Etiket arxivi: FOTO

ƏLİ BƏY AZƏRİ – QURD AĞZI

Əli bəy Azəri – yazıçı, publisist.

QURD AĞZI

 Hekayə
Ucqar bir dağ kəndində yaşayırdım. Kəndimiz iyirmi bir evdən ibarət idi. Çox mehriban dolanırdıq, daha doğrusu, o vaxtlar mehribançılığın nə və necə olduğunu bir o qədər də dərindən dərk etmirdik, yəni mehribançılığı elə o vaxtkı ölçülərə görə qiymətləndirirdik. Həm uşaqlıq, yeniyetməlik çağlarımız idi, qayğısız və şən böyüyürdük, mehribançılığı bundan artıq dərk etmək qabiliyyətində deyildik, həm də hər bir ailə öz fərdi təsərrüfat işləri ilə məşğul olurdu. Birinin başqasına işi düşmürdü ki, görsün münasibəti necə olacaq. İşi düşəndə də ya deyəcəkdi, gəl, heyvan növbəsini dəyişək, ya da su növbəsini ver mənə.
Kəndin əsas qayğılarından biri mal-heyvan növbəsi idi. Nə vaxtsa kişilər bir yerə toplaşıb belə bir növbə müəyyənləşdirmişdilər. Ballı qarı inək saxlamırdı deyə onu mal növbəsinə daxil etməmişdilər. İnək saxlamırdı deyəndə, bəlkə də bir az düz gəlmir. Kənddə yaşayasan, özü də inək saxlamayasan, kənd adamının işinin, gücünün adı nədir ki, inək saxlamasın? Sadəcə, Ballı arvad oturaq xəstəydi, inəyə baxa bilməzdi, qızı çolaq Qızyetər də bir əlilə inəyi necə sağacaqdı? Ancaq ki, qoyunları birtəhər rahlayırdı.
Beləliklə, növbəlik iribuynuzlu mal-qara üzrə 20, kiçik davar, yəni heyvan üzrə 21 gündən bir dövrə edirdi. Heyvan növbəsini kəndin aşağısındakı evdən – Alməmməd kişidən, mal növbəsini kəndin yuxarı başındakı evdən – Nəriman kişidən başlamışdılar.
Bizim ev kəndin aşağı məhəlləsində, həm də ortada yerləşirdi. Heyvan növbəsi İlahi, Səlim, Qurban, Mikayıl, Nağı, mal növbəsi isə Nağı, Mikayıl, Qurban, Səlim, İlahi ardıcıllığı ilə fırlanırdı. Uzun müddət dövr etdiyindən bəzən növbələr toqquşurdu, yəni bir adamın hər iki növbəsi eyni günə düşürdü. Onda qonşular öz aralarında müəyyən razılığa gəlirdilər ki, növbələri ötüşdürsünlər. Bəzən də hər kəsin öz vacib işləri olurdu deyə qonşusunun növbə kəsişməsini ötüşdürmürdü, ötüşdürə bilmirdi. Heyvan növbəsi ağır hesab olduğundan evin kişisi heyvan növbəsinə, qadını isə uşaqlarından biri ilə mal növbəsinə yollanırdı. Ya da iki yeniyetmə oğlan uşağı birlikdə naxırı haraylayıb örüşə, otarmağa aparırdılar.
Yaxşı yadımdadır, yayın birinci ayı idi, məktəbdən tətilə buraxılmışdıq. Əvvəlcədən hesablamışdıq, nədənsə həmin vaxt hər iki növbə bizdə kəsişirdi. Hamının başı ot biçininə qarışdığından növbələri heç kimlə dəyişdirə bilmədik. Onda mən yeddinci sinifdə oxuyurdum. Dədəm (atama “dədə” deyə müraciət edirdik) işdə olduğundan məndən üç yaş balaca qardaşımla heyvan növbəsinə biz gedəsi olduq. Naxırı isə nənəm (anaya da “nənə” deyirdik) dərə aşağı, nisbətən rahat örüşə hayladı. Kənddə iş yeri olmadığından kişilər Qafana, Qacarana, Meğriyə, Qərçivana, Ordubada gedirdilər. Yaxşı halda həftədə bir dəfə gəlib evə dəyirdilər. Elə də olurdu ki, ayda bir dəfə, o da maaş alandan-alana gəlib dəyir, elə gecə ilə də qayıdıb qatarla gedirdilər. Kənddə maaş almaqla dolanmaq olmurdu, təsərrüfat saxlamaq üçün isə çətin illər idi.
Qardaşımla mən heyvan sürüsünü kəndin qənşərindəki Şah bərəsi yuxarı, hər yerdə yalın sol tərəfi ilə otara-otara günortanı Rəsul çeşməsinə mağala yığdıq. Günortadan sonra da yenə apardığımız örüşlə otara-otara geriyə qaytardıq. Çünki Şütürü dərəsi, Mizard, İmanqulu yurdu, Sağaltop, Sürtün və digər ərazilər zəmi yerləri sayılırdı, yəni biçənək idi və hələ biçilib yığışdırılmamışdı ki, sürünü oralarda otarmaq mümkün olsun.
Əlqərəz, heyvan kənddə qapılara dağılışandan, əl-ayaq çəkiləndən sonra şaq-şaq Fatının vay-şivəni aşağı məhəlləni bürüdü. Danışanda pulemyot kimi şaqqıldayırdı, elə bil dəyirmandır, üyüdüb tökür. Çörək yeyəndə yanında oturmaq olmurdu, çənəsi elə şaqqıldayırdı ki, deyirdin bəs, hacıleylək başının üstündə dimdiklərini bir-birinə vurur. Ona görə də üzünə deməsələr belə, daldada hamı onu “şaq-şaq Fatı” adlandırırdı.
“Şaq-şaq” başladı, nə başladı. Üzünü çəpərdən üzü bizə tərəf tutub hay saldı ki, bəs erkəyimi itirmisiniz. Bərk narahat olmağa başladıq. İnsafən, növbə rahat keçmişdi, sürü bizə korluq verməmişdi. Qabağımıza canavar yox, heç çaqqaldan, tülküdən də çıxan olmamışdı. Heyvan heç hürkməmişdi də, deyək ki, ilan çalıb, harda isə kola ilişib, yıxılıb, biz görməmişik.
Nənəm bərk hirsləndi, bir partiya dədəmin qarasına deyindi. Sonra da bizi qınadı ki, otara bilməyəcəkdiniz, getməzdiniz, siz malı aparıb hərləyərdiniz, mən özüm heyvanı otarmağa gedərdim. Nənəm dediyini edən arvadlardandı, kişi kimi qadındı, dediyini edən idi. Heyvan növbəsi onun üçün nə idi ki? Odur ki, heyvan növbəsini yarıtmadığımıza görə hirslənib özündən çıxmışdı.
Bu hələ başlanğıc idi, nənəmin hirsi-hikkəsi hələ qabaqdaydı. Gözləyirdi ki, birimiz dillənib nə isə deyək, yəni onun sözünü qaytaraq, sonra qızışsın, arvad əməlli-başlı hirs dağarcığıydı. Mən dinmirdim ki, onu özündən çıxartmayım, çünki axırıncı dəfə nənəm məni altıncı sinifdə oxuyanda döymüşdü. Sonra da qucaqlayıb: “Daha yekə kişisən, bundan sonra səni döymək yaramaz” deyərək hönkür-hönkür ağlamışdı. Nənəm hikkəli qadındı, həm də çox qürurluydu. İstəmirdim bir söz deyib onu qıcıqlandıram. Ancaq nənəm dözə bilmir, hər dəfə şaq-şaq Fatının səsini eşidən kimi yenidən coşurdu, nə onun cavabını verə bilirdi, nə də biz dinmədiyimizdən, bizə bir söz deyirdi. Birdən qayıtdı ki, erkək tapılmasa, ətinizi şişə taxacam. Birinci dəfəydi belə hədə-qorxu eşidirdim.
Dilxorçuluğumuzdan nə yediyimiz bilindi həmin axşam, nə içdiyimiz. Gecəni birtəhər keçirtdik. Tezdən obaşdan məni durquzdular ki, dur, get erkəyi tap. Dayım Səlimin arvadı Təzəgül dostumun yazığı gəlmişdi, oğlu Fazili də mənə qoşdu. Qardaşım Şakir isə südəmər quzuları, çəpişləri otaracaqdı.
Hər yerdə heyvanı apardığımız çəhlimlərlə getdik axtarmağa. Nə qoyun tükü, nə də sümüyü qarşımıza çıxdı. Mizardın bəri başında oturub nəfəsimizi dərdik, bir az dincəldik. Elə orada heybəmizdəki çörəyi çıxardıb yedik, yəni atüstü “nahar” etdik. Sonra yalın beli ilə geriyə addımladıq.
Dəfələrlə ovçulardan eşitmişdim, canavarlar adətən yalın belində marığa yatar, şikarının hərəkətini izləyərdilər. Xüsusən də yanında çobanı olan kəndin mal-heyvanını belə güdərdilər. Elə ki şəvinik düşürdü, çatdırıb vaxtında kəndə qayıda bilməyən mal-heyvanın başının üstünü kəsir, ovlayırdılar. Odur ki, yalların belini üzü Abuseyid dərəsinə, Sarı güneyə, Qaşqa kolavata, Sağaltopa, Fındıqlı çeşməyə tərəfə qayıdaraq güman gələn və gəlməyən hər yeri axtardıq. Axşama yaxın yorulub əldən düşmüş, üzgün halda özümüzü kəndə çatdırdıq. Fatı arvad boş qayıtdığımızı görsə də bizə tərəf gəlmədi, eləcə çəpərin o tərəfindən səsini başına atdı:
– Sizə deyirəm, mənim erkəyimi tapın, verin. Canavar yeyibsə ölüsünü, yeməyibsə dirisini tapın, göstərin. Yoxsa yaxanızdan əlimi çəkən deyiləm.
Elə yorulmuşdum ki, cavab verəsi halda deyildim. Heç kimə məhəl qoymadan evə gəldim. Bacımın süfrəyə düzdüklərindən bir az yedim, üstündən də bir çay içib yatmağa getdim. Gecəni daş kimi yatdım, dünyadan xəbərim olmadı. Tezdən obaşdan nənəm yenə də məni dümsüklədi.
– Dur, get Fatının erkəyini axtarmağa. Tapılmasa, əl çəkən deyil, oturub-durub zəhləmizi tökəcək. Bir toyda deyəcək, beş dəfə də vayda.
Sözü çevirə bilməzdim. Bizi belə tərbiyə etmişdilər. Düz on gün də dalbadal göndərsəydilər, getməliydim.
Bu dəfə Şütürü dərəsi yuxarı getdim. Dedim, bəlkə Fatının erkəyi biçənəklərin yaşıl otuna allanıb, yenib dərəyə. İmanqulu yurduna qədər gedib çıxdım, Taxtalardan yuxarı hələ heyvan ayağı dəyməmişdi. Mizarda qalxdım. Durbinlə Alçalı yurdunu, Böyük zəmini, Təkə daşını, Ulabı; o həndəvərlərdə güman gələn hər yeri gözdən keçirdim. Gözümə nəinki Fatının erkəyi, nə bir cüyür, nə bir dağ keçisi, nə bir canavar, ümumiyyətlə, heç bir çöl heyvanı dəymədi. Yenə də heybəmdə olan çörəyi yeyib geri qayıdası oldum. Bu dəfə güney tərəfi – Əyri dərəni, Ağdaştöküləni, Minaqızöləni, Qaradaşlığı, Qırmızıtili ələk-fələk elədimsə də bir şey tapa bilmədim. Fatının erkəyi yağlı əppək olub göyə çəkilmişdi.
Evə çatanda Fatı arvad çəpərdən göründü, elə bil məni güdürmüş, geri qayıtmağımı gözləyirmiş.
– Gedib Oruc dərəsindən cic eliyib qayıdırlar bəri, elə bilirlər xəbərim yoxdur. Adın da qoyurlar erkəyi axtarmağa gedirik. Mənim erkəyimi axtarın, tapın. Yoxsa, yaxanızdan əl çəksəm şümrünün qızıyam.
– Yaxşı da, bəsdir uşaqları bağırdalaq elədin. Qoy, dədələri işdən gəlsin, gəl hansı erkəyi aparırsan, qat qabağına apar. – Axır ki, nənəm dilləndi, yoxsa şaq-şaq Fatı hələ çox baş aparacaqdı.
– Mənə sizin erkək lazım deyil. Mən öz erkəyimi istəyirəm. Mənim erkəyim erkək yox e, öəc idi, düz beş ildir bəsləyirdim, oğlumun toyuna kəsəcəkdim.
Axşam çörək yeyəndən sonra nənəm xəbər aldı ki, sabah axtarmağa getməyə heyim qalıb, ya yox. Şaq-şaq Fatının atmacası, deyəsən, onu da almışdı, guya mən gedib Oruc dərəsində gizlənib, axşam düşəndə geri qayıdıram. Düzdür, nənəm ona yox, mənə inanırdı, bilirdi ki, mən heç vaxt belə hərəkət etmərəm. Ya axtarmağa getməzdim, deyərdim ki, yorulmuşam, ya da gedirdimsə, gümanım gələn hər yeri axtarmalıydım. Odur ki, nənəmin sorğusuna sözlə cavab vermədim, eləcə başımı bulayıb “yox” işarəsi verdim.
– Onda dur get, Nağı kişiyə de, qurdun ağzın açsın.
Yadıma düşdü ki, erkək itən gecəsi Nağı kişiyə qurd ağzı bağlatmışdıq.
Yaşı altmışı keçmiş olsa da, yaşından daha yaşlı görünən Nağı kişi kəndin “qurd ağzı bağlayanı” idi. Birinin itiyi itən kimi axtarmağa Nağı kişinin evindən, qurdun ağzını bağlatdırmaqla başlayardılar. Elə ki Nağı kişi bir vaxtlar Tehranda ruhani təhsili almış, əski əlifbanı bilən, bölgədə yeganə savadlı adam olan Əli əmisindən öyrəndiyi “qurd ağzı bağlamaq” duasını tiyəsi qara şəfdən olan qövsvari bıçağına oxudu və bıçağı yarıyadək qatlayıb taxçaya qoydu, o dəqiqə itik sahibinin yönbəri düşürdü yerinə. Ayın-arxayın durub gedirdi itiyini axtarmağa, bəzən də heç getmirdi. Evinə gedib səhərin açılmasını gözləyirdi. İtiyi ya gecəyarıya yaxın özü gəlirdi, ya da səhər açılanda gedib dərələrin birində sağ-salamat tapırdılar. Bizim də başımıza belə bir hadisə gəlmişdi. Payız axşamlarının birində boz eşşəyimiz örüşdən qayıtmamışdı. Eşşək neyləsin, güneydə ot az, payız günü də kasıbın dili kimi gödək, ha yeyir ki, qarın dolsun, dolmur. Yığdığımız otu da ancaq inəyə, qoyun-keçiyə yedizdirərdik, özü də eşşəyin gözünün qabağında, eşşək də qalırdı baxa-baxa.
Qaranlıq düşənə kimi güney tayı Kaha dərəsi, Hava dərəsi boyunca xırman yerinədək axtardım, tapa bilmədim. Qayıdıb Nağı kişiyə dedim ki, eşşəyimiz itib, qurdun ağzını bağla, yeməsin. O da harda itdiyini soruşdu. Öyrənəndən sonra durub getdi, əlini sabunlayıb yudu, sərhədçilərdən aldığı ağappaq dəsmalla quruladı. Sonra gəlib həmin bıçağını taxçadan götürdü və duasını oxuyub Kaha dərəsi, Hava dərəsi boyunca “qurdun ağzını bağladı”.
Səhər tezdən nənəmlə ikimiz eşşəyi axtarmağa getdik. Aşağıları axtarmışdım deyə birbaşa Kaha dərəsi yuxarı getdik. Bürünc daşının dibinə yüz əlli-iki yüz metr qalmış kəmərəliklər başlayırdı, kəmərəliyin birinin ətəyində nənəmin gözü nəyi isə aldı.
– Bala, mənim gözüm alacalanır. Sən yaxşı bax gör, orda nə görürsən? – deyə məndən soruşdu.
Orda nə vardısa nənəm məndən əvvəl görmüşdü, onun gözlərinin itiliyinə söz ola bilməzdi.
Görünür gördüyünü dəqiqləşdirmək istəyirdi, odur ki, mənim də həmin yerə baxıb nə gördüyümü eşitmək istəyirdi. Diqqətlə baxdım və gördüm ki, orda nədirsə iki-üç tərpənti var. Alatoranlıqdı deyə, itdi, çaqqaldı, canavardı, inəkdi, eşşəkdi, nədisə, ayırd edə bilmədim, çünki aramızdakı məsafə çoxdu. Dedim:
– Hə, nənə, orda nə isə var, ancaq ayırd edə bilmirəm nədi.
Yerişimizi yeyinlətdik, amma yoxuşu getmək çox çətindi. Hardasa on-on beş dəqiqə getdikdən sonra kəmərəliyin dibinə yaxınlaşdıq. Hava da xeyli işıqlaşmışdı, hər yer apaydın görünürdü.
– İndi necə, görürsənmi? – Nənəm məndən bir də soruşdu.
– Görürəm. – Tam ayırd edə bilməsəm də cavab verdim.
Bir də diqqətlə baxdıqda arxasını kəmərəliyin daşına söykəyən eşşəyimizi gördüm. Boz eşşək qabaq ayaqlarını gen qoyaraq başını aşağı əyib qulaqlarını şəkləmişdi. Ağəmmədin iti Toplan boyda iki çaqqal eşşəyin qabağında sağa-sola tullanırdı.
– Ay iit! Ay it, tuuut! Alabaş heeyy! Toplan heey! Bozdar heeyyy!
Nənəm qışqırıb haray-həşir salmağa başladı, mən də onun səsinə səs verdim. Çaqqallar bizim səsimizə qaçıb aradan çıxdılar. Biz yaxınlaşana kimi eşşək yerindən tərpənmədi, üstündə bircə diş yarası da yoxdu. Nağı kişi ağızlarını necə bağlamışdısa çaqqallar eşşəyi dişləyə bilməmişdilər.
– Yəqin təzəcə tapıblarmış ki, biz gəlib çıxdıq. – Nənəm handan-hana dilləndi və əlindəki çubuqla eşşəyi o ki var çırpdı.
…Nağı kişinin qurd ağzı bağlamasına bütün kənd əhli inanırdı. O ki qurdun ağzını bağladı, həmin gecə qurd itən heyvanı parçalaya bilməzdi. Odur ki, nənəmin sözü ilə Nağı kişinin yanına getdim. O, əvvəlcə məndən heyvanı haralarda otardığımızı bir də soruşdu. Haralardan keçdiyimizi bitdə-bitdə danışdım. Sonra haraları və necə axtardığımı, havada qarğa-quzğunun dolaşıb-dolaşmadığını xəbər aldı. Onu da danışdım. Mizardı, Böyük zəmini, Təkə daşını da durbinlə müşahidə etdiyimi söyləyəndə saxladı. Dedi:
– Day bəsdir. Erkək belə tezliklə basıb oralara gedə bilməz. Ya canavar yalquzaq olub, erkəyi boynuna qaldırıb çox uzağa aparıb, ya da şaq-şaq Fatı yalan danışır, erkək sizin nobatda itməyib.
Nağı kişinin dediklərin arvadı Fəryad da eşitdi.
– Ə, kiri! – deyə ona çəmkirdi. – Söz sənnən çıxmasın, gedib Fatının qulağına çatar, ayıbdır. Sən öz işini gör.
Nağı kişi başını bulaya-bulaya durub taxçaya yaxınlaşdı. O, həmişəki odun tiyəli əyri bıçağını götürmək istəyəndə dayandı, elə bil hansısa qüvvə onu saxladı, geriyə qanrılıb mənə baxdı. Sanki mənim nə deyəcəyimi gözləyirdi, nənəmin sifarişini yox.
– Bəlkə bu gün açmayasınız? – Özümdən asılı olmayaraq tir-tir əsirdim, elə bil qurd bu gecə Fatının erkəyini yox, məni parçalayacaqdı, kim nə deyir desin, canavar vahiməli heyvandır, onu görən yox, adını eşidənlər belə qorxu hissi keçirirlər.
– Qurbanın oğlu, məni bərkə salırsan haa… Onda… mən günaha batmış oluram. Qurd da Allahın yaratdığıdı. O da bir şey tapıb yeməlidir, ya yox? İki gündür ki, onu ac saxlayıram. – Nağı kişi dodağının altında mızıldana-mızıldana bunları dedi, mənim titrəməm isə kəsmək bilmirdi.
– Nağı dayı, qurd canlı olar, deyiblər. – Axır ki, özümdə cəsarət tapıb dedim. – Üç gün ac qalmaqla acından ölməz. Sən bircə gün də səbir elə, mən sabah Fatının erkəyini yerə batmış olsa da tapıb gətirəcəyəm. – İndi də yaman diri-diri danışdım, elə bil öz əlimlə qoymuşdum, gedib gətirəcəkdim. Özümə bir arxayınçılıq gəlmişdi.
– Yaxşı, nə deyirəm ki, qoy sən deyən olsun. Ancaq günahı sənin boynuna.
– Kaftar kişidir, utanmır, günahı uşağın boynuna yazdırır. – Fəryad xala yenə ərinin abrını ətəyinə bükdü.
Evə qayıtdım, yaxşı ki, nənəm qabağıma çıxıb heç nə soruşmadı. Yavaşca gedib yerimə girdim.
Səhər tezdən yuxudan oyandım. Heç kim bilməsin deyə sakitcə paltarımı geyinib çıxmaq istəyirdim ki, nənəm qabağımı kəsdi.
– Obaşdan hara gedirsən? Çay içib çörək də yeməmisən.
– Hara var, hara gedəm? Gedirəm Fatının erkəyini axtarmağa.
– Qardaşın Şakir xəstələnib, xoruzəng olub. Sən gedirsən, bəs quzuları kim otaracaq? Bir erkəkdi, itib, itib də. Dədən gələr, əvəzinə başqasını verər. Çörəyini ye, quzuları ac, apar otarmağa.
Tələsik çörəyimi yeyib həyətə düşdüm. Hələ heyvan örüşə açılmamışdı. Tez quzuları açıb Kaha dərəsi yuxarı apardım.
Bölgədə iki əzəmətli qayadan biri sayılan Bürünc qayası kəndin yuxarısında, iki kilometrliyində yerləşirdi. Kaha dərəsi də daxil olmaqla Tapan, Arxac, Yaz yurdu, Qumluyal, Hava, Qırmızıtil, Qaradaşlıq dərələri başlanğıcını Bürünc qayasının dibindən alır və quru dərə hesab olunurdu. Təkcə Kaha dərəsində sızqa çeşmə var idi. Havayı gəlməsin, həmin çeşmənin suyu ilə güney tayda yerləşən on bir ev bostan saxlayırdı.
Bürünc daşının başından kəndin bütün ərazisi – biçənəkləri, örüş yerləri, meşələri, çuxurları, dərələri ovuc içi kimi görünürdü. Məqsədim gün qızanadək Bürünc daşının zirvəsinə qalxıb ətrafı seyr etmək idi. Harda bir canlı tərpənsəydi, görünəcəkdi. Bir neçə dəfə Bürünc daşının zirvəsinə çıxmışdım. Yalan olmasın, çox uzaq məsafələrdə hərəkət edən kiçik canlıları seçmək olurdu. Zəmi yerində koramalın hərəkətini özüm müşahidə etmişdim. Çalağanlar, qartallar, quzğunlar oradan qıy vurub səmaya qalxır, şikarın dalınca gedirdi.
Quzuları otara-otara yolun yarısınadək gedib çıxdım. Körpələr çeşmənin gözündən doyunca su içəndən sonra üzüyuxarı getmək istəmədilər, dolaylandılar. Məcburən mən də səmtimi dəyişdim. Fikirləşdim ki, qayanın zirvəsinə çatıb çıxa bilmirəm, çünki quzuları tərgidib gedə bilməzdim. Həm də o tərəfləri axtarmışam, indi də kəndin güney tayı üzrə günçıxan və aşağı tərəflərini axtararam. Quzuları üzüdolayı otara-otara gəlib çıxdım Yuxarı Zişdi deyilən yerə. Buralar bir vaxtlar babamın biçənəyi olmuşdu. İndi də ot adama boy vermirdi. Mən quzuları qabağa buraxıb üzü yuxarı – Bürünc daşına baxırdım. Birdən quzular hürküb mənə tərəf qaçdı. Onların nədən hürkdüyünü öyrənmək üçün qabağa getdim. Bir az getmişdim ki, qırx-əlli metrlikdə heyvan gördüm. Qoyun, ya erkək olduğunu ayırd etmək üçün yeyin addımlarla irəlilədim.
Yaxınlaşanda gördüm ki, buynuzlu, kürən bir erkək, daha doğrusu, toğludur, başı keçib zinc ağaclarının arasına, buynuzları ilişdiyindən nə qabağa gedə bilib, nə də geri çəkilməyi bacarıb. İki, ya bəlkə də üç yaşı olardı. Ancaq ya yaxşı süd əmə bilməmişdi, ya da sava olmuşdu deyə şaqqalı deyildi. Hər halda yaxşı bəslənməmişdi, yoxsa üç gündü ac qalmışdı, nəydisə, gözümə çox balaca və arıq göründü. Döl vaxtı da deyildi ki, belə arıq olsun. Odur ki, Fatının erkəyi olub-olmadığına qərar verə bilmədim, çünki o, beş illik erkəkdən, öəcdən dəm qılırdı.
Buynuzları çox iri olduğundan başı zinc ağaclarının arasına girmiş, qayıdıb çıxa bilməmişdi. Tapıntı erkəyin başını ehmalca yuxarı qaldırdım. Ağacın birini yana çəkməklə onu düşdüyü vəziyyətdən xilas etdim. Əvvəl-əvvəl hürkdü, sonra sanki o da quzulardan biriymiş kimi körpələrə qoşulub otlamağa başladı. Həyəcanlı olsam da kəndə qayıtmağa tələsmədim. Daha bir neçə saat quzuları otardım. Günortaya yaxın quzuları da götürüb kəndə qayıtdım. Kəndin qənşərinə çatanda qışqırdım ki, camaatın diqqətini çəkim.
– Ay camaat, heeyyy!.. Fatının… erkəyini tapmışam… heeyyy…
Bir neçə dəfə çağırandan sonra adamların təndirin yanına toplaşdığını gördüm, Kaha dərəsinə gedən yol təndirin yanından başlanıb çəpərlərin arası ilə üzüyuxarı uzanırdı. Məhlüqa, Mələk, Nağı, Fəryad, Fatan, Telli, Fatı, Gülqız; nə bilim, onadək adam təndirin yanına toplaşdı ki, Fatının erkəyinə baxsın, hər halda, mənə belə gəldi.
– Aaz, Fatı, budumu sənin erkəyin? – Quzular onların bərabərinə çatar-çatmaz Nağı kişi arıq toğlunu göstərib soruşdu.
– Həə, çər dəysin buna, neçə gündür yazıq uşaqları bağırdalaq eləyib, xalxınan da üz-göz olmuşuq.
İstədim deyəm ki, ay Fatı xala, bəs deyirdin beş illik erkəkdir, bəsləmədə saxlanılan öəcdir, amma özümü saxladım, heç nə demədim, heyvan göz qabağında idi. Fatı arvad erkəyin boynundan tutub aparmaq istəyirdi ki, Nağı kişi bir də dilləndi:
– Nə hə, aaz? Qurbanın oğlu heyvanı Şütürü dərəsi yuxarı aparıb, ordan da geriyə qaytarıb. Sənin erkəyin də Yuxarı Zişdidə tapılır. Bunu necə başa düşək?
– Hə də. Yəqin axşam heyvan gələndə uşaqlar hürküdüblər, erkək də qaçıb gedib bu tərəfə.
Mən məqamı yetişdiyini hiss edib erkəyi hansı vəziyyətdə tapdığımı yerli-yataqlı danışdım, buynuzlarının zinc ağaclarının arasına necə keçdiyini dedim.
– Yekə arvadsan, heyvanına diqqət elə də. – Nağı kişi Fatıya açıq-aşkar təpindi, Fəryad xala gözünü ağartsa da dayanmadı, sözünün dalını gətirdi. – Xəbərin olsun, sənin erkəyin itibsə də, Qurbanın nobatından bir gün qabaq itib.
– Fəxrəddin heyvan itirməz. – Anası Məhlüqa arvad eyhamı başa düşüb Nağı kişini qabaqladı.
– Erkək itibsə də Fəxrəddinin nobatında itib. – Nağı kişi bu dəfə qəti və daha kəskin dedi. – Heyvanı Güneydə, Yuxarı Zişdidə o otarıb. Sən də düşmüsən Qurbanın uşaqlarının üstünə.
Bizdən bir gün qabaq Səlim kişinin növbəsiydi. Mikayılın oğlu Fəxrəddin növbəni onlarla dəyişə bilmişdi, bəlkə elə ona görə də mal və heyvan növbələri ikisi də bir gündə gəlib bizə çatmışdı. Ani olaraq hamısı duruxdu, bu fırtınaqabağı sakitliyə bənzəyirdi, bir az da dursaydılar, yeni həngamə, Nağı, Fatı, Məhlüqa arasında dava qızışa bilərdi. Odur ki, sükutu pozmaq qərarına gəldim.
– Nağı dayı, indi get, qurdun ağzını aç. Yazıqdır, qoy gedib bir şey tapıb yesin, acından ölməsin. Günahı nə sənin, nə mənim üstümdə qalsın.
– Vay, dədəm vaayyy! – Fatı durdu, durdu, birdən erkəyi buraxıb dizlərini döyəcləməyə başladı. – Üç günün ac canavarı indi harda olsa tapıb sürünü parçalayacaq.
Fatı elə huy vurdu ki, elə bil üç günün ac canavarı sürüdəki qoyunları yox, qoyunları otaran çobanı yeyəcək. Kənddə əlinə dəhrə, yaba, dəyənək alan kim vardısa, pəpə yeyəndən məmə deyənədək hamısı Abuseyid dərəsi yuxarı götürüldü. Sən demə, bu gün heyvan nobatı Fatıgilin imiş, fərsiz oğlu asan olsun deyə sürünü Abuseyid dərəsi yuxarı otarmağa aparıbmış.

Müəllif: Əli bəy AZƏRİ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

ZAUR USTAC – VURĞUN VƏTƏNDİ – VURĞUNA

Səməd VURĞUN

Baharla birgə qədəm qoydu Azərbaycan torpağına, baharı gətirdi Azərbaycana… Səməd kimi doğuldu, Vurğun kimi böyüdü, Vəkillik etdi Azərbaycana… Yeni gündə gəldi dünyaya, yenilik gətirdi Azərbaycana, Azərbaycan ədəbiyyatına… Bu gün dahi söz adamının, böyük el sənətkarı Azərbaycan durduqca yaşayacaq, hər Azərbaycan kəlməsi deyiləndə, eşidiləndə, yazılanda yenidən doğulacaq, Azərbaycanın özü kimi qədim, dağları qədər vüqarlı, həmişəcavan, həmişəyaşar Səməd Vurğunnun anadan olduğu gündür. Doğum günündə böyük ustadı rəhmətlə anırıq. Ruhu şad olsun. Amin.

VURĞUN VƏTƏNDİ…
(Vurğuna)

Vurğunam, Vurğunun vurğunluğuna,
Vətən varlığıydı, Vətən varıydı…
Vətəndə vətənsiz Vurğunluğuyla,
Vətənin varlığın vurğulayırdı….
* * *
Varam, Vurğunumun vurğunluğuna,
Varıynan varmışdı varılmayana,
Vətənin vəkili Vəkiloğluna,
Vətən vüqariydı, Vətən varıydı….
* * *
“Vurğunam”, Vətənin varı varımdı,
Vecsizlər vulqarlıq vurğulayırdı,
Vurğunsa, Vətənə Vətən verirdi,
Vətən Vurğunuydu, Vurğun Vətəndi….

24.04.2016 . Bakı.

Müəllif: Zaur USTAC


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NƏRGİZ MİRZƏYEVA – BAHAR

Nərgiz Mirzəyeva – məktəbli, şair.

    Bahar

İçimdə bir xoş duyğu var,

Xoş ümidlə gələn bahar.

Hər mövsümün öz yeri var,

Yerin bir başqadır, bahar,

Xoş təbəssüm saçan bahar,

Üzümüzə gülən bahar.

Quşlar yenə nəğmə deyir,

Bir ümidsən insanlara.

Xoş nəfəsin həyat verir,

Güllü-çiçəkli bağlara,

Uca zirvəli dağlara,

Bərəkətsən torpaqlara.

Gətirdin bayramı yurda, yuvaya,

Bayram gözəlliyin yayır hər yana

Günlər təzələnir sevinir hamı,

Tonqallar qalanır şənlənir hamı,

Gözəl yaraşırsan bizim vətənə.

Gözəllik verirsən Azərbaycana.

Qəlbimdə xoş arzular,

Quşlar verib səs-səsə,

Uçurlar diyar-diyar

Novruz gəlir yaz ilə,

Ürəklər dilə gəlir:

Nə yaxşı ki, bahar var.

Çaylar əriyib-daşır,

Bərəkət aşır-daşır.

Küsülülər barışır,

Xoş niyyətlər dolaşır.

Arzularım Çin oldu

Qarabağım alındı

Xarıbülbül sevindi,

Bülbüllər nəğmə dedi,

Vətənim başdan-başa

Gözəlliyə büründü.

Müəllif: Nərgiz Mirzəyeva (297 nömrəli məktəbin şagirdi)

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAYIL DOSTU – BAHAR GƏLİR

Mayıl Dostu – şair, alim, pedaqoq.

BAHAR GƏLİR
Ürək coşur, gəlir dilə,
Salam deyir təzə ilə,
Sevinc qonur hər könülə,
Oyan könül,bahar gəlir.
* * *
Şəkərbura, qoğal bisir,
Səməni uzanır, şişir,
Novruzgülü daşı deşir,
Oyan könül,bahar gəlir.
* * *
Şən uşaqlar tonqal çatır,
Səsdən, küydən qulaq batır,
Tək – tək soyuq damcı atır,
Oyan könül,bahar gəlir.
* * *
Hər tərəfə rəng çəkilir,
Çöl daranır,yer əkilir,
Göydən yerə nur tökülür,
Oyan könül,bahar gəlir.
* * *
Çəmən,çiçək,hər yan gülür,
Üzlərdən fərəh tökülür,
Elə bil dünya yekəlir,
Oyan könül,bahar gəlir.
Müəllif: Mayıl Dostu


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

ŞAHİN MUSAOĞLUNUN YARADICILIĞINA HƏSR OLUNMUŞ ƏDƏBİ-BƏDİİ GECƏ KEÇİRİLİB

“Keçmiş zabit olmur. Ehtiyatda olan zabit var, istefada olan zabit var. Zabit dediyin savaş adamı… onlar döyüşə bir bütöv tam olaraq girərlər.
Həm ruhları ilə həm xatirələri ilə həm də arzuları ilə təkcə “Vətən naminə”, təki “Vətən sağ olsun” deyə savaşarlar…” Şahin Musaoğlu

Şahin Musaoğludan yuxarıdakı sitatı əbəs yerə gətirmədim. Azərbaycan Ordusunun qurulmasında, möhkəmlənməsində Şahin Musaoğlunun əməyi, zəhməti, xidmətləri danılmazdır. O, çox nadir şəxslərdəndir ki, ordumuzun bütün mənsublarının, qazilərimizin, orduda xidmət keçənlərin doğmalarının bir sözlə cümlə vətənpərvər vətəndaşlarımızın qəlbində öz adı ilə, öz sözü ilə, öz bəstəsi ilə eyni dərəcədə rəğbətlə yüksələn uca taxt qurmuşdur. Ən çətin məqamlarda onun “İGİD ƏSGƏR MÖHKƏM DAYAN” nidası əsgərlərimizə necə dayaq olubsa, “HAY VER MƏNƏ CƏNAB LEYTENANT”ı da zabitlərimizə təpər, onların yolunu gözləyənlərə bir təsəlli olub.

Əsgərə dayaqdır, zabitə ilham,

Onun sayəsində belə gümraham!!!

Ali Hərbi Məktəbdə gələcəyin zabitləri ilə keçirilmiş bu tədbir olduqca təqdirəlayiq və vacib hadisədir. Görüşdə məktəbin komanda və müdavim heyəti ilə yanaşı ölkəmizin tanınmış incəsənət xadimləri də iştirak edib. İştirakçılar Şahin Musaoğlunun özünün və sənətçilərin ifasında əsərlərini dinləyib, maraqlı xatirələrlə tanış olublar. Sonda Şahin Musaoğluna fəxri fərman təqdim olunub və xatirə şəkilləri çəkilib.

ŞAHİN MUSAOĞLU HAQQINDA :

Şahin Musaoğlu — (Şahin Əbilov) Azərbaycan Yazıçılar Birliyinin üzvüdür,AYB Hərbi Vətənpərvərlik Komisiyasının sədri,İlesam Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məsləklər Birliyinin üzvü,MDB Beynəlxalq Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laueratıdır. Dünya Tibbi Araşdırmalar Texnik və Etik Bilimlər Akademiyasının (WAMBES) idarə heyətinin üzvü.

Şahin Musa oğlu Əbilov 1963-cü il iyulun 11-də Masallı rayonunun Qızılağac kəndində anadan olub. Bu kənddə orta məktəb təhsili alan Şahinin sonrakı taleyi isə qısa fasilələrlə Bakı şəhəri ilə bağlanıb.1980-86-cı illərdə N.Nərimanov adına Azərbaycan Tibb institutunda (indiki ATU) təhsili alan Ş.Musaoğlu müalicə-profilaktika fakültəsini bitirərək həkim kimi fəaliyyətə başlayır. İlk təyinatı isə Biləsuvar rayonuna olur. 4 il burada həkim kimi çalışdıqdan sonra paytaxta dönür. 1990-cı ildə Qədirli adına Xəzər Dəniz Hövzə Xəstəxanasında işə düzələn Ş.Musaoğlu o zaman çox da geniş yayılmayan bir sahə — USM üzrə öz həkimlik ixtisasını artırmağa başlayır. Müasir texnoloji biliklərə əsaslanan tibbin bu modern sahəsində əldə etdiyi təcrübəsi sonradan onu bu işin ən yaxşı mütəxəssislərindən birinə çevirir.

