“Quş yuvası” – uşaqlıq dünyasının rəngi (Doqquzuncu yazı) Gənc rəssam Türkan Hüseynlinin “Quş yuvası” adlı rəsm əsəri ilk baxışdan sadə, hətta nağılvari görünə bilər. Lakin bu sadəliyin arxasında həm estetik duyumun, həm də incə psixoloji müşahidənin izləri aydın şəkildə sezilir. Əsər, uşağın dünyanı necə gördüyünü və necə hiss etdiyini bizə rənglər, formalar və simvollar vasitəsilə çatdırır. Rəsmin mərkəzində yerləşən kiçik taxta quş yuvası yalnız fiziki bir obyekt deyil, həm də “ev”, “sığınacaq” və “təhlükəsizlik” anlayışlarının bədii simvoludur. Yuva üzərində dayanmış rəngarəng quş isə həyatın, azadlığın və ümidin təcəssümüdür. Bu iki obraz – yuva və quş – birlikdə insan həyatının ən fundamental münasibətini ifadə edir: kök və qanad. Rənglərin seçimi burada xüsusi diqqət çəkir. Sarı, yaşıl və qırmızı tonların harmoniyası həyat enerjisini, sevinc və dinamizmi ifadə edir. Mavi dam isə sakitlik və sabitlik rəmzi kimi çıxış edir. Bu rəng balansı əsərdə emosional tarazlıq yaradır. Əsərdəki çiçəklər reallıqdan daha çox uşağın təsəvvüründə formalaşmış ideal gözəlliyi əks etdirir. Onların iri və parlaq təsviri diqqəti cəlb edir və sanki tamaşaçını bu rəngli dünyaya daxil olmağa dəvət edir. Bu yanaşma uşaqların dünyanı daha emosional və şişirdilmiş formada qəbul etməsinin bədii ifadəsidir. Quşun qeyri-adi rəng çalarları da təsadüfi deyil. Bu, real quşdan çox, xəyalın məhsulu olan bir varlıqdır – azad düşüncənin, sərhədsiz fantaziyanın simvolu. Psixoloji baxımdan “Quş yuvası” əsəri uşağın daxili ehtiyaclarını əks etdirən maraqlı nümunədir. Yuva – qorunmaq, sevilmək və qəbul olunmaq istəyinin simvoludur. Onun üzərində dayanan quş isə bu təhlükəsiz mühitdən güc alaraq dünyaya açılmağı təmsil edir. Çiçəklərlə əhatələnmiş yuva ailə mühitinin istiliyini xatırladır. Bu, uşağın ailəyə bağlılığını və sevgini rənglər vasitəsilə ifadə etməsinin göstəricisidir. Kompozisiya baxımından əsər mərkəzləşdirilmiş quruluşa malikdir. Bütün diqqət yuva və onun üzərindəki quşa yönəlir. Yan tərəflərdə yerləşən çiçəklər isə bu mərkəzi ideyanı tamamlayan dekorativ elementlər kimi çıxış edir. Fırça vuruşlarının sərbəstliyi və rənglərin bir qədər naiv tətbiqi əsərə səmimiyyət və canlılıq qatır. Bu texnika akademik dəqiqlikdən çox emosional ifadəyə üstünlük verildiyini göstərir. “Quş yuvası” yalnız bir uşaq rəsmi deyil – bu, həyatın ən sadə, amma ən dərin həqiqətlərinin bədii ifadəsidir. Türkan Hüseynli bu əsərində bizə göstərir ki, sənət yaşdan asılı deyil; əsas olan dünyaya necə baxmaq və onu necə hiss etməkdir. Bu rəsm bizə xatırladır ki, hər bir insanın daxilində bir “yuva” və bir də “uçmaq istəyən quş” var. Onları qorumaq və inkişaf etdirmək isə həyatın ən böyük sənətidir.
“Ədalət axtarma sən bu dünyada” Şair qəlbinin inciləri
İsmayıl Çeşməlinin şeirləri barədə qısa təfərrüatlarım
Şeir qəlb aynasıdır. Bu aynada şair ürəyinin çırpıntılarını aydınca görə bilirik. Bu misralarda da şair öz səmimi fikirləri ilə qəlb aynasının necə olduğunu hansı qəlbə, hansı ürəyə malik olduğunu göstərir. Bu mənada İsmayıl Çeşməlinin şerlərindəxalqın ürəyindən gələn səsləri də eşidirik, xalqın ürəyinin hansı hisslərlə, duyğularla döyündüyünü də görürük. İsmayıl Çeşməli qəlbinin inciləri onun şerlərində gün işığı kimi nəzərə çarpır. Şairin poetik fikirləri oxucunu həyacanlandırır. Gəlin bu misralara diqqət yetirək :
Gündüzlər günəşdi,gecələr Aydı, Könlümdə bəslənən çiçəkdi qadın. Gözəllik tanrıdan bil ona paydı, İçimdə yaranan istəkdi qadın.
Kövrək duyğulardan yoğrulmuş bu misralar şair ürəyinin eşqsiz , məhəbbətsiz bir an da döyünə bilmədiyinin təsdiqidir. Şair sevgi şeirlərində Füzuli, Müşfiq poeziyasının ətri rayihəsi duyulur. Və yaxud bu misralardan gələn sevgi əttini bənövşə ətri kimi ” qoxlayaq”
Ətrini ruhuma yaydı küləklər, Açıldı bəxtimdə solmaz çiçəklər. Dil açdı qəlbimdə susqun diləklər, Sən mənim gözümdə huri- mələksən.
Onun şeirlərindəki poetik anlam bu baxımdan diqqətimizdən yayınmır. Onun səmimi hisləri oxucuda xoş ovqat yaradır.
Qısa tərcümeyi-hal: İsmayıl Çeşməli (İsmayıl Qəməndər oğlu İsmayılov) 30 sentyabr 1983-cü ildə Tovuz rayonunun Çeşməli kəndində anadan olub. İlk təhsilini həmin məktəbdəki kənddə alıb, sonra təhsilini Araz Hüseynov adına Aşağı Öysüzlü kənd orta məktəbində davam etdirib. Daha sonra Tovuz Texniki Peşə liseyinin bitirib. Xüsusi hərbi təhsil alıb, 6 il Azərbaycan Milli Ordusunda gizir kimi çalışıb. Tovuz rayonunda Su Meliorasiya idarsində işləyib. Hazırda işləmir. Ailəlidir, bir övladı var. İsmayıl Çeşməlinin şeirlərində sevginin tərənnümü diqqəti cəlb edir. Qeyri təbiilik, süni notlar onun sevgi şeirlərinin ruhuna yaddır. O, şeirlərinin qəlbinin hərarəti ilə cilalayır, ictimai nüansları əsas poetik hədd kimi qabardır. Fikrimizin təsdiqi kimi bu misralara diqqət yetirək :
Gəlişin bəxtimə nur saçdı, gülüm, Ay mənim qəlbimə hakim olan qız. Lal olan arzular dil açdı, gülüm, Ay mənim qəlbimə hakim olan qız.
Qısa təfərrüatla nümunə kimi verdiyim bu misralarda istedadlı şair həyatdan güc aldığımızı heyranlıqla dilə gətirir, yaddaşımızda parlaq obrazlar yaratmaqla həm də sənət məbədində sağlam xarakterlər göstərmək məqsədi güdür.
Pisləşir, get-gedə dəyişir zaman, Qartal, o zirvədən bir daha enmə. Şeytanın cibinə giribdi insan, Qartal, o zirvədən bir daha enmə.
Bu misralarda şair dövranın gərdişindən gileylənir, qartala elə qalxdığı zirvədə qalmasını diqtə edir. Əslində, “Qartal, o zirvədən bir daha enmə” fikrində çox incə və ciddi mətləblər var və şair bunu bizə eyhamla bildirir, bizi ciddi düşündürür, ictimai həyatın nə üçün belə formada cərəyan etməsi onda dərin məyusluq doğurur.
Bulaqtək sinəmdə qaynayıb-daşdın, Sən mənim gözümdə huri-mələksən. Dəryatək titrədin, sel kimi coşdun, Sən mənim gözümdə huri-mələksən.
Buradakı fikir qatında sevgi hissi qırmızı xətt kimi görünür. Bu hiss geniş mənada hər kəsi təbdən təbə salır. Burada diqqət çəkən fikirlər oxucunu xoş duyğulara qərq edir. Və yaxud
O xumar gözündən gülən sevgilim, Gəl, mənim qeydimə qal, yavaş yeri. İstərəm uyuyum qolunun üstə, Uşaqtək laylamı çal, yavaş yeri.
Bu misralardakı poetik duyğular ümumi fikirdir. Hər şey – deyilə biləcək nə varsa, hamısı bu fikrdə cəmləşib. Tək bu “Gəl, mənim qeydimə qal, yavaş yeri” misrasındakı gerçək bəs edir ki, oxucu şairin nə dediyinin fərqinə vara bilsin.
Neştərlə xəlvətdə gözün oyacaq, Ədalət axtarma sən bu dünyada. Cəlladtək dərini vallah, soyacaq, Ədalət axtarma sən bu dünyada.
Bu misralarda da şairin kövrək, duyğuları ilə üz-üzəyik. O, burada qəlb çırpıntılarını həyata sevgidən daha çox yanlış məqsədlərə kin-küdurət kimi verir, təəssüflə “Ədalət axtarma sən bu dünyada” deyir. Bu isə hamımızın bildiyimiz həqiqətdir…
Mötəbər bir addı, mənalı sözdü, Hər yetən adama müəllim demə. Gur yanan çıraqdı, sönməyən közdü, Hər yetən adama müəllim demə.
Burada ürəklərə meh kimi düşən bir sözün – “müəllim” sözünün nə qədər müqəddəs olması diqqət çəkir. Şair bu anlamda sanki hayqırır ki, hər yetənə müəllim deməyin. Çünki bu sözü hörmətdən salmış olarıq…
Şairlər məskəni, saz-söz diyarı, Həmişə ucadır başı Tovuzun. Tanıdım sizlərə aşıq Xanları, Tarixdən bəllidir yaşı Tovuzun.
Doğulduğu yurdun böyüklüyünə, görkəmli sənətkarlarına sevgi hissi İsmayıl Çeşməlinin ədəbi ehtiramıdır. Yurd adını babalarımız da həmişə müqəddəs tutub, elə şair də bu adı müqəddəs hesab edir.
Əzəldən vurğunam incə gülüşə, Cəlladtək canımı aldın, a gözlər. Dodağı məst edən bircə öpüşə Xəlvətcə könlümü çaldın, a gözlər.
İsmayıl Çeşməli bu misralarda can alan gözlərin əslində, həm də yaxıcı, nifrət dolu baxıçlarla süsləndiyini demək istəyir. Oxucu da elə şairin dediklərini eyni sevgi hissi ilə qavrayır, bu misralarda milli xüsusiyyətlər görür. Bu bənddəki poetik görüntü bir insanın həyata nə qədər sevgi ilə yanaşması faktı ilə diqqət çəkir.
Göründüyü kimi, nümunə gətirdiyim şeir parçalarında istedadlı şair İsmayıl Çeşməli sözü sanki əvvəlcə su kimi içir, sonra da ruhumuza elə üfürür ki, gözlərimiz məmnunluq hissi ilə dolur. İsmayıl Çeşməlinin şeirlərində bizi heyran qoyan ədəbi göstəricilərdən biri də onun güclü müşahidələri, eyni ədəbi təfsilatla xarakterizə etdiyi ictimai nüanslardır. Və ən nəhayət, demək istəyirəm ki, İsmayıl Çeşməli halal söz adamıdı, sözünün qüdrətilə seçilən söz sahibidir. O, həm də ürək adamıdır, doğulduğu torpağa, yurd yerinə bağlı adamdır. Doğma Tovuza yazdığı ” Tovuzun” şeirilə o, özünün Vətən sevgisini, yurd sevgisini bir daha anlatmışdır.
Şairlər məskəni , saz-söz diyarı, Həmişə ucadır başı Tovuzun
Və yaxud Bülbüllər məftundur bağında gülə, Qızıldan üstündür daşı, Tovuzun.
Bəli İsmayıl Çeşməlinin hər şeirində, hər misrasında ilahi bir nur var. Bu nurun işığında onun könül dünyası ilə az- çox tanış ola bildim. Onu da hisselədim ki, İsmayıl Çeşməli olduqca duyğulu şairdi. Duyğuları bulaq kimi qaynayır. Şairin şeirlərindən bəzi nümunələri nəzərdən keçirdim, fikrimi bildirdim, poetik dünyasına könül ziyarəti elədim. Şözlə nəfəs alan şairin şeirlərindən onu da anladım ki, İsmayıl Çeşməli şeir yazmaq üçün dünyaya gəlib. Dünyaya xoş gəlib , şair. Yaz-yarat böyük sənətkar. Sənin işıqlı şeirlərinə ədəbiyyatımızın böyük ehtiyaçı var. Yeni şeirlərinlə dünyamızı , həm də poeziya sevərlərin qəlbini nura döndər.
Hüseyn İsaoğlu, yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü
“Pinqvin balası” – uşaq təxəyyülünün saf və isti dünyasına açılan pəncərə (Səkkizinci yazı) Gənc rəssam Türkan Hüseynli-nin “Pinqvin balası” adlı əsəri ilk baxışdan sadə, hətta uşaqcasına nağılvari görünə bilər. Lakin bu sadəliyin arxasında həm estetik zövq, həm də dərin emosional qatlar gizlənir. Bu əsər yalnız bir heyvan (quşun) təsviri deyil – o, uşaqlığın saflığını, sevincini və qorunmağa ehtiyac duyan incə dünyasını ifadə edən vizual bir poetikadır. Tabloda təsvir olunan balaca pinqvin obrazı minimal detallar vasitəsilə yaradılıb. Qara və ağ rənglərin klassik kontrastı üzərində qurulan kompozisiya, qırmızı papaq və şərf vasitəsilə canlandırılıb. Bu rəng seçimi təsadüfi deyil: qırmızı istiliyi, sevgini və həyat enerjisini simvolizə edir. Soyuq iqlimdə yaşayan pinqvinin üzərindəki bu isti rənglər sanki insan qayğısının və diqqətinin rəmzinə çevrilir. Sadə xətlər, yumşaq formalar və böyük gözlər obrazı daha da canlı və emosional edir. Bu üslub uşaqların dünyanı qavrama formasına yaxındır – konkretlikdən çox hissiyyat üstünlük təşkil edir. Psixoloji baxımdan “Pinqvin balası” əsəri təhlükəsizlik və sevgi ehtiyacını əks etdirir. Balaca və müdafiəsiz görünən obraz üzərindəki papaq və şərf vasitəsilə “qorunma” mesajı verir. Bu isə uşağın ailə mühitində hiss etdiyi isti münasibətlərin simvolik ifadəsidir. Pinqvinin iri, işıqlı gözləri isə diqqətəlayiqdir. Bu gözlər tamaşaçı ilə birbaşa emosional əlaqə yaradır. Sanki o, baxan şəxsdən sevgi və diqqət gözləyir. Bu xüsusiyyət uşaq rəssamlığının ən güclü tərəflərindən biridir – səmimiyyət və birbaşa emosional ünsiyyət. Fonun sadə, açıq rəngdə saxlanılması əsas obrazı ön plana çıxarır. Bu üsul klassik rəssamlıqda da tez-tez istifadə olunur: diqqət yayındırıcı elementlərdən qaçaraq əsas ideyanı vurğulamaq. Türkan Hüseynlinin bu yanaşması onun intuitiv olaraq kompozisiya qanunlarını hiss etdiyini göstərir. Qar dənəciklərini xatırladan xırda ağ nöqtələr isə əsərə dinamika qatır. Bu elementlər həm qış atmosferi yaradır, həm də kompozisiyaya poetik bir yüngüllük verir. “Pinqvin balası” yalnız şirin bir obraz deyil. O, həm də: -uşaqlığın təmizliyini, -qayğı və sevgiyə olan ehtiyacı, -sadəlikdə gizlənən gözəlliyi simvolizə edir. Balaca pinqvin – zəif, lakin ümid dolu bir varlıqdır. Onun üzündəki sakit ifadə isə dünyaya inamı və təhlükəsizliyə olan ehtiyacı əks etdirir. Türkan Hüseynlinin “Pinqvin balası” əsəri göstərir ki, böyük sənət yalnız mürəkkəblikdə deyil, bəzən ən sadə formaların içində gizlənir. Bu tablo uşağın daxili dünyasının güzgüsü, sevgi və qayğının vizual ifadəsidir. Bu əsər tamaşaçıya bir sual ünvanlayır: biz öz daxilimizdəki o saf və səmimi “balaca varlığı” qoruyub saxlaya bilirikmi? Məhz bu sual əsəri sadəcə bir rəsmdən çıxarıb, düşüncəyə və hissə çevrilən sənət nümunəsinə çevirir.
Çingiz Abdullayevin əsərlərinin dünya və Azərbaycan ədəbiyyatında detektiv janrın inkişafında rolu
Detektiv janr dünya ədəbiyyatında uzun inkişaf yolu keçmiş, müxtəlif mərhələlərdə yeni məzmun, forma və estetik prinsiplərlə zənginləşmişdir. Bu janrın əsas xüsusiyyəti cinayət, sirr və onun açılması üzərində qurulsa da, zaman keçdikcə o, yalnız kriminal hadisələrin təsviri ilə kifayətlənməyərək sosial, psixoloji və fəlsəfi problemləri də əhatə edən geniş bir ədəbi sahəyə çevrilmişdir. Azərbaycan ədəbiyyatında isə detektiv janr nisbətən gec formalaşmış, lakin XX əsrin sonlarından etibarən sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu inkişafda müstəsna rol oynayan yazıçılardan biri də Çingiz Abdullayev olmuşdur. Çingiz Abdullayevin yaradıcılığı yalnız Azərbaycan ədəbiyyatı çərçivəsində deyil, həm də dünya detektiv ədəbiyyatı kontekstində xüsusi əhəmiyyət kəsb edir. Onun əsərləri müxtəlif dillərə tərcümə olunmuş, geniş oxucu auditoriyası qazanmış və detektiv janrın yeni mərhələyə keçidində mühüm rol oynamışdır. Bu məqalədə yazıçının yaradıcılığı, detektiv janra gətirdiyi yeniliklər və onun dünya ədəbiyyatındakı yeri geniş şəkildə təhlil olunur. Detektiv janrın əsasları XIX əsrdə qoyulmuşdur. Bu sahədə ilk nümunələrdən biri Edgar Allan Poe tərəfindən yaradılmışdır. Onun “Morq küçəsində qətl” əsəri detektiv janrın başlanğıcı hesab olunur. Onun qəhrəmanı Ogüst Düpen analitik düşüncənin simvolu kimi çıxış edir və sonrakı detektiv obrazları üçün əsas model rolunu oynayır. Daha sonra Artur Konan Doyle tərəfindən yaradılan Şerlok Holms obrazı detektiv janrın klassik strukturunu formalaşdırmışdır. Holmsun müşahidə qabiliyyəti, məntiqi təhlili və qeyri-adi yanaşmaları janrın əsas xüsusiyyətlərinə çevrilmişdir. XX əsrdə isə Agatha Christie kimi yazıçılar detektiv janrı zirvəyə qaldırmış, mürəkkəb süjet quruluşu və gözlənilməz final ilə oxucuları heyran etmişlər. Bu mərhələdə detektiv janr artıq yalnız cinayət açmaq deyil, həm də insan psixologiyasını, sosial münasibətləri və mənəvi dilemmanı əks etdirən ədəbi sahəyə çevrilmişdir.
Ədəbiyyatın elmi, bədii dəyəri onun intellektual səviyyəsindən asılıdır. Müasir oxucu nağıl, hekayə, əfsanə, öyüd-nəsihət dolu əsərlərlə artıq “razılaşmır”. Alimlərimiz fikirlərində haqlıdır ki, “…müasir oxucu təfəkkürcə çox inkişaf etmişdir, o, sözün əsl mənasında mütəfəkkir oxucudur. O, ağlını, emosiyalarını zənginləşdirməyən əsərləri rədd edir. Kitab, qəzet, radio, televiziya və başqa kütləvi bilik və məlumat vasitələrinin son dərəcə inkişaf etmiş olduğu indiki dövrdə oxucuları primitiv söz yığını ilə əyləndirmək olmaz”. Hər oxucu təfəkkürünə və emosiyalarına təsir etmək və onu düşündürmək gücünə malik olmalıdır: “Sadədən tutmuş mürəkkəbə qədər hər şeyin ağıl süzgəcindən keçirildiyi zəmanəmizdə zəruriliyi və həqiqiliyi sübut olunmamış heç bir müddəa zehinlərə təsir edə bilməz. İndi oxucuların seçmə və ayırdetmə qabiliyyətləri müstəsna dərəcədə artmışdır” (Z. Göyüşov). Dünya ədəbiyyatında elə nadir sənətkarlar vardır ki, yaratdığı əsərlər geniş bədii təsir gücünə, zəngin məzmuna malikdir. Bu əsərlər xalq, millət çərçivəsindən çıxıb, ümumdünya mədəniyyətinin tərkib hissəsinə çevrilir, ümumbəşəri şöhrət qazanır. Onların bir çoxu dünya ədəbiyyatının şah əsərləri siyahısına daxildir: Homerin “İliada”sı, “Odisseya”sı, Nizaminin “Xəmsə”si, Hötenin “Faust”u, Dantenin “İlahi komediya”sı, Füzulinin “Leyli və Məcnun”u, Firdovsinin “Şahnamə”si… buna parlaq nümunədir.
Azərbaycan ədəbiyyatında detektiv janrın inkişafı əsasən XX əsrin ikinci yarısına təsadüf edir. Sovet dövründə bu janr ideoloji çərçivədə inkişaf etsə də, müstəqillikdən sonra daha sərbəst və realist xarakter almışdır. Bu dövrdə detektiv əsərlərdə cinayət hadisələri ilə yanaşı, cəmiyyətin problemləri, korrupsiya, siyasi oyunlar və insan taleləri də əks olunmağa başlanmışdır. Məhz bu mərhələdə Çingiz Abdullayevin yaradıcılığı Azərbaycan detektiv ədəbiyyatına yeni nəfəs gətirmişdir. O, klassik detektiv elementlərini müasir siyasi və sosial reallıqlarla birləşdirərək janrın sərhədlərini genişləndirmişdir. Çingiz Abdullayevin əsərlərində əsas mövzular dünyada baş verən kriminal hadisələrdir. Cinayət aləmindən götürülən bu mövzular təkcə bir şəhər, ölkə daxilində deyil, dünyada baş verən hadisələrdən qaynaqlanır. Dünya oxucusuna təqdim olunan cinayətkarların dövləti, milli mənsubiyyəti yoxdur. Onlar qrup, təşkilat halında olduğu kimi, tək-tək də öz çirkin əməllərini, arzularını həyata keçirmək üçün hər cür cinayətlərə əl atırlar. Çünki onlar öz istəklərinə çatmaq üçün ölkəsini, üstündə gəzdiyi torpağı, çörəyi ilə böyüdüyü vətəni satmağa hazır qeyri-insani keyfiyyətlərə malik adamlardır. Onlara qarşı mübarizə aparanlar haqq-ədalət naminə sinəsini düşmən gülləsinə sipər edənlərdir. Cinayətkarlara qarşı mübarizədə birləşən dünya dövlətlərinin xüsusi təşkilatları vardır və onlar belə cinayətkar qruplara, mafiya təşkilatlarına qarşı mübarizədə mütəşəkkil fəaliyyət göstərirlər.*** Çingiz Abdullayevin əsərlərinin əsas xüsusiyyətlərindən biri onların yüksək intellektual səviyyədə yazılmasıdır. Onun əsərlərində hadisələr sadəcə kriminal süjet üzərində qurulmur, eyni zamanda beynəlxalq siyasət, diplomatiya, xüsusi xidmət orqanlarının fəaliyyəti və geosiyasi münasibətlər geniş şəkildə təsvir olunur. Yazıçının yaratdığı Dronqo obrazı dünya detektiv ədəbiyyatında xüsusi yer tutur. Dronqo yalnız cinayətləri açan bir detektiv deyil, həm də analitik düşüncə qabiliyyətinə malik, yüksək intellektual səviyyədə fəaliyyət göstərən bir obrazdır. Bu baxımdan o, klassik detektiv obrazlarından fərqlənir və daha müasir xarakter daşıyır. Çingiz Abdullayevin detektiv janra gətirdiyi yenilikləri bir neçə istiqamətdə nəzərdən keçirmək olar:
Siyasi detektiv janrın inkişafı. Onun əsərlərində cinayət hadisələri çox vaxt beynəlxalq siyasətlə əlaqələndirilir. Bu isə detektiv janrın yeni – siyasi detektiv istiqamətinin inkişafına səbəb olmuşdur.
Psixoloji dərinlik. Yazıçı personajların daxili aləmini dərindən açır, onların motivlərini və psixoloji vəziyyətlərini təhlil edir. Bu, əsərlərin daha realist və təsirli olmasına səbəb olur.
Real hadisələrə əsaslanma. Çingiz Abdullayevin əsərləri çox vaxt real faktlara və hadisələrə əsaslanır. Bu isə oxucuda daha böyük inam və maraq yaradır.
Qlobal məkan. Onun əsərlərində hadisələr yalnız bir ölkə ilə məhdudlaşmır, müxtəlif ölkələrdə baş verir. Bu isə əsərlərə beynəlxalq miqyas qazandırır.
Çingiz Abdullayevin əsərləri dünyanın bir çox dillərinə tərcümə olunmuş və geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanmışdır. Bu, onun yaradıcılığının yalnız milli deyil, həm də qlobal əhəmiyyət daşıdığını göstərir. Onun əsərləri dünya detektiv ədəbiyyatında yeni bir istiqamətin – siyasi və intellektual detektivin formalaşmasına töhfə vermişdir. Bu baxımdan o, Agatha Christie və Artur Konan Doyle kimi klassik detektiv ustalarından fərqli olaraq daha müasir və mürəkkəb mövzulara müraciət etmişdir. Azərbaycan ədəbiyyatında Çingiz Abdullayev detektiv janrın ən parlaq nümayəndələrindən biri hesab olunur. Onun əsərləri bu janrın inkişafına böyük təkan vermiş, yeni yazıçıların yaranmasına təsir etmişdir. Yazıçının əsərlərində milli xüsusiyyətlər, Azərbaycan reallıqları və cəmiyyətin problemləri də öz əksini tapır. Bu isə onun yaradıcılığını daha dəyərli və əhəmiyyətli edir.
Çingiz Abdullayevin şəxsiyyəti, həyatı haqqında oxucuları ətraflı bilgilərə malik olmalıdır. Hər bir oxucu əsərini oxuduğu yazıçının şəxsi həyatı ilə maraqlanır. Mir Cəlal yazır ki, “sənətkarın həyatı, tərcümeyi-halı, ona olan ictimai təsirlər təhlil obyektində əhatə olunmalıdır. Tədqiqatın bu cəhəti elmi, tarixi əhəmiyyətindən başqa, xüsusən tərbiyəvi məna kəsb etmiş olur. Məlum olduğu üzrə, ədəbiyyat klassiklərinin çoxunun şəxsi həyatı, məişəti, zövqü, rəftarı, insanlara münasibəti, ünsiyyəti həmişə böyük maraq doğurur. Oxucuların çoxu sənətkarın məişətini bilməyə, öyrənməyə maraq, rəğbət göstərir”. Detektiv romanlar müəllifi kimi tanınan Çingiz Abdullayev tələbəlik illərindən mətbuatla yaxın olmuş, “Komsomol proyektoru” qəzetinin baş redaktoru və hüquq fakültəsi idman klubunun prezidenti seçilmişdir. 1979-cu ildə Qazaxıstanın paytaxtında və 1980-ci ildə Lvovda hüquqşünasların Ümumittifaq müsabiqələrində birinci yerləri tutmuşdur. 1981-ci ildə universiteti bitirdikdən sonra SSRİ Aviasiya Sənayesi Nazirliyinin müəssisələrində, 1984–1986-cı illər ərzində xaricdə işləmiş, iki dəfə yaralanmış, “Qırmızı bayraq”, “Qırmızı ulduz” ordenləri, medallarla təltif olunmuş yazıçı Bakıya qayıtdıqdan sonra Dövlət Təhlükəsizlik Komitəsi, prokurorluq, polis idarəsi kimi hüquq-mühafizə orqanlarına məsul vəzifələrə irəli çəkilmişdir. Yerli və keçmiş Sovetlər Birliyinin mətbu orqanlarında müntəzəm bədii yazıları ilə çıxış edən yazıçının “Mavi mələklər” adlı ilk kitabı 1988-ci ildə çapdan çıxmışdır.
Detektiv əsərlər müəllifi Ç. Abdullayevin əsərlərinə həm yaşlı, orta nəslin, həm də gənclərin marağı böyükdür. Yaxından tanıyan dostları onun yazıçılıq istedadı haqqında yaxşı deyib ki, onda “Allah vergisi var” və bu vergi onu böyük ilham və enerji ilə çalışmağa vadar edir. Bu “misilsiz zəhmətkeşliyi əlli yaşına qədər” onu məşhur yazıçı etdi — “bütün dünyanın tanıdığı detektiv yazıçı” (Natiq Rəsulzadə). Ədəbi fəaliyyətinə tələbəlik illərindən başlayan Ç. Abdullayev dövri mətbuatda oçerk, məqalə, detektiv janrda yazdığı əsərləri ilə müntəzəm çıxış edir, Azərbaycan, rus, ingilis dilində yazıb-yaradır. İngilis, italyan dillərində sərbəst danışan yazıçının əsərləri müxtəlif dillərə tərcümə olunmuşdur. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 20 milyon nüsxədə olan 600-dən çox kitabının dünyada yayıldığı bildirilir. Azərbaycanda baş verən hadisələri özündə əks etdirən “Ləğv edilmiş mərasim”, “Alçaqların qanunu”, Qarabağ hadisələrindən bəhs edən “Kriminal komediya”, “Şəxsi həyatın etüdləri”, “Şərəfsizliyin qiyməti”, “İnsan ovu”, sənədli “Qara Yanvar”, “Peşəkarların qaydası”, “Nifrət okeanı” kimi yüzədək romanın müəllifi kimi tanınır. “Bankirin ölümü”, “Günəş altında zülmət”, “Mavi mələklər”, “Əclafların qanunu”, “Qanın üç rəngi”, “Məhşər ayağında”, “Etiraflar vadisi”, “Centelmen sövdələşməsi”, “Quba kapriççosu”, “Döyüşçünün yolu” və s. əsərləri Azərbaycan dilindədir. Ç. Abdullayevin özünəməxsus yaradıcılıq yolu var, kimsənin açdığı yolla getməyib. O, elmi, biliyi ilə, böyük ruh yüksəkliyi ilə cisminə sığmayan ruhu ilə o əsərlərin içindədir, o əsərlərinin sanki baş qəhrəmanıdır. XVII əsrin ispan yazıçısı və mütəfəkkiri Baltasar Qrasian yazırdı: “Ruh yüksəkliyi… qəhrəmanın ən əsas atributlarından biridir, çünki yüksək şeylərin hamısına məhəbbəti daha da alovlandırır: zövqə incəlik, ürəyə böyüklük, fikirlərə qanad, xarakterə alicənablıq, şəxsiyyətə əzəmət verir. Ruh yüksəkliyi nə vaxt peyda olursa-olsun, onu o saat hiss edəcəksən. Hətta paxıl fələk onu zülmə düçar edəndə imkanlar məhdudlaşsa da, o göylərə can atır, arzularla böyüyür. O, mərdliyin, fədakarlığın bütün nümunələrinin mötəbər mənbəyidir”. Yaradıcılığındakı bu ruh yüksəkliyi Çingiz Abdullayevə Dronqo kimi ədəbiyyata səs salacaq obrazı yaratmağa kömək edib. Əsrin ən məşhur detektivini yaratmaq Azərbaycan ədəbiyyatının nümayəndəsinə qismət olub. Çingiz Abdullayev əsərləri geniş oxucu kütləsinin ən çox maraq göstərdiyi əsərlərdir. Hazırda tirajı 23 milyon nüsxədən artıq və 27 dilə tərcümə olunmuş 138 roman və povestin müəllifi Ç. Abdullayevin kitabları əsasında yeddi çoxseriyalı və bir bədii film çəkilmişdir: “Dronqo” (13 seriya) “Yol verilən günah” (2 seriya) “Son diaqnoz” (2 seriya) “Mileniumda bir dəfə” (2 seriya) “Əclafın dəsti-xətti” (2 seriya) “Manyakın idrakı” (2 seriya) “Ümidin külü” (20 seriya) 2006-cı ildə “Azərbaycanfilm” kinostudiyasında Çingiz Abdullayevin romanı əsasında “Məhkumların cənnəti” filmi çəkilmişdir. Yazıçının əsərləri “Qrand-master”, “Humay”, “Qızıl qələm”, “Şərəf və ləyaqət” mükafatları ilə yanaşı, “Dronqo” filmi “Qanun və cəmiyyət” adlı Moskva Beynəlxalq detektiv filmləri kinofestivalının prizinə layiq görülmüş, 2004-cü ildə alman kitab nəşriyyatının “Avropa romanının inkişafına töhfələrinə görə” mükafatına layiq görülmüşdür. Ç. Abdullayev Avropa yazıçılarının “Avrovavilon-2000” səfərinin iştirakçısıdır. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar Birliyinin təşkilati məsələlər üzrə katibi, hal-hazırda Birinci katibi vəzifəsində çalışır. 1992-ci ildə PEN-klubun vitse-prezidenti, 1994-cü ildən SAKS-klubun prezidenti, 2003-cü ildə Beynəlxalq Ədəbi Fondun yanvar konfransında Ədəbi Fondun müştərək sədri, 2005-ci ildə Yazıçılar İttifaqları Beynəlxalq Cəmiyyətinin sədr müavini, 2011-ci ildən PEN-klubun prezidenti seçilən yazıçı 2005-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə “Xalq yazıçısı” adına layiq görülmüşdür. Hüquq elmləri sahəsində fəaliyyəti böyükdür. Hüquq elmləri doktoru, professordur. “Bir sıra beynəlxalq yaradıcılıq qurumlarının işində də səmərəli fəaliyyəti ilə yanaşı, öz şəxsi elmi və yaradıcılıq işlərini qurmaqda fövqəladə bacarıq və geniş özünüifadə imkanlarına malik olduğunu da nümayiş etdirib və etdirir” (Xeyrulla Əliyev). Yazıçının istedadı onun yaratdığı əsərlərin öz xalqı, eləcə də dünya oxucuları arasında qazandığı şöhrəti ilə ölçülür. Həqiqi sənətkar dövrünün, zəmanəsinin oxucularını düşündürən, heyrətə gətirən fikri, yeni hissi, əsərinin tutumu ilə parlayır. “Bu parıltı illər keçdikcə nəinki sönür, əksinə, yeni bir qüvvə ilə şölələnib yanır. Nə qərinələrin boranlı və coşqun hadisələri, nə də ki, illərin və əsrlərin soyuqluğu bu hərarəti azalda bilmir. İllər bir-birini təqib edib keçir, tarix hökmünü, sular yatağını, torpaq simasını dəyişirsə də, sənətin hökmü gücündə, sözün qərarı qüvvəsində… yerində qalır” (M. Əliyev). Detektiv janr bədii ədəbiyyatın maraqlı qollarından biri olub son əsrlərdə daha çox inkişaf etməyə başlayıb. Dünyanın hər yerində baş alıb gedən bir sıra çətinliklər, bəşəriyyəti ağuşuna almaqda olan “ağ ölüm”ün gətirdiyi fəlakətlər, ictimai–siyasi ziddiyyətlər, güclü iqtisadi, sosial gücə malik dövlətlərin yeritdiyi hegemon siyasət nəticəsində törədilən münaqişələr, müharibələr, terror aktları detektiv əsərlərin məzmununu təşkil edir.
Çingiz Abdullayev yaradıcılığı siyasi kəskinliyi və tarixiliyi, xəlqiliyi ilə seçilir. O, ədəbiyyatımıza detektiv janrın ən gözəl nümunələrini gətirən, onu inkişaf etdirən, bu janrın Azərbaycan ədəbiyyatında ən gözəl nümunələrini yaradan məhsuldar yazıçıdır. İstər Azərbaycan, istər beynəlxalq mövzudan istifadə etmiş olsun, bu əsərlərdəki həyat həqiqətləri müəyyən dövr üçün səciyyəvi olan məsələlərlə bağlıdır. Bu əsərlərdə dünyanın nəzər-diqqətini cəlb edən məsələlər əsasdır. Əsrin sonlarında dağılmış SSRİ və digər sosialist ölkələrin iqtisadi və siyasi həyatında çox ciddi böhranlar, xalqların yaşadığı məhrumiyyət və işgəncələr, özbaşınalıqlar və bundan istifadə edən qüvvələrin cəmiyyətdə törətdikləri qətllər, qarətlər öz əksini tapır. Romanlarında mühüm ictimai-siyasi hadisələri əhatə edən mürəkkəb bir dövrün problemləri vardır. Həyat materiallarına lazımınca yiyələnən yazıçı bu janrın tələblərinə də dərindən bələd olduğundan qazandığı uğurlar çoxdur. Yuxarıda qeyd etdiyimiz kimi, Çingiz Abdullayev məhsuldar yazıçıdır. Onun sayı-hesabı bilinməyən əsərlərinin yaranmasında, işıq üzü görməsində əsas amil istedadı ilə yanaşı yorulmazlığı, zəhmətsevərliyi, hədsiz enerjisidir. Yaxın dostu, xalq yazıçısı Anar onun zəhmətsevərliyinə yaxşı bələddir. Çingizlə gecə avtobusunda Madriddən Barselonaya getdikləri günü xatırlayan yazıçı bütün gecəni, bütün yol boyu onun “noutbukunda” işlədiyini yada salır. Gündüzlər şəhərə çıxıb, muzeyləri gəzib, axşam yenə Madridə qayıdan yazıçının yenə də işlədiyini görən Anar etiraf edir ki, “yuxusuz və istirahətsiz yazmaq inanılmaz xüsusiyyətdir və bu hörmətə layiq olduğu qədər də heyrətamizdir. Bu, təkcə söz seçmək, fraza qurmaq bacarığı deyil. Kəskin süjetlər düşünmək, müxtəlif həyati həqiqətləri bədii həqiqətə çevirmək xüsusi məharət tələb edir”. 65 illik ömründə, otuz illik yaradıcılığı dövründə Çingiz Abdullayev əsərləri ilə dünyanı “fəth” etmişdir. Səyavuş Məmmədzadə “Ömrün ekvatoru və sözün meridianları” məqaləsində yazır: “Əlli yaşı ömrün ekvatoru saymaq olar. Bu yazının səbəbkarına şamil ediləndə həmin təşbeh yalnız məcazi mənada deyil, hərfi mənada da düşünülə bilər. Çünki Ç. Abdullayevin təxminən otuz il ərzində yazdığı əsərlərin yayıldığı ölkələr, keçdiyi yollar nəzərə alınsa, demək olar ki, yer kürəsini qurşayar… Bizim söz sənətimizin tarixində, yəqin ki, belə bir qələm sahibi olmamışdır… Onilliklərlə Çingizin əsərlərinə dünyanın hər yerində, Rusiyanın, Avropanın baş bilən oxucuları, eləcə də sənət adamlarının göstərdiyi tükənməz maraq bir sabit, həqiqi istedaddan, fenomendən xəbər verir”. Çingiz Abdullayev — Azərbaycan yazıçısı olaraq dünya yazıçısı kimi dünya oxucularının hörmət və ehtiramını qazanmışdır. Ümumbəşəri ideyalarla zəngin Azərbaycan ədəbiyyatı bəşəriyyətin mənəvi tərəqqisinin də ifadəçisidir. Ədəbi əlaqələrin qüvvətlənməsi, xalqlar arasında sülh, əmin-amanlıq, dostluq kimi humanist hisslər tərbiyə edən Azərbaycan ədəbiyyatının həm SSRİ ərazisindəki xalqlarla, həm də xarici ölkə xalqları ədəbiyyatı ilə əlaqəsinin zəngin və qədim tarixi var. Kökü çox qədimlərə gedib çıxan, sərhədləri bilinməyən Azərbaycan ədəbiyyatının ən qiymətli mənbələri Amerika, İngiltərə, Almaniya, Fransa, Rusiya, Türkiyə, Çin, Şərqin ən böyük mədəni ölkələrindədir — muzeyləri, kitabxanaları, əlyazmalar mərkəzini zənginləşdirir. Avropa, Asiya, Afrika, Amerikada Azərbaycanın mədəniyyətinə, ədəbiyyatına böyük maraq var. Azərbaycan poeziyası kimi onun elmi, fəlsəfi, bədii nəsri də dünya oxucularına məlumdur. Əsası Mirzə Fətəli Axundov tərəfindən qoyulan Azərbaycan nəsrinin bu gün müxtəlif növlərdə dəyərli nümunələrinin yaranması qürur doğurur. Baxmayaraq ki, poeziyamıza nisbətən nəsrimiz son yüzilliklərdə yaranmağa başladı. Tezliklə Axundovun, Cəlil Məmmədquluzadənin bütün Şərqi qəflət yuxusundan oyadan əsərləri yarandı. Azərbaycan ədəbiyyatı Avropa, Asiya bədii nəsrinin sıralarında şərəfli yer tutacaq nümayəndələri ilə tanındı. Əbdürrəhim bəy Haqverdiyev, Tağı Şahbazi Simurğ, Süleyman Sani Axundov… nəsr, dram əsərləri ilə İran, Türkiyə, Zaqafqaziya, Qafqaz, Rusiya ədəbi mühitində tanındı. XX əsrin əvvəllərində Məmməd Səid Ordubadi Azərbaycan nəsrinə iri həcmli dəyərli nəsr əsərləri bəxş etdi. Tezliklə Süleyman Rəhimov, Əbülfəsən Ələkbərzadə, Mehdi Hüseyn, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı, İsa Hüseynov, Anar, Elçin… ədəbiyyata gəldi. Onların əsərləri dünya oxucularına da yaxşı tanışdır. Bu da göstərir ki, Azərbaycan bədii təfəkkürü istər poetik, istər dramatik, istərsə də nəsr sahəsində qüdrətli nümunələr yarada biləcək qabiliyyətə malikdir. Çingiz Abdullayev ədəbi nəsrimizdə detektiv janrın inkişafında böyük rolu olan yazıçıdır və dünya oxucularına yaxşı tanışdır.
Çingiz Abdullayevin əsərlərində əsas ideya xətti ədalət, həqiqət və insanlıq prinsipləri üzərində qurulmuşdur. Onun qəhrəmanları çox vaxt çətin seçim qarşısında qalır və bu seçimlər onların xarakterini formalaşdırır. Əsərlərdə istifadə olunan dil sadə, lakin təsirlidir. Süjet xətti dinamikdir və oxucunu sonadək maraq içində saxlayır. Bu xüsusiyyətlər onun əsərlərini geniş oxucu kütləsi üçün cəlbedici edir. Bəzi tənqidçilər Çingiz Abdullayevin əsərlərində hadisələrin bəzən həddindən artıq mürəkkəbləşdirildiyini qeyd etsələr də, bu, əslində onun yaradıcılığının fərqləndirici xüsusiyyətidir. Çünki müasir dünya reallıqları da mürəkkəb və çoxşaxəlidir. Digər tərəfdən, onun əsərlərində bəzən ideoloji elementlərin güclü olması da qeyd olunur. Lakin bu, yazıçının yaşadığı dövrün və cəmiyyətin təsiri kimi qiymətləndirilə bilər. Çingiz Abdullayev detektiv janrın həm Azərbaycan, həm də dünya ədəbiyyatında inkişafına mühüm töhfə vermişdir. Onun əsərləri bu janrın sərhədlərini genişləndirmiş, ona yeni məzmun və forma qazandırmışdır. Yazıçının yaradıcılığı göstərir ki, detektiv janr yalnız cinayət və onun açılması ilə məhdudlaşmır, eyni zamanda cəmiyyətin problemlərini, insan psixologiyasını və beynəlxalq münasibətləri əks etdirən güclü ədəbi vasitədir. Çingiz Abdullayevin əsərləri gələcək nəsillər üçün də aktual olaraq qalacaq və detektiv janrın inkişafında mühüm rol oynamaqda davam edəcəkdir. Sözümüzü Xalq şairi Vaqif Səmədoğlunun bu fikirləri ilə bitirmək istərdik: «… o, keçmiş SSRİ məkanında və bütün dünyada ən çox tanınmış Azərbaycan yazıçılarından biridir. Mən onun qədər zəhmətkeş, deyərdim ki, zəhmət fədaisi görməmişəm… Çingizin pərəstişkarları çoxdur, yalnız Azərbaycanda və keçmiş SSRİ məkanında yox, deyərdim ki, bütün dünya miqyasında Çingiz Abdullayev yaradıcılığını analitik dərəcədə sevən oxucu var. Bununla bizim hamımızın qürur duymağa və fəxr etməyə tam haqqımız var».
Səməd Vurğunun Hüseyn Cavidə yazdığı “Səadət düşmənlərinə” şeirindən yazmışdım.Tanıdığım üçün deyirəm; Hüseyn Cavidin qızı Turan xanımın atasının düşmənlərinə qarşı münasibəti çox prinsipial olub.Əslində, Cavidin 1937- ilin represiyasına gələn yolu çoxdan başlayıb.Onun düşmənləri əslində Cavidin istedadının düşmənləri olub.Turan xanım atasının düşmənlərini tanıyırdı.Amma 37-ci ildə,Cavidin yaxın dostlarının, Cavidin süfrəsində cörək kəsənlərin Bağırovun və sistemin qorxusundan Cavidin ailəsinə dönük çıxması Turan xanıma daha çox əzab verib.Həmin adamların kimliyini çoxları bilir,amma adları bilinməyənlər də var.Adları əksər insanlara məlum olmayan dönüklərin kimliyini yalnız Cavid ailəsinə və Turan xanıma yaxın olan adamlar biliblər.Onlar da susublar.Niyə susublar? Bu haqda bir qədər sonra…Cavidin həyat yoldaşı Mişkinaz xanım Cavidin “Cavid haqqında xatirimdə qalanlar” adlı bir kitabı var.Həmin kitabı ilk dəfə tam halda 2005-ci ildə qardaşım Azər Turan nəşrə hazırlayaraq çap etdirib.Bu kitab Azərbaycanımızın ən dəyanətli xanımının kitabıdır.Bu kitab Azərbaycanda bu vaxta qədər nəşr olunmuş kitabların ən kədərlisidir. Həmin kitabda Mişkinaz xanım Cavidlə birlikdə keçirdiyi bəxtəvər günlərindən və Cavidin həbsindən sonra başına gələn müsibətlərdən,faciələrdən söz açıb.Kitabının bir yerində Mişkinaz xanım Cavidin həbsindən sonra Cavidə və Cavid ailəsinə dönük çıxan bir “dırnaqarası dostun” dönüklüyündən yazır:
“…Mən xəstələndim.Xəstə yatası oldum.Bir gün xəstələri yoxlamağa gələn həkim xəstələrin çarpayıdan asılmış xəstəlik vərəqini oxuya- oxuya gəlib mənə çatdı.Vərəqə baxıb qorxmuş,uca səslə: -Cavid- dedi. Orada “Mişkinaz Cavid” yazılmışdı. Əlini elə çəkdi ki,elə bil əlini od yandırırdı.Qınamayan olsaydı,çıxıb qaçardı.O biri xəstələrə gözucu baxıb getdi.Vay o baxmağa. Bir neçə gündən sonra 8-9 yaşından tanıdığım bir həkim,şəfqət bacısı ilə gəlib xəstələri yoxlamağa başladı Mənə çatanda lap yavaş səslə şəfqət bacısına Cavidin ÇOX YAXIN DOST DEDİYİ oranın hörmətli həkiminin adından -Deyib,yazın,bu çıxsın -söylədi”.
Mən bir dəfə Azərlə birlikdə Turan xanımın evində olarkən,ondan,Cavidin o dönük dostunun kim olduğunu soruşmuşdum.Turan xanım məhz Azərin qardaşı olduğuma görə mənə həmin həkimin adını demişdi.Və mən həmin həkimin adını Turan xanımdan eşidəndə heyrətimdən əlim üzümdə qalmışdı.Hətta əvvəlcə səhv eşitdiyimi zənn etmişdim…Çünki 1980- ci illərə qədər yaşayan həmin ” dönük dost” Azərbaycanın ən məşhur,hamı tərəfindən hörmət edilən,həddindən artıq nüfuzlu,görkəmli bir şəxs idi. Həmin dönük dost bu gün də özünün əvvəlki statusundadır.Onun adını Azərbaycanda hamı hörmətlə anır.İndi aydın oldumu Cavidin bəzi dönük dostlarının adını niyə çəkmək olmur… Bu,indiki zamanda,nə qədər insanın xəyal qırıqlığı yaşamasına səbəb olar…Əlbəttə,vaxt gələcək,hamı kimi o dönük dost da öz həqiqi qiymətini alacaq…Amma hələlik,sadəcə olaraq həmin zamanın vaxtı deyil. Yuxarıda Turan xanımın atasının düşmənlərinə qarşı prinsipial mövqeyindən yazmışdım.Turan xanım həm həmin adamların özləriınə,həm də övladlarına qarşı həmişə soyuq münasibətdə olub.Amma maraqlı budur ki,Turan xanımın azsaylı yaxın rəfiqələrindən biri Səməd Vurğunun qızı Aybəniz xanım olub.Eyni zamanda Turan xanım Səməd Vurğuna da isti münasibət bəsləyib. 2004-cü ilin 9 yanvarında qardaşım Azər,özünün yazdığı kimi, Turan xanımla uzun bir söhbət edib.7 saatlıq ( maqnitafon lentində) həmin söhbətin bir hissısi Azərin 2005-ci ildə “Turan Cavidin son söhbəti…Son yaşantıları…Son günü…” kitabında çap olunub.Azər həmin söhbətdə Turan xanıma Səməd Vurğun haqqında da sual verib:
“…AZƏR TURAN- Səməd Vurğun barədə danışaq.Səməd Vurğunun 1937- ci ildə Cavidə həsr elədiyi “Səadət düşmənlərinə ” şeirini sanki ona güzəştə getmisiniz Bunu ona görə deyirəm ki,Səməd Vurğunun adına həmişə həssas yanaşdığınızı müşahidə edirəm.37-ci ildən sonra onu ilk dəfə harda gördünüz? TURAN CAVİD – 1946-cı ildə Həbibənin toyunda. Bilirsən, Həbibinin qardaşı Ənvər Məmmədxanlıya,xalası oğlu Rəsul Rzaya görə Səməd Vurğun,Mehdi Hüseyn, Cəfər Cəfərov,Mehdi Məmmədov da həmin toyda iştirak edirdilər.Toyda kimsə məni Səməd Vurğuna təqdim etdi Hiss olunurdu ki,məni görəndə tanımayıb.Çox mütəəssir oldu.Sonra isə Cavid bəraət alanda Səməd Vurğun xəstəydi.Anaya böyük ehtiram bəslədiyini həmişə hiss edirdik.O dövrdəki adamları indi qınayırlar,amma maraqlıdır,bu adamlar onda yaşasaydılar,necə davranardılar.Bəlkə də çox pis hərəkət edərdilər”.
Doğrudan da qışda isti,yayda sərin otaqlarda əyləşib çay içə-içə 37- ci il hadisələrinə görə Səməd Vurğunu qınayanlar,37- ci il hadisələrində Turan xanımın dediyi kimi, özləri görəsən necə davranardılar? Və belə adamlar mənim fikrimə görə adətən 37- ci il hadisələrinin əsl mahiyyətindən xəbərsiz olan adamlardır. Azərin Cavid əfəndinin qızı Turan xanımla söhbətində bir məqama fikir verdinizmi? 37-ci ildən sonra,Turan xanım Səməd Vurgunla 1946- və ildə görüşür.Turan xanım hələ xalq düşməninin qızıdır.Stalin hələ sağdır,Mircəfər Bağırovun xəfiyyyələri,xalq düşmənlərinin ailəsinin bütün hərəkətlərini izləyirlər,onların hər bir addımından Bağırovun xəbəri olur.Bağırovun Səməd Vurğuna qarşı münasibəti son dərəcə gərgindir.Və Səməd Vurğun fərqindədir ki,Cavidin qızını görəndə mütəəssir olması,onun üçün ağır,bəlkə də faciəli sonluqla nəticələnə bilər.Amma Səməd Vurğun onu gözləyən təhlükələri nəzərə almadan Cavidin qızına isti,doğma münasibət bəsləyir,Turan xanımın dediyi kimi,Mişkinaz xanıma böyük ehtiram bəsləyir…Turan xanımın özü isə Səməd Vurğunun qızı Aybəniz xanımla ömrünün sonuna qədər ən yaxın rəfiqə olur…
Şəkildə:Yusif Səmədoğlunun atama bağışladığı şəkili.
“Biz türklər (Anadolu türkləri) ona çox şeydə borcluyuq”
Türk fikri həyatının və sosiologiyasının önəmli simalarından olan Ziya Göyalp fundamental əsəri ilə türk dünyasını ortaq mədəni zəmində bir araya gətirir. Türk Dil Qurumu (TDK) Ziya Göyalpın 5 türk dövlətinin dilinə tərcümə edilmiş “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” əsərini təqdim edəcək. Türk Dil Qurumundan (TDK) verilən açıqlamaya görə, TDK türk fikri həyatının və sosiologiyasının önəmli simalarından biri olan Ziya Göyalpın fundamental əsərini türk dünyasının ortaq mədəniyyət zəminində bir araya gətirir. Türk Dil Qurumunun (TDK) həyata keçirdiyi layihə çərçivəsində Göyalpın “Türkləşmək, İslamlaşmaq, Çağdaşlaşmaq” adlı əsəri beş türk dövlətinin dilinə tərcümə edilərək nəşr edilib. Bu geniş kolleksiyanın təqdimatı aprelin 8-də Türk Dil Qurumunun təşkil etdiyi xüsusi proqramda baş tutacaq. Ziya Göyalp bu düsturla türk millətinin həm milli köklərinə bağlı qalıb, həm də İslam dəyərləri çərçivəsində müasir bir dövlət kimi inkişaf edə biləcəyini əsaslandırmışdır. Bu fikir, Əli bəy Hüseynzadənin “Türkləşmək, İslamlaşmaq, Avropalaşmaq” ideyası ilə ortaq məxrəcdə olsa da, Göyalp bunu sistemli sosioloji nəzəriyyə halına gətirmişdir. “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” düsturunu ortaya qoyan Əli bəy Hüseynzadə haqqında Ziya Göyalp deyir:
“Biz türklər (Anadolu türkləri) ona çox şeydə borcluyuq” Bu araşdırma vasitəsilə Ziya Göyalpın türk tarixi, dili, ədəbiyyatı və fəlsəfəsi ətrafında formalaşan fikirləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan türk dillərinə çatdırılmışdır. Türk dünyasının ortaq elmi və mədəni irsi haqqında qarşılıqlı anlaşmanı artırmaq məqsədi daşıyan bu nəşr layihəsi türk dövlətləri arasında akademik əməkdaşlığın gücləndirilməsində tarixi addım hesab olunur. Təqdimat görüşü, panel və sərgi hamısı bir yerdə Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun şəhərciyində başlayacaq proqramda açılış nitqləri, daha sonra əsərlərin təqdimatı və təşəkkürnamələr olacaq. Bundan əlavə, TÜRKSOY və Türk Tarixi və Mədəniyyəti Vəqfi ilə birgə hazırlanan “Ziya Göyalpın 150-ci ildönümü münasibətilə sərgisi”nin açılışı olacaq.
Türk Dil Qurumunun vitse-prezidenti Prof.Dr.Harun Şahinin moderatorluğu və ekspert akademiklərin iştirak etdiyi elmi panel onun işinin intellektual dərinliyini müzakirə edəcək.
AMEA “Elm” nəşriyyatı Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” kitabının yeni nəşrini oxuculara təqdim edib. Abidəni filologiya ekmləri doktoru, Mühacirət ədəbiyyatı şöbəsinin müdari Nikpur Cabbrlı nəşrə hazırlamışdır. Qeyd edək ki, kitabın ilk nəşri 1991-ci ildə görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Rüstəm Əliyev tərəfindən cüzi ixtisarlarla Bakıda (232 s., kiril əlifbasında) çap edilmişdir. Rüstəm Əliyev Moskvada elmi məktəb keçmiş peşəkar mətnşünas idi və onun nəşri indiyəcən daha mötəbər sayılır. Bu klassik abidənin Azərbaycan dilinə uyğunlaşdırılmış çapı asan bir məsələ deyil. Ona görə ki, M.Ə.Rəsulzadə bu kitabın ilk variantını 1939-1941-ci illərdə müasir Türkiyə ədəbi dilində yazmış, bununla SSRİ-də Nizaminin 800 illik yubileyi tədbirlərinə qoşulmuşdur. Çox güman ki, maddi sıxıntı səbəbindən yubiley ərəfəsində kitabı buraxmaq mümkün olmayıb. Nəticədə, bu qiymətli kitab ancaq 1951-ci ildə (ədibin vəfatindan dörd il qabaq) Ankarada nəşr olunub. Bu, Azərbaycan ədəbiyyat elmi üçün prinsipial və metodoloji bünövrə olan bir əsərdir. Burada Azərbaycan xalqının farsdilli irsi ilə bağlı köklü prinsipial məsələlərə işıq salınıb. Əlbəttə, kitabı Türkiyə ədəbi dilindən tam tərcümə etmək bağışlanılmaz səhv olardı. Ona görə, Rüstəm Əliyev kitabı nəşrə hazırlayanda minimal müdaxilə prinsipindən çıxış etmiş, Pəsulzadənin leksik bazasını qorumaqla ən zəruri sözləri dəyişmişdir. Kitabın bütün sonrakı Bakı nəşrləri əsasən Rüstəm Əliyev variantını təkrar edir. Rəsulzadə özü də mühacirət illərində elə yazmağa çalışırdı ki, mətnlər həm İstanbul, həm də Bakı ziyalıları üçün anlaşılan olsun. 1991-ci ildə çıxan birinci Bakı nəşrinin ayağı düşərli oldu. 2011-ci ildə mərhum tədqiqatçı Yadigar Türkel Bakıda, “Təknur” mətbəəsində “Azərbaycan şairi Nizami” kitabını yenidən nəşr etdirdi (520 s.). 2021-ci ildə mərhum tədqiqatçı Nəsiman Yaqublu çox sevdiyi M.Ə. Rəsulzadənin sözügedən kitabını “Qanun” nəşriyyatında yenidən buraxdırdı (576 s.). Bu faktlar bizim elmi fikirdə Rəsulzadə irsinə olan münasibətin get-gedə ciddiləşməsini ifadə edirdi. Bunlarla paralel “Azərbaycan şairi Nizami” kitabının daha üç kommersiya nəşri kitab bazarına yol tapıb. 2017-ci ildə “Təhsil” nəşriyyatının 100 nüsxəlik tirajı olub. 2019-cu ildə “Kitab Klubu”nun buraxdığı nüsxələr satışda müşahidə edilib. “Xan nəşriyyatı”nın buraxdığı tiraş isə çap ili göstərilmədən satışa çıxarılıb. Yeni nəşrdə kitabda getmiş poetik sitatların sətri tərcüməsi ilə yanaşı, farsca əsli də yer alır. Sözügedən kitab Azərbaycan ədəbiyyatında farsdilli abidələrin milli irs mövqeyindən öyrənilməsi sahəsində köklü metodoloji abidədir. M.Ə.Rəsulzadə kitaba yazdığı ön sözdə bu barədə qiymətli elmi arqumentlər söyləmişdir. Qeyd edilməlidir ki, M.Ə.Rəsulzadədən yüz il əvvəl Azərbaycanın farsdilli ədəbi irsi barədə Abbasqulu ağa Bakıxanov ilk dəfə fikir söyləmiş, Şirvan bölgəsinin mədəni irsindən bəhs edərkən, 18 farsdilli şairin adını çəkmişdir. “Gülüstani-İrəm”in son fəslində bu barədə oxumaq olar. Bütün bu qeydlərlə yanaşı, bunu da nəzər almalıyıq ki, bir sıra oxucular “Azərbaycan şairi Nizami” kitabının “Mühacirət ədəbiyyatı” seriyasından təqdim edilməsini uğurlu saymırlar.
Bəstəkar Arzu Rzayevanın Bakıda “Arzuların melodiyası” adlı müəllif konserti təşkil olunub
5 aprel 2026-ci il tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzində Norveçdə yaşayan Azərbaycan diasporunun fəal üzvü, bəstəkar və musiqiçi, Norveç Azərbaycanlıları Təşkilatının üzvü, Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbinin sədri Arzu Rzayevanın “Arzuların melodiyası” adlı müəllif konserti təşkil olunub. Tədbir Oslo Azərbaycav Evi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun və Oslo Azərbaycan Evinin dəstəyi ilə həyata keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidov layihənin milli-mədəni dəyərlərimizin beynəlxalq səviyyədə təbliğində əhəmiyyətini vurğulayıb və diaspor nümayəndələrinin bu işdəki rolunu yüksək qiymətləndirib. Əməkdar incəsənət xadimi Baba Vəziroğlu belə layihələrin Azərbaycan mədəniyyətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi önəm daşıdığını bildirib. Xalq artisti Fəxrəddin Manafov tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, Arzu Rzayevanın yaradıcılığını yüksək qiymətləndirib və ona uğurlar arzulayıb. Professor, tanınmış dirijor və A.Rzayevanin müəllimi olmuş Ağaverdi Paşayev tələbəsinin uğuruna çox sevindiyini bildirib və bu cür layihələrin Azərbaycan mədəniyyəti üçün vacib olduğunu vurğulayıb. Tanınmış tarzən, Beynəlxalq Muğam Mərkəzinin direkztoru Sahib Paşazadə milli-mənəvi dəyərlərin qorunmasında bu cür mədəni tədbirlərin rolunu xüsusi qeyd edib. Konsertin aparıcısı, əməkdar artist Dilarə Əliyeva A.Rzayevanin yaradıcılıq yolu haqqında danışıb və A.Rzayevanın bəstələrində vətənə və torpağa sevgisinin xüsusi yer tutduğunu vurğulayıb. D.Əliyeva tədbirin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib. Arzu Rzayeva çıxışında layihənin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə, Oslo Azərbaycan Evinə və tədbirin təşkilinə töhfə verən bütün qurum və təşkilatçılara təşəkkürünü bildirib. Konsert proqramı Azərbaycan musiqi ənənələrinə əsaslanan zəngin əsərlərlə təqdim olunub. Arzu Rzayevanın müəllifi olduğu bəstələr tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Tədbir iştirakçıları Azərbaycan mədəniyyətinin ruhunu hiss ediblər və layihənin milli-mədəniyyətimizin beynəlxalq səviyyədə təbliği baxımından əhəmiyyətini yüksək qiymətləndiriblər. Konsertdən fotolar:
Yazarlar.az olaraq, biz də öz növbəmizdə Arzu Rzayevanı təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
“Yaz günü” – rənglərin, həyatın və daxili harmoniyanın poetik təsviri (Yeddinci yazı) Müasir gənc rəssam Türkan Hüseynlinin “Yaz günü” adlı əsəri ilk baxışdan sadə bir təbiət təsviri kimi görünsə də, əslində bu tablo həyatın yenilənməsi, ruhun sakitliyi və insanın daxili dünyasının incə qatları haqqında dərin publisistik mesaj daşıyır. Rəsm həm kompozisiya, həm rəng seçimi, həm də simvolika baxımından yaz fəslinin yalnız təbiətdə deyil, insanın ruhunda baş verən oyanışını ifadə edir. Əsərin mərkəzində yerləşən quş obrazı azadlıq, ümid və həyat enerjisinin simvolu kimi çıxış edir. Onun mavi və bənövşəyi çalarlarla işlənmiş bədəni sanki səma ilə yer arasında bir körpü rolunu oynayır. Bu rənglər psixologiyada sakitlik, harmoniya və daxili balans hissi ilə əlaqələndirilir. Rəssamın bu seçimləri təsadüfi deyil – burada tamaşaçıya ötürülmək istənilən əsas mesaj daxili sükunət və ümidin qorunmasıdır. Quşun ətrafını əhatə edən çiçəkli budaqlar isə yazın gəlişini, təbiətin yenidən dirçəlişini simvolizə edir. Ağ çiçəklər saflığın, təmiz niyyətlərin və yeni başlanğıcların rəmzidir. Bu baxımdan əsər yalnız təbiət mənzərəsi deyil, həm də insan həyatında yeni mərhələlərin başlanmasını ifadə edən poetik bir metaforadır. Rəsmdə diqqət çəkən əsas xüsusiyyətlərdən biri dairəvi kompozisiyadır. Budaqların quşu əhatə etməsi sanki onu qoruyan bir mühit yaradır. Bu, psixoloji baxımdan təhlükəsizlik, ailə istiliyi və qorunma hissini ifadə edir. Belə bir quruluş tamaşaçıda sakitlik və rahatlıq hissi oyadır. Kompozisiyanın mərkəzində yerləşən quş həm də diqqətin fokus nöqtəsidir. Bu, insanın həyatında əsas olan dəyərlərin – sevgi, ümid və azadlığın – ön plana çıxarılması kimi yozula bilər. “Yaz günü” əsərinə ümumi psixologiya prizmasından yanaşdıqda burada bir neçə mühüm məqam ortaya çıxır: -Quş – insanın daxili “mən”i, azad olmaq istəyi və ruhun uçuş arzusu, -Çiçəklər – emosional yenilənmə, sevgi və həyat enerjisi, -Budaqlar – həyatın dayaqları, ailə və sosial bağlardır. Etibarı, dayanıqlığı və inkişafı simgələyir. Bu elementlərin bir araya gəlməsi göstərir ki, insan yalnız azadlıqla deyil, eyni zamanda bağlılıqla da tamamlanır. Yəni, azad ruh ailə və sevgi ilə harmoniyada olduqda həqiqi xoşbəxtlik yaranır. Rəssamın istifadə etdiyi pastel fon əsərə yumşaqlıq və poetiklik qatır. Bu fon üzərində parlaq rəngli quşun seçilməsi isə həyatın monotonluq içində belə öz parlaqlığını qoruduğunu göstərir. Rənglərin bu kontrastı tamaşaçıda həm estetik zövq yaradır, həm də emosional təsir gücünü artırır. “Yaz günü” əsəri yalnız bir rəsmdən ibarət deyil – bu, həyat fəlsəfəsinin vizual ifadəsidir. Yaz burada sadəcə təbiət hadisəsi deyil, həm də insanın daxili dirçəlişidir. Hər bir çiçək, hər bir rəng sanki deyir: həyat davam edir, yenilənir və hər dəfə yeni ümidlərlə başlayır. Gənc rəssamın bu əsərində diqqət çəkən ən mühüm cəhət onun sadə motivlər vasitəsilə dərin məna ötürə bilməsidir. Bu isə gələcəkdə onun daha böyük və daha təsirli əsərlərə imza atacağının göstəricisidir. Türkan Hüseynlinin “Yaz günü” əsəri incə duyğuların, təbiət sevgisinin və insan ruhunun harmoniyasının bədii təcəssümüdür. Bu tablo tamaşaçını yalnız baxmağa deyil, həm də düşünməyə, hiss etməyə və öz daxili dünyasına səyahət etməyə dəvət edir. Bu əsər göstərir ki, bəzən ən sadə görüntülərin arxasında ən dərin həqiqətlər gizlənir – və məhz sənət bu həqiqətləri görünən edir.