
Zombi nəsli: niyə hər gün daha bədbəxtik?
Əminəm ki, bu mətni oxuyan 10 insandan ən azı 9-u belədir:
Gözünü açırsan.
Əlin avtomatik telefona gedir.
Reels, TikTok, Instagram…
30 dəqiqə keçir, amma beynin hələ də yorğundur.
Əgər belə deyilsənsə, səni təbrik edirəm, seçilənlərdənsən.)
Bəs heç düşünmüsən, niyə hamı eyni vəziyyəti yaşayır?
Diqqət edirəm ki, son bir ildə toplum olaraq insanların mimikaları çox dəyişib. İctimai nəqliyyatda gedən insanlara nəzər yetirsəniz, güman ki, mənimlə razılaşarsınız. Bunun bir çox səbəbi var. Bu mətndə isə yanaşmam bir az fərqli olacaq.
Psixoloji nöqteyi-nəzərdən baxdıqda, daha çox uşaqlıq təcrübələri və hazırda baş verən situasiyaların insan psixikasına təsiri araşdırılır. Amma məsələyə daha dərindən yanaşdıqda vəziyyət bir qədər fərqlidir.
Bunu daha aydın anlamaq üçün insanın bioloji sistemi haqqında düşünək.
İnsan beyni milyonlarla il ərzində belə işləməyə öyrəşib:
Məqsəd qoymaq → zehni və fiziki əmək sərf etmək → məqsədə çatmaq → məmnun olmaq.
Məsələn, ilk insanların əsas işi qarnını doyurmaq idi. Məqsəd qoyulduqdan sonra ov üçün əmək sərf edirdilər. Ovladıqdan sonra yeyirdilər və bu, onları həm fiziki, həm də mənəvi olaraq rahatladırdı.
Modern dövrdə isə bu sistem dəyişib. Hər şey sanki hazırdır və sən məqsədsizlik içində “çırpınırsan”.
Məqsədsiz olan beyin özünə lazımsız məşğuliyyətlər tapır. Bu məşğuliyyətləri də sistem sənin üçün düşünüb: futbol fanatizmi, sosial media bəyəniləri, oyunlarda level keçmək, marka geyimlər, iPhone yarışı, izləyici sayı… Ardını siz tamamlayın. )
Elə bir dövrə çatmışıq ki, iPhone-u olmayan insan özünü natamam hiss edir.
Bunlar beynə “vacib iş görürəm” illüziyası yaradır. Bu da insanın mənəvi boşluğunun yaranma səbəblərindən biri hesab oluna bilər. Mənəvi boşluq isə psixoloji problemlərə zəmin yaradır. Diqqət azalır, səbirsizlik artır, təşviş artır, tək qalmaq çətinləşir (yəni telefonsuz), məqsəd hissi zəifləyir.
Rəsmi statistikaya görə, son illərdə dünyada antidepressant istifadəsi artmaqdadır. OECD-nin Health at a Glance 2025 hesabatına əsasən, 2013–2023-cü illər arasında OECD ölkələrində antidepressant istehlakı orta hesabla 40%-dən çox artıb.
Sistemin yaratdığı bu mexanizmi “pozmaq” asan deyil. Amma sağlam psixologiya üçün əmək sərf edə bilərik. Bəzi tövsiyələrə diqqət etsək, bir müddət sonra sistemin “oyununun” qurbanı olmaqdan çıxıb onu kənardan izləyə biləcəyik.
Qısaca qeyd etsəm:
Məqsəd təyin etmək ən vacib addımdır. Məqsəd dəqiq və mənəvi baxımdan dəyərli olmalıdır. iPhone almaq məqsəd deyil. Hər hansı ali məqsəd uğrunda çalışmaq xaos içində özünü tapmağa kömək edəcək.
Hər gün fiziki hərəkət et. Çünki beyin daha sağlam düşüncə istehsal etmək üçün hərəkət istəyir.
İstehsal et, yalnız istehlak etmə. Bütün günü nələrisə izləməklə yanaşı, faydalı videolar hazırlaya, yazılar yaza, yeni bacarıqlar öyrənə bilərsən.
Telefonsuz vaxt keçir. Telefon beyni “uyuşdurur” və sən düşünmək üçün lazım olan sakitliyi itirirsən. Bir az telefondan uzaqlaş.
Bunları həyatına tətbiq etdikdə ətrafında “zombilər” gəzdiyini sən də görəcəksən…
Unutma ki, ən təhlükəli zombi filmlərdə gördüyümüz deyil. Ən təhlükəlisi hər səhər telefonunu açan, bütün günü istehlak edən, amma niyə bədbəxt olduğunu bilməyən insandır.
Sevgi ilə qalın…
Aytac Ələkbərova,
klinik psixoloq, təlimçi
Oxuyun >> Gözündə tük var



