Professor Mahirə Nağıqızının şeir yaradıcılığında ANA obrazı

Bayatı və nağıllarımızdan başlayaraq bu günə qədər bütün bədii nümunələrdə ana, vətən obrazı ön sırada dayanıb. Çünki ana həyatın, insanlığın yaradıcısı, vətən isə onu boya-başa çatdıran, qayğısına qalıb xoşbəxtliyə qovuşduran məkandır ki, onu anaya bərabər tutub Ana Vətən adlandırırıq. Ana və Vətənlə bağlı şeiri olmayan şairə rast gəlmək qeyri-mümkündür. Yaradıcılığında ana obrazını daha canlı və qabarıq şəkildə oxucularına təqdim edən sənətkarlardan biri də çağdaş poeziyamızın sayılıb-seçilən, Vətənə və Qarabağ döyüşlərində qəhrəmanlıq göstərən igid əsgərlərimizə həsr edilən şeirlərin və onlarla bağlı oxunan mahnıların mətninin müəllifi olan məhsuldar şairə Mahirə Nağıqızıdır.

M.Nağıqızının yaradıcılığı geniş və çoxşaxəlidir. Onlarla fundamental elmi əsərin müəllifi olmaqla yanaşı, həm də elə bir o qədər də  şeir kitabının müəllifi olan şairənin yaradıcılığında ana obrazı digər obrazlardan daha qabarıq şəkildə diqqəti cəlb edir. Onun yaradıcılığında Vətən, Ana obrazını bir-biri ilə müqayisə etmək qeyri-mümkündür. Anaya həsr olunmuş şeirlərini oxuyanda gözlərimiz qarşısında Vətən, Vətənə aid şeirlərini oxuyanda isə ana canlanır.

Mahirə Nağıqızının yaradıcılığı geniş olduğundan mən bu məsələ ilə bağlı fikirlərimi yalnız onun 2020-ci ildə nəşr olunan 411 səhifəlik “Onun daş nağılı” kitabında anaya həsr olunan şeirlərlə bağlı söyləyəcəyəm.

Şairənin yaradıcılğı boyu anaya həsr etdiyi şeirlərin sayı ilə bağlı fikir söyləmək qeyri-mümkündür.

Yuxarıda adını qeyd etdiyimiz kitabda şairənin anaya həsr olunan üç şeiri verilmişdir.

Təkcə  2018-ci  ildə  (bir  neçəsi   2017-ci   ildə qələmə alınmışdır) yazılan şeirlərin içərisində,  yəni  bir  il  ərzində  şairənin  anaya  üç   şeir həsr etməsi onun anaya olan tükənməz məhəbbətinin sözlə ifadəsi kimi də qiymətləndirmək olar.

Göz yaşı anaların əlindədir. Övladları xoşbəxtliyə qovuşanda da, analarından ayrılıb uzaq səfərə çıxanda da, uzaq səfərdən qayıdanda da anaların göz yaşı dayanmaq bilmir. Ananın sevincdən axan göz yaşının ağrısına tab etmək qeyri-mümkündür.

Övlad həsrətinin onun qəlbində yaradacaq kədəri əvvəlcədən duyan ana bu həsrətin qarşısını almağa gücü çatmayanda gücü göz yaşı axıtmağa çatır.

Övladın isə anasına “ağlama” deməkdən başqa əlacı qalmır. Mahirə Nağıqızının şeirində olduğu kimi övladı üçün ağlayan anaya üz tutaraq şairə deyir:

Yenə qəlbim göynətməsin qəlbini,

Ağ saçını suya sərib ağlama.

Kim böləcək bölünməyən dərdini,

Fəqan çəkib qərib-qərib ağlama.

Hər kəsə məlumdur ki, ananın bir “can” kəlməsi, saçımıza çəkilən bir sığalı ən ağrılı dərdimizin dərmanı, narahat gecələrimizin rahatlığıdır.

Lakin bunun qarşılığında bizim analarımızın dərdlərinə şərik olmağımız, onun dərdini azaltmağımız qeyri-mümkündür.

Şairənin “Anama” adlanan bu şeirini oxuyanda gözlərimin qarşısına Qarabağ döyüşlərində şəhid olan, yaxud gedib qayıtmayan oğulların yolunu gözləyən qəlbi dağlı anaların matəmli obrazları dayanır.

Şairə şeirin ikinci bəndində anaya bu dünyada hər şeyin gəldi-gedər olduğunu söyləməklə, hər bir kəsin bu gedər-gəlməz yolun yolçusu olduğunu diqqətə çatdırmaqla onun dərdini azaltmağa çalışır və bu məqsədlə yazır:

Ah eləmə, ahu-zarın hədərdi,

Bu dünyada hər şey gəldi-gedərdi,

Göz yaşımnan göyətmişəm bu dərdi,

Təsəlli ver, durub-durub ağlama.

Şairənin “Anama” (səh.273) adlanan digər bir şeirində isə hər səfərə çıxan zaman hər şeydən əvvəl ata ocağının ziyarəti, ana xeyir-duasıyla qarşılanıb o xeyir-dua ilə yola salınma anı-mənzərəsi göz önünə gəlir. Səfərdən əvvəl üz tutduğu ata ocağının istiliyini ana qucağının istiliyi ilə müqayisə edən müəllif yazır:

Gəldiyim həmin ev, həmin ocaqdır,

Sənin qucağıntək güvənli, isti.

Bilmirəm nə istək, nə umacaqdır,

Qəlbim bura çəkir hər səfərüstü.

Bu cür ziyarətə səfərə çıxan hər bir kəs üz tuta bilər. Ancaq bu şeirin elə birinci bəndini oxuyanda qəlbini birdən-birə kədər duyğuları öz ağusuna alır. Çıxdığı səfərin sonunun necə qurtaracağını dəqiqləşdirə bilməyən bir övladın yaşadığı duyğuların poetik ifadəsi kimi.

Şairə öz dərdini-sərini  öz canından artıq sevdiyi anasından gizlədir, onun dərdinin üzərinə dərd gətirməkdən, sevincinin üzərinə kölgə salmaqdan qorxur. O, yenicə ayrıldığı anasını illərin həsrətlisi kimi əzizləyir, ondan bir an belə ayrılığı illərin həsrətinə bənzədir və yazır:

Elə bil illərdir səni görmürəm,

Bu gün də görməsəm nəyim var itər,

Xoşhal danışıram, dərd bildirmirəm,

Üzümdən olanı oxusan yetər.

Şairə dərdinin çoxluğunu dilinə gətirib, onsuz da dərdi böyük olan ananın dərdini artırmaqdan çəkinir, söyləyib, anasının da dərdinin üstünə dərd qoymaq istəmir.

Dərdini anasına söyləyib onun da dərdini artırmaqdan çəkinən övlad buraya təkcə ananı görüb, onunla xudahafizləşmək fikrində deyil. Onun bu səfərindən üzüaq, qalib dönmək üçün ana xeyir-duasına ehtiyacı var. Elə bu fikirlə də şairə yazır:

Elə bil təzədən doğulacam mən,

Titrək əllərindən tutsam bir kərə.

Ay ana, neyniyim, deyə bilmirəm,

Ver xeyir-duanı çıxım səfərə.

Övladını yola salan ana da narahatdır. Onun hansı yaşda olmasına baxmayaraq, o, anasının gözündə uşaqdır. Ana övladı üçün etdiyi duaların qədəri ilə kifayətlənmir, bunun üçün Tanrıya müraciət edir, onu köməyə çağırır. Övlad ananın yaşadığı həyəcanı, keçirdiyi təlaşı duyaraq öz ürəyində deyir:

Narahat baxırsan, gizli baxırsan,

Gəzirsən davamı öz ahında sən.

Bilirəm min dəfə gedib çıxırsan,

Durursan Tanrının dərgahında sən.

Şairənin anaya həsr etdiyi üçüncü şeiri də “Anama”(səh.272) adlanır.

Bu şeirdə anaların çəkdiyi əzab-əziyyət, övladlarına göstərdiyi əvəzsiz qayğı öz yuxusuna haram qataraq səhərdən axşamadək onların qulluğunda dayanmaq, buna baxmayaraq üzündə həmişə təbəssümü qoruyub saxlamaq kimi müsbət keyfiyyətlər öz əksini tapır. Müəllif beş bəndlik şeirdə yaratdığı ana obrazını oxucularına nümunə göstərir. Özünün çəkdiyi ağrı-əzaba baxmayaraq, həmişə övladlarının qarşısına gülərüzlə çıxan, öz dərd-sərini onlardan gizli saxlamağa çalışan müqəddəs bir ana obrazı yaradır. Milyonlarla analara nümunə ola biləcək bir ana obrazı. Şairə obaşdan durub sakitcə dolaşa-dolaşa (uşaqlar yuxudan durmasın deyə) ev işlərini yerinə yetirən anaya müraciətlə deyir:

Yadımdan çıxmaz ki, hər səhər erkən,

Elə gəzinərdin evdə yavaşdan.

Nə cür çatdırırdın, deyə bilmərəm,

O boyda işləri durub o başdan…

Bu  qayğı  təkcə  ananın  övladlarına  göstərdiyi qayğının göstəricisi deyil, bu, həm də özündən sonra gələn xanımlara-qızlara nümunə göstərilən ana obrazıdır. Ana övladına nəyi isə sözlə deyil, nümunə ilə göstərmək istəyir. Göstərmək istəyir ki, övladını sevən əsl ana  necə olmalıdır, onlara necə qayğı göstərməlidir. Bu, bu gün övladlarını kiçik yaşlarından körpələr evinə, internatlara atıb qaçan tək-tək ana adına ləkə gətirənləri analıq şərəfini qorumağa səsləyən bir acı çağırışdır.

Müəllif əsl ananın hansı keyfiyyətlərə malik olmasını bu şeirdə qabarıq şəkildə ortaya qoyur.

Müəllifin şeirinin qəhrəmanı namazını və orucunu bir dəfə də olsun yadından çıxarmayan, əsl və nümunəvi bir Azərbaycan qadınıdır. Tapdığına şükr edən, onunla kifayətlənən bir Azərbaycan qadını. Elə bütün bunları nəzərdə tutaraq müəllif yazır:

Hər günə şükr etdin sabah ertələr,

Yaddan çıxarmadın oruc namazı.

Bir nəfər görmədi, səni bir nəfər,

Həyatdan gileyli, bəxtdən narazı.

Bütün bu əzab-əziyyətinə baxmayaraq ana öz övladlarından qayğısını əsirgəmir, yorulub əldən düşsə də, bu yorğunluğu övladlarından gizləməyə çalışır. Bunun üçün o heç vaxt üzündən təbəssümü azaltmır, əksinə daha da çoxaltmağa çalışır. Öz acısını təbəssümlə pərdələməyə çalışır; bunu duyan şairə yazır:

Sənə açılan gün sənin deyildi,

Bizlə bölüşübsən lap əvvəlindən.

Necə saxlayırdın möcüzə idi,

Yorğun gözlərində təbəssümü sən?!

Müəllif şeirdə ananın üzündə yaşatdığı bu təbəssümü övladlarının həyatda qazandıqları ən qiymətli var-dövlət hesab edir. O hesab edir ki, uşaq yaşlarından başlayaraq ana təbəssümü ilə əhatə olunan hər bir kəsin qisməti xoş bir gələcəkdir.

Şairə bu fikri sözlə ifadə edərək yazır:

O gözün nuruyla dünya göründü,

Oradan başladı yolumuz bizim.

Həmin təbəssümdür, bəlkə də, indi,

Ən böyük sərvəti hər birimizin.

Müəllif şeirin sonunda belə bir nəticəyə gəlir ki, həyatda nə varsa, hamısının özünə görə qədəri, qiyməti var. Həyatda nə varsa o müəyyən dəyərə, qiymətə malikdir. Həyatda olan bir varlıq var ki, ona qiymət vermək, dəyər vermək, onu dəyərləndirmək insan düşüncəsindən kənar bir məsələdir. Bunu nəzərə alan şairə şeirin son bəndində deyir:

Ay ana, bilirəm bu kainatda,

Qiymətli nə varsa oyun-oyuncaq.

Hər şeyin qiyməti olur həyatda

Sənin qiymətini tapmadım ancaq.

Ana zəhmətinə, ana sevgisinə dəyər verməyi bacarmaq hər kəsə, hər övlada, hər şairə qismət olan qabiliyyət deyildir. Özü də analıq şərəfini daşıyan bir şəxsin-bir şairənin anaya verdiyi qiymət tamamilə başqa bir məsələdir.

Bizə elə gəlir ki, anaya həsr edilən bu şeirləri oxuyan hər bir gənc qız əsl ananın hansı keyfiyyətlərə sahib olmalı olacağını bu şeirlərdən öyrənəcək, bu şeirlərdə söylənənləri öz həyati istəklərinə çevirəcək.

Müəllif: Sərdar ZEYNAL

(Sərdar Səyyad oğlu Zeynalov),

Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, filologiya elmləri doktoru, ADPU-nun Müasir Azərbaycan dili kafedrasının professoru

SƏRDAR ZEYNALIN YAZILARI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Günay Əliyeva – Trolların sirri…

       Trolların sirri…

 Tanınmış uşaq yazıçısı Gülzar İbrahimova  Osloda Nizami Gəncəvi adına Azərbaycan dili  və mədəniyyəti həftəsonu  məktəbinin şagirdləri ilə bir neçə dəfə video görüş keçirib. “Nağıllar ölkəsi”-Norveçin təbiətindən və nağıllarından ilham alan G.İbrahimova  uzaq və soyuq şimal haqqında  “Trolların sirri” nağılını yazıb. Yazıçı sözügedən nağılı  Norveçdə dünyaya göz açmış uşaqlarımıza və məktəbin şagirdlərinə  hədiyyə edib.

Müəllif ön sözdə oxucuya nağılın necə yarandığından danışıb. Nağılçı yazıb: “Skandinaviya nağıllarını hamı sevir. Onlar çox maraqlıdır. Bu nağıllara daima yeni filmlər çəkilir. Nağıllarda həyəcanla bərabər, müdriklik də var. Nağıl qəhrəmanları – Müdrik Semund, Elfa, Trol obrazları həmişə düşündürür, sevilir.”

  Qeyd edək ki, nağıl Skandinaviyanın nağıl qəhrəmanları – Trollara həsr edilib.

Nağıl belə yaranıb: 2020-ci ildə Oslo  Azərbaycan dili və mədəniyyəti məktəbi yaradılıb. Məktəb o məqsədlə açılıb ki, azərbaycanlı balalarımız azərbaycan dilini sevsin, doğma dilini unutmasın. Burda uşaqlara tez-tez nağıl saatları təşkil edilir, nağıllardan tamaşalar qoyulur.

Belə bir nağıl saatlarından birində uşaq yazıçısı Gülzar İbrahimova internet vasitəsi ilə nağıl saatının qonağı oldu. Nağılçı nənə görüşdə uşaqlara söz verdi ki, Skandinaviya nağıl qəhrəmanlarından nağıl yazıb onlara və skandinaviyalı balalara hədiyyə edəcək.

Qısa müddətdən sonra Gülzar İbrahimova  verdiyi sözə əməl edib, “Trolların sirri” nağılını yazdı. Rəssam Tağıyeva Mərziyə nağılı gözəl illüstrasiyalarla bəzədi. Müəllif əmindir ki, yazdığı nağıl uzaq qitədən ona çoxlu sevgi gətirəcək. 

Sözügedən nağıl  Osloda həftəsonu məktəbinin kitabxanasında  yer alıb və şagirdlərə hədiyyə edilib.

Müəllif: Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahirə Nağıqızı: – “Ana südünnən topladım…”

MAHİRƏ NAĞIQIZININ YAZILARI

(Allah Nazlı Anaya rəhmət eləsin.)

Sənsən
Bu səhra dünyamın yuxularının
Hər gecə gəzdiyi ormanı sənsən.
Yaralı qəlbimin, xəstə canımın,
Yeganə davası, dərmanı sənsən.
***
Bikəsin ahıdı, zarıdı dünya,
Bəxtəvər dövləti, varıdı dünya.
Bilmədim kimlərin yarıdı dünya,
Şahanə dünyamın fərmanı sənsən.
***
Ruhum özüm oldu, göz aldatmadı,
Şeytana uymadı, üz qaraltmadı.
Adını çəkməyə gücüm çatmadı,
İçimin yaşayan dövranı sənsən.
***
Eşq ilə dikələn dərd sarayıymış,
Başqa cür deyilən hay- harayıymış.
Sənsiz yaşadığım gün haramıymış,
Ömrümün-günümün hər anı sənsən.
***
Mənə varidatdır bir adın-sanın,
Salma ürəyinə, sağ olsun canın.
Bu dünya cənnətmiş, İsmi Pünhanın,
Cənnətdə sirdaşı, qılmanı sənsən.

Yığıram
Dinib dillənmədim ki mən,
Pıçıltımnan, lal yığıram.
Tanrım, göndərdiyin dərdi
Zənn elədim bal, yığıram.
***
Ər öyüdünnən topladım,
Qəmi düyünnən topladım.
Ana südünnən topladım,
Nə yığdım halal yığıram.
***
İbadətdir şeirlərim,
Hər sətrində sənin yerin.
Kağız üstə düşən tərim,
Bir cəhlil-cəlal, yığıram.
***
Özüm bilən əzəl gündən,
Əl mənnəndir, ətək səndən.
Dərdimin pəncərəsindən,
Nə versə hilal, yığıram.
***
Ömrüm tamamdır, ya yarı,
Niyə bitməz qovğaları.
Mahirənin duaları,
Olsun sənə bal, yığıram.

Göz yaşıdı “Kərəmi”
Yüz illərdi ruhumuzla yol gəlir,
Nakam eşqə başdaşıdı “Kərəmi”.
Qoşulubdu karvanına kədərin,
Yorulmadı, qəm daşıdı “Kərəmi”.
***
Bu dünyanın hikmətini bilən az,
Bu dünyada ağlayan çox, gülən az.
Deyirlər ki, axar, axar, qurumaz,
Başdan- başa göz yaşıdı “Kərəmi”.
***
O, vüsalsız məhəbbətin nərəsi,
Ancaq Tanrı mərhəməti çarəsi.
Qərarlaşan “Dilqəmi”də pərdəsi.
Bu dünyaynan savaşıdı “Kərəmi”.
***
Onda itər, onda doğar gümanın,
Onda çatar haqq yanına üryanın.
Açılmayan tilsimidir dünyanın
Göy üzünün yer daşıdı “Kərəmi”.
***
Mizrab sazın dərdlərini oynadar,
İçindəki ruhu, eşqi qaynadar.
İniltinin özündə bir ümid var,
Təsəllinin yoldaşıdı “Kərəmi”.

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Qafqazda Qızılbaş–Qumux ittifaqının yaranması və Rusiya təcavüzünün birgə dəf edilməsi… – I hissə.

Qafqazda Qızılbaş–Qumux ittifaqının yaranması və Rusiya təcavüzünün birgə dəf edilməsi…

I Hissə

Bəzi tarixi mifləri sındıran məqalə!

Bu mövzumuz qızılbaşların Dağıstan xalqları, o cümlədən, qumux türkləri ilə əsrlər boyunca saxladıqları, qoruyub inkişaf etdirdikləri səmimi və mehriban münasibətlər barəsindədir.

Tarixdən bəllidir ki, Səfəvilər imperiyasının qurulduğu 1501-ci ildən XVIII əsrin əvvəllərinə – 1711-ci ilədək qızılbaşlarla dağıstanlılar arasında heç bir ciddi münaqişə baş verməmişdir. Təbii ki, bəzi istisnaları nəzərə almasaq…

Məsələn, 1578–1590-cı illər Səfəvi–Osmanlı müharibəsinin ilk mərhələsində Tarqu şamxalı Çopan (?–1588) özünün 15.000 döyüşçüsü ilə Osmanlı sərkərdəsi Özdəmiroğlu Osman paşanın Şirvan yürüşündə iştirak etmişdi.
Qumuxlar Osmanlı imperiyasının tərəfinə, böyük ehtimalla, ona görə keçmişdilər ki, 1578-ci il fevralın 12-də Səfəvi şahı Muhəmməd Xudabəndənin (1531–1595) əmri ilə Şah I Təhmasib Səfəvinin (1514–1576) qızı – saray intriqalarıının əsas təşkilatçılarından sayılan şahzadə Pərixan Sultan (1548–1578) edam olunmuşdu.

Pərixan xanımla birlikdə onun dayısı – Səfəvilərin çərkəz (qumux) qvardiyasının komandiri Şamxal Sultan da qətlə yetirilmişdi. Məsələ burasındadır ki, Pərixan Sultanın anası Sultan Ağa xanım (1524–1596) Tarqu şamxallarından birinin qızı idi. Sultan Ağa xanımın atasının Şamxal I Buğday (?–1566), qardaşının isə 1578-ci ilin yayında Osmanlı ordusunun Səfəvilərə qarşı hərbi kompaniyasını dəstəkləmiş Şamxal Çopan olduğu güman edilir.

Lakin onu da qeyd etməliyik ki, təxminən, 1580-ci ildən sonra qumuxlar Səfəvi dövlətinə qarşı hərbi əməliyyatlarda iştirak etməkdən boyun qaçırmışdılar. Həmin dövrdə Osmanlı ordusu ilə qumuxların, tabasaranlıların, qaytaqların və qıpçaqların silahlı dəstələri arasında qanlı toqquşmalar da baş vermişdi.

Oruc bəy Bayat (1560–1604) “İranlı Don Juanın kitabı” əsərində yazır: “Osmanlı paşası Özdəmiroğlu Osman dostlaşdığı gürcü şamxalını məcbur etdi ki, qızlarından birini ona ərə versin.

Qoca şamxal paşanın əmrini çar-naçar yerinə yetirsə də, qohum-əqraba və dostlarının (görünür, Səfəvi şahları və qızılbaşlar nəzərdə tutulur) hamısının qarı düşmənini, işğalçı ordunun komandanını özünə kürəkən etdiyinə görə vicdan əzabı çəkməyə başladı.
Şamxal qızılbaşlarla ittifaqa meyl edirdi. Qız öz atasının niyyəti barədə ərinə xəbər verdi. Osman paşa da zavallı qayınatasını aldadıb qonaq çağırdı və evində onun başını kəsdi”.

Oruc bəy Bayatın haqqında məlumat verdiyi “qoca gürcü şamxalı” qumux xalqının məşhur hökmdarı, Səfəvi–Osmanlı müharibəsinin əvvəlində osmanlıların tərəfinə keçmiş Şamxal Çopan idi. Qızılbaş dövlətindən üz döndərməsi qoca hökmdara baha başa gəldi.
Oxucunun nəzərinə: Oruc bəy Bayatın qumux şamxalını gürcü adlandırmasının səbəbləri barədə bu məqalənin növbəti hissələrində ətraflı məlumat veriləcəkdir.

XVII əsrin əvvəllərindən (1605–1607) etibarən Qafqazda qızılbaş–qumux ittifaqı yenidən bərqərar olmuş və ildən-ilə daha da möhkəmlənmişdi. Bu birliyin əsasını Səfəvi şahı I Abbasla (1571–1629) Tarqu şamxalı I Adil Gəray qoymuşdular.
Şamxal I Adil Gəray Şamxal Çopanın nəvəsi idi. 1649–1653-cü illərdə qızılbaşlar, qumux türkləri, qaytaqlar, noqaylar və çeçenlər Rusiya dövlətinin Qafqaza təcavüzünü birgə dəf etmişdilər.

Müharibə Səfəvi ordusunun bilavasitə iştirakı ilə aparılmış, rusların istehkamlarının birbaşa hücumla alınması, çar qoşunlarının darmadağın edilib Qafqazdan qovulması ilə nəticələnmişdi.

Haşiyə. Bəzən belə bir iddia da irəli sürülür ki, Şah I Abbas Səfəvi guya İslam dinini qəbul etmiş gürcülərdən və digər xristian xalqlarının nümayəndələrindən ibarət qulam korpusu yaradaraq orduda türklərin təsir gücünü zəiflətməyə çalışmışdı.

Amma bu fikri yürüdənlər bir məsələni unudurlar ki, qulam korpusu o zamanlar bəzən çərkəz, bəzən isə gürcü adlandırılan Şimali Qafqaz türklərindən – qumuxlardan və qaraçaylılardan təşkil olunurdu.

Onu da qeyd etməliyik ki, türklər harada yaşadıqlarından asılı olmayaraq, əsasən at üstündə döyüşməyə üstünlük verirdilər. Buna görə də Şah I Abbas öz qulamlarını “süvari yeniçərilər” adlandırırdı.

Ardı var…

Müəllif: Araz ŞƏHRİLİ

İlkin mənbə: Milli Kimlik

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU

ARAZ ŞƏHRİLİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahirə Nağıqızının anası rəhmətə gedib.

Yazarlar Jurnalının baş redaktoru Zaur Ustac reaksiya heyəti və üzvləri adından filologiya elmləri doktoru, professor, tanınmış şair Mahirə xanım Nağıqızına anası

Nazlı xanımın

vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İbrahim Rüstəmli – Yad

YAD
(avtoportret)

Daha çox yabançı təhsili qabardanlarla ünsiyyət qurmaq, xüsusilə ölkə başçısı tərəfindən şəxsən təqdim olunmuş “Əməkdar jurnalist” fəxri adını “Əməkdar artist” adı ilə “səhv salanlarla” eyni masa arxasında oturmaq elə də asan iş deyil, yəqin. Xüsusilə bəndəniz üçün…

Axı mən dünyanın teatr səhnəsi olduğunu Şekspirdən qabaq bilirdim. Şekspiri ondan sonra tanıdım, elə (roldan-rola girən) adamları da…

O vaxtdan hər səhərimi yeni “MƏN”imlə açıram. Və hər “MƏN”imlə cəmi bir gün yol gedirəm: yola gedirəm…
Ötən günlərdə qalan dostlarım var, məni tanımayan: ötən günlərimdə qalan “MƏN”imi. Çoxunu heç özüm tanımıram…

Həyat mənə nəfəs dərməyə, ayaq saxlamağa nə vaxt macal verdi ki?.. Bütün günü ya öz “MƏN”imin yerini-yurdunu axtarıram, ya da arxasınca yüyürürəm…

Bütün günü dəli kimi öz üçimdə gəzirəm…

Öz içimi gəzirəm…

Və hər gün yeni bir insana gəlirəm…

Və hər səhərə yeni bir insanla…

Üstüm-başım rəngbərəngdi. İsti və soyuq rənglərin məngənəsində çırpınıram – əzizini itirmiş adam kimi…
Əzablarım o qədər böyük, ürəyim o qədər həssasdı ki, haqqımda iynə sədəfi boyda xoş düşünənlərin varlığı saçlarıma səmum yeli kimi sığal çəkir. Hərarətində ilk gördüyüm balaca bir uşaqdı: rüblüyünü hələ də köynəyinin altında gizlətmiş yeddi yaşlı oğlan. Eyni vaxtda həm küçənin bu başında, həm də o başında görünən dəcəl…

İti yaddaşı ilə daim indimin yanındadı; daim yanımdadı, daim yadımdadı…

Biz həmişə bir yerdəyik; mən ÖZ axtarışlarımla, o ÖZ həqiqətlərilə:

“Sinif otağına girdiyim ilk gündən məktəbdən küsmüşəm – əlimə qələm aldığım andan. Günahım solaxay doğulmağımdı. Böyük-böyük adamlar aylarla qəsdimə durdular. Lap axırda nənəm sol əlimi yandırdı. Tənziflə sarıyıb boynumdan asdı: yazmağı sağ əlimin boynuna qoydu….

Əlimin ağrısı keçdi. Ruhumun ağrısı keçmir…

İllər sonra yenidən lövhə önündə dayananda uşaqlardan kimsə ürəkdən güldü. İstər-istəməz geriyə… çevrildim. Abbas idi:

  • Müəllim, siz sol əllə necə gözəl yazırsızsa, mən heç sağ əllə elə yaza bilmirəm…

Yox, o sən deyildin, mən idim – sol əli boynundan asılmış uşaq! Yanağından süzülən göz yaşları da sənin deyildi, mənim idi: sinifdən gizlətdiyin. Mən ağlayırdım, hamının qabağında, içimdə danışa-danışa:

  • Uşaqları öz dərisindən – ÖZündən çıxarmağa çalışmayın! ÖZündən qovmayın! Uşaqları ÖZünə qovun!..

Xoşbəxtliyin əsil ünvanını insanı ÖZünə aparan yol tanıyır ancaq!..”

Həm də hardasa çox-çox uzaqlarımda neçə illərdi bir qadın ayaq üstə dayanıb – üzü mənə sarı. Onu baxışlarındakı sevgidən, xeyir-duadan və… yanağında donub qalmış göz yaşlarından tanımışam: Anamdı…

Öz övladından cavan olduğuna görə ağlayan Anam…

Xanım Anam, sənin oğlun üst-başının rəngbərəng olduğunu hamıdan yaxşı bilir, amma hər gün nə üstünə atılan çamurları, nə də kənardan necə göründüyünü eyninə almır. Çünki haqqında ən az düşündüyü başqalarıdı…

Özünə zorla vaxt tapır…

ÖZünü zorla tapır…

Çünki mənim yaşadığım şəhərdə nə kitab alanlar sevilər, Ana, nə də rüşvət almayanlar…

Mənim yaşadığım şəhərdən kitab qoxusu gəlmir, kabab qoxusu gəlir…

Daha çox qədəh və qəhqəhə səsləri eşidilir, eşidilməsin deyə pıçıltı ilə danışırlar; sözləri tapdalaya-tapdalaya, əzə-əzə. Elə adamları da…

Mənim şəhərimin sakinləri mənim şəhərimdən çox, başqalarının həyatında yaşayırlar; həm qorxuda-qorxuda, həm də qorxa-qorxa…

Tez-tez zibillikdə eşələnən adamlarla rastlaşıram. Tez-tez zibillikdən tapdığım kitablar kimi…

Mən öz həyatımın rəssamıyam, Ana, uğursuz rəssamı…

Gecə-gündüz dəridən-qabıqdan çıxıram, amma yenə də hər yeni“MƏN”im ÖZümdən əskik gəlir…

Ən ağır işim hər yeni günümün rəngini kəşf etmək, obrazını yaratmaqdı – hər yeni günümün şəklini çəkməkdi…

Molbertim boyat cizgilərə yiyə durmur, ögey gözlə baxır: məni hər günümün qatilinə çevirib…

Həyatım qandalabənzər çərçivələrlə doludu – zəncir kimi uzandıqca-uzanan…

Mənim çərçivələrim – mənim pəncərələrimdi, Ana, dünyaya baxdığım…

İnsan ömrünü yollara bənzədirəm, yolları – hörümçək toruna…

İnam və şübhə, sevgi və nifrət, qəzəb və mərhəmət labirintindəyəm…

Zülmət qaranlıqla – qara rənglə üzbəüz…

Qara rəngi sevirəm – hər şeyi qara rəngdə görənləri yox amma!..

Ağrılarım özümdən böyükdü…

Mən hər gün öz ağrılarımdan doğuluram; həm öz ağrılarımdan, həm də öz ağrılarımla…

Ən sevimli işim heç vaxt görmədiyim yerlərə getmək, heç vaxt tanımadığım insanlarla görüşməkdi…

Axı ömür çox qısadı, Ana! İnsan nəinki bir ilini, bir ayını, bir həftəsini, heç bir gününü də təzələmədən – yeni bir şey kəşf etmədən başa vurmamalıdı…

Uşaqlar düşüncələrimdən diksinirlər; qorxanları da olur, ağlayanları da. Hərdən onlara qoşulub için-için hönkürmək keçir ürəyimdən! Qürurum üzümə durur, Ana. Və məni daha sərt insana çevirir: qarşıda sizi ədalətsiz bir dünya gözləyir – hər fürsətdə haqqınıza girən adamlarla dolu. Buna görə böyük kimi sizdən üzr istəyirəm, ancaq müəllim kimi istədiklərim başqadı: Möhkəm dayanın! Həyatınızın sizə məxsus olduğunu unutmayın; unutdurmayın. O sizin şəxsi mülkiyyətinizdi. ÖZünüzə yiyə durun! ÖZünüzü sahibsiz buraxmayın və heç kimə güzəştə getməyin, heç kimə, hətta valideynlərinizə də! Axı onlar sizdən çox-çox uzaqdadırlar! Ya da siz onlardan çox-çox irəlidəsiniz!..

Mən xəyal adamıyam…

Xəyal adasıyam…

Sükutun içində oturmağı sevirəm. Otururam, torpağa-daşa, dənizə-çaya… və insanlara qulaq asıram. Ən çox da ağaclara…

Göyə baxmaqdan xoşum gəlir.
Və hər baxdıqca görürəm ki, mənim şəhərimdə həyat göyün altından çox, torpağın altında yaşanır…

Mən yeriyən qalereyayam, Ana, ritorik üslub və fiqurlar, dekorasiya və miniatürlər, marina və peyzajlar, portret və tablolarla… dolu.

Ən çox da batal görüntülərlə zəngin palitra: həddi və sərhəddi ilə…

Həddin və sərhəddin olduğu yerdə döyüş var. Mən hər gün döyüşürəm. Hər günümlə döyüşürəm! Məni ÖZümdən qovmağa çalışanlarla yox amma!

Mən ÖZ müharibəmin əsgəriyəm!

Mən hər gün özümlə dalaşıram! Özümdən daşıram!..

Sızlayan yaralarımla, göynəyən ruhumla həmişə ÖZ yanımdayam, amma…

Hər günüm qanımı axıda-axıda bitir! Hər gecə qatı zülmətin sirlərlə dolu qoynunda əriyib itirəm…

Və sabah yenidən dünyaya gəlirəm…

Və sabah dünya ilə yenidən tanış oluram…

Hər sabah…

P.S. Uşaqdım, ilk dəfə Yer kürəsinin yumru olduğunu biləndə, ayaqlarım tutulmuşdu…

Dünyadan yıxılacağımdan qorxurdum…

Qorxurdum ki, ayağım sürüşər…

İndi də ayağı sürüşkən adamlardan qorxuram…

Müəllif: İbrahim RÜSTƏMLİ – Əməkdar jurnalist

İBRAHİM RÜSTƏMLİNİN YAZILARI

>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoğlu – Çox şükür!

ÇOX ŞÜKÜR, BU İLKİ
QIŞI DA GÖRDÜK

Çırpıb qanadını qara buludlar,
Səpdi başımıza ağ lələkləri…
Gördü qəlbim əsir zirvədən ötrü,
Mənə qonaq gəldi dağ küləkləri.

Kəpənək qanadlı qarın altında
Könlümdən keçdi ki, bir az tək qalım.
Həsrət sazağında titrədi qəlbim,
Sevindi ağaran saçım, saqqalım…

Qoşulub göylərdən ələnən qara
Qərib kəndimizə enmək istədim…
Gözlərim yol çəkdi kəndimdən ötrü,
Ağ atlı oğlana dönmək istədim…

Birdən doğma yurda çata bilmərəm,
Macalım qalıbmı nəfəs dərim mən?
Minib köhlənimi çapdım xəyalən,
Qayalar səksəndi nal səslərindən…

Dünya başdan-başa müəmma olub,
Əzəmət gətirib qara sirr qəmə!
Gümanım tək sənə qalıb, ay bulud,
Həsrət ürəyimdən qar əsirgəmə!

Ağartdı bir anda kirli dünyanı,
Deyəsən qarlı qış eşitdi məni…
Onun şaxtası yox, sevdiklərimin
Soyuq baxışları üşütdü məni…

Ocağı soyuyan qərib kəndləri,
Yuvası boş qalan quşu da gördük.
Hələ ki, yoldadı ömür karvanım,
Çox şükür, bu ilki qışı da gördük…

08.12.2016

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Camal Cəfər – Şəhid Asim

Bu şeiri Şəhid Asim Camalzadəyə həsr edirəm.

Şəhid Asim

İlahi qanunla, ali istəklə,
Qəlbində tutduğu uca diləklə,
Şücaət göstərib geniş ürəklə,
Ən yüksək qiymətin alıbdır Asim!

Şəhadət şərbətin eşq ilə içən,
İsti nəfəsindən, canından keçən,
Şəhid məqamıyla dünyadan köçən,
Ölümsüz, əbədi qalıbdır Asim!

“Dur!”-dedi şiddətə, “dur!”-dedi zora,
Qalib gəldi erməniyə, terrora.
Düşmən çətin daha ayaqda dura,
Zəfər nişanəsi olubdur Asim!

Oldu şəhidliklə əbədi, yaşar,
Müqəddəs sevgidən könüllər coşar.
Şəninə şeirlər, bəstələr qoşar,
Qəlblərdə məskənin salıbdır Asim!

Doğdu Günəş kimi, doğdu Ay kimi,
Parladı mələklər yanında Asim!
Köçdü ürəklərə üstün pay kimi,
Qaldı milyonların yadında Asim!

05.02.2024.

Müəllif: Camal Cəfər

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – XÜLASƏ

ZAUR USTAC XÜLASƏ

Zaur Ustac – Hər gün nəfdir!

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

Özbəkistanın tanınmış şairi Xasiyyət Rüstəmin kitabları təqdim olundu.

 www.yazarlar.az 4 Şərh Redaktə et

ZAUR USTAC – HESABAT-2023

 www.yazarlar.az 1 Şərh Redaktə et

Sadıq Qarayev “İlin yazarı” nominasiyası üzrə təltif olunub – 39 foto.

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

“BB” HEKAYƏSİ – BÖYÜK BİR SAHƏNİN SÖZ MƏNZƏRƏSİ

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

AZƏRBAYCAN YAZARLARI

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

ZAUR USTAC – TORPAQ BİZİ GÖZLƏYİR…

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

ŞANLI AZƏRBAYCAN ƏSGƏRİ

 www.yazarlar.az 2 Şərh Redaktə et

Zaur Ustac – Qaşqayda bir hürü ağlar…

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

Zaur Ustac – Göyçə dustaq, Urmu ağlar…

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

65 YAŞINI BU GÜN QEYD EDƏN DAYANDUR SEVGİNİN POEPORTRETİNDƏN CİZGİLƏR – Qurban BAYRAMOV

Boyuna sevgi biçilən şair – DAYANDUR SEVGİN

Şair Dayandur Sevgin (Tağıyev Dayandur Mikayıl oğlu) 65 yaşını yola salır… Dayandur Sevgin bu yaşa əliboş gəlməyib, o, “Boyuma biçildi dərd” (2000), “Mən bilmirəm ayrılmağın yolunu” (2003), “Əllidən o yana yollar yoxuşdur” (2009), “Xoş gəldin 55 yaşım” (şeirləri, məqalələri, onunla müsahibələr və haqqında yazılanlar, 2014), “İkinci addım” (2019) adlı kitabların müəllifidir…

Dayandur Sevgin adı gələndə gözümün qabağında bu çağımızın ziyalılar mühitində cümləqayğı obrazı canlanır… Özü də, möhtəşəm, boya-boy bir obraz!! Onu Azərbaycan Yazıçılar Birliyinin (AYB) “qaraşuxası” da, “haqqa dayanan, haqqa söykənən, könlünü şeirə verən şair” də, adlandırırlar və elə də var…

Bütün bunlar onun torpaq – Vətən oğlu olmağından irəli gəlir… 1959-cu il fevralın 5-də İmişlidə dünyaya gəlib, uşaqlığı, ilk gəncliyi İmişlinin Ağamallar kəndinin bol-bəhrəli, yovşan ətirli çöllərində keçib, aranlı-yaylaqlı yamaclarda qoyun-quzu otarıb, çiling-ağac oynayıb, tərəkəmə həyatı yaşayıb… Elə onun səmimiliyi, istiqanlılığı, şeirin vətəndaşlıq ətri bu kənddən-kəsəkdən gəlir, illər boyu şəhərdə yaşasa da, evi-eşiyi şəhərdə olsa da, çoxumuz kimi şəhər onu şəhərli edə bilməyib…

Bu xaotik şəhər mühitində bir kəndçi balası qədərincə səmimiyyətini qoruyub saxlayıb və yaxşı ki, bütün bunlar bir sərvət kimi 1980-ci illərdən bu günə onun poetik yaradıcılığına yansıyıb, hopub, yaxşı-pis, az-çox nəyi var, özüdür, özününküdür…

“Dayandur Sevginə təşəkkür düşür” – misrası onun tale misralarından biridir. Əslində düz deyilib, bizim hamımızın müxtəlif məqamlarda ona təşəkkürümüz düşüb və düşür… Dayandur Sevgin təpədən-dırnağa azərbaycanlıdır, azərbaycançıdır. Buna sübut onun poeziyasıdır, həyat tərzidir, elə təkcə “Azərbaycan bayrağı” şeiridir:

Millətimin fəxridi, haqqa gedən yoludu,

Koroğlumun qılıncı, Babəkimin qoludu,

Müstəqillik günəşi, Azadlıq simvoludu,

Seyr elə, igid əsgər, dalğalanan bayrağı.

Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı!

…Könlümdə göyərəni Qarabağda bitirsin,

Dalğalansın, arzumu Savalana yetirsin,

Ucaldıqca ucaldaq, dosta sevinc gətirsin,

Düşmənlərin köksünü oda yaxan bayrağı.

Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı!

Azərbaycan bayrağına bir-birindən dəyərli, gözəl, vüqar hissi doğuran şeirlər yazılıb… Bu silsilə arasında Dayandur Sevginin “Azərbaycan bayrağı” şeirinin öz məkanı, öz məqamı var… Onun şeiri də, bir gözəl dilək kimi oxunur, hər misrasında müəllifin doyumsuz duyğusu, doğmadan-doğma ruhu, səmimiyyəti, sevinci, göynəyi, vüqarı duyulur. Bu şeir dərsliklərə düşməyə layiq şeirdir. Ümumiyyətlə, Vətən, Millət və bu kimi keçmişə söykənən mənəvi dəyərlər Dayandur Sevginin sevgi dolu poetik yaradıcılığının, mənəviyyatının, lirik “mən”inin əsas qayəsini, ana xəttini təşkil edir. Onun poetik dünyasının dolanbaclarını gəzdikcə görürük ki, bu axar-baxar boyunca bizim özümüzün fikir və düşüncələrimiz, gündəlik qayğılarımız, sevgilərimiz, istək və arzularımız, bugünümüzüm özü sərgilənir.

Filologiya elmlər doktoru, professor Vaqif Yusifli onun yaradıcılığını belə səciyyələndirir: “Dünəni, keçmişi və bu günü şeirlərində yaşadan şair… Səmimi şair… Şeir dili axıcı, rəvan, poetik olan, ənənəyə bağlı şair… Dayandur Sevgin öz ədəbi nəsli içərisində seçilən, fərqlənən bir şairdir. Onun özünəməxsus deyim tərzi, poetik manerası var. Dayandur istənilən mövzuda yazır və yaza bilər, amma hansı mövzuya əl atsa, o mövzuda yazdığı şeirdə indiyədək rastlaşmadığın ifadələrə, tapıntı misralara tuş gələcəksən”.

Sona Vəliyevanın, Qəşəm Nəcəfzadənin, İsa Kayacanın, Fariz Çobanoğlunun və başqa qələm dostlarımızın da Dayandur Sevgin haqqında, onun poeziyası barədə maraqlı fikirləri var.

Və bu fikirləri birləşdirən ən vacib xətt budur ki, o, vətənpərvər şairdir, xalqını, yurdunu, el-obasını sevir və şeirlərində də bunun inikasını görürük. Məsələ bundadır ki, onun şeirlərindəki ilıq, isti, həlim səmimiyyət dolu duyğular elə bil bizim öz içimizdən axıb gələnlərdir, şeirin ovqatı elə təbii, sözün ruhu elə doğma, əzizdir ki, oxucunu özünə ahənrüba kimi cəzb edir… Və “Keçir” qoşmasında olduğu kimi və bu bəndlərdəki sevgi dolu duyğular onun qəlbinin misralara çevirilən kardioqramıdır:

Yolun gözlədiyim baharın, yazın,

Dolanıb yüz ilin qışından keçir.

Dərdindən Məcnuna döndüyüm qızın,

Eşqi bir üzüyün qaşından keçir.

Asılıb sinəmdən qara daş kimi,

Mənə doğmalaşıb dərd qardaş kimi,

Başımın üstündən sevinc quş kimi,

Kədər gözlərimin yaşından keçir.

İlahi, tək sənsən, tək sən, əlacım,

Səndən qeyri kimim var ki, əl açım,

Bir tikə çörəyim, nəfim, qazancım,

Dağların çınqıllı daşından keçir.

Dayandurun bu şeirindən bir şah misra keçir və bu misra onun şair şəxsiyyətinin kredosudur: “Bütün bu dünyanın qəmi, kədəri, Dayandur Sevginin başından keçir…” Bu misranın şöləsində şairin “qəmi, kədəri” major nota köklənir, qürura çevrilir.

Məlum həqiqətdir ki, Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə qazandığımız Zəfər bizi dünyaya bir daha torpağına, Vətəninə bağlı, qəhrəman millət kimi tanıtdı. Hər bir soydaşımız qürur hissi keçirir ki, üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda dalğalanır. Dayandur Sevgin “Ali Baş Komandanım” şeirində Vətən savaşı günlərində yaşadığı həyəcanları, qəlbindən keçən arzuları, Zəfər diləyini poetik dillə ifadə edib:

Mənim doğma yurdumda bu hayların nə işi,

İçimdəki bu dərdlə haçanacan utanım?

Dönüm sənin başına, dayandırma atəşi,

Şərəfi olmayanla sülh olmaz, Komandanım!

Ürəklərdə nalədi, qulaqlarda top səsi,

Qaramat zindan idi azad olan ruhumuz.

İndi-indi düzəlir belimizin əyrisi,

İçimizdə boy verib dikəlir qürurumuz.

Dayandur Sevgin şairliyin çəkisini, mahiyyətini dərk edən qələm sahibidir və bütün yaradıcılığı boyu, ən azı, bu çağa qədər buna əməl edib. Nizami Gəncəviyə həsr etdiyi şeirindəki bu misaralara – “Minbir sınaq eylə, yüz çək şairi, Əyməz hər imtahan, hər yük şairi…” olduğu qədərincə şeirin, sənətin yükünün ağırlığını bilən şairdir o. Mənə elə gəlir ki, Dayandur Sevgin bir şair kimi taleynin onun çiyninə qoyduğu yükü ləyaqətlə daşımağı bacarır və bunu Tanrının istəyinə, qüdrətinə bağlayır:

Vaxt öldürmə, qədrini bil hər anın,

Olmayacaq nə şöhrətin, nə şanın.

Halal yolla uğur tapan insanın

Tanrı adda çiynində bir əl olur.

Dayandur bir şeirində elani-ərz edir ki, “Mən dərd padişahıyam!”, amma “Gündə çəkilirəm dara, görmürsən?” Qeyri-adi obrazdır. Klassik kəlamlar və müasir deyim tərzi var burada. Dayandurun poeziyasında aforizm səviyyəsində bu cür yeniliklər, klassik kəlamlara təzə həyat vermək bacarığı yetərincədir…

Müdiriklik, əqidəyə, haqqa, ədalətə bağlılıq onun şeirinin ümdə atributlarındandır. Tanrıya xitab etdiyi bu şeirindəki kimi:

Tanrım hara gedim, hara dalınca,

Düşürəm getdikcə dara dalınca,

Qara göndərirsən, qara dalınca,

Bircə yol demirsən: “Baxt verim sənə”.

Dayandur öz yaradıcılıq nəslinin taleyini belə xarakterizə edir və burada haqlı məqamlar var: “Bilirsiniz, bizim nəsli – 80-ci illərin ədəbi nəslini bir az bəxti gətirməyən nəsil hesab etmək olar. Bu nəsil bir sıra problemlərlə üzləşdi. Yaradıclığımızın əsas dövrü müharibə illərinə, ölkəmizin problemlərinin artdığı bir dövrə təsadüf etdi və bütün bunların nəticəsində bizim nəsil çox şey itirdi. Bir də baxıb gördük ki, artıq 50 yaşımız var. Eyni zamanda onu da deyim ki, bizim nəsildən olan tənqidçilər də bizdən yazmadılar. Onlar da bizdən əvvəlki və sonrakı nəsillərdən yazdılar. Bu da 80-ci illər nəslinin digər nəsillərlə müqayisədə daha az uğur əldə etməsinin bir səbəbi sayıla bilər”. Haqlı gileydir və anlaşılan məsələdir.

Bütün bunlar bir yana, gerçək budur ki, şair kimi də, insan kimi də Dayandur Sevgin hamıya doğmadır. Onun bir şeirindəki bu misra xəyalımın səmasında qəfil şimşək təkin çaxır: “Dayandur, şeir də dövlətdi, vardı!” Bəli, Dayandur Sevgin şeirinə belə yanaşıb, şeiri belə qəbul edib. Onun varı, dövləti, varlığı, məsləki, eşqi, məhəbbəti şeirdir, poeziyadır. O, sevgi şairidir, sevgi dolu ürək daşıyan şairdir, belədir ki, deyir: “Əllərin üzündə qalar, İlahi, Adam gözlərilə baxsan rəngimə”. Və arxasınca İlahidən bu təmənnada bulunur:

Sən bizi sevgidən yaratdın axı,

Ən ülvi sevgilər adından çıxıb.

Tanrın bu gözələ hər şey vermisən,

Bircə ürək vermək yadından çıxıb.

Dayandur Sevginlə ünsiyyət Vətən, xalq, millət və cəmiyyət, eyni zamanda bütün doğmaların, ailənin qarşısında məsuliyyət hissini bütün qapsamıyla dərk etmək, paklaşmaq üçün dəyərli məqamdır. Onun xarakteri, düşüncəsi, rəftarı buna münbit zəmin yaradır. Söhbətlərində də, yazdıqlarında da Dayandurun yalnız özü var. Canıyananlıq, sadəlik, səmimiyyət, nəciblik onun gündəlik həyat tərzidir. Onu tanıyanların hamısı Dayandurdan “torpaq ətirli, dağ vüqarlı, çay kimi coşqun, dost-tanışa sədaqətli, bütöv xarakterli, əqidəli, dar günün həmdəmi olan” bir insan kimi söz açır. Çünki Dayandur həm sözə, poeziyaya, həm də əmələ, kişiliyə, mərdliyə könül vermiş insandır. Təsadüfi deyil ki, o, irfani şeirlər yazır, irfan düşüncəsinin onda oyatdığı intibaları şeirlərində əks etdirir. Nədən söz açırsa, insaniyyətlə, saflıqla, sevgi ilə süsləyir. Bir vaxt “Söz sorağında” adlı ədəbi birlik yaratmış Dayandur, bu gün də, üz-üzə dayandığı 65 yaşında da xas sözün, xoş sözün axtarışında, sorağındadır. Bu axtarışda Dayandur Sevginə yeni uğurlar, parlaq tapıntılar diləyir, “65 yaşın mübarək olsun və yeni yubileylərində görüşək!” deyirəm.

İlkin mənbə: Boyuna sevgi biçilən şair – Qurban Bayramov yazır


Qurban BAYRAMOV
,

tənqidçi-ədəbiyyatşünas.

QURBAN BAYRAMOVUN YAZILARI


DAYANDUR SEVGİNİN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"