RƏFİQƏ QASIMQIZININ KİTABI ÖZBƏK DİLİNDƏ ÇAP OLUNUB

Tanınmış şair Rəfiqə Qasımqızın “Utancaq bənövşələr” kitabı Özbəkistanın dəyərli tərcüməçi şairi,Gülzira xanım Şaripovanın tərcüməsində özbək dilində “Hayoli binafshalar”adı ilə nəşr olunub.

YAZARLAR olaraq, bu münasibətlə hər iki dəyərli yazarımızı təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Jalə Cəfərova Türkiyədə səfərdədir

JALƏ CƏFƏROVANIN YAZILARI

Dünya şöhrətli rəssam İbrahim Safinin Avropadakı həyat və yaradıcılığının öyrənilməsi Türkiyədə davam etdirilir.
Bakı- İstanbul 14 03.2022
Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlt Agentliyinin dəstəyi ilə Milli Mədəniyyətin Təbliği ictimai birliyi dünya şöhrətli rəssam İbrahim Safinin Avropada yaşadığı dönəmi tədqiq edir .
Təşkilatın rəhbəri filologiya üzrə fəlsəfə doktoru. Jalə Cəfərova ilk addımını Türkiyədən başladı. Niyə məhz Türkiyədən sualına. “ İbrahim Safi ömrünün 65 ilini Türkiyədə ysşahıb. 39 ildir dünyasını dəyişən böyük sənətkar haqqında məlumat əldə etmək çox çətindir. Ancaq xoşbəxtlikdən onun haqqında hələ lap gənc yaşlarında mətbuatda daim məqalələr yazımış bu gün də sayğlyla xatırlayan Moşe Qrosman və 89 yaşlı ailə dostu, uzun illər İbrahim Safinin icazəsiylə imzasını
çəkən Həbib Gerazdan , rəssam Timur. Taştekindən faydalı məsləbətlər almalıydım və ala bildim.

Növbəti səfər. Yunanıstan və ardından Paris olacaq. Bütün toplanan bilgilər layihənin sonunda kitab şəklində oxuculara təqdim olunacaq.

Müəllif: Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA

AJB-nin üzvü, “Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceri, yazar.

JALƏ CƏFƏROVANIN YAZILARI

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MUSA ƏLƏKBƏRLİNİN ŞEİRLƏRİ

MUSA ƏLƏKBƏRLİNİN YAZILARI
  • Gözəlliyə baxanda
    Gözəlliyə baxanda yorğun gözüm dincəlir,
    Ürəyimə güc, qüvvət, dizimə təpər gəlir.
    Qalxır ərşi-əlaya, ruhum göyə yüksəlir,
    Bu vurğunluq tanrıya can almağımdı mənim.
    * * *
    Mənzilə çatdırmadı yollarımın kəcliyi,
    Vədəsiz yola saldım rahatlığı, dincliyi,
    Bu gün anmaq sevgidən yanıq qalan gəncliyi,
    Ürəyimi yer-yerdən qanatmağımdı mənim.
    * * *
    İndi peşman, pəjmürdə öz qəlbini dinləmək,
    Bu sozalan yaddaşı təzələmək, çinləmək.
    Odu sönən illəri təzədən yelpikləmək,
    Uyumuş duyğuları oyatmağımdı mənim.
    * * *
    Gözümün vərdişidi bulaqtək duru axmaq,
    Qəlbi içdən közləmək, ruhu yandırıb yaxmaq.
    Yaşımın bu çağında gözəl qız sənə baxmaq,
    Yanar lalə üstünə qar atmağımdı mənim.
    * * *
    Sürəklərdə teylənib ovdan aralı qalan,
    Ocağı öləziyən, gülü saralı qalan.
    Nə yarada bilər ki, yardan yaralı qalan,
    Bu andığım ğrılar yaratmağımdı mənim.

    ÜRƏYİM
    Sevgi uma-uma daşa yamandı,
    Taleyi, iqbalı daşlı ürəyim.
    Döndü bir ümmana, çağladı, coşdu,
    Kükrədi, köpürdü, daşdı ürəyim.
    * * *
    Göz açdığım gündən sevgiyə çəkdi,
    Bu boyda ağrını o niyə çəkdi?!
    Məni toya çəkdi, şənliyə çəkdi,
    Bircə yol gülmədi yaslı ürəyim.
    * * *
    Əyri cığırlarda vaxtı yubatdı,
    Nə mənzilə yetdi, nə kama çatdı.
    Gecəni əritdi gündüzə qatdı
    O qançır gözləri yaşlı ürəyim.
    * * *
    Yaralı bir quşdu qəfəs sinədə,
    Baxmır saçlarıma düşən dənə də.
    Kövrək bir buluda dönüb yenə də
    Payızlı, çiskinli, qışlı ürəyim.
    * * *
    Ilahi bir gözəl durur qarşımda,
    Təzə bir sevdanın odu başımda…
    Anamı ağladır əlli yaşımda
    Mənim bu on yeddi yaşlı ürəyim!!!

    SƏN…
    Sən taleyin bəxş etdiyi töhfəsən,
    Bir təkrarsız, bir ilahi lövhəsən.
    Şairini aparanda məhvə sən
    İnsafı da, mürvəti də unut get
    Üzündə ay, saçlarında bulud get.
    * * *
    Nə şumalsan, rəndədənmi çıxmısan,
    Allahdanmı, bəndədənmi çıxmısan?
    Aymı, günmü yoxsa sənmi çıxmısan?
    Dünya belə yaraşığı görməyib,
    Üzündəki bu işığı görməyib.
    * * *
    Səni gördüm huşum çıxdı başımdan,
    Bir qərinə yaşım çıxdı yaşımdan.
    Alov qalxdı torpağımdan, daşımdan,
    Közlənərsən, alışarsan çıxıb get,
    Mən fağırı birdəfəlik yıxıb get.
    * * *
    Mən üzülsəm möcüzədən, sehirdən
    Sənin kimi tanrı yazan şeirdən,
    Əzrail da gəlib çıxar böyürdən.
    Varağından qaralayar adımı,
    Gözlərimdə kül eləyər odumu.
    * * *
    Musa, bəlkə sözün çatdı hədəfə,
    İnci düzdün, ürək üzən sədəfə
    Nişangahda əlin əsir hər dəfə,
    Ömrün boyu vurammırsan onluğu,
    Sona qədər izləmirsən sonluğu!

Müəllif: Musa ƏLƏKBƏRLİ

MUSA ƏLƏKBƏRLİNİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTACIN “BB” ADLI YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

ZAUR USTAC – “BB” HEKAYƏLƏR

Zaur Ustacın “BB” adlı yeni kitabı işıq üzü görüb. Kitab Əbdürrəhim bəy Haqverdiyev – 150 yubiley tədbirləri ilə əlaqədar “Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi çərçivəsində nəşr olunub. Kitabdakı hekayələrlə tanış olmaq istəyənlər kitabıb PDF variantını aşağadakı keçiddən istifadə etməklə oxuya bilərlər. Buyurun: PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AQŞİN HACIZADƏ – GÖYÇƏM

AQŞİN HACIZADƏNİN YAZILARI
  • GÖYÇƏM
    Otuz ildi yad əlində,
    Olmusan sən əsir, Göyçəm!
    Yol görünmür sənə sarı,
    Bu nə tilsim, nə sirr Göyçəm?
    * * *
    O çəməndən, gülşəndən biz,
    O nərgizdən, süsəndən biz,
    Səndən ayrı düşəndən biz,
    Olduq yetim-yesir, Göyçəm.
    * * *
    Qəlbimizdə qalıb izi,
    Sinəmizə salıb izi.
    Otuz ildi həsrət bizi,
    Qılınc olub kəsir, Göyçəm.
    * * *
    Ah çəkirik yaramızdan,
    Ölən çoxdu sıramızdan,
    Otuz ildi, aramızdan,
    Soyuq yellər əsir Göyçəm.
    * * *
    Vüsal daha yalan olub,
    Həsrət bizə qalan olub.
    Dağıdılıb, talan olub,
    Biz ucaldan qəsr, Göyçəm.
    Olmusan sən əsir, Göyçəm!

Müəllif:Aqşin HACIZADƏ

AQŞİN HACIZADƏNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

18 MART – ÇANAKKALE

ÇANAQQALA ZƏFƏRİNİN 107-ci İLDÖNÜMÜ

Çanaqqala döyüşləri Osmanlı ilə Antanta dövlətləri arasında 1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək davam edən dəniz və quru müharibəsidir.  Bu qanlı savaşda  minlərlə azərbaycanlı iştirak etmiş, üç mindən çox azərbaycanlı  şəhid olmuşdur.

  Çanaqqala döyüşlərində Osmanlı ordusu 250 min şəhid versə də, Çanaqqala boğazını keçilməz etmişdir.

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İlqar Fəhmi – Tariximizlə bağlı düzgün suallar məhz bu cür qoyulmalıdır!

ŞAH İSMAYIL XƏTAİ
  • Tariximizlə bağlı düzgün suallar məhz bu cür qoyulmalıdır!
    Səfəvi tarixi ilə bağlı təkcə elmi-publisistik müstəvidə fəaliyyətlə kifayətlənmək olmaz.
    İlk növbədə ədəbiyyat və incəsənət sahəsində Şah İsmayıl və Səfəvi mövzularına geniş işıqlandırılmasına nail olmalıyıq.
    Məgər Şeyx Səfidən tutmuş, üzü bəri dörd yüz illik Səfəvi tarixi bizə hekayələr, roman povestlər, pyeslər yazmaq, filmlər çəkmək üçün azmı faktlar göstərir?
    Məgər Şah İsmayıl Xətainin və ümumilikdə, Səfəvi dönəminin klassik poeziyası bizə azmı bədii təsir bağışlayır?
    Yaxud, Səfəvi minatürləri, xalçaları, xəttatlıq- nəqqaşlıq nümunələri bizim müasir rəssamlar, dizaynerlər üçün azmı estetik tapıntılar qoruyub saxlayır?
    Məgər Şah İsmayıl haqqında bu vaxta qədər yazılmış barmaqla sayılası əsərlər doğurdanmı onu bütün rakurslardan işıqlandırmağa kifayət edir? Zənnimcə bu obraza təkrar-təkrar, dəfələrlə müraciət edilməlidir.
    Əgər şair və yazıçılarımız, dramaturq və rejissorlarımız bu mövzunu müxtəlif müasir və maraqlı üslublarda, formalarda təkrar-təkrar işıqlandıra bilsələr, onda geniş xalq kütlələrinin, ələlxüsus gənclərin də Şah İsmayıl obrazına və Səfəvi mədəniyyətinə marağı və həvəsi artmış olar.
    Məgər Şah İsmayıl şəxsiyyətinin bizim üçün dəyəri, Birinci Pyotrun ruslar üçün, ya Napoleonun fransızlar üçün olan dəyərindən əskikdirmi? Niyə adıçəkilən dövlət xadimləri barəsində yüzlərlə, hətta minlərlə bədii əsər, incəsənət nümunəsi yaradılıb? Biz niyə geri qalmalıyıq?
    Yəni bizim tarix və mədəniyyətimiz bu qədər kasıbdır?
    Nə vaxtacan qələm sahiblərimiz «filankəs filankəsi belə ittiham etdi», «filankəs filankəsə belə cavab verdi», «filankəsin arvadı ona xəyanət elədi», «Filankəsin yatağından filankəs çıxdı» kimi «bomba yazı»lara enerji sərf edib, ziyalı mühitin şüurunu zəhərləyəcək?
    Niyə bizim yeniyetmələr qəhrəmanlığı «Spaydermen»lərdən, ağıllı olmağı «Meqamozq»lardan, vətən sevgisini «Vilyam Volos»lardan, poetik ruhu «Kələbək röyaları»ndan, cəngavərlik şərəfini «Ceday»lardan öyrənməlidi?
    Hələ Azərbaycan tarixinin başqa parlaq səhifələrini, tarixi şəxsiyyətlərini kənara qoyuram, əgər bircə Şah İsmayıl Xətai şəxsiyyətində bütün bu keyfiyyətlər birləşirsə, niyə onu lazımi səviyyədə təbliğ etməyək?
    Etməliyik. Və edəcəyik. Əgər iyirmi birinci əsrdə dünyanın, hər mənada böyük və bütöv xalqları sırasına çıxmaq istəyiriksə, geniş mənada, Səvəfi ağlı və Qızılbaş gücündən istifadə etməliyik… Zənnimcə, milli-ideoloji baza olaraq, bundan optimal variant görünmür.
    Müəllif: İlqar FƏHMİ

İLQAR FƏHMİNİN YAZILARI

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LEYLA MÜƏLLİMƏNİN QONAQLARI

https://www.youtube.com/watch?v=R1ytODPVvXY

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏNVƏR ƏHMƏDİN ŞEİRLƏRİ

Ənvər ƏHMƏD

Bu zülmü mənəm ki çəkirəm, ana!

Yoxluğun əriyib gözümdən axdı,
Ölümün öldürdü mən qara baxtı.
Hönkürüb, hönkürüb bu gecə vaxtı
Qəbrini bağrıma bükürəm, ana!

Donub ruhum, canım sal buza dönüb,
Taleyim kor olub, ulduzum sönüb,
Üstümə bir dünya ağrılar enib,
Dağ kimi önündə çökürəm, ana!

Ağrınam, acınam, sızlar yaranam,
Bağrımın başında bir damla qanam,
Qıymazdın bu sayaq alışıb yanam,
Bu məhşər odudu, çəkirəm, ana!

Tanrım bu dərd-qəmi ömrümə yazdı,
Diriykən yanında qəbrimi qazdı,
Bu ağrı, bu acı bəlkə də azdı,
Qan-yaşdı gözümdən tökürəm, ana!

Ənvər gecə-gündüz qarğar fələyi,
Dönməz bu ölümə şair ürəyi,
Qəbrinin üstə ki, otu, çiçəyi,
Vallah, göz yaşımla əkirəm, ana!

Gəlmişəm

Xocalı adlı balamı,
Qana bələyib gəlmişəm.
Uçurub könül qalamı,
Canımı oda sərmişəm.

Göz yaşım daş üstə bitib,
Şuşa boyda ömrüm itib.
Yaram məni boyda ötüb,
Dərdi gözümlə dərmişəm.

Yazım açmadı bir çiçək,
Dərdim qanımda bitəcək.
Ömrüm canımda itəcək,
Yaram üstə söz sərmişəm.

O daş yollar məni yedi,
Fələk səbr et, döz-döz dedi.
Gördüm Vətən can üstədi,
Bir də baxım göyərmişəm!

Ağlayır

Ötsün asta-ata segah, şikəstə,
Od yağdı Vaqifin qəbrinin üstə,
Dağıldı yurd-yuva, torpağım xəstə
Qan sızır yaramdan gözüm ağlayır.
Yas tutdu Natəvan, hönkürdü Bülbül,
Olub Qaryağdının naləsi dil-dil,
Yoxdur Qarabağım, fəryad et könül
Sönüb od-ocağım, gözüm ağlayır!

Gəzdiyim oylaqlar geyindi qara,
Çəkildim Şuşada gözümdən dara
Vuruldu sinəmə əbədi yara,
Bulaqlar üstündə izim ağlayır.

Ay Ənvər, fələyin min bir oynu var,
Hanı gurşad səsli, qartallı dağlar,
Elə bil yoxmuş o gözəl çağlar,
Uçdu qəsri qallam, sözüm ağlayır!

Bilmirəm

Geyib ayağıma bu sərt yolları,
Arzumun səddinə çata bilmirəm.
Bu boyda dünyanın ağırlığını,
Götürüb çiynimdən ata bilmirəm.

Öldü bu dünyanın gədası, şahı,
Nəydi dəlilərin günahı, ahı?!
Dünya inqə deyir, anası zahı,
Ləlimi, gümüştək sata bilmirəm!

Bir ovuc torpaqda bir dünya dərd var,
Canımın gözündə qan damar-damar.
Fələk ömrümüzlə oynayır qumar,
Başımı heç nəylə qata bilmirəm!

Zaman daşa basdı, qəddimi əydi,
Taleyin yumruğu başıma dəydi.
Neynim, aman Allah, axı, bu nəydi,
Yaramın üstündə yata bilmirəm!

Ənvər, bu ağrıyla bağrın talandı
Beləmi yazılıb, tanrımın andı?
Canım çırtdaq-çırtdaq od tutub yandı,
Qəvvasam, dərdimdə bata bilmirəm.

Sən olum

Göy qurşağı üzüyünün qaşıdır,
Buz bulaqlar gözlərinin yaşıdır.
Baxışın könlümün məhək daşıdı…
Ərit məni gözlərinin odunda…
… Ya ömrünü ömrüm ilə başa vur,
Ya ömrümü tufana sal, daşa vur.
Ya bahar ol, gül üstündə şeh olum,
Ya könlünü sərinlədən meh olum.
Ya günəş ol, zərrəciyin olum mən,
Ya payız ol, yanağında solum mən.
Ya səhər ol, qızıl nurtək çilənim,
Ey qədrimi insan kimi bilənim!
Ya nəğmə ol, qəlb oxşayan söz olum,
Ya alov ol, qor altında köz olum.
Ya zirvəm ol, duman olum, çən olum!
Ya dünyam ol, mən sənləşim, sən olum!

Çəkinə-çəkinə

Bir az çəkinə-çəkinə
Mən səni atdım
Yoxluğun içinə.
Daha dünənki
Gün kimi yoxsan,
Sabaha çatmaz əlin
Əriyər gözündə
Yoxluq heykəlin.
Sındı qanadın,
Gedişin getdi,
Gülüşün itdi.
Üç nöqtə qoyuram,
Bu şeirim bitdi…

İtir

Ömrüm bu yollarda itir,
Ağla  məni gültək bitir,
Öldür məni yerdən götür,
Sıxma məni qanım çıxır.

Özüm özümdən düşmüşəm,
Küləm közümdən düşmüşəm.
Yaman gözümdən düşmüşəm,
Budaqla yarpaq kimiyəm
Bir ovuc torpaq kimiyəm.

Əlim çatmaz keçən günə,
Ürəyimdən keçən günə,
Dərd-qəmimi seçən günə,
Allah, bu səs, bu ün mənəm,
Dünənim yox, bu gün mənəm!

Üzüm-gözüm qırış-qırış,
Tale deyir: et yır-yığış,
Yaman soyuq gəlir bu qış,
Qaraltma sən gəl qanımı,
Özün oxu Quranımı!

Ölüm-olum arası az,
Dünya gödək, qəbir dayaz.
Ənvər şeiri dərdinlə yaz,
Dünya sığmır dünyasına
Dünya ağlar öz dünyasına.

Kimi

Bu dünyanın üzü qara
Gecə üzündə xal kimi
Ölüm-itim, hamısı var
Bu həyat bir xəyal kimi.

Baş kəsilir, qan tökülür
Gedirəm, dizim bükülür.
Tanrının evi sökülür
Keyləşmişəm bir lal kimi.

Kim köç edir, kim yurd seçir,
Fələk enib kəfən biçir,
İnsan ağlı qanın içir,
Qalmışam bir sual kimi.

Ömrümə

Göz yaşımla bitən gülsən,
Dil-dil olub ötən dilsən.
Bəlkə bir bulud gölüsən
Yağış kimi yağ ömrümə.

Kipriyimin ucunda qəm,
Gözüm dolu, kədər, ələm.
Doğulmaram hələm-hələm,
Çəkmə, çəkmə dağ ömrümə.

Səhər köçdü, axşam düşdü,
Ayaq dünyadan sürüşdü.
Fələklər baxdı, gülüşdü
Mənim üzü ağ ömrümə.
Dərk et, ömür əfsanədir,
Gülləri seç, ara bir-bir.
Dur get Quran xətm elətdir,
Baxa-baxa sağ ömrümə.

Şəkərim var…

Şəkərim var, şəkərim,
Şəkər mənim şakərim.
Şəkər yeyir canımı,
Çox qaraldır qanımı.

Həkimlərin hərəsi,
Bir cür resept yazır.
Bu reseptlər elə bil,
Canıma qəbir qazır.

Onları qınamıram,
Hər nə yeyirsən zəhər.
Çoxu deyir ay şair,
Çalış yaşa birtəhər.

Əlacım yeriməkdi,
Canımı sürüməkdi.
Həsrətəm ətə-yağa,
Bala, südə-qaymağa.

İnsaf yoxdu həkimdə,
Gerilik var çəkimdə…
Tez-tez söyləyir mənə,
Dostum, deyirəm sənə.
Şirin şey qəti olmaz
Pəhriz saxla sən bir az!
Yeyəsən qara çörək,
Əməl edəsən gərək
Həkimin hər sözünə.
Qəsd edirsən özünə…
Böyrəklərin işləməz
Gözlərin yaxşı görməz
Papirosda çəkmə sən
Araq, çaxır içmə sən.

Su iç gündə 3-4 litr,
Şəkərini bir az itir.
Dedim pəhriz saxla sən
Az-az yeyə bilərsən
Toyuq əti, dana əti
Göy-göyərti
Həftədə bir yumurta
Ayrı yemək yemə, ta…

Gözün tikir gözümə,
Mat-mat, baxır üzümə
Yazım tez iynəyə keç,
Təzə həyat tərzi seç
Əlavə amaril at
Çarəsiz deyil həyat…

Barışdı

Eh əcəlin gözü kordu,
Kor gözüylə məni yordu.
Hər bir kəsin sonu kordu,
Yaram canıma darışdı.

Ha qaçdım mən ora-bura,
Dözdüm bu sərt vurhavura,
Loğmanım yox, ruhum yara,
Ömrüm əzabla barışdı.

Dərd-qəmimə bata-bata,
Sarındım ilan həyata,
Vaxt çürütdüm yata-yata.
Qanım dərdimə qarışdı.

Kim yoğurdu, kimsə yaptı,
Kimi yağlı kökə tapdı,
Həyat yolu çapa-çapdı,
Ram ol, könül bu yarışdı.

Yolçu

(Özümə)

Yolçu, yolun uzundu,
Çarıq geyin dəmirdən
Bu yolların saçını
Bəyaz qartək ərit sən.

Qarşında dağ görünür,
Zirvəsi çox ucadır?
Bəlkə sənin ömrün
O dağlardan qocadır?!

Yoluna ilan çıxar,
Yolunda qurd ulayar.
Yolunda mənfur həyat,
İttək quyruq bulayar.

Fikir vermə, yeri, get,
Yolunda daşa dönən
Hər kəsə sən nifrət et
O sərt ölüm yoludur,

Sınmır, fələk qoludur
O yolun sön nöqtəsin
Ayağın tapa bilməz.
Get, get yolçu yolunla,
Ölümsüz bir dünya gəz.

Dedilər ölübdür, üçüdür bu gün

Zəng etdim… halını soruşmaq üçün,
Dedilər ölübdür, üçüdür bu gün…
Söz də dəli olar belə xəbərdən
Yığıb bəbəyinə tozlu yollan
Köz də dəli olar belə xəbərdən.
Dünən var, bu gün yox olursa insan
Bir zərif yarpaqtək solursa insan.
Doğulmaq bir azca ar gəlir düzü
Doğulub, yaşayır, ölübdür sözü.
Dəhşətlə səslənir ölüm, qan, qada
Üç gündür o yoxdur, yoxdur dünyada…
… Dərd sənin köksünü eşəsi olsa.
Dərd sənin köksünü deşəsi olsa
Bir azca ağlamaq xoş olar vallah,
Bir azca hönkürmək gərəkdir, Allah!
Dərd duman deyildir külək dağıda
Kədərin dağı da, qəmin dağı da
Birdən çəkiləndə sinənin üstə
Yığılıb diz üstə düşürük xəstə…
Ölübdür sözünün acı zəhəri,
Üçüdür sözünü ahı, qəhəri,
İşləyir iliyə, damara, qana.
Ağır yuxu kimi gəlir insana
İnsanın yoxluğu, əbədi gediş
Amansız bu ağı, dözülməz bir iş,
Varlığın yoxluğu, sənsiz bir həyat
Boğur insanlığı, baxırıq mat-mat
… Zəng etdim… ölü bir ağrı dinlədim.
Ağrıya qoşulub dərdtək inlədim!
Zəng etdim halını soruşmaq üçün
Dedilər ölübdür, üçüdür bu gün!…

Bu gecə

Bu gecə nə gözəl gecədir, könül,
Bu gecə ay necə bədirlənibdir.
Dünya süd gölündə çimir elə bil,
Elə bil üfüqlər yerə enibdir.

Gecə ağ duvaqlı nazlı gəlintək,
Açıb saçlarını yuyur sularda.
Yaylıqtək asılıb ağacdan külək,
Dünya nə gözəlmiş bu ilk baharda…

Bəlkə ikimizik dünyada oyaq,
Bəlkə bu gecənin gəlişi haqdır.
Sən mənə səhərin gözləriylə bax,
Bəxtim günəş kimi doğulacaqdır.

Ulduzlar torpağa tökülür dən-dən,
Çiçək yağışında yuyulur gecə.
Torpağın əliylə yazıla bilən
Gözəl şeir kimi duyulur gecə.

Uzansın bu gecə… Sökülməsin dan,
Bu gecə huşumu başımdan almış,
Utansın bu gecə yanaqlarından,
Bu gecə üzündə bir qara xalmış…

Sən ölsən, gözlərində…

Gözlərin tabutumdur,
Göz yaşında yu məni
Bəlkə nə vaxtsa doğub,
Gözündəki su məni.

Bir damla göz yaşına,
Qərq eləmə özünü.
Ağlama, buludların,
Ahı tutar gözünü!

Sənin günəş üzündə,
Zülmət buzum əriyər.
Mənim kür, çılğın könlüm,
Gözlərində kiriyər!

Sən ölsən, gözlərində
Şair qəbri qazılmaz.
Sənin cəllad gözünə,
Bir də şeir yazılmaz.

Üşüyür

Bu bir tanrı qarğışıdı,
Dərdim canımın yaşıdı,
Dondum, ömrümün qışıdı
Əzabım, cəbrim üşüyür.

Batmamışam günahıma,
Allahım batar ahıma.
Alov tökün görgahıma,
Yetimdi, qəbrim üşüyür.

Boğdu məni bu dərd-ələm,
Nəsə yaman tələsirəm.
Qultək dərdimə əsirəm,
Tələsir, səbrim üşüyür.

İlkin mənbə: 525.az

Müəllif: Ənvər ƏHMƏD

ƏNVƏR ƏHMƏDİN YAZILARI

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV – MUSTAFA KAMAL ÇANAQQALA DÖYÜŞLƏRİNDƏ

 ÇANAQQALA ZƏFƏRİNİN 107-ci İLDÖNÜMÜ

Çanaqqala döyüşləri Osmanlı ilə Antanta dövlətləri arasında 1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək davam edən dəniz və quru müharibəsidir.  Bu qanlı savaşda  minlərlə azərbaycanlı iştirak etmiş, üç mindən çox azərbaycanlı  şəhid olmuşdur.

  Çanaqqala döyüşlərində Osmanlı ordusu 250 min şəhid versə də, Çanaqqala boğazını keçilməz etmişdir.

AKİF ABBASOV

MUSTAFA KAMAL ÇANAQQALA DÖYÜŞLƏRİNDƏ

                (“Samsundan başlanan yol” romanından)

Mustafa Kamal vaxt itirmədən Gelibolu yarmadasına yola düşdü. 1915-ci ilin yanvar ayının ortaları idi. O, yarımadada yerləşən Tekirdağ şəhərinə gəlib on doqquzuncu diviziyanı təşkil etməyə başladı.

 Fevral ayının 25-də bu diviziya yerini dəyişib Maydosa (Ejeabada) köçdü. Bu şəhərlər yarımadada Dardanel (Ağ dəniz) boğazı hövzəsində yerləşirdi. Burada Mustafa Kamal sərəncamında olan diviziyadan başqa həm də ikinci piyada alayını və bir sıra topçu birləşmələrini də tabeçiliyinə aldı. Beləliklə, o, Maydos hərbi dairəsinin komandanı oldu.

Yarımada narahat günlərini yaşayırdı. Martın 18-də ingilis donanması Çanaqqala  boğazını keçməyə cəhd etdi. Bunu görən sahil topçuları onları şiddətli atəşə tutdular. Düşmən ağır itki verdi, lakin öz niyyətindən əl çəkmədi. İngilislər yarımadaya desant çıxarmaq fikrində idilər. Türk ordusu bundan vaxtında xəbər tutdu.

            Geliboluda beşinci ordu yaradılmış və alman generalı Liman fon Sanders ordu komandanı təyin olunmuşdu. O, ingilis həmlələrinin qarşısını almaq üçün ordu qüvvələrini üç qrupa bölmüş və onları təlimatlandırmışdı.

Mustafa Kamalın komandanlığı altında olan birləşmələr ehtiyat qüvvə kimi dayanıb dururdu. Baş plana əsasən, Mustafa Kamalın diviziyası aprelin 18-də Tümeni və Bıqalı şəhərlərinə doğru hərəkət etdi.

         İngilislər axır ki, öz planlarını həyata keçirdilər və aprelin 25-də Çanaqqalada Səddülbahir və Arıburnu bölgəsində desant çıxardılar. İlk desant dəstələri Mustafa Kamalın ordusu yerləşən ərazidə gözə dəydi. Bunu görən Mustafa Kamal tez qoşunları Bıqalıdan Conkbayıra köçürdü. İngilis ordusu Arıburndan Conkbayıra doğru irəliləyirdi. Lakin elə həmin gün bu qüvvələr on doqquzuncu diviziyanın həmləsinə tuş gəlib geri oturduldu. Ordu komandanı general Liman fon Sanders əməliyyatı müvəffəqiyyətlə həyata keçirdiyi üçün Mustafa Kamala öz təşəkkürünü bildirdi. İyun ayında Mustafa Kamala albaylıq  rütbəsi verildi.

Atatürk Çanaqqala döyüşlərinin qəhrəmanı Koca Seyidi yadına saldı. Koca Seyid evli idi, bir qızı da doğulmuşdu. Qayğıya ehtiyacı olan qoca ata-anası vardı. Bir sözlə, evdə-eşikdə lazım idi, öz ailəsinin, arvadının, körpə qızının yanında olmaq, valideynlərinə həyan durmaq üçün. Fəqət Osmanlı Türkiyəsi ağır gündə idi. Belə bir zamanda evdə, isti ocağın qırağında oturub qızınmaq kişilikdən deyildi. Odur ki Koca Seyid könüllü orduya yazılıb, cəbhəyə yollandı. Bu, 1909-ju ilə təsadüf edirdi. Üst-üstə doqquz il orduda xidmət etdi. Düz doqquz il evindən-eşiyindən ayrı düşdü, ailəsində baş verənlərin birindən xəbər tutdusa, digərindən xəbər tuta bilmədi, başqa bir xəbəri də ondan gizlətdilər.

         Bu doqquz ilin içində neçə dəfə yır-yığış elədi ki, tərxis olunub evə qayıdır, hər dəfə bir iş çıxdı və o, əsgəri xidmətini başa vura bilmədi. Gah Balkan müharibəsi, gah Ədirnə fəthi oldu. Nəhayət, gəlib min doqquz yüz on dördüncü il yetişdi. Birinci dünya müharibəsi başlandı. Belə məqamda ordudan tərxis oluna bilərdi?! Çanaqqala qan ağlayırdı. Koca Seyidi Çanaqqalaya göndərdilər: “Orada sənin kimi igidlərə ehtiyac var. Get, düşmənin anasını ağlat!” – dedilər.

Çanaqqala cəhənnəmi xatırladırdı. Fransız qoşunları, ardınca da ingilis ordusu boğaza girmişdi. Ətrafa od saçırdılar. Bu dövlətlərin nə qədər desən silahı, topu-tüfəngi, canlı qüvvəsi vardı. Saya-hesaba gəlməzdi. “Kraliça Yelizaveta” və “Okean” hərb gəmiləri atəşə ara vermirdi. Türk əsgərləri və zabitləri düşmən donanması ilə qeyri-bərabər döyüşdə müqavimət göstərməkdə idilər, geri çəkilmək barədə fikirləşməyi belə özlərinə ar bilirdilər. Bu zaman bir top mərmisi döyüşçülərin lap yaxınlığında partladı. Havaya sovura bildiyini havaya sovurdu, sovura bilmədiyini yerə çırpdı. Yerin altı üstünə çevrilmişdi. Türk topları və əsgərlər torpağın altında qalmışdılar.

Onbaşı Koca Seyid özünə gələndə gördü ki, onu yarıyadək batdığı torpaqdan dartıb çıxarmaq istəyirlər. Özü də hərəkətə gəldi və birtəhər qurtuldu. Koca Seyid nə hadisə baş verdiyini anlamaq iqtidarında deyildi. Ətrafa baxdı. Nə əsgərlər, nə də zabitlər gözə dəyirdilər. Gözlərini dolandırıb yerdə uzananlara və şiddətli ağrıdan qıvrılanlara nəzər saldı. Saymağa başladı. Artıq döyüş yoldaşlarından on dördü həlak olmuşdu. İyirmi dörd yaralı vardı. Toplar torpağın altında qalmışdı. Bu cəhənnəmin içərisində fransız və ingilis donanması ilə üzbəüz vur-tut üç nəfər döyüş qabiliyyətli adam qalmışdı: biri batareya komandiri yüzbaşı Hilmi bəy, biri Niğdeli Əli, biri də Koca Seyid.

Fransızların “Okean” hərbi gəmisi atəş açmaqda davam edirdi. Türklərin topları sıradan çıxmışdı. Onbaşı Koca Seyid gedib birər-birər yoxladı. Yalnız bir top salamat qalmışdı, fəqət onun da vinci qırıq idi. Koca Seyid dilxor oldu, lakin inamını itirmədi, Allahdan imdad dilədi.

Bir qədər aralıda top mərmiləri vardı. Amma onun hər hansı birini qaldırmaq tək adamın işi deyildi. Yoldaşlarında da hey qalmamışdı ki, mərmiyə yaxın düşə bilsinlər. Gözlərinin qarşısında neçə-neçə say-seçmə igid, cavan əsgər yoldaşının öz canını tapşırması, o birilərinin isə yarımcan uzanıb yerdə qalması, Vətəninə olan sonsuz sevgisi, düşmənə nifrəti Koca Seyidin damarlarında axan qanı coşdurdu, ona sanki əlavə can, güc və qüvvət verdi. Ata-anasını, balaca qızını, arvadını gözləri önünə gətirdi: “Bu ingilislər, bu fransızlar basa-basa o uzaqlıqda yolu ona görə gəliblər ki, torpaqlarımızı tutub, bizi özlərinə kölə etsinlər? Ay siz öləsiniz!”

            Onbaşı Koca Seyid irəli yeridi. Yüzbaşı Hilmi bəy onun niyyətini başa düşüb:

– Seyid, tək nəfərin işi deyil, – dedi. – Özünü gücə salarsan, belin sərpər, ömrün boyu sürünə-sürünə qalarsan. Çəkil, onsuz da qaldıra bilməyəcəksən. Əli ilə mən də yaralı, əlimizdən bir iş gəlmir.

Koca Seyid özünə inamlı:

– Siz narahat olmayın. Hər halda cəhd eləyim, bəlkə alındı. Həm də gözümüz baxa-baxa necə yol verə bilərik ki, düşmən torpaqlarımıza soxulsun, arvad-uşağımıza əl atsın, babalarımızın gorunu söysün. Allah mənə o günü göstərməsin. Düşmən yalnız mənim meyitimin üstündən keçib Vətən torpağına ayaq basa bilər.

Top mərmilərinin hər birinin ağırlığı 275 kiloqram olardı. Koca Seyid bir anlığa yerində dondu. Anasından öyrəndiyi duaları oxudu, Allahını səslədi, ona güc-qüvvət verməyi xahiş etdi. Sonra yerə əyilib top mərmisini qaldırdı. Hiss etdi ki, sümükləri şaqqıldayır. Fikirləşdi ki, indi sümükləri bir-bir qırılacaq. Fəqət onların heç biri sınmadı. Koca Seyid gözlərini qaldırıb Vətənin göylərinə, gözlərini endirib Vətənin torpağına baxdı. Necə də böyük, qüdrətli, gözəl, füsunkar, doğma idi Vətən! Koja Seyid güc aldı, qüvvə topladı: “Ya Allah!” – deyib mərmini qaldırdı. Topa sarı gedib yerində oturtdu. Atəş açdı.

Fransız gəmisi qəh-qəhə çəkir, onun acizliyinə gülürdü. Koca Seyid ikinci mərmiyə güc elədi. Zor-bəla ilə, ayaqları bir-birinə dolaşa-dolaşa topa sarı apardı… Atəş açdı. Bu səfər ingilis gəmisi şaqqanaq çəkirdi.

Yüzbaşı Helmi:

– Seyid, özünü həlak edəcəksən!

Niğdeli Əli də öz növbəsində:

– İndi buraya bir mərmi atarlar, bizi də göyə sovurar, – dedi.

Koca Seyid hirsindən qaraldı:

– Deyirsən can bəsləyək?

O, israrlı idi. Top üçüncü mərmini də ağuşuna aldı. Yüzbaşı Helmi ilə Niğdeli Əli təəcüb qalmışdılar. Koca Seyiddə bu qədər güc haradan idi?

          Onbaşı Koca Seyidin artıq nə qollarında, nə ayaqlarında, nə də dizlərində taqət qalmışdı. Bir anlığa dincini aldı, əlinin ardı ilə tərini silib, yenə böyük yaradanı köməyə çağırdı: “Ya Allah!!!”

Atəş açdı.

Fransızların nəhəng gəmisi dənizdə ləngər vururdu. Onu alov bürümüşdü, göyərtədə bir çaxnaşma düşmüşdü ki, gəl görəsən. Gəmi yerində fırlanır və ətrafa atəş yağdırırdı. Atəş açdınca ətrafdakı fransız gəmilərinə itkilər verirdi. Bir müddət sonra yavaş-yavaş batmağa başladı.

Təhlükə sovuşdu. Cəbhədə dönüş oldu. Koca Seyidin qəhrəmanlığı dillərə düşdü. Dəniz donanması komandanı Cavad paşa düşmənə sarsıdıcı zərbələr vuran Məcidiyə batareyası döyüşçülərinə baş çəkməyə gəldi. Onlar bir neçə nəfər idi. Özləri ilə fotoqraf gətirmişdilər. Şəhidlərin dəfni ilə bağlı göstəriş verildi. Yaralılar dərhal hərbi xəstəxanaya yola salındılar. Cavad paşa yüzbaşı Hilmi bəy Əli və Koca Seyidlə görüşdü. Üzünü Koca Seyidə tutaraq:

– Seyid əfəndi, indi anlat o ağırlığında top mərmilərini necə qaldırıb atəş nöqtəsinə gətirə bildin?

Koca Seyid çiyinlərini çəkdi:

– Bilmirəm, paşam, vallah bilmirəm.

Cavad paşa fotoqrafa işarə etdi ki, yaxın gəlsin:

– Seyid əfəndi, indi o mərmilərdən birini qaldır, sənin şəklini yapsın. Xalqımız da, düşmənlər də görsün ki, bizdə necə igid oğullar var.

           Koca Seyid nə qədər əlləşdisə, mərmini yerindən tərpədə bilmədi. Pərt oldu, tər onu basdı. Belini dikəltdi. Əllərini yanlara açdı, yəni bacarmadım.

Cavad paşa:

– Bir daha, yenə cəhd et, – deyə dilləndi.

Fəqət yenə alınmadı.

Cavad paşa təəccüb içərisində soruşdu:

– Bu nədən olur, Koca Seyid? Mərmini qaldırırdın, indi isə qaldıra bilmirsən. Bunu necə başa düşək? Bəs sənin şəklini necə yapaq? Əcəb işdir…

Koca Seyid yadına salmağa çalışaraq:

–  Paşam, həmin hissləri yenidən yaşasaydım, mərmini bir daha qaldıra bilərdim. Sirr bunda imiş…

Həmin gün Koca Seyid mərmini yenidən qaldırıb əllərində tutdu. Onun şəklini çəkdilər. Fəqət mərminin içərisi boşaldılmışdı ki, onu qaldırmağa Koca Seyidin gücü çatsın…

Mustafa Kamal xəyaldan ayrıldı. Rəşad Nuri Güntəkinin “Çalıquşu” romanı dizinin üstündə idi. Vərəqləyib 23-cü səhifəni açdı və oxumağa davam etdi. O, Çanaqqala döyüşlərindən əvvəl “Çalıquşu” romanını mütaliə edərdi.

Vaxt gələcəkdi alman ordusunun şanlı-şöhrətli generalı Liman fon Sanders öz ixtiyarında olan bütün hərbi qüvvələrin komandanlığını Mustafa Kamal paşaya təslim edəcəkdi. İndi isə hələlik Otto Liman fon Sanders buralarda at oynadırdı.

Müəllif: Akif ABBASOV
Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"