“Təxminən 1401-ci ildə Teymur Şama girdiyi vaxt carçı çağırtdıraraq öz adından belə bir müraciət yaydırmışdır: “Mən yezidiyəm! Nə qədər yezidi varsa, ortaya çıxsın!”. Yezidin soyundan gələnlər, Yezidin yolunda olanlar sevinclə meydana toplanmışlar. Teymur yezidilərə “İndi mənə Yezidin məzarını göstərin!” – deyərək onlarla birlikdə Şam məzarlığına getmişdir. Yezidilər böyük bir şadlıqla Teymura Yezidin məzarını göstərmişlər. Hökmdar əsgərlərinə belə əmr etmişdir: “Açın bu alçağın məzarını!”. Yezidin sümükləri görünəndən sonra isə Teymur ordusuna üz tutaraq: “Yezid deyilən bu alçaq sevgili Peygəmbərimizin (s) nəvəsi Hz.Hüseyn əfəndimizi qətlə yetirtdi. Və bununla İslamda çox böyük bir təfriqə yaratdı. Bütün İslam aləmi əsrlərdən bəri bu ikiliyin acısını yaşamaqdadır. İndi mənim ordumun hər bir nəfəri irəli gələrək bu Yezidin məzarını öz nəcisi ilə batırmalıdır”, – deyə əmr vermişdir. Əsgərlər Teymurun əmrini yerinə yetirmişlər. Yezidilər isə olaya çox böyük bir üzüntüylə baxaraq qalmışlar. Əsgərlər işlərini bitirdikdən sonra Teymur Şamdakı bütün yezidiləri qətl etdirmişdir…”.
Aşik Paşanın “Aşikpaşa tarixi” adlanan salnaməsindən
Deyirlər ki, ən güclü futbolçular məhəllə komandlarında yetişirlər. Amma heç bir peşəkar komanda bu işi görə bilmir. Kişilik də elədir. Yəni heç bir toplum, heç bir təhsil növü, heç bir elm ocağı adamdan KİŞİ düzəlməyi bacarmır. Gərək doğulanda KİŞİ doğulasan, mərhum xalq artisti Fuad Poladov kimi. Yox, yox, bu dəfəki söhbətim Fuad Poladovdan deyil, sağlığında ona əziz olan bir adam haqqında olacaq. Sadəcə, dostunu göstərdim ki, onun kim olduğunu təsəvvür edə biləsiniz…
Uşaqlıqdan becid və inadkar oğlan olub. Altı yaşında məktəbə gedib. İkinci sinifdə oxuya-oxuya şeirlər, kiçik hekayələr yazmağa başlayıb. Və qələmə aldığı şeir və hekayələri müxtəlif qəzet və jurnallara göndərib…
Deyir ki:- “Oradan gələn cavablar isə hamısı eyni olurdu: “Şeirləriniz bədii cəhətdən zəif olduğuna görə çap edə bilmədik”. Açığı, o vaxt mən heç başa düşmürdüm ki, bu “bədii cəhət” nə deməkdir. Mən yazırdım, ürəyimdən keçəni deyirdim- bəs niyə zəif idi, onu anlamırdım. Beləcə, mənimlə redaksiyalar arasında saysız-hesabsız məktublar gedib-gəldi, amma heç bir nəticə olmadı. Sonra üz tutdum rayon mərkəzinə- “Qızıl Araz” qəzetinin redaksiyasına. İki-üç il də oranın qapısını döydüm. Amma orda da eyni sözləri eşidirdim. Sanki başqa söz bilmirdilər. Hər dəfə o sözləri eşidəndə necə sarsılırdımsa, üç-dörd gün heç nə yaza bilmirdim. Amma nəhayət, bir gün mənim də bəxtimə günəş doğdu. On dörd yaşım olanda “Qızıl Araz” qəzeti mənim ilk şeirimi çap etdi. Bu mənim üçün təkcə bir şeirin çapı deyildi- bütün o illərin, o məktubların, o gözləntilərin cavabı idi…”
O, 1946-cı ilin mart ayının 23-də Füzuli rayonunun Yağlıvənd kəndində dünyaya gəlib. Həmin kənddə orta məktəbi bitirdikdən sonra iki il rayon mərkəzindəki məktəblərdən birində direktorun köməkçisi vəzifəsində çalışıb. 1964-1970-ci illərdə BDU-nun Şərqşünaslıq fakültəsində ali təhsil alaraq, fars dili üzrə tərcüməçi ixtisasına yiyələnib. 1970-1972-ci illərdə Sovet ordusunda hərbi xidmətdə olarkən, SSRİ Müdafiə Nazirliyinin fars dili üzrə tərcüməçilərindən biri olub. Sonrakı fəaliyyətinin əhəmiyyətli hissəsi Azərbaycan Yazıçılar Birliyinin mətbuat orqanları ilə bağlıdır. 1973-cü ildən etibarən dövrün ən nüfuzlu nəşrlərindən olan “Ədəbiyyat və İncəsənət” qəzetində xüsusi müxbir, ədəbi işçi vəzifələrində işləyib.1974-1976-cı illərdə ixtisası ilə əlaqədar Sovet İttifaqından İran dövlətinə ezam olunub və orada iki il tərcüməçi kimi fəaliyyət göstərib. 1976-1981-ci illərdə “Ədəbiyyat və İncəsənət” qəzetində, 1981-1991-ci illərdə isə “Ulduz” jurnalında ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışıb. Hal-hazırda AYB-də məsləhətçi kimi fəaliyyətini davam etdirir. “Azərbaycan” jurnalının redaksiya heyətinin, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin və Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin üzvüdür. 20-yə yaxın kitabı işıq üzü görüb…
Bəli, söhbət hələ də mərhum dostu Fuad Poladovun telefon nömrəsini öz telefonunun yaddaşından silməyən Seyran Əsgər oğlu Xanlarovdan gedir. Ölkəmizdə onu daha çox- Seyran Səxavət kimi tanıyırlar. Şair, yazıçı, dramaturq, publisist və tərcüməçidir…
…Sosial məsələlərdə ədalət və əməkdaşlığa önəm verir. Ani dəyişikliklərdən uzaq durmağa çalışır. Rahat və mehriban adamdır. Planlı və düşüncəli şəkildə hərəkət etməyi xoşlayır. İntuisiyasına çox güvənir və başqalarının görə bilmədiklərini hiss etməyi bacarır. Sərraflığı da var- ətrafdakıları yaxşı və ya pis olaraq zərgər dəqiqliyi ilə dəyərləndirə bilir. Onun üçün şübhəli vəziyyətlər mövcud deyil. Bu insan nəinki öz problemlərini, həm də ətraf mühitin haqsızlıqlarını açıq şəkildə görür və onlara qarşı mübarizə aparmaqdan çəkinmir. Dostlarına qarşı anlayışlı və diqqətcil davranır…
“Bəzən mənə sual verirlər ki, şeirlə ədəbiyyata gələn Seyran Səxavət necə oldu ki yazıçıya çevrildi? Düzünü deyim, mən bunu elə bir “çevrilmə” kimi qəbul etmirəm. Hara getsəm də, söz məni aparırdı. Şeirdə də, nəsrdə də eyni yükü daşıyırdım. Sadəcə, bir gün gördüm ki, söz məndən daha geniş meydan istəyir. Mənim üçün söz birdir- istər şeir olsun, istər nəsr. Sadəcə, onun ifadə forması dəyişir. Bəli, bir vaxt gördüm ki, içimdə yığılanlar şeirin çərçivəsinə sığmır. Şeir daha çox sıxılmış fikirdir, yığcamdır, bir növ partlayış kimidir. Amma həyat o qədər geniş, o qədər çoxqatlıdır ki, onu bəzən bir neçə misraya yerləşdirmək olmur. Mənim gördüklərim, yaşadıqlarım, insanların taleləri, kəndin, şəhərin, zamanın özü- bunlar artıq başqa bir nəfəs istəyirdi. O nəfəsi mən nəsrdə tapdım. Amma şeiri də içimdən çıxarmadım. Mənim nəsrimdə də şeir var- ritm var, ahəng var, sözə münasibət var. Ona görə deyərdim ki, mən şeirdən nəsrə keçməmişəm. Sadəcə, söz məni harada daha rahat danışdırırsa, mən də orada oluram…”- söyləyir…
…Yardımsevər, istiqanlı və ağıllı insandır. Dürüstdür və ona edilən yaxşılıqları heç vaxt unutmur. Çox ciddi və düşüncəli olduğu üçün öz üzərinə məsuliyyət götürməkdən çəkinmir. Bəzən dünyanı yaşamaq üçün ideal yer hesab etmədiyindən tək qalmağa üstünlük verir. Qəzəbli anlarında mühakimə edən və hər şeydə nöqsan axtaran bir xüsusiyyəti də var. Amma buna baxmayaraq, ədalətli və vicdanlı olduğu üçün həmişə hörmət qazanıb. Çox müdik adamdır, sınaqdan keçirməsə heç vaxt qərar vermir. Onun üçün kəmiyyət əsas deyil, keyfiyyətə üstünlük verir…
Deyir ki:- “Mən ədəbiyyatı illərə, onilliklərə bölənlərdən deyiləm. Mənim üçün ədəbiyyat təqvimlə ölçülmür. Ədəbiyyatda tarix yox, əsər var. Bu gün də yazılır, dünən də yazılıb. Amma hamısı ədəbiyyat deyil. Əsər varsa- o yaşayır, yoxdursa, istədiyin qədər tarix yaz, xeyri yoxdur. Əsəri rəqəmlə ölçmək olmaz. Onu ya hiss edirsən, ya da yox. Ədəbiyyat mənim üçün statistika yox, nəfəsdir. Nəfəsi olmayan mətnin isə yaşı da olmur…”
…Əsl səbəbini bilmirəm, amma düşünürəm ki, ikinci dünya müharibəsi zamanı və növbəti illərdə dünyaya gələn insanlar, sonra gələn insanlardan çox fərqlənirlər. Çətin dövrdə, ehtiyac içində böyüyüb boya-başa çatsalar da, heç vaxt ələbaxan, riyakar, namərd olmayıblar. Bəli, deyirlər ki, ən güclü futbolçular məhəllə komandlarında yetişirlər. Amma heç bir peşəkar komanda bu işi görə bilmir. Kişilik də elədir. Yəni heç bir toplum, heç bir təhsil növü, heç bir elm ocağı adamdan KİŞİ düzəlməyi bacarmır. Gərək doğulanda KİŞİ doğulasan, bizim Seyran Səxavət kimi…
Martın 23-ü Seyran Səxavətin 80 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, qalan ömründə ağrı-acısız günlər, çəliyə möhtac olmamasını arzulayıram…
Son dərəcə dinamik, özünə güvənən, müstəqil düşüncəli, azad bir insan idi. İnsani keyfiyyətləri o dərəcədə yüksək idi ki, xalq içində bir şəxsiyyət kimi böyük nüfuz qazana bilmişdi. Dostları üçün çox şeylər etmişdi. İnsanlara yardımçı olmağı və onların problemlərini bölüşməyi sevərdi. Göstəriş almaqdan xoşlanmaz, inadcıl, öz sözündən dönməzdi. Yeri gələndə sərt çıxışları ilə auditoriyanı lərzəyə gətirə bilirdi…
1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində dünyaya gəlmişdi. Kosalar kəndində ibtidai məktəbi bitirib, üç il Qazax pedaqoji məktəbində təhsil almışdı. Bir il Kosalar kənd orta məktəbində baş dəstə rəhbəri və müəllim işlədikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdi. Oranı bitirərək bir il Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləmişdi. İkinci dünya müharibəsinə qatılmış, sovet ordusu tərkibində ön cəbhələrdə siravi əsgər olmuşdu. Ordudan tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri, Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant, müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifələrində çalışmısdı. Daha sonra “Azərbaycan” jurnalında baş redaktor, Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, SSRİ Yazıçılar İttifaqının katibi olmuşdu. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri, 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdi. 1995-ci il iyulun 26-da vəfat edib…
O, dünyaya gələndə Azərbaycan Demokratik Respublikası cəmi bir il idi ki, qurulmuşdu. Ölkədə güclü ictimai-siyasi proseslər gedirdi. Atası Qəhrəman kişinin halal müəllim süfrəsində gələcək şöhrətindən xəbərsiz böyüyürdü. Və bir gün, on doqquz yaşında ikən ilk “Quşlar” şeiri “Ədəbiyyat” qəzetində dərc olundu. Bu onda böyük həvəs yaratdı. Başı müharibəyə qarışsa da qələbədən bir il sonra “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi “Həkimin nağılı” hekayəsi ilə mükəmməl ədəbi yaradıcılığa başladı. O vaxtdan son nəfəsinədək özünü ədəbiyyata həsr etdi…
Başladığı işi sona çatdırmağı xoşlayırdı. Möhkəm iradə və fiziki gücə, eyni zamanda idarəetmə qabiliyyətinə sahib idi. Həllini tapmamış problemlərə nifrət edirdi. Davamlı olaraq yenilik arzusunda olması onun ən diqqət çəkən xüsusiyyətlərindən biri olub. Heç zaman özünü məhdudlaşdırmağa çalışmazdı. Ona nəyisə bəyəndirməyə cəhd etmək mənasız olsa da olduqca həssas insan idi…
Ərsəyə gətirdiyi əsərlər çoxdur. Amma ona ümumxalq məhəbbəti gətirən əsəri isə “Dəli Kür” oldu. Bəlkə də əsərin baş qəhrəmanı Cahandar ağa obrazı onun daxili dünyasının təzahürü idi. Onun vasitəsi ilə Cahandar ağanı sevdik, qəlbimizdə, yaddaşımızda yuva qurdu. Nə qədər ki, Cahandar ağa yaşayır, haqqında söhbət açdığım xalq yazıçısı İsmayıl Şıxlı da yaşayacaq. Bəli, illər ötəcək, əsrlər bir-birini əvəz edəcək, Azərbaycan ədəbiyyatının Cahandar ağası- İsmayıl Şıxlı heç zaman unudulmayacaq…
…Bəli, martın 22-si unudulmaz İsmayıl Şıxlının 107-ci ildönümüdür…
Xarakterli adamdır. Başqalarına həsəd aparmağı xoşlamır, həmişə öndə olmağa çalışır. Münasibətlərində həvəsləndirici və idarəedici xüsusiyyətlərə malikdir, əməkdaşlıqda özünü güclü şəkildə təsdiq etməyi bacarır. Tükənməz enerjisi var. Özünə güvənən, iradəli və inadkardır. Xeyirxahlığına, əliaçıqlığına, mərhəmətinə söz ola bilməz. Əgər onunla birlikdəsinizsə, ən yaxşı və keyfiyyətli məkanlara gedəcəyinizdən şübhəniz olmasın. Ən sıxıntılı vaxtlarında belə irəli çıxmağı bacarır. Çox diqqətlidir, təyin olunan görüşlərə gecikməyi sevmir. Əzmkar və çalışqandır. Hər hansı bir söhbət əsnasında, onun özünə arxayın tonda çıxış etməsi sizi təəccübləndirməsin. Sadəcə, bunu bilin ki, o, öz ağlına və fəhminə güvənən adamdır. Soy-kökünə bağlı, adət-ənənələrə sədaqətlidir…
Deyir ki:- “Mən Bakı şəhərində anadan olmuşam. Amma əslən Şamaxı rayonundanam. Şamaxının Sarıtorpaq məhəlləsindənik. Atam Şamaxıda dünyaya göz açıb. Bilməyənlər üçün deyim ki, “Şamaxı, ay Şamaxı” mahnısının sözləri atama məxsusdur. Ümumiyyətlə, biz ailə olaraq Şamaxıya çox bağlı olmuşuq. Qan bağlılığımız var. Qohumlarımızın əksəriyyəti indi də Şamaxıda yaşayır. Nəslimizin bir qolu da Çarhan kəndindəndir. Sabirabad rayonunun Qalağayın inzibati ərazisində şamaxılılar yaşayır. Orada da qohumlarımız var. Hətta sizə maraqlı bir fakt söyləyim: Suriyada və İraqda belə, Şamaxıdan köçmüş qohumlarımız var. Bir sözlə şamaxılıyam və Şamaxıya bağlılığım genetikdir…”
Ölkəmizdə çox adam onu jurnalist kimi tanısa da, əslində yazıçı, ssenarist və həm də rejissordur. Ədabazlıqdan, təkəbbürdən uzaq, qürurlu və məğrurdur. Köhnə kişilərə xas olan bir sıra xüsusiyyətləri özündə əxz edə bilib. Artıq danışmağı, ona aid olmayan məsələlərə müdaxilə etməyi xoşlamır. Necə deyərlər, yerini bilən adamdır…
“Düşünürəm ki, təkəbbür, özündən razılıq insanı inkişafdan saxlayan birinci amildir. Mən azad mühitdə, əxlaqlı bir məhəllədə böyümüşəm, o məhəllədə ki, başqasının qadınına baxmırdılar, başqasının arxasınca danışanı cəzalandırırdılar. Yəni, yazılmamış qanunların işlədiyi məhəllədə böyümüşəm və orada qazandığım əxlaqı bu günə qədər də qoruyub saxlayıram. O əxlaqda özündənrazılıq, təkəbbür əskiklikdir.”- söyləyir…
O, 1966-cı ilin mart ayının 21-də Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra Moskva şəhərindəki Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə kinoda işıqçı kimi başlayıb. Müxtəlif dövrlərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının, Dövlət kino komitəsinin, “AzərTelefilm”in, “Günay” qəzetinin baş redaktoru işləyib. Dövlətlər arası “MİR” teleşirkətinin direktor müavini, “Mozalan” satirik kinojurnalının direktoru və “ANS” teleşirkətinin baş icmalçısı olub. On beş bədii, üç publisitik kitabın müəllifi, onlarla bədii filmin ssenaristidir. Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb…
Deyir ki:- “Məncə, jurnalistika avantüra ilə ədəbiyyatın qarışığıdır. Həsən bəy Zərdabidən üzü bu tərəfə Azərbaycanda jurnalistika institutut olaraq hələ formalaşmayıb. Jurnalistika fəlsəfədirmi, ədəbiyyatdırmı, hələ bilinmir nədir. Məsələn, mən xəbər dilinə virus salmışam- indi xəbərdə ədəbiyyat dili, ironiya, Mirzə Cəlil gerçəkliyi var. Məndən əvvəl xəbər dili belə danışılmırdı, “Zorxana” ilə başladı. Bəlkə də bu, peşəkar jurnalistikadan sapmadır. Ancaq bu mənim yolumdur. Xəbəri loru dildə, asan dildə çatdırmaq… Bir sözlə, povestlərimi, romanlarımı kənara qoyub televiziyaya gəldim. Niyə gəldim? Çünki kənarda qala bilmirdim. Azərbaycanlının atadan övlada qalan ən böyük varı hüquqi, sivil dövlət ərazisi yaratmaqdır və mən bununla məşğulam, bunu əlimdə silah edə bilməzdim ki? Bilirsinizmi, mən Rusiyada təhsil almışam. İstəmirəm ki, biz yenidən kiminsə tapdağı altında olaq. İqtisadiyyatımız dirçəlir, iqtisadiyyatın dirçəlməsindən istifadə edib ruhaniyyətimizi də dirçəltməliyik, çünki böyük sənətlər böyük saraylarda yaranır. Nə deyirsinizsə deyin. Şirvanşah sifariş verməsəydi Nizami “Leyli və Məcnun”u, Firdovsi “Şahnamə”ni yazmayacaqdı. Bax, bu gerçəkliklər var…”
İlk hekayəsi 1981-ci ildə “Kirpi” jurnalında çap olunub. Ondan sonra dövrü mətbuatda yüzlərlə hekayə, povest və publisistik yazılar çap etdirib. Əsərləri İran, Türkiyə, Bolqarıstan, İsveç və bir sıra dünya ölkələrində nəşr olunub. “Yeddi” romanı Almaniyada mükafata layiq görülüb. Onun hekayələri OKSFORD Universitetinin dərsliklərinə salınıb. Bir sıra Respublika mükafatları laureatıdır. Hekayələri “Dünya Nəsr Antalogiyasına” düşüb. “TAS”, “Qıyığın ölümü”, “Şəkilçi və şəkilçi” pyesləri ölkə teatrlarında səhnələşdirilib. 2023-cü ildən mədəniyyət nazirinin müşaviridir. Arada Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru vəzifəsini də icra edib…
Bəli, bu dəfəki söhbətimin qəhrəmanı, unudulmaz şair Fikrət Sadığın yadigarı- Orxan Fikrətoğludur. Martın 21-i, baharın ilk günündə Orxan bəyin 60 yaşı tamam olur. 60 rəqəmi adətən zamanın ölçülməsində istifadə olunur, yəni 60 saniyə dəqiqəni, 60 dəqiqə isə saatı tamamlayır. Bu rəqəm mələklərin Numerologiya sistemində həmçinin harmoniya, sabitlik, tarazlıq, məsuliyyət və balansı ifadə edir. Nə isə, Orxan Fikrətoğlunu 60 yaşı münasibətilə təbrik edirəm. Çox yaşasın!
Haraya gedibsə, harada olubsa geri dönəndə özüylə apardığı Azərbaycan sevgisini orada qoyub qayıdıb, olduğu yerdə vətənini sevdirə, ləyaqətlə təmsil edə bilib. Gələndə isə Azərbaycana gətirdiyi qızıl medallar, müxtəlif mükafatlar olub. Bəli, o olan yerdə həmişə Azərbaycanın adı zirvələrə ucalıb, sırada birinci sadalanıb…
Çox gözəl insandır. İllərlə “sehirli qutu”dan izləyən milyonlarla tamaşaçı kimi, mən də onun nitq mədəniyyətinin, düşüncə tərzinin, müdrikliyinin vurğunuyam. Heç bir çıxışı bir-birinə bənzəmir. Hər birinin öz gözəlliyi, öz məntiqi, öz məzmunu var. Lap elə milli kulinariyamızdakı təamların dadı kimi…
Tahir Əmiraslanov- Azərbaycan kulinariyasını dünyada tanıdan görkəmli şəxsiyyət, böyük insan. Adı gələndə adam heyrətini saxlaya bilmir, el diliylə desək:- belə insanların qadasını alım. Bu cür vətən oğlunu necə sevməyəsən? Bütün varlığı sevgidən yoğrulub, eşqə bələnib. Bax, elə bu sevginin gücüdür ki, Azərbaycan mətbəxini bütün dünyaya sevdirə bilir…
O, 1958-ci il martın 14-də Tovuz rayonunun Qovlar qəsəbəsində dünyaya gəlib. 1975-ci ildə Gəncədə 39 saylı orta məktəbi bitirib. 1975-1976-cı illərdə Gəncə Toxuculuq fabrikində fəhlə işləyib. 1978-ci ildə ordudan təxris olunduqdan sonra 1979-cu ilədək Leninqradda tikintidə bənnalıq edib. 1979 ildə Leninqrad Sovet Ticarəti İnstitutununa qəbul olunub. 1984-cü ildə ali təhsilini uğurla başa vuraraq, peşəkar iaşəçi-kulinar, mühəndis-texnoloq ixtisasına yiyələnib.
Tarix üzrə fəlsəfə doktorudur. Gürcüstan Universitetinin professorudur. Gürcüstan Millı Elmlər Akademiyasının və Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür. Əməkdar mədəniyyət işçisi fəxri adına və “Şöhrət” ordeninə layiq görülüb…
Milli mətbəximizin inkişafında, süfrə mədəniyyətinin qorunmasında, unudulan xörəklərin bərpasında, təbliğatında, elmi təşəkkülündə və praktikada tətbiqində müstəsna xidmətləri olub…
Bu gün Azərbaycan kulinariyasında Tahir Əmiraslanov zirvəsi var. Möhtəşəm, əlçatmaz bir zirvə. O zirvəni qorumaq lazımdır. Amma ötən illərdə ona lazımsız təzyiqlər göstərildi və uzun illər beynəlxalq yarışlarda milli mətbəximizi yüksək səviyyədə təqdim etməyi bacaran bu adama, dəstək vermək əvəzinə, sıradan çıxarmağa nail oldular. 64 yaşı olmasına baxmayaraq, yəni təqaüd yaşına bir il qalmış, onu tutduğu vəzifədən çıxardılar. Bir ağıllı adam tapılıb demədi ki, ölkədə 65 yaşından yuxarı o qədər işləyənlər var ki… Məsələn, elə AMEA-da çalışan akademikləri götürək. Məgər Tahir Əmiraslanov o akedemiklərdən ölkəyə azmı mənfəət gətirib, ölkəni azmı tanıtdırıb? Əsla yox! Əksinə, Azərbaycan mətbəxini dünyada təbliğ edir, mübahisəli xörəklərimizə sahib çıxır, Azərbaycana aid olduğunu dünyaya sübut edir. İş o yerə çatıb ki, o, vəzifədən uzaqlaşdırılandan sonra Azərbaycan Milli Klinariya Mərkəzi irəli yox, xeyli geriyə gedib. Məsələn, 2022-ci ilin sonunda erməni nümayəndə heyəti, son 30 ildə ilk dəfə olaraq, Lüksenburqda keçirilən yarışlarda qızıl medala yox, medallara layiq görülüblər…
Martın 14-ü Tahir Əmiraslanovun doğum günüdür, 68 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm cansağlığı, firəvan həyat arzulayıram…
Bəzi adamlar insanlar arasındakı müqayisəni israrla qüsurlu hesab edirlər. Fəqət, bəşəriyyət hələ ki, oxşar və fərqli cəhətləri, yaxud birinin o birisindən üstünlüyünü müəyyənləşdirmək üçün, müqayisədən dəqiq qarşılaşdırma, tutuşdurma tapa bilməyib. Bu dəfə sizə bütün müqayisələrdən alnıaçıq, üzüağ çıxan bir insan haqqında danışmaq istəyirəm. Şair, yazıçı, jurnalist, “Kredo” qəzetinin baş redaktoru- Əli Rza Xələflidən. Amma gəlin əvvəlcə onun ömür yoluna səyahət edək. O, 1953-cü ilin dekabr ayının 7-si Cəbrayıl rayonunun Xələfli kəndində dünyaya gəlsə də, doğum şəhadətnaməsində bu tarix oktyabrın 1-i kimi göstərilib. 1975-ci ildə indiki Pedaqoji Universitetin filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirib. Əvvəlcə doğulduğu rayonun Şahvəli, Tatar və Aşağı Xələfli kəndlərində müəllim işləyib. Həmin illərdəki pedaqoji fəaiyyətinə görə “Qabaqcıl maarif xadimi” fəxri adına layiq görülüb. 1980-ci illərin əvvəlindən mətbuatda çalışır. 1980-1993-cü illərdə rayon qəzetində müxtəlif vəzifələrdə işləyib. “Xudafərin”, “Qoşa qanad”, “Qarabağ” və “Həyat” qəzetlərində xüsusi müxbir, şöbə müxbiri, şöbə müdiri və eləcə də redaktor əvəzi olub. Ədəbi-publisistik yazıları və şeirləri dövrü mətbuatda müntazam çap olunur. 2002-ci ildə “Qızıl qələm” medalı mükafatına, 2003-cü ildə “Məmməd Araz”ali ədəbi mükafatına, 2004-cü ildə AYB Bədii Ədəbiyyatı Təbliğ Bürosunun “Qılınc və qələm” yaddaş mükafatına, 2008-ci ildə Beynəlxalq Rəsul Rza mükafatına, 2010-cu ildə isə Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatına layiq görülüb…
Mehriban, qonaqpərvər, əyləncəli, simpatik, düşüncəli və cəlbedicidir. Xarakter baxımından cazibədar və sirli xüsusiyyətlərə malikdir. Ətrafındakı insanlara qarşı diqqətli və anlayışlı davranışı ilə tanınır. İti düşüncəsi və hadisələrə rasional yanaşma tərzi istənilən çətin vəziyyətdə onu doğru qərar verməsinə kömək edir. Dostluq və iş münasibətlərində güclü təsir bağışlayaraq qarşısındakı insanları heyran qoyur. Ünsiyyətdə inam qazanmağı və mürəkkəb məsələləri asanlıqla həll etməyi bacarır…
Tənqidçi-ədəbiyyatşünas Qurban Bayramov onun yaradıcılığını belə xarakterizə edir: “Əlirza Xələflinin poeziyası irfan dünyasından bir əlçim buluddur və bir bülbülün sızlar türküsünə çevrilib söz gülüstanına yağan ağ yağışdır. Onun poetik üslubda metaforikləşmiş dərin məna yarada bilmə funksiyası hər məqamda özünü göstərir. Poetik üslubun assosiativ təzadlar silsiləsi bu adlar silsiləsinin tarixi mahiyyətinin duyumuna, dərkinə xidmət edir. Əli Rza Xələfli ümumi epik təsvirdən aralanaraq öz hiss və həyəcanlarını ifadə edir, müxtəlif yönlərdə mühakimələr yürüdür, həyat, insan, cəmiyyət haqqında düşüncələrini ifadə edir, burada lirizm hərtərəfli görünür. Onun yazdıqlarında bədii mətnin, parçanın məna tutumu çox yüksəkdir. Bir qoşa misrada – məsnəvidə obraza elə səmimi, duyğulu yanaşa bilir ki, kiçik mətndə, az sözlə bütöv bir obrazı, xarakteri təqdim edir. Bu məna tutumu barədə müxtəlif mülahizələr də söyləmək olar. Amma şair sözdə ciddidir, sözü havayı yerə işlətmir. Bu mənada Əli Rzanın ədəbi – fəlsəfi mühakimələri ciddi marağa səbəb olmaya bilmir…”
Həyat eşqi ilə dolu adamdır. Yüksək yumor hissi var, şən və istiqanlıdır. Sevməyi və sevilməyi xoşlayır. Qayğkeş olduğundan əldə etdiklərini imkansızlarla bölüşməyə hazırdır. Onun ən müsbət tərəfləri isə əsasən məntiqli qərar verməsi və düşdüyü mühitdə hörmət qazanmağı bacarmasıdır. Bir az romantik, bir az da emosionaldır. Yaxşı həmsöhbətdir. Məsələlərə ədalətli yanaşmağı xoşlayır. Nəzakətlidir, diplomatikdir. İş həyatına gəldikdə isə çox istedadlıdır. Narahat və stresli mühitlərdə işləməyi sevmir…
Tarix üzrə fəlsəfə doktoru Yusif Mahmudov isə onun haqqında yazır: “Çağdaş Azərbaycan ədəbiyyatşünaslığında, ümumən ədəbi mühitdə və elmi-ictimai media aləmində “Kredo”su ilə özünə möhkəm yer eləmiş Əli Rza Xələfll dövrümüzün görkəmli nasiri, şairi və jurnalisti kimi çox yaxşı tanınan və sevilən şəxsiyyətdir. Şübhəsiz, Əli Rza müəllimin bir yazar kimi dəsti-xətti lap sonsuzluqdan belə oxucusunu çağırır. Manevrli publisistikası şirinliyi, duzluluğu, fərqliliyi ilə ədəbiyyatımızın içində bütövləşmiş bir heykəl kimidir. Onun yazılarında da, adi danışıq və nitqlərində də cəmiyyət və təbiətin qırılmaz ülvi bağlılığı, vəhdəti apaydın süd kimi görünür. Alovlu çıxışlarını dinlədikcə, sanki sehirli nağıllar aləmində itib-batırsan. Ədəbiyyat tariximizin, o cümlədən folklorumuzun gözəl bilicilərindən olan Əli Rza Xələflinin yazılarında bir elat dünyası yaşayır. O, bu dünyadan ana təbiətin füsunkarlığını seyr edir, onu sözə gətirir, elmi istiqamət verir, ictimailəşdirir. Onun Söz gücü Təbiətin ilahi eşqini ürəklərə daşıyır. Bunu bayatılarında daha aydın hiss etmək olur. Təbiətə sevgi ona qayğıkeş münasibətdən başlayır. Bu cür münasibətin yeniyetmə və gənclər arasında yaradılmasının gələcək nəslin həyati vacib bir məsələ kimi ekoloji mühitin sağlamlaşdırılmasında mühüm əhəmiyyəti vardır. Bədii detllardan məqsədli və elmi şəkildə istifadə səmərə verə bilər…”
Qəlbi həyatın hər anını doya-doya yaşamaq arzusu ilə doludur. Onun üçün yeni təcrübələr və sərgüzəştlər həyatın ən dəyərli hissələridir. O, enerjili, optimist və macəra ruhuna malikdir və onun daim yeni məlumatlar öyrənmək və müxtəlif mədəniyyətlərlə tanış olmaq istəyi heç vaxt tükənmir. Onun bu liberal xarakteri karyerasından tutmuş şəxsi həyatına qədər hər sahədə özünü göstərir. Məhdudiyyətlərdən qaçmağa üstünlük verir və həyatda öz yolunu qurmaqda çox qərarlıdır. Münasibətlərdə isə tərəfdaşı ilə səmimi və dürüstdür. Müstəqillik onun üçün çox vacibdir, lakin o, həm də mənalı və dərin əlaqələr qurmaq arzusundadır. Erkən gəncliyindən həyatda azadlıq, macəra və yeni kəşflər axtarır. Bu, onun optimist və macəraçı xarakterini və həyata dərin sevgi və marağını əks etdirir. Yaxşılıq etməyi çox sevir. Əgər kiməsə pislik edibsə, onu həyatı boyu unutmur və davamlı peşmançılıq hissi keçirir. Hər şeyə müsbət tərəfdən baxmağı bacaran insandır. Bəli, bu baxımdan yaxın ətrafı ona həsəd apara bilər…
Deyir ki:- “Azərbaycanın indiki mənzərəsi qələm adamları tərəfindən kifayət qədər ya dərk olunmur, ya da çətin anlaşılır. Çünki müstəqilliyin 30 illik mərhələsini keçməyimizə baxmayaraq, nə köhnə meyarlar tam aradan qalxmayıb, nə də yeni meyarlar kifayət qədər açılmış deyil. Və yaxud yeni meyarların yeni ədəbi yanaşma düşüncəsi prosesi çox ləng gedir. On-on beş il əvvəl “postmodern” adı ilə özünü göstərən ədəbi tüğyançılıq da sanki sönüb. Çünki həmin ədəbi tüğyan və tüğyançılar özləri də eksperiment hüququndaydılar. Adını nə qoyursan-qoy, hər bir yeni zaman axtarış üçün meyar açır. Əxlaqda, mənəviyyatda, siyasətdə, hətta dinə münasibətdə yeni meyarların yaranması həyat hadisələrinə münasibətdə dəyişməyi tələb edir…”
Bəli, oktyabrın 1-i Əli Rza müəllimin rəsmi ad günüdür, 72 yaşı tamam olur. Ona möhkəm can sağlığı, uzun ömür və yaradıcılıq uğurları arzulayıram…
Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib. Sonra Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ali təhsilə yiyələnib. 2002-ci ildə mtbuatda jurnalist kimi fəaliyyətə başlayıb. Bir müddət sonra “Pəncərə”, “Ölkəm”, “Azercell” jurnallarının baş redaktoru olub. 2018-ci ildən isə Bakı Kitab Mərkəzinin direktorudur…
Deyir ki:- “Bəli, hər bir qələm sahibi ilk növbədə insandır. O da musiqidən, kinodan, kitabdan təsirlənə bilir. Əgər robot olsaydı, deyə bilərdim ki, qələm adamı heç nədən təsirlənmir, bu hiss ona yaddır. Əlbəttə ki, mən də bütün bunlardan təsirlənmişəm. Qəribədir, atamla mənim oxşar cəhətlərimiz çoxdur. Yəqin ki, hər ikimiz də ədəbiyyatçı ailəsində doğulmuşuq, ondandır. Bizim tərbiyəmizdə, formalaşmağımızda kitabların rolu danılmazdır. Ancaq bu, o demək deyil ki, yalnız hansısa əsərdən təsirlənib yazıram. Əgər insanda istedad varsa, bu, mütləq üzə çıxacaq. Əgər atam yalnız kiminsə əsərindən təsirlənib yazsaydı, o, heç vaxt Xalq yazıçısı olmazdı. Hətta mən atamın əsərlərinin oxucusu olsam da, ondan təsirlənməmişəm. Tənqidçilər də deyir ki, biz tamamilə müxtəlif üslublarda yazırıq. Doğrudur, “Altıncı” povestim var ki, onu atamın “Beş mərtəbəli evin altıncı mərtəbəsi” əsərinin davamı hesab edirəm, amma əslində üslubumuz çox fərqlənir. Çalışmışam ki, bu povestdə obrazlar da, üslub da olduğu kimi qalsın. Bunlar hamısı olan şeylərdir. Dünya da bunu qəbul edir. Ancaq, əgər sən kiminsə əsərini götürüb mənimsəsən, bu artıq plagiat olar. Mənim vicdanım heç vaxt buna yol verməz…”
Əla! Düz tapdınız, bu dəfəki söhbətimin qəhrəmanı yazıçı- publisist Günel Anarqızıdır. O, 1972-ci ildə Bakıda dünyaya gəlib. Ağlı kəsəndən, evdə yüzlərlə kitab görüb. Əvvəlcə onları vərəqləyib şəkillərinə tamaşa etsə də, əlifbanı öyrənəndən sonra oxumağa başlayıb. Beləcə, oxuya-oxuya böyüyüb, böyüyə-böyüyə də oxuyub…
“Bizim ailə haqsız tənqidlərə çox məruz qalıb, artıq vərdiş etmişik. Babamdan tutmuş mənədək hamımız zaman-zaman bu “tənqidlərin” mərkəzində olmuşuq. Mənim demək istədiyim başqadır. Həm Yazıçılar Birliyinin üzvü kimi, həm də yazıçı kimi deyə bilərəm ki, Anarın xalqı qarşısında həm yazıçı, həm də ictimai xadim kimi xidmətləri danılmazdır. Bunu atam olduğu üçün demirəm. Həqiqəti belə düşündüyüm üçün deyirəm. Tənqidlər onsuz da həmişə olur. Bir də ki, tənqid edən adamın gərək özü də ortaya nəsə qoysun və kimisə tənqid etməyə haqqı çatsın. Özündən qat-qat böyük olan, millətə daha çox xidmət etmiş adamı tənqid etməyin də bir səviyyəsi olmalıdır. Səviyyəsizin, özünün heç bir xidməti olmayan adamın durub nəsə deməyi çox gülməli görünür.”- söyləyir.
Kübar xanımdır. Bu ona daşıdığı gendən bir ərmağandır. Elə düşünməyin ki, qazandığı uğurlarda atasının əməyi var, əsla. Bütün nailiyyətlərə öz istedadı, işgüzarlığı ilə nail olub. Çox mədəni və intizamlıdır. Əgər yazıçılıq istedadı ona atasından ötürülübsə, bu xüsusiyyətləri isə anası, akademik Zemfira Səfərova ona aşılayıb…
Deyir ki:- “Hazırda rəhbərlik etdiyim Bakı Kitab Mərkəzinin yaranma ideyasını Heydər Əliyev Fondu irəli sürüb. Əslində, Fondun rəhbəri Mehriban xanım Əliyevanın ideyası idi. Kitab mərkəzinin yaranması zərurətdən doğan bir təşəbbüsdür. Bilirsiniz ki, son zamanlar mütaliəyə maraq azalıb, bu haqda dəfələrlə danışmışıq, ədəbiyyatçılar, yazıçılar narahatlığını bildiriblər. Hazırda Azərbaycanda və paytaxtda bir çox kitab dükanları və şəbəkələri fəaliyyət göstərsə də, belə bir mərkəzin yaranması vacib idi. Buna görə də, təşəbbüs irəli sürüldüyü gündən bu istiqamətdə işlər tükənmədən irəliləyirdi. Qısa müddət ərzində Bakının mərkəzində, gözəl guşədə, ən çox ziyarət olunan yerlərin birində belə bir mərkəz inşa edildi. Onu da qeyd edim ki, əslində Mehriban xanım qədim binaların mühafizəsi, onların görünüşü ilə bağlı çox diqqətlidir və buna çox önəm verir. Deyir ki, memarlıq abidələri bizim tariximizdir…”
Erkən gəncliyində ailə həyatı qurduğu üçün, ona nənə olmaq sevincini yaşamaq orta yaşlarından nəsib olub. İki qızı, bir neçə nəvəsi var. İşləri nə qədər çox olsa da, övladlarına qulluq etməyi çox sevir…
“Sözsüz ki, mənim dincəldiyim yer evimdir. Evimi istədiyim kimi qurmuşam, ona görə də burada rahatlıq tapıram. Yay aylarında bağa köçəndə, əlbəttə, orada da dincəlirəm, amma yenə də şəhər evimi daha çox istəyirəm və buraya hər zaman tələsirəm. Qəribə səslənsə də evdə olan vaxtımın çox hissəsini mətbəxdə keçirirəm. Ona görə yox ki, biş-düşlə məşğulam. Səbəbi odur ki, mətbəx mənə daha rahatdır. Mətbəxdə yığcam bir televizorum var, səhərlər ona baxıram. Evdəkilər narahat olmasınlar deyə qapını bağlayıram və səhər saatlarını orada keçirirəm. Adətən hamıdan tez oyanıram, ətirli çay dəmləyib onun keyfini yaşayıram. Qonaq otağında isə axşam vaxtı daha çox oluram, evimə gələnləri orada qarşılayıram. Uşaqlarım bişirdiyim yeməkləri çox sevir, məndən bəzən xüsusi bir şey hazırlamağı xahiş edirlər. Bir müddət əvvəl nəvəmin ad günü idi. Qızım istədi ki, nəvəmin ad gününə şah plovu bişirim. İnandırım sizi, hələ belə sürətlə yemək bişirməmişdim. Çünki hərdən vaxt məhdudiyyəti də olur. Tez-tez yorğunluq da… Elə xanımlar var ki, yemək bişirməklə arası yaxşıdır, evə nə qədər yorğun gəlsələr belə, yeməyi həvəslə hazırlayırlar. Mən təəssüf ki, o qadınlardan deyiləm. Ona görə də çalışıram bu işləri səhər görüm, axşam isə dincəlməyə üstünlük verirəm.”- söyləyir.
Heç vaxt xüsusi pəhriz saxlamır. Necə deyərlər, nənə olsa da hələ ki, gözəlliyini, təravətini itirməyib. Yağlı, qızardılmış yeməkləri xoşlamır. Az kalorili, xeyirli qidaya üstünlük veririr və ən əsası da idmanla məşğul olur. Düşünür ki, fiziki aktivlik çox şeyin dərmanıdır. Xəstələnməmək üçün idmanla məşğul olmaq zəruridir. Həm də idman insanın ovqatını yaxşılaşdırır, sağlamlığını gücləndirir və artıq çəkinin qarşısını alır…
Martın 6-sı Günel xanımın növbəti ad günüdür. Ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram…
Onun öz aləmi var. Hər təfəkkürün dərk edə bilməyəcəyi, hər idrakın anlamayacağı, sirlərlə dolu bir aləm. O, hər adam üçün danışmır, onu yalnız ariflər anlaya bilir. Ətrafında xeyli adam olsa da, milyonların arasında təkdir, yalqızdır Həmid Herisçi…
Deyir ki:- “Mən heç vaxt məşhurluğu sevməmişəm. Məmin poetik və fəlsəfi təfəkkürüm gizlində qalmağı sevən təfəkkürdür. Çox sevinirəm ki, haqqımda mətbuatda çox bəsit məlumat var. Həyatımı heç kim də bilmir. Bir söz deyə bilərəm ki, mən çox ciddi siyasi xadim ailəsində doğulmuşam. Bu çox şeyi həll edib. Mən ciddi inqilabçıların arasında böyümüşəm, onların sevimlisi olmuşam. İran Kommunist Partiyasının rəhbəri rəhmətlik İrəc İskəndəri bizim ailəvi dostumuz olub. O, mənim təfəkkürümü qiymətləndirib. Mən Allah yolunda olmuşam. Sevinirəm ki, məni yaxşı tanımırlar. Çünki məni tanısalar təhrif oluna bilərəm. Ümumiyyətlə, mənə elə gəlir ki, ciddi adamlar çox tanınmaq istəməzlər…”
…Sərraf adamdır. İnsanın qəlbini üzündən oxuya bilir, necə deyərlər, kimin hansı yuvanın quşu olduğunu bəsirət gözlərilə görməyi bacarır. Hadisələrə baxan kimi qüsursuz rəy verməyə qadirdir. Qarşılaşdığı bütün məsələlərdə ortaq nöqtəni tapmaqda çətinlik çəkmir. Bütün bunlara onu fədailiyi yönəldir, fədaidir. Sadəliyə, azadlığa çox üstünlük verir. Bununla da o, öz xüsusi təfəkkürünü qoruyub saxlaya bilir. Bir sözlə, o, təkcə Azərbaycanın yox, dünyanın vətandaşıdır…
“Mən sirləri tapmaq tərəfdarıyam. Bütün yaradıcılığımda da çalışmışam ki, kimisənin bilmədiyi, çox həlledici məsələləri tapıb göstərə bilim. “Damğa”, “Dəli Kür” romanlarımda, çoxlu sayda yazdığm esselərimdə, şeirlərimdə həmişə ona doğru can atmışam. Xülasə, sirlər xəzinəsini axtarıram. Bəzən insanlar Stepan Razinin Pirallahı adasında gizlətdiyi xəzinəni, bəziləri Cavad xanın xəzinəsini axtarır. Mən də Nizaminin dediyi “Sirlər xəzinəsi”ni tapmaq üçün çalışıram. Mənim istər publisistikam, istərsə də şeirlərim həmişə diqqət mərkəzində olub. Hətta “Facebook”-da da ətrafımda diqqətçəkici adamlar çoxdur. Hesab edirəm ki, “Facebook” yeni bir inqilabdır. Mən modernizmi sevirəm. Postmodern daha acı bir məsələ idi. Konsperologiyanı Azərbaycan təfəkkürünə mən gətirmişəm. Bunu çox adam bilir. Azərbaycanda aparıcı ədəbi-fəlsəfi cərəyanları həmişə təqdim eləməyə çalışmışam.”- söyləyir.
1960-cı il, aprelin 30-da Bakı şəhərində anadan olub. Əslən Təbriz yaxınlığındakı Heris bölgəsindəndir. Böyrəkləri xəstə olduğu üçün yeddi yaşından Moskvada- SSRİ Elmlər Akademiyasının Pediatriya İnstitutuna yerləşdirilib və orta təhsilini həmin institutun nəzdində fəaliyyət göstərən məktəbdə alıb. Sonra Bakıya dönərək Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. “Nekroloq”, “Əli və Nino”, “Solaxay” adlı postmodern üslubda yazılmış irihəcmli romanların və “SSRİ”, “Konspiroloq”, “Portretlər”, “Sekond hənd-ikinci həyat”, “Hekayələr”, “İki səmanın qartalı” şeir və hekayə kitablarının müəllifidir…
Deyir ki:- “Başqalarının fikrinə həmişə hörmət eləmişəm. Amma mənim üçün bu fikirlər həlledici olmayıb. Qərarı özüm vermişəm. Heç vaxt başqa fikirləri özümün alın yazım hesab etməmişəm. Mənim nəsrim öz nəsrimdir, mənim şeirim öz şeirimdir. Bu mənim öz publisistikamdır. Televiziya layihələrim də özümə məxsusdur. Nə var özümünküdür. Mənim nəsrim, şeirim orijinaldır. Bununla da mən seçilirəm. Mən həmişə yeni söz demişəm. Son layihəm mətbuatda portret yazılarımdır.”
Xeyli kitab mütaliə edib, çox müəllifin əsərlərindən məlumatlıdır. Xoşuna gəldiyi Azərbaycan ədibləri isə Sabir Əhmədli və İsa Hüseynovdur. Onların əsərlərini həmişə sevə-sevə oxuyub. Onun üçün “Beşmərtəbəli binanın altıncı mərtəbəsi”ndən Sabir Əhmədlinin “Yasaq edilmiş oyun” romanı daha maraqlıdır. Qəribə yazıçıdır, yazdıqlarını ənənəvi qəliblərə yerləşdirməyi xoşlamır. Bu da qəhrəmanlarını, qələmə aldığı hadisələri daha yaxşı təsvir etməyə imkan verir. İmanına, inancına isə söz ola bilməz. Allaha məhəbbəti sonsuzdur. Çünki Yaradana sadəcə inanmır, Onun varlığına əmindir və özünü əsl müsəlman hesab edir…
“Mən Şah İsmayıl xəttinin müsəlmanıyam. Özümü Şah İsmayıl misteriyasının nəvəsi sayıram. Mən ona meyilli adam olmuşam. Həm də o, uşaqlıqdan padşah olub. Onun uşaq təfəkkürü mənə çox maraqlı olub. Mən uşaq təfəkkürünü yaşlı təfəkküründən mənalı bilirəm. Mənim üçün bunun ilk modeli İsmayılın 13 yaşında taxt-taca sahib olmasıdır. Azərbaycanda uşaq təfəkkürü XVI əsrdə hakimiyyətə gəlib. Uşağın müdrikliyində şüuraltı olaraq o biri dünyanın təcrübəsi var, ixtiyar adamların müdrikliyində yalnız bu dünyanın təcrübəsi olur. Emprik təfəkkür. Mən intuiktiv təfəkkürü seçirəm.”- söyləyir.
Bəli, onun öz aləmi var. Mistik, sirli, sehirli və çoxuna pünhan olan aləm. Orada baş verənləri anlamaq üçün, gərək quş dilini də biləsən…
…Həmid məlum hadisələrdən bir qədər əvvəl qonşu ölkəyə İrana yollanıb. Son dəfə Təbrizdən sorağı gəlib. Hazırda qonşu ölkədə rabitə kəsildiyindən, artıq bir neçə gündür ki, ondan heç bir xəbər yoxdur. Deyirlər ki, hər ağızda bir dua var. Gəlin dua edək ki, Həmid tezliklə vətənə dönsün, ailəsinə qovuşsun. Axı, onun üçün darıxanlar var…
Allah onu dünya malıyla, can sağlığıyla çox imtahana çəkib, necə deyərlər, əzib əzişdirib, sonda şükranlığına, imanına bağışlayıb…
Deyir ki:- “Mən vaxtilə çox maksimalist idim, həyatdan çox şey istəyirdim. Yaş artdıqca istəklərim minimuma endi. Bilmirəm, bu dünyayla, taleylə barışmaqdımı, çarəsizlikdən doğan bir vəziyyətdimi, ya məğlubiyyətdimi? Hər halda arzulara məğlub olmaq çox ağrılı bir şeydi, mən bu ağrıları yazılarıma, şeirlərimə köçürmüşəm. Özümü bu yolla ağrıdan xilas etməyə çalışmışam. Allah sanki sözü mənə xilas yolu kimi nişan verib. Söz məni ölümdən xilas edib. İndi mən artıq həyatdan nəsə istəməyə qorxuram, həyat itkilərlə gözümün odunu alıb…”
Nəzakətli, yolagedən, optimist və xəyalpərəst adamdır. Davranışı və rəftarı hadisələrin gedişindən çox asılıdır. Buyruqdan və boynuna öhdəlik götürməkdən zəhləsi gedir. Pis niyyətli deyil. İnsanlara hələ də inanır və güvənir. İstedadlıdır. Praktikliyi sayəsində müvəffəqiyyət qazana bilir. Rahatlığı və əmin-amanlığı sevir…
“Uşaq vaxtından şeirlər, hekayələr yazırdım, ancaq üzə çıxarmırdım. 9-10 yaşlarımdan şerlərimi “Azərbaycan pioneri” qəzetinə və “Pioner” jurnalına təqdim edirdim. Bir neçə dəfə mənə bildirdilər ki, bədii cəhətdən zəif olduğu üçün çapa yaramır. 5-6 dəfə göndərdim, nəhayət, bir dəfə balaca bir şerimi “Pioner” jurnalında dərc etdilər. Sonradan Azərbaycanın enkslopedik alimlərindən, rəhmətlik Rəhimağa İmaməliyevin ədəbiyyata gəlməyimdə böyük rolu oldu. O, məndə inam yaratdı ki, sən yaza bilərsən. 1995-ci ildən mətbuatdayam. Jurnalist kimi fəaliyyət göstərsəm də şeir və hekayə də yazıram, ancaq uzun müddət onları ədəbi mühitə çıxarmırdım. 2000-ci illərin əvvəllərində təsadüfən Yazıçılar Birliyində Samir Sədaqətoğlu ilə tanış oldum. O, “Ədalət” qəzetində ədəbiyyat bölməsini aparırdı. Mənə bildirdi ki, ayrıca ədəbiyyat qəzeti buraxmaq istəyirlər. Mən də dedim, əlimdə tərcümələrim var. Dedi, gətir, çap edək. Elə oldu ki, həmin qəzeti birlikdə buraxası olduq. Və beləcə ədəbi mühitin içinə düşdüm. Öz hekayələrim də orada çap olundu. Sonralar “Kaspi” qəzetində şeirlərim çıxdı. 2003-cü ildə isə “Ədalət” qəzetinə keçdim, ayrıca “Yazar” adlı ədəbiyyat qəzeti buraxdıq.”- söyləyir…
Saysız-hesabsız istək və arzuları var. Bunları reallaşdıra bilməyəndə, özünəməxsus xəyal aləmində həyata keçirir. Onun bu aləmi o qədər güclüdür ki, tez-tez gerçəklə qarışdırır. Digər tərəfdən mistik və fəlsəfi hadisələri öyrənməyi sevir. Zehni xəyallar seli və qorxunc duyğu dalğaları ilə doludur. Mənəviyyatının dərinliyindən gələn bu partlayışları yaradıcılığna yönəltdiyindən, gücü tükənmir…
Deyir ki:- “Mənsub olduğum ədəbi nəslin giley-güzarı bitməsə də əsas məsələ, ortada böyük qələbəmiz var. Demək, bizim qismətimizdə Qarabağı azad görmək də var imiş. O ki qaldı mənim ədəbiyyatda qalıb-qalmayacağıma bunu yalnız gələcək müəyyən edəcək. Təəssüf ki, mən o günü görməyəcəm. Amma inanıram ki, hər halda hansısa bir yazımla xatırlanacağam…”
Haqqında söhbət açdığım Kənan Hacı 1975-ci ildə Buzovna qəsəbəsində anadan olub. Orta təhsilini Xəzər rayonu, Buzovna qəsəbəsinin 125 saylı məktəbində alıb. 1995-ci ildə özəl universitetlərin birində jurnalistika ixtisasına yiyələnib. 1995-ci ildən yazıları mütəmadi olaraq dövri mətbuatda çap olunur. “İki sahil”, “Ədalət”, “Vətəndaş həmrəyliyi”, “Yazar” və digər qəzetlərdə çalışıb. APA İnformasiya Agentliyinin Kulis.az saytında redaktor, “Qanun” Nəşrlər Evində redaktor, Publika.az portalının redaktoru, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Aydın yol” qəzetində redaktor vəzifələrində işləyib. Sonra Azərbaycan Yaradıcılıq Fondunun Sim-sim.az saytının redaktoru olaraq fəaliyyət göstərib…
“Uzun-uzadı təsvirlərlə oxucunu yoran şişman romanların dövrü çoxdan keçib. Artıq roman janrı tam yeni bir mərhələyə qədəm qoyub. Bu proses davam etməkdədir. İndi zaman yazıçıdan fikri lakonik ifadə etməyi tələb edir. Mənim fikrimcə, janrların şərtiləşməsi ədəbiyyata bir rəngarənglik gətirir. Dəyərli tənqidçimiz Rəhim Əliyev bir dəfə söhbətimizdə çox gözəl bir fikir dedi. Dedi ki, heç nəyə baxmadan oturub yazmaq lazımdır. Məğlubiyyətdən qorxmaq lazım deyil. Yazmaq yazıçının həyat tərzinə çevrilməlidir. Mən yaradıcılıqda sərbəstliyin tərəfdarıyam, ölçülü-biçili roman yazmağı, əsəri standart janr qəlibinə salmağı xoşlamıram. Ənənəvi düşüncədən bacardıqca qaçmaq lazımdır. Sovet dövründə yüzlərlə belə romanlar yazılmışdı, əksəriyyəti unudulub getdi, qalmadı. Amma məsələn, Sartrın “Sözlər” romanını götürək, sırf avtobioqrafik əsərdir, roman janrının tələblərinə cavab vermir. Amma möhtəşəm əsərdir, biz onu memuar kimi yox, elə roman kimi də oxuyuruq…”- söyləyir.
…Hazırda “Mücrü” jurnalının baş redaktorudur. AYB-nin üzvüdür. Müxtəlif ədəbi əsərlərindən ibarət 15-ə yaxın kitabı nəşr olunub. Xarici dillərdə yazılmış 5 kitabı ana dilinə çevirib. Əsərləri rus, türk, ingilis və ukrayna dillərinə tərcümə olunub…
Evin tək uşağı olub. Erkən gəncliyində atası vəfat edib. Min cür çətinliyə qatlaşıb, acınacaqlı günlər yaşayıb. Əsgərliyi bitirən vaxtlarında xəstələnib hospitala düşüb, əməliyyat olunub. Və bir gün xəbər tutub ki, Hepatit C xəstəliyinə yoluxub. Xəstəliyini 8 il ən yaxın dostlarından belə gizlədib. Heç kəs bilməyib ki, evsiz-eşiksiz yaşayır. Üstəlik ağır xəstədir. Amma taleyindən heç zaman gileylənməyib. Allaha inanıb- nə vatsa zamanın üzünə güləcəyinə ümid bəsləyib. Və həmin gün gəlib. Artıq ev-eşik sahibidir. Xəstəliyə qalib gələrək yaşayır, yaşayacaq da. Yaradıcılığından da geri qalmır. Güclü təxəyyülü, ədəbi təhlili var…
Daxili aləmi çox rəngarəngdir. Bu aləmdə müsbət xüsusiyyətlərin say-hesabı yoxdur. Səxavətlidir və başqalarını məmnun etməkdən xoşlanan adamdır. Yaddaşı çox güclüdür, heç nəyi unutmur. Mütaliyyə diapazonu geniş olduğundan zəngin “Söz sandığı”na və bilgiyə sahibdir. Bir sözlə, Kənan Hacı təpədən dırnağa parlaq bir istedaddır…
…Martn 3-ü həm Kənanın və həm də ömür-gün yoldaşı İlhamə Dağlının ad günüdür. Bu münasibətlə hər ikisini təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram. Çox yaşasınlar, cüt yaşasınlar!
Bu barədə heç vaxt, heç yerdə yazmamışam. Onda mənim 22 yaşım var idi. Üstündən 38 il keçəndən sonra, o dövrdə yaşadığım hadisələri sizinlə bölüşmək qərarına gəldim. Axı, insan yaşa dolduqca nə vaxtsa gördüklərinin mahiyyətini daha yaxşı anlayır…
Təqvimdə 27 fevral 1988-ci il idi. Sumqayıt od tutub yanırdı. Alışdırılmış avtomobillərin qara tüstüsü şəhərin üzərində müharibə ab-havası yaratmışdı. Bir qrup erməni evlərə soxulur, öz soydaşlarını eyvandan, pəncərədən çölə atır, erməni qadın və qızları zorlayırdılar. Hamı əsəbi, hər kəs təlaş içində idi. Hadisələri doğru-düzgün qiymətləndirməyin vaxtı deyildi. İnsanları yayılan şayələr idarə edirdi…
Təqvim 28 fevral 1988-ci ili göstərirdi. Dünən şəhərdə baş verən hadisələr hamı kimi məni də sarsıtmışdı. Ç.İldırım adına Politexnik İnstitutunun axşam şöbəsinin tələbəsi idim. Gündüzlər isə Sumqayıt Superfosfat zavodunda ekspeditor işləyirdim. Səhər birtəhər özümü zavoda çatdırıb yenicə işə başlamışdım, hay düşdü ki, ermənilər uşaq bağçalarına girib qadınları zorlayır, uşaqları öldürürlər. Ətrafımda olan gənclər kimi mən də bir parça “armatur”u qəzetə bükərək özümlə götürdüm və avtobus dayanacağına doğru yürüdüm. Yalan olmasın, bəlkə də zavodun bütün gəncləri orada idi. Nəisə, avtobuslara doluşub şəhərə yola düşdük. Biz şəhərə çatanda sovet əsgərləri qarşımızı kəsib, geriyə qayıtmağımızı tələb etsələr də, özümüzü qaynar nöqtəyə- köhnə avtovaqzalın yanına çatdıra bildik. Məlum oldu ki, yalan məlumat yayılıb. Dünənki hadisələrdən sonra şəhərin bütün ermənilərini klublara yığıb mühafizə edirlər. Heç kimin tanımadığı kimlərsə səsgücləndirici vasitəsi ilə elə hey qışqırırdı- “Vurun, Əli şiələri, əsgərlər bizim düşmənlərimizdir. Erməniləri müdafiə edirlər. Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb”…
Əsəblərini cilovlaya bilməyən gənclər əsgərlərə daş atır, şəhəri tərk etmələrini tələb edirdilər. Mən də onların arasında idim. Baş o qədər qarışmışdı ki, bir də gördüm ki, 7-8 rus əsgəri məni mühasirəyə alıb. Əlimdəki daşları yerə atmağımı tələb edirdilər. Daşları yerə atan kimi onlardan biri avtomatın qundağı ilə burnuma vurdu. Digəri isə əsgər beli ilə başıma zərbə endirdi. Bir də onu gördüm ki, iki əsgər qollarıma girib məni “katalaşka” adlandırılan “KPZ” maşınına qaldırır. Maşın insanlarla dolu idi. Sınmış burnumdan, başımdan axan qan dayanmaq bilmirdi. Kimisi dəsmal verir, kimisi boynundakı şərfi çıxarıb mənə uzadırdı. Az vaxt keçmişdi ki, bizi Sumqayıt Milis şöbəsinə apardılar. Müstəntiqlər dindirəndən sonra şöbənin müvəqqəti təcridxanlarına yerləşdirdilər. Bir gün orada qaldıq, sonra bizi Bayıl türməsinə apardılar. On dörd gün orada qalandan sonra əməlimdə heç bir cinayət tərkibi olmadığı üçün çoxları kimi məni də yenidən Sumqayıt Milis şöbəsinə gətirib azadlğa buraxdılar. Qalanı acı xatirələrdir…
Təqvimdə 28 fevral 2026-cı ildir. Sumqayıt hadisələrindən artıq 38 il ötür. İndi anlayıram ki, o hadisələr ssenarisi KQB-də yazılan, mənfur ermənilərin səhnələşdirdiyi faciə-tamaşa idi…