İLHAM QAZAXLI ÜMUMBƏŞƏRİ ŞAİRDİR Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, yenidən sizlərlə görüşmək nəsibimiz oldu. Qəzənfər, sözündən təzə söz doğur, Şərdən yalan doğur, haqdan düz doğur. Hər yerdə analar oğlan, qız doğur, Qazaxda analar şair doğurlar! Qəzənfər Məsimoğlundan gətirdiyim bu gözəl misralarla söhbətimizə giriş vermək istəyirəm. Bəli, Əliağa Şıxlinskini, Səməd Vurğunu dünyaya bəxş edən şıxlılar, şahsevənlər, ustaclılar, aşıqlılar yurdu Qazax elində müasirimiz olan İlham Qazaxlı kimi daha bir mükəmməl şəxsiyyət, ümumbəşəri şair, “haqq aşığı” doğulub, boya-başa çatmışdır. Azərbaycanın ali təhsil ocaqlarından birində dəqiq elmlər üzrə təhsil alsa da insanlığa sözlə xidmət etməyi qarşısına məqsəd qoymuş və hal-hazırda bu vəzifənin öhdəsindən layiqincə gəlməkdədir. Bu məsələyə bir neçə yazımda və yeri gəldikcə müxtəlif tədbirlədə baş tutan söhbətlərimdə toxunmuşam. Burada da Vahid Əzizin adını çəkməklə bir daha xatırlatmaq istəyirəm ki, dəqiq elmlər sahəsində təhsil almış şəxslərin ədəbi fəaliyyəti həmişə orijinallığı ilə seçilir. İlham Qazaxlı da belə xüsusi istedad sahiblərindən biridir. Qələmlə və ya qələmsiz yazmasından asılı olmayaraq istənilən məsələyə ədalətli və obyektiv mövqeyi ilə seçilən dəyərli söz adamı Rəşad Məcidin şairin 50 illik yubileyi ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” adlı zalında keçirilən tədbir zamanı dediyi: “İlham Qazaxlı şəxsiyyəti və yaradıcılığı bir-birini tamamlayan şairdir…” – fikri üzərindən söhbətimi davam etdirərək bildirmək istəyirəm ki, doğulduğu aydan tutmuş, böyüyüb boya-başa çatdığı elə qədər həyatındakı bütün mövcud amillər məhz bu cür bitkin, kamil şəxsiyyət, cəmiyyət üçün faydalı insan yetişdirməli idi. Böyük əminliklə vurğulamaq istəyirəm ki, İlham Qazaxlının başqa yolu olmayıb. İlham Qazaxlı, ya da İlham Qazaxlı! O istənilən bir sahədə məşğul olsaydı eyni uğuru yenə təkrarlayacaqdı. Şair haqqında belə ümumi sözlərlə qısa məlumat verdikdən sonra onun real həyat və fəaliyyəti haqqında kiçik bir arayış təqdim etməyə ehtiyac duydum. QISA ARAYIŞ: İlham Qazaxlı 13 may 1973-cü ildə Qazax rayonun Dağ Kəsəmən kəndində anadan olub. İlk təhsilini doğma kəndində aldıqdan sonra 1995-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və İnformatika fakültəsini bitirib. Şeirləri müxtəlif mətbu orqanlarda müntəzəm olaraq dərc olunur. AYB və AJB üzvü olan şairin ədəbi yaradıcılıq fəaliyyəti “Qızıl Qələm” və “Ziyadar” kimi nüfuzlu mükafatlarla qiymətləndirilib. Əlinə qələm aldığı ilk günlərdən etibarən bu günədək fasiləsiz və stabil fəaliyyət göstərən İlham Qazaxlı 50 illik yubileyi ərəfəsində “Zəfər sevinci” adlı növbəti kitabı ilə oxucularını sevindirib. Söhbətimizin bu yerində Qəzənfər Məsimoğlunun – “Hər yerdə analar oğlan, qız doğur, Qazaxda analar şair doğurlar!” – misralarını təkrarən misal gətirərək qeyd etmək istəyirəm ki, Qazax kimi sazın, sözün xüsusi çəkisi, qədir-qiyməti olan eldə mən şairəm demək, hələ üstəlik “Qazaxlı” təxəllüsü götürmək özü bir şücaət, böyük məsuliyyət deməkdir. Mənim üçün ümumbəşəri şair olan İlham Qazaxlı bəlkə də yaradıcılığının ilk illərində “Qazax” adına söykənərək, – “dünyaya mən də varam, mən şairlər yurdu Qazaxdanam” – demək istəyirdisə, artıq çoxdan öz sözü ilə doğma Qazağını dünyaya tanıdır.
Şeirlərinin birində (İlham Qazaxlı. “Zəfər sevinci”. Bakı, “Elm və təhsil”, 2023, 304 səh. s.191.) : Dayansın hücumu şərin bəşərə, Kökündən yamanlıq, pislik laxlasın! Çəkməsin insanı iblis məhşərə, Zalımın zülmündən Allah saxlasın! – deyən şair sözün əsl mənasında böyük amallar uğrunda çarpışdığını bir daha gözlər önünə sərir. Düz 50 il əvvəl Qazağın bəlkə də insanlar üçün ucqar, Ulu Tanrıya isə bir basamak daha yaxın olan Dağ Kəsəmən kəndində pərvəriş tapmış bir fidanın bu gün filizlənərək “min budaq” olması, dünyaya sözünü çatdırması, bir elin hüdudlarını aşaraq, cahana ününü yetirməsi, ümumbəşəri ideyalar carçısına çevrilməsi təqdirəlayiq haldır.
Yaxud başqa bir şeirdə (İlham Qazaxlı. “Zəfər sevinci”. Bakı, “Elm və təhsil”, 2023, 304 səh. s.107.) : Suriya! Ey, köksü yanan məmləkət! Çəkilmir üstündən bir an fəlakət. Hər doğan sabahın qaranlıq saçır, Müqəddəs amallar səndən gen qaçır. … Bu misralar qeyri-ixtiyari böyük Səməd Vurğunun “Zəncinin arzuları” əsərini yadıma saldı. Özü param-parça olmuş bir məmləkətin sakini olan , bütün gəncliyini Qarbağ kimi dərd-bəla ilə mücadiləyə həsr etmiş şairin ümumbəşəri mövqeyi məhz belə olmalıdır. Bu qəbildən olan misalları sadalamaqla yazını daha da uzatmaq olardı. Ancaq “arifə bir işarə bəs eylər” misalına istinad edərək, sizi yormaq istəmirəm. Sonda onu qeyd etmək istəyirəm ki, mənsub olduğu ədəbi nəslin nümayəndələri arasında İlham Qazaxlı bütün məziyyətləri ilə seçilən qələm adamıdır. O sözün əsl mənasında bütün xırdalıqları fövqündə dayanan haqq aşığı (sazı olmasa da), ümumbəşəri şairdir. Bütün uğurlarından dolayı onu təbrik edir, yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayıram. Uğurlarınız bol olsun, İlham Qazaxlı! Yolunuz açıq olsun… Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkürümü bildirir, Uca Yaradandan hamınıza uzun ömür, cansağlığı, ailə səadəti arzu edirəm. Yeni-yeni görüşlərədək. Var olasınız. Uğurlarınız bol olsun. 03.06.2023. Bakı.
Ulu öndərimiz deyirdi: “Qadınlar bir belə əziyyət çəkərkən nə istəyirlər? Sadəcə onlara diqqət, qayğı və ehtiram! Bu anlayışlar çox genişdir. Diqqət də, qayğı da müxtəlif formalarda ola bilər. Ancaq kişilər gərək qadınları həmişə yüksəkdə görsünlər, qadınlara gərək xüsusi hörmət etsinlər, qadınlara diqqətlə yanaşsınlar”.
Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli – mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.
Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman – zaman təsdiq etmişdir. Zaman keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu daha da artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilir. Taleyüklü məsələlərin həlli yönündə qərar vermək səlahiyyəti əldə etməklə bu günün lideri rolunu oynayır.Müasir dövrdə qadınlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir.
Ulu öndərimizin dediyi: kimi “Qadınlar bir belə əziyyət çəkərkən nə istəyirlər? Sadəcə onlara diqqət, qayğı və ehtiram! Bu anlayışlar çox genişdir. Diqqət də, qayğı da müxtəlif formalarda ola bilər. Ancaq kişilər gərək qadınları həmişə yüksəkdə görsünlər, qadınlara gərək xüsusi hörmət etsinlər, qadınlara diqqətlə yanaşsınlar”. Mən bu günlərdə o diqqəti, sevgini, qaygını Naxçıvanda, Naxçıvan Dövlət Universitetində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, eyni zamanda, lirik və səmimi şeirlər müəllifi olan Mahirə Nağıqızıya olan münasibətdə gördüm, şahidi oldum, qürurlandım və bir az da kövrəldim.
Naxçıvan Dövlət Universitetində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə növbəti töhfə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, eyni zamanda, lirik və səmimi şeirlər müəllifi olan Mahirə Nağıqızı ilə görüş və sözlərinə həsr olunmuş konsert proqramı oldu.
25 may tarixində Naxçıvan Dövlət Universitetində ADPU Beynəlxalq Əlaqələr üzrə prorektor, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova ilə yaradıcılıq görüşü keçirildi.Görüşdə AMEA Naxçıvan bölməsi, AYB Naxçıvan şöbəsi, Naxçıvan Müəllimlər İnstitutunun professor-müəllim heyəti, tələbələr, şəhər ictimaiyyəti iştirak edirdi. Görüşü giriş sözü ilə açan NDU-nun rektoru dosent Elbrus İsayev Mahirə Hüseynovanın elmi və bədii yaradıçılığı haqqənda danışdı və tədbiri aparmaq üçün sözü NDU-nun Tarix-Filologiya fakültəsinin dekanı, dosent Arif Ağalarova verdi. Dosent Arif Ağalarov Mahirə Nağıqızı yaradıçılığı haqqında geniş məruzə ilə çıxış etmişdir. NDU-nun dosenti Xanəli Kərimov, AMEA-nın aparıcı elmi işcisi Ramiz Qasımov, AMEA-nın Naxçıvan bölməsi Dilçilik İnstitutunun direktor müavini dosent Elxan Yurdoglu, Naxçıvan Müəllimlər İnstitutunun Dil və ədəbiyyat kafedrasının müdiri, dosent Həsənəli Eyvazov, dosent Ruhəngiz Əliyeva tədbirdə ürək sözlərini bildirdilər.
“Qarabağ Azərbaycandır”
27 may tarixində Naxçıvan Dövlət Universitetində Mahirə Nağıqızının sözlərinə bəstələnmiş “Qarabağ Azərbaycandır” adlı mahnılardan ibarət möhtəşəm konsert keçirildi. Universitetin İncəsənət fakültəsində keçirilən konsertdə ali təhsil ocağının rektoru Elbrus İsayev çıxış edərək qonaqları salamladı. NDU-nin Konservatoriyasının təqdim etdiyi konsert proqramında Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblının da çıxışları alqışlarla qarşılandı. Konsert proqramında ifa olunan “Azərbaycan”, “Vətən”, “Qarabağım güləcək”, “Qarabağ Azərbaycandır”, “Könlümdə biri var”, “Gözlərimin etibarı çox imiş”, “Dönüm başına dolanım”, “Gözəl”, “Yar” mahnıları tamaşaçıların zövqünü oxşadı.
Sonda şairə Mahirə Nağıqızı konsertin təşkilinə görə kollektivə təşəkkürünü bildirdi.Keçirilən görüşü yüksək qiymətləndirərək öz səmimi hisslərini dilə gətirdi. Rəsmi və bədii görüşlərdən duyğulanan şairə vətənində,el- obasında ona göstərilən ehtirama, diqqətə görə NDU-nun rektoru dosent Elbrus İsayevə xüsusi təşəkkürünü bildirib ,konsertin yüksək təşkilatçılığından xüsusi məmnunluq hisslərini bildirdi.
Vətən sənin qədrini məndən yaxşı kim bilər –deyərək tədbirdə bir-birindən gözəl ifalar nümayiş etdirən iştirakçıların təqdim etdikləri ifaları vətən təəssübkeşliyinin bir nümunəsi adlandırdı və keçirilən görüşü yüksək qiymətləndirərək öz səmimi hisslərini bölüşdü.
Rektor şairə Mahirə Nağıqızının sözlərinə bəstələnən mahnıların ali təhsil ocağının səhnəsində məharətlə təqdim olunmasından razı qaldığını qeyd edərək “İstedadlı xalqımızın qanı, canı musiqidir”, deyərək universitetin nəzdində fəaliyyət göstərən musiqi kollektivinin uğurlu ifalarını yüksək qiymətləndirdi və az vaxt müddətində hazırlanan proqramdan razı qaldığənı qeyd etdi. Tədbirin sonunda NDU-nun rektoru dosent Elbrus İsayev Mahirə Hüseynovaya onların dəvətini qəbul edib görüşə gəldiyinə görə təşəkkür etmiş və alimi fəxri ödüllə təltif etmişdir.
Bura Vətəndir…
25 may tarixində ADPU-nun Beynəlxalq Əlaqələr üzrə Prorektoru, filologiya elmləri doktoru, professor, tanınmış şairə Mahirə Nağıqızı Hüseynova ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində görüş keçirildi. Görüşdə ADPU-nun Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Konul Hasanova, Filologiya fakültəsinin dekan müavini Pəri Paşayeva, Müasir Azərbaycan dili kafedrasının müdiri, dosent Könül Səmədova, Ədəbiyyat kafedrasının dosenti Məlahət Babayeva, “Milli Dəyərlər üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri Gülşən Behbud, əməkdar artist Elnur Zeynalov da iştirak etmişdir.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxışında Mahirə Hüseynovanın tədqiqatçı-alim, gözəl pedaqoq, istedadlı şairə, vətənpərvər ziyalı oomaqla yanaşı, çoxsaylı monoqrafiya, kitab və məqalələrin müəllifi olan Mahirə Hüseynova yaradıcılığında mənəvi saflıq, vətənpərvərlik, anaya məhəbbət əsas yer tutdugunu qeyd etdi. Onun yaradıcılığında diqqəti çəkən məqamlardan biri də Ümummilli Lider Heydər Əliyevə həsr etdiyi “Ulu Öndərimizin natiqlik məharəti”, “Ulu Öndərimizin natiqlik məharəti xalqımızın ən böyük sərvətidir”, “Missiya” və bu kimi əsərləridir. Bu əsərlərində görkəmli dövlət xadiminin həyatı və misilsiz xidmətlərinin öz əksini tapdığını vurguladı.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, Əbülfəz Quliyev, AMEA Naxçıvan Bölməsinin dosentləri Ramiz Qasımov, Zülfiyyə İsmayıl çıxışlarında Mahirə Hüseynovanın yaradıcılığı haqqında çıxış etdilər. Sonda şairə Mahirə Hüseynova yaradıcılığına göstərilən diqqətə görə AMEA-nin rəhbərliyinə minnətdarlığını bildirdi.
Şərqə açılan qapı… “Türk qapısı” Naxçıvan
Naxçıvan Dövlət Universitetində 25-27 may tarixlərində davam edən tədbirlərdən biri də I Beynəlxalq İpək Yolu konfransı oldu.
Naxçıvan Dövlət Universiteti, Türkiyənin Qars Qafqaz Universiteti və İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə keçirilən konfransda 15 ölkədən 300-dən çox məruzəçi iştirak edirdi. Konfrans şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin Dövlət himnlərinin səsləndirilməsi ilə başladı. NDU-nun rektoru Elbrus İsayev konfransı açıq elan edib və tədbirin əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verdi. Rektor 44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbəmiz sayəsində Naxçıvanla Azərbaycanın quru yolunun birləşməsi əsas məsələlərdən olduğunu vurğulayıb. Qeyd olunub ki, Naxçıvan tarixən də nəqliyyat kommunikasiyalarının mərkəzində yerləşən coğrafi ərazi oluduğuna görə tarixi İpək Yolu üzərində mühüm rol oynayıb. Zəngəzur dəhlizinin fəaliyyətə başlamasının gələcək perspektivlərindən danışan rektor əlavə edib ki, bu tarixi nailiyyət türk dünyası ilə Türkiyə arasında ticarət əlaqələrini genişləndirəcək. “Türk qapısı” adlandırılan Naxçıvan bu məsələdə mühüm rol oynayacaq.Əsas başlanğıcını Çin ipəyini daha uzaq coğrafiyalarda yerləşən, həyatı, yaşam tərzi, sənayesi vaxtilə çox da zəngin olmayan Qərb ölkələrinə çatdırmaqdan götürən İpək Yolu zaman keçdikcə bir ticarət yolu olmaqla bərabər, həm də Şərqdən Qərbə çox geniş bir ərazidə yaşayan xalqların mədəniyyətinin, mənəviyyatının, iqtisadiyyatının, həyat uğrunda mübarizəsinin yönəldici amilinə çevrildi. Böyük İpək Yolu insanlığın inkişaf tarixində əvəzsiz rol oynadı. Müasir dövrdə bu yolun bərpasının zəruriliyi daha çox gündəmdə olan bir məsələdir. Rektor onu da qeyd etdi ki, Avropa ilə Asiyanı birləşdirən, keçdiyi ərazilərdə yaşayan xalqların həyatında mühüm rol oynayan Böyük İpək Yolu ölkəmizin iqtisadi və mədəni inkişafına da öz müsbət təsirini göstərib. Bu yol ticarətin və bazar münasibətlərinin inkişafına xidmət etməklə yanaşı, həm də bir sıra ölkələr və xalqlar arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayıb. Bu mənada, beynəlxalq konfransın keçirilməsi strateji mövqedə yerləşən, beynəlxalq nəqliyyat dəhlizi kimi diqqətləri cəlb edən Naxçıvanın iqtisadi-mədəni əlaqələrinin inkişafı məsələlərinin aktuallığını ön plana çıxarır.
Elbrus İsayev diqqətə çatdırdı ki, İpək Yolunun bərpası ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu Öndərin tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfransın keçirilməsi haqqında imzaladığı 1998-ci il 7 iyun tarixli Sərəncamı Azərbaycanın dünya birliyi ölkələri ilə inteqrasiyasının gücləndirilməsində müstəsna rol oynayıb. Zəngəzur dəhlizinin fəaliyyətə başlamasının gələcək perspektivlərindən danışan rektor əlavə edib ki, bu tarixi nəaliyyət türk dünyası ilə Türkiyə arasında ticarət əlaqələrini genişləndirəcək. “Türk qapısı” adlandırılan Naxçıvan bu məsələdə mühüm rol oynayacaq. Elbrus İsayev çıxışının sonunda konfransın işinə uğurlar arzuladı.
Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu çıxışında belə konfransların keçirilməsinin türkdilli xalqların bir-birinə daha da yaxınlaşması, eləcə də ümumtürk mədəni irsinin təbliğ edilməsi baxımından əhəmiyyətinə toxundu. Konfrans bəşər sivilizasiyasının inkişafında çox mühüm rol oynamış, öz əhəmiyyətini müasir dövrümüzdə də getdikcə daha inadla təsdiqləyən bir tarixi gerçəkliyə həsr olundugunu qeyd etdi. Böyük İpək Yolu insanlığın inkişaf tarixində əvəzsiz rol oynadı. Müasir dövrdə bu yolun bərpasının zəruriliyi daha çox gündəmdə olan bir məsələdir.
Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova əməkdaşlıq çərçivəsində türk dünyası ilə bağlı tədbirlərin, eyni zamanda tarixi İpək Yolunun canlandırılmasına dair müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib.
Konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin, İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun prezidenti Mustafa Latif Emekin, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzovun, Atatürk Universitetinin professoru Hüseyn Yurtdaşın, AMEA Naxçıvan Bölməsinin akademiki Hacıfəxrəddin Səfərlinin, Özbəkistanın İpək Yolu Araştırma Akademiyasının sədri Azamat Akbarovun, onlayn formatda konfransa qoşulan Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayevin, ABŞ-nin Purdue Universitetinin professoru Jamaluddin Husainin, Adana Çuxurova Universitetinin professoru Hakkı Çiftçinin mövzu ətrafında çıxışları dinlənildi. Sonda Universitetin İncəsənət fakültəsi müəllim və tələbələrinin ifasında konsert proqramı ilə başa çatdı.
Konfransda çox dəyərli elm xadimlərinin, araşdırmaçıların iştirakı bu qənaəti daha da möhkəmləndirir. Konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin, İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnsitutunun prezidenti Mustafa Latif Emekin, Naxçıvan Müəllimlər İnsitutunun rektoru Azad Novruzovun, Atatürk Universitetinin professoru Hüseyn Yurtdaşın, AMEA Naxçıvan Bölməsinin akademiki Hacıfəxrəddin Səfərlinin, Özbəkistanın İpək Yolu Araştırma Akademiyasının sədri Azamat Akbarovun, onlayn formatda konfransa qoşulan Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayevin, ABŞ-ın Purdue Universitetinin professoru Jamaluddin Husainin, Adana Çuxurova Universitetinin professoru Hakkı Çiftçinin mövzu ətrafında çıxışlar etdilər.
“Heydər Əliyev və milli dövlətçilik məsələləri”
27 may tarixində “Naxçıvan” Universiteti və ADA-nın birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və milli dövlətçilik məsələləri” mövzusunda Respublika konfransı keçirildi. Konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, “ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova ,Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov, Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Mingəçevir Dövlət Universitetinin rektoru, dosent Şahin Bayramov, Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Azad Novruzov, və digər ali təhsil ocaqlarını təmsil edən alim və tədqiqatçılar iştirak edirdi.
Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli açaraq qonaqları salamlayaraq Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində ölkəmizin hər bir bölgəsində olduğu kimi dünyaya göz açdığı qədim Naxçvan torpağında da yüksək səviyyədə, silsilə tədbirlərlə qeyd olunduğunu diqqətə çatdırdı. Müasir Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı, qüdrətlənməsi naminə misilsiz xidmətlərindən bəhs edən səlahiyyətli nümayəndə bildirib ki, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq, tərəqqi və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin qızıl səhifələridir.
İkinci dəfədir Ulu Öndərin vətəni Naxçıvanda olduğunu bildirən “ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev fenomenal siyasətçi Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən, uzaqgörən, praqmatik siyasətinden bəhs edib. Hafiz Paşayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev siyasəti həm də bugün Azərbaycanı dünyaya qalib, zəfər qazanmış bir ölkə kimi təqdim edir. Belə ki, biz dahi şəxsiyyətin əsasını qoyduğu dövlət və ordu quruculuğunun məntiqi nəticəsinə II Qarabağ müharibəsində bir daha şahid olduq. Müzəffər Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində ordumuz düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı.
“Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımov konfrans iştirakçılarını salamlayaraq, Heydər Əliyev ömrünün istənilən sahədə çalışan hər bir vətəndaş üçün örnək olduğunu, Ulu öndərin dövlətçiliyimizin, iqtisadiyyatımızın və ölkə həyatının digər vacib sahələrinin formalaşdırılması, Azərbaycançılıq strategiyasının əsaslarının yaradılması istiqamətindəki əzmkar fəaliyyətinin, o cümlədən, onun Naxçıvanın inkişafı naminə gördüyü işlərin neçə-neçə elmi tədqiqatlar üçün tükənməz qaynaq olduğunu qeyd edib.
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova bildirib ki, Heydər Əliyev artıq 20 ilə yaxındır ki, aramızda yoxdur. Lakin bu gün Azərbaycanın tərəqqisinə və modernləşdirilməsinə yönəlmiş səmərəli dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.Müasirləşən Azərbaycan Respublikasının özü 100 illiyini böyük ehtiramla qeyd etdiyimiz Ulu Öndərin işıqlı xatirəsinə həsr olunmuş ən böyük əsərdir. Konfransın mövzusuna toxunan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev böyük idarəçilik təcrübəsinə malik Ulu Öndərin müstəqil Azərbaycan dövlətçiliyinin milli və bəşəri normalara əsaslanan uzunmüddətli konsepsiyasını işləyib hazırladığını və onu dəqiqliklə həyata keçirdiyini bildirib.
Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev çıxışında ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin ən yeni tariximizdə müstəsna yer tutduğunu bildirib. Elbrus İsayev qeyd edib ki, yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır. Mingəçevir Dövlət Universitetinin rektoru, dosent Şahin Bayramov diqqətə çatdırıb ki, bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün ümummilli lider Heydər Əliyevə minnətdarıq. Bunu demək yerinə düşər ki, hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycan dövlətini miras qoyub. Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Azad Novruzov çıxış edərək bildirib ki, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 40 ilə yaxın bir dövr ərzindəki bənzərsiz fəaliyyəti Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr olunub.
Respublika konfransının ilk günü “ADA” Universiteti və “Naxçıvan” Universitetinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən konsert proqramı ilə başa çatdı.
Vətən deyən, milliliyin keşiyində dayanan, mənəviyyatın təmsilçisi Mahirə Nağıqızının Naxçıvan səfərindəki tədbirlər, görüşlər unudulmayan tarixi məqamları, duyğusal anları, Həsən Mirzə xatirələri ilə də yadda qaldı. Biz də o məqamların şahidi olduq.Mənəviyyat, həqiqət, səmimilikdir həyatı mənalandıran, əbədiləşdirən. Mahirə Nağıqızının Vətənində ,Naxçıvan səfərinin rəsmi tərəflərini yazdıq. Bədii tərəfləri növbəti yazımızda.
ƏDƏBİYYATIMIZIN BAŞ QƏHRƏMAN PROBLEMİ (Təranə Məmməd sirri “Sirr” ilə çözdü) Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, yenidən sizlərlə görüşmək nəsibimiz oldu. Öncə onu qeyd etmək istəyirəm ki, bu mənim Təranə Məmməd yaradıcılığına ikinci müraciətimdir. İlk dəfə səhv etmirəmsə 2018-ci ildə Təranə Məmmədin “Tor” kitabı, bu kitabdakı eyni adlı povesti və digər fərqli problemlərdən bəhs edən oxşar motivli hekayələri ilə tanış olduqdan sonra həmin yazını yazmağı özümə borc bilmişdim. Yazıdakı bəzi fikirlərə görə yaxın və uzaq çevələrdən bəlkə də haqlı sayıla biləcək iradlar da almışdım. Bu gün də eyni səbəbdən bu yazını yazmağı özümə borc bildim. Mətləbə keçməzdən əvvəl onu qeyd etmək istəyirəm ki, həm “Tor”u, həm də “Sirr”i bir nəfəsə oxumuşam. Ümumiyyətlə Təranə xanımın qələmindən çıxmış mətnləri həcmindən asılı olmayaraq bir nəfəsə oxumamaq mümkün deyil.
Qəhrəmanımızın konkret mətn nümunəsinə keçməzdən əvvəl söhbətimizin daha anlaşıqlı olması, yəni mənim qeydlərimi əsaslandıracağına və sizin mətləbə daha yaxın olmanızı təmin edəcəyinə inandığım üçün kiçicik bir ümumi məlumatlandırmaya ehtiyac duydum. QISA ARAYIŞ: Təranə Məmməd (Əliyeva Təranə Məmməd qızı) 1 iyun 1956-cı ildə anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1981-1990-cı illərdə Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən kurslarda və eyni zamanda Bakı Dövlət Universitetində ərəb dilini tədris edib. Bir müddət Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarədə redaktor işləyib. Sonralar isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb. Hal-hazırda ehtiyatda olan Polkovnik-leytenantdır. “Payızda bahar”, “Gözlərdən öpüb ayrılın”, “Etiraf, Priznanie”, “Tor” adlı şeir və nəsr kitablarının müəllifidir. Haqqında söhbət açacağımız “Sirr” kitabı müəllifin oxucuları ilə növbəti görüşüdür. Təranə xanımın əsərlərin dili, quruluşu və mövzu aktuallığı, əhəmiyyəti baxımından birinci yazımdakı fikrimdə qalıram. “Həcmindən asılı olmayaraq onun qələmə aldığı mətnlər olduqca yığcam, sanki, gözəgörünməz bir struktur sxem üzərinə yığılmış ayrı-ayrı, biri digərinə vəhdət üçün mütləq möhtac olan pazl hissəcikləri toplusu kimidir. Qısa və konkretdir.” Bu baxımdan, “Sirr” romanı müəllifin digər əsərlərindən elə də fərqlənmir. “Təranə xanım adi görünən bir məişət problemi üzərinə qurulmuş təhkiyəni ani bir xatırlama və ya sualla illər öncə baş vermiş əhəmiyyətli hadisənin üzərinə yönəldib, bu mühüm məsələ barəsində bir-iki cümlə ilə oxucuya elə müfəssəl məlumat yüklü informasıya ötürür ki, bu sadəcə qibtə ediləcək hal, onun illərin gərgin əməyinə söykənən, hər ötən saniyənin olduqca qiymətli olduğu, sözün anında fiksasiya etmək bacarığının mühüm olub, həyati əhəmiyyət kəsb etdiyi fəaliyyətindən, iş təcrübəsindən qaynaqlanır. Uzun illər əmək fəaliyyəti nəticəsində qazandığı sistemlilik, yığcamlılıq, dəqiqlik, bütövlük kimi xarakter xüsusiyyətləri hər sözdən, hər cümlədən, hər bir fikirdən boylanır və görünür. Yazdıqlarının demək olar ki, hamısı həmən-həmən aktual mövzuları əhatə edir. Söhbətin, hekayətin zaman və məkan olaraq hardan başlayıb, harada bitməsindən, məzmunundan asılı olmayaraq hal-hazırda bir vətəndaş kimi hər birimizi narahat edən, … gənclərin və gənc ailələrin problemləri, ölkəmizdə baş verən dəyişikliklər, fasiləsiz inkişaf, quruculuq işləri və başqa digər mühüm əhəmiyyətli hadisələr onun yazdıqlarının əsasını, canını, ruhunu, şah damarını təşkil edir. Elə yuxarıda sadaladıqlarımız keyfiyyətlər Təranə Məmməd yaradıcılığının zənginliyini, rəngarəngliyini, əhəmiyyətini gözlər önünə sərməyə kifayət edir. Ancaq bunlar hələ hamısı deyil… Həcmindən asılı olmayaraq, Təranə xanımın yazdıqları əhatəliliyi baxımından da çox seçilir. Hər bir bədii səhnənin təsviri, obrazın canlandırılması zamanı xüsusi bir musiqi duyumu, rəssam peşəkarlığı sezilir onun yaratdıqlarında… …Təranə xanımın yaratdığı obrazların prototipləri Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizdən tutmuş, hal-hazırda bizimlə birlikdə gündəlik yaşam mücadiləsi verən müxtəlif zümrələrə aid uşaqlar, yeniyetmələr, gənclər, yaşlılar, xəyalları yarım qalmış övladlar, dünyaları yıxılmış valideynlər, tələbələr, fəhlələr, iş adamları, qazilərimiz, torpaq-yurd həsrəti ilə yaşayan qaçqın-köçkünlərimiz kimi müasirlərimizdir. “Yazarlar və yazılar” məqaləsindəki yazarların bütün dövrlərdə aktual olan iki sevimli mövzusu var, – “müharibə və məhəbbət” fikrinə qayıdaraq qeyd etmək istəyirəm ki, Təranə Məmməd bu iki mövzunu çox ustalıqla birləşdirib, söz israfçılığına yol vermədən hər güllənin həyati əhəmiyyət kəsb etdiyi xüsusi əməliyyatda olan kəşfiyyatçı əsgər dəqiqliyi ilə bütün məsələlərin öhdəsindən böyük məharətlə gələrək, misilsiz, xüsusi ilə gələcək nəsillər üçün, eyni zamanda müasirlərimiz olub, ancaq dünyadan xəbərsiz yaşayanlar üçün gözəl nümunələr yaradır. Bizə qalan onları əldə edib oxumaqdır.” (Z.U)
Fikrimizi konkret olaraq “Sirr”in üzərində cəmləməyə çalışaq. Bu məsələdə aşağıdakı iki suala aydınlıq gətirmək bizə kömək olacaq: 1) “Sirr”in sirri nədədir? 2) Bu yazının müəllifi –bəndəniz- Zaur Ustacın iddia etdiyi çözülmüş “sirr” nədən ibarətdir?
“Sirr”in sirri nədədir?
Düzü, tam səmimi olaraq etiraf etmək istəyirəm ki, kitabla tanış olduğum ilk andaca yığcamlığı məni qne etsə də adının “Sirr” olması fikirlərimi dolaşdırmışdı. Hətta onu qeyd edim ki, əgər Təranə xanımın yaradıcılığına bələd olmasaydım, adına görə belə gözəl və vacib bir kitabı hələ oxumamış da ola bilərdim. “Sirr” adı ani olaraq xəyallarımı eyni adlı digər əcnəbi müəllif tərəfindən qələmə alınmış motivasiya kitabının yanına aparmış, anındaca Təranə Məmmədin belə bir ucuz reklama ehtiyacı olmadığını düşünərək, ön sözə vaxt itirmədən bir başa Elçinin qardaşı Elvinin əsgərliyə getdiyi yerdən oxumağa başladım. Ayna və onun anası İradə xanımla tanış olan kimi romanı başdan başlamağa məcbur oldum və bir nəfəsə başladığım yerə qədər oxuyub, oradan davam edəsi oldum. Demək olar ki, bir gün, gün yarıma başqa heç bir işlə məşğul olmadan təbii ehtiyaclar gərəyi qısa fasilələr verməklə kitabı oxuyub bitirdim. Bir xeyli müddətdən sonra kitabı ikinci dəfə qeydlər edə-edə oxudum. Kitab birinci yığcamlıq baxımından müasir oxucunun tələblərini ödəyir. Məncə bundan yığcam yazmaq mümkün deyildi. Çünki, diqqətli oxucu özü də romanın sonunda müəllifin daha çox qısaltmalara getdiyinin şahidi olacaq. Qalan bütün məsələr barədə yuxarıda Təranə xanımın ümumi yaradıcılığına xas olan dilin sadəliyi, izahların konkretliyi, yığcamlıq, əhatəlilik hamısı “Sirr”ə də aiddir. Ənənəvi müharibə və məhəbbət mövzusunun iç-içə yürüdüyü əsərdə digər bizi əhatə edən bütün məişət problemləri gözümüzün önündə canlanır, həmən-həmən real həyatda rastlaşdığımız problemlərin çoxunu romanın qəhrəmanları ilə birgə yaşayırıq. Müəllif çox böyük ustalıqla bir problemi yaradır, inkişaf etdirib açır və gözlənilmədən yeni bir problemin içərisində gizlədərək hadisləri ilk cümlələrdən sonda Rəna xanımın “Karvansaray”dakı Elçinlə görüşdə işlətdiyi: – “Ayna sağdır, Elçin.” – xitabına qədər öləziməyə, oxucunun diqqətinin dağılmasına imkan vermir. Məncə “Sirr”in siri məhz elə bu amildədir.
“Sirr”in çözdüyü “sirr” nədən ibarətdir?
Məncə yazarlar, tənqidçilər, müxtəlif mövzulu bədii əsərləri səhnələşdirən mütəxəssislər, sənətşünaslar, ədəbiyyatsevərlər və diqqətli tamaşaçılar mənim bu fikrimlə razılaşarlar ki, müəyyən məqamlarda müxtəlif müəlliflərin olduqca fərqli variantlarda qələmə almış olduğu “Yusif və Züleyxa” istisna olmaqla “Leyli və Məcnun”dan üzü bəri “Rəşid bəy və Səadət xanım”, “Əli və Nino” və digər saysız-hesabsız klassik və müasir bədii yaradıcılıq nümunələri ədəbiyyatımızda əsərin baş qəhrəmanı (qəhrəmanları) problemini həll edə bilməmişdir. Bəlkə də bu problemin öz həllini tapmaması müxtəlif janr və cərəyanların ortaya çıxmasına səbəbiyyət vermişdir. Məsələn uğurlu finalı həll etmək mümkün olmadıqda “faciə”, hadisələrin bitmədiyi göz qabağanda ola-ola gediləsi düzgün yolu tapa bilmədikdə isə “post-insan” kimi absurd variantlar ərsəyə gəlmişdir və kimin necə qəbul etməyindən asılı olmayaraq bu reallıqlar mövcuddur. Təranə Məmməd məncə özü də bilmədən (çünki bu barədə ondan şəxsən soruşduqda belə bir iddiasının olmadığını söyləmişdir) yaxud da bilərəkdən, düşünülmüş şəkildə hadisələri müxtəlif kombinasiyalarla inkişaf etdirərək uzun və keşməkeşli yollardan keçirərək əsərin baş qəhrəmanlarını xoşbəxt sonluğa gətirib çıxardır. Bu uğurlu final elə böyük ustalıqla öz həllini tapıb ki, məsələ sadəcə xoşbəxt sonluqla bitmir, o sonsuzluğa doğru yol alır. Sanki, qəhrəmanlar ölməzlik qazanırlar. Həyat sonsuza qədər davam edəcək. Bütün problemlər həll olunub. Sevgi qalib gəlib. Amansız müharibə və münaqişələr usta bir siyasətlə tarix səhnəsindən silinib.
Təranə xanım bu əsəri yazanda qarşısına hansı məqsədi qoyubsa, ən doğrusunu özü bilir. Ancaq mən böyük əminliklə onu deyə bilərəm ki, “Sirr”in var olması artıq bir çox sirləri yox etdi. “Sirr” diqqətli qələm adamları üçün yeni üfiqlər, oxucular üçün isə maraqlı sevgi dastanıdır. Təranə xanım hər iki vəzifənin öhdəsindən layiqincə gələ bilmişdir. O, öz yaradıcılığı barədə sualları cavablandıranda nə qədər təvəzökar omasından asılı olmayaraq, ortada olan real vəziyyət, ədəbiyyat hadisəsi və həqiqi nümunələr var. Bu münasibətlə onu təbrik edir yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Xeyirli-uğurlu olsun, Təranə xanım. Yolunuz açıq olsun… Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkürümü bildirir, Uca Yaradandan hamınıza uzun ömür, cansağlığı, ailə səadəti arzu edirəm. Yeni-yeni görüşlərədək. Var olasız. Uğurlarınız bol olsun.
Bu gün çox hörmətli professor, el ağsaqqalı, dəyərli tənqidçi-ədəbiyyatşünas alimQurban Bayramovun doğum günüdür! “YAZARLAR” kollektivi adından Qurban müəllimi təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!!!
Bayramov Qurban Fərman oğlu (30 may 1946, Əlimədətli, Ağdam rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1985), Respublika Qarabağ Ağsaqqallar Şurasının üzvü (2001), Azərbaycan Ziyalılar Hərəkatı Ali Şurasının üzvü (2003), filologiya üzrə fəlsəfə doktoru (1979), Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi.
HƏYATI Qurban Bayramov 1946-cı il mayın 30-da Ağdam rayonunun Əlimədədli kəndində anadan olmuşdur. Orta təhsilini burada almış, indki N.Tusi adına ADPU-nin filologiya fakültəsini (1963-1967) bitirmişdir. Orta məktəbdə müəllim, tədris işləri üzrə direkor müavini vəzifələrində çalışmışdır (1967-1971). Hərbi xidmətdə olmuş (1967-1968), aspirantura təhsili almışdır (1970-1974). 1972-ci ildən Ədəbiyyat İnstitutunda baş laborant, elmi işçi, baş elmi işçi olmuşdur. Hazırda həmin institutda aparıcı elmi işçi vəzifəsində fəaliyyət göstərir.
1979-cu ildə “Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi” mövzusunda dissertasiya müdafiə etmişdir. Dövri və elmi mətbuatda 300-dən çox məğalə dərc etdirmiş, “Vurğun poeziyası”, “Lirik qəhrəman və zaman”, “Yaşar Qarayev: Milli yaddaş təlimi – Azərbaycançılıq” elmi-nəzəri, “Yaralı Vətənin yaralı övladları” bədii-publisist kitabları var. Onun “Müasir Azərbaycan poeziyasında üslubi meyillər”, “Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik”, “M.Ə.Sabir ənənələri və Azərbaycan ədəbiyyatı”, “Səməd Vurğun dünən, bu gün və sabah”, “M.H.Şəhriyar poetik üslubu”, “Qarabağ ədəbi mühiti – uzaq keçmişdən bu günümüzə qədər” kimi tədqiqat işləri vardır.
Azərbaycan ədəbiyyatının əksər nümayəndələri barəsində məqalə yazmış, fikir söyləmiş, elmi və bədii kitabların redaktoru olmuş, onların bir çoxuna ön söz yazmış, xüsusən, “Azərbaycan poeziyası”na dair ədəbi icmallar yazmışdır.
Uzun illər “Gənclik” nəşriyyatında rəsmi rəyçi, Azərbaycan Dövlət Televiziyasında “Ədəbiyyatşünaslıq və zaman”, “Ədəbiyyat” (1982-1992) elmi-kütləvi, tədris televiziya verilişlərinin müəllif-aparıcısı, Ədəbiyyat İnstitutu Elmi Şurasının, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Prezidentinin bir illik fərdi təqaüdçüsü olmuşdur(2011).
Azərbaycan MEA-nın Rəyasət Heyətinin (2016), Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin (2011), Azərbaycan Respublikası Həmkarlar Konfederasiyasının Fəxri fərmanlarına(2016, 2019), “Tanınmış Vurğunşünas alim”(2011), “Fədakar alim”(2011), “Elm fədaisi”(2012) fəxri diplomlarına, “Səməd Vurğun mükafatı”na(2011), “Avropa Nəşr Mətbu Evi”nin “Qızıl medal”ına (2011), AMEA-nın Azad Həmkarlar İttifaqının “Fəxri fərmanı”na (2016),Beynəlxalq statuslu “Vintsas” Mükafatı diplomuna (2020) və “Ziyadar” Mükafatı diplomuna (2021) layiq görülmüşdür.
ƏSƏRLƏRİ Vurğun poeziyası, B., Elm, 1976, 78 səh., 1.000 nüsxə. Lirik qəhrəman və zaman (Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi.), B., Elm, 1986, 140 səh., 1.200 nüs. Tarixilik və müasirlik – “Sosialist realizmi müasir mərhələdə” kitabı (kollektiv), B., Elm, 1988, 388 səh., 1.800 nüs. Yaşar Qarayev: Milli yaddaş təlımi – azərbaycançılıq, (Jalə Qurbanqızı ilə birgə) B.,BDU-nun nəşriyyatı, 2001, 138 səh., 500 nüs. Poeziyanın sirri: Çaylar geri axmır, dənizə can atır və yaxud, qəlbini nar təkin kağıza sıxan şair Şahməmmədin poeportreti (mini-modern monoqrafiya), B., “MBM”, 2009, 104 səh., 500 nüs. Əli İldırımoğlunun yaradıcılıq yolu: milli-mənəvi dəyərlərin bədii salnaməsi və yaxud, müasir Azərbaycan ədəbiyyatında avtobioqrafik roman janrının təkamülü (monumental monoqrafiya), B., “Nurlan”, 2009, 560 səh., 500 nüs. Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə (Jalə Qurbanqızı ilə birlikdə), Bakı, “Yazıçı”, 2014, – 272 səh. Xalq şairi Nəriman Həsənzadə (akademik İsa Həbibbəyli ilə birlikdə). – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, I c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.529-560. – 800 s. Şeirlərindən görünən şair – Musa Yaqub. – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, I c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.623-638. – 800 s. Hidayətin poeportretindən cizgilər. – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, II c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.29-48. – 1088 s. Çağdaş poeziya – ədəbi istiqamətlər, mövzu aktuallığı, sənətkarlıq məsələləri. – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, II c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.548-563. – 1088 s. Sonsuzluğun ahəngini yazan şair – Əhməd Qəşəmoğlu. – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, II c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.714-724. – 1088 s. Yaşar Qarayev: Azərbaycan istiqlalı – yaxın və uzaq tarixlər… (Jalə Qurbanqızı ilə birlikdə), – kollektiv, Bakı, “Sabah” nəş., 2016, s.162-186. – 404 s.
HAQQINDA Şahməmməd. Qurban Bayramov – şəxsiyyətin böyüklüyü, böyüklüyün şəxsiyyəti (essevari publisist tədqiqat) B., MBM, 2011, 480 səh., 1500 nüs. Qurban Bayramov -70. Azərbaycan Yazıçıları Birliyinin təbrik məktubu. “Ədəbiyyat qəzeti”, 28.05.2016, şənbə, № 20(5039), s.4. Mahir Qabiloğlu.Professor Qurban Bayramova təbrik-70. 27.05.2016, “Modern.az”. Asif Rüstəmli. Tənqidçi səmimiyyəti. “Ədəbiyyat qəzeti”, 28.05.2016, şənbə, № 20(5039), s.4-5. Qələndər Xaçınçaylı. Sözün qüdrətinə ilahi gözlə baxan alim. “Həftə içi” qəzeti, 27.05.2016. Asif Rüstəmli. Ədəbi tənqidimizin fədaisi. “525-ci qəzet”, 04.06.2016,№ 100(4596), s.19; “Kredo”, № 22(883) 30.05.2016,s.13. Ədəbi tənqiddə bənzərsiz ifadə tərzi. “Azertag.az” Xəbərlər, 06.06.2016. (Təqdim edən: Elçin Kamal.) Rəhim Əliyev. Tənqidçi ürəyinin miqyası. “525-ci qəzet”, say.119(4615), 05.07.2016, s.7;”Bütöv Azərbaycan” qəzeti, say:22(306),14-20.07.2006. Mənzər Niyarlı. “Ah, bu nəvələr, bu nəvələr”, Qurban Bayramovun 70-illik yubileyinə sənədli hekayə. 05.07.2016.; “Ədəbiyyat qəzeti”, 02.08.2016, say.25(5044), s.26-27. Asif Rüstəmli. Təbrik məktubu, Qurban Bayramlı-70. Müşfiq Borçalı, Yazıçılar Birliyində Yubiley tədbiri, Qurban Bayramov-70. Aslan Salmansoy. Ruhların da, sevindiyi o gün… “Bütöv Azərbaycan” qəzeti, say 19(303), 9-15.06.2016., s.2.; “Kredo”, №21(882) 13.05.2016,s.4. Akif Bayram. Tanınmış tənqidçi, vətən sevdalı alim. “Respublika” qəzeti, say.131(5582), 19.06.2016, s.5. Əli Rza Xələfli. Tənqidçi meyarı – sözün əyarı. Söz içində sözü görmək, yaxud tənqidçinin adı, istedadı.”Kredo”, №21(882) 13.05.2016,s.1. Qəzənfər Kazımov. Ustadları kimi. “Kredo”, №21(882) 13.05.2016,s.3. Qurban Bayramov – 70. Azərbaycan Yazıçılar Birliyinin təbrik məktubu. “Kredo”, №21(882) 13.05.2016,s.3. İsmayıl Kazımov. Kimin kim olduğu bilinməlidir. “Kredo”, №21(882) 13.05.2016,s.8. Şakir Qabbısanlı (Həmzəyev). Qurban Bayramov-70. Pərəstiş ediləsi alim, Nə yaxşı ki, sən varsan Qurban Bayramov. “Respublika gəncləri” qəzeti, № 78(699), 15.06.2016, s.8. Şahməmməd. “Sözün də çəkisi var” (Tənqidçi haqqında poema), Bakı, “Ekoprint” nəş., 2017. – 143 səh. Şahməmməd. Qurban Bayramovun yaradıcılığı və şəxiyyəti (müəllifdən), (Sözün də çəkisi var (poema), Bakı, “Ekoprint” nəşriyyatı, 2017 kitabında, s.3-14. İsa Həbibbəyli. Mən heç inanmırdım ki… (“Ön söz əvəzi), ( Sözün də çəkisi var (poema), Bakı, “Ekoprint” nəşriyyatı, 2017 kitabında, s.15-17. Tahir Taisoğlu. Redaktordan son söz əvəzi. ( “Sözün də çəkisi var” (poema), Bakı, “Ekoprint” nəşriyyatı, 2017 kitabında, s.138-142. Aqil Hüseynov . Şairin yeni poeması və onun qəhrəmanı (Yeni kitab təqdim edirik), “Təzadlar” qəzeti, 16.05.2017, say: 18(2114), s.15; “Zim.AZ.” saytı, 10.05.2017; “Media.İnfo.Az.”, 08.05.2017. Qarabağ Azərbaycandır, Azərbaycan isə dünyamız! – Yubiley təbriki DƏYƏRLİ ALİM QURBAN BAYRAMOVUN 75 İLLİYİNƏ – Zaur Ustac. Asif Rüstəmli. Qurban Bayramlı tənqidinin, ədəbi düşüncəsinin keyfiyyət göstəriciləri. “Aziya.İnfo” elm və araşdırma portalı, 30-05.2017. Qələndər Xaçınçaylı . Tənqidçi- ədəbiyyatçünas Qurban Bayramova doğum günü təbriki , “Yazarlar” jurnalı, may 2021, say: 05(05), s.4-8.
Vətən uğrunda apardığı savaşda qalib gəlsə də, yaşamaq uğrunda savaşda məğlub olan Baş Leytenant….
Ağdam Şəhidi Baş Leytenant Səfərov Hikmət İldırım oğlu 11.07.1972-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. Hikmət 1979-cu ildə Ağdam rayonunun Yusifcanlı kəndi orta məktəbinin birinci sinfində orta təhsilinə başlayıb və 1989-cu ildə elə həmin məktəbi bitirərək 1990-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olub və 1995-ci ildə “İnformasiya ölçmə texnikası” ixtisasını bitirdikdən sonra “Leytenant” rütbəsi almışdır. Hikmət Səfərov 2001-ci ildən etibarən Yazıçılar birliyinin “Ulduz” jurnalında işləməyə başlayıb və elə həmin il ailə həyatı qurub. Daha sonra 2002-ci ilin oktyabrında həqiqi hərbi xidmətdə “Leytenant” olaraq xidmətə başlayıb və 2004-cü ilin yayında Baş Leytenant olaraq ehtiyyata buraxıldı. 12.11.2004-cü il tarixində “Qaya” mətbuat yayımında işə başlayan Hikmət Səfərov 30.08.2016-cı il tarixində həmin işdən ayrılıb və 04.01.2018-ci il tarixində “Dokta MMC” şirkətində Xəzinadar kimi fəaliyyət göstərməyə başlayıb. 20.09.2020-ci il tarixində ehtiyyatda olan Baş Leytenant olaraq hərbi təlimlərə çağırılan Hikmət Səfərov Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq ordu sıralarına qoşulur və Baş Leytenant 04.10.2020-ci il tarixində Suqovuşan ərazisinin azadlığı uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Dəfələrlə əməliyyat olunmasına baxmayaraq 17.10.2020-ci il tarixində “koma”-ya düşdü və 52 günlük komadan sonra 08.12.2020-ci il tarixində (48 yaşında) Şəhid oldu.. Və Baş Leytenant Səfərov Hikmət 09.12.2020-ci il tarixində yüksək rütbəli ordu məmurlarının, müvafiq icra hakimiyyəti nümayəndələrinin, ailə üzvlərinin və xeyli sayda insanların iştirakı ilə 2-ci Fəxri xiyabanda dəfn olunub. Ailəli idi. Ondan yadigar 2 oğul övladı – Azər və Anar qaldı.. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Baş Leytenant Səfərov Hikmət İldırım oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub. Ruhun qarşısında baş əyirik, cənab Baş Leytenant! Ruhun şad olsun!
Azərbaycan Respublikasının Xalq şairi nasir, publisist Söhrab Əbülfəz oğlu Tahir 1926-cı il mayın 27-də İranın Astara şəhərində sənətkar ailəsində anadan olmuşdur. “Səadət” və “Şahpur” məktəblərində 9-cu sinfədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə “İran-İngilis neft şirkəti”ndə işləməyə məcbur olmuşdur.
Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1946-cı ildə Bakıya təhsil almağa göndərilmişdir. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası almışdır. O, 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1959-1961-ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, “Azərbaycan” qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, “Səhər” ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən “Azərbaycan” jurnalında redaktor olmuşdur.
Azərbaycan Yazıçılar Birliyi i darə heyətinin, “Literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin, “Yazıçı” nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olmuşdur. 1991-ci ildə Bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilmişdir. İnqilabi, ədəbi-ictimai fəaliyyətinə görə Təbrizdə “21 Azər” medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüşdür. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilmişdir.
Xalq şairi uzun illər şəkər xəstəliyindən əziyyət çəkirdi. Son illərdə xəstəliyi şiddətlənmişdir. Görkəmli şair 4 may 2016-cı ildə dünyasını dəyişmişdir.
ÇİÇƏKLƏR, DAĞLAR … və XUDAYAR DASTANI (Zaur Ustac sözünün sehrində) Şairlər çiçəklərə, güllərə sevgi dolu şeirlər həsr edərlər. Əsrlər boyu bənövşə, lalə, qərənfil, qızılgül poeziyamızın əbədi obrazlarına çevriliblər. Qurbaninin «Bənövşə»si yüzlərlə bənövşələrin şeirimizdə ətirli sərgisinə dönüb, «Heç yerdə görmədim düz bənövşəni» deyib ustad. Xətai qızılgülü candan əziz tutduğu sevgilisinə bənzədib: «Qızılgül, bağü-bustanım, nə dersən, Fəda olsun sənə canım, nə dersən?». Xan qızı Natəvan qərənfili çiçəklərin ən gözəlinə bənzədib, qərənfillər 20 Yanvar faciəsi günləri bütün Azərbaycanı matəm çiçəkləri kimi bəzədilər: «Qərənfil, şəhid qanı, Ağla, qərənfil, ağla». Lalə isə çöllərimizinn, düzlərimizin qırmızı xalısı kimi hamımıza gözəllik bəxş edirlər, Rəşidin mahnısında yaşayır o lalələr. Şair Zaur Ustac da çiçək sevgilərini şeirlərində dönə-dönə vəsf edir. Onun poeziyasında güllərin, çiçəklərin ayrıca bir hüsnü, lətafəti var- bu güllər, çiçəklər insan qəlbinin təbiətlə vəhdətini əks etdirir. İnsan niyə gül-çiçək aşiqidir, niyə bənövşə ilə həmdərddilər, niyə laləyə – onun gözəlliyinə baş əyirlər, niyə qızılgülləri sevgililin gözəlliyi ilə bir tuturlar? Bu milli-mənəvi dəyərlərimizin bir kriteriyası deyilmi? Poeziyamızda insan-təbiət paraleli – insanda təbiəti, təbiətdə insanı təcəssüm etdirmək klassik poeziyanın da, müasir şeirimizin də aparıcı bir xəttinə çevrilib və bu missiyanı həyata keçirmək Zaur Ustaca da həvalə olunur. Zaur Ustac «Ağçiçəyim» və «Şehçiçəyim» şeirlərində özünün çiçək sevgisini mütləqləşdirir. Əslində, o, bu çiçəkləri vəsf edirkən, metaforik bir üsula əl atır- əslində, onun vəsf etdiyi çiçəklər gözəlliyin özüdür, təbiətin gözəllikdə təcəssümüdür. Dümağsan, qar sənin yanında qara, Tanrım rüsxət verib, baxmayıb qara, Bu qarlı qış hara, tər çiçək hara, Xoş gördük, günaydın, ay Ağçiçəyim! «Şehçiçəyim» şeirində isə həm təbiətin bu nadir çiçəyinin-bu canlı gözəlliyin tərənnümü ilə qarşılaşırıq, həm də bu çiçəyin bir sevgili timsalına döndüyü ifadə olunür. Tacısan dünyamda tum çiçəklərin, Köksündən bal süzən, tər Şehçiçəyim… Sehrinə düşmüşəm nur ləçəklərin, Əqli başdan alan zər Şehçiçəyim… Cəzbində qalmışam, tamam çar-naçar, Sağımda, solumda çox çiçək açar, Pərvanəyə dönü, dövrəmdə uçar, Sərrafam, seçmişəm, dürr Şehçiçəyim. Bir kərə, bir anlıq olsa da vüsal, Ruhuma rahatlıq verməyir xəyal, Sonu ölümsə də, gəl qoynuna al, Həsrətlə yaşamaq, zor Şehçiçəyim… Çiçəklərə sevgi «İnci, qərənfil» şeirində başqa bir məna kəsb edir. «Ağçiçəyim» və «Şehçiçəyim»də gözəlliyə vurğunluq hissi ön plana keçirsə, «İnci, qərənfil»də məhzunluq, çiçəyin halına acımaq duyğusu ilə qarşılaşırıq. Bu da heç şübhəsiz, 20 Yanvar qərənfillərinin təəssüratından irəli gəlir. Olsan da bu işdə ən son müqəssir, Gəl, məndən incimə, inci qərənfil. Utanc çiçəyisən, utanc çiçəyi, İstəsəın lap məndən inci, qərənfil. Şeirdə inci sözü iki məna daşıyır, həm ən bahalı zinət (inci), həm də incimək sözünün kökü (incimək, küsmək) kimi. Şair niyə qərənfilə «qaxınc çiçəyi» deyir? Bəlkə də bu deyimlə razılaşmamaq olar, amma bu «həya örpəyi»nin şəhid qəbirlərinə düzülməsi onu mütəəsir edir. Nəhayət, çiçəklərə sevgi onun «Matah çiçək» şeirində daha bariz nəzərə çarpır. «Matah» sözü burada sırf müsbət mənada işlənir və bütün çiçəklərə aid olur: Əzəldən ağ çiçək dedim, Cəzbində Şehçiçək dedim, Gözlədim, Balçiçək dedim, Bərzəx ruha dağ, çiçəyim, Ay mənim matah çiçəyim. Zaur Ustacın dağlara həsr etdiyi şeirlər də insan-təbiət vəhdətini əks etdirir. «Dağlar» şeiri «Ruhuna min rəhmət, Dədə Ələsgər» epiqrafI ilə başlayır və hiss olunur ki, bu qoşma ustadın poetik ənənəsini davam etdirmək cəhdindən yaranıb. Zaur Ustac təbiətin – gül-çiçəyin zərifliyindən onun zirvəsinə-dağlara yol alır. Amma bu şeirdə Dədə Ələsgər ruhu dolaşsa da, Zaur Ustac dağlara müasir bədii təfəkkürlə yanaşır. Nədəndi, ürəyim çırpınır yenə, Gördükcə hüsnündə məlalı, dağlar?! Yağı cövlan edir, dağıdır yenə, Qoynunda büsatı, cəlalı, dağlar! Dünya belə qalmaz, dəyişər zaman, Yenə dövran olar, həmənki dövran, Bulaqlar başında məclislər quran, Oğullar ərsəyə gələli, dağlar! «Dağlar» adlı başqa bir şeirdə isə kövrəklik notları qürur hissləri əvəz edir. Artıq işğalda olan dağlar da azad olunub. Və şair Azərbaycan tarixinin zəfər dolu səhifələrini yada salır: Xətai qırmadı könül bağını, Nadir unutmadı hicran dağını, İlhamın silahı əzdi yağını Dəmirdən yumruğun mübarək, dağlar! Təbiətin adicə bir yarpağı da şeirə gələ bilər və Zaur Ustac «Yarpaq və torpaq» şeirində Yarpağın və Torpağın obrazlarını yaratmaqla maraqlı bir şeir ərsəyə gətirmişdir: Bizə can verənin canın almayaq, Bu iki aşiqin yolun burmayaq, Yarpağı torpağa həsrət qoymayaq, Yarpaq elə torpaq, torpaqdır yarpaq. Zaur Ustac bu günün, yaşadığımız gerçəkliklərin şairidir. Biz onun güllərə, çiçəklərə, dağlara həsr elədiyi şeirlərlə söhbətə başladıq.Yəni şairin zəriflik, kövrəklik hisslərinin təbiət gözəllikləri ilə necə qaynaqlandığını nəzərə çarpdırdıq. Amma Zaur Ustac bir-birindən fərqli müxtəlif mövzularda şeirlər yazır. Bu şeirlərin bir qismi vətənpərvərlik, yurdsevərlik motivləri üzərində köklənib. Onun Mübariz İbrahimova, Polad Həşimova, İlqar Mirzəyevə həsr elədiyi şeirlər bu Milli Qəhrəmanlarımıza poeziyanın bir az hüznlü, amma daha çox qürurla söylənilən xitablarıdır. «Can ay ana» şeində şair Polad Həşimovun anasının oğlunun məzarı önündə düşüncələrini təqdim edir. «Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var». Onun İlqar Mirzəyevə həsr elədiyi bir neçə şeiri var və bu şeirlərin hər birində qəhrəmanlığın tərənnümü ilə qarşılaşırıq: Hər şey belə başladı, Gülə-gülə getmişdin. Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin. Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın. Özün getdin yuxuya, Milyonları oyatdın. İkinci Qarabağ müharibəsinin dillərdə dastan olan qəhrəmanlarından biri də Xudayar Yusizadə idi. Ölümündən qabaq Xudayar sözləri Əliağa Vahidin olan bir mahnı oxuyur. İndi bu mahnı-təsnif «Xudayar təsnifi» adlanır. Zaur Ustac Xudayar haqqında sonetlər çələngi düzüb-qoşub. Sonetlər çələngi düzüb-qoşmaq şairdən istedad tələb edir, gərək bu şeir növünün formal tələblərinə əməl edəsən, həm də on beş sonetdə məzmunu, irəli sürdüyün qayəni, məqsədi sonadək eyni ardıcIllıqla davam etdirəsən. Hər sonetin axırıncı misrası sonrakı sonetin ilk misrasına çevrilir və axırda-on beşinci sonetdə yeni bir sonet yaranır. Fikir tamamlanır. On beşinci soneti (italyan soneti formasında) sizə təqdim edirik: Xudayar çağırdı anan adını, Şəfqətlə əyilib öpdü üzündən. Səni məhəbbətlə bağrına basdı, Oğul ətri gəldi kövrək sözündən. Böyüdün həyatda ər oğlu ərtək, İstədin yurddaşın olsun bəxtiyar. Qarabağ uğrunda gedən savaşda, Adını tarixə yazdın, Xudayar. Şəhidlik köynəyi geydin əyinə, Düşməni almadın heç vaxt eyninə, Qartaltək uçduğun zirvəyə döndün. Səsindən qələbəətri ələndi, Zəfər sevincinə torpaq bələndi, Vətəndə əbədi nəğməyə döndün. Bu yazıda Zaur Ustacın bir sıra şeirlərinin adını çəkə bilərik ki, bu şeirlər onun fərdi üslubu barədə müəyyən təsəvvür yaradır. Fikrimizcə, onun təbiətə, onun ayrı-ayrı fəsillərinə və gözəlliklərinə həsr etdiyi şeirlər daha uğurludur. Hiss olunur ki, Zaur Ustac təbiəti yaxşı duyur, təbiətlə insan akrasındakı vəhdəti də şeirlərinə gətirir. Onun Ali Bavş Komandan İlham Əliyevə, üçrəngli bayrağımıza həsr etdiyi şeirlər də poetik baxımdan sanballıdır. «45» şeirlər kitabında toplanan sevgi şeirləri barədə də xoş sözlər söyləməfk olar, belə ki, Zaur Ustac sevgi şeirlərində yaşanılan, duyulan hissləri qələmə alır. Bu şeirlərin birində onun sevgiyə, sevilən qadına, gözəl qadına münasibəti dolğun şəkildə öz ifadəsini tapır: Gözəl sima, heç gözəllik deyildir, İncə bədən, heç incəlik deyildir, Zərif tellər, heç zəriflik deyildir, Gözəl insan, sən daxilən gözəılsən! «Bütöv Azərbaycan» qəzetində (6 may nömrəsində) Zaur Ustacın yeni şeirləri ilə tanış oldum. «Elə ad verin ki, bəxti yar olsun!!!» şeirində üzünü atalara tutub deyir ki, qız uşaqlarınız dünyaya gələındəonlara uğurlu adları əsirgəməyin, «Ya Humay çağırın, ya Sona deyin, Elə ad verin ki, bəxti yar olsun!». Rəşad Məcidə ünvanladığı «Ağ adam» şeirində Ağdam və Ağcabədi adlarının kökünə varır. Vaqif Mustafazadəyə həsr etdiyi və ingilis soneti formasında yazdığı şeiri də Vaqifin sənətkar portretini yaratmaq mənasında uğurludur. Və biz Zaur Ustaca belə gözəl şeirlər yazmaqla yolunu davam etməyi arzulayırıq!
İsmayıl Şıxlının “Dəli Kür” əsərində qadın obrazları
(resenziya)
İsmayıl Şıxlı 22-i mart 1919-cu ildə Qazaxın İkinci Şıxlı kəndində anadan olmuşdur. İsmayıl Şıxlının yaradıcılığı olduqca zəngindir. Onun “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerkləri Azərbaycan ədəbiyyatı nəsrinin zənginləşməsində birbaşa rol oynamışdır. Ədibin “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanları həm məzmun, həm də forma gözəlliyinə malikdir. İsmayıl Şıxlı Azərbaycan nəsrinin uğur qazanmasında əvəzsiz rola malikdir. İsmayıl Şıxlı 26 iyul 1995-ci ildə Bakıda vəfat etmişdir. Ədib Fəxri xiyabanda dəfn olunmuşdur. İsmayıl Şıxlının “Dəli Kür” romanı Azərbaycan ədəbiyyatında roman janrının ən uğurlu nümunəsidir. Əsər 1957-1967-ci illər aralığında yazılmışdır. Ədib romanın üzərində illərlə çalışmışdır. İsmayıl Şıxlı “Dəli Kür” romanında XIX əsrdə baş verən mürəkkəb tarixi proseslərədə geniş şəkildə toxunmuşdur. Ədib əsərində Azərbaycan xalqının həyatında baş verən əsaslı dəyişikliklərdən geniş şəkildə bəhs edir. İsmayıl Şıxlının “Dəli Kür” romanı Kürün sahilində yerləşən Göytəpə kəndinin təsviri ilə başlayır. Ədib əsərində çox güclü peyzaj nümunələri yaratmışdır. İsmayıl Şıxlının “Dəli Kür” romanında insan psixologiyası ən dərin qatlarına kimi yazıçı tərəfindən təsvir olunmuşdur. Əsərdə təsvir olunan qadın obrazları hər biri öz-özlüyündə böyük bir yükü daşıyır. Yazıçı bu qadınların iç dünyasını əsərdə çox dolğun bir şəkildə əhatəli təsvir etmişdir. İsmayıl Şıxlı “Dəli Kür” əsərində Zərnigar xanım, Şahnigar, Mələk, Salatın, Güləsər kimi qadın obrazları yaratmışdır. Bu qadın obrazların hər biri öz xarakterinə görə bir-birindən fərqlənir. Bu qadın obrazlarının hər biri əsərdə öz talehini yaşayır. Ədib hər birinin xarakterik xüsusiyyətlərini dolğun şəkildə əks etdirmişdir. İsmayıl Şıxlının “Dəli Kür” əsərindəki qadın obrazlarının hər biri Cahandar ağanın ailə üzvüdür. Zərnigar xanım həyat yoldaşı, Şahnigar bacısı, Mələk götürüb qaçırtdığı qadın, Salatın qızı, Güləsər gəlinidir. Əsərdəki bütün qadın obrazlarının hər biri Cahandar ağaya bağlıdır. Cahandar ağanın birinci həyat yoldaşı olan Zərnigar xanım əsilli bir nəslə mənsub ailədən idi. Zərnigar xanım Cahandar ağanın onun üzərinə günü gətirilməsini heç cür qəbul edə bilmirdi. O, qadınlıq qürurunu tapdaladığı üçün Cahandar ağanı heç cür bağışlaya bilmirdi. Zərnigar xanıma Cahandar ağanın bu hərəkəti o qədər pis təsir etmişdi ki, o hətta oğlu Şamxalın adam öldürməsinə belə razı idi. Gözlərinə artıq heç nə görsənmirdi. Zərnigar xanım oğlu Şamxaldan Mələyi xəncərlə vurub öldürməsini tələb edir. İsmayıl Şıxlı “Dəli Kür” romanında bu səhnəni elə dolğun bir şəkildə təsvir edir ki, oxucunun gözü qarşısında bu qüruru ayaqlar altına atılmış qadının bütün hisləri canlanır. Zərnigar xanıma ən çox təsir edən o idi ki, Cahandar ağanın onun üzərinə günü kimi gətirdiyi qadın başqasının arvadı idi. Cahandar ağa Zərnigar xanımın üzərinə günü gətirməklə ona özünün gözəlliyini, gəncliyini, təravətliliyini itirdiyini bildirir. Zərnigar xanıma ən çox təsir edənlərdən biri də o idi ki, Cahandar ağa başqasının arvadı olan Mələyi onun xanımlıq etdiyi evə gətirmişdi, həm də o evə ki, orada onun evlənməli yaşda olan qızı və oğlu yaşayırdı. Bu məsələdə Zərnigar xanım çox aciz idi. Onun düşdüyü vəziyyət olduqca ağır idi. Gəlin gətirmək istədiyi evə əri günü gətirmişdi və bu günü başqasının arvadı idi. Başqasının arvadını qaçırtmaq düşmən qazanmaq demək idi. Ona görə də, Zərnigar xanım oğlu və qızı üçün çox qorxurdu. Zərnigar xanım bu məsələdə tamamilə günahsız idi. İsmayıl Şıxlının “Dəli Kür” əsərinin qadın obrazlarından biri də Mələk idi. Əsərdə Mələkdə talehsiz qadın kimi təsvir olunur. Mələyin əri olan Allahyar ona sözün əsl mənasında gün verib işıq vermirdi. Evində yaxşı gün görməyən Mələk Cahandar ağanın onu götürüb qaçmasından olduqca məmnun idi. O, ümid edirdi ki, qaçırıldığı evdə xoş bir gün görəcək. İsmayıl Şıxlının “Dəli Kür” əsərinin digər bir qadın obrazı Cahandar ağanın bacısı olan Şahnigar xanımdır. Şahnigar xanımın çox ağrılı-acılı həyatı olub. O, həyat yoldaşını itirəndən sonra qardaşı Cahandar ağanın evində yaşamağa başlayır. Şahnigar xanım xasiyyətcə şən, deyib-gülməyi sevən bir qadındır. O, qardaşı Cahandar ağanın evində yaşadığı müddətdə onun qanunları ilə yaşayır. Lakin Cahandar ağanın düşməni olan Molla Sadığın oyununun qurbanı olur. Belə ki, Cahandar ağadan qisas almaq istəyən Molla Sadıq onun bacısı Şahnigar xanımı aldadıb, mürid məclisinə aparır. Cahandar ağanıda ora çağırıb, Şahnigar xanımın ölümünə səbəb olur. Bacısı Şahnigarı bağışlamayan Cahandar ağa onu Kürdə boğub, öldürür. İsmayıl Şıxlı “Dəli Kür” əsərində Şahnigar xanımın öldürülməzdən əvvəl gözü önündən keçən görüntülərin təsvirində çox güclü psixologizm yarada bilmişdir. Bacısından namus tələb edən Cahandar ağa özü bütün tabuları, qandan gələn ata-baba qaydalarını, namus məsələsini ayaqlayıb, başqasının arvadını götürüb, qaçırtmışdı. Cahandar ağa özü çox yaxşı bilirdi ki, bacısı Şahnigar xanımı ondan qisas almaq üçün tora salıblar, lakin o yenə də bacısını öz eqoizminin qurbanı edir. İsmayıl Şıxlının “Dəli Kür” əsərinin digər bir qadın obrazı Cahandar ağanın qızı Salatındır. Salatın xasiyyətcə şıltaq, saf, mehriban, təmiz qəlbli gözəl bir qızdır. Salatın əsərdə evlənmək yaşındadır. Onun bu yaşında ailəsində yaranan gərginlik ona çox pis təsir edir. Zavallı qız anası ilə atası arasında yaranan bu uçuruma görə çox böyük stress keçirir. Salatının gəlin köçmək yaşında başına gələn bu müsibət ona çox ağır gəlir. Anasının bütün günü dərd, qəm çəkməyi, qardaşının evdən baş götürüb getməsi, atasının başqasının arvadını qaçırdıb, özünə düşmən qazanması zavallı qızı məhv edirdi. Salatının həyatı Zərnigar xanıma təsəlli verməklə keçir. Zavallı qız özündən çox atasının başqasının arvadını qaçırdığı üçün bunun qisasını qardaşı Şamxaldan alacaqlarından qorxub, qayğı və düşüncə içində məhv olurdu. Zavallı Salatın atasının başqasının arvadını qaçırtmasının qurbanı olur. Onu atasının qaçırtdığı qadının əri olan Allahyar qaçırdıb, zavallı qızın namusunu ləkələyib, atası Cahandar ağadan qisas almaq istəyir. Beləliklə, Salatın Cahandar ağanın səhvinin qurbanı olur. Salatını qaçırmağa nail olsa da, Allahyar iyrənc planını həyata keçirə bilmir. Allahyarın Salatını qaçırdığı ev Cahandar ağanın dostunun evi olur, məsələdən agah olan ev sahibi qızı qoruyub, atasına təhvil verir. Bacısı Şahnigar xanımı Kürdə boğub, öldürən Cahandar ağaya atalıq duyğusu qalib gəlir və o qızı Salatını öldürə bilmir. Cahandar ağa qızı Salatının rüsvay olmasında, bacısı Şahnigar xanımın ölümündə birbaşa günahkar idi. İsmayıl Şıxlının “Dəli Kür” əsərindəki qadın obrazlarının digər biri isə Cahandar ağanın böyük oğlu Şamxalın həyat yoldaşı Güləsərdir. Güləsər kasıb bir ailənin qızıdır. Onu Cahandar ağa kasıb bir ailənin qızı olduğu üçün böyük oğlu Şamxala layiq bilmirdi. Güləsər çox təmiz, saf qəlbə sahib gənc bir qız idi. Cahandar ağa kasıb bir ailənin qızı olan Güləsəri özünün zəngin mülkədar ailəsinə layiq görmürdü. Güləsər əsərdə dözümlü, iradəli, ailəsinə bağlı bir qadın kimi təsvir olunub. İsmayıl Şıxlının bir yazıçı kimi böyük şöhrət qazanmasında “Dəli Kür” əsərinin çox böyük rolu vardır. Ədibin əsərdə yaratdığı qadın obrazların müsbətidə, mənfisidə olduqca canlı qələmə alınmışdır. İsmayıl Şıxlının “Dəli Kür” əsəri Azərbaycan ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir.
ZAUR USTAC: – USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
Azərbaycan Respublikasının Xalq şairi nasir, publisist Söhrab Əbülfəz oğlu Tahir 1926-cı il mayın 27-də İranın Astara şəhərində sənətkar ailəsində anadan olmuşdur. “Səadət” və “Şahpur” məktəblərində 9-cu sinfədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə “İran-İngilis neft şirkəti”ndə işləməyə məcbur olmuşdur.
Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1946-cı ildə Bakıya təhsil almağa göndərilmişdir. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası almışdır. O, 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1959-1961-ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, “Azərbaycan” qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, “Səhər” ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən “Azərbaycan” jurnalında redaktor olmuşdur.
Azərbaycan Yazıçılar Birliyi i darə heyətinin, “Literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin, “Yazıçı” nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olmuşdur. 1991-ci ildə Bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilmişdir. İnqilabi, ədəbi-ictimai fəaliyyətinə görə Təbrizdə “21 Azər” medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüşdür. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilmişdir.
Xalq şairi uzun illər şəkər xəstəliyindən əziyyət çəkirdi. Son illərdə xəstəliyi şiddətlənmişdir. Görkəmli şair 4 may 2016-cı ildə dünyasını dəyişmişdir.