Məmməd Gürşadoğlu – Nəsillərə nümunə

Nəsillərə nümunə

Ağdam rayonu sovetlər dönəmində Azərbaycanda pambıqçılıq və üzümçülük üzrə inkişaf etmiş rayonlardan biriydi. Rayon iqtisadiyyatını təşkil edən pambıqçılıq və üzümçülükdə qabaqcıl əmək adamları vardı.
İlin yekununda planı artıqlaması ilə yerinə yetirən Sosializm yarışının qaliblərinə orden, medal və başqa mükafatlarla bərabər fəxri “Sosialist Əməyi Qəhrəmanı” adı verilirdi. O zaman bu fəxri adlara Ağdam rayonu üzrə xeyli qabaqcıl əmək adamları layiq görülmüşdülər. Ən çox bu fəxri ada Mahrızlı və Qaradağlı kəndlərindən olmuşdu. Hərəsinin 5-6 Sosialist Əməyi Qəhrəmanı vardı.
Mərzili kəndində dünyaya gəlmiş 3 sakin də bu fəxri ada layiq bilinənlər arasındadılar. Onları gələcək nəsillərə nümunə kimi göstərirdilər. Elə indi də bu əmək qəhrəmanlarını hörmətlə yada salır və xatirələrini əziz tuturuq.

Bayramov Bəhlul Hüseyn oğlu 1927-ci ildə Mərzili kəndində dünyaya gəlib.
1947-ci ildə Mongəçevir Su Elektrik stansiyasında ekskavatorçu kimi işə başlayib. 1970-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.
1995-ci ildə dünyasın dəyişib.

Feyruz Rəcəb oğlu Mustafayev 1933-cü ildə Mərzili kəndində dünyaya göz açıb.
1954-cü ildə adi fəhlə kimi işə başlayıb. Sonra təhsilini davam etdirərək “Qırmızı Samux” kolxozunda kolxoz sədri, Xanlar ( indiki Göygöl) RPK-nim birinci katibi, Şamaxı rayonunda birinci katib, Nazirlər Kabinetində Baş Nazirin birinci müavini vəzifələrinə yüksəldi. Bir müddət Baş Nazirin səlahiyyətlərin yerinə yetirdi.
“Azərquşsənaye” Dövlət Şirkətinin prezidenti, Taxıl Məhsulları Dövlət Şirkətinin prezidenti vəzifələrini yerinə yetirdikdən sonra istefa verib təqaüdə çıxdı.
Əməyinə yüksək qiymət verilərək 1971-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı verilib. O,
2018-ci ildə bu dünya ilə vidalaşıb.

Əcəb Məhərrəm qızı Hacıyeva 1922-ci ildə Mərzili kəndində dünyaya gəlib.
Əmək fəaliyyətinə 1941-ci ildə başlayıb. Xocavənd rayonunda üzümçü kimi işə başlayıb manqa başçısı, üzümçülük briqadiri kimi vəzifələrə yüksəlib. Hər il hamıdan çox üzüm təhvil verərək planı artıqlaması ilə yerinə yetirmişdi. Onun bu əməyini nəzərə alan ölkə rəhbərliyi 1970-ci ildə Əcəb Hacıyevaya Sosialist Əməyi Qəhrəmanı adının verilməsinə nail olur.
O, 2019-cu ildə vətən jəsrəti ilə dünyasın dəyişdi.

Bu gün də biz onlarla fəxr edirik. Onları gələcək nəsilə yanıtmaq bizim borcumuzdu.

Məmməd Gürşadoğlu,

Şair, publisist AJB-nin üzvü

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<

ƏN BÖYÜK MÜƏLLİM HƏYATIN ÖZÜDÜR

ƏN BÖYÜK MÜƏLLİM HƏYATIN ÖZÜDÜR

Ziyalı oğlusan Azərbaycanın,
Təmizdir ürəyin, safdır vicdanın.
Vətən sevgisiylə alışır canın,
Unutmaz heç zaman bu Vətən səni.

Bu gün sivil ölkələr sırasında Azərbaycanı nüfuzlu dövlət kimi görürüksə, demək olar ki, dövlətin güclü silahı olan elmi inkişafdadır. XXI yüzillik elm və informasiya əsri olduğundan, sürətli inkişafda Azərbaycanda da elm və təhsil dünya səviyyəsində inkişaf etdirilir. Təhsilin inkişafına göstərilən yüksək diqqət Azərbaycanın dünya miqyasında tanıdılmasına və layiqli yerinin təmin olunmasına xidmət edir. Təhsil sistemində əldə olunan yeniliklər Azərbaycan elminin dünyaya inteqrasiya sürətini artırıb.
Ömür yarpaqlarından: Allahşükür Balağa oğlu Kərimov 1959-cu ildə Masallı rayonu, Yeddioymaq sovetliyinin Şıxlar kəndində anadan olub. İbtidai təhsilini Şıxlar kəndində, orta təhsilini isə T. Bayraməlibəyov adına Yeddioymaq kənd orta məktəbində alıb.
1977-1979-cu illərdə Sovet Ordusu sıralarında xidmət eləyib.
1979-1981-ci illərdə Bakı şəhərində Jurnalist Sənətkarlığı İnstitutunda oxuyub. 1983-cü ildə V.İ.Lenin adına APİ-nin filologiya fakültəsinə daxil olub və 1988-ci ildə institutu uğurla başa vurub.
1980-1982-ci illərdə Masallı rayonu N.Krupskaya adına sovxozda azad komsomol komitəsinin katibi vəzifəsində çalışıb.
Allahşükür Kərimov Pedaqoji fəaliyyətə 1988-ci ildə Şıxlar kənd 1 saylı ümumi orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlayıb. 2012-2015-ci illərdə işlədiyi məktəbdə direktor kimi fəaliyyət göstərib.
Allahşükür müəllim 1975-ci ildən dövri mətbuatda müntəzəm olaraq çıxış edir. Yerli rayon qəzeti olan (“Çağırış”) “Yeni həyat “, ” Respublika” və s. qəzetlərdə, eləcə də radioda rəngarəng mövzularda xəbər, zarisovka, publisist yazıları ilə tanınıb. Azərbaycan Jurnalistlər Birliyinin və Masallı rayon Ağsaqqallar Şurası idarə heyətinin üzvü, 40 saylı Şıxkar kənd seçki məntəqəsinin sədridir.
Ömrünün 66 -cı baharını yaşayan Allahşükür müəllim 2024-cü ildən 48 illik fasiləsiz əmək fəaliyyətinə malik olmaqla təqaüdə çıxıb. Pedaqoji fəaliyyətinin 36 ili tamam olub. Ən yadda qalan xatirələrdən biri ona elm, bilik yolunda bələdçilik edən, əlindən tutub yazıb -oxumağı öyrədən doğma müəllimlərlə çiyin-çiyinə işləmək olub.
Tələbəlik illəri isə gənclik dövrünün qaynar nöqtəsindən keçərək həyatda silinməz izlər buraxıb. Həyat yoldaşı Narınc xanımla 35 illik evlilikdən beş övladı olub. Ömür-gün yoldaşı 2015-cı ildə haqq dünyasına qovuşub. Bir qızı və dörd oğlan övladları yadigar qalıb. Onlardan ikisi pedaqoji sahədə müəllim kimi çalışır.
Allahşükür müəllim yeddi nəvənin babasıdır. Dörd qardaşın bir bacısı olan Zərnişan xanım qardaşlarının ümid və pənah apardığı ana əvəzidir.
Allahşükür müəllim institut həyatı
nı, tələbə yoldaşlarını, müəllimlərini unutmayıb. O, həmişə İsmayıl Şıxlı, Xeyrulla Məmmədov, İsrail Mustafayev, Mürsəl Həkimov və başqalarının əziz xatirələrini uca tutub onlar haqqıda fəxrlə söhbət açır, Tanrıdan onlara rəhmət diləyir.
Allahşükür müəllimin amalı müqəddəs, ürəyi təmizdir. O, həm yaxşı yoldaş,etibarlı dostdur. Həmişə gülərüzlü olub, mehriban təbəssüm indi də üzündən əskik olmur.
Onun haqqında saatlarla danışsam, yenə də sözüm bitib-tükənməz.
Və ən nəhayət, onu demək istəyirəm ki, Allahşükür müəllim humanist insandı. Elə müəllim sənəti də humanist sənətdir, insan mənəviyyatını formalaşdıran sənətdir.
Bəli, o bir müəllim olaraq həmişə vəzifəsinin öhdəsindən ləyaqətlə gəlib, həm də ömrünü tarixə çevirmək şərəfinə yiyələnib. Ömrü tarixə çevirmək insan üçün ən böyük xoşbəxtlikdir.
Tanrnın kölgəsi həmişə üstündə olsun Allahşükür müəllim!
Tanrı səni bizə çox görməsin.


Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB – nin və AJB – nin üzvü.

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ana dili millətin ruhu, yaddaşı və vicdanıdır

Ana dili millətin ruhu, yaddaşı və vicdanıdır
Ana dili sadəcə ünsiyyət vasitəsi deyil; o, insanın dünyanı necə hiss etdiyini, necə düşündüyünü, necə sevdiyini müəyyən edən mənəvi xəritədir. Ana dilində deyilən söz ürəkdən çıxar, ana dilində edilən dua ruhu qoruyar, ana dilində yazılan misra isə bir xalqın tarixini gələcəyə daşıyar.Biz ilk nəfəsimizi ana dilində alırıq. Ananın laylası ilə başlayır həyat, ilk sevinc də, ilk qorxu da ana dilində adlanır. İnsan ana dilində ağlayanda daha dərindən sarsılır, ana dilində sevinəndə isə daha səmimi gülür. Çünki ana dili insanın ruhuna ən yaxın olan dildir.Ana dilini qorumaq yalnız sözləri qorumaq deyil, kimliyimizi qorumaqdır. Dilini itirən xalq zamanla yaddaşını, sonra da özünü itirir.Tarix boyu dillər qadağan edilib,sıxışdırılıb, susdurulmaq istənib, amma ana dili hər zaman xalqın içində yaşayıb. Çünki ana dili qanla yox, ruhla ötürülür.
Bu gün ana dilində yazmaq, danışmaq, düşünmək bir seçim deyil məsuliyyətdir. Dilimizə sevgi ilə yanaşmaq, onu düzgün işlətmək, onu gələcək nəsillərə saf şəkildə ötürmək hər birimizin borcudur. Ana dilini sevmək pafoslu şüarlar demək deyil; onu gündəlik həyatda yaşatmaq, sözün qiymətini bilmək, dilin ruhunu incitməməkdir.
Ana dili həm də bir sığınacaqdır. İnsan yorulanda, sınanda, tükənəndə ana dilinə qayıdır. Çünki ana dili insanı mühakimə etmir anlayır. Ana dili insanı yarımçıq cümlələrlə də başa düşür.

Ana dili insanın doğulduğu ev kimidir uzaqlaşa bilərsən, amma qayıdanda yenə səni tanıyandır.Bu gün Ana dili gününü qeyd edərkən bir daha anlayırıq ki, dilimiz bizim ən böyük sərvətimizdir. Onu sevmək, qorumaq və yaşatmaq özümüzü sevmək deməkdir.


Müəllif: Gülər Nizamiqızı

GÜLƏR NİZAMİQIZININ YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

21 fevral Ana Dili Günü

ZAUR USTACIN YAZILARI

ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN ŞEİRLƏRİ

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“LİTERA”DA ŞEİR GECƏSİ

“LİTERA”DA ŞEİR GECƏSİ
Həmin gün axşam çağı, havanın təzəcə qaranlıqlaşdığı bir vaxtda xudmani bir məkanda şair, tərcüməçi, esseist Səlim Babullaoğlunun poeziya işığında çox maraqlı bir gecədə iştirak edirdik.

Gün 20 fevraldı, amma təəssüratı bölüşmək bu günün tarixinə yazılır. Buna səbəb təkcə həmin gecənin təsirindən ayrıla bilməmək deyil, həm də günün mənasını dərindən dərk etməkdən ötrü şairin poetik əsərlərinin kiçik bir qisminin yer aldığı “Oğlumla söhbətlər” və “İlk hərfi itmiş cümlə”dəki şeirləri oxumaq, mətləbləri duymaq, şairin poetik aləminə dərindən varmağım oldu.

Səlim müəllim sadə bir tərzdə ciddi ədəbiyyat söhbətinə başlayır. Deyir, Avropa ölkələrində tədbirlərə dəvət olunarkən sərgilərdə, kitab mağazalarında olan ədəbiyyata, əsasən də şeir kitablarına diqqət yetirir, götürüb vərəqləyirdim. Dizayn, tərtibat, ümumiyyətlə, kitab nəşri, onun yayımlanması, avropalıların kitaba marağı məni heyrətləndirirdi. “Onlarda belə idi…” deyəndə hiss etdim ki, şairimiz də mövzu ilə bağlı gördüklərindən yetərincə bəhrələnib…

Həmin gün o şeir gecəsinə yığışdığımız oda sanki tünlükdən kənarda, dənizin sularında ahəstə yırğalanan “gəmiyə” bənzəyirdi. Burda poeziya işığına yığışanlar həzin, duyğulu bir ovqatda şairi dinləmək intizarında idilər. Müəllifin ifasında səslənən şeirlər də hər kəsi zamanın, illərin, anların xatirələri ilə çulğamışdı. Poeziyanın həzzini yaşamaq, mənəvi zövq almaq isə əsl qəlb rahatlığı idi. Həmin gün o “gəminin sakinləri” duyğusal bir ovqatda gözəl məqamlar yaşadı…

Şairin öz ifasında səsləndirdiyi şerləri, sözün poetik toxunuşundan yaranmış rənglərin harmonik ecazı, poeziyasının yarandığı zamana oxucu marağı, onları təsəvvürdə canlandırmaq, səsləndirmək, nələri bölüşmək, nələrdən bəhs etmək, şeirdə hansı ricətlərdən söz açmaq, bu qəbildən bir çox detalları – həzin poeziya gecəsini əvvəldən axıra qədər sanki Yaradan öz nizamında axarına salmışdı. Gecəyə mənəvi rahatlıq, duyğusallıqla diqqət kəsilsəm də gözümü şairin “İlk hərfi itmiş cümləsi”ndən və “Oğlumla söhbətlər”dəki poetik mətnlərindən ayıra bilmirdim. Fikrim səsləndirdiyi şeirlərində, gecənin iştirakçıları ilə qurduğu maraqlı mükalimələrdəydi…

Unutmamış qeyd edim ki, bu poetik nümunələrin hər biri ayrılıqda mənzum həyat hekayətlərdir. Yəni nəsr üçün xarakterik olan epitetlər, rəngli təsvirlər poetik mətnlərdə səciyyəvi idi. Onu da deyim, bütün şeirlər süjetlidir: formaca yeni, üslubca özünəxas və məzmunca zəngin, rəngarəng süjetli. Bu əsərləri bizlərə sevdirən cəhətlərdən başlıcası məhz o həyat hekayətlərində çoxlarının özünü, öz taleyini, gün-güzarını görə bilməsidir. Başqa bir tərəfdən, insanların taleyində üst-üstə düşən məqamların oxşarlığı, doğmalığıdır…

Arada şairin kövrəlmiş səsində sezdiyimiz həyəcan Ana haqqında yaddaş xatirələrinin yaratdığı ovqatla bağlı idi. Bəzən də fikrin qətiyyətli intonasiyasında qərarlaşmış məğrurluq, nikbinliklə süslənmiş səsinə gözlərimi kitabdan ayırır, tamlıqla ona diqqət kəsilirəm. Əsər məni alıb-aparır… Axı, qəhrəman Anadır! Dünyaya şair gətirən Ana… Övlad üçün ən böyük sevgili varlıq olan Ana…


Səlim Babullaoğlu məsuliyyətli ədəbiyyat adamıdır. Əslində zahirən sadə görünən bu fikrin sərhədi çox genişdir. Mən bu cəhəti şairin ədəbi yaradıcılığın bir neçə qolunda ərsəyə gətirdiyi əsərlərində – şeir, tərcümə, esselərində, tərtib etdiyi kitablarda və əksərinə yazdığı ön sözdə, redaktoru olduğu toplularda müşahidə etmişəm. Hər birində də dərin və məsuliyyətli yaradıcılıq zəhməti açıq-aydın duyulur…

Xatırlayıram, onun Mirzə Şəfi Vazehin “Bütün əsərlər”inin layihə redaktoru, nəşrin tərtibçisi və ön sözün müəllifi olaraq öhdəsinə aldığı işləri bir neçə istiqamətdən, həm də həssaslıqla, heç kimin xidmətini unutmadan, itirmədən ətraflı, sistemli şəkildə, ardıcıllıqla gözəl ədəbi formada təqdim etməsini bu təəssürat yazısında da təqdir etməyi məqsədəuyğun hesab edirəm. Səlim Babullaoğlunun ədəbi fəaliyyətinin başlıca amili olan bu böyük zəhmətinin adı məsuliyyətdir!

Həmin gün Səlim müəllimin söhbətlərində, oxucuların suallarına verdiyi cavablarında da mən onun daxili məsuliyyətini hiss etdim…

Yeni kitablarınızın işığına yığışmaq intizarındayıq, Səlim Babullaoğlu!

Müəllif: Şəfəq NASİR,
Yazıçı, publisist

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SƏLİM BABULLAOĞLU İLƏ POEZİYA GECƏSİ – FOTOLAR

SƏLİM BABULLAOĞLU İLƏ POEZİYA GECƏSİ

20 fevral 2026-cı il tarixində axşam saat 19:30-dan 22:30-a qədər təxminən 3 saata yaxın vaxt ərzində “LiteRA” kitab evində şair, tərcüməçi, esseist, müstəqillik illəri Azərbaycan şeirinin öncüllərindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlunun müstəqillik dövrü ədəbiyyatımızın inkişafında, xüsusilə də şeirimizin yeni ideya-məzmun keyfiyyətləri, eyni zamanda fərqli forma və üslub imkanlar qazanaraq  yüksəlməsində, dünya poeziyasındakı mütərəqqi meyllərlə səsləşməsi yolunda xidmətləri olan Səlim Babullaoğlu ilə möhtəşəm şeir gecəsi baş tutub. Heç bir xüsusi dəvətnamə olmadan yalnız və yalnız ədəbiyyat saytlarında və sosial şəbəkələrdə yayımlanmış “şeir gecəsi” barədə məlumat əsasında toplanmış gecənin qonaqları təxminən 3 saata yaxın bir vaxt ərzində özünəməxsus üslubu və ifa tərzi ilə seçilən tanınmış şair Səlim Babullaoğlunun ifasında həm müəllif, həm dünya şairlərindən seçmə tərcümələrlə tanış olublar. Gecənin gedişində Səlim Babullaoğlu həmçinin qonaqları maraqlandıran sualları cavablandırıb. Sonda kitablar imzalanıb, xatirə şəkilləri çəkdirilib. Möhtəşəm gecədən fotolar:

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Çampavat pələngi tarixdə ən çox adam öldürmüş heyvan sayılır

Çampavat pələngi tarixdə ən çox adam öldürmüş heyvan sayılır
O, 19 -cu əsrin son illərində Nepalda insanlara hücum edir. Onu ovlamaq cəhdləri fayda vermir. Köməyə çağırılan Nepal ordusu pələngi yalnız qovub ölkədən çıxara bilir.
Sərhəd Sadra çayını keçən pələng Hindistan əhalisini yeməyə başlayır. Bu illər ərzində pələngdə təqibçilərdən yayınmaq üçün instinkt formalaşır. Onun hücumları Çampavat şəhərinin ətrafındakı kəndlərdə baş verir, buna görə də tarixə Çampavat pələngi kimi düşür.
Sonuncu dəfə 16 yaşlı bir qızı öldürən pələngin buraxdığı qan izlərinin arxasınca gedən Cim Korbette adlı ingilis ovçu yerli əhalinin köməyi ilə pələngi öldürə bilir. Bu hadisə 1907 -ci ildə baş verir.
Müayinə zamanı məlum olur ki, daha əvvəllər açılan atəş nəticəsində pələngin köpək dişləri sınıb . Bu da onun təbii qidaları ovlamaq qabiliyyətini zəiflədib və ac qalan pələng insanlara hücum etməyə başlayıb.
Çampavat pələnginin 436 nəfəri öldürdüyü güman edilir.

By: Leyla Mahirqızı,

Other articles by Leyla

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Turan Uğur: Boz ayın gəlişinə

NƏNƏMDƏN EŞİTMİŞƏM…
(Boz ayın gəlişi münasibətilə)

Gecə qalanmış tonqallar, bütün obalarda çatılmış ocaqlar, qırmızıya boyanmış yumurtalar, saçı yolunmuş səmənilər, darvazaların ağzında qapını döyüb çuval ataraq qaçıb-gizlənən çocuqlar, doqqazda eşidilən şənlik səsləri qulaqlarımda deyil, gözlərimdə var-gəl edirlər.Nəisə xatırlatmaq üçün yarışa girmişlər, marafona qoşulmuşlar sanki.Uşaqlığımın cır səsiylə çağıran, bəzən də uğultulu bir sədayla bağıran bu xatirələr Novruzun bir addımlığında –Boz ayın gəlhəgəlində bəndənizi nənəmin ruhu ilə baş-başa qoyar.”Ulularımızı çağır” – deyən bu xatirələr Yazağzında məmnun qalmağım üçün heç nəyi əsirgəməzlər.
“Puah, bu cırtdan fevralın canında nələr varmış? Bu Boz ayın ağzında yenə xəstəlik yaxalayar məni.Boz ay gəldi, daha ayağımın birini ehmalca irəli atsam, Novruza yetişərəm”
Uşaq ikən nənəmdən eşitdiyim Çillə girdi, Çillə çıxdı, Boz ayın qapısının lap kandarındayıq kimi fikirlər bəndənizə xalq təqvimini bütün ayrıntıları, bütün incələyi ilə açmış olur.Çocuqkən qulaq müsafiri olduğum bu məhrəmanə sözlər yeniyetməliyimdən etibarən mənim xəyal dünyama yansıdı, sonra bu tilsimli sözlər öz kiçicik folklor aləmimi qurmağıma vəsilə oldu.Balaca dünyam böyüdü, böyüyərək qədim folklorumuzla sarmaş-dolaş, qol-boyun oldular.Mənə bəşəri güc, ilahi qüvvə verən folklorumuz bütün ağrılı-acılı, sıxıntılı günlərimdə ruhuma həmdəm oldu.Nənəmin sehrli sözlərinin müşayiəti əsla bəndənizi rahat buraxmadı.Boz ayın İlaxır çərşənbələrində, bəzən tək-tənha yaşadığım günlərdə belə, evdə mütləq 1 şam yandırıb, bayramı özümlə öz-başıma keçirdiyimi yaxşıca xatırlayıram.Boz ayın gəlişi münasibətilə süfrəmi bəzəyib, özümün yazdığım şeirlərimdən də guppuldatdığım dönəmlər az olmayıb.Su çərşənbəsi günündə yazdığım “Bayram nisgili” həmin tənha anlarımın porterti kimi hərdaim ucalıqdan boy verir, israrla “mənli günlərini unutma!” – deyə hayqırır.

Bayram nisgili

Bu da prospektin bayram gecəsi,
Səssizlik boylanır yuvalarından.
Bu da bizim ”Məmməd Rahim” küçəsi,
Tənhalıq qoxuyur divarlarından.

Hava qaralmaqda işdən gəlirəm,
Yamanca duyulur tənhalıq səsi.
Üzümüz yazadı qışdan gəlirəm,
Burnuma toxunur bahar nəfəsi.

Amma dönəlgəsi dönüb ömrümün,
Yenə yalnızlığım kölgəmə qonub.
“Bəs!” demir qadası, “Bəs!” demir gülüm,
Sürünür ardımca prospekt boyu.

Bu “Əzəl çərşənbə” axşamındaca,
İçimdən bir arzu dillənir düzü.
Bir tonqal üstündən gərək doyunca,
Hoppanım, tökülsün könlümün tozu.

O tonqal aparsın ağrılarımı,
Bayramı bayramtək keçirim gərək!
Uşaqlıq dünyamın anılarını,
Dünəndən sabaha köçürüm gərək.

Kirimiş məhlədə kimsə görünmür,
Yaxşısı budur ki, qayıdım evə.
Qalanan ocaqlar nəsə görünmür,
Bu nə hüzndür ki, nə olub belə?!

Keçmişin “Çərşənbə xatirələri”
Hələ neçəsinin saxlancı olub.
Bəlkə neçəsinin gözü düşməni,
Bəlkə başlarının qaxıncı olub?

Axı…bu bayram axşamı hamı,
Bir azca tənhadı, bir azca yalqız.
Tezliklə yurduma gələcək bahar,
Bilirəm, sənə də ümiddir, ay qız!

Süfrəmiz bəzəkli, qapım da açıq,
Bəs bu bayramın nisgili nədir?
Kədərim yaxamdan yaman yapışıb,
Bir ağac qurdutək içimdən didir.

Mən səni gözlədim,yalnızlıq gəldi,
Daha heç nə deyil eynimə mənim.
Baharın yam-yaşıl ipəklərindən,
Tənhalıq biçilib əynimə mənim.

Bu da prospektin bayram gecəsi,
Səssizlik boylanır yuvalarından.
Bu da bizim ”Məmməd Rahim” küçəsi,
Tənhalıq qoxuyur divarlarından.

Tənhalıqdan söz düşmüşkən, nənəmdən onu da eşitmişəm ki, insanın tənhalığına, acılarına ən gözəl ilac bayramlardır, ələlxüsus da Novruz bayramı.
Bizə gör nə qədər məsud günlər, bəxtəvər anlar bağışlayır bu bayram.Hər ayini, hər ritualı, hər mərasimi bizi biz olmağa dəvət eləyir.
“Ay bala, küsülü qalmazlar bayram axşamında, yaxud ay bala, Boz ay girdisə Yalançı çərşənbələrdən çıxıb doğru üskü çərşənbələrə girdik, ay oğul, Xəbərçi çərşənbəni ehtişamlı eləməzlər, əməlli-başlı lap bayrama oxşatdınız ki!!!” kimi nəsihətləri indi mənə bayram gerçəklərini bütün çılpaqlığı ilə aşılayır.Boz ayın astanasında uzaq rüzgarların yüyrək əsintiləri müdam ən doğma hisslər kimi canıma hopur, ruhuma sinir.
“Rüzgar” dedim, əlbəttə Boz ay rüzgardan, soyuqdan, sazaqdan, şaxtadan, günəşdən, hərarətdən xali olmaz.
Bu qarmaşıq havalar həm də qarmaşıq içimizi əks etdirər, dağınıq halımızı toparlamağımıza yardımçı olar.Hə, öncə Yalançı çərşənbələrin sonuncusunu – Xəbərçi çərşənbəni qeyd edib, keçərik Boz aya.Onu da ərz edim ki, bu tayda səhvən Xəbərçi çərşənbə Od çərşənbəsinə deyərlər ki, fikrimcə, bu da məntiqə uyğun gəlmir.Xəbərçi çərşənbə İlaxır çərşənbələri müjdələyərkən, necə ola bilər ki, ikinci çərşənbə statusunda qeyd olunsun?! Hələ onu demirəm ki, Od çərşənbəsinin son
25-30 ildə yerinin dəyişməsi, yaxud dəyişdirilməsi – ikinci sıraya atılması çox böyük təəssüf və təəccüb doğurur.
Novruzun əsl simgəsi, əsl rəmzi olan Günəşin, odun, atəşin 2-ci yerdə yox, İlaxır çərşənbənin sonuncusu və daha əlamətdar olmasını şərtləndirir.Açığı nənəmdən bu haqda heç nə eşitməmişəm, eşitmişəmsə də dinlədiklərimi uzaq
Boz yellərin ağuşuna çoxdan qapdırmışam.
Əvəzində nənəmdən eşitmişəm ki, Boz aya ciddi yanaşmaq, onu saya salmaq lazımdır, zira Boz ay adından göründüyü kimi sərtlik, bozluq mənasını ehtiva edir.Gərəkdir həm əyninə-başına, həm yediklərinə, həm Çərşənbə süfrələrinə dürüst fikir verəsən.
Nəzərə alsaq ki, həmşəri olaraq nəinki İlaxır çərşənbələri, hətta Yalançı çərşənbələri də təmtəraqlı qeyd edərik, onda bizə zaval yoxdur.
Nənəmdən Boz ay haqqında rəvayətlər də az eşitməmişəm.
Boz aya təbirlər çox fərqlidir: alaçalpo(v), Boz çillə, Ala çillə, Yazağzı, Ağlar-gülər, Döl ayı, Çilləbeçələr, Cəmrələr ayı və.s kimi müxtəlif adların tamamını duymuşam.Rəhmətlik coğrafiyaşünas alim Eybalı Mehrəliyev qışın son ayını – fevralın 20-dən martın 20-nə kimi Alaçalpo, martın 6-dan düz 1 ay müddətcə aprelin 6-na kimi olan dövrü Boz ay adlandırardı.Bu fərqli yanaşmalar Novruzun əzəmətindən, həşəmətindən soraq verən sakral bir gerçəklikdir.Boz ay haqqında ən məşhur rəvayətlər isə məhz “günlərin bölüşdürülməsi” aktı ilə bağlıdır.Qədim əyyamlarda aylara illər verilərkən hərəsinə 32 gün düşür.Boz ay ilin sonuncu ayı olduğu üçün ona 14 gün verilir.Boz ay incik qalmasın – deyə hər ay özündən ona 1 gün bağışlayır.Boz ay yenə razı qalmır. Onda bəzi aylar 1 günü 2 gün edir.Hərəsi bir aydan, bir fəsildən gəldiyindən Boz ayın günləri bir-birinə uyğun gəlmir.Beləcə, Boz ayda 4 fəslin hamısının təbiətindən nələrsə duyulur.
Boz ayda evlər, həyət-bacalar səliqəyə salınır.Nənəmin bu prosesə “ev tökdü” dediyini yaxşı xatırlayıram.Bayram öncəsi təmizlyini edərdik, üst-başımız təzələyərdik. Boz ayda bayram süfrəsinə hazrlıq edilər, nənəm qoz-fındıq ehtiyatını hələ bir ay öncədən tədarük görərdi.
Nənəmdən onu da eşitmişəm ki, bayram bizim içimizdə olmadısa yüz dənə Boz ay gəlsə də xeyir eləməz.
Odur ki, içiniz-dışınız bayram ovqatlı olsun, bayramı bayram tək yaşamaq türkün alicənablıq, kübarlıq, ərdəmlik tərbiyəsindən gələn ali bir keyfityyətdisə, bu dəyərləri itirmək bizə büsbütün haramdır.
Gələnə “Xoş gəldin!”, gedənə “Xoşca qal!” deməkdir bu alicənablıq.Bayramı ağırlayarkən özəl, uğurlayarkən gözəl davranmaqdır ərdəmlik.
Hə, yeri gəlmişkən, bunu da nənəmdən eşitmişəm. Bir də nənəmdən eşitmişəm ki, bu günlər təbiətə nə qədər xoş aura bəxş etsən, bir o o qədərini də geri alacaqsan.
Fevralın 20-isi səhər obaşdan duracaqsan, 4 gün sonra
Su çərşənbəsinə hazırlığını görəcəksən, ruhunu təzələyib, Əzəl çərşənbənin pişvazına çıxacaqsan, “İlaxırım, Boz ayım gəl!” deyibən, Novruzu cani-könüldən haylayacaqsan.Hə, dostlar, bir sınayaqmı?
Bax, elə bu saat, hamımız birgə deyək ki, “Nənəmdən belə eşitmişəm…”, sonra ardını nənələrimizin mübarək ruhları davam etdirəcək.
Bir də başlayaq və hər bir kəlməsini bütün canımızla, ruhumuzla tələffüz edək.Diləyəndə elə diləyək ki, nənələrimizi ölmüş yox, diri sanaq, diri sayaq, lap yanımızdaymış kimi.
-Nənəmdən…
-Nənəmdən belə…
-Nənəmdən belə eşitmişəm…

16 fevral 2026-cı il,
Bakı

Turan Uğur,
AYB-nin üzvü, yazıçı

TURAN UĞURUN DİGƏR YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bəxtiyar Vahabzadə və Xəlil Rza Ulutürk

Bəxtiyar Vahabzadə və Xəlil Rza Ulutürk

İşdən çıxarıldığından bir müddət maddi ehtiyac içində yaşayan Bəxtiyar Vahabzadə sıxıntılarla üzləşir. Bir gün şairin evinin qapısı döyülür. Qapını açan Bəxtiyar Vahabzadə qarşısında içi ərzaqla dolu bağlama görür. Bu hadisə tez-tez təkrarlanır. Kimsə şairin qapısının qarşısına ərzaqla dolu bağlama qoyub gedir.
Bir gün qonşular onun evinin qarşısında Xəlil Rza Ulutürkü bağlama qoyub gedən görürlər. Lakin Ulutürk bunu ömrünün sonuna qədər boynuna almır.

By: Leyla Mahirqızı,

Other articles by Leyla

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

"…yazarlar, ancaq yazarlar…"