Kateqoriya arxivləri: TƏQDİMATLAR

ORDU GÜNÜ MÜNASİBƏTİ İLƏ – Əli bəy AZƏRİ

Əli bəy AZƏRİ

Yaxın TARİXimizdə 9 OKTYABR (1991) ORDU YARANMA günü kimiydi. Hətta bir neçə il tarixin həmin günündə PARAD da keçirildi. Sonra RƏSMƏN QƏRARA ALINDI Kİ, 26 İYUN SİLAHLI QÜVVƏLƏR GÜNÜ kimi qeyd olunsun!
Odur ki, 26 İYUN – SİLAHLI QÜVVƏLƏR GÜNÜ münasibətilə hərbi mundir əynində olan hər kəsi TƏBRİK EDİRƏM! Bu münasibətlə bir hekayə (çoxdan yazmışam) ərməğan edirəm. Ümidvaram ki, TÜRKİYƏ – AZƏRBAYCAN hərbi əməkdaşlıq motivi üzərində köklənmiş hekayə oxumayanlar üçün maraqlı olacaq. Oxuyanlar oxuyub nə vaxtsa…


ALIŞ-VERİŞ YARDIMÇISI
(hekayə)
Hərbiyyə nazirinin qərarı ilə Bədheybət poliqonunda təlim-tədris mərkəzi yaradılmışdı. Cəbhə bölgəsindən çağrılan zabitlər mərkəzdə təkmilləşdirmə kursu keçəcəkdi, daha doğrusu türk subayları onlara NATO taktiki təlim üsullarını öyrədəcəkdilər. Guya ki, Rusiyada ali hərbi təhsil almış zabitlərin biliyi erməni dığaları ilə döyüş aparmaq üçün yetərli deyildi. Başbilənlər belə məsləhət görmüşdülər. Bu münasibətlə Türkiyədən mütəxəssislər dəvət olunmuşdu. Onlar yeni sistemin öyrənilməsində yaxından köməklik göstərəcəkdilər.
Mərkəzin rəhbəri polkovnik Axundov idi. Ehtiyac ucbatından yetmiş yaşlı kişini yenidən hərbi xidmətə çağırmışdılar, daha etibarlısını tapa bilməmişdilər. Onun əsil adını əhatəsində olanlardan, bəlkə də, heç kim bilmirdi. Çox gənc yaşlarından “baba” ləqəbini qazanmışdı. Aram-aram, bir az da eyhamla danışırdı, bəziləri bunu astagəllik, bəziləri isə müdriklik əlaməti hesab edirdi. Elə zabit yoldaşları, tabeçiliyində olanlar da xəlvətdə “baba”, üzdə “baba dayı” deyə müraciət edirdilər. Zabit təkmilləşdirmə kursuna gələnlər elə bilirdilər ki, mərkəz rəhbərinin adı elə Babadır. Baba adı Türkiyədən gələnlərin də xoşuna gəlmişdi.
Türkiyədən beş nəfər gəlmişdi. Yarbay Mətin Çətin qərargah işlərinə rəhbərlik edəcəkdi. O, tabeçiliyində olan iki uzman çavuşu ilə mərkəzin bütün hərəkətlərini nəzarətdə saxlayacaqdı. Uzman çavuşu Fikri Ocaqçı bilgisayarda zabitlərin dərsə davamiyyətini, məşğələlərdə qazandıqları puanlarını (ballarını, xallarını) toplayacaqdı ki, xüsusi şifrə altında saxlanılan məlumatlara heç kim müdaxilə edib dəyişdirə bilməsin. Digər uzman çavuşu onbaşı İsmayıl Yorğançı isə maliyyə, ərzaq, sursat məsrəfləri; bir sözlə lojistik hesablamalarını aparacaqdı. Beləliklə, mərkəzdə ağızdan içəri ötürüləndən kanalizasiya borusuna axıdılanadək hər şey nəzarətdə saxlanılacaqdı.
Tədris taborunun şərti komandiri minbaşı Fəhmin bəyin tabeçiliyində cəmi bir nəfər vardı, yüzbaşı Yıldırım Haqsız ki, o, kursa gələn zabitlərin bölüyünə rəhbərlik edəcək, onların sıra hazırlığını, NATO ordu nizamnaməsinin öyrənişini, günün rejiminə necə əməl olunmasını öyrədəcək və nəzarətdə saxlayacaqdı.
-Zabitlər qüvvətli və kalorili qidalanmalıdırlar. – deyə ilk görüşdə Fəhmin bəy mərkəz rəhbərinə təklif verdi. – Bəzi ərzaqları bazardan almalıyıq. Onları aslan kimi, qaplan kimi bəsləməliyik ki, Qarabağa, ermənilərin üstünə, quzu kimi mələyə-mələyə getməsinlər. Elə getsinlər ki, onların hayqırtısından ermənilər Zəngəzuru da, Göyçəni də buraxıb İrəvanadək qaçıb getsinlər.
Heç bir problem yox idi, əlavə ərzaq məhsulları almaq üçün pul da ayrılmışdı.
Polkovnik Axundov dünyagörmüş adamdı, pulla, ərzaq məhsulları ilə davranmağın necə məlhəm, həm də çətin olduğunu yaxşı bilirdi. Minbaşı Fəhmin bəyə alış-veriş yardımçısı təyin etməyə seçimdə çətinlik çəkmədi, çünki bir nəfərdən başqa adamı da yox idi. Bu iş çox incə işdi, kimə tapşırsaydı, yarıtmayacaqdı, yəni becərəmməyəcəkdi. Burda təkcə intizamlı olmaq azdı, həm də riyazi hesablamaları barmaq üsulu ilə öyrənmək gecdi, bunları, yəni bazarı beş barmağın kimi bilməliydin. Odur ki, qəbuluna çağırdığı gizir Dibirovu bir də başdan ayağadək müştəri gözü ilə süzüb son tapşırıqlarını verdi:
-Bax ha, Dibirov, bu iş sənə asand gəlməsin.
-Ağlım kəsəndən evin bazarlığını eləmişəm, bazar alverçilərini yaxşı tanıyıram. – Dibirov imkan vermədi ki, polkovnik sözünü bitirsin.
-Ola bilər ki, bazar dəllallarının dilini biləsən, amma türklərlə çətin bacarasan. Onlar tutduqlarına Nuh deyər, peyğəmbər deməzlər.
-Heç bir problem yoxdur, yoldaş polkovnik. Ölkədə qarmaqarışıqlıq düşən kimi qaçıb getdim İstanbula. Üç il Laləlidə alver elədim. Abiləri, ablaları pis tanımıram. Onlarla lap tez dil tapacam.
-Bir də onlar sənə toplan, alabaş, erkək-filan desələr, incimə. Bu söyüş deyil, onların danışıq tərzi belədir.
-Mən bunlara öyrəncəliyəm. Bir də qazandığımız çörəyin xətrinə toplan, alabaş yox, lap it oğlu it də desələr, gərək dözək.
-Ay maşallah, di onda nə durmusan? Tez qoş-qoş Fəhmin bəyin hüzuruna. De ki, alış-veriş yardımçısı təyin olunmusan.
Gizir Dibirov “baş üstə” deyəcəyindən sevincəyə düşüb “əmr et, komutanım” dedi. Tələsdiyindən sol əvəzinə sağ çiyni üstə geri döndü, amma dönməyi ilə də tez özünü düzəltdi, sol ayağı ilə hərəkətə başlayıb otaqdan çıxdı. Əvvəlcə dəhlizdə dayanıb bir siqaret yandırdı. Həyəcandan lap ciyəri yanırdı, dalbadal beş-altı qüllab vurub tüstünü qarnına sümürdü. Sonra burnundan tüstünü parovoz kimi buraxaraq əlindəki siqaret kötüyünü zibil qabına tulladı və dəhlizin baş tərəfindəki otağın qapısına yaxınlaşdı. Qapını döydü və heç bir icazə gözləmədən otağa daxil oldu. Olduqca gur səslə:
-Komutanım! – dedi və əlini gicgahına aparıb məruzə etməyə başladı. – Assubay Dibirov sizə alış-veriş yardımçısı təyin olunub. Əmr et, komutanım!
Minbaşı Fəhmin bəy dərhal hiss etdi ki, gizir Dibirov elə onun arzuladığı adamdır.
-Gəl, qoçum, gəl! – Oturmaq üçün ona yer göstərdi. – Mən bir kərə söyləyəcəm, sən alıb sırğatək qulağından asacaqsan. Bu işdə yalan yox, tamam?
-Anladım, tamam.
-Yarın tezdən parayı məndən alacaqsan, mənim arabamla bazara yollanacaqsan. Alış-veriş yapıb dərhal geri qayıdacaqsan. Gözünün ucu ilə də sağa-sola baxmaq yox, anladınmı?
-Tamam, tamam, anladım.
Ertəsi gün gizir Dibirov minbaşı Fəhmin bəydən pulu götürüb onun üçün ayrılmış xidməti maşında bazara yollandı. Siyahıda göstərilən ərzaqların ən yaxşılarından alıb yeşiklərə doldurdu və maşının yük yerinə qoydu.
-Sən maşından düşmə. – Sürücüyə qəti tapşırdı. – Maşını sahibsiz görüb evakuatorla apara bilərlər. Sonra da gəl, düş Bakının cərimə meydançalarını axtarmağa.
Təlim mərkəzinə qayıdan kimi ərzağı yeməkxanaya boşaltdırdı, baş aşbaza təhvil verib minbaşı Fəhmin bəyin yanına yollandı. Fəhmin bəy diqqətlə qiymətlər yazılmış siyahıya baxdı, qeyd dəftərçəsinə nə isə yazdı və bundan sonra ərzaq alınmış siyahının üstünə imza atdı.
-Apar karargaha, ver İsmayıl Yorğançıya. Qoy, onbaşı kaytları bilgisayara işlasın.
-Oldu, komutanım!
-Haydı get, aslanım. – Minbaşı Fəhmin bəy arxadan onun boyunu oxşadı.
Növbəti gün gizir Dibirov bazardan aldığı ərzağın siyahısını minbaşı Fəhmin bəyə təqdim edəndə onun qaşları çatıldı.
-Ya bu nə? Gecə infilyasiyamı baş vermiş? Dünən apelsin yetmiş qruş olmuş, bu gün bir manat yetmiş qruş. Olurmu ya?
-Olur, komutanım, olur. Lap üç manata da olur. Burası bazar, dəllallar nə istəyər, neçəyə istəyər, o qiymətə də satarlar. “Alırsan al, almırsan, onda xoş getdin”, deyərlər.
Fəhmin bəy başını bulaya-bulaya qeydlərini apardı.
Beləliklə, günlər gəlib keçdi, həftələr ötdü və ay tamam oldu. Gizir Dibirov sonuncu siyahısını uzman çavuşu onbaşı İsmayıl Yorğançıya verib minbaşı Fəhmin bəyin yanına qayıtdı.
-Bir istəyin varmı? – Minbaşı sordu.
-Minbaşım, alın, qoyun cibinizə. Bu, sizə çatasıdır. Halal xoşunuz olsun. – Gizir Dibirov cibindən bir topa pul çıxardıb ona uzatdı.
-Bu nə ya? – Pulları görcək minbaşının gözləri bərəldi. – Qoçum, sən qurd ürəyimi yemisən, mənə rüşvət təklif edirsən? Heç qorxmuyorsanmı ki, səni savçıya verərəm?
-Komutanım, nə iş yapırıq ki, buna rüşvət deyirsiniz? Bir də burada savçıya nə gərək? Buranın savçısı da, ədaləti də Baba dayıdır.
-Olsun! Baba dayın bilsə ikimizi də cəzalandırar. Məni hörmətsiz edər, sənin də rütbəni söküb ordudan qovar.
-Qovmaz. Baba dayı ağıllı adamdır. O, çörəyinin düşməni deyil.
-Onda onun da payını böl.
-Heç narahat olmayın. Ona da Baba deyərlər. O, adamı vəzifəyə təyin edəndə parasını konvertin içində alır.
-Deməli, sən onu görmüsən?
-Elə ona görə də arxayın hərəkət edirəm. – Gizir Dibirov qımışdı. – Alın, utanmayın, bu sizin halal qazancınızdır.
-Aslanım, nasıl olur bu halal qazanc? – Minbaşı ürəyində bir az rahatlansa da özünü o yerə qoymadı, əriyini azdırmağa başladı.
-Mən hər gün bazara gedirəm. Dəllallarla çənə döyüb sizin siyahıda yazdırdığınız ərzaq məhsullarını alıram.
-Təbi, subaylar toplanlar kimi bəslənməlidir, sonda qaplanlar kimi Qarabağa yollanmalıdır.
-Siz bazarı tanımırsınız. Bazarda qiymətlər hər gün dəyişir, təbii ki, qalxır. Mən də nə qiymətə desələr, almağa məcburam. Soruşuram, neçəyə satırsan? Deyir, bu qiymətə. Deyirəm, ucuz elə, alım. Dil tapıb, bir az ucuz qiymətə alıram. Ortada dəllalın dediyindən endirdiyim qiyməti qoyuram qırağa. Elə bilin, dəllalın dediyi qiymətə almışam. Hərgah, dəllallarla danışıb, çənə döyüb qiymət endirməyə də bilərəm. Onlar dediyi qiyməti ödəyib gələrəm. Ancaq bunun nə sizə, nə mənə bir qara quruş qədər faydası olmaz. Mən özümdən çox sizi düşünürəm. Axı siz ailənizi uzaqlarda qoyub bizə yardım etməyə gəlmisiniz. Biz də hər hansı formada sizə təşəkkür etməliyik, ya yox? Alın, alın, utanmayın, bu sizin halalınızdır, lap alın təri ilə qazanılmış halal pul kimi.
-Gəl bir öpüyüm səni, aslanım. – Minbaşı pulu alıb cibinə dürtüşdürdü və ayağa qalxdı. – Sən əsl mənim arzuladığım yardımçısan. Bundan sonra səni əsla buraxmam. Kıprıza, Güney Doğuya, Orta Asiyaya, lap Madaqasqara; məni hara göndərsələr səni də özümlə aparacam. Sən dünyanın ən iyi, qosqoca “alış-veriş yardımçısı”san. Səni doğan ananın əllərindən öpürəm.

Müəllif: Əli bəy AZƏRİ

ƏLİ BƏY AZƏRİNİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“ERMƏNİLƏR” TANINMIŞ ŞAİRİN SƏHİFƏSİNİ VİKİPEDİYADAN SİLDİLƏR

 ZAUR USTAC HAQQINDA

Zaman-zaman belə hallarla rastlaşsaq da bu hadisənin qeyri-adiliyi ondadır ki, bu dəfə Vikipediyanın Azərbaycan seqmentində baş verib.

Belə ki,  tanınmış şair Zaur Ustac haqqında Azərbaycan dilində olan məqalə silinib. Zaur Ustac “Fedai.az” a bu barədə açıqlamasında belə dedi: – “İlk öncə onu bildirim ki, mən özüm də elə “Zaur Ustac” adı ilə vikipediya istifadəçisiyəm. Adətən oxuduğum mətnlərdə rastlaşdığım kobud səhvləri redaktə edirəm. Hardasa 2015-ci ildən ənənəvi olaraq Azərbaycanın Milli Qəhrəmanı  şəhid Mübariz İbrahimovun doğum və anım günlərində mənim haqqımda olan “Zaur Ustac” məqaləsinə və Mübariz İbrahimov haqqında olan kitabın – “Oriyentir Ulduzu” məqaləsinə kiçik müdaxilələr olurdu. Bu müdaxilələrin qarşısı vaxtında Vikipediyanın Azərbaycan seqmentində fəaliyyət göstərən idarəçilər tərəfindən alınırdı. Bu dəfə vəziyyət bir az fərqli oldu. Mübariz İbrahimovun anım günlərində (17-18 iyun) müxtəlif sosial şəbəkələrdə onunla bağlı, “Oriyentir Ulduzu” kitabından müəyyən parçalar paylaşdıqdan sonra artıq ötən illərdən öyrəşdiyimiz ənənəvi  hücumlar başladı. Üstəgəl mediada gündəm olmuş “Səringül və Təyyarə bacıları” (bu qəbirlər mənim doğma xalalarıma məxsusdur) haqqında məlumatları  da sürəkli paylaşmağım yəqin bu məsələni bir az da körükləmiş olmalı ki, ya ermənilər, ya da onların təəssübkeşləri qəti hücuma keçərək “Zaur Ustac” məqaləsi ilə bağlılığı olan “Yusifcanlı kənd orta məktəbi”,  “Yusifcanlı kəndi” məqaləsindən tarix (işğalla bağlı) bölümünü, Yusifcanlı kəndindən olan əfsanəvi döyüşçü   – Səringül və Təyyarə bacılarının doğma əmisioğlu Qəhrəmanov Eldarın qızı Kəmalə Qəhrəmanova haqqında olan  “Kəmalə Qəhrəmanova” məqaləsini heç bir əsas göstərilmədən sildilər. Bu azmış kimi digər bağlılığı olan   “Oriyentir Ulduzu” ,  “Ziyadar Mükafatı” və  “Səringül və Təyyarə bacıları” adlı məqalələri silinməyə namizəd məqalələr kateqoriyasına aid etdilər. Hansı məsələ bunlara necə od qoyubsa, bütün bunlarla ürəkləri soymayıb uzun illərdir (2015 –ci ildən belə mövsümü müdaxilələri nəzərə almasaq, kiçik redaktələrlə stabil) mövcudluğunu sürdürən, hər cümləsi mötəbər mənbələrə  istinad  edən, müddətsiz mühafizə altında olan “Zaur Ustac” məqaləsini də siliblər. Bu məsələ bax belə baş verib. Qeyd edim ki, Vikipediyanın Azərbaycan seqmentində fəaliyyət göstərən idarəçilər tərəfindən məsələ araşdırılır. Yəqin ki, tezliklə öz həllini tapacaq.”

Xatırladaq ki, AJB üzvü, tanınmış şair-publisist Zaur Ustac  ədəbi yaradıcılığının 30 illiyi münasibəti ilə ”Qızıl Qələm” media mükafatı (2018), il ərzində hərbivətənpərvərlik mövzularında şeirləri ilə  müxtəlif KİVdə müntəzəm  çıxışına görə “İlin Vətənpərvər Şairi” media mükafatı (2019), AVMVİB-nin üzvü kimi isə  “Müharibə veteranı”,  “Milli Ordu -100”  və   “AVMVİB-25 il” medalları ilə təltif olunmuşdur.

İlkin mənbə:“Fədai” qəzeti


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MUSA ƏLƏKBƏRLİ “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLDÜ

MUSA ƏLƏKBƏRLİ N: 078 24.06.2021.

Tanınmış şair Musa ƏLƏKBƏRLİ “Sən elə bir sevdasan ki…” adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” Mükafatına layiq görülüb. Şairi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun, Musa müəllim!!!

DOĞRULAMA LİNGİ>>>LAUREATLAR

MUSA ƏLƏKBƏRLINİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Vüqar Əhməd beynəlxalq şeir müsabiqəsinin qalibi oldu – FOTO

Vüqar Əhməd beynəlxalq şeir müsabiqəsinin qalibi olub

AMEA Nizami  Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, tanınmış şair Vüqar Əhməd beynəlxalq şeir müsabiqəsində qalib olub.

İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində 16-cı Beynəlxalq Rəzəvi Şeir Festivalı keçirilib. Türkdilli şairlərin qatıldığı festivala 1000-ə yaxın əsər təqdim olunub. Təqdim edilən əsərlərdən üçü Azərbaycan şairlərinin əsərləridir: Vüqar Əhməd, Hacı Soltan və Seyid Nurəddin. Ölkəmizi festivalda  təmsil edən şairlərdən bu 3 nəfərin şeirləri münsiflər tərəfindən qalib müəyyən edilib.

İran İslam Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan festivalın qaliblərinə İranın Azərbaycandakı səfirliyinin Şəhriyar adına Mədəniyyət Mərkəzində təqdimat mərasimi keçirilib. Qonaqlar arasında professor Şahin Fazil, Arif Buzovnalı, Hacı Səyyaf, Elşən Xəzər və başqaları da yer alıb.

Azərbaycan şairlərinin çıxışlarından məmnunluq ifadə edən Mədəniyyət Mərkəzinin direktoru, hüquq elmləri doktoru Ağaye Əli Purmərcan iki ölkənin xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından bu cür ədəbi əlaqələrin əhəmiyyətini vurğulayıblar.

Festivalın sonunda Vüqar Əhmədə və digər qaliblərə diplom və hədiyyələr təqdim olunub. Vüqar Əhməd “Allah bizə səbr ver” şeiri ilə çıxışını tamamlayıb. Şeir qonaqlar tərəfindən hərarətlə qarşılanıb.                                    Sonda İran səfirinin adından iştirakçılara ziyafət verilib. Tədbir İran televiziyaları tərəfindən lentə alınıb.

Müəllif: Gülnar SƏMA              

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

GÜLNAR SƏMANIN DİGƏR YAZILARI

VÜQAR ƏHMƏDİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYSU TÜRKEL, QİSASIN SONU

“Mübarizlər, Fəridlər” qrupu.

QİSASIN SONU
General Polad Həşimovun şəhid olduğu gün. Bax elə bu gün bütün Azərbaycan ayağa qalxır. Hər kəsi bir amal birləşdirir. Bu Polad Həşimovun qisasını almaq, silaha sarılıb vətən torpağını azad etməkdir. Azadlıq meydanına böyük bir axın var. Bu axın eynilə 30 il öncəki axını xatırladır. Hansı ki, Azərbaycanın müstəqilliyi yolunda atılan ilk addımın axınını. Vətən övladları Hərbi Komissarlığa müraciət edib, öz adlarını könüllü əsgər siyahısına yazdırırlar. Çox keçmir ki, hər kəsin gözlədiyi həmin o xəbər, Ali baş komandanın irəli əmrini verməsi xəbəri verilir. Bütün igidlər silaha sarılıb Qarabağı azad etmək üçün döyüşlərə qatılırlar. Bu döyüşlərdə Səbuhi adlı bir əsgərdə iştirak edir. Səbuhi döyüşlərdə misilsiz qəhrəmanlıqlar nümaiş etdirir.
Ordu irəlilədikcə, Qarabağın hər bir qarışına üç rəngli Azərbaycan bayrağı sancıldıqca düşmən nə edəcəyini bilmir. Məğlubiyyətlə barışmaq istəməyən mənfur düşmən dinc əhalini hədəf seçir. Gəncəni, Bərdəni ağır artileriyadan atəşə tutur. Nəticədə günahsız körpələrdə həlak olur. Amma buna baxmayaraq Azərbaycan əsgəri nəinki körpə uşaqlara atəş açmır, hətta onlara kömək belə edirdilər. Nəhayət Şuşa uğrunda döyüşlər başlayır. Şuşanın keçilməz dağlarını igid əsgərlərimiz dırmanaraq, çətində olsa keçməyə müvəffəq olurlar. Artıq əsgərlərimiz əllərində iti uclu bıçaqla düşmən qüvvəsini məhv etmək üçün mübarizə aparır. Səbuhi düşmənin xeyli canlı qüvvəsini məhv edir. Düşmən snayperindən açılan güllə Səbuhiyə tuş gəlir. Bu güllə nə qədər ağır olsada Səbuhi mübarizəsinə davam etmək istəyir, lakin ard-arda daha 4 güllədə açılır. Nəticədə Səbuhi şəhid olur və Xarı bülbül ətrafında birləşən igidlərin sırasına qoşulur.

“Mübarizlər, Fəridlər” qrupunun rəhbəri Əziz Əzizov, “Mübarizlər, Fəridlər” qrupunun üzvü Pərvanə Məmmədova.
Müəllif hüquqları qorunur. Hörmətlə: Mübarizlər, Fəridlər 2013©️

Müəllif: Aysu TÜRKEL 

AYSU TÜRKELİN DİGƏR YAZILARI


AYSU TÜRKEL DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Biri vardı, Biri yox… – Şəbnəm Həsənəlizadə

Şəbnəm HƏSƏNƏLİZADƏ, yazar.

1. Tanıyaqmı biraz sizi Şəbnəm Həsənəlizadə?

Mən, hal-hazırda Azərbaycan dili və ədəbiyyatı üzrə filologiya təhsili alan, iki uşaq anası Şəbnəm Həsənəlizadə. Uşaqları çox sevdiyimdən və nağılların da uşaqların inkişafında faydalı olacağına inandığım üçün, onlara youtube platformasından nağıllar səsləndiririrəm.

2. Özünüz uşaq vaxtı ən çox hansı nağılı sevirdiniz?

Qoğalın nağılını. Baxmayaraq ki, özüm şirin yox, şorqoğal sevənəm, amma bu personaj mənə şirin gəlirdi.

3. Bir Ana kimi övladlarınıza qarşı necəsiniz?

Deyərdim ki, mən də onlarla birlikdə böyüyürəm, onlarla birlikdə öyrənirəm. Çünki, bizlər ana/ata titulunu məhz onlar sayəsində alırıq və insan artıq valideyn olmağı da bu zaman öyrənir. Əlbəttə ki, ideal heç nə, heç kim yoxdur və mənim də yanlışlarım olur, amma əsas olan bu yanlışları bilmək, düzəltməkdir. Çünki, bizlər övladlarımızı bir şəxsiyyət kimi yetişdirməliyik və buna görə də onları könül gözü ilə görməyi, can qulağı ilə dinləməyi, yeri gəldiyində onların da fikrini almalı, yeri gəldiyində onlardan üzür istəməli, yeri gəldiyində də izn almalıyıq. Onlara doğru-düzgün nümunə olmalıyıq. Bəli, banal səslənsə də məhz nümunə. Çünki, uşağa “yalan danışmaq yaxşı şey deyil, yalan danışma” deyib, özümüz isə kənarda hər hansısa məsələdə yalan danışırıqsa, uşağa “kitab oxumaq lazımdır” deyib, özümüz heç oxumuruqsa…(bu siyahını çox uzatmaq olar) uşaq da gördüyünü götürür. Buna görə mən də çalışıram ki, onlara yaxşı nümunə ola bilim. Bundan əlavə, əsas da ki, onları sevgi, qayğı və diqqətlə qidalandıra bilim.

4. İndi ki uşaqlar necə dinləyirlərmi nağılları?

Bəli, çox sevirlər. Bunu istər ətrafda olan uşaqlardan, istərsə də mənim ünvanıma olan rəylərdən müşahidə edirəm. Əgər nağıl maraqlıdırsa və onun səsləndirilməsi də maraqlı tərzdədirsə, səsləndirən rolda ola bilirsə bu zaman uşaqlar da böyük maraqla dinləyirlər.
Buna görə də analar uşaqlara nağıl oxuyarkən ordakı qəhrəmanları canlandıra bilsələr çox gözəl olar. Davamında nağılı müzakirə edərək də uşağa daha böyük fayda vermiş olacaqlar.

5. Gördüyünüz işi sevirsinizmi hardan yarandı bu maraq?

Bəli, çox sevirəm. Qızlarıma hər gün nağıl oxuyurdum. Bəzən əlimin altında olan vəsaitlər kifayət etmədiyindən artıq internetdən axtarmağa başlayırdım. Bu zaman da qarşıma maraqlı nağıllar çıxırdı. Sonra düşündük ki, niyə də bu nağıllar öz dilimizdə tək mənim qızlarım üçün yox, eləcə də başqa uşaqlar üçün də əlçatan olmasın?! Bu səbəbdən mən də əlimdən gələni etməyə çalışıram.

6. Belə düşünürəm ki, tərcüməçiliklədə məşğulsunuz eləmi?

Deməzdim ki, professional səviyyədə, amma dil biliklərim əsəri tərcümə etməyimə kifayət edir. Xüsusən də, rus dilindən.

7. Bu istedadı özünüzdə nə zaman kəşf elədiniz?

Əslində mənim uşaqlıqdan belə həvəsim olub, hələ məktəb yaşlarında da hər dəfə səhnələrdə çıxış edirdim, şeirlər deyirdim. Nağılçılığı isə ana olduqdan sonra kəşf elədim. Dediyim kimi, mən də uşaqlarla birlikdə böyüyür, çox şeyi də məhz uşaqlardan öyrənirəm.

8. Uşaqlarınızın adını siz qoymusunuz…?

Bəli, yoldaşımla ortaq qərarımızdır...

9. son olaraq nələr demək istərdiniz?

Övladlarımızın gözəl gələcəyi, yaxşı cəmiyyət qurmaq üçün bizlərin vəzifəsi böyük və məsuliyyətlidir. Buna görə də istərdim ki, bütün valideynlər buna görə canla-başla səy göstərələr. Uşaqları sevgiyə, diqqətə, qayğıya ac, yoxsul böyütməyələr, onların yanında, arxasında olalar. Əlbəttə ki, büdrəmələr də, səhvlər də olacaq, yıxıla-yıxıla öyrənir insan və əgər biz də övladlarımızın hər büdrəyişini alçaltmasaq, və ona dəstək olsaq, gələcək üçün də sağlam şəxsiyyətlər qazandırmış olarıq.
O ki qaldı nağıllara, çox istərdim ki, analar mənim kanalımdakı nağılları uşaqlarla birlikdə izləsinlər ki, sonra uşaqla o nağılı analiz edib, müzakirə edə bilərlər. Nağıllar uşaqlar üçün həqiqətən də çox faydalıdır, ana əgər uşağa özü oxuyursa bu daha da gözəldir.

ŞƏBNƏM HƏSƏNƏLİZADƏNİN DİGƏR YAZILARI

Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əyyub Məmmədov – Şeirlər

Əyyub MƏMMƏDOV, jurnalist, şair.

Bu gün jurnalist, şair (AJB-nin üzvü) Əyyub MƏMMƏDOVun doğum günüdür. Ad günü münasibəti ilə Əyyub müəllimi təbrik edir, yaradıcılığından nümunələr təqdim edirik:

Gələr bu dünyanın bir gün bəd üzü

Gələr bu dünyanın bir gün bəd üzü
Qatar öz qabağına, əllini-yüzü.
Bağlanar insanın bəsirət gözü
Etmə pis rəftarı, sinə dağlama,
Dürüst olanın, yolun bağlama.
* * *
Uyma yalana, vermə sən cəza
Baş verər ömrünə acı bir qəza.
Saxla bu dünyadan köçənə əza
Əyriyə düz deyib, haqqına girmə,
Versə də birisi sənə yüz tirmə.
* * *
Keçmişi unudub, dünəni silmə
Əlində nə varsa, daimi bilmə
Dolansın beynində qoy ilmə-ilmə
Məqamın səninlə həmişəlik deyil,
İnsanı ucaldan vəzifə deyil.
* * *
Səadət, xoşbəxtlik önündə ərin,
Getmə çox dayaza, düşün ki, dərin
Nə qədər ev yıxılıb, əlində şərin,
Mən deyim biləsən sözüm tükənməz
Dünyanın əvvəli, sonu bilinməz.

Bizim Yardımlı

Vüqarlı dağları, zirvəsi qarlı,
Torpağı bərəkətli, meyvəsi barlı,
Buluddan nəm çəkir Peştəsər dağı
Ucadan ucadır, bizim Yardımlı.
* * *
Hayana baxırsan şiş qayalardır
Yamacı yamyaşıl, gül-bağçalardır.
Bumbuz suyunu hər içən deyir,
Ömür uzadandır, bizim Yardımlı.
* * *
Payızı buludlu, çənli-dumanlı,
Yayı küləkli, sərin havalı
Qışı sərt keçən ayaz-şaxtalı,
Baharı əlvandır, bizim Yardımlı.
* * *
İnsanlar təbiət qoynunu seçir,
Bilir səfalıdır, gur meşələri
Dillərdə dastandır, buz çeşmələri
Könül coşdurandır, bizim Yardımlı.
* * *
Zəngindir tarixi abidələri
Çoxdur sirli sərdabələri.
Kəşf edilməyən küp qəbirləri,
Tarixi kalandır, bizim Yardımlı.

Yaman ağırmış hicranın sənin

Sözlərin dolanır, başımda mənim,
Qaynayır qazanımda, aşımda mənim
Qalıb yaddaşımda, başımda mənim
Gör necə yasını tutmuşam sənin,
Dərdini, qəmini udmuşam sənin.
* * *
Ürəyimdə min arzu, min dilək donub
Bağımda, bağçamda, gül-çiçək solub
Taleyim də giley-güzarla dolub,
Yaman ağırmış hicranın sənin
Boğazda qəhərdir, qubarın sənin.
* * *
Daha alışmır, od-ocağımız,
Nə də ki, danışmır, dil-dodağımız
Çoxdan çalınıbdır, bizim sazımız
Bir də gəlməz səsin, sorağın sənin,
Heç vaxt unudulmaz marağın sənin.

Müəllif: Əyyub MƏMMƏDOV

ƏYYUB MƏMMƏDOUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aydın Xan (Əbilov) : Ədəbi-mədəni fikir həyatında Çingiz Abdullayev

XXI əsri kreativ intellektuallar dövrü də adlandırırlar: tanınmış elm, mədəniyyət və ədəbiyyat xadimlərindən tutmuş, sıravi sosial platformalarda özünü tanıtmağa çalışan blogerlərə qədər hər kəs tarixdə qalmaq üçün nəsə fərqli mövqe ortaya qoymağa çalışır. Mədəniyyət tarixi belə estetik-intellektual texnologiyalarla boldur, fəqət milyonlarla kulturoloji hadisə, fakt arasında fərqlənərək özündən sonra humanitar fikri irəli aparan düşüncə sahiblərinin sayı elə də çox deyil.

          Almanların təbirincə yazsaq, mədəniyyət şifrələrinin ötürücüsü – kültürtragerlərimizdən biri də Azərbaycan Yazıçılar Birliyinin katibi, milli “PEN-klub”un prezidenti, Xalq yazıçısı, professor, respublikamızın və xarici ölkələrin saysız-hesabsız ordenlərinin, medallarının, ədəbi-mədəni mükafatların laureatı, kitabları fərqli dillərdə milyonlarla tirajla nəşr olunan Çingiz Abdullayevdir. Bu işıqlı dünyaya gəlişinin 50 illik yubileyi idi.

              Yanılmıramısa, özüm tez-tez təkrarlamağı xoşlayıram, bir neçə yazımda da xüsusi vurğulamışam: dünya şöhrətli detektiv ustamız özünün çoxsaylı kitablarıyla, fərqli – intellektual mövqeyi, oxunaqlı əsərləri ilə dünyaya çıxarılası, fikir tariximizdə qalası milli kulturoloji sərvətimizdir.

              Bəli, indiki inteqrasiya dövrünün dəbdə olan ifadəsiylə yazsam, insan kapitalının, intellektual-kulturoloji zəhmətin payının get-gedə artdığı bir vaxtda geniş oxucu kütləsinə ünvanlanmış dəyərli əsərlər yaradan şəxsiyyətlərimizdən biri – qlobal kreativ biznes sahəsində öz yerini möhkəmləndirən əsl Azərbaycan milli art-brend sayılsa da, sonuncu uğurlu Qarabağ savaşında ölkəmizdə, xüsusən də xaricdə və internetdə, sosial şəbəkələrdə sərgilədiyi qətiyyətli mövqeyi ilə həm də növbəti dəfə (artıq neçənci səfərdir!) sübut etdi ki, əsl tarixi-mədəni şəxsiyyətdir! Geniş nəzər salanda, heç də sirr deyil ki, Çingiz Abdullayev nəinki respublikamızda, – boynumuza alaq: son illərə qədər bir neçə rusdilli romanlarını çıxmaq şərtilə, yazıçının əsərləri bizdə mütəmadi işıq üzü görmürdü; amma axır vaxtlar istedadlı qələm sahibinin 30-dan çox irihəcmli detektiv romanı ana dilimizə çevrilib, hərəsi də bir neçə dəfə təkrar nəşr olunub, – ölkəmizin hüdudlarından çox-çox kənarlarda, daha dəqiq, Rusiyada, başqa MDB dövlətlərində, Qərbdə, Şimali Amerikada, Şərqdə, qardaş Türkiyə, İsrail, ərəb məmləkətlərində kifayət qədər tanınır, qələmindən çıxan ədəbi nümunələr isə on milyon nüsxə tirajla yayılır. Yaşı minilliklərlə ölçülən milli ədəbiyyat tariximiz ikinci belə kulturoloji faktla öyünə bilmir…

             Klassik ədəbiyyatşünaslıqda bədii əsərlər ədəbi növlərə, onlar isə, öz nöbəsində, janrlara bölünürlər. Məsələn, epik növün hekayə, povest və roman növü. Bu, təsnifata görə detektiv hekayə də ola bilər, detektiv roman, pyes, film də. Odur ki, suala konkret cavab vermək üçün filoloji anlamların dəqiqləşdirilməsinə ehtiyac duyulur. Detektiv bədii nəsrdə, eləcə də bədii-sənədli ədəbiyyat və sənətin digər sahələrində xüsusi növ sayılır. Daha da dəqiqləşdirsək, dünyada detektiv əsərləri bədii-vizual qol – istiqamət, bəzən də estetik tərz hesab edənlər də var. Fantastik, savaş, melodramatik əsərlərdə olduğu kimi, detektiv də əsasən çox mürəkkəb estetik-kulturoloji struktura malik olmayan, əsasən kütləvi və geniş oxucuya ünvanlanan əsərlər sinfinə də aid edilir. Amma elə klassik detektiv əsərlər var ki, artıq dünya ədəbiyyatının dəyərli nümunələri səviyyəsinə qalxa bilib. Üstəlik, son illərin ən maraqlı əsərlərinin özündə də detektiv hava, cəhətlər bir ədəbi vasitə səviyyəsində istifadə olunur. U.Ekonun “Qızılgülün adı”, O.Pamukun “Mənim adım qırmızı” və başqa dəyərli romanları yada salmaq kifayət edər, məncə.

           İstənilən halda detektiv ədəbiyyatın ən çox inkişaf etmiş qollarından, istiqamətlərindən biri sayılır. Düzdür, Azərbaycan ədəbiyyatında ona XX əsrin ikinci yarısından bu yana müraciət olunsa da, detektiv bir ədəbi-estetik qəlib olaraq hər zaman oxucuların, tamaşaçıların diqqətini cəlb edir…

              Ölkə Prezidenti İlham Əliyevin xüsusi Sərəncamıyla Xalq yazıçımız Azərbaycanımızın ən yüksək dövlət mükafatlarından biri ilə – “Şöhrət” ordeniylə təltif olunanda növbəti dəfə əmin olduq ki, istedadın sərhədləri hüdudsuzdur, dünən də, bu gün də olmasa, sabah, yaxud gələcəkdə fitri peşəkarlığa, bacarığa malik şəxslər tarix qarşısındakı xidmətlərinə görə əvvəl-axır dəyərini, qiymətini alırlar…

               Ədəbiyyat, mədəniyyət, humanitar-estetik sahələr üzrə aparılan bir çox mədəni-sosioloji araşdırmalar və ədəbi-kulturoloji monitorinqlərin nəticələrinə görə, Çingiz Abdullayev cəmiyyətimizdəki nüfuzuna, mövqeyinə, tutduğu yerinə görə ictimai-mədəni hadisələrə ciddi təsir imkanlarıyla yanaşı, yaratdığı əsərlərə görə də başqa yazıçılarımızdan, fikir adamlarından xüsusi çəkisi olaraq fərqlənir. Hətta 500 milyonluq qlobal rusdilli, – indi isə 300 milyonluq türkdilli məkanda, –  ədəbi-mədəni, humanitar-intellektual, sosial-fəlsəfi, ictimai-siyasi mühitlərdə orijinal düşüncə sahibi olaraq Ç.Abdullayevlə hesablaşan elitar təbəqə formalaşıb.

                  Müxtəlif nəsil Azərbaycan oxucusu nasir, ustad detektiv kimi bu imza sahibinin hər yeni əsərini maraqla izləyir, kitablarında, yazılı və elektron KİV-də, virtual resurslarda, yeni mediada, sosial şəbəkələrdəki statuslarında toxunduğu müxtəlif ciddi məsələlərlə tanış olur, cəmiyyəti düşündürən problemləri zamanında ədəbiyyata gətirdiyini razılıqla qarşılayır, aktual saydığı hər hansı bir mühüm sosial-siyasi prosesi, hadisəni, hərəkəti ictimai polemikaya transfer etmək baçarığını yüksək dəyərləndirir.

             Söz yox, Ç.Abdullayev yaradıcılığı barədə ümumiləşdirilmiş mülahizələrsiz qısa yazmaq qeyri-mümkündür: nəzərə almaq lazımdır ki, ustad detektivin irihəcmli əsərlərinin, roman və povestlərinin sayı iki yüzə yaxınlaşmaqdadır, onlar haqqında bir balaca yazıda geniş danışmaq mümkün deyil.

                Məhsuldar yazıçı, ictimai-mədəni aktivist, rəsmi ədəbiyyat xadimi olaraq Çingiz Abdullayev Azərbaycan Yazıçılar Birliyinin katibi, MDB ölkələri Yazıçılar İttifaqları Konfederasiyasının İdarə Heyəti üzvü və bu kimi onlarca məsul ictimai-sosial vəzifədə çalışdığını bilməyən çox az adam tapılar. XX əsrin ziyalılığı ilə XXI yüzilliyin intellektuallığını özündə cəmləyən bir milli qürur timsalı olan sadə, lakin böyük ürəyə sahib, unikal estetik-fəlsəfi fikrə malik bu tarixi-mədəni şəxsiyyətin işıqlı obrazını yaratmaq fikri elə də asan gəlməsin sizlərə: deyəsən, qeydlərim ənənəvi “yubileynamə” janrının tələblərindən kənara çıxmır.  

             Sözün bütün çalarında, Azərbaycan ədəbiyyatında, bəlkə də cəmiyyətimizin indiki mürəkkəb dövründə az adam tapmaq mümkündür ki, Çingiz Abdullayev kimi insani saflığını, ruhi duruluğunu saxlaya bilsin. Dostlarımızın arasında bəlkə də, azsaylı şəxslərdəndir ki, ayaqüstü görüşdüyümüz, qısa söhbətlər etdiyimiz, beş ədəbi söhbətdə iştirak etdiyimiz zaman hər dəfə ondan yeni nəsə öyrənə bilirik.

           Görkəmli yazıçı Çingiz Abdullayevin yaratdığı ədəbiyyatın bədii nəsr qolu, istiqaməti – detektiv, bellestrika məhsulları kimlərinsə estetik zövqünə uyğun gəlməyə bilər. Fəqət, nə vaxtlarsa uşaqlıq, yeniyetməlik və gənclik çağlarımızda bu qəbildən olan  bədii nümunələri həvəslə oxumuşuq. İndilərdə yalnız peşəmizlə əlaqədar ədəbi tənqidçi, daha çox isə kulturoloq kimi bu dəyərli nümunələri, xüsusən Xalq yazıçımızın sayı yüzlərlə ölçülən kitabları ilə tanış olan zaman yaşadığımız bu mürəkkəb zəmanənin çoxsaylı sirli şifrələrini sezəndə, ədibin düşüncələrinin dərinliyinə heyran qalırıq.

               Fəqət, zövq məsələsində mübahisələrin məntiqsizliyini yada salıb, bir məsələni də xüsusi vurğulamaq istəyirəm: real həyatla daha çox yaxınlığıyla seçilən, bir sıra hallarda müəllifdən futuroloji bilgilər, analitik təfəkkür, intellektual hazırlıq, müxtəlif biliklərə yüksək səviyyədə yiyələnmək, cəmiyyətdə baş verənlərlə yaxından, davamlı tanışlıq tələb edən ciddi detektiv ədəbiyyat, eləcə də onun ən çox oxunan janrları sayılan siyasi, tarixi, xəfiyyə, eləcə də polis detektivləri yaratmağın çətinliyi göz qabağındadır. Çingiz Abdullayev hələ gənc yaşlarından öz çiyinlərini bu ağır ədəbi yükün altına verdi, Qərb, eləcə də rus yazıçıları tərəfindən artıq inhisara alınmış bu estetik-bədii sahədə özünün məhsuldar yaradıcılıq cığırını aça, estetik yolunu yarada bildi. Dünya oxucusu tərəfindən maraqla qarşılanan çoxsaylı detektiv əsərlərini ustalıqla yaradaraq, nəinki lokal milli ədəbiyyat meydanında parıldadı, eyni zamanda qlobal çap-nəşriyyat biznes sahələrinə çıxış əldə etdi. Görkəmli söz sənətkarımızın 40-dan artıq xarici məmləkətdə  nəşr olunan əsərləri, əksər ölkələrdə milyon nüsxələrlə satılan kitabları və imzası dünyada Azərbaycanı, milli-mənəvi varlığımızı piar – təbliğ edən əsl qlobal art-brendimizə çevrildi.

              Azərbaycan – müsəlman türk yazıçısı olaraq bütün sadalanan ağrılı problemlərə sinə gərən bir kulturoloji fikir adamı kimi Çingiz Abdullayev titanik zehni əməyi nəticəsində millətimiz, dövlətimiz üçün bu qədər iş görürsə, onu və onun kimi milli sərvətimizə -insan kapitalımıza dəyər verməmək, gənc nəslə nümunə göstərməmək mümkündürmü!?

         P.S. Çingiz müəllimə bir “tənqidi” xatırlamamız: ustad, bir neçə vaxt bundan əvvəl siz demişdiniz ki, yaradıcılığımın yeni mərhələsində tarixi və intellektual, bir qədər də fəlsəfi nəsr əsərləri ilə oxucularımı təəccübləndirəcəyəm. Zamanı yetişməyibmi?!

Müəllif :Aydın XAN

AYDIN XANIN DİGƏR YAZILARI

KİTABLARIN SATIŞININ TƏŞKİLİ >>>> BİTİK.AZ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QƏDİM MİSİRDƏKİ SİRLƏR

Tanrıverdi Əliyev yazır – Misir…

Qədim misirlilərin tarixdəki ixtiraları, kəşfləri, əsərləri habelə, elmə gətirdiyi yeniliklər bütün insanlığı özünə valeh etmişdir. Bir çox misiroloqlar (misirşünaslar) müxtəlif nəzəriyyələr, fikirlər irəli sürmüş lakin, əksəriyyəti öz teorilərini isbat edə bilməmişdir. Biz bu məqalədə fikirləri sübuta yetən misiroloqların əsərlərini bir yerə toplayıb hətta, doğru bilinən bəzi yanlışlıqları da üzə çıxarmışıq.

Misirlilər və ədəbiyyat

Dünya miqyasında “elmdəki bir çox əsas anlayışların qərbdə yarandığı” ideyası geniş təbliğ edilmiş, şərq elmi və şərq alimləri II dərəcəli üzv olaraq qiymətləndirilmişdir. Halbuki, tarixə nəzər yetirdikdə görünür ki, qərblilər elmin zatını şərqdən öyrənmiş ya da oğurlamışdırlar. Misal üçün “Səlib yürüşləri” ərəfəsində bir çox şərq aliminin əsəri qərbə aparılmış və qərblilərin adından bütün dünyaya tanıdılmışdı. Qərb tarixçisi Hegel iddia etmişdir ki, “Qədim Misirdə ədəbiyyat olmamışdır, onların özünəməxsus təfəkkür tərzi vardır, estetik həssaslıqdan məhrum idilər. Buna görə də onların(ümumən şərq xalqlarının) yaradıcılıq qabiliyyəti yox idi”. Bu nəzəriyyə illər boyu dünya tarixində hakim mövqedə idi. Lakin, sonradan Emanuell de Ruje “İki qardaş nağılı” üzərindəki tədqiqatı nəticəsində bu fikirin səhv olduğu sübut edildi. Onu da qeyd edək ki, bir vaxtlar buna oxşar fikirlər Şumerlər üçün də keçərli idi. Lakin sonradan yəhudi tarixçisi Samuel Noah Kramer(İşmuil Nuh Kramer) “tarix Şumerən başlayır!” adlı kitab yazaraq bu yersiz şübhəni aradan qaldırmışdı. De Rujun tədqiqatından sonra misiroloqlar(avropada egyptolog) Misir ədəbiyyatını araşdırmağa başladılar. Və həqiqətən elmin ədəbiyyat sahəsində inqlab baş verdi. Qədim Misirdə insanlığın

İlk ədəbiyyatının təməli qoyulmuşdu. Ölülər kitabı, mifologiyalar, Ehram kitabları və.s Qeyd etmək lazımdır ki, Misirdə şeiriyyat da geniş yayılmışdır. Hətta, Misir Fironu IVAmonhotep(Exnaton) Allah(qədim misircə Aton) haqqında şeir belə yazmışdır.

Nümunə

Ey parıltını sübh çağı yayan,

Nur Aton həyat verən

Hər gün şərqdən peyda olursan

Hər yerə işıq saçırsan…

Misirdə ədəbiyyatın inkişaf etməsini sübut edən əsas amillərdən biri də “Ölülər kitabı”nın varlığıdır. Kitabda tanrılardan və mifoloji mətnlərdən bəhs edilir.

Kitabdan nümunə

“Ey göylərdə pərvaz edən müqqəddəs Amon-Ra…Mən sənə yalvarıram, mənim rədd edilməyimə, cəhənnəm atəşinə düşməyimə imkan vermə”.

Osiris məhkəməsindən nümunə

… Ey Usex-nemtut, İunda mövcud, mən pislik etməmişəm! Ey Xepet-sedced, Xer-axada mövcud, mən oğurlamamışam! Ey Denci, Xemendə mövcud, mən paxıllıq etməmişəm! Ey …

Misirlilər tək ədəbiyyat sahəsində elmdə inqlab etməmişdir. Bütün elm sahələrində demək olar ki, “ilklər” misirlilərə məxsusdur. Onu da qeyd edim ki, yunan filosoflarının bəzilərinin, hətta Platonun fəlsəfi düşüncələrinin meydana gəlməsində misirlilərin əvəzsiz rolu vardır.

Pramidaların tikilməsinin sirri

Türk araşdırmaçı Ayhan Çakmurun dediyinə görə “Misir mədəniyyətini araşdıran misirşünaslar sirləri papiruslarda, daş kitabələrdə, hətta səmada belə axtardılar, lakin cavab yerin altında idi”. Bunun fərqinə varan ilk şəxs misirşünas, mineroloq Cozef Davidovits idi. Onun fikrincə pramidalar tökmə beton vasitəsi ilə inşa edilmişdir. Yəni neçə tonluq blok daşlar uzaq diyarlardan gətirilib, üst-üstə qoyulmamışdır. Maye halında olarkən tökülüb hazırlanırdı. Apardığı tədqiqata görə taxta qutuya əhəng, gil, kostik soda əlavə edilir. Nəticədə xəmir kimi maddə əmələ gəlirdi. Həmin maddədə bir-neçə saat sonra minerallar kimyəvi reaksiyaya daxil olur, 1 ay sonra bəyaz daşa(betona) çevirilirdi. Davidovitsin dediyinə görə Pramidaların tikintisində bu kimyəvi reaksiyadan alınmış tökmə betondan istifadə olunurdu. Halbuki, bəzi qərb tarixçiləri iddia etmişdilər ki, beton ilk dəfə S.P.Q.R (Romada) ixtira olunubdur. Ayhan Çakmurun dediyinə görə “misirlilər taxtadan qəliblər(böyük qablar) hazırlayaraq betonu həmin qəliblərə tökmüşdülər. Mərtəbə-mərtəbə tökmə beton vasitəsi ilə pramidalar inşa edilmişdir. Onsuz da 28 tonluq daşları yuxarı nəql etmək(daşımaq) mümkün deyildi.” Təkrar edirik:

*İlk öncə hamar yerə beton tökülür.

*taxta qəliblərdən istifadə edərək funtament qurulur.

*Daha sonra isə mərtəbə-mərtəbə taxta qəliblərin daxilinə beton tökülür.

*Nəticədə pramida hazır olurdu.

Qeyd: Pramidaların tikintisi ilə əlaqədar tədqiqatçı dostumuz Ayhan Çakmurun videolarını izləyə bilərsiniz.

Misirlilərin riyazi sirləri

Qədim misirlilər riyaziyyatdakı metr, santimetr, desimetr kimi ölçü vahidlərini bir damla su vasitəsi ilə ölçürdülər. Misiroloq Fehmi Krasniqin fikrinə görə Nil çayının istənilən yerindən bir damla su götürüb qranit daş üzərinə əlavə etdikdə 90% ölçüsü 1sm olurdu. Misirlilər 1 damla suya 1 firon barmağı, 10 damla suya 1 firon əli, 100 damla suya da 1 firon ayağı adını vermişdilər. Əsrlər sonra fransızlar bu məlumatı əldə edib 1795-ci ildə öz adlarına çıxarıb, bütün dünyaya təqdim etmişdilər. Ayhan Çakmurun dediyinə görə Misirlilər “Pi(3.14) ədədini” hesablaya bilirdilər. Bunun üçün 1 metr çapındakı bir dairənin(təkəri) ətrafına kəndir bağladılar. Kəndiri çıxarıb ölçdülər. Nəticədə cavab 3 metr 14 santimetr olaraq hesablandı. Bir çox tarixçi insanlara “Pi ədədi”nin müəllifi Arximeddir deyə təqdim etmişdir. Lakin, Arximed onu kəşf etməmiş, misirli kahinlər tərəfindən ona öyrədilmişdir. Ayhan Çakmur qeyd edir ki, misirlilər 1 metr çapındakı diskin 1/6 hissəsini götürüb ölçdülər. Cavabı 52.36 sm olaraq əldə etdilər. Bu hesablamanı hər yerdə tətbiq etdikdə, nəticə sabit olaraq qalırdı. Misirlilər bu sabitliyə fironluq sabiti( müasir fizikada constant) adını verdilər. Misirlilər “Qızıl nisbət”dən də xəbərdar idilər. Tarixdə yunan riyaziyyatçı Evklidin kəşfi olaraq qeyd olunan “Qızıl nisbət” bölgüsü əslində misirlilərə məxsusdur. Evklidin dünyaya gəlməsindən təqribən 1000 il əvvəl Firon Coserin vəziri dünya tarixinin ilk memarı- İmhotep bütün tikintilərində “Qızıl nisbət”dən istifadə etmişdir. Əlavə məlumat olaraq qeyd edim ki, misirlilər “Fibonaççi” ədədlərindən də xəbərdar idilər. İtaliyan riyaziyyatçı Leonardo Fibonaççidən 3000 il əvvəl misirli memarlar fibonaççi hesablaması ilə tikililər inşa etmişdirlər. Misiroloqların dediyinə görə Xefren pramidası və Exnaton(Amarna)sarayı fibonaççi sistemində tikilmişdir. Maraqlı məlumatlardan biri də budur ki, böyük Misir pramidası 3-4-5 üçbucağı ölçüsündə tikilmişdir. Riyaziyyatçılar bu üçbucağa Pifaqor üçbucağı deyir. Lakin, bu üçbucaq Pifaqor anadan olmazdan öncə Qədim Misirlilər tərəfindən pramidalara tətbiq edilirdi. Qeyd etmək lazımdır ki, Xeops ehramının həm daxilinə həm xaricinə çevrə çəkib, onları hesabladıqda 299.79… ədədi alnırdı. Bu ədəd işıq sürətinə(299.792…) bərabər ədəddir.

Qədim Misirdə enerji

Misirlilər şüşə vasitəsi ilə Günəşdən enerji əldə edib bərk cisimləri əridə bilirdilər. Mineroloq Davidoviçin tədqiqatına görə natrium ilə əhəng qarışdırılır və kostik soda əldə edilir. Daha sonra isə kostik soda, ağ qum və su ilə qarışdırılıb,10000C də qaynadılır. Nəticədə natrium-silikat əldə edilir. Natrium-silikat yəni maye şüşə kalium-silikat ilə qarışdırılır. Bir neçə gün sonra reaksiya bitir və nəticədə şüşə əldə edilir. Şüşənin ölçüsü nəqədər böyük olsa, istiliyi əks etdirməsi (əritməsi) də çox olurdu. Misirlilər bərk maddələri əridərək qəliblərə(qablara) tökür, bununla da daş heykəllər yaradırdılar. Bir çox məbədin tikintisində də əridilmiş daşlardan ya da tökmə betondan istifadə edilmişdir. Tədqiqatçı Fehmi Krasniqin dediyinə görə, misirlilər saatı da ixtira etmişdilər. Bir günü 24 saata, 1 saatı da 60 dəqiqəyə bölüb, hesablamışdılar. İstifadə etdikləri saat “su saatı” və ya Misir dilində “klepsidra” adlanırdı.

Misirlilər və astronomiya

Həmin o böyük şüşə vasitəsi ilə misirlilər gecə vaxtı səmanı müşahidə edə bilirdilər. Müşahidələr vasitəsi ilə misirlilər Sirius və Alnilam ulduzlarına nisbətən pramidaları inşa etmişdilər. Belə ki, 4 dekabr saat 00:00-da 39o,491ilə “Sirius ulduzu” görünürdü. Alnilam ulduzu isə 11 noyabr saat 00:00-da 45o,001 da firon otağını işıqlandırırdı. Misiroloq Fehmi Krasniqinin fikrinə görə Misirlilərin pramidaları ulduzlara nisbətən inşa etmələrinin səbəbi fironun ölüm tarixi və pramidanın tikiliş vaxtını tarixə həkk etmək idi.Qeyd etmək lazımdır ki, ulduzlar vasitəsi ilə biz “Xeops” ehramının hansı tarixdə(e.ə 2560-2540) tikildiyini müəyyən edə bilirik.

“Qədim Şərq dünyası”, xüsusən də “Qədim Misir” haqqında geniş məlumat əldə etmək istəyən dəyərli oxucularımız məqalənin sonunda araşdırma zamanı istifadə etdiyimiz mənbələrlə tanış ola bilərlər.

İstifadə olunmuş mənbələr:

Tərlan Novruzov – Qədim Şərq Ədəbiyyatı (Misir Ədəbiyyatı)

Ayhan Çakmur videoları- Mısır gerçekleri

Cozef Davidovits çalışmaları- (Journal of American Ceramic Society)

Fehmi Krasniqi- Le film Grande Pyramide K 2019 Relisteur

Müəllif:Tanrıverdi ƏLİYEV

TANRIVERDİ ƏLİYEVİN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZARLAR ÜÇÜN “BİTİK.AZ” SAYTI İSTİFADƏYƏ VERİLDİ

BİTİK.AZ – KİTAB və ORİJİNAL HƏDİYYƏLƏR SATILAN SAYT

15 iyun 2021 – ci il tarixindən etibarən “Yazarlar”  jurnalının yeni layihəsi olan müstəqil olaraq fəaliyyət göstərəcək kitabların mərkəzləşdirilmiş qaydada, ən ucuz xidməthaqqı müqabilində satışını həyata keçirəcək “BİTİK.AZ” saytı fəaliyyətə başlayıb.

“Yazarlar”  jurnalı BİTİK.AZ müstəqil satış platformasını yaratmaqda aşağıdakı məqsədlərə çatmağı hədəfləyir:

– “Yazarlar”  və “Xəzan”  jurnallarının istənilən nömrəsinin sifarişlə sabit, eyni zamanda stabil qaydada yazarlarımıza və oxucularımıza əlçatanlığını  təmin etmək,

– Yazarlarımızın, elm adamlarımızın, araşdırmaçıların, ayrı-ayrı memuarlar yazan şəxslərin min bir əziyyətlə ərsəyə gətirdikləri kitabların satışında rastlaşdıqları çətinlikləri (çətinlik əsasən müraciət etməli konkret bir ünvanın olmamasıdır – onların artıq “BİTİK.AZ” timsalında  müraciət edəcəkləri  belə bir ünvan var ) aradan qaldırmaq,

– Və ən əsası kitab və jurnaların oxuculara sifarişlə Bakı şəhərində (ölkə daxilində və xaricində poçt xidməti vasitəsi ilə) çatdırılmasını təmin etmək.

Dəyərli kitab müəllifləri və nəşriyyat əməkdaşları siz də həm BİTİK.AZ saytını ziyarət etməklə, həm də aşağıdakı əlaqə vasitələrindən istifadə etməklə satışını təşkil etmək istədiyiniz çap məhsulları barədə bizimlə sövdələşmələr edə bilərsiniz:

Mob (WhatsApp): 070-390-39-93
Mob: 070-500-63-36 WhatsApp: 070-356-71-26


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru