Etiket arxivi: ƏDƏBİYYAT

3-cü “Axmısan hissimdə, duyğumda şeirim…” – Qabilin şəxsiyyəti və yaradıcılığı haqqında bir-iki söz – ELÇİN

ELÇİN

3-CÜ “AXMISAN HİSSİMDƏ, DUYĞUMDA ŞEİRİM…” – QABİLİN ŞƏXSİYYƏTİ VƏ YARADICILIĞI HAQQINDA BİR-İKİ SÖZ

1

Cəmi beş ildən sonra Qabilin 100 yaşı tamam olur – illərin reaktiv sürətlə uçduğu indiki dövrümüzdə beş il nədir ki, – bir göz qırpımı – və mən bu sözləri ona görə yazıram ki, elə bil, dünən idi, Qabilin əlli yaşı tamam olurdu, mən də – Yazıçılar İttifaqının gənc bir katibi – oturub, bu münasibətlə təbrik məqaləsi yazıram, ancaq baxın: aradan qırx beş il keçib.

Bu yazını yazmaq istəyəndə o məqaləni axtarıb tapdım və orada belə bir yer var:

“Qabilin lirik qəhrəmanı bəzən oxucu kimi öz müəllifinin şeirlərini nəzərdən keçirir:

Saysız şeir içində adi şeirsən,

Ancaq nə şərikin, nə ortağın var.

Böyük bir axında üzüb gedirsən,

Xırdaca gəmisən, öz bayrağın var…

Və biz bu sözlərdə heç bir təvazökarsızlıq görmürük, burada arxasında təkəbbür gizlənmiş bir təvazö də yoxdur, çünki həqiqətən belədir: o “xırdaca gəmi” öz məxsusi poetik bayrağı ilə öz yoluna davam edir…” (“Ədəbiyyat və incəsənət”, 14 avqust 1976).

Poeziyada (və ümumiyyətlə sənətdə) o gəminin “xırdacalığından” və böyüklüyündən qat-qat artıq dərəcədə onun öz bayrağının olmasıdır və Qabilin də XX əsr Azərbaycan poeziyasında öz bayrağı var.

Azərbaycan ədəbi mühitində isə onun orijinal və koloritli şəxsiyyətinin də öz bayrağı var idi.

QABİL

Qabillə mənim münasibətimiz əslində, irsi bir dostluğun ifadəsi, davamı və inkişafı idi və bu sözləri yazarkən o da yadıma düşür ki, İlyas Əfəndiyev fikirli olanda, ya nə üçünsə qayğılı görünəndə Qabillə görüşüb danışanda, hətta sadəcə, Qabil şəxsiyyətindən söz düşəndə o fikirlər də, qayğılar da, elə bil, ondan əl çəkirdi, uzaqlaşırdı. Çox həssas və emosional adam olan İlyas Əfəndiyev deyirdi ki, yəqin, Qabilin heç özünün də xəbəri yoxdur ki, ondan həmişə nikbin dalğalar gəlir.

Oxucuların çoxu yəqin, bunu da bilmir, ya da xatırlamır ki, Qabil ilk şeirlərini “Qabil Nikbin” imzası ilə çap etdirirdi, sonralar “Qabil İmamverdiyev”, sonra da yalnız “Qabil” saxladı, ancaq İlyas Əfəndiyev tez-tez ona keçmiş təxəllüsü ilə müraciət edirdi: “- Yallah, Qabil Nikbin!..”, “Nikbin Qabil, bu dünyanın işləri necə olacaq? Elə belə gəlib, belə də gedəcək?”.

Qabil İlyas Əfəndiyev haqqında yazdığı çox səmimi essedə danışır ki, “Ədəbi aləmə göz açandan, Yazıçılar İttifaqına gedib-gəldiyim ilk vaxtlardan İlyas Əfəndiyevi tanımışam. 1943-44-cü illərdə o vaxtın yeniyetməsi olan utancaq bir uşağın heç bir yazıçıyla, o cümlədən İlyas Əfəndiyevlə yaxınlığı, salam-kəlamı ola bilməzdi”.

V.İ.Lenin adına APİ-nin (indiki Pedaqoji Universitetin) hazırlıq kursunda oxuyan Qabil evə pul gətirmək üçün Tağı adlı bir dostunun bişirdiyi “kustarnı” sabunları aparıb “Kubinka”da satırmış və elə o 1944-cü ildə də “Ədəbiyyat qəzeti”ndə onun ilk şeiri dərc olunur. Həmin gün yenə “Kubinka”ya sabun satmağa gedəndə birdən köhnə bir binanın balkonundan onu səsləyirlər. Yaxşısı odur ki, bu yerdə də sözü Qabilin özünə verim:

“- Nikbin, hara gedirsən, çiynindəki nədir heylə?

Yuxarı boylandım. Eyvanın məhəccərinə söykənmiş tünd-mavi kostyumlu, yaraşıqlı kişini – İlyas Əfəndiyevi gördüm. İttifaqa gedib-gələndə nə əcəb sifətim, hətta ilk imzam, lap təxəllüsüm onun yadında qalmışdı?!

– Şeirini oxudum, təbrik edirəm, yaxşıdır…

İlyas müəllimin səsi mülayim və ərkyana idi. Elə bil, məni lap çoxdan tanıyırdı… Sanki çiynimdən asılmış sabun dolu ağır çanta yüngülləşdi”.

Daha sanra Qabil yazır: “…günün səsinə səs verən, hadisələrə isti münasibət bildirən, xoşu gələn və gəlməyən əsərlər haqqında obyektiv, təhlilli fikir söyləyən İlyas Əfəndiyevlə ilk yaxınlığım onun məni eyvandan səsləməsiylə başladı. Sonradan bu yaxınlıq ailəvi dostluğa, Elçin və Timuçinlə qardaşlığa, başqa yaxın qohumlarıyla mehribanlığa çevrildi”. (Sən həmişə bizimləsən. Bakı, “Gənclik”, 1999, səh. 223-24).

O, İlyas Əfəndiyevə həmişə “böyük qardaşım” deyə ehtiram bəsləyirdi və bunu İlyas Əfəndiyevə bağışladığı kitablarındakı avtoqraflarda da yazırdı:

“Gözəl söz sənətkarımız, böyük qardaşım və xeyirxahım İlyas Əfəndiyevə müəllifdən. Qabil. 17. XII. 1964”. (Küləkli havalarda. Bakı, Azərnəşr, 1964).

Yaxud:

“Əsl sənətkarımız, böyük qardaşım İlyas müəllimə kiçik hədiyyə. Qabil.11. IX. 1966”. (Qoy danışsın təbiət. Bakı, Azərnəşr, 1966).

Mən bütün bunları yuxarıda dediyim həmin “irsi dostluq” ifadəsi ilə bağlı yazıram.

Qabilin 50 yaşı tamam olanda onu təbrik etdiyim məqalədən düz 30 il sonra, 80 yaşı tamam olanda da ayrıca bir məqalə yazdım (“Ədəbiyyat qəzeti”, 11 avqust 2006) və bu, mənim Qabil şəxsiyyətinə daxildən gələn isti münasibətimin və hörmətimin ifadəsi idi.

Aradan 30 il keçmişdi və bu 30 ildə çox sular axmışdı, epoxalar dəyişmişdi, SSRİ zamanında ədəbiyyat aləmində “mənəm-mənəm” deyən bir çox qələm sahibinin “Sovet klassikası” elan edilmiş yazı-pozusunu da SSRİ dağılanda Sistem özü ilə aparmışdı. Qabil bu böyük tarixi sınaqdan şəxsiyyət kimi də, şair kimi də üzüağ çıxmışdı və bizim münasibətlərimiz də daha artıq istiqanlı, daha artıq məhrəmanə olmuşdu. Mən 80 illiklə bağlı məqaləmdə bu 30 il barədə yazırdım: “Və 30 ildən sonra da mənim Qabil şəxsiyyətinə hörmətim və məhəbbətim (yəni dostluğumuz!) 30 il bundan əvvəlkidir, bu sabitlik daima 30 illə bərabər olub və 30 ildə elə kiçicik bir hadisə də, söz-söhbət də olmayıb ki, bu gün onun acısını çəkək”.

Bu gün bu sözləri oxuyuram və yadıma düşür ki,1960-cı illərin əvvəllərində biz – ədəbiyyata gəlmək istəyən və ədəbiyyatdan təzə söz uman gənclik (onda mən universitetin birinci-ikinci kursunda oxuyurdum) Qabilin “Tramvay parka gedir” poemasını hansı bir ruh yüksəkliyi ilə oxuyurduq. Bu kiçik poema formasına görə də, məzmununa, psixoloji-poetik dəqiqliyinə görə də sovet dövrü Azərbaycan poeziyasının əlamətdar nümunələrindən biri idi (və biridir).

Bu qədər illərdən sonra sərbəst və bəzi hissələri tamam destruktiv formada yazılmış o poemanın ilk misraları hələ də mənim yadımdan çıxmayıb:

Gecə saat bir,

Tramvay parka gedir.

Cingildəyir şüşələr.

Boş vaqonda bilinir bu cingilti bu qədər.

Gecə saat bir.

Tramvay parka gedir

Ləngərlə…

Sovet İttifaqının qüdrətli vaxtlarında bir çox sovet şairləri “formaca milli, məzmunca sosialist” poemalar yazırdı (oradakı o millilik də çox zaman primitiv olurdu), “öz bayrağı olan” Qabil isə formaca da, məzmunca da milli şeirlərini, poemalarını yazırdı və yaxud o zaman ki, başqaları mətin kommunistlər haqqında poemalar yazırdı (kimlərsə istedadın gücünə poetik bir söz deyə bilirdi, istedadsızlar isə sadəcə, mövzu arxasında gizlənirdi), Qabil gecə-gündüz “Nəsimi” poeması üzərində işləyirdi.

O, “Nəsimi” poemasını bitirəndə oxuyub fikir demək üçün mənə əlyazmasında, dəqiq desəm, makinadan çıxmış qrankalarda vermişdi və sonralar Yakov Serpin poemanın rus dilinə tərcüməsini bitirəndə də, o tərcüməni oxumaq üçün nəşrdən əvvəl mənə verdi. Uzun sözün qısası, “Nəsimi” rus dilində mənim ön sözümlə nəşr olundu (Nasimi. İstoriko-romantiçeskaya poema, Baku, Yazıçı, 1985) və qeyri-təvazökarlıq olmasın, o ön söz Qabilin xoşuna gəlmişdi.

Bir müddətdən sonra həmin ön sözün əsasında yazdığım “Əfsanə davam edir…”Nəsimi” poemasını yenidən oxuyarkən” adlı məqalə mətbuatda çap olundu və bu gün o məqaləni və poemanı gözdən keçirəndə də 35 il (!) bundan əvvəlki o yazıda mühüm hesab etdiyim bir cəhəti yenə də vurğulamaq istəyirəm: “Nəsimidən söz düşəndə bəzən onun ana dilini zənginləşdirməsini Dante ilə, humanist lirikasını Petrarka ilə, fəlsəfəsindəki panteizmi Lukretsi Kar ilə, İnsan, Azadlıq və Gələcək naminə həyatından keçməyini Cordano Bruno ilə müqayisə edirlər”. (“Ədəbiyyat və incəsənət”, 17 yanvar 1986).

Əlbəttə, bütün bu müqayisələr layiqli və qiymətlidir, ancaq məncə, əsas cəhətlərdən biri də budur ki, kainatın sonsuzluğu müqabilində insan özünün kiçikliyini görür və tarixən də belə olub. Ancaq o məqalədə dediyim kimi, “Nəsimi İnsanı Allah adlandırırdı. Nəsiminin İnsana hörməti, məhəbbəti onun böyük istedadı ilə vəhdətdə dünya poeziyasında İnsan himni yaratdı. Həmin İnsan himninin müəllifi Qabilin ədəbi qəhrəmanıdır”.

Bəlkə də bir az patetik səslənir, ola bilsin ki, “Nəsimi” poeması ilə bağlı hansısa qeydlər, hansısa mülahizələr olsun, ancaq əsas məsələ budur ki, Qabilin ədəbi qəhrəmanı bizi inandırır ki, bəli, Nəsimi həmin “İnsan himnini” yaradan şəxsiyyət və sənətkardır.

Qabil bütün varlığı ilə ədəbiyyat adamı idi və bizim nasirlərimızın, şairlərimizin, tənqidçilərimizin, bir sözlə, o zamankı əhli-qələmin mətbuatda çap olunan əsərlərini izləyən oxuculardan biri, bəlkə də (hər halda yazıçılar arasında) birincisi idi, bəyəndiyini də, bəyənmədiyini də açıq deyirdi. Yadıma Qabil xarakteri üçün səciyyəvi olan bir əhvalat düşür: Qabilin “Jiquli” maşını var idi və bu maşını almaq istəyəndə pulu çatmadığı üçün o dövrün yaşlı və məşhur bir şair-laureatından (söhbət 1960-cı illərdən gedir və rəhmətə getdiyi üçün o rəhmətliyin adını çəkmək istəmirəm) borc pul götürür. Yazıçılar İttifaqında üç-dörd nisbətən cavan yazıçı, o cümlədən də Qabil oturub söhbət edəndə həmin şair gəlir və “Azərbaycan” jurnalında yenicə dərc olunmuş poeması haqqında şəst və fəxarətlə soruşur ki, oxumusuz, necə əsərdir? Oxuyan da, oxumayan da poemanı tərifləməyə başlayır və növbə Qabilə çatanda:

– Filankəs müəllim, – deyir. – Düzdür e, sizə borcum var, ancaq poemanız çox zəifdir.

Bu yerdə Qabillə bağlı başqa bir hadisə də yadıma düşür və yaxşı olar ki, bunu mən yox, elə Qabilin özü danışsın.

O, İlyas Əfəndiyev haqqında yazdığı “Sən, ey qadir məhəbbət…” adlı səmimi və duyğusal xatirələrində deyir:

“Köhnə “İnturist”in böyük restoranında İlyas Əfəndiyevin altmış illik yubileyi şərəfinə verilən ziyafətdə əlimdə ləbələb piyalə saatıma baxıb sağlıq dedim:

– Bu dəqiqə Azərbaycanda İlyas Əfəndiyevdən böyük dramaturq yoxdur!

Mirzə İbrahimov – çox qiymətli ədəbi sima, ictimai-siyasi xadim – açıq etiraz etdi:

– İstedadları saata baxıb, təyin etmək olmaz!

Sağlığımı, yəni fikrimi təxminən 30-35 dəqiqə keçəndən sonra bir də təkrar etdim. Bərk əsəbiləşmiş Mirzə müəllimi – bu ağıllı adamı Kamran Hüseynov (Kamran müəllim o vaxt Nazirlər Soveti Sədrinin müavini idi – E.) məzəmmətlədi:

– Ay Mirzə, cavan adamdır, kefi yuxarıdır, deyir də… Bu saat İlyasa möhürlü vəsiqə vermədi ki, bu Qabil…

Düzdür, məclis yeyib-içmək məclisiydi. Ancaq dediyim sözlər mənim ayıq, aydın qənaətim idi. Möhürü, vəsiqəni də İlyas müəllimə Qabil yox, Allah vermişdi…” (Sən həmişə bizimləsən. Bakı, Gənclik, 1999, səh. 225).

Qabil “ayıq, aydın qənaətini” heç vaxt gizlətməz, öz bədii zövqü ilə bağlı güzəştə getməzdi və yəqin, bu da onun xasiyyəti ilə bağlı əlamətdar bir cəhətdir ki, sonralar həmin hadisə haqqında ayrıca bir rübai də yazmışdı və: “İlyas Əfəndiyevin şərəfinə söz dedim” – deyə, bir daha təkrar etmişdi: “Səhnə əsərləri ilə Cəfərdən sonra İlyas // Birinci şəxsiyyətdir bu saat şəksiz, dedim”.

Elə bu başdan yazım ki, Qabil İlyas Əfəndiyevə nə qədər hörmət bəsləyirdisə, İlyas Əfəndiyevin də ona o qədər məhrəm və ərkyana münasibəti var idi, bütün premyeralarında, ziyafətlərində Qabil ilk dəvətlilər sırasındaydı. Qabilin məxsusi koloriti, yumoru, səmimiliyi və sadəliyi həmişə İlyas Əfəndiyevin ürəyini açırdı və hərdən yay vaxtı Qabil həyətdə şalvarının balaqlarını çırmalayıb, cidd-cəhdlə “Jiquli”sini yuyanda eyvandan:

– Qabil!.. – deyirdi. – Elə yu ki, maşının rəngi getməsin!..

Qabil də:

– Baş üstə, İlyas müəllim! – deyirdi və bərkdən gülürdü.

Qabilin İlyas Əfəndiyevə həsr etdiyi böyük (19 bənd!) “Fədai” adlı bir şeiri var və mən o şeiri İlyas Əfəndiyevin vəfatından sonra nəşr edilmiş povest və hekayələrdən ibarət ilk kitabını hazırlayarkən ön söz kimi başlanğıca saldım – həm səmimi idi, həm də mənə elə gəlirdi ki (indi də elə gəlir), bu, İlyas Əfəndiyev üçün də xoş olacaqdı.

Həmin şeirdən iki bəndi xatırlamaqla:

Bir var ötəri səs, ötəri nəfəs,

Gül-çiçək ötəri, alqış ötəri…

Beşgünlük afişa – ötəri həvəs,

Ötəri cəlb edir fikri-nəzəri.

Bir də var – anadangəlmə – elə sən,

Fədai olasan, Fərhad olasan,

Qaçıb xırım-xırda şirnikmələrdən

Əsərdən-əsərə ustad olasan.

– elə bilirəm ki, onların münasibətləri barədə yaxşı təsəvvür yaranır və bunu da deyim ki, Qabil 1986-cı ildə yazdığı bu şeirin yaşıl qələmlə yazılmış əlyazmasını belə bir avtoqrafla mənə bağışlayıb: “Əzizim Elçinə bu əlyazmanı yadigar verirəm. Qabil. 19 noyabr 2004”.

Mən Qabilin deyib-gülməyini çox görmüşəm, ancaq onun ağlamasını ikinci (birinci dəfə rəhmətlik Məsud Əlioğlunun yasında) və axırıncı dəfə 1996-cı il oktyabrın 4-də İlyas Əfəndiyevin dəfn mərasimində görmüşəm.

2

Hüsü Hacıyev küçəsi (indiki Azərbaycan prospekti), 19 nömrəli binada – məşhur Yazıçılar Evində uzun müddət qonşu olduq və o binada, o həyətdə elə bir ab-hava vardı ki, orada bütün intriqalar, dedi-qodular, süni təbəssümlər, yalançı-hərarətli (!) hal-əhval – hamısı bir kənardaydı, elə bil, o binada yaşayanlar bir böyük, rəngarəng sözü burda yerinə düşərsə, rəngarəng, əlvan ailənin üzvləri idi – eyvandan-eyvana zarafatlar, təzə xəbərlər, səmimi salam-kalamlar.

Qabillə bağlı bu yazıda bir haşiyə çıxıb, o Yazıçılar Evindəki ab-hava haqqında bir-iki kəlmə demək istəyirəm:

…Səhər-səhər İlyas Əfəndiyev üçüncü mərtəbədəki eyvanına çıxıb, ikinci mərtəbədəki eyvanda Salam Qədirzadəni görür:

– Salam, salam!

Salam Qədirzədə başını yuxarı qaldırıb:

– Salam, İlyas müəllim! – deyir.

İlyas Əfəndiyev soruşur:

– “Ədəbiyyat” qəzetini almısan?

– Bəli, İlyas müəllim.

– Mənim hekayəmi oxudun?

Salam yenə:

– Bəli, İlyas müəllim, – deyir.

İlyas Əfəndiyev:

– Ə, bəs, səhərdən bəri niyə tərifləmirsən? – soruşur və gülür…

…Həyətdən Qabilin səsi gəlir:

– Mahir!..

Mahir dördüncü mərtəbədəki pəncərədən cavab verir:

– Hə?

– Gəl, zənbili götür!

Hamı bilir ki, Qabil bazarlıq edib və oğlu Mahiri çağırır ki, zənbili qaldırmağa kömək eləsin…

…Bazar ertəsi səhər-səhər həyətə səs yayılır ki, Qasım Qasımzadənin “Volqa” maşınını oğurlayıblar – açarla qarajın qapısını açıb ki, maşını çıxarıb işə getsin, görüb qaraj bomboşdur…

Daxili İşlər Nazirliyi oğurlanmış o maşını axtarır, milis (indiki polis) işçiləri həyətə gəlib-gedir, qarajın fotosunu çəkir, kilidi müayinə edir və bütün bina həyəcan içindədir.

Maşından isə xəbər yoxdur.

Belə bir nigaranlıq içində axşam düşür və nəhayət, məlum olur ki, maşın tapılıb, ancaq oğruluq əhvalatı deyilmiş: sən demə, Qasım cümə günü maşınla işə (Nizami adına Ədəbiyyat İnstitutuna) gedib, axşam işdən evə qayıdanda maşın yadından çıxıb, Akademiyanın həyətində qalıb…

…Bu da Əliağa Kürçaylıdır, həmişəki gümrah səsiylə həyətdən:

– Qabil!.. – çağırır. – Salamgilə gedirəm.

Yəni ki, sən də gəl və hamı bilir ki, məlum məsələdir, Salam Qədirzadəgildə yenə üç nəfərlik xudmani bir məclis qurulacaq…

…Şaiq əfəndi – Abdulla Şaiq bizim blokun ikinci mərtəbəsindəki mənzillərinin eyvanında oturub, dirsəklərini məhəccərə söykəyərək, haralarasa gözlərini dikib və mən bu gün bu sözləri yaza-yaza fikirləşirəm ki, o, həmin anlarda həyətə, binalara, insanlara yox, ümumiyyətlə, dünyaya baxırdı. Həmin anlarda o, həmişəlik bir keçmişdə qalmış:

Hamımız bir yuva pərvərdəsiyiz!

Hamımız bir günəşin zərrəsiyiz!

– deyən şair idi.

Kim bilir, bəlkə də Sabirlə söhbət edirdi, Hadiyə, ya Mirzə Cəlilə nəsə deyirdi? İlyas Əfəndiyevin Abdulla Şaiq haqqındakı essesində yazdığı bu sözlər yadıma düşür: “Mən onun arıq, nurlu çöhrəsinə baxaraq, hiss edirdim ki, yarım əsrdən artıq öz xalqı üçün böyük işlər görmüş bu şərəfli insan yenə nə isə xeyirli bir iş görmək, oxucularına lazımlı bir söz demək istəyir. Onun artıq geridə qalmış ləyaqətli ömrünün bir daha qayıtmayacağı məni kədərləndirirdi” (Böyük humanist. “Azərbaycan” jurnalı, 1972, №5).

…Mirmehdi Seyidzadənin “- Ey zalım!..” – deyib, şaqqanaq çəkməsi, İlyas Əfəndiyevlə İsmayıl Şıxlının yanaşı küçə balkonlarda gecənin yarısınacan ədəbiyyatla, həyatla bağlı söhbətləri, eyni blokda yaşayan Bəxtiyar Vahabzadə ilə Kamal Talıbzadənin pilləkanda rastlaşaraq ayaq saxlayıb, az qala pıçıldaşa-pıçıldaşa hakim ideologiyanın əleyhinə danışmaqları və bu ayaqüstü söhbətin bəzən özlərinin də xəbəri olmadan bir saat, bəlkə də artıq uzanması, emosional və gülərüz Məsud Əlioğlu ilə, əksinə, çox təmkinli və az danışan Əhməd Cəmilin görüşməkləri, üzbəüz qonşumuz Zeynal Xəlil və onun mehriban ailəsi yadıma düşür.

Zeynal müəllimin qayınanası, çox mülayim, xeyli yaşlı olmasına baxmayaraq, unikal gözəlliyini saxlamış, mehriban və xeyirxah Saçı xala (əsl adı Salatın idi) qazaxlı Vəkilovlardanıydı və belə deyirdilər ki, Aşıq Ələsgər Salatınla bağlı iki qoşmasını onun şəninə yazıb. Mən bu yazını yazanda Aşıq Ələsgərin ikicildliyində o gözəl qoşmaları tapıb, bir də gözdən keçirdim: söhbət “Yaraşır” (Sallana-sallana gələn Salatın…) və “Sarı köynək” (Tuti dilli, sərv boylu Salatın…) qoşmalarından gedir. Elə o ikicildlikdə rəhmətlik professor Məmməd Hüseyn Təhmasib Qurbaninin də xeyli əvvəllər Salatın haqqında yazdığı bir qoşmanı xatırladır (Aşıq Ələsgər. Birinci kitab, Bakı, “Elm”, 1972, səh. 51) və olsun ki, söhbət ayrı-ayrı dövrlərdə yaşamış eyni adlı iki gözəl xanımdan gedir.

Ancaq biz uzağa getməyək.

Saçı xalanın mənim nənəm Bilqeyis xanımla gözəl qonşuluqları var idi, ancaq bir ara araları dəymişdi, çünki başı Sistemin çox bəlalarını çəkmiş nənəm bütün varlığı ilə antisovet bir xanım idi və Lenindən, Stalindən üzü bəri Xruşşovacan bütün o rəhbərlərə nifrət edirdi. Leninə “Keçəl”, Stalinə “Bığı bəy”, Xuruşşova da “Xuruş bəy”, bəzən də – oxuculardan üzr istəyirəm – “Duduş bəy” deyirdi. 1960-cı ildə Azərbaycanda Sovet hakimiyyətinin 40 illiyi münasibətilə Nikita Xruşşov Bakıya gəlmişdi və sadədil, ürəyiaçıq Saçı xala sidq-ürəkdən Xruşşovu evə qonaq çağırmaq, onun üçün qurutlu xəngəl bişirmək istəyirdi. Bu arzusunu nənəmə də demişdi və Saçı xalanın arzusunun nənəmə necə təsir etdiyini bilmək üçün oxucu gərək Bilqeyis xanımı tanıyaydı, ancaq bir müddət keçdi və nənəmlə – bu cod xarakterli, məğrur, gözüaçıq qadınla mülayim və xoşniyyətli Saçı xalanın o gözəl və maraqlı qonşuluqları bərpa olundu.

Duzu-məzəsi, xeyirxahlığı, şirin dili (“tuti dili”!) ilə bütün Yazıçılar Evinin ehtiramını və sevgisini qazanmış unudulmaz Saçı xala ilə bağlı bir ləzzətli deyim də yadıma düşdü: Saçı xala Zeynal müəllimin xətrini sevimli oğlu kimi çox istəyirdi və onun mətin təəssübkeşi idi. Zeynal Xəlilin də, Tələt Əyyubovun da “Moskviç” maşınları var idi və Saçı xala deyirdi ki, Zeynalın maşını, Tələtin maşınından böyükdür…

…İsa Hüseynov ilə Hüseyn Abbaszadə, Hüseyn Ariflə Əkbər Ağayev, Bayram Bayramovla Ənvər Əlibəyli, Mübariz Əlizadə, Cabbar Məcnunbəyov, Yusif  Əzimzadə,  Ələkbər Ziyatay, Həmid Axundlu, o binanın yazıçı olmayan yeganə sakini, şuşalı musiqi xadimi Manaf Ələsgərov, Yusif Vəzir Çəmənzəminlinin, Hacıbaba Nəzərlinin ailələri, o binanın başqa sakinləri bir-bir gözümün qabağından keçir və mən bu xatirələri bir “Heyhat!..” əhval-ruhiyyəsi ilə yazıram. Bildiyim dərəcədə, indi orda yazıçılardan yalnız Afaq Məsud yaşayır və bəlkə də ora Afaq üçün kimsəsiz bir səhradır və nə yaxşı ki, o səhranın kimsəsizliyi, susuzluğu Afaqın istedadlı prozasının yaranmasına mane olmur, kim bilir, bəlkə də ona kömək edir – yaradıcılıq ki, bir sirri-xudadır. Orasını da deyim ki, o binanın mənim indicə xatırladığım dövrlərdəki ab-havası zamanı Afaq hələ uşaq idi və rəfiqələri ilə həyətdə badminton oynayırdı.

Deyəsən, mənim o Yazıçılar Evi ilə bağlı haşiyəm çox uzandı və yəqin, ona görə ki, Qabil o binada, o həyətdə hökm sürən səmimiyyətin, gülərüzlüyün, şuxluğun, bir sözlə, gözəl bir pozitivin mərkəzində olan sakinlərdən biri – birincilərdən biri idi.

Burasını da yazmaq istəyirəm ki, Qabil həm də çox ailəcanlı bir insan idi və bu barədə də söhbəti uzatmamaq üçün onun şeirlərindən birində həyat yoldaşı haqqında yazdığı yalnız elə bu bircə misranı xatırladıram: “Ağabəyim xanım – ağ saçlı çiçək…”.

3

Adam var ki, içəndə dözülməz bir məxluqa çevrilir, adam da var ki, içəndə daxili səmimiyyəti, xoşməramlı olması daha qabarıq üzə çıxır (rəhmətlik İslam Səfərli: “-İçək, səmimi olaq!” – deyirdi) və Qabil də bu cür səmimi və xoşməramlı bir insan, bir şair idi.

Arxivimdəki kağız-kuğuzlarımın arasından onun həmişəki kimi yaşıl mürəkkəblə teatrda yazdığı və ötür-ötür vasitəsilə mənə ötürdüyü belə bir zarafatyana “namə”sini tapdım:

“Dəli”n düşündürür

Adamı, Elçin!

Baxdım tamaşana

Kövrək fərəhlə!..

İndidir vurmağın

Məramı, Elçin!..

Fərəhi gül edək

Gülgün qədəhlə!

Qabil. 21 may 1998.

Bu “Qabilanə namə” Akademik Milli Dram Teatrında “Mənim sevimli dəlim” tamaşasına ictimai baxış zamanı yazılmışdı və Qabilin qaldırdığı qədəhlər həqiqətən həmişə “gülgün qədəhlər” olurdu. Həmin gün də Qabillə, Hüseyn Abbaszadə, Cabir Novruz və Bəkir Nəbiyevlə (onlar da ictimai baxışa gəlmişdilər) birlikdə gözəl bir məclis qurduq və yaddaş başdan-başa bir sirdir: uzun müddət yadıma düşməyən o xudmani məclisi birdən-birə bütün təfərrüatı ilə xatırladım, Qabilin sağlıqları o beş nəfərlik məclisdə hər dəfə ayağa qalxıb, ürəkdən gələn bir səmimiyyətlə söz deyib, badə qaldırması, elə bil, dünən imiş, gözlərimin qabağına gəldi.

İki gündən sonra “Mənim sevimli dəlim”in premyerası oldu və Qabil həyat yoldaşı Bəyim xanımla birlikdə o premyera tamaşasına da gəlmişdi.

Bu gün Qabilin bağışladığı kitablara yazdığı avtoqrafları yenidən oxuduqca, fikir məni o unudulmaz və gözəl günlərə aparır və mən İlyas Əfəndiyevin dediyi o nikbin (müsbət!) dalğaları az qala cismani hiss edirəm:

“Sadəcə olaraq mənim qardaşım, qələm dostum Elçinə Qabildən. 6.XII.1985” (Rübailər. Bakı, Gənclik, 1985).

“Ədəbi, milli, ictimai fəaliyyətilə fəxr etdiyim, xalqımızın çox lazımlı oğlu, əziz dostum, qardaşım Elçinə! Qabildən. 12. IX.1988” (Seçilmiş əsərləri, Bakı, Azərnəşr, 1988).

“Əziz dostum, qardaşım, ədib, alim, publisist, mühərrir, ictimai xadim Elçinə Qabildən yadigar.

Ağıl, kamal, insaniyyət, istedad –

Hər dördü də Allah verən fəxri ad…

Hər dördü də ömrə əsl bəzəkdir –

Bu bəzəklə Elçin xalqa gərəkdir.

Qabil. 14.V.1990″.

(Ömür həbləri, Bakı, Yazıçı, 1989).

“Əzizim – can-ciyər dostum, möhtərəm ədibimiz, İlyas yadigarı Elçinə Qabildən. 2. IX.1999” (Əslində, Bakı, Gənclik, 1999).

“Əziz, xeyirxah qardaşım, gözəl, zəhmətkeş ədibimiz Elçin İlyas oğluna Qabildən. 7.XII.2001” (İlahi qismətim, Bakı, Gənclik, 2001).

Mənim qızlarım balaca olanda onlara (kiçik qızım Aysu hələ anadan olmamışdı) “Nağaraçı” adlı uşaqlarçün yazdığı kitabı da belə bir avtoqrafla onlara bağışlamışdı:

“Qızım Günaya,

Quzum Humaya

Qabil əmidən

Kiçik yadigar,

Əziz bacılar!

Qabil. 12.IX.1982″

(Nağaraçı. Bakı, Gənclik, 1982).

4

Qabilin 50 illiyinə yazdığım məqalənin başlığı onun şeirindən götürdüyüm bir misra idi: “Axmısan hissimdə, duyğumda, şeirim…” və 80 illiyinə yazdığım məqalənin də sərlövhəsi eyni idi. Yazmışdım ki:

“Qoy, eyni adlı iki təbrik olsun.

Amma atalar üçdən deyib…

Allah qoysa, daha bir 30 il gəlib keçsin və o üçüncü “Axmısan hissimdə, duyğumda, şeirim…” yazısını da mən eyni hörmət və məhəbbətlə mütləq yazıb, şəxsən Qabilin özünə təqdim edəcəyəm”.

Köhnə bloknotlarımdan birində belə bir qeyd var:

“11 avqust 2006.

Günorta Qabil zəng çalmışdı. Məqaləyə görə təşəkkür edirdi. Çox xoşuna gəlib.

– Ancaq, Mirzə, – dedi – (hərdən mənə belə müraciət edirdi – E.) və gülə-gülə, – 30 il bir az çox döyül? – soruşdu.

– Yox, – dedim. – Nə demişəm, onu da edəcəyəm.

– Həri?

– Əlbəttə. Şirəli Müslümov 150 il yaşamışdı.

– Alə, o sovet propaqandasıydı!.. – Sonra da: – Təki sən deyən olsun, Mirzə!.. – dedi”.

O köhnə bloknotlarda belə bir tələsik qeydim də var:

“16 yanvar 2007.

…Nəbi Xəzrinin matəm mitinqini mən apardım.

Qabil, Anar, Ədalət Vəliyev, Yasif Nəsirli danışdılar.

Matəm ab-havası, mənfi emosiyalar yenə teatrın lojalarına, divarlarına hopmuşdu.

Ürəksıxan, bədbin bir aura altındaydım (hələ də canımdan çıxmayıb).

Mitinqdən sonra rəhmətlik Nəbinin tabutunun arxasınca Qabillə yanaşı gedirdik və Qabil:

– Hamımız  bir-bir gedirik… – dedi. – Əliağa, Salam, İsmayıl…

– Sən Allah, Qabil, – dedim. – Sən çox yaşa, biz də sənə baxıb, çox yaşayaq.

Bir söz demədi…”.

Qabil yaşlandıqca da onun nəbzi eyni gənclik şövqü, gənclik həvəsi və istəyi ilə vururdu və o:

Bilirəm ki, uyuşmur,

Xasiyyətim yaşımla,

Barışmır ki barışmır,

Yazım qarlı qışımla…

– deyəndə tamam həqiqəti deyirdi, onun “qarlı qışla” qəti arası yox idi.

Qabil – yaz adamı idi.

Nəbinin yasındakı o söhbətdən heç üç ay çəkmədi ki, Qabil vəfat etdi.

Onun matəm mitinqini aparmaq kimi çox ağır bir missiya da mənim boynuma düşmüşdü.

İndi Fəxri xiyabanda İlyas Əfəndiyevlə qəbir qonşularıdır.

Ora gedəndə və Qabilin də məzarı qarşısında dayananda, hərdən fikrimdən bir sual keçir ki, Qabil, o tərəflərdə nə var, nə yox? Və ümumiyyətlə, bir şey varmı?

Qabil düz deyirdi, 30 il, əlbəttə, “bir az çox” idi və mən bu üçüncü yazımı da eyni adla – “Axmısan hissimdə, duyğumda, şeirim…” – adlandırıb, təəssüf ki, Qabilin özünə yox, yalnız onun oxucularına təqdim edirəm.

Qabilin məşhur “Səhv düşəndə yerimiz” şeirində hər bənd bu misralarla qurtarır və mən də onun haqqındakı bu yazını həmin misralar ilə bitirirəm: “Müsibət oluruq biz”, “Dözümsüz oluruq biz”, “Gərəksiz oluruq biz”, “Heyf… korşalırıq biz”, “Qeyrətsiz oluruq biz”,

Xaric səslənirik biz,

Səhv düşəndə yerimiz.

Qabil bu dünyada yeri səhv düşməyən bir şair, bir insan idi.

29 avqust 2021

Bilgəh

İlkin mənbə:edebiyyatqazeti.az

Müəllif: ELÇİN

ELÇİNİN YAZILARI

QABİLİN YAZILARI



“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

PSİXOLOQUN QƏBULUNDA – ZAUR USTAC

Zaur USTAC

PSİXOLOQUN QƏBULUNDA

(hekayə)

Adətim üzrə səhər saat 6:30-da çalarsız-filansız oyanıb yerimin içində bir az eşələndikdən sonra əl atıb çarpayının altından sadiq dostum “Redmi”ni qamarlayaraq bağrıma basdım. Hələ tam açılmamış gözlərimi ovuşdura-ovuşdura “Facebook”la “İnstagram” arası “Səfa”   və  “Mərvə” arasında müqəddəs ibadəti yerinə yetirirmiş kimi, düz 7 dəfə, bəlkə də bir az artıq var-gəl etdim. Sonra qalxıb ikiotaqlı “küncdəqalmış”, “kitabça”, “Xruşşov layihəli” mənzilimin birinci otaqla dəhliz arasındakı taxta qapının çərçivəsinə bərkitdiyim alətdə həmişəki kimi 14 dəfə dartınıb düşdüm.

Növbə ilə divardan asdığım “Fatihə surəsini”, “Bədnəzər duasını” və  “Ayətül-kürsi”ni hərəsini düz 7 dəfə, bəlkə də bir az çox təkrar-təkrar oxuduqdan sonra kitab rəfindən Əbdürrəhim bəy Haqverdiyevin “Marallarım” kitabını götürdüm. Ötən əsrin 70-ci illərinin nəşri olan kitabın nazik kağız üzlü cildi didik-didik olub saralsa da, üzərindəki simalar necə tanış və canlı idilər. Sanki hamısı blokda növbəyə dayanıb səni gözləyirlər və bir himə bənddilər ki, elə qapını açasan… Kitabın üzünə bir neçə dəqiqə baxıb gülümsəyərək dahi ədibə “Günaydın” deyib, gözlərimi mənzilin giriş qapısının üzərində asılmış lövhəyə zillədim. Yenə düz 7 dəfə, bəlkə bir az artıq Böyük Allahın cahü-cəlalına və peyğəmbərimizin əmvatına zikirlər edəndən sonra istirahət otağına keçdim. Ötən gün ərzində yükləndiyim bütün dərd-azardan müvəqqəti də olsa, qurtulduqdan sonra gurhagurla, şırhaşırla  qonşulara “mən hələ sağam” siqnalını verərək, qalxıb güzgünün qabağında bir az ağzımı, gözümü əydim, əsnədim, gərnəşdim… Bir sözlə, bütün vacib ritualları yerinə yetirdikdən sonra əlimi şoğəribin altına bir neçə dəfə uzatsam da, su gəlmədi ki, gəlmədi. Başımı qaldırıb aynada üzümə, daha doğrusu, burnumun ucuna diqqətlə nə qədər baxsam da, zərərli bir əhval gözümə dəymədi. Elə bu vaxt qonşulara verdiyim siqnalın son akordları ilə bərabər, yenə qəfil öymə başladı… Məcburən hər ehtimala qarşı əvvəlcədən su ilə dolu saxladığım “növbətçi abgərdən”i götürüb əl-üzümü yaxaladım. Tələsik istirahət otağından çıxdım. Çıxa-çıxa düşündüm ki, “ay canım, ilin-günün bu vaxtında bu qədər istirahət olar!?” Əl-üzümü qurulaya-qurulaya mətbəxə keçib, axşamdan qalan su ilə dolu caydanın altını yandırdım. Televizoru açdım. Aparıcı qız necə başladısa, elə o andaca televizoru söndürüb, seyvana çıxdım. Küçədə və seyvandan görünən kiçik parkda tam sakitlik hökm sürürdü. Bu gün şanlı Zəfərimizin ildönümü ilə əlaqədar elan olunmuş dörd günlük qeyri-iş gününün sonuncusu idi. Deyirəm, qəribə məxluquq e vallah, evdə qalanda işi, işdə olanda evi axtarırıq. Parkın tən ortasındakı tut ağacının altı sapsarı yarpaqlarla elə döşənmişdi ki, adam istəyirdi gedib üstünə uzansın… Yaxşı ki, dolu çaydanın fiti məni belə sərsəm düşüncələrdən ayırdı…

Mətbəxə keçib, çaydanın altını söndürdüm. “Bazarçay” qutusundan birdəfəlik paketlərdən birini götürb bir stəkan qaynanmış suyu rəngləyib yenidən seyvana – “Nina bağı”na keçdim. Bu məkan ruhumun dinclik tapdığı yeganə guşədir. Əvvəlki ev sahibəsi Nina xanım binanın layihəyə uyğun açıq eyvanını bağlayaraq səliqəli seyvana çevirib. Divarda qatlama masası və iki kətil var. Dibçəkdə həmişəyaşıl otaq bitkiləri də olduğuna görə mənzilə köçən gündən buranın adını “Nina bağı” qoymuşuq. Haqlı olaraq sual yarana bilər ki, mənzilə yeni köçmüsünüz? Sual yaransa da, yaranmasa da, qeyd edim ki, bəli, bu mənzilə təzəlikcə köçmüşük. Səbəbini indi açıq-aydın dilimə gətirə bilmirəm. Çünki o barədə düşünən kimi öymə məni tutur. Özümdən asılı deyil… Çayımı qurtumlaya-qurtumlaya yenə ən yaxın sirdaşım “Redmi”ni dümsükləyib oyatdım. Oyanan kimi bildirişlər pəncərəsindən bir gözəl xanım əl sallayaraq “Zəfər endirimləri” ilə bağlı məni xəbərdar etdi. “MORE” Psixologiya Mərkəzi şanlı Zəfər günləri ilə bağlı sabahdan noyabr ayının sonuna qədər hamıya 50%, qazilərə isə 75% endirimlə xidmət göstərəcək. Düzü, bu məsələ məni çoxdan narahat etdiyinə görə xeyli vaxtdır psixoloq xidmətləri ilə maraqlanırdım. Ona görə qiymətlərdən, şərtlərdən az-çox məlumatım vardı. Həm psixologiya mərkəzlərinin çoxluğu, həm də qiymətlərin baha olması seçim etməyimə əngəl olurdu. İndi bu xanımın təbəssümlü çöhrəsi, bir də artıq demək olar ki, televiziya verilişlərindən adını əzbərlədiyim “MORE”-ni yenə görüncə seçimimi etdim. Elə bildirişin üzərindən keçid edərək sabaha – səhər saat 10:00-a görüş təyin etdim. Qazi olduğuma görə ödənişi yerində nağd olaraq 75% endirimlə edəcəkdim…

Axşama qədər hər televizoru açanda, hər küçəyə baxanda öyə-öyə günü birtəhər başa vurub, yenə yatağıma uzandım. “Redmi”də axşam ibadətlərimi yerinə yetirə-yetirə nə vaxt yuxu tutub, biləmişəm. Bir də oyandım ki, 03:33-dür. Briqadirə ”whatsapp”da yazdım ki, sabah səhər öynə həkimə gedəcəm, işə ondan sonra gələrəm, ya da xəbər edərəm. İş deyəndə ki, sağ olsunlar, qazi olduğuma görə məni icra hakimiyyətində işlə təmin ediblər. Yüngül işdir. Briqadir də həm üç diplomum olduğuna, həm də hər iki müharibənin iştirakçısı olduğum üçün mənə hörmət edir. Yəni, necə deyərlər, nə işim olsa, ötüşdürür. Sağ olsunlar… Hamısından razıyam… Elə bu razılıq içində yenidən nə vaxt yuxulamışam, bilmirəm… Qəfil yenə oyandım. Hə, bu, “6:30” oyanışı idi. Adətim üzrə yerimin içində bir az eşələndikdən sonra əl atıb çarpayının altından sadiq dostum “Redmi”ni qamarlayıb bağrıma basdım. Hələ tam açılmamış gözlərimi ovuşdura-ovuşdura “Facebook”la “İnstagram” arası “Səfa” və “Mərvə” arasında müqəddəs ibadəti yerinə yetirirmiş kimi, düz 7 dəfə, bəlkə də bir az artıq…. “Nina bağı” ziyarəti də daxil olmaqla seyvan keyfindən sonra hər evdən çıxanda düz 7 dəfə, bəlkə də bir az artıq təkrar-təkrar qaz, su, işıq yoxlamalarını dəqiqliklə yerinə yetirib, mənzildən çıxmaq üçün dəmirdən olan giriş qapısını açmışdım ki, blokdan gələn isti hava axını bildiriş kağızlarını üzümə çırpdı. Bəzilərini gözümün qabağında fırladıb yanıq verirmiş kimi başımdan səpələdi. Çiynimə qonan, üzümə yapışan, yerə düşən bütün kağızları topladım. Müxtəlif şirkətlərin reklam bildirişlərini səliqə ilə qatlayıb əlimdəki kağız tullantıları olan zibil paketinə qoyduqdan sonra digər əsas bildiriş kağızlarına baxdım. Su 13 manat, işıq 23 manat, qaz 59 manat gəlmişdi. “Kombi”ni çox işlətmədiyimə görə qaz normal idi. Bildirişləri əziz-xələf bir barat kimi pencəyimin içəridən döş cibinə, lap ürəyimin başına qoydum. Şikayətlənməyə bir əsas olmadığına görə vacib sənədlər olan qovuluğumu qoltuğuma vurub, səliqə ilə ayrı-ayrı yığdığım zibil paketlərini götürüb, başımın üzərində olan lövhəyə baxa-baxa, ağzımda dua mənzildən çıxdım.

Əlimdəki zibil paketlərini yerə qoyub, seyf qapının bütün qıfıllarını bağladım. Düz 7 dəfə, bəlkə də bir az artıq dəfələrlə silkələyib, əl dəstəyini aşağı-yuxarı edib, yoxladıqdan sonra zibil paketlərinin hərəsini bir əlimə götürüb, getdiyim yerdən asılı olmayaraq, həmişə özümlə götürdüyüm vacib sənədlər qovuluğu da qoltuğumda, bir gözüm qapıda yavaş-yavaş pillələri enməyə başladım… Əlimdəki zibilə baxanda döş cibimdəki bildirişlər yadıma düşdü. Ani olaraq “…zalım uşağı bayram günü də işləyir…” fikri beynimdən gəlib keçdi. Tez də artıq 4 gündür mənzildən çıxmadığımı xatırladıqda əmin olmaq üçün cibimdəki bildirişləri çıxarıb üzərindəki tarixləri gözdən keçirdim, hər üçü 5 noyabr  2021-ci il tarixinə aid idi. Ani olaqraq, – “Əsl bayram hədiyyəsi olub ki…” – fikri eynimdən keçsə də, tezcə bu axmaq düşüncəni başımdan qovaraq, özümü danlaya-danlaya zibil qutularına nə vaxt çatdığımdan xəbərim belə olmadı. Kağızlar olan paketi “radikal” qutuya, plastik qablar olan paketi isə “müxalif” qutuya məxsusi bir əda ilə, səliqəli şəkildə ərməğan edib, məhlədən çıxdım…

“MORE” Psixologiya Mərkəzi elə də uzaqda olmadığına görə gəzə-gəzə saat 9:30-da onun yerləşdiyi möhtəşəmliyi ilə məşhur olan şəhərin 1 nömrəli biznes mərkəzi olan “Yasəmən Plaza”nın qarşısında idim. Deyirdilər Xaliq müəllimin obyektidir. Yasəmən də katibəsinin adı imiş. Yasəmən çox fədakar, işini bilən, məsuliyyətli işçi olduğuna görə obyektlərindən birinə onun adını verib… Yasəmənin fədakarlığı, Xaliq müəllimin səxavəti barədə düşünə-düşünə 9:50-yə qədər plazanın yaxınlığındakı parkda gəzişdim. Vaxta 5 dəqiqə qalanda qara rəngli tibbi maskamı pencəyimin üst döş cibindən çıxardıb “taclı günlərimiz” başlayandan bəri ətir əvəzi həmişə özümlə gəzdirdiyim “püskürtmə spirt”dən üstünə bir az püskürdüb taxdım. Sonra 3 manata özüm üçün hazırlatdığım “kovidpasportu”mu əlimdə hazır tutaraq “Yasamən”ə ya sən, ya da mən deyib girişə doğru yönəldim. Burada təmtəraqlı qarşılama mərasimi gözləsəm də, belə bir hal olmadı. Liftin qarşısındakı basabası görüb, 4-cü mərtəbəyə pilləkənlə qalxdım. Düz vaxtında qəbul şöbəsində “piştaxta”da dayanmış xanımın qarşısında “farağat” vəziyyətində dayanmışdım. “Online” qeydiyyatıma baxıb, bəzi məsələləri dəqiqləşdirdikdən, bütün orden və medalların vəsiqələrini bir-bir yoxladıqdan, əvvəllər müayinə və müalicə olunduğum bütün xəstəxanalardan mənə verilən kağız-kuğuzların hamısını eynilə mənim kimi düz 7 dəfə, bəlkə də bir az artıq dəfələrlə silkələyib, ələk-vələk etdərək yoxladıqdan sonra birinci tanışlıq görüşü pulsuz olmaq şərtilə qazi olduğuma görə 75% endirimlə 1 seans üçün 150 manat ödəniş etməli olduğumu bildirdi. Düzü, gənc “piştaxtaçı” xanım bu 150 manatı elə işvə-nazla, elə avazla istədi ki, bu haqda artıq söz demək, sadəcə, günah olardı. Kirimişcə, cınqırımı da çıxartmadan sanki, üç dənə 5 qəpikliyi market kassasında xəzinədar xanıma «qəpiklər lazım deyil, qalsın» – deyə qaytarırmış kimi, sonuncu iş günü “bankomat”dan çıxartdığım şax “əllilik”lərdən üçünü “piştaxta”nın üstü ilə xüsusi əda ilə (mənim o vaxtım olmasa da, zabit olmağıma rəğmən bir az da ordudan yeni tərxis olunmuş əsgər havası qarışıq mücərrəd bir ruh halında) xanıma tərəf sürüşdürdüm. Sağ olsun, ab-havanı pozmadan, məxsusi bir nəzakətlə “əllilik”lərin üçünü də sürüşdürüb “piştaxta”nın görünməyən aşağı hissəsinə saldı. Bunu elə etdi ki, düz dörd gün böyük narahatlıqla cüzdanımda saxladığım, dəfələrlə sakitlikdə çıxarıb baxaraq boyunu oxşayıb-əzizlədiyim “əllilik”lərin görünməyən tərəfdə döşməyə düşməsindən narahat olmağa başladım. Fikrim orada qalmışdı ki, xanımın “44-cü otaqda Bənövşə xanım sizi gözləyir, sabahkı görüşün vaxtını özünüz orada təyin edərsiniz…” kal, yoğun, bayaqkı nəvazişdən əsər-əlamət qalmayan quru bir səs məni yenidən “piştaxta”nın qənşərinə qaytardı və anındaca dəhliz boyu addımlamağa vadar etdi… 44-cü otağa çatana qədər “…özünüz orada təyin edərsiniz…”, “…özünüz edərsiniz…”, “…edərsiniz…”, kəlmələri burğu kimi beynimi eşdi…

Boynunda bənövşəyi şalı, əynində üzərində ağlı, sarılı nərgiz çiçəkləri olan bənövşəyi donlu dolu, ortaboylu, ortayaşlı, gülərüzlü, xoş rayihəli bir xanım sanki məni gözləyirmiş kimi, mən qapının üzərindəki 44-ü oxuyub aydınlaşdırana qədər qapı üzümə açıldı. Otaqdan dəhlizə xanımın xoş rahiyəsi qarışıq bənövşə qoxusu da yayıldı. Mən içəri keçdim. Xanım qapını örtərək nazlana-nazlana öz kreslosuna keçdi. Otağın divar kağızları da bənövşəyi rəngdə idi. Pərdənin rəngini təyin edə bilmədim bənövşəyidir, yoxsa çəhrayı… Arada açıq göy və ya yaşıl rəngdə gözümə görünürdü… Çox sirli bir aləmə düşmüşdüm. Xanımın xüsusi ahəng və intonasiya ilə danışığı, arada gözünü süzdürüb dediyi sözləri baxışları ilə mənim qulaq və gözlərimə qədər müşayiət etməsi, gözlərimin düz içinə zillənmiş nəzərlərinin burnumun ucundan sürüşüb ağzıma düşməsi məni lap ovsunlamışdı. Mən içəri girəndən xanım xeyli danışsa da, ya heç nə eştmirdim, ya da eşitsəm də mənə çatmırdı. Tamam başqa dünyada idim. Çox keçmədi ki, xanım bunun fərqinə vardı. Yenə nəsə deyə-deyə kreslosundan qalxıb mənə yaxınlaşdı. Əlimdəki kağızlarla maraqlandı. “Piştaxta”çı qızın mənə verdiyi kağızlarla öz sənəd və həkim kağızlarımı, hətta bu günə qədər heç kimə etibar etmədiyim vacib sənədlər qovluğumu da qeyri-iradi ona verdim. Otaqda ondan başqa xanım olmadığına görə indi mənə yəqinlik hasil oldu ki, bu elə Bənövşə xanımım özüdür. Düzü, onu televizordan çox görmüşdüm. Ancaq televizorda gördüyüm xanıma oxşamırdı. Realda daha istiqanlı və mehriban adam təsiri bağışlayırdı. Bəlkə də yaşıd olardıq. Uzaqbaşı 1-2 yaş fərqimiz olardı. Bu arada onu da deyim ki, mənim 45 yaşım var. Bu dəfə kresloda deyil, pəncərənin önündə qoyulmuş divanda oturdu və mənə yanında yer göstərdi:

– Buyurun, İlqar bəy. Zəhmət olmasa burada əyləşin.

Öz adımı bu gözəl xanımın ağzından belə məlahətli səslə eşitməyim məni lap duyğulandırdı. Kövrəldim. Gözlərim  yaşardı. Bənövşə xanım bunun fərqində idi ki, bir daha:

– Buyurun, buyurun… Əyləşin. – deyə təkrarladı.

Mən də keçib onun yanında oturdum. Yaxşı olmuşdu, üzü qapıya tərəf oturduğumuza görə daha pərdə gözümə dəymirdi. İkimiz də divanda üzü qapıya tərəf oturmuşduq. Divanın qarşısında balaca miz, onun üstündə isə şır-şır su axan balaca şəlalə maketi vardı. Bu maket və xüsusi ilə su səsi məni ciddi narahat etsə də, birtəhər dözürdüm. Necə deyərlər, ödüm ağzıma gəlsə də, dişlərimi qıcayıb birtəhər oturmuşdum. Otaqda işıq yanmırdı. Arada hardansa sanki uzaqdan asta bülbül səsi gəlirdi. Otaq hələ də rəngini aydınlaşdıra bilmədiyim açıq rəngli pərdədən süzülüb gələn işıqla işıqlanmışdı. Bənövşə xanım xüsusi bir əda ilə əyilib mizin altından bir qutu çıxartdı. Qutudan bənövşəyi və çəhrayı rənglərin bir-birinə sarıldığı burğulu üç şam götürüb səliqə ilə şamdana qoydu. Şamdanı mizin üstünə elə qoydu ki, istiqaməti qapı, şəlalə, pəncərə olmaqla sanki ikimizin arasından keçən xəyali bir çəpər-divar, arakəsmə  yarandı. Dodaqaltı nəsə zümzümə edə-edə şamları qapıdan bizə tərəf olmaq şərti ilə yandırmağa başladı. Şamların üçü də yandıqdan sonra mizin üstündəki qədimi cürdəyə oxşayan vazanın içindəki “yeni il elektrodlarına” oxşayan çubuqları da bir-bir yandırdı. Arada mənə tərəf çevriləndə xoş rayihəli isti nəfəsini üzümdə və sinəmdə hiss etdikcə bihuş olurdum. Bir yandan şamlar, bir yandan da xüsusi qoxulu çubuqların tüstüsü… Lap nağıllar aləminə düşmüşdüm… Bir-iki dəfə qeyri-iradi:

– Təşəkkür edirəm, təşəkkür edirəm, – deyə Bənövşə xanımın eşidə biləcəyi tonda mən də dodaqaltı mızıldadım. Ancaq Bənövşə xanım ya mənim bu canı – dildən, sidqi-ürəkdən gələn təşəkkürnamələrimi qəbul etmədi, ya eşitmədi, ya da hər iki hal baş versə də, o, bunu büruzə vermədi. Düzü, belə gözəl, zövqlü xanımın saymazyanalığı məni bir az mütəəssir etdi… Ancaq mən də bunu büruzə vermədim. Ya elə bu vəziyyətdən çıxmaq, ya da bayaqdan zövq aldığım, indi isə məni sıxmağa başlayan ab-havanı dəyişmək məqsədilə sükutu mən pozdum:

– Xanım, bu “MORE” nə deməkdir?

Bənövşə xanımın bənövşə ətirli sözünü-söhbətini dinləmək üçün  xüsusi iştaha ilə verdiyim suala sualla cavab aldım:

– Bəs, sizin öz versiyanız var? – Bənövşə xanım məndən soruşdu.

– Yəni mor rəngi.

– Onda qalır “more”, “more” dəniz…

– O da deyil. “MORE”, yəni “Mən” “Onu” “Ram” “Etdim”. Bu qədər bəsit və sadə. “MORE Psixologiya Mərkəzi” artıq uzun illərdir ölkəmizdə fəaliyyət göstərir. Azərbaycanın ilk bu yöndə xidmət göstərən mərkəzlərindən biridir. Ölkəmizin bütün iri şəhər və rayonlarında, hətta bəzi iri kəndlərində filiallarımız var. Kollektivimiz peşəkarlardan ibarətdir. Müntəzəm olaraq əməkdaşlarımız televiziya proqramlarına qatılır, bu sahədə xalqımızın maarifləndirilməsi prosesində fəal iştirak edərək, öz töhfələrini verirlər. Yəqin ki, sizin bütün bunlardan xəbəriniz var.

– Bəli, bəli,

– Mən bu sənədlərə əsasən – əlində və mizin üzərində olan mənim sənədlərimə işarə edərək – sizin hal-hazırkı vəziyyətinizlə demək olar ki, tanış oldum. Ancaq məsələni həll etmək, durumu düzəltmək üçün bunlar kifayət etməz. Həkim rəylərindən belə məlum olur ki, sizi mütəmadi olaraq, müəyyən məqamlarda narahat edən öymə halları sırf psixoloji problemdir. Yəni bunun fizioloji, bədənsəl olaraq heç bir əsası yoxdur. Bu gün vəziyyət belədir. Ancaq biz bu günə, heç olmasa bu problemin başladığı ilə baş verdiyi ilk hala gəlib çatmalıyıq. Bunun üçün siz lap uşaqlıqdan özünüz haqqında bir az, yaddaqalan əlamətdar hadisələrdən, sizi narahat edən problemlərdən danışsanız işimiz daha asan olar. Siz elə dünyanı xatırladığınız ilk gündən, ilk hadisədən başlayın, ardı öz-özünə yumaq çözümü kimi gələcək.

– …Və mən həmin gün evdəkilərlə görüşüb blokumuzdan çıxanda o maşınmı deyim, nasosmu deyim, bilmirəm… Həmin texnika – biz ona “suçəkən” deyirdik – blokun girişində yenə işləyirdi. Hələ mən çıxanda pencəyimin qolu da sürtünüb mazuta bulaşmışdı – qeyri-iradi pencəyimin qoluna baxsam da, sonra xatırladım ki, bu, o pencək deyil – texnikanın yanındakı işçilərə, uzun illərdir həyatımızı göy əsgiyə düymüş bu problemə biganə qalan hamıya dişimin dibindən çıxanı ucadan desəm də, tırhatırdan çətin ki, kimsə, nəsə eşitdi. Onlar eşitməsələr də, mən işimdə bir rahatlıq tapmış kimi, bir az gümrahlaşıb, qıvraq addımlarla binamızdan ayrıldım…

– Bu gün bu qədər kifayətdir.

Bənövşə xanımın diktəsi məni o günlərdən ayırdı. İlk olaraq gözümə mizin üstündəki şamlar dəydi. Şamların ikisi – yanındakılar tamam yanıb qurtarmışdı. Ortadakı şamın göyümsov sarı alovunun uzun dilləri isə son hop-gəllərini vuraraqellənə-yellənə tamam öləzimişdi və sönmək üzrə idi… Söhbəti xırp kəssəm də, sonra nə edəcəyimi bilmədiyimdən:

– Və mən…

– Siz indi gedin bir yaxşı dincəlin. Yaxşı olar ki, evə getməmiş bulvara tərəf gedəsiniz. Sonuncu dəfə bulvarda və ya başqa yerdə dənizin sahilində nə vaxt olmusunuz? Su şırıltısını nə vaxt eşitmisiniz? G….?

Bənövşə xanımın “Güşşşşş” və ya “Göşşşş” ilə başlamq istədiyi sonuncu cümləsi ağzında qaldı. Mən isə səhər-səhər içdiyim bir qurtum rəngli suyu fontan kimi ağzımdan mizin üzərinə fışqırda-fışqırda öz-özümə düşünürdüm: “…bura qədər yaxşı gəlmişdik, axır ki, zibili çıxdı…”. Mənim “fontanım”ın suyu ilə mizin üstündəki Bənövşə xanımın şəlaləsinin suları bir-birinə qarışmışdı. Düzü, nə edəcəyimi bilmirdim. Ağzım dolu olduğundan, sadəcə, başımla mizin üstündəki şəlalə maketinə davamlı işarə edə-edə qalmışdım… Bənövşə xanım sanki heç nə olmayıbmış kimi:

– Əla, əla… Narahat olmayın… Məsələnin əslini öz gözümüzlə də gördük…

Heç bir problem yoxdur… Narahat olmayın…

– Mən… mən…

Ağzımı, burnumu cibimdən çıxartdığım cib dəsmalımla silə-silə – bayaqdan bu şəlalənin – mizin üstündəki maketi göstərərək şır-şırına güc-bəla ilə tab gətirib, özümü güclə saxlamışdım. Siz sudan, şır-şırdan danışınca özümü saxlaya bilmədim. Üzürlü sayın…

– Eybi yox… Eybi yox, olan işdi…

– Ancaq xahiş edirəm sabah bu – maketə işarə edərək – “şəlaləni” buraya qoymayın. Olarmı?

– Əlbəttə, olar. Olar. Qoymarıq. Deməli belə, siz indi gedin yaxşıca dincəlin. Sabah saat 10:00-da birbaşa bura gələrsiniz. 4-cü mərtəbə, 44-cü otaq, Bənövşə xanım.

– Oldu, – deyib yarı islanmış, yarı quru kağız-kuğuzumu mizin üzərindən yığışdırıb, peşman-peşman otaqdan çıxdım…

Bu əzəmətli binadan gəldiyim kimi də ayrılmağın dilxorluğu ilə baş-başa nə vaxt öz blokumuzda, öz mənzilimin, 3 qıfıllı dəmir seyf qapısının qarşısına çatıb dayandığımdan heç xəbərim olmadı. Yalnız indi xatırladım ki, evə qayıdanda çörək almalıydım. Məcburən həyətdəki mini marketə düşməli oldum. Bir çörək alıb, çıxmaq istəyirdim ki, satıcı xanımın: “Başqa nə?”- sualı məni yenidən rəflərə baxmağa məcbur etdi:

– Bax bir dənə bundan verin.

– Başqa?

– Bir dənə də bundan.

– …

– …

Əlimdə, qolumda yer qalmadığını görən satıcı xanım: – “İstəyirsiniz uşağı çağırım sizə kömək etsin, müəllim? Ya da lap elə özüm indi buranı bağlayıb sizə kömək edərəm. Axı biz qonşuyuq…” – deyə bir az qayğılı, həm də sual dolu baxışlarını üzümə zillədi.

– Yox, canım. Nə danışırsınız? Lazım deyil. Çox sağ olun. Budu, buradı. İndi qalxıram yuxarı.

Mənə satdıqlarının pulunu ödədikdən sonra mən də məcburi təbəssüm edərək, oradan ayrıldım. Yenidən öz alınmaz qalamın giriş qapısına dayanmışdım ki, qapıda yeni bildiriş qoyduqlarını fərq etdim. Qapıdakı açar yerinə səliqə ilə yerləşdirilmiş bükülü kağızı götürüb açdım. Qırmızı rəngli qələm ilə səliqəli xətlə yazılmış “JEK”-in bildirişi idi: “Xəbərdarlıq! Bu ayın sonuna qədər istismar xərclərini və zibil pulunu ödəməsəniz sizi məhkəməyə verəcəyik”. Qeyri-iradi: – “JEK nədi?” – deyə-deyə kağızı əvvəlcədən büküldüyü kimi mən də səliqə ilə büküb blokun açıq pəncərəsindən çırtma atışı ilə bayıra uçurtdum. Qıfılları bir-bir açdıqdan sonra sonunda nəhayət ki, mənzilə daxil ola bildim. Səmimiliyimə inanın. 18 yaşına qədər kənddə böyümüş, sonra isə demək olar ki, ömrünün çox hissəsini dağda-daşda keçirmş bir adam üçün qapı açıb-bağlamaqdan ta bu “JEK” söhbətlərinə qədər hamısı çox yorucu və olduqca ağrılı məsələdir…

Mənzilə daxil olan kimi əlimdəkilər masanın və divanın, əynimdəkilər isə çarpayının üstünə getdi. Yaxşı-yaxşı yuyunub, spirtləndikdən sonra artıq neçə gündən qalma olduğunu unutduğum içərisində su olan çaydanın altını yandırdım. Çaydan fit verənə qədər heç nə düşünmədən mətbəxin pəncərəsindən sakit küçəmizə, balaca parka və bir az aralıda ucalan “Alov Qüllələri”nə nəzər salıb, diqqətimi sonuncunun üzərində cəmlədim. Üzərində artıq iki ildir “Evdə qal!”, “Biz birlikdə güclüyük!”, hərdən dalğalanan üç rəngli bayrağımızı və çox vaxt alov dilləri görməyə adət etdiyimiz bu qüllələr şəhərimizin yeni simvollarından birinə çevrilmişdi. Artıq qüruba doğru yönəlmiş payız günəşinin qırmızıya çalan tünd narıncı rəngi qüllələrin parlaq şüşələrindən əks olunaraq cazibədar mənzərə yaratmışdı. Bu arada Şəhidlər Xiyabanına – Teleqülləyə tərəf olan birinci qüllədə troslarla asılı vəziyyətdə şüşələri silən “alpinistlər” diqqətimi çəkdi. Maraqlıdır, demək olar ki, Gün batmağa başlasa da, iş hələ davam edirdi… “Alpinist” sözü ağlıma gələn kimi, “əcaba, bu zözün Alp dağları ilə bir əlaqəsi varmı?” – deyə yeni bir sual beynimə işlədi. Sonra beqəfil Qalaya yalın əllərlə dımaşan əsgərləri xatırladım… Yəqin elə təcrübəsi olan qazilərimizi də belə xüsusi bacarıq tələb olunan yerlərdə işlə təmin edirlər… Qəfil fit səsi bütün fikirləri başımdan qovdu. Fitli caydanı icad edənin atasına rəhmət oxuya-oxuya qazı söndürüb. Özümə bir fincan rəngli qaynanmış su hazırlayıb “Nina bağı”na yollandım…

Çayımı udumlaya-udumlaya arada briqadirə ”whatsapp”da yazdım ki, gəlmişəm, evdəyəm. Ancaq həm çox yorğunam, həm də artıq axşamdır, sabah yenə gedəcəm, İnşəAllah, birisi gün işə çıxaram.

Sağ olsun, o da yazdı ki, narahat olmayın, öz işinizdə olun…

Günü hər gün təkrar olunan öz işlərimlə başa vurub, yerimə uzananda artıq gecə yarıdan keçmişdi… “Redmi”də axşam ibadətlərimi yerinə yetirə-yetirə nə vaxt yuxu tutub, biləmişəm. Bir də oyandım ki, saat 6:30-dur. Adətim üzrə yerimin içində bir az eşələndikdən sonra əl atıb çarpayının altından sadiq dostum “Redmi”ni qamarlayıb bağrıma basdım. Hələ tam açılmamış gözlərimi ovuşdura-ovuşdura “Facebook”la “İnstagram” arası “Səfa” və “Mərvə” arasında müqəddəs ibadəti yerinə yetirirmiş kimi düz 7 dəfə, bəlkə də bir az artıq… “Nina bağı” ziyarəti də daxil olmaqla seyvan keyfindən sonra hər evdən çıxanda düz 7 dəfə, bəlkə də bir az artıq təkrar-təkrar qaz, su, işıq yoxlamalarını dəqiqliklə yerinə yetirib, mənzildən çıxdım. Gəzə-gəzə öz-özümlə söhbət edə-edə nə vaxt 44 nömrəli otağın qapısına çatım, heç özüm də bilmədim. 44-ü görən kimi qeyri-iradi burnuma bənövşənin məxsusi qoxusu gəldi. Yalnız bu anda olub-keçənlərin fərqinə vardım. Dərhal telefonda saata baxdım. Məlum oldu ki, hələ vaxta 5-6 dəqiqə var. Qayıdıb vaxtı gözləmək istəyirdim ki, qapı açıldı… Həmin tanış rayihə, o həlim səs… Bənövşə xanım məni içəri dəvət etdi. Artıq şamdanlı miz bizi dinləməyə hazır idi. Əlavə sual vermədən Bənövşə xanım divanda dünən oturduğu yerdə əyləşərək, mənə də əli ilə yanında yer göstərdi. Yalnız bundan sonra: – “Tam rahat və sərbəst olmaq üçün istəsəniz üst geyimini çıxarda bilərsiniz”- dedi.

– Xeyr, nazik və yüngüldür. Qalsın. – deyə-deyə keçib öz yerimdə əyləşdim…

Şamlar yanır, “elektrodlar” tüstüləyirdi. Çox astadan həzin, yuxugətirici çin melodiyası səslənirdi…

– Hə, harda qalmışdıq? – Sükutu bu dəfə Bənövşə xanım özü pozdu. Sanki vaxtı boşa verməmək istəyi kimi bir ahəng hiss etim səsində.

– Deməli, “mən həmin gün evdəkilərlə görüşüb blokumuzdan çıxanda o maşınmı deyim, nasosmu deyim, bilmirəm… Həmin texnika – biz ona “suçəkən” deyirdik – blokun girişində yenə işləyirdi. Hələ mən çıxanda pencəyimin qolu da sürtünüb mazuta bulaşmışdı…” – Bax orada qalmışdıq.

– Bu məsələni bir az da dəqiqləşdirib, elə ordan davam edək. O nə “suçəkən” maşın idi elə, orda işləyirdi?

– Deməli, belə, Bənövşə xanım. Qeyd etdiyim kimi, mənim uşaqlığım kənddə nənəmgildə keçib. Ancaq o vaxtlar da – “sovet dövrü” tez-tez atamgilə, yəni bu evmizə gəlirdim. Elə yaranandan məndə hər şey tərsinə olub. Uşaqlar yayda dərs bağlananda kəndə nənəsigilə gedəndə, mən əksinə, yayda dərs bağlanan kimi Bakıya atamgilə gəlirdim. Bunu niyə qeyd edirəm? Həmin vaxtlar binamızın, yəni bu binanın – atamgil yaşayan binanın zirzəmisi qupquru olardı. Çünki uşaq vaxtı yadımdadır ki, ora girməyi nə qədər qadağan etsələr də, maraq güc gələndə bir neçə dəfə uşaqlarla ora girmişdik. Dəmir seyf qapısı olsa da, heç vaxt bağlı olmazdı. Qupquru, tərtəmiz zirzəmi idi. Ancaq 90-lardan sonra artıq bu təmizliyin izi-tozu qalmadı. Əvvəllər su olmasa da… – burada məni yenə quru öymə tutdu…

– Ara verin, dincəlin… – deyə Bənövşə xanım mənə əli ilə də sərbəst olma işarəsi verdi.

– Narahat olmayın, indi keçib gedəcək… Məşədi İbad demişkən, artıq “bir nöö adətkərdə olmuşam…” – özümü toxdadıb davam etməyə başladım. – Deməli, hə, orda qalmışdım axı… İlk vaxtlar quru olsa da, zibil atmağa başladılar. Külək başqa yerlərin zibillərini də gətirib bizim zirzəmiyə yığmağa başladı. Arada-bərədə ya binanın sakinləri, ya süpürgəçilər təmizləyirdilər. Sonra ölkəmizin müxtəlif bölgələrində xidmətdə olarkən məzuniyyələrə və ya qısa müddətdə valideynlərimə baş çəkməyə gələndə artıq zirzəminin su ilə dolmuş gördüm. Ordudan tərxis olunub həmişəlik valideyinlərimin yanına yerləşəndən sonra bizim zirzəmisi su ilə binamıza “Şır-şırlı bina” deyildiyini öyrəndim. Düzdür, mütamadi olaraq həmin o suçəkən maşın tırhatır işlədiyinə görə ətraf binalarda yaşayanlar “Tır-tırlı bina” desələr də, çox adam, ələlxüsus nabələdlərin neçə dəfə ya telefonla, ya da elə-belə “Şır-şır”ın yanındayam və ya “Şır-şır”ın yanına gəl deyə, buranı belə təqdim etdiklərinin şahidi olmuşdum. Hətta binamızın birinci mərtəbəsində “Şır-şır” adlı kafe də vardı. Ancaq bu yumurta-toyuq məsələsi kimi bir şeydir. Bilmirəm, şır-şırdan ilhamlanıb kafenin adını belə qoyublar, yoxsa kafeyə görə bina belə tanınıb… Nəsə, sözüm onda yox, suçəkən maşını elə tırhatır işləyə-işləyə “Şır-şır”ın başında qoyub getdim bu məlum 44 günlük müharibəyə. 26 sentyabr 2020-ci ildə artıq tam hazır vəziyyətdə Tərtər yaxınlığında olan toplanış məntəqələrindən birində nəsə olacağını gözləyirdik. Deməli, mən bu “Şır-şır”lı binamızdan hardasa bir həftə əvvəl ayrılmışdım. Bəlkə də bu tarix lap dəqiqi 20 sentyabr 2020-ci ildir. Yəni bu tarixdə bizim zirzəmini ağzına qədər çirkab su ilə dolu qoyub getmişdim toplanışa… – Quru öymə məni yenidən tutur.

– İstəyirsinizsə, bir az dincəlin…

– Hər şey öz qaydasındadır.

– Üzr istəyirəm, bəs bu qədər çirkab su haradan toplanır oraya? – Bir az da ehtiyatla Bənövşə xanım məndən soruşur.

– Elə öz binamızın kanalizasiya suları, kafe və digər iaşə obyektlərindən axan çirkab sular. Hətta deyirdilər, qonşu binanın da murdar suları ora axır… – Məni əməlli-başlı öymə tutur, məcbur olub ayağa qalxmalı oluram.

– Siz çıxın 10 dəqiqə dəhlizin sonundakı açıq eyvanda havanızı dəyişin, mən də həm şamları, həm də otağın havasını dəyişim.

– Dəhlizlə sağ tərəfə gedim, eləmi?

– Bəli. Elə gəldiyiniz tərəfə düz, sona qədər.

Deyilən eyvana çıxsam da, siqaret çəkənlərin ucbatından bir udum təmiz hava ala bilmədim. Zalım uşağı bina tikənlər də o boyda binaya 1×1 balaca bir eyvan qoyublar. İki nəfər eyni vaxtda dayansa gərək bir-birinin ağzınının içinə girsin… Nəsə, qayıtdım yenə 44-ə. İçəri girən kimi də Bənövşə xanım heç otrmamış işarə etdi ki, davam edə bilərəm.

– Bəli, buyurun. Davam edin. Sərbəst olun.

– Hə. Deməli, artıq əks-hücum əməliyyatları başlamışdı. Təxminən 5-6 gündən sonra bizim bölməni digər cəbəhəyə – Füzuli istiqamətinə göndərdilər. Müharibədəki qalan günlərimi düz Xankəndinə, yəni Şuşaya qədər o istiqamətdə keçirdim.

– Döyüşlər barədə daha ətraflı danışa bilərsinizmi?

– Düzü, vallah, tam səmimi danışmağa elə bir şey yoxdur. İşdə müharibə. Yanında dostlar-tanışlar ölür, yaralanır… Cürbəcür müxtəlif hadisələr… Bir onu deyə bilərəm ki, sanki heç nə hiss etmirsən. Baş verənlərin sənə heç bir aidiyyəti yoxdur. Ölümdür, o da nə vaxt gələr, gəlsin… Təxmini bax belə bir ab-havanın içərisində olur insan. Yəni daha dəqiqi mən döyüşlər başlayandan 2-3 gün sonradan bitənə qədər, bəlkə elə indi də beləyəm…

– Aydındır. Bəs sonra? – bu sual lap məhlədəki mini marketin qadın satıcısının sualına oxşadığından ani olaraq üzümə təbəssüm qondu. Bənövşə xanım da bunu hiss etmiş olmalı ki:

– Niyə gülürsünüz? Nəyi xatırladınız? Nə yadınıza düşdü? – məni sual atəşinə tutdu.

– Heç…

– Siz necə düşünürsünüz, orda nə baş verib ki, sizə belə təsir edir? Döyüşlər vaxtı heç yaralanmısınız?

– Bir neçə dəfə yüngül yaralanmışam. İndi də bədənimdə, onurğamda qəlpə var. Ancaq bu ötən bir il ərzində həm burada, həm də Türkiyədə yoxlamadan keçmişəm. Bu işin onlarla heç bir əlaqəsi yoxdur. Həkim kağızlarını da sizə verdim, baxdınız.

– Bəli, sənədlərə əsasən bu belədir. Bəs yaxşı, bu öymələr siz döyüşdə olanda da baş verirdi?

– Bəs bu hal ilk dəfə nə vaxt baş verdi?

– Müharibədən sonra müalicə aldığım hospitaldan çıxıb evimizə gələn birinci günün axşamı.

– Bu necə baş verdi?

– Hə. Deməli, belə. Mən elə həyətimizə girən kimi gözlərimə inana bilmədim. Şır-şırdan, tır-tırdan əsər əlamət qalmamışdı. Binanın başındakı “Şır-şır kafe” dən əlavə. Həmişə “Tır-tır” maşın dayanan binanın giriş qapısı olan yan tərəfdə də “Şır-şır” yazılmış su damcısı işarəli böyük mavi rəngli plakat və onun altından zirzəmiyə giriş var idi. Mən gələndə axşam olduğuna görə qırmızı yazılı kafe açıq olsa da, mavi yazılı bağlı qapılı yerin nə olduğnu anlaya bilmədim. Yaxınlıqda üstünə su damcısı işarəli mavi rəngli “Şır-şır” yazılmış avtomobillər də diqqətimi çəkdi. Ancaq düzünə qalsa, zirzəminin tam qurudularaq istifadə olunması, həyətimizin belə abadlaşdırılması məni çox sevindirdi. Bu ilk müsbət təəssürtaların təsiri altında 4-cü mərtəbəyə nə vaxt qalxdığımı, evə necə girdiyimi heç indi də xatırlamıram. Evdəkilər gəlişimi gözləsələr də, çox sevindilər. Axşam hospitaldan buraxılacağımı bildiklərinə görə günortadan süfrə açıb məni gözləyirmişlər. Mən də içəri girən kimi əynimi dəyişib, yuyunub otrdum süfrəyə. Televizor da həmişəki kimi açıq idi. Arada oğlumun suallarına cavab verə-verə televizora baxır, süfrədə olanlardan məşğulat edirdim. Qəfil ekranda mavi rəngli su damcısı şəklindəki “Şır-şır” yazılı su daşıyan avtomobili reklam çarxında görən kimi ani olaraq bu mənzərə tanış gəldi və məni ilk dəfə öymə tutdu. Vanna otağına qaçmağa məcbur oldum. Anam da tibb işçisi olduğuna və bir neçə dəfə yaralandığımı, hələ Birinci Qarbağ müharibəsindən kontuziyalı olduğumu bildiyinə görə o saat sorğu-suala tutub, bərk yıxılıb-yıxılmadığımı, başımın əzilib-əzilmədiyini öyrənməyə çalışıdı. Bütün sualların sonunda da bax belə deyirdi: – “ta yekə oğlansan, düzünü de…”

– Bəs siz nə cavab verirdiniz?

– Nə deyəcəm? Olanı. Neçə dəfə yanıma mərmi düşüb partlamışdı. Bir dəfə kabinəsində olduğum “Kamaz” özü də mən oturduğum tərəfdən minaya düşüb. Başım-beynim o qədər silkələnib ki… Səhəri günü yeni halla bağlı, yeni şikayətlə hospitala, sonra da başqa bir özəl klinikaya yoxlanmağa getdik.

– Hospitaldan sonra özələ getməyə nə ehtiyac var idi?

– Düzü, mənə qalsa, ehtiyac yox idi. Ancaq anam dedi ki, bunlar çox soyuq münasibət göstərdilər. Hər şey də başdan getdi… Belə olmaz, dəqiq yoxlanmalısan. Sonucda həkimlər də, aparatlar da anam deyəni təsdiqlədi. Hamı bir fikrə gəldi ki, bu öymə kəllə-beyin silkələnməsinin nəticəsidir. Yazdılar, pozdular. Evə gələndə də bütün yazılan bahalı-bahalı iynə-dərmanların hamısını alıb gəldik. O gündən düz bir ildir müalicə olunsam da, xeyri olmayıb.

– Bayaq bir söz dediniz. Dediniz ki, ilk dəfə ekranda “Şır-şır” yazılı maşını görəndə bu sizə tanış gəldi. İndi xatırlaya bilirsinizmi, ilk dəfə “Şır-şır” yazılan su maşınını harada görmüşdünüz?

– Bəli. İlk dəfə üzərində “Şır-şır” yazılan su maşını biz Xocavənddə olanda su gətirmşdi. Sağ olsunlar, hələ onlar üzərində belə yazılmış səyyar hamamları da var idi. Bir dəfə o hamamda da ləzzətlə çimmişəm. Bilirsiniz, insanlar bəzən çox naşükür olurlar. Heç nəyin qədir-qiymətini bilmirlər. Müharibə başlayandan bir aydan artıq idi çimmirdik. Düzü, heç çox vaxt içməyə, əl-üzümüzü yumağa su tapmırdıq. O ki qaldı çimmək ola. Paltarlarımız da dəfələrlə yağış zamanı əynimizdə islanıb, qurumuşdu. Belə bir vaxtda biz Xocavənddə olanda bu səyyar hamam maşını gəldi. Təsadüfən bizim bölmə bir gün orada dincələcəkdi. Biz də yaxşıca çimib dincəldik. O gün heç vaxt yadımdan çıxmaz…

– Deməli, “Şır-şır” yazılı ilk su maşınını Xocavənddə görmüşdünüz, sonra ekranda görüncə həyətdəki avtomobilləri, eyni yazılı ofisi xatırlayıb öyməyə başlamısınız.

– Bəli. Təxmini, bəlkə də ən dəqiqi vəziyyət belədir.

– İndi yenə həmin binada yaşayırsınız?

– Türkiyədə xəstəxanada müayinə qabağı söhbət etdiyim psixoloqun tövsiyəsi ilə Azərbaycana qayıdan kimi valideynlərim orada qalsalar da, mən ailəmlə birlikdə yeni mənzilə köçmüşəm.

– Bax, bu, yaxşı haldır. Sizə də qazilərə verilən mənzillərdən veriblər?

– Əvvəlcədən belə bir fikrimiz, yəni hazırlığımız var idi. İş belə olunca valideynlərimiz də kömək etdi, tez bir ev alıb köçdük. Ancaq evi yaxın bir qohumun adına almışıq. Adım qazi kimi siyahıda var. Növbəm çatanda mənə də ev verəcəklər.

– Ailədə neçə nəfərsiniz?

– 6 nəfər. Həyat yoldaşım, 2 oğlum, 2 qızım.

– Harda işləyirsiniz, peşəniz nədi?

– Hal-hazırda icra hakimiyyətində işləyirəm.

– Nə işə baxırsınız?

– Vallah, bir ixtisasım hərbçidir. Peşəkar zabitəm. İkinci ixtisasım da tarix müəllimi. Amma, hal-hazırda bağban işləyirəm.

– Çox gözəl. Bəs nə yaxşı belə alınb?

– Hə. Bu da uzun məsələdir. Deməli, ordudan tərxis olunan ili Bakı Təhsil İdarəsinin Bakı məktəblərində boş olan “Hərbi rəhbər” vəzifələrinə keçirdiyi işə qəbul imtahanlarında iştirak etdim. 40 mümkün baldan 39 bal toplamışdım. Bu test-imtahandan əlavə, bir neçə mərhələdən də keçdik. Yadımdadır ki, hələ bu 40-dan 39 məsələsinə görə müsahibə mərhələsində məni əməlli-başlı sıxma-boğmaya salmışdılar ki, birdən nəsə hətərən-pətərən söhbət olar. Gördülər yox, hər şey normaldır. Necə deyərlər, anadangəlmə “oxuyan uşağam”, növbəti -vakansiya seçimi mərhələsinə buraxdılar. Yer seçdim, düşdüm 45 nömrəli məktəbə. Bakı Təhsil İdarəsinin göndərişi ilə getdim ora. Məktəbin direktoru xanım idi. Yazıq bir sevinirdi ki… 5-10 dəqiqə yanında oldum. Bəlkə 10 dəfə soruşdu ki, mənə kömək edəcəksinizmi? Məktəbə kişi müəllim gəlməsinə çox sevinirdi. Prosedur gərəyi bu məsələ rayon səfərbərlik idarəsi ilə də razılaşdırılmalı idi. Məktəbin direktoru rayon səfərbərlik idarəsinə müraciət yazıb verdi, getdim ora. Deməli, mən içəri girəndə kimi ki, məni – sənədi qəbul edəcəkdi, artıq mobil telefonla danışırdı. Eşitdiyimi, onun ağzından çıxan kimi sizə çatdırıram: – “…Ayə, narahat olma. Bakı Təhsil məndən xəbərsiz imtahan keçirdib göndərib onları. Təkcə sənin yerinə deyil, bütün məktəblərə göndəriblər. Boş şeydi. Ürəyini buz kimi saxla. Mən dabro verməsəm, onlar nə karədir… İstəyirlər lap 100 adam göndərsinlər. Sən başını sal aşağı, işinlə məşğul ol…” – nəsə gözlədim danışdı qurtardı. Gəlişimin səbəbini deyəndən sonra məlum oldu ki, mən elə bu adamın yanına gəlmişəm. Sənədlərimə və məktəb direktorunun yazdığı müraciətə baxdı. Dedi ki, müraciət düzgün formada yazılmayıb. Nəsə, düz 3 dəfə mən o müraciəti dəyişmək məcburiyyətində qaldım. Sağ olsun məktəb direktoru, etiraz etmədən 3 dəfə müraciəti yenidən yazdırıb, möhürlədi… Ancaq sonuc olaraq, mən o məktəbdə işləyəsi olmadım.

– Bəs nə yaxşı tarix müəllimi işləmirsiniz?

– Elə bilirsiniz onu yoxlamamışam? Onu da düz 3 dəfə yoxlamışam. MİQ-dəki, rəngli kağız əməliyyatları, vaxt və suallarla manipulyasiyalar… Nəsə, sonuncu dəfə 60-dan 46 bal toplamışdım. Əslində bu ikinci ixtisası almaqda məqsədim ən ucqar dağ kəndlərinin birində müəllim işləmək olub. Elə ona görə də səfərbərlik idarəsinin mənə öz xətti ilə yazıb verdiyi şəxsi mobil nömrəsinə zəng etmədim. Çünki Bakıdansa rayonların birində ucqar kənddə müəllim işləmək mənə daha maraqlı, cazibədar və eyni zamnda faydalı görünürdü. İki tur başa çatdıqdan sonra yenə vakant yerlərdən heç birinə düşə bilmədim. Maraqlıdır ki, artıq adını əzbər bildiyim dağ kəndləri var idi ki, hər dəfə seçimlərdən sonra oranı seçsəm də, nə mən o məktəbə düşürdüm, nə də o yer dolurdu. Yer vakant, mən isə işsiz qalırdım. Belə günlərin birində elan gördüm ki, Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Kamalzadə namizədləri qəbul edir. Mən də elektron qaydada qəbula yazıldım. Sağ olsun, qeyd olunan vaxtda qəbuluna düşə bildim. Bu sualı eynilə ona verdim ki, necə olur, hər seçimdən sonra belə yerlər boş qalır, biz də işsiz? O, sadəcə, çiynini çəkib, masanın üzərindəki kompüterə işarə etdi və dedi: – “Bizlik bir şey yoxdur”. Mən bir az da irəli gedib bildirdim ki, bəlkə istisna hallar kimi mənim üçün nəsə etmək olar, Bakı istəmirəm ki, hər il, hər dəfə boş qalan və ya gənc qızların bir illik tutub getmədikləri ucqar bir dağ kəndində ömrümün sonuna qədər müəllim işləmək istəyirəm. Cavab isə qəti olaraq belə oldu: – “Biz siz deyən kimi eksklüziv heç nə edə bilmərik…”. Və mən bu görüşdən sonra MİQ imtahanlarında iştirak etmədim. Sonra da müharibə başladı. Yenidən ordu. Yenidən hospital. Və görürsünüz ki, indii də sizin qəbulunuzdayam.

– Bəs, bu bağbanlıq nə məsələdir?

– Hospitaldan çıxandan sonra bir neçə dəfə çağırıb yoxladılar. Və son qərar belə oldu ki, heç bir əlillik dərəcəsindən söhbət gedə bilməz. Bu yaralar hamısı yüngül yaradır. Onurğada və bədənimin digər yerlərində qalan qəlpələr də elə-belə, ziyansız müharibə yadigarlarıdır. Zamanla onları da çıxartmaq olar. Kənardan baxanda, bir də bu şoğərib televizorda həyat tamam başqa cür görünür. Ona görə də real həyatda olanlarla heç kim barışmaq istəmir. Məsələn, bax mənim artıq bir ildir əziyyət çəkdiyim bu öymənin heç bir adı yoxdur. İstər kəllə-beyin travması kimi, istərsə də indi siz, sizdən əvvəl də türk həkim-psixoloqların araşdırdığı hal kimi. Halbuki gecəm-gündüzüm yoxdur. Bir də ki, indi nəinki hər adama əlillik təyin etmirlər, hətta Birinci Qarabağ müharibəsi iştirakçılarından çoxunun təqaüdlərini kəsiblər. Məsələn, nə qəzetdən oxumursunuz, nə kitabdan. Real mənim iki sinif yoldaşım olan şəxsən tanıdığım Birinci Qarabağ müharibəsi iştirakçısının 25 ildən artıq zaman ərzində aldıqları təqaüdləri kəsiblər. Halbuki onlar hələ o zaman ağır yaralar aldığına görə müharibə getdiyi zaman ordudan tərxis olunmuşdular. Və elə o vaxtdan da onlara təqaüd təyin olunmuşdu. Bunları dəqiq bildiyim üçün sizə dedim. Yeni mənzil almaq, davamlı müayinə və müalicələr, bunların hamısı pul tələb edir. Əldə-ovucda nə var idi hamısı getdi. Əslində mənim heç işləmək fikrim yox idi. Mən DOST mərkəzinə sosial müavinət almaq üçün məsləhət almağa getmişdim. Oradakı dostlardan biri hərtərfli məni sorğu-sual edəndən, səndədlərimlə tanış olandan sonra başa saldı ki, əmi, mütləq yarımştat da olsa, işləmək lazımdır. Dedim ki, ta işim olandan sonra yardımı neynirəm ki, elə maaşımla başımı aşağı salıb birtəhər dolanaram. Mənə nə desə yaxşıdı? Dedi ki, əmi, uşaqlar çox balaca olsa idi, həyat yoldaşınız işlədiyinə görə siz işsiz olsanız da, sosial müavinət ala bilərdiniz, ancaq indi uşaqlar böyükdür. Siz sosial müavinət almaq üçün gərək adınıza bir iş olsun. Mənim də matım-mutum qurudu, qaldım belə. Sağ olsun, uşaq elə şirin-şirin danışdı ki, heç nə deyə bilmədim. Elə onun məsləhəti – göndərişi ilə getdim icra hakimiyyətinə. Orda da, sağ olsunlar, elə həmin gün qazi olduğuma görə məni işlə təmin etdilər. İndi 270 manat oradan maaş alıram, təxminən bir o qədər də sosial müavinət, üstəgəl, müharibə veteranı olduğuma görə 80 manat da Prezident Təqaüdü alıram. Hayat yoldaşım da elə bunların cəmi qədər maaş alır. Min şükür, dolanırıq. Bax belə. Başqa nəyin aidiyyəti ola bilər, sizcə, bu “ÖYMƏ” məsələsinə?

– …

– Hə. Bənövşə xanım nə düşünürsünüz?

– Məncə, bütün məsələnin kökü indi o sizin valideynlərin yaşadığı binanın zirzəmisindəki “Şır-şır”dadır. Ancaq biz bu məsələni belə bir-iki görüşdə həll edə bilməyəcəyik. Və onu da əlavə edim ki, sizin də yeni ödənişlər etmənizi heç istəmirəm. Əksinə, bax sizin ödənişinizdən mənə çatan bu 75 manatı da sizə qaytarıram. Artıq heç bir söz və təklif qəbul etmək istəmirəm. Və bu da mənim ”whatsapp” nömrəm – deyə əlindəki kağız parçasını mənə uzadaraq davam elədi – hər gün 20:00-23:00 arası istədiyiniz vaxt görüntülü yığıb mənimlə söhbət edə, məsləhətləşə bilərsiniz. Əgər bunların heç birini etməsəniz də, nəticə barədə məni mütləq xəbərdar edərsiniz. Ancaq bir məsələni özüm üçün dəqiqləşdirmək istəyirəm. Siz heç olmasa bir dəfə o ofisə daxil olub, maraqlanmısınızmı görüm bunlar burada nə işlə məşğuldurlar? Nə edirlər? Bəlkə onların heç bu məsələyə aidiyyəti yoxdur?

– Oldu! – Bənövşə xanımın bu səmimiyyəti və comərdliyi qarşısında əlavə heç nə deyə bilmədim. Pulu və kağızı alıb ürəyimin başına – içəridən döş cibimə qoydum. Yalnız indi şamların artıq çoxdan söndüyünü fərq etdim. Çevrilib pəncərəyə baxdım. Hava qaralmaq üzrə idi… Bənövşə xanım da bunun fərqinə varmış olmalı ki, mizin üstündəki “basma qələm”lərdən birini götürüb düyməsini basan kimi divarlardakı lampalar yandı. Şamlar yanmasa da, otaqda olan ab-hava demək olar ki, dəyişməmişdi. Söhbətdə yaranmış bu qısa fasilədən sonra mən davam etməyə başladım:

– Bilirsiniz, Bənövşə xanım, əlbəttə, mən orada olmuşam. Bir yox, bir neçə dəfə olmuşam. Onlar binanın altında yerləşən bütöv zirzəmini ortadan bölüblər. Orada özlərinə ofis və ambar yaradıblar. Ofis və ambar olan hissəni yaxşı təmir ediblər. İçəri girəndə zirzəminin əvvəlki halından xəbərsiz olan adamın heç ağlına da gəlməz ki, bu divarın arxasında necə çirkab su ola bilər. Ambarın çirkabla arakəsmə divarında çoxlu sayda su krantları var. Düşünə bilirsiniz? O krantlardan gələn su ilə üzərinə “Şır-şır,  kəhriz suyu yazılmış 25 L” plasmas su qabların doldurub, təmiz su adı ilə müxtəlif təşkilatlara, ofislərə, mənzillərə xidmət göstərirlər. Mən neçə dəfə ciddi maraqlanmışam. Deyirlər ki, bütün sənədlərimiz var, məhsulumuz laboratoriyalardan keçib, bu krantlar olan divarın arxasında xüsusi su təmizləyici, suyu insan orqanizmi üçün vacib mikroelementlərlə zənginləşdirən, ionlaşdıran, yodlaşdıran, nə bilim nə edən çoxfunksiyalı filtirlərimiz var. Hər axşam maşınlarla boş su qabları gəlir. 24 saat fasiləsiz içəridə qablar doldurulur. Gün ərzində də səhər saat 9:00-dan axşam saat 18:00-a kimi istirahət günü də daxil olmaqla, hər gün müştərilərə çatdırılır. İnternetdə, televizorda, hər yerdə də reklamları gedir. Yazıq camaat nə bilsin ki, bu kəhriz hansı binanın zirzəmisində qaynayır? İnanın, tam səmimi deyirəm, həyəti elə gözəl təmir ediblər. Ofisləri elə təmiz, elə səliqəlidir ki, məhləyə birinci dəfə gələn adama mən indi sizə danışdıqlarımı heç cür inandırmaq olmaz. İlk əvvəl mən köçüb bu bəladan canımı qurtarmaq istədim. Fikirləşdim ki, görməsəm, yadıma düşməz, rahat olaram. Ancaq belə olmadı. Hər Xocavənd yadıma düşəndə, hər onların reklamını, ya maşınlarını şəhərdə görəndə özümü saxlaya bilmirəm. 85 kiloluq adam əriyib qalmışam 53 kilo. Tez-tez xəbərlərdə görürük ki, nəzarətçilər qanunsuz su xətlərinə qoşulmuş kafelərin, “moyka”ların su xətlərini kəsirlər, sahibkarları cərimələyirlər. Bina sakinləri neçə dəfə şikayət ediblər. Nəzarətçilər gəlib yoxlayıb gedirlər. Qeyri-qanuni qoşulma yoxdur deyirlər. Şirkətin də bütün sənədləri qaydasıda. İşçilərin maaşını, dövlətin vergisin vaxtında verir. Hələ üstəlik, xeyriyyəçilklə də məşğuldur. Müharibə vaxtı cəbhəyə nə qədər təmənnasız yardım edib. Hərbi hissə komandirlərindən, hətta bu yaxınlarada şanlı Zəfərimizin ildönümü ilə əlaqədar şəxsən Müdafiə Nazirindən fəxri fərman alıb. Adamın üstündə Allah var, həyəti yaxşı abadlaşdırıblar. 30 ilə yaxın qurumayan zirzəmini çirkab sudan, zir-zibildən təmizləyib qurudublar. Ən azı 50-60 adama çörək veriblər. Xub. Çox sağ olsunlar. Ancaq bir bunlara deyən, onlardan soruşan yoxdur ki, a balam, bu boş su qabları hər gecə maşın-maşın gəlir bura, bütün gün boyu da dolu-dolu daşınır, bəs, bu kəhriz şəhərin mərkəzində hardan qaynayır? Bir sözlə, çox müşkül işə düşmüşük. Bilirsiniz, mənim bu məsələmdən xəbərdar olandan sonra nə şayiə buraxıblar?

– Çox maraqlıdır.

– Deyirlər ki, İlqar qarnıqurdludu, öymə ondandır. Hətta mənim qurddan təmizlənməm üçün müalicə xərclərini də öz üzərlərinə götürüblər… Bax, son vəziyyət belədir, Bənövşə xanım. Bizimki qalıb Allaha… O Böyük Allah özü bizə kömək oslun…

                                                                  Son.

29.11.2021. Bakı ş.

  Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – BAYRAQ BİZİM BAYRAĞIMIZ!

Zaur Ustacın şeirləri “Ədəbiyyat qəzeti”ində.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

NADANLIQ

Urmu axan göz yaşımdı,

Yanağımda duz olubdu…

Urmu, Urmu söyləməkdən

Bağrım başı köz olubdu…

* * *
Şümürə lənət deyənlər
Susuz qoyubdu dindaşın…
İnsan insana qənimdi,
Günahı nə dağın, daşın?
* * *
Savalanı dərd qocaltdı,
Murov soyuqdan üşüyür…
Araz sükütun pozmayır,
Kür əlçatana döşüyür…
* * *
Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik…
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik…
* * *
Nəsimi nəşi Hələbdə,
Füzuli hərəmdə qalıb…
Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb…
* * *
Suyumu daşla boğurlar,
Daşımı suyla yuyurlar…
Xudafərin, Urmu incik,
Bizləri bizsiz qoyurlar…
* * *
Şah babam yol ortasında,
Koroğlu göylərdə gəzir…
Bizi, bizdən ayrı salan
Nadanlıq ruhumu əzir…

TUNCAYA

(Tuncayın timsalında !!!)

Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi
* * *
Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!
* * *
Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!
* * *
Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!
* * *
Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!
* * *
Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!
* * *
Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!
* * *
Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!
* * *
Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!

İlkin mənbə: edebiyyatqazeti.az Arxiv: archive.vn

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

DODAQDƏYMƏZ – ZAUR USTAC

DODAQDƏYMƏZZaur USTAC

ŞAHİ-CAHAN
Çiçək açsa, haçan həyat ağacın,
Yaz çağındır, o çağını yaza yaz!
Qan qaynasa, qışın oğlan çağında,
Qışa deyil, o çağını yaza yaz…
* * *
Araz dağdır, haldan hala hal eylər,
Sakit axar, eldən elə yol eylər,
Dost-aşina, taydan taya əl eylər,
Ayaq açsa, o çağını yaza yaz!
* * *
Taclı şair* şeir yazdı dodaqsız,
Canın xanı yaranışdan qonaqsız,
Şahi-cahan, yaşar səssiz, soraqsız,
Hərgah coşsa, o çağını yaza yaz!

21.10.2021. – Bakı ş.

* Taclı şair – Göygöz, Sevdalı kimi Zaur Ustacın müəyyən konkret məhdudlaşdırıcı ədəbi tələblər olduğu zaman (adətən dodaqdəyməzlərdə) istifadə etdiyi təxəllüsüdür.

Müəllif: Zaur USTAC,

 “Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

DODAQDƏYMƏZ QOŞMALAR

ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Hər şey belə başladı…” – Şeirlər – Zaur USTAC

Zaur Ustacın şeirləri.

ZAUR USTAC BU GÜN ƏDƏBİYYAT QƏZETİNDƏ

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

O GÜN
(Milli Qəhrəman Polkovnok İlqar Mirzəyevin xatirəsinə)
Hər şey belə başladı,
Gülə-gülə getmişdin…
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin…
* * *
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…
* * *
Hər şey belə başladı,
Bütün xalq həmdəm oldu…
Cümlə aləm toplandı,
Azərbaycan cəm oldu…
* * *
Yuxudaykən əbədi,
Yatmışlara qalx dedin…
Vətənin qara dərdin
Al boyayıb, ağ etdin…
* * *
Girib torpaq altına,
Çıxartdın üzə nə var…
Bir gedişə mat idi,
Taxtada tüm fiqurlar…
* * *
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…
* * *
Belə şanlı hekayət,
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki …
* * *
Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər…
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər…

İlkin mənbə:edebiyyatqazeti.az

Arxiv: archive.vn

Müəllif: Zaur USTAC,

 “Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru






CEYHUN FİKRƏTİN-AİLƏ YÜKÜ ROMANI 3-CÜ HİSSƏ

Yenə müəllimə qaçqınlardan danışırdı.  Bizdə müəllimənin dediklərinə uşaq sadəliyi ilə qulaq asırdıq.   Amma nə üçünsə, müəllimə kədərli baxışları ilə bizə baxırdı.  Görünür ölkədə, olan hadisələr müəllimənin əhvalına çox pis təsir edirdi.  Çünki, dərslərin suallarına o qədər də, əhəmiyyət vermirdi.  Bu onsuz da oxumayan və tənbəl olan şagirdlərin xeyrinə idi.  Mən isə yalnız müəllimənin hərəkətlərinə baxıb, özüm üçün nəticələr axtarırdım.  Müəllimə kədərli  idi.  Deyəsən şagirdlərində hərəkətlərinə heç fikir vermirdi.  Amma bəzən mənə baxıb nəsə fikirləşirdi.  Mən isə yenə xəyallar aləminə baş vurmuşdum.  Bu müharibənin nə ilə nəticələnəcəyini, içimizdə olan sapı bizdən olan baltaların, bizim əllərimizi  necə kəsdiyini düşünürdüm.  Bu vaxt zəng vuruldu.   Hər kəs sinif otağından dəhlizə qaçmağa başladı.  Müəllimə mənə baxıb, sən getmə, sənə sözüm var deyərək qapını bağladı.  İstəmirəm ki, belə söhbətlərə baş qoşasan!  Bildin!  Qəzəbli halda mənə baxdı.  Mən təəcüblü halda, hələ də ona baxırdım.  Son günlər doğurdanda onun halı yaxşı deyildi.   Məgər mən nə etmişəm deyərək ona təəcüblə baxdım.  O, isə cavabında anan çox əziyyət çəkir.  Sənin küçə də etdiyin söhbətləri anana deyirlər.  Axı O, sadə qadındır.  Ona əziyyət verməyi düz iş bilirsən, deyərək ağlamağa başladı.  Mənim heç bir işdən xəbərim yoxdur. Mən anamı incitmirəm, yəqin ki, sizə səhv məlumat veriblər deyə bildim.  O, ağlayır, bəzən qəzəbli, bəzən də, mülayim formada küçədə dediyim sözləri təkrar edirdi.  Hər şey aydın idi.  Mənim Qarabağla bağlı sözlərim bəzi adamların və onların uşaqlarının xoşuna gəlməmişdi və onların valideynləri məndən şikayət edərək, ilk əvvəl anama və sonra isə müəlliməmə müraciət edib məni tənbeh etmək fikirinə düşmüşlər.  Mənim fikirə getdiyimi görən müəllimə, anan yazıqdır, atan kimi ona dərd olma.  Axı atam anama dərd olmayıb deyib müəlliməmə baxdım.  O, isə cavabında hələ uşaqsan, belə işləri bilməzsən dedi.  Yadında saxla! Atan Qarabağda olsa da, anan arxa cəbhədə çox çətinlikdədir.  Sən böyüyəndə hər şeyi biləcəksən.  Gözü yaşlı qadınlar, bəzən  kişilərə görə gözü yaşlı olur.  Bax mənim ağlamağımı görürsən, lakin səbəbin bilmirsən, amma bilməlisən, o getdi və bir daha geri qayıtmayacaq.  Mən təəcüblə necə yəni getdi, axı sizin nişanlınız yaxşı adam idi.  O, milləti çox sevən bir adamdır deyə bildim.  O, isə cavabında, sən uşaqsan bir zaman gələcək ki, hər şeyi biləcəksən.  Amma indi sənin üçün bu söhbətlər tezdir.  Sən oxumalısan və cəmiyyətə dəyərli bir adam olmalısan deyərək yenə ağladı. Artıq dayana bilmirdim, o mənim müəlliməm olsa da, istəmirdim ki, onun qarşısında ağlayım.  Burdan qaçmalı idim.  Özümdən aslı olmayaraq, qapını açaraq qaçdım, amma hara gedəcəyimi bilmirdim.  Ancaq qaçırdım, hara getdiyimi bilmədən qaçırdım.  Qaçdıqca özümdən uzaqlaşıb getmək istəyirdim.  Artıq məktəbdən çox uzaqda olduğumu görüb, ağlamağa başladım.  Deməli O, ölüb, amma necə ölüb və harda?  Bəlkə də şəhid olub?  Amma çox güman ki,onu öldürüblər deyə bildim.  İllərdi mənim müəlliməmi sevən, kimsəsiz olan, kimsəsiz olduğuna görə də, müəlliməmi ona verməmişdilər.  Amma O, isə mübarizə aparıb, 10 ildən sonra artıq ki, müəllimənin atasını razı salmışdı.  Lakin 10 il necə əziyyətlər çəkdiyi, yaşınında çoxaldığı məlum olsa da, hədəfindən dönməmiş, bu qızdan ötrü çox əziyyətlər çəkmişdi.  Bəzən onu küçədə görən qadınlar, ələ salaraq ay yetim niyə bu qızı qaçırtmırsan deyərək məsxərə edərdilər.  O, isə başını aşağı salıb, qadınlara baxmadan qəmli halda deyərdi.  Çünki, günahdır.   Əgər atası razı olmasa, onu ala bilmərəm.  Çünki atanın razılığı, mənim üçün önəmlidir, gərək atası razılıq versin.  Atası hə cavabın verəndən sonra kəbin kəsəcəm.   Hətta bir dəfə həmin gənc mənim müəlliməmə elçı getmişdi.  Müəllimənin Qarabağa getməyib, kənd də gizlənən qardaşları həmin oğlanı tapıb döymüşdülər.  O, isə cavabında sakitcə baxmış, sevdiyi qıza görə, onlara heç bir söz deməmişdi.   Amma mən bu hadisəni eşidəndə, əsəbimdən balaca olduğum  üçün, onlara gücüm çatmadığına görə, yumruqlarımı dıvara vuraraq, hiddətlə səsimi boğmuşdum.  Hətta bir dəfə, o gənci görəndə, sən onları niyə döymədin! deyərək ona qəzəbli halda baxmışdım.  O, cavabında, mən zalım deyiləm deyib, başımı sığallamışdı.  Artıq müəlliməmin atası da, bu məsələdən yorulub, qızı ilə bu gəncin nişanlanmasına icazə vermiş və bundan sonra da, toy adət-ənənələri bu gənclərin birləşməsinə maniə yaratmışdı.   Amma gənc kəbin kəsdirsə də, öz halal arvadını,evinə apara bilməmişdi.  Çünki, qızın qoçu qardaşları bu işə mane olmuşlar.   Onların toy niyyətləri bu iki gəncin birləşməsinə ağır zərbə vurmuşdu.  Artıq illər keçsə də, kimsəsiz gənc sevdiyi xanımdan uzaq düşmüşdür.  Yadımdadır, bir gün atama, əmi məni də Qarabağa döyüşə apar deyəndə, atam təəcüblə ona baxmış, bəs müəllimə xanım nə olacaq deyərək gözlərini ona zilləmişdir.  O, isə cavabında, vətənimin bu ağır günündə, vətənimi düşmənlərdən təmizləməyim düzgün addım deyilmi? demiş və axşam atamla bərabər döyüş bölgəsinə yollanmışdır.  Amma indi O, yoxdur.  O, ölüb, bəlkə də öldürüblər.  İnana bilmirdım.  Bəs mənim müəlliməm necə olacaq?  Bilmirdim o oğlana ürəyimdə nə deyim.  Günahkar kim idi.  Erməni?  O, oğlan?  Yoxsa mənim müəlliməmin ailəsi?  Bu suallar məni daha da, qəzəbli edirdi.  İstəmirdim evə gedim.  Anam gözlərimdən biləcək deyib, yenə ağlamağa başladım.  Müəllimə düz deyir, mən ona çox dərd verirəm.  Axı, mənim göz yaşlarım, onun o biri otaq da xısın-xısın ağlamasına səbəbdir.  Onsuzda anam hər şeyi biləcək, bilmirəm nə niyyətlə, amma müəllimənin ərinin nakam taleyini yəqin ki, anama xəbər veriblər.  Daha getməliyəm, qarnımda acdır deyib, ayağa qalxdım.  Qapını döyməyimlə, anamın əsəbi səsi qulaqlarımda səsləndi.   Yenə futboldan gəlirsən?  Mən isə, yox nə futbol deyərək başımı aşağı saldım.  Bəs bu nə üst-başdır ki, toz içindədir?  Qonşunun qızı neçə saatdır gəlib evdədir, bəs sən hardasan?  Mən bilmirəm deyib, o biri otaqa keçdim.  Necə yəni bilmirəm, mən o qızdan soruşdum, o qızda cavabında dedi ki, sən müəllimə ilə danışandan sonra, stadion tərəfə qaçmısan.  O, isə səni çağırıb.   Sən isə, ona qəzəbli baxmısan.  Məgər sənə deməmişəm ki, qızlara qarşı nəzakətli ol!  Sənin nə ixtiyarın var ki, sinif yoldaşına və yaxud başqa bir qıza qəzəbli baxasan.  Məgər mən səni belə tərbiyyə etmişəm deyərək, anam mənə baxdı.  Mən isə cavabında, mən ondan üzr istəyərəm deyərək küçəyə qaçdım.  Anam isə arxamca səslənərək evlərinə getmə, çünki qonşu qızgildədir.  Anamın məni belə qarşılaması, çox gözəl idi, hətta çox xoşuma gəldi.  Yaxşı ki, anamın heç nədən xəbəri yoxdur.  Artıq küçədəyəm.  Təmiz hava ciyərlərimə doldu.   Anama heç bir qonşu heç nə deməyib.  Təəcüblüdür.  Yəqin heç kəsin onun ölüm xəbərindən xəbəri yoxdur.  Təxmini on-on beş dəqiqədən sonra qara rəngli qapının qarşısında idim.  Qapını döydüm.   Qapını açdılar.  Yaşlı bir qonşumuz, məni görüb, hə gəl içəri milli qəhrəman deyərək güldü.  Mən ədəblə salam verib, qonşu qadının sözlərinə əhəmiyyət verməyərək, sinif yoldaşlarımın oturduğu otağın qapısın döydüm.  İçərdən buyurun deyiləndən sonra, asta-asta qapını açıb boylandım.  Bəzi sinif yoldaşlarım məni görüb, təşvişlə xəbərin var, xəbərdən? Mən isə bura qonşu qızdan üzr istəməyə gəlmişdim.  Ancaq onların bu təlaşına cavab olaraq, məgər nə olub deyə bildim.  Oğlanlardan biri qonşu qızına baxaraq, bəs sən deyirdin ki, Ceyhun hər şeyi bilir deyərək kövrəldi.  Mən özümü saxlaya bilmədim.  Artıq göz yaşlarım sözümə baxmırdı.  Hə ölüb deyə bildim.  Qızların ağlamaq səsi, o biri otaqlarda eşidilməyə başladı.  Bu vaxt mənə milli qəhraman deyən qadın, qapını açıb bizə təəcüblə baxdı.  Yenə məni süzüb, yenə nə oyun çıxartmısan deyə əsəbi halda çayı qabağıma qoydu.  Bu qonşunun qızı, qəfil anasına baxaraq, dedi: Ana O, ölüb.  Həmin qadın təşvişlə qışqırdı və mənə baxıb atan deyib, əlindəki o biri çay stəkanlarını əlindən saldı.  Çayın isti suyu bədəninə töküldü.  Mən qorxaraq, yox atam sağdır xala deyə bildim. O, isə bəs kim ölüb, deyib ağladı. Oğlanlardan biri, xala müəllimə deyə bildi.  Həmin qadın qışqıraraq, yetim bala deyərək və bundan sonra can ay yetim deyib yerə yıxıldı.  Qızlardan biri su arxasınca qaçdı.  Heç kim qorxudan, qadına yaxın gedə bilmədi.  Ona su veriləndən sonra, özünə gəldi və ağlayaraq bizdən, müəllimə bilir soruşdu.  Mən isə cavabında, hə deyə bildim.  Artıq onun ölümü bütün məktəbə, məhləyə yayılmışdı.  O, gün hər kəs ondan danışırdı, bəziləri onu qınayır, niyə görə Qarabağa getdi deyib, başını bulayır, bəziləri isə, onun yaxşılığından, sədaqətli, mərd, təmiz oğlan olmasından söhbət açırdı.  Bu sözləri eşidə-eşidə artıq evimizin qapısında idim.  Qapını döyməyə cürət edə bilmirdim.  Birdən qapının açılması və anamın qəmli baxışları ilə, üz-üzə qalmağım, həyatımın ən faciəli anlarına çevrildi.  Anam gözləri qızarmış halda, mənə baxaraq gəl hər şeyi bilirəm dedi.  Mən qapıdan içəri girib, otağa boylandım.  Anam əgər bu qədər ağlayıbsa, yəqin ki, ürək dərmanının şüsəsi, stolun üstündə olmalı idi.  O, mənə baxaraq hara boylanırsan? Dərmanda qurtarıb, istəmirəm ki, son qalan çörək pulumuzu dərmana verim, deyərək ağladı.  Görürsən də, hamı bir-bir ölür.  O, yazıq oğlanda öldü.  Onu öldürdülər.  Mən anamın bu sözlərindən sonra təəcüblə ona baxdım.  Yəni deyirsən, onu öldürüblər?  Axı ona erməni gülləsi dəyib, axı O, cəbhədə ölüb.  Yox ay bala, onu bizim cəmiyyət öldürüb deyərək yenə ağladı.  Mən isə, dözməyərək ona erməni gülləsi dəyib, o vətəni yolunda canın verib, nə üçün onun qəhramanlığına kölgə salırsız deyə bildim.  O, isə boş-boş danışma.  Onu bizim cəmiyyət öldürdü.  O, xanımı ilə xöşbəxt olsa idi, sonra döyüşə getsə idi, mən onu qəhraman bilərdim.  Bilirsən?  Onun qəlbi bizimkilərin əlindən yara bağlamışdı.  Nə olsun yetim idi, məgər ona qız vermək olmazdı.  Heç bilirsən, 10 il sürünmək nə deməkdir.  Yetim böyümək, ac qalmaq nə deməkdir?  Bilmirsən.  Sən usaqsan, amma mən bilirəm.  Çünki mən yetim böyümüşəm.  O, gənci məni kimi heç kim başa düşə bilməz.  O, qızı istəyəndə sən heç yox idin.  Biz bura təzə köçmüşdük.  Hər kəs onlardan danışırdı ki, bir oğlanı o qızın qohum-əqrabası giriftar edib.  Bir neçə illərdən sonra, atanda bu məsələyə qarışsa da, o kişi o oğlana qız vermədi.  Nə var nə var ki, bu oğlan yetimdir.  Nə olsun ki, atası-anası ölub bu uşaq ikən.  Məgər onun haqqı yoxdur ki, sevib evlənsin.  Yadımdadır, axşamlar bizə gələrdi, məndə süfrə salardım.  Atanla bərabər çörək yeyərdi, bəzən də, yediyi yeməyi kənara qoyub düşünərdi.  Atan çox vaxt ona deyərdi ki, qardaş çörəyini ye, özünə fikir ver.  Çalış inkişaf edəsən, bəlkə o zaman bunları razı sala bildin.  O yazıq isə, əmi o qızı alacam deyirdi.  Aldı, amma necə?  Almasaydı ondan yaxşı idi.  Qız evi gördülər ki, müharibə başlayıb, bu axır-əvvəl müharibəyə gedəcək.  Ona görə də, qızı buna verib, şərt kəsdilər ki, müharibə qurtarandan sonra toy etsinlər.  Bunlara bax, bunların şərtlərinə bax.  Onlar bilirdilər ki, bu yetim Allahdan qorxur və Allah üçün iş görür.  Bu səbəbə görə də, bu oyunları qurdular.  Allahsızlar deyərək anam daha da hıçqırdı.  Mən isə, anama daha bəsdir, xahiş edirəm səndən ağlama, axı sənə bir şey olsa, məndə yetim qalacağam dedim.  Anam bu sözümdən sonra mənə baxıb, dedi: narahat olma yetimləri Allah  böyüdür, vay ölənin halına.  Mən onun, məni qucaqlamasını istədiyim halda, o isə mənə baxaraq, sən əsl kişi olmalısan, hələ gələcəkdə sənin nə qədər çətin illərin var deyərək mətbəxə getdi.  Artıq anamın niyyəti mənə yavaş-yavaş aydın olurdu.   O mənim öz ayağım üstündə durub, heç kimə möhtac olmamağımı istəyirdi.   Amma yenə də, bəzi məsələlər mənə aydın deyildi.  Nə üçün anam məni qucaqlamadı.  Nə üçün o məni qucaqlayıb, dostun qəhramancasına vətənə canını fəda edib demədi.  Amma o doğurdanda ölmüşdü.  Ondan bir otaqlı kimsəsiz bir ev, qucaqlaya bilmədiyi həyat yoldaşı və cəbhədən göndərilən vəsiyyətnamə qalmışdı.

Davamı var……….

Müəllif: Ceyhun FİKRƏT

CEYHUN FİKRƏTİN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NURANƏ RAFAİLQIZI SÖZÜNÜN NURU – ZAUR USTAC

Nuranə RAFAİLQIZI – həkim, şair.

NURANƏ RAFAİLQIZI SÖZÜNÜN NURU

(Fazilova (Rəhimova) Nuranə Rafail qızı yaradıcılığı haqqında)

Salam olsun, çox dəyərli oxucum. Şükürlər olsun Böyük Allaha ki, sizlərlə daha bir görüş payı qismətimiz oldu. Söhbətimizin əsas qayəsi, məqsəd-məramı ədəbiyyat üfiqlərində yenicə parlamağa başlayan, ziyasından həm danın sökülməsini, həm də qürubun bitməsini gözləyənlərin eyni dərəcədə nur alıb, hənirtisinə isinə biləcəkləri ziyadarı sizlərə təqdim etməkdir. Lakin söhbətə başlamazdan əvvəl bir məsələyə toxunmağı özümə borc bildim. Əslində bu yeni məsələ deyil. “Yazarlar və yazılar”, “Təranə Məmmədin Toru”, “Çağdaş örnək yazarlar” və digər yazılarımda, ümumiyyətlə ədəbiyyatdan, müasir yazarlardan söhbət düşən məclislərin çoxunda bu barədə söhbət etməyi daim özümə borc bilmişəm. İndi də əsas məsələyə, yəni Nuranə Rafailqızının təqdimatına keçməzdən əvvəl bu məsələyə qısa münasibət bildirmək istəyirəm. Hal-hazırda tanıdığımız söz adamlarını iki müxtəlif baxış bucağından qısa dəyərləndirsək, belə bir mənzərə ilə rasatlaşırıq. Müasirimiz olan, artıq kifayət qədər ölkə və hətta onun hüdudlarından kənarda kifayət qədər tanınmış yaşlı nəslin nümayəndələri. Müstəqillik dövrümüzün ilk illərindən tanınmağa başlayanlar və artıq tanınmışlar. Hələ sovet dövründən yazmağa başlayanlar və müstəqillik dövründə onlara qoşulmuş gənclər də daxil olmaqla bir qrup yazarlar da var ki, onların yazdıqlarının keyfiyyətindən asılı olmayaraq tanınmayanlar və ya olduqca məhdud çərçivədə tanınanlar. Bu məsələnin bir tərəfi. Məsələnin ikinci maraqlı tərəfi məhz bu təbəqələşmənin formalaşmasında mühüm rol oynayır. Yuxarıda üç qrupda təsnifatlaşdırdığımız yazarları indi ümumilikdə iki əsas qrupa bölə bilərik. Birinci ədəbiyyatçılar, yazarlar, ən azı mətbuatla az-çox əlaqəsi olan şəxslər arasında, yetkin ədəbi mühitdə formalaşan qələm adamları, ikinci isə ədəbiyyatla heç bir əlaqəsi, heç filoloji təhsili də  olmayan, heç bir ədəbi əhatəsi olmayan, olduqca müxtəlif peşə sahiblərindən ibarət yazarlar qrupu. Onların nə, hansı keyfiyyətdə yazmağından asılı olmayaraq bu iki mühüm amil yazarlarımızın yaradıcılığına əhəmiyyətli dərəcədə öz təsirini göstərir. Bu yazının üzdə görünməyib, özülündə dayanan əsas məqsədi məhz bu təsiri azaltmağa xidmət etməkdən ibarətdir. Çünki, sizlərə təqdim edəcəyim çox istedadlı qələm adamı, söz mucidi, sözlərlə zərgər dəqiqliyi, cərrah həssaslığı ilə davranan  Nuranə Rafailqızı da ixtisasca həkim olmasaına baxmayaraq, artıq müəyyən bir auditoriyaya sahib şair kimi tanınmağa başlayıb. Onun yaradıcılığına keçməzdən əvvəl istərdim ki, həyat yoluna qısa bir nəzər salaq.

QISA ARAYIŞ:

Fazilova (Rəhimova) Nuranə Rafail qızı 1981-ci ildə Göyçay rayonunda dünyaya göz açmışdır. Orta məktəbi burda bitirdikdən sonra , Odlar Yurdu Universitetinin “müalicə işi” fakültəsinə qəbul olmuşdur.2007-ci ildən ixtisası üzrə Göyçay Rayon Mərkəzi Xəstəxanasında həkim vəzifəsində çalışır.

  Ədəbi fəaliyyətə hələ uşaq yaşlarından başlayaraq, tez-tez rayon və məktəb tədbirlərində öz şeirləri ilə çıxış etmişdir. Şeirləri mütəmadi olaraq Nuranə Rafailqızı təxəllüslüyə “Milliyyət” qəzeti, “Herba-flora”,  “Yazarlar”  jurnallarında işıq üzü görmüşdür. 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Kiçik yaşlı uşaqlar üçün nəsr, nəzm və dram əsərləri” müsabiqəsində 4-cü yerə layiq görülmüş, qalib əsərlərin yer aldığı kitabda 18 şeiri çap olunmuş, məktəb kitabxanalarına paylanmışdır. 2018-ci ildə Göyçay rayonunda təşkil olunmuş “Beynəlxalq Nar Festivalında” nara həsr olunmuş şeir müsbiqəsində “Göyçayın narı” şeiri ilə iştirak etmiş, 3-cü yerlə mükafatlandırılmışdır. 2021 -ci ildə çapa hazırlanmış ”Həkimlərin söz dünyası” kitabında 10 şeiri ilə həmkarları arasında yer almışdır. 2021-ci ildə “Gəlirik Qarabağ” poeziya antologiyası kitabında 13 şeir və “Kimlərə qaldı dünya”, “Nizami Gəncəvi – 880” antologiyasında 15 şeiri dərc olunmuşdur.  “Həyat bizi səsləıyir”  anologiyasında yer almışdır. 15.04.2021 tarixində Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən “Qızıl qələm” media mükafatı laureatı olmuşdur. Nuranə Rafailqızı eyni zamanda KİV  tərəfindən “Fəxri şair” diplomuna layiq görülüb.

Yuxarıda sadaladığım obyektiv və subyektiv səbəblərdən qaynaqlanaraq yaranan təqəqələşmə və qruplaşmaların aradan qaldırılmasında, bu mümkün olmasa belə ən azından nəticələrin xəfifləşdirilməsinə öz töhfəsini verə biləcək yeganə vasitə təmənnasız, heç bir əlavə məqsəd güdməyən, ilham mənbəyi, qaynağı söz olan ədəbi tənqid ola bilər…

Keçək əsas məsələyə. Kimdir?  Nədən yazır, Nuranə Rafailqızı? Şair haqqında qısa arayışdan da görürük ki, Cəmiyyətdə formalaşmış və ya bilərəkdən bu cür təqdim olunan  “əlində bir peşəsi olmayan şairlikdən yapışır” fikrinin əksinə olaraq görürük ki, Nuranə xanım ən vacib və belə demək mümkünsə prestijli peşələrdən birinin sahibi – həkimdir. Günümüzün reallıqlarına baxsaq “başını qaşımağa vaxtı yoxdur…”, ancaq şeir yazmağa zaman ayıra bilir. Yəni əslində şeir özünü yazdıraraq, həkimin vaxtını alır. Onu yorğun iş saatlarından sonra gecələri də yatmağa qoymur, qəlbini sızladır, ruhunu titrədir, misra-misra doğulur, böyüyür, qayğı-diqqət tələb edir. Onu incidir, yorur… Səhifə-səhifə, kitab-kitab həkim olmuş adamı söz-söz, misra-misra şair edir. Bu taledən qaçmaq mümkündürmü?! Böyük qətiyyətlə və tam əminliklə bu suala belə cavab verirəm ki, xeyr, bu əsla mümkün deyil. Ruha hopmuş kəlmə-kəlmə şeir, bətnə damla olaraq düşmüş döl, kürəyə damcı-damcı dolmuş su kimidir. O, öz məqamında mütləq zühur etməlidir. Deməli, belə nəticəyə gəlirik ki, şeir yazmağın, şair olmağın bu həkim xanıma gətirdiyi bütün məhdudiyyətlər və məhrumiyyətlər müqabilində bəxş etdiyi yeganə mənfəət könül rahatlığı, ruh sakitliyidir. Sizcə bu əzab-əziyyətə dəyərmi? Əgər bu qədər müxtəlif peşə sahibləri özlərinin, ailələrinin ruzisini qazanaraq, gündəlik keçimlərini sağladıqları sənətləri ilə yanaşı ikinci ağır və məsuliyyətli bir işin altına girib əlavə öhdəliklər götürürlərsə,deməl,i burada bir hikmət var.

Nurənə Rafailqızının yazdıqlarına qısa bir nəzər yetirək. Məsələn, “Mənəm!” şeiri bax elə başlayır:

Bir ev var ki, uzaqlarda

hasarı yox, çəpəri yox.

Nə gələni, nə gedəni,

nə qalan bir nəfəri yox.

Bu günəşdən, bu səmadan,

bu həyatdan xəbəri yox

toz basmış, kifə bürünmüş

Bax,

       həmən o otaq mənəm

Bu misraları əbəs yerə seçmədim. Nuranə Rafailqızının özünü oxucusuna təqdim etdiyi “mən” bu nümunəyə qədər danışdığımız bütün məsələlərlə müəyyən dərəcədə bağlıdır. Bu misralarda müəllifin təqdim etdiyi “mən” ilk baxşda bir şəxslə bağlı görünsə də, əslində bu belə deyil. Bu “mən”  diqqətsiz misra, dərc olunmamış şeir, tənha fərd, ucqar kənd, oxunmamış kitab, tikilməmiş ev, uzun illərdir yanmayan soba və s. və i.a. uzanaraq, sicilləmə bir siyahı yarada bilər.

Və ya digər bir misala nəzər salaq. “Bir az səssizlik, bir az sənsizlik” adlandırdığı şeirində Nuranə Rafailqızı yenə yuxarıda toxunduğumuz bütün məsələlərdən söhbət açır. Şairin ifadələrində bu qədər dəqiq olması onun dəqiqlik və həssaslıq tələb edən peşəsindən qaynaqlandığını düşünmək olar. Ancaq yenə və yenə arzu, istəkləri nə qədər fərdiləşdirmək istəsək də onlar hamısı ümumidir. Yəni  şair Nuranə Rafailqızının yazdıqlarını yalnız  həkim Fazilova (Rəhimova) Nuranə Rafail qızını narahat edib, onun şəxsinə aid məsələlər kimi xarakterizə etmək böyük yalnışlıq olardı. Aşağıdakı arzu və istəklərin xalqın içərisindən çıxmış, hər gün onlarla ayrı-ayrı şəxslərlə ünsiyyətdə olub, istər-istəməz onların da dərdləri ilə yüklənən bir loğmanın, təbibin uca Yaradandan ümumi təvəqqesi kimi səslənir:

Bir stəkan çay istəyirəm,

                        yanında da limonu.

Bir qırıq qənd parçası,

                 bir kağız, bir qələm

                  cızmaqara edim onu…

Vəssalam,

              mənə bu da yetər hələlik!

Gün batar, ay doğar,

           bir az səssizlik, bir az sənsizlik…

Əgər  şairin Bircə sən yoxsan dünyamda” adlı şeirinə diqqət yetirsək, “Bir az səssizlik, bir az sənsizlik” adlandırdığı şeirdəki fikirlərin davam etdiyini, sonsuz mənəvi ehtiacların ödənməsində bütün maddi aləmin gücsüz qaldığını görürük:

Hər şeyim var..

Başımı salmağa evim-ocağım,

Qısılıb yatmağa küncüm-bucağım.

Halal zəhmət ilə rahat çörəyim,

Bir kitab yazacaq odlu ürəyim.

Bircə sən yoxsan dünyamda,

Yalnız arzumdasan, yalnız xülyamda…

Hər şeyim var…

Qızılım, mirvarim, incim-sədəfim,

Əqidəm, imanım, yönüm, hədəfim.

Başımın üstündə duran Allahım,

Xoşbəxt gələcəyə gedən sabahım.

Bircə sən yoxsan dünyamda,

Elə ona görə də

             heç nə görünmür gözümə,

Bəzən, özüm də yad gəlirəm özümə…

Bircə sən yoxsan dünyamda,

Bircə sən yoxsan deyə

                               dağılır dünyam da…

Şair Nuranə Rafailqızının  kim olub, nədən necə yazdığı aşağıdakı nümunələrə nəzər saldıqda daha aydın görnr. Dünyanı bürüyən pandemiya şəraitində həkimlərin fiziki, zehni və həmçinin də duyğu yükünun nə qədər artdığının şahidi oluruq. Bu yerdə qeyd edim ki, Nuranə xanım xəstəliyin aşkarlandığı ilk günlərdən Ağdaş Pandemiya Mərkəzinə ezam olunaraq Covid -19 virusuna yoluxmuş xəstələrə stasionar həkim kimi yorulmadan xidmət edir.

         Kimi cavan, kimi qoca,

            kimi  körpə qucağında.

         Bir havanın həsrətində,

               bir nəfəsin sorağında.

         Gecələri sakit-səssiz

                  xəstəxana otağında

         Sübhə kimi cırıldayan

                         bax həmən o,

                               yataq mənəm!

     Bəli, məhz vəzifə borcunu yerinə yetirməkdən əlavə, sübhə kimi uyumayan, narahat xəstələrin yerinə özünü qoymaq, əsl vicdanlı həkim, duyarlı şair ürəyinin bariz nümünəsidi!…

     Nuranə xanımın yaradıcılığina geniş nəzər salsaq onların arasında zaman-zaman, torpağına, yurduna bağlı vətəndaş:

      Elə ki, mən boy atdım,

      yeridim addım-addım,

      Anam tutub əlimdən,

                  bu daşı, bu torpağı,

                  bu otu, bu yarpağı,

                  yaşadığım küçəni,

                  qızındığım ocağı

       Göstərib Vətən deyib!

Övladına bağlı, qayğıkeş, Ana:

        Böyü, boy at, adın-sanın

                     qoy yayılsın eldən-elə!

       Sən doğmusan həyatıma,

              dərdim yoxdu günü bu gün

                       ölsəm belə, ölsəm belə!

  Bəzən  səs-küydən qaçıb tənhalığına sığınan qələm sahibi:

         Bir stəkan çay istəyirəm,

                            yanında da limonu.

         Bir qırıq qənd parçası,

                   bir kağız, bir qələm

                           cızmaqara  edim onu!

         Vəssalam,

                      mənə bu da yetər hələlik!

          Gün batar, ay doğar…

                bir az səssizlik, bir az sənsizlik…

   Hərdən həkim, hərdən  xəstə:

         Ağzımızın ləzzəti yox,

                dadı qaçıb, tamı qaçıb.

        Dünyada adam qalmıyıb,

                  sonuncu adamı qaçıb!

        Gecələr yuxum da qaçaq,

                yorğan-döşək gəlir cana,

        Elə hey dönüb, dururam

                    gözüm dikilir tavana.

        Gündüzləri çalmaz qapım,

             nə qonşum var, nə qonağım

        Öz evimdə dəfn olmuşam,

                 daş məzarım, daş otağım…

        Qurda-quşa ehtiyac yox,

                             öz içim özümü yeyir!

        Mən deyirəm, kefim yoxdu!

        Həkimlər, depresiya deyir…

Atasının itkisi ilə barışmayan  övlad:

       Bu ayrılıq uzun oldu, bitmədi…

       Əzrayıla xəbər saldım, yetmədi!

       Nə sən gəldin…Nə də qızın getmədi.

       Səndən sonra…

  Dost yolunda can qoyan, etibarlı dost:

        Sədaqət örpəyi, etibar əyni,

       Deyim, pozulmasın dostun eyni.

       Baş qoyub gülməyə yarımınçiyni,

       Ölməyə dostumun qucağı gözəl!

Dünyadan üz çevirib, Tanrıya üz tutan filosof:

           Əzab çəkir içimdəki dəli ruh,

           Biləmmirəm nə savabdı, nə günah?!

           Aç göylərin qaş-qabağın biryolluq,

           Bulud qoymur səni görüm, ay Allah!

Hərdən təbiət aşiqi:

            Baxıb sərv boyuna, şux duruşuna,

            Lap heyran olmuşam adi daşına.

            Dumandan örpəyin atıb başına.

            Mat qaldım dağların ismətinə mən!.

   Hərdən də uşaq kimi saf, zərif bir qadın:

         Mənə bir az nağıl danış,

               bədheybətin sarayından.

         Bəxtimə yaman az düşüb,

               nənəmin noğul payından.

         Yaxşıları xoşbəxt elə,

                    pisləri çək sonda dara!

         Mən hələ də, uşaq kimi

                        inanıram nağıllara…

         Duyğularım, istəklərim

              darma-duman, qarma-qarış.

          Başımı qoyum dizinə,

                     mənə bir az nağıl danış!..

obrazlarına rast gəlmək olar.

Biz işinin ustası peşəkar həkim, hər kəlməni bir-bir ruhunun süzgəcindən keçirən sevimli şair Nuranə Rafailqızının uzun və şərəfli bir yaradıcılıq yolunun başlanğıcında olduğuna, onun bir-birindən dəyərli sənət əsərləri ortaya qoyacağına inanırıq. Yəni onun bütün gələcəyi, həyatı, yaradıcılığı hələ qarşıdadır. Şübhəsiz ki, bu belədir.

Onu da qeyd edim ki, mən bu yazını “Kredo” qəzetinin növbəti sayı üçün yazarkən Nuranə Rafailqızının  Həkimlər depresiya deyir… adlı ilk şeirlər kitabı artıq nəşr üçün hazırlanır. Kitab çap olunana qədər qəzetimizin növbəti saylarında Nuranə Rafailqızının qəlbləri riqqətə gətirən şeirlərindən bir neçəsini diqqətinizə təqdim edəcəyik. Nuranə xanıma yaradıcılığında və bütün digər fəaliyyətlərində uğurlar arzu edirik. Uğurlarınız bol olsun, Nuranə xanım! Sona qədər həmsöhbət olduğunuza görə təşəkkürlər! Sağ olun!

24.07.2021. – Bakı.

Müəllif: Zaur Ustac

“Yazarlar” jurnalının baş redaktoru,

Şair-publisist.

NURANƏ RAFAİLQIZININ ÖZ YAZILARI

Zaur Ustacın  Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:

  1. Mucrunesriyyati.az , 1. Arxiv: Archive.vn

ZAUR USTACIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

CEYHUN FİKRƏT- BU EVİN SAKİNİSƏN

Sən yuxusuz gecələrimin sakinisən,

sanki qapını döyüb qonaq gəlmisən,

soyuq bir külək kimi soruşmadan,

içəri girmisən,

soyutmusan,

ağlımı,

düşüncələrimi,

soyuq otağımda dəyişib sanki,

dəyişib boyası solmuş divarlarda,

elə bil fikirlərimdə donub bir anlıq,

qardan sonra soyuq külək kimi,

beynimi dondurmusan,

elə bil buz bağlayib hisslərimdə,

sənsə bunu hiss etmədən,

üşümədən,

bu evin sakinisən.

Sən yuxusuz gecələrimin sakinisən.

Bu soyuq küləkdə,

üşütmür səni,

bu şaxtalı qarda qorxutmur səni,

bu soyuqluğa qarşı,

düşünürsən,

soyuq küləyin qarşısını alan,

şaxtalı qarları əridən,

bir günəş çıxacaqdır.

O zaman,

yuxusuz gecələrimin,

sakini sən yox,

günəşli günlərinin sakini mən olacağam

Müəllif: Ceyhun FİKRƏT

CEYHUN FİKRƏTİN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏDƏBİYYATŞÜNASLIQ – AYƏTXAN ZİYAD – II YAZI

 Ayətxan ZİYAD

Qəlibləşmiş sterotiplərə qarşı çıxmaq cəhdi həmişə “topla-tüfənglə” qarşılanıb. Bu üzdən mülahizə və qənaətlərimin səmimi və anlaşıqlı qəbul olunmasını xahiş edirəm.

Etiraf edim ki, ədəbiyyatşünaslığın stereotipləşmiş bir neçə “qanunu” var ki, onları qəbul etmək, onlarla razılaşmaq şəxsən mənim üçün çətindir. Bu sırada iki məqalə təqdim olunur:

1 – uşaq ədəbiyyatı (uşaq əsəri), yoxsa uşaqlar üçün ədəbiyyat (uşaqlar üçün, yaxud uşaqlar haqqında və ya uşaqlardan bəhs edən əsərlər);

2 – “Surət” və “obraz” (fərqli baxış).

I I MƏQALƏ

 “SURƏT”, YOXSA “OBRAZ”

Bu istilahlardan hansinin hansi məqamda

işlədilməsi daha məqsədəuyğundur?

GİRİŞ

Məqalədə “surət” və “obraz” anlayışlarının xarakterik cəhətlərindən – oxşar və fərqli əlamətlərindən bəhs olunur. Qeyd olunur ki, “obraz” anlayışı müqayisədə “surət” anlayışından daha geniş məzmundadər. O mənada ki, həm insan, həm də təbiətə, heyvanlara, hər hansı əşyaya aid predmetlər, başqa sözlə, dağ, yamac, ceyran, cüyür, hansı isə çiçək növü də yazıçı tərəfindən obrazlaşdırıldığı, başqa sözlə “obraz” adlandırıla bildiyi halda, dağ, yamac, ceyran, cüyür, çiçək heç vədə surət ola bilməz. Surət anlayışı yalnız insana şamil oluna bilər.

Həm rus, həm də Azərbaycan ədəbiyyatşünas­larının uzun illərdir “surət”və “obraz” anlayışlarını, fərqinə varmadan eyni anlamda və əsasən də “surət” anlamında işlətdiklərindən və bu sırada yalnız filologiya üzrə elmlər doktoru, professor Nizaməddin Şəmsizadənin fərqli mövqe sərgilədiyindən bəhs olunur. Qeyd olunur ki, ədəbi qəhrəman yalnız insan olduqda “surət” adlandırıla bilər, faunaya və floraya (və s.) aidliyi yetən ədəbi qəhrəmanları “surət” deyil, “obraz” adlandırmaq daha məqsədəuyğundur, N.Şəmsizadənin öz sözləri ilə desək, “atın surəti, itin surəti, qağayının, yaxud dənizin surəti demək olmaz. Bunlara at obrazı, dəniz obrazı demək daha düzgündür”

“Surət” və “obraz” istilahlarını tədqiqat müstəvisinə çıxarmaq niyyətimiz də elə bu istəkdəndir.

ARAŞDIRMA

“Surət”, yoxsa “obraz”. Bu istilahlardan hansının

hansı məqamda işlədilməsi daha məqsədəuyğundur?

Öncə “obraz” və “surət” anlayışlarının oxşar və fərqli məziyyətlərinə aydınlıq gətirək.

“Azərbaycan dilinin izahlı lüğət”ində ədəbiyyat termini olaraq, “obraz” istilahının “surət”, “obrazlı” (sifət) və “obrazlılıq” (isim) kimi mənaları olduğu diqqətə çatdırılır [1. s.297].

 “Lüğət”də  “surət” anlayışının yeddi anlamının qeyd olunduğu ilə rastlaşırıq ki, onlardan yalnız biri riyazi (məs., “kəsirin surəti”) anlamdadır, altısı isə ədəbiyyat və mədəniyyət sahələrini əhatə edir. Diqqət yetirək: 1 – zahiri görünüş, üz, sifət, sima; 2 – şəkil, üsul, qayda, tərz; 3 – bir şeyin əslindən eynilə köçürülmüş nüsxəsi, üz (məs., protokolun surəti); 4 – yazıçının, rəssamın, artistin yaratdığı tip, obraz, surət; 5 – şəkil, portret, təsvir; 6 – “surətdə” tərzində (məs., süni surətdə, belə olan surətdə) [8].

Qeyd olunan altı anlayış hüquq vermişdir ki, ədəbiyyatşünaslıq illər uzunu həm insan, həm də dağ, dərə, heyvanlardan bəhs ediləndə “surət” anlayışından bəhrələnsin.

Bunu da xatırladım ki, “obraz” istilahı rus dilində “insan şüurunda obyektiv inikas forması”, “surət”; türk dilində isə “surət” anlamından başqa, “sima” və “şəkil” anlamlarında da işlədilir [2].

Ədəbiyyat nəzəriyyəçiləri arasında bu istilahları (təəssüf ki) eyniləşdirənlər də var, hər birini öz məqamı, yeri ünvanında qəbul edənlər də.

Qeyd edək ki, “obraz” və “surət” anlayışları qoşa qanad kimi həmişə yanaşı işlədilib, ancaq müqayisədə “obraz” anlayışı “surət” anlayışından daha geniş məzmundadır. O mənada ki, təbiətə, heyvanlara, hər hansı əşyaya aid predmetlər, başqa sözlə, dağ, yamac, ceyran, cüyür, hansı isə çiçək növü də yazıçı tərəfindən obrazlaşdırıla bilər, insan da. Ancaq dağ, yamac, ceyran, cüyür, çiçək heç vədə surət ola bilməz. Surət anlayışı yalnız insana şamil oluna bilər, bədii əsərdə surət olaraq ancaq insan ədəbi qəhrəman simasında təqdim oluna bilər. Ədəbiyyatçünas Nizaməddin Şəmsizadə bu qənaətdədir, fərqli mövqe yalnız N.Şəmsizadənin araşdırmasındadır: “atın surəti, itin surəti, qağayının, yaxud dənizin surəti demək olmaz. Bunlara at obrazı, dəniz obrazı demək daha düzgündür” [5. s.100-108].

Xüsusi qeyd etməliyik ki, N.Şəmsizadəyə qədər bütün ədəbiyyatçünaslar obraz anlayışı haqqında eyni fikirdə olublar. Yaradıcılıqlarında “obraz” istilahından bəhrələnmiş olsalar belə, bunu “surət” anlamında işlətmişlər. 

Diqqət yetirək:

Leonid İvanoviç Timofeyevə görə, “bədii obraz bədii ədəbiyyatın köməyi ilə yaradılan və estetik əhəmiyyətə malik olan konkret və eyni zamanda, insan həyatının ümumiləşdirilmiş mənzərəsidir” [7. стр. 55].

Əziz Mirəhmədova görə, “Bədii surət (obraz)  sənətin varlığa münasibətləri haqqında, sənətin daxili qanunları haqqında təsəvvürlərlə, idrak problemi ilə bağlı olan mürəkkəb, çoxcəhətli bir anlayışdır” [7. стр. 55].

Maksim Qorkinin fikrincə isə, “Bədii obraz, demək olar ki, həmişə fikirdən daha geniş və daha dərindir; insanı mənəvi həyatının bütün müxtəlifliyi ilə, hiss və düşüncələrinin bütün ziddiyyətləri ilə aparır” [9].

Nafiz Qəhrəmanlı obrazı “Ədəbiyyatın məğzində dayanan əsas anlayışlardan biri, bəlkə də birincisi” qismində qəbul edir. Tədqiqatçıya görə, “bədii obraz yaradıcılığın təbiətini, forma və funksiyasını təyin edir. Bədii obrazın mərkəzində isə ilk növbədə ümumiləşdirilmiş insan həyatının, insan səciyyəsinin təsviri dayanır” [3].

Mir Cəlal və Pənah Xəlilov da həmmüəllif olduqları “Ədəbiyyatşünaslığın əsasları” dərsliyində eyni qənaətdədirlər: “Bədii əsər surətlər aləmidir – ictimai varlığın yüksək səviyyədə canlandırılmasıdır. Hər bir əsərdə üç növ surət ola bilər:

Birincisi, insan və kollektiv surəti – tip, ya xarakterlər, personajlar heyəti;

İkincisi: duyğu, əhvali-ruhiyyə surəti – lirika, qəhrəmanlıq, romantika;

Üçüncüsü: təbiət və əşya surəti – peyzaj, mənzərə, lövhə”…

“Hər hansı bir əsərin, surətin təsir gücü, bədii qüdrəti həyatı, varlığı dürüst, həqiqi, təsirli əks etdirməsindədir” [4. s.15].

Rafiq Yusifoğlu bütün bu qənaətləri təkrarlayaraq ümumi nəticə çıxarır: “Surətə belə tərif vermək olar: Müəyyən insan qruplarının bir fərdin üzərində ümumiləşdirilməsinə surət deyilir” [6. s.52].

Müxtəlif ifadə tərzində olan, ancaq nəzəri cəhətdən bir-birini təkrarlayan bu fikirlər bir ümumi mərkəzdə birləşmişdir: insan da daxil olmaqla bütün predmetlər surətdir.

Və artıq qeyd etdiyimiz kimi, fərqli mövqe yalnız Nizaməddin Şəmsizadənin araşdırmasındadır: “Atın surəti, itin surəti, qağayının, yaxud dənizin surəti demək olmaz. Bunlara at obrazı, dəniz obrazı demək daha düzgündür” [5. s.100-108].

Qeyd olunan bütün fikirlərə ehtiramımızı bildirərək biz də N.Şəmsizadənin nəzəri mülahizəsi ilə razılaşır və demək istəyirik ki, yazıçı əsərində, məsələn, dağ obrazını canlandıra bilər, ancaq bu “dağ” yalnız coğrafi termin olaraq obrazlaşdırılmışdır, surət deyil.

Surətlə obrazı eyni təbiətdə qəbul etməsinə baxmayaraq, R.Yusifoğlu başqa bir məqamda özü də hiss etmədən N.Şəmsizadəyə fikrini əsaslandırmaq üçün “ipucu” verir: “Bədii əsərlərdə müxtəlif predmetlər, heyvanlar, təbiət lövhələri obrazlaşdırılsa da, ədəbiyyatın əsas obrazı insandır. Digər obrazlar yardımçı xarakter daşıyır və son nəticədə, insanın bədii obrazının mükəmməl yaradılmasına kömək edir” [6. s.50].

Rus ədəbiyyatşünası L.İ.Timofeyevin də bu məzmunda mülahizəsi R.Yusifoğlunun fikri ilə səsləşir. L.İ.Timofeyev yazır ki, əgər hər hansı bir rəsmdə kresloda, stol arxasında əyləşən insan təsvir olunursa, bu, heç də o demək deyil ki, burada bərabər hüquqlu obrazlar: stol, insan və kreslo təsvir edilib. Stol və kreslonun təsviri insanın təsviri qədər vacib olsa da, ancaq bu onların bərabərhüquqlu olması demək deyildir, stol və kreslo yalnız və yalnız insanın obrazını tam əks etdirmək vasitəsidir [7. s.63].

Əsas məsələ də elə bundadır: insandan qeyri obrazların yardımçı, surətin isə aparıcı rol oynamasında, digər obrazların yalnız insanın obrazını tam əks etdirmək üçün vasitə olmasında.

Niyyətimizin anlaşıqlı ifadəsi üçün “müəllim” və “müəllimə” istilahlarına diqqət yetirək: həm kişi, həm də qadın cinsindən olan bu ixtisas sahibləri haqqında “müəllim” termini işlətməkdə heç də yanlışlıq etmiş olmuruq. Ancaq “müəllimə” anlayışı gündəmə gətirildikdə, məhz qadından bəhs edildiyi həmin andaca bəlli olur. Başqa sözlə, “müəllim” anlayışı hər iki cinsin nümayəndəsinə şamil olunursa, “müəllimə” anlayışı fikrin daha aydın ifadə formasıdır, yəni ilk andanca qadın müəllimdən bəhs edildiyi anlaşılır. “Учитель”, “учительница” terminlərində olduğu kimi.

“Surət” və “obraz” istilahlarını tədqiqat müstəvisinə çıxarmaq niyyətimiz də elə bu istəkdəndir: hansı məqamda “surət”, hansı məqamda “obraz” işlədilməsi daha məqsədəuyğundur, yaxud daha dəqiq ifadə tərzi hansıdır?!

NƏTİCƏ

N.Şəmsizadə surət haqqında mövcud qənaətləri tədqiqat müstəvisinə çəkəndən sonra fikrinin davamında yazır: “Hansı növə daxil olursa-olsun, obraz yazıçının həyata münasibəti zamanı əldə etdiyi hiss və duyğuların bədii ifadə şəklidir. Surət vasitəsilə yazıçı öz intibahlarını şəklə salır: adam şəklinə, at şəklinə və s. Bədii obraz yazıçının (sənətkarın) estetik idealının ifadəsidir. Onların xarakterini yazıçının estetik idealı müəyyənləşdirir. Biz deyilənləri nəzərə alaraq belə qənaətə gəlirik: yalnız insan obrazına surət deyilir: Atın surəti, itin surəti, qağayının, yaxud dənizin surəti demək olmaz. Bunlara at obrazı, dəniz obrazı demək daha düzgündür” [5. s.100-108]. Çünki, obraz nə qədər daha geniş anlayış olsa da, onun əsasında insan surəti durur. 

Biz də bu spesifikliyi nəzərə alaraq N.Şəmsizadənin haqlı mövqeyinə (fikrin daha dəqiq ifadə edilməsi tələbinə) haqq qazandırır və burdan irəli gələn nəzəri qənaəti qəbul edərək, bədii obraz  istilahının 1) insandan bəhs edildiyi halda “surət”, 2) digər canlılardan, təbiət və təbiət hadisələrindən (və s.) bəhs edildiyi halda isə “obraz” kimi qruplaşdırılmasını  məqsədəuyğun bilirik.

“Surət” anlayışına aidliyi yetən ədəbi qəhrəmanların özünü də iki təsnifatda qruplaşdırmaq olar: 1 – uşaqdan bəhs edildiyi sərlövhəsindən aydın görünən şeirlər. Məsələn, “Keçi və Əziz”, “Külək və Mələk”, “Fərruxun dişi”, “Ali və gavalı”, “Gülnar və gilənar”, “Çoban Həsən”, “Dilarənin danası”, “Şəlalənin cavabı”, “Salam, Məlik”, “Çərkəz” “Ay Vüqar” və s.);

2 – sərlövhəsində insan adı çəkilməyən, yalnız əsərlə tanışlıqdan zamanı uşaqdan bəhs edildiyi aydın olan şeirlər. “Quşəppəyi” (Gülnur), “Çələ və tələ” (Şəlalə və Səfər), “Mən rəngləri tanıyıram” (Elman), “Ay dənizə düşübdür” (Sərxan, Çərkəz, Kamran və Fikrət), “Hamı yatır” (ana və uşaq), “Gil pişik” (Adilə), “Gəlin, gəlin, sərçələr” (Vasya) və “Uçmaq istəyən ağaclar” (Vasya. Hər iki sonuncu şeir rus şairi Yuri Naumoviç Kuşakdan tərcümədir) və s. bu qəbildəndir (Qeyd olunan əsər adları Z.Xəlilin “Ağ leyləklər” kitabından götürülmüşdür – A.İ.). 

Açar sözlər: ədəbiyyatşanaslıq, elmi mübahisə, nəzəri mülahizə. qənaət.

♦♦♦

ƏDƏBİYYAT SİYAHISI

1. Azərbaycan dilinin izahlı lüğəti. Bircildlik. Bakı-2005, 452 səh.

2. Çaşıoğlu – 2013.

3. Qəhrəmanlı N. Ədəbiyyat nəzəriyyəsi. Bakı-BDU-2008.

4. Mir Cəlal, Xəlilov Pənah. Ədəbiyyat­şünaslığın əsasları. Bakı-Maarif-1972;  s.15.

5. Şəmsizadə Nizaməddin. Ədəbiyyat nəzəriyyəsi. Bakı-Proqres-2012, 434 səh.; s.100-108.

6. Yusifoğlu Rafiq. Ədəbiyyatşünaslığın əsasları. Bakı-2009, 290 səh.s.50.7.

7. Тимофеев Л.И. Основы теории литературу.  стр. 55.

İnternet resursları

8.http://azerdict.com/izahli-luget/suret 9.https://az.wikipedia.org/wiki/B%C9%99dii_obraz#cite_note-1.

♦♦♦

Müəllif: Ayətxan ZİYAD

AYƏTXAN ZİYADN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – SÖZ MÜLKÜMÜZÜN CƏNUB QÜTBÜ

ƏSƏD CAHANGİR – 55

SÖZ MÜLKÜMÜZÜN CƏNUB QÜTBÜ

Əsəd Cahangirin 55 illiynə

Bu məsələni Əsəd müəllimin özünə də, onun olmadığı məclislərdə də dəfələrlə demişəm. O mənim kitabdan, yəni yazılı mənbədən deyil, ekran-efirdən tanıdığım, söhbətindən nələrisə öyrəndiyim, zövq aldığım dörd şəxsdən biridir. Mənim maraq dairəmdə olan söz dünyasının dörd qütbü, cəhəti və ya dayağı varsa, onun biri Əsəd Cahangirin düşüncəsinin məhsulu, onun ruhunun süzgəcindən keçmiş söhbət –  Əsəd Cahangir sözüdür.

Oxucunu maraqda qoymamaq üçün və eyni zamanda, Əsəd müəllimin özünə də bu barədə dəfələrlə dediyimə görə, digər qütblərdə daynan şəxsləri də burda qeyd etməyi özümə vacib bilirəm. Mənim özüm üçün qurduğum söz-söhbət dünyasının şimal qütbündə Akif Əli, şərqində Sayman Aruz, qərbində Hamlet İsaxanlı və cənubunda Əsəd Cahangir dayanır. Yəqin sizdə də belə sual yarandı ki, niyə məhz cənub? Əsəd müəllim özü də yarızarafat, yarıciddi bu sualı dəfələrlə verib: “Niyə məhz cənub”?

Qiyabi olaraq, ekrandakı söhbətlərindən tanımağa başladığım, sonra əyani olaraq canlı nitqini dinlədiyim, daha sonra yeri gəldikcə sosial şəbəkələr üzərindən, telefonla, müxtəlif tədbirlərdə, görüşlərdə canlı söhbətlərdə dostlaşdığım, nəhayətdə, söz-söhbət dünyamın bir qütbünü etibar etdiyim söz mülkünün cahangir əsədi Əsəd Cahangiri özüm  tanıdığım kimi sizlərə təqdim etməyə, tanıtmağa, daha doğrusu, anlatmağa məhz bu sual üzərindən başalayacam.

Əsəd Cahangir öz qayğısız uşaqlığnı kənddə, qayğılı gənclik illərini  isə şəhərdə keçirmiş, özü-özünün içində bişib, formalaşmış şəxsiyyətdir. Onun kənddə keçən uşaqlığı dünyanı lap təməlindən anlamağa, söz ehtiyatını ən aşağı məişət dili səviyyəsindən, uşaqların, qocaların dilindən toplamğa vəsilə olmuşdur. O sanki silahı söz olan ordunun Generalı rütbəsinə bu orduya sıravi əsgər kimi qatılaraq savaşa-savaşa, qələbələr qazana-qazana müzəffər bir sərkərdə kimi gəlib çıxmışdır. Xahiş edirəm, şişirtməyə, əsassız tərifə yol verir deyə, şeytan sizi burda yanıltmasın. Həm indi, həm bütün söhbət boyu Əsəd Cahangirin dörd cəbhədən yalnız birinin komutanı olduğunu unutmayaq. Uşaqlığını onun gələcək fəaliyyəti üçün faydalı ola biləcək bir mühitdə keçirən Əsəd Cahangir, həyatın ikinci mühüm mərhələsini tamı-tamına napaleonsayağı keçirib desək, yanılmarıq. Gündəlik həyatdan baş çıxarmaq məcburiyyətində qalan, kitabların içində itib-batan gənclik…

Sizcə, bütün bunlar faydasız ola bilərdimi? Əlbəttə, xeyr! Əsəd Cahangir özü də bunu yaxşı bilirdi. Çünki istər fizika kimi dəqiq elmlərin qanunları, istər nənə-babaların nəsihətləri, istərsə də daim onu öz cazibəsində saxlayan – predmeti insan beyni, düşüncəsi olan – real fəlsəfə  bunu ona daim diktə edirdi. Gənc Əsəd hələ 18-21 yaşlarında dünyanı tam dərk edib, onun minimum, ən az sayda neçə bucaq ola biləcəyini anlamış və Herakl kimi çiyinlərini onun altına verə biləcək cəsarəti, gücü-qüvvəti  özündə tapa bilmişdir ki, bu hər bir şəxsin həyatında mühüm, bəlkə də, ən vacib məqamlardan biridir.

İnsan zamanında həyatı anlamalı, onun mahiyyətini ən azı ilkin təəssüratlar şəklində olsa da, qəbul etməyi bacarmalıdır. Dünyanı, həyatı tam olaraq qəbul edə bilməyi sayəsində Əsəd Cahangir özünü cəmiyyətə tam, bütöv şəxsiyyət kimi təqdim etməyi bacarıb. Bu fikri burada kiməsə xoş olsun deyə deyil, məhz belə olduğu üçün, altını cızaraq qeyd edirəm. Məsələn, Əsəd Cahangir başqa birisi kimi, “…əşşi, beşgünlük dünyadır, öldün getdin, dünya bitdi…” düşüncəsinə sahib olsaydı, onun nə yaradıcılığı, nə də bir fərd olaraq şəxsiyyəti bu cür formalaşmazdı. Və bu gün biz başqa biriylə –  Əsəd Cahangirlə deyil, sadəcə, Əsədov Əsəd Cahangir oğluyla müasir olardıq.

Mənim söz dünyamın cənub qütbünün himayəsini üstlənmiş Əsəd Cahangir bütün bunlardan, dünyanın gərdişindən halidir. Və o bunu hər kəlməbaşı oxucusuna, dinləyicisinə andırır, xatırladır…

Əsəd Cahangir mənim tanıdığım, qəbul etdiyim söz dünyasının cənubunda hər gün cilalanan, gündən-günə parlaqlığını artıran bir mayakdır. O bu söz dünyasında yolunu azanları, səmtini itirənləri sanki qiblənamə rolu oynayaraq doğru yola, düz istqamətə böyük ustalıqla yönəldir.

Bu yazını Əsəd Cahangirin 55 illik yubileyi münasibəti ilə qələmə alıram. 55-in özündə də bir hikmət var. Bu yaş tamlığın, vahidin, bütövlüyün, bərabərliyin simgəsidir. Əsəd Cahangir bu zirvəni fəth edərkən həm cəmiyyətin bir fərdi – insan, həm də ziyalısı, düşüncə adamı kimi tam formada olan şəxsiyyətdir. O şifahi, söz, ruh aləmində nə qədər idealistdirsə, yazılı, mətn, real həyatda o qədər materialistdir. O çılğın olduğu qədər sakit və dərin düşünəndir.Mənim tanıdığım, sizlərə də tanıtmaq istədiyim 55 yaşlı Əsəd Cahangir budur.

Yeni yaşınız qutlu olsun, Əsəd müəllim. Böyük Allahdan sizə uzun və sağlıqlı ömür, bütün fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm. Sözünüzə Nəsimi ucalığı, fikirlərinizə Bəhmənyar mütəhərrikliyi yoldaşlıq etsin İnşəAllah!

Müəllif: Zaur Ustac


Zaur Ustac
ın  Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:

  1. Mucrunesriyyati.az , 1. Arxiv: Archive.vn

ZAUR USTACIN DİGƏR YAZILARI


ƏSƏD CAHANGİRİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru