Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32 – ci ildönümünə həsr olunmuş “Ağla, qərənfil, ağla” adlı video görüş keçirilib. Görüşdə “Yazarlar “ jurnalının baş redaktoru şair və pedaqoq Zaur Ustac, Estoniyadan kitabxanaçı və bu qanlı faciənin şahidi Təranə Mirzağayeva, Yevlax rayon Nizami adına Malbinəsi kənd tam orta məktəbinin ibtidai sinif müəlliməsi İnarə Musayeva, həftəsonu məktəbinin müəlliməsi Arzu Rzayeva və məktəbin şagirdləri iştirak ediblər. Qonaqlar Qanlı Yanvar hadisələri haqqında danışıblar və bu hadisənin tariximizdə mühüm rolu olduğunu bildiriblər. Görüşün davamında məktəbin şagirdi Səlim Abbaszadə çəkdiyi qərənfil və qızılgül rəsmlərini görüş iştirakçılarına təqdib edib. Məktəbin şagirdləri Ənvər Ramberq Məmməd Aslanın “Ağla, qərənfil, ağla”, Aida Ramberq Baba Vəziroğlunun “Vətən”, Səlim Abbaszadə Bəxtiyar Vahabzadənin “Şəhidlər”, Həmid Əli isə Xəlil Rza Ulutürkün “Azadlığı istəmirəm zərrə-zərrə, qram- qram!” şeirlərini döyləyiblər. Tədbirin sonunda Zaur Ustac müəllifi olduğu “İnci qərənfil” şeirini söyləyib.
ÜSTÜNDƏYƏM MƏN Bu gün qəribə bir yuxu görmüşəm, Sanki bir nərdivan üstündəyəm mən. Nə göydə, nə yerdə, nə asimanda, Əcəl köhləninin üstündəyəm mən. * * * Görürəm daşlar da dilə gəlibdir, Dərdimi dünyadan başqa kim bilir? Dilim dayanmadan dualar edir, Əcəl köhləninin üstündəyəm mən. * * * Görürəm hamıyla sağollaşıram, Hamıyla əl verib qucaqlaşıram. Anamla, atamla halallaşıram, Əcəl köhləninin üstündəyəm mən. * * * Dostlarla əbədi vidalaşıram, Dünyayla əbədi sağollaşıram. Zəncirtək köhlənə çox dolaşıram, Əcəl köhləninin üstündəyəm mən. * * * Sevgimi birində qoyub gedirəm, Yaramı dərində qoyub gedirəm. Dünyadan biryolluq doyub gedirəm, Əcəl köhləninin üstündəyəm mən. * * * Əlvida hər şeyim, ey varım, yoxum, Əlvida kamanım, əlvida oxum. Sən idin dünyada şipşirin yuxum, Əcəl köhləninin üstündəyəm mən. * * * Sanki dodaqların gülüş görməyib, Ey ləbi dodağı gülüş görməyən. Bil ki, mən ölsəm də ruhum ölməyib, Əcəl köhləninin üstündəyəm mən.
DE NİYƏ? Nə oldu ki, ayrılırıq biz indi? Ağlamağa tab gətirmir göz indi. Danış bilim, de mənə bir söz indi, Aramızdan yel də əsmir de niyə? * * * Ayrılırıq, dözə bilmirəm buna, Sevgimi sən indi yetirdin sona Qəlbimi vermərəm yad bir oğlana Aramızdan yel də əsmir de niyə? * * * Qəlbim quş qəlbitək indi döyünür, Sevənlərə baxıb hər kəs öynür, Ayrılıq deyəndə qəlbim göynüyür, Aramızdan yel də əsmir de niyə? * * * Darıxdığım zaman təsəllim olmur, Ağlayıram amma gözlərim dolmur, Əllərim əlinə dəyməyib donur, Aramızdan yel də əsmir de niyə?
GEDİRƏM Yoluma bax gizli-gizli köks ötür, Ürəyində qubar bağla, gedirəm. Gəlib ürəyimi təkcə sən götür, Yasıma gələrək ağla, gedirəm. * * * Ürəyim çırpınır quş qəlbi kimi, Artıq günəş belə üşüdür məni. Xətrimə dəymisən, neynirəm səni? Yasıma gələrək ağla, gedirəm. * * * Məktubları saxla, yadigar olsun, Sevgilim deyirsən, qoy xitab olsun, Qəlbin başqasına qoy mehtab olsun, Yasıma gələrək ağla, gedirəm. * * * Başım gicəllənir, görmürəm heç nə, Yanımdan beləcə ötəri keçmə. Sevgi şərabından sən hələ içmə,. Yasıma gələrək ağla, gedirəm. * * * Yenə səni xoşbəxt görmək istərəm, Uşaq kimi coşub-çağla gedirəm, Məni heç düşünmə, amma bircə gün, Yasıma gələrək ağla, gedirəm.
ŞƏHİDLƏR Millətim yol gəlir neçə min ildir, Yolunu-izini çəkər şəhidlər. Yerdə aslan kimi durar marıqda, Göydə şahin kimi səkər şəhidlər. * * * Doğulub düşmənə daş atmaq üçün, Ürəyi qorxudan boşaltmaq üçün. Ölərlər vətəni yaşatmaq üçün, Hər qəlbdə bir qala tikər şəhidlər. * * * Analar ər doğar,oğul böyüdər, Hər oğul dünyası- nağıl, böyüdər. Yurdunu sevərlər analar qədər, Düşmənin qəddini bükər şəhidlər. * * * Səngəri ev bilib ağ ban eyləyər, Bağ qurar,ömrünü bağban eyləyər. Canını xalqına qurban eyləyər, Qanını yurd üçün tökər şəhidlər. * * * Özü qocalmaz ki,əsri qocaldar, Gələcək,gedəcək nəsli qocaldar. Qəlblərdə vətənə heykəl ucaldar, Azadlıq ağacı əkər şəhidlər. * * * Bayraqtək ucadır adı onların, Adları titrədir yadı onların Qanında doğmaqçün qəhrəmanların, Millətin ruhuna çökər şəhidlər. * * * Vətən,qurbanınam- üzdə demədi, Əməldə göstərdi,sözdə demədi. Mahirə,ağlamaq,sızlamaq nədi, Sənin göz yaşından küsər şəhidlər.
TOY GÜNÜ Bu gün toyumdu, otağımda oturmuşam. Bir azdan toy adamları gələcək, vağzalı səslənəcək. Mən də həyat yoldaşımın qoluna girib otaqdan çıxacam. Bir də bu evə qayıtmayacağam sonra. İçimdən bir səs “ Etmə, hər şeyi yarıda qoy, soyun gəlinliyini” – deyir… Amma qonşular nə deyər, ailəm nə deyər?… Axı hər kəsin ümid yeriyəm… Axı hər kəs bəzənib – düzənib restorana gələcək. Axı bizim toydan kim isə kiməsə qız bəyənəcək, kimlərsə sağlıq deyəcək axı… Halbuki məni düşünən yoxdu… Hə, bir şey yaxşı oldu, daha “Nə vaxt tərpənirsən?”- sözünü eşitməyəcəm. Yerinə “Bir şey, mir şey var?”- deyəcəklər bir müddət. Amma istəmirəm, könülsüz gedirəm. O bir mahnının da sözlərində var e, deyir: “Könülsüz gedən qızın, ağlamaqdır peşəsi”… Mən ağlamaq istəmirəm artıq. İndiyədək ağladığım bəsdi mənə. Güclü olmaq,. eh… Bəlkədə elə xoşbəxt olmaq istəyirəm.
HƏDİYYƏ Səliqəli evdə valideynləri və Arif süfrə arxasında əylışib yemək yeyir. Bu zaman Arifə mesaj gəlir, “ Biz kafedəyik, istəyirsən sən də gəl”. Arif anasını qucaqlayıb, öpüb, atasından icazə alıb evdən çıxır. Anası qapıda: “Arif, oğlum, amandı, qurbanın olum tez gəl, bilirsən ki, narahatam, yeməyini də yemədin.” Arif: Narahat olma, anam, qayıdacam. Kafe: Uşaqlar yığışıb çay içir, hərə maşından danışır, hə… Arif, sən nə vaxt maşın alırsan?.. (yerdən gülüş səsləri eşidilir) – Onun anası icazə verməz, Arif hələ uşaqdı… (gülüş səsləri) – Sürücülük vəsiqən də yox idi sənin? (gülüş səsləri davam edir) – Adə, sürməyi bilir ki, öyrənsin də? – (yerdən yenə səs) qırxında öyrənər… (gülür) o məsələ Gülüş səsləri davam edir. Arifin isə heç nəyi yox idi, söhbətə qarışa bilmirdi və bu onu çox narahat edirdi. Hər dəfə dostlarının xoşbəxtliyi və onların hər şeyi olduğunu görüb, özünün isə heç nəyi olmadığını biləndə çox pis olurdu. Nəhayət stoldan pərt olaraq durur və evə gəlir. Qapını qəzəblə çırpıb açır və deyir: Bəsdir də, başqaları hər gün yeyib- içməkdə, sən mənə heç nə etmirsən. Mən də rahat yaşamaq istəyirəm. Mənim də buna haqqım var, mən bir də bu evə qayıtmayacam”- qapını çırpıb ağlaya- ağlaya evdən çıxır. Ana donuq vəziyyətdə, məyus olur. Televizorda aparıcının təqdimatında xəbərlər eşidilir: “Efiri elə indicə baş vermiş gərgin bir ölüm hadisə ilə açırıq. Hazırda Bakının inşaatçılar prospektində ağır avtonəqliyyat hadisəsi baş vermişdi. Sürücü idarəetməni itirərək avtomobili divara çırpmış, ölənlər var”… Qara fon: fatihə surəsi eşidilir. Mərhumun dəfnindən sonra oğlan əlini cibinə qoyub millətdən uzaqlaşır… gəlir evə, anasını öpüb qucaqlayır. Kadr arxası səs: “Bəzən qıymır deyə valideynlərimizin bizə almadıqları şeylər əslində bizim varlığımızdır. Ən böyük hədiyyə də məhz budur”.
ARZU Sərxoş bir kişiyə oğlu yaxınlaşır, “ Ata, mənim anam hanı, anam üçün darıxıram, olar, məni anama apararsan? Kişi içki şüşəsini balaca uşağın üstünə vıyıldadıb, ananın? Bu dəqiqə… gəəl, gəl sənə göstərəcəm. Uşaq qorxaraq geri addımlayır və deyir, – Ata, axı mən qorxuram, qolumu incidirsən, ata. – Ata deyir: “ Sən deyilsən ananın yanına getmək istəyən? Aparıram da… (uşaq ağlayır…) Sakit dur, yum ağzını… Uşağı boğmağa çalışır və uşağın gözləri yumulur. ( Uşaq xırıltılı səslə boğulur). Ambulans səsləri və xəstəxana Klinika: Uşaq reanimasiya şöbəsində : Gözlərinin önünə atası gəlir və gülümsəyir. Çox sağ ol ata, çox sağ ol – deyərək gözlərini yumur və ürək döyüntüləri dayanır.
QƏRƏNFİL Ağladın Azadlıq şəhidlərinə, Bir az da dənizə ağla,qərənfil. Ağla ölənlərin itmiş ruhuna, Bir az da kükrəyib çağla,qərənfil. * * * Bizdən yan keçmədi ölüm,fəlakət, Günah işlətmişik,yoxsa qəbahət? Baxışlar nigaran, ürək narahat… Bir az da sinələr dağla,qərənfil. * * * Bu nə intizardı,bu nə sualdı, Dəniz susub,dinmir,elə bil laldı, Son ümid şöləsi közərə qaldı, Bir az da yaramı bağla,qərənfil.
DEYİRLƏR, KİŞİ AĞLAMAZ… (20 Yanvar faciəsinin qurbanlarına ithaf olunur…) Deyirlər,kişi ağlamaz, Ancaq hamı ağladı o gün, Anam ağladı, bacım ağladı… Göz yaşları gildir-gildir, elə bil ki, seldir… O vaxt atam da ağladı- 1990-da… Onda ərşə qalxdı, sinə dağladı atamın anamın,bacımın naləsinə qarışan yanıqlı fəryadı… O ağladı,sızladı,mən düşündüm, Sakit,təbiətən mülayim atam niyə ağlayır? Üşüdüm… Mənə elə gəldi ki,o ayazlı, şaxtalı gecədə küçədə əliyalın,sinəsini düşmən gülləsinə Sipər edən mən idim… Atam mənə görə ağlayırdı, Sən demə, Vətən oğulları üçün sızlayırdı. Deyirlər,kişilər ağlamaz,ancaq ağladı atam o şənbə gecəsinin dəhşətinə,vəhşətinə… İlham üçün özünü qurban verən Fərizənin həsrətinə. Yandı şair təbiətli Ülvinin gəncliyinə,nakam ömrünə O gecə şəhidlik zirvəsinə ucalan oğullar üçün ağladı atam… Deyirlər,kişi ağlamaz,ancaq atam ağladı,mənə görə yox- Şəhid olmuş qardaşıma,bacıma… 5.05.2014. Quba-Zərdabi.
ŞƏHİDLƏRİN RUHUNA Güllər buta bağlayanda, Çaylar daşıb çağlayanda, Qərənfillər ağlayanda Ağla şəhid ruhlarına Bir dəstə gül bağla şəhid ruhlarına. * * * Gəncdi Ülvi Bünyadzadə, Nakam ömrü getdi bada, Gətirib sən onu yada Ağla şəhid ruhlarına, Bir dəstə gül bağla şəhid ruhlarına. * * * Leyli-Məcnun əfsanədir, Sədaqətə nümunədir– Onlar İlham-Fərizədir. Ağla şəhid ruhlarına Bir dəstə gül bağla şəhid ruhlarına. * * * Bir olmuşuq həmişə biz Azad olsun Vətənimiz. Mövlud,çatar zəfərimiz… Ağla şəhid ruhlarına, Bir dəstə gül bağla şəhid ruhlarına…. 13.12.2014. Quba-Zərdabi.
(Kənan Hacının təkadamlıq “Vaxt pəncərəsi”ndən bir başqa dünya görünür)
Öz evini çiynində gəzdirən, qapı-qapı gəzən, könlü mənəvi kasıb, nəfsinin arzularına məğlub olan saxta, modern dərvişlərin maddi aləmdən imtina edib ruhsal dünyaya atılmağını, sufi rəqslərlə saat əqrəbinin əksinə fırlanaraq göy cisimlərinin hərəkətini etməsini görmüsünüzmü? Mən görməmişəm. Bunun üçün Tanrının verdiyi ruhi hal lazımdır. Çoxumuz dərvişləri dilənçi kimi tanıyırıq. Dərviş yoxsuldurmu? Bunu mənəvi yoxsullar belə düşünər. Əgər sənin mənəvi heybən doludursa, dünyanın ən zənginisən.
Gənclik illərindən bu günə qədər Səttar Bəhlulzadə dərvişliyi ilə eyni olan dərviş axtarışındayam. Axtarışlarımın hələlik bir nəticəsi yoxdur.
“Təkadamlıq” bir hekayə məni”Vaxtın pəncərəsi”nin boz-bulanıq şüşəsindən baxmağa məcbur etdi. O pəncərədən nələr gördüm? Kənan Hacının “vaxt pəncərəsi”ndə yer “təkadamlıq” olsa da mənəviyyat vurğunlarının hamısını ora dəvət edirəm. Kənan Hacıya deməyin bunu. Sirr saxlaya bilmirəm. Sirr saxlamayanlara ağzıcırıq deyirlər, mənsə ağzıcırıq da deyiləm, səxavətliyəm. Yaxşı bir nəsnə görəndə özümü saxlaya bilməyib car çəkirəm ki, qoy hamı özünü çatdırsın, içini redaktə etsin.
Saxta dərvişlərin bic doğulmuş mahnıar oxuduğu, oriental rəqslərlə ora-burasını nümayiş etdirib yanıqları həyəcanlandırdığı bu günümüzdə dərvişlik çox ucuzlaşıb. Kənan Hacı isə əsl dərvişlik sınağından üzüağ çıxan “sonuncu dərviş”dir. “Xirqə”si də var, “kəşkül”ü də. O, bilir ki, “ağrı bədənin, dərd ruhundur, ağıl yerdir, hiss göy, ağıl, bədən sudur, hiss, ruh od”.
Dünyanın özü hərtərəfi su və od ilə əhatə olunan adadı, Kənan bəy. Dərviş İlkən də, sən də hara qaçacaqsan ki? Sizin kimilərin taleyinə yazılan yazıdı bu. Odun və suyun “vətən”i yerdi, hissin və ruhun sığınacağı isə göy. Çoxumuz yerlə göyün pasportsuz, ikili vətəndaşıyıq. Elə “Günəş köynəkli” Dərviş İlkən də. Əslində “vətəndaş” kəlməsi yerinə düşmədi, laməkanların nə vətəndaşlığı? Bu cahana sığmayanları onların ruhuna şərik olanlar daşıya və tapa bilər. Tanrıyla “həsb-hal” edənlər həmişə oyaqdılar. Onlar üçün “yatmaq vaxt itkisidir”. Belələri, yerə yatmışları oyatmaq üçün göndəriliblər, böyük Sabir kimi…
Od da, su da müqəddəsdir, hər ikisi insanlığın xilası üçündür. Ona görəmi “od suyun qəlbində soyuyur? Atalar deyib ki, biriniz od olanda biriniz də su olun. İnsanlar da iki qismə bölünüb – oda və su xislətlilər. Deyirlər ki, insan bədəninin 80 faizi sudur. Oğuz Türklərinin bədənində bu əllinin əlliyə nisbətindədir, Yaradanın bizə ənamıdır. Ancaq nədənsə həndəvərimizdə başdan ayağacan su, yaxud təpədən dırnağacan od adamlar çoxalıb. Günahlarımızı Tanrı görür, unutmayaq.
Heç fikirləşmisinizmi, bizim əməllərimizdən od nə çəkir, su nə? “Od nə çəkdi küldən soruş” deyirdi Rəsul Rza. Bəs suyun çəkdiklərini kimdən, yaxud nədən soruşaq?
“Ruh insanın bədənində qonaqdır”, biz qonağa canımızı verməyə hazırlardanıq, bunun açısını ulu ömrümüz boyu dadırıq. Ancaq ruhumuz nankor deyil. Bircə onu küsdürməyək. Ruh nədir? Bizdən sonrakı biz. Bəs niyə özümüzə biganəyik?
Bəlkə qəmimizi duruldan içimizdəki su, sevincimizi yanmış kösövə döndərən oddur. Ona görəmi qəmimiz tərtəmizdi – həmişə müqəddəs suda qüslləndiyi üçün, sevicimiz də yanıq? Yox, suda, odda günah axtarmayaq…
Sükutumuzun da dili var, Kənan Hacı. Sükutun pıçıltılarını nə vaxr qulağımız eşitməsə, çığır-bağırdan dəli olarıq. Bizim abır-həyamızı sükut ört-basdır edir.
Yerindən duran qələminə and içib ağzına və ağlına gələni yazıb bəyaz kağıza püskürür, sonra da sönmüş vulkan kimi öləziyib itib-batır.
Kaş bizi nağılsız böyüdəydilər nənələrimiz. Bizə Məlikməmmədlərin kəndirini kəsməyəyi, göyçək Fatmaları təndirdə yandırmağı, qardaşa daş atmağı, cırtdaların hiyləsini nağıllar öyrətmədimi? İndi nağıllara inanmamağımızın nə mənası? Artıq iş-işdən keçib. İndi dünyanın hər yanı it hürən tərəfdi. İşıq gələn tərəfi axtarsaq da tapmırıq. Deyəsən işıq gələn deşiyə barmağımızı çoxdan tıxamışıq, bəlkə də yumruğumuzu…
Kainatdakı “makro və mikrosistemlər” tamahımızın ucbatından hər gün qram-qram arıqlayır, əriyir. Makro dərdlərimizsə ərimir, daha da kökəlir, mikro sevincimizin gözünü azğın əcdahaxislətlilər kor edirlər.
“Vaxt rəncərəsi”nin arxasında məlul-məlul dayanıb siyasət
Təpəgözlərinin işləklərini qınamaqdan yorulmuruq, hərdən səssiz-küysüz məzlumcasına hədələyirik onları: “Ay gidi dünya!”. Gidi dünya isə bizi yad ünsür kimi görür. Dünyanın mayasına haram qatılıb, yoğurduğumuz xəmirə duz atmağı çoxdan unutmuşuq.
Hamımız tənha adaya çəkilsək, vay o adanın halına. Qoy orada Dərviş İlkənlər yaşasın, onların yorğanına birə buraxmayaq.
Biz Əli Kərimin diliylə desək, həqiqəti it, yalanı ceyran şəklində görməyə alışmışıq. Həqiqətdən qorxmuşuq – itdən qorxan kimi, yalan gözümüzə zərif, incə, göyçək görünüb – ceyran şəklində.
Deyirlər, insan ən şüurlu, vicdanlı çanlısıdır planetimizin. Bəs onda niyə insan yalanlar içində kef çəkir, yalan söyləməkdən həzz alır, hətta Tanrıya da kəf gəlməyə çalışır? Budurmu şüur, vicdan? Şüursuz hesab etdiyimiz nəhəng ağaclar, bapbalaca boylu çiçəklər yalan pıçıldamır, külək yalandan əsmir, quşlar yalançı nəğmələr ötmürlər? Yalan şüurlular üçünmüş…
Hələ çoxmu “quşları rəngləriylə aldadan dadsız kəpənəklər kimi mozaik zamana” aldanacağıq, yaxud üzü üzlər görmüş, qarıyıb ifritəyə dönmış zamanı aldatdığımızı düşünəcəyik avam-avam?
Gəlin gedək, Ramiz Rövşən sayağı, yalanın nəfəsi dəyməyən yerə…