qurultay yalnız dilçilik deyil, həm də ədəbiyyatşünaslıq sahəsində mühüm elmi hadisə kimi qiymətləndirilir.
Qurultayın Bakıda keçirilməsi Azərbaycan alimlərinin bu tədbirdə geniş şəkildə iştirak etməsinə imkan yaratmışdır. Qurultayda Azərbaycanı bir sıra görkəmli alimlər və ziyalılar təmsil etmişdir. Onlar qurultayın müzakirələrində fəal iştirak edərək türkoloji tədqiqatların inkişafına töhfə vermişlər. Azərbaycan nümayəndələri arasında Səməd Ağamalıoğlu, Bəkir Çobanzadə, Hənəfi Zeynallı, Vəli Xuluflu, Əli Nazim, Abdulla Şaiq, Mikayıl Rəfili, Əziz Şərif və Mustafa Quliyev kimi tanınmış elm və mədəniyyət xadimləri olmuşdur. Bu alimlər qurultayda türk dillərinin inkişafı, folklorun toplanması, ədəbiyyatın tədqiqi və əlifba məsələləri ilə bağlı mühüm fikirlər irəli sürmüşlər. Xüsusilə Bəkir Çobanzadə türkologiya elminin inkişafında böyük xidmətləri olan alimlərdən biri kimi qurultayın elmi müzakirələrində fəal iştirak etmişdir. Onun çıxışları türk dillərinin qrammatik quruluşu və elmi tədqiqi ilə bağlı mühüm əhəmiyyət kəsb etmişdir.
Birinci Türkoloji Qurultay Azərbaycan ədəbiyyatşünaslığının inkişafına ciddi təsir göstərmişdir. Qurultaydan sonra Azərbaycan ədəbiyyatının tədqiqi daha sistemli və elmi xarakter almağa başlamışdır. Azərbaycan alimləri milli ədəbiyyatı yalnız yerli mühit çərçivəsində deyil, ümumtürk ədəbi prosesinin tərkib hissəsi kimi araşdırmağa başlamışlar. Bu dövrdən etibarən Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı geniş şəkildə tədqiq olunmağa başlanmışdır. Xüsusilə Nizami Gəncəvi, Xaqani Şirvani və Məhəmməd Füzuli kimi böyük sənətkarların yaradıcılığı türk dünyasının ədəbi kontekstində öyrənilmişdir. Bu yanaşma Azərbaycan ədəbiyyatının ümumtürk mədəniyyətində tutduğu mövqenin daha aydın şəkildə müəyyən edilməsinə imkan yaratmışdır. Qurultay Azərbaycan ədəbiyyatşünaslığında yeni metodoloji yanaşmaların formalaşmasına da təsir göstərmişdir. Ədəbiyyatın tədqiqində müqayisəli metod, tarixi-tipoloji yanaşma və mənbəşünaslıq prinsipləri daha geniş tətbiq olunmağa başlamışdır. Bu yanaşmalar Azərbaycan ədəbiyyatının inkişaf mərhələlərinin daha elmi əsaslarla araşdırılmasına şərait yaratmışdır. Eyni zamanda qurultaydan sonra türk xalqlarının folklorunun toplanması və öyrənilməsi istiqamətində də geniş fəaliyyət başlamışdır. Bu proses Azərbaycan folklorşünaslığının inkişafına da müsbət təsir göstərmişdir. Birinci Türkoloji Qurultayın mühüm nəticələrindən biri də türkoloji elmi terminologiyanın formalaşması olmuşdur. Qurultayda qəbul edilən qərarlar türk dillərində elmi terminlərin sistemləşdirilməsinə və vahid terminoloji sistemin yaradılmasına kömək etmişdir. Bu isə Azərbaycan ədəbiyyatşünaslığında istifadə olunan terminlərin elmi əsaslarla inkişafına təkan vermişdir. Qurultay həmçinin türk xalqları arasında elmi və mədəni əlaqələrin möhkəmlənməsinə də böyük təsir göstərmişdir. Müxtəlif ölkələrdən gəlmiş alimlər arasında qurulan elmi əlaqələr sonrakı dövrdə ortaq tədqiqatların aparılmasına və türk xalqlarının ədəbi irsinin daha geniş şəkildə öyrənilməsinə imkan yaratmışdır. Birinci Türkoloji Qurultay Azərbaycan ədəbiyyatşünaslığının inkişafında mühüm mərhələ təşkil etmişdir. Qurultay Azərbaycan alimlərinin türk dünyasının elmi mühitinə inteqrasiyasını gücləndirmiş, milli ədəbiyyatın ümumtürk kontekstində öyrənilməsinə şərait yaratmış və ədəbiyyatşünaslıq sahəsində yeni metodoloji yanaşmaların formalaşmasına təkan vermişdir. Bu baxımdan Birinci Türkoloji Qurultay yalnız elmi toplantı deyil, həm də türk xalqlarının mədəni və elmi əməkdaşlığının inkişafında mühüm rol oynayan tarixi hadisə kimi qiymətləndirilir. Onun nəticələri Azərbaycan ədəbiyyatşünaslığının sonrakı inkişaf mərhələlərində də öz təsirini göstərmiş və bu sahədə aparılan tədqiqatların elmi əsaslarının möhkəmlənməsinə xidmət etmişdir. XX əsrin 20-ci illərində türk dünyası, həm siyasi, həm də mədəni sahədə böyük dəyişikliklər yaşamışdır. Bu dövr türk xalqlarının ədəbiyyat və dil araşdırmalarında yeni mərhələnin başlanğıcı hesab olunur. 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dünyasının elmi və mədəni həyatında xüsusi rol oynamış, eyni zamanda Azərbaycan ədəbiyyatşünaslığı üçün yeni imkanlar yaratmışdır. Qurultay yalnız türk xalqlarının ədəbiyyat və dillərini öyrənməklə kifayətlənməyib, onların ortaq mədəni irsini sistemləşdirmək və türkoloji məktəbin formalaşmasına zəmin yaratmaq məqsədi daşıyırdı.
XX əsrin 20-ci illəri türk dünyası üçün həm siyasi, həm də mədəni transformasiya dövrü olmuşdur. Sovet İttifaqının yaranması və mərkəzləşdirilmiş elmi institutların formalaşması türk xalqlarının ədəbi və mədəni inkişafını yeni mərhələyə çıxarmışdır. Bu dövrdə Bakının seçilməsi qurultayın təşkil olunması üçün strateji əhəmiyyət kəsb edirdi, çünki şəhər mədəniyyət və elmi əlaqələrin mərkəzi olaraq tanınırdı (Əliyev,2002). Birinci Türkoloji Qurultayın əsas məqsədi türk xalqlarının ortaq ədəbi və mədəni irsini sistemləşdirmək, terminoloji və metodoloji məsələləri müəyyən etmək və türkoloji məktəbin yaradılmasına zəmin hazırlamaq idi. Qurultayda Azərbaycan, Türkiyə, Orta Asiya, Qafqaz və digər türk ölkələrindən alimlər iştirak etmiş, müxtəlif sahələr üzrə məruzələr təqdim edilmişdir. Müzakirələrdə yalnız ədəbiyyat deyil, həm də dil, folklor və tarix mövzuları əhatə olunmuşdur. Azərbaycan alimləri bu qurultayda fəal iştirak edərək milli ədəbiyyat nümunələrini türkoloji kontekstdə təqdim etmiş və qarşılıqlı elmi əlaqələr yaratmışdır. Qurultay, Azərbaycan ədəbiyyatşünaslığında türkoloji düşüncənin sistemləşməsi üçün platforma rolunu oynamışdır (Quliyev, 2010). Azərbaycan ədəbiyyatşünaslığı tarixən türkoloji elementlərdən təsirlənmişdir. XIX əsrdə klassik türkoloji araşdırmalarla başlayan proses XX əsrin 20-ci illərində Birinci Türkoloji Qurultay vasitəsilə sürətlənmişdir. “Kitabi-Dədə Qorqud”un türkoloji aspektdə tədqiqi Azərbaycan ədəbiyyatşünaslığında yeni metodların tətbiqinə səbəb olmuşdur. Alimlər həmçinin türk xalqları arasında ortaq motivlərin və süjetlərin müqayisəli təhlilini aparmış, milli mədəni irsin qorunması və inkişafı məsələlərini gündəmə gətirmişlər (Rzayeva, 2018). Qurultayda təqdim olunan məruzələr Azərbaycan ədəbiyyatşünaslığının beynəlxalq elmi müstəvidə inkişafı üçün əsas platforma yaratmışdır. Azərbaycan ədəbiyyatşünaslığında türkoloji məktəb üç əsas mərhələdə formalaşmışdır: Klassik türkoloji dövr: XIX-XX əsrlərdə türk xalqları ədəbiyyatının elmi əsaslarla tədqiqi başlanmışdır. Bu dövrdə alimlər folklor, dastan və poeziya nümunələrini müqayisəli yanaşma ilə araşdırmışdır. Sovet dövrü: Türkoloji tədqiqatların ideoloji çərçivəyə alınması və dövlət tərəfindən dəstəklənməsi dövrü. Bu mərhələdə terminoloji məsələlər və müqayisəli tədqiqatlar dövlət proqramları ilə təmin edilmişdir. Müstəqillik dövrü: Qloballaşma və rəqəmsal humanitar elmlərin tətbiqi ilə türkoloji araşdırmaların müasir metodlarla aparılması. Bu dövr tədqiqatçılara həm milli, həm də beynəlxalq kontekstdə ədəbiyyat nümunələrini təhlil etmək imkanı vermişdir (Allahmanov, 2020).
Birinci Türkoloji Qurultay klassik dövrün əsas nümayəndələrini bir araya gətirərək yeni məktəbin bünövrəsini qoymuşdur. Bu tədbir Azərbaycan ədəbiyyatşünaslığında türkoloji istiqamətin inkişafında dönüş nöqtəsi olmuşdur. Bugünkü dövrdə Azərbaycan ədəbiyyatşünaslığı türk dünyası ilə qarşılıqlı əlaqələri genişləndirməkdədir. Birinci Türkoloji Qurultayın mirası müasir tədqiqatçılar üçün həm metodoloji, həm də mədəni baxımdan əhəmiyyətlidir. Qurultayda müzakirə olunan məsələlər, xüsusilə ortaq ədəbi yaddaş, milli kimlik, türk dili poetikası və folklor nümunələri çağdaş tədqiqatlarda əsas istiqamət kimi istifadə olunur. Azərbaycan ədəbiyyatşünaslığı bu gün də türk dünyası ilə qarşılıqlı əlaqələri inkişaf etdirmək, ortaq ədəbi irsi qorumaq və yeni metodlarla tədqiq etmək istiqamətində fəaliyyət göstərir. Qurultayın ideyaları müasir müqayisəli ədəbiyyat və türkoloji tədqiqatlarda özünü göstərməkdədir. Birinci Türkoloji Qurultay Azərbaycan ədəbiyyatşünaslığında türkoloji istiqamətlərin formalaşmasına mühüm töhfə vermişdir. Qurultay Azərbaycan alimlərini bir araya gətirmiş, müqayisəli ədəbiyyat, folklorşünaslıq və terminoloji məsələlər üzrə yeni tədqiqatların əsasını qoymuşdur. Bu hadisənin elmi və mədəni əhəmiyyəti günümüzdə də qorunur və müasir tədqiqatçılar üçün örnək təşkil edir.
Ədəbiyyat siyahısı
Əliyev, R. (2002). Azərbaycan türkoloqları və Birinci Türkoloji Qurultay. Bakı: Elm.
Quliyev, N. (2010). Türkoloji düşüncənin Azərbaycan ədəbiyyatşünaslığına təsiri. Bakı: Qanun.
Hüseynli, N. (2015). Kitabi-Dədə Qorqud və türkoloji araşdırmalar. Bakı: Təhsil.
Rzayeva, S. (2018). Türk xalqları ədəbiyyatında ortaq motivlər. Bakı: Nurlu Elm.
Allahmanov, M. (2020). Müstəqillik dövründə Azərbaycan türkoloji məktəbi. Bakı: Avrasiya Universiteti Nəşriyyatı.