Ş.Musaoğlunun Bakıdakı həkimlik fəaliyyətinin ilk illərində ölkədə müharibə hökm sürürdü. Azərbaycan-Ermənistan savaşının qızğın vaxtlarında Şahin Musaoğlu Müdafiə Nazirliyi Tibb İdarəsi, HET idarəsi və Müdafiə Nazirliyi Sənədli Filmlər Kinotelestudiyasının əməkdaşı olaraq Qarabağ döyüşlərində yaralanan əsgər və zabitlərə məxsus ilk hərbi-tibbi arxivi yaradır.1992-ci ildə, görkəmli bəstəkar Cavanşır Quliyevin məşhur “Əsgər marşı”ndan savayı hərbi-vətənpərvərlik mövzusunda əsərlərin hələ yazılmadığı bir vaxtda, Şahin Musaoğlu özünün ilk türküsünü bəstələyir. Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunmuş bu mahnı-“İgid Əsgər, Möhkəm Dayan! “ ilk dəfə televiziya ekranında səslənir. Çox az müddətdə populyarlıq qazanaraq dillərdə dolaşan bu mahnıdan sonra Şahin növbəti savaş türkülərini yazır. 20 Yanvar şəhidlərininin xatirəsinə həsr olunmuş “Qərib Karvan” , Milli Ordunun ilk batalyonu haqda yazılan “Birinci Batalyon” , “Cənab Leytenant” və.s bu kimi bir-birinin ardınca Şahinin bəstələdiyi mahnılar ona daha çox şöhrət qazandırır. Ş.Musaoğlu sonradan da həm hərbi, həm də vətənpərvərlik mövzusunda yaradıcılıq fəaliyyətini davam etdirir. Sözləri böyük şairimiz Bəxtiyar Vahabzadəyə məxsus “Bay yurdum” , həmişəyaşar istiqlal nəğməkarı Əhməd Cavadın sözlərinə yazdığı “Bismillah”, yaşadığımız dünyanın ən böyük söz adamlarından biri olan Ramiz Rövşənin şeri əsasında bəstələdiyi “Yalquzaq” poeziyamıza Bozqurd harayı gətirmiş Rüstəm Behrudinin məşhur “Salam Dar ağacı” şeirinin sözlərinə bəstələdiyi eyni adlı mahnı və başqa türküləri ilə o, başladığı işi uğurla davam etdirərək bu musiqi janrına xeyli qiymətli töhfələr verir.

KİTABLARI: 

1.”İgid Əsgər Möhkəm Dayan” ,

2. “Yaşamaq gözəldir,Yaşatmaq sonsuz” ,

3. “Ağ Ümid” ,

4. “Cəng əsgəri – ييجيت سولدير الوقوف ثابتة”.

və onlarla bədii ,elmi məqalələrin müəllifi olan Ş.Musaoğlunun yaradıcılıq işi nəticəsində üç audio kasset- “İgid əsgər, möhkəm dayan” , “Vətən çağırır” və “Bozqurd harayı” (sonuncu Almaniyada istehsal olunub) həmçinin “Öncə Vətəndir”, “İgid əsgər möhkəm dayan”,”Cənab Leytenant”, “Şahin Musaoğlunun müəllif mahnıları” adlı kompakt diskləri dinləyicilərinin ixtiyarına verilib.

Indiyədək bəstələdiyi 30-dan çox mahnının əksər sözlərinin də müəllifi olan Ş. Musaoğlunun şeirləri müxtəlif şeir toplularında və mətbuat orqanlarında, o cümlədən xarici ölkələrin (İran,Türkiyə,Küveyt,Rusiya) populyar dərgi,qəzet və internet saytlarında işıq üzü görüb.

Hal hazırda Medservis özəl tibb mərkəzinin poliklinika müdiri və MedEra Hospital klinikasının dioqnostika şöbəsinin müdiri vəzifəsində çalışır.

Ailəlidir, iki oğlu var.

Şahin Musaoğlunun əsərləri və bəstələri 

  1. “İgid Əsgər Möhkəm Dayan”
  2. “Çağırır Vətən”
  3. “Vətən Əmanəti”
  4. “Öncə Vətəndir”
  5. “İstiqlal marşı”
  6. “And İçirik”
  7. “Cənab Leytenant”
  8. “Ağ Ümid”
  9. “Birinci Batalyon”
  10. “Səma Şahinləri”
  11. “Səfərbərlik Marşı”
  12. “Yurd həsrəti”
  13. “Azadlıq yanğısı”
  14. “Qəlbin Payızı”
  15. “Bismillah”
  16. “Yalquzaq”
  17. “Torpaq”
  18. “Salam,dar ağacı”
  19. “Yollar Yordumu Səni”
  20. “Bay Yurdum”
  21. “Türkün bayrağına”
  22. “Veteran marşı”
  23. “Çağırışçı marşı”
  24. “Elegiya”
  25. “Tanrımı apardı,özünmü getdin?”
  26. “Daha Ayrılmarıq”
  27. “Rəqqas insan”

Şahin Musaoğlunun esseləri 

  1. On altı ilin savaş hekayəsi 
  2. Bir əsrlik yaşam marşı və ya 100-cü doğum gününə iki ay qalmış susan ürəyin hekayəsi.
  3. Adları əbədi yaşayacaqdır” və ya “Yalnız Tanrı bilir
  4. Herkes ona “Bey” derdi
  5. Nizami Gencevi
  6. Adsız Qəhrəmanlar 
  7. Əmir Teymurun qılıncı.

TƏDBİRDƏN FOTOLAR:


Təqdim etdi:
 Zaur USTAC


ŞAHİN MUSAOĞLUNUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RƏFAİL TAĞIZADƏ – UZUNDƏRƏ ŞEİRİ

Ağdam Çörək Muzeyi…

İki gün öncə bir qrup Ağdama səfər etmişdi, bu gün də bir qrup gedir. Bir gün biz də həmin Uzundərədən keçib Ağdama həmişəlik gedəcəyik. Tarixlər yatan Uzundərədən…


UZUNDƏRƏ
Ağdamda Uzundərə deyilən bir yer var. “Uzundərə” oyun havası da həmin yerin adıyla bağlıdır. İşğal altında olan Uzundərədə ermənilər tez-tez hərbi təlimlər keçirirlər.

Bu nə toydu, Uzundərə-
tar-qavalın qırıq-qırıq,
çadırların cırıq-cırıq,
qəlblər ölü, sınıq-sınıq.
Havana tanklar oynayır,
toyunda mərmi partlayır,
bu nə toydu, Uzundərə?
Dərd dolusu mənim dərəm,
dərdim mənim, Uzundərəm.


Gəlinlər getməz bu yolu,
gül bitirməz sağı-solu,
kim qaldırar burda qolu,
dərd dolusu mənim dərəm,
dərdim mənim, Uzundərəm.

Nələr çəkər başın hələ,
bu dərd sığmaz göyə, yerə,
oynayırıq sənsiz yenə:
bir hava çal, “Uzundərə”
çal, kəsik qolum oynasın,
yox olan yolum oynasın,
boş qalan solum oynasın,
qoy durub ölüm oynasın.
Ürəksiz oğlun oynasın
ağrıları kürəyində,
qovruluram ürəyimdə,
dərd dolusu mənim dərəm,
dərdim mənim, Uzundərəm.


Yolun hara-Şuşayamı,
sağın-solun şiş qayamı,
yaylağa köçlər daşıyan
karvanlar düşdü “hay”amı?
Mərmi dolu maşın gedir
faytonlar gedən yolları,
içində ölüm aparır,
toyların fəryad qoparır,
dərd dolusu mənim dərəm,
dərdim mənim, Uzundərəm.

Ağdam – Uzundərə…

dərd ağlayar beləsinə,
sel yeriyər dərəsinə,
əlim çatmır bərəsinə,
qaralı-ağlı dərəmin,
sinəsi dağlı dərəmin,
yolları bağlı dərəmin


sevinci sönüb gedib,
gülüşü dönüb gedib,
durnası çönüb gedib,
qolları bağlı dərəmin


nə vaxtdı bağlıdı qolu,
sinəsi dərdlərlə dolu,
qoynuna aldığı yolu
mənsiz ağlayan dərəmin…
09.12.2012.

Rəfail Tağızadə – ictimai-siyasi xadim, şair.


Müəllif: Rəfail Tağızadə



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AZƏR QİSMƏT – AĞDAM…

Azər Qismət Ağdamda.

İlk dəfə 6-cı sinifdə oxuyanda ağdamlı görmüşəm. Qaraşın adamlar idi. Ya günəş yandırmışdı, ya doğrudan da qaraşın doğulmuşdular, bilmirəm. Dayım Eldəniz onları nənəmgilə gətirmişdi. Nənəm Bikəxanım “xoş gəlmisiz” deyib mətbəxə keçdi ki, çay-çörək hazırlasın. Pıçıltı ilə dayımdan soruşdu ki, “bunlar kimdir”. Dayım dedi ki, “maşın ustalarıdır, gətirmişəm müştərilərim çoxalsın”.
O iki ağdamlı uzun müddət nənəmgildə qaldılar. Dayım proflaktoriya işlədirdi, özü də usta idi, əlinin qızıl olmasına görə rayonda ad çıxarmışdı. Görünür, gəlirini artırmaq istəyirmiş. Axşamlar yorğun gəlib “Ceyran” sobasının yanında çöküb qalardılar. Baməzə idilər, həm də çılğın danışırdılar. “Peredok” belə getdi, “filtr” elə gəldi, bir sözlə, danışdıqları maşından idi. Onlar gələndən dayımın gəliri artdı, pullarını da qəşəng verirdi ki, narazı qalmasınlar. Altı aydan sonra getdilər. Ya evdən çağırımışdılar, ya da gedib orda öz proflaktoriyalarını açacaqdılar. Getməzdən əvvəl verdiyim suala hələ də gülürəm. Soruşmuşdum ki, “sizdə bütün evlərin damı ağ rəngdə olur?” Cavab belə olmuşdu ki, “o adamların damı ağdır ki, ağ gündə yaşayırlar”. Hardan biləydilər ki, üstündən neçə il keçəndən sonra ağ həyatları qara rəngə boyanacaq. Bunu deyən uzunsov sifətli, ovurdları batmış ağdamlı idi. Sonra televizordan Qədir Rüstəmovu gördüm. Onun da ovurdları batmışdı. Və alt şüuruma belə fikir hakim kəsildi ki, bütün ağdamlıların ovurdları batıq olur. Universitetdəki Şən və Haızrcavablar Klubunda konsertlər verəndə orda bir ağdamlımız vardı, ya təsadüfən, ya nədənsə, onun da ovurdları batırdı, sifəti uzunsov idi. Bu yaşımacan harda elə sifət quruluşlu adam görürəmsə, düşünürəm ki, yüz faiz ağdamlıdır.
İkinci Ağdam barədə təəssüratım 1987-ci ildə yaranmışdı. Atam təsərrüfatlararası tikinti idarəsində baş mühəndis idi. Hansısa inşaat məsələsinə görə Ağdama yola düşdü, məni də apardı ki, “gedək, Ağdamı da görərsən”. Orda çay evində çay içdik. Yuxarıdan şəhəri seyr edirdim, atamla ağdamlı həmkarı tikintidən danışırdılar. O çay evində elə pürrəngi çay dəmləyərdilər ki… Neçə çaydan içdik, mixəkli, kəklikotulu, bir də sarı çiçəkli. O çaydan yalnız 20 il sonra Tovuzdakı dəmiryol idarəsinin yanındakı çayxanada içdim, amma Ağdamdakının yerini vermədi.
Mən ağdamlı deyiləm. Dişləmədən yaranan qaşıntıdan bir həftə özünə gəlmədiyin iri-iri ağcaqanadlar olan, ayaqqabındakı sarı palçığı ən sürətli axan çayın da yuyub aparmadığı Sabirabaddanam. Ağdam barədə ağdamlıdan bir çıqqan da gözəl yaza bilmərəm. Həm də ixtisasım telejurnalistika olduğundan qısa danışığa üstünlük verənin biriyəm. Yaxşı ki, neçə saatlıq yolda Vüsalə Mahirqızı, Elman Babayev və Elnur Məmmədli ilə yaxında əyləşmişdim. Ağdama qədər söhbət etdik. Ağdama çatanda daha söhbət edə bilmədik. Çünki fikrimiz şəhərin xarabaqlıqlarında qaldı. “Qaldı” desəm düz olmaz, gözümüz axdı o xarabalıqlara. Və ucsuz-bucaqsız xarabalıqlara baxdıqca dövlətimə ürəyim yandı ki, quruculuq işini hardan başlayıb harda qurtaracaq? Adam düşünürdü ki, bəlkə bu dağıntıların bir sonu olar, amma qurtarmaq bilmirdi. Gözüm azacıq doldu. Erməni azərbaycanlının mənəviyyatı, mənliyi ilə oynamışdı. Dünyanın ən güclü texnologiyası insan gözünün gördüyünü əks etdirə bilməz. Hər adam öz gözləri ilə görməlidir o xarabalıqları, bunu yaxından duymalıdır. Evlərin şiferlərini söküb aparıblar. Baxıblar ki, ev çay daşından tikilib, ona dəyməmişdilər, ancaq qəşəng mişar daşından olan evləri bünövrəsinə qədər say-seçmə edib daşımışdılar. Ağdamın digər rayonlardan fərqi həm də burdakı evlərin 2-3 mərtəbədən tikilməsi olub. İnşaat işlərində müasirliyə can atıblar. Yerli qoca danışırdı ki, burda bəzi imarətlərdə lift də quraşdırılıbmış. Təsəvvürə gətirmək çətindir ki, bütün bunlar sovet rejiminin qadağası içində baş verib.
Yol kənarında “Zaparojets”, “Jiquli” maşınlarının ancaq karkasını görmək olardı, içini tamamilə söküb aparmışdı ermənilər. Nar ağacları isə üstündəki çürümüş barla yetim qalmışdı. Ermənilər hər il burdan yeşiklərlə nar aparıblar. 44 günlük müharibə nar mövsümünə düşdüyündən, bu dəfə narları apara bilməmişdilər. Allahverdi Bağırovun qəbrini ziyarət edəndən sonra beş-altısını yığdım, ikisinin dadına baxdım. Çox yeri çürümüşdü, salamat yerindən daddım, yurdun narı da dadlı idi. Belə narı olan rayona qıymaq vallah olmazdı, billah olmazdı. Elə o narlardan avtobus tərəfə gələnlərə verdim ki, dadsınlar. Bəzən vətən torpağının dadını onun meyvəsində taparsan.
Cümə məscidinə gedən yolda qızıl dükanı, üzümçülər binasının xarabağlığının qarşısından keçəndə nəzərimi paslı avtomat telefon cəlb etdi. Neçə-neçə ağdamlı oğlan qızlara zəng edib, qəpik qurtaranda yoldan keçəndən istəyiblər ki, qəpiyiniz olmaz ki? Həmin xoşbəxt gənclərin həyatına barıt qoxusu yayıldı. O oğlanlardan neçəsi şəhid oldu, qızlar didərgin düşdü, saçları vaxtsız ağardı. Qəpiklərin qurtarmasından kəsilən telefon danışıqları həyatlarını da beləcə yarımçıq kəsmişdi. Ağdamlı qoca dedi ki, “o vaxtlar respublikada hər qızıl dükanının qarşısında belə avtomat telefon quraşdırardılar. Kimsə oğurluq qızıl gətirəndə satıcılar tez çıxıb milisə xəbər versinlər. Amma axşamlar qızıl dükanı bağlanardı, gedib istədiklərimizlə danışardıq. Bir də növbəti günün qürub çağını gözləyərdik ki, qaçaq avtomat telefona”. O qocanın gözləri dolmadı. Yəqin dolmağa başqa pis xatirələri çox idi. Pis xatirə təkcə qocanın gözlərinə yox, Cümə məscidinin divarına da hopmuşdu. Bu divar Xocalıdan gətirilən meyidləri görmüşdü, ağlayan doğmaların harayını çəkmişdi içinə. Yaşamışdı azdır, divarlarına hopmuşdu. İndi qələbədən sonra az qala divarında gizli güllər açmışdı sevindiyindən. Təkcə adamlar sevinmir ki…
Ağdamdan çıxanda bir ovuc torpaq götürüb selafona bükdüm. enli gödəkçəmin cibinə qoydum. Anama dedim ki, “Gəncəyə getməmişdim, Ağdamdan gəlirəm”. Əvvəldən deməmişdim ki, minadan partlayacağım üşəntisini yaşamasın. Torpağı çıxardım. Anam torpağa baxıb dedi ki, “nə qara torpaqdır, elə et ki, soxulcanları evə düşməsin”. Diqqətlə baxdıq, soxulcan yox idi. Anam dedi:
-Deyəsən ermənilər torpağın soxulcanını da çıxarıb aparıblar.
Fikrə getdim. 

Müəllif: Azər Qismət

İlkin mənbə: facebook.com


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XƏYALƏ ZƏRRABQIZI

Xəyalə ZƏRRABQIZI – filologiya üzrə fəlsəfə doktoru, yazar.

XƏYALƏ ZƏRRABQIZI HAQQINDA :

Xəyalə xanım və atası Zərrab müəllim.

==================================================

XƏYALƏ ZƏRRABQIZNIN BÜTÜN YAZILARI

VƏ BƏZİ MARAQLI NÜMUNƏLƏR:

Əbədiyyətdəki Doğuluşun mübarək, Yalçın Qardaşım!

Dünyanın mən baxan yerindən görünən İmdat Avşar…

Atam kimi Doğma Adam…

Xəyalə Zərrabqızı – Vaxtdan uca Adam…

Xəyalə ZƏRRABQIZI – PƏRVİNİN “LEYLA”SI…

Pərvinin «Hava limanı» Türkiyədə işıq üzü gördü

XƏYALƏ ZƏRRABQIZI – AĞDAMIN YOLU

İŞIQ ADAM – XƏYALƏ ZƏRRABQIZI YAZIR

XƏYALƏ ZƏRRABQIZI – İLKNURUN İLK ÇİÇƏKLƏRİ…

XƏYALƏ ZƏRRABQIZI – SEYRAN SƏXAVƏT MƏNİM…

BÖYÜK ÜRƏKLİ ANA – XƏYALƏ ZƏRRABQIZI

ARZU – XƏYALƏ ZƏRRABQIZI

VƏTƏNİ MƏCNUNTƏK SEVƏN OĞULLARIN LEYLALARINA…

XƏYALƏ ZƏRRABQIZI – GENERAL

MİN İLİN DOĞMASI – SEYRAN SƏXAVƏT

AĞAYANA SÖZ – SEYRAN SƏXAVƏT SÖZÜ

XOCALININ HAYFINI ALAN İGİD


==================================================



Tərtibçi:
 Zaur USTAC

YAZARLAR.AZ


==================================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Osloda həftəsonu məktəbinin şagirdləri Zahid Xəlil və Gülzar İbrahimova ilə görüşüb

Oslo həftəsonu məktəbində görüş.

Osloda həftəsonu məktəbinin şagirdləri Zahid Xəlil və Gülzar İbrahimova ilə görüşüb

Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbində «Ana dilimizi qoruyaq!» və “Vətən bizi çağırır!” rublikasında növbəti Zoom videogörüşü keçirilib. Budəfəki görüşünün mövzusu “Nizami Gəncəvi yaradıcılığının uşaqlar üçün tərbiyəvi əhəmiyyəti” olub.

Videogörüşün qonaqları professor, filologiya elmləri doktoru, uşaq yazıçısı Zahid Xəlil, “ Sehrli dünya” jurnalının baş redaktoru, uşaqların sevimlisi Gülzar İbrahimova və ibtidai sinif müəlliməsi İnarə Cəfərova olub. Zahid Xəlil və Gülzar İbrahimova yaradıcılıqlarından söhbət açaraq, dəyərli ədəbi nümunələrini uşaqlarla bölüşüblər.  

Eyni zamanda, görkəmli yazıçımız Zahid Xəlil videogörüş iştirakçılarına Azərbaycanda keçirilən “Nizami ili” haqqında ətraflı məlumat verib, dahi sənətkarın yaradıcılığının uşaqlar üçün əhəmiyyətindən danışıb və ədəbi irsindən nümunələr səsləndirib.

 Tələbələri ilə dost olduğunu deyən Z.Xəlil uşaqlarla bərabərhüquqlu davranışlara sahib olmağın vacibliyini vurğulayıb. Kitabda olan bilikləri heç nə əvəz edə bilməz deyən professor valideynləri uşaqlara maraqlı kitablar almağa və onların kitablarla mütəmadi təmasda olmağının vacib olduğunu bildirib

Uşaqları sehrli məxluq adlandıran, hər bir yazdığı nağılda uşaqlar üçün maraqlı bir dünya yaradan istedadlı yazıçımız Gülzar Ibrahimova vətəndən uzaqda  dilimizi uşaqlarımıza öyrətməyin  vacib olduğunu bildirib: “Azərbaycandan çox-çox uzaqlarda – Oslada dilimizi qorumaq və  yaşatmaq üçün yaradılmış məktəbin işini alqışlayıram və ümid edirəm ki, uzunömürlü olacaqdır.” “Xarıbülbül” rəsmini çəkən Səlim Abbaszadənin kiçik əsərinin, Sabina Luisa Hidayatinin pianoda ifa etdiyi  musiqinin böyük vətənpərvərlik hissindən xəbər verdiyini deyən, G.İbrahimova bu cür görüşlərin keçirilməsinin uşaqlar üçün önəmli olduğunu söyləyib.

Görüşümüzdə iştirak edən ibtidai sinif müəlliməsi İnarə Cəfərova Ana dilini öyrənməyin uşaqlar üçün vacib olduğunu vurğulayıb və öz təcrübəsini şagirdlərlə bölüşüb.

Uşaqlarımız və valideynlərimizin Z.Xəlil və  G.İbrahimova ilə  maraqlı ədəbi dialoqu olub , onların sevdikləri nağıl,tapmaca və şeirlər yazıçılar tərəfindən səsləndirilib.

Z.Xəlil və  G.İbrahimova ilə  maraqlı ədəbi dialoq

Yazıçılar şagirdlərin suallarını cavablandırıb və onların ifasında musiqi,şeir,mahnı dinləyib və çəkdikləri rəsmlər ilə tanış olublar.

Görüşdə fəallıq göstərən şagirdlər “Sehrli Dünya”jurnalının diplomları ilə təltif olunub.

“Sehrli Dünya”jurnalının diplomu


Müəllif: Günay ƏLİYEVA


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

EMFİRA ƏRKLİ “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLDÜ

EMFİRA ƏRKLİNİN KİTABI – BORÇALI NƏŞRİYATI – BAKI – 2021.

Xanım Emfira Ərkli naşiri və redaktoru Müşfiq Borçalının olduğu “Dünyam mənim” adlı şeirlər kitabının işıq üzü görməsi münasibəti ilə “Ziyadar” Mükafatı (DİPLOM – EMFİRA ƏRKLİ N: 064 18.03.2021. – XAÇMAZ.) ilə təltif olunmuşdur. Laureatı təbrik edir və yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Emfira xanım!!!

DOĞRULAMA LİNGİ: LAUREATLAR

Baş redaktor: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>