Etiket arxivi: Aliyə CAVANŞİR

XAN BABAMIN KƏNDİNƏ GETMİŞDİM – XANKƏNDİMƏ.

XAN BABAMIN KƏNDİNƏ GETMİŞDİM…
XANKƏNDİMƏ…

Ağdam-Əsgəran-Xocalı-Xankəndi-Şuşa-Laçın-Qubadlı
Uşaqlıqda Xan nənəmin, xanım nənəmin güllü yorğanının üstündə oturub dinlədiyim şirin, kövrək, nisgilli xatirələri elə o vaxtdan ovcumda sıxıb, bölüşməyə kimsə tapmadığım üçün qiymətli əmanət kimi gizləyib saxlamışdım… Öz-özümə danışar, kövrələr, köks ötürərdim. Düz 45 ildən də bir az uzun zamandı…
Nəhayət ki… Tale mənə elə o xatirələrin cücərib baş qaldırdığı torpaqları ziyarət etməyi nəsib etdi…
2 əsrlik xatirələri acgözlüklə, bir anın içindəcə üzümü göyə tutub sahiblərinə “çatdırdım”… Yerdə kimsə qalmayıb axı…
Çiynimdəki yük yüngülləşdi sanki… amma tam boşalmadı… Xan babamın kəndini belə pəjmürdə görmək mənə çox ağır gəldi. Murdarların izləri hələ tam təmizlənməmiş yəqin ki, bu hissləri yaşamağım təbii idi…
Ən ağırı XOCALI ziyarətim oldu. Yerə ayaq basmağa utanırdım. O müdhiş gecədəki ah-nalələr qulağımı, beynimi deşirdi sanki… Sevinc hissi yaşaya bilmədim, bilməzdim. Biz bu faciəli tarixi heç zaman unutmamalıyıq. Bir gözümüz güləndə, o biri ağlamalıdır… Tez maşına qayıtdım… İçimdə hıçqırtı ilə ağladım. Ora tamamilə başqa əhval-ruhiyyədə getsəm də, o hisslərim yoxa çıxdı… Yəqin bizə çox uzun illər lazımdır bu faciəni unutmaq üçün. Yox, unutmaq yox… Şəhidlərimizin qanları hesabına alınan bu torpaqlarımızı, qisası alınmış Xocalımızı elə gözəlləşdirməliyik ki… Bəlkə onda o torpaqlarda rahatlıqla addımlaya bilərik…
Şuşa-Laçın səfərimiz daha yüngül oldu. Qələbənin Sevincini bir az yaşaya bildim…
Qanımı qaraldan o oldu ki, Laçından üzüaaşağı Qubadlıya düşəndə hündür sağ zirvədə o murdarların bayrağını və əsgərlərini gördüm. Əbədi bir yaradı bu murdarlar bu torpağın bağrında təəssüf ki… Daim görmək məcburiyyətindəyik…
Sol tərəfdə bizim bayrağımız dalğalanırdı. Üz-üzə idilər.
Aşağıda isə bizimkilər buldozerlərlə nəhəng qayaları yarıb yeraltı tunellər tikir, yolları daha da genişləndirirdilər…
Qarabağda nəhəng quruculuq işləri getmir. Belə təsəvvür etmirdim… Yəqin sülhün imzalanmasını gözləyirlər… Ümid edək. İnşaallah…

EhtiramlaAliyə CAVANŞİR,

tədqiqatçı

ALİYƏ CAVANŞİRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Aliyə Cavanşir: – “GƏLMİŞƏM, XAN NƏNƏM!”

GƏLMİŞƏM, XAN NƏNƏM!
Yəqin bu illər ərzində bizdən incimisən – NEYÇÜN GƏLMƏZ deyə. Haqqın var… Nəhayət… burdayıq – həmişəlik…
Ən gözəl uşaqlıq xatirələrim sizlərlə bağlı olub. Xan nənəmin kövrək, nisgilli, əfsanələşmiş, nağılvari xatirələrini, qəzəllərinizi dinləyərək yuxuya getmişəm. Ayılanda da elə o qəzəllərin nənəmin şirin Qarabağ ləhcəsiylə ifasına bələnmişəm.
BABAM ƏBDÜSSƏMƏD BƏY AŞİQ CAVANŞİRİN

Əlan ey daqi-dərdin hicriylə bərbad olan gonlum(könlüm),
Məgər heç bir görən olmaz səni abad olan gonlum…

Eləcə də Ulu babam MƏHƏMMƏD BƏY AŞİQ CAVANŞİRİN Qəzəlləri və SƏNİN – XAN QIZI XURŞUDBANU NATƏVANIN ürəkdağlayan, nisgilli qəzəlləri ilə… böyümüşəm…
O zaman deyirdilər ki, xan, bəy balaları kef çəkiblər… Dərd-qəm nədir bilməyiblər… Düşünürdüm görəsən, Xan qızı niyə bu qədər kədərli bir əhvalda olub… Böyüdükcə anlamağa başladım…
RUHUN ŞAD OLSUN, XANIMLAR XANIMI!!!


NEÇİN GƏLMƏZ?
Qoyubdur intizarında, neçin gəlməz, neçin gəlməz?
Həmişə ahü zarında, neçin gəlməz, neçin gəlməz?
Üzüldüm karivanımdan, əl üzdüm xanimanımdan,
Fələk incir fəqanımdan, neçin gəlməz, neçin gəlməz?
Gedibdir qafilə salar, olubdur gözlərim xunbar,
Nə bir yarü, nə bir qəmxar, neçin gəlməz, neçin gəlməz?
Könüldə ahü zarım var, səbrü nə qərarım var,
Deməz bir dilfikarım var, neçin gəlməz, neçin gəlməz?
O zülfü nərgisi-məstə, könül çoxdandı pabəstə,
Məni hicran edib xəstə, neçin gəlməz, neçin gəlməz?
Səri-kuyin gəzən könlüm gülü-ruyin sevər könlüm,
Vüsalın çox dilər könlüm, neçin gəlməz, neçin gəlməz?
Alıbdır canımı hicran, olubdur gözlərim giryan,
O məhvəş, nazənin canan, neçin gəlməz, neçin gəlməz?
Mənə hicran məşəqqətdir, fəraqın dərdi möhnətdir,
Nigarım xeyli müddətdir neçin gəlməz, neçin gəlməz?
Əzizim, göz yaşım qandır, işim fəryadü əfqandır,
O yarım harda mehmandır, neçin gəlməz, neçin gəlməz?
Yanar canım fərağından, tutar könlüm sorağından
Ki, çıxsın yar otağından, neçin gəlməz, neçin gəlməz?
Əlimdə ixtiyarım yox, gedib, səbrü-qərarım yox,
Yanımda gül-üzarım yox, neçin gəlməz, neçin gəlməz?
Səba, ol məhliqa dilbər, alıbdır canımı yeksər,
Könül ancaq onu istər, neçin gəlməz, neçin gəlməz?
Yetibdür ərş üzə dadım, tutub dünyanı fəryadım,
Mənim ol sərvi-azadun neçin gəlməz, neçin gəlməz?.
Qalıbdır Natəvan nalan, gecə-gündüz olur giryan,
Onun yox dərdinə dərman, neçin gəlməz, neçin gəlməz?

EhtiramlaAliyə CAVANŞİR,

tədqiqatçı

ALİYƏ CAVANŞİRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Aliyə Cavanşir – …ona layiq bir iş görəcəklər…

“ÜZÜ DÖNSÜN AYRILIĞIN…”

Nəşriyyat-poliqrafiya sahə¬sində çalışdığım 30 ildən artıq müddətdə minlərlə kitabın nəşrində iştirak etmiş, alimlərin elmi araşdırmalarını, eləcə də müxtəlif elm ocaqlarında fəaliyyət göstərən insanlar haqqındakı avtobioqrafik yazıları bir korrektor olaraq oxumuşam, dizayn-tərtibat işlərilə məşğul olmuşam. Məni bir şey hər zaman düşündürürdü ki, cəmiyyətimizdə elə fəaliyyət sahələri var ki, biz addımbaşı o sahədə çalışanlarla “ünsiyyətdə-yik”, xeyirxah əməllərinə görə onları alqışlayırıq, bizə doğmadılar, əzizdilər, lakin şəxsən tanış deyilik. Təəssüf ki, çox az yazılır, yaxud heç yazılmır onlar haqda… Axı, bu “gözəgörünməz” insanlar öz əməlləri ilə milyonların yoluna işıq, nur saçır, onların fəaliyyət göstərdiyi sahələr Dövlətimizin əsas dayaqlarındandır…
Eyni mövzularla işləməyimin bir səbəbi də yəqin ki, 20 ilə yaxın müddətdə Milli Elmlər Akademiyasında çalışmağım olub.
Cəmiyyətimizdə tanınmış, ictimai-siyasi fəaliyyətlə məşğul olan bir çox dəyərli insanlarla bu gün də dost münasibətlərim davam edir. Həyatda ən böyük qazancım da elə budur…
Bu yaxınlarda 2 saylı Bakı Tibb Kolleci müəllimlərinin cap işləri də mənə həvalə edilmişdi. Az bir müddətdə hər biri ilə son dərəcə səmimi ünsiyyət yarandı, xoşluqla ayrılsaq da, düşünürdüm, razı qaldılarmı görəsən…
İş əlaqəmizin kəsilməsinə baxmayaraq, bayramlarda, xoş günlərdə əksəriyyətinin diqqətini görürdüm. Telefonuma gələn xoş sözlər, bayram təbrikləri həqiqətən də mənə çox xoş təsir bağışlayırdı. Mən də öz növbəmdə onları diqqətdən kənarda qoymamağa çalışır¬dım. Statuslarını izləyirdim. Paylaşımlarına münasibətimi bildirirdim. Beləliklə, səmimi ünsiyyətimiz davam edirdi. Onlardan biri də Töhfə müəllimə idi. Töhfə Cəfərağa qızı Mövsümova.
Bu yaxınlarda Töhfə xanımın statusundakı hüznlü yazı isə məni çox sarsıtdı… Çöhrəsi nurlu bir insanın şəkli və acı göz yaşları içində yazılan vida kəlmələri…
Atası dünyasını dəyişmişdi…
O nurlu sima mənə o qədər doğma gəldi ki… Haradan, necə anlaya bilmədim…
Azərbaycanın yol-inşaat sahə¬sin¬də tanınmış insan, Əməkdar mü¬həndis, “AzVirt” MMC-nin baş mühəndisi, ləyaqətlə, şərəflə 72 il ömür sürən Cəfərağa Şiriyev 19 may 2024-cü ildə qəflətən vəfat etmişdi. Həm ailəsini, həm təmsil etdiyi yol-inşaat sahəsindəki bütün dostlarını, iş yoldaşlarını qəfil gedişi ilə sarsıtmışdı… Bir gün əvvəl – 18 mayda axşamçağı işi ilə əlaqədar Qarabağdan qayıdıbmış…
Bəlkə doğmalığın bir səbəbi də elə buymuş. Bəlkə bu yazı Cəfərağa müəllimə Qarabağ xanlığının əsasını qoyan ulu babalarım Cavanşirlərin qanı axıdılan yurd yerimizdəki zəhməti müqabilində ilahinin çiynimə qoyduğu bir minnətdarlıq borcudur? Hər şey ola bilər…
Töhfə xanımın paylaşımına anındaca mü¬nasi¬bətimi bildirdim.
Mən də valideynlərimi itirdiyim üçün, o ağır anlarımda təsəlli tap¬dığım zərrəcik boyda nəsə olmuşdusa, Töhfə xanımla bölüşməyə, onu ovundurmağa çalışdım… Amma üzü dönsün ayrılığın… Əzizlərin itkisini nələrsə ovunduracaq gücdədirmi ki… Zaman lazımdır bu yaranın qaysaqlanması üçün… Düzdür, heç kəs ölənlə ölmür, ürəyimizin bir parçası olan əzizlərimiz bizi əbədilik tərk etməklə həmin parçanı da özləri ilə qoparıb aparır, o yer hey sızlayır, göynəyir… Yaşayırsan, həyatına davam edirsən, lakin bu ağrını ömürlük yaşayaraq davam edirsən… Bu, həyatın acı gerçəkliyidir, bəlkə də əksinə… Unudulmamaq haqqı olan əzizlərimizin əbədiyaşarlıgının təzahürüdür…
Mən adətən şəxsən tanımadığım insanlar haqda yazı yazmağa çətinlik çəkirəm. Düşünürəm ki, qeyri-səmimi alınar. Amma Xalq şairimiz Nəriman Həsənzadə həmişə deyir ki, insanlar təkcə qan qohumluğu ilə yaxın olmurlar, onları doğmalaşdıran həm də “tərcümeyi-hal qohumluğudur”.
Mən də Töhfə xanımın nurlu atasını çöhrəsində əks olunan alicənablığı, ziyalılığı, zəhmətkeşliyi ilə eynilə atama oxşatdım. Bir doğmalıq gəldi mənə. Yəqin, bu “tərcümeyi-hal qohumluğu” da iç dünyamı silkələdi…
Cəfərağa müəllimin qəfil dünyasını dəyişməsindən sarsılan “AzVirt” MMC-nin baş direktor müavini Nəriman Nağıyevin həmkarı haqda ürək yanğısı ilə yazdığı yazını oxudum.
Həyat və fəaliyyəti gözlərim önündə canlandı…
Yaxşı yadımdadır… 90-cı illər idi. “Elm” nəşriyyatında çalışırdım. Bir müəllifimiz vardı. Bəhram İbrahimov. “İnşaatçı” qəzetinin əməkdaşı idi. Azərbaycanda fəaliyyət göstərən elə bir yol-inşaat, tikinti-quraşdırma sahələri olmazdı ki, bu cəfakeş insan onlardan yazılar, oçerklər, kitablar yazıb çap elətdirməsin. Onun xeyli kitabını işləmişdim. Səhv etmirəmsə, bu simalara, adlara o kitablarda rast gəlmişəm. Təəssüf ki, hal-hazırda kitablar əlimdə olmadığından dəqiqləş¬dirə bilmədim…
Cəfərağa Şiriyevin həyat və fəaliyyəti haqqında mətbuatda, sosial şəbəkələrdə gedən yazıları, dostlarının, iş yoldaşlarının, övladının ürək yanğılarını oxuyuram. Çox təəssüf edirəm ləyaqətli bir vətəndaşın, etibarlı dostun, sədaqətli ailə başçısının, mehriban atanın, babanın vaxtsız itkisinə…


Tam səmimiyyətlə qeyd etmək istəyirəm ki, bu son kəlmələrim, həqiqətən də Töhfə xanıma sadəcə bir təsəlli deyil. Ona demək istəyirəm ki… Yarandığı gündən son mənzilədək insan çalışır, çarpışır ki, nəsə bir faydalı iş görsün, sağlığında da, axirətində də rəhmət qazansın. Amma bu, hər kəsə nəsib olurmu? Əsla…
Sevimli Atanız Cəfərağa müəllim sağlığında minlərlə dəfə bu rəhməti qazanıb. Hələ çox qazanacaq… Onu tanımayanların dilindən belə… Ağlımız kəsəndən nənə-babalarımız yol salmağın, su çəkməyin nə qədər savab bir iş olduğunu, insana nə qədər rəhmət qazandıracağını bizə nəsihət ediblər.
Xoş sizin halınıza ki, belə bir şərəfli ömür sürmüş atanın övladısınız.
Nə xoş ki, vətənimizin belə ləyaqətli övladları var. Nə xoş ki, Dövlətimiz, hökumətimiz də onun əməyini zamanında dəyərləndirib.
İntizarla Qarabağa köç edəcəyimiz günü gözləyirəm. Bilin ki, atanızın ürək qoyduğu o yollarla addımlayanda hər dəfə dilimdə sidq ürəklə bu dua səslənəcək: “Allah sənə rəhmət eləsin, Cəfərağa müəllim! Məkanın cənnət, yerin behişt olsun! Haqqını halal et bizlərə…”


Əməkdar jurnalist Zərbalı Mirzənin “İnşaatçı” qəzetində Cəfərağa Şiriyevin 70 illik yubileyi münasibətilə dərc etdirdiyi məqalədən bir neçə məqamı da oxucularla bölüşməyi lazım bildim…
Jurnalist Cəfərağa müəllimə sual verəndə ki, təcrübəli mühəndis kimi formalaşmağınızda kimlərin haqqı var? O, belə cavab vermişdir: Mən özümü Əli Musa oğlu Əliyevin yol inşaatı Akademiyasının məzunu hesab edirəm… O, bu gün haqq dünyasında olsa da, mən onu hələ də oxuyuram, görürəm ki, hələ ondan öyrəniləsi çox mətləblər var…

“…Cəfərağa müəllim ailəlidir. 3 övladı var. Həyat yoldaşı Südabə Nurəddin qızı kimyaçı-texnoloqdur. Hal-hazırda təqaüddədir. Böyük qızı Mövsümova Töhfə Cəfərağa qızı ali təhsillidir, 2 saylı Bakı Tibb Kollecində müəllim işləyir, ailəlidir.

