Azərbaycanın fəxri Bədəlova Aygün Nazim qızı

Londonda Altsheymer üzrə tədqiqatlar
aparan azərbaycanlı alim, Azərbaycanın  — Lerikimizin fəxri Bədəlova Aygün Nazim qızı

Aygün Bədəlova neyropsixoloq və beyin tədqiqatları üzrə gənc alimdir. Hazırda Böyük Britaniyada doktorantura təhsili alan tədqiqatçı Altsheymer və demensiya xəstələri üçün rəqəmsal reabilitasiya müdaxilələri üzərində araşdırmalar aparır. O, elmi yolu, beynəlxalq təcrübəsi, Londondakı tədqiqat və klinik fəaliyyəti, eləcə də sosial təşəbbüsləri barədə AZƏRTAC-a müsahibə verib.

Aygün Bədəlova bildirir ki, elmi fəaliyyəti Azərbaycanda aldığı baza tibbi təhsil və Azərbaycan Milli Elmlər Akademiyasında apardığı tədqiqatlarla başlayıb. Onu neyropsixologiya sahəsinə gətirən əsas motiv beyin fəaliyyətini dərindən anlamaq, psixi və neyroloji pozuntuların davranışa təsir mexanizmlərini araşdırmaq olub.

Uzun və çətin bir yol keçdikdən sonra 2019-cu ildə Böyük Britaniyada “Cognitive Neuroscience and Neuropsychology” ixtisası üzrə magistratura təhsilinə başlayıb. Təhsil müddətində “Royal Free Hospital”da çalışaraq diqqət dağınıqlığı və psixi pozuntuları EEG metodları ilə tədqiq edib. Magistraturanı fərqlənmə ilə bitirdikdən sonra City University, Imperial College London və University College London kimi nüfuzlu universitetlərdən doktorantura dəvətləri alıb və University College Londonu seçib.

Hazırda onun doktorantura tədqiqatı Altsheymer xəstəliyinin canlı beyin üzərində öyrənilməsinə və demensiya üçün rəqəmsal reabilitasiya yanaşmalarına həsr olunub. Alim vurğulayır ki, demensiya sahəsində mütəxəssis və resurs çatışmazlığı rəqəmsal terapiyaları xüsusilə aktual edir.

Aygün Bədəlovanın üzərində çalışdığı “Gotcha!” adlı ad-xatırlatma terapiya tətbiqi erkən mərhələli demensiya xəstələrinin sevdikləri insanların adlarını xatırlamasına kömək edir. 48 pasiyent üzərində aparılan sınaqlar terapiyanın həm davranış, həm də beyin aktivliyi baxımından müsbət təsir göstərdiyini ortaya qoyub.

O, eyni zamanda, Londonda Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanasında klinik tədqiqatlarla məşğul olur və neyrodegenerativ xəstəlikləri olan pasiyentlərlə birbaşa işləyir.

Azərbaycanın Dövlət Proqramı çərçivəsində maliyyələşdirilən tədqiqatçı kimi bu dəstəyin elmi inkişafında həlledici rol oynadığını deyən alim beynəlxalq konfranslarda Azərbaycanın adını xüsusi vurğuladığını bildirir.

Aygün Bədəlova, həmçinin Azərbaycan Altsheymer Assosiasiyasının təsisçisidir. Assosiasiyanın məqsədi Alzheimer xəstəliyi ilə bağlı cəmiyyəti maarifləndirmək, ailələrə psixoloji dəstək göstərmək və mövcud stereotipləri aradan qaldırmaqdır.

Onun fikrincə, Altsheymer sadəcə yaşlanmanın bir hissəsi deyil, erkən diaqnoz və düzgün dəstək tələb edən ciddi nevroloji xəstəlikdir. Aktiv həyat tərzi, sosial əlaqələr və zehni məşğuliyyət beyin sağlamlığının qorunmasında mühüm rol oynayır.

Gənclərə tövsiyə olaraq alim bildirir ki, elm yolunda səbir və davamlılıq əsasdır. Gələcəkdə isə süni intellekt və rəqəmsal texnologiyalar nevroloji xəstəliklərin erkən diaqnostikası və fərdiləşdirilmiş müalicəsində mühüm rol oynayacaq.

“Yaddaş zəifləyə bilər, amma insanlıq qalır. Ən vacibi empati və anlayışdır”, – deyə Aygün Bədəlova AZƏRTAC  oxucularına mesaj verir.

İlkin mənbə: AZƏRTAC

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Elman Eldaroğlu təbrik edir

Jurnalistikamızın sonuncu mogikanı…

Cahangir Məmmədli- 84

Hər bir insan Allahın yaratdığı bir əsərdir. Sevgidən doğulub, sevgi ilə yaşayır. Bu əsərlərlə yaxından tanış olduqca, onların hər birində Allahdan bir nişanə görürsən və dərin məna tapırsan. Əmin olursan ki, Yer üzündə təsadüfi insan yoxdur. Sadəcə, hər kəsin öz təyinatı, öz yolu var. Bəli, dünyanı gözəlləşdirən, mənalandıran da məhz elə insanlardır. Bu dəfə sizə bu insanlardan biri- varlığı ilə dünyaya rəng qatan, professor Cahangir Məmmədlidən söhbət açmaq istəyirəm. İnsanpərvər, təmiz və müsbət enerji ilə dolu bir insandan…

O, ağlı, zəkası və yaxşı ideyaları ilə eyni anda müxtəlif mövzularda bir neçə söhbəti davam etdirə bilir. Enerjisi, həyəcanı və idarəolunmaz həvəsi ilə həyatı çox cəsarətlə yaşayır və insanların çoxunun uzun müddət başa çatdıra bilmədiyi işləri tez bir zamanda tamamlayır. Müstəqil fəaliyyət göstərməyə çox meyllidir. Onu müəyyən qəliblərə salmaq asan deyil, çevik və əzimkardır…

Müsahibələrinin birində deyir ki:- “Mən kənd adamıyam, 50 ildən çoxdur Bakıda yaşasam da, heç vaxt şəhər adamı ola bilmədim. Şəhər adamları inciməsinlər, Azərbaycanın milli-mənəvi dəyərləri kənddədir. Həm də inciməsinlər ona görə ki, kənd şəhərdən əvvəl meydana gəlib. Biz hamımız əslində kənddə doğulmuşuq. Mənim ən çox qorxduğum odur ki, artıq kəndlər şəhərə çevrilməyə başlayıb. Mənim kəndim Novruzlu həm də mənim idealımdır. Mənim üçün vətən oradan başlayır. Orada orta məktəbi bitirmişəm. O məktəbi bilirsiniz kimlər bitirib? Azərbaycan elmini dünyada tanıdan şəxslər, Xudu Məmmədov, professor, AMEA-nın müxbir üzvü Rafiq Əliyev, usta yazıçılardan, dramaturqlardan olan Əli Əmirli və s.. Bax, Novruzlu kəndinin belə ziyalıları var. Mən o məktəbi heç vaxt unuda bilmərəm. Novruzlu işğalda qalan dövrdə mənə o qədər pis təsir edirdi ki, etiraf edirəm, ümidsizliyə qapılmışdım. Ancaq mənim Prezidentim necə ayağa qalxdı və Azərbaycanı ayağa qaldırdı. Mənim kəndim azad edildi. Artıq Novruzlu yavaş-yavaş dirçəlir, əvvəlkindən də dəfələrlə gözəl olacaq. Mən bunu təsəvvür edirəm. Biz işğal dövründə yaşamadıq ki…”

Cahangir Əbdüləli oğlu Məmmədli 1942-ci ilin yanvar ayının 26-da Ağdam rayonunun Novruzlu kəndində dünyaya gəlib. 1968-ci ildə indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Elə həmin ildən də adıçəkilən fakültədə müəllimlik fəaliyyətinə başlayıb. Hazırda bu fakültənin Milli mətbuat tarixi kafedrasının müdiridir. Filologiya elmləri doktoru, professordur. Eyni zamanda, həmin universitetin Elmi Şurasının üzvüdür. İndiyədək 500-dən çox elmi, publisistik yazısı dərc olunub. Ədəbi tənqidə və jurnalistikaya dair 7 kitabın müəllifidir. Xidmətlərinə görə bir sıra mükafatlarla yanaşı “Şöhrət” ordeninə layiq görülüb. Prezidentin fərdi təqaüdünü alır…

BDU-nun professoru, folologiya elmləri doktoru Allahverdi Məmmədli onun haqqında deyir: “Cahangir müəllim mənim təkcə müəllimim olmayıb, həm də əqidə dostumdur, əməl dostumdur. Bu dostluq ona görə baş verib ki, ölkəmizdə və dünyada baş verən hadisələrə münasibətdə, Vətən, millət, adət- ənənələrimizlə bağlı fikirlərimizdə üst-üstə düşən məqamlar çoxdur. Bir sözlə, estetik idealımız, insanlığa baxışımız çox yaxındır. Həm də soydımız eynidir, hər ikimiz də Məmmədliyik. Bəzən bizi oxşadıb qardaş bilirlər. Düz 49 il bundan əvvəl tanış olmuşuq. Bir şəxsiyyəti ki, 49 il bundan əvvəl tanıyasan, onun haqqında nə yazsan, nə qədər danışsan az olacaq. Qısaca deyə bilərəm ki, Cahangir müəllim nəinki Jurnalistika fakültəsinin, elə universitetimizin sonuncu mogikanlarındandır. Təhsil fədaisidir, elm xadimidir. 80-dən artıq yaşı var. Bu yaşda yorulmaq bilmədən çalışır. Yazır, yaradır. Mən onun işgüzarlığına həmişə qibtə etmişəm. Örnəkdir. Müəllim kimi, elm adamı kimi, şəxsiyyət kimi örnəkdir. Azərbaycanda əli qələm tutan hər kəs onu tanıyır və təqdir edir…”

İlk baxışdan sərt və narahat bir şəxsiyyət təəssüratı yaratsa da, yaxından tanıyan hər kəs onun sehrinə düşür, onu qəbul edir və sevir. Əslində, buna səbəb onun daxili dünyasının zənginliyi, qiymətli müdrik fikirləri olur. Gözəl rəftarı var, olduqca mehribandır. Ən çox dəyər verdiyi şey isə azadlığıdır. Necə deyərlər, şirin olmaqdan əlavə, sirli gücünün köməyi ilə düzgün nəticə tapmaqda və şəxsi müqavimətini göstərməkdə çox bacarıqlıdır…

“Universitetə qəbul olunduğum zaman Jurnalistika Filologiya fakültəsində şöbə idi. Atam 1942-ci ildə müharibədə həlak olub. O zaman fakültənin dekanı Əlövsət Abdullayev mənə ata münasibəti bəsləyirdi, elə hiss edirdim ki, atam yanımdadır. Birinci kursun ilk dərsini bizə Nəsir İmanquliyev keçdi. O, özünün yaratdığı “Bakı” və “Baku” qəzetlərinin redaktoru idi. Gördü ki, mənim müəyyən dərəcədə yazı qabiliyyətim var, dedi “həftədə bir dəfə yazı yaz”. Mənim bir yazıma 40 manat qonorar verirdi. O vaxt aldığım əlaçı təqaüdü 45 manat idi. Daha sonra mənə həftədə 3-4 dəfə 40 manat qonorar yazdı ki, həm həvəslənim, həm də dolanışığa imkanım olsun. Azərbaycan jurnalistikasının müəllimi Şirməmməd Hüseynov mənim Bakıda qalmağıma səbəb oldu. Dövlət imtahanı verəndə protokola yazdırdı ki, bu tələbəni fakültədə saxlayaq. Jurnalistikanın peşəkarlığını, dəqiqliyini Şirməmməd Hüseynov məktəbindən öyrənmişəm.”- söyləyir.

…Yaxşı yumor hissi var, ünsiyyətcilliyi və dostluğu ilə hər mühitdə sevilən və axtarılan bir dostdur. Təzyiqə və şiddətə nifrət edir. Ömrünün sonuna qədər azad yaşamaq üçün əlindən gələni əsirgəmir. Başqasının həyatına qarışmadığı kimi, öz həyatına da kiminsə qarışmağını xoşlamır. Onun emosional tərəfi çox güclüdür. Emosional tərəfi xəyali tərəfinə üstün gəldiyi üçün də, heç vaxt nəzarəti itirmir. O, kənardan adət-ənənələrə bağlı görünsə də, ifrata yol vermir. Təvazökardır, çox çalışqandır. Yalanı sevmir, necə deyərlər, alnının təri ilə halal çörəyini qazanır. Kifayət qədər dürüstdür və müxtəlif mədəniyyətlərdən olan insanları başa düşə, onlarla asanlıqla ünsiyyət qura bilir. İctimai həyata isə böyük əhəmiyyət verir…

Deyir ki:- “Tələbələrim çox olub. Onları bir-birindən fərqləndirmək istəmirəm. Zaman-zaman Azərbaycana yararlı kadrlar yetişdirmişik. 1980-ci illərin sonunda tələbəmiz olmuş Mirşahin Ağayev bu gün Azərbaycanda ən görkəmli, peşəkar jurnalistlərdən biridir. O, jurnalistikanı hətta sənətə çevirib. Onun rəhbəri olduğu televiziya bu gün Azərbaycançılıq ideologiyasını birbaşa ortaya qoyur. “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bizim fakültədə magistraturanı bitirib. O, bizim fakültəmizdə müəllim kimi də fəaliyyət göstərib…”

…Bəli, hər bir insan Allahın yaratdığı bir əsərdir. Sevgidən doğulub sevgi ilə yaşayır. Bu əsərlərlə yaxından tanış olduqca, onların hər birində Allahdan bir nişanə görürsən və dərin məna tapırsan. Əmin olursan ki, Yer üzündə təsadüfi insan yoxdur…

Yanvarın 26-sı Cahangir müəllimin nə az, nə çox 84 yaşı tamam olur. Ona ağrı-acısız həyat arzulayıram…

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SÖZÜN, ELMİN VƏ VƏTƏN TƏFƏKKÜRÜNÜN DAŞIYICISI

ŞƏKSƏN BEŞİNCİ YAZI

SÖZÜN, ELMİN VƏ VƏTƏN TƏFƏKKÜRÜNÜN DAŞIYICISI
(Filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin doğum gününə)
Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu — yazımızın məqsədi təbrikdir. Bu yazımı böyük bir qələmdarlar ordusu — yazarlar cameəsi adından ustadlar ustadı, müəllimlər müəllimi, eloğlumuz, əzizimiz, dəyərlimiz Cahangir müəllimə ünvanlamaqdan şərəf və qürur duyuram!
İnsan ömrü var ki, zamanın içində itib gedir, bir də insan ömrü var ki, zamanın özünə çevrilir. Elmi düşüncəsi, publisistik mövqeyi, milli-mənəvi dəyərlərə sədaqəti və ziyalı duruşu ilə çağdaş Azərbaycan elminin və ictimai fikrinin önündə dayanan filologiya elmləri doktoru, professor Cahangir Məmmədli məhz ikinci kateqoriyaya daxil olan nadir şəxsiyyətlərdəndir.
Professor Cahangir Məmmədli təkcə bir alim, tədqiqatçı və pedaqoq deyil — o, həm də sözün məsuliyyətini daşıyan, fikrin yükünü çiyinlərində hiss edən, cəmiyyətin vicdan səsinə çevrilən ziyalıdır. Onun elmi və publisistik fəaliyyəti Azərbaycan dilinin, milli mətbuatın, jurnalistikanın və ümumilikdə ictimai düşüncənin inkişaf yolunu aydınlatmaqla yanaşı, gələcək nəsillərə də möhkəm mənəvi bünövrə yaradır.
Cahangir Məmmədlinin elmi araşdırmaları Azərbaycan filologiyasının və mediaşünaslığının aktual problemlərini əhatə etməklə seçilir. O, mətbuat tarixinin, jurnalistikanın nəzəri əsaslarının, söz və məsuliyyət münasibətlərinin tədqiqində özünəməxsus elmi məktəb formalaşdırmış alimlərdəndir. Onun əsərlərində faktla fikir, tarixlə müasirlik, milli ilə ümumbəşəri dəyərlər ahəngdar şəkildə birləşir.
Alimin qələmində söz heç vaxt təsadüfi olmur. Hər cümlə arxasında məsuliyyət, hər fikir arxasında vətəndaş mövqeyi dayanır. Bu da onun elmi irsini yalnız akademik mühit üçün deyil, geniş oxucu auditoriyası üçün də dəyərli edir.
Professor Cahangir Məmmədlinin publisistik yazıları sadəcə hadisələrin təsviri deyil — hadisələrin mahiyyətinə enən, oxucunu düşünməyə vadar edən, milli özünüdərkə çağıran yazılardır. Onun qələmində publisistika tribuna deyil, vicdan aynasıdır. Bu yazılarda cəmiyyətin ağrıları, milli maraqlar, dilin saflığı, mətbuatın məsuliyyəti və ziyalının missiyası açıq və cəsarətli şəkildə ifadə olunur.O, daim vurğulayır ki, söz sahibinin ən böyük borcu həqiqətə sədaqət, xalqa xidmət və gələcək qarşısında məsuliyyətdir. Bu mövqe onun bütün yaradıcılıq xəttindən qırmızı xətt kimi keçir.
Cahangir Məmmədli təkcə kitablarla deyil, yetişdirdiyi tələbələrlə, formalaşdırdığı düşüncə tərzi ilə də yaşayır. Onun auditoriyadakı fəaliyyəti klassik müəllimlik çərçivəsindən kənara çıxaraq həyat dərsinə çevrilir. Tələbələrinə yalnız bilik deyil, mövqe, məsuliyyət, milli şüur aşılayan professor, əslində, gələcəyin ziyalılarını yetişdirir.
Bu gün professor Cahangir Məmmədlinin doğum günü təkcə təqvimdə bir tarix deyil. Bu gün Azərbaycan elminin, söz və fikir dünyasının qazandığı bir ömrün, bir zəhmətin, bir fədakarlığın bayramıdır. Onun ömrü və fəaliyyəti sübut edir ki, ziyalı olmaq ad deyil, missiyadır.
Bu əlamətdar gündə professor Cahangir Məmmədlini səmimi-qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, yeni elmi uğurlar, qələminin daim iti, sözünün daim sanballı olmasını arzulayırıq. Qoy onun zəngin elmi və publisistik irsi hələ uzun illər Azərbaycan düşüncə həyatına işıq saçsın.
Ad gününüz mübarək, dəyərli professor!
Sözünüz var olsun, yolunuz işıqlı olsun!

26.01.2026. Bakı .


Hörmətlə, Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 85

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ustad müəllimimizin doğum gününə

Varlığı ilə elinə və elminə bağlı ömür

Görkəmli alim Qulu Xəlilov yazırdı ki, “Adam var, gözlərini açandan varlığına Vətənə, xalqa xidmət kimi müqəddəs bir hiss hopur. Bu hiss getdikcə alova çevrilir”. Alimin söylədiyi fikirlər bütöv bir taleyə, daha dəqiq həyat fəlsəfəsinə bağlıdır. Düşünürəm ki, bu hiss nə təsadüfün nəticəsi deyil, nə də sonradan qazanılan bir keyfiyyətdir. Burada genetik faktorların, nəsildən-nəslə ötürülən mənəvi irsin rolu danılmazdır. Yəni, insanın varlığı əvvəldən Vətənə, xalqa xidmət ideyası ilə yoğrulur. Qulu Xəlilovun qeyd etdiyi kimi, bu hiss zamanla daha aydın forma alaraq sönməz bir məşələ bənzəyir. İnsanın daxilində alışan alov yalnız onun öz yolunu işıqlandırmır, həm də ətrafa nur saçır. Məhz belə insanların sayəsində cəmiyyət yaşayır, milli və mənəvi dəyərlər qorunur.

Müasir və müstəqil Azərbaycanın jurnalistika elmində, ana dilimizin inkişafında, azərbaycançılıq düşüncəsinin formalaşmasında, ictimai elmlərin tərəqqisində çəkisi və nüfuzu olan professor Cahangir Məmmədli məhz bu mənəvi missiyanı ömrünün mənasına çevirmiş ziyalılardandır. O, bütün şüurlu və mənalı ömrünü Bakı Dövlət Universiteti ilə bağlamış, dəyərləri qorumağı şəxsi mövqedən çox, mənəvi borc kimi qəbul etmişdir. Akademik Vasim Məmmədəliyevin təbirincə desək, “Cahangir Məmmədli hər şeydən əvvəl bir universitet müəllimidir. O, adi müəllimlərdən deyil”. Vasim Məmmədəliyevin də qeyd etdiyi kimi, “çünki Cahangir müəllim təmizliyə, universitet ruhuna, dövlətçilik prinsiplərinə sədaqətlidir”. Bəlkə də çox az insan tapılar ki, bütün həyatını bir xətt üzrə — elmə, pedaqoji fəaliyyətə, gənc nəslin təlim-tərbiyəsinə həsr etsin. Şübhəsiz, yuxarıda da qeyd etdiyimiz kimi, bu yol təsadüfən seçilmir. Müəllimimizin həyat yolunun başlanğıc çağlarında — məktəbli və tələbəlik illərində belə eyni düşüncə xətti, eyni dəyərlər sistemi ilə hərəkət etməsi bunun bariz sübutudur. Əlbəttə, sistem qarşılıqlı şəkildə işləyirdi: insan dəyərlərə sədaqətli qalır, sistem də öz növbəsində insanı qoruyurdu. Bu vəhdət professor Cahangir Məmmədlinin təbiəti ilə tam həmahəng idi. Sakit, iddiasız, özünü önə çıxarmaqdansa bir addım kənarda dayanmağı üstün tutan bütöv bir xarakter… Elə buna görə də o, səs-küydən uzaq, ağırtaxtalı şəxsiyyət kimi tanınır.

Bu mənəvi bütövlükdə torpaq amili də xüsusi yer tutur. Böyük ədibimiz Mirzə Cəlil doğulduğu torpağı “Müqəddəs Vətənim” adlandırması kimi, Ustad müəllimimiz də Novruzlunu özünün “Mikro Vətəni” sayaraq həmişə qürurla dilə gətirir. Çünki torpaq insana yalnız fiziki məkan deyil, mənəvi dayaqdır. İnsanın kökü torpaq olduğu kimi, torpağın da kökü insandır. Kök təkcə keçmişlə bağ da deyil, həm də gələcəkdir, sabahdır. Bu gün azadlığına qovuşan torpaqlarımız üzərində açılan sabahlar da məhz bu kök üzərində boy atır. Kökü olan insan ən sərt küləklər qarşısında belə sınmır, ayaqda qalmağı bacarır. Bu bağlılıq Vətən sevgisi ilə yanaşı, Vətən qarşısında məsuliyyət və and deməkdir. Bu mənəvi xətt həm də Ağdamı quran, yaradan ziyalı nəslindən, Ustad müəllimimizin özünə müəllim bildiyi Zeynal Məmmədli ocağından qaynaqlanır. Yaddaşla vicdanın kəsişdiyi, böyük söz və fikir adamlarının cəm olduğu, sadəlik və səmimiyyətin hökm sürdüyü bu ocaqda müəllim adı ən ali məqamda pərvəriş tapıb.

Amerikalı yazıçı Çarlz Bukovski deyirdi ki, “Sadəlik dərin bir həqiqətdir.” Doğrudan da sadəlik yalnız zahiri davranış deyil, daxili bütövlüyün ifadəsidir. Çəmənzəminlinin sevgini insan təbiətinin son təzahürü adlandırdığı kimi, həqiqəti dilə gətirmək, halalzadəlik də sadəliyin ən ali formasıdır. Görkəmli pedaqoq Ə.Dəmirçizadənin hər zaman fəxrlə “Professor Bəkir Çobanzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Yusif Vəzir Çəmənzəminlinin, Abdulla Şaiqin tələbəsi olmuşam” deməsi bu mənəvi sadəliyin parlaq nümunəsidir. Professor Cahangir Məmmədlinin qəlbində və dilində də öz müəllimləri — Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Firidun Hüseynov, Ağamusa Axundov və digərləri hər zaman dərin ehtiramla yad edilir. Onların ruhu müqəddəs bir miras kimi yaşadılır. Bu mənəvi zənginlik Ustad müəllimimizin tələbələrinin də qəlbində kök salır, onların dünyagörüşünə, düşüncə tərzinə və davranışına müsbət təsir göstərir. Beləcə müəllimə hörmət, elmə sədaqət, insani dəyərlərə bağlılıq bu yolun əsas mənəvi mayasına çevrilir.

Müəllif: Əsgər İsmayılov

Əsgər İsmayılovun yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Pərvanə Salmanqızı – “Ay işığı”

AY GÜNƏŞİM

(dördlük)

Vəsf etdiyin “Ay işığı”,
Öz nurundu, ay Günəşim!
Sən şəfəq saç, daim parla,
Mən də verim, pay Günəşim!

Müəllif: Zaur USTAC

“Ay işığı”

(Zaur Ustacın bir bənd şeiri üzərinə)

Bu misralar adi bir sevgi etirafı deyil — kainatın ritmi ilə döyünən, nurun mənşəyini sevgidə tapan dərin bir fəlsəfənin poetik ifadəsidir. Zaur Ustacın qələmindən süzülən bu sətirlərdə “Ay” artıq təkcə gecənin sakit simvolu deyil, “Günəş”in nurunu daşıyan, onun varlığını əks etdirən bir ruhdur.
“Ay işığı” burada ikinci dərəcəli bir parıltı yox, əslində mənbəyə — Günəşə bağlanan müqəddəs bir körpüdür. Şair deyir ki, sənin işığın mənim gördüyüm ay işığıdır, amma o nurun özü sənsən. Yəni sevən üçün sevilən yalnız işıq saçan deyil, işığın özüdür. Bu məqamda sevgi fiziki cazibədən çıxıb ontoloji bir məna qazanır — varlığın səbəbinə çevrilir.
“Sən şəfəq saç, daim parla” — bu bir xahiş deyil, bir inamdır. Burada sevgili günəş kimi daim doğmalı, daim ümid olmalıdır. Şəfəq — başlanğıcdır, yenilənmədir, qaranlığın sonudur. Şair sevgilini yalnız gecəni aydınladan yox, gündüzü yaradan bir güc kimi görür. Bu, sevginin insan ruhunu necə diriltdiyinin poetik sübutudur.
“Mən də verim, pay Günəşim” misrası isə münasibətin ən ali mərhələsini göstərir: qarşılıqlılığı. Sevgi təkcə almaq deyil, verməkdir. Günəş təkcə saçmır, qarşısında onu anlayan, nurunu dəyərə çevirən bir Ay olduğu üçün Günəşdir. Burada fədakarlıq var, harmoniya var, kosmik bir balans var.
Bu şeir bizə deyir ki, əsl sevgi birinin digərini kölgədə qoyması deyil, bir-birinin nurunu tamamlamasıdır. Ay Günəşsiz mənasızdır, Günəş isə Ayda əks olunmasa görünməz qalır. Sevgi də elə budur — iki ruhun bir nurda birləşməsi.
Bu misralar oxunduqca insan anlayır ki, sevgi sadəcə hiss deyil, işıq mübadiləsidir. Kiminsə parlamasına səbəb olmaq, kiminsə nurunda özünü tapmaqdır.
Və bu işıq sönməsin deyə, sözlər yazılır, qəlblər danışır, ruhlar bir-birini tanıyır…

Sevgi və hörmətlə, Pərvanə Salmanqızı

Jurnalist, şair-publisist

PƏRVANƏ SALMANQIZININ YAZILARI

VALEH HEYDƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Divani-Lüğəti-Türk” – Mahmud Kaşğari – 25 yanvar 1072-ci

İlk türkcə lüğət olan “Divani-Lüğəti-Türk” Mahmud Kaşğari tərəfindən 25 yanvar 1072-ci ildən yazılmağa başlandı.
İki ilə tamamlanan lüğət ümumtürk mədəniyyətinin ən mühüm yazılı əsərləri arasında yer alır.

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Salman Mümtaz

NİYƏ!?

Salman Mümtaz həyat yoldaşının qızıllarını satıb Seyid Əzim Şirvaninin əlyazmalarını alıb Əlyazmalar İnstitutuna təhvil vermişdi. Onun topladığı 270 əlyazma gözlərinin önündə yandırılmışdı.

Axı nəyə görə belə böyük şəxsiyyətlərimiz haqqında ciddi əsərlər yazılmır, bədii, sənədli filmlər çəkilmir? Niyə!?

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

AYB Mingəçevir bölməsinin yazıçılarının yaradıcılıq görüşü keçirilib

25.01.2026-cı il tarixində AYB Mingəçevir bölməsinin yazıçılarının yaradıcılıq görüşü keçirildi. Ustad İsmayıl İmanzadə giriş nitqində hər kəsi salamlayaraq, keçən il görülmüş ədəbi işlərlə bağlı fikirlər söylədi və başda şəhərin gənc yazıçıları olmaqla, bölmənin bütün qələm əhlini təqdir edərək onlara uğurlar arzuladı.
Şairlərdən Bəhman Gülövşəli, Məmməd Mərzili, Ağabala Salahlı, Mahir Musa, Eldəniz Cəfəroğlu, Əhməd Əfsun, Zümrüd Rəhimova, Mehman Rəsulov, Ruhani Gülövşəli, Rəşid Rəsulov müxtəlif mövzularda qələmə aldıqları şeirlərini səsləndirdilər. Gənc yazıçılardan Nicat Hunalp xalq yaradıcılığından təsirləndiyi “Bayquş kədəri” şeirini, Elçin Məhərrəm ekspressionist sərbəst şerini, Şamil Həsən isə “Bumeranq” adlı yeni essesini oxudular.

Müəllif: Şamil HƏSƏN
AYB Mingəçevir bölməsinin mətbuat katibi

ŞAMİL HƏSƏNİN DİGƏR YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“ABŞ”ı “ABEŞE” KIMI TƏLƏFFÜZ EDƏNLƏRƏ!

“ABŞ”ı “ABEŞE” KIMI TƏLƏFFÜZ EDƏNLƏRƏ!

Azərbaycan dilində “ABŞ” qısaltmasının hər hərfi ayrıca oxunmur, yəni “A Be Şe” deyil, bir bütöv kimi “ABIŞ” (ardıcıl səsləndirilərək) tələffüz olunur.
Bu, həm də Azərbaycan dilinin qısaltma oxunuş qaydalarına uyğundur:
Əgər qısaltma tələffüz edilə biləcək bir söz kimi formalaşmırsa, onu hər hərfi ayrıca oxumaq olar (məs., BMT → Be Em Te).
Amma “ABŞ” kimi qısaltmalar “Amerika Birləşmiş Ştatları” ifadəsini əks etdirdiyi üçün, rəsmi danışıq və yazıda sadəcə “ABŞ” kimi səsləndirilir.
Əvvəllər Azərbaycan mediasında, rəsmi çıxışlarda və təhsil materiallarında bu formaya üstünlük verildiyi halda, son zamanlar bu qısalta yanlış olaarq “ABeŞe” kimi tələffüz olunur.
Azərbaycan dilində qısaltmaların tələffüz qaydaları üçün qısa və anlaşıqlı bir izahı təqdim edək.
Qısaltma növü, nümunə , tələffüz qaydası, izah:
Bütöv söz kimi oxunan qısaltma NATO, UNESCO: Nato, Yunesko Əgər qısaltma hərflərin ardıcıllığı ilə tələffüz edilə bilən bir söz əmələ gətirirsə, bütöv söz kimi oxunur.
Hər hərfi ayrı oxunan qısaltma: BMT, ADPU, MDB: Be Em Te, A De Pe U Əgər qısaltma tələffüz edilə bilən söz əmələ gətirmirsə, hər hərfi ayrı səsləndirilir.
Bütöv kimi səsləndirilən, amma hərfi açılışı olan qısaltma ABŞ: Abış.
Coğrafi-siyasi qısaltmalarda (ölkə birlikləri, dövlət adları) çox vaxt bütöv kimi səsləndirmə üstünlük təşkil edir, hərflər ayrıca oxunmur.
Azərbaycanca sözlərin qısaldılması AzTU, AzTV: AzTeU, AzTeVe.
Hərfi oxunuşda Azərbaycan əlifbasının səslərinə uyğun tələffüz edilir.
Texniki və elmi simvol-qısaltmalar km, kq, mm kilometr, kiloqram, millimetr. Əksəriyyəti açılışına uyğun tam şəkildə oxunur.
Nəticə: ABŞ kimi qısaltmalar — xüsusən dövlət adlarını ifadə edənlər — Azərbaycanda rəsmi üslubda bütöv olaraq “ABIŞ” şəklində oxunur, “A Be Şe” formasında deyil.

Müəlif: Qurban Rzayev

QURBAN RZAYEVİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Araz Şəhrili yazır – ehtimallar

İran hakimiyyətinə qarşı PKK kartı, Qacar və Qaraqoyunlu şahzadələri

12 yanvar 2026-cı il tarixində qələmə aldığımız “İran İslam Respublikası süquta uğrayacaqmı?” adlı məqalədə göstərdik ki, ABŞ-ın İrana qarşı tətbiq edə biləcəyi effektli tədbirlərdən biri PKK-PJAK-dan istifadədir. Əvvəlcə yazının həmin hissəsini təqdim edək:

“Hərbi müdaxilənin daha bir variantını belə modelləşdirə bilərik: ABŞ aviasiyası İran Kürdüstanındakı hərbi bazaları, polis bölmələrini və hökumət binalarını bombalayır. Ardınca PJAK yaraqlıları geniş miqyaslı hücuma keçərək şəhərləri tutmağa başlayırlar. ABŞ aviasiyası isə qarnizonlara kömək üçün göndərilən hərbi karvanları vurur”.

Bu əməliyyat uğurlu olsa və İran İslam Respublikası Kürdüstan üzərində nəzarəti itirsə, həmin ərazi ölkənin digər silahlı qrupları üçün də plasdarma çevriləcək. İqtidar nəinki əhali arasında bütün nüfuzunu itirəcək, həm də hakimiyyətin öz daxilində də birlik pozulacaq.

Beləliklə, ABŞ son günlərdə İran körfəzində müxtəlif hərbi gəmilərdən ibarət güclü zərbə qruplaşması cəmləşdirib. Bu isə, İran üzərinə üçüncü dalğanın göndəriləcəyinə dəlalət edə bilər. Xatırladaq ki, 2025-ci ilin iyununda – on iki günlük müharibə zamanı ABŞ-ın İran ərazisinə illərdən bəri yeritdiyi, əsasən əfqan mühacirlərindən ibarət gizli şəbəkə hərəkətə gətirilmişdi. Lakin əməliyyat uğursuzluqla nəticələnmiş, birinci dalğa dəf edilmişdi.

2025-ci ilin sonunda isə ABŞ İran hakimiyyətini yıxmaq üçün daxili etirazları inqilaba çevirmək istədi. Həmin məqsədlə ikinci dalğa – əsasən monarxiya tərəfdarları fəaliyyətə başladılar. Amma bu cəhd də baş tutmadı. Tələfat isə yenə də çox ağır oldu.

ABŞ-ın əlində hələ tam istifadə etmədiyi üç imkan qalmaqdadır. Bunlardan ikisi daha realdır:

1)“İran Xalqının Mücahidləri Təşkilatı”. Sol təmayüllü, radikal şiə yönümlü bu təşkilatı 1965-ci ildə azərbaycanlılar – Səid Möhsün (1939-1972) və Muhəmməd Hənifnejad (1938-1972) yaradıblar. Təşkilat şah rejiminə qarşı şiddətli mübarizə aparıb, 1979-cu il İslam inqilabında fəal iştirak edib. Sonradan silahı İslam respublikasına qarşı çevirib. 1980-ci ildən bugünədək İslam Respublikasının ən barışmaz və amansız düşmənidir. Hazırda qərargahı Albaniyadadır. Bu ölkədə 3.000 döyüşçüsü və üzvü var. İran daxilində isə yüz minlərlə tərəfdarının olduğu güman edilir. Rəhbəri 1953-cü il təvəllüdlü Məryəm Qacar adlı azərbaycanlı qadındır. O, Fəth Əli Şah Qacarın (1772-1834) soyundandır.

Haşiyə. Şah Muhəmməd Rza Pəhləvinin (1919-1980) məşhur sərkərdələri – “Tehran qəssabı” ləqəbli general Qulam Əli Uveysi (1918-1984) Sultan Qara Yusif Qaraqoyunlunun (1355-1420), “Mavi gözlü general” ləqəbli general Nadir Cahanbani (1928-1979) isə Fəth Əli şah Qacarın (1772-1834) soyundan idi.

2)Kürd millətçiləri:

  • PJAK (Partiya Jiyana Azada Kurdistane – Kürdüstanın Azad Həyat Partiyası). 2004-cü ildə yaradılmış marksist partiyadır. Türkiyə Cümhuriyyətinə qarşı mübarizə aparan KİP-in (Kürd İşçi Partiyası və ya PKK) qanadı, yaxud elə özüdür. Bu partiya Abdullah Öcalanı öz rəhbəri kimi tanıyır.
  • İKDP (İran Kürdüstanının Demokratik Partiyası) – 1945-ci ildən İran dövlətinə qarşı mübarizə şəraitindədir.
  • İKKP (İran Kürdüstanının Komala Partiyası) – 2000-ci ildə yaranmış marksist partiyadır.
  • İKKP (İran Kürdüstanının Kommunist Partiyası). 1984-cü ildən İran İslam Respublikası ilə qarşıdurma vəziyyətindədir..

III dalğa ilə bağlı proqnozda göstərdik ki, ABŞ və silahlı qruplaşmalar İran Kürdüstanının şəhərlərinə koordinasiya olunmuş hücumlara başlaya bilərlər. Həmin şəhərlər aşağıdakılardır:

1.Kirmanşah – İranın ən böyük kürd şəhəridir. Eyni adlı ostanda yerləşir. 2016-cı ilin məlumatına görə, əhalisi 946.000 nəfərdir. Burada yaşayan kürdlərin çoxu şiədir. Onlar kürd dilinin xvarin və ya pəhləvani ləhcəsində danışırlar. Kirmanşah şəhəri ilə İraq sərhədi arasında məsafə 170 km-dir.

2.Sənəndəc – İranın ikinci böyük kürd şəhəridir. Kürdüstan ostanında yerləşir. 2016-cı il məlumatına görə, əhalisi 412.000 nəfərdir. Burada yaşayan kürdlərin çoxu sünnidir. Onlar kürd dilinin sorani ləhcəsində danışırlar. Sənəndəclə İraq sərhədi arasında məsafə 70 km-dir. Bu şəhər keçmişdə kürd üsyanlarının mərkəzlərindən olub.

3.Sakqız – Kürdüstan ostanında yerləşir. 2016-cı ilin məlumatına görə, əhalisi 226.000 nəfərdir. Burada yaşayan kürdlərin çoxu sünnidir. Onlar kürd dilinin sorani ləhcəsində danışırlar. Sakqızla İraq sərhədi arasında məsafə 159 km-dir. Sakqızda həmişə İİR-ə qarşı üsyanlar olub. Ölümü İranda 2022-2023-cü il etirazlarına səbəb olmuş Məhsə Əmini bu şəhərdən idi.

4.İlam – eyni adlı ostanda yerləşir. 2016-cı ilin məlumatına görə, əhalisi 194.000 nəfərdir. Burada yaşayan kürdlərin çoxu şiədir. Onlar kürd dilinin xvarin və ya pəhləvan ləhcəsində danışırlar. İlamla İraq sərhədi arasında məsafə 5-10 km-dir.

5.Bukan – Qərbi Azərbaycan ostanında yerləşir. 2016-cı ilin məlumatına görə, əhalisi 193.000 nəfərdir. Burada yaşayan kürdlərin çoxu sünnidir. Onlar kürd dilinin sorani ləhcəsində danışırlar. Bukanla İraq sərhədi arasında məsafə 159 km-dir.

6.Mehabad – Qərbi Azərbaycan ostanında yerləşir. 2016-cı ilin məlumatına görə, əhalisi 168.000 nəfərdir. Burada yaşayan kürdlərin çoxu sünnidir. Onlar kürd dilinin sorani ləhcəsində danışırlar. Mehabadla İraq sərhədi arasında məsafə 50 km-dir. Bu şəhərdə həmişə kürdlərin və solçuların İİR-ə qarşı üsyanları olub.

7.Mərivan – Kürdüstan ostanında yerləşir. 2016-cı ilin məlumatına görə, əhalisi 136.000 nəfərdir. Burada yaşayan kürdlərin çoxu sünnidir. Onlar kürd dilinin sorani ləhcəsində danışırlar. Mərivanla İraq sərhədi arasında məsafə 7 km-dir. Bu şəhərdə də əvvəllər İİR-ə qarşı kürd üsyanları olub.

8.Baneh – Kürdüstan ostanında yerləşir. 2016-cı ilin məlumatına görə, əhalisi 110.000 nəfərdir. Burada yaşayan kürdlərin çoxu sünnidir. Onlar kürd dilinin sorani ləhcəsində danışırlar. Şəhər hər tərəfdən 50.000 hektar meşə massivi ilə əhatə olunub. Baneh ilə İraq sərhədi arasında məsafə 5-10 km-dir.

9.İslamabade-Qərb – Kermanşah ostanında yerləşir. 2016-cı ilin məlumatına görə, əhalisi 90.000 nəfərdir. Burada yaşayan kürdlərin çoxu şiədir. Onlar kürd dilinin xvarin və ya pəhləvani ləhcəsində danışırlar. İslamabade-Qərb ilə İraq sərhədi arasında məsafə 70 km-dir.

10.Kamyaran – Kürdüstan ostanında yerləşir. 2016-cı ilin məlumatına görə, əhalisi 57.000 nəfərdir. Burada yaşayan kürdlərin çoxu sünnidir. Onlar kürd dilinin sorani ləhcəsində danışırlar. Kamyaranla İraq sərhədi arasında məsafə 5-10 km-dir.

İran Kürdüstanının digər şəhərlərindən aşağıdakıları göstərə bilərik.

Kürdüstan ostanı:

  • Qürvəh (məzhəb – sünni, ləhcə – sorani, say – 78.000 nəfər);
  • Bicar (məzhəb – şiə, ləhcə – pəhləvani, say – 50.000 nəfər),

Kermanşah ostanı:

  • Cavanrud (məzhəb – sünni, ləhcə – sorani, say – 54.000 nəfər);
  • Kəngəvər (məzhəb – şiə, ləhcə – pəhləvani, say – 51.000 nəfər);
  • Hərsin (məzhəb – şiə, ləhcə – pəhləvani, laki say – 44.000 nəfər);
  • Sahnə (məzhəb – şiə, ləhcə – pəhləvani, say – 35.000 nəfər);
  • Sərpole Zəhəb (məzhəblər: şiə – 65%, sünni – 30%, ləhcələr: pəhlivani – 65%, sorani – 30%, qorani – 5%, say – 35.000 nəfər);
  • Pavə (məzhəb – sünni, ləhcə – qorani, say – 26.000 nəfər).

Ümumiyyətlə, İran kürdləri dörd əsas qrupa bölünür: soranilər, qoranilər, pəhləvanilər, lurlar. Sorani və pəhləvani ləhcələrinin daşıyıcıları bir-birlərini anlamırlar. Pəhləvanilər və lurlar şiə, soranilər isə sünnidir. Aydındır ki, pəhləvanilərin və lurların dindar hissəsi İran iqtidarına qarşı daha loyaldır. Həm də onlarla soranilər arasında məzhəb və dil fərqləri da var. Bunlar isə İran dövlətinin xeyrinə olan amillərdir. Onu da nəzərə alaq ki, 1979-1984-cü, 1989-1996-cı və 2004-2025-ci illərdə sünni kürdlər İİR-ə qarşı silahlı üsyanlar qaldırmış, şiə kürdlər isə əksinə, İran hakimiyyətini dəstəkləmişlər.

ABŞ aviasiyası hərbi əməliyyata qoşulsa belə, təkcə kürdlərin piyada qüvvəsi kifayət etməyəcək. “İran Xalqının Mücahidləri Təşkilatı” da fəaliyyətə başlamalıdır. Döyüşçüləri gələcək savaş zonasına üç üsulla göndərə bilərlər:

1.Silahlı qruplar şəklində sərhədi keçib şəhərlər ətrafında mövqe tuturlar. Hava zərbələrindən dərhal sonra yaşayış məntəqələrinə daxil olurlar. Amma İran ordusunun dronlardan geniş istifadə etdiyini, Türkiyənin bu məsələdə İranı dəstəklədiyini, eləcə də qış fəslini (ağacların yarpaqlarının töküldüyünü) nəzərə alsaq, güman edə bilərik ki, belə yürüşlərin gizliliyini qorumaq çox çətin olacaq.

2.Hava zərbələri ilə eyni vaxtda solçu kürdlər və “İran Xalqının Mücahidləri Təşkilatı” hücuma başlayıb İraq sərhədinə daha yaxın olan yaşayış məntəqələrini ələ keçirməyə çalışırlar.

Qeyd. 1988-ci ilin iyulunda “İran Xalqının Mücahidləri Təşkilatı” İraq ərazisindən Kermanşah istiqamətində İran ordusuna qarşı məhz bu taktikanı tətbiq etmişdi. Əməliyyatın əvvəlində İraq aviasiyası hava dəstəyi verdiyinə görə, 7.000-10.000 mücahid İslamabade-Qərb şəhərinədək irəliləyə bilmişdi. Ancaq bu zaman Səddam Hüseyn İran dövləti ilə atəşkəs sazişi bağlayıb aviasiyasını geri çəkmiş, nəticədə mücahidlər darmadağın edilmişdilər. İndi isə vəziyyət fərqli ola bilər. Amma tarix ondan dərs çıxarmaq üçün öyrənilir. İran müxalifəti yəqin ki, eyni kolliziyanın təkrarlanacağını istisna etmir. Məsələ onda deyil ki, ABŞ üsyançılara xəyanət edəcək. Yox, sadəcə müəyyən obyektiv səbəblər aviasiyanın fəaliyyətinə mane ola bilər.

3.Döyüşçülər mülki şəxs kimi maskalanaraq şəhərlərdə yerləşirlər və “X” saatını gözləyirlər. Üçüncü variantın əsas çətinliyi ondadır ki, silah-sursat, fərdi müdafiə və rabitə vasitələri ayrıca keçirilməli, sonra təhlükəsizlik tələblərinə cavab verən müəyyən yerlərdə gizlədilməlidir. Bu isə yüksək dəqiqlik, koordinasiya və gizlilik tələb edir. Düzdür, silahlı İran müxalifəti belə işlərdə kifayət qədər mahirdir. Amma açıqlanma ehtimalı yenə də istisna deyil.

Nəhayət, yazımızın sonunda daha bir mümkün varianta nəzər salaq. Əvvəlki məqaləmizdə ondan ötəri bəhs etmişdik.

“ABŞ aviasiyası dəqiq zərbə ilə İranın ali dini rəhbərliyini vurur. Nəticədə, inqilab və ya üsyan olmasa belə, idarəetmə hakimiyyətin islahatçı qanadının əlinə keçir. Sonrası isə məlumdur…”

Amma ABŞ təhlilçiləri yaxşı anlayırlar ki, sözügedən variant da birmənalı və hamar deyil. Məsələ burasındadır ki, İranda ali dini rəhbəri əvvəlki rəhbərin ölümündən sonra “Məclise Xubrigan” (Mütəxəssislər Məclisi) seçir. “Məclise Xubrigan”ın 88 üzvü var. Onların hamısı İslam dinində ən yüksək dərəcəyə malikdir. Bu adamların hər biri mərceyi-təqlid, yəni ələm müctəhiddir. Həmin müctəhidləri isə “Məclise Xubrigan”a əhali 8 il müddətinə seçir. Məclisin fəaliyyətində bütün mümkün fövqəladə hallar nəzərə alınıb. İlk zərbələrdən sonra “Məclise Xubrigan”ın üzvlərindən hətta bir neçə nəfər belə qalsa, onlar öz aralarından növbəti rəhbəri seçib mübarizəni davam etdirə bilərlər. Ehtimal ki, ABŞ özü də bu qədər mərceyi-təqlidi qətlə yetirmək fikrindən uzaqdır.

P.S. Ümid edək ki, müəyyən fakt, əlamət və məntiqə əsaslanaraq qurulmuş bu proqnozların heç biri həyata keçməyəcək, bütün problemlər təkamül, danışıqlar və sülh yolu ilə həll ediləcək.

23.01.2026.

Müəllif: Araz ŞƏHRİLİ,

tədqiqatçı, araşdırmaçı-yazar.

ARAZ ŞƏHRİLİNİN YAZILARI

|>>ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

"…yazarlar, ancaq yazarlar…"