Etiket arxivi: AİD

LEYLA ƏLİYEVA – ŞEİR DÜNYAM…

Leyla Əliyeva – Şeir dünyam,

Şeir dünyam, mən səni
sevirəm, çünki safsan.
Cövhərindən doğmasan,
doğrusan, yalanın yox! 

(Leyla Əliyeva)

Elə indicə min ilin dostu, istedadlı yazıçı-publisist Mahir Qabiloğlunun yaradıcılıq “təndir”indən isti-isti çıxan və onun təqdim-tərcüməsində “Poeziya” adlandırdığı rus dilində yazıb-yaradan Leyla Əliyevanın şeirlərindən ibarət zərif və lətif, abstrakt-kollaj dizayında bir kitabı aldım və isti-isti vərəqlədim…

Kitabın redaktoru şair-publisist Əkbər Qoşalı, dizayneri Zaur Qafarzadə, bədii tərtibçisi Cəlil Qaryağdıdı. Kitaba şairə Leyla Əliyevanın müxtəlif illərdə yazdığı, 2014-2015-ci ildə tərcümə edilən 55 şeiri daxil edilmişdir. Bu şeirlərin hər biri müasir insanın daxili çarpışmalarını, ruhi sarsıntılarını, psixoloji durumunu əks etdirən  portretləridir…
Leyla Əliyevanın şeirlərinin müxtəlif dillərə tərcümələri məlumdur. Bu kitab onun şeirlərinin Azərbaycan dilində kitab şəklində çap edilməsinin ikinci faktıdır…  Leyla Əliyevanın Azərbaycan dilində birinci kitabı tanınmış yazıçı-tərcüməçi Afaq Məsudun tərcüməsində “Dünya yuxu tək əriyir” (2016) adlanır.
“Getmə, ana”, “Gedim bir az ağlayım”, “Qu quşu”, “Pərvanə”, “Hərənin öz sonu”, “Gözlərim kor olub” və digər bu kimi təsirli şeirləri ilə ədəbi mühitə qədəm qoymuş gənc, istedadlı Leyla Əliyeva ilk qələm təcürbələrindən başlayaraq fərqli dünyaduyumu, baxış bucağıyla seçilən bir şair kimi artıq neçə illərdən bəridir ki, (Leyla Əliyeva orta məktəb illərindən, 10 yaşından şeir yazmış, hazırda  20 ilən artıq bir yaradıcılıq yoluna malikdir) geniş, intellektual, həssas oxucu auditoriyasının marağını və məhəbbətini qazanıb…
Buna baxmayaraq,  onun orjinalda “Если б звезды ступеньками стали” (“Ulduzlar pillə-pillə düzülsəydi səmaya”) adlanan  ilk kitabı da, keçən il məşhur rus şairi Andrey Dementiyev Poeziya evinin təşəbbüsü ilə Moskvada işıq üzü görüb.

Məlumat üçün deyək ki, kitabın Moskvada  23 aprel 2016-cı ildə məşhur, tanınmış ədəbi, siyasi, mədəni xadimlərin və ictimaiyyətin iştirakı ilə geniş təqdimatı keçirilmişdir).

Bu kitabda toplanan şeirlər Leylanın bu günə qədər kecdiyi olduqca maraqlı və cazibadar yaradıcılıq yolunun “yol xəritəsi”dir. Bu şeirlər mayasını həqiqətlərdən almış həyat mənzərələrinin ruhla yoğrulmuş  poetik ifadəsidir…

Burada müəllifin ən böyük uğuru və qələbəsi, yaşadığı mühitdə baş verən hissi-psixoloji hadisələri – ağrıları və nisgili, sevgini və kədəri, sevinci və göz yaşlarını yaşandığı anın, məqamın sehrində və ovqatında səmimi bir şəkildə poeziyaya çevirmək bacarığıdır. Bu şeirlər insanı düşündürən, heyrətləndirən, qeyri-adi hissləri axarına salan, həyata marağı və diqqəti artıran dinamik bir enerjiyə malikdir. Burada ən başlıcası,  sevinc, fərəh, heyrət, dünyanın adi gözlə görülməyən, ancaq bəsirət gözü ilə proyeksiyalanan İlahi gözəlliklərinə vurğunluq da, qüssə də, kədər də, tənhalıq və səmavilik də şəfqət dolu poetik lövhələrdən ibarətdir:

…Allahımı sevirəm,

ona yaxın olanda göylərə ucalıram;

Əllərimlə astaca qübbəni oxşayıram.

Möcüzəyə inamı könüllərdən qoparan

həyəcanı atıram; Sadəcə unuduram.

İncikliyi, təlaşı, həsədi, paxıllığı

silirəm ürəyimdən,

çətinə düşənlərə kömək, arxa olmaqçun

Allahdan yalnız qüvvət, bir də güc diləyirəm.

Mahir Qabiloğlunun tərcümələrini xeyli müddətdir ki, Modern.az saytından (yeri gəlmişkən, bildirim ki, ədəbiyyatımızın, mədəniyyətimizin təbliğində və yayılmasında bu saytın böyük xidmətləri var) izləyirəm, oxuyuram, tənqid və təqdir (təqdir daha çox olub) dolu şərhlərimi bildirmişəm. “Vaxt”  şeirinə şərhdə (11.08.2014) yazmışdım: “Bəlkə də bu həyatda çox az şey bilirəm mən. Bəzən də düşünrəm: “Allah, nələr bilirəm..! Baxırsan hər şeyim var, Ruhumsa itir-batır. Dörd yanım adam dolu, Təklikdən qulaq batır…” Həqiqəti və müasir insanın ruhi vəziyyətini bu dərəcədə real və yüksək poetik tərzdə təqdimatı məni olduqca təsirləndirdi…”

Və yaxud,  “Ana, nə olar, getmə!” (“Мама, не уходи!”) şeirinə yazdığım (05.06.2014) şərh: “Şeir də, tərcüməsi də, xoşuma gəldi! Orjinalın da oxumuşdum. Şeirin mövzusü yenidir, təzədir, hisslər incə və zərifdir. Bir körpənin dilindən böyüklərə dərsdir: Anacan, inan ki, mən, ” Danışmağı bilsəydim, bu fani dünyamızda, Necə yaşamaq lazım. – Öyrənərdin sən həmən, Öz körpənin dilindən..” – gözəldir, təsirlidir!! Şeirdə psixologizm güclüdür, həm də elmi əsaslara söykənir. Hamı bilmir ki, uşaqların təfəkkürü, psixologiyası dörd yaşına qədər formalaşır… Tərcümə anlaşıqlıdır, müəllifin duyğları, hissi qorunub.”Özgüvənim” sözü tapıntıdır… Şairəyə də, tərcüməçiyə də təşəkkürlər! Mahir müəllim, bu işi davam etdirsəniz, olduqca yaxşı olar… “

Yeri gəlmişkən qeyd edim ki, sosial şəbəkələrdə Leyla Əliyevanın elə bir şeiri yoxdur ki, ona oxucu münasibəti, oxucu rəyi bildirilməsin. Bu cəhətdən Leyla ən oxunaqlı, deyərdim ki, xoşbəxt şairdir və onun yaradıcılığına geniş oxucu marağı və rəğbəti var ki, bunu təsadüf saymaq olmaz…  Şəxsən mən, Mahirin yerinə olsaydım, bu kitabda ictimaiyyətin fikri və münasibəti kimi həmin şərhləri ünvanlı-tarixli, sənədli-sübutlu şəkildə bu kitabda verərdim…

Bir var şeirləri ayrıayrı vaxtlarda, tək-tək oxuyasan, bir də var toplu halında…  Şeirləri toplu şəkildə, kitabda oxumağın da, özgə bir aləmi var…  Bu tərcümələrdə hər şey orjinaldır, təzədir-tərdir… Əslində bu tərcümə deyil, beyinə, hissə qoşulmaqdır. Tərcüməçi o vaxt müvəffəq olur ki, o şairin hissini, duyğusunu, düşüncəsini özününkü edir, “özəlləşdirir”, ümumi bir ladda ahəng, harmoniya tapılır… Mahir Qabiloğlu buna müvəffəq olubdur…

Mənə elə gəlir ki, nə şairə Leyla Əliyevanı, nə də yazıçı-publisist, indi isə tamamilə yeni bir ampluada özünü təqdim edən poeziya tərcüməçisi (məhz tərcüməçi yox, poeziya tərcüməçisi)  Mahir Qabiloğlunu müasir oxuculara təqdim etmək lüzumu yoxdur… Onları ədəbi ictimaiyyət əladan-əla tanıyır! Qoy olsun! Amma yenə də yaddaşı təzələmək lazımdır və ola bilər ki, bilməyənlər də olsun…

Şair Leyla Əliyeva haqqında qısa məlumat: Leyla İlham qızı Əliyeva 3 iyul 1985-ci ildə Moskvada anadan olub, orta məktəbi bitirib və Avropa Biznes Məktəbinə daxil olub, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) magistratura pilləsində təhsil alıb, burada da, ictimai fəaliyyətə başlayıb, Azərbaycanlılar Klubunun sədri olub. Sonra Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Moskvada “Baku” jurnalınını təsisçisi və baş redaktoru, “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı, İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş koordinatoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri vəzifələrində fədakarcasına çalışıb, 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. Leyla Əliyevanın təşəbbüsü ilə IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi fəaliyyətə başlayıb, Londonda “Baku” jurnalının ingilis dilli versiyasını təqdim edib.

Onun azərbaycançılığa, dövlətimizə, mədəniyyətimizə səmərəli xidmətləri həmişə diqqət mərkəzində olmuş və qiymətləndirilib. Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub, Nyu-Yorkda humanitar aksiyalarda fəal iştirakına görə, “Key to life” fəxri mükafatına layiq görülüb, BMT-nin sertifikatını və xüsusi vəsiqəsini alıb, “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” mükafatı ilə təltif olunub, Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) Təşkilat Komitəsinin idarə heyəti tərəfindən “Ekoloji Mühitin Qorunmasına Görə” xüsusi Beynəlxalq Şərəf Mükafatı ilə mükafatlandırılıb, III dərəcəli Müqəddəs Mələksima “Knyaginya Olqa” ordeni və “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı ilə təltif olunub, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb, Rusiya Federasiyasının “Puşkin” medalı ilə təltif edilib və nəhayət 2016-cı il sentyabrın 28-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının qərarı ilə bu ali məktəbin “Xidmətlərə görə” medalına layiq görülüb, və s. və s.

Bu, Leyla Əliyevanın ictimai xadim kimi işini və fəaliyyətini qismən əks etdirən rəsmi təqdimatdır və doğrusu, mənim özüm də, bu təqdimatın bir çox faktları ilə indi tanış oldum… Bu ictimai fəaliyyət, demək olar ki, müasir həyatın bütün sahələrini, xüsusən də, təhsil, mədəniyyət, elm, xeyriyyəçilik, səhiyyə, ekologiya məsələlərini əhatə edir. Bu, xeyirxahlıqla dolu, olduqca humanist, milli-beynəlmiləl miqyaslı, dünya çapında olan masştablı, bəşəri səviyyədə faydalı bir fəaliyyətdir… Əslində insanlığa tövhə verən bir fəaliyyətdir… Onu da deyim ki, Leyla Əliyevanın ictimai-siyasi fəaliyyətinə onun şairlik xarakteri, şairliyinə isə ictimai fəaliyyəti bir-birinə yaxşı mənada olduqca yaxından kömək edir, yeni ifadə ilə desək yansıyır..
Amma indilikdə, bunların heç birisinin bizim mövzumuza dəxli yoxdur. Bizim mövzumuz ictimai xadim Leyla Əliyevanın fəaliyyəti deyil, şairə Leyla Əliyevanın yaradıcılığıdır. Yaradıcı istedada malik və daxili dünyasını qələmlə, fırça ilə realizə edən Lyla Əliyevadır və rus dilində qələmə alınmış bu poetik yaradıcılığın Azərbaycan dilinə Mahir Qabiloğlunun tərcümə faktıdır…  Bu artıq ictimailəşmiş ədəbi faktdır və ədəbi fakta münasibət bildirməksə vacibdir… Görülən işi, özü də vicdanla, ürəklə, istedadla görülən işi müəyyən “səbəblər” üzündən görməməzliyə vurmaq günahdır…

Məsələ burasındadır ki, tənqidimiz bu maraqlı şairin əsərlərini indiyə qədər vaxtında görüb qiymətləndirə bilməyib və ayrı-ayrı fikirlər, münasibətlər, şərhlər yazılsa da, Leyla Əliyevanın yaradıcılığı bütövlükdə təhlil edilməyib, bu yaradıcılığın bədii-estetik xüsusiyyətləri, məxsusiliyi müəyyənləşdirilməyib, halbuki bunu onun əsərlərinin səviyyəsi və ədəbiyyatımızın maraqları tələb edir… Leylanın şeirlərini oxuyanda, buradakı kənardan gəlməyən, təsirlənmələrdən uzaq canlı insan xarakterləri, bu xarakterlərin yaşadıqları psixoloji hallar, heç kimdə olmayan kolorit və bu yaradıcılığın müasir Azərbaycan ədəbiyyatına məxsusluğu könlümü rahatlayır…
Belə bir ifadə var – “Dünyada nə qədər yazıçı varsa, bir o qədər də yazıçı taleyi var” və mən indiki məqamda deyə bilərəm ki, Leylanın özünəməxsus  şair taleyi ədəbi mühitdə artıq özünü təsdiqləmişdir… Leylanın poeziyasındakı təbiilik, sadəlik, özünəməxsusluq, sadə və iddiasız poetik təhkiyyə estetik kateqoriya səviyyəsində təqdim edilir. Bu sadəlik, təbiilik insan mənəviyyatındakı mürəkkəb situasiyaları, psixoloji məqamları aça və göstərə bilir. Leyla öz daxilində üzləşdiyi gerçəklikdən gələn impulsların cilovanmasını həyatının ən çətin sınağı kimi görür və yuxusuzluq və narahatlıq dolu gecələrin duyğularını, hislərini, emosiyalarını şeirə çevirir, bununla da mənəvi rahatlıq tapır… Aşağıdakı misralar onun estetik kredosudur:

Söylə görüm, haradasan?
Dünyanın ən yaxşısı –
təmizqəlbli insanı..?
Hansı uzaq qitədə,
hansı məmləkətdəsən?
Bir görüşün xətrinə
dənizlər, çaylar keçim,
təki sənə rast gəlim…
Leylanın şeirlərində bir cəhəti xüsusi qeyd etmək istəyirəm: o, oxucu ilə sanki söhbət edir və elə söhbət edir ki, demədikləri, dediklərindən artıq olur və sən o deyilməyənləri təhtəl-şüurla  hiss edirsən, hissin, duyğunu  alt qatları səni özünə çəkir, ikinci bir şüuraltı lirik-psixoloji, assosiativ axın yaranır və bu axın səni öz ağuşuna alıb, sanki sonsuzluğa aparır…
Leylanın yaradıcılığı qoşa qanaddan ibarətdir. O, həm rəssamdır, həm də şairdir… Leyla rəssamlığı barədə fikrini, münasibətini belə bildirir: “Həqiqətən də rəsm çəkmək böyük həzz deməkdir. Çünki bu iş insanı sakitləşdirir – nəticə isə uğurlu ola da bilər, olmaya da. Mən bəzən yarım il heç nə çəkməyə, lakin ay ərzində beş-altı rəsm əsəri ortaya qoya bilərəm. Rəsm çəkməyə başladıqda isə bu işdən əl çəkmək, sadəcə mümkün olmur, başqa bir işlə məşğul olmaq çox çətindir. Yəqin ki, bu işlə məşğul olan hər kəs eyni hissləri keçirir. Bir sözlə, bu, böyük bir həzz deməkdir. Ancaq uğurlu alınmırsa, onda ilham pərisini gözləmək lazım gəlir”.
Göründüyü kimi, Leyla xanım özü rəssamlığına xobbi kimi baxır… Əslində, belə deyildir. Onun çox nüfuzlu, məşhur beynəlxalq rəsm sərgilərində nümayiş etdirilən və bəyənilən, məşhur sənətkarlar tərəfindən yüksək qiymətləndirilən rəssamlıq işləri göstərir ki, Leyla xanım bu sahədə də bacarıqlıdır, istedadlıdır… Yenə də, qeyd edək ki, bu onun öz seçimidir və bəlkə də, haqlıdır…
Lakin şair Leyla Əliyevanın şeir, poeziya yaradıcılığı heç cürə xobbi deyildir, bu yaradıcılıq stixiyası, istedadın təlabatı, qəlbin ehtiyacıdır, bədii-estetik missiyadır. Ürəyin döyüntülərindən doğan hissin, duyğunun poetik etiraflarıdır:

Gedim bir az ağlayım,

elə-belə… astaca.

Ürəyimi gizlədim

yastığımın altında.

Pəncərəi açaraq

kövrəlmiş ürəyimi

bəlkə həyətə atım?!

Həyatın ağuşuna…

Yox, yaxşısı budur ki,

gedim bir az ağlayım,

elə-belə… astaca.

Bu səmimi, duyğulu hisslərlə yoğrulub-yapılmış şeiri qəlbi poeziya ilə döyünən, əsil təbii istedada malik şair yaza bilər və yazıbdır… Leylanın orta məktəb illərindən şeir yazdığı məlumdur. Bu o dövrdə poeziya yoluna gedən cığırda hələ məsum, bərkiməmiş, kövrək addımlar idi… lakin bu zərif poetik  addımların özü də inandırırdı ki, Leyla poeziyanın şahrah yoluna əzmlə çıxacaq, heç kimin yazmadığı, bəlkə də yaza bilmədiyi şeirləri yazacaq…
Məncə, bu addımlar hələ də, “kövrəkliyində”  qalır və getdikcə  mövzu və janr imkanlarını genişləndirərək məsul və çətin poeziya marafonunda öz möhtəşəmliyini nümayiş etdirəcək, yeni-yeni poetik rekordlara imza atacaq…

Leylanın şeirlərinin mövzuları olduqca fərqlidir və rəngarəngdir, lap rəssamın rəng qutusunda olan rənglərin, palitranın çalarları kimi… Burada ictimai mühit, ətraf mühit və bəşəri-psixoloji mühit cox maraqlı, cazibədar, təkrarsız, müəllifə məxsus çalarları ilə ifadə edilir və poeziya formatında əksini tapır. Onun şeirlərində adi insani münasibətlər – onların hissləri, həyəcanları, məhəbbətləri, kədərləri, duyğuları reoromantik (realist-romantik) üslubda, amma ictimai məzmunda təqdim edilir ki, bu hər müəllifə müyəssər olmur. Fərdi, şəxsi insani hisslər sonda ümumbəşəri məna tülündə cilvələnir…
Leyla xanım dünya və Avropa, bu sıradan da, rus ədəbiyyatını, rus mədəniyyətini, rus dilini yaxşı bilir. Dünyanın  bir sıra məlum-məşhur xarici dillərinə mükəmməl yiyələnibdir. Həmçinin, nümunəvi ailə religiyasından süzülüb gələn dəyərlər…  Bütün bunlar onun poeziyasının hissi-intellektual layında özünü bariz bir şəkildə göstərir.
Leylanın şeirlərinin hissi-informasiya axarı gurdur, coşğundur və polifondur… Leyla bir şair kimi təbii hissin tərcümanıdır, hissin, emosiyanın sözlə bəstəçisidir… Başqa bir keyfiyyəti də qeyd edək, onun şeirlərində mövzuya və məzmuna, hətta hiss və duyğuya bir kreativ yanaşma münasibəti var. Və bu latent deyil, açıq-aşkar görsənir… Kimsəsizlər evində müşahidə etdiyi acı lövhədə olduğu kimi:

Ana, nə olar, getmə!
Məni atıb, tərk etmə!
Təlatümlü həyata
Əbədiyyən qərq etmə.

Al isti qucağına,
Öp məni… Məni oxşa.
Göydə ulduzlar yansın
Bir ani baxışınla…

…Anacan, inan ki, mən,
Danışmağı bilsəydim,
bu fani dünyamızda
Necə yaşamaq lazım. –
Öyrənərdin sən həmən
Öz körpənin dilindən…
Ana, məni tərk etmə,
Sənə üz tuturam mən.
Eşit, inan və anla,
Səninlə nəfəs alır
Bu məsum, gözəl körpən…

Herman Hessin sözüdür: “Ağıllı insan xoşbəxtlik, bolluq və rəngarənglik içində keçirdiyi həyatla deyil, sadiqliyi və öz tələblərini məhdudlaşdırmağı ilə xoşbəxt ola bilər.”  Mən Leylanın poeziyasının lirik qəhrəmanını  Mahrin təqdim etdiyi tərcümələrdə belə xoşbəxtlərdən birini gördüm!

Leylanın şeirlərinin arasında ortabab şeir yoxdur… Olsa da, İnsani hissin təbii və səmimi, sakit, həlim axarının yaratdığı ovqat bu ortabablığı görməyə imkan yaratmır… Həyat onun üçün tənhalığı sevən məbəd deyil, tənhalığı müqəddəsliyə çevirən məbəddir… Bu tənhalıq ölüm uçrumuna aparmır, bu tənhalıq uçrumdan atlanan və önündə əsrarəngiz həyat-təbiət mənzərələri açılan tənha idmançının planerlə ənginliyə uçuşuna bənzəyir…

Onun şeirləri təkbaşına hisslər dünyasına səyahətdir və bu səyahətə oxucusunu da dəvət edir. Onun lirik qəhrəmanı  burulğanlı hisslərlə dolu bir həyat yaşayan, qəlbində  insanlığa, ətraf mühitə sevgi yükü daşıyan, pessimizmidən uzaq ərköyün əzabkeşdir və sanki ürəyinin ətraf aləmlə həmahəngliyi üçün lazım olan hisslərin axtarışındadır:

Я пойду чуть-чуть поплачу,

не скажу как мне печально.

Сердце отвезу на дачу,

в море утоплю нечаянно.

Выброшу его на ветер,

ветер в даль его несет.

Не смогло оно ответить,

почему так душу рвет.

Tərcüməsi:

Kimsə duyuq düşməsin

kədərimdən, qəmimdən,

Durub yol lım bağa —

astaca ağlamağa…

Götürüm ürəyimi

atım coşan ümmana —

dalğaların qoynuna.

heç dinə də bilməsin —

“Niyə sığmır sinəmə?”

Gah tufan, gah rüzgar

apardıqca uzağa.

Bütün bu hissi dilemmlara baxmayaraq birdən-birə lirik qəhrəman acı çəkən ürəyinə elə bil yazığı gəlir, birdən-birə minor hisslər mojor tülə bürünür, qəmginliyin içində şən auranı tapa bilir. Mənə elə gəlir ki, leyla  güclü emosialara malik bir insan kimi, həyatda bu emosialarını boğmağı bacaran, amma poeziyasında bu emosiyalara sərbəstlik verən bir şəxsiyyət tipidir:

Yox! Yaxşısı budur Ki,

Qoy dirrikdə basdırım,

dirilib (cücərib) çiçək olsun.

Ya da ki, bla tutum, acısın unutdurum.

Özümü aldatsam da.

qoy ruhu ovundurum,

acısın unutdurum…

Leylanın “Gedim bir az ağlayım” şeiri Mahirin ilk poetik tərcüməsidir. Və Mahirin də özünün dediyi kimi, bu şeirin heyrətamiz məzmunu, lirik ovqatı onu elə tutubdur, elə ovsnlayıbdır ki, Mahir bütün yerdə qalan tərcümələrində də bu ovsundan xilas ola bilməyib…
Fransız şair və tərcüməçi Eтyенн Dole (1509-1546) hesab edirdi ki, tərcüməçi aşağıdakı beş əsas prinsipə tərcümədə riayət etməlidir:
“Tərcümə edilən mətnin məzmunu mükəmməl şəkildə mənimsəmək və müəllifin niyyətini dürüst başa düşmək; Tərcüməçi hər iki dili – həm tərcümə etdiyi dili, həm tərcüməni etdiyi dili  mükəmməl bilməlidir; Sözbəsöz tərcümədən qaçmalı, buna  meyil etməməli, çünki bu orijinalın  məzmununu pozur, mənanı təhrif  edir, mahiyyəti korlayır, sözün bədii-semantik mənasını dəyişdirir; Tərcümədə mümkün qədər sözün, nitqin ümumişlək formalarından istifadə etmək; Sözləri düzgün seçib, düzgün yerləşdirməklə   orijinala müvafiq, uyğun gələn “tonallıq” barədə ümumi təəssürat yaratmalıdır.”

İngilis tərcümə nəzəriyyəçisi A.F.Taytler isə “Tərcümənin prinsipləri” (1790) kitabında tərcüməyə verilən əsas tələbləri aşağıdakı şəkildə şərh edib: “Tərcümə orijinalın ideyasını tam şəkildə, olduğu kimi əks etdirməlidir; Tərcümənin üslub və ifadə tərzi orijinaldakı kimi olmalıdır; Tərcümə orjinal kimi asan oxunmalı və mənimsənilməlidir, yəni, mümkün qədər  tərcümə edildiyi bilinməməlidir.”
Aradan yüz illər keçsə də, bu prinsiplərə indi də əməl edilir… Mahirin özü də bu prinsiplərin əsas olanlarına əsaslı şəkildə əməl edibdir…
Ümumiyyətlə, tərcümə nəzəriyyəsində sətri tərcümə, bədii tərcümə, adekvat tərcümə, sərbəst tərcümə və s. təkin anlayışlar var. Bəs, Mahirin tərcüməsi bunların hansına uyğun gəlir? Belə götürəndə heç birinə. Lap “nəzəriyyələşdirsək” Mahirin tərcümə üslubu, manerası bədii tərcümə, adekvat tərcümə, sərbəst tərcümə formalarının sintezindən ibarətdir. Başqa sözlə, bu tərcümələrin öz vahid, orjinal üslubu var. Mahirdə, demək olar ki, bütün şeirlər eyni üslubda, ritmdə, bölgüdə, eyni melodik ladda tərcümə edilibdir. Bunlar tərcümə praktikasında yoxdur. Leylanın şeirləri sillabik və sillabik-tonik vəzndədir və vəznin kompoziyası — ritm, qafiyələnmə, bəndləmə, şeirin qrafik strukturu da bu vəznlərə uyğundur. Bunların heç birisi Mahirin tərcümələrində qorunmur. Amma Leylanın şeirlərinin Mahirin tərcüməsində Etyen Dolennin və A.F.Taytlerin tövsiyyə etdikləri tərcümə prinsipləri əksərən əksini tapıbdır.
Mahir Qabiloğlu bu məsuliyyətin daşıyıcısı kimi virtuoz tərcüməçi imicində çıxış edə bilib… Tərcümələrində təkcə fikri deyil, hissi də verə bilibdir ki, bu  tərcüməçilik praktikasında ən çətin bir işdir, demək olar ki, mümkünsüzü mümkün edə bilməkdir!! Yəni bu sözlə edilən tərcümə deyil, latent tərcümədir, mətndə gizlənən, sözlə ifadə edilməyən, yaxud söz içində gizlənəni aşkarlayan tərcümədir… Bütün bunları tərcümədə qoruyub saxlamaq, ifadə etmək təkcə  səriştə məsələsi deyil, həm də tərtəmiz istedad məsələsidir…

Yalan, gəl tövbə edək –
Uydurma, yalan sözə
bu gündən vida edək.
Axı kimə və nəyi
utanırıq deməkdən?
Yalan meyvə qurdu tək
qəlbi yeyir içindən.
Düzdən niyə qorxaq ki? –
dili düz söz tutmayan
əyrilər qorxsun ondan…

Leylanın şeirlərində insanın keçirdiyi gündəlik təbii hisslər qəribə bir tərzdə ictimai məzmuna çevrilir və müəllifin də ictimai mövqeyini sərgiləyir. Ona görə də, onun sırf fərdi motivli şeirlərində də ictimai mövqe qabarıq görsənir…
Leylanın lirik qəhrəmanı həyat dolu insandır, qəmi qəm kimi, sevinci sevinc kimi özünəməxsus bir tərzdə, gizləmədən, ört-basdır etmədən yaşaya bilir… Ən yaxşısı budur ki, gənc şairə Leyla indi tüğyan edən psevdoədəbiyyatdan min mil uzaqdır… Leylanın şeirlərində həyatın təzadlarını əks etdirən hiss, duyğu, fikir bulaq suyu qədər duru, səhər səması qədər aydındır. İroniya,  örtülü, gizli heç nə yoxdur… Leylanın şeirlərində hissin sərbəstliyi yox, öz lətafəti, sahmanı olan hissin, ruhun təbii azadlığı var və yaxud bütün bunları görmək arzusu var…  O bir şair kimi, deyərdim ki, narahat ruh daşıyıcısıdır və bu narahat ruhu sahmanlamaqla məşğuldur. Onun şeirlərində bəşər övladının üzləşdiyi ziddiyətli tendensiyaların reallığına, hətta  müəllifinin yaşına uyğun gəlməyən daha yetkin, daha gözüaçıq bir yanaşma sərgilənmişdir. Onun poeziya fəzasında hiss, ruh, duyğu pərvanələri uçuşmaqda, öz şəmini aramaqdadır… Onun, poetik arsenalını hələlik belə görürəm… Onun, bütöv bir sərgi otağına ölü gözəlliyi ilə gözəllik verən “Ölü kəpənək” şeirində canlandırdığı dramatik, faciəvi pərvanə obrazında da, mən bu arsenalın tükənməz diriliyini görürəm:

Çərçivəyə salınıb
Bir bəzəkli kəpənək. –
Qanadları çırpınmır…
Ürəyindən iynəylə
pərçimləyiblər onu
şüşəli çərçivəyə…
Ölü gözəlliyiylə
bəzək verir divara… –
Boş, yalqız bir otağa…
Özü ölüb,
gözəlliyi ölməyib…
Bunu duyur hər görən.
Görəsən  ağrısını
varmı bir duyub-bilən?..

Bu şeirdə ölü gözəlliyindən zövq alan zəmanə insanlarının soyuq mənəviyyatları,  heç kimin görmədiyi, duymadığı, gözəlliyinə görə ölüm hökmü kəsilmiş, ürəyindən çərçivəyə pərçimlənmiş pərvanənin timsalında bəşəri gözəlliyin faciəsi, kədəri təsvir edilir:
…Şüşənin arxasında
eləcə donub qalır;
Kədərini bir kimsə
nə hiss edir, nə yanır…

Bu gözəlliyi süzüb
ötüb keçən insanlar
həzz alır bu lövhədən –
kəpənək ölüsündən…
Gözəl sözlər səslənir
kəpənəyin şəninə,
ölü gözəlliyinə… –
Yayılır boş kəlmələr
xudbinlərin dilindən…

Şüşənin arxasından
baxırlar çırpınmayan,
döyünməyən varlığa –
ö ölü gözəlliyə…

Poetik hissin psixoloji-dramatik dinmikası davam edir, lirik süjetə ürəyi humanizmlə dolu, sosial faciəyə üsyankar etirazla qəlbi döyünən  müəllif obrazı daxil olur və onun köməyinə nikbin yuxuların mistikası gəlir:

İynəylə bir lövhəyə
sancılmış lal kəpənək,
Gözəlliyinə görə…
Həyətla təmənnasız…
vidalaşan kəpənək…
Ey ruhları, qəlbləri
“sığallayan” kəpənək..!
Yuxumdaydın bu gecə,
Ancaq tamam başqaydın:
Gözoxşayan güllərin
üfüqündə qanadın…
min bir rəngə çalırdı,
Yanırdın… sayrışırdın.
Çox böyük heyranlıqla
Mən səni seyr edirdim.
Həm də ki, ayağımla
şüşəli çərçivəni
sındırırdım, əzirdim…

O, bu əzabı, çirkinlyi, eybəcərliyi, dərdi anlaya bilməməyi qəbul edə bilmir, xəyalən olsa da bu mənəvi – “ölü gözəllik” nümayiş etdirən şüşəli çərçivələri ayaqları altına salıb sındırır, əzir, məhv edir…
Onun “Pərvanə” şeirində isə başqa bir psixoloji məqam əksini tapır. Məlumdur ki, “pərvanə” min illərdir ki, klassik poeziyanın ən məşhur obrazlarındandır və Pərvanə – Şam ideal məhəbbətin Leyli – Məcnun kimi əbədi-ədəbi simvollarındandır. Leyla xanım bu əbədi və əzəli klassik poetik simvola tamamilə yeni bucaqdan, yeni rakursdan yanaşır, xüsusən, Pərvanənin Şama olan məhəbbətini və bu məhəbbət uğrunda özünüfəda, özünü odda yandırması süjetinə, mövzusuna indiyənə qədər heç kimin etmədiyi sosial-ictimai məna və məzmun aşılayır, məhəbbət və sevginin təkcə mənəvi deyil, həm də sosial hadisə olduğunu göstərir:

…Bir qanad saxla, dayan,

Mənim xəfif pərvanəm.

Tənhalıqdan qorxmursan? —

Yalan demə, ay sənəm!

Təkliklə döyüşürsən

Ömür boyu, bir danəm,

Neyləyək ki, özünə

Odu seçmisən həmdəm.

Mənim balaca dostum,

İncimə, sadəlövhsən.

Ürəyin gül yarpağı,

Ümid nədir bilmirsən.

Dörd yanın kin və nifrət,

Bunları görməyirsən.

“Qibləgahım — məhəbbət,

Tanrım — sevgi” deyirsən.

Pərvanəm, sən isə uç!
Bilsən ki, öləcəksən,
Lap külə dönəcəksən,
Uç! Uç! Alovunu quc!
Məhəbbət misraları,
Hədiyyə et bizlərə
Əsl yaşamaq budur,
Yaysın bütün qəlblərə.
XXI əsrin nanotexnologiyalar dövründə, ətrafda insan sıxlığının məqbul hədləri keçdiyi bir zamanda adama elə gəlir ki, darıxmaq, sıxılmaq absurddur… Amma əksinə, elə insanı mənən də, fizikalca da sıxan bu sıxlıqdır. Bu sıxlıq insanı darıxdırır və özünə uyğun bir mühit tapmayanda isə mənəvi-psixoloji faciəyə çevrilir. Leylanın “Vaxt” adlı “Ey ulu Vaxt, unutma!” nidalı monoloq-müraciəti, lirik xitabı var. Bu şeirdə həyatın yaşam fəlsəfəsi ilmələnir:

Vaxt! Dayan, yalvarıram,
hara uçursan yenə?
…Tələsirsən de, hara?
Böl dərdini mənimlə.

…Bəlkə də bu həyatda
çox az şey bilirəm mən.
Bəzən də düşünrəm:
Allah, nələr bilirəm..!
Baxırsan hər şeyim var,
Ruhumsa itir-batır.
Dörd yanım adam dolu,
Təklikdən qulaq batır…

Gözlərimi bir anlıq
Açmağımı görürəm,
Ətrafa, insanlara
Acıyıram, yanıram.
Başa düşəndə ki, mən,
Özüm də çarəsizəm.
Qalmayır başqa çarəm,
Gözümü tez yumuram…

Bu və bu qəbildən olan “Ana, nə olar getmə”, “Sevgi və nifrət”, “Səni atmaq istəmirəm”, “İnsanlar”, “Hardasan, dünyanın yaxşı adamı”, “Üç qoca balıqçı və qızıl balıq”, “Çərçivəyə sığmaram”, “İnsanlar”, “Romada. tozlu otracaqda”, “Yalan”, “Tanrım, sən mənə güc ver”, “Uşaqlarım” təkin şeirlərin hərəsi insanın dərin, dramatik psixoloji hisslərinin lirik süjetdə təqdim olunmüş hekayətləridir və mini lirik poemalar təsiri bağışlayır. Bunu əsas tutaraq umarıq ki, Leyla poeziyasının janr imkanlarını genişləndirəcək və insan talelərinin hekayətindən ibarət silsilə poemalar qələmə alacaqdır…
Ümumiyyətlə, Leylanın mövzuları həddən ziyadə həssas mövzulardır, yəni, bir növ, tale məsələsidir, burada həm müəllif taleyi,  həm də oxucu taleyi qəribə bir tərzdə ya paralelləşir,  ya da qovuşur…  Yaxşı olan budur ki, Leylanın poetik mətnləri öz taleyini öz doğma müəllifiylə və öz doğma oxucusu ilə birlikdə yaşayır. Onun şeirlərinin süjetində dramatik dinamikada bir teatrallıq, hadisənin vizual görüntüsü var… Fikrimcə, Leylanın poeziyasında gercəkliyin təlqin elədiyi gerçəkliklə manipulyasiya yoxdur… Gercək var və bu gerçəyə gerçək  hissi-emosional gerçək münasibət var… Uydurma yoxdur… Uydurma həmişə yalanın cəzbedici sarayına qapılar açır… Leylanın poeziyasında isə gerçəyin cazibədar sarayının qapıları oxucularının üzünə daima taybataydır…
Mənə elə gəlir ki, onun ictimai mesajla dolu lirikası təyinatlı poeziyadır və həyati əhəmiyyət kəsb edir…  Leyla bir xeyirxah ictimai xadim kimi əldə etdiyini qürrələnmədən, səxavətlə ehtiyacı olanlarla paylaşdığı kimi, hissi-emosional duyğularını, düşüncələrini, mərhəm hislərini də, oxucuları ilə poeziya məkanında tam səmimiyyətlə paylaşır… Oxucularını özünə ortaq, mərhəm dost bilir… “Ürək” şeirində olduğu kimi, bütün səmimiyyətilə ürəyinin gizlinlərini oxucusu ilə bölüşür, bu məqamda “qəm də xoşbəxt görünür” :

Ürəyim, ay ürəyim,
axı sənlə neyləyim?
Dəsmalmı verim sənə –
göz yaşımı siləsən?
Ürəyim, bil ki, səni
bütün ruhum, qəlbimlə,
anlamaq istəyirəm.
Nə vaxtdır bir yerdəyik
bir can-qəlbik əzəldən;
Mənsə hələ də səni
Tanımıram… bilmirəm…

Təkcə sənə çatmaqçun
səni əldə etməkçün,
insanlar yalın əllə
köksümü parça-parça
dağıdıb uçurarlar…
Sən onlardan incimə. –
Bu qəmdən, qüssədəndir
ürəklərin səninlə
böləndə, bölüşəndə
qəm də xoşbəxt görünür…

Orjinalın bütün ideya-estetik effekti, göründüyü kimi, tərcümə mətninə bacarıqla transformasiya edilib. Çünki Mahir Qabiloğlu bir tərcüməçi kimi şair Leyla Əliyevanın poetik arsenalını mənimsəyib, istedadının potensialını bilir,  onun şeirinin intonasiyasını, daxili ritmini, harmoniyasını tapıb və bütün bunları öz içinin nəğməsinə çevirə bilib…
Belə bir termin var: “Qanın milləti yoxur!” Bu anlayışı da, ictimai mühitə ictimai xadim Leyla Əliyeva bu adla həyata keçirdiyi aksiya ilə gətiribdir. Uğurlu və orjinal anlayışdır. Tətbiq edəsi olsaq poeziyanın əks elədiyi hissi-emosional layın da milləti yoxdur! Varsa da, Leylanın poetik yaradıcılığında belədir. Bunu isə tərcümə etmək olmur. Hiss tərcüməyə gəlmir, gərək onu poetik  mətnə yerləşdirə, kipləşdirə biləsən və Mahir Qabiloğlu bunun öhdəsindən məharətlə gəlibdir… Bu da, ona görə baş tutubdur ki,  Mahir Qabiloğlu da orjinal üsluba malik, əksəriyyət tərəfindən oxunan və qəbul edilən istedadlı, yaradıcı  yazıçıdır.
Qısa arayış:  Mahir Qabil oğlu İmamverdiyev (Mahir Qabiloğlu) — yazıçı-jurnalist, publisist, tərcüməçi. 1966-cı ildə Bakı şəhərində anadan olub. Bakıdakı 190 saylı məktəbdə təhsil alıb. 1990-cı ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Müxtəlif illərdə Azərbaycan Yazıçılar Birliyinin “Dədə Qorqud” ensiklopediyasında ədəbi işçi, AzTV-nin “Xəbərlər” redaksiyasında redaktor, “Space” televiziyasının “Hər gün” İnformasiya proqramında redaktor, baş redaktorun müavini, “Xalq qəzeti” qəzetinin Redaksiya Heyətinin üzvü, İnformasiya şöbəsinin müdiri vəzifələrində çalışıb. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Hazırda sərbəst yaradıcılıqla məşğuldur. Modern.az saytında müəllif kimi bədii-publisistik yazıları və tərcümələri yayımlanır. “Atam Qabilin məzəli əhvalatları”(2011), “Ərmən-Şuşanikin sevgisi” (2014),“Cəncəhim”(2014), “Qurd yağı” (2015), “Sandıq”(2015), “50 yaşında mən…” (2016)  təkin kitabların, 500-dən çox, tamamilə orjinal üslubda, yeni janrda yazılmış bədii-publisist operativ oçerklərin müəlifidir…
Özü də, elə bir imza siferası qazanıbdır ki, bu günmüzün oxucu qıtlığında, öz oxucu auditoriyası olan yeganələrdəndir…   Yuxarıda qeyd etdiyim kimi, Leylanın özü də,  bir şair kimi intellekt səviyyəli oxucu simpatiyası qazanmış bəxtəvərlərlərdəndir… Onun şeirləri gücünə, qüvvətinə, daşıdığı Tanrı sirrinə görə həmişə sevilir və inanırıq ki, həmişə də seviləcəkdir:

Şeirimi çox sevirəm

güc-qüvvətinə görə…

O, bir Tanrı sirridir

anlamağım imkansız…

Şeirimdəki hər kəlmə

mənə əziz doğmadır;

istər gündüzlər yazım,

istərsə də yuxuda…

Leyla Əliyeva dəyərli bir şair taleyi yaşayan, perspektivli gənc şairlərimizdəndir. Mahir Qabiloğlu da, yaradıcıya məxsus maraqlı tale yolunu seçibdir. Və bura bir poeziya tərcüməçisi taleyi də qoşulubdur… Bu iki yaradıcı taleyin dəyərli meyvəsi isə Leyla Əliyevanın  Mahir Qabiloğlunun tərcümə-təqdimatında azərbaycandilli oxucuları sevindirəcək “Poeziya” kitabıdır. Bizə o qalır ki, hər iki istedadlı qələm sahibini təbrik edək, bu uğurlu əməkdaşlığa yenə də uğurlar arzulayaq…

Qurban BAYRAMOV – Professor, ədəbiyyatşünas-tənqidçi.

Müəllif: Qurban Bayramov,

tənqidçi-ədəbiyyatşünas, doktor-professor,”Fədakar alim” və “Elm fədaisi” diplomantı,”Səməd Vurğun mükafatı” laureatı,1984-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

HƏSƏN BƏY ZƏRDABİ

Həsən bəy Zərdabi.

Həsən bəy Zərdabi haqqında

Həsən bəy ZƏRDABİAzərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olub. İlk təhsilini mollaxanada alıb, orta təhsilini Tiflisdə tamamlayıb. Moskva Universitetini bitirib. İxtisasca təbiətşünas olan Zərdabi 1869-cu ildə Bakı şəhərində rus dilində orta məktəbdə təbiətşünaslıqdan dərs deməyə başlayır.  1873-cü ildə Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov ilə birgə Mirzə Fətəli Axundov “Hacı Qara” və “Lənkəran xanının vəziri” komediyalarını tamaşaya qoyur. 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasında yaxından iştirak edir. 1875-ci il iyulun 22-də Azərbaycanda ilk milli qəzet olan “Əkinçi”nin nəşrinə başlayır. Lakin qəzetin ömrü uzun çəkmir və 1977-ci il sentyabrın 29-da nəşri dayandırılır. 1880-1890-cı illərdə Həsən bəyin Bakıda və Tiflisdə çıxan “Ziya”, “Kəşkül”, “Kaspi”, “Novoye obozreniye” və digər qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunur. Ömrünün sonlarına yaxın Bakı Şəhər Dumasının maarif şöbəsində işləyir. 1907-ci il noyabrın 28-də vəfat edir və Köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunur. Məzarı 1957-ci ildə Fəxri xiyabana köçürülür. Azərbaycan Təbiət Tarixi Muzeyi, Gəncə Pedaqoji İnstitutu Həsən bəy Zərdabinin adını daşıyır.

İsmayıl Qasprinski, Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşov.

Həsən bəy Zərdabi haqqında

Həsən bəy Zərdabi

“Brifinq” layihəsinin növbəti qonağı “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlıdır.

Qurban Yaquboğlu: Həsən bəy Zərdabinin xüsusilə tərcümeyi-halı ilə bağlı qaranlıq, açılmamış, yaxud ictimailəşməmiş bir sıra məsələlər var. İstərdik, bu məsələlərdən başlayaq və “Zərdabi kimdir” sualına qısaca cavab tapmağa çalışaq.

– Çox maraqlı mövzudur. Təbii ki, Həsən bəy Zərdabi unikal şəxsiyyətdir. O, böyük azərbaycanlıdır. Biz onu gördüyü işlərə, göstərdiyi fəaliyyətə əsaslanıb böyük azərbaycanlı adlandırırıq. Əlbəttə, Həsən bəy Zərdabinin şəxsiyyəti, onun fəaliyyəti ilə bağlı sovet dönəmində çox ciddi şəkildə məşğul olublar. Sovet dönəminin də təbii ki, özünün müəyyən çərçivələri, müəyyən ideologiya var idi. İstər-istəməz məsələlər bu ideologiyaya tabe etdirilirdi. Yəni, Həsən bəyin həyat və fəaliyyətinin müxtəlif məqamları obyektiv araşdırmalardan bir qədər kənarda idi. Məsələn, onu əsasən ateist adlandırırdılar. Əslində isə o ateist deyildi.

Onun fəaliyyətini yoxsul fəhlə və kəndlilər üzərində qururdular. Guya Həsən bəy bu sinfin aparıcı liderlərindən olub. Əslində, Həsən bəy Zərdabi cəmiyyətdə təbəqələşmənin əleyhinə olub. O, ziyalı və böyük bir maarifçilik hərəkatına rəhbərlik edən şəxsiyyət idi. Həsən bəy Zərdabi təkcə milli mətbuatımızın əsasını qoymayıb. O, həm milli teatrımızın yaradıcılarındandır, həm də indi qeyri-hökumət təşkilatları adlandırdığımız xeyriyyə cəmiyyətlərinin əsasını qoyub. Bununla da gələcək üçün münbit şərait yaratdı, fəaliyyət prinsipləri ortaya qoydu.

“Əkinçi” qəzetinin çap olunması üçün Həsən bəy ciddi fəaliyyət göstərib. Bütün məhrumiyyətlərə dözüb. O dövrdə hürufat yox idi. Yazı dili, qaydaları tam müəyyənləşməmişdi. Yəni, indiki sözlə desək, medianın dili yox idi. Dil formalaşmalı idi. Klassik qəzetçilikdə mövcud olan korrektura sistemi mövcud deyildi. Həsən bəy bunları yaratdı.

Heç məqalə yazıb onu ortaya çıxaran jurnalist adlandıra biləcəyimiz insanlar çox az idi. Onlar mərkəzi mətbuatda rusca məqalələr yazırdılar. Ana dilində yazan çox az idi. Ona görə də biz “Əkinçi” qəzetini Azərbaycan milli mətbuatının bünövrə daşı hesab edirik.

Onun həyatının bir qaranlıq məqamını danışmaq istəyirəm. Bu yaxınlarda İstanbulda oldum. Orada “Qapalı çarşı” deyilən məşhur bir yer var. Orada əslən Gəncədən olan, babaları 1850-ci illərdə İstanbula köçən və vaxtilə xalça ticarəti ilə məşğul olmuş Kərim bəy məni muzeyə bənzər bir otağa apardı. Orada kimlər olmayıb? Həsən bəy Zərdabi də orada olub. Həsən bəy oradan 7 pud hürufat alıb gətirib. Hürufatı Bakı quberniyası mətbəəsi aldı, ondan sonra “Əkinçi” qəzeti çıxdı. Yəni, Həsən bəyin həyatında bu cür faktlar var.

O, çox mütərəqqi bir insan idi. Onun mütərəqqi olmasının səbəbi təkcə Moskva Dövlət Universitetində oxuması deyildi. Həm də ona istiqamət verənlər var idi. Həsən bəyin həyat yoldaşı Hənifə xanımın və qızı Qəribsoltan xanımın xatirələrini oxumuşam. Həsən bəyin həyatında mühüm rol oynayan anasının dayısı, məşhur general Fərəc bəy Ağayev olub. O, Ağcabədidə doğulub, çar mühafizə dəstəsinin rəisi olub. Ancaq xristianlığı qəbul edib. Nikolay Ağayev kimi çar ordusunda məşhur generallardan olub.

Niyə Həsən bəy Zərdabi tarixçi Solovyovun qızı ilə evlənmədi? Fərəc bəyin həyat yoldaşı rus idi. O, ömür boyu Fərəc bəyi xristian cəmiyyətinə çəkmişdi. Həyatının sonlarında Fərəc bəy gördü ki, ailə müqəddəs bir şeydir və xristianlıqdan sonra müsəlmanlığa döndü. Onun qəbri də Tiflisdə Mirzə Fətəli Axundovun dəfn edildiyi Nəbatət Bağındadır. Həsən bəyi də Tiflisə gimnaziyaya aparan məhz o olmuşdu.

Fərəc bəy ona tövsiyə etmişdi ki, gələcəkdə xalq üçün fəaliyyət göstərmək istəyirsənsə evlənəndə öz dinindən, soy kökündən olan bir xanımla evlən.

İlk dəfə 1925-ci ildə Azərbaycan milli mətbuatının yaradılmasının 50 illiyi rəsmi şəkildə qeyd olunub. Həbib Cəbiyev o zaman “Kommunist” qəzetinin redaktoru olub. Mərkəzi Komitədə qərara alınır ki, “Əkinçi” qəzeti ilə bağlı yazılar yazılsın. Çox məşhur publisistlərimizdən, pedaqoqlarımızdan olan Fərhad Ağazadə Həsən bəy Zərdabinin həyatını yazır. “Əkinçi” ilə bağlı bir kitabça buraxılır.

Şərif Mirzəyev müsəlman-türk mətbuatının 1918-ci ilədək senzorlarından biri olub. O, Tiflisdə yaşayırdı. Onunla müqavilə bağlanır. Deyilir ki, biz bu 50 illiyi yazacağıq. Həmin kitabçanı bu yaxınlarda rusca çap etdilər. Onun bizim arxivlərdə iki nüsxəsi var. Həmin kitabçada milli mətbuatımız və senzor məsələləri əks olunub. Yəni, senzorlar, əslində isə ruslar və ermənilər onlara necə müqavimət göstərib. Bu baxımdan mən Həsən bəy Zərdabinin ən düzgün tərcümeyi-halı kimi Fərhad Ağazadənin yazdığını götürürəm.

– Həsən bəy Zərdabi evlənərkən qız seçimi də maraqlı olub…

– Həsən bəy “Qafqaz” qəzetindəki elanda görür ki, Tiflisdə olan “Müqəddəs Nina” qızlar məktəbinin məzunları arasında bir türk qızı var. Onu bəyənir, Tiflisə gedir. Beləliklə, Hənifə Abayeva ilə tanış olur və evlənmək təklif edir. Çünki bilirdi ki, ona bu işləri görmək üçün ən böyük dayağı xanımı ola bilər. Xanım təhsilli, dünyagörüşlü və xalqına bağlı olmaldır. Eyni dinin, eyni etnik mənsubiyyətin daşıyıcısı olmalıdır ki, bu yükün altına girə bilsin.

– Bakıda qızlar məktəbinin açılmasında da Hənifə xanımın xüsusi rolu olub.

– Bəli. Hənifə xanımın özü o qızların təhsili ilə çox ciddi şəkildə məşğul olub. Hənifə xanımın da həyatı həddən artıq maraqlıdır. Biz onun həyatını geniş tədqiq etməmişik. Onu sadəcə pedaqoq kimi və Həsən bəyin həyat yoldaşı kimi araşdırmışıq. Heç pedaqoq kimi də tam öyrənilməyib. Ancaq onun necə müəllim olduğu, xatirələrdə necə yaşadığı aydınlaşdırılmayıb. Rusca çox mükəmməl bilirdi, yazırdı. Çox təəssüf ki, onun xatirələri sovet dövründə yazıldığı üçün Həsən bəy Zərdabi obrazını bizə tam çatdıra bilmir. Milliyyətçə balkar türkü idi. Deyilənə görə, onun qohumları indi də Nalçik və Nalçik ətrafında yaşayırlar. Bunu Şəmistan Nəzirlinin söylədiyinə istinad edirəm.

Həsən bəyin qızı Qəribsoltan Məlikovanın həyatı çox maraqlıdır. Həsən bəy mükəmməl ata idi. Əsl azərbaycanlı ata, valideyn necə olarsa, o da elə idi. Onu çox demokrat kimi təqdim edirlər. Amma Həsən bəyin mühafizəkarlığı da var idi. Məsələn, o, qızı Pəri xanımı Əlimərdan bəy Topçubaşova vermək üçün müəyyən şərt qoymuşdu. Şərt də bundan ibarət idi ki, bu mənim qızımı alır, düzdür? Bunu dolandırmaq üçün bir iş yeri, gəliri olmalıdır.

Ona görə də bu cütlüyün toy mərasimi bir müddət təxirə düşmüşdü. Bunun özü müəyyən mühafizəkarlıq, eyni zamanda məsuliyyət idi. Ənənələrə həddən artıq bağlı idi. Eyni zamanda məclislərdə yaxşı araq içirdi.

Həsən bəy haqqında donos yazmışdılar ki, guya o, Dağıstan və Zaqafqaziyanın cənub-şərq hissəsini Rusiyadan ayırıb Türkiyəyə birləşdirmək istəyir. Halbuki Həsən bəy bu vaxt Zərdabda, kənddə oturmuşdu. 50 dərəcə isti, ağcaqanadlar-filan… Həsən bəy elə-belə adam deyildi. Onun sürgün həyatı da çox maraqlıdır.

– Həsən bəy Zərdabinin qəzet bağlanandan sonrakı fəaliyyəti barədə də müxtəlif fikirlər var…

– Qəzet bağlanandan sonra pedaqoq kimi fəaliyyətini davam etdirir. Onun məqalələrini oxuyanda deyirsən ki, bu kişi nə istəyib? O, planlı iş görürdü. “Rus-türk gimnaziyaları” fəaliyyət göstərirdi. Həsən bəy deyirdi ki, burada müsəlman işləməyənədək müsəlman öz uşağını bu məktəbə verməyəcək. Beləliklə, özü könüllü gimnaziyaya müəllim getdi.

Ermənilər Həsən bəyi heç istəmirdilər. O, azərbaycanlıları ermənilərlə müqayisə edirdi. Üfüqdə ermənilərin bizə düşmən ola biləcəyini deyirdi. Yazırdı ki, ermənilərdə 40 il əvvəl xeyriyyə cəmiyyəti yaranıb, bizdə niyə yoxdur? Ermənilər teatr açıb, qəzetləri var. Bizdə niyə yoxdur? Onlarda birlik var, bizdə niyə yoxdur? Yazırdı ki, mərsiyəxanalara min manatlarla vəsait köçürülür, ancaq xeyriyyə cəmiyyətinə min manat köçürən yoxdur ki, biz iki şagird oxudaq. Bax, bu məsələləri qaldırırdı. Buna görə də ermənilər həmişə onun əleyhinə olub.

– Həsən bəy Zərdabinin dəfni necə olub? Çünki bu barədə müxtəlif mübahisəli məqamlar mövcuddur. Gerçəklik nədən ibarətdir?

– Həsən bəy Bibiheybət məscidinin yaxınlığında dəfn edilib və dəfn çox möhtəşəm olub. Onun dəfnindən foto var. Mən arxivdə o dəfnin bir neçə variantını görmüşəm. Orada təkcə azərbaycanlılar deyil, ruslar, ermənilər, gürcülər və digər xalqların nümayəndələri, ziyalı kəsim iştirak edib.

Həsən bəy Bakı Şəhər Dumasının üzvü idi. Qafqazda elmin-təhsilin inkişafı üçün kifayət qədər xidmətlər göstərmişdi. Özün də təkcə öz xalqının yox, bölgənin rifahı üçün çalışan insanlardan biri olub. Bakı üçün məxsusi çalışan insanlardan biri olub. Həmin dövrdə çıxan qəzetlər Həsən bəy Zərdabinin dəfnindən çoxlu material veriblər. Mərkəzi rus mətbuatı da onun vəfatı ilə bağlı yazılar yayımlayıb. Həmin vaxt Rusiyanın müxtəlif yerlərində Həsən bəyin vəfatı münasibətilə ehsanlar verilib. Hənifə xanımın, Əlimərdan bəy Topçubaşovun ünvanına başsağlığı mesajları gəlirdi. “Dəbistan” uşaq jurnalı bir nömrəsini tamamilə Həsən bəy Zərdabiyə həsr edib.

Onun cənazəsini İçərişəhərdən Bibiheybət məscidinin yaxınlığına çiyinlərdə aparıblar. Özü də bilirsinizmi necə? Məsələn, “Nicat” Cəmiyyətinin qarşısında dayanıb, yaxud hansısa gimnaziyanın qarşısında dayanıb orada matəm mitinqləri düzənləyiblər. Sonra isə Bibiheybət məscidi yaxınlığında dəfn edilib.

Sonralar bu qəbiristanlığın yol çəkilməsi prosesində köçürülməsi məsələsi olub. Həmin dönəmdə insanlara müraciət ediblər ki, gəlin öz doğmalarınızın məzarlarını köçürün. Bu zaman Qəribsoltan xanım iki nəfər tapır, atasının məzarını qazdırır, onun sümüklərini bir yeşiyə yığır. Abbas Zamanovun, Əziz Mirəhmədovun vaxtilə söylədiyi, Tahir Aydınoğlunun yazdığı məqalədəki fikirlər bundan ibarətdir. Həmin yeşiyi götürür, tramvaya qoyur, gətirib Zabrat ətrafında şəhər qəbiristanlıqlarının birində anasının yanında dəfn edir.

Sonradan – 1965-ci ildə Azərbaycan mətbuatının yubileyinin keçirilməsi məsələsi ortaya çıxanda deyirlər ki, yaxşı biz bu yubileyi keçirəcəyik, bəs Həsən bəyin məzarı hanı?

Beləliklə, axtarışa başlayırlar. Onda Qəribsoltan xanım ömrünün son illərini yaşayırmış. O, heç kimi qəbul etmirmiş. Çünki psixoloji gərginlik keçirmişdi. Bacısı Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı olan Pəri xanım Fransada, qardaşı Midhət bəy 1937-ci ildə güllələnmişdi. Bir qardaşı Səfvət də Türkiyədə… İtmiş-parçalanmış bir ailə… Sovet Azərbaycanında Həsən bəyin yeganə övladı qalıb. Gəlirlər Qəribsoltan xanımın evinə.

Azərbaycan SSR-in mədəniyyət naziri, məşhur bəstəkar Rauf Hacıyevin anası Nanə Hacıyeva özü zərdablı olub. Mən Səfvət Zərdabi barədə araşdırma aparanda Rauf Hacıyevin Nanə adı qoyulan qızı ilə danışmışam. Qəribsoltan xanımla Nanə xanımın qan qohumluğu olmayıb, sadəcə həmyerlidirlər və hər ikisi müəllimədir. Bunlar bir yerdə qalıblar. Hətta Şəmkirdə, Gəncədə bunların pedaqoji fəaliyyəti olub. Qəribsoltan xanım Nanə xanımın oğlu Rauf Hacıyevi oğulluğa götürüb. Ona təhsil verib. Üzeyir Hacıbəyovun yanına aparıb. Onu böyüdüb, şəxsiyyət kimi formalaşdırıb. Hazırda Rauf Hacıyevin nəvəsinin adı Qəribsoltandır. Özü də Qəribsoltan xanım Nanə Hacıyeva ilə birgə Yasamal qəbiristanlığında dəfn edilib.

Beləliklə, Həsən bəyin qəbrinin axtarışına çıxan şəxslər Qəribsoltan xanımın evinə gəlirlər. Qəribsoltan xanım onların heç birini qəbul etmir. Deyir ki, mənim atamın sümükləri sizin nəyinizə lazımdır? Atamın ailəsini pərən-pərən saldınız, övladlarını əsir-yesir etdiniz. Qardaşımın birini güllədiniz, biri bilmirəm hardadır. Bacım qürbətdə dünyasını dəyişib. İndi də atamın sümüklərini aparıb məhv etmək istəyirsiniz?

Gələnlər öz aralarında məşvərət edirlər ki, Qəribsoltan xanımı kim dilə tuta bilər?! Məşhur bioloq Mirəli Axundovun Məlikovlara qohumluğu olub. Deyiblər ki, Qəribsoltan xanım onu eşidər. Beləliklə, onu vasitəçi salırlar. Qəribsoltan xanım danışır ki, mən atamın sümüklərini yeşiyə yığıb gətirib anamın yanında dəfn etmişəm. Sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələrini yığırlar, gedib Hənifə xanımın məzarının ətrafını qazırlar və o yeşiyi oradan çıxarırlar.

İndi məsələ bundan ibarətdir ki, Hənifə xanımın məzarı oradadırmı? Bax, bu məsələ var. Mənim bildiyim qədər, ehtimal edirəm ki, elə Hənifə xanımın məzarını da Həsən bəyin Fəxri Xiyabandakı məzarına köçürüblər. Çünki ortada Hənifə xanımın məzarı yoxdur. Olsaydı, ortaya çıxardı.

Bu ailənin nümayəndələrindən biri də Səfvət Zərdabidir. Mən onunla bağlı ayrıca kitab yazdım. Müxtəlif mənbələrdə yazırdılar, vikipediyada da var idi ki, Səfvət Zərdabi 1938-ci ildə dünyasını dəyişib. Mən Türkiyədə hər dəfə gedəndə köhnə kitab satılan yerlərə gedirəm, sahaflara baş çəkirəm. Çünki Azərbaycanla bağlı orada nadir, qiymətli kitablar, sənədlər, şəkillər olur. Bu sahaflardan mənim əlimə Azərbaycan Mühəndislər Dərnəyinin nizamnaməsi keçdi. Nizamnaməni alıb oxudum, gördüm onun qurucuları 11 nəfərdir, bu 11 nəfərin içərisində Səfvət Məlik-Zərdabi adlı bir nəfərin ad-soyadı var. Ankarada filan ünvanda yaşayıb, mühəndis olub. Buna qədər isə Nəsiman Yaqublu mühacirət mətbuatının formalaşmasında Səfvət Zərdabinin də iştirak etdiyini yazmışdı. Ancaq onun ölüm tarixi, doğum tarixi, hansı dərgilərdə işlədiyi qeyd olunmamışdı.

Məlik-Zərdabi oxuyanda dedim ki, bu elə Həsən bəyin oğludur. Çünki bilirdim ki, iki oğlu olub. Onun həyatını araşdırdım. 1967-ci ildə çıxan ”Türkiyə mühəndislər xəbərləri”nin bir sayını tapdım. Ondan sonra digər sayını tapdım, bunun şəklini gördüm, tərcümeyi-halına rast gəldim.

– Bu kim olub?

– Bu, Həsən bəyin sonuncu övladı olub. O, 1915-ci ildə Riqa Politexnik İnstitutuna daxil olub. Özü də atasının adına təsis olunmuş təqaüdlə təhsil alıb.

1917-ci ildə bolşeviklər gəldi, çar Rusiyası ərazisində milli münasibətlər kəskinləşdi. Səfvət də təhsilini yarımçıq qoyub Bakıya qayıdır. Bakıda bir gənc olaraq, Həsən bəyin övladı olaraq cümhuriyyət quruculuğu prosesində iştirak edir. Əlimərdan bəy bunun yeznəsi idi axı. Əlimərdan bəy Paris Sülh Konfransına gedən nümayəndə heyətinin tərkibində Səfvət bəyi özünə köməkçi – qələm müdiri götürür.

Bilirsiniz ki, nümayəndə heyətinə Parisə getmək üçün 3-4 ay viza verilmir. Səfvəti Parisə buraxmırlar və o qalıb bizim səfarətxanada çalışır. Hənifə xanımın oğluna, oğlunun anasının məktubu var. Səfvət anasına yazır ki, mən AXC hökumətinin xaricə oxumağa göndərdiyi 100 tələbənin sırasında olmaq istədim, amma imkan vermədilər. Əslində Həsən bəy Zərdabinin oğluna kim imkan verməyə bilərdi? Sadəcə, Səfvət Zərdabi Paris Sülh Konfransına gedəcək nümayəndə heyətinin tərkibində olduğu üçün, orada səfarətxanada çalışdığına görə tələbə ola bilməzdi.

Hənifə xanım 1921-ci ildə Azərbaycan SSR Xalq Maarif Komissarı Dadaş Bünyadzadəyə bir məktub yazır. Bildirir ki, mənim oğlum Səfvət Zərdabi burda deyil, Konstantinopoldadır. Onun ali təhsil almasına yardım edin.

Beləliklə, Səfvət Zərdabi Bakıya gəlir və 1923-cü ilədək burada qalır. Onu Almaniyaya təhsil almağa göndərirlər. Almaniyada yüksək mühəndis ixtisasına yiyələnir. 1927-ci Türkiyəyə gəlir və daha Azərbaycana qayıtmır. Deyirlər ki, Bakıda artıq bolşeviklər hakimiyyətdədir və milli adamları həbs edirlər, təqiblərə məruz qoyurlar. Həm də Əlimərdan bəy Topçubaşov da onun yeznəsidir. Hələ Həsən bəy Zərdabiyə də münasibət tam bəlli deyil. Səfvət bəy bunları nəzərə alaraq qayıtmır və orada Türkiyə Mühəndislər Dərnəyinin qurucularından olur. Ankaranın ən məşhur binalarının layihələndirilməsində iştirak edir. Biz sonradan axtarıb tapdıq ki, Türkiyə Memarlar Muzeyində onun fotosu var.

Səfvət bəy həm də bizim mühacirət mətbuatının yazarlarından biri olub. Bu adam atasının yolunun davam etdirib, publisist olub. Mən onun 10 məqaləsini tapdım. Hətta “Mücahid” dərgisində bir müddət redaktor kimi çalışıb. Türkiyədə Nəsihə adlı bir xanımla ailə qurub. Sonradan onun 1976-ci ildə dünyasını öyrəndik. Biz Səfvət bəyin məzarının harada olduğunu bilə bilmirik.

1960-cı illərdə SSRİ ilə Türkiyə arasında münasibətlər yaxşılaşmağa doğru getdi. Nümayəndə heyətləri səfərləri başlamışdı. Deyilənı görə o zaman Abbas Zamanov Türkiyəyə gedib Səfvət bəyi tapıb. Abbas Zamanov hətta ona Azərbaycana dönməyi də təklif edib. Deyib, yox, daha dönmək istəmirəm.

Bundan əlavə, 1990-cı illərədək Bakıda Tofiq bəyin qızı, Həsən bəy Zərdabinin nəvəsi yaşayıb. Onun adı Fatma Məlikova-Zərdabi olub. Mən arxivdən Fatma xanımın doğma bibisi, Əlimərdan bəy Topşubaşovun həyat yoldaşı Pəri xanıma yazdığı məktubunu tapdım.

Bizim görkəmli yazıçımız Əzizə Cəfərzadə Türkiyəyə çox gedib-gəlib. Fatma xanım yazır ki, Əzizə xanım mənə sizin məktubunuzu verib. Mən bilmək istəyirəm ki, siz Həsən bəy Zərdabinin nəyisiniz? Siz kimin qızısınız? Mənim bildiyimə görə Əlimərdan bəy Topçubaşovla bibim Pəri xanımın övladları Sevər, Ənvər olub. Mən burda Həsən bəy Zərdabinin sağ qalan yeganə nəvəsiyəm.

Məktubda yazır ki, məni əmim Səfvət bəyin taleyi məni maraqlandırır. 1970-ci ilədək biz onunla əlaqə qurmuşuq, məktublaşmışıq. Ancaq son illərdə nə onun özündən, nə də həyat yoldaşından xəbər yoxdur. Əgər bilirsinizsə, xahiş edirəm mənə əmimlə əlaqə qurmağa yardımçı olun. Yəni, belə bir məktub var. Mən həmin məktubun əslini çap etmişəm. Demək, əlaqələr var imiş.

İndi məsələ ondadır ki, biz gərək bəstəkar Rauf Hacıyevin şəxsi arxivinə girək, çünki dediyim kimi Rauf Hacıyev Qəribsoltan xanımın oğulluğu idi. Onların çox ciddi yazışmaları olub. Mən bir neçə dəfə getdim ki, bəstəkarların arxivlərinin harada olduğunu tapım. Bir nəticə əldə edə bilmədim.

Məsələ ondadır ki, Səfvət bəy çox fərqli fikrin, fərqli millətçi ideologiyanın sahibi olub. Liberal dünyagörüşünə sahib olmayıb. Buna görə də tədqiqatlardan çox kənarda qalıb.

Səxavət Həmid: Akif bəy, “Əkinçi” qəzetinin yaradıldığı dövrdə ictimai-siyasi vəziyyət necə idi?

– “Əkinçi” qəzetinin yaradıldığı dövr milli burjuaziyanın yeni formalaşma dönəmi idi. Bakıda artıq ABŞ-ın, Avropa dövlətlərinin neft şirkətləri artıq oturuşmağa başlamışdılar. Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev yeni-yeni gəlirdilər. Milli burjuaziyanın formalaşması üçün də milli təsisatlar lazım idi. Mətbuat da milli təsisatın bir elementi idi.

Biz Həsən bəy Zərdabini bir obraz kimi götürürük. Ancaq həmin dönəmdə qəzet açılması, teatrın yaradılması və sair təsisatlar üçün ictimai sifariş mövcud idi. Çünki milli burjuaziya həm teatra, həm də qəzetlərə sərmayə qoyurdu. “Həyat” qəzeti kimin idi? Bu qəzeti maliyyələşdirən Hacı Zeynalabdin Tağıyev idi. Yaxud Həsən bəy Zərdabinin Zədabdan sürgündən qurtulub Bakıya gəlməsini təşkil edən milli burjuaziyamızın nümayəndələri idi. Onlar da burada öz milli maraqlarını təmin etmək üçün milli təsisatları quracaq insanlara şərait yaradırdılar.

Məsələn, Hacı Zeynalabdin Tağıyevin evinin üst mərtəbəsində Həsən bəy Zərdabi yaşayırdı. Bu mülk Hacı Zeynalabdin Tağıyevin idi. Gör ona nə qədər dəyər verirdi ki, evinin üst qatını ona vermişdi. Fakt bundan ibarətdir.

Digər fakt bundan ibarətdir ki, 1905-ci ildə erməni-müsəlman qırğınlarında mərkəzi mətbuat və ermənilərin əlində olan mətbuat orqanları həmin bu qırğınlarda azərbaycanlıları günahlandırmağa başlayır. Halbuki qırğını başlayan da, onu aparan da ermənilər olub. Belə olan təqdirdə Hacı Zeynalabdin Tağıyev Həsən bəy Zərdabini, Əhməd bəy Ağaoğlunu, Əli bəy Hüseynzadəni və həmin dönəmdə çalışan mütərəqqi fikir sahiblərini bir araya gətirir. Deyir ki, siz də qəzet açın. Deyirlər necə açaq? Gərək Peterburqdan icazə verilsin. Artıq onun maliyyəsi hesabına və çarın xanımına olan iltifatına görə ona icazə verildi. Vorontsov-Daşkov Qafqaz canişini olandan sonra “Həyat” qəzetinin nəşrinə icazə verildi. Ancaq qəzetin 5-6 nömrəsi qeyri-leqal çıxmışdı. Şifahi şəkildə razılıq alınmışdı. Yəni, bu razılığı Həsən bəy Zərdabi almırdı ki…

Təbii ki, bu razılığı həmin dönəmdə milli burjuaziyanın nümayəndələri alırdı. Onlar azərbaycanlılara qarşı aparılan təbliğata qon qoyulmasını istəyirdilər. Çünki ermənilərin əsas məqsədlərindən biri Bakıya bütünlüklə sahib olmaqdan ibarət idi. Onlar başa düşürdülər ki, Bakının neft ehtiyatlarının hamısına sahib olmaq üçün azərbaycanlıları buradan çıxarmaq lazımdır.

Əhməd bəy Ağaoğlu bununla əlaqədar olaraq Peterburqa getmişdi. Bakı kəndlərinin köçürülməsi məsələsi var idi. Çünki Bakı kəndləri köçürüləndə neft ermənilərə və digər xalqlara qalırdı. Bizim milli burjuaziyamız buna razı olardımı? Təbii ki, idrak sahibləri, millət fədailəri bütün imkanlarını buna sərf edirdilər.

– Qəzetdə siyasi məsələlərə toxunmaq nə dərəcədə mümkün olurdu?

– “Əkinçi” elə siyasi səbəblər üzündən bağlandı. Həmin vaxt rus-türk müharibəsi başlamışdı. Camaat müharibəyə dair xəbərlərin dərcini istəyirdi. Müharibə xəbərlərinin dərcinə də imkan vermirdilər. Hətta dövlət teleqrafı ilə gələn savaş xəbərlərin “Əkinçi”də dərcinə imkan vermirdilər. Çünki burada artıq milli ruh yüksəlirdi. Artıq ruhanilər məscidlərdə gizli şəkildə yığışırdı, üzdə Rusiyaya xeyir-dua verirdilərsə, alt yapıda, gizli şəkildə Osmanlının bu müharibədə udmasını istəyirdilər. Ona görə də imkan vermirdilər ki, savaş xəbərləri orada getsin. Savaş xəbərləri verməyəndə isə qəzetin oxucusu azaldı.

Həsən bəy özü yazır ki, bizim 400 nəfər oxucumuz var idi və həmin 400 nəfərin çoxu üçün maraq kəsb edən informasiyalar olmadığı üçün biz oxucusuz qaldıq.

Zümrüd Kərimova: “Əkinçi” qəzetində işləyənlərin şəxsiyyəti ilə bağlı maraqlı detallar varmı?

– Biz qəzetimizin redaksiyasında mətbuat muzeyi yaratmışıq. Orda mətbuatımızın bütün dövrlərini əks etdirən fotolar, orijinal sənədlər, qəzetlər var. Orada bir foto var – “Əkinçi”lər.

Təbii ki, “Əkinçi”lərin kimliyi ilə bağlı yazılıb. Məsələn, Əsgər ağa Gorani, Əhsənül Qəvaid, Nəcəf bəy Vəzirov. Nəcəf bəy həmin vaxt Moskvada idi, Moskvadan yazırdı. Yəni, belə bir “Əkinçi”lər nəsli yetişdi.

“Əkinçi”nin ən böyük önəmi nədir? Bu gün biz mətbuatda nəyi müzakirə edirik? Mətbuatda müxtəlif fikirliliyin olmamasını, düzdür? İndi baxın ki, “Əkinçi” təzəcə yaranıb, tərtibaçısı yox, korrektoru yox, yazanı yox. Amma o nə edirdi? Bir tərəfdən şaxsey-vaxsey oxumağın, şəbih tamaşalarının xeyrinə olan, digər tərəfdən isə növbəti sayda onu tənqid edən yazılar verirdi. Bu, müxtəlif fikirlilik deyilmi? Biz Qərb mətbuatı deyirik və onun arxasınca düşürük. Qərb mətbuat tipi bu deyil? Bizim üçün onun əsasını Həsən bəy Zərdabi qoyub. Bu örnəyi yaradıb.

Bundan əlavə biz hazırda bəzən istinadlar olmadığını deyirik. “Əkinçi”nin bütün nömrələri tam transliterasiya edilərək 2 dəfə çap olunub. Baxın, orada bütün qəzetlərə istinad verilib. Türkiyə qəzetinə, Rusiya qəzetlərinə istinadlar var. Məlumat haradan alınıbsa, ora istinadlar var. Bu, istinadlar jurnalistikanın bir peşə kimi mədəniyyəti deyilmi? Yəni, “Əkinçi”lərlə bağlı bu cür məqamlar var.

Onu da deyim ki, biz “Əkinçi” qəzetini tədqiq etdiyimizi düşünürük. Ancaq o qədər də tədqiq etməmişik. Biz Həsən bəy Zərdabini yoxsul bir adam kimi təqdim edirik. O necə yoxsul oldu ki, Göyçay əraziləri onun babası Rəhim bəyin, atası Səlim bəyin mülkü idi.

Torpaq sahələri var idi. Yəni, onun əsli-nəsli kifayət qədər tanınan, imkanlı insanlar olub. Həsən bəyin yoxsullaşmış, imkansız bəy ailəsi olmasına dair səslənən fikirlər yalandır.

Onun atasının oğlunu Tiflisdə oxutmağa imkanı var idi. Moskvada təhsil xərcləri də az deyildi. Arxivdə sənədlər var. Biz yenidən Həsən bəy Zərdabiyə qiymət verəndə ona yoxsul insan kimi qiymət verməməliyik. Bu, sovet ideologiyasının gətirdiyi şeylər idi.

Bir daha deyirəm, Həsən bəy yoxsul insan deyildi. Sadəcə, pulunu-parasını millət yolunda fəda edən bir şəxsiyyət idi. Onun bir quru taxtın üstündə dünyasını dəyişdiyini, ac gəlib-ac getdiyini deyirlər. Həsən bəyin dəfnində çoxlu sözlər deyilib. O sözlərin ən təsirlisini Əhməd bəy Ağaoğlu deyib. Deyib ki, ey müqəddəs ruh, sən indi bu bədəndən ayrılıb bizim babalarımızın, əcdadlarımızın yanına gedirsən. Həmin babalarımızı, əcdadlarımızı gör, onların yaxasından tut ki, bizə nə məmləkət qoydunuz.

Onu da deyim ki, Həsən bəy ömrünün sonlarında “Kaspi” qəzetinin redaksiyasına gedirdi. Skeleroz xəstəliyinə tutulmuşdu. Yaddaşında problemlər yaranmışdı. Onu son dönəmlərdə Bakı Şəhər Dumasına seçməmişdilər. Ancaq o elə bilirdi ki, dumanın üzvüdür. Ailə üzvləri də ona deyə bilmirdilər ki, o artıq dumanın üzvü deyil. Ancaq o geyinib-keçinir, deyirdi ki, mən dumaya gedirəm. Amma “Kaspi”nin redaksiyasına gedib orada yazılarla, redaktə işi ilə məşğul olurdu.

Həsən bəy Zərdabi böyük şəxsiyyətdir. Azərbaycanın böyük bir erası onunla başlayıb. Birmənalı olaraq demək mümkündür ki, Azərbaycanda cəmiyyətin, ictimai fikrin formalaşması, dövlət quruluşunda, idarəetmə sistemində ən mütərəqqi cəhətlər, bizim bir millət olaraq millətlərin cərgəsinə qatılmağımız, inkişafımız bilavasitə Azərbaycanda jurnalistika ilə bağlı olub. Azərbaycanda dövlət olmayanda yenə dövlət funksiyasını jurnalistlərimiz – Həsən bəy Zərdabilər icra edib. Teatrı, xeyriyyə cəmiyyətini onlar yaradıb. Ermənilərə qarşı onlar döyüşüb. Torpağı yenə də onlar öz qələmi ilə qoruyublar. Bu işlərin də başında Həsən bəy dayanır.
Teleqraf. com
Müəllif: Səxavət Həmid

Mənbə: Babək Cəfərov



Tərtibçi:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

AĞAYANA SÖZ – SEYRAN SƏXAVƏT SÖZÜ

Özü, sözü ağayana Seyran Səxavət.

ÖZÜ, SÖZÜ AĞAYANA SEYRAN SƏXAVƏT – 75

Söz halallıqdır. Söz dəyərdir… Söz hikmətdir… Bu gün ilahidən gələn hikmətin – Sözünün  halallığını ən uca dəyər kimi qoruya bilən və öz şəxsində dəyər anlayışını bütövləşdirən Seyran Səxavət müdriklik nərdivanının 75-ci məqamından yaşadıqlarına nəzər salır. Zirvədən yaşananlara boylananda geridə işıqlı bir cığır açmağı, şərəfli bir yol salmağı adamın bərqərar olduğu məqamı bir az da ucaldır. Düşünürsən ki, bütün maddi yoxluqlara, mənəvi əngəllərə rəğmən alın açıqlığı ilə bu uzunluqda yol qət eləyə bilmişəmsə, demək ki, yaşamağa dəyər… Və bu gün o yolun enişini, yoxuşunu, çalasını, çökəyini, cəfasını, səfasını xatırlayanda vicdanın başının altındakı qu tükündən balış kimi Səni dinləndirir, ruhuna rahatlıq gətirirsə, demək ki, yaşananlara da dəyər.

Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır, yaşlanır. Amma yaşa dolduqca kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur… Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Seyran Səxavət məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, xalqının – millətinin, məmləkətinin Haqq səsi olan, şərəfli ömrünü fədakarlıqla cəmiyyətinin maariflənməsinə həsr edən vətəndaş ziyalı…

Qələminin yazdığı hər bir əsər də elə bu böyük İnsanın özü kimi mənəvi işığa körpü olmaq üçün hesablanıb sanki…

Təəssüflər olsun ki, “biz indi diş məcunundan tutmuş qəbir daşına kimi hər şeyin reklam olunduğu bir zəmanədə yaşayırıq. Ona görə də bu mexanikiləşmiş, robotlaşmış bir dövrdə” ümumiyyətlə, dəyər anlayışını – mənəviyyatı, sevgini, saflığı, əxlaqı, vicdanı, doğrunu, istedadı, bütün korşalmış, aşınmış hissləri, duyğuları və s. təbliğ etmək lazımdı. O hissləri, həqiqətən də, təbliğ eləməyin vaxtıdı. Yoxsa, bir də görəcəyik ki, hamısını tamamən unutmuşuq.

Seyran Səxavət unutduğumuz bütün dəyərlərimizi, tariximizi, milli kimliyimizi, keçmişimizi əsərləri vasitəsilə oxuculara çatdıran maarifpərvər bir yazıçıdır. Ədibin həm “Nekroloq”, “Yəhudi əlifbası”, “Daş evlər”, “Qaçhaqaç” “Palıd toxumu” kimi irihəcmli romanları, həm də “Qızıl teşt”, “Sanatoriya”, “Ocaq daşı”, “Bir stəkan hava”, “Gözü işığa düşmüş adam”, “Dar köynək”, “Qapıların o üzündə qalan dünya”, “Ağrı” və s. kimi povestləri, eləcə də “İt intervüsü”,   insanın ruhən paklaşması, mənəvi-əxlaqi cəhətdən kamilləşməsinə həsr olunmuş ümumbəşəri problemləri özündə əks etdirir.

Seyran Səxavətin qələminin orijinallığı həm də ondadır ki, o əsərlərində qoyduğu özünüdərk problemini, əxlaqi dəyər anlayışını təkcə insan cəmiyyətinin – insan həqiqətlərinin fonunda deyil, o cümlədən, heyvan əxlaqı ilə müqayisədə  təsvir edir.

  Hələ XIX əsrdə fransız yazıçısı Balzak özünün məşhur “Bəşəri komediyası”nın giriş sözündə yazırdı ki, bu əsərin ideyası insanlarla heyvanların müqayisəsindən yaranıb. O deyirdi ki, cəmiyyət də təbiət kimi rəngarəngdi. Soldatın, fəhlənin, alimin, dənizçinin, dilənçinin, şairin, keşişin biri-birindən fərqi şirin, canavarın, qarğanın, köpək balığının, maralın bir-biriylə fərqindən heç də az deyil. Amma Balzakın dediyi kimi, heyvanlar aləmindəki müxtəlifliyə təbiət müəyyən sərhədlər qoysa da, cəmiyyət insanlar üçün o sərhədləri qoruyub saxlaya bilmir.

Quranı, İncili, Tövratı, dövlət konstitusiyasını, cinayət məcəlləsini  əzbər bilən Adəm övladı cəmiyyətin insan üçün müəyyənləşdirdiyi davranış qaydalarına qətiyyən riayət etmir. İnsanlardan fərqli olaraq heyvanların nə öz konstitusiyası, nə də cinayət məcəlləsi var. Cəmiyyətin yazılmış qanunlarına insanlar riayət eləməsə də, təbiətin yazılmamış qanunlarına bütün heyvanlar riayət eləyir.

Robert Hayndın “Heyvanların davranışı” əsərində bütün faunanın – qarışqasından filinəcən, istisnasız olaraq heyvanların hamısının davranış qaydaları – hansı situasiyada necə hərəkət etdiyi təsvir olunur. Yəni, bu kitabı oxuyan adam hər hansı bir heyvanla, məsələn, fillə  qarşılaşsa, xortumunun və qulaqlarının hərəkətindən onun qorxduğunu və ya qəzəbləndiyini hiss edə bilər. Çünki təbiətin heyvanlara qoyduğu qaydaları heç bir heyvan dəyişməyə cəhd etmir, otyeyən heyvan heç vaxt ət yemir və s. Amma gəlin diqqətimizi insanlara yönəldək: dünən topluma özünü quzu kimi sırıyan adam bu gün canavara dönüb onların qanını içir, sabah dovşan kimi qaçıb aradan çıxır.

 İnsan cəmiyyəti ilə heyvanlar aləmi arasındakı müqayisəyə gəlməz dərəcədə böyük olan bu kimi uçurumları Seyran Səxavətin əsərlərindəki zoomorfik obrazların timsalında müşahidə etmək mümkündür. Bu baxımdan yazıçının “İt intervüsü” hekayəsi sözün həqiqi mənasında fəlsəfi pritça təsiri bağışlayır. “İt intervüsü” hekayəsi bütövlükdə Azərbaycan nəsrində yeni və cəsarətli bədii fikrə qoyulmuş söz abidəsidir. Əsərdə “it dilini bilən” jurnalistlə it arasında gedən davamlı dialoqlarda “it həqiqəti” ilə “adam həqiqəti” arasındakı münasibətlər bütün çılpaqlığı ilə ortaya qoyulur. Və itin verdiyi cavablar insanın indiki durumunu, hardan hara gəldiyini, mənfi vərdişlərini, insan cəmiyyətinin faciə qarşısında dayandığını yumoristik dillə gözlərimiz önündə canlandırır. Müxbirin “Adamlara münasibətiniz” sualına itin verdiyi cavablar oxucunu həm güldürür, həm də düşündürür. İt “Adamlar qudurub” – deyə cavab verir.

  • Axı qudurmaq it peşəsidir. İt qudurar, adam yox.
  • Qudurmuş adam qudurmuş itdən min dəfə quduz olur. Biz itlər tək-tük qudururuq. Siz isə… bir də gördün bir ölkənin adamları qudurdu, cumdu o biri ölkənin üstünə. Siz bizi də aldatmısınız. Biz canavar nəslindənik. Qabağımıza sür-sümük atdınız, öyrəşdirdiniz özünüzə. Sonra da yiyə durmadınız, saldınız bizi çöllərə. Yal verdiniz. Biz də başladıq yala hürməyə. Yala hürə-hürə qurd oğlu qurd dönüb oldu it oğlu it”.

Bu cavab tərs şillə kimi adamın üzünə dəyir. Bəxtiyar Vahabzadə Seyran Səxavətin bu hekayəsi ilə bağlı təəssüratlarını “Ədəbiyyat” qəzetində “Oxudum, heyran oldum” başlıqlı məqaləsində belə ifadə edir: “Axı it düzünü deyir: itin əcdadı, doğrudan da, qurd idi. Bəs necə oldu ki, it öz qurd babasını inkar edib itə döndü? Bəli, insanlar qurdu yala öyrədib onun qurdluğunu, mərdliyini əlindən aldı. Düşündükcə adamı dəhşət götürür. Və bu sətirlərin arxasında çox məchullar məluma dönür. İkinci tərəfdən insanın quduzu itin quduzundan daha qorxulu deyilmi? Bir itin qudurması o qədər dəhşətli deyil,  vay o günə ki, bütöv bir millət qudurub başqa bir millətin dədə-baba torpaqlarına sahib çıxa”.

Sonrakı səhifələrdə it insana xas olan eybəcər sifətləri – yaltaqlığı, oğurluğu, tamahkarlığı çox kəskin və ibrətamiz faktlarla lənətləyir. İt sözünə davam edir:

– Burun iy bilmək üçündür, qulaq eşitmək üçün. Ayaqlar təhlükədən qaçmaq üçündür. Bəs quyruq nə üçündür? –sualına özü cavab verir.

– Quyruq da bulamaq üçündür. Mən itəm quyruğumu bulayıram, ay adam, sənin ki, quyruğun yoxdur. Sən niyə olmayan quyruğunu bulayırsan?.

 “İtin həqiqətində” adamın ikili xislətinin, daha doğrusu, onun insana çevrilməsini əngəlləyən dağıdıcı təbiətin naqislikləri açıqlanır. İtin açıqlamasında qrotesk səviyyəsinə qaldırılmış bir acı və yandırıcı sarkazm duyulmaqdadır: “İndiki itlər oğurluq eləmir ee, sümsünür. İndi özün de, hansı görkəmli oğrudu, – it yoxsa adam? Canavar hər şeyi təbiətdən öyrənir, it isə adamdan… Əgər itlər adamların tökdüyünün hamısını götürsəydi, -adamxasiyyət, adamxislət olsaydılar, dünya çoxdan dağılmışdı. İt olduğuma görə demirəm, bu mənim it həqiqətimdi”.

Yazıçının quyruq məsələsinə münasibəti də ibrətamiz və düşündürücüdür. İtin öz sahibi qarşısında quyruq bulaması bu həssas və kövrək məxluqun instiktiv vərdişlərindəndir. “Mən itəm, quyruğum var, bulayıram, sənin ki, quyruğun yoxdur, sən niyə olmayan quyruğunu bulayırsan, həə, ay adam? Quyruq bulayan it də, yaltaq adam da eyni şeydi, ikisi də nəfsinin quludu. Nəfs itin ancaq quyruğunu tərpədirsə, adam çönüb olur bütöv bir quyruq, yəni adam şəklindən çıxır” – deməklə it adamlıqdan çıxmağın ağır mənəvi fəsadlarını dilə gətirmiş olur.

Əsər boyu yazıçının üslubunda diqqəti cəlb edən lakonizm fikri ifadə etmək üçün istifadə etdiyi boyaların rəngarəngliyi, fikir zənginliyi, sözlərin assosiativ məna çalarlarının bolluğu “İt intervüsü” hekayəsini, ümumiyyətlə, bədii nəsrin çox böyük uğurlarından biri kimi qiymətləndirməyə əsas verir.

Mərhum professor Mürşüd Məmmədli yazırdı ki: “Əgər bu əsər P.Koelyo, X.Borxes və yaxud dünya ədəbiyyatının digər nümayəndələrindən biri tərəfindən yazılsaydı, gerçəkliyə postmodernist baxışın tərəfdarları onu çoxdan bütün dövrlərin unikal bədii şedevrlərindən biri hesab edərdilər”.

  Seyran Səxavət sosial-psixoloji təhlilin dərinliyi, bədii psixoloji məqam və momentlərə xüsusi diqqət yetirməsi ilə öz oxucu auditoriyasını daim      genişləndirməkdə və zənginləşdirməkdədir. Sənət əsərinin psixoloji və bədii əhəmiyyətinin vacibliyini dərk edən müəllif əsərlərində dərin psixologizmə, psixoloji təhlilə böyük əhəmiyyət və yer verir.

Çox təssüflər olsun ki, Mirzə Fətəli Axundzadənin, Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, İsmayıl Şıxlının, İsa Muğannanın, Yusif Səmədoğlunun, Vaqif Sultanlının, eləcə də Seyran Səxavətin insanın özünüdərki, milli-mənəvi yaddaş məsələsi, cəmiyyətdə özgələşmə, yadlaşma, şəxsiyyətin deformasiyası problemi və s. mövzularda əsərlər yazmasından illər keçməsinə baxmayaraq cəmiyyət hələ də irəliyə, inkişafa doğru heç bir addım atmamış, mövcud sosial-siyasi problemlər öz aktuallığını qoruyub-saxlamış, hələ də öz həllini tapmamışdır. Toplumun içində yaltaqlığın lirikası olan yalan və qorxaqlıq, zülm və ədalətsizlik hökm sürməkdədir. Əsarətdə olan insanların getdikcə yaddaşsızlaşdığını, yaddaşsızlaşan insanın manqurtlaşmaq təhlükəsi gözlədiyini, manqurtlaşan insanın isə tamamən Vətən, millət və mənəviyyat duyğusundan uzaqlaşdığını, milli düşüncəsi olmayan millətin isə ölü millət olduğunu vurğulayan yazıçılar əsərləri vasitəsilə insanları özünüdərkə çağırır.

Katarsis nəzəriyyəsini Aristotel antik faciələrin təsiri ilə tamaşaçıların ruhən təmizlənməsi prosesi kimi səciyyələndirmişdir. Daha geniş mənada, katarsis real həyatda istər ayrı – ayrı insanların, istərsə də cəmiyyətin milli əzablardan, sarsıntılardan keçib öz günahlarını – tarixi səhvlərini dərk edib ruhən saflaşması, təmizlənməsi, durulması prosesidir. Əslində, hər bir şəxsin mənəvi yüksəlişində və ya milli intibahın kökündə bir katarsis vardır. Böyük elmi kəşflər, böyük sənət əsərləri, əslində, katarsisin məhsulu olan böyük ehtirasların təzahürləridir. Hər hansı bir şəxs və ya millət əzablı yollar keçib səbəb və nəticələri dərindən dərk etmirsə, günahları və səhvləri səmimi etiraf etmirsə, o, katarsisə yetişmir və nəticədə yeni – yeni sarsıntılara məruz qalır.

Ədəbiyyat, vicdanlı yazıçı, şair cəmiyyətə sadəcə olaraq xəbərdarlıq etməyi və düzgün olan yolu göstərməyi bacarır. Əgər ziyalıların, yazıçıların həyəcan siqnalı eşidilmirsə, yaxud eşidilib etinasızcasına qulaqardına vurulursa, bu artıq yazıçının yox, cəmiyyətin günahıdır.

Biz ayna bizi çirkin göstərəndə özümüzü – eyiblərimizi düzəltmək əvəzinə aynaları sındıran adamlarıq, Ustad!…

Bizi məzur qıl…

Bir gün nə zamansa Səni anlayacağıq, mütləq anlayacağıq… Sən yaz… Yaz ki, yolumuzu itirəndə korafəhim səndələməyək, gözümüzə işıq gəlsin… Qələmin yolumuza çıraq olsun!

Sən Özün Sözün böyüklükdə Dəyərsən, Ustad!

Dediklərin Söz bizə əmanətdir – Tanrının əmanəti…

Yaxşı ki, Varsan, Ustad! Yüz yaşa! Var ol!

Bütün qəlbimlə inanıram ki, Səni dinləyəndə – anlayanda Biz təmizlənəcəyik…

Xəstə təfəkkürləri ciddi ədəbiyyatın sağalda biləcəyini anlaya bilsək, Biz təmizlənəcəyik…

“İt həqiqətləri” ilə “adam həqiqətləri” arasındakı sərhəddi aşa bilsək, Biz təmizlənəcəyik…

Biz o müqəddəs yola – Aydınlığa, aydınlanmağa doğru gedirik.

Biz Səni anlayanda, Səndən keçib durulanda Həqiqətə çatacağıq, Ustad! Yolumuz Aydınlanacaq…

Yolumuzun başında Sən varsan, Səndən keçib durulacağıq, Ustad!

Yolçu yolda gərək!

Yolumuz aydın olsun!

Xəyalə Zərrabqızı – alim, yazar.



Müəllif: Xəyalə ZƏRRABQIZI

filologiya üzrə fəlsəfə doktoru.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Qurban Bayramov – “Erməni məsələsi” ədəbi-bədii müstəvidə…

Qurban Bayramov – Professor, ədəbiyyatşünas-tənqidçi.


“Erməni məsələsi” ədəbi-bədii müstəvidə…

“Erməni məsələsi” və bu məsələ ilə bağlı Azərbaycan ədəbiyyatında əksini tapan mövzuların təşəkkülü, tarixi və təkamül mərhələlri, demək olar ki, elmi şəkildə dəyərincə öyrənilməyib, əlahiddə tədqiqat mövzusuna çevrilməyibdir. Bu sahədə də “ləngimişik” və ya da məsələni sovet dövrünün “xalqlar dostluğu” ideoloji prinsiplərinə uyğun tərzdə, təhriflə öyrənmişik…
Amma, bizdən fərqli olaraq Erməni diasporunun təhriki və millətçi-şovnist erməni ziyalıları tərəfində körükləndirilərək alovlandırılan və böyük qarşıdurmalarla, qırğınlarla, müharibələrlə, faciələrlə nəticələnən erməni-türk qarşıdurması Erməni ədəbiyyatında geniş şəkildə öz əksini tapmışdır…
Son illərdəki hadisələrin təsiri ilə bu məsələ bizim bədii və ədəbi düşüncəmizin diqqət mərkəzindədir…
Məlumdur ki, bədii sözün təsiri olduqca qüvvətlidir və bundan erməni şovnist yazarları məkrlə dolu məharətlə istifadə etmiş və yararlanmışlar. Təkcə, son mərhələdə, lap sovet dövründə erməni xalqını bəd əməllərə sövq edən Zori Balayanların, Silva Kapitukyanların, Aqambekyanların yazılarını, əsərlərini, çıxışlarını xatırladası olsaq, məncə kifayət edər…
Həmin mərhələdə biz bunların yalan üzərində qurulmuş “ədəbi təxribatlarına” qarşı mükəmməl bir əsər qoya bildikmi?.. Qətiyyən yox! Çünki, həm buna imkan verilmirdi, həm də keçən əsrin 37-sinin yaratdığı xof dumanı ədəbi-bədii beyinləri çuğlamışdı… 
Bunun başqa bir sosial-milli mahiyyəti də bundan ibarət idi ki, biz heç kimi düşmən hesab etməmişik, heç kəsin torpağında, əmlakında gözümüz olmayıb, içimizdə yaşayan ermənilərin zaman-zaman baş qaldıran xəyanətkar hərəkətlərinə isə ötəri yanaşmış, “it hürər, karvan keçər” prinsipini mülayimliklə, saymazyana qəbul etmiş, ədəbiyyatımızda da erməni-türk münasibətlərini üzun illər yumşaldıb, humanizm və beynəlmiləlçilik mövqeyindən təqdim etməyə çalışmışıq… Türk qövmünə məxsus biganəçilik də buna az təsir etməmişdir…
“Erməni məsələsi” mövzusu Azərbaycan ədəbiyyatında üç streotip istıqamətdə olmuşdur:
1. Poeziyanın yaşı digər ədəbi janrlara nisbətən ədəbiyyatımızda daha qədimdir. Şeirimizdə xristian əsilli gözəllərə həsr edilmiş, onların gözəlliyini vəsf edən şeirlər olmuşdur. Bu şeirlərin əksəriyyəti erməni qızlarına, bir qismi də gürcü qzlarına həsr edilmişdir. İmadəddin Nəsimidən tutmuş, M.P.Vaqif, A.A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundzadənin, S.Ə.Şirvani, M.H.Şəhriyara qədər sənətkarlarımızın erməni-gürcü gözəllərinə yazdıqları gözəl qəzəl, müxəmməs, qoşmalar bədii faktlardandır… Bu motivin əsas mahiyyətini və cövhərini ehtiva edən aşağıdakı bu bəndlər bariz nümunədir:
XIX əsr, S.Ə.Şirvani:

Yıxıldım, huşdən getdim, tutuldu nitq Musa tək,
Təcəlla nurunu çün vadiyi-Sinadə gördüm.
Müsəlmanzadə idim, döndüm axır bütpərəst oldum,
Məhəmməd nurunu çün ol büti-zibadə gördüm.

XX əsr, S.M.Şəhriyar: 

Getmə tərsa balası mən də sənə sayə gəlim,
Damənindən yapışım mən də kəlisaya gəl.
Ya sən islamı qəbul eylə mənim dinimə gəl,
Ya da təlim elə mən məzhəbi – İsaya gəlim

…Yox sənəm! Anlamadım, anlamadım, haşa mən,
Buraxım məscidimi, sənlə kəlisayə gəlim?
Gəl çıxaq ture-təcəllayə, sən ol celveye-tur,
Mən də Musa kimi, o turə təcəllayə gəlim.

2. Azərbaycan məhəbbət dastanları sırasında “Əsli və Kərəm” mövzu modeli sonra yazılı ədəbiyyatda “Bahadır və Sona” povestinin, “Şeyx Sənan” dramının, “Mahmud və Məryəm” romanının və digər bu qəbildən əsərlərin əsasını təşkil etdi… Bu tipli süjet-modellərdə erməni kilsə məkrinin törətdiyi nakam məhəbbətin faciələri bədii təcəssümünü tapırdı…
3. XIX əsrin ikinci yarısından başlayaraq “erməni məsələsi” adlandırdığımz bu problem ədəbiyyatımızın müxtəlif janrlarında əksini tapıb. Bu da realist sənətin tələbindən doğurdu və içimizdə yaşayan ermənilərin müxtəlif səpgili obrazları istər-istəməz ədəbi nümunələrdə əks olunurdu. M.F.Axundzadənin “Sərgüzəşti mərdi-xəsis” (Hacı Qara) komediyasında Yüzbaşı, onun köməkçisi və yazıq erməni kəndliləri (Ohan, Sərkis, Qəhrəman, Karapet, Mkrtıç və Arakel sürətləri daxildir. Onlardan Ohan, Sərkis, Karapet ermənilərdən düzəlmiş sərhəd-gömrük qaravulları, Mkrtıç və Arakel isə adi əkinçilərdir), həmiçinin “Aldanmış Kəvakib” povestindəki motiv, N.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasında Qıdı kirvə, C.Məmmədquluzadənin “Kamança” pyesində kamançaçı Baxış, “Usta Zeynal” hekayəsində Muğdusi Akop obrazları, eləcə də felyotonlarda, xüsusən yazıçının “Erməni və müsəlman övrətləri” başlıqlı silsiləsində, Ü.Hacıbəylinin, Ə.Haqverdiyevin ədəbi publisistikasında, yuxarıda adını çəkdiyimiz N.Nərimanovun “Bahadır və Sona” romanında və başqa əsərlərdə ermənilərə məxsus qorxaqlıq, hiyləgərlik, xəbislik kimi xasiyyətlər kövrək şəkildə, üstörtülü bildirilsə də, onların xarakterləri humanist mövqedən, maarifçilik ideyasına uyğun bir tərzdə öz əksini tapıbdır… 
Burada erməniyə nifrət, qəzəb, düşmənçilik hissiləri zərrə qədər də yoxdur… Bir çox hallarda, əksinə zəmanəyə uyğun erməni ayıqlığı, elmə-təhsilə münasibətləri, gördükləri işlərə asta-üsta münasibətləri nümunə kimi təqdim edilir… Hətta müsəlman din xadimlərilə, erməni keşişlərinin əməllərində, millətə münasibətlərindəki müqayisələrdə də bu cəhət qabarıq izlənilir… Bu əsərlərin qayəsində əsasən M.Ə.Sabirin “Beynəlmiləl” şeirinin ideya-estetik xətti müxtəlif mövzular siferasında inkişaf etdirilir…
Məni həmişə düşündürüb ki, niyə 1905-ci və 1920-ci illərdə ermənilərin törətdikləri qırğınlar ədəbiyyatımızda tutarlı şəkildə, bütün reallığı ilə öz əksini tapmayıbdır? Hətta Şərqdə ilk demokratik qurum olan Azərbaycan Demokratik Cümhuriyyəti dövründə də bdii ədəbiyyatın bu mövzuda mükəmməl faktı yoxdur. 
Təəccüblüdür ki, M.S.Ordubadinin “Qanlı sənələr” ədəbi-publistik tarixi-xronikal əsərini nəzərə almasaq bu ciddi milli faciə ədəbiyyatın mövzusuna çevrilməyib, heç “sandıq ədəbiyyatı”da yoxdur!!
Sonrakı mərhələ sovet dövrünə düşdü. Bu mərhələdə “Sosialist realizm” ədəbi metodunun tələblərinə uyğun olaraq ancaq “xalqlar dostluğu” ideyası tələb olunurdu. Zaqafqaziya respublikalarında müxtəlif millətlər bir yerdə yaşayırdılar, amma ən müsibətli həyatı azərbaycanlılar keçirdilər. Yeganə olaraq azərbaycanlılar dəfələrlə deportasiyaya uğradılar, Ermənistan Respublikasından böyük köçlər oldu, yenə də bu faciələri əks etdirən əsərlər yazılmadı…
Əksinə, süni xalqlar dostluğunu əks etdirən əsərlər “durna qatarına” çevrildi və əksər əsərlərdə müsbət rus, erməni, gürcü obrazları yaratmaq zərurətə və tələbə çevrildi…
Təəccüblü bu idi ki, məlum tarixi hadisələrdən bəhs edən əsərlərdə də (“Dumanlı Təbriz”, “Səttərxan” “Babək”, “Qaçaq Nəbi”) bu hərəkatlara, qəhrəmanlara xəyanət edən, öldürən, satan məlum erməni satqınlarının adları, etdikləri xəyanətlər kölgədə, gizlində qalırdı…
Təkcə bu “buzlağı” 1956-cı ildə cəsarətli yazıçı Əyyub Abbasov “Zəngəzur” romanını yazmaqla qismən yumuşalda bildi… Amma, Sovet dövründə bu mövzuda yazılan, erməni xislətini real səhnələrlə ifşa edən ilk və son roman olaraq qaldı… Müstəqillik illərində isə bu romanın Azərbaycan və rus dillərində təkrar nəşrləri isə mühüm ədəbi hadisəyə çevrildi…
Zəngəzurda ermənilərin törətdiyi qanlı qırğınları gözləri ilə görən, ağır müsibətlər yaşayan, valideynlərini, bacı-qardaşlarını, mənsub olduğu nəslin, doğulub dünyaya göz açdığı el-obasının əksər hissəsini bu qətliamlarda itirən Əyyub Abbasov bu hadisələri əks etdirən monumental, iki hissəli “Zəngəzur” romanını yazır və erməni vəhşiliyini, vandalizmini btün reallığı ilə təsvir edə bilir.
…Erməni daşnak dəstələrinin Zəngəzurda azərbaycanlılara qarşı törətdikləri qırğınlar “Zəngəzur” romanında son dərəcə ətraflı və geniş şəkildə öz əksini tapıb.
Yazıçı təkcə baş verən qırğınların bədii təsvirini verməklə kifayətlənməyib, bəzən açıq, bəzən də üstüörtülü şəkildə daşnakların məkrli siyasətinin “haradan qaynaqlandığını” ustalıqla qələmə alıb, daşnakların alçaq niyyətlərini həyata keçirməyə can atan Andronik, Karo, Njde kimilərinin mürtəce və qaniçən əməllərini ifşa edib… 
Lakin təəssüf ki, bu roman da zaman keçdikcə gizlinlərdə qalıb, lazımınca təbliğ edilməyib, təkrar nəşrinə qadağa qoyulub…
Ədəbiyyatda “erməniçilik” mövzusu və erməni xislətinin ifşasının sonrakı, özü də ən zəngin mərhələsi müstəqillik illərinə düşür. Bu dövr Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin, Dağlıq Qarabağın və ətraf rayonlarımızın – ərazimizin 20 faizinin işğalı, Xocalı soyqırımı, erməni vandalizmi, terroru mərhələsi kimi tarixə düşmüş, proses hələ də davam etməkdədir… 
Bu dövrün ağrı-acıları, xalqımızın düçar olduğu faciə və fəlakət istər ədəbi publisistikada, istər poeziya və nəsrdə, istərsə də dramaturgiyada əsas, aparıcı mövzulardan olmuş, bədii səviyyələri fərqli olan onlarla əsərlər yaranmışdır…
Bu əsərlərin mövzu müxtəlifliyinə baxmayaraq başlıca və aparıcı motiv faktlar əsasında erməni faşizminin təsəvvürə belə gəlməyən vəhşiliklərini bədii sözün gücü ilə canlandırmaqdan ibarətdir. 
Bu qəbildən Nigar Qarayevanın «Daş hasar», Nüşabə Məmmədlinin «Zəngulə» , Əli Əmirlinin «Ölü doğan şəhər»,. A.Rəhimovun «İkili dünyam», Sabir Əhmədlinin “Ömür urası”, Aqil Abbasın “Dolu” , “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, Əli İldırımoğlunun “Daş yağan gün”, Taleh Şahsuvarlının “Canlanma”, Seymur Baycanın “Quqark” romanlarını, Mahir Qabiloğlunun “Ərmən – Şuşanikin sevgisi”, “Debil Armen” hekayələrini, adını çəkmədiyim onlarla digər əsərləri qeyd edərdim… 
Bu əsərlərin hamısına münasibət bildirmək imkanında olmadığımızdan, bizim üçün ən səciyyəvi olan Nigarın “Daş hasar”, Aqil Abbasın “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, Əli İldırımoğlunun “Daş yağan gün”, Seymur Baycanın “Quqark”, Mahir Qabiloğlunun “Ərmən Şuşanikin sevgisi” əsərlərinin üzərində qismən dayanmaq istərdik…
Bu qabartmağa çalışdığımız əsərlər, fikirimizcə, həm mövzu və məzmun etibarı ilə toxunacağımız problemi – erməni xislətini və psixologiyasını daha səciyyəvi əks etmək baxımından, həm də müxtəlif yaş senzinə malik yazıçılar tərəfindən qələmə alındığından ədəbi prosesin imkanlarını olduğu kimi əhatə baxımından maraq doğurur…
Əvvəlki on illiyə nisbətən, son dövrdə Azərbaycan ədəbiyyatında Dağlıq Qarabağ mübaribəsi və erməni təcavüzü mövzusuna marağın artması aşkar müşahidə edilir. Bu istiqamətdə qələmə alınmış əsərlərdə erməni terrorçusunun, işğalçısının obrazlarının yaradılması, onların insanlıqdan kənar məkrlə, qəddarlıqla dolu xislətlərinin verilməsi, ədəbi-bədii təhlili xüsusi maraq doğurur. 
Bu obrazların əksəriyyəti bizim öz içimizdə yaşayan, duzumuzu-çörəyimizi yeyən, kirvə-kirvə deyə qılığımıza girən erməni obrazlarıdır ki, birdən-birə bunlar quzu cildindən çıxıb yırtıcı, vəhşi çöl donuzuna dönürlər…
Nigarın “Daş hasar” (1997) romanı, bəlkə də bu cəhətdən ilk qələmə alınan əsərdir. Və onu da qeyd edim ki, bu əsər barəsində, elə “Erməni xislətinin ifşası…” başlığı ilə isti-isti ilk məqaləni də mən yazmış, bu istilahı ədbi tənqidə gətirmişəm…
Nigarın qələmə aldığı «Daş hasar» əsərinə diqqət yetirək. Romanda murdar erməni xislətinin daşıyıcısı Xpes Xristofor Azərbaycanda yaşamış və Azərbaycan çörəyi ilə böyümüşdür. Dədə-babası Livanı, Suriyanı gəzə-gəzə, sülənə-sülənə gəlib Ərgünəşə çıxırlar, Arazboyu kəndlərin birində məskunlaşırlar. 
Misal: “Bu kəndə gələndə Xristofor Kolumboviç südəmər uşaq idi. Sonralar böyüdükcə bu kəndin cavanlarına qaynayıb-qarışdı. Hərdən bir kefinin kök vaxtında zarafata salıb deyirdi: – Ara, gazdim Aran-Turani, cannat gordim burani.”
Papaqçı Xpes Xristofor öz ardınca bu cənnət hesab etdiyi kəndə qohum-əqrabalarını da dartıb gətirir, avtolavka sürən Aşot, dəmirçi Vanya, pinəçi Pavlik, dülgər Movses, dəllək Artaş, strelçik Armais… 
O qədər çoxalırlar ki, axırda ora-bura yazıb bu kənddə erməni dilində məktəb açdırırlar, azərbaycanlıların pulundan qazanıb geninə-boluna kef çəkib, güzəran keçirirlər…” Axırda da ən böyük xəyanəti onlar edirlər. Sən demə, bu kənd içində ilan balaları bəsləyirmiş… 
Xpes Xristofor, arvadı Aşxen inandırıcı ştrixlərlə, tipik xarakter səviyyəsində, erməniyə xas bütün iyrənclikləri ilə təsvir edilir… Müəllif elə detallar, elə faktlar, elə məqamlar seçir ki, bunların hamısı inandırır və bizim – azəri türklərinin nə qədər sadəlövh, nə qədər ürəyiyumşaq, nə qədər yalandan, artistliklə edilən hər sızıltıya, yalandan tökülən hər göz yaşına inanır, düşməni belə insan kimi qəbul edir, ona qahmar və kömək çıxır…
Azərbaycanlıların Xpes Xristoforun yanmış evinin əvəzinə yeni ev tikmələrinə, onlara pay-paltar, yorğan-döşək, qab-qazan, avadanlıq gətirmələrinə baxmayaraq, Xpesin arvadı Aşxenlə birdən-birə yoxa çıxmaları, kəndi tərk etməmişdən qabaq etdikləri insanlığa xas olmayan heyvani hərəkətlər (meyvə ağaclarının, üzüm tənəklərinin, qızılgül kollarının doğrayıb böyrü üstə yerə sərməsi, evin döşəməsi və divarını oyuq-oyuq etməsi, qapı-pəncərələri sındırması və başqa murdarlıqlar) onların daxilindəki Azərbaycan millətinə olan nifrətini açıqlayır…
Əsərdəki bir detal da maraqlıdır; bu kəndin məktbində oxuyan, çörəyi-suyu, havası ilə böyüyən Xpesin övladları Jasmen, Raçik, Rapik qol-qanad tapan kimi bu kənddən çıxıb Avropaya gedir, diasporlarına sığınıb Parisdə yuvalanır, oradan isə Azərbaycana qarşı min-bir rəzilliklə dolu planlar qururlar… 
Xpesin bir gecənin içində türkə qalmasın deyə evini, bağ-bağatını viran edib getməsi, yoxa çıxmasından daha çox, camaatı onun evin divarına yapışdırdığı, illər boyu bir yerdə yaşadığı insanlara ünvanladığı məktub olur: “İt uşağı,elə bilirsiz başa duşmadim. Yox, mən siz türklər kimi avam və qanmaz deyilam. Tok-zad hamısı yalanıydı. …Eybi yoxdu, yaxın vaxtlarda burda göruşarik. Onda başinizi kəsib, qanınızi içacağam. Bəlkəm onda ürəyim soyudu. Yaxın gunlarda sizin hamınızi Araza tökacayik, bunu yadınızda saxlayın, qudurğan kopayuşağı.”
Kəndin üstünə əldə top-tüfəng gələnlər də bu kəndin böyütdüyü ermənilərdi – yekəqarın Xpeslərdi, dilənçi Pavliklərdi, ayaqqabı yalayan Qriqorlardı və s… 
Bax, bəla da buradadır, türk içində bəslədiyi ilanla, beləcə zəhərlənır… Və tarixən dəfələrlə təkrar olunan bu zəhərləmələr türkə dərs olmur. Onun düzəltdiyi “İlan vuran, ala çatıdan qorxar” atalar məsəli də, zivədən asılı qalan cındıra dönür…
İstedadlı yazıçı-publisist Aqil Abbasın “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” (2001) povesti (müəllif bunu “ən uzun dərdli hekayə” də adlandırır) erməni xislətinin başqa bir yöndən açılmasına xidmət edir. Burada qaçqınlığın və köçgünlüyün bütün əzabları, ağrıları, çadırda yaşamağın mənəvi sarsıntıları, milli-mənəvi sarsıntıya çevrilən yaşam tərzi başlıca motiv olsa da, əsərin əsas obrazı olan Müəllim bütün bu əzablara, ruhi sarsıntılara dözmür, üz tutur işğal altında olan doğma kəndləri Malıbəyliyə, oradan da qalxır Stepanakertə, uzun müddət məşuqə kimi saxladığı Aşotun bacısı Haykanuşun evinə gedir. Əslində bu erməni qızının adı Ariqadı. Müəllim ona Haykanuş deyir və sən demə, Haykanuş sözünün mənası “erməni qancığı” demək imiş… 
Uzun illər onun əl buyruqçusu olan, bacısı Haykanuşu öz əli ilə Müəllimin maşınına mindirən Aşot Müəllimin Malıbəylidəki evinə od vurub yandırmış, qol götürüb oynamışdı… Müəllim bu heyfi onda qoyub bu dünyadan köçmək istəmirdi… Hər bir türk ermənidən belə heyif çıxsa, gör nə olar?!..
Povestəki bir detal olduqca ibrətamizdir. Evin qabağında futbol oynayan erməni uşaqlarının vurduqları top Müəlimin üzünə dəyir, burnundan qan şoralıyir. Bu da simvoldur… Erməni uşağının vurduğu futbol topu, atalrının atdıqları top mərmiləri kimi qan tökür, özü də türkün qanını… Müəllim ondan qorxan həmin erməni uşağının sarışın, qıvrım saçlarını qarışdırıb sığallıyır, qorxusunu götürür… Müəllif yazır: “Müəllim bilsəydidə ki, bu uşaq böyüyəcək və sabah onun oğluna güllə atacaq, yenə uşağa qıya bilməzdi. Bu, Müəllimdən asılı deyildi, Allahdanıydı, Allah bu milləti belə yaratmışdı. … Amma müəllimin ağlına da gəlmirdi ki, bunlar uşaq deyillər, ermənidirlər…”
Bunu azərbayçanlı, damarlarında türk qanı axan yazıçı Aqil Abbas yazır.
İndi baxın, müasir erməni yazıçısı, peşəcən ən humanist peşə sayılan həkim olan, damarlarında qəddar erməni qanı gəzdirən Zori Balayan Xocalı qırğınından hansı “ləzzəti” alır və nə yazır?
Misal: “… amma, yalnız xalqının ürəyi qoparılaraq dərd-qəm atəşlərində yandırılan bir erməninin qəlbi bu sətirlərdən riqqətə gələ, qürur duya bilər. Mən də bu əməli vətəndaşlıq şərəfimdən doğan duyğularımın çağrışı ilə törədir, monqol tör-töküntülərindən qisas almaqla, özümün müqəddəs kişilik (??-red.) borcumu yerinə yetirirdim. 
Biz Xaçaturla zirzəmiyə girəndə, onları orada saxlayırdılar (söhbət azərbaycanlı əsirlərin saxlandığı yerdən gedir – red.), bizim əsgərlər artıq uşağı dirsəklərindən pəncərənin çərçivəsinə mismarlamışdılar. Çox səs-küy edə bilməsin deyə, Xaçatur onun ölmüş anasının döşünü kəsərək ağzına tıxadı. Sonra mən, bu 13 yaşlı türklə, onun əcdadlarının bizim uşaqlara yapdıqlarını elədim. (Qətiyyən düz deyil!! – red.) Əvvəl onun alın sümüyünü, sonra da çənəsinin və qarnının dərisini qopartdım. 7 dəqiqədən sonra o, qan itirməkdən öıdü. Mən, ilkin peşəsi həkimlik olan bir adam kimi, humanistəm (humanistə bax!! – red.) və bu səbəbdən də, bir uşaqla elədiklərimdən çox da xoşhal deyildim. Bnunla belə, törətdiyim əməldən pərvazlanan ruhumun duyduğu sevincin hədi-hüdudu yox idi ki, xalqımın ağrı və əzablarınnan yüzdə birinin də olsa, qisasını ala bilmişdim.
Xaçatur meyidi baltalayaraq hissələrə bölüb itlərə atdı, hansılardan ki, bu türk cocuğunun əcdadları əmələ gəlmişdi. Axşama qədər daha 3 türk cocuğunu eyni işgəngələrlə öldürərək itərə yem elədik… Amma mən bütün bunlara bir patriotun, bir vətəndaşın, bir erməninin borcu kimi baxır və bu əməlləri də o hisslərlə törədirdim. Xaçaturun necə tər tökərək bu işləri məmnuniyyətlə gördüyünü də qeyd eləmək lazımdı. Mən onun da, digərlələrinin də gözlərində alışıb-yanan qisas hisslərini və aşırı patriotizm ruhunu gördüm. Sonda mənim uşaqlıq dostum olan mayor Suren dedi: “Biz vəhşi deyilik, amma soyuqqanlılığımızı da saxlamalıyıq. Türk cəlladlarının qətlə yetirdikləri babalarımızın ruhları rahatlanmalıdır…
…O biri gün biz bir yerdə kilsəyə getdik, 1915- də öldürülənlərimizin ruhlarına dualar oxuduq, dünən gördüklərimizə və elədiklərimizə görə bağışlanmamızı dilədik. Ancaq biz Xocalını – vətənimizin bu hissəsini 30 minlik murdar tör-töküntülərdən azad edə bildik.
Sonra Surenin evinnə gəldik və onun arvadı bizə “cermuk” gətirincə, Xaçatur yorğun səslə: “Ermənilər öz doğma torpaqlarını azad etməyə borcludurlar və Böyük Ermənistanin yenidən bərpası davam etməlidir. Ruhumuz göylərdə olanda bu bizim hesabımıza yazılacaq və biz orada əcdadlarımızın qarşısına təmiz vicdanla çıxacağıq”- dedi. Mən bununla razılaşmaya bilməzdim.” (Bax: Zori Balayan. “Dirilmə” “Vanadzor” – 1996, səh – 260-262.)
Bu qəddarlıqdan sonra bizlər yenə də təmiz əllərimizi qanlı erməni əllərinə tərəf uzadırıq… Ya əllərimiz havada qalar, ya da tökülən türk qanlarına bulaşar, cənablar, əfəndilər…
Qayıdaq humanist yazıçımız Aqil Abbasın əsərinə…
Aqil Abbas öz qəhrəmanı – Müəllimin içində gəzir, onunla birləşir, müəllif və yaratdığı obraz bütövləşir, təsirli, psixoloji məqamlarla yüklü xatirələr, düşüncələr çuğlaşaraq çözələnir, oxucunun mənəviyyatına nüfuz edir və bu məqamda müəllif, obraz və oxucu üçlüyü yaranır, erməniçiliyə qarşı nifrət hissi tüğyan edir, qarşıdakı düşmənin rəzilliyi və qorxaqlığı aşkarlanır… 
Müəllim Aşotu və onun meyxanasında olan ermənilərdən əlindəki qumbaranı partladaraq heyfini alır, özü də şəhid olur… Bu səhnədə ermənilərin qorxaqlığı, rəzilliyi, fahişəliyi Aqil Abbasın dili ilə desək “oğraşlığı” bütün gerçəkliyi ilə görsənir…
Bu əsər, bizcə, Qarabağ mövzusunda yazılan ən dəyərli əsərdir, ruhi-psixoloji məqamlarına görə “Dolu” romanından xeyli fərqlənir və son iyirmi ilin ictimai-sosial, siyasi, psixoloji məqamlarını bütöv şəkildə proyeksiya edir… Və bu əsərdən çox təsirli, dramatik-psixoloji bədii tele-serial alınar…
Qocaman yazıçı, müasir mərhələdə Azərbaycan avtobioqrafik roman janrının silsilə şəklində yaradıcısı, “Mənim rəncbər atam” təkin məşhur romanın müəllifi (yeri gəlmişkən deyim ki, bu roman Türkiyədə də çap edilib) yazıçı Əli İldırımoğlunun “Daş yağan gün” (2011) romanı, deyərdim ki, erməniçilik və erməni xislətinin anatomiyasını açan dəyərli bədii nümunədir. 
Bu əsərdə qatı erməni millətçiliyi, onların şovinist və terrorçu, işğalçı məsləkə əsaslanan ideoloqları daşnak hərəkatı, tarixin müxtəlif mərhələlərində, əllərinə fürsət keçən kimi türklərə, azərbaycanlılara qarşı məkrli siyasət yürüdən, qanlı müharibələr, kütləvi qırğınlar törədən erməniçilik və erməni xisləti təsirli, inandırıcı həyati lövhələrlə əksini tapmışdır. Romanda erməni millətçilərinin insani normalara sığmayan, qəddarlığı, vandalizmi, Azərbaycan şəhər və kəndlərinə tutduqları divan tarixi gerçəkliyə uyğun tərzdə, artılıb-əksilmədən, olduğu kimi bədii dildə təsvir edilmişdir. 
Əli İldırımoğlunun “Daş yağan gün” romanı onun yaradıcılığının təkamülünün nəticəsi olaraq ortaya çıxıb. Əli müəllim bundan əvvəlki romanlarında, xüsusən bədii publisistikasında erməni xislətinin ifşasına yeri gəldikcə toxunur, erməniçiliyin çirkin mahiyyətini, məkrini, qurnazlığını ardıcıl olaraq açırdı… Bu romanda isə, o, müdrik bir müəllif kimi bütün müşahidələrini və təcrübəsini bədii şəkildə ümumiləşdirərək ortaya qoymuş, bir sıra görünən və görünməyən mətləbləri aşkarlamışdır…
Romançı-müəllifin bu romanında bir leytmotiv var – İnsan və insanlıq! Və bu, təkcə əsas personaj – azərbaycanlı Nəcəfin simasında təcəssüm tapmaqla qalmır. Yazıçı təfərrüatları, faktları, epizodları, hadisələri danışdırmaqla türkə – azərbaycanlıya məxsus geniş insan mənzərələri yaradır. Eyni zamanda antiinsani, antihumanist səhnələrə – erməniçiliyə, qəddar erməni xislətini açan məqamlara işıq salır.
Əli İldırımoğlu təsvirlərində, şərhlərində heç bir yersiz emosionallığa, çılğınlığa, yersiz pafosa, süni qəhrəmanlığa yol vermədən, təmkinlə, ləngərli, şirin bir təhkiyyə ilə insanlarımıza qarşı erməni vəhşiliyini konkret, faktik təsvirlərini verir ki, bu cəhət əsərin ideya-estetik qayəsini daha inandırıcı olmasına xidmət edir.
Əli İldırımoğlu bu romanında ədəbiyyatımızda ilk dəfə olaraq Qarabağ müharibəsi və erməniçilik mövzusuna, erməni xislətinin ifşasına qlobal yanaşma müstəvisində çözməyə cəhd edir. Romanda maraqlı bir motiv var. Əsərin qəhrəmanı Nəcəf ermənilər tərəfindən darmadağın edilmiş əvvəlki, köhnə Həsənli kəndinin uşaq yaddaşının gücü ilə Yeni Həsənli kəndində maketini yaradır və bununla tarixi yaddaşın itməsinə qarşı çıxır, millətimizin yaddaşsızlıq, unutqanlıq sindromunu yox etməyə çağırır… 
Bəli, unutqanlıq, yaddaşsızlıq, manqurtluq milli fəlakətə gətirib çıxarır… Bizlərin erməniçilikdən də qəvi düşmənimiz unutqanlığımızdır!.. 
Bu müəlliflər sırasında Seymur Baycan və Mahir Qabiloğlu ən gənc yazıçılardır və müstəqillik dövrünün yetirdiyi istedadlı yazarlar nəslinə məxsusdurlar. Onların erməniçilik mövzusuna, Qarabağ müharibəsinə, erməni xislətinin şərhinə fərqli münasibətləri, fərqli rakurslardan baxışları mövcuddur. Bu cəhətdən hər iki gənc yazıçının bu mövzudakı əsərləri diqqəti cəlb edir və mən hər iki yazıçının bu istiqamətdə yazdıqlarını, axtarışlarını, orjinal yanaşma və təsvir-təqdim üsullarını təqdir edirəm və müasir nəsrimizin nəaliyyətlərindən sayıram…
Seymur Baycan “Quqark” (2011) romanını uşaqlıq xatirələrinin əsasında qələmə alıb. Müəllif əslən Füzuli bölgəsindəndir və onun doğma yurdu ermənilərin işğalı altındadır. Müəllif, maraqlı bir təhkiyyədə (bu əslində xatirələrə əsaslanan impultiv təhkiyyədir) uşaqlıq illərində gördüklərini və duyduqlarını təsvir edir. Bu təhkiyyədə, ən əsası budur ki, yalan və məşşatəçlik yoxdur. Çünki hadisələr səmimi, heç bir təsirə məruz qalmayan saf təxəyyüllü və bulanmamış uşaq baxışları əsasında canlandırılır…
Seymur Baycan bu əsəri yazmağına və ümumiyyətlə bu istiqamətdə yazılan əsərlərə münasibətini belə bildirir: “Mən bütün bunları görmüşəm və müharibəyə bir uşağın, yeniyetmənin gözləriylə baxıram. 
…Kitabların mövzularına gəldikdə isə… Mən belə deyərdim ki, bizim respublikada Qarabağ haqqında çoxlu kitablar yazılıb. Bu kitabların əsasən iki süjet xətti olur. Mifik Azərbaycan əsgəri qəhrəmanlıq edir – ya indiki zamanda, ya da ötən əsrdə. Digər süjet xətti isə ondan ibarətdir ki, ermənilər hansısa kəndimizi tutublar, sakinləri qırıblar və yalnız bir neçə insan hansısa mağarada və ya zirzəmidə gizləniblər. Və erməniləri söyürlər ki, – onların insanlığı yoxdur, bütün insanlıqlarını itiriblər. Onlar başqalarının mədəniyyətini, mahnılarını, mətbəxini oğurlayıblar. Düşünürəm ki, Ermənistanda da Azərbaycana qarşı belə fikirlər mövcuddur. Mənsə hadisələrin baş verdiyi yerdə doğulmuşam və buna görə də hər şeyi öz gözlərimlə görmüşəm. Gördüklərimi yazmaq istəyirdim “Quqark” romanında və məncə, buna nail oldum…” (Bax: Aram Qaraqinyanla müsahibəyə. Ermənilərin “NEWS.am” saytında.)
Seymur Baycanın “Quqark” romanı da elə müharibə haqqındadır. Qarabağ müharibəsinin başlanması, iki xalq arasında münasibətlərin necə korlanması, müharibənin gedişi və sonrakı nəticələri… 
Müəllif tendensiyadan kənardır, süni humanizm və vətənpərvərlik hissləri eləmir, sadəcə Seymur uşaq və yeniyetmə gözü ilə gördüklərini, uşaq və yeniyetmə ürəyi ilə duyduqlarını təsvir edib. Nəticə çıxarmağı isə oxucunun ixtiyarına verib.
“Quqark” təkcə Qarabağ haqda deyil. Seymur adi insanların məişətindəki dəyişikliklərin fonunda bir imperiyanın çöküşünü göstərib. Bu dövrü yazmaq çox çətindir. Seymur özü də etiraf edir ki, imperiyanın çökməsi və yaranması mövzu dəryasıdır, ordan ancaq bir “çömçə” götürə bilib. “Tarixdə elə bir dövr tapılmaz ki, 1990-2000-ci illərə bənzəmiş olsun. Bu illər həm şən, həm kədərli, həm parlaq, həm də tutqun illər idi.”
“Quqark” Ermənistanda bir pioner düşərgəsidir. Əsərin qəhrəmanı (əslində, Seymurun özü) düşmən ölkədəki bu düşərgəyə mühazirə oxumaq üçün gedir. Orda Anuş adlı erməni qızına vurulur. Qız da ona aşiq olur. 
Əslində bu mövzu elə də təzə deyil, elə “Əsli və Kərəm”, “Bahdır və Sona”, “Şeyx Sənan”, “Mahmud və Məriyəm” mövzusunun başqa bir məkanda və başqa bir məqamda yeni variasiyasıdır… Azərbaycanlı, türk, müsəlman xristian, burada erməni qızına, qız da ona vurulur və dramatik kolliziya, sevgi macəraları, əzabları, məktublaşmalar, insani əzablar…
Romanın sonuncu hissəsi Seymurla Anuşun məktublaşmasıdır. Anuş Seymuru dəli kimi sevir. Onun üçün hər şeyi etməyə hazırdır. Amma Seymur bacarmır. Arada bir çox səddlər var. İllərlə sürmüş müharibə… Ermənilərin törətdikləri işğalçı müharibənin ağrılı nəticəsi məhz burda özünü göstərir. Bir-birini sevən bu iki gənc qovuşa bilmir. Hər ikisi əzab çəkir və faciə də bu əzabın səbəblərinin aradan qaldırmağın mümkünsüzlüyüdür… 
“Quqark” sadə səhnələr, dialoqlar, mülahizələrlə doludur. İlk baxışdan bir-birinə qətiyyən aidiyyatı olmayan epizodlar roman boyu davam edir. Burada hadisələrin inkişafı yox, axarı var. Elə bir axar ki, nə istiqaməti, nə də şiddəti var. Bədii-publisist təhkiyyə boyu oxucu eninə-uzununa, irəli-geri, rahatca hərəkət edir, özü də hadisələrin hardasa personajina çevrilir… 
Seymur Baycanın “Quqark” romanının ədəbi-bədii cəhətləri, bir sıra ideya-estetik məqamları ilə ciddi mübahisə etmək mümkündür, amma hadisələrə müəllifin yanaşma tərzi fərqlidir, orjinaldır, özününküdür və onun da öz maraqlıları, öz oxucu siferası mövcuddur… 
Müəllif aşkar günahkar axtarmasa da, hər halda burada da erməniçiliyin və erməni xislətinin doğurduğu faciə aşkar şəkildə, müəllifin şərhi olmadan da görsənir…
“Erməniçilik mövzusu”nda (ad şərtidir) yazan və erməni xislətinin müasir dövrdə təzahür edən maraqlı çalarlarını əhatə edən gənc yazıçı Mahir Qabiloğlunun hələ mürəkkəbi qurqmamış “Ərmən – Şuşanikin sevgisi”(2014) və “Debil Armen”(2014) hekayələridir.
Onu da qeyd edim ki, Mahir Qabiloğlu bu mövzuda olduqca maraqlı “Erməni qadınları və Azərbaycanlıların erməniləşdirilməsi prosesi…” və “Serj Sarkisyanla arvadının söhbəti” adında publisitik köşə yazıları da qələmə alıb və “Modern.az” saytında yayımlayıb.
Mahir Qabiloğlu da bu mövzunun bizə məlum olan kanonlarını dağıtmış, streotiplərdən, standartlarından uzaqlaşmışdır. O, azərbaycanlı ilə erməni qızının “qarşılıqlı məhəbbətinin ənənəvi “Əsli Kərəm”, ”Şeyx Sənan” , “Bahadır və Sona” variasiyalarından çıxarmış, bu mövzunun müasir, daha mükəmməl, gerçək variantını yaratmış, burada da erməni məkrinin üzərindəki pərdəni qaldıraraq erməniçiliyin müqəddəs saydığımız məhəbbət və sevgi hisslərindən də necə hiyləgərliklə, məkrlə, şovinistcəsinə istifadə etdiklərini uydurmasız-zadsız, real həyati faktlarla göstərmişdir. 
“Ərmən – Şuşanikin sevgisi”nin sirləri eləcə rusiyanın böyük atomçu alimi, dünyada demokrat kimi tanınan, əslində erməni harsını Yelena Bonerin qarmağına düşərək erməniçiliyin təbliğatçısına çevrilən Nobel sülh mükafatı laueratı, akademik A.D.Saxarov kimi adamların izdivacını xatırladır…
Artıq, qızını müsəlmandan qaçıran erməni keşişləri müasir mərhələdə siyasəti dəyişiblər. İndi onlar erməni gözəlçələrinin vasitəsilə yaşadıqları ölkələrdə ən yaxşı, məşhur, varrı-hallı nəsillərin oğlanlarını ovlamaqla məşğuldurlar. Erməni şovinizmi və millətçiliyi onlarca erməni qızlarının qeyri millətlərlə, əsasən də türklərlə izdivacını məhəbbət və sevgi aləmini də millətçilik, erməniçilik bazarına çeviriblər…
Mahir Qabiloğlu erməni Şuşanikin Bakılı balası, Qara şəhərli, bir həyətdə və bir məktəbdə oxuduqları Əhmədə sevgisinin, Şuşanikin necə dönüb Süsən olduğunu (“Süsən sünbül” mahnısı və XIX əsr dünyaca adı olan şairimiz M.Ş.Vazehin “Süsəni” şeiri yada düşür), Ərmən və Ərsən (Güya “türkün Ər oğlu ər”, “Ərim mənim” sözlərindən götürülüb) adlı oğul övladlarının vaxt, məqam çatanda necə dönüb Armen və Arsen olduqlarının sirlərini açır, bu xətlə başımıza gələn fəlakətlərin, faciələrin mahiyyətini məharətlə ortaya qoyur…
Mahir yaddaşımızın üstünü örtən pəlməni üfürüb qaldırır, yüz illər boyu Osmanlı imperatorluğunu çökdürən, qardaşı-qardaşa qırdıran xristian gözəlçələrinin türkün can koduna, genetik hücrələrinə necə soxularaq, bizi içimizdən dəyişdirdiklərini təsvir etmişdir… 
Mən bir tənqidçi kimi Mahir Qabiloğlunun “Ərmən – Şuşanikin sevgisi” kiçik hekayəsinin ehtiva etdiyi mətləbi, mahiyyəti, erməni ksenefobiyasının məqsədinin nədən ibarət olmasını göstərməsini, açmasını böyük bir romanda əhatə ediləcək mətləb və bədii dəyər kimi qiymətləndirirəm…
Bu hekayə ilə bağlı bir faktı da qeyd edərdim. Hekayə saytlarda, mətbuatda yayılar-yayılmaz, artıq Ermənistan saytları və erməni ziyalıları bu hekayəyə maraq göstərmiş, hiyləgərcəsinə yozumlar vermiş, hətta hekayəni erməni dilinə tərcümə edərək “Azerichild.info”, “Panorama.am”, Rusiya ermənilərinin qəzeti olan “Erkramas” – “Yerkramas.org” və s. mənbələrdə yayımlamış, hekayəni başqa bir yöndən – özlərinə sərf edən mövqedən şərh etməyə çalışmış və çalışırlar… 
Bu da erməni məkridir, ermənifobiyanın siyasətidir… Onlar hekayənin ideya-estetik dəyərinin (müqəddəs sevgini, məhəbbəti məkrə və hiyləyə çevirmək, sevgini qəddarlıq silahına döndərmək, “dünyanı sevgi və məhəbbət xilas edəcək” posyulatını dağıtmaq kimi erməni məkrinin üstünü açmaq) istiqamətini dəyişmək istəyir, Mahir Qabiloğlunun ağrıdıcı hədəfinin ağrılarını azaltmağa cəhd edirlər… 
Müəllifin özü – Mahir Qabiloğlu (bu istedadlı yazıçı-jurnalist ünlü sənətkarımız, xalq şairi Qabil İmamverdiyevin oğludur) bu kimi cəhdlərə özü yerində cavab verib:
“Erməni fobiyasından söz açırlar. Əslində erməni toplumuna illər boyu rəhbərlik edənlər, kilsə nümayəndələri bir insanafobiya aşılayıblar. Buna görə də əsrlər boyu erməni toplumu ətraflarındakı bütün xalqlardan ya qorxub ya da nifrət edib. Elə mənim hekayəmi bu şəkildə təqdim etmək də bunun nümunəsidir. Məsləhət görərdim ki, bu hekayəni oxuyaraq yaşadıqları insanafobiyadan çıxsınlar.” Çətin çıxarlar, hörmətli Mahir! Boşuna cəhd etmə, axı onlar ermənidirlər!..
İndi isə içimizdən qidalanan, içimizdə böyüyən “erməniçilik” adlı konserin-yaranın, xərçəngin başqa bir məkrinə toxunmaq istərdim. Bu yaxınlarda Türkiyədə, İstambulda fəaliyyət göstərən erməni mətbuatından birinin “AQOS”un saytında “Eski ‘Ermeni şehirleri’nde seçimi kim kazandı?” materilını oxudum. Məqalənin adına fikir verin, Türküyənin içində, indi seçki kmpaniyasından sui-istifadə edərək “Əsgi – qədim erməni şəhərlərinin adlarını sadalayır və bu şəhərlərdə vaxtilə nə qədər erməninin, erməni nüfusunun yaşadığını və qırıldığını sırası ilə verir.
Məqalədən bir abzası misal gətirirəm: “1915’e kadar Ermeni nüfusun yoğun olduğu bazı yerleşim yerlerinde sandıktan hangi partilerin çıktığına baktık. Belki pek de şaşırtıcı olmayan şekilde, eskiden Ermenilerin yoğunlukla yaşadığı, Kozan, Talas, Şebinkarahisar, Melikgazi, Kemaliye, Bayburt, Elazığ gibi yerlerde, bugün büyük bir AK Parti ve MHP üstünlüğü var. 03 Nisan 2014, Perşembe.”
Sonra sırası ilə bu şəhərlərin “tarixni” verirlər. Birini misal gətirirəm:
“Kozan (Sis / Adana) Kilikya’nın kalbinde yer alan Kozan Sancağı’nın yönetim merkezi Sis, Ermeni krallarının başkentiydi. 1914’te burada yaşayan 8 bin kişilik nüfusun 5 bin 600’ü, yani şehrin neredeyse dörtte üçü Ermenilerden oluşuyordu. Şehirde, 1902’de 641 öğrencinin okuduğu yedi okul bulunmaktaydı.” Beləliklə, Türkiyənin 7 şəhəri beləcə qədim erməni şəhəri kimi təqdim edilir.
Buyurun, baxın, bu erməni hiyləgərliyinə! Görün içimizdə yaşaya-yaşaya bütün Türkiyəmizin xəritəsini necə hiyləgərliklə dəyişir, tarixi faktları təhrif edir, seçim kampaniyasndan sui-istifadə edərək Türkiyənin tarixi şəhərlərini erməniləşdirirlər! Bax budur “AGOS”! Bax, budur erməni məkri və erməni hiyləsi!
“AQOS”un baş redaktoru Robert Koptaş və onun erməniçiliyi yayan komandası bütün yazılarında erməniyə xas məkrlə çıxış edirlər! 
Robert Koptaş türkün çörəyini yeyə-yeyə yenə də türkün əleyhinə çıxış edir, dövlətçiliyimizə böhtan atır, paxıllıq edir, Xocalı qətliamında ölənlərin üzərində aparılan qəddadrlığı bizim üstümüzə atır, “müharibədir, müharibədə hər şey olar, füzelərin gözü yox” deyərək, üstüörtülü şəkildə qətliama haqq qazandırır, onu müharibə hadisəsi kimi qələmə verir! 
Niyə Ermənistanda bir nəfər də türk ailəsi yoxdur, cənab Robert? Amma Azərbaycanda, Türkiyədə, digər türk ellərində on minlərlə erməni ailəsi firavan yaşayır… Bu suala niyə “AQOS” cavab vermir?
Niyə Ermənistanda bir türk qəzeti çıxmır? Amma “Agos” təkin onlarca qəzet və dərgilər, özəl radio-televiziya studiyaları Türkiyədə erməniçiliyi təbliğ edir, Türkiyədə əski-qədim erməni şəhərləri axtarır, olmayan erməni abidələrini bərpa edir! Ermənistanda isə bütün türk abidələri, türk məzarlıqları, türkün adına nə varsa məhv edilir! Cənab Robert, “Agos” bu faktlardan niyə yazmır?!! Çünki yazmaz! Sumqayıtı misal gətirirsən! Sumqayıtı da erməni “faşizmi” törətmişdi, hayes! Türkün çörəyi gec-tez haramxorların gözlərini tutacaq, dillərini lal edəcək! İndinin özündə Türkiyədə 200 min erməni qanunsuz yaşayır… Niyə?! Nəyə görə?!
Robert Koptaş keçən əsrin əvvəllərində Bakıda, Qubada, Şamaxıda, Qarabağda, Zəngəzurda, Göyçədə, İrəvan çuxurunda, Naxçıvanda, Vedidə, Dərələyəzdə və s. və s. türk ellərində erməni daşnaklarının – Dronun, Andronikin törətdikləri qətliamdan niyə söz açmırsan, niyə onların üstündən keçirsən?.. 
Yüz ildən çoxdur ki, erməni diasporu türk ellərindən qazandıqları pullar hesabına (təkcə Mantaşovu yadına sal) yalançı türk qətliamını təbliğ edir, bunun üstündən keçirsən, tezcənə Xocalı qətliamının təbliğinə sərf olunan Azərbaycan pullarını sayırsan?! Budur sənin obyektivliyin? Budur sənin “hataları” etirafın? “Hatalar” birtərəfli etiraf olunmur, küllən etiraf olunur! Səni onda kişi bilərəm ki, tarixi faktları təhrif etmədən, ironiyasız, məbəddə olduğu kimi etirafda bulunasan!!
Amma inanmıram bunu edəsən! Bunu qanı və geni saf olanlar edər!!
Yaşasın ermənisiz türk elləri!.. Yaşasın ermənisiz türk dövlətləri!..
Diqqətinizə görə, sağ olun! 

 

Müəllif: Qurban Bayramov,

tənqidçi-ədəbiyyatşünas, doktor-professor,”Fədakar alim” və “Elm fədaisi” diplomantı,”Səməd Vurğun mükafatı” laureatı,1984-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – QOZ VƏ DƏLİQANLILIQ

Zaur Ustac – şair-publisist.

SƏKKİZİNCİ  YAZI

         Məncə, dərin müşahidə qalın kitab kimidir. Baxdıqca görürsən, gördükcə oxuyursan, oxuduqca öyrənirsən, öyrəndikcə bölüşmək, ötürmək istəyirsən. Çünki,  artıq sənə məlum olan səndə qaldıqca əlavə narahatçılıq yaradır. İstər-istəməz istəyirsən ki, hamı bunu bilsin və ya ətrafdakılarında fikrini bilmək istəyirsən bu barədə. Bilmək istəyirsən, bəs görəsən başqaları bu barədə nə düşünür….

   Keçək mətləbə, qoz ağacı, meyvəsi yəni qoz (bəzi yerlərdə cəviz də deyirlər –dəqiq “cəviz” sözü ilə 20 yaşdan sonra tanış olmuşam) ətraf aləmlə tanışlığımda ilk predmet olub desəm  məncə yanılmaram. Ancaq,  böyük əminliklə deyirəm ki, tanıdığım, dadına baxdığım ilk meyvə məhz qoz (cəviz) olub. Burada yeri gəlmişkən onu qeyd edim ki, mənim tanış olduğum kimi, körpə uşaqların (bir yaşın altında heç olmaz –QƏTİ) qozla (cəvizlə) belə erkən tanışlığı heç də məqsədə müvafiq, ümumiyyətlə arzu olunan deyil….  Söhbət yayınmamış qeyd edim ki, xüsusi ilə bir yaşın altında, iki yaşa çatmamış uşaqlar qozun necə deyərlər lap az miqdarda da dadına baxsa, yesə, əksər hallarda sonra onu ömrü boyu izləyəcək  müxtəlif  allergik izlər qoyur (xüsusi ilə dəridə) bu qaçılmazdır. O ki, qaldı bizə, lap körpəlikdən ilin altı  ayı evin qapısından ayağını bayıra qoyanda birinci və ya ikinci addımıda mütləq  altında qoz (cəviz) qalırdı. Bizim həyət qarışıq; əmi, baba, qonşuluqda 100-150 metr radiusda yalan olmasın, bəlkə  20-25 qoz (cəviz) ağacı var idi. Həm də nə boyda, çox böyük ağaclar –elələri var idi ki, 4-5 uşaq əl-ələ tutsa çətinliklə dövrəyə ala bilirdi. Demək olar ki, həyətlərin çoxunda eyni məzərə idi. Bundan əlavə hamının bağlarda da dədə-babadan qalma ağacları var idi ki, mövsümdə çırpıb, meyvəsini götürürdülər. Əlbəttə, indi deyə bilərsiz ki, bunun nəyi pisdir? – Biz heç də demirik ki, bu pis idi… Sadəcə qozun (cəvizin)  çox olduğu, geniş yayıldığı torpaqlarda  həm meyvəsindən istifadə nəticəsində, həm də ümumiyyətlə bitməsi, var olması ilə insanların yerli əhalinin yüz illərlə  necə deyərlər, baş-başa ömür-gün sürənlərin həyatına, gündəlik yaşam tərzinə, sağlamlağına göstərdiyi bəzi təsirlərdən söhbət açıb bir-neçə mühüm məqama diqqət çəkmək istəyirik.

   Birinci faydası barədə; qida kimi misilsizdi, ikinci çörək kimidir. Əmtəə olaraq qaldıqca dəyər qazanan maldır. Oduncağı, meyvəsindən kal və yetişmiş formada müxtəlif  məqsədlərlə yaralılığı, satanlar üçün pul, quru meyvənin (cıbrıq) qabığından, içindəki  arakəsmələrdən, hətta ağacın yarpağından,  qabığından  boyaq  maddəsi kimi istifadə olunması  və  başqa  xatırlaya bilmədiyim  olduqca müxtəlif  sahələrdə  tətbiqini  düşündükdə  tam bir faydalı nemət olduğu qənaətinə gəlirsən. Şükür Uca Yaradana!!!

Qoz – ceviz (ikinci çörək).

    İndi keçək məsələnin  ikinci tərəfinə, lap körpəlikdən havalar bir balaca soyuyan kimi, ( qoz yetişən kimi) dirsəklərimdə dəridə qızartı (bu təbii ki, allergik təsir idi) əmələ gəlirdi böyüklərin birinci sözü bu olurdu ki, “elə-belə şeydi, dədə-babada da olub”. Yadımdadır ki, rəhmətlik  nənəm  soyuq havada qolları açıq sıra ilə düzülmüş qoz (cəviz) ağaclarının altı ilə qonşuda olan “Babanın ocağı” –na aparıb dirsəklərimə küldən düzəlmiş soyuq kül palçığı sürtüb gətirərdi. Əgər, onda nənəmə desəydim ki, ay nənə külün məsələyə nə dəxli bu çoxlu qoz yeməkdəndi…  Deyərdi ki, başına hava gəlib bala…  Çox maraqlıdır ki, bu halı ancaq qozun (cəvizin)  bol olduğu soyuq aylarda baş verdiyindən  hamı soyuqla əlaqələndirir, heç kim qozu (cəvizi) günahkar bilmirdi…  Günü bu gün də bir balaca qoz (cəviz) və ya fındıq çox yeyən kimi həmin nahiyələrdə yenə də qızartılar yaranır. Bəli ancaq və ancaq qoz (cəviz) – fındığı çox yeyəndə bunun heç bir qanla, soyuqla əlaqəsi yoxdur. (uşaq vaxtı  arada həkim resepti ilə hələ bir “kalsi-xolor” – da içirdirdilər, o şoğərib də zəkkutum kimi bir şeydi a…. Hamı ağlına gələni edirdi, heç bir deyən yox idi ki, a bala bu qozdan az ye…) Əlbətdə, bütün bunlar bizim aşırı, mən deyərdim ki, limitsiz  şəkildə qozdan (cəvizdən) istifadə etməyimizin nəticəsi idi. Xüsusi ilə uşaq körpə vaxtı qoz (cəviz) yeyirsə, (özü yeyən analar yedi-yemədi uşğın ağzına da mütləq qoyurlar ki,  dadını bilsin, öyrənsin..) əgər allergik təsir nəticəsində dəri tamlığı bir dəfə pozulursa, həmin nahiyələr böyüyəndə də eyni təsirə həssas olaraq qalır. Bu məsələnin bir tərəfi.  Digər faydası ilə, zərərinin birlikdə hərəkət etdiyi hal isə onun qidalılığı və çox enerjili olmasıdır. Beləki, orqanizmin olduğu vəziyyətdən asılı olmayaraq, bir –neçə qoz (cəviz) yemək kifayətdir ki, bədən və eyni zamanda onun bir hissəsi olan beyin enerjili qoz (cəviz) ləpəsinin mədəyə düşdüyünü hiss etsin, həm də hiss etdirsin. Məhz bu xüsusiyyətinə görə qoz (cəviz) ağacı çox olan, geniş yayılmış bölgələrin insanları, istər fəndgirliyi, istər tez coşub-daşan olmağı (“cırtda – qoz” olması – gör atalar bu  ifadəni – kodlaşdırılmış məlumatı – necə yerində yaradıblar???), mərdliyi, dəliqanlılığı ilə nisbətən də olsa seçilirlər. “Cırtda –qozluq” tam dəqiq ifadədir. Onu da qeyd edim ki, bunun səbəbi heç də təkcə qozun (cəvizin) yüksək qidalılığı deyil…  Qoz (cəviz) ağaclarının bol olduğu bölgələrdə əhali  məişətdə  əsasən üzdə olan   bulaq,  quyu,  kəhriz, çay  ya da müasir dövürdə artezian sularından istifadə  edirlər. Bu  su isə demək olar ki, tam yodsuzdur. İllər boyu yodsuz su istifadə etmək isə nəhayətdə orqanizmdə ciddi fəsadlar yaradır ki, biz təbib olmadığımıza görə bunun xırdalığına varmırıq. Sadəcə onu qeyd etməliyəm ki, yodsuz su istifadə etdiyimizə görə (qoz (cəviz ) ağaclarının  sayəsində) xüsusi ilə beyinin fəaliyyətinə təsir göstərən, bilavasitə idarə edən, tənzimləyən  vəzlərdə baş vermiş dəyişiklik  nəticəsində  (bu vəzlərin qana ifraz etdiyi maddələrin tərkibinə uyğun olaraq) sanki, insan həsaslaşır, dözümlülük azalır, elə bil bir az da çılğınlaşır. Konkret olaraq eyni hadisəyə  qoz (cəviz) ağacı bol olan, geniş yayılmış bölgənin insanı ilə , belə bölgədən olmayan insanın reaksiyası eyni deyildir. Qoz (cəviz) ağacları bol olan, geniş yayılmış bölgənin insanı daha kəmhövsələ, həm də tabe olmağı bacarmayan insanlardır.  Bu yazı heç bir tibbi mahiyyət daşımır, (uzaqbaşı araşdırmaçı təbiblər üçün istiqamət göstərə bilər) sadəcə bir müşahidəçilik məhsuludur.

27.10.2016. Bakı.

QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “USUBCAN ƏFSANƏSİ” və “QƏLƏMDAR” kitablarında səkkizinci yazı yazı kimi müstəqil məqalə şəklində yer almışdır.

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

ZAUR USTAC – CAN AY ANA

Milli Qəhrəman General Polad Həşimovun anası Səmayə Ana dəfn günü…

CAN  AY  ANA…

(Polad Həşimovun Anasına)

Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda, Poladının ilk dişi,
İlk addımı, gülüşü var, yeriş var…
Bu baxışdan asılıbdı murazlar…
Bu baxışda Poladının ilk beşi,
Gülərüzü, şux qaməti, duruş var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda yoxa çıxıb diləklər,
Bu baxışda zaman da yox, məkan da…
Bu baxışda itib bütün mizanlar…
Bu baxışda dünya çöküb iməklər,
Bu baxışda yelkən də yox, sükan da…
*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladın ilk rütbəsi,
Bu baxışda şərəf də var, şan da var…
Bu baxışda fəğan edir arzular…
Bu baxışda min vaizin xütbəsi,
Al don geymiş qürub da var, dan da var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda qədər namı ağlayır,
Bu baxışda Polad adlı oğul yox… 
Bu baxışda tükənibdi niyazlar…
Bu baxışda kədər qəmi dağlayır,
Mum tək yumşaq, polad kimi oğul yox….
*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladının mərdliyi,
Ərənliyi, cəsurluğu, qürur var…
Baxışının hərarəti  dondurar…
Bu baxışda fəxarətin sərtliyi,
Ağalığı, amirliyi, onur var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda  susub qapı zəngləri,
“Polad gəldi”, dur ayağa deyən yox…
Bu baxışda od qalayır xəyallar…
Bu baxışda itib dünya rəngləri,
 “Ana” – deyə,  şirin-şirin gülən yox…

*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda xanım, xatın bir Ana,
Sinəsində bağrı çat-çat olan var…
Bu baxışdan neçə Ana boylanar…
Bu baxışda Nüşabə tək şir Ana,
Tomris kimi kükrəyən var, yanan var…

12.01.2021. – Bakı.


Müəllif:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

TUNCAY ŞƏHRİLİ – ANA ŞEİRİ

Tuncay ŞƏHRİLİ – Texniki redaktor.

ANA

(Anamın ad günü münasibəti ilə)

Qayğımıza  qalan,  anadır,  ana.

Varmı bu dünyada, anadan əziz?!

Dünyanın bəzəyi, anadır, ana.

Ananın özüdür, anadan əziz…

 ***

Harda bir bala var, orda ana var,

Analar olmasa, bala da olmaz!

Dünyanı sözüylə bəzər analar,

Analar olmasa, dünya da olmaz!!!

27.10.2018.

ANA,  AD  GÜNÜN  MÜBARƏK !!!

Müəllif: Tuncay ŞƏHRİLİ – Mustafayev.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – HEYKƏLLƏŞƏN QADIN – BU GÜN ONUN GÜNÜ

Gültəkin Əsgərovanın heykəli – Ünvan:Atatürk, Bakı, Nərimanov, AZ1110.

QISA ARAYIŞ:

Gültəkin Əsgərova 1992-ci ilin aprelindən konüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə 19 iyun 1992-ci ildə qəhrəmancasına həlak olub. Gültəkin Əsgərova ailəl i idi və bir qız övladı qalıb. Azərbaycan Respublikası prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Bakının Nərimanov rayonundakı xəstəxananın önündə büstü qoyulub.

GÜLTƏKİN ƏSGƏROVA HAQQINDA

Əsgərova Gültəkin Məlik qızı 20 noyabr 1960-cı ildə Bakı şəhərində dünyaya göz açıb. 1978-ci ildə Nərimanov rayonundakı 200 saylı orta məktəbi əla qiymətlərlə bitirib. Gültəkin fizika, kimya, riyaziyyat fənləri üzrə məktəbdə keçirilən olimpiyadalarda daim iştirak edərək həmişə qalib adını qazanıb. 1983-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub və təhsilini 1989-cu ildə başa vurub. Təhsil illərində Daxili İşlər Nazirliyinin Hərbi hospitalında əvvəlcə kiçik tibb bacısı, sonra isə böyük tibb bacısı işləyib. Ali məktəbi bitirdikdən sonra isə 8-ci Təcili Yardım Stansiyasında çalışıb. Daha sonra isə Uroloji xəstəxanada…

Gültəkin həkim…


O, burada anestezioloq-reanimatoloq vəzifəsində işləyir, həkimlərin dərin hörmətini qazanır. Dağlıq Qarabağ hadisələri başlayanda qəlbi qəzəb alovuna bürünür. 4 aprel 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanır. Əvvəlcə Turşsuda, sonra isə Şuşada neçə-neçə yaralı əsgərə tibbi yardım göstərir. Güllə yağışları altında o, yaralı döyüşçüləri təhlükəsiz yerlərə aparır, onlara ilk tibbi yardım göstərir. Şuşa alındıqdan sonra Laçının, Qubadlının müdafiəsində yaxından iştirak edir.

Döyüşçü, bacı, qadın, həkim, şəhid, Qəhrəman Gültəkin…

Uzun döyüş yolu keçən Gültəkin Əsgərova 20 iyun 1992-ci ildə Aranzəmin-Naxçıvanik istiqamətində gedən ağır döyüşdə öz xidməti borcunu yerinə yetirərkən həlak olur.
Ailəli idi. Bir qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdur.

Gültəkin Əsgərovanın oxuduğu 200 saylı orta məktəbə onun adı verilib və büstü qoyulub. Eyni zamanda Bakıda Nərimanov rayonundakı xəstəxananın önündə də büstü var. Bakıda yaşadığı Mustafa Kamal Atatürk prospekti 2a ünvanındakı binaya xatirə lövhəsi vurulub. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin Tibbi biologiya kafedrası onun adını daşıyır. Bundan əlavə, Xəzərdə üzən gəmilərdən biri də onun adını daşıyır və muzeyi təşkil edilib. 
20 iyun 2014-cü ildə Nizami Kino Mərkəzində Gültəkin Əsgərovaya həsr olunan “Gültəkin” filminin təqdimat mərasimi keçirilib və ona həsr olunan “Gültəkin zirvəsi” kitabı təqdim olunub. 

Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.




Baş redaktor: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VAHİD ÇƏMƏNLİ – QADIN

Vahid Çəmənli – şair.

Sənə igid dedik, sənə Ər dedik,
Dinib danışmayan,
lal olan Qadın.
Gah Niğar söylədik,
gah Həcər dedik,
Əhdinə, eşqinə qul olan Qadın.
Yüz il bir daxmada yaşasan belə,
Nə giley, nə güzar gəlmədi dilə.
Dözdün hər əzaba sən gülə-gülə,
Gülüşü üzündə bal olan Qadın.
Anamız, bacımız, xalamız oldun,
Bizə arxa durdun, qalamız oldun.
Yüz dəfə can dedin, qadamız aldın,
Qadası, balası bol olan Qadın.
Əslinə, nəslinə vurmadın ləkə…
Bizsiz boğazından keçmədi tikə,
Gözlədin, gözlərin yol çəkə-çəkə,
Doqqazın ağzında gül olan Qadın.
Vahidin sinəsi dolur qubarla,
Qəlbinə dəyirik nə ixtiyarla?
Fəxr edib oğulla, qardaşla, yarla,
Yanan, zərrə-zərrə kül olan Qadın.
Müəllif: Vahid Çəmənli



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Xəyalə Zərrabqızı – GENERAL

General Polad Həşimov

Generalların Şəhidi – Şəhidlərin Generalı…

Bu dünyaya gələn hər bir insanın son mənzili olur. Ancaq elə insanlar var ki, onun ölümü millətin yaddaşına həmişəlik həkk olunur. Hər bir ölkədə azadlıq uğrunda mübarizə aparan insanlar yüksək dəyərləndirilir. O da ola ki, həmin insan bütün ömrünü o azadlığa sərf edə. Polad Həşimov məhz belə insan idi. O böyüklükdə insanların son mənzili məzarlıq deyil, o böyüklükdə ürəklər məzarlığa sığmaz, ölümüylə millətin qəlbinə köçdü Polad Həşimov. Ölümüylə xalqın qəlbində ölümsüzləşən Milli Qəhrəman…

Hələ 1992-ci ildə Əbülfəz Elçibəylə Turqut Ozal arasında gəlinən razılığa əsasən Elçibəy Azərbaycanın bir neçə say-seçmə gəncini hərbi təhsil almaq üçün Türkiyəyə göndərir. O zaman 18 yaşını yenicə tamamlayan Polad Həşimov və aprel döyüşlərində şəhadətə ucalan polkovnik- leytenant Raquf Orucov həmin göndərilən gənclərin içində olur. Təsadüfi deyil ki, Elçibəy Polad Həşimovun içindəki işığı hələ 18 yaşında ikən duymuş, onun böyük gələcəyinə ürəkdən inanmışdı.

Vətən savaşının bitdiyi, Ermənistan tərəfin kapitulyasiyaya – təslimolma aktına əyilməyə məcbur olduğu gün, müzəffər ordumuzun rəşadətlə, üzüağ, alnıaçıq qələbə çaldığı, Poladların, Azərlərin, İlqarların, Mübarizlərin… müqəddəs ruhunun rahatlıq tapdığı gün – 10 noyabr tarixdə Şəhidlər xiyabanını ziyarət edərkən kimdənsə belə bir təəssüf eşitdim: Heyif ki, bu günü görmədi Polad…

Mən əsla belə düşünmürəm. Belə məqamlara bir az ucadan yanaşanda tamam başqa mətləblər açılır adamın beynində… Polad Həşimov bugünkü zəfərin təməl daşını qoydu,  bütövlüyümüzün memarı oldu. Mən bu dünyaya müəyyən bir missiya üçün gələn insanların ilahi tərəfindən Seçilmiş olduğuna ürəkdən inanıram. Polad Həşimov o seçkin insanların, seçilmişlərin öndə gedəniydi. Polad Həşimov ucaldığı şəhadəti ilə 30 il əsarət yükünü çiynində,  qeyrət ləkəsini damğa kimi alnında daşıyan bir millətin dirilişinə səbəbkar oldu, yatmış bir milləti silkələdi, qəflət yuxusundan oyatdı, ayağa qaldırdı, bir yumruğa çevirdi. Bugün Zəfər yürüşünə çıxan millətin mübarizə yolu Polad Həşimovun şəhadətindən başladı… Polad o yolun başında Haqq savaşçısı kimi dayandı və bütöv bir məmləkəti bir bayraq altında cəm elədi…

Bəli, təkcə Varlığıyla deyil, yoxluğuyla Qalib olanlar Böyük İnsanlardır… Polad Həşimov yoxluğuyla Tarix yazdı… Qarabağı azad etdi, qələbə qazandı, Şuşaya üçrəngli hilalımızı sancdı…

“Mən kabinet generalı yox, səngər generalı yetişdirmişəm!” – deyə böyütdüyü oğlu ilə qürur duyur Səmayə Ana…

«Həmişə istəyirdim ki, Polad hüquqşünas olsun. Onuncu sinfi bitirməyə az qalmışdı. 1992-ci il idi. Bir gün dərsdən gələndə mənə dedi ki, ana, incimə, mən sənədlərimi Ali Hərbi Məktəbə verəcəm. Doğrusu, pis oldum. Dedim yox, hərbçilik çox çətindir, ailə də, uşaqlar da əziyyət çəkir, mən razı deyiləm. Danışdı ki, bu gün tarix müəllimimiz Ramin müəllim dedi ki, Vətənimiz dardadır, bizə güclü hərbçilər lazımdır. Mən də uşaqların içində söz verdim ki, hərbçi olacağam. Belə də oldu. Sənədlərini Ali Hərbi Məktəbə verdi, qəbul oldu. Çox böyük həvəslə təhsil alırdı. Evə gəlmək istəmirdi. İkinci kursda oxuyurdu. Türkiyəyə hərbi kursa göndərildi. Çox sevincək olmuşdu. Sonralar, kursant ola-ola Murova getdi. Orda çox əziyyət çəkdi. Çox çətin vaxtlar idi. Mən də burda çox əziyyət çəkirdim. Demək olar ki, gecəm-gündüzüm yox idi. Yarıcanım üzülüb, onun yanında qalmışdı. Çox darıxırdıq onsuz… Ancaq, o, öz işinə o qədər bağlanmışdı ki, evə gəlmək istəmirdi. Gücüm ancaq yalvarmağa çatırdı ki, bala, özünü qoru . Demək olar ki, oxuyanda da, işləyəndə də evə çox az-az gəlirdi. Gedəndə, həmişə arxasınca su atırdım. Bir-iki pilləkən düşürdü getsin, sonradan qayıdıb, məni bərk-bərk qucaqlayıb öpürdü. Deyirdi ki darıxma, hər şey yaxşı olacaq. Bilirəm, sən məni çox istəyirsən, mən də səni çox istəyirəm. Ancaq, mən getməliyəm Ana… Oğlum çox vətənpərvər idi. Vətənimizi, əsgərlərini, dövlətimizi çox sevirdi.

Orta məktəbdə oxuyanda, hər yay məktəb bağlanan kimi doğulduğu kəndə – Vəndama, babasıgilə gedirdi. Rəhmətlik qaynatam, babası Mikayıl kişi Böyük Vətən Müharibəsi iştirakçısı idi. O da güclü hərbçi olmuşdu. Çoxlu orden və medalları var idi. Polad həmişə babasına müharibədən suallar verərdi. Hər bir orden və medalı nə zaman, nəyə görə aldığını öyrənərdi. Babası da onun suallarından yorulmazdı, bircə-bircə hamısına cavab verərdi. Hətta, bir neçə dəfə görürdük ki, bu yaşda kişi yıxılıb yerə, sürünür ki, bax, belə sürünə-sürünə keçirdik müharibədə. Sonra həmin hərəkəti Polad da təkrar edərdi. Mənə elə gəlir ki, babasının da təsiri oldu ona, o, belə güclü bir hərbçi oldu. Allah hər ikisinə rəhmət eləsin! Polad oxudu. Ali Hərbi Məktəbi bitirdikdən sonra müxtəlif bölgələrdə – Bərdədə, Murovda, Tovuzda, Hacı Zeynalabdin qəsəbəsində, Daşkəsəndə, Şəmkirdə yerləşən Hərbi hissələrdə komandir işləyirdi. Bu illər ərzində üç dəfə Türkiyəyə hərbi kursa göndərildi. Başı hərbi işə o qədər qarışmışdı ki, ailə qurmaq yadından çıxmışdı. Dostları, özümüz bir təhər onu dilə tutmaqla razılaşdırdıq. Bütün analar kimi mən də elçi getdim, öz kəndimizdən Ofelya adlı bir gözəl qızı Polad üçün nişanladıq. Çox ağıllı və tərbiyəli, savadlı bir qızdır. Riyaziyyat müəllimidir.

2003-cü ilin sentyabr ayının 5-də Poladın toyu oldu. Polad uşaq olanda Gürcüstandan iki ədəd qırmızı şərf almışdım. Toy günü birini Poladın, birini isə Poladın sağdışı Vüqarın qoluna bağladıq. Getdik qız evinə, gəlini gətirməyə. Polad içəri daxil oldu, gülü gəlinə hərbçi kimi təqdim elədi, hərbi salam verdi. O cür ciddi adamın bu  baməzəliyi hamıya xoş gəldi, qohum-əqrəba güldü, alqışladı, hamının ürəyi açıldı.

Amma Poladın toyunun sevincini çox da yaşamadıq. Qəflətən atası xəstələndi. Çox müalicələr olundu, xeyri olmadı. 2005-ci il oktyabr ayının16-da vəfat etdi. Atasının ölümü Poladı çox sarsıtdı. Günlərlə özünə gələ bilmirdi. Allah rəhmət eləsin, çox gözəl ata idi… Hamımız çox üzüldük. Neyləmək olar… Birtəhər dözdük… Polad hansı hərbi hissədə çalışırdısa, həmişə ailəsini də ora aparırdı. Polad əsgərlərini çox sevirdi. İşində çox ciddi və tələbkar idi. Əsgərlərinə “balam” – deyirdi. Harda olsa, hansı əsgərin hansı ehtiyacı olsa, ona qayğı göstərirdi. Bütün şəhidlər mənim balalarımdır. Onlar Vətəni bizdən üstün tutdular. Mənə Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev özü şəxsən başsağlığı verdi. Mənim üçün böyük dəstək oldu. Ancaq, qızım, mənim də bütün analar kimi arzularım var idi. Bala böyütdüm, barını görmədim, balaları atasız qaldı… Polad özü də atasız qalmışdı, indi isə onun balaları… Polad həmişə rəşadət göstərib, qəhrəmanlıqla vuruşub. 2016-cı il Aprel döyüşlərində iştirak edib. Döyüşə gedəndə bizə bildirməyib. Dörd gün döyüş olub. Döyüş qutardıqdan sonra həyat yoldaşı Ofelya xanıma zəng edərək deyib ki, qətiyyən narahat olmayın, hər şey yaxşıdır. Düşməni kilometrlərlə geri oturtmuşuq. Ancaq, zəngdən 20 gün sonra evə gəldi. Evdə gördük ki, Poladın ayağında, yerişində problem var. Demə, yaralanıbmış. 20 gün də xəstəxanada müalicə alıb. Aprel döyüşlərində göstərdiyi igidliklərə görə dövlətimiz tərəfindən mükafatlandırıldı. Hətta, Prezidentimiz ona ev bağışladı. Polad isə ona verilən evi Aprel döyüşlərində həlak olan bir şəhid ailəsinə bağışladı. Poladın bir başqa ürəyi, qəlbi vardı… Heç zaman əlindən gələni kimsəyə əsirgəməzdi. İmkansızların, dara düşənlərin əlindən tutardı. Xeyirxah, mərd, cəsarətli bir insan idi. O, insani əməli, şəxsi ləyaqətilə özünü təsdiqləmiş cəsur bir General idi.

Çox heyif ki, Poladın illər boyu ürəyində bəslədiyi arzuları param-parça oldu. İstəyirdi ki, tezliklə Qarabağ torpağı o mənfur düşmənlərdən azad olsun. Köckün, qaçqın adlandırılan soydaşlarımız öz əzəli dədə-baba yurdlarımıza qayıtsınlar. Lakin, 12 iyulda Tovuz istiqamətində düşmənin təxribatı nəticəsində 11 nəfər əsgərimizlə birlikdə qəhrəmanlıqla həlak oldu. Hamısının da bir həsrəti, bir amalı var idi – Qarabağ həsrəti… Neyləmək olar… Müharibənin belə sərt qanunları var…

Tovuzda vəziyyət pisləşən andan Poladın özünə, dostlarına, qohum-əqrəbalara zəng eləyirdim. Heç kim telefonu açmırdı. Dəhşətə gəlmişdim. Ayın 14-ü idi. Axşamüstü, səs-küyə balkona çıxmışdım. Gözlərimə inana bilmədim. Baxdım ki, həyət, binaların araları millətlə doludur. Hamının da əllərində bayraqlar evimizin üstünə gəlir. Dəhşətli mənzərə idi. Hər tərəfdə, “İgidlər ölməz, Vətən bölünməz!” – deyə, qışqırırdılar. O dəqiqə anladım ki, Poladım şəhid olub. Hamı bilirmiş, bizə deməyiblər, ay qızım… Polad Vətəni ailəsindən, bizdən üstün tutdu. Vətən yolunda da şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Mənim oğlum fərqli bir oğul idi. Elə bil Vətəni üçün dünyaya gəlmişdi. Çox tez itirdik onu… Polad yaşasaydı, çox işlər görəcəkdi…

Səmayə Ana.

… Səmayə ananın sözlərində o qədər böyük həqiqətlər vardı ki…

Doğulduğu doğma yurdunda – Qəbələdə Polad Həşimovun iştirak etdiyi bir məclisdə onunla görüşən yoldaşım danışır ki, “Polad Həşimov toy mağarına yaxınlaşdı, göz aydınlığı verdi, təbrik elədi və getməyə tələsdi. Toy sahibi “Heç olmasa, bir qismət çörək yeyin, sonra gedin! – xahişinə isə “Əsgəri səngərdə olan komandir necə isti kabab, yağlı fətir yesin”, – dedi. Bu dəmdə ev adamları bir himə bənd imiş kimi ocağın – manqalın üstündən gətirdikləri kabab şişlərini təndir çörəklərinin arasına yığıb əsgərlər üçün böyük bağlamalar düzəldib maşının yük yerinə səliqə ilə yığdılar. Bax, bu oldu əsl toy!” – deyə cənab general məmnunluqla gülümsədi, hamı ilə mehribanlıqla sağollaşıb əsgərlərinin yanına yola düşdü… Məclis əhli hamı onun bu fədakar ürəyinə heyran qalmışdı…

         Əsgərlərinin isə onunla bağlı xatirələri cənab generalın sözün həqiqi mənasında necə böyük insan olduğunu bir daha sübuta yetirmiş olur. Əsgərlərindən biri deyir ki, “Bir gün məni yanına çağırıb dedi ki: Əsgər, hazırlaş, sabah evə yola salırıq səni. Mən isə mat-məəttəl “axı mən yeni gəlmişəm məzuniyyətdən” dedim.

Bilirəm, məzuniyyətdən yeni gəldiyini, evinə bir də get ki, yenilənib gələsən. Komandirlərin səndən razılıq edir, qüsursuz xidmətə görə növbədənkənar 10 günlük məzuniyyət verilir sənə… Səhər hərbi hissənin xidməti maşını ilə yola salacağıq, gedərsən”- dedi. Məəttəl qalmışdım. Səhər hərbi hissənin qarşısından hərbi hissənin maşını ilə məni evimə yola saldı və bir zərf verdi. Bu zərfi evə çatanda açmağı tapşırdı. Evə çatanda açdım ki: “Təbrik edirəm, əsgər, Ata olmusan!” yazıb. Zərfin içində 170 manat da pul vardı. Yeni dünyaya gəlmiş körpə üçün pay da göndərmişdi. Bu, əsgərini balası kimi sevən, əməlləriylə sadəliyin böyüklüyünü yaradan Polad Həşimov idi…

         Əsgərlərindən  Nicat Həşimzadə danışır ki: “Yatmağa yerimiz yox idi. Daha doğrusu, bərbad halda idi. Göy palatkaları birləşdirib özümüzə yer düzəltmişdik. Bir dəfə dəhşətli küləkdən dam başımıza uçdu. Sonra gözlənilmədən dağda kazarma tikintisi başladı. Elə bildik ki, nazirlik bizim üçün kazarma tikir. Ancaq kazarmanı hərbi hissə komandiri Polad Həşimov öz hesabına tikdirdi. Öz evi olmayan komandirimiz bizim üçün ev düzəldirdi…”

         Ömür-gün yoldaşı Ofelya xanım isə Polad Həşimovu göz yaşları içində, qəhərdən boğula-boğula belə anır: “Mən Polad kimi insanlar haqqında həmişə bədii əsərlərdə oxuyardım, inana bilməzdim ki, real həyatda belə ürəkdə insanlar həqiqətən olur. Poladla biz 17 il bir yerdə yaşadıq. O, həqiqətən, bütün canı-qanı ilə Vətənə bağlı insan idi və bunu dildə yox, əməllərində göstərirdi. Övladlarımızı da bu ruhda böyüdürdü. Əsgərlərini çox sevirdi. Hər zaman əsgərləri ilə birgə, onların yanında olurdu. Əsgərləri deyir ki, O heç vaxt “İrəli!” deməzdi, öndə Özü gedər, “Arxamca!” deyərdi…

Bizim evdəki şəkillərə baxsanız, ad günlərində, bayramlarda – heç birində Polad yoxdur. Hamısında biz təkik. Çünki, ancaq o, səngərlərdə, əsgərlərinin yanında olardı. Aprel döyüşlərində yaralandığını bizdən gizlətmişdi.

Ofelya xanım 12 iyul hadisələrini belə xatırlayır:

– Bir neçə dəfə telefonla danışmışdıq. Ancaq, 12 iyuldan sonra onunla danışa bilmədik. Çünki o, telefon işlətmirdi. Dostları, tanışları da danışırdılar ki, heç vaxt telefon götürməzdi. Xoşu gəlmirdi telefondan, ancaq öz işi-gücü ilə məşğul olardı. Doğrudan da, adam fikirləşəndə, dəhşətə gəlir. Elə bil, ancaq Vətən üçün, cəbhə üçün doğulmuşdu Polad…”

***

Bu xatirələri qələmə aldıqca Seyid Cəfər Krımərin Məhəmməd Əmin Rəsulzadəyə ünvanladığı sözlər gəlir ağlıma: Bir gün həyatınızı canlandıracaq baxtlı bir türk gənci yetişəcək və ömür yolunuzu qələmə aldıqca “Nə xoşbəxtəm ki, bu yaşamağa dəyər səhifələri yazıram” – deyə Sizinlə qürur duyacaq…

         Ruhun şad olsun, Şəhid General!

Nə xoşbəxtəm ki, Sizin o yaşamağa dəyər şərəfli ömür yolunuzu işıqlandırıram… Könüllərdə taxt quran, ürəklərdə heykəlləşən Əbədi Qəhrəman!

Tanrı qatında yeriniz uca, şəhadətiniz qutlu  olsun!


Xəyalə ZƏRRABQIZI
 – filologiya üzrə fəlsəfə doktoru.

Müəllif:  Xəyalə ZƏRRABQIZI


YAZARLAR.AZ

===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru