“Zəngilanın xatirə kitabı” çapdan çıxıb

ZƏNGİLANIN XATİRƏ KİTABI
Azərbaycanda bu ilk nəşr Hacı Əli Sobulunun əməyinin bəhrəsidir

“Zəngilanın xatirə kitabı” çapdan çıxıb. A4 formatında 252 səhifəlik kitabı nəfis tərtibatla “İmza” Nəşrlər Evi çapa hazırlayıb. Azərbaycanda bu ilk nəşr Hacı Əli Sobulunun əməyinin bəhrəsidir.
Hacı Əli Sobulunu ictimaiyyət kifayət qədər yaxşı tanıyır. O, otuz ildən artıqdır ki, arxiv materiallarını araşdırır, onların əsasında müxtəlif ensiklopedik-biblioqrafik kitablar nəşr etdirir. “Zəngilanın xatirə kitabı” onun növbəti işlərindən biridir.
Kitabın nəşrinə zərurət haradan yaranıb?
Azərbaycan Respublikası “Xatirə kitabı” redaksiyası uzun müddətdir ki, fəaliyyət göstərir. Redaksiya indiyə kimi “Xatirə kitabı”nın bir neçə cildini çap etdirib. Bununla belə 1941-1945-ci illərdə Böyük Vətən müharibəsindən geri qayıtmamış şəxslərin hamısı haqqında həmin cildlərdən məlumat almaq mümkünsüzdür, çünki bəzi döyüşçü-şəhidlər haqqında orada məlumat yoxdur. Hacı Əli Sobulu məhz buna görə “Zəngilanın xatirə kitabı” hazırlamaq barədə qərara gəlib. Bu addım yurduna bağlı olan insanın əsl ziyalı düşüncəsinin məhsuludur. Çünki biz nəsil bunu etməsək bizdən sonra gələnlər üçün həm çox çətin olacaq, həm də onlar bunu bacarmayacaq.
Heç kimə sirr deyil ki, zəngilanlılar otuz ildən artıqdır mühacir həyatı yaşayırlar. Torpaqlarımız işğaldan azad olunsa da yurda qayıdış üçün hələ bir müddət gözləməli olacaqlar. Yaşlı nəsil isə ömrünü başa vuraraq həyatla vidalaşır. Bəzi adamlar haqqında məlumat toplamaq bəzən mümkünsüz olur.
Hacı Əli Sobulu bütün texniki vasitələrdən, şəxsi tanışlıqlarından, ərki çatan insanların köməyindən istifadə edərək bir neçə il davam edən fədakar zəhmətinin nəticəsində nəhayət ki, bu kitabı ərsəyə gətirib. Bəzi xırda qüsurları nəzərə almasaq, kitabın nəşrini uğurlu hesab etmək olar. Sözsüz ki, kitab ictimaiyyət arasında yayılandan sonra bəzi düzəliş və əlavələrə ehtiyac yaranacaq və kitabın yeni təkmilləşmiş nəşrinin çapa hazırlanmasına zərurət vacib olacaq.
Vejnəli kəndindən olanlarla maraqlananda üç nəfərin adını orada tapa bilmədim. Mümkündür ki, başqa kəndlərdən də kimlərinsə adı oraya salınmamış olsun. Mənim fikrimcə kitabın təkmilləşmiş nəşrini çapa hazırlamaq üçün vaxt itirmədən Hacı Əli Sobulunun redaktorluğu altında redaksiya heyəti yaradılmalı və kəndlər üzrə dəqiqləşdirmə işini həyata keçirməkdən ötrü onlar arasında bölgü aparılmalıdır.
Ümidvaram ki, “Zəngilanın xatirə kitabı” ölkə üçün bir siqnal variantı olacaq. Çünki bu problem təkcə zəngilanlıların üzləşdiyi deyil, bütün rayonlar üçün aktualdır. Hər bir rayonda belə bir kitabın hazırlanması təqdirəlayiq bir iş sayılmalıdır.
14.10.2026, Xırdalan şəhəri

Hörmətlə: Əli bəy Azəri,

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru

Əli bəy Azərinin yazıları


ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir