BƏNÖVŞƏ QOXULU SƏTİRLƏR (Bahar Bəxtiyarqızı və onun yaradıcılığı)
Salam olsun, çox dəyərli oxucum! Bu dəfə gənc yazar Bahar Bəxtiyarqızı və onun yaradıcılığı haqqında söhbət edəcəyik. Müasir Azərbaycan ədəbiyyatında insanın daxili aləminə, psixoloji qatlarına və mənəvi axtarışlarına yönələn müəlliflər arasında Bahar Bəxtiyarqızının özünəməxsus yeri formalaşmaqdadır. Onun yaradıcılığı səs-küylü pafosdan uzaq, lakin dərin təsir gücünə malik səmimi düşüncələr üzərində qurulub. Bahar Bəxtiyarqızı oxucunu zahiri hadisələrə deyil, insanın öz daxilində yaşadığı duyğulara, suallara və ziddiyyətlərə diqqət yetirməyə çağıran müəlliflərdəndir. Bahar Bəxtiyarqızı 13 mart 1992-ci ildə Bakı şəhərində anadan olub. Əslən Sabirabad rayonundan olan müəllif hazırda Bakı şəhərində yaşayır və yaradıcılıq fəaliyyətini burada davam etdirir. Orta təhsilini Bakı şəhəri 49 nömrəli İntellekt liseyində alan Bahar Bəxtiyarqızı uşaq yaşlarından ədəbiyyata xüsusi maraq göstərib. Sözə, düşüncəyə və insanın daxili dünyasına olan həssas münasibət onun xarakterinin və yaradıcılıq istiqamətinin erkən yaşlarından formalaşmasına səbəb olub. Müəllif 13 yaşından etibarən bədii ədəbiyyat oxumağa başlamış, paralel olaraq yazı ilə məşğul olmuşdur. Uzun illər yazarlıq fəaliyyəti Bahar Bəxtiyarqızı üçün daha çox şəxsi və daxili bir yaradıcılıq mərhələsi kimi davam edib. Bu illər ərzində o, hisslərini, düşüncələrini və müşahidələrini gündəlik qeydlər, esselər və bədii parçalar formasında qələmə alaraq öz ədəbi dünyasını səssiz, lakin ardıcıl şəkildə formalaşdırıb. Müəllifin oxucu ilə ilk rəsmi görüşü 2024-cü ildə baş tutub. Həmin ildə onun ilk kitabı — “Əlvida deməyə tələsmə” işıq üzü görüb. Bu kitab insanın daxili aləminə yönəlmiş, ayrılıqla barışa bilməyən hisslərin bədii ifadəsi kimi diqqət çəkir. Əsərdə sevgi və itki, gözləmə və ümid, yarımçıq qalan münasibətlərin yaratdığı psixoloji çarpışmalar ön plandadır. Müəllif oxucunu tələsmədən düşünməyə, hisslərini dinləməyə və bəzən “əlvida” deməyin çıxış yolu olmadığını anlamağa səsləyir. Duyğularla düşüncənin harmoniyasını qoruyan bu kitab oxucuda dərin emosional təsir yaradır. İlk qələm təcrübəsi olmasına baxmayaraq, “Əlvida deməyə tələsmə” qısa zamanda oxucular tərəfindən böyük rəğbətlə qarşılandı və zamanla müəllifin ədəbi yolunda bir növ vizit kartına çevrildi. Bahar Bəxtiyarqızını tanıyanlar onu tez-tez “Əlvida deməyə tələsmə kitabının müəllifi Bahar xanım” kimi təqdim etməyə başladılar. Oxucuların bu səmimi sevgisi müəllifi daha da ruhlandırdı və yeni yaradıcılıq axtarışlarına sövq etdi. 2024-cü ildə Bahar Bəxtiyarqızı Avand Production tərəfindən təşkil olunan tədbirdə “Gənc yazar” nominasiyası ilə təltif olundu. Bu mükafat onun yaradıcılığına verilən ictimai və ədəbi dəyərin göstəricisi kimi qəbul edildi. Müəllifin ikinci kitabı — “Əslində mən kiməm?” Bahar Bəxtiyarqızının yaradıcılığında daha dərin və fəlsəfi bir mərhələnin başlanğıcı oldu. Kitab boyu səslənən bu sual insanın öz varlığı, kimliyi və mənəvi bütövlüyü ilə bağlı düşüncələr fonunda cavablandırılır. Əsərdə bəzən ağrılı etiraflar, bəzən isə ümidverici fikirlər oxucunu öz daxili aləmi ilə üz-üzə qoyur. Səmimi dil və psixoloji dərinlik oxucunu sadəcə müşahidəçi deyil, bu daxili dialoqun bir hissəsinə çevirir. “Əslində mən kiməm?” kitabı Bahar Bəxtiyarqızının ədəbi yolunda yeni bir mərhələnin əsasını qoydu. Bu əsər müəllifə təkcə oxucu sevgisi deyil, eyni zamanda ciddi ədəbi uğurlar da qazandırdı. Kitabın yaratdığı rezonans nəticəsində Bahar Bəxtiyarqızı 2025-ci ildə Ziyadar Mükafatı ilə təltif olundu. 2026-cı ildə isə Gənc Yazarlar Qurumunun təşkil etdiyi Milli Uğur Mükafatı çərçivəsində “İlin müəllifi” adına layiq görüldü. Ümumilikdə Bahar Bəxtiyarqızının yaradıcılığında psixoloji mövzular, insanın daxili aləmi, mənəvi axtarışlar və duyğuların incə təhlili əsas xətti təşkil edir. Onun əsərləri oxucunu düşünməyə vadar edir, insanın özünə ünvanladığı sualları yenidən gündəmə gətirir. Müəllifin ədəbi dili səmimiliyi, sadəliyi və axıcılığı ilə seçilir ki, bu da yaradıcılığını oxucu üçün anlaşılan və təsirli edir. Bu ədəbi üslub və mövzu dərinliyi təsadüfi deyil. Bahar Bəxtiyarqızı yaradıcılıq fəaliyyəti ilə paralel olaraq öz üzərində sistemli şəkildə çalışmış, bilik və bacarıqlarını daim inkişaf etdirməyə xüsusi önəm vermişdir. O, müxtəlif seminar və kurslarda iştirak etmiş, diksiya və nitq mədəniyyəti üzrə təlimlər almışdır. Eyni zamanda bir çox tanınmış yazarların keçirdiyi seminar və təlimlərə qatılaraq ədəbi təcrübəsini zənginləşdirmiş, ədəbiyyat sahəsində nəzəri və praktiki biliklərini genişləndirmişdir. Hazırda Bahar Bəxtiyarqızı yaradıcılıq fəaliyyətini davam etdirir və üçüncü kitabı üzərində çalışır. Yeni əsərində də müəllif insan psixologiyasına, daxili ziddiyyətlərə və mənəvi axtarışlara sadiq qalaraq oxucunu daha dərin düşüncə qatlarına dəvət etməyi qarşısına məqsəd qoyub. Yazı prosesi davam edən bu kitabın onun ədəbi yolunda yeni və əhəmiyyətli mərhələ olacağı gözlənilir. Bahar Bəxtiyarqızının yaradıcılığı sübut edir ki, ədəbiyyat təkcə söz sənəti deyil, həm də insanın özünü anlama yoludur. Onun qələmindən süzülən bənövşə qoxulu sətirlər oxucunu səs-küylü dünyadan bir anlıq uzaqlaşdıraraq öz daxili səsinə qulaq asmağa çağırır. Və məhz bu xüsusiyyət onun yaradıcılığını müasir ədəbi mühitdə fərqləndirən əsas cəhətlərdən birinə çevirir. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.
KİÇİK GƏLİN (hekayə) İsti yay günlərindən birinin ikinci yarısı idi. Bir neçə gün idi ki, Azərbaycanın hər yerində olduğu kimi, Bakıda da anomal istilər hökm sürürdü. Qızmar istilərdən təngə gələn sakinlər dənizkənarı bulvara axın etmişdilər. Sahildə , demək olar ki, adam əlindən tərpənmək mümkün deyildi. Kimiləri sahil boyu gəzinir, kimiləri də çoxu ağacların altında və fəvvarəyə yaxın qoyulmuş skamyalarda oturub söhbət edirdilər. Əyyubla Dəstəgül də oturanlardan biri idi. Neftçalanın Tatar Məhlə kəndindən olan bu cütlük üç ay idi ki, evlənmiş, on gün idi də ki, Bakıya, yaxın qohumlarının evinə qonaq gəlmişdilər. – Əyyub, dur gedək evə, – Dəstəgül qəfil dilləndi. – Nə oldu? Neçə gündür deyirdin, dənizə gedək, xoşuna gəlmədi? – deyə Əyyub gülümsədi.–Yox, dəniz xoşuma gəlir, amma çox səs-küydü, – Dəstəgül narazı halda dilləndi. – Əzizim, yarım saatdır gəlmişik, bir az da oturaq, gedərik, – Əyyub arvadını yola gətirməyə çalışdı. – Yox, gedək, həmdə, istidi. Dəsdəgül mızıldandı. – Əyyub cavab olaraq yenə nəsə demək istəyirdi ki… ,Bu vaxt orta yaşlı, arıq, qısa boylu, əynində qara kətan don və başında da eyni rəngdə ipək hicab olan bir qadın kitab dolu araba ilə onlara yaxınlaşdı. – Salam, uşaqlar. Oturmaq olar? – Əlbəttə, buyurun, – deyə Əyyub birinci dilləndi. — Çox sağ olun, Allah razı olsun, — qadın mülayim səslə təşəkkür etdi. – Ətrafdakı səs-küy az deyildi. — Bir də bu gəldi, — Dəstəgül dodaqaltı deyindi.— Həə… Söhbətinizə istəmədən qulaq qonağı oldum. Deyəsən Qızımız istidən şikayətlənir, — qadın yerini rahatlayıb mülayim səslə dedi. — Hə, — Əyyub gülümsədi. — Mən başa düşmürəm, bizim millət niyə belədir? — qadın eyni tonla sözünə davam etdi. — Necə yəni? — Dəstəgül başını qaldırmadan soruşdu. — Bax, qışda soyuq olanda yayın qızmar günəşini arzulayırıq, yayda isə “kaş qış gələydi” deyirik. Axı biz nə istəyirik? — qadın fikrinə aydınlıq gətirdi. — Düz deyirsiniz. Əyyub təsdiq etdi. — Deyəsən, yeni evlənmisiniz, — qadın hər ikisinə xitabən soruşdu. — Bəli, 3 aydır, — Əyyub cavab verdi. — Ərin səninlə necə davranır, qızım? Onunla xoşbəxtsən? — qadın bu dəfə bir başa Dəstəgülə müraciət etdi. — Bəli… — Dəstəgül utancaq halda dilləndi. Əyyub isə arvadının bu cavabından məmnun halda gülümsədi. — Şanslı kişisən, oğlum, — qadın üzündə xoş bir təbəssümlə dilləndi. — Şanslı kişisən ki, arvadın səndən razıdır. Unutma arvadından razı olan kişidən Allah da razı olar. İnşallah, hər zaman belə olarsan — arvadına mülayim davranar, onu incitməz, könlünü oxşayarsan. Daha mənim ərim kimi anlayışsız olmazsan… -Əriniz kimi?.. — Əyyub duruxdu. — Həə, oğlum… Mənim qollarımı da elə ərim bu hala salıb, — qadın dərindən köks ötüüb dilləndi. Bu sözlərdən sonra — Əyyubla Dəstəgül eyni anda— qadının qollarına baxdılar və hər ikisidə gördükləri qarşısında yerlərindəcə donub qaldılar. Qadının hər iki əlləri də biləklərindən yox idi. Eyni zamanda onlar qadının kitab dolu arabasınınn arxadan onun sol qoluna kəmərlə bağlandığına da yalnız indi fikir verdilər — Necə yəni… sizin qollarınızı əriniz?.. — Dəstəgülün boğazı düyünləndi. — Həə, qızım, — qadın acı təəssüflə başını buladı. — Bəs nəyə görə? — deyə Əyyub heyrətlə soruşdu. — Hə, indi sizə hər şeyi danışacağam… — qadın bunu deyib ağır-ağır danışmağa başladı. .: – Adım gözəldir, amma təəssüf ki, bəxtim — daha doğrusu, qarşıma çıxan insanlar — adım qədər gözəl olmadılar. Yəni onların qəlbləri gözəl deyildi 1977-ci ilin soyuq bir qış günü, Göyçayın Çaxırlı kəndində sadə və zəhmətkeş bir ailənin ilk övladı olaraq dünyaya gəlmişəm. 12 yaşıma qədər olan uşaqlıq illərim çox şən və qayğısız keçdi. Hamı kimi mən də, yeddi yaşımda məktəbə getdim. Bütün gün dərs oxuyar, qalan vaxtlarda isə qonşunun uşaqları ilə oynayar, bəzən də atamın dizi üstə oturar, onun danışdığı nağıllara və oxuduğu şeirlərə qulaq asardım. Birinci sinifdən etibarən dərslərimi yaxşı oxuyar, hər gün “5” alar, aldığım qiymətləri də sevinə-sevinə atama göstərərdim. Yazıq atam da sevinclə başımı sığallayıb: “Biz oxuya bilmədik, barı siz oxuyun, adam olun”, — deyərdi. Hə, siz demişkən, mənim doğulmağımdan 6 il sonra əkiz bacı-qardaşım — Həcər və Xəzər dünyaya gəldi. Onlarla həyatım təsvir edə bilməyəcəyim qədər rəngli idi. Anam evdar qadın idi. Atam isə mövsümlük işlərdə işləyir, zəhmətlə də olsa bizi dolandırmağa çalışırdı. Sizi əmin edirəm ki yoxsul olsaqda gülümüz çox xoşbəxt keçirdi.Ancaq təəssüf ki, xoşbəxt güllərimizin ömrü, bayaq qeyd etdiyim kimi, mənim 12 yaşıma — yəni 1989-cu ilə qədər oldu.Onda bir il idi ki, vaxtilə hallarına acıyıb torpaqlarımızda sığınacaq verdiyimiz erməni quldurları, indi üçüncü dövlətlərin köməyi ilə sığındıqları torpaqlara əl uzadır, eyni kənddə yaşadıqları, eyni məktəbdə oxuduqları, bir məclisdə iştirak etdikləri, evlərinə qonaq gedib çörək kəsdikləri, illərlə “dost, qardaş” dedikləri insanları indi sözün həqiqi mənasında düşmən gözündə görür, gördükləri yerdə bircə güllə ilə yerə sərirdilər. Şiddətli döyüşlər gedən Qarabağ torpaqlarında könüllü özünümüdafiə batalyonları yaradılırdı. Bu batalyonlara Azərbaycanın hər yerindən olduğu kimi, Göyçaydan, bizim kənddən də neçə-neçə qeyrətli oğullar qoşulurdu. Onlardan biri də atam oldu. O da “Vətənim dar gündədir”, — deyib yaradılan könüllü batalyonlardan birinə qoşuldu. Yazıq atam… Onda onun cəmi-cümlətanı 38, anamın isə 35 yaşı var idi. Atamın getdiyi həmin gün mən, bacım və qardaşım bir daha görməyəcəyimizi bilirmiş kimi, onun boynunu qucaqlayıb uzun-uzun ağladıq. Anam və atamla sağollaşmağa gələn qohum-qonşular bizi ondan çətinliklə ayırdılar.Anamla mən hər gün Azərbaycanın başının üstünü alan buludların tezliklə dağılması, müharibənin dayanması və atamın da hamı ilə birlikdə sağ-salamat evimizə qayıtması üçün ağlaya-ağlaya dua edirdik. Amma təəssüf ki, belə olmadı. Üç ay sonra atamın şəhid xəbəri gəldi. O, Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Həmin gün elə bil dünya başımıza fırlandı. Gözəl o anları bir daha yaşayırmış kimi kövrəldi. -Anamla mənim fəryadım, ölümün nə olduğunu hələ tam dərk etməyən körpə bacı-qardaşımın göz yaşlarına qarışdı. Bəli, bizim də ürəyimizə əbədiyyən sönməyəcək bir od düşmüşdü, atam ölmüş, anam dul, biz isə yetim qalmışdıq. Sözlə təsvir edə bilməyəcəyim ağır günlərimizdə elə həmin vaxtdan başladım. Anam bizə baxmaq üçün mövsümlük işlərdə işləməyə başladı. Böyüdükcə biz də əlimizdən gələn qədər həyətdə, təsərrüfat işlərində ona kömək edirdik. Beləcə üç il keçdi. Mən 15 yaşıma gəlib çatdım. Doqquzuncu sinifdə oxuyurdum. Yay tətili idi.Bir gün axşamüstü anam işdən evə gəldi və onunla qonşu kənddən olan, həm də eyni tarlada işləyən Roza adlı bir qadının İradə adlı qohumunun oğluna qız axtardığını və məni ona ərə verəcəyini dedi. Mən həmin gün onun bu sözlərinə heç bir reaksiya vermədim, çünki anamın dediklərini hələ başa düşmür, tam mənasıyla dərk etmirdim. Ümumiyyətlə, ailə qurmaq nə demək idi? Yalnız yemək bişirməkdən, silib-süpürməkdən, yuyubyığışdırmaqdanmı ibarət idi ailə qurmaq? Bunu da bilmirdim. Ancaq sonralar başıma gələn fəlakəti bir gün mənə”Qızım, , ailə kiçik bir dövlətdir. Onu idarə etmək böyük məsuliyyət tələb edir. Sən hələ uşaqsan. Bu məsuliyyəti daşıya, bu yaşında gəlin ola bilməzsən”. Deyən Yaqut adlı qonşu qadının sayəsində yavaş-yavaş dərk etməyə başladım və bir gün anama ağlaya-ağlaya oxumaq istədiyimi, ərə getmək istəmədiyimi dedim. Anam isə əvəzində: “Sən bu evin böyük qızısan, mənə dayaq olmalısan. Qabil yaxşı oğlandır, yük maşını sürücüsüdür. Yayda otumuzu, qışda odunumuzu, dənimizi gətirər, bacıqardaşını oxudar, mənə də dayaq olar,” — deyib bu söhbəti bir daha açılmamaq üzrə bağladı.Bəli, artıq geriyə yol yox idi. Mən özümü indi məni itirib-axtarmayan bacı-qardaşımın xoşbəxt gələcəyinə qurban verəcək, anamı isə əslində asanlıqla həll edə biləcəyi bir neçə məişət problemlərindən xilas etmək üçün məktəb şagirdi olmalı olduğum yaşda bir evə gəlin, heç tanımadığım, üzünü yalnız toy günü görəcəyim bir kişiyə arvad, ən dəhşətlisi isə özüm uşaq olduğum halda kim bilir, neçə-neçə uşağa ana olacaqdım. Nəhayət, həmin gün gəldi. Bu söhbətdən düz 2 həftə sonra, iyun ayının ortalarında qonşu kəndə Qabil adlı oğlana ərə getdim. Evdən çıxanda anam mənə: “Çalış, getdiyin yerdə başımızı aşağı eləmə. Gəlinliklə çıxdığın bu evə yalnız kəfənlə qayıda bilərsən,” — deyib məni yola saldı. Beləcə biz Qabilin əmisinin jüquli markalı maşınında onların kəndinə yola düşdük. Bibimlə əmim arvadı da mənimlə getdilər. Kəndə -çatana qədər yol boyu əllərimlə üzümü tutub dayanmadan ağlayır, ölmək üçün Allaha dua edirdim. Oturduğum gəlin maşınının tabutum, geyindiyim ağ gəlinliyin kəfənim, getdiyim ər evinin də məzarım olduğunu düşünürdüm. Nəhayət, gəlin evinə çatdıq. Maşından düşüb həyətə girəndə, sonradan başıma gələcəklər əvvəlcədən ürəyimə dammış kimi yenidən ağlamağa başladım. Bizi elə qaynanam qapıdaca qarşılayıb evə apardı.Mən Qabilin, yəni sonradan cəlladım olacaq ərimin üzünü də elə həmin gün gördüm. Qabil arıq, qısa boylu, ciddi görkəmli, qonur gözlü, qarayanız bir kişi idi. O, məndən düz 12 yaş böyük idi. Mən Qabilin ikinci arvadı idim. Onun birinci arvadı 7 ay əvvəl evdə uşaq dünyaya gətirdiyi zaman ölmüşdü. Buna görə də ailəsi ona yenidən toy etməmiş, yalnız ailə üzvlərindən və yaxın qohumlardan ibarət kiçik bir yığıncaq təşkil olunmuşdu. Qaynanam bizi hər kəslə bir-bir tanış etməyə başladı. Qabilin özündən başqa üç qardaşı da var idi. Qabil üçüncü idi. Onun dördüncü qardaşı da bir ay əvvəl toysuz, vüsatsız evlənmişdi. Əmim arvadı ilə bibim məni sakitləşdirməyə çalışır, mən isə dayanmadan ağlayırdım. Hər kəs mənim sevindiyimdən ağladığımı zənn edirdi, ancaq bu heç də belə deyildi. Birdən qaynanam ərimin birinci arvadından olan Asya adlı yeddi aylıq qızını mənə göstərib, uşağa doğulduğu gündən bəri özünün baxdığını, böyüdükcə də mənə öyrəşdirəcəyini dedi. Əmim arvadı ilə bibim 2 saat oturduqdan sonra mənimlə sağollaşıb, yenidən kəndimizə qayıtdılar.Beləliklə, mən ərim Qabil, yeddi aylıq qızı Asya, qaynanam Firuzə, qaynatam Bayram, qaynım Yusif və eltim Baharla birlikdə yaşamağa başladım. Hər günü biri-birindən ağır, əzablı və çətin günlərim elə həmin gündən başladı. Eltim Bahar məndən 3 yaş böyük idi. Hər ikimiz də bütün ev işlərini görə bilsək də, yemək bişirməyi bacarmırdıq. Qaynanam yeməyin hazırlanma qaydasını bir həftə mənə, bir həftə də ona göstərərdi. Mən yemək bişirənə qədər o, o bişirənə qədər mən yeməyin necə hazırlanmasını unutardıq. İnsafla deyəndə, qaynanam buna görə bizə bir söz deməz, “Eybi yoxdur, ikiniz də hələ uşaqsınız, öyrənəcəksiniz,” — deyib səbirlə təkrar göstərərdi. Yusif də Bahara heç nə deməzdi. Amma Qabil məni buna görə incidip danlayar, təhqir edib söyər, bəzən də insafsızcasına döyərdi. Hər dəfə də qaynatam harayımı eşidib gələr, məni döydüyü üçün onu möhkəm danlayardı. İnsafla deyəndə qaynatamla qaynanam pis adam deyildilər, ancaq biz bir böyük kimi onların hörmətini saxlamalı, dediklərini qeyd-şərtsiz yerinə yetirməli, qoyduqları qaydalara riayət etməli idik. İki gəlin onların yanında başıaçıq gəzə, otura, hündürdən danışıb gülə, yemək yeyib su içə bilməzdik.Bəli, sözün həqiqi mənasında gedəcək heç bir yeri olmayan mən, evin çətin qaydalarına və az qala məni hər gün heç nəyin üstündə döyən ərimin 15 yaşımda cəhənnəmə çevirdiyi həyatıma uyğunlaşmağa çalışırdım.”Eltimlə mən səhər hamıdan əvvəl oyanar, axşam hamıdan sonra yatardıq. Bu müddətdə həm ev işləri görər, həm də ailəyə dolanışıq mənbəyi olan təsərrüfat işlərində kömək edərdik. Gün ərzində yalnız yemək yediyimiz və ayaqyoluna getdiyimiz zaman dincələrdik. Bu arada mən həm də yavaş-yavaş Asyaya baxmağa başlamışdım. Elə ilk gündən doğulanda anasını itirən bu körpə qıza qanım qaynamışdı. Onunla bağlı bir gün baş verən hadisə isə indidə ürəyimi göynədir.Gəlin getdiyimin birinci ayı idi. Bir gün günorta, evdə heç kimin olmadığı bir vaxt Asyanı qucağıma götürüb həyətimizdəki ucsuz-bucaqsız üzüm bağına getdim və orada, ağacların arasında evcik qurub onunla, bacı-qardaşımla olduğu kimi evcik-evcik oynamağa başladım. Bu vaxt ərim gəlib bunu gördü və məni belinin kəməri ilə möhkəm döydü. Onun əlindən məni “Ay bala, yazığı niyə döyürsən, onun özü hələ uşaqdır, evcik oynayan yaşdadır, nə bilsin uşağa baxmağı?” deyən Xavər adlı qonşu qadın aldı. Anam bir də iki ay sonra bacı-qardaşımla birlikdə məni görməyə gəldi. Ona vəziyyətim barədə ümumiyyətlə heç nə demədim, çünki bunun bir faydası olmayacaqdı. Evdən çıxanda “Gəlinliklə çıxdığın bu evə ancaq kəfənlə qayıda bilərsən” deyən anam nəinki məni evə geri qəbul etməyəcək, heç mənə qulaq asmayacaqdı da. Əyyubla Dəstəgül Gözəlin danışdıqlarını göz yaşları içində dinləyir, dinlədikcə də onu uşaq yaşında mənfəətə qurban verib gəlin köçürən anasına və cəlladı olan ərinə ürəklərində lənətlər yağdırırdılar. Beləcə, 5 ay keçdi. Gözəl gözlərini silib acı həyat hekayəsinin ardını danışmağa davam etdi. Noyabr ayının ikinci bazar gününün, gündüz saatları idi. Mən həyəti süpürürdüm. Birdən Maral adlı qonşu qadın ara çəpərə yaxınlaşıb işarə ilə məni yanına çağırdı. Maral anadan gəlmə eşitmə məhdudiyyətli idi, özü də milliyyətcə erməni idi. Əsl adı Liyda olan Maral qonşu kənddən idi. O, on il idi ki, Rizvan adlı sağlam bir oğlanla ailə qurub bu kəndə gəlin gəlmiş, bir oğlan, bir qız olmaqla iki əkiz uşaq dünyaya gətirmişdi, indi də üçüncüyə hamilə idi. Mən süpürgəni atıb onun yanına getdim. Çatan kimi Maral əllərini həyətimizdəki şirin nar ağaclarına tərəf uzatdı. Bəli, hər şey məlum idi — Maral yenə məndən nar istəyirdi. Onların da həyətində nar ağacı vardı, amma şirin deyildi. Buna görə də, o, hər dəfə məni görən kimi bizdən şirin nar istəyirdi.”Mən həmişə olduğu kimi, bu gün də ona iki şirin nar verdim. Maralın çəpərdən aralanması ilə mənə, gözləri hədəqəsindən çıxacaqmış kimi baxan Qabilin qəfil böyürdən çıxması bir oldu.”O, üzümə möhkəm bir şillə çəkdi və qəzəbli halda: ‘O erməni qadına niyə nar verdin bilmirsən ki, onlar bizim düşmənimizdir?’ – deyə soruşdu. Bəli, Maral erməni idi. Həmin vaxt cəbhədə cavan oğlanları bir güllə ilə şəhid edən, yaralayan, neçə-neçə soydaşımızı doğulub böyüdükləri doğma torpaqlarından, min bir əziyyətlə qurub yaratdıqları ev-eşiklərindən didərgin salanlar arasında bəlkə də onunda atası, qardaşları, ya da yaxın qohumları var idi. Amma Maral mənim üçün əvvəlcə eşitmə məhdudiyyətli bir insan, ailəsi kəndlərini tərk edəndə onu aparmağa gəldikləri zaman bir daha görməməyi və həsrətlərini ürəyində daşımağı gözə alaraq onlarla getməyib sevdiyi adamla və iki körpə balası ilə yaşamağı seçən sədaqətli bir qadın, fədakar bir ana idi. Bir də axı o, hamiləydi. İndi olanlarda nə onun, nə də bətnindəki körpənin heç bir günahı yox idi. Mən, üzümə dəyən şillənin təsirindən səndələdim. Bir əlimlə yıxılmamaq üçün ağacdan yapışdım, digər əlimlə də od tutub yanan üzümü tutdum. Qabilə isə cavab vermədim. O, bundan daha da hiddətləndi və ‘Gəl bura, indi sənə göstərərəm’ – deyərək, məni saçımdan sürüyüb həyətdəki odun kötüklərindən birinin yanına apardı. Hər iki əlimi kötüyün üzərinə qoydu və hərəsini bir nara görə dəryazla biləklərimdən kəsdi. – Nəə! Əyyubla Dəstəgül eşitdikləri qarşısında heyrətləndilər. -Aman Allah! Yəni o, sizin əllərinizi sırf Marala iki nar veriiniz deyəkəsdi?’ – Dəstəgül gözləri yaşlı halda soruşdu: – Hə, qızım, – Gözəl kövrək halda davam etdi, – o an nə ağrıdan qopardığım fəryadım qulaqlarımdan, nə də kəsilən əllərimin yerindən axan qan gözlərimin qarşısından getmir. Səsimə evdəkilər və yaxınqonşular yığışdı. Onlar da gördükləri mənzərə qarşısında dəhşətə gəldilər. Öz imkanları ilə birtəhər qanaxmanı dayandırdılar və məni tez xəstəxanaya çatdırdılar. Ancaq həkimlər nə qədər çalışsalar da, kəsilən əllərimi yenidən bərpa edə bilmədilər. Beləliklə, həmin gündən mənim həyatla əsl mübarizəm başladı. Mən elə xəstəxanadaca anamla qalmaq istəmədiyimi dedim. Buna görə də müalicəm qurtaran kimi məni Bakıya, uşaq evlərindən birinə göndərdilər. Həmin gündən də bir daha ailəmi görmədim. Qabili də həbsə saldılar. Məhkəmənin hökmü ilə o, qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə 12 il azadlıqdan məhrum edildi. Hökmü eşidən Qabil elə həmin günün gecəsi özünü yatdığı çarpayının başından asıb öldürdü. Bakıya gələndən 2 ay sonra hamilə olduğumu öyrəndim. Açığını desəm, bu xəbəri eşidəndə qanım qaraldı. Öz-özümə: ‘Mən əliləm, onu dünyaya gətirsəm, necə baxacağam?’ – deyə düşündüm. Ancaq mən canımın yarısını itirmişdim, buna görə də körpə balamın canına qıymamağa, onu dünyaya gətirməyə qərar verdim. 7 ay sonra gözəl bir qız balam dünyaya gəldi. Onun adını Həyat qoydum, çünki onun gəlişi məni sözün həqiqi mənasında həyata qaytardı. : Onunla üç il uşaq evində yaşadıq. 18 yaşımın tamamında isə oradan birlikdə, kimsəsiz insanların yaşadığı sığınacağa göndərildik. Dörd il sonra isə, yəni mənim 22, qızımın 7 yaşı olanda, öz istəyimlə sığınacaqdan çıxmaq istədiyimi bildirdim. Əvvəlcə sığınacağın köməyi ilə özümə taxta bir vaqon, bir az da əşya aldım. Dövlət tərəfindən mənə əlilliyimə, qızıma isə atasızlığa görə sosial müavinat təyin edildi.” -Beləcə, biz sığınacaqdan çıxıb taxta vaqonda tək başımıza yaşamağa başladıq. Bu arada mən ötən yeddi il ərzində əllərim olmadan necə hərəkət etməli olduğumu tam öyrənmişdim. Artıq mən də, hamı kimi yemək bişirir, paltar yuyur, ev təmizləyir, qısacası hər işimi görür, özümün və qızımın ehtiyaclarını çətinlik çəkmədən ödəyirdim. Namaz qılıb hicab örtməyə də elə həmin illərdə başladım. Əvvəl-əvvəl səcdəyə gedəndə əllərim olmadığı üçün ayaqlarım yuxarı qalxırdı. Zaman keçdikcə bütün çətinliklər kimi buna da öyrəşdim.Sonra özümə bir araba alıb, qızım məktəbdə olduğu zaman kitab satmağa başladım. Yəqin deyəcəksiniz ki, niyə məhz kitab? Bilirsiniz, balalarım, mən ali təhsil ala bilməsəm də çoxlu kitab oxudum. Uşaq evində də, sığınacaqda da bütün günüm kitab oxumaqla keçdi. İstədim ki, kitab sataraq özüm kimi bütün insanları da kitab oxumağa cəlb eləyim. Beləcə günlər həftələri, həftələr ayları, aylar illəri əvəzlədi. Qızım böyüyüb Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil aldı. Təhsilini tamamladıqdan sonra isə qrup yoldaşı Ədalətlə ailə qurdu. İndi 2 uşağı var, özü də işləyir. Mən də onula yaşayıram. “İndi harada evli kişi görürəmsə, ona arvadıyla mehriban davranmağı, ona qarşı anlayışlı olmağı, fiziki zorakılıq tətbiq etməməyiii nəsihət edirəm: “Bax, belə, balalarım,” – deyib Gözəl danışığını yekunlaşdırdı. -Siz qəhrəmansınız, Gözəl xanım, bəli, qəhrəmansınız… – bayaqdan Gözəlin danışdıqlarını ağlaya-ağlaya dinləyən və onun sözünü bitirdiyini görən Dəstəgül gözlərini silib, ağır-ağır danışmağa başladı. – Gör , nələr çəkmisiniz… Kiçicik yaşınızda gəlin olmusunuz, əllərinizi itirmisiniz, amma bununla belə yıxılmamısınız. — Hə, qızım, — Gözəl cavab olaraq yenidən dilləndi, — düzdür, bu yolda çox çətinliklərlə qarşılaşdım, amma… Əyyub bu yerdə sözə qarışdı: —Əvvəl Allahın, sonra da güclü səbrinizin, möhkəm iradənizin, əzmkarlığınızın və mübarizliyinizin sayəsində bütün çətinlikləri aşıb bu günə gəldiniz. — Hə, oğlum, — Gözəl təsdiqlədi, — bir də bayaq dediyim kimi… Həyatın sayəsində . Bəli mən bir heç uğruna əllərimi itirdim, amma əvəzində Həyat kimi bir qız, onun sayəsində də Ədalət kimi bir oğul və iki də nəvə qazandım.Nə isə, mən gedim, daha başınızı ağrıtmayım, — deyə Gözəl ayağa qalxıb getmək istəyirdi ki, Əyyub onu dayandırdı: — Gəlin, gedək çay içək. — Hə, gedək, susuzluqdan yanıram, — Dəstəgül ərinin sözünə qüvvət verdi və əlavə etdi: — Yəqin ki, Gözəl xala buralarda bir kafe tanıyır. — Hə, qızım, tanıyıram, gəlin gedək, — Gözəl dedi. Hər üçü də ayağa qalxıb iti addımlarla çay içəcəkləri kafeyə tərəf getdilər. Son
Taksi Fəxri xiyabanın qarşısında dayandı. Qabaqda oturmuş Fuad, arxada əyləşmiş Rumiyyə maşından düşdülər. Fuad iri gül dəstəsini götürüb sürücüyə: – Gözlə, indi gəlirik – dedi.
Sürücü: – Burda çox dayana bilmərəm, – dedi, – cərimələyərlər.
– Tez qayıdacayıq.
Xiyabana girdilər, qara mərmərdən sinə daşının üstündə ŞÖVQÜ ŞƏFİZADƏ (1911-1987) yazılmış məzara yanaşdılar, gül qoydular.
Şövqü Şəfizadənin boya-boy heykəli onlara zəhmlə, bir az da məzəmmətlə baxırdı sanki.
Rumiyyə yanındakı məzara narazı nəzər atdı: – Elə bil ayrı yer qəhətdi, burda da yanaşı olmalıydılar, – dedi.
Sağ tərəfdəki məzarın üstündə:
FUAD SALAHLI (1918-1976)
yazılmışdı.
Ağ mərmər başdaşının üstündə mərhumun arvadı, heykəltaraş Solmaz tərəfindən yaradılmış qabartma-portret vardı. Fuad Salahlıdan fərqləndirmək üçün hamının “balaca Fuad” adlandırdıqları Fuad Mehdiyev daxilən gülümsündü. Təsadüfənmi, ya bilərəkdənmi Şövqünün heykəli və Fuad Salahlının qabartma – portreti əks istiqamətdə baxırdılar, elə bil bir-birindən üz çevirmişdilər. Rumiyyə bəyaz dəsmalını çıxarıb gözlərinin yaşını sildi. Fuad: – Gedək – dedi – sürücünü cərimə edərlər. – Sən get, indi gəlirəm. Fuad çıxışa tərəf addımladı. Rumiyyə atasının heykəlinə bir az da yaxınlaşdı. Əlini heykəlin başına, üzünə çəkdi, sığalladı, sonra çönüb iti addımlarla ərinə çatdı. Taksiyə mindilər, Fuad sürücüyə ünvanı dedi, Rumiyyə açıq sezilən istehzayla: – Oqtay bəyin hüzuruna gedirsən? – dedi.
– Qasım deyib ona xahişimi.
Rumiyyə köksünü ötürdü: – Gör nə günə qalmışıq, Qasımın minnətçiliyinə ehtiyacımız var.
Fuad dinmədi.
Qasım haçansa – Nuh əyyamında – Şövqünün, ondan sonra da Fuadın sürücüsü olub. Rumiyyə onun gözləri qarşısında böyüyüb. İndi də bu, yaşı ötmüş, amma peşəsindən əl çəkməyən kişi Oqtayın sürücüsüydü. Bütün səylərinə baxmayaraq, heç cür Oqtayla rabitə yarada bilməyən Fuad axır Qasımın vasitəsiylə xahişini ona çatdırdı.
Evlərinin yanında Rumiyyə taksidən endi, Fuad yoluna davam etdi.
– Oqtay qədeş, unutmamısan ki, bu gün Fuad qədeş yanına gələcək.
Oqtay: – Unutmamışam – dedi, maşından düşdü. Qarşısına çıxa biləcək növbənöv xahişçilərdən yayınmaq üçün ətrafa baxmadan iri addımlarla İdarənin qapısına tərəf yeridi. İçəri keçmək istədiyi an qadın səsi eşitdi: – Oqtay!
Oqtay qanrılıb baxdı. Onu çağıran dümağ saçlı qadın idi. Ondan başqa səkidə heç kəs yoxdu. Səs Oqtaya tanış gəldi, həm də məhrəm adam kimi onu adıyla çağırırdı. Oqtay diqqətlə baxdı və diksindi:
– Əsmər? Sənsən?
Əsmər yanaşıb əlini uzatdı – mənəm – dedi – yaxşı ki tanıdın. Çox dəyişmişəm?
Oqtayın etiraz eləməyə dili gəlmədi, amma həm də Əsməri incitmək istəmədi, odur ki, sadəcə: – Sən hara, bura hara? – dedi. – Haçan gəlmisən?
– Bir həftə olar. Telefonun cavab vermir, odur ki, səni burda gözləməli oldum. Bilirəm, başın çox qarışıqdır. Məni beş dəqiqə qəbul edə bilərsən?
– Əlbəttə, bu nə sözdür? Keç.
İkinci mərtəbəyə qalxdılar. Qəbul otağında hələ Fuad Mehdiyevin vaxtından katibə işləyən Nelli onlara salam verdi. Oqtay otağının qapısını açdı, Əsməri içəri buraxdı, sonra özü keçdi, indicə verdiyi sualı təkrar etdi: – Haçan gəlmisən?
Əsmər də təkrarən: – Bir həftə olar, – dedi.
– Xeyir ola?
– Xeyir deyil. Eşitməmisən? Camal rəhmətə getdi.
Oqtay təəssüf hissiylə: – Yox, bilmirdim – dedi, – Allah rəhmət eləsin.
Əsmər:
– Camalın vəfatından sonra Moskvada yaşamaq çox çətin oldu bizə, – dedi. – Xumarı da götürüb – qızımı deyirəm – Bakıya gəlməli olduq.
Oqtay bu gözlənilməz görüşdən, Əsmərin belə dəyişməsindən, Camalın ölüm xəbərindən çaşıb qalmışdı, qarışıq hisslər keçirirdi, adda-budda, dağınıq fikirlər içindən sıyrılıb çıxmaq istəyirdi, hər şeyi ayıq başla dərk etməyə çalışırdı.
Əsmər Oqtayın iş otağına göz gəzdirirdi. Divarda şəhərin ayrı-ayrı binaları, meydanları, küçələri, çeşidli layihələr, Məhəmməd Əmin Rəsulzadənin iri şəkli.
– Nə yaxşı məni o saat tanıdın. Bir daha soruşdu: – Çox dəyişmişəm?
Oqtay nəzakət naminə:
– Yox, – dedi. – Əlbəttə, illər keçib, ikimizin də başı ağarıb. Rəhmətlik haçan vəfat edib?
– İki ay bundan qabaq. İnfarkt.
Son illərdəki həyatlarından danışmağa başladı. Camalı xaricdən, diplomatik işindən geri çağırdılar. Perestroyka dövründə təzə nazir bütün köhnə kadrları bir-bir dəyişməyə başladı. Qatı rus şovinisti idi, Azərbaycan müstəqilliyini elan edəndən sonra: “Qayıdın öz müstəqil ölkənizə” demişdi Camala. Müavinlərindən biri erməni idi. Camalı görməyə gözü yoxdu. Bir sözlə, Camalı ən aşağı təqaüdlə işdən çıxardılar. Altı ay sonra elə evdəcə…
Əsmərin səsi əsdi:
– Elə gözümüzün qabağında beş dəqiqənin içində keçindi. Heç təcili yardıma zəng edə də bilmədik.
Oqtay stəkana su süzüb Əsmərə uzatdı, Əsmər bir qurtum aldı.
– Bağışla, – dedi.
Araya üzücü sükut çökdü.
lll
Fuad taksinin hesabını ödəyib İdarənin qabağında maşından düşdü. Ömrünün neçə ilini verdiyi idarənin qapısının üstündə Azərbaycanın üçrəngli bayrağı dalğalanırdı.
Qapıda əsgər qiyafəli saqqallı gənc Fuadın pasportunu uzun zaman o tərəf-bu tərəfə çevirdi. Sonra qarşısındakı siyahıya bir də nəzər atıb, nəhayət:
– Keçin – dedi, – İkinci mərtəbə, 5-ci otaq.
Fuad qeyri-ixtiyari:
– Bilirəm – dedi, tanış pilləkanlarla ikinci mərtəbəyə qalxdı. 5-ci otağın qapısını açıb içəri girdi. Qəbul otağı bir qədər dəyişmişdi. Amma katibə masasının arxasında onun, Fuadın vaxtındakı kimi Nelli əyləşmişdi. Bir qədər yaşlanmış və tosqunlaşmış Nelli Fuadı görüb dərhal ayağa qalxdı: – Ooo Fuad Qurbanoviç, salam, necəsiz?
– Sağ ol, yaxşıyam. Sən necəsən, Nelli?
Nellinin cavabını gözləmədən əlavə etdi: – Oqtayın… Oqtay bəyin qəbuluna gəlmişəm. Özü bilir.
Nelli:
– Bəli, bilirəm – dedi – burda qeyd eləmişəm. Amma bir az gözləyin, yanında adam var. Çay?
– Yox, sağ ol. Gözləyərəm.
Keçib qarşıdakı stulda əyləşdi. Bu qədər tanış qəbul otağına göz gəzdirdi. Bir elə dəyişiklik yoxdu. Onun keçmiş kabinetinin qapısında Oqtayın ad famili, qarşı-qənşər otağın qapısında müdirin ad-famili yazılmışdı: QAFUR ƏHMƏDLİ.
Fuad gözlərinə inanmadı. Bir vaxt Fuadın atasını – Qurban kişini işdən çıxarmış məsul raykom işçisi, indi dəbdə olan sözlə qart partokrat Qafur Əhmədov? Xalq cəbhəsi iqtidarında belə mühüm vəzifədə? Ağlasığmazdır.
– İndi burda müdir Qafur Əhmədovdur? – deyə Nelliyə mənasız sual verdi.
Nelli başıyla təsdiq etdi.
– Otağındadır? – daha bir mənasız sual. Guya yanına girəsiydi.
Nelli:
– Yox – dedi. – Bir azdan gələcək. Qonşu otaqda namaz qılır.
Fuad: “Nə yaxşı ki, o vaxt qəribə bir şıltaqlıqla o mühüm tədbirə getmədim, – deyə düşündü. – Elə bil məni şeytan yoldan çıxardı ki, ora gedib çıxış etmə. Demə, bu şeytanın əməli deyilmiş, mələyin işiymiş. Ora gedib uğurlu çıxış etsəydim, mütləq məni müdirin yerinə təyin edəcəkdilər. Çünki Əhməd Nəzərovun məsələsi artıq doxsan faiz həll olunmuşdu. Mənim üzrsüz çıxışa gəlməməyimi: – Bu nə məsuliyyətsizlik, nə saymazlıqdır, – deyə pis yozmuşdular. Şövqü işə qarışmasaydı, hələ yəqin müavin vəzifəsindən də atacaqdılar. Əl-qərəz, beləliklə, Əhməd Nəzərovun müdirlik vəzifəsi bir qədər də uzadıldı. Ta o günə qədər ki…
O gün Fuadın yaxşı yadındaydı, bəylər hakimiyyətə gələndən on gün sonra avtomatlı cavanlar Nəzərovun kabinetinə girib onu birdəfəlik işdən atdılar. O gün Fuad bir balaca soyuqlamışdı, işə çıxmamışdı. Bu xəbəri ona telefonla Nelli çatdırdı.
Səhərisi Fuad istefa ərizəsini yazıb göndərdi.
Yaxşı deyiblər ki, şər deməsən, xeyir gəlməz. O həlledici tədbirdə çıxış etməməsi Fuadın xeyrinə imiş. Yoxsa onu da Əhməd Nəzərov kimi müdir kabinetindən avtomatla çıxaracaqdılar.
lll
– Bəs harda qalırsız?
Əsmər: – Bir rəfiqəmgildə, – dedi və ani tərəddüddən sonra əlavə etdi. – Elə sənin yanına da bu xahişlə gəlmişəm. Səndən başqa burda ərk edəcəyim kimsə yoxdu. Deyirlər, bu, sənin əlindədi. Birotaqlı mənzil istəyirəm səndən. Harda olur olsun, şəhərin lap ucqar yerində. Düzdü, rəfiqəm deyir, nə qədər istəyirsiz qalın. Amma mən başa düşürəm axı, sıxılırlar. Üç otaqda invalid əri, özü, iki uşağı. Lap kiçik otağa da razıyıq, təki başımızın üstündə bir dam olsun.
lll
Qafur Əhmədli, ardınca da çiyni avtomatlı yekəpər bir kişi qəbul otağına daxil oldular. Qafur Əhmədli Fuada gözucu baxdı, tanısa da, tanımamış kimi ağızucu salam verib tələsik otağına keçdi. Amma onunla gələn saqqallı kişi – guman ki, Əhmədlinin cangüdəni idi – Fuadı tanıdı:
– Yallah Fuad müəllim – dedi – Nə əcəb səndən belə? Xeyir ola…
Fuad: “Görəsən, bu namərbud adam məni hardan tanıyır” – deyə düşündü.
– Məni tanımadın? Zeydullayam da. Axır dəfə səninlə aeroportda görüşmüşdük.
“Aeroportda?” Fuad yadına salm
ağa çalışırdı ki, avtomatlı kişi: “Mən onda nosilşik işləyirdim də” – dedi.
An içində Fuad xeyli ixtiyarlaşmış bu yekəpər adamı, ibtidai məktəbdən tanıdığı, unutmaq istədiyi pis bir vaqiyəylə bağlı olan şəxsi, çox illər sonra aeroporta nosilşik kimi rastlaşdığı Zeydullanı və onun işlətdiyi “oxartana” sözünü xatırladı. – Zeydulla – dedi.
– Həri, Zeydullayam da…
– Görürsən də, Fuad yoldaş – yoldaş sözünü açıq istehzayla dedi, – kiminin əvvəli, kiminin axırı.
– Həri, qardaşım oğluyla qonşudu Qafur bəy, məni işə götürdü, canı-başı sağ olsun, partiyasına da üzv elədi.
– Partiyasına? Əhmədovun partiyası var?
– Bə nə bilmisən? “İrşad” partiyasın qurub da Qafur bəy. Dindarlar partiyasıdır, halallıqla işləyirik.
lll
Oqtay siqaretini odladı. Çətin vəziyyətə düşmüşdü. Bir neçə an içində Əsmərlə ta məktəb illərindən başlanan və məktəb boyu davam edən, yuxarı siniflərdə az qala sevgiyə çevrilə biləcək və əfsus ki çevrilməmiş münasibətləri gözlərinin qarşısından keçdi. Bəlkə də bu saf dostluq münasibətləri mehriban ailəyə dönə bilərdi. Amma heç kəsin gözləmədiyi halda Əsmər ingilis dili müəllimləri, yaşca hamısından çox böyük olan Camala ərə getdi. Oqtay da, sinif yoldaşları – oğlanlar və qızlar da – bu nikahdan şoka düşmüşdülər. Dedi-qodular, gümanlar, fərziyyələr, xoş, ya bəd niyyətlə deyilmiş sözlər baş alıb gedirdi. Bir müddət sonra Camalı Moskvaya apardılar, oradan da müxtəlif xarici ölkələrdə diplomatik işə keçdi. Təbii ki, Əsmər də əriylə birgə Bakıdan, anasından, İçərişəhərdəki köhnə evlərindən, məktəb yoldaşlarından tamamilə ayrılıb uzaqlaşdı, başqa bir aləmə düşdü. Və yalnız bir gün – Oqtayın ad günü ərəfəsində qəfilcən uçub Bakıya gəldi – Oqtayı təbrik etməkçün. Bütün günü bir yerdə olsalar da, aralarındakı bu qeyri-müəyyən münasibət, Zamanın, ictimai mövqelərin, həyat tərzinin yaratdığı sədlər aşılmadı. Əsmər növbəti dəfə ərinin kübar həyat sürməsindən danışanda Oqtay nə isə cod bir söz işlətdi və aeroportda çox soyuq vidalaşdılar. Oqtaya elə gəldi ki, bu səfər həmişəlik ayrılırlar, bir daha heç vaxt, heç yerdə görüşməyəcəklər. Yalnız səhərisi gün Əsmərdən qəribə bir imzayla – Kamikadze imzasıyla gələn teleqramı alanda Oqtay dərk etdi ki, Əsmərin zahirən firavan görünən həyatı o qədər də qayğısız deyilmiş, ağrı-acısını, nisgilini büruzə vermədən içində daşıyırmış. Və budur bax, artıq bir ömür keçib gedəndən, yalnız ərini deyil, illər uzunu vərdiş etdiyi həyat tərzini də itirəndən sonra indi Oqtayın qarşısında yaşa dolmuş, solmuş, aciz və köməksiz bir qadın əyləşmişdi. Oqtaydan yardım umurdu və nə yazıq ki, Oqtay onun xahişinə heç cür əməl edə bilməyəcəkdi. Səbəbini Əsmərə izah etmək də asan iş deyildi. Səbəb isə ondaydı ki, Oqtaya təklif olunan bu vəzifəni istəməyərək qəbul edəndə özünə söz vermişdi ki, heç vaxt qanuna zidd heç bir iş görməyəcək, heç bir şəxsi dostluq, tanışlıq hisslərinə məhəl qoymayacaq, dürüst işləyəcəkdir. Bütün bunları ayrı bir dünyadan gəlmiş Əsmərə necə izah edəydi? Həm də axı Oqtay bu yöndə müəyyən addım atsaydı belə, Qafur Əhmədli kimi bir vaxt sital kommunisti, indi qatı dinçini necə inandıra, razı sala bilərdi? “Necə, kiminçün ev istəyirsən, mənfur sovet diplomatının dul qadını üçün? – deyəcəkdi. – Hələ də cibində rus pasportu gəzdirən adamçün? Bəs minlərlə ev növbəsi gözləyən vətəndaşlarımıza nə cavab verəcəyik? Hələ mətbuatın nə şəbədə çıxaracağı bir yana dursun”.
Məsələ ondaydı ki Qafur Əhmədli Qafur Əhmədov olsa da, bu söylənməmiş, amma söylənə biləcək iradlarında haqlıydı.
Əsmər Oqtayın tərəddüdlərini gözlərindən oxuyurmuş kimi yorğun və üzgün bir səslə:
– Səni çətinə salmışam, həmi? – deyə xəbər aldı.
Oqtay sözləri sanki kəlbətinlə içindən dartıb çıxarırdı:
– Bilirsən, Əsmər, – sözünü davam edə bilmədi. Necə deyəydi ki, mümkünsüz bir şey xahiş edirsən. Həyatda ilk, son və yeganə xahişinə, nə qədər istəsəm də, əməl edə bilməyəcəm.
Əsmər heç nə demədən ayağa durdu. Əsmər həmin Əsmər idi – məğrur, sözü bir himdən anlayan, heç bir vəziyyətdə yalvar-yaxarla heç kəsin qarşısında əyilməyən qadın.
Oqtay: – Dur – dedi və hardansa sanki vəhylə ağlına gələn qəfil fikirlə az qala qol qaldırıb oynayacaqdı. Çıxış yolu tapmışdı. Sevincək:
– Mənim mənzilimdə qalarsız, – dedi.
Əsmər təəccüblə:
– Sənin mənzilində? Necə yəni…
– Çox sadə. Mənim ikiotaqlı mənzilimdə.
– Bəs sən, ailən?
– Mənim ailəm yoxdur. Təkəm. Bilmirdin?
Əsmər, əlbəttə, bilirdi bunu, bilirdi ki Oqtay tək yaşayır. Sırf qadın marağıyla, Oqtayın evlənmədiyini də öyrənmişdi. Rəfiqəsiylə hər telefon söhbətində bu barədə müfəssəl məlumat alırdı. Amma bununla məsələ çözülmürdü axı.
– Bəs sən?
– Mənim, vəzifəmə görə, Zuğulbada Hökumət bağında iki otağım var, – bunu düz deyirdi. – Onsuz da ilboyu orda qalıram, – bu isə yalan idi. Olsa-olsa, ayda bir, ya iki gün orda qalmaq imkanı olurdu.
– Yox, axı… – Əsmər hələ də özünə gələ bilmirdi. Bilmirdi ki nəyə, nədən və nə üçün etiraz etsin…
Oqtay cibindən açarları çıxarıb Əsmərə uzatdı: – Sürücüm sizi aparar, şeylərinizi daşımağa da kömək edər – dedi.
Əsmərin üzü sanki işıqlandı, elə bil son vaxtların bütün ağırlıqları, qeyri-müəyyənliyi, qayğıları sifətindən silinib getdi, əvvəlki bir az şıltaq, bir az işvəli, amma mülayim və mehriban Əsmər oldu.
Boynunu uzadıb Oqtayın yanağından öpdü. Oqtayın bütün vücudu gizildədi. Əlli illik tarixi olan münasibətlərində Əsmər ilk dəfə öpürdü onu.
lll
Fuad saatına baxdı, yarım saatdı burdaydı. “Görəsən, mən də o vaxtlar qəbuluma gələnləri bu qədər gözlətmişəm?” Xoş bir hisslə xatırladı ki, haçansa həmin bu Oqtay ömründə ilk və yeganə dəfə Fuadın qəbuluna gələndə, onu bir dəqiqə belə gözlətməmişdi. Elə bu an Oqtayın kabinetinin qapısı açıldı, əvvəlcə ağbaşlı bir qadın, ardınca Oqtay çıxdılar.
Oqtay:
– Salam, Fuad – dedi – bağışla, səni bir az gözlətdim, üzrlü səbəbim var. Əsməri tanımadın?
Aman Allah, bu ağsaçlı qadın Əsmər imiş. Məktəblərində oğlanların hamısının, o cümlədən də Fuadın özünün hayıl-mayıl olduqları Əsmər. Əsmər də Fuadı tanımadı, yadına salmalı oldu, sonra:
– Xoş gördük, Fuad – dedi.
– Xoş gördük. Necəsən…eee… necəsiz, Əsmər… xanım?
– Sağ ol… sağ olun…
Aydın olmadı – Əsmər Fuada “siz”lə müraciət edir, ya buradakıların hamısıyla sağollaşır. Oqtay Əsməri qapıyacan ötürüb Fuadı içəri çağırdı:
– Hamısı rəhmətlik Fuad Salahlınındır, – dedi. – Çalışırıq, heç olmasa, bir neçəsini həyata keçirək.
– Hə, indi Fuad Salahlı zəmanənin qəhrəmanıdır.
Bu sözlərdə xəfif bir istehza hiss elədi Oqtay, odur ki, qəti şəkildə:
– Fuad Salahlı elə o zəmanənin də qəhrəmanı idi, – dedi.
Sanki danışmağa söz tapmırdılar. Halbuki Fuad şübhəsiz hansısa bir iş üçün gəlmişdi. Nəhayət, gərginliyi aradan qaldırmaqçün Oqtay:
– Görürsən də, Fuad, bir vaxt bu otaqda sən məni qəbul edirdin, indi mən səni qəbul edirəm. “Oxartana”nın sözləri Fuadın yadına düşdü:
– Kiminin əvvəli, kiminin axırı…
Oqtay:
– Boşla görək – dedi – nə əvvəl-axır, canım. İnan ki, yatsam, yuxuma girməzdi ki, haçansa bu vəzifəni tutacam.
– Sən tutmayıb kim tutacaqdı bu vəzifəni?! Bu “bəy”lərin içində yeganə professional elə sənsən də…
Oqtay bu sözlərə qarşılıq vermədən:
– Bəy təkid elədi, – dedi.
– Kim?
– Böyük bəy – Elçibəy – Prezident. Haçansa bizi Fuad Salahlı tanış etmişdi. Fuad müəllimlə dost idilər. Görünür, o vaxtdan yadında qalmışammış. Məni çağırdı. Dedi, dinçilərin dəstəyinə ehtiyacımız var, odur ki, hələlik Qafur Əhmədlini müdir təyin etmişik. Amma belə mühüm yerdə bizim inandığımız dürüst, etibarlı adamımız da olmalıdır. Həm də yadımdadı, rəhmətlik Fuad Salahlı səndən ağız dolusu danışardı. İndi sən bu vəzifəni tutsan, onun da ruhu şad olar.
Nə isə razılaşmalı oldum.
– Düz eləmisən. Əbülfəz bəy doğru seçim edib. Fuad Salahlının o vaxt həyata keçməmiş işlərini dirçəltməyiniz də doğrudur. Amma…
Oqtay:
– Amma nə? – deyə soruşdu.
– Amma birini qaldırmaqçün başqasını yıxmaq vacib deyil.
– Kimi yıxmışıq ki?
Fuad siqaret çıxartdı:
– Olar?
– Əlbəttə.
Siqaretini odladı, bir qüllab vurub:
– Elə Şövqü Şəfizadəni… Yanına da bu məsələyçün gəlmişəm.
– Nə olub ki Şövqü Şəfizadəyə?
– Guya bilmirsən? Tikdiyi binaları bir-bir sökürlər.
– Şəhərin siması müasirləşməlidir də. Mikayıl Hüseynovun da bir neçə binası sökülüb.
– Çox nahaq yerə, Sən memarsan, bilirsən ki, binalar həm də dövrün, epoxanın rəmzidir.
– Elə ona görə sökürlər də, deyirlər ki, sovet dövrünü xatırladan heç nə qalmamalıdır. Doğrusu, mən də bu ifrat yanaşmanın əleyhinəyəm. Amma çox vaxt fikrimi isbat edə bilmirəm. Ən çox da bu sahədə canfəşanlıq edən bilirsən kimdi? Həmin elə mənim bu müdirim.
– Yaxşı, binalar, tutalım, sovet rejiminin timsalıdır, bəs küçələrin nə təqsiri var?
– Bəli, Şövqü Şəfizadənin qızıdır. Gecə-gündüz ağlayır ki, elə bil atam bunlara düşmənmiş. Binalarını bir-bir sökmələri bəs eləmir, hələ küçənin də adını dəyişdiriblər. Özü də elə bil qəsdən o küçəyə Fuad Salahlının adını veriblər. Guya ayrı küçə tapılmırdı…
– Fuad Salahlı o küçədə yaşayırdı axı…
– Şövqü Şəfizadə də o küçədə yaşayırdı.
– Düz deyirsən. Bunu kimsə qəsdən eləyib. Axı sağlıqlarında yola getmədiklərini hamı bilir. Doğrusu, mənim bundan xəbərim olmayıb. Kimsə, kinlinin biri – Şövqü Şəfizadənin vaxtilə Fuad Salahlıya etdiklərinin heyfini çıxmaq istəyib. İncimə, Fuad, axı çoxları Fuad Salahlının başına gələnlərdə, yəni sağlığında heç bir layihəsinin tikilməməsində Şövqünün barmağı olduğunu düşünür.
– Sənin yanına ömrümdə ilk və son xahişlə gəlmişəm, – dedi. – Heç olmasa, yaşadığı evin divarından Şövqünün xatirə lövhəsini çıxarmasınlar. Yoxsa Rumiyyə buna dözməz. Ürək xəstəsidir. Qəzetdə Şövqü haqqında yazılanları ondan gizlədirəm.
Oqtay başını buladı:
– Təəssüf ki, belə şeylər o vaxt da vardı, indi də var. Fuad, bilirsən, yalandan söz vermək istəmirəm. Amma var gücümlə çalışacam ki, o lövhəni çıxarmasınlar. Hər halda Şövqü Şəfizadənin də – kim nə deyir desin – müəyyən xidmətləri olub.
Fuad ayağa durub əl uzatdı:
– Çox sağ ol, Oqtay, – dedi.
Oqtayın otağından qarışıq hisslərlə çıxırdı. Bir yandan Oqtay sözünü yerə salmamışdı, hətta Şövqünün xidmətlərini qeyd etmişdi. O biri tərəfdən tam əminlik də yoxdu ki, Oqtay istəsə belə, bunun qarşısını ala biləcək. Hər halda Rumiyyəni bir az sakitləşdirə bilərəm.
Küçəyə çıxdı. Adəti üzrə köşkdən bir neçə qəzet aldı. Sabir bağında skamyaya əyləşib qəzetlərə baxmağa başladı.
“Azadlıq” qəzetinin birinci səhifəsində Şövqü Şəfizadənin və onun, Fuadın iri şəkilləri verilmişdi.
Şəkillərin altında “Dağılan tifaqlar” başlıqlı yazını oxumağa başladı.
“Sovet memarı Şövqü Şəfizadənin eybəcər kommunist üslubunda layihələşdirdiyi binalar bir-bir sökülür. Şükür ki, onun adını daşıyan küçənin də adı dəyişdirilmiş, həmin küçəyə sovet rejiminin amansız repressiyalarına uğramış, məhz elə deputat və laureat Şövqü Şəfizadə tərəfindən amansızcasına təqib olunmuş həqiqi millətpərvər, dahi memar Fuad Salahlının adı verilmişdir. Mənbə onu da nəzərə çatdırır ki, Fuad Salahlıdan fərqləndirmək üçün “balaca Fuad” ayamasıyla tanınan Fuad Qurbanoviç Mehdiyev sovet vaxtı qayınatası həmin o Şövqü Şəfizadənin vasitəçiliyilə yüksək vəzifələr tutmuşdur. Hazırda təqaüdçüdür”.
Küçədən keçən avtomobil bağın qarşısında dayandı. Qapısı açıldı, qıvrım saçlı cavan oğlan maşından düşdü. Maşının açıq qapısından mahnı eşidildi:
Uzun zaman güldü, toxtaya bilmirdi. Maşından düşən cavan oğlan əlindəki qəzeti kənara atıb gülən adama baxır, təəccüblənirdi, görəsən, qəzetdə nə məzəli əhvalat yazılıb ki, bu yaşlı kişi belə qəhqəhə çəkir, uğunub gedir? 5-8 oktyabr 2023 Ankara, İstanbul
Müəllif: ANAR Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri
Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz Qara Yusif haqqında yazdığı iki kitabın birincisini- “Qara Yusif və Əmir Teymur” kitabını başa çatdırıb.
Müstəqil.Az xəbər verir ki, kitabda türk dünyasının böyük oğlu Qara Yusif barədə geniş ictimaiyyətə məlum olmayan məlumatlar əksini tapıb. Geniş araşdırma və tədqiqat işi olan kitabda Qara Yusif haqqında tarixi mənbələrə əsaslanmış həqiqətlər yer alıb. Kitabın müəllifi Yunus Oğuz qeyd edib ki, Qara Yusif haqqında yazmağa dəyər: “İki türkməndən biri Qaraqoyunlu, biri Ağqoyunlu, ikisi də eyni Azərbaycan tayfalarından olmaqla aralarında mübahisələr olub və ayrılıblar. Əvvəl Qaraqoyunlular dövlət yaradıb, sonra Ağqoyunlular. Hər ikisi diqqətə layiqdir”. Onu da qeyd edək ki, ikinci kitab “Qara Yusif və Teymurilər” adlanacaq. Xatırladaq ki, yazıçının onlarla tarixi romanı çapdan çıxıb. Onun əsərlərinin böyük əksəriyyəti xarici dillərə tərcümə olunub, bir çox kitabları xarici ölkələrdə çap edilib.
В большом лесу росли различные фруктовые деревья, кустарники, различные растения. В лесу обитали шакалы, лисы, зайцы, змеи, волки, газели. Хотя львов и тигров здесь не было, обезьян и диких кабанов было много. Поскольку лисы и шакалы часто охотились на различных птиц, их численность значительно сократилась. И немногочисленные птицы от страха не чирикали. Они уходили вглубь леса, питались различными травами и проводили свою жизнь. Сократилась также численность кроликов и газелей. Так как волки, шакалы угнетали лесных зверей. Они тут же разделывали пойманную добычу. Шакалы терзали лесных животных. Дело дошло до того, что даже волки, змеи, лисы настороженно относились к шакалам. В лесу росло множество фруктовых деревьев. Животные, птицы также питались фруктами. На некоторых деревьях росли сочные, вкусные фрукты. Но такие деревья засыхали, не достигнув, сорока или пятидесяти лет. Когда эти деревья засыхали, жители леса очень жалели об этом. Ведь эти деревья приносили полезные плоды. Также встречались деревья, от которых обитатели леса не видели никакой пользы. Таким образом, плоды этих деревьев гнили, не успев созреть. А эти гнилые фрукты никому не были нужны. Лесные животные с нетерпением ждали, когда засохнут эти бесплодные деревья. Однако корни таких деревьев были настолько разветвлены, а стволы настолько толстыми, что вряд ли они могли бы высохнуть. Таких деревьев было немного, и они не позволяли окружающим деревьям расти и разветвляться, а также загораживали им свет… Фархад Аскеров (Рамизоглы)
Bir əsgərin taleyi və ya 416-cı Taqanroq diviziyasının döyüş yolu
(esse)
Evimizin qabağında böyük bir armud ağacı var. Bu ağac indi də pöhrələnib böyüyür, hər il bol məhsul verir. Həmin ağac bizim üçün çox müqəddəsdir. Uşaqlıq çağlarımızda bu ağaca bir canlı kimi baxırdıq. Əmimizin bir nişanəsi olan bu ağac bizə indi də çox doğmadır. Bu ağacı Ələddin əmim əkmişdi… Əmim meşədən gətirdiyi cır armud ağacına peyvənd ağacdan calaq vurmuş, qayğısına qalmışdı. Böyük Vətən müharibəsindən bir neçə il əvvəl əkilən bu ağac böyüdü, qol-budaq atdı, hər il bar verdi. İndi də bu ağac öz şuxluğunu, əzəmətini itirməyib… Uşaqlıq illərində görürdük ki, nənəmiz bu ağacı əzizləyir, onu qoruyur, “Oğlum Ələddinin ağacıdır”, – deyirdi. Armudları da yığıb bütün kəndə ehsan kimi paylayırdı. Ələddin əmi 17 mart 1942-ci ildə müharibəyə getmiş, 1944-cü ilin fevral ayında “itkin” kağızı gəlmişdir. Hündürboy, enlikürək, pəhləvan cüssəli bu insan müharibədən qayıtmadı. Onun iki yadigarı qalmışdı. İki qızı körpə yaşlarından nənəsinin, əmisinin himayəsində böyüdü. O, müharibəyə gedəndə qızlarından böyüyünün 4, kiçiyinin 2 yaşı vardı. Nənə bütün ömür boyu gözlədi. İtkinlik çox pis şeydir. İnana bilmirdi ki, “dağ” boyda oğlu birdən-birə yox olsun. Əmimin şəklini divardan başının üstündən asdırmışdı. Evə gəlib-gedən qonaqlara şəkli göstərib deyirdi: “Bax, oğlum Ələddindir, yəqin, sağdır, mütləq gələcək”, “o, igid oğul idi, onu heç bir “nemes” öldürə bilməz”. Bu sözləri hər dəfə təkrarlayırdı. Həyat çox qəribədir. İnsan ümidlə yaşayır. Bu ümid onu yaşamağa səsləyir. Bəli, həyat ümidin qırıldığı yerdə bitir. Nənəmiz onun yolunu gözləyə-gözləyə dünyasını dəyişdi. Ələddin əminin qızları böyüdü, ailə həyatı qurdular. Ələddin əminin nəvələrindən biri – Calalov Seyfəl Bahaddin oğlu hərbi təhsil alaraq aviasiya mühəndisi oldu, babasının bütün arzularını həyata keçirdi. Vətəni qorudu. Xalqımızın xoşbəxt yaşaması, ölkəmizin müstəqilliyi üçün işlər gördü. Mən hələ məktəb illərində çox yerlərə məktublar yazdım. Heç nə öyrənə bilmədim. Gələn cavablar da bu idi: “Heç bir məlumat tapılmadı”. Bir gün eşitdim ki, Rusiya dövlətində xüsusi arxivlər yaradılmışdır. Öyrəndim ki, “Pamyat naroda” (“Xalqın yaddaşı”) və “OBD Memorial” adlanan bu arxivlərdən hər cür məlumat almaq olar. Yaxşı ki, bu arxivlərdəki məlumatlar, sənədlər elektronlaşdırılmışdır. Artıq hər şey məlum olmağa başladı. Məlumatları tapdım. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən bu məlumatları əldə etdim. Sənədin 54-cü vərəqində 55-ci sırada yazılanlar bunlardır: (Azərbaycan dilində yazıram).
Adı, soyadı, atasının adı: Salmanov Ələddin Abid oğlu Anadan olduğu yer: Azərbaycan SSR, Qonaqkənd rayonu, Afurca kəndi. Doğum ili: 1910 Partiyalılığı: Partiyasız Hərbi rütbəsi: Sıravi Qırmız Ordu əsgəri Vəzifəsi: Atıcı Orduya çağrıldığı vaxt və yer: 17.03.1942. Azərbaycan SSR, Qonaqkənd rayonu, Hərbi Komissarlıq Hərbi hissə: 416-cı atıcı Taqanroq diviziyası. Nə vaxt və hansı səbəbdən sıradan çıxıb: 1944-cü ilin fevralında itkin düşüb. İtkin düşdüyü yer: Ukrayna, Nikopol şəhəri. Yaxın qohumlarının adı və ünvanı: Atası – Salmanov Abid. Qonaqkənd rayonu, Afurca kəndi.
Bu məlumatlar 416-cı diviziyanın 1944-cü ilin fevral ayı üçün tərtib etdiyi “Məcburi itkinlər haqqında hesabat” sənədlərindən götürülüb. Bu rəsmi sənəd əlimə keçdikdən sonra mən 416-cı Taqanroq diviziyasının bütün döyüş yolunu öyrənməyə başladım. Zaqafqaziya Hərbi Dairəsinin komandanlığının əmrinə əsasən 1942-ci il 22 fevral tarixində Azərbaycan SSRİ-nin Ucar rayonunda 416-cı atıcı diviziyanın formalaşdırılmasına başlanılmışdır. 1054-cü və 1374-cü alay Ağdamda, 1373-cü alay Göyçayda, 1368-ci alay Sumqayıtda yaradılmışdır. Həmin il martın 22-də diviziyanın şəxsi heyəti hərbi andiçmə mərasimində iştirak etmiş, 416-cı Milli Diviziyanın döyüş yolu Qafqazdan başlamış, Mozdok, Taqanroq, Melitopol, Nikolayev, Nikopol, Odessa, Kişinyov və Polşadan keçərək Almaniyaya qədər uzanmışdır. Diviziya 1942-ci il sentyabrın əvvəllərində 44-cü ordunun tərkibinə daxil edilərək Şimali Qafqazda Xasavyurt rayonuna göndərilmişdir. Diviziyanın cəbhəyə getdiyi vaxt Qafqaz uğrunda döyüşlərin ən şiddətli dövrü olub. Burada diviziya sayca artıb. Diviziyanın şəxsi heyəti 10 mindən çox əsgərdən ibarət olub. Almaniyanın “Cənub” ordu qrupu komandanlığına 1942-ci ilin 25 sentyabrında Bakını zəbt etmək əmri verilmişdi. 1942-ci ilin oktyabrında 416-cı diviziya 58-ci ordunun tərkibinə daxil edilərək, Sulak çayının Şərq sahilində düşmənin Mahaçqala istiqamətindəki hücumlarına qarşı mövqedə yerləşdi. Həmin ilin oktyabrında diviziya yenidən 44-cü ordunun tərkibinə daxil oldu və təcili olaraq Terek stansiyası zonasında yeni döyüş xəttinə göndərildi. 1942-ci ilin 30 noyabrında diviziya hücuma keçdi. 1943-cü il yanvarın əvvəlinə qədərki dövrdə diviziyanın döyüşçüləri Qafqazdan Azov sahilinə qədərki məsafəni döyüşlərdə keçərək, növbəti döyüşlərə hazırlaşırdılar. Bu dövrdə diviziyanın komandirlərindən biri general-mayor Tərlan Əliyarbəyov idi. 1942-ci ilin noyabrında Şimali Qafqazdan başlanan əks-hücumlar nəticəsində 3 ay ərzində Şimali Qafqaz düşməndən azad edildi və Rostov istiqamətində döyüşlərə başlamaq üçün zəmin yarandı. 1943-cü ilin 21 fevralında 416-cı diviziya əməliyyatlarının II dövründə hazırlığa başladı. Bunun üçün diviziyaya Azərbaycandan 1500 nəfər yeni döyüşçü göndərilmişdi. 416-cı Azərbaycan Milli Diviziyası və onun alaylarına müharibə illərində general-mayorlar Tərlan Əliyarbəyov, Heybət Heybətov və Hacıbaba Zeynalov (diviziyanın qərargah rəisi) komandirlik etmişdir. 416-cı diviziya 1942-cü ilin 17 avqustunda Taqanroq şəhəri istiqamətində başlanmış hücumlarda iştirak edirdi. Avqustun 30-da diviziya 28-ci ordunun tərkibində Taqanroq şəhərinin düşməndən azad edilməsində böyük qəhrəmanlıq göstərdi və bu qələbəyə görə ona “Taqanroq diviziyası” fəxri adı verildi. 1944-cü ilin yanvarında 416-cı diviziya 3-cü Ukrayna cəbhəsində 5-ci zərbə ordusu tərkibində hücuma keçərək, Dnepr çayını keçdi və ağır döyüşlərlə Dnepr çayının sahillərinə çıxdı. Qoşunlarımız artıq Ukrayna ərazisində vuruşurdular. 1944-cü il fevral ayının ilk günlərində 416-cı diviziya Ukraynanın Zaporojye və Dnepropetrovsk vilayətləri sərhəddində – Dnepr çayının sahilində idi. 416-cı diviziya 1944-cü ilin yanvar və fevral aylarında Ukraynanın Nikopol-Krivoy Roq əməliyyatında iştirak edirdi. Həmin vaxt diviziya Dnepr çayının sol sahilində almanların “Nikopol plasdarmı” adlanan güclü müdafiə xəttini yarmaq üçün çox şiddətli döyüşlər aparırdı. Fevral ayında bölgədə şiddətli yağışlar yağmışdı və palçıq hərəkəti çətinləşdirirdi. 416-cı diviziyanın alayları (1368, 1373, 1374-cü alaylar) 8 fevral 1944-cü ildə Nikopol şəhərini azad etmək üçün həlledici hücuma keçmiş, Dnepr çayını keçərək düşmən müdafiəsini yarmışdı. 2 fevraldan 8 fevrala qədər diviziya almanların “Nikopol” qruplaşmasını məhv etdi. Dnepr çayını keçmək və bataqlıq ərazilərdə irəliləmək itkilər hesabına olurdu. Faşistlər artilleriya qurğularından atəş açırdılar. Belə bir vaxtda diviziyamızın itkiləri çox olurdu. Gündə 100-200 nəfər həlak olurdu. Nikopol şəhərini azad etmək üçün qanlı, dəhşətli döyüşlər başladı. Şəhər fevralın 8-də çoxlu itkilər hesabına azad olundu. Fevralın ortalarında diviziya 5-ci Zərbə Ordusunun tərkibinə keçərək Dnepr çayını keçmiş və Böyük Lepetixa kəndi istiqamətində qanlı döyüşlər aparmışdı. Bəzən cəsədləri tanımaq olmurdu, ya da sənədlər itirdi. Cəsədlər çox vaxt yerli əhali tərəfindən dəfn edilirdi. Heç bir sənədləşdirmə aparılmırdı. Cəsədlər bəzən toplu şəkildə basdırılırdı. Hansı əsgərin adı məlum olurdu, onun adı, soyadı yazılırdı. Adı bilinməyənlər isə “naməlum əsgər” kimi qeyd olunurdu. Evlərinə “itkin düşmüşdür” kimi məktub göndərilirdi. Ələddin əmi Nikopol şəhəri uğrunda gedən döyüşlərdə şiddətli artilleriya atəşləri zamanı itkin düşmüşdür. 1942-ci il martın 17-də müharibəyə çağrılan Ələddin əmi 416-cı Azərbaycan diviziyasında vuruşub, şanlı döyüş yolu keçdi. Onun döyüş yolu Şimali Qafqazdan başlamış, Ukrayna torpaqlarında bitmişdir. Əfsuslar olsun ki, o, Qələbə gününü görə bilmədi. Taleyi belə imiş. Minlərlə Azərbaycan oğlu bu müharibədə həlak oldu. Orduda vuruşan 700 mindən çox azərbaycanlıdan 350 mini geri qayıtmadı. Mən deyərdim ki, 416-cı diviziyanın hər bir əsgəri qəhrəman olub… Qəhrəman xalqın qəhrəman əsgərləri Vətəni düşməndən azad etdilər. Ana və bacılarımızın rahat həyatını təmin etmək bu qəhrəmanların öhdəsinə düşmüşdü. Əsrlər keçəcək, bu qəhrəmanlar heç vaxt yaddan çıxmayacaqlar. Çünki vətənimizin hər qayasında, hər daşında onların əksi, izi görünür. Azərbaycan xalqı, Azərbaycan torpağı onları unutmur. Onların ruhu Vətən torpaqlarında dolaşır. Ukraynanın Nikopol şəhərinin yaxınlığında, Dnepr çayı sahilində bir “Qardaşlıq məzarlığı” var. Yüzlərlə qəhrəman burada dəfn olunmuşdur. Bəzilərinin adı və soyadı lövhədə yazılmış, kimliyi məlum olmayanlar “Naməlum əsgər” kimi qeydə alınmışdır. Ələddin əmi də həmin məzarlıqdadır. Ömrünün 33-cü ilində həyatdan gedən bu qəhrəman şəhidlik zirvəsinə ucalıb. Vətənimiz və xalqımız Ələddin əmi kimi qəhrəman oğulları heç vaxt unutmayacaq.
Daha.az Murad Köhnəqalanın “Sən mənim Təbrizimsən, Həmid!” yazısını təqdim edib:
Mən ötən ilə qədər cəmi iki nəfərə şeir həsr etmişdim. Onlardan biri dərviş ruhlu əziz dostum və qardaşım Rəşid Süleymanov, o birisi isə ixtiyar yaşında olan əziz eloğlum, söz sərrafı Səlim müəllimdi. Bu şeirlərdən özlərinin xəbəri var, çünki mətbuatda da çap etdirmişəm.
Demək istərdim, dərviş könüllü Rəşidlə dostluğumuzun tarixi qədim türkün tarixi qədərdi. Ona həsr elədiyim şaman qoşmasını çoxdandı aşıqlar da oxuyur. Rəşidlə mənim dostluğum haqda yaxınlarımız maraqlı və şirin əhvalatlar uydurub danışırlar. Əlbəttə, danışılan pritçavari bu əhvalatların hamısının kökündə dostluq yaşantılarımız dayanır… Dünyanın hər üzünü görmüş və duymuş, həssas qəlbli, açıq ürək əməliyatı keçirtmiş Səlim qağama isə şeiri onun 75 yaşında yazmışam…
Ötən 2025-ci ilin son aylarını nədənsə, çox duyğulu keçirdirdim. Bir gün düşündüm ki, xətri mənim üçün xoş olan, taleyimdə həlledici izlər buraxmış daha bir neçə dosta şeir həsr edim və 2026-cı ilin gəlişi münasibətilə həmin dostları bir məclisə yığıb ithaf şeirlərini oxuyaraq qəfil onlara sürpriz edim. Beləcə, daha üç nəfərə: əziz dostum-qardaşım Umud Rəhimoğluna, əziz dostum-qardaşım Səfər Rzasoyluya və əziz dostum-qardaşım Həmid Herisçiyə şeir həsr edə bildim.
Dediyim bu üç şeiri yeni ilə qədər yazıb bitirə bilməmişdim, lakin yeni ilin yanvar ayının sonlarında bitirdim… Qalırdı bu beş dostu bir məclisə yığıb şeirləri oxuyaraq onlara sürpriz eləmək!
Bilirsiniz ki, indiki zamanda arzuladığın beş nəfəri bir məclisə yığmaq çətin məsələdi. Gərək elə bir vaxt seçəsən ki, həmin gün hamı bekar olsun. Beləcə düşünə-düşünə qalmışdım. Mən hər dəfə yığışmağa qərar vermək istəyəndə, ortaya bir iş düşürdü. Beləcə, vaxt uzanırdı…
Bir gün dözümüm tükəndi, əvvəlcə dostum Səfərə sirri açası oldum. Zəng elədim, dedim sənə şeir həsr eləmişəm, ancaq həmin beş nəfəri bir məclisə yığıb sürpriz etmək istəyirəm. Soruşdu ki, bəs məclis haçan olacaq? Dedim, hələ ki bilmirəm, gərək hamınızı bir gün bir məkana yığa bilim.
Biz Səfərlə gənc vaxtlarımızdan tanışıq. Mən Moskvada tələbəlik edəndə Səfər də Sankt-Peterburqda tələbə idi. Onunla tanış olan gün duydum ki, qarşımdakı qeyri-adi insandı. Məsələn, indi şəxsən məndən soruşsalar ki, dünyanı necə gözəlləşdirmək olar? Deyərdim, bu işi Səfərə həvalə edin! Haqqında xırdaca təsürat yaratmaq üçün Səfərin bircə cümləsini burda yazıram, deyir: “Uşaqları sevindirməyən bayramdan bayram olmaz!”
Nəysə, gələk şeir söhbətinə. Səfər dedi, həmin günə qədər ürəyim partlayar, şeiri indi göndər oxuyum. Fikirləşdim, göndərməsəm elə bilər yalan danışıram. Dedim, axşam göndərərəm. Axşam şeiri öz səsimlə oxuyub audio halında vatsapda ona göndərdim. Səfərin mənə zəng edib şeirin təsirindən hansı hallara düşdüyü haqda dediklərini burda yazmıram…
Qaldı Umudla Həmid. Düşündüm ki, onsuz da sürpriz şərtini pozmuşam, gəl elə Həmidə də, Umuda da bu sirri aç. Götürüb Həmidə zəng elədim, söhbəti ona dedim. Dedi, şeiri mütləq göndər. Bu gün vatsapa baxıram, Həmidlə danışanda fevralın 4-ü imiş…
Burada bir haşiyəyə çıxacam. Çünki, Həmidə həsr etdiyim şeirdə indi söyləyəcəyim hadisədən müəyyən əsinti var.
Demək, hardasa, 5-6 ilin söhbətidi, mən Statistika idarəsinin arxasındakı məhəllədə kirayə mənzildə yaşayırdım. Onda Həmidlə mənim aramda biraz inciklik vardı. Deyim ki, onunla aramızda bir neçə dəfə belə yüngülvari incikliklər olub, lakin uzun illərin dostu olaraq biri-birimizə yaxından bələd olduğumuza görə küsüb barışmağımız heç vaxt dostluğumuzu zəiflətməyib… Nəysə, axşamüstü idi, yaxın marketlərdən evə nələrsə almağa çıxmışdım. Bir də baxdım ki, Həmid əlində notbuk çantası dar küçə ilə üzü aşağı gedir. Məni nisgil bürüdü. İstədim onu çağırıb bağrıma basam. Sonra fikirləşdim yox ee, hər halda məndən iki yaş kiçikdi, qoy o gəlib barışsın. Beləcə bir müddət onun arxasınca baxdım-baxdım və birdən ürəyimdə ucadan onu səslədim: “Həmiiid-Həmiiid!” İnanmayacaqsız! Ruhumun bağırtısını eşidən Həmid qəfil dönüb arxasına baxdı. Məni görməsin deyə bir-iki addım geri çəkilərək yanımdakı balaca marketin arxa tərəfinə keçdim…
Həmid haqda xatirəm gəlmişkən, birini də deyim. Demək, mən əskərlikdən gəlmişəm, biraz kənddə hərlənib fırlanmışam və darıxıb yenidən qulluq elədiyim Prokopyevsk şəhərinə qayıtmışam. Bir-iki il də həmin şəhərdə yaşadıqdan sonra yenidən vətənə dönüb Bakıya köçmüşəm. Bakıda metro tikintisində işə düzəlmişəm. Deyim ki, “Elmlər Akademiyası”, “20 Yanvar”, “Xalqlar dostluğu” kimi metrostansiyaların dəmir yollarına döşənmiş betonlarda mənim əməyim var. Bir ildən çox metro tikintisində işlədikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olmuşam…
Mən metro tikintisində işləyən vaxtlar sevimli şairimiz Məmməd İsmayılın yaratdığı poeziya dərnəyində yığılırdıq. Həmidlə də elə o vaxtlar, 1983-cü ildən tanış olub dostlaşmışıq. Həmin vaxtların söhbətini eləyəcəm. Cavan uşaqlarıq, bir gün Həmidlə “İçəri Şəhər” metrostansiyasının arxasından üzüaşağı, bulvara tərəf gedirdik. Qarşı tərəfdən gələn ucaboylu bir oğlan bizə yaxınlaşıb salamlaşdı. Həmid məni onunla tanış elədi, dedi böyük qardaşım Əlidi. Məni də Əliyə təqdim eləyib dedi, haqqında danışdığım, yaxın dostum Murad budur. Nəysə, yüngül ayaqüstü söhbətdən sonra Əli məni kənara çəkib təxminən belə dedi: “Sizin səmimi dost olduğunuza inanıram, ona görə səndən bir xahişim var, mənim qardaşım biraz qəribə uşaqdı, ondan muğayət ol”. Dedim, Həmid mənim dostumdu, qəribəliyini də bilirəm, qəti narahat olma. Beləcə ayrıldıq. Bu xatirəni niyə yazdım? Çünki şeirdə bu görüşdən də əsinti var…
Nəysə, beləcə, dostlarıma həsr elədiyim şeirləri fikirləşdiyim kimi sürpriz eləyə bilmədim. Ancaq gizli saxladığım təkcə Umud Rəhimoğlunun şeiri idi. Düşündüm, arzuladığım həmin məclisə qədər heç olmasa, Umuda həsr elədiyim şeir sürpriz qalsın.
Bu il fevralın 5-ində AYB-nin Natəvan klubunda Umud qardaşımın 65 illik yubiley törəni oldu. Umudla dostluğumun tarixi də təxminən Həmidlə dostluğumun tarixi qədərdi. Onunla Moskvada tələbə yoldaşı olmuşuq, iki ilə yaxın bir otaqda qalmışıq.
Umud mənim ürəyimdi, bu öz yerində. Onunla dostluğumuz haqda da bir neçə dəfə xatirə yazısı yazmışam. Bu yazını Həmidin indiki durumuna həsr etdiyimə görə təkrarçılıq etmək istəmirəm. Həə, gələk şeir söhbətinə. Umudun Natəvan klubundakı yubiley törənində geniş çıxış eləsəm də, ona həsr elədiyim şeiri oxumaqdan özümü zorla saxladım. Həmin yubiley tədbirindən bir neçə gün sonra Umudun 65 illiyini “yumaq üçün” dar çevrədə bir şair məclisi düzənlədik. Aparıcısı olduğum həmin məclisdə artıq, özümü cilovlaya bilmədim və Umud qardaşıma həsr etdiyim şeiri orada oxudum…
Beləcə, fikirləşdiyim formada sürpriz eləmək alınmasa da düşünürəm ki, beynimdəki həmin məclisi mütləq quracağıq. Özü də haçan, bilirsinizmi? Həmid Təbrizdən Bakıya dönən kimi!
Bax, burdan səslənirəm, Həmidi kim dərindən tanımaq istəyirsə, gəlsin məndən soruşsun! Oğlunun otağına daxil olmaq istəyərkən otağın qapısını döyən atanın – Qafar Kəndli kimi mədəni, kübar bir kişinin, ziyalının oğludu Həmid! Həmid vətənçi, xalqçı, millətçi, dövlətçi bir şəxsiyyət, novator şairdi! Şairanəliyini görüb onu zəif bilməyin! Həmid mətin, güclü, iradəli, dəliqanlı adamdı!..
Hələlik Həmidə həsr etdiyim şeiri sevgi və məhəbbətlə oxucularımıza təqdim edirəm. Və söz verirəm ki, sözügedən şeirlərin beşini də dediyim məclisdən sonra çap etdirəcəm.
*** Həmid
Sən mənim Bakımsan, Həmid, İçəri Şəhərimsən! Sən Qız Qalamsan, Həmid, Qızıl Qalamsan!!!
Sən Qafar ağanın tapançasındakı sonuncu gülləsən, Həmid, intihar gülləsisən! Gicgaha sıxılası sonuncu güllə!..
Yadındamı Həmid, yadındamı, sən sözlə-şeirlə Təbriz həsrətilə xalça hörərdin, hər şeirin bir yeni xalı kimiydi. Yadındamı, bir şerində də toxuduğun xalçanın gözəlliyini biraz da uzatmaq üçün saçaqlar düzmüşdün baş-ayağına…
Sən mənim dərvişimsən, Həmid Təbrizimsən…
Yadındamı, sən duymuşdun bunu: “qadınlar varlanmaq üçün güzgünün qabağına tökərlər pullarını…” Xanımların bu sirrini sən tapmışdın, sən açmışdın qeybdən…
Ay Həmid, ay Həmid! Yadındamı, Bəhram Gurun yanındakı evinizə qonaq getmişdik Rasimlə. Mələk anan – Tamella xanım evdən çıxanda səni mənə tapşırıb: “Həmiddən muğayət ol” demişdi. Mən həmişə muğayətəm səndən, Həmid, həmişə, yaxından da, uzaqdan da…
İnan ki bir dəfə Statistika idarəsi tərəfdə sənin haqda düşünürdüm, havadakı alqoritm dərhal səni qarşıma çıxartdı. Bir də gördüm, əl çantanı yelləyə-yelləyə məhəllə marketlərinin arasıyla harasa gedirsən, sanki sakit uçursan. Sənin o ritmini, gözəlliyini pozmadım, Həmid, arxanca çağırmadım, arxanca bağırmadım… Sadəcə içimdə uladım: “Həmiiid-Həmiiid-Həmiiid!!!” Sən geri boylandın o Qurd səsimə, mən butkanın arxasında gizləndim…
Sən bilirsən mən şamanam – Qavalın üst qatını döydüm, sadəcə. Qafar kişinin ruhunu çağırdım, qardaşın Əlini çağırdım, səni onlara tapşırdım. Dedim, Əli, özün bax, qardaşın gedir, dua elə, yıxılmasın! O da mənə: “Həmid sənlikdi, qardaş, sənin qardaşındı!” – pıçıldadı…
Mən çoxdan bilirəm, Həmid sən mənim telləri gözünün üstünə düşən balaca qaqaşımsan… Çoxdannan bilirəm bunu, çoxdannan!..
Yunus Oğuz Prezident Kitabxanasına 24 adda 49 nüsxə kitab hədiyyə edib
Yazıçı, publisist, türkoloq və jurnalist Yunus Oğuz Prezident Kitabxanasına 24 adda 49 nüsxə kitab hədiyyə edib.
Hədiyyə edilən əsərlər müəllifin tarixi-bədii və publisistik yaradıcılığının əsas istiqamətlərini əhatə edir. Kitablarda türk xalqlarının qədim və orta əsrlər tarixi, dövlətçilik ənənələrinin formalaşması, Səfəvilər və Atabəylər dövrü, eləcə də Çingiz xan, Tamerlan, Attila və Nadir şah kimi şəxsiyyətlərin fəaliyyəti bədii süjetlər və tarixi faktlar əsasında işıqlandırılır. Müəllifin esseləri, felyetonları və pyesləri isə ictimai proseslərə, milli kimlik və tarixi yaddaş məsələlərinə həsr olunub. Nəşrlər arasında İslam tarixinin mühüm mərhələlərini əks etdirən İbn Hişamın “Məhəmməd Peyğəmbərin həyatı” çoxcildliyi də yer alır.
Kitabxana fondunun bu nəşrlərlə zənginləşdirilməsi tarix, ədəbiyyat və ictimai fikir sahəsində araşdırmalar aparan mütəxəssislər, eləcə də ali təhsil müəssisələrinin tələbələri üçün əlavə elmi mənbə imkanları yaradır. Tarixi romanlar və publisistik mətnlər müxtəlif dövrlərin hadisələrinin ardıcıl öyrənilməsinə xidmət edir, çoxcildli dini-tarixi qaynaqlar isə ilkin mənbələrlə tanışlıq baxımından xüsusi əhəmiyyət kəsb edir.
Prezident Kitabxanası dəyərli nəşrlərə görə Yunus Oğuza təşəkkürünü bildirir və bu təşəbbüsü milli ədəbi-tarixi irsin təbliğinə xidmət edən mühüm addım kimi qiymətləndirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Mətbuat Şurasında Əməkdar müəllim Bayram Məmmədovun elmi və pedaqoji fəaliyyətinə nəzər salınıb
Martın 10-da Mətbuat Şurasında istefada olan polkovnik-leytenant, Əməkdar müəllim Bayram Məmmədovun 70 illik yubileyi qeyd edilib. Tədbiri Mətbuat Şurasının sədri Rəşad Məcid açaraq yubilyarı təbrik etmiş, Bayram Məmmədovun bioqrafiyasını müxtəsər xatırladaraq onun jurnalistika ilə hələ gəncliyindən, son on ildə daha geniş məşğul olduğundan, məqalələrinin müxtəlif qəzetlərdə dərc edildiyindən danışıb. Milli Məclisin deputatı Səbinə xanım Xasayeva Bayram Məmmədovun xarakterini müəy¬yən-ləşdirən milli-mənəvi dəyərlərimizi yaşada-yaşada necə təbliğ etməsindən, jurnalistlik fəaliyyətində də, siyasi fəliyyətində də bunu ömür fəlsəfəsi bilməsindən, yüksək vətəndaşlıq amalından danışıb. YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə yubilyarın siyasi baxımdan səbatlığından, dövlətçiliyin əqidə əsgəri olmasından söz açıb. Tarix üzrə fəlsəfə doktoru, istefada olan polkovnik Lətif Şüküroğlu Bayram Məmmədovun Ermənistanın işğal döyüşlərinə qarşı yaradılan Zəngilan ərazi özünümüdafiə taborunun komandiri olmasından, döyüşlərdə fəal iştirakından, xidmətini Müdafiə Nazirliyini Hərbi Akademiyasında davam etdirməsindən, “İngiliscə-Azərbaycanca, Azərbaycanca-ingiliscə hərbi-siyasi lüğət” tərtib etməsindən danışıb. Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin (TAİBİ) İdarə Heyətinin sədr müavini Eyvaz Hümbətov Bayram Məmmədovun azərbaycançılıq ideallarına sevgisindən, fəaliyyətini bu amil əsasında qurduğundan, türkdilli xalqlar arasında mənəvi əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətindən, TAİB İdarə Heyətinin üzvü Akif Cabbarov Bayram Məmmədovun məqalələrinin bədii dəyərindən, Azərbaycan dilinin incəliklərinin jurnalistikada işləkliyinin cəfakeşi olmasından, Əməkdar jurnalist, “Olimpiya Dün¬yası” qəzetinin baş redaktor müavini Aslan Şirəliyev yubilyarın yaradıcılığının vətənpərvərliyin söz təsdiqi olmasından, yazıçı-publisist Asif Bağırov Bayram Məmmədovun yaradıcılığında Zəngilanlılıq amilindən bəhs ediblər. “Yeni Zəngilan” qəzetinin redaktoru, tanınmış şair-publisist Salam Cavadov Bayram Məmmədovun Zəngilanın timsalında Azərbaycana sönsuz sevgisindən, işində məsuliyyətindən, təşəbbüskarlığından, inadırmağı bacarmağından, istedadl şair-publisist, istefada olan polkovnik Mahir Cavadov onun işinə, deməli, Vətənə sevgisinin nəhayətsizliyindən, … danışiblar. Digər çıxış edənlərdən taninmiş şair-publisist Tapdıq Əlibəyli, hüquq üzrə fəlsəfə doktoru, dosent Allahverdi Teymurov, yazıçı-publisistlər Rəşid Faxralı, İbrahim Məsimoğlu, Azər Hacıbəyli, Əli Bəy Azəri, Ramin Məmmədov, Natella Asena, “Qızıl Zəngilan” jurnalının redaktoru Möhübbət Qurbanov Bayram Məmmədovun həmişə məsuliyyətli ömür yaşamasından, təhsilə də, milli mentalitetə də, dövlətə, dövlətçiliyə də sədaqətindən, Zəngilanın müdafiəsində döyüşçülərin döyüş əzminin, qələbə ruhunun yüksəldilməsi istiqmətində böyük fəaliyyətindən,… söz açıblar, ona can sağlığı, yaradıcılıq uğurları arzulayıblar. Tədbirin sonunda Bayram Məmmədov tədbirin təşkilinə görə Mətbuat Şutasının sədri Rəşad Məcidə təşəkkürünü bildirib…