
ƏN BÖYÜK MÜƏLLİM HƏYATIN ÖZÜDÜR
Ziyalı oğlusan Azərbaycanın,
Təmizdir ürəyin, safdır vicdanın.
Vətən sevgisiylə alışır canın,
Unutmaz heç zaman bu Vətən səni.
Bu gün sivil ölkələr sırasında Azərbaycanı nüfuzlu dövlət kimi görürüksə, demək olar ki, dövlətin güclü silahı olan elmi inkişafdadır. XXI yüzillik elm və informasiya əsri olduğundan, sürətli inkişafda Azərbaycanda da elm və təhsil dünya səviyyəsində inkişaf etdirilir. Təhsilin inkişafına göstərilən yüksək diqqət Azərbaycanın dünya miqyasında tanıdılmasına və layiqli yerinin təmin olunmasına xidmət edir. Təhsil sistemində əldə olunan yeniliklər Azərbaycan elminin dünyaya inteqrasiya sürətini artırıb.
Ömür yarpaqlarından: Allahşükür Balağa oğlu Kərimov 1959-cu ildə Masallı rayonu, Yeddioymaq sovetliyinin Şıxlar kəndində anadan olub. İbtidai təhsilini Şıxlar kəndində, orta təhsilini isə T. Bayraməlibəyov adına Yeddioymaq kənd orta məktəbində alıb.
1977-1979-cu illərdə Sovet Ordusu sıralarında xidmət eləyib.
1979-1981-ci illərdə Bakı şəhərində Jurnalist Sənətkarlığı İnstitutunda oxuyub. 1983-cü ildə V.İ.Lenin adına APİ-nin filologiya fakültəsinə daxil olub və 1988-ci ildə institutu uğurla başa vurub.
1980-1982-ci illərdə Masallı rayonu N.Krupskaya adına sovxozda azad komsomol komitəsinin katibi vəzifəsində çalışıb.
Allahşükür Kərimov Pedaqoji fəaliyyətə 1988-ci ildə Şıxlar kənd 1 saylı ümumi orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlayıb. 2012-2015-ci illərdə işlədiyi məktəbdə direktor kimi fəaliyyət göstərib.
Allahşükür müəllim 1975-ci ildən dövri mətbuatda müntəzəm olaraq çıxış edir. Yerli rayon qəzeti olan (“Çağırış”) “Yeni həyat “, ” Respublika” və s. qəzetlərdə, eləcə də radioda rəngarəng mövzularda xəbər, zarisovka, publisist yazıları ilə tanınıb. Azərbaycan Jurnalistlər Birliyinin və Masallı rayon Ağsaqqallar Şurası idarə heyətinin üzvü, 40 saylı Şıxkar kənd seçki məntəqəsinin sədridir.
Ömrünün 66 -cı baharını yaşayan Allahşükür müəllim 2024-cü ildən 48 illik fasiləsiz əmək fəaliyyətinə malik olmaqla təqaüdə çıxıb. Pedaqoji fəaliyyətinin 36 ili tamam olub. Ən yadda qalan xatirələrdən biri ona elm, bilik yolunda bələdçilik edən, əlindən tutub yazıb -oxumağı öyrədən doğma müəllimlərlə çiyin-çiyinə işləmək olub.
Tələbəlik illəri isə gənclik dövrünün qaynar nöqtəsindən keçərək həyatda silinməz izlər buraxıb. Həyat yoldaşı Narınc xanımla 35 illik evlilikdən beş övladı olub. Ömür-gün yoldaşı 2015-cı ildə haqq dünyasına qovuşub. Bir qızı və dörd oğlan övladları yadigar qalıb. Onlardan ikisi pedaqoji sahədə müəllim kimi çalışır.
Allahşükür müəllim yeddi nəvənin babasıdır. Dörd qardaşın bir bacısı olan Zərnişan xanım qardaşlarının ümid və pənah apardığı ana əvəzidir.
Allahşükür müəllim institut həyatı
nı, tələbə yoldaşlarını, müəllimlərini unutmayıb. O, həmişə İsmayıl Şıxlı, Xeyrulla Məmmədov, İsrail Mustafayev, Mürsəl Həkimov və başqalarının əziz xatirələrini uca tutub onlar haqqıda fəxrlə söhbət açır, Tanrıdan onlara rəhmət diləyir.
Allahşükür müəllimin amalı müqəddəs, ürəyi təmizdir. O, həm yaxşı yoldaş,etibarlı dostdur. Həmişə gülərüzlü olub, mehriban təbəssüm indi də üzündən əskik olmur.
Onun haqqında saatlarla danışsam, yenə də sözüm bitib-tükənməz.
Və ən nəhayət, onu demək istəyirəm ki, Allahşükür müəllim humanist insandı. Elə müəllim sənəti də humanist sənətdir, insan mənəviyyatını formalaşdıran sənətdir.
Bəli, o bir müəllim olaraq həmişə vəzifəsinin öhdəsindən ləyaqətlə gəlib, həm də ömrünü tarixə çevirmək şərəfinə yiyələnib. Ömrü tarixə çevirmək insan üçün ən böyük xoşbəxtlikdir.
Tanrnın kölgəsi həmişə üstündə olsun Allahşükür müəllim!
Tanrı səni bizə çox görməsin.

Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB – nin və AJB – nin üzvü.
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında