XƏZƏR DELTASINDA GÖYQURŞAĞI (Zaur Ustacın yeni kitabı haqqında) Dilin gözəlliyi onun ilkinliyində, təravətində, kökündədir. Bu gün yazılan ədəbi mətnlərdə (istər poeziya, istər nəsr nümunələrində) sanki yad cisimlər dolaşır, dilin substansionallığı qondarma, hibrid sözlərə qurban verilir. İnsan əşyaları sözlər vasitəsilə tanıyır, özünü sözün batinindəki mənalarla formalaşdırır. Söz həm də arxetiplərin övladıdır. Bədii mətnlər arxetiplərdən sızan elementlərlə yaranır. Mən Zaur Ustacın formaca ənənəyə bağlı, məzmunca yeni şeirlərini oxuyanda şairin bu fikir akrobatlığı məni yaxşı mənada təəccübləndirdi. Şeir qeybdən bizə ötürülən xəbərlərdir, bu informasiyaları poetik düşüncələrlə süsləmək istedadın göstəricisidir. Zaur bəyin şeirlərində ustadlardan bizə əmanət qalan dastan estetikası səma pıçıltılarını öz içindən keçirərək yeni biçimdə XXI əsr oxucusuna təqdim edir.
Zaurun bu kitabı sanki sakit axan çayın coşub-çağlayan dənizə – Xəzər deltasına qovuşduğu yerdir. Hissin, duyğunun müxtəlif çalarları, rəngləri bu şeirlərdə göyqurşağı kimi birləşir. Şeirlərdən alınan təəssüratları ümumən bu cür ifadə etmək olar: Xəzər deltasında göyqurşağı. Çiçək açsa, haçan həyat ağacın, Yaz çağındır, o çağını yaza yaz! Qan qaynasa, qışın oğlan çağında, Qışa deyil, o çağını yaza yaz… * * * Araz dağdır, haldan hala hal eylər, Sakit axar, eldən elə yol eylər, Dost-aşina, taydan taya əl eylər, Ayaq açsa, o çağını yaza yaz! Bu misralar “Şahi-cahan” şeirindəndir. Şair “kamera”sını (poetik görüm bucağı) Araza tuşlayıb, bu kamerada Araz çayının coğrafi təyinatından əlavə milli identifikasiyasına da işarələr sezmək mümkündür. Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə həsr olunmuş şeirdə bu iki misra məni tutdu: Özün getdin yuxuya, Milyonları oyatdın… Olduqca tutumlu ifadədir, yaddaşa həkk olunur. Həqiqətən, İlqar Mirzəyev, Mübariz İbrahimov, Polad Həşimov kimi oğullar Zaur bəyin təbirincə desək, “yuxuya” getsə də xalqın milli şüurunun oyaq qalması üçün canlarından keçdilər. Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… Can-torpaq qiyaslanması şeirdə orijinallığı ilə seçilir, yadda qalır. Şəhadət məqamına yetişən əsgər Vətənə, Vətənin şəklinə çevrilir, Vətənləşir. İnsan yoxdursa, Vətən də yoxdur, Vətən yoxdursa, insan da mövcud deyil. İnsanı ayaqda saxlayan üstündə durduğu torpaqdır. Ana torpaq ifadəsi əbəs yaranmayıb. Hamımız onun bağrından qopmuşuq, sonda yenə də onun qucağına düşəcəyik. Bu qəbil şeirlər Vətən sevgisinin əlifbasıdır. Vətən sevgisi imanla müqayisə olunur. İmansız adam üçün Vətən anlayışı yoxdur. Bu anlayışların konkretləşməsində poeziya çox böyük rol oynayır. Səməd Vurğunun “Azərbaycan” şeirini xatırlayın. Uşaqların ürəyinə Vətən sevgisini bu şeirlə toxum kimi əkmişik. Abbas Səhhətin “Vətən” şeirini yada salaq. “Vətəni sevməyən insan olmaz, olsa ol şəxsdə vicdan olmaz”. Ana südü kimi qanımıza hopan bu şeirlər zaman-zaman içimizdəki yurd sevgisini körükləyib. Zaur Ustacın şeirlərini fərqləndirən həm də bu komponentlərdir. Həmin komponentlər dilin folklor qatından mayalanaraq həmin şeirlərin sanbalını, çəkisini birə beş artırır. Ədəbi genetika burada öz sözünü deyir. Zaur bəy estafeti öz sələflərindən alıb gənc nəsilə ötürür. Bu mənada şairlər, qələm adamları keçmişlə gələcək arasında möhkəm körpülər quran körpüsalanlardır. “Xəzər deltasında göyqurşağı” adı altında toplanmış bu şeirləri bircə-bircə təhlil etmək fikrim yoxdur. Bu şeirlərdə 44 günlük Vətən savaşının da izləri var, didaktikanın ötəsində olan misralar da var, şəraitin diktə etdiyi (gərəkli və lazımlı!) pafos da var. Rənglər spektrində qovuşan hislər, duyğular oxucunun qan yaddaşına xitab edir. Qələm dostuma yaradıcılığında uğurlar arzulayıram! Özü demiş, “bu yol ərənlər yoludur”. Yolun uğurlu olsun, Zaur Ustac! 11.01.2022. Bakı. Müəllif:Kənan HACI , Şair, yazıçı, tərcüməçi.
BAYRAQ Bir üzü Turandı,bir üzü Quran, Qalalar endirən,sərhədlər quran, Oğul qəbri üstə səssizcə duran, Şəhid anasının gözüdür bayraq. * * * Şanlı zəfərinlə, Vətənim, tanın, Şəhid ətirlidir damarda qanın, Qələbə soraqlı Baş Komandanın, Yurdda dalğalanan sözüdür bayraq. * * * Daglarda qalmayıb nə duman nə çən, Şöhrətin boy verir zirvələrəcan. Bu torpaq uğrunda canından keçən, Şəhid oğulların özüdür bayraq!
YAĞIŞ Bir qərib nəğmənin misraları tək, Mənim ürəyimə yağır bu yağış. Göydə doluxsunmuş tənha mələyin, Qəmli gözlərindən axır bu yağış. * * * Sən çıxıb getdiyin yolların üstə, Nə vaxtdır dözümüm,səbrim islanıb. Bu bəyaz yağışın damlalarında, Bir vüsal həsrətli ruh misralanıb. * * * Bu yağan yağışın payız qoxusu, Həsrətlə çırpınır könlümə hopur. Kövrək ürəyimə təsəlli kimi, Yağış damcıları üzümü öpür.
YUXUSU ÜŞÜYƏN KÖRPƏ Yurd uğrunda şəhid olub atası, Bu körpənin yuxusuna qar yağır. Açılmayan dili ustə, ilahi, “Ata” sözün qoxusuna qar yağır. * * * Vətən qədər tarixi var, yaşı var, Bax üstündə uyuduğu mundirin Başqa dili anlamaz o,bilməz o, Bu körpəni yurd dilində dindirin. * * * Böyüdükcə böyüyəcək dərdi də, Ürəyindən ağrı acı yığışmaz. Öz ömründən asar ata şəklini, Şəhid adı çərçivəyə sığışmaz. * * * Ta oxşamaz bu körpənin boyunu, Döyüsdədir atasının qolları. Bu körpənin xatirinə yol gəlir, Uzaqlardan qələbənin yolları.
SEVGİNİN PAYIZI Canım gözüm ayrılıqlar içindən, Keçib gedən o qız sənə tanışmı? Bəxt dalınca göndərdiyi ümidi, Qayıtsa da xəcalətdən danişmır. * * * Kirpikləri yarpaqlayır hər gecə, Duaları daha payız qoxuyur. Ayrılığın əlifbasın öyrənib, Ovcumdakı ürəyini oxuyur. * * * Ləpirləri güzgüsüdü yolların, Tellərini öpüb qaçır küləklər. Bəyaz-bəyaz varaqlarda ağlayır Arzu-arzu çiliklənən ürəklər. * * * Unudubdur doğmalığın dadını, Bir yaxın gəl öp uzündən o qizın. Bu şəhərin yaddaşına sevgi səp, Könlünü al doluxsunan payızın.
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 32 il keçir. Azərbaycan xalqına qarşı həyata keçirilən hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. 131 nəfər öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi ümumxalq hüzn günü! Şükür Səhidlərimizin ziyarətinə mənfur düşmən tapdağından Qarabağımızın xilası, Qələıbə müjdəsi ilə gedirik!
K u n a n ba y – Abayın atası, qəbilə basçısı, ağa – sultan.
U l j a n – Abayın anası
Z ə r i – Abayın nənəsi
T a k e j a n, O s p a n, İ s h a q – Abayın qardasları.
M a y b a s a r – Abayın əmisi
Syundk, Boje, Karatay, Baysal – qəbilə başçıları.
T o q j a n – Syundikn qızı, Abayın ilk sevgilisi.
D i l d a – Abayın birinci arvadı
A y k ə r i m – Abayın ikinci arvadı.
Y e r b o l – Abayın dostu
D a r k e m b a y – sadə kasıb kəndli
M a k i ş – Abayın bacısı
BİRİNCİ HİSSƏ
BİRİNCİ ŞƏKİL
1845- ci ilin isti avqus ayı. Qazaxstanın Jidebay (Semey – Sempalatnsk) qəzasında Tobıktı tayfasının ağa-soltanı, İrgizbaylar qəbiləsinin başçısı Kunanbayın ailəsndə böyuk aulda uşaq dünyaya gəlir. Dunyaya uşaq gətirən Kunanbayın ikinci arvadı Uljandır. Uljanın ətrafında mamaça qadınlar uşağın doğulmasına yardım edirlər. Doğuş zamanı huşunu İtirən Uljana qeybdən bir əl uzanır. O, Uljanı ucsuz-bucaqsız qaranlıq yoldan aydınlığa çıxarır və həlim xasiyyətli Uljana bir qopuz uzadır. Uljan qopuzu alır, qeybdən gələnin kim olduğunu öyrənir. Qeybdən gələn adam bütün turklərin ağsaqqalı, qopuz çalıb, söz qoşan Dədə Qorqud olduğunu bildirir.
D ə d ə Q o r q u d. Qızım, al bu qopuzu indi dunyaya gələn oğluna ver. Sənin bu saat dunyaya gətirdiyin oğlun əsl el ağsaqqalı, xalqın dərdinə yanan bir insan olacaq. O, aglı, mərifəti, ədaləti ilə xalqın sevimlisinə cevriləcək. Söz deyəcək, nəgmə qoşacaq, könullər oxşayacaq. Haqqı nahaqqa verməyəcək. O, xalqı, xalq da onu əsrlərlə yaşadacaq. O, övladlarının ən mərhəmətlisi, ən ədalətlisi, ən agıllısı olduğu üçün sən onu daha çox əzizləyəcəksən və ona: “Abay, Abayım”, – deyəcəksən. Bu qaranlıq yoldan səni işığa çıxardım, bil ki, Sənin Abayın da xalqı belə aydınlığa çıxaracaq.
U l j a n. Dədə, mən çalışacağam onun tərbiyəsi ilə özüm və mərhəmətli, ağıllı qayınanam Zəri ana məşğul olsun. Zəri ana öz mərhəməti ilə butun mahalda hörmət qazanıb. Mənim Abayım onun nəsihətlərinə qulaq assa, onun tərbiyəsini alsa, əminəm ki, sizin dediyinz bir insan olacaq.
D ə d ə Q o r q u d. Qızım, belə bir övladı Allah sənə əmanət, qazax xalqına mükafat verir. Allahın əmanətini göz bəbəyin kimi qoru, onun heç bir istəyinin ziddnə getmə. İndi isə aç gözlərini, balanı qucağına al, onu əzizlə.
Dədə Qorqud gedir, Uljan Dədə Qorqudun ona verdiyi qopuzu bağrına basırmiş kimi gözlərini açır. Gözlərini açan zaman mamaçalar onun qucağına ay parçası kimi gözəl uşaq verirlər. Uljan uşağı alanda mamaçalardan heç nə soruşmadan “ mənm Abayım” , – deyə körpəsini bağrına basır. Mamaçalar qadının bu hərəkətnə məəttəl qalırlar. Çunki uşaq doğulanda Uljan ağrının təsirindən özündən getmişdi. O, dunyaya gələn körpəsinin oğlan və ya qız olduğunu bilmədyi halda, necə ola blərdi ki, balasına Abay desin?!
İKİNCİ ŞƏKİL
Abay şəhərdə molla yanında təhslini yarımçıq qoyub atasının tapşırığı ilə aula gəlib. Neçə vaxtdan bəri doğmalarını görməyən Abay doğmalarını gördükdə çox sevinir. Ancaq atasının onu yarımçıq məktəbdən geri çağırmasından şübhələnir. Onun şübhələri düz çıxır. Atası Kunanbay ağa-soltan olduğu üçün gunahsız Kodarın ölümünə bais olur. O gündən Abayın kövrək uşaq qəlbndə günahsız, köməksiz insanlara rəhm yarandı, qəddar, zalım, qaniçən qatillərə qarşı isə, kin, nifrət, qəzəb coşmağa başladı.
Kodarın faciəsindən sarsılan Abay xeyl müddət xəstə yatır. Onun bu halını görən anası Uljan və nənəsi Zəri cox narahat olmağa başlayır. Zəri nəvəsinin nağılları, əfsanələri, mahnıları, şeirlər çox sevdyi üçün ona bildiyi nağıl və əfsanələri dəfələrlə danışır. Anası isə oğluna qədim turkəçarələr eləyr. Lakin bunların heç biri Abaya məlhəm olmur. Bir gün təsadüfən aula Dulat adlı bir akın (aşıq) gəlir. O, bir neçə gün aulda qalıb, gecə-gündüz mahnılar oxuyur. Dulatın mahnıları Abayı həyata qaytarır. Dulatın satirik şerləri Abayın düşüncələrini dəyişir, onun gələcəyin mütəfəkkiri olmağına təkan verir.
ÜÇÜNCÜ ŞƏKİL
Çingiz dağlarının ətəyi. Syundikin aulu. Abayın yeniyetmə vaxtları. Abay atası Kunanbayın tapşırığını yerinə yetirməyə gəlib. O, jigiteklər qəbiləsinin başçısı Syundiklə nəinki atası Kunanbay kimi kobud danişir, hətta yeniyetmə kimi deyl, müdrik bir adam təsiri bağışlayır. Abayın belə ağıllı rəftarını Syundikin ailəsi bəyənir . Həmn gün Abay Syundikn qızı Toqjana vurulur.
Abay Syundikin aulundan qayıtdıqdan sonra bir gün də olsun Toqjanı unutmur. Onun gənc qəlbini məhəbbət alovu yandırıb külə döndərir. O, Toqjana öz sevgisini dostu Yerbolun vasitəsi ilə çatdırır.( Həmin vaxtlar Kunanbay ilə Syundik bir-biri ilə düşmən mövqeyində idilər.) Abay sevgilisi Toqjanla görüşür, ona öz sevgisini etiraf edir.
A b a y: Toqjan, mənim əzizim, səni gördüyüm ilk gündən özümə heç yerdə yer tapa bilmirəm, Hara gedirəmsə səni görürəm. Hansı alaçıqda oluramsa, sənin ipək kimi saçlarına taxılmış şolpalarının səsini eşidirəm. Harda nəğmə səsi eşidirəmsə, orda sənin məlahətli səsini eşidirəm. Yuxuda da səni görəndə qaranlıq gecə kimi qara gözlərinin atəşndən yanıram. O gündən sonra sənin məhəbbətn qarşısında bütün sözlər mənə aciz gəlib. Sənin üçün nə qədər seirlər yazıb, nəğmələr qoşsam da yenə də, sənin gözəlliyn qarşısında aciz qalmışam. Mən indi məhəbbət alovunda yanan bir aşiqəm. Əzizm, məni bu alovdan yalnız sən xilas edə bilərsən.
Toqjan Abayın sevgi etirafından utanıb başını yerə dikir. Onun yanaqları günəşin al şəfəqləri kimi qızarır. Abayın üzünə baxa bilmir. Abay qızın utandığını görüb əlini qızın zərif çənəsinə uzadır.
A b a y: Toqjan, əzizim, niyə utanırsan? Niyə mənə baxmırsan? Mən bu gözlərin atəşində yenidən yanıb kül olmaq istəyirəm. Əzizm, mənə bax, bir söz de.
Toğjanın qəlbi indi quş kimi çırpınırdı. Axı, o da Abayı sevirdi.
T o q j a n: Abay, sənin nəğmələrini eşitmişəm. Məni bu qədər dərin məhəbbətlə sevirdinsə, bəs o vaxtdan bəri niyə bir dəfə də gəlmədin, mənimlə görüşmək istəmədin?
A b a y: Toqjan, əzizim, mən səni hər dəqiqə, hər saat yanımda görmək istəyirdim. O gündən bəri mən səni heç unutmadım ki. Ancaq qəbilələr arasında baş verən soyuq müharibə səninlə görüşmək şansımı əlimdən aldı. Mən öz Toqjanımla xəyalən görüşüb, onun isti nəfəsini hiss edirdim. Yalız bir dəfə Bojeyn yas köçü zamanı səni uzaqdan görmək imkanım oldu.O zaman sənin o məlahətli səsini Bojey üçün oxuduğun qəmli nəğmədə eşitdm, bütün qız-gəlnlərdən fərqlənən at belində şahanə oturuşun məni məftun elədi. Həmin saat fikrləşdim ki, səni gəlib o qız-gəlinin arasından götürüm qaçım. Ancaq o dəqiqə də fkrimdən döndüm. Dedim ki, igid kişi olmayan yerdə öz gücünü qız-gəlinə göstərməz. Bu ən böyük şərəfsizlikdir.
T o q j a n: Abay, mən də səni gördüm. Həmin vaxt nəğmə oxuyurdum. Oxuduğum nəğməni yaxşı eşitməyin üçün səsimi bir az da qaldırdım. Bizm uzaqdan-uzağa olan bu görüşümüz üçün cox üzüldüm.
A b a y: Aman Allahım! Toqjan, demək sən də mənə qarşı biganə olmamısan. Ah, mənm gözümün nuru, ah mənim həyatım! Deməli, sənin də qəlbində o gündən mənə qarşı hislər yaranıbmış.
T o q j a n: Bəl, Abay! Mən də səni o gündən sonra heç unutmadım. Sənin yolunu gözlədim. Yerbolla göndərdiyin ismarışı o, Karşaş vasitəsilə mənə çatdıranda elə bildim ki, göylərdə uçuram. Karaşaşın verdiyi xəbər mənə qanad verdi. O qanadlarla mən Çingiz dağlarının başında dövrə vurub, öz yarımın gəldiyi yollarda qanad çaldım. İndi mənim yanımdasan. Sevginin qarşılıqlı olmağından dünyada gözəl nə ola bilər?
A b a y: Ah Toqjan, ah mənim sevgilim! Səndən bunu eşitmək mənm üçün nə qədər xoşdur.
Abay qollarını açıb Toqjanı bağrına basır. Onun sevginin hərarətndən yanan al yanaqlarından, qızılgülün şeh düşmüş qönçəsinə bənzəyən bal dodaqlarından öpməyə başladı. Toqjan əvvəlcə utanıb çəkilsə də, sonradan Abayın qüvvətli qolları arasında ona təslim olub, daha heç br müqavimət göstərmədi. O da, öz ehtiraslı öpüşləri ilə Abayın sevgisinə cavab verdi.
Səhərin açılmasına az qalırdı. Abay günəş çıxmamış aulu tərk etməli idi. Çünki neçə vaxtdan bəri İrgizbaylarla Jgitekləe arasında soyuq müharbə gedirdi. Abayın Jigiteklərin aulunda görünməsi hamıda şübhə yarada bilərdi.
A b a y: Mənim həyatım, doğan günəşim Toqjan! Mən artıq getməliyəm, bir azdan gün çıxacaq, bütün aul yuxudan oyanıb məni burda görsələr hamı şübhələnər. Lənət olsun müharibəyə, lənət olsun savaşa, lənət olsun tamaha, lənət olsun bizm adətlərə! Axı sevgi sərhəd tanımır, axı sevgi varlı-kasıb bilmir, axı sevgi din tanımır. Bax, budur. Bz bir-brmiz dəlicəsinə sevirik, ancaq hansısa br soyuq münasibətin qurbanına çevrilmişik. İki sevgilini iki qəbilə arasında gedən savaş bir-birindən ayırır, onları bir-birinə həsrət qoyur.
T o q j a n: Abay, əzizim, bil ki, mən sənin yolunu hər gün gözləyəcəyəm. Nə tayfa davası, nə qəbilə savaşları, nə də atalarımızın bir- biri ilə düşmənçiliyi mənim sənə olan sevgimi azalda bilməz. Bizim sevgimiz iki qəlbin ucalan haqq səsidir. Bu səs heç kəs boğa bilməz.
A b a y: Gözümün nuru Toqjanım, yenə də səni görməyə gələcəyəm. Səninlə bir yerdə olmaq, isti nəfəsini duymaq, arının güldən çəkdiyi şirə kimi, bal dodaqlarından şirə çəkmək, qara gözlərinin atəşində yanmaq, ecazkar səsinə valeh olmaq mənə cənnəti verdiyi qədər, səndən ayrılmaq isə mənə qəbir əzabından da ağır gəlir. Kaş bu ayrılıq bizim sonuncu ayrılığımız olsun. Tezliklə qəbilələrimiz arasında sülh bərqərar olsun, biz də bir-birimizə qovuşub xoşbəxt olaq.
Onlar bir-birinə sonuncu dəfə sarılırlar. Elə bu vaxt Karaşaş gəlir.
K a r a ş a ş: Sizə çay gətirmişəm.
A b a y: Çox sağ ol, Karaşaş. Sənin bu yaxşılığını heç vaxt unutmayacağam. Sən məni muradıma yetirdin. Toğjanımla görüşməyə şərait yaratdın. Allah səni də muradına çatdırsın.
K a r a ş a ş: Abay, mən bunu eləməyə bilməzdim. Çünki Toqjanımın da qəlbi səni görmək üçün uçunurdu. Yaxşı ki, Asılbayla, Adilbay səfərdədirlər. Onlar evdə olsa idi sizin görüşməyiniz müşkülə çevrilərdi. Bəxtin gətirdi ki, görüş üçün yaxşı vaxt seçdin.
T o q j a n: Çox sağ ol, Karaşaş. Sən yengəm olmaqla bərabər, əsl dostsan, əsl rəfiqəsən.
A b a y: Gülüm mənim, bəxtin gətirb k, Karaşaş kimi xoşxasiyyətli yengən olub.
K a r a ş a ş: Həm də sənin kimi sevgilisi. Allah sizi ayırmasın ! Amin!
A b a y: Amin!
T o q j a n: Amin!
A b a y: Vaxt yetişdi. Yerbol məni çayın sahilində gözləyir, getməliyəm. Salamat qalın!
K a r a ş a ş: Yaxşı yol! Ümid edirəm ki, bundan sonra mənim gözəl Toqjanımın gözünü yolda qoymayacaqsan.
A b a y: Tezliklə biz yenə görüşəcəyik.
T o q j a n: Sağ-salamat get, Abay! Səni gözləyəcəyəm.
Abayın ayağı getsə də, ürəyi getmir. Sağollaşıb çıxdığı zaman Toqjandan ayrıla bilmədiyi üçün geri dönür. Bunu görən Karaşaş alaçığı tərk edir. Abay yenidən Toqjana möhkəm-möhkəm sarılıb onu öpüşlərə qərq edir. Sonuncu dəfə qızın gözlərindən öpüb ondan ayrılır. Toqjan isə sevgilisndən ayrıldığına çox məyus olur.Bir dəqiqədən sonra gecənin qaranlığı Abayı sanki udmuşdu.
DÖRDÜNCÜ ŞƏKİL
Abay qazax çöllərində tək-tənha dolaşıb qəlbini təlatümə gətirən sevgisini nəğmə kimi ötürdü.
Abay:
Kədər də, həsrət də, nisgil də, qəm də, Qəlbin atəşində qovrulur, yanır. Ömür-gün yolunda dara düşəndə, Məhəbbət ömrünə arxa dayanır.
Həyatda bir kəsi sevə bilməyən, Daşıya bilərmi insan adını? Yoxsul belə olsan günün keçər şən, Olar var-dövlətin yaxşı qadının.
İşığa çıxmazsan yarıb zülməti, Dost qəlbi yanmasa bir çıraq kimi. Axı, şöhrət nədir, axı, var nədir, Olmasa ömrünün yaxın həmdəmi.
Sadiq dostu Yerbol gülümsəyib dodaqucu nəsə deyirdi.
Yerbol: Gör məhəbbət nələrə qadirdir. Abay artıq şair olub, nəğmələr qoşur.
İki dost çovğunda azırlar, Abay xəstələnir, hərarəti qalxır, şaxtadan donmaq təhlükəsiylə üz-üzə qalır. Amma zəngin qışlaqlardan birinə düşürlər, Abayı halsız vəziyyətdə çadıra aparırlar. Sən demə, illər boyu axtardığı Toqjan bu ailənin gəlini imiş. Toqjan bir həftə gecə-gündüz qızdırmadan sayıqlayan Abaya qulluq edir. Xəstə sağalır və Toqjan onunla əbədi vidalaşır.
Abay:
Atəş də, buz da var yanaqlarında, İki yarpaq kimi bir əsir onlar. Hamıdan yayınıb, hamıdan qaçıb Yenə bir-birinə tələsir onlar.
Toqjan çadırın o üzündə Abayın nəğmələrini dinləyir, gözlərindən yaş axır. Darkenbayın ruhu səhnədə görünür.
DARKENBAYIN RUHU: Abayın atası Kunanbay bizə zülm elədi. Tayfalarımız onun qəzəbi ucbatından bir-birinə qənim kəsildi. Amma o, atasından da, qardaşlarından da mərhəmətli çıxdı. Mən Abaya görə onun zalım atasını bağışlamışam. Qoy uca Allah ona daim yar olsun! O, Toqjanı yenidən tapacaq.
Səhnə dəyişir. Abaygilin çadırı. Dilda Abayın anası Uljana və nənəs Zəriyə şikayət edir.
DİLDA: Abay məni heç sevmədi. Görürsünüz, o, yenə məni atıb sevdiyi qızın yanına gedib.
ZƏRİ: Bəsdir ah-vay etdin. Sən bu ocağın gəlinisən. Demək, Abay səni çox sevir. Bundan artıq sənə nə lazımdır? Taleyindən gileylənmə. Allaha ağır gedər.
Uljan çadırın yuxarı başında, qayınanasının böyründə oturub oğlu üçün aramsız dualar edir. Sonra acıqlı halda Dildanın üstünə qışqırır.
ULJAN: Az qarğış tök, gəlin! Axırda oğlum sənin bəd duaların ucbatından zavala gələcək.
MAKİŞ: Mən hər gün dadaş üçün dua edirəm. Allah onu qorusun. Mənim əsl qardaşım odur. Qoymadı yad əllərdə qalım. Məni xilas etdi. O biri qardaşlarımın heç vecinə deyildi.
Dilda acıqlı-acıqlı Makiş süzüb heç nə demədi.
Səhnə dəyşir. Kunanbay öz çadırında oturub fikirli halda çubuq tüstülədir. Maybasar daxil olur.
MAYBASAR: Ağbim, oğlun yaman özbaşınalıq edir. Bu qədər ərköyünlük olmaz. Bir çağır yanına, onu danla.
KUNANBAY (laqeyd halda): Yenə nə edib?
MAYBASAR: Qənimət götürdüyümüz mal-qaranı qonşu tayfaya geri qaytarıb.
Kunanbay eşitdiy xəbərdən yerindən dik atılır.
KUNANBAY: Necə?! Artıq mənim işlərimə də burun soxmağa başlayıb? Mən o tayfanı cəzalandırmışam. Səbəbi də məlumdur. Onlar icazəsiz bizim ərazilərimizə soxulublar. Abay hansı cəsarətlə mənim qərarıma müdaxilə edir?
Bu vaxt Abay çadıra daxil olur. Qəzəblidir.
ABAY: Ata, sən nə vaxta qədər bu tayfaları bir-birinə düşmən edəcəksən? Axı bütün bu torpaqlarda yaşayanların hamısı qazaxlardır. Görürsən ki, onlar kasıb, zəhmətkeş insanlardır. Niyə camaatın mal-qarasını əllərindən alırsan? Onlar ac qalanda sən necə yerində rahat yata bilirsən?
Kunanbayın dişi bağırsağını kəssə də Abayın sözləri qarşısında susdu. Maybasar da cəsarət edib nəsə deyə bilmədi. Hər ikisi çadırdan çölə çıxdı.
KUNANBAY (üzünü göyə tutur): Ey uca Allah, məni bağışla. Qəlbimdən bu yersiz kini, nfrəti uzaq elə.
BEŞİNCİ ŞƏKİL
Qazax çölü. Abay Toqjanı gördü və heyrətləndi. Amma bu qız zahirən Toqjanın eyni olsa da, Toqjan deyildi. Abay qopuz çalıb ona nəğmələr oxumağa başladı. Bu nəğmələr Toqjana oxşayan qızı sehirlədi. O, ayaq saxlayıb bu ozana diqqət kəsildi.
ABAY:
Bir daha sevinməz, gülməz bu ürək, Günəş də, qəmər də parlasa yəqin. Mən səni sevirəm bu dünyada tək, Səninsə sayı yox aşiqlərinin.
O dönük çıxsa da – sadiqəm yenə, Dözürəm yarımın hər şıltağına. Bir gün qah-qah çəkib gülsə də mənə, Deyərəm: odlu qəlb, susub döz buna.
Onlar üz-üzə gəldilər. Abay daha bu qızdan vaz keçə bilməyəcəyini anladı.
ABAY: Adın nədir sənin?
AYKƏRİM: Mənim adım Aykərimdir. Bəs sən kimsən?
ABAY: Mən el ozanı Abayam.
Səhnəyə Dədə Qorqud daxil olub kənardan onları seyr edir.
DƏDƏ QORQUD: Hə, bax beləcə, Tobıktıda Günəş doğdu. Bu, Abayın Günəşi idi. Uca Tanrı onlara sevgi dolu xoşbəxt bir ömür bəxş etdi. Siz də sevin-sevilin, ömrünüzə Günəş doğsun, övladlarım! Qəlbinizdə sevgi olmasa, günəşi görə, onun istiliyini duya bilməyəcəksiniz. Sevginizi qoruyun ki, Günəş həmişə sizinlə olsun!
A SİMSAR Salam olsun, sənə şanlı ixtiyar! Mizrab tutan əlin, qolun var olsun! Şükür, əlindədir külli-ixtiyar! Mizrab tutan əlin, qolun var olsun! * * * Nə deyim, a simsar, elə sim sarı, Simsar sinsidərmi, belə simsarı, Hələlik dönüş var, hələ sim sarı, Mizrab tutan əlin, qolun var olsun! * * * Rəvamıdır, bu edilən Ustaca!? Diqqət istər sim sarıyan ustaca… Al dil ilə deyər halın ustaca, Mizrab tutan əlin, qolun var olsun! 05.02.2021. Bakı.
BƏRK YAPIŞ Ay Zaur, deyirlər ən yaxşı vaxtdır, Bir az daha qeyrət, güləş, bərk yapış! “İgid odur, atdan düşə, atlana.” Bu işdə dönüş yox, dirəş, bərk yapış! * * * “Kor qızın baxtı”ndan yeyindi baxtın, İlikdən tacın var, sümükdən taxtın, Olmasa da adan, ya da ki, “yaxt”ın, Olanları qoru, çalış bərk yapış! * * * Ay Ustac, bilirsən, yastığın üç gül, Göydə ulduz sayır basdığın müşkül, Bir türlü dolmayır asdığın kəşkül, Haqqın ətəyindən sallaş, bərk yapış!
HÜSNÜ PÜNHANA (birinci şeir) İsmipünhan deyib, yazıb şairlər, Mənim müsahibim hüsnü pünhandı. Səmimi, mehriban, həm zarafatcıl, Mənim müsahibim hüsnü pünhandı. * * * Ürəyi yuxadı, xasiyyəti xoş, Nəyi var, nəyi yox, verər, deyər:-“Nuş”! Camalın gizlədib, deyir:- “Nəğmə qoş”! Mənim müsahibim hüsnü pünhandı. * * * İsmin bağışlayıb; “Nurlu ləçəkdi”, Cənnət bağçasında şehli çiçəkdi, Ustacam, bu iş də bir görəcəkdi, Mənim müsahibim hüsnü pünhandı. 07.10.2021. Bakı.
Azərbaycan Dillər Universiteti ilə Azərbaycan Yaradıcılıq Fondunun birgə layihəsi olan “Yaradıcılıq fakültəsi”nə qəbulla bağlı müsabiqə elan edilir.
Kulis.az xəbər verir ki, Xalq yazıçısı, akademik Kamal Abdullanın ideyası ilə 2007-ci ildə yaradılan, qısa müddətdə ədəbi ictimaiyyətdə böyük rezonans doğuran, geniş ədəbi proseslərə yol açan “Yaradıcılıq fakültəsi” 2022-2023 tədris ilində tələbələrə Xarici dil (ingilis, rus), Mifologiya tarixi, Fəlsəfə, Dünya ədəbiyyatı, Müasir ədəbi proseslər, Mətnşünaslıq və s. fənlər üzrə dərslər təşkil edəcək, eyni zamanda, yazı sənəti, dram-kino sənəti ilə bağlı praktiki məşğələlər, Ustad dərsləri, görkəmli imza sahibləri ilə görüşlər, rəngarəng mədəniyyət tədbirləri həyata keçirəcək.
Dərslər həftədə 3 gün olmaqla 2 akademik saat təşkil edir.
“Yaradıcılıq fakültəsi”nə qəbul iki mərhələli olacaq. Birinci mərhələdə təqdim edilən yaradıcılıq nümunələrinin qiymətləndirilməsi, ikinci mərhələdə isə seçilən nümunələrin müəllifləri ilə müsahibə şəklində olacaq.
(Zülfiyyə Vəliyevanın yarım əsrlik yaradıcı ömrünə ötəri baxış)
Onu tanımaq, dərk etmək, şəxsiyyətinə nüfuz etmək üçün elə də çox zaman gərək olmur.
Zülfiyyə xanımdan bəhs edən bu yazını qələmə almaq üçün şəxsən mənə 2021-ci ilin son dörd ayının təəssüratları kifayət edib.
İnsana sevinc bəxş etmək – özündə çox “dumanları”-gümanları birləşdirənindiki zəmanəmizdə insanlardan qarşılıqsız yaxşılıq görmək bir qədər laübalı anlayışdır. Çox xoş ki, Zülfiyyə xanım bu kimi anlayışlardan kənar təfəkkür sahibidir. Etdiyi yaxşılıqların əvəzində heç bir qarşılıq gözləməyən və bu əməlindən zövq alan, özünü xoşbəxt hiss edən insandır.
Təmənnasız yaxşılıq etmək, kimə isə əl tutmaq, hətta tanımadığın kəs olsa belə… Zülfiyyə xanımın həyat kredosu budur. Qarşı tərəf bunu dərk etsə də, hətta bu duyğudan xali birisi olsa belə, O bunu edir. Ola da bilər ki, o kəs Allahın bir quru “sağ ol”una da qızırğana, qıyımsızlıq edə, ancaq Zülfiyyə xanım öz mövqeyindən heç vədə yayınmayıb, bundan incik düşməyib. Qarşısındakının kim olmasının onun üçün heç vədə önəmi olmayıb, Ürəyinə gəldimi, ürəyi ona diktə olunan “addımı” atmağa çağırış etdimi, bu kifayət edər. Bu mövqedə onun öz yolu, öz dəst-xətti var. Və bu mövqeyini heç vədə dəyişmir.
Onu tanıdıqca, zaman-zaman iç dünyasına bələd olduqca necə qılıqı, istiqanlı, məhrəm duyğulara sahib olduğuna səndə əminlik yaranır.
Baxmayaraq kiçox qısa bir zamandır bir “ocaq”da çalışırıq, onun necə zəhmətkeş, öz işindən zövq alan, bacardığını iş yoldaşlarından əsirgəməyən insan olduğuna əminlik hasil etdim, Bu təfəkkür sahibi ilə bir kollektivdə olmaq insana zövq verir. Zülfiyyə xanım “sadəlik” adlı bir gözəlliyə sığınaraq yaşayır və bu gözəlliyi ətrafındakılara da təlqin etməkdən zövq alır. ADPU-da ETM formalaşmasının mənim üçün bir önəmi də bu oldu ki, Zülfiyyə xanım kimi pedaqoji səviyyəyə və yaradıcılıq potensialına malik, daim pedaqoji cameənin maraq dünyasında olan bir müəllimi və qələm sahibini tanıdım.
Onun üçün həyatda ən müqəddəs “müəlim” və “insan” adı, ölçü vahidi – insana insanlıq münasibətidir.
Zülfiyyə xanım bu adların müqəddəsliyini qoruya bilmək imkanlarından həmişə qürur duyub. Deyir:
– “Müəllim olmaq, bu adı layiqincə daşımaq şərəfdir, şərəfli olduğu qədər də məsuliyyətlidir, çətindir”;
– “Mənən pak, böyük ürək sahibi, gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi ali sima, böyük nüfuz sahibidir müəllim. Bu sıralarda olmaq qürurvericidir. Gənc müəllimlərə tövsiyəm budur ki, daim yaradıcı, məsuliyyətli, Vətən sevdalı, azərbaycançılıq ideyalarına sadiq olsunlar”;
– “Müəllim gənclərə bilmədiklərini öyrədən elm saxlancı deyil, bu iş – kitabın işidir, bilmədiklərimizi kitabxanalarda tapmaq mümkündür. Müəllim – ruhumuzan memarıdır”;
– “Allahın dəyər verdiyi insan öz əməli, xidməti, dürüstlüyü və xisləti ilə hörmət qazanır, özünü təsdiq edir”;
– “İnsan dünyaya ağlaya-ağlaya gəlir, doğmaları onu sevinclə qarşılayır. Qur`ani-Kərim”də buyrulur: elə yaşayın ki, dünyadan gülə-gülə gedəsiniz, sizi ağlaya-ağlaya yola salsınlar. Ən dolğun, mənalı həyat budur”;
– “Hər bir insanın ehtiyacı hörmətdir, diqqətdir, məhəbbətdir”;
– “Xoş xasiyyətli olmaq – insanın xoşbəxtliyidir”;
– “Müdrik – çox bilən adam deyil, biliyi xeyirli olan adamdır”;
– “Bir insanın sənə nələr verə biləcəyini deyil, sənin üçün nələrdən imtina edəcəyi əhəmiyyətlidir”;
– “Yaradan insanı Yer üzünün əşrəfi yaradıb, azad, müstəqil və varlıq kimi yaradıb, cisimdən, ruhdan yaradıb. İnsanın qorunmasını da Yaradan onun özünə həvalə edib. İnsanın da borcudur ki, bu missiyanı vicdanla yerinə yetirsin, ona bəxş olunan canı məhəbbətlə, ismətlə qorusun”;
– “Vətən əmanətdir, onu qorumaq, başının tacı etmək hər bir vətən övladının namus, şərəf işidir”.
***
İnsan üçün, illah da xanım üçün “xarakter insan” olmaq çətin, bəlkə də mümkünsizdir. Ancaq tanımaq imkanında olduğum bir neçə ay ərzində onu davamlı olaraq belə gördüm: sözünün sahibi, mövqeyində dəyişilməz, insanlar arasında həmişə səmimiyyət toxumları səpən, doğmalığa səy göstərən.
Ömür yolunu səhifələdikcə önündə qat-qat zəngin informasiya qalareyası açılır. Elə mövzu yoxdur ki, Zülfiyyə xanımın söz kəhkəşanında öz əksini tapmasın. Görüb-bildiyi, təmasda olduğu elə bir tədbir, hadisə, yaxud tarixin təqvim günü xatırlamazsan ki, Zülfiyyə xanımın mövzu obyektinə düşməsin. Bu rəngarənglikdə başlıca yeri müəllim, müəllim sənəti, pedaqoji işə vurğunluq, vətən, torpaq məhəbbəti, vətənpərvərlik mövzuları xüsusi yer tutur.
Zülfiyyə xanım bu sıralanmada hər nəsnəyə “can verməyi” bacarır. Məqalələrinin oxucusu, ən müxtəlif tədbirlərdə çıxışlarının dinləyicisi olan hər kəs Azərbaycan təhsilində islahatların hansı səviyyədə aparıldığı barədə zəngin informasiya almaq imkanına malik olur. Ustalığı, peşəkarlığı da bundadır ki, ilk baxışda “quru” təsir bağışlayacağı düşünülən faktlar Onun qələmində (nitqində) “dil açıb” oxucusu (dinləyicisi) ilə “isti təmasda” olur, “danışır”, zəngin informasiya mənbəyinə, görülən işin, çəkilən zəhmətin göstəricisinə çevrilir. Sıraladığı faktları canlandırmaqla təqdim etdiyi mövzunun Azərbaycan dünyasında, Azərbaycan təhsilində yerini müəyyən edir. Həm də elə ustalıqla ki, ssenari ahəngdarlığı ilə sıralanmış faktlar bolluğundan yorulmursan, usanmırsan.
***
Zaman yaşa baxmır. Zamanı yaxşı yaşayanda, özündən yaxşı iz qoyanda… İnsanı yaşadan, həyatını rövnəqləndirən də elə bu kimi amillərdir. Həm ömür uzunluğu anlamında, həm də insanların yaddaşında yaşamaq, arxanca xoş məramlı iz qoymq mənasında.
Yaxın günlərin söhbətidir. Mənim də qatıldığım bir yığnaqda 70 yaş və 70+ yaş həddində olanların, cavanların yerini tutub hələ də işlədiklərinəbənzər ifadə işləndi. Baş qoşmaq istəməsəm də, söz sahibinin inadlı danışıq tərzi məni dillənməyə sövq etdi. Təbəssümlə sözünü kəsdim ki, mən də 70 yaşındayam, 30 yaşda olanlar arasından özümə rəqib axtarıram. Rəqib bildiklərimin fəaliyyətini tərəzinin bir gözünə, mənim yaradıcılığımı tərəzinin başqa bir gözünə qoyaq, görək hansı pərsəng verəcək?!
“Daim öyrənən və öyrədən, xalqına layiqincə xidmət edən nəslin formalaşması bügünki qayğılarımızdandır” amalı ilə yaşayan, ruhu döyüş misallı vətənpərvər xanım Zülfiyyə Vəliyeva belə mənalı-məzmunlu ömür sahibidir. Eynən pedaqogika üzrə fəlsəfə doktoru Şahrza Ağayevin qələmə aldığı tərzdə: – “Zülfiyyə xanımın yazılarını hər oxuyanda qürur hissi keçirirəm. Vətənpərvərlik bu gün aktual məsələdir, “525-ci qəzet”də “Vətəni qoruyan oğullar” adlı məqaləsini maraqla oxudum. Elə bil cəbhədən dönmüş bir döyüşçü ilə diz-dizə əyləşib həmsöhbət olursan, onların əməllərinə, hər hərəkətinə böyük sayqı göstərirsən… Gənclər arasında vətənpərvərlik sahəsində maarifləndirmə işi aparılmasında Zülfiyyə xanımın bu silsilədən söhbətlərinin, qələmə aldığı yazıların rolu əhəmiyyətli dərəcədə yüksəkdir”;
Gülşən Eminova, pedaqoqika üzrə fəlsəfə doktoru: – Əzizimiz, müəllimlər müəllimi, ürəyi də, əməli də gözəl, xeyirxah xanım Zülfiyyə Vəliyeva, Allah sizi qorusun! 20 ildən artıqdır ki, sizi tanıyıram. Bu illər ərzində sizi yalnız təhsilə, peşəsini sevdirməyə çalışan, öhdəsinə götürdüyü ən çətin işləri mükəmməl icra edən bir pedaqoq kimi tanıdım. Nə yaxşı ki varsız, sevilirsiz!..
***
Müəyyən yaş həddində insan özünün hər saatından-günündən, hər ayından hesabat tələb edir. Zülfiyyə xanım bunabənzər hər sorğunu asanlıqla cavablandırmaq imkanındadır. Azərbaycan tarixinin, pedaqogikasının elə bir təqvim günü, hadisəsi olmaz ki, ədəbi qəhrəmanımız həmin tarixi özünəməxsus mətbu yazılarıyla, çıxışlarıyla qarşılamasın. Bunun üçün çox yox, Zülfiyyə xanımı tanımaq imkanında olduğum 2021-ci ilin göstəricilərinə də diqqət yetirmək kifayət edər:
– 1 simpozium, 3 forum, 1 beynəlxalq seminar, 1 beynəlxalq və 4 respublika konfransının, 7 təlim, 2 layihə və 7 vəsait və təqdimatın müəllifidir. Əməyi 11 sertifikat və təşəkkürnamə ilə dəyərləndirilib. 5 jurnal, 6 qəzet məqaləsi var. Məqalələrindən ikisi II Qarabağ müharibəsi qəhrəmanlarına “Vətən sevdalı cəsur döyüşçü” (Mircəfər Mirsəfər oğlu Bağırova) və “Vətəni qoruyan oğullar” (Fail Rəfayıl oğlu İsgəndərova) həsr edilib;
– II Qarabağ müharibəsində tarixi qələbəmizlə bağlı sosial şəbəkələrdə yazılar paylaşıb, video-çıxışlar edib. “Vətən və insan sevgisi” mövzusunda silsilə vebinarlar keçirib, müəllimlərə kömək məqsədilə xüsusi təqdimatlar hazırlayıb. “Azərbaycan bayrağı Şuşada dalğalanır” və “Tarix yazan sərkərdə” sərlövhəli məqalələri “Təhsil dünyası” qəzetində, “Qələbələr içərisində ən ali qələbəmiz” və “Qələbəmiz – sərvətimiz, xalqımızın, dövlətimizin varlığıdır” məqalələri “Təhsil” jurnalında yer alıb. Müəllimlərə kömək məqsədilə bu kimi mövzularda təqdimatlar hazırlayıb, Qələbə münasibətilə rəsmi internet səhifəsində ölkə Prezidentinə müraciət ünvanlayıb. “ADPU- 100. Məzunlar” layihəsinin müəllifi və rəhbəri olub.
Həyat yolu: Əməkdar metodist müəllim və “Müəllimlərin peşəkarlıq səviyyəsininin inkişaf etdirilməsi” layihəsi üzrə milli məsləhətçi” adını ləyaqətlə daşıyan Zülfiyyə Vəliyeva Göyçay rayonunda anadan olub. 1966-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) tarix fakültəsində (qiyabi) təhsil alıb. Azərbaycan Müəllimlər istitutunun (Azərbaycan PK İA və YH Baş İnstitutunun) İqtisadiyyat fakültəsinin 1996-cı il məzunlarındandır. 1971-1973-cü illərdə Göyçay rayon 7 saylı orta məktəbində müəllim, 1973-1978-ci illərdə Göyçay rayon Komsomol Komitəsində Məktəblər üzrə katib və II katib vəzifələrində çalışıb. 1978-1996-cı illərdə Göyçay rayon 1 saylı orta məktəbdə müəllim kimi fəaliyyətini davam etdirib. 1995-2016-cı illərdə Azərbaycan Müəllimlər institutunda (APKİA və YHİ-da) metodist, kabinet müdiri, “Təhsildə Araşdırmalar və İnnovasiyalar” Mərkəzinin əməkdaşı olaraq fəaliyyət göstərib. 2016-ci ildən ADPU Elmi-Tədqiqat Mərkəzinin elmi işçisidr.
İctimai fəaliyyəti: 1988-ci ildə SSRİ Təhsil Şurasının üzvü, 1988-ci ildən Yaradıcı Müəllimlər İttifaqı İdarə Heyətinin üzvü, 1999-2005-ci illərdə Respublika Təhsil Nazirliyi Elmi Metodik Şuranın üzvü, 2003-cü ildə Təhsil İslahatı ilə bağlı “Müəllimlərin peşəkarlıq səviyyəsininin inkişaf etdirilməsi” layihəsi üzrə milli məsləhətçi. Azərbaycan Respublikası Təhsil Nazirliyinin və SSRİ Təhsil Nazirliyinin Qabaqcıl Maarif Xadimidir.
Mükafatları: SSRİ Təhsil Nazirliyinin “Krupskaya medalı”, akademik. Mehdi Mehdizadə mükafatı laueratı, ”XXI əsrin tanınmış maarifçisi” beynəlxalq diplomunun və “Azərbaycan Respublikasının Əməkdar müəllimi (1990-cı il) fəxri adının daşıyıcısı. “VEKTOR” Beynəlxalq Elmi Mərkəzinin təsisçisi olduğu “Azərbaycanın tanınmış maarifçiləri” beynəlxalq layihənin qalibidir. Azərbaycan Respublikası Jurnalistlər Birliyinin üzvüdür.
Seçilmiş əsərləri: “Tarix fənni üzrə proqram” (IX siniflər üçün. Bakı-2000); “Fəal təlim”. (metodik vəsait. Bakı-2003); “Azərbaycanda müəllimlərin peşəkarlıq səviyyəsininin inkişaf etdirilməsi: qarşıya çıxan problemlər və əldə olunan nailiyyətlər” (metodik vəsait. Bakı-2003);
“Fəal və interaktiv təlim-tədris üsulları” (ilkin müəllim hazırlığı ixtisasartırma və yenidənhazırlanma təhsili üçün tədris-tematik plan və proqram. Bakı-2004); “Təhsil islahatı və müasir təlim metodları” (ilkin müəllim hazırlığı ixtisasartırma və yenidənhazırlanma təhsili üçün tədris-tematik plan və proqram. Bakı-2004); “İbtidai siniflərdə nağılların “Debat» texnologiyası ilə tədrisi” (müəllimlər ücün metodik vəsait. Bakı-2005); “Distant Təhsil Texnologiyaları” (pedaqoji işçilərin özünün təhsilinə kömək (metodik vəsait. Bakı-2006); “Distant Təhsil Texnologiyaları” treninq proqramı (Bakı-2007); “Pedaqoji Təhsildə İnnovasiyaların, yeni metod və yanaşmaların tətbiqinin işlənilməsi” təhsilə uğurlu dəstək, “Təhsildə innovasiya – dərslərin kliniki müşahidəsi” (metodik material); “Təhsildə innovasiya-Elektron məktəb”(metodik material); “Təhsildə innovasiya-Gender” (metodik material); ”İqtisadi təhsil zamanın tələbidir”. Müəllim kadrlarının hazırlığında innovasiyya və texnologiyalardan istifadə; “Yeni təlim texnologiyalarının pedaqoji texnologiya sistemində səciyyəsi”, “Pedaqoji təfəkkürün formalaşmasında İnteraktiv təlimin imkanları” Tədris-təlim prosesinin keyfiyyət təminatı: Səriştəli yanaşma”. “Səmərəli İnnovasiya sistemi və yeni təhsil texnologiyaları” – “Motivasiya, prosedur və fəaliyyətlə bağlı kompetensiyalar”, Müəllimin peşəkarlıq səviyyəsinin inkişafına təsir edən amillər”. “Təhsil alanların elmi tədqiqat bacarıqlarının inkişaf etdirilməsi günün tələbidir”, “Ali pedaqoji təhsil sistemində elmi və texnoloji innovasiyaların tətbiqi kadr hazırlığının zəruri amili kimi”, “Ali pedaqoji təhsil sistemində elmi və texnoloji innovasiyalar”, “Təhsildə İnnovativ metodlardan istifadə”, “Pedaqoji Təhsilin İnnovasiyon inkişafının layihələndirilməsi”və s…
Bu gün də günlə səsləşən, ödənişsiz vebinarlar keçirərək müəllim və məktəb psixoloqlarına yardım missiyasını səylə davam etdirən Zülfiyyə xanım çox sayda beynəlxalq və respublika elmi-metodik konfransın, simpozium, forum və təlimlərin iştirakçısı olmuş, 50-yə qədər sertifikat, fəxri fərman və diploma layiq görülmüşdür. 105 elmi məqalə və 47 tezis, çox sayda publisistik məqalə müəlifidir. İmzası ”Təhsil”, ”Azərbaycan məktəbi”, ”Məktəbəqədər və ibtidai təhsil” və “Pedaqoji Universitet xəbərləri” jurnallarının, ”Respublika”, “Azərbaycan müəllimi”, ”Təhsil və zaman”, ”Təhsil problemləri”, “Palitra” qəzetlərinin daimi oxucularına yaxşı tanışdır. Konfranslarda, dəyirmi masa və görüşlərdə, təlim, mühazirə və seminarlarda yüksək peşəkarlıqla etdiyi çıxışlar pedaqoji ictimaiyyət tərəfindən həmişə maraq və rəğbətlə qarşılanır.
***
Müraciətlərimə diqqət yetirdinizmi? Hər adını çəkdiyimdə hökmən “xanım” kəlməsi nitqimə gəlib. Həm də bu, gəlişigözəl, etika məqsədilə işlədilən müraciət deyil.
Qədim tariximizi xatırlayaq. İnsana müraciət formasının “xan”, “bəy”, “xanım”, “xatun” olduğu illəri. Sonrakı illərdə ziyalı təbəqəsinə müraciət forması olaraq “müəllim” müraciət forması meydana gəldi. Indi “müəllim” müraciət forması yalnız bu peşə sahiblərinə deyil, ümumən ziyalı təbəqəsinə aid edilir. Bu hal müəllim sənətinə, müəllim peşəsinin cəfakeşlərinə xalqımızın sayqısının göstəricisi deyilmi?
Müsahibim ona “Zülfiyyə xanım” deyə müraciət tərzini özü qazanıb: davranışlarıyla, insanlara diqqət və münasibətilə, savadı, dünyagörüşü, intellekti ilə.
***
Tərcümeyi-hal insanı bəzəmir, insan tərcümeyi-halını bəzəyir. Zülfiyyə xanım tərcümeyi-halına bu yerəcən sizlərə indi bəlli etdiklərimdən və bəlli edə bilmədiklərimdən məqam-məqam çox “nağışlar” vurub. Tərcümeyi-hal isə davam edir. Bu da o deməkdir ki, Zülfiyyə xanım hələ bundan sonra da tərcümeyi-halına özünəməxsus “naxışlar” vurmaqda davam edəcək. Bizə isə bu uğurlara ürəkdolusu fərəhlənmək və qürurlanmaq qalır.
Yaşadığınız ömür payında tutduğunuz mövqedə uğur yol yoldaşınız olsun, Zülfiyyə xanım.