Hərə dünyaya bir missiya ilə gəlir. Zaur Ustac da şairlik missiyasını yerinə yetirmək üçün qələmdən yapışmalı olub və ilk şeirlərindən anadan şair doğulduğunu təsdiqləyib.
Zaur poeziyasının işığında görürsən ki, qələm ona, o da qələmə yaraşır. Qələmlə ülfət bağlayan şair ürəyindən gəlməyən bir misranı da yazıya almayıb. Bu da onu göstərir ki, şair ülfət bağladığı qələminə xəyanət etməyib, etməyir və etməyəcək də…
Şairin “Sevgi dolu şeirlər” kitabını (2024) böyük maraqla, həvəslə, həm də həyəcanla oxudum. Ürəyim ağappaq işıq selinə büründü, duyğularım təzələndi və ruhumu qidalandıran şeirlər Zaurun söz dünyasının təmizliyindən, saflığından, halallığından xəbər verməklə yanaşı, həm də şairin vətənə, torpağa, yurd yerinə… böyük sevgisinin göstəricisidir.
Zaurun təkcə “Ağ çiçəyim” şeirilə onun vətən sevgisini, yurdun hər gülünü, çiçəyini necə əzizlədiyini, onlara müqəddəs bir varlıq kimi baxdığını hiss edirsən. Hiss edirsən ki, “Xoş gördük, günaydın, ay Ağ çiçəyim!” – deyən şairin ürəyindən süzülən səmimi, kövrək misralar ruhumuzu sığallayır və o, gözəl bir təbiət mənzərəsini Ağ çiçəyin timsalında rəssam kimi çəkərək gözlərimiz önündə canlandırır. Sözlə Ağ çiçəyin şəklini çəkən, çiçəyi insaniləşdirib onunla söhbət edən şair inandırıcı, təsiredici misraları inci kimi ard-arda düzərək həm gözümüzü, həm də könlümüzü oxşayır.
Dümağsan, qar sənin yanında qara,
Tanrım rüsxət verib, baxmayıb qara.
Bu qarlı qış hara, tər çiçək hara?
Xoş gördük, günaydın, ay Ağ çiçəyim!
Zaurun hər şeiri onun həm yaradıcılığını, həm məramını, məsləkini səciyyələndirir, həm də hiss olunur ki, onun hər bir poetik misrası qətiyyən pafos xatirinə yazılmayıb, hər misra onun iç dünyasından qopub gələn ən kövrək, ən həzin, ən səmimi hisslərdir, duyğulardır. Duyğularını, hisslərini, fikir və düşüncələrini şeirlərinə hopduran, hər “sözə ehya” verən Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabını çəkinmədən, cəsarətlə ədəbi hadisə saya bilərəm. Bu fikrimdə haqlıyam. Çünki ədəbiyyatın ədəbi tarixinə yazıla biləcək bu misraları onun kimi yazan olarmı? “Yelləncək” şeirində oxuyuruq:
Çiçəklər ruhumun yelləncəyidir,
Ruhumu asmışam nar çiçəyindən.
Arzular dünyamın gələcəyidir,
Arzumu tutmuşam bar çiçəyindən.
Bu poetik misraları oxuyandan sonra düşündüm ki, Zaurun özü də işıqdır, sözü də. Onun sözünün işığında ziyarətgaha doğru üz tutub getmək olar. Çünki şair sözünün işığında mənən saflaşırsan, ruhən təmizlənirsən, imam övladı olursan! Ziyarətgaha da məhz mənən təmiz və halal adam kimi getməlisən ki, ziyarətin də qəbul oluna.
Bu misraların işığında müqəddəs yerlərə ziyarətə necə getməyə bilərsən? Və həm də ziyarətə Qarabağ atının belində getmək necə də gözəl olardı!
Anası Günəşdi, atası Aydı,
“Qıratdı”, “Düratdı” Qarabağ atı!
Tanrı ərməğanı, butadı, paydı,
Baratdı, muraddı, Qarabağ atı!
“Sevgi dolu şeirlər”də idrak və təsvir üslubu təzə, orijinaldır, həyati, dünyəvidir, təbii və ülvidir. Təbii və ülvi olduğuna görə də şeirləri ürəyə yatımlıdır, könül rahatlığı gətirəndir, oxucunu yaşamağa ruhlandıran, həyatdan zövq almağa, sevib-sevilməyə, qurub-yaratmağa, insanlara yaxşılıq etməyə, savab işlər görməyə səsləyəndir. Bu şeirlərə hopmuş hissləri, duyğuları canlı səs kimi eşitmək olur, çünki şair havada uçuşan səsləri “tutub” şeirə gətirərək oxuculara təqdim edir. Oxucular da bu şeirlərdə öz hisslərini, duyğularını, fikir və düşüncələrini hiss edir, ürək döyüntülərini, qəlb çırpıntılarını duyur. Şairin ürək döyüntülərilə oxucuların ürək döyüntüləri üst-üstə düşür ki, bu da Zaur Ustacın əsl şair olduğunun göstəricisidir.
“Sevgi dolu şeirlər” kitabını bir nəfəsə oxusam da gəldiyim qənaət budur ki, Zaur Ustac sözün həqiqi mənasında lirik duyğular şairidir, fikir və düşüncə şairidir. Onun şeirlərində fəlsəfi fikirlər özünü qabarıq şəkildə göstərir, eləcə də onun şeirlərində yalan və uydurma bir misraya, misralarında “laxlayan”, yerində olmayan bir sözə, bayağı, cılız hisslərə, saxta, boğazdan yuxarı deyilən, cansıxıcı bir misraya da rast gəlmək mümkün deyil. Nə yaxşı ki, onun şeirlərində ümid işığı var, bu günə, gələcəyə inam dolu ovqat var, mübarizəyə çağırış var, namərdlərə, şeytan adamlara nifrət var. Bu, belə olmalıdır. Axı o, şeirlərinin birində haqlı olaraq “Ustacam” deyir. “Ustacam” deyən şair ancaq düzü-düz, əyrini – əyri yaza bilər, qələmilə vətənə, millətə, Azərbaycan ədəbiyyatına xidmət edə bilər.
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam.
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam.
Onu da deməyi özümə borc bilirəm ki, şairin şeirlərinin “dili” təbii və sadədir. Təbii və sadə olduğu qədər də xəlqidir. Onun şeirlərində poetik ritm pozulmur, misralar həzin bulaq kimi ürəyə rahatlıq gətirir, ovqatı təzələyir, şairin vətənpərvərlik duyğularından, yurd yerinə sevgisindən xəbər verir:
Gəzdim qarış-qarış doğma torpağı,
Hər dağda, dərədə izim var mənim.
Hələ keçilməmiş uca dağların,
Uca zirvəsində gözüm var mənim.
(Gəzdim)
“Sevgi dolu şeirlər”in işığında sonetlər su çəkən kimi məni özünə çəkdi. Gözlərim önündə “Yazıçı” nəşriyyatında ötən əsrin 70-ci illərində çap olunan V. Şekspirin “Sonetlər” kitabı canlandı. O vaxtdan bu günə kimi Azərbaycan şairlərinin qələmindən (B. Adil istisna olmaqla) çıxan sonetləri oxumamışdım, görünür, rastıma çıxmamışdı, yoxsa gözümdən yayınmazdı. Bir sözlə, az qala əlli ilə yaxın idi ki, sonet janrında şeir oxumamışdım, amma Zaurun qələmindən çıxan sonetləri böyük maraqla, böyük həvəslə oxudum. Heyrətdən əllərim üzümdə qaldı. Bu sonetlərin sehrinə düşdüm, cazibə qüvvəsindən çıxa bilmədim. Nə vaxtsa Zaurun sonetlərindən söz açmaq arzusu ilə sözümü tamama yetirmək istəyirəm. Həm də istəyirəm ki, bilələr: Zaur Ustac müasir Azərbaycan poeziyasına yeni nəfəs və ovqat bəxş etmiş istedadlı bir şairdir. Onun ürəklərə yol tapan hər bir şeiri Zaur dünyasının böyüklüyündən, Zaur yaradıcılığının zənginliyindən, novatorluğundan xəbər verir.
“Sevgi dolu şeirlər” onun zəngin və çoxşaxəli yaradıcılığından süzülən bir damla nurdur. Bu nurun özündə bir Günəş işığı var. Bu günəşin işığına yığışıb şair qəlbindən süzülüb gələn şeirləri oxuyun, bu şeirlərin sehr-cazibəsinə düşün və unutmayın ki, Zaur Ustac kimi haqqa üz tutan şairlərin yanında olmaq Allaha da xoş gələr. Allahın xoşuna gəlməyi kim istəməz ki?
Səməd müəllim sinifə göz gəzdirib siqaret çəkməkdən saralmış bığlarını tumarladı və ağzında laxlayıb qurbağa kimi yerə hoppanmaq istəyən protez dişlərini bir-birinə sıxıb yerini möhkəmlədəndən sonra üzünü Elgünə tutub soruşdu:
– Atan rusetdən nə vaxt gələcək?
Elgün cavab əvəzinə çiyinlərini çəkdi. Sonra da bic-bic gülümsəyərək dilləndi: – Məndən şikayət edəcəksən?
– Yox, Elgün bala! Səndən niyə şikayət etməliyəm, axı? İngilis dilini öyrənmək istəmirsən, öyrənmə. Bu sənin öz işindir. – Yenidən saralmış bığlarını tumarlayıb bu dəfə Vasifə yaxınlaşdı, sağ əlini onun sol çiyninə qoyub soruşdu:
– Bəs sənin atan nə vaxt gələcək?
Vasif başını qaldırıb Səməd müəllimin gözlərinin içinə, sonra da onun üzünə baxdı. Səməd müəllimin çuxura düşmüş gözlərinin içində bir kədər vardı. Bu kədər onun gözlərinin içində «oturub» sanki Vasifin nə cavab verəcəyini gözləyirdi.
– Atam dünən axşam gəlib. – Vasifin səsində bir sevinc vardı. – Məktəb bağlanan kimi məni də özüylə rusetə aparacaq. – Fəxrlə bildirdi.
Məktəbin bağlanmasına hələ bir ay qalırdı. Bir aydan sonra Vasif doqquzuncu sinifi bitirəcəkdi.
– Səndəmi gül satan olacaqsan? – Maraqlandı. Amma onun cavabını gözləmədən gedib üstünə yaşıl örtük salınmış stolun arxasında oturub gözlərini bir nöqtəyə zillədi. Az sonra sağ əlinin barmaqları ilə qırışmış alnına sığal çəkərək gözaltı Vasifə baxdı və ağır-ağır köks ötürdü: «Kaş ki, onun yerində mən olaydım. Mənim də atam rusetə gedib-gələydi». – Kövrəldi. Hönkürüb ağlamaqdan özünü güclə saxladı. Özünü birtəhər ələ alıb bu dəfə Elgünə sarı boylandı. Elgün gözlərini az qala kitab boyda olan telefona zilləyərək gah içini çəkir, gah da onunla yanaşı oturan Rəşidə sarı əyilib nəsə deyirdi. Və söz yox ki, onun nə dediyini Rəşiddən başqa heç kim eşitmirdi. Rəşidin də arabir içini çəkməyindən hiss olunurdu ki, Elgün az qala kitab boyda olan telefonda maraqla nəyəsə baxırdı. «Görəsən, o nəyə baxır?» – Maraq Səməd müəllimə güc gəldi və yaşına uyğun olmayan cəldliklə yerindən sıçrayıb bir göz qırpımında ley kimi Elgünün başının üstünü kəsdirdi. Bu elə tez baş verdi ki, Elgün telefonu partanın altında gizlətməyə belə macal tapa bilmədi. Səməd müəllimin çuxura düşmüş gözləri az qala kitab boyda olan telefonun ekranına dikildi və o, yerindəcə donub qaldı. Nəsə demək istədi, sanki dodaqlarına qıfıl vurulmuşdu, tərpədə bilmədi.
Elgün telefonu söndürüb başını yuxarı qaldırdı və hırıltılı səslə:
– İndi hamı belə şeylərə baxır, – dedi. Səməd müəllim başını bulayıb dalı-dalı geri çəkildi, özünü birtəhər stula yaxınlaşdırıb oturdu. Oturmasaydı, yıxılacaqdı.
Zəngin vurulmasına hələ iyirmi dəqiqə qalırdı. İyirmi dəqiqədən sonra Səməd müəllim üstünə 9b yazılmış jurnalı qoltuğuna vurub sinif otağından çıxacaqdı.
…Bir vaxtlar o da şagird idi. Sinifdə hamıdan yaxşı oxuyurdu. Onunla bir partada oturan Əlişin beyninin qurdu tərpənən kimi şuluqluq salar, dərsi pozar, müəllimləri özündən çıxarardı. Əliş Vasifin atası idi, amma Vasif atasına oxşamırdı, dərslərini oxumasa da, dərsdə cınqırınnı çıxarmırdı. O da atası Əliş kimi hırnan-zırı qanmırdı. Əliş «hırnan-zırı» qanmadığına görə də səkkizinci sinifi tramvay altında qalan «üçlə» qurtarıb oxumağın daşını birdəfəlik atmışdı. Vasif də özü demikən, doqquzu bitirən kimi çıxıb rusetə gedəcəkdi.
O vaxtlar müəllimlər Əlişdən gileylənir, «bu uşağın axırı necə olacaq» – deyirdilər. Həftədə az qala bir dəfə Əlişin atasını – mantyor Sərdarı məktəbə çağırırdılar. Ədəbiyyat müəllimi yana-yana deyirdi ki, oğlun Əliş böyük şairimiz Səməd Vurğunu tanımır. Deyirəm ki, ay bala, Səməd Vurğun kimdir? – Deyir ki, üzüm briqadiri. Tarix müəllimi deyirdi ki, ay Sərdar kişi, oğlundan soruşuram ki, Şaumyan kimdir? Eşit gör, nə deyir! Deyir ki, Ələddinin oğlu! Mən də bilirəm ki, şofer Ələddinin oğlunun adı Şaumyandı. Axı mən ondan Stepan Şaumyanı soruşuram.
Coğrafiyadan dərs deyən Məleykə müəllimə isə hirsindən əlləri əsə-əsə deyirdi: – Ay Sərdar qardaş, Əlişin üstündə göz-qulaq ol! Qoy kitab ağzı açsın, oxuyub adam olsun! O günü xəritədə Moskvanın yerini göstərəmmədi. Bilmirəm, neyləyim! Hələ bu harasıdır. Soruşuram ki, ay bala, Fransa harada yerləşir? – Gözlərini döyür. – Hər dəfə müəllimlər növbə ilə mantyor Sərdarın üstünə düşəndə o da boynunu büküb yazıq bir görkəm alırdı. Və günlərin bir günü gözlənilmədən bir hadisə baş verdi. Hər dəfə müəllimlər otağına çağrılanda yazıq bir görkəm alan mantyor Sərdar birdən-birə yaralı şirə dönüb səsinin tonunu qaldırdı. O, əvvəlcə üzünü İdris müəllimə tutub dedi: – Müəllim, xətrini çox istəyirəm. Ancaq mənim oğlum Səməd Vurğunu tanımayanda, nə bilim, özün dediyin kimi felin keçmiş zamanında bir cümlə işlədə bilməyəndə dünya dağılacaq? Əlbəttə, dağılmayacaq. – Sonra da o, üzünü Sahib müəllimə tutub hirsini güclə boğaraq: «Sənin o Şaumyanın, nə bilim Birinci Pyoturun, Nikolayın… oğlum Əlişin nəyinə lazımdı? – dedi. – Bəlkə lazımdı? Sən de, qoy mən də bilim! – Mantyor Sərdar özündə deyildi. Az qala qışqıra-qışqıra Məleykə müəllimə yaxınlaşdı: – Ay Məleykə müəllimə, deyirsən ki, Əliş xəritədə doğma Moskvanı göstərə bilmir, nə bilim, Fransanın harada yerləşdiyindən xəbəri yoxdur. Xəbəri olmasın də…Bunun üçün basıb oğlumun gözünü çıxartmalıyam? Bəsdirin, siz allah! – Mantyor Sərdar sözünü tamamlayıb gözünü Məleykə müəllimdən çəkdi və yan-yörəsinə boylandı. Müəllimlər ayaq üstə dayanıb ağızları açıq halda ona baxırdılar. Sanki müəllimlərin hər biri buz bağlamışdı. Gün işığı düşməsəydi, əriməyəcəkdilər… Elə bu zaman zəng çalındı və «buza dönmüş» müəllimlərin üstünə gün işığının düşməsinə ehtiyac qalmadı. Onlar hərəkətsiz qaldıqları yerdən tərpəndilər və hərə öz jurnalını qoltuğuna vurub dərs demək üçün müəllimlər otağından çıxdılar….
***
Səməd müəllim həyətə düşüb bir anlıq ayaq saxladı. Sonra da iti addımlarla küçəyə çıxdı. Bir az getmişdi ki, yenə də ayaq saxladı. «Paşa market»ə çatmağa iki yüz metr qalırdı. Onun market»ə 77 marat borcu vardı. Düz iki aydan çoxuydu ki, borcunu ödəyə bilmirdi. Borcunu ödəyə bilmədiyinə görə də «Paşa market»dən ona sonuncu dəfə xəbərdarlıq eləmişdilər. Xəbərdarlıq eləmişdilər ki, əgər borcunu bir həftəyə ödəməsən, səni kənd içində biabır edəcəyik. Hələ bu azmış kimi, özügəldi Paşanın arvadı dünən yolda onun qabağını kəsib belə demişdi: – Əə, müəllim adamsan, borcunu niyə vermirsən? Bəlkə dədəmin dədənə borcu var? Bax, budur sənə deyirəm, mənim gül ağzımı açdırma, günü sabah borcunu gətirib verməsən, mən bilirəm ki, neyləyəcəyəm! – Neyləyəcəksən? – Səməd müəllimin səsi güclə çıxmışdı. – Arvadını iki yetimçənnən birgə dalına şəlləyəcəyəm! – Sonra da özügəldi Paşanın arvadı ona çəpəki bir nəzər salıb: – müəllimə bax! – deyərək hirslə yerə tüpürəndə Səməd müəllim qeyri-ixtiyari olaraq cibindən dəsmalını çıxarıb üzünü silmişdi və sonra da güclə eşidiləcək bir tərzdə demişdi: «Kaş ki, müəllim olduğum günə daş düşəydi». – Nə deyirsən? – Özügəldi Paşanın arvadı əlini belinə qoyub boru kimi guruldayanda Səməd müəllim qorxusundan səsini çıxarmadı.
Elə o gündən Səməd müəllim özü öz gözündən düşdü və müəllimliyin daşını birdəfəlik atacağı barədə götür-qoy elədi. Sonra da nə fikirləşdisə də Əliş rusetdən gələnə kimi gözləməyə qərar verdi. O, Əlişlə bir sinifdə oxumuşdu. Bir sinifdə oxumuşdu deyəndə Əliş səkkizinci sinifdən çıxıb özü demişkən «məktəbdən canını bir yolluq qurtarmışdı». Əliş məktəbdən canını biryolluq qurtarandan sonra ilk dəfə əmisi Abbasla Aşqabada alma-armud satmağa getmişdi. Sonra Abbas xərcəngə tutuldu və qardaşı oğluna «alverin sirlərini» axıra kimi öyrədə bilmədi. «Alverin sirlərini» Əliş əsgərlikdən gələndən sonra özü öyrəndi və öyrəndiklərini Moskvada tətbiq eləyəndə Səməd Bakıda ikinci kursda oxuyurdu. O vaxtdan çox illər ötüb keçib, çox şey dəyişib. Əlişə indi «Çiçək Əliş» deyirlər. «Çiçək Əliş» bir vaxtlar xəritədə yerini göstərə bilmədiyi Fransadan müxtəlif ətirlər, Hollandiyadan isə Moskvaya «tır»larla gül göndərirdi…
Səməd müəllim yerində bir xeyli dayanıb götür-qoy elədi. O, «Paşa market»in yanından keçməyə ürək eləmirdi, qorxurdu. Qorxurdu ki, Paşanın arvadı onu görən kimi abırını ətəyinə bükəcək, dördyol ayrıcına yığılan kişilərin yanında onu tulasifət eləyib olub-qalan hörmətini də ayaqları altınnda tapdalayacaq. Zalım qızı Əzrayılın özünü də döyüşə çağıra bilərdi. Keçi kimi yaman tərs idi. Dediyindən dönməzdi. Ona sonuncu xəbərdarlığı da elə-belə deyildi. Bu xəbərdarlığın içində böyük bir hay-küy «gizlənmişdi».
«Ay Allah, məni itə döndər, pişiyə döndər» – istər-istəməz hər iki əlini göyə qaldırdı. – Qoy it olum, pişik olum, sevmədiyin donuz olum, bircə Səməd müəllim olmayım. İt olsam, pişik olsam «Paşa market» in qabağından rahatca sivişib keçə bilərəm, ancaq oradan keçmək mənim üçün qıl körpüsündən keçməkdən də qorxuludur. – Qəfildən göyün üzü tutuldu və yağış yağmağa başladı. – Allah məni eşitdi. – Uşaq kimi sevindi. İndi dördyolayrıcında bir nəfər də gözə dəymirdi. – Sənə qurban olum, ay Allah! – O, bu sözləri deyib uşaq kimi yerindən götürüldü. Yüyürə-yüyürə fikirləşdi ki, Allah məni niyə itə, pişiyə, yaxud donuza döndərmədi? – O, «Paşa market»in yanından güllə kimi keçib o biri küçənin girəcəyində dayandı. Yağış qəfil yağdığı kimi qəfil də dayandı. Dodaqlarına təbəssüm qondu. Uşaq kimi sevindi və sevincindən atılıb-düşmək istədi. O, «Paşa market»in yanından qorxusuz-hürküsüz keçdiyinə görə yox, Əlişin dünən axşam rusetdən gəldiyinə görə sevinirdi. Onu görmək üçün yoluna davam elədi. Bir az gedib sağ tərəfə buruldu. Sağ tərəfdə üç mərtəbəli bir «villa» buludlardan nəm çəkirdi. «Villa»nın qabağında qara rəngli bir avtomobil dayanmışdı. «Əliş evdədir!». – gözlərinə işıq gəldi. Amma bayaq elə haldaydı ki, bıçaq vursan qanı çıxmazdı. İndi isə. Hər dəfə qorxa-qorxa «Paşa market»in qabağından keçəndə ley görmüş sərçə kimi gizlənməyə yer axtarmırdı. Böyük ümidlərlə sinif yoldaşı Əlişin qapısına gəlmişdi. Gəlmişdi ki… Elə bu zaman dəmir darvazanın qızılı rəngə çalan qapısı açıldı və əvvəlcə irəliyə çıxmış yekə bir qarın, sonra isə Əlişin az qala yumruq boyda olan başı göründü.
– Paho, Səmi, xoş gördük! – Əliş hər iki əlini irəli uzatdı.
– Xoş gününə gələk, Əliş müəllim! – Dili dolaşdı. Dili dolaşdığına görə də hamının «Çiçək Əliş» dediyi bu pəzəvəng adama «Əliş müəllim» deyə müraciət elədi.
Onun bu müraciəti deyəsən, «Çiçək Əliş»in xoşuna gəlmədi, sağ yanağı səyridi və Səməd müəllimin bozarmış pencəyinə, sonra da dabanı yeyilmiş ayaqqabısına baxıb dedi:
– Müəllim özünsən! – Onun səsindəki bu narazılıq Səməd müəllimi qorxuya saldı və elə o dəqiqə düşündü ki, göyə çıxsa da, nə qədər hoppanıb düşsə də Əliş onu özüylə rusetə aparmayacaq.
– Nə var, nə yox? – Əlişin üzündə yenidən təbəssüm əmələ gəldi.- Yaman dəyişmisən! Səni güclə tanıdım.
– Ay Əliş, şimpanze də güzgüyə baxanda özünü tanıyır, amma mən güzgüyə baxanda özümü tanıya bilmirəm. Heç bilmirəm kiməm, nəçiyəm?
– Müəllimsən dana!
– Belə müəllimliyi görüm qara gəlsin!
Onun müəllim olduğuna görə xəcalət çəkdiyi Əlişin gözündən yayınmadı. Özünü o yerə qoymayıb soruşdu:
– Xeyir ola, ay Səmi?
Ümid dolu gözlərini Əlişin üzünə dikib yazıq-yazıq dilləndi:
– Uşaqların üzünə baxa bilmirəm.
– Necə bəyəm? – «Çiçək Əliş» ciddi bir görkəm aldı. – Yoxsa, sinifdə uşaqlar səni incidir? Bəs bizim Vasif? – O da uşaqlara qoşulub?
– Yox, ay Əliş müəllim!- Yenə də çaşdı və özünə bərk acığı tutdu. Acığından az qala ki, ocaq daşı kimi partlayıb qırıq-qırıq olsun.
– Ay Səmi, deyəsən, ağlın qarışıb. Dedim ki, müəllim özünsən.
– Kaş, anam məni qara bir daş doğaydı. Mən də gedib müəllimlik oxumazdım!
Bayaqkı təbəssüm Əlişin üzünə yenidən qayıtdı və o, uşaq marağı ilə soruşdu:
– Niyə belə deyirsən?
– Bəs necə deyim? – Kövrəldi. – Fikir eləməkdən ürəyim qançır olub. – Güclə eşidiləcək bir tərzdə dilləndi. – Sonra da «Məni də özünlə rusetə apar, – dedi.
Əlişin üzündəki təbəssüm gülüşlə əvəz olundu. Çiyinləri atıla-atıla gülməyə başladı. O güldükcə irəli çıxmış qarnı da yırğalanırdı.
– Səmi, sənin rusetdə nə itin azıb? Başını aşağı salıb müəllimliyini elə!
– Dolana bilmirəm. – Ümid dolu gözlərini Əlişin üzünə dikdi.
– Səbr eylə, ay Səmi! Hər şey yaxşı olacaq!
– Necə səbr eləyim! Məgər bilmirsən ki, arxa su gələnə kimi qurbağanın gözü bərələr.
«Çiçək Əliş»i yenidən gülmək tutdu. Yenə də az qala yarım metr qabağa çıxmış qarnı silkələndi. Elə bil onun içində zəlzələ olmuşdu. Güldükcə zəlzələ vaxtı otağın tavanından asılmış çıraq kimi yırğalanırdı.
Az sonra gülməkdən yaşarmış gözlərinin yaşını sildi və öz üstünlüyündən həzz alıb dedi:
– Bilirəm ki, müəllimlik etməklə uşaqlarının qarnını doyuzdura bilmirsən.
– Bilirsənsə, məni də özünlə apar. Əl-ayağına dolaşmaram.
«Çiçək Əliş» sınayıcı nəzərlərlə onun gözlərinin içinə baxıb soruşdu:
– Yük daşıya bilərsən?
– Hə…
– Yox. Yük daşımaq sənlik deyil. Ayaqüstə güclə nəfəs alırsan.
– Dözərəm! – İnamla bildirdi.
– Bəs kafedə qab-qacaq yuya bilərsən?
– Əlbəttə.
«Çiçək Əliş» başını yırğaladı. Sonra da sol əlini onun çiyninə qoyub dedi:
– İncimə, Səmi! Məndə müəllim ştatı yoxdur.
Səməd müəllimin gözlərinə qaranlıq çökdü. Son ümidi qırıq-qırıq olub «Çiçək Əliş»in ayaqları altına töküldü. Yıxılmaq istədi, amma özünü birtəhər ələ alıb dinməz-söyləməz «Çiçək Əliş»in gözlərinin içinə baxdı. İçi silkələndi. Elə o dəqiqə də ürəyinin tikə-tikə söküldüyünü hiss eləyib ondan uzaqlaşmaq üçün geriyə döndü.
– Hara gedirsən? – «Çiçək Əliş» olun qolundan tutmaq istədi. Səməd müəllim yenidən onun üzünə baxdı. Dodaqları səyridi. Və başını asta-asta tərpədib yavaş addımlarla oradan uzaqlaşdı.