Əgər yolun düşsə bizim dağlara, Bağrı köz lalədən bir xəbər götür. Həsrətdən tər çələng düzüm dağlara, Axşamı dan eylə, dur səhər götür. >>>> — <<<< Nəfəsimlə oxşa Xustubun başın, Ara qayasında dözümün daşın! Yaşıl yaylaqlara, gözümün yaşın, Şehi qurumamış, min kəhər, götür. >>>> — <<<< Dinlə şırıltısın buz bulaqların, Toxunsun gözünə qız dodaqların, Allansın mehinə gül yanaqların, Kövrəl, xəyala dal, dön, qəhər götür. >>>> — <<<< Çaqqal yuva salmış Qurd yerlərinə, Qovub, qovalayıb dürt yerlərinə, Viranə, talanmış yurd yerlərinə, Dönəndə qayğısız bir şəhər götür. >>>> — <<<< Göy səma üç rəngli bayrağa dəysin, Buludlar önündə başını əysin, Çəmənlər yamyaşıl donunu geysin, Sevgi ver, eşq adlı bar, bəhər götür. >>>> — <<<< Lalə, bu naməni düz Pərvanəyə, Əhdinə, andına düz Pərvanəyə, Al çapar, al götür düz, Pərvanəyə! Zəngəzur elindən bir səfər götür! 05. 04. 2021.
Mənbə: Əliqulu Qəmküsar “Seçilmiş Əsərləri” AZƏRBAYCAN DÖVLƏT NƏŞRİYYATI Bakı – 1959, səh. 97 – 99. Kitab şair-publisist Zaur Ustacın şəxsi kitabxanasında QF – N 0001(Qızıl Fond) qorunur.
Bu foto 1992-ci ildə Xocalıda çəkilib. Erməni əsgərləri meşədə gizlənməyə cəhd edən AZƏRBAYCANLI qadın və uşaqları əsir götürüb. Daha sonra İşgəcə veriləcək və aqibətləri məchul olacaq.
Bu gün “Təzadlar” qəzetinin 28 yaşı tamam olur. Bu münasibətlə redaksiyanın öz rəsmi açıqlamasını sizlərə təqdim edirik:
“1993-cü ildən “Qarabağı xilas etməyən xalqı Allah da xilas etməyəcək!” diləyi ilə ölkənin qəzet ailəsinə daxil olan “Təzadlar” 28 ildir nəşrini davam etdirir. Rastımıza çıxan, bizi 28 ildir qaralayan təhdid və təzyiqlərə, qısqanclıqlara… baxmayaraq biz 28 illik Azərbaycan adlı yolu başı uca, alnı açıq gəldik və gedirik. Ünvanımıza çoxsaylı çamurlar atıldı-dözdük, yolumuza kötüklər diyirləndirildi-tab gətirdik, qarşımızı kəsdilər-itiləndik və irəliyə itələndik! Çünki Azərbaycanda həm də haqqı sevənlər, həqiqəti dəstəkləyənlər nəinki çoxdur, lap çoxdur! Var olsun Azərbaycanı ki, Qarabağı xilas etdi, deməli, Allah da onu hər zaman ən böyük çətinliklərdən xilas edəcək! Təbii ki, məsuliyyətli günləri yaşayırıq, yaşamaqdayıq. Biz özümüzə və dövlətimizə, Prezidentimizə güvəndik. Xalq Qarabağ məsələsində potensial gücünə və səbrsizliyinə güvənən kimi. Səbrsizliyimiz 30 illik erməni işğalına son qoydu. “Təzadlar” cəmiyyətin tərkib hissəsi olaraq bu yolda əlindən gələni etdi, ürəyinə gələni yazdı, dünyaya 44 günlük müharibədə haqqın-Azərbaycanın səsini çatdırdı. Bu gün 28 ildir ayağının altı qazılan, badalaq vurulan və bu inadkarlığına görə iki əməkdaşı Avropa Parlamentinə üzv ölkələrin media camiəsinə akreditə vəsiqəsini alan qəzet Azərbaycan mediasında ilkə imza atdı. Bu gün adı Türkiyənin nüfuzlu media quruluşlarında təmsil olunan və göydə Allaha, yerdə xalqa və Prezidentə güvənli qəzetin baş redaktoru Dünya Türk Qəzetçilər Birliyinin vitse-Prezidenti seçilib (Daha bir əməkdaşımız isə bu nüfuzlu quruma üzvülük vəsiqəsi alıb). 28 yaşını tamamlayan bu qəzetin bir əməkdaşının oğlu 44 günlük Zəfər qələbəmizdə 2 medala layiq görülübsə, bundan niyə qürurlanmayaq! Bu qəzetin baş redaktoru Trtajans Media Holdinqinin sədr müavini seçilibsə, bundan niyə də ikiqat sevinməyək! Qısası, biz 28 ildir təkcə yol gəlmirik, həm də yol gedirik! Bu yolda bizə dəstək olan külli Azərbayna, Azərbaycanın dəyərli və ədalətli insanlarına, haqqı sevən ziyalılarına dərin minnətdarlığımızı çatdırmağı özümüzə borc bildik. Və nəhayət, Azərbaycanı Qarabağlı, Şüşalı, Laçınlı, Ağdamlı, Cəbrayıllı, Kəlbəcərli… edən Azərbaycanın Ali Baş Komandanına, müzəffər Ordumuza borcluyuq! Tanrı Türkiyəmizi-Azərbaycanımızı qorusun ki, biz də bu gücdən güc alıb söz meydanında özümüzün sözümüzü deyə bilək, Azərbaycanın söz haqqını dünya mediasında qoruya bilək!” “Təzadlar” redaksiyası
Biz də “Yazarlar” olaraq, başda Asif müəllim olmaqla “Təzadlar”ın bütün yaradıcı heyətini bu münasibətlə təbrik edir, yeni-yeni uğurlar arzu edirk! Uğurlarınız bol olsun!
Əliqulu QƏMKÜSAR (Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov; 24 may 1880 – 4 mart 1919) — Azərbaycan şairi, publisisti. Yazıları ilə “Molla Nəsrəddin (jurnal)”, “Yeni füyuzat”, “Həyat”, “İrşad (qəzet)”, “Sədayi-həqq”, “Al bayraq”, “Gələcək” və s. qəzet və jurnallarda iştirak etmişdir. Əsərləri “Otaylı”, “Cüvəllağı”, “Cüvəllağı bəy”, “Sarsaqqulu bəy”, “Qəmküsar” və başqa imzalarla nəşr edilmişdir. Ziyalı maarifçi nəsil olan Nəcəfovlar nümayəndəsidir.
Əliqulu Nəcəfov Qəmküsar 1880-cı ildə Naxçıvanda doğulmuşdur. Atası Məşədi Ələkbər Hacı Nəcəf oğlu əvvəllər papaqçılıq, sonralar isə Culfa kömrükxanasında komissionçuluq etmişdir. Ana babası Məşədi Əsəd “Məddah” təxəllüsü ilə şeir yazmışdır. Əmisi “Fani” təxəllüslü Məhəmməd Hüseyn Nəcəfov Naxçıvanın qüvvətli şairlərindən sayılmışdır.
Qəmküsar səkkiz yaşından molla məktəbində ərəbcə və farscanı öyrənmişdir. Hələ məktəbdə ikən şeir yazmağa başlamış, 1892-ci ildə üç sinifli şəhər rus məktəbinə daxil olmuş, il yarım
orada oxumuşdur. 1896-cı ilin əvvəlində, xəstə atası müalicə üçün Təbrizə gedir və Qəmküsarı da təhsildən ayırıb özü ilə aparır. Dörd ay Təbrizdə qaldıqdan sonra atası vəfat edir. Ağır
külfətin qayğısı üzərinə düşdüyündən Qəmküsar dərsə davam edə bilmir.
Təbriz mühiti şairin xoşuna gəlmir, təəssüratını belə ifadə edir:
Qurtarmadımı ağlamağın mövsimi, yarəb?
Hər gündə münacat olunur məscidimizdə.
Ağlar günə qaldıq, yenə əl çəkməyəcəklər,
Bu mərsiyəxanlar nə görüblər biləmizdə.
1897-ci ildə anası və dayısı ilə Xorasan ziyarətinə getməsi və orada gördükləri Qəmküsarda mövhumata olan nifrəti daha da artırır.
1912-ci ilin axırına qədər Culfada və bəzən Naxçıvanda yaşayır. “Molla Nəsrəddin” və başqa Bakı qəzet və jurnallarına şeir və məqalələr yazır. 1907-1909-cu illərdə İran inqilabı ilə
yaxından maraqlanır, bu mövzuda şeirlər çap etdirir. 1912-ci ilin oktyabr ayında Qəmküsar Tiflisə köçür və Mirzə Cəlil ilə birlikdə “Molla Nəsrəddin” jurnalında yaxından iştirak
etməyə başlayır. 1916-cı ilin may ayında juraal müvəqqəti olaraq dayandırılır.
Qəmküsar Mirzə Cəlil ilə birlikdə səyahətə çıxır. “Ölülər” komediyasını səyahətdən əvvəl Bakıda, sonra Dağıstanda, Səmərqənddə, Daşkənddə və Volqaboyu şəhərlərində oynayırlar.
Qəmküsarın “Ölülər”də Şeyx Nəsrullah rolunu böyük bir məharətlə oynaması məşhurdur.
1917-ci ilin axırında Tifiisdə çıxan “Al bayraq”, sonra “Gələcək” qəzetlərində şeir və felyetonlar çap etdirir.
Ə.Qəmküsar 1919-cu ildə, martın 4-də axşam evinə qayıdarkən menşeviklər tərəfındən öldürülmüş və Tbilisi botanika bağının ərazisində yerləşən müsəlman qəbiristanlığında dəfn edilmişdir.
Haqverdiyev Əbdürrəhim bəy, Nəcəfov Rzaqulu, Mümtaz Salman, Məmmədov Zeynal, Qəmküsar Əliqulu.
Ə.Qəmküsar 1916-cı ildən etibarən öz yazıları ilə “Molla Nəsrəddin”, “Yeni füyuzat”, “Həyat”, “İrşad”, “Sədayi-həqq”, “Al bayraq”, “Gələcək” və s. qəzet və jurnallarda iştirak etmişdir. Əsərləri “Otaylı”, “Cüvəllağı”, “Cüvəllağı bəy”, “Sarsaqqulu bəy”, “Qəmküsar” və başqa imzalarla nəşr edilmişdir.
Salam olsun, ey dəyərli oxucum. Səbəbi, mövzusu o qədər ürəkaçan olmasa belə daha bir görüş də qismətimiz oldu. Hər an, hər dəqiqə, hər saat üçün şükürlər olsun Uca Yaradana. 17.07.2019-cu il səhər saat 05:30 adəti üzrə yenə erkəndən oyanıb yazı masasının arxasında əyləşmişəm. 17.07.1993 – cü ildən bizi əsrin dördə birindən də artıq bir zaman kəsiyi ayırır. İndi durub köhnə gündəlikləri araşdırıb həmin günü, bu saatı harda olduğumu, nə iş gördüyümü daha dəqiq tapıb bura yaza bilərdim… Ancaq, bu gün onun olduqca böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, bura yazmağın heç bir mənası yoxdur. Sadəcə həmin günlər barədə bir cümlə ilə belə məlumat verə bilərəm ki, 3-4 iyun Gəncə hadisələri nəticəsində dağılmış (Qardaş Türkiyə Respublikasından gəlmiş təlimatçıların min-bir əziyyəti hesabına Qarabağda döyüşmək üçün yaradılmış XTT-un) hərbi hissənin Ağdərə-Tərtər cəbhəsinə atılmış başsız bölüyünün əsgəri kimi 2016-cı ildə də haqqında çox söhbət gedən Talışda idim… Və bu vaxt, mənim bu gün də qeydiyyatda olduğum, yəni şəxsiyyət vəsiqəmdə yaşayış yeri kimi qeyd olunan Ağdam rayonu, Yusifcanlı kəndi artıq yer üzərində demək olar ki, yox idi. Çünki, artıq iyun ayının 12-si bu kəndin əli silahlı əsgər sakini Gəncə -Goranboy –Goran, Göygöl (Xanlar) – Aşıqlı – Mingəçevir aralığında yollarda “gic-gic işlər”-lə məşğul olarkən bu gün də müəmma olaraq qalmaqda davam edən bir şəkildə heç kimin gözləmədiyi, tamamilə ağıla gəlməz istiqamətdən zirehli texnikaların üstündə əsgərlər kəndə daxil olaraq onun böyük bir hissəsini yandırmaqla sakinləri kəndi tərk etməyə məcbur etmişdilər… https://www.youtube.com/watch?v=SbD8GVJv8vs Ancaq və yenə ancaq, bütün bunlara rəğmən 17.07.1993 – cü ildə, bu vaxtda, bu saatda heç kimin ağlına belə gəlməzdi ki, Ağdam da əsrin dördə biri qədər əhəmiyyətli dərəcədə böyük vaxt olan zaman kəsiyində dönülməmək üzrə tərk ediləcək… Ancaq, bu baş verdi və mən bu gün oturub uzun çək-çevirdən sonra bu yazını yazmaq qərarına gəldim. Onu qeyd edim ki, “93-ün yayı və ya bir qaşıq qatıq” kitabında o günlər barədə təfsilatı ilə məlumat verilib. Bu yazını yenə yazmazdım, “Muştuluq torpaqlar qaytdı”, “Qara ket” və “Yüz manatlıq qəbz” adlandırdığım əhvalatlar baş verməsəydi, bu məsələlər bu qədər uzanmasaydı, işğaldan iyirmi il sonra başqa-başqa bölgələrdə doğulmuş uşaqların adamı çıxılmaz vəziyyətlərə salan sualları olmasaydı… Çox təəssüf ki, bunların hamısı var və mən bəlkə bu yazını yazmağa gərək qalmadı deyərək ildən-ilə ertələsəm də, bu gün bu yazını yazmağa məcburam… SÖZÜ QƏRİB, GÖZÜ QARA QOCALAR Arsız aşıq elsiz necə yaşadı?! Ölsün Ələsgər tək qulların, dağlar… Aşıq Ələsgər “Qaçqın” kəlməsi işlək şəkildə leksikonumuza ötən əsrin 80 – ci illərinin sonlarında daxil olsa da, lap uşaqlıqdan qocalardan bu sözü ara-sıra mənasını tam anlamasaq da eşidir, elə də yaxşı hal olmadığını təxmini bilirdik. Sonrakı məlum hadisələr nəticəsində özümüz köçməyə məcbur olmamış, bir – neçə il bizdən yuxarıda olanların öz ev-eşiklərini tərk edib, bizə sığınmalarına şahidlik etdik. Sanki, buranı da tərk edənə qədər burda yaşayaq havası ilə onlarla birgə yaşadıq. Onlar bizdə ailənin bir üzvü (qonaq kimi yox) kimi yaşasa da qonşuların filankəsgildə “qaçqın” qalır deməsini eşitdik. Ancaq, bu sözü yenə tam anlamı ilə qavramadıq… Lakin, qocalar bunun nə demək olduğun bilirdi… Ona görə elə yaşlı insanlar var idi ki, son dörd-beş il ərzində “onlar dağdan düşməz” deyə-deyə özlərinə təskinlik versələr də, artıq dağdan düşüb, düzdəki kəndləri tək-tək yandıranda “burda ölərik, heç yana getmərik” – deməyə başladılar. Bu yerdə nəzərinizə çatdırım ki, İlahi Ədalət deyilən bir məfhum var – belə deyən şəxslərin heç biri o kəndi tərk etmədi… Həmin günədək öz əcəli ilə ölənlər öldü – orda dəfn olundu… Bir-neçə nəfər həmin gün həlak oldu- çox ibrətamiz hadisələrə şahidlik etdi insanlar, ancaq, mətləbə dəxli olmadığına görə söhbəti uzatmıram… Bir nəfər də kənd yandırılsa da, tamam talansa da sonadək orada qaldı… Tərk etmədi… Öz yurd-yuvasını, ev-eşiyini tərk etməyin (istəməyərək, məcburi şəkildə, öz xoşunla deyil…) “QAÇQIN”, ”MƏCBURİ KÖÇKÜN” olmağın nə demək olduğun açıqlamağa başlamazdan əvvəl çox kiçik bir haşiyəyə çıxmaq istəyirəm. HAŞİYƏ Əslində bəlkə də mənim bu yazını yazmağa heç haqqım çatmır. Çünki, mən öz kəndimizdən üç gün-üç gecə qonaqlıq verib əsgərə getmişdim və ordudan tərxis olunandan sonra da ailə qurub kirayədə yaşamağa başladım. Mənim bu barədə təsəvvürlərim hərbi xidmətdə olarkən qısa və uzun müddətli məzuniyyətlərdə görüb, müşahidə etdiyim ailəmin, qohumların, yaxınların, tanıdığım insanların yaşadıqları, təsadüfən ya iştirakçısı, ya da şahidi olduğum hadisələr və bir də ətrafdakı insanların olduqca qəribə, eyni zamanda müxtəlif reaksiyalarından ibarətdir. İnanın ki, uşağnı “qaçqın gəl bunu apar”, “səni qaçqına verərəm” kimi kəlmələrlə qaçqınla qorxudan zümrə ilə yanaşı, “ona bax”, “adı qaçqındı” kimi ifadələrlə sanki, qaçqınların, köçkünlərin paxıllığını çəkirlərmiş kimi görsənən və bunu gizlətməyib yuxarıda qeyd olunan formada, bəzən daha açıq və net şəkildə biruzə verən bir təbəqəqə də formalaşıb. Bu tarixdir, bu danılmaz, gizlənilməsi mümkün olmayan faktdır, reallıqdır. Bu sətirləri ona görə yazıram ki, aşağıda yazacaqlarımın səmimiliyinə inanmağınız üçün daha münbit zəmin yaransın. Yəni, bundan sonra yazacaqlarım, çadırda yaşamamış, başqa-başqa idarə və müəssisələrin künc-bucağına sığınmamış, bu hadisələrdən əvvəl də, sonra da öz evində yaşamış şəxsin, vətəndaşın fikirləri, münasibətidir… Və əgər bu şəxs bu qədər əziyyət çəkir, sıxılırsa, gör indi digərləri nə çəkir… Bu çox çətin və məsuliyyətli məsələdir… Çadır məsələsi isə ümumiyyətlə əsl dəhşətdir…
“ÇADIR FACİƏSİ”
“Çadırda Üzeyir Hacıbəyov doğula bilməz…” Aqil Abbas Sadəcə bir insan kimi mənə çox maraqlıdır ki, “ÇADIRDA YAŞAMAQ DƏHŞƏTDİR” ifadəsi heç vaxt orada olmayan, ancaq, həmin vaxt Azərbaycanın müxtəlif bölgələrində yaşamış və bu mənzərəni televizordan, mətbuatdan izləmiş yaşlı nəsil və ya indi internetdəki videolardan, fotolardan izləyən gənc nəsil üçün hansı anlam, məna kəsb edir… Neçə faiz əhalimizi bu məsələ düşündürür…
Mən işin bütün maddi tərəfin bir kənara qoyub, sırf məni narahat edən mənəvi tərəfindən, əsl zərbədən danışacam. Halbuki, maddiyyət də önəmlidir. Məsələn, üç evi, iki maşını, normal işi – gəliri olan adam qəfil maşını əzib iki min manatlıq xərcə düşındə və ya heç nə olmasa da yol polisi adicə kəmər vurmamağın üstündə saxlayıb cərimə yazanda, içində beş-on manat olan cüzdanı itirəndə, hətta nəxənək köhnə tanışlara ürcah olanda hansı hissləri keçirdiyimiz hamımıza yaxşı məlumdur… O ki, qaldı yüz – iki yüz il ərzində, (beş yüz ilə gedib çıxanlar da var) dədə – babanın qurub – yaratdıqları, əkib – becərdikləri, stabil həyat tərzi sehirli nağıllarda olduğu kimi qəfil bir hərəkətlə yoxa çıxır və sən barlı-bəhərli meyvə ağaclarından ibarət olan, qara kölgəli bağlarla əhatə olunmuş, bütün şəraiti olan ən azı iki yüz kvadrat metrlik, iki mərtəbəli daş evdən qəfil düşürsən heç bir şəraiti olmayan çölün düzünə… Sağ olsun yenə xeyirxah insanlar gətirib çadır verirlər ki, al Gün başına vurmasın və sən düşünürsən ki, bu gündən sənin, ailənin evi bu çadırdı… Yalnız üstünü örtən, altında və içində heç nə olmayan çadır… İndi düşünün görək qızın otağı ayrı, oğulun otağı ayrı, qocanın otağı ayrı, hətta ildə-ayda bir dəfə gələcək qonağın da otağı ayrı qurulu şəkildə “üst ev”- də həmişə hazır gözləyən bu kişi, doqquz baş külfətlə bu çadır – evdə nə edəcək… Həm də illər boyu… Bu barədə kifayətdir… “Arifə bir işarə bəs eylər.” Həm də şükür Allaha bu məsələ demək olar ki, ölkəmizdə həll olunub. Maddiyyətin o qədər də önəmli olmamasının bariz nümunəsi elə budur. Dünya bizə qədər də nə müharibələr, nə dağıntılar görüb… İndi bəh-bəhlə gedib gəzdiyimiz Avropa şəhərlərinin əksəriyyəti ötən yüz il ərzində neçə dəfə dağılıb, tikilib… Burda da yenə pis-yaxşı hamının evi oldu… O yerlərdən gələn mal-qara heç bir neçə ay da davam gətirə bilməyib, tələf olsa da insanlar yaşamağa davam etdilər… Ancaq necə?! Çadırlar, qaçqınlıq, köçkünlük nələri aldı bizdən?!
İTİRDİKLƏRİMİZ:
Yalnız bir kəndin (Ağdam rayon, Yusifcanlı kəndi) timsalında itirdiyimiz bir-neçə çox vacib dəyərləri Sizlər üçün sadalamağa çalışacam: – Ən birinci ağayanalıq demək olar ki, əriyib getdi. – İkinci bəlkə də min illiklər boyu formalaşmış ailə mədəniyyəti, ailədaxili intizam, böyük-kiçiklik yox oldu. Bu Sizə adi məsələ kimi görünə bilər, ancaq əslində çox ciddi problemdir ki, fəsadları artıq özünü göstərir. Ailədə ən azı beş – altı uşaq olanda böyük bacı, böyük qardaş münasibətləri çərçivəsində valideynlərə və ya valideynə elə də yük düşmür sonbeşikdən ailə başçısına qədər hər kəs öz yerini və işini bilirdi. İndi bir-iki uşaq olan ailədə bu qaydada təbii öz yerini tutma prosesi getmədiyinə görə valideynlər çox yüklənir, əziyyət çəkirlər. Uşaqlar isə normal təbii mühitdə böyüyüb inkişaf etmədiklərinə görə olduqca müxtəlif problemlər, hətta bəzən xəstəliklər (psixoloji) lə üzləşirlər. – Üçüncü, bu artıq dəqiq minilliklər ərzində formalaşmış olduqca unikal Yazı – İlk Baharı qarşılama adətidir – Bahar bayramı, Novruz bayramı – biz ona “Qarqara çıxılan gün” deyirdik. Bu bir aydan artıq davam edən və sonda martın iyirmi birinci günü Qarqara çıxmaqla yekunlaşan olduqca möhtəşəm rejissoru da, aktyoru da kənd sakinlərindən ibarət olan möhtəşəm bir tamaşa idi… Bu barədə “Qarqara çıxılan gün” kitabında ayrıca yazılıb. – Və nəhayət toy və yas adətləri… Bütün maddi itkilərin yeri dolsa da, mənəvi sərvətlər bir dəfəlik yox oldu… Yaxın on il ərzində qayıtmaq mümkün olsa Bayram, toy, yas adətlərin bərpa etmək olar. Ancaq, daha gec olsa bu mümkün olmayacaq…
QAÇQIN-KÖÇKÜN OLMAQ NƏ DEMƏKDİR?!
Olduqca qısa yazmağa çalışdığım, bütün yuxarıda sadaladıqlarımın hamısı sonda yazacağım bir cümlənin tam səmimi olduğuna Sizi inandırmaq üçün idi. O cümləni yazmazdan əvvəl bir daha fikrimi əsaslandırmağa çalışacam. 2002 – ci ildən Bakı şəhəridə yaşayıram, heç vaxt maddi çətinliyim olmayıb (ümumiyyətlə qayıtmaqdan başqa həyata keçməmiş heç bir arzum yoxdur, şükür Allaha…) . Əvvəlcə bir müddət kirayədə, sonra isə öz evlərimdə yaşamışam. Bu müddət ərzində Bakı şəhəri, Yasamal rayonu daxilində üç dəfə evimi dəyişmişəm və hər dəfə yeni təmirli evlərə köçmüşəm. Tam şəraitli, bütün rahatçılığı olan evlər olub. Ancaq, o evin heç birində həyətimizdəki zoğal ağacının altında qoyulmuş taxtın üstündəki kimi bircə dəfə də olsun rahat yata bilməmişəm… Qaçqın-köçkün olmaq öz evində qonaq kimi yaşamaqdır… Evləri dəyişsən də, illər ötsə də bu hiss dəyişmir… Qayıdacağın günü gözləyirsən…
https://www.youtube.com/watch?v=YnzFQbsV_VA
QEYD: Əziz oxucum, ilk öncə sona qədər həmsöhbət olub, bu sətirləri oxuduğunuza görə təşəkkürümü bildirirəm. Sonra isə Sizinlə ən məhrəm bir məsələni bölüşmək istəyirəm. Hərdən özümə təskinlik vermək üçün belə fikirləşirəm ; “a kişi elə bil ki, sən də cammat kimi kənd-kəsəyini qoyub köçmüsən Bakıya, yaşa də…” Ancaq, elə o andaca bir uğultu burğu kimi adamın beyninə işləyir; “axı elə deyil…” 22.07.2019. Bakı ş.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında İYİRMİ BİRİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda “Köçkün (qaçqın) Olmaq nə deməkdir?!”, “Ədalət”,23.07.2019, say: 125 (5589), s.6. dərc olunub.
Şükürlər olsun böyük Allahın ədalət və mərhəmətinə ki, gözəl bir səbəb, xeyirli bir məqsəd üçün yenidən görüşmək imkanını bizə tanıdı.
Allahın salamı olsun Peyğəmbərə və onun pak Əhli-Beytinə. Bu şükrü-sənadan sonra ustad Bəhmənyara və Mahmud Kaşğariyə uca Allahdan rəhmət diləməyi özümə borc bilirəm. Ruhları şad olsun. İndi isə, istədiyi bəndəsinin üzünə bağlı qapıları taybatay açan rəhmli Allahın könüllərimizi aydınladan doxsan doqquz adı ilə keçək mətləbə.
Yurdumuzun dahi oğlu ustad Bəhmənyarı söhbətimizin girişində rəhmətlə anmağım səbəbsiz deyil. Bu adı hələ orta məktəb şagirdi olarkən eşitmişdim. Onun ömür yolu məndə heyrət, fəlsəfəsi isə valehlik hissləri doğururdu. Həyata baxışımın formalaşmasında Bəhmənyarın fikirlərinin çox böyük təsiri oldu. Anladım ki, dünya və onun kiçik bir zərrrəsi olan insan həyatı, əslində, müəyyən qanunauyğunluqlar əsasında baş verən daimi təkrarlardan ibarətdir. Onu da dərk etdim ki, bu dairəvi hərəkətə necə daxil oluruqsa, hansı istiqaməti əsas götürürüksə, sonrakı nəsillərə də elə bu tərzi, bu yönü miras qoyuruq. Beləliklə, əcdadlarımız bizim, biz isə övladlarımızın taleyində bəzən müsbət, bəzən isə mənfi rol oynayırıq. Bu hərəkətə müdaxilə edib onun xarakterini və səmtini dəyişmək də bəzən çox çətin, bəzən isə ümumiyyətlə qeyri-mümkün olur. “Divanu Luğət-it-Türk” (ديوان لغات الترك – ”Türk dilləri lüğəti” – türk dünyasının ilk ensiklopedik əsəri – XI əsrdə yaşamış böyük türk alimi Mahmud Kaşğari tərəfindən Bağdad şəhərində 1072–1074-cü illərdə yazılmış türkcə-ərəbcə lüğətdir) əsərinin müəllifi Mahmud Kaşğarini anmağımızın səbəbinə gəlincə, bu barədə bir qədər sonra…
Yuxarıda təkrarlar məsələsinə əbəs yerə toxunmadım. Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsəri haqqında məlumata ilk dəfə bax elə bu “TARİX TƏKRARLANIR” ifadəsinin sayəsində“Fədai” qəzetində rast gəldim. Sonralar yenə ara-sıra müəyyən suallar yarandıqda düzgün və ya həqiqətə daha yaxın hesab etdiyim cavabları tapdığım məqalələrdə adətən mənbə kimi Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindən ” qeydi nəzər-diqqətimi cəlb edirdi…
Əski əlifbanı orta məktəbin son siniflərində, o vaxtlar Elçin müəllimin sədrlik etdiyi “Vətən” Cəmiyyətinin orqanı olan “Odlar yurdu” qəzetindən müstəqil şəkildə öyrənmişəm. Buna görə də Elçin müəllimi müxtəlif təhsil müəssisələrində mənə dərs demiş müəllimlərimdən ayırmıram. Onlardan biri, bəlkə də birincisi hesab edirəm. Gözümü açıb dünyanı dərk edəndən ana babam Molla Mürşüdün namaz qıldığını, “Quran” oxuduğunu görmüşəm. Həftənin Cümə axşamı günlərində (bu günə “Adına günü”dədeyirdilər) aramsız olaraq, təkrar-təkrar “Yasin” surəsini qiraət edərdi. “Yaasiiiin” kəlməsindən sonra “Vəl Quranil – həkim…” ayəsinin gəlməsinə rəğmən babam və sonralar diqqət etdikdə gördüm ki, digər mollalar da arada “səlləllahu əleyhi və alihi və səlləm” deyirlər. Halbuki, kitabda bu cümlə yoxdur. Nə qədər ki, kəndimizin hüdudlarından kənara çıxmamışdım, sanırdım ki, dünyada bütün müsəlmanlar eyni qaydalara riayət edirlər. Axı dinimiz bir, kitabımız bir, imanımız birdirsə, fərqli nə isə ola bilər? Sonralar rastlaşdığım mübahisəli və eyni zamanda maraqlı məsələlərdən biri məhz “Yasin” surəsinin ilk ayəsinin oxunuşu zamanı yaranan məqam idi. Düşünürəm ki, onun ən yaxşı izahını Türküyə telekanallarının birində çıxış edən ilahiyyatçıdan eşitmişəm. Alim bildirdi ki, Həzrəti Peyğəmbərin adı çəkiləndə “səlləllahu əleyhi və alihi və səlləm” söylədiyimiz kimi, “Yasin” kəlməsini də deyəndə və ya onu eşidəndə “səlləllahu əleyhi və alihi və səlləm” duasını oxumalıyıq. Çünki “Yasin” Peyğəmbərin ləqəblərindən, ayamalarından biridir. İzah məni qane etsə də, bu suala ən dolğun cavabı verən yazılı mənbə ilə çox-çox sonralar rastlaşdım. Necə düşünürsünüz? Bu, hansı kitabdır? Beləliklə, bir çox qaranlıq mətləblərin üzərinə işıq salan “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindəki məlumata nəzər salaq: “Müqəddəs “Qurani-Kərim”in 36-cı surəsinin adı “Yasin”dir. 83 ayədən ibarət olan bu surəyə “Quran”ın qəlbi də deyilir. “Yasin” sözünün dəqiq mənası bəlli deyil. Bəzi təfsirçilər onun sadəcə ərəb dilindəki “ya” və “sin” hərflərindən ibarət olduğunu deyir, digərləri həmin surədəki “ya” və “sin” hərflərinin sayında müəyyən qanunauyğunluq axtarır, başqaları “ey insan” anlamı verdiyini ehtimal edirlər. Bir təfsirə görə, “Yasin” adı altında Muhəmməd Peyğəmbər nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, “Yasin” surəsinin 2–4-cü ayələrinin məzmunu da faktiki olaraq sonuncu fikri təsdiq edir.” Bu cümlələri oxuduqdan sonra müxtəlif sahələri əhatə edən belə zəngin bir ensiklopedik kitabın daim yazı masamın üstündə, əlimin altında olmasını istədim. “Google” axtarış sisteminin köməyi ilə kiçik bir araşdırma apardıqdan sonra öyrəndim ki, şəhərimizin əsas kitab dükanlarında (“Libraff”, “Azərkitab”, “Kitabevim.az”, “Baku book enter”, “Akademkitab”, “Akademiya kitab mərkəzi”, “Book zone”, “Kitabıstan” və s.) “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsəri vardır. Mənə ən yaxın olan mağazanı seçdim və bu kitabdan iki ədəd aldım. Birini özümə, birini isə ad gününü təbrik edəcəyim dostuma. Əsl dosta layiq hədiyyədir bu kitab. Xüsusi kitabdır.
QISA ARAYIŞ. Araz Şəhrili (Abbasov) 1974–cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Əslən Zəngilan rayonunun Xurama kəndindəndir. Atası Əməkdar jurnalist, tanınmış ziyalı Ələkbər Şəhrilidir. Araz müəllim hazırda pedoqoji fəaliyyətlə və paralel olaraq yaradıcılıqla – araşdırmalarla məşğuldur. Dövri mətbuatda, ölkəmizin elmi-mədəni, ictimai-siyasi həyatında müəyyən bir fikrin formalaşmasında əhəmiyyətli rol oynayan müxtəlif kütləvi informasiya vasitələrində müntəzəm olaraq çıxışlar edir. “Monqol yürüşlərinin əsl səbəbləri və Mövlanə Cəlaləddin Ruminin sirri”, “Qacarlar sülaləsinin süqutu hansı ölkənin xüsusi xidmət orqanının işi idi”, “Geosiyasət: ziddiyyətlər və xəyanətlər (vikinqlərin Azərbaycan üzərinə yürüşlərinin əsl səbəbləri)”, “Gürcüstan və Hindistan: düşündürücü faktlar”, “Nadir şah Əfşarın nəvələrinin izi ilə”, “Şeyx Heydərin son döyüşü”, “Şah İsmayılı göytürklərin xaqan nəsli və Çingiz xanla nələr birləşdirir”, “Makedoniyalı İsgəndər və Nadir şah Əfşar: tale oxşarlıqları”, “Qərblə Şərqin müqayisəsi və ya bugünkü problemlərin tarixi kökləri”, “Ermənilərin əsl vətəni haradır: Hindistan, yoxsa Efiopiya”, “Tarix təkrarlanır”, “Babil qülləsi: dillərin hamısının kökü eynidir”, “Babil qülləsi: Çingiz xan və seyidlər”, “Babil qülləsi: Çingiz xan hansı dildə danışırdı”, “Babil qülləsi: təkrarlanan şəxs adları”, “Novruz sirləri: Novruz sözünün əsl mənası”, “Novruz sirləri: qədim romalılar Novruz bayramından niyə imtina etdilər”, “Amerika hindularının mənşəyi: türk izi barəsində düşüncələr”, «Кем был Будда, спустя века обретший бессмертие» və onlarla digər maraqlı elmi məqalənin müəllifidir. “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərinə görə Araz Şəhrili “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşri münasibətilə təqdim olunan “Ziyadar” Mükafatına layiq görülmüşdür.
Kitabdan çoxlu misal gətirib yazını uzatmaq istəmirəm. Bu işi sizin özünüzə həvalə edirəm. Kitabla tanışlığıma vəsilə olmuş, yuxarıda qeyd etdiyim misalla kifayətlənirəm. Siz sadəcə internetin müxtəlif axtarış sistemlərində, məsələn “Google”də Araz Şəhrili və ya “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” yazıb axtarışa verin. Əmin olun ki, nəticədən məmnun qalacaqsınız.
Sonda bir daha onu qeyd etmək istəyirəm ki, bu kitabı hər dəfə açanda Bəhmənyara, bağlayanda isə Mahmud Kaşğariyə rəhmət oxuyuram.
Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…”adlı 352 səhifəlik kitabı bir neçə cilddən ibarət qalın-qalın ensiklopediyaları əvəz etmək iqtidarında olan, geniş oxucu kütləsi üçün nəzərdə tutulsa da, müxtəlif elm sahələrinin mütəxəssisləri, tələbələr, aspirantlar, doktorantlar, araşdırmaçı yazarlar tərəfindən istifadə edilə biləcək sözün əsl mənasında etibarlı və mötəbər mənbədir.
Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” kitabı müasirimiz tərəfindən dövrümüzdə yazılmış və Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk”ünə bərabər olan bir əsərdir.
Əziz dostlar, əminəm ki, necə mən yuxarıda adlarını qeyd etdiyim şəxsləri rəhmətlə anıram, eyni ilə siz də Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” kitabından hər dəfə maraqlı və qiymətli bir məlumat öyrənəndə məni xatırlayacaqsınız.
Araz Şəhrili necə xoşbəxt müəllifdir ki, bu qədər xeyirli işlərə vəsilə olur.
Öz adımdan və digər çoxsaylı oxucular adından Araz müəllimə təşəkkürlərimizi bildirir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!