Ortancıl qızı Rəhimova Günel Cəfərağa qızı “Atəşgah” sığorta şirkətində təftiş komissiyasının sədri vəzifəsində işləyir, ailəlidir.
Ailənin kişik qızı Hacıyeva Gülnar Cəfərağa qızı Azərbaycan Respublikası Hesablama Palatasında sektor müdiri vəzifəsində işləyir, ailəlidir…”


“Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Etibar Hüseynovun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmovun, “AzVirt” MMC-nin texniki istehsalat şöbəsinin rəhbəri Nəriman Nağıyevin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Azərbaycan Mühəndislik İqtisadiyyatı” kafedrasının müəllimi, iqtisad elmləri doktoru Ayaz Orucovun Cəfərağa müəllim haqda söylədiyi yüksək fikirlər onun nurlu ömür yoluna bir az da işıq salır…
Etibar Hüseynov: “… “AzVirt” MMC respublikada yol tikinti sahəsində xüsusi rolu olan özəl bir tikinti qurumudur və onların nümunəvi, keyfiyyətli işləri dəfələrlə dövlət rəhbəri səviyyəsində təqdir olunmuşdur. Şübhəsiz ki, şirkətin uğurlarının təməlində baş direktor Kamil Əliyevin və baş mühəndis Cəfərağa Şiriyevin rolu böyükdür.”

Ayaz Orucov: “…Tərəddüd etmədən deyə bilərəm ki, o, bu gün Azərbaycanın yol mühəndisləri ordusunda flaqman insanlardan biridir. Respublikanın yol tikintisində çoxillik gərgin fəaliyyəti yol inşaatı sahəsində çalışan gənc mütəxəssislər üçün sözün həqiqi mənasında bir məktəbdir və təqdir olunmalıdır”.


“AzVirt” MMC-in baş direktor müavini Nəriman Nağıyevin Cəfərağa Şiriyevin həyat və fəaliyyəti haqda qələmə aldığı “Şərəfli yolunu özü inşa etmişdi” yazısını da oxuculara təqdim etməyi özümə borc bildim.
“Öz qismətinə heyran qalan, Canım Atam”. Ölümündən sonra onun barəsində qızının sosial şəbəkədə paylaşımında bu fikri qeyd etməsi diqqət çəkməyə bilməzdi. Həqiqətən də belə oldu. Bir anda ölüm xəbəri yayılanda heç kim inanmaq istəmədi. “Bu nə qismətdir” deyərək təəccüblənən, şok keçirən bir çoxları eşitdiklərinin həyəcanını yaşadı. Elə övladı Töhfə xanımın yazdığı kimi, atası da öz qismətinə heyran qalmışdı.
Bir neçə gün öncə Azərbaycanın yol təssərrüfatında tanınmış insan, əməkdar mühəndis, “AzVirt” MMC-nin baş mühəndisi Cəfərağa Şiriyevi itirdik. O, bu dünyada 72 il şərəfli, ləyaqətli ömür sürdü. 19 may 2024-cü ildə qəflətən vəfat etdi. Həm işlədiyi sahədə, iş yerində, həm də insanların qəlbində böyük boşluq yaratdı.
Şiriyev Cəfərağa Ağabala oğlu 19 mart 1952-ci ildə Salyan şəhərində anadan olub. 1968-ci ildə orta təhsilini başa vurandan sonra Azərbaycan Politexnik İnstitutunda avtomobil yolları üzrə mühəndis ixtisası üzrə təhsil alıb və oranı 1974-cü ildə bitirib.
C.Şiriyev 1974-1978-ci illər ərzində Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin 12 saylı Yol Tikinti İdarəsində iş icraçısı, baş mühəndis vəzifələrində işləyib. 1978-1990-cı illər ərzində 6 saylı “Xüsusiyoltresti” idarəsində iş icraçısı, baş mühəndis vəzifələrində, 1990-1992-ci illər ərzində “Azərneft” Yol Tikinti Təmir Trestinin 1 saylı Yol Tikinti İdarəsində baş mühəndis, həmin idarənin rəisi vəzifələrində çalışıb. 1992-1993-cü illər ərzində Bakı şəhəri İcra Hakimiyyətinin “Yoltəmirtikinti” Baş İstehsalat İdarəsində Elmi-İstehsalat Müəssisəsinin direktoru, 1993-1995-ci illərdə “Azəryoltikintitəmir” trestinin “İnkişaf” Elmi-İstehsalat müəssisəsinin rəisi, 1995-ci ildə Yol Təmir Trestində Baş İstehsalat İdarəsinin Şəhər Yolları istismarı idarəsində rəis müavini vəzifələrində əmək fəaliyyətini davam etdirib.


1995-ci ilin noyabr ayından ölkəmizin tanınmış yol tikinti şirkəti olan “AzVirt” Azərbaycan-Almaniya Birgə müəssisəsinin Asfalt-Beton İstehsalı zavodunun direktoru vəzifəsində işə başlayıb, 2004-cü ildən isə ömrünün sonunadək bu şirkətin baş mühəndisi vəzifəsində işləyib. 10 aprel 2012-ci ildə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb. Bir çox mükafatlar alıb.
Cəfərağa Şiriyev “AzVirt” MMC-də çalışdığı dövrdə bir çox yol və hava limanı infrastruktur layihələrinin ərsəyə gəlməsində zəhmət sərf edib. Elə bir layihə yoxdur ki, orda onun adı keçməsin. Böyük Şor dairəsi – Heydər Əliyev Beynəlxalq Hava Limanı – Mərdəkan-Bilgəh, Buzovna-Mərdəkan-Qala, , Qala-Pirallahı, “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu, Olimpiya Stadionuna aparan yollar, körpülər, tunellər, Formula-1 “Azərbaycan Gran Prisi” üçün inşa olunan trek və s. saya bilmədiyimiz daha neçə-neçə layihədə Cəfərağa müəllimin izini görmək, nəfəsini duymaq mümkündür. Serbiya, Bosniya və Herseqovina, Ukrayna, Qırğızıstan kimi ölkələrdə icra edilən beynəlxalq layihələrdə də baş mühəndis olaraq Cəfərağa Şiriyev AzVirt-in işini ləyaqətlə yerinə yetirib.
Gələn il 30 yaşını qeyd edəcəyimiz AzVirt-in 20 il baş mühəndisi olmaq böyük məsuliyyət deməkdir. Bu illər ərzində C.Şiriyevin hava nəqliyyatı sahəsində icra edilən layihələrdə də əməyi danılmazdır. Heydər Əliyev Beynəlxalq Hava Limanında bir sıra infrastruktur layihələri, eləcə də Yeni Aerovağzal Terminalı, o cümlədən 2006-2013-cü illərdə Gəncə, Lənkəran, Zaqatala, Qəbələ, Yevlax hava limanlarının inşaatında da o, daim iş başında olardı.
Nəhayət Cəfərağa müəllim ən böyük arzularından birini də həyata keçirə bildi. Doğma torpaqlarımız işğaldan azad edildikdən sonra ona demək olar ki, “AzVirt”in baş ofisində az-az rast gəlinirdi. Çünki müqəddəs torpaqlarda şirkətə böyük etimad göstərilərək, Füzuli, Zəngilan, Laçın Beynəlxalq Hava Limanları, “Zəfər Yolu”, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Əhmədbəyli-Füzuli-Şuşa, Kəlbəcər-Laçın, Füzuli-Hadrut yolları kimi mühüm layihələrin icrası həvalə olundu.
O, bəlkə də sayıla biləcək baş mühəndislərdən idi ki, gününü istehsalatda, tikinti meydançasında keçirirdi. Çünki bunu görüb mənimsədiyi bir məktəb vardı. Bu məktəb “AzVirt”in yaradıcısı, görkəmli alim, texnika elmləri doktoru, professor Əli Musa oğlu Əliyevin məktəbi idi. İlk vaxtlardan ondan öyrənmək, onun dediklərini yaddaşda həkk etmək, həm idarəetmədə, həm də elmi izahlardan yararlanmaq Cəfərağa müəllimi bu sahədə püxtələşdirmişdi. C.Şiriyev professor Əli müəllimin bir deyimini heç vaxt unutmurdu: “Neçə illərdir bu asfaltı qurdalayıram, amma hələ də heç nə bilmirəm”. Böyük bir alimdən bu sözü eşitmək nə qədər qəribə səslənsə də, bunun qiymətli hikməti vardı. Məhz Cəfərağa müəllim də belə dəyərli kəlamlar üzərində inkişaf yolu keçib, böyük layihələrə imza ata bilmişdi.
Yorulmurdu. Xüsusən də Qarabağda daha çox qalmağa üstünlük verirdi. Elə sonuncu dəfə də mayın 18-də – həftənin 6-cı günü axşam saatlarında Zəngilandan qayıtmışdı. Bazar günü günortaya yaxın isə vəfat etməsi xəbəri yayıldı.
Özündən sonra yadigarı olan 3 qızı və 6 nəvəsi qalıb. Nəvələrindən Rəşad Mövsümov Memarlıq və İnşaat Universitetinin 4-cü kurs tələbəsidir və babasının yolunu davam etdirir.
O, sözün əsl mənasında Azərbaycanı “Gələcəyə aparan yollar”da öz adını əbədiləşdirə bildi. Harda “AzVirt” adı çəkilirsə, deməli orda bu peşəkar əməkdar mühəndisin ruhu da yaşayır. Cəfərağa müəllimin əziz xatirəsi “AzVirt” ailəsi, doğmaları, eləcə də, onu tanıyan digər insanların qəlbində daim yaşayacaqdır.”
“Marja.az”.
25.05.2024


Cəfərağa müəllim İlahidən ona yazılan qismətə şükranlıqla yanaşaraq, sevimli ailəsinin poetik taplosunu şairanə təbiətiylə heyranlıqla yaratmışdır…

Rəbbimə şükr edirəm verib mənə can, nə gözəl,
Canıma can artırıb eylədi canan, nə gözəl!

Ömrümə bəzək verən bir gözələ tuş eylədi,
Gözəllə gözəl olurmuş yeni dövran, nə gözəl!

Arzuma, istəyimə bircə dəfə yox demədi,
Ruzimi verdi mənim etdi firavan, nə gözəl!

Əmanət etdi mənə ən sevimli məxluqun O,
Etibar qazanmaqsa sirri Xudadan, nə gözəl!

Üç gözəl verdi mənə, üç gözələ bircə ana,
Gedərəm, uf demərəm, hamsına qurban, nə gözəl!

Əyər ki, hər bir ata ruhən sevsə övladını,
Bir uşaq tapammarıq qəlbi pərişan, nə gözəl!

İlahi, qismətimə şükr eləyib yorulmuram,
Özüm öz qismətimə olmuşam heyran, nə gözəl!

Sonda onu da qeyd etməyi özümə borc bildim ki, 1974-cü ildən ömrünü yol inşaatı işində şam kimi əridən Cəfərağa Şiriyevin əmək fəaliyyətinin 50 ili bu il tamam olacaqdı. Özü haqq dünyasında olsa da, əminəm ki, dostları, həmkarları adının əbədiləşdirilməsi üçün ona layiq bir iş görəcəklər…

25.06.2024

EhtiramlaAliyə CAVANŞİR,

tədqiqatçı

ALİYƏ CAVANŞİRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Böyük alim, mərdanə insan, etibarlı dost ŞİRİNDİL ALIŞANLININ xatirəsinə…

“…Alimlər dünyanın ÇIRAĞI, axirətin NURUDURLAR”…

Böyük alim, mərdanə insan, etibarlı dost ŞİRİNDİL ALIŞANLININ xatirəsinə…

“Alimləri eşidin, onlar dünyanın çırağı, axirətin nurudurlar” – deyib Peyğəmbərimiz.

Şirindil müəllimin alimliyindən, ədəbiyyat tariximizdəki xidmətlərindən həmkarları çox yazıblar. Bu gün də yazır­lar… Ölü­mündən sonra…

Xatirəsinə ehtiramla yazdığım bu yazı isə ona olan minnətdarlıq borcum­dur.

“Elm” Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzində direktorum, arxa-dayağım olub Şirindil Alışanlı. Böyük ehtiyac içində olan məcburi köçkün ailəsinin vəziyyətini bir az yüngülləşdirmək üçün halal çörək qazanmaq yolunda çarpışan bir kəndli qızına zamanında edilən yaxşılığı heç bir təşəkkür, minnətdarlıq ödəməz, təbii ki…

Şirindil müəllim “Köhnə kişilər”dən idi. Samballı, ağır çəkili, ciddi. Yaxından tanıma­yan üçünsə həm də “çox sərt”. Bu xarakterin zirvəsində isə onun XEYİRXAHLIĞI daya­nırdı. Görənlər üçün, görmək istəyənlər üçün o belə biri idi. “Elm və həyat” jurnalının redaktor müavini, rəhmətlik Binnət Süleyman həmişə xoş sözlər deyərdi onun barəsində, – mən onu şəxsən tanımadığım illərdə… Deyilənlərə layiq olduğunun illər sonra özüm də şahidi oldum.

Bu yaxınlarda özü ilə telefonla danışanda ürəyimdə olan ən yaxşı sözlərimi ona dedim. Nə yaxşı ki, dedim. Bu tezlikdə itirəcəyimiz heç ağlıma da gəlməzdi. Mənə ən böyük təsəlli də elə budur… İnsana nə lazımdır ki… Adi bir xoş söz, gülər üz… Bütün inciklikləri, qəlb qırıqlıqlarını bir xoş sözlə əritmək olar, məncə, yetər ki, kindən, qərəzdən uzaq olasan… Ürəyimdəkiləri ona deməyə geciksəydim, bu ağır yük bir ömür çiyinlərimdən asılıb qalacaqdı… Məni diqqətlə dinlədikdən sonra gülərək: “Eh… Aliyə, çox sağ ol ki, sən bu sözləri deyirsən. Mən nələr etmişəm, bunu bir Allah bilir, bir də mən. İnsanlıq ölüb gedir artıq. Bilə-bilə ki, bu gün mən xəstəyəm, adi zəng edib hal-əhval tutmaq mədəniyyətləri belə qalmayıb çoxunun”. Ad da çəkdi… Tanıdıqlarım idi… Mən də şahidi olmuşdum onlara etdik­lərinin… Təəs­süf…

Bir neçə nəfərin adını isə minnətdarlıqla çəkdi. Xüsusilə, filologiya üzrə elmlər dok­toru, professor  Qəzənfər Paşayevin və vaxtilə onun rəhbərlik etdiyi “Elm” nəşriyyatının hazırkı direktoru Cəbuhi Qəhrəmanovun adlarını.

Xalq şairi Nəriman Həsənzadə ilə ara-sıra görüşdüyünü dedi. Biri-birilərinin xətrini istəyir­dilər. Bunları deməyi özümə borc bildim…

Martın 12-də professor Musa Quluzadənin xatirəsinə bir yazı yazmışdım. Orada dar günün dostları sırasında, təbii ki, Şirindil müəllimin adı da var idi. 2 gün sonra isə vəfat etməsi xəbərini eşitdim. Gec eşitdim… İnanmadım. Son danışığımızda demişdi ki, martda xarici ölkəyə müalicəyə gedəcək. Görüşməliydik. Telefonuma baxdım… 29 fevralda zəng etmiş­dim. Götürməmişdi. Adətən götürməyən­də, sonra özü yığırdı. Bu dəfə zəng gəlmədi. Düşündüm ki, yəqin gedib müalicəyə, inşallah, qayıdar görüşərik.

Təəssüf… Bir dəyərli dostu da beləcə vaxtsız itirdim…

İllər öncə Xalq şairimiz Bəxtiyar Vahab­zadənin ömrünün sonlarına yaxın bir müsahi­bəsinə qulaq asmışdım. Dostluqdan, xeyirxah­lıqdan danışırdı…

Mir Cəlal Paşayevin, Nəsir İmanquliyevin, Aslan Aslanovun, Şıxəli Qurbanovun, Cəfər Xəndanın, Həmid Araslının, Muxtar Hüseynza­dənin, Abbas Zamanovun, Qulu Xəlilovun, Famil Mehdinin, Nurəddin Babayevin, Nəriman Həsənzadənin adlarını çəkdi.

Belə bir söz dedi Bəxtiyar Vahabzadə: “Nu­rəddinin bir sözünü unutmuram. Dostla­rımızı bir-bir itirib acısını çəkdikcə: “Vay arxaya qalanın halına…”, – deyirdi.  

Yəqin Bəxtiyar Vahabzadə özünü nəzərdə tuturdu, dostlarının, xeyirxahlarının bir-bir “yoxa çıxması” onu qorxudurdu. Çox kövrək olmuşdu…

Ömrü yazan Allahdı, düzdü… Amma doğma­ların, dostların itkisini kənardan müşahidə etmək həqiqətən çox ağırmış…

Vay axıra qalanın halına!

Sonda Şirindil müəllimin 3 gözəl, ağıllı-kamallı qız övladına üzümü tutub: “Belə bir atanın övladı olmaq səadəti hər kəsə nəsib olmur. Başınızı uca tutun, həyat davam edir! – deyirəm.

Ehtiramla: Aliyə CAVANŞİR,

tədqiqatçı

ALİYƏ CAVANŞİRİN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

VƏTƏNİN TARİXİNDƏ ƏBƏDİ İZİ QALDI…

MƏŞƏDİXANIM NEMƏT – 100

VƏTƏNİN TARİXİNDƏ ƏBƏDİ İZİ QALDI…

Var idim İZİM qaldı,

Od idim KÖZÜM qaldı.

Əsrin DAŞ YADDAŞINDA

Mənim də SÖZÜM qaldı…

(Məşədixanım Nemət)

Tanınmış tarixçi-alimimiz Firdovsiyyə Əhmədova deyəndə ki, Məşədixanım Nemətin 100 illiyidir, istər-istəməz 25 il əvvələ qayıtdım, gözlərim önündə xoş xatirələr canlandı. Yüksək mövqeyinə baxmayaraq, seçdiyi peşəsi, sadəliyi, mehribanlığı, bir az da zarafatcıllığı ilə qəlbimdə özünə əbədiyyət qazanan “Şöhrət” ordenli AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor, görkəmli epiqrafçı alim Məşədixanım Sədulla qızı Nemətlə bağlı xoş təəssüratlar onun haqqında yazı yazmaq istəyi yaratdı məndə. Lakin əvvəl tərəddüd etdim. Zərif çiyinlərində yüz illər boyunca haqsızlıqlar içində boğulan xalqının ağır yükünü daşıyan alimlərimizdən biri haqda yazmaq çox məsuliyyət tələb edir axı…

Azərbaycanımızın Amazonkası adlandırılan, “Əsrin daş yaddaşında mənim də sözüm qaldı…” deyən Məşədixanım Nemət öz dəyərini çox gözəl bilirdi… Bilirdi ki, qızmar yay günəşi altında ilanmələyən çöllərdə, qışın sərt soyuğunun insanın iliyinə işləyən çağlarında Vətənini qarış-qarış dolaşıb min bir əziyyətlə araya-ərsəyə gətirdiyi, hələliksə öz layiqli dəyərini almayan tapınt ıları nə zamansa xalqının, Dövlətinin əlində ən “kəskin silaha” çevrilib düşmənin və onun havadarlarının sinəsinə tuşlanacaq və əsrlər boyu zülm, zillət çəkən xalqı nəhayət ki, rahat nəfəs alacaq…

Və o gün gəldi… Bir az gec oldu, təəssüf… Bu günün gələcəyini səbirsizliklə gözləyən yurd həsrətli valideynlərim kimi, cəfakeş alimimiz də bu şərəfli, tarixi günlərin cismən şahidi ola bilmədi. Ruhlarınınsa azad Qarabağımızı bizdən də artıq sevincək ziyarət etdiklərinə əminəm…

Məşədixanım Nemətə Qarabağ xanlığının banisi Pənahəli Xan Cavanşir nəslinin kiçik bir nümayəndəsi kimi də mənim ayrıca təşəkkür borcum var. Və bu, məni daha da ürəkləndirdi yazı yazmağa. Bugünkü Böyük Qələbəmizin qazanılmasında məhz onun fundamental axtarışlarının, tapıntılarının rolu əvəzsizdir. Qarabağın, Zəngəzurun və zaman-zaman “qonşu­lara” pay-püş edilən digər ərazilərin Azərbaycana məxsus olduğunu, azərbaycanlıların isə ta əzəldən bu ərazilərin qədim-qayım sakinləri olduğunu sübut edən məhz bu cür dəlillər Dövlətimizin başçısına bütün dünyaya nəinki Qarabağın, indiki Ermənistanın belə Azərbaycanın qədim tarixi əraziləri olduğunu cəsarətlə söyləməsinə təkan verdi…

Bu təkzibolunmaz faktlar qarşısında erməni və onun havadarlarının susmaqdan başqa çarəsi qalmadı…

Yaxşı xatirimdədir… 1997-ci ildə tale mənə respublikamızın ən populyar elmi nəşri olan “Elm və həyat’’jurnalı redaksiyasında işləməyi nəsib etdi. Əvvəl yazıçı Cəmil Əlibəyovun direktoru olduğu “Elm və həyat” nəşriyyatında, sonradan isə “Elm və həyat” jurnalında. Ağır illər idi, xalqımız üçün də, elmimiz, təhsilimiz üçün də. Milli Elmlər Akademiyasının elmi nəşrləri siyahısında olmasına baxmayaraq, maddi məhrumiyyətlər içində olan jurnalın cəfakeş kiçik kollektivi – Ülkər Hüseynova, Maral Poladova, Mehparə Axundova, Binnət Süleyman öz hesablarına bu jurnalı tərtib edir, ədəbiyyatşünas alimimiz Şirindil Alışanovun rəhbəri olduğu “Elm” Redaksiya-Nəşriyyat və Poliqrafiya mərkəzində nəşr etdirirdilər. Bu cəfakeşliyin nəticəsidir ki, jurnal bu gün də fəaliyyətini davam etdirir.

Bu elm ocağının mənim həyatımda, bir vətəndaş kimi formalaşmağımda böyük rolu oldu. Demək olar ki, Azərbaycanın necə deyərlər, “qaymaqları” – tanınmış şairlər, yazıçılar, alimlər, bir sözlə, böyük bir ziyalı ordusu bu kollektivə gəlir, Xalq şairi Nəriman Həsənzadənin təbirincə desək, bu ocağın istisinə yığışırdılar.

Mən məcburi köçkünlük səbəbindən təhsilimi axıradək davam etdirib yüksək təhsil ala bilməsəm də, burada böyük bir akademiya təhsili aldım. Həyatımda böyük rolu olan şəxsiyyətlərə yazılarımda dəfələrlə minnətdarlığımı bildirmişəm…

…Bir gün əməkdaşlarla birgə kompüter otağına zərif, çöhrəsindən nur yağan, gözləri gülən bir xanım daxil oldu. O dəqiqə tanıdım. Dedim ki, mən sizi tanıyıram. Ona xoş olsa da, dinmədi.

Bilirsiz sizi hardan tanıyıram? – soruşdum. Gülümsədi, – hardan?

Dedim Zəngəzurda aşkar etdiyiniz Urud abidələri haqqında 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin qarşısında çıxış edəndə televiziyada görmüşəm sizi… Atamla birgə sonadək izləmişəm verilişi.

Əlavə etdim ki, o zaman üçün böyük siyasi əhəmiyyəti olan Naxçıvan Muxtar Respublikasının yaranmasının 75 illiyi ilə bağlı Heydər Əliyevin üzünü tarixçilərə tutub həyəcanla dediyi: “…Biz ermənilərin bütün bu iddialarının əsassız, uydurma olduğunu beynəlxalq aləmdə sübut etməliyik. Bunun üçün əsaslı sənədlər, fundamental elmi, populyar nəşrlər yaranmalıdır. Biz Azərbaycanın ərazi bütövlüyünü nəinki yaşadığımız indiki illərdə, gələcək nəsillər üçün də qoruyub saxlamaqdan ötrü çox güclü bir konsepsiya yaratmalıyıq. Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər indi Ermənistan Respublikası yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə sübut etsin…” – sözlərindən sonra siz tribunaya qalxıb Zəngəzurdakı Urud abidələri haqqında çıxış edərkən Heydər Əliyevin əlini çənəsinə dayayıb Sizə necə maraqla və fəxrlə baxdığının canlı şahidiyəm…

Bu sözlərim alimimizə çox xoş oldu. Xeyli danışdı o barədə. Ürəyi dolu idi…

Səmimi münasibətimiz yarandı. Sonra bizdə 85 illiyi ilə bağlı qızı – görkəmli tarixçimiz Vəfa Quliyevanın tərtibçiliyi ilə “Daşlaşan sirlərin sirdaşı” adlı kitabı capa hazırlandı. Onda daha da doğma münasibət yarandı. Kitab çap olunanda məni də unutmadı. Öz xətti ilə kitaba təşəkkür avtoqrafı yazıb göndərdi…

Ulu babalarım Cavanşirlərlə bağlı yazılarım qəzetlərdə, jurnalda dərc olunanda Vəfa xanım telefonla məni təbrik etdi, bildirdi ki, yazını oxuyub kövrəldim. Anam da, mən də təbrik edirik səni, uğurlar olsun.

* * *

Urud abidələrinin aşkar edilməsinin Dövlətçilik tariximizə necə böyük töhfə verdiyinin illər sonra şahidi olduq.

Zəngəzurda aşkarlanmış qoç şəkilli, sənduqə formalı məzar daşları üzərində 1961-1963-cü illərdə apardığı tədqiqatların nəticəsi olan bu tapıntılar Məşədixanım Nemətin epiqrafika elmində demək olar ki, 50 illik araşdırmalarının zirvəsi hesab edilir. Onun bu tapıntısı Cənubi Qafqazda yeni tarixi konsepsiyanın əsasını qoydu.

…Tarixi dədə-baba torpaqlarımız olan İrəvan xanlığının ərazisinin ermənilərə məxsuz olmasını sayıqlayan erməni alimi Papazyana cavab məktubunda alimimiz əsaslı olaraq soruşur: “…əgər Urud qəbiristanlığı erməni abidəsi idisə, o qəbiristanlığı nəyə görə dağıtdınız, viranə qoydunuz?! Əgər siz o məzar daşlarının ermənilərə aid olduğunu sübut edə bilsəydiniz, bu gün də onu şüşənin içinə salıb bütün dünyanı gəzdirərdiniz ki, bu, bizim tariximizdir. Sübut edə bilmədiyiniz üçün dağıtdınız!”

Bu məntiqli cavabın özü bir dəlil, bir əsaslı sübut deyilmi?!

Məhz bu cür fundamental dəlillərin nəticəsidir ki, Azərbaycan Ordusu 44 günlük savaşla Dövlətimizin ərazi bütövlüyünü bərpa etdi, Dünya hərb tarixinə öz adını qızıl hərflərlə yazdı.

Bu gün Zəngəzurun, Qarabağın, Təbrizin və digər tarixi torpaqlarımızın göyləri üzərindən gülümsər bir çöhrə məmnunluqla bizə baxır:

“Müqəddəs bir torpaq olan,

Haqqı, səadəti anan

Zəngəzur, Mehri, Qarabağ,

Təbriz, Şuşa, can Dilican,

Qalxmış artıq Azərbaycan!

Didərgindir ocağından,

Dədə-baba torpağından,

Xan, Bülbülün oylağından.

Müntəzirdir Göyçə, Qafan,

Qalxmış artıq Azərbaycan!” —

deyib sevincimizə şərik olduğunu bildirir… Bizi daha böyük qələbələrə səsləyir!..

Ruhunuz şad olsun! Böyük Xanım! Məşədixanım!

Qalxmış artıq Azərbaycan!

Aliyə CAVANŞİR,

tədqiqatçı

25.02.2024.

ALİYƏ CAVANŞİRİN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru