9 Mart 2026-cı il tarixində Dədə Ələsgər Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında söz və saz sənətinin böyük ustadı Dədə Ələsgərin vəfatının 100-cü ildönümü münasibətilə xatirə gecəsi keçirilib.
Tədbirin aparıcısı, şair, publisist Əkbər Qoşalı bildirib ki, tədbir Azərbaycan saz və söz mədəniyyətinin ən böyük nümayəndələrindən biri olan Aşıq Ələsgərin irsinə ehtiramın ifadəsidir. Qeyd edib ki, ustad sənətkarın yaradıcılığı xalqın mənəvi yaddaşını, dilini və dünyagörüşünü yaşadan böyük mədəni xəzinədir.
Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərli ustad sənətkarın həyat və yaradıcılığı haqqında danışıb. O, Aşıq Ələsgərin şeirlərindən nümunələr səsləndirərək böyük ozanın saz və söz sənətində tutduğu mövqedən bəhs edib. Bildirilib ki, Aşıq Ələsgər öz yaradıcılığı ilə aşıq sənətinin ən yüksək zirvəsini fəth etmiş, sözün hikmətini və sazın qüdrətini xalqın mənəvi yaddaşında əbədi yaşadan nadir sənətkarlardan biri kimi Azərbaycan mədəniyyət tarixində silinməz iz qoyub.
Tədbirdə çıxış edən millət vəkili Hikmət Babaoğlu Aşıq Ələsgərin yaradıcılığının milli-mənəvi dəyərlərimizin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Qeyd olunub ki, ustad sənətkarın söz dünyası Azərbaycan xalqının tarixi yaddaşını, mənəvi düşüncəsini və həyat fəlsəfəsini özündə əks etdirən böyük bir irsdir.
Konsert proqramında Azərbaycan aşıq və muğam sənətinin tanınmış nümayəndələri çıxış ediblər. Beynəlxalq müsabiqələr laureatı, Xəzər Universitetinin müəllimi Aşıq Ramin Qarayev, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Aşıq Ədalət Dəlidağlı, Azərbaycanın Əməkdar artisti Rəhilə Bəndəliyeva, eləcə də aşıqlar Aşıq Nəbi Nağıyev, Aşıq Dərya Mərdənzadə, Aşıq Məhsəti Cabbarova, Aşıq İlqar Qələmçəli və Əməkdar nədəniyyət işçisi, Aşıq Bəhmən Göyçəli Dədə Ələsgər irsinə həsr olunmuş saz havaları ifa ediblər.
Tədbirdə həmçinin dombra və kumuz ifaçısı Adnan Əmirli, müğənni Talıb Taleh, Təbrizli bəstəkar-müğənni Arif Mehmandost, xanəndələr Mehranə Vəliqızı, Rəvanə Vəliyeva və Rəşad İdrisoğlu çıxış edərək zəngin musiqi proqramı təqdim ediblər. Aşıqların ifalarını balaban ustası Ələkbər Ələkbərov müşayiət edib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, şair-publisist Ramiz Qusarçaylı və Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu də çıxış edərək Aşıq Ələsgərin poeziyasının və aşıq sənətinin Azərbaycan mədəniyyətində tutduğu mühüm yerdən danışıblar.
Sazın sədası və ustad sənətə ehtiram ruhunda keçən anım gecəsi tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Tədbir bir daha göstərib ki, Aşıq Ələsgərin zəngin irsi Azərbaycan xalqının mənəvi yaddaşında yaşayır və bu irs gələcək nəsillərə ötürülməkdə davam edir. Fotolar:
Anım gecəsi Azərbaycan aşıq sənətinin yaşadılması, milli mədəniyyətimizin təbliği və böyük ozanın xatirəsinin ehtiramla yad edilməsi baxımından əlamətdar hadisə kimi yadda qalıb.
Hazırda İranda olan tanınmış yazıçı Həmid Herisçi bir yazı qələmə alıb və həmin yazını yazıçının həyat yoldaşı, jurnalist İlhamiyyə Rza Yeni Müsavat Media Qrupuna göndərib. Musavat.com həmin yazını məzmununa toxunmadan, yalnız hərf və punktuasiya səhvlərini düzəldərək təqdim edir.
⸻
Həmid Herisçi, yazıçı
Mən, Güney Azərbaycan milli azadlıq hərəkatının şanlı memarlarından biri Qafar Kəndli Herisçinin ailəsində doğulmuşam. Uşaqlıqdan bu mübarizənin tarixini öz bioqrafiyam bilmişəm. Jurnalistik və ədəbi yaradıcılığımda bu mövzu həmişə ön sırada olub.
Mən həm də müstəqil Azərbaycan mass-mediasının yaranmasında fəal iştirak etmişəm. Son yaradıcılıq emalatxanam AzTV idi. Burada “Mədəni tənqid” verilişini hazırlayırdıq. Ekranlarımızda azsaylı aparıcı duetlərindən biri olaraq həyat yoldaşım İlhamiyyə Rzayeva ilə mədəniyyət hadisələrini cəmiyyətə təqdim edirdik.
Təəssüf ki, qonorar sistemi ləğv edildikdən sonra AzTV-də fəaliyyətimizi dayandırmağa məcbur qaldıq. Təqaüdlə yaşamaq perspektivi ümidverici deyil. Təbii ki, ailə başçısı olaraq ailəmin maddi təminatı naminə yönümü atamın doğma yurdu Təbrizə saldım. Atamın vəsiyyəti ilə qardaş-bacılarıma qalan evimizi satmağı düşünürdüm.
Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Komissiyasına dəvət olunmağım da yerinə düşmüşdü. Hörmətli Sabir Rüstəmxanlının sədrlik etdiyi komissiyanın müavini seçilmişdim. Həm də Azərbaycan Yazıçılar Birliyinə faydalı ola bilərəm, təəssüratlarımı bölüşərəm deyə düşünürdüm.
Orada olduğum bir həftədən sonra bəlli hadisələr baş verdi. Başa düşdüm ki, cari gərgin hadisələri yazıb ictimailəşdirmə fürsətini qaçırmamalıyam. Amma Bakıya, doğma ailəmə qovuşmaq arzusundaydım. Dedim, gedim ailəmə baş çəkim, qayıdım. Jurnalist kimi kənarda qala bilməzdim.
Bu arada yoldaşım iki gün idi ki, məndən xəbər ala bilmədiyindən təşvişə düşmüşdü. Sağ olsun, İlhamiyyə xanım mənim istəyimi anladı. Razılaşdıq ki, bir müddət qala bilərəm.
Gələk mənim haqqımda yayılan böhtanlara. Təbrizdəki ovqatı isti-isti çatdırmaq üçün video paylaşdım. Çəkiliş üçün Səttarxan heykəlinin yanında dayandım. Videonu Səttar xanın nəticəsi, dostum Saminin çəkməsi üçün telefonu ona verdim və qısa çıxış etdim.
Video hadisədən az sonra çəkilib. Prezidentin bəyanatı isə bir müddət sonra edildi, təbii ki, hadisə araşdırıldıqdan sonra. Mən və bütün Təbriz internetsiz idik. İndi də informasiya blokadasındayıq.
Dediklərim bu idi:
“Mən indi Təbriz şəhərindəyəm. Xəbər gəldi ki, Naxçıvana mərmilər yağıb. Təsəlli verirəm doğma xalqıma Təbrizdən. Çox böyük əhəmiyyəti var – Təbriz təsəlli verir Bakıya, Naxçıvanda ölmüş insanlar üçün, yağmış bombalar üçün. Təbrizin özündə də vəziyyət o qədər də yaxşı deyil. Deyirlər ki, Naxçıvana düşmüş bu bombalar İrandan atılmayıb, başqa yerdən atılıb. Hər halda Təbrizdə bu söz-söhbət getməkdədir. Baş vermiş hadisə dərindən öyrənilməlidir. Öncədən fikirlər demək hələ tezdir.”
Bunu Güney Azərbaycan WhatsApp qrupunda paylaşdım ki, Bakıdakı Güney komissiyası üzvləri də xəbərdar olsunlar.
Mən öz jurnalistlik borcumu yerinə yetirmişəm. Bir neçə gün sonra mənimlə bağlı qaldırılmış çirkin kampaniyadan xəbər tutdum. Bunlar hamısı iftiradır, əsassız çamuratmalardır.
Mübahisələr məni diksindirdi, ikrah doğurdu. Nə isə…
Hörmətli həmvətənlilərim! Mən bizim doğma, qədim Azərbaycan yurdumuzda bədii yaradıcılıqla məşğul oluram. Güney Azərbaycanda qalıb bu qorxulu müharibənin səlnaməsini yazmaqla məşğulam.
Vaxtilə Ernest Heminquey İspaniyadakı vətəndaş müharibəsini necə öz romanlarında yazmışdısa, mən də eləcə yalnız ədəbi maraqlara xidmət edirəm.
Vətənimə sadiqəm. Vətənim o taylı-bu taylı Azərbaycandır. Anam bakılı, atam təbrizlidir. Azərbaycan mənim simamda bütövdür.
Təbrizdə bu səbəbdən yubanmışam. Bakıdan yeganə yazıçıyam burada. Bu hadisələr yazıçı və jurnalist üçün nadir fürsətdir ki, hadisələri yaxından izləsin.
Artıq gündəliyimi yazmağa başlamışam. Bu günədək 11 kitab yazmışam. Növbəti əsərim də bu hadisələr barədə olacaq.
Əleyhimə böhtan yayanları qınamıram – bu onların amalidir. Mənim amalım isə vətənin mənəvi və mədəni bütövlüyünə çalışmaq, yaratmaq və dərc etməkdir.
“Uğurlu təhsil idarəçiliyi yalnız rəsmiyyətdən ibarət deyil; o, həm də müəllim əməyinə verilən səmimi qiymət, hər bir uğura şərik olmaq və mənəvi dayaq durmaq mədəniyyətidir.” Müasir Azərbaycan təhsilinin inkişaf strategiyasında idarəçilik artıq yeni bir müstəviyə qədəm qoyub. Bu gün Şəki-Zaqatala Regional Təhsil İdarəsi təkcə inzibati bir qurum kimi deyil, həm də təhsil işçilərinin inkişafını hədəfləyən, yaradıcı müəllim təşəbbüslərini dəstəkləyən bir mənəviyyat mərkəzi kimi çıxış edir. Bu uğurlu mühitin formalaşmasında idarənin rəhbər heyətinin – Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudovanın, müdir müavini Hafiz Pənahovun, Tədrisin keyfiyyəti sektorunun müdiri Alqış Həsrətovun və İnzibati təşkilat sektorunun müdiri Rauf Əsədovun rolu əvəzsizdir. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olan “Şəki müəllimləri ilə beynəlxalq təcrübəyə addım” layihəm çərçivəsində mən bu dəstəyi ilk addımdan hiss etdim. Səfər hazırlıqları zamanı müdir müavini Hafiz Pənahov, sektor müdirləri Alqış Həsrətov və Rauf Əsədov tərəfindən dəfələrlə qəbul edilməyimiz, layihənin detalları ilə yaxından maraqlanmaları bizə böyük stimul verdi. Onlar tərəfindən qarşılaşa biləcəyimiz hər bir məsələnin diqqətlə dinlənilməsi və həlli yollarının göstərilməsi, bu şəxslərin yalnız peşəkar idarəçi deyil, həm də yüksək insani keyfiyyətlərə malik ziyalılar olduğunu bir daha nümayiş etdirdi. Türkiyəyə etdiyimiz 5 günlük təhsil səfəri müddətində İnzibati təşkilat sektorunun müdiri Rauf Əsədovun diqqət və qayğısı bizim üçün mənəvi bir qalxan oldu. Rauf müəllim səfərin hər anında bizimlə mənəvi təmasda oldu, işlərin gedişatını izlədi və hər bir xırda detalın belə qayğısevarlıqla nəzərdən keçirilməsini təmin etdi. Onun bu davranışı rəhbərlik məsuliyyətinin səmimiyyətlə birləşdiyi nadir nümunələrdəndir. O, bizə həm yol göstərən, həm də mənəvi dayaq olan bir rəhbər kimi təhsil səfərimizi daha səmərəli və unudulmaz etdi. Vətənə qayıtdıqdan sonra İdarə müdiri Günay Mahmudovanın başçılığı ilə keçirilən görüş isə müəllim əməyinə verilən ali dəyərin təntənəsi idi. Görüşdə Hafiz Pənahov, Alqış Həsrətov və Rauf Əsədovla birlikdə qrant qalibi olan digər müəllimlərin də iştirak etməsi, layihələrimizlə yaxından tanış olunması bizim üçün mənəvi stimul oldu. Günay xanımın səmimi diqqəti, təqdimatımızı böyük maraqla izləməsi və müəllimlərə verdiyi dəstək təhsilə olan strateji baxışın və insan amilinə verilən qiymətin bariz göstəricisidir. Şəki-Zaqatala Regional Təhsil İdarəsində formalaşan bu sağlam və etibarlı mühit müəllimlərdə öz işinə olan məsuliyyəti daha da artırır. İnsani keyfiyyətləri ilə seçilən belə rəhbərlər sayəsində təhsilimiz daha parlaq gələcəyə doğru addımlayır. Uca Yaradan bu kollektivin yolunu daim açıq, fəaliyyətini bərəkətli etsin. Təhsilin gələcəyi məhz belə ziyalı və insanpərvər idarəçilərin əllərində daha işıqlı görünür. P.S. Zaman keçəcək, vəzifələr və illər bir-birini əvəz edəcək. Lakin rəsmi kabinetlərin divarları arasında deyil, insanların qəlbində silinməz iz qoyan səmimiyyət, xeyirxahlıq və həqiqi ziyalılıq heç vaxt unudulmayacaq. Günay Mahmudova, Rauf Əsədov və onların fədakar əməkdaşları məhz bu nəcib amalları uca tutan, təhsilimizin mənəvi sütunlarına çevrilən nadir insanlardandır. Onların birgə fəaliyyəti təhsil mühitimizə sonsuz güvən, gələcəyimizə isə böyük ümid bəxş edir.
Müəllif: Süleymanova Ümmü İsmayıl qızı Şəki şəhəri 14 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, AJB-nin üzvü, “Qızıl Qələm” media mükafatçısı.
“Cürətin varsa qalx, gəl Güneyə, görək silahlanan kürd qohumlarının qabağında mən dayanıram yoxsa sən?” – Əli Çağladan cavab…
Bildiyiniz kimi Güney Azərbaycan ərazisində bir həftədən artıqdır internetin kəsildiyi üçün mənim və yazıçı dostum Həmid Herisçinin vəziyyətindən nigaran qalanların sayısı az olmayıb. Onlara Arazın Culfa sahilindən Azərbaycan internetinə qoşularaq səslənirəm ki, bizdə salamatlıqdır. Amma birbaşa əsas məsələyə qayıtmaq istəyirəm; son günlər bir neçə sayt və sosial media səhifəsi qəribə bir tamaşa qurmağa çalışıb, xəbərimiz olmayıb. Həmin yazılarda başlıqlar sensasiya qoxuyur, cümlələr isə fakt deyil, şübhə üzərində qurulur. Guya haradansa uzanan əllər var, guya kimlərsə gizli şəkildə ədəbi mühiti idarə edir, guya hansısa böyük oyun oynanır. Hamımızın kim olduğumuz göz önündədir və hamı da hamını yaxşı tanıyır. Demək, sanki 199 nəfərin imzasının mürəkkəbi hələ qurumayınca sancısı bu sifarişçiliklə məşğul olub əleyhimizə yazı yazanların canından çıxmayacaq!.. Onlar fakt gətirə bilmədikləri üçün suallar uydururlar. Arqument tapmadıqlarına görə şayiə yayırlar. Sonra da həmin şayiəni “ictimai müzakirə” adlandırırlar. Bu prinsip çox köhnədir. Çox köhnə… Tarix boyu istedadsızlıqla üzləşən adamların ən sevdiyi üsul həmişə bu olub; tənqidi yazı yazmağı bacarmayıb böhtan yazmaqla gündəmə gəlmək istəyənlər, hələ tənqidlə təxribin fərqini bilmirlər. Aylar öncə Güneydən AYB-yə gələn məktubların hamısı tənqidi müraciət idi, təxrib deyildi və o adamı öz ədəbi sferamıza layiq görmədiyimiz üçün hörmətlə müraciət etdik. Lazım olursa həmin adamın ətrafının mənə yazdığı söyüşləri də paylaşaram ki, xalq onların necə hörmətsiz olduğundan xəbərdar olsun. Şəxsi qalmaqallara keçmək istəmirəm. Nə isə… Mənim haqqımda yazılan yazıda bir neçə dəfə yaşım vurğulanır. Əslində onu yazan bilməlidir ki, mənim 21 yaşım yox, 23 yaşım var. Demək yaşımı bilməyən şəxs mənim hara bağlı olduğumu bilir, maraqlıdır! Sanki 21 yaş yaxud 23 yaş insanın düşünməsinə, yazmasına və ya ədəbi mühitdə görünməsinə manedir. Maraqlıdır ki, eyni adamlar gənclərdən danışanda həmişə “gənclərə yol vermək lazımdır” deyirlər. Amma həmin gənclər onların qurduğu dar çevrədən kənara çıxanda və onları tənqid edəndə ki, illərdir ədəbiyyata heç bir xeyriniz dəyməyib, birdən-birə o gəncin varlığı problemə çevrilir. Bunu anlamırlar ki, ədəbiyyatda yaş məsələsi yoxdur və ədəbiyyat heç kimin dədə malısı deyil. Məni xalq yazıçımız Anar müəllim Rzayevin otağına çəkib aparan və həqiqəti sübut etmək istəyən güc yazılarımdakı istedadım idi. Onlara səslənirəm ki, Anar müəllimi də rahat buraxın, bizi bu işə layiq görübsə, onun başını aşağı etmərik; necə ki, ədəbi materiallar hazırlamışıq, Ədəbiyyat qəzetində yayırıq, kitablar çapa hazırlamışıq və tezliklə xalq şairimiz, Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri Sabir Rüstəmxanlının təşəbbüsü ilə “Təbriz-Bakı” jurnalını yenidən quracağıq və bunların hazırlanma məsuliyyətinin bir çoxu da mənim boynuma düşür. Azərbaycan ədəbiyyatına kiçik bir vəzifə kimi əlimdən gələni əsirgəməyəcəyəm. Onsuz da hər şey göz önündədir. İllərdir Güneydə yaşayan ədəbiyyatçı soydaşlarımı saytlarda tanıtdırıram, antologiya toplayıram, vaxtilə birinci dəfə Güneydən Qarabağa yazılan şeirlər və hekayələr antologiyasını “Öncə vətən” adı altında çıxartmışam. O zaman, hörmətli dostumuz Nərgiz xanım İsmayılova məndən xahiş elədi ki, şeirlər kitabımı Bakı şəhərində çap edək. Mən də “əvvəl güneyli soydaşlarımızı çap edək və sonra mən çap olmasam da problem deyil” dedim. kitabın adını ona görə “Öncə vətən” qoyduq ki, biyuqrafiyamda öz yaradıcılığımdan öncə, vətənimdə olanların yaradıcılığı öndə dayansın. Siz nə etdiniz? Bir gəncin heç bir imkanı olmadan bu işləri görüb, könüllücə kulis.az saytına güneydən müsahibələr verib, ədəbiyyat saytlarında Güney Azərbaycanlı ədəbiyyatçıları tanıtdırmaq istəyib və indi də Anar müəllimin təşəbbüsü ilə həmin gənc, “Ədəbiyyat qəzeti”nin güney Azərbaycan layihəsini təmsil edir və öz soydaşlarını bütöv Azərbaycan oxusun deyə əlindən gələni əsirgəmir. Əleyhinizə yazılan bu yazılarda başqa bir məqsəd də görünür. Orada elə bir atmosfer yaradılır ki, guya mən hansısa gizli təsirlərlə irəli çəkilmişəm. Halbuki həqiqət çox sadədir; mən istedadımın gücünə Əli Çağla olmuşam. Fikirlərimi açıq demişəm və Güney ərazisində diktator bir hakimiyyətdən gələn bütün təhlükələri göz önünə alıb danışmışam, danışacağam da. Mənə fəxrdir Səməd Behrəngi kimi ölmək… Mənə fəxrdir Mikayıl Müşfiq kimi ölmək. Mənə fəxrdir Əlirza Nabdil kimi həyat sürmək… Yazılan yazılarda dostum, yazıçı Həmid Herisçi haqqında da müxtəlif ittihamlar səsləndirilir. Onun fikirləri təhrif olunur, kontekstdən qoparılır və sanki siyasi mövqe kimi təqdim edilir. Sanki Həmiddən Təbrizdə müsahibə almağımız və Həmdin “Bakısız Təbriz, Təbrizsiz Bakı” deməyi İran hökümətinin xaricdə masa arxasında olan agentlərini çox incidib. Bunu bilsinlər ki, biz öz kimliyimizi belə adama etibar etmərik, özümüz qoruyarıq, necə ki, qorumuşuq… Həmid müstəqil düşünən bir yazıçıdır. Müstəqil düşünən yazıçıları hər zaman narahatlıq içində yaşatdırıblar. Yazıçı sual verər… Yazıçı düşünər… Yazıçı hadisələri fərqli bucaqdan görər… Fərqli fikrə, tənqidə dözməyi bacarmayanlar isə belcə demaqoqluqla məşğul olar Amma mən başqa bir məsələni də xatırlatmaq, bəlkə də daha doğrusu ifşa etmək istəyirəm. 5-6 il əvvəl, yeniyetmə zamanlarımda Leyla xanım Əliyevanın yazdığı “Issık göl” şeirini tərcümə etmişdim. Çox keçmədi ki, həmin tərcümə bəzi saytlarda indi mənim və dostum Həmidin əleyhinə yazılar sifariş etdirənin adı ilə yayımlandı. Bu hadisə mənə ədəbiyyat aləminin ən qaranlıq tərəfini, ən çirkin səhifəsini hələ ağzımdan süd iyi gələrkən göstərdi. Maraqlıdır ki, bu gün mənə dərs keçmək istəyənlərin arasında məhz belə ədəbiyyat qəhrəmanları da var. Plagiatın kölgəsindən çıxmayan adamların başqalarına dürüstlük dərsi keçməsi isə sadəcə ironiyadır. O şəxs deyir ki, Əli Çağla hardan maliyyələşir? O şəxs bilmir ki, Əli Çağla bir dəfə Bakıya gəlmək üçün bir il ayaqqabı dzaynerliyi eləyib pulunu toplayır və Bakıya gəlir ki, onun kimi adamların ədəbiyyata xəyanətini ortaya qoysun. İstərsə ona nəcə qan tər içində işlədiyimin və pul qazandığımın şəkillərini də göndərərəm. Bu yazılarda Güney Azərbaycan mövzusundan da istifadə edilir. Bəziləri bu mövzunu sanki şəxsi mülkiyyət kimi təqdim etməyə çalışır. Guya kim bu mövzuda onların istədiyi kimi danışmırsa və ətrafındakı güneyli ədəbiyyatçıları boykot etmirsə deməli günahkardır. Amma Güney Azərbaycan heç kimin şəxsi mülkü deyil. Güney Azərbaycan, bütöv Azərbaycanlıların doğma torpağıdır. Güney Azərbaycan 50 milyon insanın parçalanıb doğma bacı-qardaşından ayrı düşmüş taleyidir, dilidir, tarixidir, üstəgəl kimliyidir. Bu mövzu ilə bağlı danışan insanın əvvəlcə kimliyi araşdırılmalıdır. Mənim kimliyim bəllidir. Amma mənim əleyhimə yazılar yazanın kimliyini tanımayanlara tanıtdırdım ki, həmin adamın povestini oxusanız, dialoqlarda istifadə olunan kürd dilini necə yaxşı bildiyi göz önündədir. Vətənpərvərlik Xudafərinin o tayında dayanıb bu tayına söyüş verməklə deyil, Xudafərinin bax, bu tayında yumruğunu cibində düyünləyib hər dəqiqə təhlükələrdən özünü qorumaqla bəlli olur. Cürətin varsa, qalx, gəl Güneyə, görək indi silahlanan kürd qohumlarının qabağında mən dayanıram yoxsa sən? Bu gün bəzi adamlar ekran arxasında böyük sözlər danışırlar. Uzun statuslar yazırlar. Başlıqlar düzəldirlər. Özlərini böyük mübarizə adamı kimi təqdim edib Həmidin və mənim əleyhimə çıxırlar. Amma tarixə müraciətimizdə belə qəhrəmanların ömrünün çox qısa olduğunu görürük. Çünki səs-küy tez sönür. Qalan isə yalnız həqiqətdir. Mənim bu yazılara cavabım çox sadədir. Mən nə gizlənirəm, nə də kiminsə kölgəsində yaşayıram. Kim istəyirsə, dediklərimi dinləsin. Razı deyilsə, tənqid etsin. Tənqidi mübahisə aparsın. Ona açıq yol buraxıram. Amma təxrib etməyinə icazə vermərəm… Və bunu da anlasın ki, şayiə yazmaq ədəbiyyat deyil. Böhtan yazmaq polemika deyil… Və ən əsası; başqasının sözünü, başqasının tərcüməsini oğurlayan adamın ədəbiyyatdan danışmağa mənəvi haqqı yoxdur…
“Səni elə sevdim ki…” (Qəndabın eyni adlı kitabından bir şeir) Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizi tanınmış şair və ədəbiyyatşünas alim Qəndabın “Səni elə sevdim ki…” kitabından seçdiyim eyni adlı şeir üzərindən qurmağa çalışacağam. Azərbaycan poeziyasında sevgi mövzusu həmişə xüsusi yer tutub. Bu mövzu təkcə iki insan arasındakı hisslərin ifadəsi deyil, həm də insan ruhunun saflığını, bağlılığını və mənəvi ucalığını əks etdirən dərin bir fəlsəfi düşüncə kimi təqdim olunur. Tanınmış şair və ədəbiyyatşünas alim Qəndabın “Səni elə sevdim ki…” şeiri də məhz belə poetik nümunələrdəndir. Bu şeir sadə sözlər, lakin dərin mənalar vasitəsilə sevginin ən təmiz, ən saf və ən ülvi formasını oxucuya çatdırır. Şeir ilk misralardan oxucunu duyğular aləminə aparır: “Səni elə sevdim ki, Yanan ciyərlərim Sanki alov dilimi…” Bu misralar sevginin adi bir hiss olmadığını, insanın bütün varlığını bürüyən güclü bir duyğu olduğunu göstərir. Şair sevginin ağrı ilə, yanğı ilə, eyni zamanda bir növ müqəddəs fədakarlıqla müşayiət olunduğunu vurğulayır. Sevən insanın qəlbindəki yanğı burada poetik obrazlarla təqdim edilir. Şeirin diqqət çəkən cəhətlərindən biri sevginin müqayisələrlə təqdim edilməsidir. Qəndab sevgini müxtəlif təbii və insani münasibətlərlə müqayisə edir. Bu müqayisələr sevginin miqyasını daha aydın göstərir. Məsələn: “Arılar çiçəyinə, Çiçəklər ləçəyinə, Körpələr anasına, Analar körpəsinə Sarılıb sevən kimi.” Burada sevgi təbiətin ən təbii harmoniyası ilə eyniləşdirilir. Arının çiçəyə bağlılığı, körpənin anasına olan ehtiyacı və ananın övladına sonsuz məhəbbəti – bunların hamısı insan həyatının ən saf münasibətləridir. Şair bu obrazları seçməklə demək istəyir ki, həqiqi sevgi də məhz bu qədər təmiz və təbii olmalıdır. Şeirin başqa bir hissəsində sevgi artıq daha geniş – kosmik və təbiət miqyasında təqdim olunur: “Günəş şəfəqlərini, Bulud yağışlarını, Gözlər baxışlarını, İlmə naxışlarını Qoruyub sevən kimi.” Bu misralarda sevgi qorumaq, əzizləmək, dəyər vermək kimi təqdim edilir. Yəni şairə görə sevgi təkcə hiss deyil, həm də məsuliyyətdir. Sevdiyini qorumaq, ona dəyər vermək, onu incitməmək bu sevginin əsas xüsusiyyətidir. Şeirin poetik gücünü artıran məqamlardan biri də onun ritmik sadəliyi və səmimiyyətidir. Qəndab mürəkkəb ifadələrdən istifadə etmədən, xalq ruhuna yaxın bir dil ilə oxucuya müraciət edir. Bu sadəlik isə şeirin təsir gücünü daha da artırır. Oxucu sanki şairin qəlbindən gələn sözləri birbaşa eşidir. Şeirin kulminasiya nöqtəsi isə son bənddə özünü göstərir: “Leylilər Qeyisini, Məcnunlar leylisini, Bu könül qeyrisini İnan belə sevmədi.” Burada şair klassik Şərq ədəbiyyatının ən məşhur sevgi simvollarına – Leyli və Məcnun obrazlarına müraciət edir. Bu obrazlar əsrlər boyu sevginin ən ali nümunəsi kimi qəbul olunub. Lakin şair deyir ki, onun sevgisi o məşhur məhəbbət hekayələrindən belə fərqlidir, daha dərindir. Bu fikir şeirin emosional təsirini gücləndirir və müəllifin hisslərinin miqyasını göstərir. Ümumilikdə, “Səni elə sevdim ki…” şeiri sevginin poetik manifesti kimi dəyərləndirilə bilər. Bu əsərdə sevgi yanğıdır, sevgi sədaqətdir, sevgi qorumaqdır, sevgi fədakarlıqdır. Qəndab sevginin yalnız romantik hiss olmadığını, insanın mənəvi dünyasını formalaşdıran böyük bir dəyər olduğunu göstərir. Azərbaycan poeziyasının zəngin ənənələri fonunda bu şeir səmimiyyəti, obrazlı dili və dərin duyğuları ilə seçilir. Oxucu bu misraları oxuyarkən təkcə şairin sevgisini deyil, ümumiyyətlə insan qəlbinin ən saf duyğularını hiss edir. Məhz buna görə də Qəndabın bu şeiri sevginin sadə, lakin uca fəlsəfəsini ifadə edən poetik nümunə kimi yadda qalır və oxucunu düşündürür: həqiqi sevgi yalnız hiss deyil, həm də insan ruhunun ən saf və ən müqəddəs ifadəsidir. Əziz və dəyərli oxucum, sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm! Hələlik. 08.03.2026. Ağdam.
Azərbaycan ədəbiyyatında qadın obrazının təkamülü: klassikadan müasirliyə
(Bayramınız mübarək olsun, əziz xanımlar!)
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadın mövzusuna müraciət etmək Azərbaycan ədəbiyyatının çoxəsrlik inkişaf yoluna nəzər salmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Qadın obrazı milli ədəbiyyatımızda sadəcə sevgi və gözəllik rəmzi deyil, həm də mənəviyyatın, azadlıq ideyasının, ictimai dəyişimin və fərdi kimliyin ifadəçisi olmuşdur. Tarixi mərhələlər üzrə bu obrazın keçdiyi təkamül cəmiyyətin düşüncə sistemində baş verən dəyişikliklərin bədii əksidir.
Orta əsrlər ədəbiyyatı: poetik ideal və mənəvi kamillik
Orta əsr Azərbaycan poeziyasında qadın obrazı daha çox idealizə olunmuş formada təqdim edilir. Xəqani Şirvani yaradıcılığında qadın həm estetik gözəlliyin, həm də mənəvi ucalığın təcəssümüdür. Onun qəsidə və qəzəllərində qadın obrazı ilahi harmoniyanın bir parçası kimi təqdim olunur. Nizami Gəncəvi isə qadın surətinə daha fəal və müdrik xarakter verir. “Xəmsə”dəki Şirin və Nüşabə yalnız gözəl deyil, həm də siyasi düşüncəyə malik, qərar verən və hadisələrin istiqamətini dəyişən qadınlardır. Bu, klassik ədəbiyyatda qadının yüksək mövqeyini göstərir. Məhəmməd Füzuli poeziyasında qadın daha çox ilahi eşqin rəmzi, mənəvi saflığın simvoludur. Burada qadın real sosial obrazdan çox metafizik anlam daşıyır.
XVIII əsr: realist çalarların artması
XVIII əsr poeziyasında qadın obrazı daha canlı və real çalarlar qazanır. Molla Pənah Vaqif yaradıcılığında qadın obrazı həyati, təbii və realist xüsusiyyətlərlə təqdim olunur. Onun şeirlərində qadın artıq əlçatmaz ideal deyil, gündəlik həyatın bir parçasıdır. Vaqif poeziyasında qadın obrazı milli kolorit və real duyğularla zənginləşir.
Maarifçilik və tənqidi realizm: sosial problem kimi qadın
XIX əsrdə qadın məsələsi ictimai müzakirə mövzusuna çevrildi. Abbasqulu ağa Bakıxanov maarifçi düşüncəsi ilə qadının təhsil və mədəni inkişafının vacibliyini vurğulayırdı. Mirzə Fətəli Axundzadə dramaturgiyasında qadın hüquqsuzluğunu tənqid edir, onu cəmiyyətin tərəqqisinin əsas şərtlərindən biri kimi təqdim edirdi. Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabir yaradıcılığında qadın cəhalətin və geriliyin qurbanı kimi göstərilir. Molla Nəsrəddin ədəbi mühitində erkən nikah, savadsızlıq və qadın azadlığının məhdudlaşdırılması kəskin şəkildə tənqid edilirdi. Bu mərhələdə qadın artıq poetik ideal deyil, sosial mübarizənin simvoluna çevrilir.
XX əsrin əvvəlləri: azadlıq və yeni qadın modeli
XX əsrin əvvəllərində qadın obrazı daha fəal və inqilabi xarakter aldı. Cəfər Cabbarlı yaradıcılığında qadın azadlıq ideyasının təcəssümüdür. “Sevil” obrazı çadranı ataraq azad həyata doğru addımlayan Azərbaycan qadınının simvoluna çevrilmişdir. Mikayıl Müşfiq poeziyasında qadın romantik duyğuların, saf sevginin və incə lirizmin daşıyıcısıdır. Onun şeirlərində qadın həm məhəbbət obyekti, həm də mənəvi dəyərdir.
Sovet dövrü: ictimai fəallıq və ana obrazının ucaldılması
Sovet dövründə qadın obrazı daha çox ictimai fəal, əmək qəhrəmanı və vətənpərvər ana kimi təqdim olunur. Səməd Vurğun yaradıcılığında ana obrazı müqəddəslik səviyyəsinə yüksəldilir. Rəsul Rza poeziyasında qadın obrazı daha çox psixoloji və fəlsəfi çalarlarla zənginləşir. Onun şeirlərində qadın düşünən, hiss edən və daxili aləmi ilə seçilən şəxsiyyətdir. Bu dövrdə həmçinin Süleyman Rəhimov, Mir Cəlal Paşayev kimi yazıçılar qadını sosial proseslərin fəal iştirakçısı kimi təqdim edirlər.
Müasir mərhələ: fərdi kimlik və psixoloji dərinlik
Müstəqillik dövründə qadın obrazı daha mürəkkəb və çoxqatlı xarakter almışdır. Anar və Elçin Əfəndiyev yaradıcılığında qadın obrazı daxili ziddiyyətləri, sosial təzyiqləri və fərdi seçimləri ilə təqdim edilir. Müasir ədəbiyyatda qadın nə yalnız ideal, nə də yalnız qurban obrazıdır; o, həyatın bütün çətinliklərinə baxmayaraq öz kimliyini qoruyan şəxsiyyətdir. Azərbaycan ədəbiyyatında qadın obrazının təkamülü aşağıdakı istiqamətdə inkişaf etmişdir:
Orta əsrlərdə – poetik və ilahi ideal,
XVIII əsrdə – realist və həyati obraz,
Maarifçilikdə – azadlıq və tərəqqi ideyasının daşıyıcısı,
XX əsrin əvvəllərində – sosial inqilabın simvolu,
Sovet dövründə – ictimai fəallıq və ana müqəddəsliyi,
Müasir dövrdə – fərdi kimlik və psixoloji dərinlik.
Beləliklə, qadın obrazı Azərbaycan ədəbiyyatında hər zaman zamanın ruhunu əks etdirən əsas bədii göstəricilərdən biri olmuşdur. 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bu təkamül yoluna nəzər salmaq həm ədəbi irsimizin zənginliyini göstərir, həm də müasir qadının cəmiyyətdəki mövqeyini daha dərindən anlamağa imkan verir.
7 Mart 2026-cı ildə Azərbaycan aşıq poeziyasının görkəmli ustadı Dədə Ələsgərin anım günü münasibətilə Bakıda yerləşən abidəsi ziyarət edilib.
Dədə Ələsgərin zəngin yaradıcılığı və aşıq sənətinə verdiyi töhfələr xalqımızın mənəvi irsində xüsusi yer tutur. Bu əlamətdar gündə ustad sənətkar ehtiramla yad olunub, ruhuna dualar oxunub və onun irsinin yaşadılmasının önəmi bir daha vurğulanıb.
2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhərində Aşıq Ələsgərin abidəsi ucaldılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev 2024-cü il sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak ediblər.
Açlışdan sonra, abidə bütün Ələsgərsevərlərin ziyarət yerinə çevrilmişdir.
Bu gecə yata bilmədim, ana, 36 (51) yaşın qorxusu vardı içimdə. Məni 37 (52)-yə aparan gecənin səhərində soyuq var Üşüdüm, ana!
Bütün gecə Səsin gəldi qulaqlarıma – Keçmişdən səsin gəlirdi: “Böyü, qızım, Yeri, qızım, Dil aç, qızım!” – deyirdin… Böyüdüm, ana,
Tarixin ən amansız illərində böyüdüm. Dil açdım, ana, Həyatın ən çətin yollarında Yeridim, ana!
Amansızca vuran oldu, Yıxılıb-qalxdığım oldu… Qalxdım qalxmağına, amma canım çox ağrıdı, Qəlbim çox ağrıdı, Ana…
Sən mənə bu dünyada Qadın olmanın, Belə çətin olduğunu, Deməmişdin axı… Ayaqların üstündə durmaq, Namusunla yaşamaq, Haqq bildiyini söyləmək istəsən, Qadın olmanın bədəli çox ağırmış, ana! Sən mənə belə deməmişdin axı… Heç kimə göstərmədim göz yaşlarımı, İçimə axıtmağı öyrəndim, ana,
Xoşbəxtliyi oynamağı… Ürəyim ovcumdaykən Başım dimdik gəzməyi. Məni vuranları sevindirməmək üçün, Yıxılmamağı öyrəndim, ana!
Yalandan gülməyi elə öyrəndim ki, Gülməyin əslini unutdum. Xoşbəxtliyi oynamagı elə öyrəndim ki, Xoşbəxtlik necə olur əslində – unutdum… Bu gecə Səsin gəlirdi qulaqlarıma – Mənə nağıl danışırdın, Xeyirin həmişə Şərə qalib gələcəyini deyirdin. Mən düz 36 il Xeyirin qələbəsini gözlədim, Şər qalib gələndə ağladım, ana!
Sənin nağılların belə qurtarmırdı axı… Səni dinləyirdim, ana, “Biri vardı, biri yox” deyirdin. Mənim nağılımda “Biri yoxdu”lar daha çox oldu, axı… Böyüdüm, ana,
Daha o qız deyiləm, Ağrı və göz yaşlarıyla Böyüyən qadınam… Yadındamı, ana, Kəbə yolu gedirdik, Sən sakitcə dua eləyirdin. Birdən səndən Kimə dua elədiyini soruşdum. Üzümə baxıb: “Ana olanda anlarsan” – dedin. Mən ana olmadım, ana…
Amma səni az da olsa, anlaya bilirəm… Arxadan vuran dostları, Qəlbimi verdiyim sevgilinin Ögey baxışlarını görəndə, Anladım, ana, Sən söykənə biləcəyim Tək varlıqsan… Sevincimi bölüşdüm səninlə, Amma üzülməyəsən deyə Kədərimi bölüşmədim, ana.
Kədərimdən əzilməyəsən, deyə. Əslində kədərimi tək sən gördün, İlk sevdam daşa dəyəndə, Məni təkcə sən anladın. Mən səndə gördüm insanı anlamağın necə səssiz olduğunu… Sevdiyim mənə – Sən mənim heç nəyimsən! – Deyəndən beşcə dəqiqə sonra, Sən mənə – Sən mənim hər şeyimsən! – demişdin. Sən mənə bunu deyəndə, Mən sənin deyil, onun hər şeyi olmaq istəyirdim. Amma həmişə belə oldu, Yanımda həmişə sən oldun, ana…
Sənin gözlərində Qəzəblərin ən gözəli olurdu, Kimlərsə məni ağladanda. Gözlərində alovların ən qaynarı olurdu, Kimlərsə məni aldadanda… Qaçqınların yurd həsrətini, Atılmış körpələrin göz yaşlarını İçimdə hiss elədim. Taledən yarımayanların, ürkək baxışlarını İçimdə hiss elədim. Savaşda itirdiyim dostlarımın, Gözlərini, arzularını, xəyallarını Heç unutmadım, ana..
Məni ağrılar büyütdü, Daha güclü oldum, ana! Gəncliyin, eşqin, sevdanın dadı, ağrılarda, savaşlarda itib getdi. Sonra sevgini tanıyanda O artıq məndən qaçırdı… 37 yaşıma çatdım, ana,
Tonqala atılan Jannadan, Vətən ugrunda Kirin başını kəsən Tomrisdən, İsgəndərə ədalət dərsi keçən Nüşabədən, Sevgi şəhidi Leylidən Daha çox yaşadım, ana!
Amma nə Tomris ola bildim, Nə Nüşabə, nə Janna, Leyli də ola bilmədim, ana… Əvəzində sənin hər şeyin oldum, Məni uşaqlığıma apar, ana,
Sonu xoşbəxtliklə qurtaran nağıllar danış. “Biri var”ları çox olsun, 37 (52) yaşımın ilk sabahını Sənin nağıllarına inanaraq açmaq istəyirəm.